12.02.2008 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ
PROTOKOLU № 73
Mill Məclisin iclas salonu.
12 fevral 2008-c il. Saat 12.
Mill Məclis Sədrinin birinc müavini
Z. Əsgərov sədrlik etmişdir
İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
V. Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
M. Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
H. Yusifov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin rəisi.
R. Həşimov, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Bələdiyyələrlə iş sektorunun müdiri.
Ə. Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt bələdiyyəsinin sədri.
İ. Xəlilov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Biləcəri bələdiyyəsinin sədri.
Ş. Yusifov, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri, Samux rayonu Sərkar bələdiyyəsinin sədri.
Ş. Məhərrəmov, Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli 7-IIIKQD nömrəli Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (birinci səsvermə).
2. Əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında.
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
4. Azərbaycan Respublikasının Ucar rayonunun Kirovkənd kəndinin adının dəyişdirilməsi haqqında.
5. Azərbaycan Respublikasının Salyan rayonunun Aydıngün kəndinin adının dəyişdirilməsi haqqında.
6. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
7. Ekoloji kənd təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli 7-IIIKQD nömrəli Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (birinci səsvermədə).
2. “Əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının Ucar rayonunun Kirovkənd kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Salyan rayonunun Aydıngün kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
Azərbaycan Respublikası
Mill Məclis Sədrinin
birinc müavin Z. ƏSGƏROV
MİLLİ MƏCLİSİN İCLASI
12 fevral 2008-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 100
Yetərsay 83
100 nəfər iştirak edir. Yetərsay var. Sizə paylanan gündəliyi müzakirə edək, ya birbaşa məsələlərə keçək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, onda yazılın. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, bu gün bizə paylanmış gündəliyi tamamilə dəstəkləyirəm və bizim Aqrar siyasət daimi komissiyanın da burada bir aktual qanunu var. Yəqin ki, həmkarlarım müzakirə vaxtı öz fikirlərini, iradlarını bildirəcək və bu sənəd yaxşı formalaşmış qanun olacaqdır.
Mən istərdim ki, verilmiş fürsətdən istifadə edib qardaş Türkiyə dövlətinin Baş naziri Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı yetirim və onun Münhendə keçirilən 44-cü Təhlükəsizlik Konfransında Ermənistanın xarici işlər naziri Vardan Oskanyana verdiyi cavabı hörmətli həmkarlarımın diqqətinə çatdırım: “Görəsən, ermənilər Ermənistandan və başqa yerlərdən qaçıb niyə bizim ölkəyə gəlirlər? Bu sualın cavabı aydındır, çünki Türkiyə sülh ölkəsidir, ancaq bütün dünya Ermənistanı işğalçı dövlət kimi tanıyır. Biz ermənilərdən Dağlıq Qarabağı tərk etmələrini tələb edirik!” Sonra Baş nazir ATƏT-in Minsk qrupunun Qarabağla bağlı qəti qərarını vermədiyini, ona görə bu prosesin ləngidiyini vurğulayaraq erməni nazirinə belə dedi: “Çıxın Qarabağdan, tərk edin o yerləri! Qoy on minlərlə, yüz minlərlə azərbaycanlı öz dədə-baba yurd-yuvasına qayıtsın! Onlar hamısı bizim soydaşlarımızdır. Bu fikrə siz də müsbət yanaşın, sülh prosesinə dəstəyiniz olsun. Kimin kimi evindən, yurdundan qovduğunu, kimin soyqırım törətdiyini Qarabağ hadisələri açıq-aydın göstərir.”
Bu sözləri deməyimi, yəqin, hörmətli həmkarlarım da dəstəkləyərlər. Bir azərbaycanlı millət vəkili olaraq Türkiyə Cümhuriyyətinin Baş bakanı hörmətli Rəcəb Tayyib Ərdoğanın erməni nazirinə söylədiyi sərt fikrə və həmişə Azərbaycanı Dağlıq Qarabağ problemində dəstəklədiyinə görə bir daha ona təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, gündəliyə münasibətimizi bildirək, sonra müzakirəmizi davam etdirərik. Siyahı yerində qalır. Buyurun, səs verin.
Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən çox istərdim ki, bugünkü gündəlikdə Milli Məclisin hökumətə, Prezidentə və Tarif Şurasına ünvanlanmış bir müraciəti olsun. Bu hansı məsələ ilə bağlıdır? Bilirsiniz ki, əvvəllər Naxçıvan Muxtar Respublikasına təyyarə ilə gediş haqqı 20 manat idi, sonralar Tarif Şurasının qiymətləri qaldırması ucbatından 80 manat oldu. Onun 40 manatı dövlət büdcəsindən dotasiya hesabına ödənildi. İndi real olaraq Naxçıvana uçuş qiyməti 40 manatdır. Mən hesab edirəm ki, bu gün Naxçıvanın vəziyyəti, blokadada olması, Azərbaycanla heç bir halda hava sərhədindən başqa əlaqəsinin mövcud olmaması, orada yaşayan insanların çətinliklərlə, problemlərlə üzləşməsi Azərbaycan hökumətini və Milli Məclisini ciddi düşündürməlidir. Biz hamımız bugünkü ağır şəraitdə Naxçıvan Muxtar Respublikasını qoyub çıxmayan, orada yaşayan, mübarizə aparan insanları – soydaşlarımızı ciddi dəyərləndirməliyik.
Naxçıvana gediş haqqı 20 manata endirilsin. Qalan 20 manat dotasiya hissəsi kimi dövlət büdcəsindən ödənilsin. Bilirsiniz, bir adam üçün 40 manat uçuş haqqı ilə Bakıya gəlmək və geri qayıtmaq olduqca çətindir. Bir nəfərin ayda yalnız təyyarəyə 80 manat həcmində gediş-gəliş haqqı ödəməsi, bütövlükdə həmin vətəndaşın aylıq qazancının yüzdə doxsanını əlindən almaq deməkdir. Biz düşünməliyik ki, Naxçıvanın bu vəziyyəti təkcə orada yaşayan insanların yox, bütün Azərbaycan xalqının, bütün vətənpərvər insanların hamısının bilavasitə diqqətində olmalıdır. Ona görə xahiş edərdim ki, bu məsələ ilə bağlı hamımız hökumətə və dövlət başçısına müraciət qəbul edək, Milli Məclis də onu Tarif Şurasına göndərsin, hökumət mart ayında bura hesabata gələnə qədər məsələ həll olunsun. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Hörmətli sədarət, məni narahat eləyən bir məsələyə toxunmaq istərdim. Bakıda bu məsələ həmişə, xüsusilə seçkilər ərəfəsində daha da aktual sayılır. Söhbət əyani təbliğat vasitələrinin, elanların, müxtəlif plakatların yerləşdirilməsi üçün müvafiq yerlərin olmamasından və bunun ucbatından həmin əyani təbliğat vasitələrinin evlərin binalarına, özü də “vəhşicəsinə” yapışdırılmasından gedir.
2005-ci ilin parlament seçkilərindən 3 il keçməsinə baxmayaraq, bəzi namizədlərin plakatlarının qalıqları hələ də divarlarda görünür. Məsələn, Azadlıq prospektinin aşağı hissəsində, vağzal tərəfdə yerləşən binalara, ya da Üzeyir Hacıbəyov, Səməd Vurğun küçələrinin kəsiyində yerləşən binalara nəzər salsanız, eybəcər mənzərə ilə rastlaşacaqsınız. Orada yerləşən tarixi binaların birinci mərtəbələri böyük qara ləkəyə oxşayır. Üzeyir Hacıbəyov küçəsindəki binaların ikinci, üçüncü mərtəbələri ağardılıb, təmizlənibdir. Birinci mərtəbəyə, görünür, heç bərpaçıların da gücü çatmayıb.
Axır zamanlar Bakının meri hörmətli Prezidentimizin göstərişi ilə Bakıda çox böyük abadlıq işləri aparır. Bütün tarixi binalar bərpa edilir, gözəlləşir. Amma mərkəzi küçələrlə gedəndə yenə ürəkağrısı keçirirsən. Görürsən ki, təzə, bərpadan yenicə çıxmış binanın üzərinə hansısa yaramaz filan kursların açılmasına, filan alğı-satqının edilməsinə dair öz elanını yapışdırıb. Bir azdan yenə də bu yerdə yamaqlar olacaq. Bununla da bərpaçılar tərəfindən görülən işə və dövlət tərəfindən ayrılan vəsaitə, demək olar ki, xətt çəkiləcək.
Qarşıdan Prezident seçkiləri gəlir. Bu salonda əyləşən həmkarlarımdan da bir neçəsi öz namizədliyini vermək iddiasındadır. Onlara üz tutub xahiş edirəm ki, plakatlarını, başqa təbliğat vasitələrini Bakının binalarına yapışdırmasınlar. Bakı merindən tələb edin ki, küçələrdə reklam vasitələri üçün münasib yerlər müəyyənləşdirilsin, divar lövhələri, avtobus dayanacaqlarında şitlər və sair yaradılsın. Bir də, “Reklam haqqında” Qanuna, başqa müvafiq qanunlara əlavə edək ki, şəhərimizin xarici görkəminə xələl gətirən şəxslərə qarşı daha sərt ölçülər götürüləcək.
İkinci məsələ də yenə Bakının xarici görkəmi ilə bağlıdır. Yəqin, fikir vermisiniz ki, biz bir-birimiz ilə görüşmək istəyəndə, kiminsə evinə birinci dəfə qonaq gedəndə, küçənin adını, yaxud evin nömrəsini soruşmuruq. Soruşuruq ki, evin yanında nə kimi ticarət mərkəzi, hansı kafe və ya restoran var. Hətta mərkəzi küçələrin, meydanların adlarına nadir hallarda rast gələ bilərsiniz. Burada oturanların əksəriyyəti Parisdə, Londonda, Avropanın başqa mərkəzi şəhərlərində olublar. Onlar da təsdiq eləyə bilərlər, orada bilməyəndə istənilən ünvanı rahat tapırsan. Amma bizdə nəinki gecə, gündüz də şəhərdə tanış olmayan ünvanı tapa bilmirik. Şəhərimizdə çoxlu əcnəbi vətəndaş işləyir.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, millət vəkilləri və media nümayəndələri! Mən də bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. İlk növbədə həmkarım İqbal bəyin qaldırdığı məsələni müdafiə edirəm. Xahişim budur ki, Milli Məclisin rəhbərliyi bunu müvafiq qurumlar qarşısında qaldırsın.
İkinci, yenə də mətbuatda oxudum ki, dəm qazından Milli Təhlükəsizlik Nazirliyinin bir nəfər sabiq əməkdaşı ölüb. Ziyafət müəllim, indiyə qədər ölənlərin sayı mətbuatda yazıldığına görə, tək bu qış mövsümü müddətində 151 nəfərə çatıb. 450 nəfərdən artıq insan isə zəhərlənib. Yəni nə qədər insan ölməlidir ki, hökumət bu məsələyə xüsusi diqqət yetirsin. Bildiyimə görə, prokurorluq orqanları bununla bağlı müvafiq dövlət qurumlarına rəsmi təqdimat da veriblər, amma heç bir tədbir görülmür.
İrandan gətirilən sobaların standartlara cavab vermədiyini hamımız bilirik. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru hörmətli Ramiz müəllim, ola bilər ki, yaxşı insandır, amma onun rəhbərlik etdiyi qurumun fəaliyyəti bütün sahələr üzrə sıfırdır. Qazın tərkibi ilə bağlı “Azəriqaz” Səhmdar Cəmiyyəti bildirir ki, guya Dövlət Neft Şirkəti onlara keyfiyyətli qaz vermir. Bunu niyə 151 adam öləndən sonra demək lazım idi? Əgər standartlara cavab vermirsə, niyə əhali ilə qazla bağlı maarifləndirmə işi vaxtında aparılmayıb? Əhali bu barədə əvvəlcədən xəbərdar edilməli idi ki, belə bədbəxt hadisələrin qarşısını almaq mümkün olsun. Bizim hörmətli həmkarımız Fazil bəy burada yoxdur, onun uşağı və qohumu ilə bağlı faciə baş verəndə, bütün qonşular deyirdilər ki, qaz əvvəl kəsildi, sonra çox böyük təzyiqlə verildi. Buna nə demək olar? Mən hesab edirəm ki, hökumət, Milli Məclis bu məsələyə kəskin etirazını bildirməlidir. Xarici ölkələrdə bir avtobus qəzaya uğrayır, 10 nəfər adam ölür, dövlət başçıları bir-birinə başsağlığı verir, matəm elan olunur. Bizdə 151 adam ölüb, amma hələ də ciddi tədbirlərin görülməsinin şahidi deyilik.
Bundan başqa, Ziyafət müəllim, mətbuatdan oxudum ki, Sabir Rüstəmxanlının anası vəfat edib, − Allah rəhmət eləsin, – ora bir neçə partiya sədri, bizim sabiq həmkarlarımız, Mirmahmud bəy də daxil olmaqla getmək istəyiblər. Yolda Salyan polisi onların qarşısını kəsibdir. Belə düşünürəm ki, bu bizim milli adət-ənənələrə uyğun olan məsələ deyil, həm də bu insanlar dövlətin imicinə xələl gətirirlər. Biz buradan Daxili İşlər Nazirliyinə müraciət eləyək ki, qoy bu faktı araşdırıb o şəxsləri layiqincə cəzalandırsın.
Eldar müəllim burada məsələ qaldırdı. Mən hesab edirəm ki, bizim Milli Məclis Türkiyə hökumətinə müraciət eləməlidir. Ərdoğan orada fəxrlə bildiribdir ki, ermənilərə ölkələrinə gəlməyə icazə verilib. Onlar uçurlar, ermənilər gəlib Türkiyədə yaşayırlar və sair. Əslində, ermənilər bunu yaxın qonşuluq münasibətlərinin qurulmasında bir müsbət addım kimi yox, zəiflik, qorxaqlıq, beynəlxalq təzyiq qarşısında geriçəkilmə kimi qiymətləndirirlər.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Ötən həftə Prezident çox önəmli bir sərəncam imzalamışdı. Bu sərəncam, zənnimcə, Azərbaycanın gələcəyi üçün çox böyük bir önəm təşkil edir. Söhbət Azərbaycanın ali təhsil sisteminin Avropa təhsilinə inteqrasiyasından, Bolonya sisteminin Azərbaycanda tətbiqindən gedir. Düşünürəm ki, bu məsələləri həyata keçirmək üçün Azərbaycan parlamenti müvafiq işlər görməlidir. İlk növbədə Təhsil haqqında yeni qanuna xüsusi bəndlər əlavə edilməlidir. Söhbət bu sərəncama uyğun olaraq qanuna xüsusi dəyişikliklərin edilməsindən gedir. Bolonya sisteminin tətbiqi üçün Azərbaycan təhsilinin idarə edilməsində çox ciddi zəruri islahatlar həyata keçirilməlidir. Eyni zamanda, təhsilin maliyyələşdirilməsi, gələn ilin büdcəsində yeni sistemə uyğun büdcə vəsaitinin ayrılması ilə bağlı hazırlıq işləri görülməlidir. Bizim parlamentin müvafiq komissiyasının üzərinə də bu istiqamətdə zəruri işləri həyata keçirmək vəzifəsi düşür. Parlamentimizdə hörmətli universitet rektorları var. Bu islahatlarla bağlı onların işləri də artmış olur.
İkinci bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Dünyanın bir sıra önəmli universitetlərinin kitabxanaları öz ölkəsinin elmi potensialının formalaşmasında böyük rol oynayırlar. Çox təəssüf ki, həm Amerika Birləşmiş Ştatlarının, həm də Avropa universitetlərinin kitabxanalarında Azərbaycanla bağlı kitabların böyük qıtlığı var. Biz özümüzlə, ölkəmizin ədəbiyyatı, mədəniyyəti və Azərbaycan dili ilə bağlı məlumatları müvafiq universitetlərin kitabxanalarına çatdıra bilmirik. Zaman-zaman Azərbaycan tarixinə dair parlamentdə müzakirələr olur. Bu müzakirələr nəticəsində üzə çıxarılan faktlar Azərbaycanın daxilində qalmamalıdır, onları dünyaya çıxarmalı, ən önəmli təhsil mərkəzlərinə, kitabxanalarına çatdırmalıyıq. Mənə elə gəlir ki, Azərbaycan kitablarının dünya kitabxanalarına çatdırılması ilə bağlı məsələni parlamentdə müzakirə etməli, buna dair müvafiq dövlət proqramının hazırlanmasına nail olmalıyıq.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də gündəliklə bağlı olan məsələlərə əlavələrimi, təkliflərimi bildirmək istəyirəm. Bildiyiniz kimi, bu il ölkəmizdə seçki keçiriləcək. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu il də müxtəlif təşkilatların, qurumların, ayrı-ayrı siyasi partiyaların özlərinin siyasi platforması yoxdur. Onları seçkiyə hazırlıq prosesi deyil, məhz Seçki Məcəlləsinin müzakirəsini gündəmə gətirmək, ortaya atmaq maraqlandırır.
Mən fikir verirəm, – bizdən qabaq seçkilər keçirilir, məsələn, Ermənistanda, ondan qabaq Gürcüstanda olub, yenə olacaq, Rusiyada parlament seçkiləri olub, Prezident seçkilərinə hazırlıq gedir, – bizim Seçki Məcəlləsi onların seçki qanunvericiliyindən daha təkmil, daha geniş və əhatəlidir, hər bir məsələni əhatə edir və artıq müzakirə predmeti deyil. Buna baxmayaraq, Azərbaycanda seçki prosesi başlayanda Seçki Məcəlləsi müzakirə predmetinə çevrilir. Hesab olunur ki, hər dəfə seçki ərəfəsində Azərbaycanın Seçki Məcəlləsinə müvafiq dəyişikliklər, əlavələr edilməlidir. Ola bilsin ki, hansısa boşluqlar var, amma bu formada yanaşma, mənə elə gəlir ki, məqsədli şəkildədir.
Seçkidə nə qədər məhdudiyyətlər qoymaq, nəzarət mexanizmi tətbiq eləmək olar? Barmağa “kraska” vurmaqdan tutmuş, hər məntəqədə yüzədək adamın müşahidə aparmasına qədər nə var, hamısını Seçki Məcəlləsinə daxil etmişik. Lakin bu, görünür, kimləri isə qane eləmir. Söhbət seçkidən gedir, söhbət hansısa məcəllənin maddəsindən getmir. Yəni bunlar hələ də dərk etmirlər ki, seçkiyə qatılanda xalqın etimadını qazanmaq lazımdır.
Mənim təklifim nədir? Seçki ilində, bilirsiniz ki, seçkiyə hazırlıq, prosedur qaydaları var və seçki planı var. Seçki planının hazırlanması üçün konkret bu məsələlər başa çatmalıdır. Ona görə, Ziyafət müəllim, Seçki Məcəlləsinə nə kimi əlavə və dəyişikliklərimiz olacaqsa, ona dair qərarımızı qəbul eləyək, bundan sonra sadaladığım məsələlər barədə fikir mübadiləsi aparaq, proqram hazırlayaq. Seçki Məcəlləsi ilə bağlı məsələ bizim planımızda var. Mən hesab edirəm ki, bunu ilk növbədə müzakirəyə çıxarmaq lazımdır. Biz qarşıda duran məsələləri müəyyənləşdirməli, çatışmayan cəhətləri aradan qaldırmalı, ora təklifləri daxil etməli və bununla da Seçki Məcəlləsinin müzakirəsini yekunlaşdırmalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbasov, buyurun.
A. Abbasov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, burada keçən il Arif müəllimin komissiyası 1992-ci ildə Ağdərə rayonunun ləğv olunması ilə bağlı ciddi məsələ qaldırdı. Onda hamımız bunu dəstəklədik ki, Ağdərə rayonu yenidən bərpa olunsun. Çox təəssüf ki, elə söz burada da qaldı. Mənim də oradan, yəni Ağdərə rayonundan seçicilərim var. Onlar mənə həmişə rayona gedəndə deyirlər ki, qardaş, əgər dediyiniz söz orada qalacaqsa, sən Allah, danışma. Arif müəllim bir iş gördü, çox ağıllı bir iş idi, başladıq, təəssüf ki, nəticəsiz qaldı. Mən çox xahiş eləyirəm, Ziyafət müəllim, bu komissiya həmin məsələyə yenə baxsın. Bu, çox ciddi məsələdir, çünki Ağdərə rayonunun 15 mindən artıq əhalisindən, azərbaycanlı əhalidən söhbət gedir. Ağdamlı, kəlbəcərli və tərtərlidir və onların doğulan uşaqlarının mənsubiyyəti də həmin rayonların adı ilə yazılır. Biz Dağlıq Qarabağdakı 15 min əhalini oradan birdəfəlik silmişik.
Mən Sizdən artıq dərəcədə xahiş eləyirəm, bu məsələ çox ciddi şəkildə komissiyada qaldırılsın, ona baxılsın, Milli Məclisə təqdim edilsin və Ağdərə rayonu bərpa olunsun. Onda deyildi ki, xalq cəbhəsi xəyanət eləyib, səhv eləyib. Xəyanət eləyibsə, xəyanətlərini düzəldək, səhv eləyibsə, səhvlərini düzəldək. Yox, əgər düzəltməyəcəyiksə, onda biz də həmin məsələnin ardınca getmiş olduq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür eləyirəm. Mən əvvəlcə seçicilərimin iki tələbini, sorğusunu çatdırmaq istəyirəm. Bunlardan birincisi əmanətə xəyanət məsələsinə son qoyulmasıdır. Bizim bu əmanətlər məsələsi nə qədər k, hökumətin ixtiyarında idi, seçicilərə bu barədə izahat vermək asan idi. Milli Məclis məsuliyyəti öz üzərinə götürdükdən və müvafiq komissiya yaradıldıqdan sonra seçicilər bütün irad və tələblərini bura və deputatlara yönəldirlər. Hesab eləyirəm ki, bu sahədə iş təcili olaraq sürətlənməlidir. Birinci, ən azı həmin əmanətlərin yenidən qeydiyyata alınması, onların siyahılarının internetdə yerləşdirilməsi məsələsi həll edilməlidir ki, heç olmasa, müəyyən narahatçılığa bir qədər son qoyulsun.
İkinci məsələni də bir neçə gün əvvəl seçicilərimiz irəli sürüblər. Hazırda, bilirsiniz ki, taxıl məsələsi ilə bağlı bütün dünyada çox ciddi problem yaranıbdır. Bu il ilkin əldə olunan məlumata görə, Azərbaycanda da taxıl, əkin sahələri bir qədər artırılıbdır. Bu məsələnin dönməz xarakter alması üçün təklif edərdim ki, Azərbaycana idxal olunan taxılın qiyməti dünya səviyyəsinə yaxınlaşsın. Sabit dövlət qiymətlərinin müəyyən edilməsi, dövlət tərəfindən satınalma haqqında bir qanun və yaxud qərar qəbul edilə, bu istiqamətdə aparılan işlər yarı yolda saxlanmaz. Bu taxıl məsələsi, ərzaq təhlükəsizliyi, əslində, çox ciddi məsələdir və həll edilməlidir.
Üçüncü məsələ. Son dövrlərdə burada seçkilərdən çox danışılır. Hörmətli Siyavuş müəllimin dediyindən fərqli olaraq, Yeni Azərbaycan Partiyası və iqtidar, əslində, çox qanunsuz şəkildə belə bir kampaniyaya başlayıbdır. Bakı şəhərində, rayonlarda polis sahə müvəkkilləri, icra hakimiyyəti orqanları, əsasən, mənzil-kommunal xidmətləri işçilərinin iştirakı ilə yerlərə gedib vətəndaşların partiyalılığı ilə maraqlanırlar. Mən həmin şəxslərin diqqətinə çatdırıram ki, qanunvericilikdə, ümumiyyətlə, şəxslərin partiya mənsubiyyəti barədə sorğunun aparılmasında çox ciddi məhdudiyyətlər və qadağalar vardır. Bu, əslində, siyasi xof yaratmaq məqsədi, təzyiq xarakteri daşıyır. Bu məsələyə də təcili son qoyulmalıdır. Mən lazım olsa və etiraz edilsə, konkret faktlar da göstərə bilərəm.
Nəhayət, sonuncu məsələ. Xocalı soyqırımı yaxınlaşır. Biz keçən il də bu məsələni qaldırdıq. Vaxt çatıbdır, həm də Azərbaycana çox lazımdır ki, Xocalı soyqırımı haqqında qanun layihəsini Milli Məclis müzakirəyə çıxarsın və həmin hadisənin tarixinə qədər qəbul etsin. Mən hesab eləyirəm ki, burada elə bir hüquqi çətinlik yoxdur. Bizim hüquqşünaslarımız bunu hazırlaya bilərlər. Şəxsən mən özüm də bu məsələyə dair qanun layihəsini təqdim eləməyə hazıram. Təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bu gün bizim Milli Məclisin iclasının gündəliyində çoxlu sayda qanun layihələri, qanunlara əlavə və dəyişikliklər var. Yəqin ki, gün ərzində biz bunların müzakirəsini aparıb, müvafiq qərarlar qəbul edəcəyik. Bununla yanaşı, mən gündəliyə bir sıra təkliflərlə çıxış eləmək istəyirəm.
Ziyafət müəllim, bunun birincisi ondan ibarətdir ki, mənim seçildiyim seçki dairəsi ərazisində çoxlu sayda gözdən əlil vətəndaşlarımız yaşayırlar. Məlum olduğu kimi, respublika Prezidentinin sərəncamı ilə pensiyaların minimum həddi 60 manata çatdırılmışdır. Ancaq onların böyük əksəriyyəti sosial müavinətlər, yardımlar alırlar. Birinci dərəcəli əlillərin aldıqları sosial müavinətlərin məbləği 34 manatdan yuxarı deyildir. Birinci qrup əlillər digər şəxslərin köməyinə möhtacdırlar, onların köməyi olmadan hərəkət edə bilmirlər, əmək qabiliyyətləri də yoxdur. Ona görə də mən təklif eləyirəm ki, “Sosial pensiyalar və sosial müavinətlər haqqında” Qanuna əlavə və dəyişikliklər edək. Bu dəyişiklik elə bir xarakter daşısın ki, birinci və ikinci qrup əlillərə verilən sosial müavinətlər pensiyaların minimum həddindən aşağı olmasın. Bu insanların sayı elə də çox deyil. İnanın ki, bunların vəziyyəti sayları ilə müqayisədə həddindən artıq çətindir. Biz taleyin qismətindən bədbəxtliyə düçar olmuş bu vətəndaşlarımızın sosial müavinəti ilə bağlı məsələni həll etməliyik.
Mənim toxunacağım ikinci məsələ bizim ümummilli taleyimizlə bağlıdır. Məlum olduğu kimi, mərhum Prezident Heydər Əliyev vaxtı ilə 31 martın azərbaycanlıların soyqırımı günü kimi qəbul edilməsi barədə xüsusi fərman imzalamışdı. Bu gün fevral ayının 12-sidir. Bu il mart qırğınlarının 90 illiyi tamam olur. Mən təəssüflə qeyd etmək istəyirəm ki, bununla bağlı nə icra strukturları, nə də parlament tərəfindən heç bir hazırlıq tədbirləri yoxdur. O zaman, yəni 1918–1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti bütün baş vermiş hadisələri sənədləşdirib. Bu sənədləri hökmən rus, ingilis dillərində dünyaya çıxarmaq lazımdır. Heç kəsin borcu deyil ki, gəlib bizim arxivdə otursun, o sənədləri işləsin. “Zerkalo” qəzeti artıq altı aya yaxındır ki, hər şənbə nömrəsində bunları verir.
Sədrlik edən. Aydındır, Cəmil müəllim, çox sağ olun. Bahar xanım, buyurun.
B. Muradova, Milli Məclis Sədrinin müavini.
Təşəkkür eləyirəm, Ziyafət müəllim. Mən burada səslənən iki məsələyə münasibətimi bildirmək istəyirəm. Hər şeydən əvvəl, Elmira xanıma təşəkkür eləyirəm ki, seçki ilinin başlanğıcında belə bir çağırışla çıxış elədi. O, namizədliklərini irəli sürən şəxsləri plakatların, elanların yapışdırılması ilə bağlı Bakı şəhərində qoyulmuş qaydalara əməl eləməyə çağırdı. Mən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi, – partiya üzvləri də mənim bu fikrimlə razılaşarlar, – bəyan eləmək istəyirəm ki, biz bu qaydaya ən ciddi əməl eləyən partiya olacağıq. Bu çağırışa biz buradan bəri başdan cavab veririk. Bizim namizədimizin şəkilləri, plakatları müəyyən olunmuş yerlərdə asılacaq. Öz namizədlərini irəli sürmüş digər partiyalardan da bu cür addımların atılmasını gözləyirik.
İkinci, burada səsləndi ki, Yeni Azərbaycan Partiyasının üzvləri polislərlə və mənzil-kommunal təsərrüfatı idarələrinin işçiləri ilə hansısa qeyri-qanuni işlərlə məşğuldurlar. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, bütün dünyada “seçkiyə hazırlığın ilkin mərhələsi” deyilən bir dövr var. Bu dövrdə bütün siyasi partiyalar, əsasən, elektoratın öyrənilməsi işini, ərazilərin təhlilini aparır, siyasi qüvvələrin nisbətini, balansını öyrənirlər. Bütün bunlara görə də öz işlərini planlaşdırırlar. Burada qeyri-qanuni heç nə yoxdur.
Yeni Azərbaycan Partiyası da seçki prosesində və ona hazırlıq dövründə hər zaman beynəlxalq aləmdə özünə yer tapmış bu kimi mexanizmlərdən istifadə edibdir və bu gün də etməkdədir. Sizin dediyiniz məsələ heç də elə deyil. Bura nə polisin, nə də mənzil-istismar idarələrinin heç bir aidiyyəti yoxdur. Sadəcə, Yeni Azərbaycan Partiyasının fəalları seçkiyə hazırlığın ilkin mərhələsinin tələb etdiyi işləri yerinə yetirirlər. Bu, birinci dəfə deyil, artıq neçə ildir ki, bu proses Yeni Azərbaycan Partiyasında gedir.
Bizim Yeni Azərbaycan Partiyasının kompüter mərkəzində bütün seçicilərin siyahıları, onların ünvanları, öyrənə bildiyimiz qədər onların məşğuliyyəti, siyasi partiyaya mənsubluğu, hansı namizədi dəstəkləməsi ilə bağlı faktlar toplanır. Biz bunu seçki prosesində nəzərə alırıq. Xahiş edirik, görülən işlərə kölgə salmağa cəhd etməyin. Digər siyasi partiyalar da hazırlıq işlərini özlərinin lazım bildiyi kimi və qanun çərçivəsində apara bilərlər. Biz burada qeyri-qanuni heç nə görmürük. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, Ziyafət müəllim. Mən də diqqəti deputat həmkarım Eldar İbrahimovun qaldırdığı məsələyə yönəltmək istəyirəm. Artıq bir neçə gündür ki, təkcə Azərbaycanın, Türkiyənin deyil, dünyanın bir çox dövlətlərinin mətbuat orqanları Almaniyanın Münhen şəhərində təhlükəsizliyə dair keçirilən konfransda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın təxribat xarakterli sualına Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çox tutarlı və məntiqli cavabını müzakirə edir. Yəni ümumilikdə götürəndə, qısa bir cavabda Türkiyə erməni təbliğatına, “erməni soyqırımı” məsələsinə, Ermənistanı müdafiə edən qüvvələrə çox tutarlı cavab verə bildi. O, birmənalı şəkildə ona çatdırdı ki, bu gün Türkiyənin arxivləri açıqdır. Bu məsələlərdən təkcə Türkiyə, Ermənistan deyil, dünyanın bütün tarixçiləri yararlana bilərlər. Bu gün Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarındadır. Ermənistanın apardığı siyasət nəinki Türkiyə və Azərbaycan, ilk növbədə özü üçün problem yaradır.
Bir azərbaycanlı, Azərbaycan vətəndaşı kimi diqqətimizi cəlb edən o oldu ki, Türkiyə hökumətinin rəhbəri bu gün Azərbaycanın Ermənistanla mübarizəsində haqq işini dəstəklədi. O, Ermənistan xarici işlər nazirinə “Qarabağdan çıxın, torpaqları azad edin və qaçqınlar yerinə qayıtsınlar” mesajını verdi. Bu, şübhəsiz ki, Azərbaycan xalqının dostu olan bir ölkənin hökumət rəhbərinin layiqli bir cavabı idi. Bu bizim ürəyimizdə, şübhəsiz ki, qürur hissi doğurmaya bilməz. Ona görə də hesab eləyirəm ki, bu gün Türkiyənin tutduğu bu mövqeyi biz alqışlayırıq. Bu onun mədəniyyətinə, mənəviyyatına layiq bir mövqedir. Azərbaycan parlamentinin deputatı kimi, parlamentimizin tribunasından Türkiyə Cümhuriyyətinə və hökumətinin rəhbərinə göstərdiyi bu mövqeyə görə təşəkkür eləmək istəyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür eləyirəm, Ziyafət müəllim. Təxminən seçicilərin arasında keçirdiyim 20 gün müddətində şəkərli diabet xəstəliyi olan insanların acınacaqlı vəziyyətinin şahidi oldum. Seçildiyim İmişli rayonunda bu günədək 907 nəfər bu cür xəstənin yalnız 30 faizə qədəri pulsuz dərmanla təmin olunur. Bu xəstələrin əksəriyyətinin işsiz, yaxud pensiyaçı olduğunu nəzərə alsaq, təkcə bizim rayonda dərmansız qalan 600-dən çox insanın necə əziyyət çəkdiyini təsəvvür etmək çətin deyildir.
Biz kiçik bir araşdırma aparmışıq. Məlum olub ki, 2007-ci ildə “Şəkərli diabet üzrə Dövlət Proqramı”na ayrılan 12 milyon manatdan yalnız 2,7 milyon manatı, 2008-ci ildə ayrılan 13,8 milyon manatdan isə yalnız 6,8 milyon manatı ayrıca bənddə göstərilmişdir. Qalan məbləğ isə ümumi dərmanlar üçün nəzərdə tutulubdur. Yerlərdə yaranmış vəziyyət bu pulların çox az bir hissəsinin şəkərli diabet xəstələrinə paylanması üçün dərman preparatlarının alınmasına sərf olunmasından xəbər verir.
Əvvəla, bu vəsaitin rayonlara bölüşdürülməsində hansı normativlərin əsas götürülməsi qaranlıq olaraq qalır. Məsələn, şəxsən mənim üçün aydın deyil ki, 2007-ci ildə İmişli rayonunda xəstələrin üçdə birinə güclə çatacaq cəmi 36 min manat vəsaitin ayrılması necə əsaslandırılmışdır? Digər tərəfdən, ayrılan pullar nədənsə birbaşa, mərkəzləşdirilmiş qaydada dərman preparatlarının alınmasına deyil, yerli büdcələrə verilir. Heç kimə də sirr deyil ki, bu vəsaitin yerli büdcələrə köçürülməsi heç də həmişə pulların təyinatı üzrə xərclənməsi ilə nəticələnmir, yerli hakimiyyət strukturlarının qanunsuz müdaxiləsi nəticəsində xeyli vəsait mənimsənilir.
Bizdə hər il səhiyyə üzrə bir sıra proqramların maliyyələşdirilməsi üçün kifayət qədər vəsait ayrılır. Ancaq bu vəsaitin xərclənməsində şəffaflıq olmadığından ayrılan pulların taleyi ilə bağlı qeyri-müəyyənlik çox ciddi narahatlıq doğurur.
Bununla bağlı bir misal çəkəcəyəm. Ötən il, yəni 2007-ci ildə “Şəkərli diabet üzrə Dövlət Proqramı”na ayrılan 12 milyon manatdan 2,7 milyon manatı xəstələr üçün özünənəzarət vasitələrinin alınmasına ayrılsa da, bu günə qədər bu vasitələr xəstələrə paylanmamışdır. Nəticə isə çox acınacaqlıdır.
Əgər 2005-ci ildə ölkədə şəkərli diabet xəstələrinin sayı 62 min 384 nəfər idisə, 2006-cı ildə bu rəqəm 67 min 968 nəfər, 2007-ci ildə isə 75 min 268 nəfər olmuşdur. 2005-ci ildə bu xəstəlikdən cəmi 535 nəfər ölmüşdüsə, 2006-cı ildə bu rəqəm 560 nəfərə, 2007-ci ildə isə 657 nəfərə çatmışdır. Nəzərə alın ki, bu rəqəm MDB məkanında ən yüksək göstəricidir.
Bu acınacaqlı vəziyyət təkcə şəkərli diabet xəstəliyinə aid deyil. Digər xəstəliklər üzrə dövlət proqramlarının icrasında da bunları müşahidə etmək olar. Ona görə, hesab eləyirəm ki, “Şəkərli diabet üzrə Dövlət Proqramı” da daxil olmaqla, səhiyyə üzrə dövlət proqramlarının icra vəziyyəti parlamentin yaz sessiyasının gündəliyinə çıxarılmalı, yerlərdə yaranmış son dərəcə ağır vəziyyət ətraflı müzakirə edilməlidir.
Sədrlik edən. Aydındır, İltizam müəllim. Oldu, çox sağ olun. Hörmətli deputatlar, bizim gündəliyin müzakirəsinə ayrılan yarım saat artıq başa çatdı. Hətta 36 dəqiqə keçib. Ona görə təklif eləyirəm ki, gündəliyə keçək.
Gündəliyə keçməzdən əvvəl bir neçə məsələyə mən də öz münasibətimi bildirmək istəyirəm. Əlbəttə, bütün məsələlərə münasibət bildirə bilməyəcəyəm, çünki vaxtımız çox gedəcək. Qüdrət müəllim burada dəm qazı ilə bağlı məsələ qaldırdı. Sözün düzü, bu, şəxsən mənim üçün də narahatlıq doğuran məsələdir. Deputat həmkarımız özü də qeyd elədi ki, müvafiq strukturlar bu işlə məşğuldurlar. Şəxsən mən özüm də iki dəfə maraqlanmışam. Mənə məlumat veriblər ki, qazın tərkibi ilə bağlı heç bir narahatçılıq yoxdur, sadəcə olaraq, məişətdə işlədilən qaz qurğuları standartlara cavab vermir. Boğulmalar, zəhərlənmələr hamısı bundan əmələ gəlir. Mən, əlbəttə, bu sahə üzrə mütəxəssis deyiləm, ona görə də mübahisə eləyə bilmərəm. Yenə deyirəm, Qüdrət müəllim də qeyd elədi, bununla əlaqədar müvafiq strukturlar işləyirlər, baxaq görək nəticəsi nə olur? Bunun səbəbi araşdırılır.
Sonra, burada Asim müəllim maraqlı çıxış elədi və ali təhsildə Bolonya sisteminin tətbiqi ilə bağlı fikirlərini söylədi. Mən hesab edirəm ki, Təhsil haqqında qanun layihəsi ikinci oxunuşa çıxarılanda, yəqin, Şəmsəddin müəllim bu təklifləri nəzərə alacaq.
Aqil müəllimin qaldırdığı məsələni, Arif müəllim, yəqin ki, buradadır, eşitdi. O məsələyə hər halda komissiya da baxar. Hesab eləyirəm ki, orada bir problem olmayacaq.
Pənah müəllim Xocalı soyqırımı ilə bağlı qanun layihəsini təklif etdi. Pənah müəllim, yadınıza salmaq istəyirəm ki, 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı Milli Məclisin qərarı qəbul olunub. Yəni Milli Məclis orada birbaşa göstərib ki, həmin faciəli hadisə Xocalı soyqırımı kimi qəbul edilsin. Bu fakt bütün dünya ictimaiyyətinə də çatdırılıb və yeri gəlmişkən, o dövrdən bu yana, demək olar ki, hər il Xocalı soyqırımı ilə bağlı ya müraciətimiz, ya da bəyannaməmiz qəbul olunur. Mən yenə deyirəm, məsləhətləşmək lazımdır, əgər bunun üçün qanun lazımdırsa, onu da qəbul eləmək olar. Bu məsələnin əsas məğzi ondan ibarətdir ki, bunu genosid kimi dünyaya çatdıraq və artıq qərar qəbul olunubdur.
Cəmil müəllim də burada maraqlı məsələ qaldırdı. Bu, çox ağrılı məsələdir. Hadi müəllim, xahiş edirəm, aparatın müvafiq şöbəsi ilə bir yerdə buna baxasınız. O cümlədən İltizam müəllimin şəkərli diabet ilə bağlı qaldırdığı məsələ də diqqətdə olsun. Bununla bağlı, Hadi müəllim, sözünüz varsa, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Sağ olun, minnətdaram. Cəmil müəllimin qaldırdığı məsələ – birinci qrup əlillərin müavinətlərinin minimum pensiyalara və minimum əmək haqqına çatdırılması, həqiqətən, gündəmdə var. Bu dəqiqə nazirlikdə bununla əlaqədar iş aparılır, maliyyə tutumu öyrənilir. Ehtimal var ki, buna uyğun bir rəqəmlə yaxın vaxtlarda hökumət müraciət eləyəcək və o rəqəm qəbul olunacaq. Şəkərli diabet icra strukturu ilə əlaqədar məsələdir. Biz də maraqlanarıq, görək nədir, sonra məlumat verərik. Sağ olun.
Sədrlik edən. Çox xahiş edirəm, bu məsələyə diqqəti artırın. Hörmətli deputatlar, beləliklə, gündəliyin birinci məsələsinə keçirik. “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev. Buyurun, Rövşən müəllim.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli 7-III KQD nömrəli Konstitusiya Qanunu əsasında Milli Məclisin səlahiyyətləri genişləndirilmişdir. Həmin qanunla Milli Məclisin səlahiyyətlərinə aid edilmiş bir neçə məsələ var. Bunlar Mərkəzi Seçki Komissiyasının və İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurası üzvlərinin təyin edilməsi, habelə Dövlət Qulluğunu İdarəetmə Şurasının, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Məhkəmə Hüquq Şurasının üzvlərinin bir qisminin seçilməsi məsələləridir.
Bu Konstitusiya Qanununa təklif olunan dəyişiklik sırf texniki xarakter daşıyır. Nəzərdə tutulur ki, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında “Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın adından “Dövlət Qulluğunu İdarəetmə Şurası yanında” ifadəsi çıxarılsın. Bu komissiyanın müstəqil quruma çevrilməsi ilə əlaqədar olaraq keçən sessiyada “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda və komissiyanın Əsasnaməsində onun adı ilə bağlı dəyişikliklər edilmişdir. Bu gün isə biz Konstitusiya Qanununa bununla bağlı dəyişiklik etməliyik. Təklif edirəm, cənab Prezident tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuş bu qanun layihəsini birinci səsvermədə qəbul edək.
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, Rövşən müəllim kifayət qədər məlumat verdi. Sadəcə, onu demək istəyirəm ki, artıq Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Dövlət Qulluğunu İdarəetmə Şurası yanında yox, müstəqil bir qurum kimi fəaliyyət göstərdiyinə görə belə bir dəyişikliyə ehtiyac yaranıb. Fikir söyləmək istəyən yoxdursa, səsverməyə qoyaq. Bu, Konstitusiya Qanunudur. Biz bunu 95 səs çoxluğu ilə qəbul etməliyik. Xahiş edirəm, diqqətli olun. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 111
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ − Əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında. Buyurun, Rövşən müəllim.
R. Rzayev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İqtisadi artım demokratik dövlətdə sosial funksiyaların icrası üçün geniş imkanlar yaradır. Son 5 il ərzində Azərbaycanda belə iqtisadi artım müşahidə olunur. Buna uyğun olaraq, qanunvericilik qoruyucu hüquqi sistem kimi təkmilləşdirilməlidir. Əksər məcəllələr, o cümlədən də İnzibati Xətalar Məcəlləsi 2000-ci ildən qüvvədədir. Bu məcəllənin elə maddələri var ki, onların sanksiyalarında cərimələr bu zamana kimi dəyişdirilməyib. İnzibati Xətalar Məcəlləsi inzibati hüquq münasibətlərinin qorunması funksiyasını daşıyır. Lakin məcəllənin sanksiyasında xəta törədənlərə təsir göstərən cərimələrin həddi hələ ki, aşağıdır. Cərimələrin mövcud vəziyyətə adekvat olmaması qoruyucu hüquq normalarının əhəmiyyətini azaldır. Bildiyiniz kimi, 2007-ci ilin payız sessiyasında İnzibati Xətalar Məcəlləsinin ümumi hissəsinin 25.4-cü maddəsinə dəyişiklik edilərək, ətraf mühitin mühafizəsi əleyhinə və yol hərəkəti qaydalarının pozulmasına görə xətaların sanksiyalarında cərimələr artırılmışdır. Bu preventiv tədbirlər ictimai münasibətlərin qorunmasına effektiv təsir göstərir.
Bu gün isə İnzibati Xətalar Məcəlləsində əhalinin sağlamlığının qorunması məqsədi ilə bir sıra inzibati xətalara görə sanksiyaların artırılması təklif olunur. Zöhrəvi xəstəliklərin yayılmaması, sanitariya-gigiyena rejimi, körpələrin və ümumilikdə, əhalinin qidalanması haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün məcəllədə inzibati sanksiyalar əhəmiyyətli dərəcədə artırılmalıdır. Bu cür xəta törədənlərə böyük cərimələrin tətbiq edilməsi ilk növbədə təsirli olacaq, digər tərəfdən isə cəmiyyətdə vacib profilaktik xarakter daşıyacaq. Təklif edirəm, cənab Prezident tərəfindən təqdim olunmuş bu layihəni, ümumilikdə, qəbul edək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hadi müəllim, bu məsələyə Sizin komissiyada da baxılıb. Buyurun.
H. Rəcəbli. Sağ olun, Ziyafət müəllim. Bu məsələ bizim komissiyada da müzakirə olunubdur. Bu layihədə, əsasən, səhiyyə ilə bağlı olan inzibati xətalara görə daha ağır cəzaların verilməsi məsələsi öz əksini tapıb. Siz bilirsiniz ki, son vaxtlar Azərbaycanda HİV-lə yoluxma hallarının artması ilə bağlı olaraq sanitariya-gigiyena və epidemiya əleyhinə mübarizə sahələrində bir sıra ciddi nöqsanlar meydana çıxdı. Bu sahələrdə inzibati xətalara görə sanksiyalar gülünc dərəcədə zəif olduğu üçün, əsasən, işləmir. Bunu nəzərə alaraq, hesab edirəm ki, bu layihəyə səs vermək lazımdır.
Sədrlik edən. Təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Hesab edirəm ki, ümumiyyətlə, sanitar-epidemiologiya məsələsi bütüm dövlətlər, xüsusən də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Hörmətli deputatlar, biz, bir qrup deputat bu yaxınlarda Avstriyada seminarda olduq və başqa sahələrdə olduğu kimi, sanitar-epidemiologiya ilə bağlı sahədə də Avropa ilə müqayisədə bizdəki vəziyyətin nə qədər acınacaqlı olduğunu gördük. Mən prinsip etibarilə bu layihədə göstərilən dəyişikliyin edilməsinin tərəfdarıyam. Yəni bu maliyyə sanksiyalarının artırılmasına, həqiqətən, ehtiyac vardır.
Amma biz qəbul etdiyimiz “Yol hərəkəti qaydaları haqqında”, “Ekoloji vəziyyətin qorunması haqqında” və sair qanunlarda tikinti və istehsalla bağlı səs-küyün, vibrasiyanın qarşısının alınması üçün böyük cərimələr müəyyən etsək də, bu cərimələrin hansısa ciddi bir dönüşə səbəb olmasını görmədik. Eyni tale bu qanunu da gözləyə bilər. Ona görə də mən hesab edirəm ki, bu məsələyə kompleks yanaşmağın vaxtı gəlib çatmışdır. Çünki kompleks yanaşılmadıqda cərimələrin artması bir çox hallarda, sadəcə olaraq, bir qrup məmur və ya müəyyən bir dövlət orqanının işçiləri, − mən hamısını aid etməzdim, − bir sıra işçiləri üçün qanunsuz gəlir mənbəyinə çevrilir və korrupsiyanın, rüşvətin artmasına səbəb olur.
Bu qanun layihəsində belə sanksiyaların əsas etibarilə vətəndaşlara tətbiq edilməsi nəzərdə tutulur. Halbuki bir çox yerlərdə bu inzibati xətaların günahkarı dövlət orqanları, büdcə təşkilatları, mənzil-kommunal sahəsinin, ümumiyyətlə, xidmət sahəsinin təşkilatları olur. Məni bu məsələyə dair çıxış etməyə vadar edən əsas səbəb seçicisi olduğum Sabirabad rayonunun ərazisində sanitar-epidemioloji vəziyyətin olduqca gərgin, fəlakətli bir həddə gəlib çatmasıdır. Bu vəziyyətin günahkarı isə, hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlardır. Sabirabadda kanalizasiya suları küçələrə axıdılır. Əhaliyə verilən içməli su standartlardan müqayisəolunmaz dərəcədə uzaqdır. Küçələrdə və əhalinin yaşayış sahələrində yaranmış olduqca gərgin sanitar-epidemioloji vəziyyətin aradan qaldırılması istiqamətində heç bir iş görülmür.
Hörmətli deputatlar, biz əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji sağlamlığı sahəsində yaranmış vəziyyətin yaxşılaşdırılması üçün düşünməli, bu sahədə bizə utanc gətirən halların qarşısının alınması üçün ciddi addımlar atmalıyıq. Hesab edirəm ki, reytinqlərdə Bakının dünyanın ən çirkli şəhəri olması da bizi ciddi düşündürməlidir. Ölkəmizdə sanitariya-gigiyena və sanitar-epidemioloji sahədə yaranmış vəziyyətin aradan qaldırılmasına yönəldilmiş kompleks proqramların hazırlanmasına böyük ehtiyac vardır. Mən demək istəyirəm ki, bu qanunun bu şəkildə qəbul edilməsi azdır. Əgər icra hakimiyyəti orqanları bu qanunun icrası və o cümlədən maliyyə sanksiyalarının tətbiqi ilə bağlı konkret addımlar atmasa, tədbirlər görülməsə, hesabatlar verilməsə, Milli Məclis səviyyəsində bu sahəyə mütəmadi və sistemli şəkildə nəzarət edilməsə, parlamentdə bu məsələ ilə bağlı müəyyən dinləmələr keçirilməsə, hansısa bir müsbət dəyişikliyin olması gözlənilən deyil.
Mən hesab edirəm, bu qanuna dəyişikliklərin edilməsi müəyyən effekt verə bilər. Ona görə də prinsip etibarilə qanunun qəbul edilməsinə səs verəcəyimi bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Pənah müəllim ölkədə sanitar-epidemioloji vəziyyət barədə məsələ qaldırdı. Dünən siz 2004−2008-ci illər üçün sosial-iqtisadi inkişafa dair dövlət proqramları ilə bağlı keçirilən konfransa baxdınızsa, cənab Prezidentin bu məsələlər barədə dediklərini eşitdiniz. Cənab Prezident orada elan etdi ki, yaxın 2 il ərzində ölkə 100 faiz təmiz su ilə təmin olunacaq, bütün ölkədə kanalizasiya sistemi yenidən qurulacaq. Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi də orada çıxış etdi. 2004−2008-ci illər üzrə proqram artıq 98 faiz yerinə yetirilib. Hələ ilin axırına var. Bu məsələlər növbəti proqramda da nəzərdə tutulacaq.
Bunlar hamısı, sadəcə, sözlər deyil, real işlərdir. İndiyə qədər görülən işlər az deyildir. Növbəti mərhələdə də bu məsələlər öz həllini tapacaq. İndiyə qədər bizi narahat edən, əsasən, işıq, qaz, yollarla bağlı məsələlər idi. Bu sahədə şükür olsun ki, böyük işlər görülübdür. Güman edirəm ki, artıq növbəti mərhələdə bunlar da öz həllini tapacaq.
Mən başa düşürəm, indi Avropa ölkələri ilə müqayisədə Azərbaycan güclü təsir bağışlamır. Bu, təbiidir, Pənah bəy, Avropa ölkələri neçə əsrlərdən bəri bu yolları gəlmiş dövlətlərdir. Nəzərə alın ki, Azərbaycan hələ müstəqilliyini təzə əldə edibdir. Amma 15−16 il ərzində ölkəmiz böyük yol qət edibdir. Mən hesab edirəm ki, xeyli işlər görülübdür və bundan sonra da görüləcəkdir. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda inzibati vəzifələrin tutulması qaydalarının qismən dəyişdirilməsi təklifi müzakirəyə çıxarılır. Bildiyiniz kimi, dövlət qulluğuna vətəndaşlar müsabiqə və müsahibə əsasında qəbul edilirlər. Yəni test imtahanlarından uğurla keçən iddiaçılar müsahibəyə göndərilirlər. Dövlət orqanlarına yeni qəbul qaydası peşəkar kadrların seçilməsində vacib mexanizmdir və dövlətimizin mütərəqqi kadr siyasətini nümayiş etdirir.
Ancaq etiraf etməliyik ki, mərkəzi dövlət orqanları aparatlarında işləmək istəyənlər üçün müsabiqənin keçirilməsi asan prosedur olsa da, Azərbaycanın rayonlarında, məsələn, icra hakimiyyəti orqanlarında inzibati vəzifəyə iddiası olan şəxslər üçün bu qaydanın tətbiqi müəyyən çətinlik yaradır. Bu çətinlik yeni test imtahanlarının tətbiqi ilə bağlıdır. Müzakirə etdiyimiz layihədə təklif olunur ki, müvafiq icra hakimiyyəti orqanlarında inzibati vəzifələrin 6−9-cu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması yalnız müsahibə yolu ilə həyata keçirilsin. Hesab edirəm ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliklər əsaslı və əhəmiyyətlidir. Odur ki, sizi bu layihəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Mən də hesab edirəm ki, bu çox ciddi və doğru bir addımdır. Doğrudan da, nə üçün ucqar rayonlarda hər hansı bir vəzifəni, məsələn, inspektor vəzifəsini tutmaq istəyən bir adam durub Bakıya gəlməli, burada imtahan verməli, müsabiqədən keçməlidir? Halbuki bu məsələni elə rayondaca həll etmək olar. Ona görə də xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ − Azərbaycan Respublikasının Ucar rayonunun Kirovkənd kəndinin adının dəyişdirilməsi haqqında. Regional məsələlər daimi komissiyasının üzvü Rüstəm Xəlilov. Buyurun, Rüstəm müəllim.
R. Xəlilov, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Regional sosial-iqtisadi inkişaf, əhalinin say artımı, yaşayış məntəqələrinin abadlaşdırılması və genişləndirilməsi, yeni ərazi vahidlərinin yaradılması bəzən yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini və tarixi adların dəqiqləşdirilməsini zərurətə çevirir. Ucar Rayon İcra Hakimiyyəti də Kirovkənd kəndinin adının dəyişdirilib Ənvər Məmmədxanlı kəndi adlandırılması ilə əlaqədar kənd sakinlərinin müraciətlərini, kənd icra nümayəndələrinin və kənd bələdiyyəsinin vəsatətlərini nəzərə alaraq kəndin adının dəyişdirilməsi barədə 2007-ci il 10 dekabr tarixdə sərəncam qəbul etmişdir.
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq toplanmış sənədlər təsdiq olunmaq üçün Milli Məclisə təqdim edilmişdir. Məsələyə Milli Məclisin Regional məsələlər daimi komissiyasının 2008-ci il 6 fevral tarixli iclasında baxılmış və layihənin təsdiq olunması barədə müsbət qərar qəbul edilmişdir. Ucar rayonunun Kirovkənd kəndinin adının dəyişdirilməsi və onun Ənvər Məmmədxanlı kəndi adlandırılması ilə əlaqədar qanun layihəsi sizin müzakirənizə verilir.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ − Azərbaycan Respublikası Salyan rayonunun Aydıngün kəndinin adının dəyişdirilməsi haqqında. Yenə həmin komissiyanın üzvü Rüstəm Xəlilov.
R. Xəlilov. Çox sağ olun. Hörmətli deputat həmkarlarım, Salyan Rayonunun İcra Hakimiyyəti bu rayonun Yolüstü kənd inzibati ərazi dairəsi tərkibindəki Aydıngün kəndinin adının dəyişdirilib Yeni Uluxanlı kəndi adlandırılması barədə ərazi vahidində yaşayan əhalinin ümumi yığıncağının, kənd bələdiyyəsinin qərarlarını, icra hakimiyyəti nümayəndələrinin vəsatətini nəzərə alaraq kəndin adının dəyişdirilməsi haqqında 2007-ci il 30 dekabr tarixli sərəncam qəbul etmiş və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq toplanmış sənədlər təsdiq olunması üçün Milli Məclisə təqdim edilmişdir.
Bu qanun layihəsinə də Milli Məclisin Regional məsələlər daimi komissiyasının 2008-ci il 6 fevral tarixli iclasında baxılmış və layihənin təsdiq olunması barədə müsbət qərar qəbul edilmişdir. Salyan rayonunun Aydıngün kəndinin adının dəyişdirilib Yeni Uluxanlı adlandırılması haqqında qanun layihəsi sizin müzakirənizə verilir. Xahiş edirəm, bu layihəyə də müsbət münasibətinizi bildirəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Bu məsələ üzrə çıxışlar üçün yazılanlar var. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Rafael Hüseynov.
R. Hüseynov. Hörmətli millət vəkilləri! Toponimikada səliqə-sahman yaradılması yolunda atılan hər addım, şübhəsiz ki, dəyər daşıyır və hər iki ad dəyişiminə, təbii ki, rəy müsbətdir. Bu ad dəyişimləri istər-istəməz bəzi düşüncələr oyadır. Mən o fikirlərimi sizinlə bölüşmək istərdim.
Bu ayın sonunda təqvimlərimizdə 4 ildə bir dəfə rast gəlinən hadisə baş verəcək. Fevral ayı 29-dan olacaq. Amma 2008-ci il fevral ayının 29-da millət təqviminin də çox əhəmiyyətli bir hadisəsi baş verir − Azərbaycan Respublikasının böyük yazıçısı, görkəmli dramaturqu Ənvər Məmmədxanlının 95 yaşı tamam olur. Odur ki, Ənvər Məmmədxanlının adının əbədiləşdirilməsi istiqamətində atılmış bu addım, şübhəsiz ki, təqdirə layiqdir. Onun Azərbaycan nəsri və dramaturgiyasının inkişafında xidmətləri müstəsnadır. Ənvər Məmmədxanlının irsi bu gün də Azərbaycan xalqına xidmət etməkdədir. Onun nəsrindən, dramaturgiyasından savayı, yazdığı ssenarilər əsasında çəkilmiş “Fətəli xan”, “Leyli və Məcnun”, “Babək” filmləri bu gün də Azərbaycan insanının mənəvi-estetik tərbiyəsində mühüm rol oynayır. Odur ki, Azərbaycanın bir kəndinə Ənvər Məmmədxanlının adının verilməsi heç bir təəccüb doğurmur, məmnunluqla qarşılanır.
Amma təəccüb doğuran, müəyyən nigarançılıq yaradan odur ki, hansısa sənədlərdə bu günə qədər, məsələn, Kirovun adı bir kənd adı olaraq qalır. İstər-istəməz məndə belə bir sual yaranır ki, görəsən, hansısa “mətin bolşevik”in adı indiyəcən hansısa kəndin, qəsəbənin adında yenə də rəsmi sənədlərdə qalırmı? Odur ki, bu, istər-istəməz düşündürür və toponimikamıza bir az diqqətli yanaşmanı tələb edir.
Mənə elə gəlir ki, Azərbaycanın tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi səmtində pərakəndə yox, bir qədər sistemli iş görmək lazımdır. Burada çoxlu təkliflər, ideyalar var. Bu barədə bir dəfə ayrıca söhbət etmək olar. Amma mən yaxınlaşan digər yubileylə əlaqədar bir təklifimi bu kontekstdən istifadə edərək söyləmək istəyirəm. 1918-ci ilin dekabrında Azərbaycanın ilk parlamentinin ilk iclasları oldu. Bu il biz parlamentimizin 90 yaşını qeyd edəcəyik. Azərbaycan parlamentinin qurucuları olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarının atılmasında, milli şüurun inkişafında müstəsna əməkləri olmuş və həyatlarını bu yolda qurban vermiş şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək səmtində, mənə elə gəlir ki, Milli Məclis ciddi işlər görmək barədə düşünməlidir. Onlarla bağlı hansısa bir xatirə lövhəsinin, hansısa bir heykəltəraşlıq abidəsinin yaranması ilə bağlı konkret təklif ortada olmalıdır. Məsələn, Həsən bəy Ağayev Azərbaycan parlamentinin rəhbərlərindən biri idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri olsa da, bu vəzifədə iki illik fəaliyyəti ərzində daim xaricdə oldu, Azərbaycanın xarici əlaqələrinin qurulması səmtində çalışdı və parlamentin bütün iclaslarını sona qədər parlament sədrinin müavini Həsən bəy Ağayev apardı. Həyatını da son olaraq bu yolda fəda etdi. Amma Həsən bəy Ağayevin yaşadığı binanın üzərində bu gün də xatirə lövhəsi yoxdur. Bu gün də Bakı şəhərində onun adını daşıyan küçə yoxdur.
Millət gərək onun yolunda fəda olmuş insanların əməyini, adını, xatirəsini unutmasın, yaşatsın. 90 illik parlamentimizin yubileyi bu barədə qəti düşünməyə və ciddi addımlar atmağa əsas yaradır. Bu istiqamətdə iş görmək üçün dövlətimizin kifayət qədər imkanları var. Əgər millət vəkillərinin də bu sahədə əməyinə, maddi dəstəyinə ehtiyac olarsa və bu məqsədlə hansısa bir fond yaradılarsa, mən bir aylıq məvacibimi ora keçirməyə hazıram.
Digər tərəfdən, bir çox böyük şəxsiyyətlərimiz var ki, paytaxtımızda onların adı ilə bağlı küçələr olmalıdır. Artıq bu, paytaxt küçələrinin adlandırılması ilə bağlı xüsusi bir qanun layihəsinin olması zərurətini ortaya çıxarır. Çünki burada da səliqəsizlik, pərakəndəlik, məntiqsizlik çoxdur. Axı, küçə adları da artıq müəyyən mənada toponimdir, coğrafi addır. Bir neçə gün öncə mən Ağdamda, düşmənlə cəbhə xəttində idim. Aramızda 70−80 metr məsafə vardı. Orada hər təpə, hər çökəklik, hər yüksəklik uğrunda günaşırı da olmasa, o tərəfdən də, bu tərəfdən də tez-tez qurbanlar gedir. Balaca bir coğrafi məntəqə uğrunda insan həyatı qurban gedir. Bir küçə də coğrafi məntəqədir. Bu coğrafi məntəqələr uğrunda qurban gedən insanlar varsa, biz onları qorumalı, onlara həssaslıqla yanaşmalıyıq. Ona görə düşünürəm ki, tarixi şəxsiyyətlərimizin adlarının, xatirələrinin əbədiləşdirilməsi istiqamətində ciddi düşünməliyik. Məncə, Bakı şəhərinin küçə adları ilə bağlı qanun layihəsinin hazırlanması istiqamətində də addımlar atmağın zamanı çatıb. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nəzərinizə çatdırım ki, Ənvər Məmmədxanlının adını 4-cü məsələdə artıq əbədiləşdirdik. Söhbət 5-ci məsələdən gedir. Kimin sözü var? Nizami müəllim, buyurun.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün çox vacib məsələlərdən biri – yer adlarının, qəsəbə, kənd adlarının dəyişdirilməsi məsələsi müzakirə olunur. Mən istər komissiyanı, istərsə də bizim millət vəkillərini bu məsələdə bir az diqqətli və həssas olmağa çağırıram. Bu yaxınlarda biz həmin komissiyada bu məsələni müzakirə edəndə məlum oldu ki, komissiyaya təxminən 150-yə yaxın kənd və şəhər adının dəyişdirilməsi üçün təkliflər verilmişdir. Komissiya üzvləri buna çox haqlı olaraq etiraz etdilər. Yaxşı ki, bu addəyişmələrin müzakirəsi nisbətən dayandırıldı.
Azərbaycanın müxtəlif bölgələrində yaşayan etnik qruplardan hər birinin Azərbaycanda qədim türk toponimlərini tamamilə dəyişdirib istədikləri adlarla əvəz etməsi çox qorxulu bir prosesdir. Təxminən 50-yə yaxın təklif Cənub bölgəsindən, Lənkəran, Lerikdən, bir hissəsi Şimal bölgəsindən gəlmişdi. Bunlar çox mübahisəli olduğuna görə biz o məsələləri saxladıq. Bu çox həssas və diqqət tələb edən məsələ olduğuna görə bu məsələyə çox həssaslıqla yanaşmaq lazımdır.
Yaşayış məskənlərinin adlarını belə sürətlə dəyişmək məqsədəuyğun deyil. Düzdür, Kirovkənd adını dəyişməyə çox ciddi ehtiyac var idi, ona Ənvər Məmmədxanlının adı verilir. Bu cür dəyişmələr uyğundur. İndi Sovetabad, Şurabad, Yenikənd, Təzəkənd kimi kənd adlarını da dəyişdirməyə çox ciddi ehtiyac var. Çoxlu malakan kəndləri var. Malakanlar köçüb gediblər. O kəndlərin də adlarını dəyişməyə ehtiyac var. Bir qrup kəndlər var ki, onlara yeni ad verməyə heç bir ehtiyac yoxdur. Onsuz da Ermənistanda Azərbaycan toponimlərinin, demək olar ki, hamısı, Gürcüstanda yer adlarının, demək olar ki, əksəriyyəti dəyişdirilibdir. Bu yaxınlarda orada da Azərbaycan yer adları tamamilə sıradan çıxacaqdır. Cənubi Azərbaycanda, İranda adlar sürətlə dəyişdirilir. Bu yaxında orada da sıradan çıxacaq. İndi bizim Azərbaycanda da 156 adın təqdimatını veriblər ki, gəlin, bunları dəyişək. Bilmək olmur, bu nə ilə bağlıdır.
Həm coğrafi, həm tarixi, həm də dilçilik baxımından yanaşıb qədim adları bərpa etmək lazımdır. Kim istəyir, kənddə adamları öyrədir, 5−6 ağsaqqal yığışır ki, bu adı verək və kütləvi şəkildə gətirirlər ki, kənd xalqı bunu tələb edir. Kənd xalqı mütəxəssisdir, bunu tələb edə? Qoy görək nə ilə uyğunluğu var. Nəslini, kökünü axtarıb tapmaq lazımdır.
Salyanla əlaqədar olaraq. Aydıngün çox gözəl bir addır. “Aydın” sözü də, “gün” sözü də Azərbaycan sözləridir. Düzdür, bu kənddə yaşayanlar Zəngibasardan köçürülən Uluxanlı kəndinin insanlarıdır. Vaxtilə özləri bu kəndin adını Aydıngün qoyublar. İndi bunun adını dəyişib Yeni Uluxanlı qoyurlar. Bu Aydıngün adının nəyi pisdir ki? Elə buraya köçəndə çıxdıqları kəndin adını qoyardılar da. Mən Aydıngün adının dəyişdirilməsinə qəti etiraz edirəm. Qərbi Azərbaycandakı Uluxanlı kəndindən çıxarılan insanlar Azərbaycanın müxtəlif guşələrinə köçüblər. Baxsınlar, indi yaşadıqları hansı kəndin adını dəyişməyə ehtiyac varsa, o adı dəyişib Yeni Uluxanlı qoysunlar. Yoxsa Aydıngünü dəyişib Yeni Uluxanlı qoymağa bir zərurət hiss etmirəm.
Bu bir hal olsaydı, adam deyərdi, eybi yoxdur, söhbət ancaq bir kənddən gedir. Amma Azərbaycanda bu, kütləvi bir hal alıbdır. Biz bunun qarşısını almasaq, yer adlarını dəyişmək istəyində olanlara bir daha ilham vermiş olacaq və beləliklə, toponimlərimiz daha çox dəyişdiriləcəkdir. Budaq müəllim bu yaxınlarda qəzetdə çıxış edib bildirdi ki, 150-yə yaxın kəndin adını dəyişdirmək təklifi verilibdir. Ona görə də bu məsələdə çox həssas olmaq lazımdır. Mən millət vəkillərindən öz fikir və rəylərini obyektiv şəkildə bildirmələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Nizami müəllimin bir az emosional çıxışı artıq nə qədər adamın yazılmasına səbəb oldu. Hərçənd burada mübahisə üçün elə bir əsas görmürəm. Amma hər halda. Aqil Abbasov.
A. Abbasov. Təşəkkür edirəm, Ziyafət müəllim. Məndən əvvəl çıxış edənlər ətraflı danışdılar. Rafael müəllimə, Nizami müəllimə təşəkkür edirəm. Ənvər Məmmədxanlının adının əbədiləşdirilməsinə görə kənd camaatına da minnətdarlığımı bildirirəm. Mənim başqa bir təklifim var, Nizami müəllimin sözünə gəlirəm. Aydıngün adını dəyişib Yeni Uluxanlı qoyanacan elə Yolüstü kəndinin adını dəyişdirsələr, daha məqsədəuyğun olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ərəstun müəllim də danışsın.
Ə. Cavadov. Sağ olun, Ziyafət müəllim. Kirovun adı tez-tez çəkildiyinə görə mənim də yadıma Şamaxı rayonunun Kirovka kəndinin əhalisinin xahişi düşdü. Şamaxı rayonunda Kirovka deyilən böyük bir kənd var. Bu, əsasən, xarici qonaqlarımızın gəliş-gedişi olan bir kənddir. Müəyyən vaxtdan sonra Kirovka adını ləğv ediblər, kimsə ora bir lövhə vurub, yazıb − “Nağaraxana”. Kimdən soruşursan ki, bu nədir, heç kəs cavab verə bilmir. Zarafatla bir yoldaş mənə zəng edib dedi ki, dumbulxanada nə var, nə yox? Belə məsxərəyə qoyulan hallar da olur. Kənd camaatı məndən xahiş edib ki, o kəndin adının dəyişməsinə köməklik edək. Kənd camaatı tərəfindən bizim Toponimiya komissiyasına məktub daxil olmuşdu. Nə isə, ona əks cavab alıblar. Onların xahişini nəzərə almayıblar. Məktubu mənə veriblər. Mən o məktubu aidiyyəti yerə verəcəyəm. Xahiş edirəm ki, növbəti günlərin birində onu da müzakirəyə çıxarasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Komissiyanın sədri Arif Rəhimzadə söz istəyir. Buyurun, Arif müəllim.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, Ziyafət müəllim. Yaşayış məntəqələrinin adının dəyişdirilməsi üçün qanunla müəyyən olunmuş prosedurlara uyğun olaraq bizə Aydıngün kəndinin adının dəyişdirilməsi ilə əlaqədar sənədlər təqdim edilmişdir. Mən Nizami müəllimin o sözü ilə razıyam ki, çox toponimlərin dəyişdirilməsi məqsədəuyğun deyil, götür-qoy etmək lazımdır. Ancaq Aydıngün kəndinin adının dəyişdirilməsini mən tamamilə düzgün hesab edirəm. Aydıngün kəndi adlanan yer 1948-ci ilə kimi koloniya imiş. Burada dustaqların barakları olubdur. 1948-ci ildə Ermənistandan azərbaycanlılar sürgün olunanda uluxanlıları orada yerləşdiriblər. Belə olan halda bu barakların, koloniyanın adının Aydıngün qoyulmasını, hesab edirəm ki, biz bir istehza və çox riyakar bir hərəkət kimi qəbul edə bilərik. Bu kənddə yaşayanlar Uluxanlıdan köçürülmüş insanlardır. Təbii ki, onlar Uluxanlı adını yaşatmaq istəyirlər. Toponimiya komissiyası bu məsələyə baxıb və qərara alıb ki, bu ad qəbul oluna bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən də hesab edirəm ki, Toponimiya komissiyasında oturan insanlar yüksək ixtisaslı mütəxəssislərdir. Gəlin, onların qərarlarına hörmətlə yanaşaq. Buyurun, münasibətinizi bildirin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsverməni dayandırın. İqbal Ağazadə təkid edir.
İ. Ağazadə. Çox sağ olun, Ziyafət müəllim. Mən bu məsələnin aktuallığını nəzərə alıb təkid etdim. Çünki bu, presedentdir, Azərbaycanda, Milli Məclisdə uzun müddətdir davam edir. Yadınızdadırsa, bundan əvvəl burada Tatarlı kəndinin Səfikürd adlandırılması ilə bağlı məsələ müzakirə olunmuşdu. Komissiyanın sədri Arif müəllim o dövrdə də eyni arqumentlə çıxış etmişdi. Mən Nizami müəllimin çıxışını dəstəkləyirəm. Hesab edirəm ki, məsələnin mahiyyətinə həm də siyasi tərəfdən yanaşmaq lazımdır. Ermənistandan köçürülmüş azərbaycanlıların qədim yer adlarının hamısını bu gün Azərbaycana daşıyırıq. Azərbaycanda kifayət qədər məskunlaşmış insanların arzusu Milli Məclis tərəfindən nəzərə alınır.
Amma Azərbaycan Prezidenti çıxışlarının birində Ermənistan ərazisinin böyük bir hissəsinin qədim türk torpaqları olduğunu və bu torpaqların zaman-zaman Ermənistana peşkəş olunduğunu, bugünkü Ermənistanın Azərbaycan ərazisində yaradıldığını bildirdi. Bu, tarixi həqiqətdir. Biz dəfələrlə bu məsələyə burada münasibət bildirmişik. İndi məsələnin mahiyyətinə varırıqmı? Bu gün həmin siyasəti ortaya qoyuruq, amma orada olan kənd adlarını bura daşıyırıq. Ermənistan alimlərinə, topoqraflarına, tarixçilərinə imkan veririk desinlər ki, doğrudur, Masis rayonunun Zəngibasar rayonunda Uluxanlı kəndi var idi. Amma o kənd vaxtilə Azərbaycandan Ermənistana köçürülmüşdü. Baxın, həmin kənd Azərbaycanın filan rayonunda yaşayır.
Bu tip addəyişmələri, hesab edirəm ki, Ermənistan − Azərbaycan münaqişəsi həll olunana qədər Azərbaycanın ərazisində tətbiq etmək lazım deyil. Biz Azərbaycan torpaqlarının işğal olunub bir hissəsində Ermənistan dövlətinin qurulduğunu bəyan edərək orada olan ərazilərimizin qaytarılması və Ermənistanın ərazisində toponimlərimizin bərpa edilməsi ilə bağlı iddia irəli sürərkən oradakı adları bura köçürməməliyik. Onda sabah Gürcüstandan gələn soydaşlarımız da burada müxtəlif kəndlərdə kompakt yaşayacaq və o kəndləri də, məsələn, Kəpənəkçi, Qarabağlılar və sair adlandıracaqlar. Onda gəlin, Dərnəgülün adını dəyişək, qoyaq Qarabağlılar məhəlləsi. Camaat da tələb edir. Çünki bu gün Dərnəgül sakinlərinin böyük əksəriyyəti Qarabağ qaçqınlarıdır. Bu nə yanaşmadır, necə məntiqdir? Mən də Qarabağ camaatı adından deyərəm ki, Dərnəgülün adını bu gün dəyişək, qoyaq Qarabağlılar məhəlləsi. Belə yanaşma olarmı? Filan kənddən filankəs bura köçüb, bu gün kəndin adını dəyişirik. Sabah işğal olunmuş ərazilərimizdən köçənlər də müəyyən müddət yaşadıqları kəndin adını dəyişmək istədiklərini bildirəcəklər.
Biz Ermənistan torpaqlarına iddia edirik, çünki o bizim qədim tarixi torpaqlarımızdır. Bu gün oradakı adların hamısını Azərbaycana daşıyıb qoyuruqsa, sabah erməni tarixçilərinə, topoqraflarına əlavə imkan vermiş oluruq, iddia etsinlər ki, həmin ərazilərin hamısı vaxtilə Azərbaycanda olub. Ona görə xahiş edirəm, bu məsələlərin həm də siyasi tərəfini nəzərə alasınız və bu məsələni bir də götür-qoy edəsiniz. Çox sağ olun.
Sədrlik edən. Buyurun, Fəzail Ağamalı.
F. Ağamalı. Sağ olun. Hörmətli Ziyafət müəllim, burada məsələnin mahiyyəti haqqında kifayət qədər informasiyası, dəqiq məlumatı olmayanların çıxışı belə bir vəziyyət yaratdı. Bunun əsası ilk növbədə böyük hörmət bəslədiyim Nizami Xudiyevin çıxışında qoyuldu. İqbal Ağazadə isə məsələnin artıq regional müstəvidə izahına və siyasi mövqedən şərhinə başladı.
Məsələnin mahiyyətini Arif müəllim dedi. Ora vaxtilə qadın koloniyası olubdur. 1940-cı illərin axırlarında Ermənistandan deportasiya olunan, yəni Uluxanlı kəndindən zorla köçürülən ailələrin hamısı orada yerləşdirilibdir. Onlar orada məskunlaşıblar, ev tikiblər və yaşayırlar. Sonra orada sovxoz yaranıbdır. Sovxozun mərkəzi Qaraçala qəsəbəsi olubdur. Qaraçala ilə Peyk kəndi arasında 5 sovxoz olub. Onların adını qoyublar 1-ci sovxoz, 2-ci sovxoz, 3-cü sovxoz, 4-cü sovxoz, 5-ci sovxoz. Həmin sovxozlara sonradan Yolüstü, Aydıngün, Birinci Varlı, İkinci Varlı və Düzənlik adları qoyulub. Bunların meydana gəlmə tarixi, hörmətli Nizami müəllim, 1990-cı illərdir. Yəni bu adlar qədim adlar deyil. Bu adların heç bir kökü, heç bir toponimik elmi əsası yoxdur. Ona görə də bəli, o kəndlərin adları dəyişilməli, onlara, Rafael Hüseynovun söylədiyi kimi, Azərbaycanda tanınmış şəxsiyyətlərin adı qoyulmalıdır.
Aydıngün kəndində yaşayanlar Uluxanlıdan zorla köçürülənlərdir. İndi onlar bu kəndin adını Uluxanlı qoymurlar, Yeni Uluxanlı qoyurlar. Bu həm də tarixi həqiqət kimi gələcəkdə bizim əlimizə əsas verə bilər ki, Uluxanlı oradadır, Yeni Uluxanlı buradadır və bu kəndin sakinləri məhz Ermənistanın Uluxanlı kəndindən deportasiya olunub buraya köçürülənlərdir. Məsələyə bu cür məntiqlə yanaşmaq daha düzgün olardı. Ona görə də çox xahiş edirəm, Ziyafət müəllim, ölkə Prezidentinin imzası ilə gəlmiş bu qanun layihəsinə səs verək. Mən də düşünürəm ki, kəndlərin adları dəyişdirilərkən onların tarixi, elmi əsaslar, coğrafi amillər nəzərə alınmalıdır. Ancaq Yeni Uluxanlının Nizami müəllimin dediyi iradlarla heç bir bağlılığı yoxdur. Çox sağ olun.
Sədrlik edən. Təkid eləyən yoxdur? Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bu məsələyə münasibətimi bildirmək istəyirəm. Mən də hesab edirəm ki, bu dəyişiklik lazımdır. Amma söhbət prinsipdən gedir. Mən deputat həmkarlarımın fikri ilə razıyam. Son vaxtlar müşahidə edirəm ki, bir rayona təzə icra başçısı gəlir, 5−6 ağsaqqal yığışır bunun başına, deyir ki, filan adı dəyişmək lazımdır. Bu da müvafiq sənədləri yığıb göndərir aşağıdan yuxarı ki, filan yerin adı belə olmalıdır.
Hər yaşanan bir gün bir tarixdir. Deyək ki, 50 ildir bu kəndin adı filandır, 50 ildən sonra məsələ qaldırırlar ki, bu kəndin adını dəyişək, ona başqa bir ad qoyaq. Bunun insanların özünə psixoloji təsiri var, orada yaşayan adamların fəaliyyətinə təsiri var. Hər dəfə bu şeyləri dəyişdirmək olmaz ki?
Ümumiyyətlə, 1990-cı ildə bir ara anarxiya dövrü oldu və addəyişmə mərasimləri də elə o dövrdə başlandı. Nəticəsi nə oldu? Məsələn, mənim dostum Aqil Abbas o vaxt qəzetində yazırdı ki, Karl Marksın heykəli götürülməlidir. Karl Marksın heykəli götürüldü, yerində yanacaqdoldurma stansiyası tikdilər. Heç olmasa, 3 uşaq gəlirdi, baxırdı, bilirdi, Marks kimdir, bir kitab açıb oxuyurdu. Onu yanacaqdoldurma stansiyası əvəz etdi, bununla da Marksın taleyi həll olundu, bununla da tarixi düzəltdik. Bu cür yanaşma ilə, bu cür baxışla onda hər şeyi dəyişək. Yaxşı, Azərbaycanda adam adları var − Oktyabr, Noyabr. Niyə dəyişmirlər adlarını? Dünya praktikasını götürək. Dünyada belə bir şey varmı? Böyük Britaniyada şəhər, kənd adlarını dəyişirlərmi? Sosializm adət-ənənələrindən əl çəkməliyik. Filan yazıçının, filan həkimin, filankəsin adını hansısa yaşayış məntəqəsinə vermək ənənəsi sosializm dövründən qalıb. Ad varsa, bu özü bir tarixdir. 50 il, 60 il, 70 il bir insan ömrüdür. Götürək, bunları dəyişək, əsaslandıraq, mən onun tərəfdarı deyiləm. Deyək ki, Bakıya Naxçıvan Muxtar Respublikasından bir qrup insan köçüb Suraxanı rayonunun ərazisində məskunlaşıbsa, orada Yeni Uzunoba, Yeni Cəhri kəndləri salmalıyıq? Kompakt şəkildə yaşasalar da, bu, mümkün deyil.
Deyirsiniz, Aydıngün kəndinin ərazisində koloniya olub. Nə olsun? Azərbaycanda hər bir yerin, hər bir təpənin, hər bir düzənliyin adı var. Bu ada uyğun şəkildə məsələ həll olunsun, qurtarsın. Əleyhinə deyiləm, səs verəcəyəm, amma bundan sonra belə şeylər Milli Məclisə çıxmasın.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Ziyafət müəllim. Ciddi müzakirəyə səbəb olan bu məsələ komissiyada çox geniş müzakirə edilib. Bilirsiniz, hər bir məsələnin həlli onun hüquqi əsası olduqda ola bilir. Bu məsələlər Konstitusiyanın 96-cı maddəsinə söykənərək həll edilir. Bu məsələlər hansısa komissiyanın, hansısa bir deputatın istəyi ilə deyil, qanuna uyğun olaraq yerli əhalinin istəyi ilə bağlıdır. Orada nə Nizami Xudiyev yaşayır, nə Siyavuş Novruzov, nə də Fəzail İbrahimli. O kənddə 1054 nəfər insan yaşayır. Bu insanların istək və arzusunu həyata keçirmək üçün bu gün Milli Məclis sözünü deməlidir − ya “hə”, ya da “yox”. Məsələyə iki müstəvidə baxmaq olar. Bəli, İqbal müəllimin dediyi kimi, oradakı kəndlərin adını daşıyıb bura gətirmək çıxış yolu deyil. Amma məsələnin ikinci tərəfi də var. İkinci tərəfi ondan ibarətdir ki, unudulmuş adlara yeni həyat verilir. Yəni bu nəsil, bu tayfa Uluxanlıdan köçürülsə də, o adı burada yaşadır. Məsələn, Astara Cənubi Azərbaycanda da var, Şimali Azərbaycanda da. Avar kəndi Cəlilabadda da var, Yardımlıda da. Yəni məsələyə bu müstəvidə yanaşılanda bu tamamilə qanunauyğundur.
Komissiyanın üzvü kimi mən niyə bunu müdafiə edirəm? Bu bir neçə mərhələdən keçir. Kəndin ümumi yığıncağının qərarı olmadan bu məsələ həll edilə bilməz. Kənddə bu adın dəyişdirilməsini istəməyən adamlar olsa idi, komissiyaya müraciət edib, deyərdilər, biz bunu istəmirik. İkincisi, kəndin qərarından sonra icra hakimiyyəti bunu Prezident Aparatına göndərir. Prezident Aparatının müsbət rəyindən sonra Toponimiya komissiyası baxır və bizim komissiyanın qərarı Milli Məclisə təqdim olunur. Bu, mərhələlərdən keçmiş məsələlərdir.
Biz komissiyada bu məsələni qəbul edən zaman əsas nəyi düşündük. Birincisi, bu bizim istək və arzumuzdan asılı olmayan məsələdir, ikincisi, filan vaxt Ermənistandan deportasiya olunmuş bu əhalini guya aydın günə çıxarıb yerləşdirdikləri əraziyə istehza ilə Aydıngün adı qoyublar. Bu insanlar vaxtilə çıxdıqları kəndin adını indi yaşadıqları kəndə qoymaq istəyirlər. Oradan olan millət vəkilinin də ifadəsində bu göründü. Ona görə güman edirəm ki, burada mübahisəli bir məsələ yoxdur.
Leninin “Nə etməli?” əsəri çapdan çıxanda Stalin belə bir ifadə işlətdi, dedi, mənə bir müqəddəs kitabı verin, mən oradan bir cümlə tapım, bu kitabın oxunmasını qadağan eləyim. Hərənin bir fikri ola bilər, amma bütün fikirlər siyasi və ideoloji məqamlara yox, qanunçuluğa söykənməlidir. Güman edirəm ki, bu məsələ səsə qoyulub qəbul edilə bilər.
Sədrlik edən. Onda xahiş edirəm, qanunçuluğa səs verin, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 79
Əleyhinə 7
Bitərəf 0
Səs verməd 3
İştirak edir 89
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Bilirsiniz ki, bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir və belə adlanır: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi. Bu məsələ ilə bağlı bugünkü iclasımızda ədliyyə nazirinin müavini Vilayət Zahirov iştirak edir. Buyurun, Vilayət müəllim.
V. Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! İcazənizlə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2007-ci il üzrə illik məruzəni diqqətinizə təqdim edirəm.
Ölkəmizdə uğurla həyata keçirilən demokratik və hüquqi islahatlar nəticəsində son illər böyük sosial-iqtisadi tərəqqi əldə olunmuş, dinamik inkişaf həyatımızın bir çox sahələrini əhatə etmişdir. Bu tərəqqi demokratik təsisatların möhkəmlənməsinə, səmərəli idarəetmə mexanizminin yaradılmasına, dövlət idarəçiliyinin tərkib hissəsi olan yerli özünüidarəetmənin daha da təkmilləşməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyev yerli özünüidarəetmənin yaradılmasını ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir sahəsi hesab etmiş, onun inkişafına çox böyük qayğı göstərmiş, bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmişdir.
Ümummilli liderimiz Heydər Əliyev demokratik cəmiyyət quruculuğu prosesində yerli özünüidarənin rolunu yüksək qiymətləndirərək demişdir ki, yerli özünüidarənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Bu həm də demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlara imkan yaradılmasının göstəricisidir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönələn əhəmiyyətli dövlət tədbirləri cəmiyyətdə daha uğurlu gələcəyə böyük inam yaratmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi bələdiyyələrin də yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində fəallıq göstərməsinə, təşəbbüskarlıq meyillərinin artmasına səbəb olmuşdur. Sosial-iqtisadi problemlərin həllində bələdiyyələrin rolunun gücləndirilməsi məqsədi ilə 2007-ci ilin iyun ayında Bakı şəhərində bələdiyyə sədrlərinin ümumrespublika toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri və məsul işçiləri, nazirlər, komitə sədrləri, Milli Məclisin deputatları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyələrin Milli assosiasiyalarının, Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər. Bələdiyyələrin fəaliyyəti burada geniş müzakirə edilmiş, həyata keçirilmiş tədbirlər, müsbət işlər və çatışmazlıqlar qeyd olunaraq qarşıda duran vəzifələr müəyyən edilmişdir. Toplantıda Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaların Fəaliyyətini Əlaqələndirmə Şurasının yaradılması da önəmli olmuşdur.
Son illərdə qəbul edilmiş bir sıra dövlət proqramları yerli özünüidarənin inkişafı ilə bağlı prioritet istiqamətləri müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” ölkəmizdə insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə təkan vermiş və bu işin daha məqsədyönlü aparılmasına şərait yaratmışdır. Müstəsna əhəmiyyəti nəzərə alınaraq Milli Fəaliyyət Planı “Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni”ndə dərc edilərək bələdiyyələrə çatdırılmışdır.
Dövlət başçısının 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın yerinə yetirilməsi ilə bağlı Ədliyyə Nazirliyində prioritetlər müəyyən edilərək müvafiq fəaliyyət planı təsdiq edilmişdir. Hər iki sənəd bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, yerli əhalinin hüquqlarının qorunması baxımından böyük əhəmiyyətə malikdir.
Yerli özünüidarəetmə ilə bağlı əldə olunmuş təcrübə bu sahədə işin təkmilləşdirilməsi, yerli demokratiyanın inkişafı, əhalinin sosial-iqtisadi problemlərinin daha çevik üsullarla həll edilməsi üçün möhkəm zəmindir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerli özünüidarənin inkişafına böyük diqqəti bu prosesdə mühüm nailiyyətlər və irəliləyişlər əldə olunmasına təminat verir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin nəticəsidir ki, Yerli özünüidarə haqqında Avropa Xartiyasına uyğun olaraq bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməsi istiqamətində işlər davam etdirilmiş, “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişiklik və əlavələr edilərək yerli sosial müdafiə və sosial inkişaf proqramlarında normativ xidmətlərin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmuşdur.
Bələdiyyələrə dövlət əmlakının verilməsi istiqamətində işlərin davamı olaraq ölkə Prezidentinin “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2007-ci il 22 fevral tarixli sərəncamı ilə kənd və qəsəbə ərazilərində yerləşən yolların və küçələrin bir hissəsinin bələdiyyələrin balansına verilməsi üçün Nazirlər Kabinetinə tapşırıq verilmişdir.
Məlumdur ki, Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinin Milli Məclisdə ikinci oxunuşa çıxarılması nəzərdə tutulmuşdur. Hesab edirik ki, bu qanunun qəbul edilməsi bələdiyyələrin fəaliyyətinə geniş imkan yaradacaqdır. Layihənin əhəmiyyəti nəzərə alınaraq rəy verilməsi üçün Avropa Şurasına ekspertizaya göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli fərmanının icrası ilə bağlı nazirliyin yeni struktur vahidi kimi baş idarə statusunda təşkil olunan Bələdiyyələrlə İş Mərkəzinin Əsasnaməsi təsdiq edilmişdir. Əhalinin zəruri hüquqi yardıma tələbatının ödənilməsi, habelə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, bələdiyyələrdə aparılan işin, eləcə də onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə regional ədliyyə şöbələrinin yaradılması ilə bağlı işlər başa çatdırılmış, ştat vahidləri müəyyən edilmiş, regional ədliyyə şöbələrinin əsasnaməsi təsdiq edilmişdir. Həmin şöbələrin kadrlarla təmin edilməsi üçün layihələr həyata keçirilmişdir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili və yerinə yetirilməsi Ədliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdəndir və onun daim təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. 2007-ci il ərzində Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1649 müraciət daxil olmuş, 115 müraciət üzrə inzibati nəzarət icraatı aparılmışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna görə bələdiyyələr qəbul etdikləri müvafiq aktların bir surətini inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
Son illər qəbul edilmiş bələdiyyə aktlarının sayında xeyli artım müşahidə olunmaqdadır. Belə ki, 2007-ci il ərzində nazirliyə inzibati nəzarət qaydasında baxılması üçün 17500-dən çox bələdiyyə aktı daxil olmuş və onların qanunvericiliyə uyğunluğu öyrənilmişdir. 2007-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icraatına 1355 bələdiyyə aktı daxil olmuşdur. Bələdiyyələrin qəbul etdikləri aktların ilbəil artması ölkəmizdə gedən sürətli iqtisadi inkişafla, həyata keçirilən maarifçilik işi ilə sıx bağlı olub, bələdiyyələrin getdikcə daha da fəallaşdığını göstərir.
Qanunazidd qərarların ləğv edilməsi məsələsinə xüsusi əhəmiyyət verilərək onların ləğv edilməsi və ya qanuna uyğunlaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Belə ki, inzibati nəzarətin həyata keçirilməsi nəticəsində 933 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələr qarşısında məsələ qaldırılmışdır. Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən 242 akt ləğv edilmiş, 21 akt dəyişdirilmiş, digərləri isə hələ də baxılmaqdadır. Təmin edilməmiş müraciətlər üzrə il ərzində məhkəmələrə keçən illə müqayisədə 4 dəfə çox − 180 iddia verilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə 309 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilmişdir. Bu, keçən illə müqayisədə 2 dəfədən çoxdur. 185 bələdiyyə sədri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən (inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) məhkəmələr tərəfindən müvafiq inzibati məsuliyyətə cəlb edilmişlər. Eyni zamanda, araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə 9 inzibati xəta haqqında protokol tətbiq edilərək müvafiq məhkəmələrə göndərilmişdir.
Göstərilənlərlə yanaşı, 25 bələdiyyənin fəaliyyəti inzibati nəzarət qaydasında araşdırılarkən daha ciddi qanun pozuntuları aşkar edilmiş və bununla bağlı prokurorluq orqanları tərəfindən müvafiq faktlar üzrə cinayət işləri başlanmışdır. İnzibati araşdırma zamanı ziyanvurma hallarının qarşısının alınmasına mühüm əhəmiyyət verilərək müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, 2007-ci il ərzində 116560 manat məbləğində əsas vəsaitin uçotdan yayındırılması hallarının qarşısı alınmış və həmin vəsait bələdiyyə balansına daxil edilmişdir. İnzibati araşdırma nəticəsində aşkar edilmiş ziyanvurma faktı 253 min manat təşkil etmişdir. Aparılan işlərin təhlili göstərir ki, bələdiyyə mülkiyyətində olan əmlakın qanunsuz özgəninkiləşdirilməsi, dövlət mülkiyyətinə məxsus əmlakın qanunsuz satılması, dövlət büdcəsinə ziyan vurulması, mühasibat uçotunun qanunsuz aparılması, bələdiyyə büdcəsinə məxsus maliyyə vəsaitinin çatışmaması, bələdiyyə iclasının səlahiyyətlərinə dair məsələlərə təkbaşına sərəncamlar verilməsi, bələdiyyənin maliyyə sənədlərinin gizlədilməsi kimi ciddi qanun pozuntularına yol verilmişdir.
Qanun pozuntularının başvermə səbəblərinin və şəraitinin aradan qaldırılması məqsədi ilə məhkəmə və istintaq orqanlarının bələdiyyələr və onların vəzifəli şəxsləri barədə 14 xüsusi qərar və təqdimatı nazirliyin əməkdaşlarının iştirakı ilə həmin bələdiyyələrdə müzakirə olunmuş, mövcud qanun pozuntusu və nöqsanların bir daha təkrar olunmaması üçün konkret təkliflər verilmişdir. Qanun pozuntularının qarşısının alınması məqsədi ilə bələdiyyələrə 282 tövsiyə göndərilmişdir. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması yolları göstərilmiş və onların təkrar edilməməsi tövsiyə edilmişdir.
Bələdiyyələrin fəaliyyətində aşkar edilmiş pozuntular, əsasən, torpaq qanunvericiliyinin tələblərinə əməl olunmaması ilə əlaqədar olduğundan bu məsələ daim diqqət mərkəzində olmuş və bununla bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, 2007-ci il ərzində bələdiyyələr tərəfindən 301 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 1817 hektar torpaq sahəsinin icarəyə, 31 hektar torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qərarlar nazirliyin tövsiyələri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə il ərzində 2149 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır. Torpaq sahələrinin ayrılmasında qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı bütün bələdiyyələrə 2007-ci il 20 aprel tarixli tövsiyə məktubu göndərilmişdir. Bununla yanaşı, dövlətə məxsus torpaq sahələri barəsində qanunsuz qərarlar verilməsinin qarşısını almaq məqsədi ilə 2007-ci il 29 dekabr tarixində bələdiyyələrə tövsiyə məktubu göndərilib.
Daha çox yol verilən qanun pozuntularından biri qiymət intizamına əməl olunmaması ilə bağlı olmuşdur. Qanuna əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərti ilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Mənim deyəcəklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Saat 4-ə qədər fasilə elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli deputatlar, gündəlikdəki məsələnin müzakirəsinə başlayırıq. Rafael Cəbrayılov.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Üzr istəyirəm, gəlin, əvvəlcə Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadəyə söz verək, sonra çıxışlara keçək. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Sağ olun, Ziyafət müəllim. Hörmətli Milli Məclis! Ədliyyə nazirinin müavini hörmətli Vilayət Zahirovun çıxışından göründüyü kimi, keçən il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində xeyli iş görülmüşdür. Nazirlik və onun Bələdiyyələrlə İş Mərkəzi yerli özünüidarə orqanlarının fəaliyyəti ilə daha yaxından məşğul olmuş, nəzarət sahəsində və bələdiyyələrin qanunazidd hərəkətlərinin qarşısını almaq istiqamətində ciddi tədbirlər görmüşdür. Bələdiyyələr tərəfindən maliyyə intizamına əməl olunmasına, onların gündəlik işində demokratik normalara, aşkarlığa riayət edilməsinə, torpaq qanunvericiliyinin tələblərinin gözlənilməsinə və bələdiyyələrin fəaliyyətinin digər mühüm istiqamətlərinə çox ciddi diqqət yetirilmişdir. Əvvəlki illərlə müqayisədə bələdiyyə üzvlərinin və qulluqçularının biliyinin təkmilləşdirilməsinə, mövcud qanunvericilik aktlarının öyrənilməsinə diqqət artırılmış və daha çox bələdiyyə üzvü tədris kurslarına cəlb edilmişdir. Bu işdə Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı ilə Bələdiyyələrlə İş Mərkəzinin statusunun artırılması, nazirliyin aparatının tərkibinə daxil edilməsi və rayonlarda struktur bölmələrinin yaradılması həlledici rol oynamışdır. Nazirliyin bu işi bələdiyyələrin fəaliyyətinin güclənməsinə səbəb olmuş və bütövlükdə ölkədə gedən sosial-iqtisadi və ictimai proseslərdə onların fəallığını xeyli artırmışdır. Bu gün bir çox bələdiyyələr “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsində aparıcı amil kimi özlərini təsdiqləyirlər.
Sumqayıt şəhər bələdiyyəsinin bu sahədəki müsbət işini misal gətirmək olar. Bu bələdiyyə keçən il ərzində ümumi dəyəri 800 min manat olan 37 layihə həyata keçirib. Xırdalan şəhər bələdiyyəsi yalnız bir layihəyə 343 min manat vəsait sərf edib. Şəki şəhər bələdiyyəsi ötən il abadlıq işlərinə 173 min manat vəsait xərcləyib. Xətai bələdiyyəsi istirahət parkının yenidən qurulması üçün 105 min manat dəyərində layihə reallaşdırıb. Yüksək təşkilatçılığı və bacarığı ilə fərqlənən digər bələdiyyələr də var.
Bununla belə, demokratikləşmə proseslərində yerli özünüidarənin böyük rolunu nəzərə alsaq, Ədliyyə Nazirliyinin bələdiyyələrlə əlaqədar fəaliyyətini tam qənaətbəxş hesab etmək olmaz. Məruzənin Regional məsələlər daimi komissiyasında müzakirəsi zamanı qeyd olunmuşdur ki, nazirlik bələdiyyələrlə işində, əsasən, yoxlayıcı orqan kimi çıxış edir və cinayət xarakterli faktların aşkarlanmasına üstünlük verir. Nöqsanların yaranma səbəblərinin aradan qaldırılmasına lazımi diqqət yetirilmir. Düzdür, bu, Milli Məclisə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi kimi təqdim olunubdur. Qanunla da belə olmalıdır, lakin bugünkü müzakirəni yalnız nəzarətlə məhdudlaşdırmaq, hesab edirəm, düzgün olmazdı.
Nazirliyin fəaliyyət istiqamətləri kimi, onun əsasnaməsində ilk növbədə bələdiyyələrin işinin təşkilinə kömək etmək və metodoloji yardım göstərmək qeyd olunub. Bundan sonra isə orada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək göstərilmişdir. Lakin bələdiyyələrin fəaliyyətinə ciddi əngəllər törədən, bir çox hallarda qanunvericiliyin pozulması ilə əlaqədar məsələlərin həlli haqqında məruzədə, demək olar ki, məlumat yoxdur. 2005–2006-cı illərin yekunları ilə bağlı keçirilən müzakirədə qeyd olunmuşdur ki, bələdiyyələrin fəaliyyətini təmin edən vacib qanunlar və Prezident fərmanları tam həcmdə icra olunmur. Söhbət ilk növbədə bələdiyyələrin ərazisini müəyyən edən sənədlərin hazırlanmasından və bələdiyyələrin yerləşməsi üçün onların bina və müvafiq otaqlarla təmin edilməsindən gedir. Bələdiyyələrin yaranmasından səkkiz ildən çox müddət keçməsinə baxmayaraq, bu məsələ yenə də öz həllini tapmayıb. Bir çox bələdiyyələrin mülkiyyətinə veriləsi torpaq müəyyən edilməyib, heç də bələdiyyələrin hamısı lazımi inzibati bina və otaqlarla təmin olunmayıblar. Bələdiyyələrin böyük bir hissəsinin yerləşdiyi binalar və otaqlar qanunla nəzərdə tutulduğu kimi, onların mülkiyyətinə yox, istifadəsinə verilib və mülkiyyətçi istədiyi zaman bələdiyyəni oradan çıxara bilir. Dediyim nəzəri mülahizə deyil, tez-tez şahidi olduğumuz real faktdır.
Bu və digər qanunların icrası ilə bağlı nöqsanlar haqqında məruzədə bir kəlmə də qeyd olunmayıb. Keçən müzakirələrdə deyilən faktlar nəinki aradan götürülməyib, hətta bu barədə aidiyyəti dövlət orqanları qarşısında heç məsələ də qaldırılmayıb. Bələdiyyəyə verilən dotasiya haqqında bir neçə kəlmə demək istəyirəm. Cari ilin dövlət büdcəsi keçən ilə nisbətən xeyli artmasına baxmayaraq, yerli özünüidarəetməyə ayrılan dotasiya 2007-ci il səviyyəsində saxlanılıbdır. Bələdiyyələr haqlı olaraq onlara ayrılan vəsaitin respublika büdcəsinin artımı və inflyasiya səviyyəsi ilə uzlaşmasını gözləyirlər. Maliyyə Nazirliyinə görə məsələyə ayrılan vəsaitin məqsədli istifadəsi və ayrılma qaydası ilə birlikdə baxıla bilər. Yəni Maliyyə Nazirliyi razılığını veribdir.
2006-cı il üzrə illik məruzə Milli Məclisdə müzakirə edilərkən bir məsələ Ədliyyə Nazirliyinin diqqətinə çatdırılmışdı. Əfsuslar olsun ki, bu istiqamətdə də heç bir təşəbbüs yoxdur. Respublikada mövcud olan 151 qəsəbə bələdiyyə sədrlərinin 50 nəfərinin yalnız orta təhsili var. Kənd bələdiyyə sədrlərinin təhsil səviyyəsi bundan da aşağıdır. Haqqında məlumat alınmış 140 bələdiyyə sədrinin 85-i və ya 61 faizi orta təhsillidir. Yalnız şəhər bələdiyyə sədrləri lazımi təhsil səviyyəsinə malikdirlər. Bütövlükdə bələdiyyə sədrlərinin böyük bir hissəsinin ali təhsilinin olmaması bələdiyyələrin fəaliyyətində ciddi əngəllər yaradır. Bələdiyyələrin seçkili orqan olmasını nəzərə alaraq, hesab edirik ki, məsələnin nizama salınması ilk növbədə bələdiyyə üzvlərinin bilik səviyyəsinin artırılması, onların maarifləndirilməsi yolu ilə həll olunmalıdır.
Deyildiyi kimi, keçən il ərzində Ədliyyə Nazirliyi bu sahədə müəyyən iş görmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən yaradılmış Ədliyyə Akademiyasında ilk dəfə olaraq bələdiyyə üzvləri və qulluqçuları üçün birhəftəlik kurslar təşkil olunmuşdur. Keçən illərdə olduğu kimi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası da özünüidarə orqanları sistemində çalışanların bilik səviyyəsinin artırılması işinə öz töhfəsini vermişdir. Məhz bu akademiyanın xətti ilə ixtisaslaşma kurslarına daha çox bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir. Bununla belə, respublika üzrə bələdiyyə üzvlərinin və qulluqçularının sayı 45 min nəfərdən çox olmasına baxmayaraq, keçən il onların yalnız 258 nəfəri müxtəlif tədris kurslarına cəlb olunmuşlar. Belə yanaşma bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi sahəsində olan problemlərin yaxın gələcəkdə aradan qaldırılmasına ümid vermir. Hesab edirik ki, Ədliyyə Nazirliyi respublikanin tədris müəssisələrinin və ilk növbədə Dövlət İdarəçilik Akademiyasının zəngin potensialından daha dolğun istifadə etməklə bu sahədə lazımi addımlar atacaqdır.
Hörmətli deputatlar, bu gün biz Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzəsini müzakirə edirik. Razılaşın ki, müasir dövrdə bələdiyyələrə nəzarətdən çox qayğı və kömək lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial, iqtisadi və siyasi fəaliyyəti, idarəçiliyin təkmilləşdirilməsi sahəsində yaratdığı baza və proseslərin ahəngi yerli özünüidarəetmənin cəmiyyətdə nüfuzunun artmasına, demokratiyanın inkişafında aparıcı qüvvəyə çevrilməsinə tam imkan verir. Əmin olmaq istərdik ki, Ədliyyə Nazirliyi yaranmış imkanlardan daha fəal və səmərəli istifadə edəcək. Məruzə Regional məsələlər daimi komissiyasında müzakirə edilmiş və Milli Məclisə tövsiyə olunmuşdur. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Müzakirəyə başlayırıq. Əkrəm Abdullayev.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elan elədim, yəqin, adı çıxıb. Eybi yox, Sizə sonra söz verəcəyəm, narahat olmayın. Əkrəm Abdullayev, buyurun.
Ə. Abdullayev. Təşəkkür eləyirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Uzun müddətdir ki, ölkəmizdə islahatlar gedir və bu islahatlar yerli özünüidarədən də yan keçməyib. Son zamanlar həm Milli Məclis, həm də ölkə başçısı tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı müxtəlif normativ hüquqi aktlar qəbul olunur və qəbul olunmuş qanunlara da əlavə və düzəlişlər edilir. Lakin bizə təqdim olunmuş illik məruzədən görünür ki, hələ də ciddi problemlər mövcuddur və hələ də bələdiyyələrin fəaliyyətində çatışmayan xeyli cəhətlər var.
Mən, əsasən, cinayət xarakterli işlərə münasibətimi bildirmək istəyirəm. Bunlar məruzədə bir neçə bənddə öz əksini tapıb. Mən xüsusilə bələdiyyə mülkiyyətində olan əmlakın qanunsuz özgəninkiləşdirilməsi, dövlət mülkiyyətinə məxsus əmlakın qanunsuz satılması, dövlət büdcəsinə ziyan vurulması, mühasibat uçotunun qanunazidd aparılması kimi məsələləri qeyd etmək istəyirəm. Buradan görünür ki, bələdiyyələrin fəaliyyətində çox ciddi nöqsanlar var. Bəzi şəhər, qəsəbə bələdiyyələrini çıxmaqla əksər bələdiyyələrə bunu şamil etmək olar.
Bəzi bələdiyyələr haqqında cinayət işi qaldırılıb və burada, əsasən, iki cəhət diqqəti cəlb edir. Bunlar yığılmış vergilərin və bələdiyyə büdcəsində olan vəsaitlərin mənimsənilməsidır. Arif müəllim də qeyd elədi, buna inzibati nəzarət mexanizmi kifayət eləmir. Mənə elə gəlir, ya qanuna düzəlişlər edilməlidir, ya da xüsusi bir orqan yaradılmalıdır ki, bu məsələlər tənzimlənsin. Belə olmasa, ulu öndərin bələdiyyələrlə bağlı ideyaları, fikirləri, mənə elə gəlir ki, həyatda öz əksini tapmayacaq.
Bu gün elə bələdiyyələr var ki, yalnız torpaq satmaqla və vergi yığmaqla məşğuldurlar. Yaxşı, torpaqlar satılandan sonra nə olacaq, bu bələdiyyələr hansı işlərlə məşğul olacaqlar? Bəzi bələdiyyələr icra hakimiyyətləri ilə əlbir olurlar və Bakı şəhərində də belə hallar mövcuddur. Çox vaxt yaşıllıq zonalarında, parklarda qanunsuz tikintilər aparırlar. İcra hakimiyyətlərindən bunun səbəbini soruşanda deyirlər ki, bələdiyyə eləyib, biz bələdiyyəyə söz deyə bilmirik. Ədliyyə Nazirliyi bələdiyyəyə söz deyə bilmir. Nəticədə də yaşıllıqlar sıradan çıxarılır.
Bu gün vergilərin yığılmasında qaranlıq məqamlar var. Biz əvvəllər belə hallarla qarşılaşmışıq, qaz, işıq, su pulları yığılanda nöqsanlara yol verilirdi. İnsanlardan bu pulları alırdılar, sonra onu banka yox, ciblərinə qoyurdular. Bu gün bələdiyyələrin fəaliyyətində bu cür hallara yol verilir. İnsanlardan bu vəsait yığılır, amma bələdiyyənin büdcəsinə toplanmır. Mən təklif eləyirəm, bunu bank və yaxud poçt şöbələri vasitəsi ilə həyata keçirək ki, insanlar bir-biri ilə görüşməsinlər. İnsanlar bir-biri ilə görüşəndə artıq sövdələşmə baş verir və korrupsiya elementləri ortaya çıxır. İnsanlar bank vasitəsi ilə öz vergilərini ödəsinlər və müəyyən müddət vergi ödəməyənlərin əlindən də o torpaqlar alınsın. Əgər o torpaq da əkilib-biçilmirsə və yaxud o torpaqdan vətəndaş gəlir götürürsə, niyə dövlətin və yaxud bələdiyyənin vergisi ödənməməlidir? Burada bələdiyyə üzvlərinin təhsil məsələsi qeyd olundu. Həqiqətən də, əksər bələdiyyə üzvlərinin təhsili çox aşağı səviyyədədir. Mən özüm şahidi olmuşam, bələdiyyələrin iş şəraiti çox aşağı səviyyədədir. Kəndlərdə bələdiyyə üzvləri ildə bir dəfə evlərdə toplanırlar və bələdiyyə sədri möhürü cibində gəzdirir. Sovet dövründən qalmış saralmış kağızlardan istifadə edirlər. Biz hansı dövrdə yaşayırıq? İndi XXI əsrdir, elmi-texniki tərəqqi dövrüdür. Bu dövrdə belə bir şəraitdə işləmək, mənə elə gəlir ki, çox acınacaqlı bir haldır. İllik məruzədən də məlum olur ki, həqiqətən, Ədliyyə Nazirliyi maarifləndirici tədbirlər həyata keçirir, müxtəlif kurslar təşkil edir. Amma yenə də bu sahədə çatışmazlıq mövcuddursa və bugünkü məruzədə də bu öz əksini tapırsa, deməli, ciddi düşünmək, növbəti bələdiyyə seçkilərində bu məsələləri nəzərə almaq lazımdır. Diqqətinizə görə təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov. Mən üzr istəyirəm, günün birinci yarısında siyahıda Əli Məsimlinin adı birinci idi. İndi nədənsə onun adı siyahıda yoxdur. Ona görə Rafael müəllimdən sonra Əli müəllimə söz verəcəyəm. Buyurun, Rafael müəllim.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Milli Məclis üzvləri, Azərbaycanda bələdiyyələrin yaranmasından və formalaşmasından elə bir böyük tarixi dövr keçməsə də, bu sahədə çox böyük işlər görülüb. Bu, illik məruzədə də öz əksini tapdı. Bu gün Azərbaycanda bələdiyyələrin mövcudluğu demokratiyanın varlığından xəbər verir. Ümumiyyətlə, Azərbaycanda bələdiyyə təsisatının daha da möhkəmləndirilməsi üçün qanunverici və icraedici hakimiyyət tərəfindən müxtəlif normativ hüquqi aktlar qəbul olunub.
Mənim çıxışım sual xarakterlidir və ona görə mən məruzəçiyə bir neçə sualla müraciət etmək istərdim. Bu bir həqiqətdir ki, bu gün yerli özünüidarə orqanlarının tərkibinə seçilən insanlar, ümumiyyətlə, idarəçilikdən çox uzaq olan şəxslərdir və bu sahədə səriştəsizdirlər. Mən bilmək istərdim ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan gələcəkdə bu insanların idarəçilik qabiliyyətlərinin artırılması, onlara idarəçilik vərdişlərinin aşılanması istiqamətində hansı tədbirləri görəcək? Mən bir neçə saatlıq seminarları və yaxud xaricdən gələn hər hansı bir insanın oxuduğu məruzələri nəzərdə tutmuram. Çünki idarəçilik elə bir sahədir ki, onun öyrənilməsi üçün institutlar, akademiyalar fəaliyyət göstərirlər. Mən bilmək istərdim ki, yerli özünüidarəetmə orqanlarının normal fəaliyyət göstərməsi, bələdiyyələrin tərkibində çalışan insanların idarəçilik qabiliyyətinin, idarəçilik vərdişlərinin artırılması üçün bu orqan hansı işləri görəcək?
İkinci, bu bir həqiqətdir ki, bu gün yerli özünüidarəetmə orqanları olan bələdiyyələr öz səlahiyyətlərinə aid olan məsələləri bir çox hallarda sərbəst şəkildə icra edə bilmirlər. Rayon icra hakimiyyətləri onların səlahiyyətlərini mənimsəyir və bu da son nəticədə neqativ hallara, hətta cinayətə gətirib çıxarır. Yaxşı halda isə bələdiyyələr rayon icra hakimiyyətlərinin bir şöbəsi rolunda çıxış edirlər. Bilmək istərdim ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan rayon icra hakimiyyətləri ilə bələdiyyələrin səlahiyyətləri arasında hüquqların müəyyən olunması və rayon icra hakimiyyətləri tərəfindən bələdiyyələrin səlahiyyətlərinin mənimsənilməsinin qarşısının alınması istiqamətində hansı səmərəli tədbirlər görmək istəyir?
Üçüncü sualım. Bu gün bələdiyyələrin fəaliyyətinin ən qabarıq görünən tərəfi onların torpaqları satmasıdır. Bu torpaqların çox hissəsi yaşayış massivlərinin, yaxud yeni qəsəbələrin salınması üçün satılır. Bu bir həqiqətdir ki, satılan torpaqlarda yaşayış massivləri, qəsəbələr, ümumiyyətlə, plansız şəkildə salınır. Çox vaxt küçələr üçün yer ayrılmır, ya da salınan küçələr 2–3 əsr bundan əvvəl salınmış qəsəbələrdəki küçələrə bənzəyir. Bu küçələrdə iki maşın yanaşı hərəkət edə bilmir. Mən hələ texniki təhlükəsizlik qaydalarını nəzərdə tutmuram. Bu qəsəbələr infrastruktursuz qalır. Son nəticədə bu, nəinki həmin qəsəbənin, hətta şəhərin arxitekturasının korlanmasına gətirib çıxarır. Bilmək istəyirəm ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan gələcəkdə bu kimi halların qarşısının alınması istiqamətində hansı tədbirləri görmək fikrindədir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bugünkü iclasımızda ədliyyə nazirinin müavini Vilayət Zahirovla yanaşı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri, Samux rayonu Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov, Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Şəmsəddin Məhərrəmov iştirak edirlər. Sualları onlar da cavablandıra bilərlər. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Dünya təcrübəsi sübut edib ki, aşağıdan idarə olunan, aşağıdan tənzimlənən sistem yuxarıdan tənzimlənən sistemdən qat-qat səmərəlidir, yerli problemlərin həllinə daha həssasdır və onların həllinin sürətləndirilməsi istiqamətində ən yaxşı vasitədir. Bələdiyyə təsisatının inkişaf etdirilməsi Azərbaycanda yerli problemlərin həll edilməsi, yerlərdə demokratiyanın inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin qurulması kimi çox ciddi problemlərin həllinin sürətləndirilməsi üçün çox vacibdir. Bu nöqteyi-nəzərdən Azərbaycanda bələdiyyələrin fəaliyyətinə gözləntilər çoxdur. Bu, sosioloji sorğularda da özünü göstərir. Təəssüflər olsun ki, bələdiyyələrin indiki fəaliyyəti həmin sosial sorğuların mənfi yükünü müsbət yükdən daha xeyli dərəcədə artıq göstərir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Həmin səbəblər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2007-ci il üzrə nəzərdə tutulan illik məruzədə kifayət qədər mükəmməl qoyulub.
Arif müəllim bu məruzədə olan çatışmazlıqları kifayət qədər obyektiv işıqlandırdı. Buna yer ayırmağa lüzum görmürəm, amma məruzədə olan müsbət məqamları da qeyd etmək istəyirəm. Birinci, əvvəlkilərlə müqayisədə bu məruzədə bir dinamizm var. Əvvəlki məruzələrdən fərqli olaraq obyektiv olaraq burada həm bələdiyyələrin fəaliyyət sahəsində olan müsbət cəhətlər göstərilib, həm də bu sahədə olan çatışmazlıqlar öz əksini tapıb. Bələdiyyələrin bilavasitə fəaliyyətindəki çatışmazlıqların sənədləşdirilməsi istiqamətində rəqəmlərin iki dəfə artması bələdiyyələrin fəaliyyətinin iki dəfə pisləşməsi ilə yox, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı yoxlamaların, obyektiv tədqiqatların aparılması istiqamətində sistemli işin görülməsi ilə əlaqədardır. Ona görə də bu məruzənin həmin cəhətlərini mən müsbət qiymətləndirirəm.
Bələdiyyələrə gözləntilər çox olduğundan bu sahədə aparılan sosioloji sorğuların nəticələri bələdiyyələrin fəaliyyətindəki narazılıqları tamamilə açıq şəkildə göstərir. O narazılıqlar məruzədə bələdiyyələrin fəaliyyəti ilə bağlı olan məqamlarda öz əksini tapır. Bu daha çox bələdiyyə mülkiyyəti ilə, dövlət mülkiyyətinə məxsus əmlakın qanunsuz olaraq satılması və sair kimi məsələlərlə bağlıdır. Bunların bəzilərini mən sizin nəzərinizə çatdırmaq istərdim.
Birinci, yüksək gərginlikli elektrik xətlərinin, qaz, su kəmərlərinin üzərində, dəmir yollarına yaxın yerlərdə torpaqların bələdiyyələr vasitəsi ilə satılması bir yana, ekologiya və təbii sərvətlər nazirinin bu yaxınlarda qaldırdığı bir məqamı qeyd etmək istəyirəm. Hətta palçıq vulkanları sahəsində də bələdiyyələr torpaq satır. Bu sahədə dövlət başçısı səviyyəsində tədbirlərin görülməsi üçün sərəncam verilib. Bu həm təhlükəlidir, həm də tarixi məqamlardır. Bu o deməkdir ki, bələdiyyələr torpaqları satan zaman, torpaqla bağlı əməliyyat aparan zaman başqa təşkilatlarla eyni xarakterli məsləhətləşmələr aparmır. Bu istiqamətdə sistem xarakterli bir model formalaşmadığına görə xeyli problemlər var. Yaxud da dövlət əhəmiyyətli obyektlər tikilən zaman elə sahələrdə torpaqlar satılır ki, sonradan oradakı mülkiyyəti almaq lazım gəlir. Bu da dövləti ikiqat ziyana salır və həm də insanlar narazı qalırlar. Bu da çox vacib məqamdır, bunu nəzərə almaq lazımdır.
Bələdiyyələr haqqında mənfi cəhətləri deyəndə onların bugünkü durumu ilə bağlı məqamları da qeyd etmək lazımdır. Bu gün bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında səlahiyyətlərin bölgüsündə hələlik aydınlıq yoxdur. Kifayət qədər qanunvericilik sənədləri qəbul olunub. Torpaq istisna olmaqla qalan sahələrdə bələdiyyələrə mülkiyyətin verilməsinin gecikdirilməsinin arxasında nə durduğunu, yəqin ki, hamı bilir. Ona görə də lazımdır ki, bələdiyyələrin mülkiyyəti özlərinə qaytarılsın. Bələdiyyələrə dotasiyanın verilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirirəm. Amma hər bələdiyyəyə düşən vəsaiti səsləndirən zaman görürük ki, onunla bələdiyyələr heç bir iş görə bilməzlər. Ona görə də həmin dotasiyaların artırılması istiqamətində bir xətt müəyyənləşdirilməlidir. Hər şeyi dövlətin üzərinə qoymaqla yox, vergi mexanizmində dəyişikliklər etməklə, yerli vergilərin çəkisini artırmaqla elə etmək lazımdır ki, bələdiyyələr özləri qazanmağa başlasın və onların fəaliyyəti yalnız torpaqla məhdudlaşmasın. Hamınıza məlumdur ki, bu torpaq məsələsi xeyli mənfi nüanslar əmələ gətirir. Bunu konkret olaraq seçildiyim dairənin timsalında da qeyd edə bilərəm. Şəki bələdiyyəsi şəhərin abadlaşdırılması istiqamətində xeyli işlər görüb və bu işləri müsbət qiymətləndirmək lazımdır. Amma torpaq bölgüsü ilə bağlı bunu demək qeyri-mümkündür. Elə insanlar var ki, həqiqətən, torpağa ehtiyacları var və ona görə müraciət edirlər. Biz də deputat sorğusu göndəririk. Təəssüflər olsun ki, həmin müraciətlərin heç birinə cavab verilmir. Ədliyyə Nazirliyinin bu məruzəsindən belə bir yeni ideya ortaya çıxır ki, parlamentlə bələdiyyələr arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində işlərin görülməsi çox vacibdir.
Qədim şəhərlərdə bağlar çox mühüm əhəmiyyət kəsb edir. Şəkidə həm Axundov bağı, həm də Füzuli bağı çox mühüm əhəmiyyət kəsb edir. Necə olur ki, I və II Dünya müharibələrindən “sağ-salamat” çıxan Füzuli bağı bir bələdiyyənin “müharibəsindən” çıxa bilmir? Bələdiyyə bağın cənub tərəfində tikinti aparmağa başlayır və bir müddətdən sonra o tikinti içərilərə doğru gedir. Artıq Axundov bağının timsalından bu görünür, bağ getdikcə daralır. Əgər bağın ətrafı tikinti ilə əhatə olunursa, mən bilmirəm, ona bağ demək olar, ya olmaz. Şəhərin kənarında, Olimpiya kompleksinin yaxınlığında bağın tikilməsi vacibdir, amma bura uşaqlar, qocalar gedə bilmirlər. Ona görə şəhərin mərkəzində olan bağların abadlaşdırılmasını çox vacib hesab edirəm. Bu məsələnin həlli həm bələdiyyələrin, həm də Mədəniyyət Nazirliyinin və digər nazirliklərin üzərinə düşür.
Deyəcəyim növbəti məsələ, həqiqətən, ürəkaçandır. Bu gün 5–10 il bundan qabaqkı Yevlaxdan yaxşı mənada əsər-əlamət yoxdur. Əvvəllər Azərbaycanın ikinci şəhəri olan Gəncəyə gedəndə mənim ürəyim ağrıyırdı, amma indi sevinc hissi keçirirəm. Xaçmazı, Zaqatalanı bura aid etmək olar. Amma insafla danışaq. Orada bələdiyyələrin yox, icra başçılarının rolu daha böyükdür. Mən arzulayardım ki, 2004–2008-ci illər üçün Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının bir monitorinqi keçirilsin, bələdiyyələrin üzərinə qoyulan vəzifələrin nə dərəcədə yerinə yetirilməsi araşdırılsın. Bu araşdırmanın nəticəsi olaraq 2009–2013-cü illər üçün hazırlanacaq regionların sosial-iqtisadi inkişaf proqramında bələdiyyələrin rolunun artırılması istiqamətində işlər görülsün. Güman edirəm ki, Milli Məclis Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda qəbulunu sürətləndirəcək. Bələdiyyələrin maliyyə təminatının yaxşılaşdırılması, bələdiyyələrin onlara verilmiş geniş səlahiyyətlərindən sui-istifadənin qarşısının alınması üçün həm inzibati, həm iqtisadi, həm də təşkilati və digər xarakterli tədbirləri görmək lazımdır ki, bələdiyyələr yerlərdə ikihakimiyyətliliyin qurbanı, toqquşma obyekti yox, yerli xarakterli problemlərin həllinin sürətləndirilməsinin bir generatoruna çevrilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Qeyd etmək istəyirəm ki, bu gün biz bələdiyyələrin fəaliyyətini yox, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı məsələni müzakirə edirik. Bələdiyyələrin fəaliyyətini müzakirə etmək üçün hər hansı bir qanuni baza yoxdur. Vaxtı ilə “Bələdiyyələr haqqında” Qanun qəbul olunub, hətta ölkə Konstitusiyasında yazılıb ki, yerli özünüidarəni bələdiyyələr həyata keçirir və öz fəaliyyətlərində tam sərbəstdir. Bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqan iki halda bələdiyyələrin fəaliyyətinə müdaxilə edə bilir. Birinci halda bələdiyyə orqanının fəaliyyəti ilə bağlı şikayət daxil olduqda, ikincisi, bələdiyyə orqanlarının aktlarının qanunlara və Konstitusiyaya ziddiyyət təşkil etməsinə dair əsaslı faktlar olduqda. Ona görə də nəzarət orqanının bələdiyyələrin fəaliyyətinə hansısa formada müdaxiləsi qanunla yol verilmir.
Əgər bu gün Ədliyyə Nazirliyinin tərkibində olan Mərkəz bələdiyyələrin fəaliyyətinə müdaxilə edirsə, bunun özü qanunsuzluqdur, yəni qanunsuz olaraq bələdiyyələrin fəaliyyətinə müdaxilədir. Ona görə də dəfələrlə parlamentdə məsələ qaldırılıb ki, bələdiyyələr yerli hakimiyyət orqanları kimi yaradılmalıdır. Hətta Konstitusiya qəbul olunanda da biz bu məsələni qoymuşduq. İndiki halda bələdiyyələrin səlahiyyətləri tam məhdudlaşdırılıb, qanunla onların müəyyən səlahiyyətləri olsa da, faktiki surətdə bələdiyyələr yerli icra hakimiyyəti orqanlarının tapşırığı olmadan hər hansı bir qərar qəbul etmək səlahiyyətinə malik deyillər. Bu, Azərbaycanın acı reallıqlarından biridir.
Bəzən bələdiyyələrin maddi-texniki bazasının yaradılmasından, onların maliyyələşməsindən danışırıq. Bələdiyyələr məhdud maliyyəyə malik olsalar da, çox vaxt icra orqanları məcburi surətdə onları bu və ya digər layihələri həyata keçirməyə cəlb edirlər. Nəticədə bələdiyyələr həmin vəsaiti əldə etmək üçün, həmin işləri görmək üçün qanunu pozmağa başlayırlar. Burada qeyd olundu ki, bələdiyyələr ancaq torpaq satmaqla məşğuldurlar. Bir növ onları buna sövq edirlər. Mən əvvəllər də Milli Məclisdə bu məsələni qaldırmışam və yenə də deyirəm, hökumətin hesabatları zamanı yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti müzakirə olunmur. Güc strukturları istisna olmaqla, biz bütün nazirliklərlə bağlı danışırıq. Bəs yerli icra hakimiyyəti orqanlarını hökumətdə kim təmsil edir? Onların fəaliyyətinə parlament qarşısında kim cavab verir?
Prezidentin İcra Aparatı Prezidentin fəaliyyətinin qurulmasına, təşkilinə yardım göstərməlidir. Söhbət yerli icra hakimiyyəti orqanlarından, yəni icra başçılarından gedir. Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da yerli hakimiyyət orqanları ilə əlaqədar struktur islahatları davam etdirilməlidir. Son illər müəyyən nazirliklər yaradılıb və həmin nazirliklər müəyyən mənada özünü doğruldub. İdarəetmə ilə əlaqədar bu islahatlar davam etdirilməlidir. Yerli hakimiyyət orqanları ilə və yerli özünüidarə orqanları ilə əlaqədar nazirlik yaradılmalıdır. Həmin nazirlik bələdiyyələrin fəaliyyətinə görə məsuliyyət daşımalıdır. O halda bələdiyyələrin özünü müdafiə etmək imkanları olacaq. Biz bu gün bələdiyyələrin qanunla tənzimlənən hüquqları olduğundan, özlərini qorumağın vacibliyindən danışsaq da, bu, mümkün deyil. Ona görə ki, yerli icra hakimiyyəti orqanlarının özbaşınalığından onları müdafiə edə biləcək bir rəhbər struktur yoxdur. Məncə, parlament bu məsələni Azərbaycan Respublikası Prezidentinin qarşısında qaldırmalı, bu məsələni gündəmə gətirməlidir ki, bu istiqamətdə müəyyən addımlar atılsın.
İnzibati nəzarətlə bağlı bizə verilən arayışda göstərilir ki, 2007-ci ildə nəzarət orqanına 17522 bələdiyyə aktı daxil olub və 933 aktın dəyişdirilməsi və ləğvi üçün müvafiq təqdimatlar verilib. Bu nə deməkdir? Təqribən hər 17 aktdan birinin dəyişdirilməsi ilə bağlı göstəriş verilib ki, bu da Azərbaycan Respublikasının qanunlarına ziddir. Bu qədər aktı öyrənmək və onların qanunlara uyğun olub-olmamasını araşdırmaq həddindən artıq ağır işdir. Bəlkə də bu bir fədakarlıqdır. Mən bilmirəm, görünür, bu məsələlərlə məşğul olmaq üçün Ədliyyə Nazirliyinin yerli qurumları yaradılıb və nəticədə bu qədər aktı araşdırmaq mümkün olub. Təqribən 25 bələdiyyənin fəaliyyəti inzibati nəzarət qaydasında araşdırılıb, onların 17-sində cinayət xarakterli faktlar aşkarlanıb.
Doğrudan da, bu gün bələdiyyələrin fəaliyyəti ilə bağlı vəziyyət acınacaqlıdır və müvafiq dövlət hakimiyyəti orqanları bu istiqamətdə konkret tədbirlər görməlidir. 2007-ci ildə qanun pozuntularına yol verdiklərinə görə 309 bələdiyyə sədri barəsində inzibati xətalar haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilmişdir. Bu da 2006-cı illə müqayisədə iki dəfə çoxdur. Bu rəqəmlər nəyi göstərir? Ola bilsin, doğrudan da, qanun pozuntularının sayı, yəni bələdiyyələrin fəaliyyətindəki özbaşınalıq ildən-ilə artmaqdadır, yaxud əvvəllər də bu özbaşınalıqlar olub, sadəcə, hazırda müvafiq qurumun, yəni Bələdiyyələrlə İş Mərkəzinin imkanları genişlənib və həmin özbaşınalıqları aşkara çıxarıb. Hər halda bu rəqəmlər bizi narahat etməlidir. Başqa rəqəmlər də var ki, onlara toxunmaq istəmirəm. Güman edirəm ki, biz ölkədə struktur islahatları aparmadan, bələdiyyələrin səlahiyyətlərini genişləndirmədən, bələdiyyələri yerli icra hakimiyyəti orqanlarının təsirindən xilas etmədən bələdiyyələrin fəaliyyətindəki özbaşınalıqları aradan qaldırmaq mümkün olmayacaq.
Beləliklə, bələdiyyələr cəmiyyətin idarə olunmasında, problemlərin həllində, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasında, infrastrukturların qurulmasında heç bir rolu olmayan, sadəcə, büdcə vəsaitlərinin bir hissəsini mənimsəyən qurum olaraq qalacaq. Ona görə də mən bir daha o təklifə qayıdıram ki, bələdiyyələr və yerli icra hakimiyyəti orqanları ilə bağlı, onların idarəçilikləri ilə əlaqədar müvafiq nazirlik yaradılmalı və bu sahədə nizam-intizam bərpa edilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vasif müəllim, sualınız var? Vasif Əliyev, buyurun.
V. Əliyev. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən, sadəcə, soruşmaq istəyirdim ki, Astara rayonunda bələdiyyələrin işi yoxlanılıbmı və orada qanun pozuntularına yol verilibmi? Bu barədə bilmək istərdim. İkincisi, Astarada bələdiyyələrin fəaliyyəti yoxlanılarkən bələdiyyəyə torpaq sahəsi ayrılıbmı və onun xəritəsi varmı? Çünki məndə olan məlumatlara görə bələdiyyələrin heç birisinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xəritə verilməyib və onlar çətinliklə üzləşirlər. İstərdim ki, bu iki suala cavab versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Vasif müəllim. Fuad Muradov, buyurun.
F. Muradov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, ilk öncə, onu bildirmək istərdim ki, burada oturan hər bir şəxs bələdiyyənin işi ilə, fəaliyyəti ilə yaxından tanışdır. Təbii ki, çoxlu iradlar da var. Amma mən bir fikri sizinlə bölüşmək istəyirəm. Bu gün millət vəkili olaraq, bələdiyyənin işləməsi üçün, fəaliyyət göstərməsi üçün nə kimi hüquqi baza yaratmışıq? Bu gün müxtəlif yerlərdə bələdiyyələr qeyri-müəyyən vəziyyətdə qalıblar. Onlar nə yerli idarəetmə orqanı kimi fəaliyyət göstərir, nə də əhaliyə hansısa xidmət göstərə bilərlər. Ona görə də biz, mənə elə gəlir ki, daha çox qanunvericiliyin təkmilləşməsi haqqında düşünməliyik.
Bəli, mən razıyam ki, bu gün bələdiyyə ilə bağlı çoxlu iradlar, problemlər var. Yəqin ki, onlara qiyməti növbəti seçkilərdə insanlar, xalq müəyyənləşdirəcək. Xüsusi vurğulamaq istəyirəm ki, bu gün bələdiyyələrin işi fəallaşmalıdır. Cənab Prezidentin dediyi kimi, bələdiyyələr yerli özünüidarə orqanı olaraq ictimaiyyətin həyatında fəal rol oynamalıdır. Amma bu gün onların səlahiyyətləri məhduddur. Bu gün bəzi mənzil istismar sahələri praktiki olaraq heç bir işlə məşğul olmurlar və əhali arasında nüfuza malik deyillər. Bu işi biz bələdiyyəyə də verə bilərik. Amma bu baş vermir. Ona görə də bəzi hallarda biz görürük ki, ya yerli icra hakimiyyəti orqanları, ya da mənzil istismar sahələri bu işi görürlər. Bələdiyyələr faktiki olaraq rayonun sosial həyatından kənarda qalırlar. Ona görə də mənim təklifim ondan ibarətdir ki, biz gələcəkdə Qanuna bir də baxaq və müəyyənləşdirək ki, bələdiyyələr yerli idarəetmə orqanı olaraq hansı işləri görməlidirlər?
Təbii ki, mən Ədliyyə Nazirliyinin nəzdində belə bir idarənin olmasını çox müsbət hal kimi qiymətləndirirəm. Oradakı insanların işi çox vacibdir. Əgər biz bu gün büdcədən bələdiyyələri maliyyələşdiririksə, bilməliyik ki, dövlət büdcəsindən ayrılan həmin vəsait hara gedir? Başqa təkliflərim də var. Misal üçün, bu gün biz nadir hallarda eşidə bilərik ki, hansısa bələdiyyə gənclərin asudə vaxtının təşkili ilə bağlı tədbirlər həyata keçirir. Halbuki bu gün bələdiyyə konfederasiyası mövcuddur. Onlar Avropa Şurasının nəzdində fəaliyyət göstərən bələdiyyələrin idarəetmə orqanının iclaslarında iştirak edirlər. Uzağa getməyək, Türkiyəni götürək. Orada bələdiyyələr, faktiki olaraq, sərbəst şəkildə yerli icmaların inkişafı üçün layihələr həyata keçirirlər. Amma Azərbaycanda bunu görmürük. Yəqin ki, biz bu barədə düşünməliyik.
Təbii ki, burada qeyri-formal təhsillə bağlı müəyyən proqramlar həyata keçirilməlidir. Bələdiyyə bir neçə insanın yox, böyük bir icmanın adından seçilən bir qurumdur. Təbii ki, onlar bu işləri görəndə ilk öncə çalışmalıdırlar ki, həmin icmanın nüfuzunu qazansın. Bu gün elə bələdiyyələr var ki, insanlar heç onları tanımırlar. Ümummilli liderimiz Heydər Əliyevin bir fikri var idi ki, bələdiyyələr nüfuzlu insanlardan ibarət olmalıdırlar, onlar dövlətçiliyin möhkəmlənməsində, yerli icmaların inkişafında öz töhfələrini verməlidirlər. Bu gün bu baş vermir və bəzi hallarda dövlətçiliyin qorunması ilə bağlı mənfi rəylərlə rastlaşırıq. Təbii ki, bu da onların səlahiyyətlərinin olmamasından irəli gəlir.
Mən bir daha əvvəlki fikrimə qayıdıram ki, bu gün bəzi bələdiyyələrin imkanları çox yaxşıdır. Onlar rayonda müxtəlif tədbirlər həyata keçirə bilərlər. İstər məişət tullantıları ilə bağlı, istərsə də digər məsələlərlə bağlı fəaliyyət göstərə bilərlər. Amma bu gün bu baş vermir. Mən hesab edirəm ki, burada günah təkcə bələdiyyələrdə deyil. Biz çalışmalıyıq ki, mənzil istismar sahələrində onların səlahiyyətlərini müəyyənləşdirək. Çünki bəzi hallarda, həqiqətən də, rayonda böyük problemlər görürük.
Növbəti məsələ bələdiyyələrin mülkiyyəti ilə bağlıdır. Bu gün bəzi bələdiyyələrin heç oturmaq üçün yeri də yoxdur. Yəni bələdiyyələrin inkişafından danışanda dəqiq bilməliyik ki, bu bələdiyyənin yeri-yurdu, onun qəbul şöbəsi varmı? Mənə gələn müraciətlərin bir neçəsi məhz bələdiyyələrin inkişafı ilə, bələdiyyələrin problemləri ilə bağlıdır. Ona görə də hesab edirəm ki, seçkili orqan olaraq biz bələdiyyələrə münbit şərait yaratmağa və xarici ölkələrin təcrübəsindən yararlanmağa çalışmalıyıq. Yəni xaricdə artıq yerli özünüidarəetmə orqanı deyəndə hansısa bir bürokratik məsələ ilə məşğul olan orqan yox, həqiqətən, icmanın inkişafında, regionun inkişafında, şəhərlərin abadlaşmasında iştirak edən qurum nəzərdə tutulur.
Ümumilikdə, hesab edirəm ki, belə bir hesabatın olması və Milli Məclis tərəfindən qəbul olunması müsbət qiymətləndirilməlidir. Biz çalışmalıyıq ki, bələdiyyənin inkişafı ilə bağlı konkret təkliflərimizi verək və həmin bələdiyyələr işini bilsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli Milli Məclisin deputatları! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə əlaqədar hesabatı dinlədik. Hörmətli Vilayət müəllimin hesabatı çox qənaətbəxşdir. Bələdiyyənin fəaliyyəti ilə əlaqədar onlara müraciətlər daxil olub, nəticə çıxarılıb, qərarlar qəbul edilib. Ümumiyyətlə, Ədliyyə Nazirliyinin tərkibində olan bu strukturun fəaliyyəti dövründə daim bələdiyyələrə tövsiyələrin verilməsi, hüquqi yardımların göstərilməsi baxımından xeyli iş görülüb. Nəzərə alsaq ki, bələdiyyələr bizdə yeni strukturdur və yeni olduğuna görə də hüquqi yardıma böyük ehtiyacı var, həmin orqan da mütəmadi olaraq onlara bu hüquqi yardımı göstərir.
Mənim bir fikrim var, onun adına bəlkə biz yenidən baxaq. Çünki bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət ola bilməz. Bələdiyyələr müstəqil qurumdur, müstəqil fəaliyyət göstərir. Ona nəzarət mexanizmi nə qanunvericilikdə, nə də Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulub. Ona görə nəzərdə tutulmayıb ki, əgər bələdiyyə pis işləsə, seçicilər ikinci dəfə onu seçməyəcəklər. Əgər qanunu pozacaqsa, onda digər qanunlarla hər hansı bir məsuliyyətə cəlb olunacaq. Bunu bələdiyyələrə hüquqi yardımın həyata keçirilməsi ilə əlaqədar orqanın illik hesabatı hesab etsək, tam yerinə düşər. Avropa Şurası və digər orqanlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət edə bilər. Bir anlıq təsəvvür edin, yazılır ki, Milli Məclisin fəaliyyətinə inzibati nəzarət. Milli Məclisi də, bələdiyyəni də seçicilər seçir. Hər ikisi seçkili orqandır və seçkili orqanın fəaliyyətinə hər hansı bir inzibati nəzarət mexanizminin olması, mən hesab edirəm ki, ad baxımından doğru deyil. Amma hüquqi yardım baxımından mən bu tövsiyələrlə, qərarlarla razıyam.
Mən çıxışımı iki istiqamətdə qurmağa çalışacağam. Birincisi bələdiyyələrin fəaliyyətinə hüquqi yardımın göstərilməsi, ikincisi isə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar olan addımlardır. Birinci növbədə biz bələdiyyələrin fəaliyyətindən başlamalıyıq. Mənim həmkarlarım da qeyd etdilər ki, bələdiyyələr yeni strukturdur. Qanunvericilik baxımından həm bizim komissiya tərəfindən, həm də Prezidentin fərman və sərəncamları baxımından bələdiyyələr haqqında, onların səlahiyyətləri haqqında kifayət qədər qanun qəbul olunub, bələdiyyələrə geniş səlahiyyət verilibdir. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı qanun layihəsi də qəbul edilib. Bunun digər bir tərəfi var. Bu səlahiyyətlərdən və fəaliyyət istiqamətlərindən bələdiyyələr necə istifadə edirlər?
Gələn il üçüncü dəfə ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Bu müddət ərzində bələdiyyələrin fəaliyyətində hər hansı bir təkmilləşdirmə işi aparılıbmı? Bələdiyyələr hər hansı bir təkliflə, hər hansı bir layihə ilə çıxış ediblərmi? Xeyr. Bələdiyyənin fəaliyyəti torpaq satmaqla məhdudlaşıb. İndi kimlə şərik olubsa, babalı onun boynuna. İcra başçısı ilə və digər strukturlarla. Amma əsas fəaliyyət istiqaməti torpağın icarəyə verilməsinə, satılmasına yönəldilib. Əldə olunan gəlirlərin hesabına bir aparat saxlayır, bir az mebel, maşın alır və aparat işçilərinə əməkhaqqı verir. Məgər bələdiyyələr bundan ötəri yaradılıb? Xeyr. Bələdiyyələr nə vaxt bələdiyyə məktəbinin yaradılması ilə, bələdiyyə idman-sağlamlıq mərkəzinin yaradılması ilə məşğul olacaq? Bələdiyyələrin səlahiyyətlərinə daxil olan məsələlər var. Xəstəxanalardan tutmuş qəbiristanlığa qədər onların səlahiyyətindədir. Lakin bu addımlar atılıbmı? Görməmişik ki, bələdiyyə qərar qəbul etsin, öz səlahiyyətində olan ərazini ayırsın, məktəb və ya xəstəxana tiksin, yerli sakinlərin dəfn mərasimlərinin keçirilməsi üçün yer ayırsın. Bələdiyyələrin sərəncamında bunlara rast gəlinmir.
Digər tərəfdən bələdiyyələrə dövlət büdcəsindən vəsait ayrılır. Bu vəsait ayrılır ki, onlar müvafiq layihələr işləyib hazırlasınlar. Amma büdcədən ayrılan vəsait əlüstü silinir. Həmin pul ortada qalmır. Ya icra başçısı deyir ki, onu filan yerin təmirinə keçir, yaxud bələdiyyə sədri özünə maşın, stol, stul alır və ya bir-iki bələdiyyə üzvünə yardım verməklə işini bitmiş hesab edir. Ona görə də hüquqi yardımın olması, bu addımın atılması vacibdir, zəruridir. Biz isə bunları düzgün istiqamətdə formalaşdırmalıyıq.
Biz bələdiyyələri həddindən artıq parçalamışıq. Mənə elə gəlir ki, bu haqda fikirləşməliyik. Ayrı-ayrı bələdiyyələrin ümumi bir bələdiyyə strukturlarında, daha böyük formatda birləşməsinə ehtiyac var. Yəni hər kənddə, hər qəsəbədə, bəzən bir kənddə iki bələdiyyə var. Ümumi bələdiyyə strukturunun yaradılması vacibdir. Digər tərəfdən hesab edirik ki, bütün dünyada olduğu kimi, bələdiyyələrin mərkəzi federasiyası yaradılmalı və bunlara ümumi qərar əsasında nəzarət edilməlidir. Bizdə necə olur? Kənd bələdiyyəsinin bir mərkəzi, qəsəbə bələdiyyəsinin bir mərkəzi, şəhər bələdiyyəsinin bir mərkəzi var. Bu elə bələdiyyədir də. Bunun kəndi, şəhəri, qəsəbəsi, nə bilim, məhəlləsi olmur ki. Bələdiyyə bir strukturdur, yəni alınan qrant da mərkəzləşmiş qaydada bölünür və ya dövlət tərəfindən verilən dotasiya mərkəzləşmiş qaydada verilir. Bələdiyyələri bu cür parçalamaqla biz onların fəaliyyətini iflic vəziyyətə salırıq.
Əgər biz hesab ediriksə, bələdiyyələr lazımdır, yerli özünüidarəetməyə ehtiyac var, onda bələdiyyələrin statusuna, onların gələcək fəaliyyət istiqamətinə yenidən baxmalıyıq və düzgün istiqamətə yönəltməliyik. Bələdiyyələr bu gün satdığı torpağı fikirləşməlidir. Sabah yeni bir bələdiyyə gələcək. Bəs buna nə qalacaq? Elə kimə gəldi, satım. Bəs sabah? Bələdiyyə elə bir ildə fəaliyyətini yekunlaşdırır. Ona görə də elə bələdiyyə sədri var ki, ona üst-üstə 200 il iş düşür. Mən hesab edirəm ki, bu baxımdan məsələlər nəzərə alınsın.
Sonra, bu MİS-lər və digər strukturlar bu gün arabanın beşinci təkərciyidirlər. Mənzillər özəlləşib, mənzil istismar sahələrinin heç bir xeyri yoxdur. Bu strukturları da bələdiyyələrə versinlər, qurtarıb getsin. Nə həyətyanı sahədə iş aparırlar, nə binaların təmirinə köməklik göstərirlər, nə də hər hansı bir abadlıq işi görürlər. İşi ondan ibarətdir ki, yaşayış haqqında arayış verir. Onsuz da burada yaşayıram, sənin həmin arayışı verməyinin nə mənası var? Arayışa da pul alır. Ona görə də mən hesab edirəm ki, strukturu bu bələdiyyələrə vermək lazımdır. Birdəfəlik bu məsələ qurtarmalıdır. Bələdiyyələrin sərəncam vermək hüququ var. Çünki bu, seçkili orqandır və həmin ərazini əhatə edir. Bunlarla yanaşı, məruzəni qənaətbəxş hesab edirəm və onun adında dəyişiklik olunmasının tərəfdarıyam. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Siyavuş müəllim. Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bayaqdan çıxış edən həmkarlarımın əksəriyyəti bələdiyyələri ittiham edirlər ki, onlar torpaq satmaqla məşğuldur. Əgər yadınızdadırsa, 2003-cü ildə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun qəbul olunub. Üstündən beş il keçib. 2003-cü ildən bu yana Ədliyyə Nazirliyi hər il hesabat verir və Siz də hər il deyirsiniz ki, bələdiyyələr torpağı satır.
Biz hesablamışıq, deməli, istifadəyə yararlı torpaqları bələdiyyələr indiyə qədər satsa idi, iki ilə qurtarmalı idi. Beş il keçib, amma torpaq qurtarmayıb. Bəs bu nə satır? Bələdiyyələri bu qədər ittiham etməyin. Heç də hamısı torpaq satmaqla məşğul deyil. Həqiqətən, bizim çox nümunəvi bələdiyyələrimiz var. Siz deyən bələdiyyələr də var. Amma hamısı bu işlə məşğul deyil. Hətta hamısı bu işlə məşğul olsa belə, iki il ərzində həmin torpaqlar qurtarmışdı. Bu hesablamadır, riyaziyyatdır. Amma bələdiyyələr fəaliyyət göstərir, torpaqlar da var. Ona görə də tənqid edəndə bir az ədalətli tənqid edin. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Çox üzr istəyirəm, bu gün bizim qarşımızda duran məsələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Bu mövzu ətrafında beş gün danışsaq da, qurtarmayacaq. Təqdim olunmuş məsələnin müzakirəsindən söhbət gedirsə, gəlin, hesabat haqqında danışaq və hesabat yazıldığı kimi nəzərə alınsın. Qiymət vermək də tələb olunmur. Yoxsa bələdiyyələr haqqında, bələdiyyə və icra hakimiyyəti haqqında saatlarla yox, günlərlə danışmaq olar. Onların fəaliyyətində qane etməyən nə varsa, təkliflərinizi hazırlayın, qanunvericilik layihəsi şəklində təqdim edin. Qəbul olunsa, nəsillikcə dua oxuyacaqlar ki, filankəsin təklifi qəbul olundu və nəhayət, bələdiyyələr işlədi. Yoxsa günün axırına qədər danışaq. Sonra? Torpaq satdıq, filan etdik. Bələdiyyələrin fəaliyyətini yaxşılaşdırmaq üçün, genişləndirmək üçün təklif varsa, layihəsini hazırlayın, yazılı şəkildə təqdim edin, Milli Məclisin müzakirəsinə çıxaraq. Adını nə qoyursunuzsa, qoyun, müzakirə edək.
Bu gün biz nəyi müzakirə edirik? Üzr istəyirəm, məsələni başqa cür qoyaq. Gəlin, bələdiyyələrin fəaliyyəti haqqında danışaq, bu məsələnin ətrafında fikir söyləyək. Söhbət bundan gedirsə, gəlin, səs verək.
Yerdən. (Eşidilmir.)
V.Ələsgərov. Siyavuş müəllim, mən Sizin çıxışınızı şərh etmirəm. Mən hamıya müraciət edib deyirəm ki, bu məsələyə aid nəyimiz varsa, deyək. Mən deyirəm ki, onda məsələnin adını başqa cür qoyun. Bu məsələni müzakirə edirik, bu qərara səs veririk. Bir saatdan artıqdır danışırıq, nəyin ətrafında danışırıq?
Sədrlik edən. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, mən təqdim olunan layihəni diqqətlə təhlil etmişəm. Azərbaycanda yerli özünüidarə orqanlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, yerlərdə sosial-iqtisadi problemlərin həllində onların işlək bir orqana çevrilməsi üçün Bələdiyyələrlə İş Mərkəzinin əvvəlki illərə nisbətən xeyli iş gördüyünün fərqindəyəm. Başqa sözlə, yerli özünüidarə sahəsində yol verilən nöqsanların aradan qaldırılması və bələdiyyələrin yerli problemləri həll etmək iqtidarında olan orqana çevrilməsi üçün həyata keçirilən tədbirləri, xüsusilə insanlar arasında maarifçilik işlərinin aparılmasında yerli özünüidarənin prinsiplərinin öyrədilməsində seminar və təlimlərin keçirilməsi təcrübəsini təqdir edirəm. Bu tədbirlərin cari ildə daha da genişləndirilməsinin tərəfdarı kimi çıxış edirəm. Çünki müvafiq qanunvericilik bazası ilə yanaşı, bələdiyyələrin işinin səmərəliliyi həm də ərazidə yaşayan insanlardan, bu ərazidəki vəziyyəti yaxşılığa doğru dəyişməyə çalışan və bunun üçün cavabdeh olan şəxslərdən çox asılıdır. Hesab edirəm ki, maarifçilik işlərinin yaxşılaşdırılması üçün Bələdiyyələrlə İş Mərkəzi ilə yanaşı, qeyri-hökumət təşkilatlarının imkanlarından da maksimum istifadə edilməlidir.
Hörmətli deputatlar, mən haradasa belə bir fikrə rast gəlmişəm ki, yerli özünüidarə yaxşı şəraitdə yaşamaq mexanizmi deyil, əksinə, yaşayışı həmin yaxşı şəraitə çatdırmaq mexanizmidir. Bələdiyyələr yarananda da əsas məqsəd insanların yaşayış səviyyəsini yüksəltmək olmuşdur. Çox təəssüf ki, biz 1999-cu ildən bəri ölkədə real özünüidarəni yarada bilmədik və bu gün artıq hamımız təsdiqləyirik ki, yerlərdə, doğrudan da, əhalinin öz idarəetmə sistemini yaratmaq istəyiriksə, biz bələdiyyələrə real səlahiyyətlər verməliyik. Keçən il bələdiyyələrlə bağlı burada aparılan və çox ciddi keçirilən müzakirələr bir daha təsdiq etdi ki, yerli özünüidarəetmə islahatları artıq qaçılmazdır. Elə bugünkü məruzə də, Bələdiyyələrlə İş Mərkəzinin bizim müzakirəmizə verdiyi faktlar da göstərir ki, biz yerlərdə nəinki səmərəli özünüidarədən, ümumiyyətlə, özünüidarədən danışa bilmərik. Yerlərdə ancaq torpaq satışı ilə məşğul olan və yerli hakimiyyət strukturlarından tam asılı vəziyyətə salınmış bir struktur formalaşmışdır.
Mən qətiyyən bu fikirlə razı deyiləm ki, işləmək qabiliyyəti olmayan yerli özünüidarəetmə haqqında mövcud qanunvericiliyə bu və ya digər kosmetik dəyişiklik etməklə nəyəsə nail ola bilərik. Əslində, parlamentdə birinci oxunuşda qəbul edilmiş və bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan qanun layihəsinin mahiyyəti də ölkədə yerli özünüidarəetmə sahəsində hələ də köklü islahatların gündəlikdə olmamasından xəbər verir.
Mən yaşadığım regionda müxtəlif səviyyəli bələdiyyə qurumlarının fəaliyyətini müşahidə etmişəm. Səlahiyyətsiz və buna görə də tam fəaliyyətsiz olan bu strukturun gələcəkdə, sözün həqiqi mənasında, sosial-iqtisadi məsələləri həll edəcəyinə inanmaq sadəlövhlükdən başqa bir şey deyil. Hesab edirəm ki, bələdiyyələrin indiki acınacaqlı vəziyyətə düşməsinin iki başlıca səbəbi vardır. Qeyd etdiyim kimi, birinci səbəb mükəmməl qanunvericilik bazasının yaradılmamasıdır. Nəhayət, Azərbaycanda bələdiyyələrin həm inzibati, həm də maliyyə təminatı üçün qanunvericilik bazası yaradılmalı, dövlət orqanları ilə yerli özünüidarəetmə orqanları arasında funksiya və səlahiyyətlər dəqiq bölünməli, hakimiyyət orqanları ölkəmiqyaslı strateji fəaliyyətlə məşğul olmalı, sosial-iqtisadi xarakterli məsələlərin həlli yerli özünüidarə qurumlarının timsalında əhalinin üzərinə qoyulmalıdır.
Eyni zamanda, bələdiyyə orqanlarında işləyəcək kadrların hazırlanması işinə də diqqət artırılmalıdır. Bu işlər mövcud qanunvericiliyə bu və ya digər maddələr artırılaraq bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi formasında deyil, bələdiyyələr haqqında yeni qanunun yaradılması formasında həyata keçirilməlidir.
Bələdiyyə strukturunun indiki acınacaqlı hala düşməsinin digər mühüm səbəbi isə ölkədə azad və ədalətli seçkilərin keçirilməməsidir. Əgər ədalətli seçkilər keçirilməyəcəksə, yerlərdə insanlar özlərinin məsləhət bildiyi şəxsləri bələdiyyə üzvü seçə bilməyəcəksə, hətta ən yaxşı qanunvericilik bazası olsa da, bələdiyyələr yerli problemləri həll edə bilən, insanların yaşayış səviyyəsini yüksəldə bilən yerli özünüidarə strukturuna çevrilməyəcək. Bu mənada Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirsə də, onlara hüquqi və metodiki kömək göstərsə də, şəxsən mənim təqdir etdiyim tədbirləri genişləndirsə də, təəssüf ki, bu tədbirlər gözlənilən səmərəni vermir və gələcəkdə də verməyəcək.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
müavin B. Muradova sədrlik edir
Sədrlik edən. İkram İsrafil, buyurun.
İ. İsrafil. Təşəkkür edirəm, Bahar xanım. Bilirsiniz, qeyd olunur ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi nəzərə alınsın. Ədliyyə Nazirliyinin bizə təqdim elədiyi illik məruzəni millət vəkilləri eşitməlidir və nəzərə almalıdır. Əgər bu məruzə müzakirə olunubsa, nəzərə alınmaya da bilər? Nəzərə alınmayacağı təqdirdə nə baş verəcək? Mən xahiş edirəm, bu suala cavab verin.
Sədrlik edən. Sualınıza sonda cavab verərik. Nizami İsgəndərov.
N. İsgəndərov. Çox sağ olun, Bahar xanım. Hörmətli sədarət, hörmətli deputatlar, hörmətli Milli Məclis iştirakçıları! Azərbaycanda bələdiyyələr yerli özünüidarə funksiyalarını həyata keçirirlər. İlk dəfə 1999-cu ildə seçilmiş bələdiyyə orqanları bu gün də yenə idarəetmə fəaliyyətlərini təkmilləşdirirlər. Bələdiyyələrin fəaliyyətinin əsas məqsədi ayrılmış müəyyən bir ərazidə ictimai əsaslarla əhalinin sosial məsələlərini həll etməkdir. Bələdiyyələri hakimiyyətin ikinci pilləsi də adlandırırlar. Deməli, bələdiyyə orqanları ictimai birliklər sayılsa da, onların hakimiyyət vasitələri var və bu vasitələrdən onlar səmərəli istifadə etməlidirlər.
Bu gün dinlədiyimiz məruzə respublikamızın miqyasında bələdiyyələrin bir il ərzində fəaliyyətlərini müşahidə etməyə imkan verdi. Təəssürat yaranır ki, bələdiyyələr daha formalaşmış, əhəmiyyətli funksiyalar daşıyan idarəetmə orqanlarıdır. Ancaq nəzərə almaq lazımdır ki, özünüidarəetmə hakimiyyəti ictimai birliklərin hakimiyyətidir. Bu heç də məruzədə göstərilən kimi, dövlət idarəçiliyinin tərkib hissəsi deyil. Dövlət müəyyən səlahiyyətləri bələdiyyələrə həvalə edir və bu səlahiyyətlərin icrası üçün dövlət büdcəsindən vəsait ayırır.
2003-cü ildə qəbul edilən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyələrin fəaliyyətini tənzimləmək məqsədi daşıyır. Bu qanunun əsasında yaradılan qurum da öz fəaliyyətini koordinasiya istiqamətində qurmalıdır. Məsələn, məruzədə müşahidə etmək olmur ki, bələdiyyələrin inkişafı baxımından hansı layihə həyata keçirilib? Düzdür, nəzarət orqanları bələdiyyələrin fəaliyyətində qanun pozuntularını aşkar edərək onlara qarşı tədbirlər görməlidirlər. Lakin bu, qanundan çıxan əsas məqsəd deyil.
Fikrimcə, gələcəkdə illik məruzələrdə üstünlük bələdiyyələrin əhaliyə göstərdiyi xidmətlərin təhlilinə verilməlidir. Ərazilərin infrastrukturunu zənginləşdirən maraqlı layihələrin tətbiqi göstərilməlidir. Qeyd olunan təcrübə təbliğ olunmalıdır. Zənnimcə, nəzarət orqanlarının funksiyası bələdiyyələrin təşəbbüskarlıqlarına dəstək vermək, onların peşəkarlığını qaldırmaqdan ibarət olmalıdır. Bu baxımdan məruzədə göstərilən tədris prosesinin təşkilini, xüsusi tədris kurslarının yaradılmasını müsbət qiymətləndirmək olar. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətini qənaətbəxş saymaq olar. Nəzarət orqanlarına tövsiyə etmək lazımdır ki, nəzarət tariflərində üstünlüyü bir daha təşkilati və koordinasiya funksiyalarına versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, Bahar xanım. Mən, təbii ki, hər bir millət vəkilinə, həmkarıma çox böyük hörmətlə yanaşıram. Eyni zamanda, sədarətə də bizim çox böyük hörmətimiz var. Valeh müəllimə də hörmətim var. Ancaq, Valeh müəllim, nədən Siz həmişə millət vəkillərinin çıxışlarına bu dərəcədə sərt cavab verirsiniz? Bu səbəb mənə bəlli deyil. Sağ olun.
Sədrlik edən. Fəzail müəllim, mənə elə gəlir ki, bu məsələnin ətrafında polemika açmağa ehtiyac yoxdur. Burada səslənən bir fikri mən də dəstəkləyirəm. Bəli, hər bir millət vəkili istənilən məsələ ilə bağlı mövqe ortalığa qoya bilər. Amma bu mövqe məsələnin qoyuluşu çərçivəsində olsa, daha məqsədəuyğundur. Ona görə bu sualın üzərindən keçməyi məqsədəuyğun hesab edirəm. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Bahar xanım. Mən təkrarlara yol verməyəcəyəm. Öncə onu demək istəyirəm ki, təqdim olunan məruzənin lehinə səs verəcəyəm. Burada bələdiyyələrin fəaliyyətində olan problemlərin bir hissəsi də göstərildi, onları təkrar etməyəcəyəm. Hesab edirəm ki, Ədliyyə Nazirliyinin Baş idarəsi öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlib. Bəzi sənədlərdən, məruzələrdən fərqli olaraq burada məhz bələdiyyələrin fəaliyyətindəki çatışmayan cəhətlər konkret olaraq göstərilib və səhərdən burada göstərilən çatışmazlıqlar ətrafında müzakirələr gedir. Artıq bu məruzədə qeyd olunanları həmin qurumun müsbət cəhəti kimi qiymətləndirirəm, ona görə də məruzəni hazırlayanlara “çox sağ ol” deyirəm.
Digər tərəfdən, bildiyiniz kimi, bələdiyyə institutu Azərbaycanda yeni yaradılıb. Bu, müstəqilliyimizdən təxminən iki dəfə cavandır və səhvlərin üzərində öyrənirlər və gələcəkdə səhvlərini düzəldəcəklər. Amma burada fikirlər səsləndi ki, bələdiyyə üzvlərinin qeyri-peşəkarlığı məhz onların bəzilərinin və yaxud yarısına yaxınının ali təhsili olmaması ilə bağlıdır. Burada heç nə etmək olmaz, bələdiyyə seçkili orqandır, burada orta təhsilli də, ali təhsilli də insan iştirak edə bilər. Digər tərəfdən, ümumiyyətlə, Azərbaycan cəmiyyətində bələdiyyələr haqqında kifayət qədər informasiya yoxdur. Bilirsiniz ki, hər bir problemin həlli üçün ilk növbədə onun ictimai şüura yeridilməsi, yəni ictimaiyyət tərəfindən qəbul olunması lazımdır. Bu baxımdan da gələcəkdə Ədliyyə Nazirliyinin uyğun qurumuna arzu edərdim ki, televiziyanın müxtəlif kanallarında peşəkarların iştirakı ilə tez-tez müzakirələr keçirilsin və ictimai şüur formalaşdırılsın. Diqqətinizə görə sağ olun.
Bir məsələni də qeyd etmək istəyirəm. Bilirsiniz ki, məcburi köçkün rayonlarının əraziləri olmadığından onlarda da bələdiyyə institutlarının yaradılması mümkün deyil. Məcburi köçkünlərin otlaq, qışlaq sahələrinə olan ehtiyacları rayonlarda ödənilmir. Mən burada ad çəkmək istəməzdim. Bir neçə rayon bələdiyyəsinin çıxardığı qərarlarla hətta ulu öndərimiz Heydər Əliyevin 1998-ci ilə qədər məskunlaşmış insanların torpaqlarına qayıdana kimi yerlərinin əllərindən alınmaması haqqında sərəncamı belə pozulur. Mənim çıxışımdan sonra da həmin rayon icra hakimiyyətləri və yaxud bələdiyyələri lazımi nəticə çıxaracaqlar. Bu təkcə təmsil etdiyim Cəbrayıl rayonuna yox, eyni zamanda, həmkarım və yanaşı oturduğum Sevindik müəllimin də təmsil etdiyi rayona aiddir. Laçınlılara qarşı da belə davranış olub. Mehdi müəllimdən xahiş edirik, gələcəkdə özü fərdi şəkildə bu məsələlərlə maraqlansın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Bahar xanım. Bu gün bizim müzakirə obyektimiz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik hesabatdır. Hesab edirəm ki, söhbətimizin istiqaməti ona yönəlməlidir. Birinci, inzibati nəzarət necə həyata keçirilib, bu inzibati nəzarətin bələdiyyələrin fəaliyyətinə müsbət təsiri nədən ibarət olub, bu inzibati fəaliyyət nəticəsində bələdiyyələrin fəaliyyətinin istiqamətləri nədən ibarət olub? Məqsəd ondan ibarətdir ki, bu dinləmələrdə hər bir deputat tərəfindən verilən təklif və mülahizələr gələcəkdə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə müəyyən qədər istiqamət versin. İnzibati nəzarətdən söhbət gedir. Burada fikirlər səsləndi ki, bələdiyyələrə inzibati nəzarətin tətbiqi, aktlar tərtib etmək və sair məqsədəuyğun deyil. Mənim bütün deputatlıq fəaliyyətim bu özünüidarə orqanları ilə bağlı olub. Qəbul edilən bütün qərarların və layihələrin müzakirəsində iştirak etmişəm. Çalışmışam ki, həmişə mütərəqqi addımlar atılsın.
2003-cü ilə, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun qəbul edilənə qədər bələdiyyələrin fəaliyyəti necə olub? Xaos, hərc-mərclik, özfəaliyyət, təcrübəsizlik və sair. O vaxt qarşımızda belə bir sual dururdu: bələdiyyələrin problemi olan zaman hara müraciət eləməlidirlər? Bələdiyyələrin yol verdikləri qanunsuz hərəkətlərə görə kim cavab verməlidir? Bələdiyyələr kimin qarşısında məsuliyyət daşımalıdırlar? Bu üç məqam bu gün inzibati nəzarət haqqındakı məruzədə öz əksini tapıb. Məruzə kifayət qədər elmi, hüquqi sənəd kimi formalaşıb və bizə təqdim edilib. Bu mənada bəri başdan deyirəm ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqındakı hesabat kifayət qədər qənaətbəxşdir. Mən hətta hesab edirəm ki, bir qədər az tədbir görülüb.
Dövlət əmlakını satan, qanunsuzluğa yol verən, cəmiyyətdə gedən demokratik proseslərə mane olan təşkilatlar əgər səhvə və qüsurlara yol veriblərsə, kimin qarşısında məsuliyyət daşımalıdırlar? Ona görə nəzarət bir az da güclənməlidir. Bələdiyyə cəmiyyətlə dövlət arasında orta bir qurumdur. Dövlətdə gedən islahatlara kömək etməlidir, cəmiyyətin etimadını doğrultmalıdır. Diqqət yetirdikdə görürük ki, bələdiyyələr yarandıqları gündən üç mərhələ keçiblər. Birinci mərhələdə cavabdehlik yox, təcrübə yox, hərc-mərclik və sair. Dövlət tərəfindən verilmiş pullar sağa və sola xərclənib, nəticə isə yoxdur.
İkinci mərhələdə isə bələdiyyələr nisbətən formalaşıb və bunların gəlir mənbəyi, əsasən, torpaqlardan olub. Deyilən məqamlar məhz bu mərhələdə baş verdi. Torpaqlar sağa-sola satıldı və sair. Torpaq haqqında, bələdiyyə torpaqları haqqında qəbul edilən qanunlarda müəyyən boşluqların olmasından kifayət qədər istifadə edildi. Sonuncu bugünkü mərhələdir. Bələdiyyə Azərbaycan cəmiyyətinin həyatına daxil olub, biz bələdiyyələrin fəaliyyətinə qara eynəkdə baxmamalıyıq. Mənim tanıdığım bələdiyyələr var ki, dövlətin xəzinəsinə kifayət qədər pul köçürə, abadlıq işləri apara, artıq müəyyən yerlərdə cəmiyyətin ağırlığını öz çiyinlərinə götürə biliblər.
Mən bir misal deyim. Mən bələdiyyələrlə bağlı komissiyada iştirak etdiyim üçün mənə kifayət qədər məktublar, şikayətlər gəlir. Amma bu günlərdə aldığım məktublar məni sevindirdi, ilk dəfə olaraq Sumqayıt bələdiyyəsinin fəaliyyəti ilə bağlı təşəkkür məktubu alırdım. Açığını deyim, məktuba qədər həmin bələdiyyə rəhbərinin adını da bilmirdim, tanımırdım da. Sonra komissiyada təsadüfən hesabatda onun adını gördüm. Belə bələdiyyələrin fəaliyyətini biz niyə qiymətləndirməyək? Qoy onların fəaliyyəti nümunə olsun. Mən bu təkliflə çıxış etdim. Bələdiyyələrdə qüsur və nöqsanlardan danışırıqsa, əldə edilən uğurlardan, nümunəvi bələdiyyələrin fəaliyyətindən də bəhs etməliyik. Qabaqcıl təcrübənin yayılmasına rəvac verməliyik. Bu mənada inzibati nəzarəti həyata keçirən orqanın illik fəaliyyəti bu cəhətdən də qənaətbəxşdir.
Ümumiyyətlə, bələdiyyələrin fəaliyyətinə mane olan amillərin obyektiv, qərəzsiz səbəbləri nədən ibarətdir? Cəmiyyətimizdə bu gün ikili tabeli sistem – icra hakimiyyəti, bələdiyyələr mövcuddur. Məsələn, İstanbul bələdiyyəsi İstanbul kimi böyük bir şəhərin bütün ağırlıqlarını öz üzərinə götürür. Artıq onun fəaliyyətinə heç nə mane olmur. İstanbul şəhəri kimi böyük bir ağırlığı öz üzərinə götürür, bu çox yaxşı şeydir. Bələdiyyələrin rolu haqqında poetik dildə belə demək olar: bu gün sözlər icra hakimiyyəti tərəfindən yazılır, musiqini bələdiyyələr bəstələyirlər. Bu gün hansı bələdiyyə deyə bilər ki, mən tam müstəqiləm, müstəqil fəaliyyət göstərirəm? İcra hakimiyyətinin razılığı, göstərişi olmadan mən hansısa fəaliyyəti göstərirəm? Belə bir şəraitdə fəaliyyət göstərən bələdiyyələrin hər hansı uğur qazanırsa, biz onu buna görə alqışlamalıyıq.
İkinci, bələdiyyələrin fəaliyyətindəki qüsurlar insan hüquqları ilə bağlıdır. Orta məktəbi qurtaran, yeddinci sinifdən, beşinci sinifdən dərsə getməyən, adı jurnalda yazılan və attestat alan bir adam bələdiyyənin üzvü olur. Bu şəxsin hüquqi, elmi təhsili, siyasi savadı yoxdur. Ona maliyyə məsələlərini tapşırsan, elə biləcək ki, hökumət nə qədər pul köçürürsə hamısı onundur. O dəqiqə özünə gözəl kabinet düzəldir, gözəl katibə götürür, deyir: “məndə sığar iki cahan, mən bu cahana sığmazam”. Problem budur. Ona görə bələdiyyələrin işinə ilk növbədə maliyyəni, hüququ bilən adamların cəlb olunması çox vacibdir. Lap bələdiyyəyə üzv seçilibsə, çox yaxşı, onun hüquqlarını tapdalamaq olmaz. Amma bələdiyyə üzvləri bu məsələdə kifayət qədər ehtiyatlı və diqqətli olmalıdırlar.
Güman edirəm ki, bələdiyyə 5-6 yaşlı uşağa bənzəyir. Bundan nə ağıl ummaq olar? Hələ nə ağlı varsa, min bərəkət. Allah qoysa, böyüyər, ayaq üstə durar, 15-20 yaşı olanda ondan sonra biz bunlardan iş tələb edərik. Ümumiyyətlə, inzibati nəzarət haqqındakı məruzə kifayət qədər məqbuldur. Bir cəhəti də deyim. Mərkəz Mehdi Səlimzadənin rəhbərliyi altında fəaliyyət göstərir. Mən sizə deyim ki, bu mərkəz çox böyük uğur qazanıb. Bu gün bələdiyyələrin məsuliyyəti var. Bələdiyyələr hər hansı bir addımı atan zaman mütləq gözlərinin qabağına inzibati nəzarət edən mərkəz gəlir. Hesab edirəm ki, bu nəzarət haqqında məruzəni məqbul hesab etmək və nəzərə almaq olar. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli Milli Məclis deputatları! Biz bu gün bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini dinlədik. Keçən il Vilayət müəllim məruzə eləmişdi və bu gün də onun məruzəsini dinlədik. İnkişaf çox böyükdür. Keçən il də ətraflı, aydın və birbaşa məqsədəmüvafiq məruzə idi. Builki məruzə də uğurlu məruzədir və görülən işlər ardıcıllıqla, sistemli şəkildə sadalandı. Bizi sevindirir ki, 5-6 il bundan əvvəl fəaliyyətə başlayan bələdiyyələr bu gün artıq müstəqil təşkilat kimi öz fəaliyyətlərini mərkəzləşdirə biliblər.
Mən Arif Rəhimzadənin çox dolğun məruzəsini dinlədim. Tamamilə yerində idi, çünki böyük bir təşkilatdır, buna istiqamətverici müəyyən tənqidi qeydlər də lazımdır. Burada Mehdi Səlimzadə kimi şöbə müdiri fəaliyyət göstərir. O da bu məsələlərin nizamlanmasında, tənzimlənməsində böyük köməklik göstərə bilir. Amma burada bir neçə ciddi məsələ diqqətə çatdırıldı və mən həmin məsələlər haqqında fikrimi deputat yoldaşlarımla və bələdiyyə işçiləri ilə bölüşmək istəyirəm.
Birinci, çox düzgün olaraq deyildi ki, bələdiyyələrin əksəriyyətinin binası yoxdur və çoxu icarəyə götürülmüş binada fəaliyyət göstərir. Bu çox gülünc bir vəziyyətdir. Özü torpaq satan, vergi yığan bir idarənin heç nəyi yoxdur. Bir misal var: “özünə umac ova bilmir, başqasına əriştə kəsir”. Onlar özləri müəyyən məsələlərlə təmin olunmalıdır, bu çox ciddidir.
İkinci, burada məsələ qaldırıldı ki, 151 bələdiyyədən yarısının üzvlərinin orta təhsili vardır. Yəni bələdiyyə üzvlərinin təxminən 61 faizi orta təhsillidir. Keçən dəfə də burada dedik. Doğrudan da, çox qəribədir, burada səsləndi ki, bu şəxslər həmin yerləri seçki yolu ilə tuturlar. Deputatlarımız da seçilirlər. Baxın, görün, burada təhsili olmayan deputat varmı? Buna nəzarət eləmək lazımdır, istiqamətləndirmək lazımdır ki, bura 3 nəfər, 5 nəfər seçilməlidirsə, nisbətən savadlı, təhsili olan, maliyyədən başı çıxan, dünyagörüşlü, təhsilli, düşüncəli adamlar bələdiyyə sədri seçilsinlər. Elə adamları seçiblər ki, heç ərizəçiləri qəbul etmək səriştəsi belə yoxdur, nəinki bələdiyyənin işini tənzim etmək. Bu baxımdan çox ciddi düşünmək lazımdır.
Məruzədə də deyildi, mən də diqqətlə oxudim, onların bir çoxu təkmilləşdirmə, maarifləndirmə kursları keçiblər. Bu şəxslər harada oxuyublar ki, maariflənə də. Sonra, uzaq başı bir həftəlik kurslar keçiblər. Bir həftəlik kurs nə verə bilər? Sonra da deyirlər ki, bir aylıq ixtisasartırma kursunu qutarıblar. Camaat 5 il institutda oxuyur, müdafiə də eləyir, görürsən ki, qazandığı ixtisası tam mənimsəyə bilmir. Bir həftəlik kursla ixtisasını artırıb qurtardı?
Sədrlik edən. Nə təklif edirsiniz, Nizami müəllim?
N. Xudiyev. Mən təklif edirəm ki, buraya təhsilli adamlar seçilsinlər. İkinci təklifim isə belədir: Ədliyyə Nazirliyində, Dövlət İdarəçilik Akademiyasında onlara təhsil vermək, kurs keçmək lazımdır. Həm də buraya savadlı, səriştəli adamlar seçmək lazımdır ki, bir çoxu gülüş hədəfinə çevrilməsinlər. Niyə deyirlər ki, ancaq icra hakimiyyətinin göstərişi ilə oturub-durur? Ona görə də onun özünün səviyyəsi olmalıdır ki, heç olmasa, icra nümayəndəsi ilə oturub bir məsələni normal şəkildə, bərabərhüquqlu müzakirə edə bilsin. Bu məsələlər icra başçısının yanında həll olunur. “Baş üstə” deməkdən başqa onun imkanı, gücü və səlahiyyəti olmur. Bu məsələ ciddi məsələdir. Gələcəkdə bu nəzərə alınmalıdır və Bələdiyyələrlə İş Mərkəzi buna ciddi diqqət yetirməlidir.
Sonra, bir məsələyə xüsusi fikir vermək lazımdır. Bələdiyyələr heç nəyi düşünmədən və qanunçuluğu, səlahiyyətlərini bilmədən dövlət, xüsusilə də örüş torpaqlarını satırlar. Bunun məsuliyyəti bələdiyyənin üzərində qalır. Sonradan həmin torpağı alan adam yazıq olur. Məlum olur ki, bu torpaqlar dövlət, örüş torpağıdır, təzədən bunu ləğv edirlər. Bunun məsuliyyətini bələdiyyənin, alanın yox, satanın üzərinə qoymaq lazımdır. Bunun üçün isə savadı olsun ki, satanda da qanuniləşdirib sonra sata bilsin.
Sonra, burada çox düzgün deyildi, bələdiyyələrin hüquqları və səlahiyyətləri çoxdur. Biz bir dəfə Türkiyəyə gedəndə İqdırdan keçdik, orada bələdiyyə seçkiləri gedirdi. Sovet sistemindən təzə ayrılmışdıq. Mən özüm də məəttəl qaldım ki, bu bələdiyyələrin nə qədər böyük səlahiyyətləri və imkanları var. İclas çağırırdılar, toplayırdılar. Doğrudan da, burada düz deyildi, bizdə bələdiyyələr deyəndə ancaq iki məsələni fikirləşə bilirsən, torpaq satmaq, bir də vergi yığmaq. Bundan başqa bələdiyyələr nə işə baxırlar? Mən eşitdiyimə görə bələdiyyə orqanlarında işləyib növbəti seçkilərdə seçilməyənlər köhnə kağızlarını möhürləyirlər, ad yeri boş qalır. Sonra köhnə tarixlə kağızları verirlər. Təzə seçilən bələdiyyə deyir ki, mənim xəbərim yoxdur, köhnə də deyir ki, o vaxt vermişəm. Tarix köhnədir, amma imza təzədir. Bunların üzərində fikirləşmək lazımdır, bu məsələlərdən də nəticə çıxarılmalıdır.
Sonra, yoxlamanın nəticələri haqqında burada da deyildi. 25 bələdiyyəni yoxlayıblar, bunun 17-də, yəni üçdə iki hissəsindən çoxunda cinayət aşkar ediblər. 300-dən artıq bələdiyyədə ciddi nöqsanlar müəyyənləşdirilib. Bunu kim yoxlamalıdır? Əgər rayonlarda həmin məsələləri icra başçısı ilə bir yerdə həll eləyiblərsə, icra başçısı, yaxud digərləri tərəfindən aparılan yoxlamalar heç bir nəticə verməyəcək. Ona görə, Vilayət müəllim, sizin mərkəz və nazirlik bu məsələlərdə çox ciddi olmalıdır ki, rayonlardakı bələdiyyələrin məsuliyyətini bir qədər də artırsınlar.
Sonra, yekun olaraq bir məsələni də deyim. Burada məcburi köçkünlər məsələsinə toxunuldu. Həmin əhalinin əksəriyyəti Abşeron rayonuna köçüb. Abşeronda bələdiyyələrin fəaliyyəti ilə əlaqədar çoxlu düşüncələr, mülahizələr, təkliflər vardır. Mənim də təklifim vardır. Mən onu sonraya saxlayıram. Ancaq mənim mərkəzə bir deputat kimi tövsiyəm ondan ibarətdir ki, bütün rayonlar öz yerində, ancaq Abşeron bələdiyyələrinə diqqəti birə-beş artırmaq lazımdır, çünki əsas istiqamət, güc, qüvvə bu bələdiyyələrin üzərinə düşür. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mənim bir sualım var. Bu sualım birbaşa bələdiyyələrlə əlaqəli olduğu üçün çox istərdim ki, buna cavab tapaq. Yəqin, sizin də məlumatınız var ki, Bakının bir çox rayonlarında – Səbail, Suraxanı, Sabunçu, Əzizbəyov və Binəqədi rayonlarında sənədsiz tikilmiş evlərin sökülməsi mərhələsinə başlayıblar. Bilirsiniz ki, bu torpaqlar insanlara bələdiyyələr vasitəsilə satılıb. Həmin insanlar ölkənin kasıb təbəqəsindəndirlər. İndi də məlum olub ki, həmin torpaqlar Dövlət Neft Şirkətinə məxsus torpaqlardır, artıq belə evlərin sökülməsinə başlanılıb. Mən bilmək istərdim ki, həmin insanlara kömək etmək üçün bu prosesin qarşısını hansısa formada almaq olar? Onlar boğazlarından kəsib əziyyətlə özlərinə ev tikiblər. İndi də bu evlər sökülür və on minlərlə insan küçədə qalmağa məcburdur. Biz Milli Məclis olaraq həmin insanların hüquqlarının tanınması fonunda nə eləyə bilərik? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən təklif edirəm ki, çıxışları kəsək, öz çıxışımı da saxlayıram. Bir neçə təklifim var, bunları Arif müəllimə təqdim edərəm. Əgər həmkarlarım etiraz eləməsələr, sözü gələn qonaqlara verərdik. Gündəlikdəki axırıncı məsələ bizim komissiyaya aiddir.
Sədrlik edən. Yaxşı təklifdir. Amma təkid eləyən varmı? Buyurun. İkram İsrafil.
İ. İsrafil. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Mən həmkarım Eldar müəllimin təklifini dəstəkləyəcəyəm, amma bir-iki dəqiqə fikirlərimi bildirim. Mənim Bələdiyyələrlə İş Mərkəzinin məruzəsi ilə bağlı çıxışım vardı. Burada Sumqayıt şəhərinin bələdiyyə sədri hörmətli Əbülfəz müəllim iştirak edir. Açığı, Arif müəllimin, Fəzail İbrahimlinin komissiyaya təşəkkür məktubunun gəlməsi haqqında məlumatını eşidəndən sonra mən dedim, bəlkə tənqidi çıxışlarımı araşdırım, sonra bu məsələləri Əbülfəz müəllimin özü ilə müzakirə edərik.
Amma qısa olaraq mən bir-iki məsələ ilə bağlı fikrimi demək istəyirəm. Azərbaycanda demokratik bələdiyyə seçkiləri keçirilməyənə, xalqın özünün seçdiyi bələdiyyə üzvləri olmayana qədər bələdiyyə strukturlarının, bələdiyyə institutunun insanların və bizim razılaşdığımız bir formaya düşməsindən söhbət gedə bilməz. Burada tamamilə haqlı olaraq qeyd etdilər ki, bələdiyyə üzvlərinin savadsızlığı ucbatından insanlar bələdiyyələrin qapılarında aylarla qalırlar. Təsəvvür edin ki, ali təhsilli vətəndaşa orta təhsilli bələdiyyə üzvü hansısa bir arayışın, sənədin alınması üçün aylarla get-gələ salır. Həmin bələdiyyə üzvü bəlkə bu sənədin formasını da bilmir. Mən bunu xüsusən kənd rayonlarına şamil edirəm.
Məcburi köçkünlərlə bağlı məsələni hörmətli həmkarım Astan müəllim qeyd elədi. Bəli, bu gün ciddi faktlar var ki, məcburi köçkünləri istər məskunlaşdıqları yerlərdən, istərsə də çörək pulu qazandıqları obyektlərdən məcburi şəkildə çıxarırlar. Bu barədə kifayət qədər faktlar var. Sumqayıtda köçkünlərlə bağlı məsələlərə geniş toxunmaq imkanlarım olmayacaq. Aynur xanımın dediyi məsələ bu gün aktual məsələdir.Əbülfəz müəllim bilir ki, Sumqayıtda da bu məsələ ilə bağlı ciddi narazılıqlar baş qaldırıb. İnsanların, belə deyək ki, hansısa qurumlarla qeyri-rəsmi və ya rəsmi sövdələşmələri nəticəsində... Təsəvvür edin, məndə şəhid atasının bələdiyyə üzvü, icra aparatının nümayəndəsi tərəfindən təhqir olunması, alçaldılması haqqında müraciət var. Bunlar hamısı torpaqların xüsusən Abşeronda, Sumqayıtda bahalaşması ilə bağlıdır. İnsanlara iki-üç, beş il bundan qabaq torpaq veriblər və ya hansısa formada oranı zəbt ediblər, orada özlərinə daxma düzəldiblər, bu gün həmin daxmaları traktorun qabağına verib sökürlər. Bunu qanuniləşdirmək olar. Hər halda torpaq veriləcəksə, niyə bunu imkanı olan adama verməlisən? Amma imkansız adamlar neçə illərdir ki, növbədədirlər, yataqxanalardan köçmürlər, oraya gəlin də gətirirlər. Bunlar biabırçılıqdır. Hesab edirəm ki, bələdiyyələr bunu nəzərə almalıdırlar və bələdiyyələrə nəzarət eləyən hörmətli Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də bu məsələləri diqqətdə saxlamalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli deputatlar, çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Burada kifayət qədər müzakirə apardıq və kifayət qədər təkliflər, hətta iradlar da oldu. Mən istərdim, şərait yaradaq, Vilayət müəllim deyilən iradlara, təkliflərə öz münasibətini bildirsin. Buyurun, Vilayət müəllim.
V. Zahirov. Çox sağ olun, Ziyafət müəllim. Mən ilk əvvəl Milli Məclisə, hörmətli millət vəkillərinə dərin təşəkkürümüzü çatdırmaq istəyirəm. Onlar yerli özünüidarənin inkişafı, ölkəmizdə bələdiyyə institutu ilə bağlı narahatlıqlarını ifadə edirlər, bu məsələyə çox diqqətlə, həssaslıqla yanaşırlar. Ona görə də mən millət vəkillərini əmin etmək istərdim ki, burada səslənən bütün fikirlər, təkliflər, tövsiyələr dərindən təhlil olunacaq, bunlara baxılacaq, araşdırılacaq və həm Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin gələcək fəaliyyətində nəzərə alınacaq, həm də ölkəmizdə bələdiyyə institutunun daha da təkmilləşdirilməsində, onların fəaliyyətinin, işinin təşkilində istifadə olunacaqdır.
Əgər bu gün desək ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətində nöqsanlar, qüsurlar, qanun pozuntuları yoxdur, təbii, bu, reallıqdan tamam uzaq ola bilər. Millət vəkillərinə çatdırılmış məruzələrdə də bələdiyyələrin fəaliyyəti, onların işinin təşkili ilə bağlı kifayət qədər qüsurlar, nöqsanlar, qanun pozuntuları, hətta cinayət faktları sadalanmışdır. Bütün bunlar bir daha onu təsdiq edir ki, bizim görüləsi işlərimiz hələ də çoxdur. Lakin bütün bunlarla yanaşı qeyd etmək istəyirəm ki, illik məruzə hazırlanarkən inzibati nəzarət mexanizmi həyata keçirilmişdir.
Burada da, bildiyiniz kimi, yerli özünüidarəetmə orqanları haqqında Avropa Xartiyasının tələblərinə uyğun, o cümlədən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunlarının tələblərinə müvafiq işlər aparılmışdır. İnzibati nəzarətin özünün də həddi vardır. Təbii, həm Avropa Xartiyasında, həm də qanunlarda birbaşa göstərilmişdir ki, bələdiyyələr qanun çərçivəsində tam və müstəqil surətdə öz fəaliyyətlərini həyata keçirirlər, onların fəaliyyətləri məhdudlaşdırıla bilməz. Ona görə inzibati nəzarət həyata keçirilərkən bu inzibati nəzarətin həddi, çərçivəsi ilə bələdiyyələrin sərbəstliyi, müstəqilliyinin həddi arasında müəyyən mütənasiblik gözlənilmişdir. Bu da, qeyd elədiyim kimi, həmin xartiyanın öz tələbidir. Ona görə də biz bunları hazırlayarkən sırf inzibati nəzarət, qanunçuluğa əməl edilməsi baxımından yanaşmışıq. Qanunda da qeyd olunduğu kimi, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkə Prezidentinin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına riayət etmələri və eyni zamanda, onların yol verdikləri qanun pozuntularının aradan qaldırılması baxımından inzibati nəzarətin həyata keçirilməsi ilə əlaqədar belə bir məruzə hazırlanmışdır.
Burada bələdiyyələrin işi ilə bağlı bir sıra suallar səsləndi. Həmin suallarla bağlı bir sıra fikirlərimi çatdırmaq istərdim. Hörmətli millət vəkili Rafael müəllim Cəbrayılov bələdiyyədə idarəçilik məsələləri ilə, idarəçilik sahəsində bələdiyyə üzvlərinin, bələdiyyə qulluqçularının təcrübəsinin artırılması ilə bağlı görülən işlər barədə sorğu verdi. Mən qeyd edərdim ki, illik məruzənin özündə də bununla bağlı bir sıra məsələlər öz əksini tapır. Bu gün bələdiyyə üzvlərinin təcrübəsinin artırılması ilə bağlı əsas işimiz metodoloji fəaliyyətdən, maarifçilik tədbirlərini həyata keçirməkdən ibarətdir. Bu gün mümkün olan bütün vasitələrdən istifadə olunur ki, bələdiyyə üzvlərinin, bələdiyyə qulluqçularının bilikləri artırılsın. Ona görə də müəyyən tədris kursları, seminarlar keçirilir. Bu seminarlarda, tədris kurslarında ölkəmizin qeyri-hökumət təşkilatları, müvafiq dövlət orqanlarının nümayəndələri, ali təhsil müəssisəsinin nümayəndələri, xüsusilə Milli Məclisin üzvləri, millət vəkilləri iştirak edirlər. Eyni zamanda, bu tədbirlərin həyata keçirilməsinə beynəlxalq institutları da cəlb etmişik. Bəzi beynəlxalq qurumların nümayəndələri, Avropa Şurasının, onun yerli qurumlarının nümayəndəliyini təmsil edən şəxslər bu tədbirlərdə iştirak eləyiblər. Məruzədə də qeyd etdik ki, bununla bağlı əvvəllər Ədliyyə Nazirliyinin Təlim-tədris Mərkəzində, eyni zamanda, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, düzdür, bunlar istənilən səviyyədə olmasa da, tədris kursları təşkil olunub və bələdiyyələrin maarifləndirilməsi ilə bağlı tədbirlər görülür.
Ən mühüm nəticəni isə biz gözləyirik. Möhtərəm Prezidentimizin 2006-cı il 17 avqust tarixli fərmanı əsasında yaradılan Ədliyyə Akademiyasında xüsusi ayrıca bir fakültənin, yəni bələdiyyə fakültəsinin yaradılması bələdiyyələrlə bağlı maarifçilik işinin, onların bu idarəçilik sahəsində təcrübəsinin artırılmasına mühüm töhfələr verə bilər. İdarəçilik sahəsində təcrübənin artırılması ilə bağlı gördüyümüz işlər bunlarla əlaqəlidir. Gələcəkdə də bunların artırılması, inkişaf etdirilməsi ilə bağlı tədbirlər görüləcəkdir.
Rafael müəllimin bir sualı da icra hakimiyyətləri ilə bələdiyyələr arasında münasibətlərə aiddir. Təbii, bu gün ölkəmizin əksər yerlərində icra hakimiyyətləri ilə bələdiyyələr arasında qarşılıqlı hörmətə, işgüzar münasibətlərə əsaslanan bir mühit formalaşıb. Bu gün rayonlarda aparılan abadlıq, quruculuq işlərinə bələdiyyələr də öz töhfələrini verirlər. Sözsüz, icra orqanları ilə onların qarşılıqlı əməkdaşlığı ölkəmizin abadlaşdırılması, quruculuq işlərinin həyata keçirilməsi, insanların sosial problemlərinin həll edilməsi, rifah halının yaxşılaşdırılması, onların çalışdıqları ərazidə ekoloji problemlərin həll edilməsi ilə nəticələnir. Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında çox sıx işgüzar münasibət vardır. Lakin bu münasibətlərin daha mükəmməl, müasir forması bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanunun qəbulundan sonra mümkün olacaqdır. Bilirsiniz ki, hazırda Milli Məclisin iclasında həmin qanunun qəbulu gözlənilir. Hazırda həmin qanun layihəsi, qeyd olunduğu kimi, Avropa Şurasına ekspertizaya göndərilmişdir. Təbii ki, gələcəkdə belə bir qanunun qəbul edilməsi bu münasibətlərin də tənzimlənməsinə öz töhfəsini verə bilər.
Rafael müəllimin digər bir sualı da torpaqların vətəndaşlara verilməsi, onların satışı ilə bağlı layihələrin düzgün hazırlanmaması, müəyyən küçələrin, yolların lazımi qaydada olmaması ilə bağlıdır. Mən bununla bağlı qeyd etmək istəyərdim ki, bələdiyyələr, ümumiyyətlə, torpaqların ayrılması haqqında qərarlar qəbul edərkən həmin ərazinin memarlıq xidmətlərinin, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbələrinin rəyini alırlar. Bu torpaqların ayrılması haqqında qərar qəbul edirlər. Mən deyərdim ki, bunlar təkcə bələdiyyələrin özlərindən asılı məsələ deyil. Memarlıq şöbələrinin, torpaq şöbələrinin birgə fəaliyyəti ilə bağlı məsələdir. Lakin onu da qeyd etmək istərdim ki, əgər bizim Bələdiyyələrlə İş Mərkəzinə daxil olan bələdiyyə aktlarında bu normaların pozulması ilə bağlı hər hansı ciddi pozuntulara rast gəlinsə, həmin bələdiyyə qərarının ləğv edilməsi haqqında tədbirlər görülür. Heç təsadüfi deyil ki, minə yaxın bələdiyyə aktının ləğv edilməsi, dəyişdirilməsi ilə bağlı bələdiyyələrə tövsiyə verilibdir. Bunların da bir hissəsi elə bilavasitə torpaq ayrılmasında yol verilmiş qanun pozuntuları ilə bağlıdır.
Millət vəkili hörmətli Vasif Əliyevin sualı Astara bələdiyyəsi ilə bağlıdır. Mən qeyd eləmək istəyirdim ki, Azərbaycanın bütün rayonlarında, regionlarında olan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirildiyi kimi, Astarada da belə nəzarət olub. 2007-ci ildə, doğrudur, Astara bələdiyyələrinin fəaliyyətində cinayət faktları aşkar olunmayıb. Amma keçənilki məruzədən xatırlayırsınızsa, 2006-cı ildə Astara bələdiyyəsində ciddi qanun pozuntuları olduğuna görə həmin faktlar üzrə cinayət işi qaldırılmışdı. Bələdiyyənin də sabiq sədri həmin cinayət faktlarına görə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Prokurorluqda aparılan istintaq üzrə cinayət işi məhkəməyə göndərilib və həmin bələdiyyə sədri məhkum olunmuşdu. Lakin bu il belə bir fakt olmasa da, qeyd etmək istəyirəm ki, ləğv olunmuş, dəyişdirilmiş bələdiyyə aktlarının sırasında Astara rayonunun kənd bələdiyyələrinin qəbul etdikləri qərarlar da vardır. Müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq, onların dəyişdirilməsi, ləğv edilməsi ilə bağlı həmin bələdiyyələrə tövsiyələr verilmişdir.
Mən hörmətli millət vəkili Aynur xanım Quliyevanın sualı ilə bağlı məsələyə toxunmaq istərdim. Doğrudan da, bu çox ciddi, vacib bir məsələdir. Lakin acınacaqlı olsa da, etiraf etməliyik ki, bu gün magistral qaz, su kəmərlərinin üzərində, bunların yaxınlığında, o cümlədən yüksək gərginlikli elektrik xətlərinin altında, neft mədənlərinin ərazisində yaşayış tamamilə mümkünsüzdür və təhlükəlidir. Belə ərazilərdə müxtəlif yollarla torpaq sahələri əldə olunubdur, yaxud bələdiyyələr tərəfindən belə torpaq sahələri ayrılıb. Təbii, bununla bağlı mübahisələr var və həmin mübahisələrə məhkəmə qaydasında baxılır. Məhkəmə qaydasında baxılan işlər də fərdi qaydada olur. Bunların məhkəmə qərarından asılı olaraq qanuna müvafiq həll edilməsi mümkündür. Ümumiyyətlə, belə təhlükəli zonalarda, təhlükəsizlik zolağının daxilində torpağın ayrılması, orada yaşanması, sözsüz, insanların özlərinin həyatı üçün təhlükəlidir. Onlar isə müxtəlif xərclər bahasına belə torpaqları əldə eləyirlər. Bu məsələlərin də qanun çərçivəsində həll edilməsi gözlənilir.
Mən, hörmətli millət vəkilləri, bu gün çıxışımın sonunda bir məsələni qeyd etmək istəyirəm. Mənə elə gəlir ki, burada səslənən fikirlərin əksəriyyətinə nazirliyin münasibətini bildirdik. Doğrudan da, son illərdə Azərbaycanda bələdiyyə institutu, yerli özünüidarə, yerli demokratiya sürətlə inkişaf edir. Əgər 3-4 il bundan qabaq Bələdiyyələrlə İş Mərkəzinə göndərilən bələdiyyə aktlarının sayı 2300 idisə, bu gün, qeyd olunduğu kimi, onların sayı 17 min 500-dən çoxdur. Yəni bu özü bələdiyyələr tərəfindən işə lazımi qaydada, yaradıcılıqla, təşəbbüskarlıqla yanaşıldıqlarını, onların qanunlara əməl etdiklərini, onların işlərinin, fəaliyyətlərinin yenidən qurulduğunu bir daha göstərir. Azərbaycanda bələdiyyə institutunun, yerli demokratiyanın inkişafı ilə bağlı çoxlu işlər görülüb. Dövlətimiz tərəfindən bu sahədə demokratiyanın inkişafı ilə bağlı çoxlu tədbirlər həyata keçirilir.
Məruzədə qeyd olunduğu kimi, oktyabr ayında İspaniyanın Valensiya şəhərində bələdiyyələrə, yerli qurumlara məsul nazirlərin 15-ci konfransında məhz Azərbaycanda bələdiyyələrlə, yerli demokratiyanın inkişafı ilə bağlı demokratiya həftəsinin keçirilməsi ilə əlaqədar Azərbaycanın fəallığı çox yüksək qiymətləndirildi. Avropanın bir sıra, çox az sayda qabaqcıl ölkələri ilə bir sırada Azərbaycanın da adı çəkildi. Azərbaycanda bələdiyyələrlə bağlı görülən işlər müsbət qiymətləndirildi. Bu da 47 dövlətin nümayəndəsinin qəbul etdiyi, səs verdiyi bir rəydir. Azərbaycanda bələdiyyə, yerli idarəetmə ilə bağlı görülən işlərə beynəlxalq aləmdə verilən bir qiymətdir.
Mən Ədliyyə Nazirliyinin rəhbərliyi və onun kollektivi adından millət vəkillərini, Milli Məclisi əmin etmək istəyirəm ki, ölkəmizdə bələdiyyə institutunun inkişafı, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görüləcəkdir. Diqqətinizə görə təşəkkürümü bildirirəm.
Sədrlik edən. Sağ olun, Vilayət müəllim, təşəkkür eləyirəm. Hörmətli deputatlar, hesab eləyirəm ki, Ədliyyə Nazirliyinin illik məruzəsi bizim Konstitusiyamızın dördüncü bölməsinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 9-cu maddəsinə müvafiq hazırlanmışdır. Vilayət müəllim illik məruzədə kifayət qədər geniş məlumat verdi və suallara da aydınlıq gətirdi. Hesab eləyirəm ki, bu illik məruzəni nəzərə almaq olar. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.47 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla da iclasımız başa çatır. Növbəti iclasın tarixi haqqında sizə məlumat veriləcək.