22.02.2008 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ
PROTOKOLU № 74
Mill Məclisin iclas salonu.
22 fevral 2008-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
3. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
4. Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
22 fevral 2008-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 93
Yetərsay 83
Yetərsay var, iclasımıza başlaya bilərik. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, fevral ayının 26-sında Xocalı faciəsinin növbəti ildönümüdür. Xahiş edirəm, Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah rəhmət eləsin.
Gündəlik hamınıza paylanıb, xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 85
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Möhtərəm Sədr, mən hesab edirəm ki, Xocalı soyqırımının ildönümü ərəfəsində “Terrorizmin qarşısının alınması haqqında Konvensiyaya dəyişikliklər və əlavələr edilməsi barədə məsələnin gündəliyə salınması çox yaxşıdır. Həqiqətən, neçə ildir ki, Azərbaycan terrorizm təhlükəsi qarşısındadır və hesab edirəm ki, bu gün bütövlükdə bu və ya digər beynəlxalq sənədə, konvensiyaya qoşulmaq yox, eyni zamanda, bu məsələni sistemli və ətraflı müzakirə etmək lazım gələcək. Mən hesab edirəm ki, bu məsələ bütövlükdə Azərbaycanın terror təhlükəsizliyinə, konkret olaraq erməni və PKK terror təhlükəsinə qarşı müzakirələr üçün bir əsas verməlidir. Mən gündəlikdəki həmin məsələ müzakirə edilərkən fikrimi deyəcəyəm. Hörmətli Milli Məclis üzvləri, şübhəsiz, hamımız qəbul edirik ki, bu məsələnin Azərbaycanın mövcudluğu, inkişafı, müstəqilliyinin möhkəmlənməsi və təminatı üçün nə qədər böyük əhəmiyyəti vardır.
Yeni təsərrüfat ilində seçicilərimlə görüşlər zamanı çox ciddi narahatlıqların yaşandığının şahidi oldum. Mən Vidadi müəllimdən soruşdum ki, Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsinin müzakirəsi nə üçün ləngiyir? Məlum oldu ki, bu, Eldar müəllimin burada olmaması ilə əlaqədar imiş. Hesab edirəm ki, həmin məsələnin müzakirəsinə Kənd Təsərrüfatı Nazirliyinin, əlaqədar maliyyə qurumlarının, o cümlədən kənd təsərrüfatının kreditləşməsi ilə məşğul olan təşkilatların nümayəndələri dəvət olunmalı və bütövlükdə kənd təsərrüfatı sahəsindəki vəziyyət müzakirə edilməlidir. Həqiqətən, kənd təsərrüfatında olduqca ciddi bir vəziyyət yaranmışdır. Yeri gəlmişkən, deyim ki, bu, çox mükəmməl, faydalı və strateji əhəmiyyət kəsb edən bir qanun layihəsidir və onun qəbulunu mümkün qədər tezləşdirmək lazımdır.
Hörmətli deputatlar, bilirsiniz ki, biz məhkəmə qərarlarına və məhkəmə prosesinə təsirin prinsipcə əleyhinəyik. Amma Azərbaycan reallığı, təəssüf ki, zaman-zaman bizi bu məsələləri qaldırmağa vadar edir. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə prokurorun 5 il iş istəməsi bütövlükdə Azərbaycanda ədalət mühakiməsinə, demokratiya və insan haqları məsələsinə böyük bir zərbədir. Eyni zamanda, bu, rüsvayçılıqdır. Məhkəmə bu məsələləri nəzərə alsın və Qənimət Zahid və digər redaktor Eynulla Fətullayev tezliklə azadlığa buraxılsınlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Mən sizin diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Bu mənim seçildiyim Goranboy–Ağdam–Tərtər seçki dairəsindəki su problemi ilə bağlıdır. Oqtay müəllim, xatırlayırsınızsa, büdcənin müzakirəsi zamanı da mən bu məsələni qaldırmışdım və demişdim ki, burada yaşayan camaatın əsas dolanışığı kənd təsərrüfatındandır. Amma əhali əkin sahələrini suvara bilmir. Çünki Sərsəng su anbarı bu gün ermənilərin nəzarətindədir. Onlar yazda suyu kəsirlər, qışda açıb buraxırlar. Yayda bu ərazilərdə böyük su problemi yaranır. O vaxt mən məsələ qaldırdım ki, subartezian quyuları qazılsın, amma mənə cavab verildi ki, bu çox baha başa gəlir. Sonradan onları elektrik enerjisi ilə təmin eləmək məsələsi ortaya çıxdı. Ona görə də biz Şəmkir dəryaçasının üzərində su anbarlarının tikilməsi məsələsini qaldırdıq ki, həmin əraziləri suvarmaq mümkün olsun.
Bu yaxınlarda hörmətli həmkarım Gültəkin xanımla Goranboyda olduq. Camaat xahiş eləmir, yalvarır ki, biz bu məsələni hökumət səviyyəsində qaldıraq, ya subartezian quyuları qazılsın, ya da dediyimiz dəryaçanın tikintisinə başlanılsın. Allaha şükür, dövlətin imkanları da var. Bu insanların başqa yaşayış yeri yoxdur, ona görə onlar rayonlardan mərkəzə axışırlar. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı var. Mən hesab edirəm ki, ciddi addımlar atmağın vaxtı gəlib çatıb.
Oqtay müəllim, ikinci deyəcəyim məsələ Qarabağ müharibəsində iştirak edən insanların veteran kitabçası ala bilməməsi ilə bağlıdır. Bununla bağlı hərbi komissarımız hörmətli Əliağa müəllimə müraciət eləmişdim. Çox sağ olsun, o bu məsələyə diqqətlə yanaşdı. Hətta hərbi komissarlığın iki yüksək çinli məmurunu da göndərdi ki, məsələni yerində araşdırsınlar. Amma çox təəssüf ki, Müdafiə Nazirliyi tərəfindən bildirilir ki, müvafiq sənədlər gecikdiyinə görə həmin şəxslərə veteran kitabçası verilmir. Onların vuruşduğu hərbi hissələrin rəhbərlikləri təsdiq edir ki, bu insanlar vuruşublar.
Oqtay müəllim, bir ağsaqqal kişi müraciət edib ki, iki oğlu döyüşlərdə həlak olub. Hətta biri 29 gün mühasirədə qalıb, heç meyitini də çıxara bilməyiblər. Hərbi hissələrimiz həmin ərazini azad eləyəndən sonra onu götürüblər. İndiyə qədər bu adam şəhid ailəsi kimi müavinət almır. Ona deyirlər ki, oğlunun ölməsi ilə bağlı sənəd yoxdur. Bu kişi də deyir ki, ay balam, bütün kənd camaatı, Goranboy batalyonunun üzvləri dəfndə iştirak ediblər. Bu misalı ona görə çəkdim ki, bu sahədə vəziyyət yaxşı deyil.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də gündəlikdə olan məsələlərə razılığımı bildirirəm və əlavə olaraq təklif edirəm ki, Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı Milli Məclisin adından ayrı-ayrı parlamentlərə, beynəlxalq təşkilatlara və qurumlara yeni bəyanatlar, müraciətlər göndərilsin və bu hadisənin mahiyyəti ilə bağlı fikirlər yenidən onların nəzərinə çatdırılsın.
İkinci, 2008-ci il seçki ilidir və bununla əlaqədar olaraq Siyasi partiyalar haqqında yeni qanun layihəsinin qəbul olunmasını təklif edirəm. Bu layihəyə siyasi partiyaların istər fəaliyyəti, istər maliyyələşməsi, istərsə də seçkilərdə iştirakı baxımından yeni müddəalar əlavə olunmalıdır, çünki dünyada gedən proseslərə nəzər salsaq, görürük ki, həmin ölkələrdə bu məsələ daim yeniləşir. Məsələn, Rusiyada 200-dən artıq siyasi partiya olsa da, parlament seçkilərində cəmi 15 partiyanın iştirak etmək hüququ vardı. Burada əsas meyar partiyanın nə vaxt yaranması deyil, qanunun müddəalarına əsasən fəaliyyət göstərməsidir. İndi Azərbaycanda bəzi siyası partiyalar alver mənbəyinə çevrilib. O, pul verir bundan alır, bu, pul verir ondan alır. Məqsəd, əqidə və digər məsələlər burada rol oynamır. Buna görə də siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi mexanizmi işə başlamalıdır. Yalnız qeydiyyatdan keçən partiyalar Prezident seçkilərində öz namizədlərini irəli sürmək hüququna malik ola bilərlər.
Yoxsa görürsən ki, bir blok və yaxud bir təşkilat yaradırlar və deyirlər ki, burada 20-dən artıq partiya var. Həmin partiya sədri dursun, özündən başqa partiyanın üç üzvünün adını çəksin. Yoxdur, çəkə bilməz. Hərəsinin bir papkası, bir möhürü, bir də sədrlik iddiası var. Azərbaycanda siyasi sistemin daha da möhkəm olması, daha da inkişaf etməsi üçün, hesab edirəm ki, bu məsələnin həllinə böyük ehtiyac var. Biz dünya praktikasından istifadə etməliyik. Avstriyada iki ildən artıq fəaliyyət göstərməyən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv olunur. Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı ştatlarında da bu, mövcuddur. Bu praktikadan istifadə etməli, Azərbaycanda sivil, demokratik, düzgün fəaliyyət göstərən partiyaları formalaşdırmalıyıq. Bunun üçün mütləq birinci növbədə qanuna əlavə və dəyişikliklər etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, üç gün öncə Ermənistanda prezident seçkiləri keçirildi və onun nəticələri barədə məlumatlar informasiya vasitələrində özünə yer tapıb. Amma bəllidir ki, bu nəticələr çoxdan bəri hazırlanan vahid bir ssenarinin əsasında həyata keçirilib. Baxmayaraq ki, heç bir halda onun müəyyənləşdirilməsi bizim işimiz deyil, amma verilən informasiyalar onu göstərir ki, bu, erməni xalqının iradəsinin nəticəsi deyil, daha artıq dərəcədə başqa bir ölkənin texnoloqları tərəfindən xeyli müddətdən bəri hərbi xuntanı bütövlükdə hakimiyyətə sahib etmək üçün aparılan ssenarinin tərkib hissəsidir. Bu öz yerində, amma məni ən çox dəhşətə gətirən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, o cümlədən ATƏT-dən olan müşahidəçilərin rəyidir. Siz, yəqin, şahidisiniz, onlar qeyd edirlər ki, bütövlükdə seçki prosesi normal keçirilib, 85 faizə qədər nəticələr obyektiv ifadəsini tapıb, xırda çatışmazlıqlar, pozuntular və sair var.
Cənab Sədr, hər şey bundan başlayır, onlar əgər hərbi xuntanın hakimiyyət uğrunda mübarizəsinin texnologiyasına bu cür qiymət verirlərsə, sabah verəcəkləri başqa rəylər bunun məntiqi davamı olacaqdır. Mən hesab edirəm ki, bu, ATƏT-in müşahidəçi missiyasının, bütövlükdə bu qurumun bir alət rolunda çıxış etməsindən, əvvəlcədən hazır bəyanatları isə öz siyasi maraqlarından doğan elandan başqa bir şey deyil. Sabah bu qurumlar Azərbaycana gələcəklər və Səddam Hüseynin başının tükünü yoxladıqları kimi, Azərbaycanda da hər kəsin öz-özünü sübut eləməsi qədər yoxlayıcı normalar müəyyənləşdirəcəklər.
Mən hesab edirəm ki, bu qurum özünü mənəvi cəhətdən rüsvay elədi. Düşünürəm ki, bu qiymət, əslində, Ermənistanın təcavüzkarlığına haqq qazandıran qiymətdir. Bu qiymətin adı nədirsə, işğala münasibət də elədir. Bundan sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu mənim üçün ATƏT-in Minsk qrupuna bərabərdir. Ona görə, cənab Sədr, mən hesab edirəm ki, bu qurumun Seçki Məcəlləsinə hər hansı bir təkliflə çıxış eləməsinə və yaxud da gələcək seçki prosesi üçün hazırlıqlar aparmasına, müşahidəçi göndərməsinə heç bir haqqı yoxdur. Düşünürəm ki, Azərbaycan tərəfi də bu yöndə dəvətdə bulunmalı deyil. Putin haqlı olaraq deyir ki, onlar gedib öz həyat yoldaşlarına “şi” bişirməyi öyrətsinlər. Doğru deyir, çünki onların bütün yanaşmaları müxtəlif zonalarda ayrı-ayrı geosiyasi maraqları həyata keçirməkdən başqa bir şey deyil. Ona görə də mən, cənab Sədr, bir daha o mövqeyə qayıdıram, Azərbaycan hakimiyyətini, Azərbaycan hökumətini seçki məsələsində ATƏT-lə əməkdaşlıqdan imtina eləməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Azərbaycan hamıya açıqdır. İstənilən beynəlxalq təşkilat Azərbaycana gələ və demokratik şəraitdə keçirilən seçkiləri müşahidə eləyə bilər. Amma məsələnin ikinci cəhəti ilə bağlı narahatlığa əsas var. Həqiqətən, seçki ərzində Ermənistanın nə bir qeyri-hökumət təşkilatı, nə də partiyalar ölkə daxilindən kənara heç bir informasiya yaymırlar. Bu da onu sübut edir ki, Ermənistanda, doğrudan da, totalitar rejimdir, danışmağa qorxurlar və partiyalar ölkədən xaricə heç bir informasiya vermirlər. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycanda demokratiya var, qeyri-hökumət təşkilatları, bütün partiyalar fikirlərini sərbəst ifadə edə bilirlər. ATƏT-in Azərbaycana gəlib-gəlməməsi məsələsinə gəldikdə isə bayaq dediyim kimi, biz bütün təşkilatlara açığıq, Azərbaycanda seçkilər olacaq, gəlsinlər, iştirak eləsinlər. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bugünkü iclasın gündəliyində maraqlı məsələlər var və biz gün ərzində bunlar haqqında müvafiq qərarlar qəbul edəcəyik. Amma bununla yanaşı, mənim gündəliyə təklifim var. Bir neçə gündən sonra, yəqin ki, Milli Məclisdə Azərbaycan hökumətinin hesabatı dinləniləcək. Bu hesabata əməli xarakter verməkdən ötrü və onun bizim hökumətimizin işinə fayda gətirməsi üçün təklif edirəm ki, qanunvericilikdə müəyyən dəyişikliklər edək. Əvvəla, mövcud qaydaya görə hökumət parlamentin beşinci iclasında hesabat verir və bu bir günlə məhdudlaşır. Günün birinci yarısında hökumət hesabat verir, günün ikinci yarısında isə çıxışlarda çox böyük sıxlıq olur. Ona görə təklif edirəm ki, orada qeyd eləyək ki, hökumət yaz sessiyasının beşinci iclasından başlayaraq hesabat verir. Belə olarsa, hökumətin hesabatı bir yox, bir neçə iclas davam edə bilər, müzakirələr səmərəli keçər və nəticədə parlament hökumətin işinin yaxşılaşdırılmasına öz töhfəsini verə bilər.
Bu məsələ ilə bağlı ikinci təklifim də var. Biz faktiki olaraq iqtisadi və sosial yönümlü nazirliklərin hesabatını dinləyirik. İndiyə qədər kənarda qalan Xarici İşlər Nazirliyi və güc nazirlikləri də hesabata daxil edilməlidir. Bu halda həm hökumətin hesabatı bütövləşər, tam olar, həm də millət vəkilləri hökumətin fəaliyyəti haqqında geniş məlumat əldə edərlər. Əks təqdirdə belə alınır ki, təxminən 5–6 nazirlik hökumətə daxil deyil. Bu da hökumətin hesabatının yarımçıq xarakter daşımasına gətirib çıxarır.
Digər toxunacağım məsələ jurnalistlərin həbsi ilə bağlıdır. Ötən il dekabr ayının sonunda Prezidentin fərmanı ilə həbsdə olan jurnalistlərin böyük bir hissəsi azad edildi. Bu gün 3 nəfər jurnalist həbsdədir və nəzərə alsaq ki, bunun 2 nəfəri bir ailədəndir, onda bu, Azərbaycanda həmin sahədə acınacaqlı vəziyyətin olmasını göstərir. Oqtay müəllim, mən Qənimət Zahidin məhkəmə prosesində iştirak edirəm. Tam əminliklə demək istəyirəm ki, Qənimət Zahidə qarşı quraşdırılmış bu iş, sadəcə olaraq, respublika üçün rüsvayçılıqdır və bizim hüquq mühafizə orqanları...
Sədrlik edən. Sağ olun, Cəmil müəllim. Mən keçən iclasda da Sizə demişdim, hökumətin iclasının bir gün keçirilməsi Konstitusiya Qanunu ilə təsbit olunur və biz bunu eləmişik. İndi Konstitusiya Qanununda dəyişiklik eləyək? İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Hörmətli həmkarlarım, dəyərli mətbuat nümayəndələri! Mən bu gün iki məsələyə toxunacağam. Bunlardan biri məcburi köçkün düşmüş soydaşlarımızın 1992–1994-cü illərdə Bakı və Sumqayıt şəhərlərində tam hazır olmayan mənzillərdə məskunlaşmalarıdır. Məcburi köçkünlər məskunlaşdıqları mənzilləri artıq on beş ildir ki, zəbt ediblər, orada yaşayırlar. Ancaq bu mənzillərin həqiqi sahibləri uzun illər müəssisələrdə çalışaraq sağlamlıqları hesabına qazandıqları o mənzillərə bu gün də sahib ola bilmirlər.
Son dövrlər bu məsələdə müəyyən irəliləyişlər hiss olunur, amma bu irəliləyişlər, hesab eləyirəm ki, qaçqınların bir daha mənzilsiz qalması ilə nəticələnə bilər. Bilirsiniz ki, keçən ilin oktyabr ayında Akimovanın Azərbaycan hökumətinə qarşı iddiası təmin olundu, mənzilində məskunlaşan qaçqın ailəsi çıxarıldı, o öz mənzilinə yerləşdirildi.
Bu gün Sumqayıt məhkəmələrində onlarca belə şikayətlər var. İndi təsəvvür eləyin, eyni məhkəmənin iki hakimi iki müxtəlif qərar çıxarır. Hakimin biri daha cəsarətli qərar qəbul eləyib və vətəndaşın mənzil hüququnun digər bir vətəndaşın hesabına pozulmasına imkan verməməklə və onun iddiasının təmin olunması ilə bağlı daha cəsarətli qərar qəbul edib. Ancaq digər hakim həmin məhkəmədə başqa bir qərar qəbul edib. O, ölkə başçısının və Nazirlər Kabinetinin qəbul elədiyi qərarla həmin dövrdə verilən orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılmasını əsas gətirib və belə bir qətnamə qəbul eləyib. Ancaq bilirsiniz ki, insanlar bu məhkəmələri keçəndən sonra Avropa Məhkəməsinə üz tutacaqlar. Bunlar beş nəfər, on nəfər deyil, minlərcədir.
Hesab eləyirəm ki, hökumət bu mənzillərdə yaşayan köçkünlərin yaşayış yeri ilə təmin olunması istiqamətində ciddi tədbirlər görməlidir. Qaçqınların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı proqrama əsasən Sumqayıtda bir istehsalat müəssisəsinin inzibati binası təmir olundu ki, bu insanlar ora köçürülsünlər. Artıq iki ildən çox vaxt keçir, amma o istiqamətdə heç bir iş görülməyib. Oqtay müəllim, bu məsələ ilə bağlı 63 ailə mənə müraciət edib. Mən xahiş edirəm ki, Siz də bu məsələni diqqətdə saxlayasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr. Mən də gündəlikdə nəzərdə tutulan məsələlərin ölkəmizin, xalqımızın ictimai-siyasi həyatı üçün çox zəruri olduğunu qeyd edirəm. Yəqin ki, bu məsələləri geniş müzakirə edəcəyik. Biz Sizin təklifinizlə Xocalı soyqırımının ildönümünü qeyd elədik və həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Mənim deputat həmkarım Siyavuş müəllim gözəl bir təklif verdi. Bizim parlamentdə bu məsələ dəfələrlə qaldırılıb. Sizin bu təklifiniz də o istiqamətdə atılan növbəti addımdır. Biz hər il üç ildən, beş ildən bir heç olmasa, soyqırımı ilə əlaqədar dünya ictimaiyyətinə müraciət qəbul etmişik. Mən də Siyavuş müəllimin təklifi ilə razıyam və Milli Məclis tərəfindən belə bir bəyanat qəbul olunsa, yaxşı olar.
İkinci tərəfdən, cənab Sədr, biz, əlbəttə, ürəyimizdəki bu ağrıları həmişə yaşadırıq. Bu, bizim üçün də, bizdən sonrakı nəsil üçün də bir yaradır. Bu, unudulmaz bir damğadır. Deputat həmkarlarımın dediyi kimi, Lissabon Sammitindən üzü bəri beynəlxalq təşkilatların, hətta BMT-nin qəbul etdiyi qərarlara hələlik ermənilər tərəfindən heç bir məhəl qoyulmur. Bəzi beynəlxalq təşkilatlar tərəfindən də bu məsələnin həllində qənaətləndirici yönümdə addımlar atılmır. Ölkə rəhbəri dünyanın hər yerində gecə-gündüz çalışır, ölkənin tərəqqisi və Qarabağ probleminin həlli ilə əlaqədar əlindən gələni əsirgəmir. Əldə edilən uğurlar da onun zəhmətinin, səyinin və möhkəm iradəsinin bilavasitə nəticəsidir. Mən istərdim ki, bütün siyasi partiyalar dünya ictimaiyyətinə müraciət etsinlər. Biz cəbhədən oğlunun cənazəsi qayıdan ananın nələr keçirdiyini bilirik. Əsrlərdən bəri Azərbaycan torpağının elə bir qarışı yoxdur ki, onun işğal olunan hissəsində türk və Azərbaycan qanı tökülməmiş olsun. Ona görə də biz dünya ictimaiyyətinə – analara, atalara müraciət etməliyik ki, bizim haqq səsimizi eşitsinlər. Çünki ayrı-ayrı analar, atalar öz övladını bu ruhda tərbiyə edərlərsə, mənə elə gəlir ki, bu da bizim haqq səsimizin eşidilməsində mühüm bir addım olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də gündəliyə iki məsələni təklif eləmək istəyirəm. Oqtay müəllim, mən bu günlərdə öz seçicilərimdən onlarca məktub almışam və maraqlıdır ki, məktubların hamısı eyni məzmunludur. Yaşı 65–70-i ötmüş insanlar sovet dövründə əmanət kassalarına qoyduqları pullarının taleyi ilə maraqlanırlar. Onlar eyni suala cavab istəyirlər və soruşurlar ki, əl qabarı ilə qazandığımız və əmanət kassasına qoyduğumuz pullarımızı ala biləcəyik, yoxsa yox? Mənə elə gəlir ki, bu il seçki ili olduğu üçün seçicilərimizdən bu sualı tez-tez eşidəcəyik. Biz bu suala cavab tapmalıyıq. Sözün açığı, bu suallara cavab vermək, doğrudan da, xeyli çətindir.
Digər məsələ Bakı şəhərinin bir sıra rayonlarında sənədsiz evlərdə yaşayan insanların taleyi ilə bağlıdır. Ötən iclasımızda mən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliyinə bu məsələ ilə bağlı müraciət elədim. Amma, təəssüf ki, onlar bu işin mümkünsüz olduğunu bildirdilər. Mən təklif edirdim ki, biz sənədsiz evlərdə yaşayan insanların mülkiyyət hüququnu tanıyaq, çünki bu insanların sayı on minlərcədir. Əgər sabah belə bir qərarla bu insanları evlərindən çıxarası olsaq, onda onlar evsiz-eşiksiz qalacaqlar. Mənə elə gəlir ki, bu məsələdə məsuliyyəti daha çox müvafiq icra hakimiyyətləri, bələdiyyələr və polis orqanları daşıdığına görə, biz bu insanların mülkiyyət hüququnu tanımalıyıq.
Bir çox ölkələrdə də buna bənzər hadisələr baş verib. Yəni Azərbaycan yeganə ölkə deyil və belə hallarda həmin ölkələrin hakimiyyətləri öz vətəndaşlarının mülkiyyət hüququnu tanımaqla bu problemi həll eləyiblər, yoluna qoyublar. O üzdən mən hesab eləyirəm ki, biz də həmin insanlara eyni formada yanaşmalıyıq. Bununla bağlı bizdə bir nümunə də var. Bir neçə il bundan əvvəl biz Ermənistandan Azərbaycana gəlmiş qaçqınların mülkiyyət hüququnu tanımaqla onların bu problemini həll elədik. Mənə elə gəlir ki, buna bənzər bir hadisədir və biz həmin insanların mülkiyyət hüququnu tanımaqla onların probleminə xeyli dərəcədə kömək etmiş olarıq. Çox sağ olun.
Sədrlik edən. Sizin dediyiniz məsələ çox da asan məsələ deyil, çünki bunu tanımaqla biz yenidən evlərin qanunsuz tikilməsinə rəvac vermiş olacağıq. Bu, qanun müstəvisində həll olunmalıdır. Tapşırıqlar verilib, onunla məşğuldurlar. Yəni indinin özündə də bələdiyyələr qanunsuz olaraq torpaq yerləri verirlər. Qeydiyyatsız, sənədsiz evlər tikilir. Bu məsələnin qabağını almağın başqa yolları var və o istiqamətdə işlər gedir. Məsələnin həllinə düzgün yanaşmaq lazımdır. Asim Mollazadə.
A. Mollazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Xocalı faciəsinin ildönümü ərəfəsindəyik. Yenə də biz beynəlxalq ictimaiyyətə müraciətdən danışırıq. Amma mən hər il diqqətinizə yetirirəm ki, Xocalı soyqırımını törətmiş şəxslərlə, mülki əhalini kütləvi şəkildə qırmış cinayətkarlarla bağlı Azərbaycanda heç bir məhkəmə prosesi keçirilməyib. Bu hadisəyə görə bir nəfər də olsun məhkum edilməyib və Azərbaycanda bu istiqamətdə deyilən sözlərin arxasında hüquqi qərarlar yoxdur. Bizim hüquq mühafizə orqanları soyqırımı ilə bağlı cinayət işlərini məhkəməyə çıxarmağına görə Azərbaycan beynəlxalq məhkəməyə müraciət edə bilməyib.
Avropada ən böyük kütləvi cinayət Xocalıda baş verib. Bununla yanaşı, biz Qarabağın digər bölgələrində də hərbi cinayətlər törətmiş insanlara qarşı cinayət işlərini yekunlaşdıra bilməmişik. Mən təklif edirəm ki, fevral ayının 26-da parlamentdə hərbi prokurorun və Azərbaycanın digər hüquq mühafizə orqanlarının rəhbərlərinin hesabatlarını dinləyək. Biz nə üçün cinayətkarları məhkum edə bilmirik? Cinayətkarların adları bəllidir. Bu cinayətləri törətmiş adamlar hazırda Ermənistan rəhbərliyində var. 366-cı alayın nümayəndələri Rusiya ərazisində gizlənirlər və biz onların axtarışı ilə bağlı heç bir iş görməmişik. Düşünürəm ki, Xocalı soyqırımının və Azərbaycanda baş verən digər faciələrin hüquqi qiyməti verilməsə, Azərbaycanın istənilən müraciət və bəyanatlarının təsiri olmayacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Artıq yarım saatdır ki, müzakirə aparılır. Mübariz Qurbanlıya da söz verək və onunla yekunlaşdıraq. Buyurun.
M. Qurbanlı. Təşəkkür eləyirəm, cənab Sədr. Mən qısa şəkildə iki təklif verəcəyəm. Birincisi, Ermənistan bu dəfə də beynəlxalq hüquq prinsiplərini pozaraq işğal olunmuş ərazilərdə seçki məntəqələri yaradıbdır. Bununla bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq nota verib, amma mən hesab eləyirəm ki, biz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının adından da ATƏT-ə və Avropa Şurasına etiraz göndərməliyik.
İkincisi, mən hesab eləyirəm ki, Xocalı faciəsi ilə bağlı hökumət və parlament miqyasında çox səmərəli işlər görülüb və bu iş bu gün də davam eləyir. Asim müəllim dedi ki, cinayət işi qaldırılmayıb. Cinayət işi qaldırılıb və orada cinayəti törədənlərin hamısının adı da var. Sadəcə, həmin şəxslərin həbs edilib məhkəmə istintaqına cəlb edilməsi məsələsi indiki şəraitdə real deyil. Yəni işğal olunmuş ərazilər azad edilərkən həmin şəxslərin həbsi ilə bağlı məsələlər də, yəqin ki, davam etdiriləcək.
Sonra, burada Pənah Hüseyn kənd təsərrüfatı ilə bağlı narahatlığını ifadə elədi. Hökumətin kənd təsərrüfatına kifayət qədər dəstək verdiyi hamıya bəllidir. Ötən il biz bununla bağlı büdcədən vəsait ayırmışıq və vətəndaşlara hər hektar üçün 40–50 manat miqdarında pul ödənilib. Hökumət bu xətti davam etdirir. Ona görə də müxalifət danışanda, fikir söyləyəndə gərək real faktlara toxunsun, populizmə yol verməsin. Mən hesab eləyirəm ki, gündəlikdə olan məsələlər çox vacibdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən çıxışlara qulaq asdım, gündəlikdən başqa hər şeydən danışıldı. Gündəlikdən, doğrudan da, danışmadıq.
Biz keçən il bir qərar qəbul eləmiş, Analitik informasiya şöbəsi tərkibində İnformasiya-tədqiqat sektoru yaratmışdıq. Bu sektorda həm Dağlıq Qarabağ münaqişəsi, həm də konkret olaraq Xocalı ilə əlaqədar müəyyən işlər görülüb. Şöbənin hazırladığı kitablar sizə paylanıb. Müzakirənin axırında 2–3 dəqiqə vaxt verək, şöbə müdiri Aydın Ağayev bu haqda qısa bir məlumat versin. Etiraz yoxdur? Buyurun, Aydın müəllim.
A. Ağayev, Milli Məclis Aparatı Analitik informasiya şöbəsinin müdiri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin məlum qərarı əsasında bir il bundan əvvəl Milli Məclis Aparatının Analitik informasiya şöbəsində yaradılmış İnformasiya-tədqiqat sektorunun və ümumən, şöbənin vəzifələri çox dəqiq müəyyənləşdirilmişdir. Ermənistanın Azərbaycana hərbi təcavüzünün doğurduğu nəticələrə, o cümlədən erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarında Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi kütləvi qırğınlara beynəlxalq hüquq müstəvisində qiymət verilməsi üçün artıq xüsusi bir metodoloji sistemin hazırlanmasına başlanmışdır. Diqqətinizə çatdırıram ki, Milli Məclisin rəhbərliyi bu məsələyə xüsusi diqqət və önəm verərək, bu istiqamətdə lazım olan nəticələrin əldə olunması üçün bizə hər cür şərait yaradır.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinə beynəlxalq hüquq müstəvisində qiymət verilməsi, Azərbaycanın mülki əhalisinə qarşı Xocalıda törədilmiş kütləvi qırğının dünya ictimaiyyətinə soyqırımı aktı və yaxud ermənilərin hərbi təcavüzü nəticəsində hərbi əməliyyatlar zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş hərbi cinayət kimi tanıdılması məqsədi ilə beynəlxalq hüquq, konkret olaraq soyqırımı üzrə dünyada tanınmış mütəxəssislərlə faydalı müzakirələr aparılmış və artıq bu istiqamətdə konkret fəaliyyət proqramı hazırlanmışdır.
Diqqətinizə çatdırmaq istəyirəm ki, şöbənin Azərbaycan, rus və ingilis dillərində hazırladığı “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kitabı artıq dünya ölkələrinə yayılır. O cümlədən siz deputatlar xaricə gedəndə Aparatın Mətbu nəşrlər sektoru ilə əməkdaşlıq şəraitində hazırlanmış bu vəsaitdən istifadə edirsiniz. Qərbi Azərbaycanda tarix boyu yaşamış Azərbaycan xalqının izini-əsərini itirmək üçün ermənilərin həyata keçirdiyi vandalizmləri də çox aktual bir məsələ kimi dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Milli Məclis rəhbərliyi tərəfindən şöbəyə və konkret olaraq İnformasiya-tədqiqat sektoruna tapşırıldı ki, bu istiqamətdə lazımi ədəbiyyat yaradılsın və biz bunu xaricdə yayaq. Bu məqsədlə Azərbaycan və ingilis dillərində hazırlanmış “Ermənistanda Azərbaycan mədəni irsinə qarşı vandalizm. Bəzi faktlar” adlı kitabça da artıq sizə paylanmışdır.
Biz artıq Xocalıda törədilmiş faciənin dünya üzrə aldığı əks-səda reaksiyalarının arxivini toplayır, onu sistemləşdirir, ona qiymət verməyə çalışırıq. Bunun əsasında bizə lazım olan hüquqi bazanı yaratmağa, siz deputatların xaricdəki fəaliyyəti üçün lazım ola bilən bəzi təlimat vasitələrini konsultativ qaydada hazırlamağa çalışırıq. Nəzərinizə çatdırıram ki, bu iş çox sürətlə gedir və Milli Məclisin rəhbərliyi bu işi xüsusi diqqətdə saxlayır.
Mən burada fikirlərimi yekunlaşdırmaq istəyirəm. Çünki biz hələ çox önəmli işlər görə bilməmişik ki, onun haqqında çox danışım. Amma mən qəti inanıram ki, bu istiqamətdə iş bir an belə dayanmayacaq və çox fəal surətdə aparılacaq. Allah qoysa, siz onların nəticələrini görəcəksiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Keçirik gündəliyin 1-ci məsələsinə. “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Fevral ayının 15-də Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının növbəti iclası olub. İclasda “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi nəzərdən keçirilib. Həmin Protokol 2003-cü il mayın 15-də Fransanın Strasburq şəhərində imzalanıb. Bu Protokola görə “Terrorizmin qarşısının alınması haqqında” Konvensiyada müəyyən boşluqlar artıq hüquqi cəhətdən tənzimlənib. İş burasındadır ki, terrorizmdə ittiham edilən şəxslərin öz ölkəsinə geri verilməsinin tələb edildiyi hallarda güman edilən terrorçunun gizləndiyi ölkələr həmin terror hərəkətinin siyasi motivlərlə törədildiyini bəhanə gətirərək terrorçunun geri verilməsindən imtina edirdilər. Protokol belə imtinaların məhdudlaşdırılmasına yönəldilibdir. Yəni bundan sonra terror zamanı bombalardan istifadə edilərsə, çox sayda insanlar girov götürülərsə və eyni zamanda, insan ölümü ilə nəticələnən hallar baş verərsə, bu Protokolu imzalayan ölkə terror aktının hansı məqsədlə törədilməsindən asılı olmayaraq, ərazisində gizlənən terrorçunu onun ekstradisiyasını tələb edən ölkəyə təhvil verməlidir. Komissiyamız bu qanun layihəsini müzakirə edərək, Milli Məclisin müzakirəsinə tövsiyə etmişdir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Sağ olun. İkinci komissiya, Səməd müəllim, əlavəniz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Keçirik müzakirəyə. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Mən hesab edirəm ki, bu qanun layihəsinə hamı yekdilliklə səs verəcəkdir. Lakin mən diqqətinizi ona cəlb etmək istəyirəm ki, Azərbaycan terrorizmə qarşı, demək olar ki, bütün beynəlxalq konvensiyalara, sazişlərə, müqavilələrə imza atsa da, bilavasitə özünün terrorizm ilə mübarizəsində ona ciddi hüquqi təminat yarada bilən qərar və qanunların qəbul edilməsinə lazımi səy göstərmir.
Mən bu yaxınlarda erməni terror təşkilatları və PKK terror təşkilatına qarşı qanun layihəsini hazırlayarkən Cinayət Məcəlləsinə baxdım. Hörmətli deputatlar, “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanun 1999-cu ildə qəbul edilib. Orada bir sıra anlayışlar, o cümlədən terror təşkilatı, terror fəaliyyəti kimi konkret məsələlər və onların məzmunu əks olunub. Qanunda terror fəaliyyətinə, terror təşkilatı yaratmağa, terror təşkilatına cəlb etməyə və sair bu kimi əməllərə görə məsuliyyət barədə müddəaların öz əksini tapmasına baxmayaraq, bu günə qədər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində həmin əməllərə görə cəza tədbirlərini nəzərdə tutan müddəalar yoxdur. Cinayət Məcəlləsinin bununla bağlı yalnız iki maddəsi – terrorçuluq fəaliyyəti haqqında 214-cü maddəsi və terrorçuluğun maliyyələşdirilməsi haqqında 214-1-ci maddəsi vardır. Bu da konkret terror hadisələrini əhatə edir. Halbuki terror fəaliyyəti və terror təşkilatları barədə daha geniş və əhatəli qanunvericilik aktının olmasına ehtiyac vardır. Ona görə dəfələrlə bu məsələni qaldırmışıq ki, konkret terror təşkilatı Azərbaycan Respublikasında qanunla terror təşkilatı kimi tanınmayana qədər bizim apardığımız mübarizə kifayət qədər effektli olmayacaq və strateji xarakter daşımayacaqdır.
Bilirsiniz ki, biz 23 erməni terror təşkilatının və o cümlədən terror təşkilatı olduğu, mənim fikrimcə, heç kimdə şübhə doğurmayan qondarma Dağlıq Qarabağ Respublikasının hökumət orqanlarının terror təşkilatı kimi tanınması haqqında məsələnin Azərbaycanda qanunvericilik qaydasında təsbit olunmasını nəzərdə tutan bir təşəbbüslə çıxış etmiş və Müsavat deputat qrupu adından Milli Məclisə bununla əlaqədar qanun layihəsi təqdim etmişik. Hörmətli Sədrə də bu barədə məktub yazıb, ondan həmin qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsini xahiş etmişik.
Burada hörmətli Asim müəllim də, digər deputatlar da Azərbaycanda erməni terrorçularının cinayət məsuliyyətinə cəlb edilməsində olan problemlərə toxundular. Hesab edirəm ki, bununla bağlı yaranan çətinliklər həmin problemin həlli üçün hüquqi təminatın, lazımi hüquqi bazanın olmaması ilə əlaqədardır. Mənim fikrimcə, bu hüquqi bazanın yaradılması terrorizmə qarşı mübarizədə heç də beynəlxalq konvensiya və sazişlərə qoşulmaqdan az əhəmiyyətli deyildir.
Burada bu gün qanun layihəsini hörmətli Aydın müəllim təqdim etdi. Mən xatırlayıram ki, cəmisi 1–2 ay bundan əvvəl terror məsələsi və konkret PKK terror təşkilatı üzvlərinin Azərbaycandakı fəaliyyətinə qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar məsələ burada müzakirə olunarkən hörmətli Aydın müəllim belə bir replika verdi ki, müxalifətin artıq danışmağa mövzusu qalmamışdır. Ona görə də mövzu qıtlığı üzündən PKK terror təşkilatı ilə bağlı məsələni gündəmə gətirmişdir. Lakin bunun üstündən heç 2 ay keçməmiş, Azərbaycanın dövlət başçısından başlayaraq qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara, Xarici İşlər Nazirliyinə, Təhlükəsizlik Nazirliyinədək bütün ölkə Azərbaycanda PKK terror təşkilatının, əslində, regional və beynəlxalq təhlükəsizlik üçün nə qədər ciddi təhdid olması məsələsini müzakirə edir və bu təhdidin aradan qaldırılması istiqamətində təsirli addımların atılmasını, fəaliyyətin gücləndirilməsini tələb edir. İndi hətta Amerika Birləşmiş Ştatları və Türkiyə kimi böyük beynəlxalq güclərin Azərbaycanda bu terror təşkilatı ilə mübarizəyə cəlb edilməsi kimi məsələlər gündəmə gətirilmişdir.
Mən çox istəyirəm ki, biz, birinci növbədə, Konstitusiya və qanunlarımızda Azərbaycan hökumətinin, o cümlədən Milli Məclisin üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində konkret, əməli addımlar ataq. Bir daha təkrar edirəm, mənim fikrimcə, Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdidə çevrilmiş terror təşkilatlarının ölkəmizdə məhz terror təşkilatları kimi tanınması haqqında qanun qəbul edilməsinin vaxtı gəlib çatmışdır. Yeri gəlmişkən, 1999-cu ildə qəbul edilmiş “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu olduqca mükəmməl bir qanundur. Orada hətta terror təşkilatı və beynəlxalq terror təşkilatı ayrı-ayrı anlayışlar şəklində ifadə olunmuşdur. Bununla belə, bizim təqdim etdiyimiz qanun layihəsi qəbul olunarsa, bu gün beynəlxalq terrorizmin hədəfində duran əsas ölkələrdən biri olan Azərbaycana qarşı yönəldilmiş beynəlxalq terror fəaliyyətinin qarşısının alınması üçün biz daha real, konkret imkanlar əldə etmiş olarıq. Ona görə də hörmətli Sədr, mən Sizdən xahiş edirəm ki, milli təhlükəsizliklə bağlı ciddi əhəmiyyətə malik olduğuna görə PKK-nın və 23 erməni terror təşkilatının, o cümlədən qondarma Dağlıq Qarabağ Respublikasının hakimiyyət orqanlarının terror təşkilatı kimi tanınması haqqında qanun layihəsinin tezliklə müvafiq komissiyalarda və nəhayət, Milli Məclisdə müzakirə edilib qəbul edilməsi üçün öz tərəfinizdən kömək göstərəsiniz və bu istiqamətdə dəstək verəsiniz.
Mən çıxışımın sonunda bununla əlaqədar daha bir məsələyə toxunmaq istəyirəm. İşğal olunmuş ərazilərimizdə Türkiyə və digər xarici ölkə vətəndaşlarından ibarət olan PKK terror təşkilatının düşərgə yaratması və fəaliyyət göstərməsi, mənim fikrimcə, Azərbaycan Respublikasına əsas verir ki, beynəlxalq hüquqda, o cümlədən BMT Nizamnaməsində nəzərdə tutulduğu kimi, təcavüzdən müdafiə məqsədi ilə dünya dövlətlərinə, birinci növbədə bu məsələdə qayda yaratmalı olan Türkiyə dövlətinə müraciət etsin və Türkiyə dövləti əsasən onun vətəndaşlarından ibarət olan PKK terror təşkilatının buradakı fəaliyyəti ilə bağlı yaranmış təhlükənin aradan qaldırılması üçün Azərbaycana hərbi yardım göstərsin. Mən hesab edirəm ki, qardaş Türkiyə beynəlxalq hüquqda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirərək, lazım olan köməyi bizdən əsirgəməyəcəkdir.
Sonda bir daha Xocalı məsələsinə qayıdıram. Ermənilər qondarma erməni genosidi barədə nəinki Ermənistanda qanun qəbul etmiş, onu dünyanın artıq 30-dan çox ölkəsində qəbul etdirməyə nail olmuşlar. Lakin bu gün Xocalı soyqırımı, Xocalı genosidi haqqında Azərbaycan özü qanun qəbul etmir. Əgər biz bu qanunu qəbul etməsək, digər dövlətlərdən onun qəbul edilməsini tələb edə bilmərik. Ona görə də hələ vaxt var ikən Azərbaycanda Xocalı genosidi haqqında qanun qəbul etmək və müvafiq qanunların dünya dövlətləri tərəfindən qəbul edilməsinə çalışmaq lazımdır. Mənə elə gəlir ki, ilk növbədə biz əgər PKK-nın terror təşkilatı kimi tanınması haqqında qanun qəbul edəriksə, qardaş Türkiyədən də belə bir qanunun və ya bu barədə müvafiq rəsmi qərarın qəbul edilməsini haqlı olaraq tələb edə bilərik.
Bizə təqdim olunmuş bu qanun layihəsinin qəbul edilməsinə səs verəcəyimi bir daha bəyan edir və Milli Məclisi bu sahədə bizim hamımızın gələcəyi, uşaqlarımızın, indiki və gələcək nəslin sülh və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin müstəqilliyi üçün çox mühüm əhəmiyyəti olan daha effektiv qanun layihələri qəbul etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli Pənah bəy, hər dəfə PKK-dan danışırsınız. Bu haqda nə qədər danışmaq olar? PKK haqqında heç Türkiyə parlamentində qanun qəbul olunmayıb. Orada qərarlar var. Bizim də qərarlarımız var. Amma daim PKK haqqında danışmaqla biz onun az qala reklam agentlərinə çevrilmişik. Siz qanun layihəsi vermisiniz. Ona komissiyalarda baxılacaq, cavabı da veriləcək. Fuad Muradov.
F. Muradov. Təşəkkür edirəm, cənab Sədr. Çox təəssüf ki, biz terrorizmdən, ermənilərin vəhşiliklərindən danışanda yenə də populist çıxışlara yol veririk. Halbuki bütün dünyada bu iş artıq dövlət səviyyəsində yox, ictimai təşkilatlar, ayrı-ayrı insanlar tərəfindən aparılır. Terrorizm bu gün dünyanı bürüyən ən dəhşətli problemdir. Dünya ictimaiyyəti daim bu problemin həlli istiqamətində ciddi tədbirlər görür. Mən hesab edirəm ki, indi bu sahədə hər hansı bir iş görmək istəyən fiziki və hüquqi şəxslər üçün geniş imkanlar var. Bu gün internet mövcuddur, bu gün müəyyən vasitələr vardır ki, biz onlardan istifadə etməliyik.
Hər dəfə belə bir məsələ müzakirə olunanda, təəssüf ki, biz, sadəcə olaraq, hansısa bir siyasi məsələni ortaya ataraq mövzudan kənara çıxırıq. Bir az əvvələ qayıtsaq, görərik ki, Azərbaycan xalqının milli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarında törədilən terror aktlarından sonra qlobal terrorizmlə mübarizə istiqamətində aparılan bütün işlərdə Azərbaycanın tam dəstəyini qətiyyətlə bəyan etmişdir. Bu gün bu işlərin nəticəsində Azərbaycan artıq antiterror koalisiyasının üzvü kimi müəyyən addımlar atmışdır. Azərbaycan həmişə terrora qarşı mübarizə aparmış, bu istiqamətdə dünyanın bütün dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu dəfələrlə nümayiş etdirmişdir. Digər tərəfdən, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində konstruktiv mövqe tutması ilə dünya ictimaiyyətinin ölkəmizə olan münasibətində müsbət dəyişiklik yaratmışdır. Əlbəttə, bu dəyişiklik ilk növbədə Prezident İlham Əliyevin müstəsna xidmətləri nəticəsində baş vermişdir.
Bu gün biz terrordan danışarkən ilk öncə ötən əsrin əvvəlindən və xüsusən də 1988-ci ildən indiyə qədər Dağlıq Qarabağ ətrafında baş vermiş hadisələri, insanların qətlə yetirilməsi, Xocalı soyqırımı, kütləvi etnik təmizləmə və çoxsaylı terror aktlarını qeyd etməliyik. Bu konsepsiyaya əsaslanan Azərbaycan bütün dünyada qanlı cinayətlər törətmiş erməni terrorçuluğuna qarşı beynəlxalq ictimaiyyətin qətiyyətlə mübarizə aparmasının zəruriliyini dəfələrlə vurğulamışdır. Azərbaycana qarşı terrordan danışarkən biz diqqəti ilk növbədə erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri saysız terror aktları nəticəsində on minlərlə vətəndaşımızın həlak olması və yaralanmasına yönəldiriksə, işğal olunmuş Dağlıq Qarabağ ərazisində beynəlxalq terror təşkilatlarına Ermənistanın sığınacaq verməsi məsələsini də xüsusi qeyd etməliyik.
Hamıya məlumdur ki, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğalı zamanı azərbaycanlıların daha çox tələfatına nail olmaq məqsədi ilə Ermənistan tərəfi hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda, dinc əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. Bu cür terror aktlarının sayı 30-dan çoxdur. Mən hesab edirəm ki, bu terror aktları haqqında biz daim bütün vasitələrdən istifadə edərək beynəlxalq ictimaiyyətə məlumat verməliyik. Bu terror aktlarının təlimatçıları Ermənistanın xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşları olmuşlar. Azərbaycan Respublikasının müvafiq hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər nəticəsində həmin terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağ separatçılarının və Ermənistanın xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir. Bu da onu göstərir ki, Azərbaycan dövləti tərəfindən bu istiqamətdə lazımi addımlar atılmışdır. Biz hesab edirik ki, bu işdə qeyri-hökumət təşkilatları, ictimai təşkilatlar da fəal iştirak etməlidirlər.
Bəzi statistik məlumatları səsləndirmək istəyirəm. Mən hesab edirəm ki, bu gün parlament bu məlumatları çatdırmaq üçün gözəl tribunadır. Ola bilsin ki, bəzi insanların bu haqda məlumatları yoxdur. Onlar bunu bilməli, lazım olan yerlərdə istifadə etməlidirlər. Erməni terrorçuları tərəfindən törədilmiş terror aktlarında qurban gedən soydaşlarımızla yanaşı, əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızın da sayı az deyildir. Belə ki, məndə olan rəsmi məlumatlara görə, terrorçu Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində əsir və itkin düşmüş və girov götürülmüş şəxslərin sayı, ümumilikdə, 4 min 354 nəfər təşkil edir. Onlardan 3 min 500 nəfəri hərbçi, 850 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 47 nəfəri uşaq, onlardan 16 nəfəri azyaşlı qız, 268 nəfəri qadın, 371 nəfəri yaşlı şəxslərdir. Onlardan da 168 nəfəri qadındır. Yuxarıda qeyd olunanlardan 21 nəfəri 16 yaşına qədər uşaqdır. Yəni bu gün bu statistikaya baxıb çoxlu məsələləri aydınlaşdırmaq olar. Görmək olar ki, erməni terrorçuları yalnız Azərbaycana qarşı nə qədər cinayət törədiblər.
Bu günədək əsir və girovluqdan 1400 nəfərə yaxın vətəndaşımız azad edilmişdir. Onlardan 343 nəfəri qadın, 1050 nəfəri kişidir. Eyni zamanda, 168 nəfəri uşaq, onlardan 65 nəfəri azyaşlı qız, 289 nəfəri qoca, onlardan 112 nəfəri yaşlı qadın olmuşdur. Bu statistika göstərir ki, Azərbaycan dövləti, həqiqətən, bu istiqamətdə real işlər aparır. Biz bu statistikaya baxıb görürük ki, nə qədər məsələlər müsbət həll olunub.
550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Yəni 550 nəfərə qarşı praktiki olaraq ağır cinayət törədilmişdir. Onlardan 104 nəfəri qadın, 446 nəfəri kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Bu, rəsmi məlumatlardan bizə məlum olanlardır.
Əlbəttə, bizə məlum olmayan faktlar da çoxdur. Hamıya məlumdur ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti həyata keçirmişdir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq və qadınlar, gənclər və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrə məruz qalmışlar. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmişdir. Bütün bu sadalananlar əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarının Ermənistan Respublikası tərəfindən necə tapdaladığını, o cümlədən müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyası tələblərinin necə kobud surətdə pozulduğunu sübut edir.
Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan terrordan ən çox zərər çəkən ölkə olaraq terrorun nə kimi dəhşətlər törətdiyini yaxşı bilir. Məhz buna görə bu bəla ilə yüksək səviyyədə mübarizə aparmaq üçün bütün resurslarımızı səfərbər etməliyik. Xaricdə yaşayan insanlar, beynəlxalq təşkilatlar bu gün əyani materiallara, video görüntülərə, bədii, sənədli filmlərə daha çox baxırlar. Cəmiyyətdə bunun nəticəsində müəyyən fikir formalaşır. Mən hesab edirəm ki, Oqtay müəllim, Siz də bu istiqamətdə çox iş aparırsınız və bununla bağlı tapşırıqlarınız da olub. Biz bu sahədə əyani vəsaitlərin çox olmasına çalışmalıyıq. Bu gün Heydər Əliyev Fondu tərəfindən görülən işlər göz qabağındadır və təbii ki, biz buna sevinirik. Amma biz fikirləşirik ki, bu işlər daha geniş miqyas almalıdır. Siz bilirsiniz, Amerika müharibə apararkən Hollivud tərəfindən ilk növbədə belə bədii, sənədli filmlərin çəkilişinə nail olub və bu vasitə ilə də insanlar arasında təbliğat işi aparıb. Əfsuslar olsun ki, bu gün dünyada Azərbaycan tərəfindən bu cür təbliğat işi getmir. Məncə, bizdə elə filmlər yoxdur ki, Amerikada, Avropada yaşayan gənc bu filmləri görərək, həqiqətən, məsələnin nə qədər ciddi olduğunu bilsin. Ona görə Milli Məclisdən, imkanlı şəxslərimizdən xahiş edirəm, gəlin, biz də bu istiqamətdə hansısa işlər aparaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də millət vəkillərini bu Konvensiyaya əlavə Protokolun təsdiq olunmasına çağırıram. Hesab edirəm ki, bu, vacib sənəddir. Azərbaycan daim terrorun əleyhinə çıxış edib, bununla bağlı müxtəlif konvensiyalara qoşulubdur. Bu Protokola da qoşulmaqla ölkəmiz dünyaya bir daha bəyan edir ki, Azərbaycan terrorun əleyhinədir və terrorla məşğul olan şəxslərin tutulub vaxtlı-vaxtında ekstradisiya olunmasının tərəfdarıdır. Bu sənədin təsdiq olunması Azərbaycanın ərazisində terror aktları həyata keçirmiş Ermənistan və eləcə də Rusiya vətəndaşlarının Xocalı soyqırımında iştirakı ilə bağlı bir daha geri istənilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün yeni imkanlar açır. Ona görə mən də bu qanun layihəsinin qəbul olunmasını deputat həmkarlarımdan xahiş edirəm.
Mən burada sadalanan məsələlərlə bağlı fikrimi bildirmək istəyirəm. Azərbaycan qanunvericiliyində terrorun əleyhinə kifayət qədər qanunlar var. Bu yaxınlarda biz daha bir konvensiyaya, terrorun maliyyələşdirilməsi ilə əlaqədar Avropa Konvensiyasına qoşulduq. Bu onu göstərir ki, Azərbaycan terrorun maliyyələşdirilməsi ilə əlaqədar konvensiyanı dəstəkləyir və öz nəzarətində olan ərazidə terrorçulara hər hansı bir fərdin və yaxud hüquqi şəxsin maliyyə yardımı göstərməsinin qarşısını alır. Azərbaycanın Cinayət Məcəlləsində də terrorizmlə, o cümlədən etnik təmizləmə və genosidlə bağlı kifayət qədər maddələr var ki, bunlar da terrorun qarşısının alınmasına yönəldilmişdir.
Burada PKK ilə bağlı məsələyə toxunuldu. Bu məsələ mətbuatda dəfələrlə işıqlandırılıbdır. Azərbaycan dövləti tərəfindən PKK terrorçu təşkilat kimi tanınıbdır. Bununla bağlı Azərbaycan Prezidentinin də, Xarici İşlər Nazirliyinin də bəyanatı olubdur. Yeni Azərbaycan Partiyasının iştirakı ilə dəyirmi masa keçirilmiş, burada 40-dan artıq deputat iştirak etmiş və biz bəyanat imzalamışıq. Partiyanın idarə heyəti tərəfindən qərar qəbul olunub və PKK terrorçu təşkilat kimi tanınıb. Bu, mətbuatda dərc olunubdur.
Hörmətli Sədr, Siz düz dediniz ki, PKK-nın daim gündəmə gətirilməsi onun reklamından başqa bir şey deyil. Bəzi adamların sözü qurtarıb, gündəmdə qalmaq, qəzet səhifələrində qalmaq üçün bu addımları atırlar. Terror təşkilatları ilə bağlı xüsusi qanun və ya qərar qəbul olunmasına gəlincə, mən dünya təcrübəsindən misal göstərə bilərəm. Türkiyənin özündə məgər parlamentdə PKK-nın terrorçu təşkilat kimi tanınması haqqında qərar qəbul olunub? Yox. Türkiyənin Xarici İşlər Nazirliyi dünyada mövcud olan 30-dan artıq terror təşkilatının siyahısını dərc edib və Türkiyə dövləti də bu terrorçu təşkilatlarla mübarizə aparır. Amerika Birləşmiş Ştatlarının Konqresi belə bir qərar qəbul edib? Yox. Dövlət departamenti bəyanat verib, ABŞ terrorla mübarizə aparır. Ərazisində çoxlu terror aktları törədilən Böyük Britaniyada parlamentin belə bir qərarı var? Yoxdur. Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatı, açıqlaması var. Biz dünya praktikasından istifadə edib bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Bizim ölkə bütün dünyada terrora və terror təşkilatlarına münasibətini açıq bəyan edibdir. Azərbaycan antiterror koalisiyasının üzvüdür.
Burada həmkarım Pənah Hüseyn deyir ki, biz Türkiyəyə müraciət edib, Azərbaycana qoşun çağırmalıyıq. Bu gün Azərbaycan regionun ictimai-siyasi baxımdan ən sabit ölkəsidir. Azərbaycan antiterror koalisiyası çərçivəsində bu gün BMT-nin mandatına uyğun olaraq Kosovada, Əfqanıstanda, İraqda Amerika Birləşmiş Ştatları ilə, NATO qüvvələri ilə birlikdə sülhyaratma proseslərində iştirak edir. Azərbaycan əsgərləri haqqında orada rəhbərlik edən qüvvələrin çox gözəl fikirləri var və onlar Azərbaycan ordusunun yüksək qabiliyyətə, keyfiyyətə malik olmasını xüsusi qeyd edirlər. Bu gün biz ərazimizdə hər hansı bir terror hadisəsinin baş verməsi, yaxud hansısa bir terror təşkilatının özəyinin olması ilə bağlı Türkiyəyə müraciət etsək, bu necə qiymətləndirilər? Mətbuatdan da görürsünüz ki, Azərbaycanın hüquq mühafizə və o cümlədən təhlükəsizlik orqanları Azərbaycan ordusu ilə birlikdə terrora qarşı uğurla mübarizə aparır, Azərbaycanın ərazisində olan terroristlər tutulub ayrı-ayrı dövlətlərə təhvil verilir, ekstradisiya olunurlar. Bu gün Azərbaycan fəxrlə öz ictimai-siyasi sabitliyindən danışdığı bir vaxtda belə bir bəyanatın verilməsi, doğrudan da, təxribatdan başqa bir şey kimi qiymətləndirilə bilməz.
Mən Xocalı soyqırımı ilə bağlı deyilənlərə də münasibətimi bildirmək istərdim. Xocalı soyqırımı ilə əlaqədar ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycan dövlətində kifayət qədər fərman və sərəncamlar, o cümlədən Azərbaycan parlamentində bəyanat və digər sənədlər qəbul olunmuşdur. Bu sahədə dünya təcrübəsinə bir nəzər yetirək. Məsələn, Xalakosla bağlı hər hansı bir qanunvericilik aktı varmı? Yoxdur. Biz çalışmalıyıq ki, dünya dövlətləri parlamentlərinin bu soyqırımla bağlı məlumatları olsun. Xarici ölkə parlamentləri ilə dostluq qruplarının üzvü olan deputat həmkarlarımız müvafiq ölkələrin parlamentlərinə məktub göndərib, onları bu hadisə barədə məlumatlandırmalıdırlar. Xocalı faciəsinin beynəlxalq miqyasda tanınması ilə bağlı addımlar atılmalıdır. Azərbaycan parlamentində bu məsələlər üzərində böyük bir informasiya mərkəzi işləyir, müxtəlif dillərdə bununla bağlı kitablar çap olunur. Heydər Əliyev Fondu bu məsələ ilə bağlı ciddi işlər aparır. Özünü azərbaycanlı hesab edən hər bir şəxs istər iki nəfər, istərsə də on nəfər qarşısında bu məsələ ilə bağlı məsələ qaldırır, fikirlərini söyləyir.
İnsan hüquqları təşkilatına Azərbaycanın əleyhinə donoslar yazan siyasi partiyalar, qeyri-hökumət təşkilatları, hüquq müdafiə təşkilatları ondan-bundan 3–5 manat alıb siyasi məhbus adı altında siyahılar dərc etməkdənsə, beynəlxalq təşkilatlara Xocalı soyqırımı və yaxud Azərbaycanın problemləri ilə bağlı bir dənə sənəd göndərsinlər. Onların sənədləri daha keçərli olar. Çünki onların bir tərəfi ermənidir. Onları daha tez eşidərlər. Çünki öz qarışıqlarındandır. Azərbaycanın dünyada qazandığı reytinqlə, Azərbaycanda olan ictimai-siyasi sabitliklə bağlı hər hansı bir təxribatdan əl çəksinlər və bu məsələni şouya çevirməsinlər. Bu məsələdə özlərinə reytinq qazanmaq fikrində olmasınlar. Bacarırlarsa, xalqa, millətə, dövlətə, dövlətçiliyə hər hansı bir xidmət göstərsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Elman Məmmədov.
E. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirəsini keçirdiyimiz bu məsələ bizim Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında da müzakirə edilib və Milli Məclisdə müzakirə üçün tövsiyə olunubdur. Azərbaycan “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına qoşulubdur. İndi də bu konvensiyaya dəyişikliklər və əlavələr edilməsi barədə Protokolun təsdiq olunması məsələsinə baxırıq. Yəqin ki, bunu Azərbaycan Respublikasının Protokola dair bəyanatı ilə birlikdə təsdiq edəcəyik. Mən komissiyada da fikrimi demişəm, burada da fikrimi bildirmək istəyirəm.
Hörmətli Sədr, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna xitam verilibdir. Yəni həmin tarixdən Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə “Dağlıq Qarabağ Muxtar Vilayəti” adında qurum yoxdur. Maraqlananlar baxa bilərlər. Bizə təqdim olunan bu sənəddə bir xəritə göstərilib. Həmin xəritədə Dağlıq Qarabağın ərazisi ayrı göstərilir. Bir çox kitablarda, xəritələrdə müxtəlif təşkilatlar tərəfindən hazırlanan sənədlərdə də belə göstərilir. Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində müstəqil rayonlar yaradılıbdır. Həmin tarixdən Xocalı rayonu, Xocavənd rayonu, 1992-ci ildə Ağdərə rayonu, Şuşa rayonu kimi ərazi vahidləri mövcuddur. Bunların göstərilməsi əvəzinə biz səhvən “Dağlıq Qarabağ Muxtar Vilayəti” adını işlədirik. Mənə belə gəlir ki, buna diqqət yetirmək lazımdır.
İkinci məsələ. “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyası, hörmətli Siyavuş müəllimin də qeyd etdiyi kimi, “Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında” Avropa Konvensiyası və terrorizmlə bağlı müxtəlif konvensiyalar var ki, Azərbaycan və dünyanın bir sıra dövlətləri bu konvensiyalara qoşulublar. Ancaq bu konvensiyaları qəbul edən dövlətlər əməldə başqa cür hərəkət edirlər.
2001-ci ildə Amerikada törədilmiş terror hadisəsi ilə əlaqədar mərhum ümummilli liderimiz birmənalı olaraq dünyanın birinci dövlətləri sırasında bəyan etdi ki, Azərbaycan bu məsələdə Amerikanın yanındadır. Ancaq indi görək, terrorizmlə mübarizədə Amerika da Azərbaycanın yanındadır? Amerika terrorçuların, separatçıların, cinayətkarların Azərbaycan ərazisində qanunsuz yaratdıqları quruma hər il maliyyə yardımı göstərir. Bu qurumu yaradanlar Azərbaycana qarşı hərbi cinayət törədiblər, onlar terrorçudurlar, separatçıdırlar, cinayətkardırlar. Bu qurum Amerika və dünyanın bir sıra dövlətləri tərəfindən hər il mütəmadi olaraq maliyyələşdirilir. Bu, terrora kömək etmək deyilmi? Təbii ki, belədir.
Başqa bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Ermənistan başqa dövlətlərlə birlikdə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, ATƏT-in üzvüdür. Adını çəkdiyim bu beynəlxalq təşkilatlarda terrorizmlə mübarizə adı altında bir çox sənədlər qəbul olunubdur və onlar bəyan edirlər ki, biz terrorizmə qarşıyıq. Ancaq bu gün Ermənistan Respublikasına rəhbərlik edən şəxslər Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına qarşı 1988-ci ildən başlayaraq bu günə qədər terror aktları törətməklə məşğuldurlar. Bizim hüquq mühafizə orqanları, müvafiq orqanlar 1988-ci ildən 1994-cü ilə qədər Robert Köçəryanın, Serj Sarkisyanın, Ermənistan Müdafiə Nazirliyinin Baş qərargah rəisi Seyran Oqaryanın və başqalarının fəaliyyətini öyrənib, sənədlər hazırlayıb Avropa Şurasına, digər təşkilatlara göndərsinlər ki, onlar terrorçudurlar, hərbi canidirlər, cinayətkardırlar. Onların rəhbərlik etdikləri dövlətlər necə olur ki, belə təşkilatlara üzv olurlar?
Robert Köçəryan mənim dediklərimi özü də təsdiq etdi. Avropa Şurasının tribunasından dedi ki, mən fəxr edirəm ki, həmin döyüşlərdə bir komandir kimi iştirak etmişəm. Avropa Şurasının Ermənistana qarşı ciddi sanksiyalar qəbul etməsi üçün bu, kifayət deyildirmi? Ancaq qəbul etmədilər. Yəni biz terrorizmin qarşısının alınması haqqında danışırıq, konvensiyalara, müəyyən sənədlərə qoşuluruq, bu sənədləri qəbul edirik və sair. Bizimlə bərabər terrorçuların rəhbərlik etdikləri dövlət də bu yolu gedir. Ancaq dünya buna göz yumur.
Hörmətli Sədr, mən Xocalı ilə bağlı deputat həmkarlarımın dedikləri fikrə qayıtmaq istəyirəm. Artıq Xocalı ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi və başqa təşkilatlar siyasi əhəmiyyəti olan kifayət qədər hüquqi sənədlər qəbul ediblər. Yəni qərarlar, bəyanatlar, müraciətlər və müxtəlif adlı sənədlər qəbul olunubdur. Məlumat üçün demək istəyirəm ki, son 2 il ərzində Azərbaycan Respublikasının Prokurorluğu, Hərbi Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əlavə olaraq istintaq aparılıb. İstintaq hərəkətləri nəticəsində 2 min nəfərdən çox Xocalı sakini dindirilib, onların izahatları alınıb. Onların əksəriyyəti əsirlikdə olmuş şəxslərdir. Bu şəxslər izahatlarında birmənalı olaraq Robert Köçəryanın adını çəkiblər. Onlara işgəncə verənlərin adlarını göstəriblər. Azərbaycan Respublikasının Milli Məclisi kifayət qədər hüquqi sənədlər qəbul edib. İndi növbə Azərbaycanın müvafiq hüquq mühafizə orqanlarınındır. Həmin istintaq materialları nəticəsində müvafiq məhkəmə qərarları olmalıdır ki, bu qərarlar beynəlxalq məhkəmələrə və başqa instansiyalara göndərilsin.
Hörmətli Sədr, mən Milli Məclisin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Əgər biz Xocalıda soyqırımı hadisəsi törədildiyini, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı genosidin həyata keçirildiyini qəbul ediriksə, demək, Xocalı soyqırıma, genosidə məruz qalmış şəhərdir, rayondur. Belə olan halda mən xahiş edirəm, bir məsələ haqqında fikirləşək. Xocalı sakinlərinə soyqırıma, genosidə məruz qalmış şəxs statusu verilməsi haqqında fikirləşək. Eyni zamanda, Xocalı şəhərinə bu adın, statusun verilməsi haqqında fikirləşək. Xalqın başına gətirilən genosiddən ağır bir fəlakət yoxdur. Əgər biz 26 fevralı Xocalı faciəsi günü, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş genosid günü elan etmişiksə, bu haqda bizim qərarımız varsa, niyə həmin günü qeyri-iş günü hesab etməyək? Yəqin, burada bir çox yoldaşlar deyə bilərlər ki, qeyri-iş günü hesab olunan günlərimiz çoxdur. Ancaq soyqırımı, genosid günündən ağır bir günümüz varmı? Haqlı olaraq biz 20 yanvarı matəm günü, qeyri-iş günü hesab edirik. 31 martı da Azərbaycanlıların soyqırımı günü elan edirik. Mən təklif edirəm ki, 26 fevral Xocalı soyqırımı günü, genosid günü hesab olunsun. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən birinci növbədə hesab edirəm ki, Azərbaycanın bu cür mühüm sənədlərə qoşulması bizim beynəlxalq aləmdə antiterror əməliyyatlarına hərbi cəhətdən real töhfəmiz sayılır, eyni zamanda, terrorun əleyhinə olan hüquq sistemlərini yaratmaq və müvafiq hüquq məkanında olmaq üçün bizə əlavə imkanlar verir. Etiraf olunmalıdır ki, bu qanunlar hələ də bizim xeyrimizə işləmir. Biz MDB formatında da Rusiyanın hazırda rəhbərlik etdiyi antiterror mərkəzinin üzvüyük. Bu formatda da qanunvericilik aktları qəbul olunub. Bunlar da bizim yerimizə işləmir, baxmayaraq ki, həmin qurumun üzərinə vəzifələr qoyulur.
Amma, cənab Sədr, mən diqqətinizi bir məsələyə də cəlb etmək istəyirəm. Avropa Şurası ölkələrinin Belarusa münasibəti bəllidir. Bu, bilavasitə terrorla bağlı deyil, amma siyasi münasibətlər belə şəklə gəlib çatıb ki, Belarusun ayrı-ayrı dövlət, hökumət orqanlarının təmsilçilərini Avropaya buraxmırlar. Onlar bir sıra başqa ölkələrə və şəxslərə qarşı da bu münasibəti həyata keçirməkdədirlər. Onlar bu sənədi belə adlandırırlar: “qara siyahı”. Bu qara siyahımız hələ tərtib olunmayıb. Hamı ümumi şəkildə bu qara siyahılarda kimlərin ola biləcəyini qeyd edir. Bəli, bunun özü bir hüquqi akt kimi baş verməlidir.
Digər tərəfdən etiraf etməliyik ki, qara siyahının tərtib olunması həmin şəxslərin avtomatik Azərbaycana verilməsi imkanı yaratmır. Niyə? Ona görə ki, ermənilərin də buna bənzər bir siyahısı var. Ermənilər də Azərbaycanın müxtəlif yazıçısı və digər şəxslərini terrora yardım göstərməkdə ittiham edərək saxta siyahı yaradıblar. Azərbaycan bəzi şəxslərə qarşı müəyyən addımlar atmaq istəyərkən onların da əks tədbirləri işə düşür. Ona görə hesab edirəm ki, biz bu gün də həmin işlərimizi həyata keçirməliyik.
Burada mühüm məsələlərə toxunuldu. Cənab Sədr, bu gün Siz daha böyük ürəklə açıq müzakirələr üçün imkanlar açmısınız. Buna görə Sizə təşəkkür edirəm. Nəyi vurğulamaq istəyirəm? Dünya dövlətləri Azərbaycanın antiterror fəaliyyətinə töhfəsini qiymətləndirir, amma Azərbaycanın içərisində siyasi mübarizənin səviyyəsi o yerə çatıb ki, ölkə hakimiyyətində olan hər hansı şəxs və ya bütövlükdə iqtidar hansısa bir quruma yardım göstərməkdə ittiham olunur. Mən bu qüvvələri doğrudan-doğruya atdıqları addımların fərqində olmağa çağırıram. Məsələ bundadır ki, PKK ilə bağlı irəli sürülən dəlillər on illərdir ki, bizim mətbuatımızı bürüyüb. “PKK xəstəliyi” onların təfəkkürünü o qədər zədələyib ki, onlar ermənilərin həmin dəlilləri təkidlə Avropa Şurasına və yaxud Avropa qurumlarına çıxararaq Azərbaycanın üzərinə gələ biləcəklərinin fərqində deyildirlər.
Mən İnternet saytlarından bir informasiya əldə etmişəm. Həmin saytda “A 1+” Agentliyi informasiya yayır ki, Azərbaycan silahlı qüvvələrinin yüzə qədər nümayəndəsi, təmsilçisi, snayperlər, mexaniklər və təyyarəçilər PKK-ya qarşı əməliyyatda iştirak edirlər. Əlbəttə, belə hallar Azərbaycanın rəsmi qərarı ilə baş versəydi, mənfi qarşılanmazdı. İş bundadır ki, bunlar daha artıq dərəcədə Azərbaycanın əleyhinə informasiyalar kimi yayımlanmaqdadır. Mən hesab edirəm ki, on illərlə PKK mövzusunda danışanlar guya bu qurumun Azərbaycana və türk dünyasına təhlükəsinin qarşısına özlərini çıxarmaq istəyində olmayıblar. Daha çox Türkiyənin qəlbini oxşamaq, ondan müəyyən dəstək qazanmaq, xüsusilə ən təhlükəlisi bu hakimiyyətin milli mənşəyinə şübhə etmək istəyində bulunublar.
Biz hər zaman demişik ki, Azərbaycanın bütün türk dünyası ilə bağlı maraqlarını həyata keçirən məhz bu hakimiyyət olub. İndi Azərbaycan parlament təmsilçiləri Türkiyədə türk dünyasının ortaq parlamentinin formalaşdırılması üçün addımlar atmaqdadırlar. Azərbaycan Kıprız məsələsində ən ciddi dəstəyi verməkdədir. Azərbaycan türk dünyasının maraqlarının mərkəzinə çevrilməkdədir. Belə olan təqdirdə hansı xəstə təxəyyüllə bu ölkənin vətəndaşlarını və rəhbər şəxslərdən kimləri isə PKK-ya yardımda ittiham edirlər? Hər birimiz nəzərə gətirmək məcburiyyətindəyik ki, haradanıq və kimik? Azərbaycanda başqa bir xəstəlik üçün meydan açılır. Milli mənşəyinə görə insanlar bu şəkildə sorğu-sual edilsinlər, Azərbaycanda yeni ayrı-seçkilik və separatizm ocaqları yaradılsın?
Kürd millətinə mənsub hər bir vətəndaş artıq terrorçudur? Bu şəkildə düşüncələr ortalığa gəlməkdədir. Ümumiyyətlə, niyə PKK-ya yardım olunmalıdır, nədən, hansı marağa görə? İndiyə qədər bu səbəblər Türkiyə rəhbərliyinə məlum olsaydı, Azərbaycanın əleyhinə, Azərbaycan hakimiyyətinə müəyyən bir münasibətə səbəb olmazdımı? Olardı. Bunun özü sübut edir ki, bunlar hamısı uydurmadır, cəfəngiyatdır. Hesab edirəm ki, hörmətli Siyavuş müəllim bu barədə dəyərli fikirlər söylədi. Əslində, PKK-nın tanınması xarici təsir idarəsi tərəfindən, ölkə rəhbərinin bəyanatlarında və digər səviyyələrdə həyata keçirilib. Bunlar kifayət etmir? Sabah PKK terrorçu kimi tanınsa, avtomatik olaraq həmin qüvvələr qane olacaqlar ki, PKK təhlükəsi önlənildi, bununla da qurtardı? Xeyr, mən hesab edirəm ki, PKK məsələsi ümumi bir şirmadır. Təəssüflər ki, indi kürd amili ilə erməniləri də müəyyən səviyyədə birləşdirməyə nail oldular. Onlar Avropada fəaliyyət aparmaqdadırlar ki, türklər onlara qarşı genosid törədiblər. Mən demirəm, biz kürd amilindən ermənilərə qarşı istifadə edə bilərdik. Amma müəyyən səhv addımlar belə bir hala gətirib çıxarıb. Ona görə də bir çox rəy var ki, Türkiyə Qəndil dağlarındakı əməliyyatları ilə Aleksandr Makedonskinin nail ola bilmədiyi yüksəkliklərə guya nail olacaq. Bu əməliyyatlara 300 milyard dollara qədər vəsait xərclənir. Türkiyə iqtisadi cəhətdən zəif salınır, amma nəticədə Türkiyədəki, İraqdakı, İrandakı kürdlər içərisində nəyə isə hazırlıqlar gedir. Türkiyə bunu dərk edir, bilir ki, coğrafiyada nəsə baş verir. Söhbət bundan gedir ki, hətta İranın əleyhinə guya Amerikanın təmsilçiləri gəlirlər...
Sədrlik edən. Sənin sözünü kəsmək istəmirəm, bizdə onsuz da PKK-nın reklam agentləri çox idi, sən də qoşulursan həmin agentlərə.
Z. Orucov. Cənab Sədr, mən məcbur oldum. Keçən dəfə parlamentdə bu cür fikirlər səsləndi. Ona görə də qeyd eləmək istəyirəm ki, hətta İranın əleyhinə belə bir məsələ qoyulub. Yəni Amerikanın təmsilçiləri gəlib Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaqdadırlar. Bu, PKK əleyhinə, Cənubi Qafqazda, türk dünyasında onların əməllərini və fəaliyyətini dayandırmaq üçün deyil, daha çox İrana qarşı olan böyük bir siyasi plandır. Ona görə bu barədə danışanlar çox həssas bir problemin üzərində siyasi xal qazanmasınlar. Sağ olun.
Sədrlik edən. Mən hesab edirəm, bütün millət vəkilləri öz siyasi məsələlərimizlə məşğul olmalıdırlar. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən qısaca fikrimi bildirəcəyəm. Mən həmişə bu fikirdə olmuşam ki, hər hansı bir konvensiya müzakirə olunarkən millət vəkilləri, sadəcə, səs verməklə münasibətlərini bildirməlidirlər. Eyni zamanda, cənab Sədr, düşünürəm ki, bugünkü müzakirə həm mətbuatda, həm də parlamentdə bu qəbildən səslənmişdir. Fikirlərə nöqtə qoyulmalıdır, bunun sonu olmalıdır. Bu baxımdan təşəkkür edirəm ki, şərait yaratmısınız. Hər halda tərəflər fikirlərini bildirdilər.
Bəri başdan deyim ki, “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına dəyişikliklər və əlavələr barədə” Protokola qoşulmağımız çox mühüm addımdır. Ona görə ki, qoşulduğumuz bütün beynəlxalq konvensiyalar bizim milli qanunvericiliyin tərkib hissəsidir. Eyni zamanda, xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan bu protokola bir bəyanatla qoşulub. Azərbaycanın bu bəyanatının xüsusi siyasi əhəmiyyəti var. Azərbaycan bu sənədi imzalayarkən digər dövlətlərin də diqqətinə çatdırır ki, faktik olaraq Dağlıq Qarabağ işğal altındadır.
Mən burada, cənab Sədr, adı çəkilən ayrı-ayrı terror təşkilatları ilə bağlı yox, bütövlükdə bu məsələnin hər hansı hüquqi və yaxud siyasi nəticəyə gətirib-gətirməməsinə münasibət bildirmək istəyirəm. Mən həmkarlarımın fikri ilə tam razıyam ki, həm PKK, həm erməni terror təşkilatları, həm də digər terror təşkilatları ilə bağlı qanunun qəbul olunmasının heç bir hüquqi və siyasi nəticəsi yoxdur. Nə üçün? Burada Amerika Birləşmiş Ştatları bir neçə dəfə misal çəkildi. Sadəcə, Dövlət Departamentinin illik hesabatında hər hansı bir təşkilat terrorçu təşkilat kimi göstərilir. Nədir bunun hüquqi nəticəsi? Ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları, bilirsiniz, demokratiyanın inkişafı ilə bağlı dünyada bir çox maliyyə layihələri həyata keçirir və nəticədə maliyyə dəstəyi olan ölkə müəyyən iqtisadi sanksiyalara məruz qalır. Başqa heç bir nəticəsi yoxdur. Əgər biz bunu Azərbaycanda görmək istəyiriksə, Azərbaycan Ermənistanı bütün iqtisadi proseslərdən açıq şəkildə təcrid eləyib. Bunu gizləmirik, blokada şəraiti yaradılıb. Bundan başqa heç bir hüquqi nəticəsi yoxdur. Ona görə düşünürəm ki, bununla bağlı xüsusi bir qanunun qəbul edilməsinə ehtiyac yoxdur. Düzdür, millət vəkili Pənah Hüseyn qanunvericilik təşəbbüsü hüququndan istifadə edib, müvafiq komissiyaya layihə təqdim edib. Amma qeyd etmək istəyirəm ki, bunun nə hüquqi, nə də siyasi əhəmiyyəti var.
Azərbaycan, burada qeyd olundu, çoxlu sayda konvensiyalara qoşulub. Bu bizim qanunvericiliyin tərkib hissəsidir, həmin qanunlarla Azərbaycanda terrorizmi maliyyələşdirən, terrorizmlə məşğul olan istənilən şəxsi cinayət məsuliyyətinə cəlb etmək mümkündür. Qeyd edim ki, əgər 214-cü maddənin şərhini diqqətlə oxusalar, görərlər ki, əslində, terrorizmin maliyyələşməsini də ehtiva edir. Bununla yanaşı, cənab Sədr, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun bizim iş planındadır, bunun hazırlanmasını sürətləndirmək faydalı olardı. Bu qanunun qəbul olunması daha faydalı olardı. Onu da qeyd eləmək istəyirəm ki, mətbuatdan hakimiyyət nümayəndələrini hər hansı təşkilatla, PKK və digəri ilə əlaqələrdə suçlamaq yaraşmaz. Əgər, doğrudan da, müxalifət belə bir axtarışdadırsa, onda ünvanı səhv salıb, bunu öz aralarında axtarsınlar. Çox sağ olun.
Sədrlik edən. Mən də hesab edirəm ki, bu məsələni çox müzakirə elədik. Əli Əhmədova söz verim.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Hesab edirəm ki, təqdim olunan qanun layihəsinin geniş müzakirəyə ciddi ehtiyacı da yoxdur. Ən azından ona görə ki, bu, dövlətlər arasında imzalanmış bir konvensiyadır və Azərbaycanın parlamenti həmin konvensiyaya münasibətini səsvermə ilə bildirməklə, hesab edirəm, məsələni yekunlaşdıra bilər. Digər tərəfdən, Azərbaycanın parlamentində, güman edirəm, elə bir insan tapılmaz ki, Azərbaycanın bütün dünyada aparılan terrorizmə qarşı mübarizə kampaniyasına qoşulmasının əleyhinə çıxsın.
Mənim demək istədiyim fikir tamamilə başqa bir məsələ ilə bağlıdır. Sadəcə, terrorizm problemi ətrafında aparılan müzakirələrdən istifadə edərək Xocalı faciəsi ilə əlaqədar bir təklifimi və istəyimi parlamentin üzvlərinə və rəhbərliyinə çatdırmaq niyyətimi ifadə etmək istəyirəm. Bu da ondan ibarətdir ki, Azərbaycanın üzləşdiyi faciə ilə əlaqədar Azərbaycan hökuməti, iqtidarı, Azərbaycan parlamenti, ayrı-ayrı vətəndaşları Xocalı faciəsinin həqiqətlərini dünya birliyinə, dünya ictimaiyyətinə çatdırmaq istiqamətində səmərəli fəaliyyət göstəriblər, müəyyən nəticələr əldə olunub.
Bütün bunlarla yanaşı, eyni zamanda, hesab edirəm ki, bu faciəyə dünya miqyasında layiqincə qiymət verilməyib. Bunun mühüm göstəricisi də ondan ibarətdir ki, indiyə qədər Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilən əraziləri işğaldan azad olunmayıb. Nə qədər ki bu hal mövcuddur, biz öz təbliğatımızda ermənilərin Azərbaycana qarşı təcavüzünün bütün çılpaqlığını dünya birliyinə və ictimaiyyətinə çatdırmaq istiqamətində səylərimizi nəinki davam etdirməliyik, artıq gücləndirməliyik. Bu mənada mən hesab edirəm ki, Xocalı faciəsi gününün yaxınlaşdığı ərəfədə Azərbaycanın parlamenti nüfuzundan və imkanlarından istifadə edərək, Azərbaycanın həm Xarici İşlər Nazirliyi, həm də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi qarşısında Xocalı faciəsinin baş verdiyi 26 fevralın “Təcavüz qurbanları günü kimi” qeyd olunması ilə bağlı məsələ qaldırsın. Birləşmiş Millətlər Təşkilatının praktikasında belə ənənə var. Ayrı-ayrı ya əlamətdar hadisələr, ya da faciələr Beynəlxalq Millətlər Təşkilatı tərəfindən dünya miqyasında qeyd edilən günlər kimi təsbit olunur.
Mən hesab edirəm ki, Xocalı faciəsi Birləşmiş Millətlər Təşkilatı yaranandan sonra dünya miqyasında müşahidə edilən ən dəhşətli faciələrdən biridir. Nəinki əhalisi, sakinləri tamamilə qətlə yetirilib, şəhər tamamilə yer üzündən silinib. Belə bir addımın atılması, güman edirəm ki, həm də ən azından lazımdır, dünyada təcavüzə, təcavüzkarlığa qarşı dünya ictimaiyyətinin səylərinin birləşdirilməsinə təkan verə bilərdi, bu işə köməkliyini göstərə bilərdi. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanın Milli Məclisi də bu günü “təcavüz qurbanları günü” kimi qeyd edə bilər. Beləliklə də, dünya birliyinin bu istiqamətdə səylərinin birləşdirilməsinə, təcavüzə və təcavüzkarlığa qarşı dünya birliyinin daha səmərəli şəkildə fəaliyyət göstərməsinə öz töhfəsini verə bilərdi. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, protokola münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Əli Hüseynov buyursun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, son dövrdə məhkəmə-hüquq sahəsində islahatlar həyata keçirilmişdir. Bu islahatlar nəticəsində bir sıra yeni məhkəmə orqanları, o cümlədən Naxçıvan Muxtar Respublikasında Ağır cinayətlərə dair işlər üzrə məhkəmə və ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə formalaşdırılmışdır. Bu gün müzakirəyə çıxarılmış dəyişiklik hakimlərin maaşı ilə bağlıdır. Müvafiq maddədə bu məhkəmələrin adları qeyd edilməlidir ki, təsnifata uyğun olaraq həmin məhkəmələrin sədrləri və müavinləri müvafiq maaşla təmin olunsunlar. Texniki dəyişiklikdir, amma maddi təminat baxımından əhəmiyyətlidir. Ona görə millət vəkillərindən bu layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu dəyişikliklə əlaqədar həmin təsnifata Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin də əlavə olunmasının əleyhinə deyiləm. Hesab edirəm ki, bu, zəruri bir dəyişiklikdir. Həmin məsələ xatırlandığına və son günlər bu istiqamətdə mənə xeyli müraciətlər edildiyinə, bilavasitə bu işlə məşğul olduğuma görə qısaca bir neçə kəlməni ifadə etmək istəyirəm.
Sədrlik edən. Hansı mövzudan danışırsınız?
P. Hüseyn. Məsələ Naxçıvan Muxtar Respublikasının məhkəmələri sırasına hərbi məhkəmənin əlavə olunması mövzusuna aiddir. Mən hərbi məhkəmə haqqında fikrimi demək istəyirəm. Mən 1957-ci ildənəm, məndən gənclər də, yaşlılar da var. İnsanlar kənddən heç rus dilini, başqa dili bilmədən keçmiş SSRİ-nin ən uzaq ölkələrinə hərbi xidmətə gedirdilər. Xatırlamıram ki, mənim yaşadığım 50 il ərzində, məsələn, bizim Qaraqaşlı kəndindən bir nəfər də məhkum olunub gəlsin, yaxud onun haqqında cinayət işi qaldırılsın. Bütövlükdə Sabirabad rayonu üzrə eşidilməmiş hal idi.
Mən orduda dəmir intizamın yaradılmasına tərəfdaram. Həqiqətən də, Azərbaycan ordusunda “dedovşina” deyilən məsələnin ənənələrinin aradan qaldırılması müsbət haldır. Biz prokurorluq və hərbi məhkəmə işçilərinin bu işdəki fəaliyyətinin də təsirinin olduğunu qəbul edirik. Lakin, hörmətli Sədr, son dövrdə həddindən artıq gənc əsgərlərin, o cümlədən zabitlərin də hərbi məhkəmələr vasitəsi ilə məhkum olunması və yaxud da hərbi prokurorluq tərəfindən onlar haqqında cinayət işinin qaldırılması məsələsi çoxalmışdır. Mən arzu edirəm ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi bu sahədə dövlətin təhlükəsizliyinin mənafeyinə uyğun qanunamüvafiq fəaliyyət göstərsin. Amma həmin orqanların, o cümlədən hərbi məhkəmə orqanlarının, hərbi prokurorluğun diqqətini bu məsələdə yaranmış çox ciddi narahatlığımıza cəlb etmək istəyirəm. Konkret məsələlər barədə hərbi prokurorluğun və hərbi məhkəmənin rəhbərliyinə, Məhkəmə Hüquq Şurasına arayış hazırlayacağam, müraciət edəcəyəm. Söz verdiyinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B. Əliyev. Çox sağ olun, cənab Sədr. Bu dəyişiklik normal qəbul olunmalıdır. Mənim hakimiyyətin qolları ilə bağlı ümumi bir fikrim var. Burada, maddənin ikinci abzasında Ali Məhkəmə sədrinin maaşı konkret rəqəmlə göstərilir. Təklif edirəm ki, gələcəkdə bu məsələyə baxılsın. Qanundan konkret məbləğin, maaşın həcminin göstərilməsi məsələsi çıxarılsın, onun başqa bir ekvivalentlə əvəz olunması daha məqsədəuyğun olardı. Mənim təklifim bundan ibarətdir.
Sədrlik edən. Xahiş edirəm, layihəyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqındadır. Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsini rəhbər tutaraq cənab Prezident tərəfindən Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında qanun layihəsi Milli Məclisə təqdim olunub. Hesab edirəm ki, qanun layihəsi özlüyündə böyük olmasa da, böyük əhəmiyyət kəsb edir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bayraq dövlət müstəqilliyinin, suverenliyin ən əsas rəmzlərindən biridir və müqəddəs ziyarətgah kimi ən yüksək ehtirama layiqdir. Onun dəyəri nəinki ölkə daxilində, həmçinin onun hüdudlarından kənarda da müdafiə olunmalıdır. Bayrağın asılma və qaldırılma qaydaları müxtəlif ölkələrdə müxtəlif cürdür. Lakin bu qaydalar əksər inkişaf etmiş ölkələrdə qanunla tənzimlənir. Bu baxımdan Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında qanun layihəsi vacib və əhəmiyyətli məsələdir. Hazırda Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, beynəlxalq əlaqələri gündən-günə genişlənir. Azərbaycanın bu cür inkişafı həm də xarici dövlətlərlə əlaqələrin genişləndirilməsi deməkdir. Bu gün cəmiyyətdə Dövlət bayrağına münasibət ən vacib məsələlərdən birinə çevrilir.
Azərbaycan Respublikası dövlət rəmzlərinin hüquqi statusu, istifadə olunma qaydası və digər məsələlər qüvvədə olan ayrıca qanunla tənzimlənir. Sevindirici haldır ki, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun 8 iyun 2004-cü ildə qəbul edilmişdir və həmin Qanunun qəbulu Azərbaycan Respublikası bayrağına olan münasibəti daha da yüksək səviyyəyə çatdırmışdır.
Demək lazımdır ki, dövlət rəmzlərinə göstərilən böyük diqqətin bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət bayrağı meydanının yaradılması haqqında 17 noyabr 2007-ci il tarixli sərəncamı xüsusi qeyd olunmalıdır. Bu sərəncama əsasən Bayıl qəsəbəsində 2 min 450 kvadrat metr sahəsi olan meydanda, demək olar ki, Bakının hər tərəfindən görünə biləcək bayraq ucaldılacaq. Bundan başqa, dənizkənarı parkda, şəhərimizin ən mənzərəli və nəzərə çarpacaq yerlərində, o cümlədən Azadlıq meydanında Dövlət bayrağının yüksəldilməsi hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır.
Lakin “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun mövcud olduğu halda Azərbaycanda xarici ölkələrin və beynəlxalq təşkilatların bayraqlarının yerləşdirilməsi, asılması və qaldırılması ilə bağlı tənzimləmə mexanizmi mövcud deyil. Bizim müşahidəmiz və inkişaf etmiş xarici ölkələrin dövlət bayraqlarının istifadə qaydaları haqqında qanunların təhlili göstərir ki, dövlət rəmzlərinin, xüsusi ilə bayraqların yerləşdirilməsi, asılması, qaldırılması kimi tənzimləmə mexanizmi başqa ölkələrdə mövcuddur. Məsələn, 18 aprel 1961-ci il tarixdə Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası, Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən Fransada, Macarıstanda, həmçinin Amerika Birləşmiş Ştatlarında bayrağın müdafiəsi ilə bağlı xüsusi aktlar qəbul edilib. Çoxlu misal çəkmək mümkündür.
Müxtəlif ölkələrin bu sahədə təcrübəsini və Azərbaycan bayrağının müqəddəs ziyarətgah kimi ən yüksək ehtirama layiq olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında qanun layihəsinin zəruriliyini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qanun layihəsini imzalayaraq Milli Məclisin müzakirəsinə göndərməsi də təqdirəlayiq haldır. Hazırda Azərbaycanda, xüsusilə paytaxtda hər hansı bir dövlətin milli atributlarını görmək mümkündür. Qeyd etmək lazımdır ki, bu gün onların yerləşdirilməsi və qaldırılması heç bir hüquqi sənədlə tənzimlənmir. Dövlət bayraqları istənilən yerdə, bəzən bayrağa layiq olmayan yerdə yerləşdirilir. Biz bu qanun layihəsinə baxsaq görərik ki, layihənin 1-ci bəndi aşağıdakı sözlərlə başlayır: “Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmətlə yanaşmalıdırlar”. Bu özlüyündə vacib məsələdir.
Bu gün Bakıda fəaliyyət göstərən müxtəlif yerli və xarici şirkətlər xarici dövlətlərin bayraqlarını öz ofislərinin, binalarının üzərində yerləşdirirlər, qaldırırlar. Lakin beynəlxalq sazişlərə, Diplomatik münasibətlər haqqında 18 aprel 1961-ci ildə qəbul edilmiş Vyana Konvensiyasına, o cümlədən bizim müzakirə etdiyimiz qanun layihəsinə əsasən dövlət bayraqlarının yerləşdirilməsi, asılması və onların qaldırılmalı olduğu yerlər aydın göstərilməlidir. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır.
Mən hörmətli millət vəkillərinə bir misal çəkmək istəyirəm. Biz beynəlxalq təşkilatlardan danışırıq. 2001-ci ildə Azərbaycan Avropa Şurasında öz bayrağını yüksəltdi. Bu hər bir azərbaycanlı üçün çox böyük və qürurlu bir hadisə idi. Təbii ki, bayraq ucaldılandan sonra biz orada qərargah götürdük və həmin qərargahın üzərində öz bayrağımızı asmaq istəsək də, bizə icazə vermədilər. Azərbaycan bayrağının Avropa Şurasının qarşısında dalğalanmasına baxmayaraq, bizə dedilər ki, xüsusi normativ sənədləri təqdim etmədən, meriyadan xüsusi icazə almadan, qərargahı qeydiyyatdan keçirmədən heç bir xarici dövlətin, o cümlədən Sizin də bayrağınızı asmağa icazə verilmir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında qanun layihəsi “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun məntiqi davamıdır. Bu çox vacib məsələdir. Yəni bu qanun layihəsi Azərbaycan bayrağı ilə əlaqədar 2004-cü ildə qəbul etdiyimiz Qanunun məntiqi davamıdır.
Hörmətli millət vəkilləri, qanun layihəsi 6 maddədən ibarətdir. Dediyim kimi, 1-ci maddədə xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmət göstərilməsi və bununla bağlı vəzifələr müəyyən edilir. Qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmətlə yanaşmalıdır. 2-ci maddədə konkret olaraq Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırıldığı yerlər göstərilir. Birincisi, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, həmçinin xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının başçılarının iqamətgahları üzərində, ikincisi, xarici dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri zamanı protokol qaydalarına uyğun olaraq müəyyən edilmiş yerlərdə, üçüncüsü, Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanlarında dayanarkən gəmilərdə, dördüncüsü, Azərbaycan Respublikasında keçirilən beynəlxalq səviyyəli tədbirlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları qaldırıla bilər.
Qanun layihəsinin 3-cü maddəsində Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının yerləşdirildiyi yerlər göstərilir. Əsasən xarici dövlətlərin diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin iş otaqlarında, habelə Azərbaycan Respublikasına səfər edən xarici dövlətlərin dövlət başçısının, dövlət nümayəndə heyəti rəhbərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin nəqliyyat vasitələrinin üzərində bayraqlar yerləşdirilə bilər. 4-cü maddədə Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsinə dair məhdudiyyətlər qeyd olunur.
Millət vəkillərinin diqqətini qanun layihəsində çox vacib bir məqama cəlb etmək istəyirəm. Qanun layihəsində, habelə beynəlxalq hüquq normalarında və diplomatik protokol qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının Azərbaycan Respublikasında qaldırılması və ya yerləşdirilməsi qadağandır. Bir də təkrar etmək istəyirəm, beynəlxalq hüquq normalarında və diplomatik protokol qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla! Bu o deməkdir ki, bu qanun layihəsi heç bir beynəlxalq sazişə zidd deyil, əksinə, onların məntiqi davamıdır. 5-ci maddədə bu qanunun tələblərini pozan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi müəyyən edilir.
Hörmətli millət vəkilləri, bu qanun layihəsi heç bir hüquqi normaya, heç bir beynəlxalq sazişə zidd deyil. Əksinə, Azərbaycan Respublikasının Dövlət bayrağı ilə bağlı Qanunun məntiqi davamıdır və Azərbaycan Respublikasının Dövlət bayrağını daha da yüksək zirvəyə qaldırır. Sözügedən qanun layihəsi həddindən artıq aktualdır, komissiyamızda müzakirə edilərək yüksək qiymətləndirilib və onun qəbulu Azərbaycan Respublikasının dövlət rəmzlərini daha da yüksək səviyyəyə qaldıracaq. Ona görə də hörmətli millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aynur Quliyevanın sualı var, buyurun.
A. Quliyeva. Təşəkkür edirəm, cənab Sədr. Mənim bu qanun layihəsi ilə bağlı hörmətli Səməd müəllimə bir neçə sualım var. Birinci sualım bundan ibarətdir ki, 2-ci maddədə Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırıldığı yerlər göstərilir. Yəni Azərbaycan Respublikasında keçirilən beynəlxalq səviyyəli tədbirlərdə xarici dövlətlərin bayraqları qaldırıla bilər. Bəs xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların maliyyəsi əsasında Azərbaycanda keçirilən tədbirlərdə həmin bayraqlar qaldırıla bilərmi? İkinci sualım ondan ibarətdir ki, əgər Azərbaycan vətəndaşına hansısa bir ölkənin bayrağı hədiyyə olunubsa, həmin bayraqla o necə rəftar edə bilər? Məsələn, öz iş otağından həmin bayrağı asa bilərmi? Üçüncüsü, hər kəsə məlumdur ki, indi Azərbaycanda, əsasən, özəl sektorda çalışan bir çox insan öz iş otağında Azərbaycan bayrağı ilə yanaşı Türkiyə Respublikasının bayrağını da yerləşdirir. Onlar bununla qanunu pozurlarmı? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yəqin, bu suallara Səməd müəllim cavab verəcək. Amma mən də hesab edirəm ki, bu qanun qəbul edildikdən sonra Azərbaycanda xarici təşkilatların maliyyə dəstəyi ilə keçirilən tədbirlərdə bayraq asmaq məsələsi aradan qaldırılacaq. Tutaq ki, kiçik bir dükan açıb, birgə müəssisə yaradıb və öz ölkəsinin bayrağını asır. Bu məsələlər kənarda qalacaq. Dövlət protokolu var, qanun qəbul ediləcək, Azərbaycan bayrağı olmalıdır. Diplomatik sazişlərlə əlaqədar müəyyən olunmuş yerlərdə bayraqlar asılacaq. Mən səhv etmirəmsə, birinci sualınıza belə cavab vermək olar. Yerdə qalan sualları da Səməd müəllim cavablandırar. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Doğrudan da, çox aktual bir qanun layihəsidir və Səməd müəllimə də təşəkkür edirəm ki, bu qanun layihəsinin çox gözəl bir təqdimatını keçirdi. Mən deputat həmkarlarımı səs verməyə çağırıram. Amma bir neçə əlavəm olacaq. Bu çox vacib şərtdir və qanun layihəsinin adı ilə bağlıdır. Mən hesab edirəm ki, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının və gerblərinin istifadəsi qaydaları müəyyənləşdirilməlidir. Digər dövlət atributlarından da istifadə olunur və bu istifadə qaydalarına nəzarət olunmalıdır.
Hörmətli Sədr, bunu deməyə mənim əsasım var. Mən bir çox səfirliklərdə görmüşəm ki, həmin səfirliklərin qarşısında “Azərbaycan” sözünü bilərəkdən yazmırlar. Məsələn, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında yazılıb: “İran İslam Respublikasının səfirliyi”. Yaxud bir sıra səfirliklər var ki, göstərilmir. Bu dəqiq bir protokol normasıdır və göstərilməlidir. Əgər göstərmirlərsə, mən hesab edirəm ki, qanun layihəsinə belə bir əlavə olunmalıdır. Mənim ölkəmə hörmət etməyən hər hansı bir səfirlik bu barədə ciddi düşünməlidir və layihədə bu məsələ göstərilməlidir. Burada başqa səfirliklər də var. Mən hesab edirəm ki, bunlar qanun layihəsinə əlavə olunmalıdır. Yəqin ki, Səməd müəllim gələcəkdə bunu təmin edər.
İkincisi, çox düzgündür ki, bayraqların haradan asılması dəqiq şəkildə göstərilir. Bir də görürsən ki, 3 adamı bir mitinqə yığırlar və piket keçirəndə 50 dövlətin bayrağını çıxarırlar. Həmin dövlətin Azərbaycanın ərazisindəki mitinqə nə dəxli var? Biz görmüşük, məsələn, Ukraynada və ya Gürcüstanda Buş prospekti var. Bizimkilər də onlardan öyrəniblər. Amerika Birləşmiş Ştatlarının bayrağından və ya ayrı-ayrı ölkələrin bayraqlarından mitinqlərdə istifadə edirlər. Bu, qanunazidd bir haldır və təşəkkür edirəm ki, layihədə bunlar göstərilibdir. Mitinq keçirirsənsə, öz bayrağını göstər və ya öz şüarını çıxar. Başqa dövlətin və ya başqa dövlətlərin bayraqlarının bura nə aidiyyəti var?
Oqtay müəllim, Siz mağazalarda, dükanlarda bayraq asılmasını qeyd etdiniz. Bəzən bir mehmanxananın qarşısında 6 dövlətin bayrağını asırlar. Bunun məsələyə nə aidiyyəti var? Ola bilər ki, onu işlədən sahibkar xarici ölkənin vətəndaşıdır. Amma ona haqq verilmir ki, vətəndaşı olduğu ölkənin bayrağını assın. Ona görə də mən hesab edirəm ki, aidiyyəti orqanlarla razılaşdırılmış şəkildə bu əlavələri də eləmək olar. Doğrudan da, çox vacib və zəruri qanundur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev, buyurun.
A. Şahverdiyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də hesab edirəm ki, günün tələblərinə uyğun bir qanun layihəsi bizə təqdim olunub və yəqin, ki, müzakirələrin sonunda onu qəbul edəcəyik. Həqiqətən də, bayraq dövlətin rəmzidir, ən vacib dövlət atributlarından biridir və bayrağın yerləşdirilməsi, qaldırılması, endirilməsi müəyyən proseslərlə başa çatmalıdır. Əvvəlcədən hörmətli Səməd müəllimə və komissiya üzvlərinə minnətdarlığımı bildirirəm ki, ortalığa belə bir qanun layihəsi çıxarıblar.
Mənim bir təklifim var. Mənə elə gəlir ki, 3-cü və qismən 2-ci maddədə mühüm bir məqam buraxılıb. Mən hesab edirəm ki, bayraqların yerləşdiyi yerlərə idman sahələri də aid olmalıdır. Bilirsiniz ki, Azərbaycan Respublikasında az qala hər həftə beynəlxalq turnirlər, yarışlar keçirilir və idman sarayında da həmin dövlətlərin iştirakçılarının, qaliblərin bayraqları qaldırılır, dövlət himnləri çalınır. Mən qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydındır, indi bu suala cavab veriləcək. Elmira Axundova, sualınız var? Buyurun.
E. Axundova. Mən də bu qanun layihəsini çox yüksək qiymətləndirir, hətta bir az gecikmiş hesab edirəm. Mütləq onu qəbul etməliyik. Bir sualım var. Doğrudan da, Siyavuş Novruzov haqlı olaraq deyir ki, nəyə görə biz ancaq xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında qanun qəbul edirik? Yaxşı, bunun himni var, harada gəldi səsləndirirlər. Onların gerbləri var və sair. Bəlkə biz layihəni daha geniş şəkildə işləyək və Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bütün atributlarını və dövlət rəmzlərini əhatə edək. Bir dənə bayraq deyil, axı. Nəyə görə biz məhz bayraqların istifadəsi haqqında qanun qəbul edirik, başqa atributları isə kənarda qoyuruq? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən səhv etmirəmsə, başqa dövlətlərin himnləri yalnız diplomatik missiyalarda, bayramlarda səsləndirilir. İkitərəfli danışıqlara görə bu, mümkün məsələdir. Başqa yerlərdə, məsələn, küçədə hansısa bir ölkənin himnini eşitməmişik. Tutaq ki, telefona himn yazıb, onu tutmaq lazımdır? Məjlum Şükürov, buyurun.
M. Şükürov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mən də bu qanun layihəsini vacib və aktual hesab edirəm. Həqiqətən də, komissiya sədri qanun layihəsinin aktuallığı haqqında çox ətraflı şərh verdi. Mən hesab edirəm ki, xarici dövlətlərin bayraqlarının qaldırılması, habelə Azərbaycan bayrağının onlarla birgə istifadəsi qaydaları çox vacibdir.
Diqqətinizi cəlb etmək istədiyim məsələ qanun layihəsinin ikinci maddəsi ilə bağlıdır. Qanunu layihəsinin 2-ci maddəsində göstərilir: “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq aşağıdakı yerlərdə qaldırıla bilər”. Səməd müəllim özü də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunu xatırlatdı. Orada 2-ci və 8-ci maddələrdə Azərbaycanın Dövlət bayrağının başqa dövlətlərin bayraqları ilə birgə istifadə hallarının tənzimlənməsi şərh olunur. Səməd müəllim, o baxımdan mən hesab edirəm ki, indiki qanun layihəsinin 2-ci maddəsində məhz həmin Qanun xatırlanmalıdır. Məncə, 2-ci maddədə “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına” sözlərindən sonra əlavə olunmalıdır: “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanuna uyğun olaraq aşağıdakı yerlərdə qoyula bilər”. Məhz belə bir hal mümkündür.
Bilirsiniz, xarici gəmilər Azərbaycan sularında üzərkən və ya Azərbaycan limanlarında yerləşərkən belə bir ənənə var ki, hər iki dövlətin bayrağı eyni zamanda qaldırılsın. Bu qanun layihəsində onların necə yerləşdirilməsi, habelə bizim dövlətimizin bayrağının xarici dövlətin bayrağından əvvəl gəlməsi qeyd olunmalıdır. Mənə elə gəlir ki, bu qanun vasitəsi ilə dövlətimizin bayrağı ilə birgə xarici dövlətlərin bayraqlarının istifadəsi qaydaları tənzimlənməlidir.
Burada Dövlət bayrağımıza münasibət və Prezidentimizin Dövlət bayrağı meydanı haqqındakı fərmanı çox düzgün qeyd olundu. Mən hesab edirəm ki, dövlətimizin inkişafı ilə, xalqımızın həyat səviyyəsinin yüksəlməsi ilə əlaqədar dövlət rəmzlərimiz də, bayrağımız da öz möhtəşəmliyini artırır. Dövlət bayrağı gənc nəsildə, yeniyetmə nəsildə vətənpərvərlik ruhunu, dövlətə məhəbbət ruhunu, torpağa məhəbbət ruhunu aşılayan ən yaxşı təbliğat vasitəsidir.
Yenə də mən diqqətinizi “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanuna cəlb etmək istəyirəm. Həmin qanunun 2-ci maddəsində Azərbaycanın Dövlət bayrağının harada yerləşdirilməsi təsbit olunub. Orada göstərilir ki, mərkəzi icra strukturlarının binalarının üstündə Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilməlidir. Çox təəssüf ki, əgər fikir versəniz, şəhərimizdə mərkəzi icra strukturlarının binalarının çoxunda bizim Dövlət bayrağımız dalğalanmır. Mən hesab edirəm ki, buna da diqqət yetirmək lazımdır və Dövlət bayrağımızın, necə deyərlər, coğrafiyası da genişlənməlidir. Qanunun 2-ci maddəsində göstərildiyi kimi, rayon yerlərində yerli icra hakimiyyətinin binaları üstündə bizim Dövlət bayrağımız dalğalanmalıdır. Əgər fikir vermisinizsə, kənd yerlərinin çoxunda icra başçılarının nümayəndələrinin binasının qarşısında, təəssüf ki, bizim Dövlət bayrağımız ucaldılmır. Hesab edirəm ki, buna da fikir vermək lazımdır.
Bilirsiniz ki, Dövlət bayrağının təbliği, yerləşdirilməsi müəyyən əlavə maliyyə xərcləri tələb edir. Mənim belə bir təklifim də var. Bilmirəm, nə dərəcədə qəbul oluna bilər. Hesab edirəm ki, bizim dövlətimizin imici, regiondakı nüfuzu, dünyadakı önəmi o dərəcədədir ki, həqiqətən də, Dövlət bayrağımızı hər yerdə təbliğ etməyə haqq verir. Bilirsiniz ki, ölkəmizdə üç mobil telefon operatoru fəaliyyət göstərir. Ölkədə hündürlüyü 20 metrdən çox 400-ə yaxın qüllə var. Təklif edərdim ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müqavilə bağlasın və hər qüllədə bir Dövlət bayrağı ucaldılsın. Mən öyrənmişəm ki, texniki baxımdan bu məsələ onlara maneə törətməz. Bu isə, həqiqətən də, Dövlət bayrağımızın ucalmasına, təbliğinə xidmət edərdi. Diqqətinizə görə təşəkkür edirəm. Mən də bu qanun layihəsinin qəbuluna səs verəcəyəm və həmkarlarımı da buna səsləyirəm. Sağ olun.
Sədrlik edən. Hörmətli Məjlum müəllim, Dövlət bayrağını televiziya antenasının üstünə qoymaq olmaz. İndi Dövlət bayrağı elə yerdə qoyulacaq ki, Azərbaycanın hər yerindən görünsün. Ancaq antenanın üstünə Dövlət bayrağını qoymaq olmaz. Əgər etiraz yoxdursa, səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təzə yer göstərəcəksən, Pənah bəy? Buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ürəyin doludur, danış, təkzib elə, görək, nə deyirsən?
P. Hüseyn. Çox təşəkkür eləyirəm. Qanun layihəsinin qəbul olunması lazımdır, konsepsiyası doğrudur. Yəni bu barədə başqa fikir yoxdur. Lakin burada 3-cü və 4-cü maddələrdə həddindən artıq məhdudiyyət var. Məsələn, hamıya məlum olan bir faktı göstərək. Azərbaycanın futbol üzrə yığma komandası bir müvəffəqiyyət qazananda, yaxud başqa bir dost ölkənin – Türkiyənin komandası uğur qazananda azarkeşlər maşınlarda bayraq qaldırır, onlarla həmrəyliyini, dostluğunu ifadə eləyirlər. İkincisi, deyək ki, ictimai təşkilatlar hansısa bir qardaş, dost ölkə ilə, yaxud təcavüzə məruz qalmış bir ölkə ilə həmrəylik mitinqi keçirir. Niyə onun bayrağını qaldıra bilməsin? Üçüncüsü, mən evimdə və ya iş otağımda niyə özümə dost saydığım dövlətin, məsələn, Türkiyə dövlətinin, – Aynur xanım bu məsələyə toxundu, – bayrağını yerləşdirə bilməyim? Burada protokol qaydaları və beynəlxalq hüquq normaları ümumi şəkildə xatırlanıb. Məncə, evdə bayraq yerləşdirilməsi, yaxud futbol komandasının uğurundan sonra küçədə və ya həmrəylik mitinqində bayraq qaldırılması məsələsi tənzimlənməyibdir.
Hörmətli Oqtay müəllim, hələ 1988-ci il mitinqlərində sovet dövründə Azadlıq meydanında Türkiyənin bayrağı qaldırılmışdı. Heç sovet hökuməti ona qadağa qoymamışdı, amma biz bu qanunla qadağa gətirə bilərik. Mən təkrar edirəm, ümumən, qanun layihəsinin konsepsiyasını, qəbul edilməsinin zəruriliyini qəbul edirəm. Amma mənə elə gəlir ki, burada həddindən artıq məhdudiyyətlər var və bu məsələlərə izahat gətirilməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Mən də hesab eləyirəm ki, bu qanun layihəsini indi qəbul edə bilərik. Səməd müəllimə suallar olub. Etiraz eləmirsinizsə, Səməd müəllim bəzi suallara cavab versin, sonra səsə qoyaq. Məncə, birinci oxunuşda birdəfəlik bu qanun layihəsini biz qəbul edə bilərik. Buyurun, Səməd müəllim.
S. Seyidov. Çox sağ olun, Oqtay müəllim. Mən bütün millət vəkillərinə minnətdaram. Qanun layihəsi vaxtında təqdim olunub və bir də qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidentinin bu təşəbbüsü təqdirəlayiq və vacib məsələdir.
Millət vəkilləri burada bəzi məsələlər qaldırdılar. Mən çalışaram ki, onlara qısa şəkildə cavab verim. Aynur xanım üç sual verdi. Onlardan birinə – şirkətlərlə bağlı suala Oqtay müəllim tamamilə düzgün cavab verdi. Bəzi şirkətlər Azərbaycanda öz dövlətlərinin bayraqlarını qaldırırlar. Nəzərə almaq lazımdır ki, hər bir şirkətin öz bayrağı mövcuddur və onun öz bayrağını qaldırması bu layihədə əhatə olunmur. Burada yalnız dövlətlərin bayraqlarının yüksəldilməsinə, yerləşdirilməsinə aydınlıq gətirilir. Ona görə də şirkətin bayrağı ilə dövlət bayrağı anlayışını səhv salmaq lazım deyil. Misal üçün, şəhərdə biz hansısa şirkəti görürüksə, həmin şirkət öz bayrağını, hansısa simvollarını yox, dövlətlərin bayraqlarını qaldırırlar. Bu isə qanunla qadağan olunacaq və hesab eləyirəm ki, tamamilə düzgündür. Azərbaycan bayrağına hörmət olmalıdır və Azərbaycan bayrağının respublikanın ərazisində üstünlüyü birmənalı olmalıdır.
İkincisi, biz Tükiyə, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Rusiya ilə, bütün ölkələrlə dostluq münasibətləri qurmağa çalışırıq. Ancaq Azərbaycanın Dövlət bayrağı ilə bağlı məsələ bu qanun layihəsinin ana xəttini təşkil edir. Azərbaycan bayrağına hörmət, hörmət və yenə də hörmət! Bu, müqəddəs bir məsələdir və hər bir Azərbaycan vətəndaşının borcudur. Bu məsələ başqa cür təhlil oluna bilməz.
Siyavuş müəllimin və Elmira xanımın suallarında həm oxşarlıq, həm də məntiq var. Ancaq beynəlxalq təcrübəni təhlil edəndə görürük ki, əsas məsələ bayraqların qaldırılması məsələsidir. Gözəçarpan və düzgün istifadə olunmayan məsələ bayraqlarla bağlıdır. Təbii ki, Sizin dediyiniz məsələ gələcəkdə nəzərə alına bilər. Aslan müəllimin idmanla bağlı qeyd elədiyi məsələ layihədə konkret yazılıb. Beynəlxalq tədbirlər o deməkdir ki, idman da, başqa tədbirlər də, sərgilər də bu qanunla əhatə olunur.
Məjlum müəllim çox vacib bir məsələ qaldırdı. Məjlum müəllim, bir məsələni qeyd etmək istəyirəm. Bu qanunda Azərbaycan bayrağı ilə bağlı konkret işarənin göstərilməsi ona görə lazım deyil ki, bu qanunun özünün məntiqi Azərbaycan qanununun mövcudluğundan doğur. İkincisi, bu qanun layihəsi heç bir beynəlxalq sazişə, beynəlxalq hüquq normalarına zidd deyil. Əksinə, o özü də beynəlxalq normaya uyğun olan bir qanundur.
Nəhayət, sonuncu məsələ – məhdudiyyət məsələsi. Mən çox üzr istəyirəm, deyəsən, hörmətli Pənah müəllim qanun layihəsinin məntiqini düzgün izah etmir, yaxud axıra kimi dərk etməyib. Ona görə ki, burada şəxsi məhdudiyyətdən heç bir söhbət gedə bilməz. Pənah müəllim, Siz öz evinizdə hansı bayrağı istəyirsiniz, onu da qoya bilərsiniz. O Sizin şəxsi işinizdir. Ancaq söhbət ictimai əhəmiyyət daşıyan yerlərdən gedir. İkincisi, bayrağın yüksəldilməsi Vyana Konvensiyası əsasında xüsusi tədbirlərlə əhatə olunan bir məsələdir. Bu qanun həmin tədbirləri, beynəlxalq sazişləri Azərbaycana gətirir və həmin qanunları tənzimləyir. Ona görə də burada heç bir məhdudiyyət yoxdur və bu məhdudiyyətə Siz düzgün izahat vermirsiniz.
Mən hesab eləyirəm ki, bu qanun layihəsi tam şəkildə beynəlxalq qanunlara, həmçinin Vyana Konvensiyasına uyğundur və Azərbaycan qanununun, Azərbaycan bayrağının dəyərini, onun müqəddəsliyini daha da yüksək zirvəyə yüksəldən bir qanun layihəsidir. Mən hamınızdan xahiş edirəm ki, səs verin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yəni evin içində istədiyi bayrağı qoya bilər, ancaq eyvandan asa bilməz. Mən belə başa düşdüm. Xahiş edirəm, münasibətinizi bildirin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsvermə qurtarsın, onda soruşarıq.
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Görürəm, işləməyə həvəsiniz çoxdur. Etiraz yoxdursa, tənəffüsdə də işləyək. Oldu, tənəffüsdə də işləyirik. Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında qanun layihəsi barədə. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Karbohidrogen ehtiyatlarından sonra Azərbaycanın sosial-iqtisadi həyatı üçün istirahət, turizm, kurort və sanatoriya biznesi ən vacib istiqamətlər sayılır. Bu sahələrin inkişaf etdirilməsi ölkəmiz üçün önəmli olduğundan 2007-ci il fevralın 27-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu sahənin bir qolunun – Azərbaycan kurortlarının inkişafı ilə bağlı dövlət proqramının hazırlanması haqqında sərəncam imzalamışdır. Bu sərəncam müzakirəyə çıxardığımız qanun layihəsinin işlənməsini, komissiyamızın üzvlərinin və işçi qrupunda çalışan mütəxəssislərin məsələyə daha ciddi və məsuliyyətlə yanaşmalarını şərtləndirən əsas səbəblərdən biri olmuşdur.
Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında qanun layihəsinin parlamentin plenar iclasındakı ilk müzakirəsindən düz dörd ay keçir. Konseptual cəhətdən zəruriliyi və aktuallığı siz tərəfdən dəstəklənən layihə bu müddət ərzində komissiyanın üç iclasında və işçi qrupunun yığıncaqlarında maddə-maddə müzakirə olunmuş, irad və təklifləriniz nəzərə alınmışdır.
Qanun layihəsi birinci oxunuşda müzakirə olunarkən hörmətli Valeh müəllim Ələsgərov bunun ekologiya və təbii sərvətlərlə bağlı bəzi qanunlara uyğunlaşdırılmasına, bir sıra maddələrdə təkrarçılığın mövcudluğuna və dövlət büdcəsinin əsassız olaraq yüklənməsi məsələlərinə aid irad və təkliflərini bildirmişdi. Bununla əlaqədar olaraq sizə təqdim olunan qanun layihəsi həm ekoloji, həm də səhiyyə aspektlərini ehtiva edən mövcud qanunvericilik aktlarına uyğunlaşdırılmışdır. Onu da qeyd edim ki, bu tipli müəssisələrin dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi Valeh müəllimin təklifi əsasında sənəddən tamamilə çıxarılmışdır. Bununla yanaşı, hörmətli Valeh müəllimin iştirakı ilə qanun layihəsi bütövlükdə bir daha müzakirə olunmuş, bir sıra qiymətli fikirlər layihədə düzəldilərək sizə paylanan son variantda öz əksini tapmışdır.
Ötən müzakirələr zamanı hörmətli millət vəkillərindən Səttar Möhbalıyev, Rafael Cəbrayılov, Məjlum Şükürov, Mübariz Qurbanlı, Rafiq Məmmədhəsənov, Vasif Əliyev, Nizami Xudiyev, Musa Quliyev, Fəzail Ağamalı, Siyavuş Novruzov və digərləri çıxış edərək layihəyə münasibətlərini bildirmiş, rəy və təkliflərini bildirmişlər.
Qanun layihəsi üzərində aparılmış bir sıra dəyişikliklər haqqında sizə məlumat vermək istəyirəm. Birinci, qanunun adı dəyişdirilibdir. Onu sizə paylanan variantda, yəni yeni adda təqdim etməyimiz ondan irəli gəlir ki, bu sənəd MDB məkanında olan model hüquqi aktla uyğunlaşdırılıbdır.
İkinci, qanunda, yadınızdadırsa, fəsillər göstərilmişdi. Qanunun həcminin kiçik olmasına, yəni əhatə dairəsinə görə biz fəsillərdən qaçıb onu maddələr variantında saxlamışıq. Əvvəlki layihədə istifadəçilər, respublika əhəmiyyətli kurort yerləri barədə bir sıra məsələlər vardı ki, onlar maddələrdən çıxarılıbdır. Üçüncü maddə tamam yenidən işlənilibdir. 4.10-cu maddədə də bir sıra düzəlişlər aparılıbdır. Orada, siz bilirsiniz ki, vergi, gömrük rüsumu və imtiyazlar nəzərdə tutulmuşdu. O imtiyazlar tamamilə götürülüb, təkcə investisiya və kreditlərin verilməsi ilə bağlı güzəştlər saxlanılıbdır. Əlavə olaraq layihəyə 10-cu maddə daxil edilibdir. Eyni zamanda, kurortlarda tibbi fəaliyyətin tənzimlənməsini nəzərdə tutan 11-ci maddə genişləndirilmişdir. Bu cür fəaliyyəti həyata keçirən müəssisələrin statusu ilə müəyyənləşdirilən bir sıra tibbi xarakterli münasibətlər də layihədə öz əksini tapmışdır. Qanun layihəsində sanitariya mühafizəsinin təşkili məqsədi ilə yaradılan sanitariya mühafizə zonalarının statusu, onlardan istifadə rejimi ilə bağlı əsaslar da konkretləşdirilmişdir. Mən layihənin işlənməsi barədə geniş danışmaq istəmirəm. Burada stilistik dəyişikliklər də var. Müddəalar daha da konkretləşib, layihə xeyli təkmilləşibdir. Bütövlükdə dediyiniz bütün irad və təkliflərinizə görə minnətdarlığımı bildirir, sizi ikinci oxunuşda fəal iştirak etməyə çağırır və xahiş edirəm ki, layihəyə səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
müavin V. Ələsgərov sədrlik edir
Sədrlik edən. Təşəkkür edirəm, Hadi müəllim. Bu dəqiqə. Mən deputatlarımıza söz verməmişdən öncə, Hadi müəllim mənim adımı bir-iki dəfə çəkdi, bununla əlaqədar bir neçə kəlmə demək istəyirəm. Dediyim təklif və iradlar, necə deyim, Valeh Ələsgərovun şəxsi fikirləri deyil. Layihəni bundan öncə qəbul etdiyimiz qanunların tələblərinə uyğunlaşdırmaqdan söhbət gedirdi. 12-ci maddədə kurort fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar, – indi adını necə qoyursunuzsa qoyun, – dediyim məqam bundan sonra gələcək Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsində də var. Baxmayaraq ki, mən and içdim, “canım qurban bütün yaradıcı şəxslərə” dedim, bəziləri az qaldı məni yaradıcı şəxslərin düşməni kimi göstərsinlər. Layihədə o qanuna, bundan öncə qəbul etdiyimiz qanunlara zidd müddəalar yazılmışdı. “Büdcə təminatları haqqında”, “Büdcə sistemi haqqında” burada qəbul edilmiş, səs verilmiş qanunlarda maddələr var ki, buna ziddir.
“Büdcə sistemi haqqında” Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, hər ilin dövlət büdcəsi, onun icrası və ona dəyişikliklərin edilməsi haqqında qanunlar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarına dövlət büdcəsi hesabına maliyyə təminatı ilə bağlı müddəaların daxil edilməsinə yol verilmir. Bu, qanunun tələbidir və kiminsə istəyindən asılı olmayan bir şeydir. Əgər buna zidd olaraq kimsə, hansısa komissiya, qanunu təqdim eləyən bir qurum, şəxs bu məsələdə dəyişiklik eləmək istəyirsə, lakin büdcə təminat vermirsə, mümkün deyil. Onda gərək müvafiq qanunlara – “Büdcə sistemi haqqında” Qanuna, Vergi Məcəlləsinə və sairə dəyişikliklər və ya əlavələri təqdim eləyəsən. Büdcədə nəyi isə artırmaq istəyiriksə, bunun mənbəyini də göstərməliyik. Əfsuslar olsun ki, bunu edə bilmərik. Mən bunu özümə borc bilib, mövqeyimi izah etdim. Söhbət mənim iradımdan getmir, qanunun tələbindən gedir. Xahiş edirəm, belə qəbul edəsiniz. İlyas müəllimin sualı var. Buyurun, İlyas müəllim.
İ. İsmayılov. Çox sağ olun, Valeh müəllim. “Kurortlarda tibb fəaliyyəti” adlanan 11-ci maddənin ikinci hissəsində deyilir ki, bu fəaliyyət müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş konkret göstəriş və əks göstərişə uyğun həyata keçirilir. “Əks göstəriş” deyəndə nə başa düşülür?
Sədrlik edən. Təşəkkür edirəm. Hadi müəllim müzakirələr qurtarandan sonra Sizin sualınıza cavab verər. Söz verilir Eldar Quliyevə.
E. Quliyev. Çox sağ olun, Valeh müəllim. Hörmətli millət vəkilləri! Məlum olduğu kimi, ölkəmizdə insan sağlamlığının qorunması dövlət siyasətinin ən önəmli məsələlərindən biridir.
Ölkəmizdə turizmin inkişafı üçün əlverişli şərait vardır. Bu məqsədlə ölkəmizin ərazisində xəstəliklərin müalicəsi, profilaktikası, istirahətin təşkili üçün çoxlu sayda mineral sular, müalicəvi palçıqlar, dünyada analoqu olmayan unikal müalicə növü olan naftalan nefti, şor göllər, müalicəvi iqlim, çimərliklər və sair vardır. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı, mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləmək üçün hüquqi bazanın yaradılmasına böyük ehtiyac vardır. Milli Məclisin müzakirəsinə təqdim olunmuş bu qanun layihəsi həm göstərilən boşluqların aradan qaldırılmasına imkan verməklə yanaşı, həm də ölkəmizdə turizmin inkişafı və dövlət büdcəsinə daha çox əlavə gəlirin gətirilməsi üçün iqtisadi sahənin formalaşmasına və tərəqqisinə imkan yaradacaqdır.
Qanun layihəsi barədə hörmətli həmkarımız Hadi Rəcəbli ətraflı məlumat verdi. Hesab edirəm ki, qanun layihəsi qəbul edildikdən sonra müalicə-sağlamlıq yerlərinin istifadəsi, mühafizəsi və inkişaf etdirilməsi sahəsində dönüş yaradılacaqdır. Azərbaycan Respublikası bir neçə ildən sonra təkcə neft sektoru ilə deyil, həm də inkişaf etmiş turizm, sağlamlıq, kurort və istirahət zonası kimi bütün dünyada tanınacaqdır. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafını daha dinamik qaydada təmin etməklə yanaşı, yoxsulluğun və işsizliyin aradan qaldırılmasında, bura gələn turistlərin sağlamlığının möhkəmləndirilməsində, əhalimizin həyat səviyyəsinin yüksəlməsində böyük əhəmiyyət kəsb edir. Qanunun müddəaları ilə tanış olduqda müəyyən olunur ki, təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı, mühafizəsi sahəsində dövlətin, bələdiyyələrin səlahiyyətləri dairəsində kadr hazırlığı ön plana çəkilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, müalicə-sağlamlaşdırma yerləri, kurortların istifadəsi, mühafizəsi dövlət nəzarətində olacaq, yeni sağlamlıq mərkəzlərinin, kurortların aşkar edilməsi, istifadəyə verilməsinə xüsusi diqqət yetiriləcək, ölkəmizdə təbii sağlamlıq yerləri və kurortlar şəbəkəsi yaradılacaqdır. Qanun layihəsində təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi ilə əlaqədar bütün məsələlər qanunvericilik baxımından öz həllini tapmış və layihə çox sadə, dəqiq, anlaşıqlı şəkildə hazırlanmışdır. Mən qanun layihəsini bəyənirəm və onun qəbul olunmasına səs verəcəyəm. Göstərilənlərlə yanaşı, qanun layihəsinə bir neçə irad və təkliflərimi bildirmək istəyirəm.
Layihənin 7-ci maddəsinin məzmunu ilə maddənin başlığı arasında uyğunsuzluq vardır. Həmin maddədə göstərilir: “Azərbaycan Respublikasının ərazisində təbii müalicə ehtiyatları hər hansı hüquqi və fiziki şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur”. Burada həmin ehtiyatların hansı mənada mülkiyyət və digər mənada mənsub olmasına aydınlıq verilir. Həmçinin “Təbii müalicə ehtiyatlarının üzərində mülkiyyət hüququ” adlandırılan maddənin məzmunundan belə anladıq ki, təbii müalicə ehtiyatları üzərində mülkiyyət hüququ Azərbaycan dövlətinə mənsubdur. Bu ehtiyatlardan istifadə, müalicə-sağlamlaşdırma yerlərinin, kurortların yaradılması hüququ ancaq dövlətə məxsusdur. Lakin bunun əksinə olaraq 5-ci maddədə qeyd olunur ki, bələdiyyələr özlərinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada müalicə-sağlamlaşdırma yerləri və kurortları yaratmaq səlahiyyətinə malikdirlər.
Digər tərəfdən, indi respublikamızda çoxlu sayda hüquqi və fiziki şəxslərə məxsus olan özəl istirahət zonaları vardır ki, onların çox hissəsi uğurla fəaliyyət göstərir. Ona görə də hesab edirəm ki, layihənin 7-ci maddəsi yenidən işlənməli və maddənin adı ilə uyğunsuzluqlar dəqiqləşdirilməlidir.
Bununla bərabər layihədə müalicə-profilaktika işləri ilə dövlətin, hüquqi və ya fiziki şəxslərin məşğul olması məsələsinə də aydınlıq gətirilməlidir. Onların mülkiyyətinin növü və təşkilati-hüquqi forması müəyyənləşdirilməlidir. Ona görə də lazımdır ki, 7, 11.3, 12-ci və başqa maddələrdə sanatoriya-kurort məsələləri, həmçinin hüquqi və fiziki şəxslərin istifadə işləri və onların mülkiyyətin bütün növləri açıqlansın. Bu da məsələnin şərhində qeyri-müəyyənlikləri aradan qaldıracaq. Yaxşı olardı ki, 14-cü maddəyə aşağıdakı məzmunda 7-ci bənd əlavə olunsun: “Müəyyən edilən sanatoriya rejimi ilə əlaqədar mühafizə zonalarının hüdudlarında olan torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılmasının zəruriliyi yarandıqda, həmin torpaq sahəsinin torpaq mülkiyyətçilərinin istifadəsindən və icarəsindən geri alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilsin.” Bütövlükdə göstərilən irad və təkliflərə baxmayaraq, mən qanun layihəsini ikinci oxunuşun tələblərinə uyğun sayır və onun qəbul olunmasını məqsədəuyğun hesab edirəm. Mən bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Valeh müəllim. Mən əvvəlcədən bildirirəm ki, Eldar müəllim mənim deyəcəyim bir sıra məsələlərə toxundu. Mən də onun üzərində dayanıram ki, burada 7-ci maddədə təbii müalicə ehtiyatlarının yalnız dövlət mülkiyyətinə aid olması haqqında məsələ hər halda yenidən işlənməlidir. Çünki burada müalicə-sağlamlaşdırma yerlərinin özü “torpaq”, “ərazi” mənasını ifadə edir. “Müalicə-sağlamlaşdırma yerləri” kimi qeydə alınıb tanınan bu sahələr bizim Konstitusiyanın müvafiq müddəasına görə “təbii sərvət”, “təbii ehtiyat”dır və dövlətin mülkiyyətinə aid edilməlidir.
Bu, olduqca mühüm əhəmiyyətə malik məsələdir. Son dövrlərdə respublikada təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlarla bağlı baş verən özbaşınalıqlar xalqın ümumi mənafeyinə, Konstitusiyanın müddəalarına zidd olan fəaliyyətdən ibarətdir. Hələ keçmiş Sovet İttifaqı dövründə Xəzər dənizi zonası, o cümlədən Azərbaycan Respublikasının Xəzər dənizi sahili boyu müalicə və kurort müəssisələri kimi tanınmış müalicə-istirahət yerləri normativ hüquqi aktlarla təsdiq olunmuşdu. Həmin aktlar hələ də qüvvədən düşmədiyinə görə, şübhəsiz ki, o yerlər toxunulmaz olaraq fəaliyyət göstərməkdə davam etməli idi. Lakin artıq belə bir təsəvvür yaradılmışdır ki, o yerlər heç bir qanunla, heç bir normativ aktla tənzimlənmir.
Mən bunun ən bariz nümunəsi kimi məsələni, hörmətli Valeh müəllim, Sizin sədri olduğunuz Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasında olanda da qaldırmışdım. Bütün Azərbaycanın gözü qarşısında Səngaçal terminalının yerləşdiyi Xəzər dənizi sahilində heç nəyə, heç bir qanun-qaydaya məhəl qoyulmur. O cümlədən burada hörmətli iqtidar nümayəndələrinin dəfələrlə xatırlatdığı kimi, Heydər Əliyev tərəfindən imzalanan və 80 metrə qədər dəniz sahili ərazisində hər hansı bir tikintinin aparılmasını qadağan edən müvafiq fərman və sərəncama da əməl edilmədən qanunsuz işlər aparılır. Bütün respublikada Xəzər dənizi sahilləri mövcud olan qanunvericilik normalarının ziddinə olaraq açıq-aydın hasarlara alınır.
Mən nəyə görə yenidən Qaradağ yol məntəqəsi ilə Ələt arasındakı ərazi məsələsinə toxunmaq istəyirəm? Bu yer İpək yolunun üzərində yerləşir. Respublikaya gəlib-gedən, respublikanın vətəndaşları da daxil olmaqla, bir çoxları həmin ərazidən yalnız Xəzər dənizini görə bilirlər. Prinsip etibarı ilə bura kurort və təbii müalicə ərazisi olmaqdan əlavə, həm də təbiət abidəsi olan yerdir. Milyonlarla adamın, bütün vəzifəli şəxslərin hamısının gözü qarşısında orada 4-5 metr hündürlüyündə hasarlar salınır və dənizin içərisinə qədər ərazidə tikinti işləri aparılır.
Hesab edirəm ki, 7-ci maddə ilə bağlı olan məsələyə yenidən baxılmalıdır. Əgər yeni bir reyestr aparılacaqsa, müəssisələrə, yaxud ayrı-ayrı vətəndaşlara müalicə-sağlamlaşdırma və kurort yerlərindən də istifadə hüququ verilməlidir. Necə ki, başqa təbii sərvətlər barədə müvafiq qanunvericilik də bu formanı nəzərdə tutur. Prinsip etibarı ilə hesab edirəm ki, bu, kifayət qədər gecikmiş bir qanundur və əslində, çoxdan qəbul edilməli idi. Hər halda mülkiyyətlə, kurort yerləri və müalicə-sağlamlaşdırma yerlərinə dövlət nəzarəti ilə bağlı bir sıra müddəalar hətta birinci oxunuşdakı layihədən də xeyli dərəcədə “liberallaşdırılmışdır”. Əslində, bu addım artıq zəbt olunub mənimsənilmiş dövlət mülkiyyətini qanuniləşdirmək xarakteri daşıyır. Bu qanundan sonra onlar həyata keçiriləcək, yaxud da yeni zəbt olunma xalqa məxsus olan sərvətin, ehtiyatların mənimsənilməsi üçün əlavə bir imkan yaradacaq.
Görünür, Milli Məclisin bu sahəyə marağı yoxdur. Amma təkcə Xəzər dənizində yox, respublikanın hər yerində çay kənarları, bulaq ətrafı, təbii mineral, yaxud müalicə əhəmiyyətli suların çıxdığı bütün ərazilər hər yerdə bütün beynəlxalq hüquq və beynəlxalq təcrübə, ümumiyyətlə, ədəb-ərkan və əxlaq normaları da tapdalanaraq böyük hasarlara alınır. Allah bizə daş da, sərvət də verib, nəfsimiz də kifayət qədərdir deyə, hər yerdə hasarlama, mənimsəmə baş verir. Buna əgər diqqət yetirilmirsə, bunun qarşısı alınmırsa, bunlar, şübhəsiz, hakimiyyət orqanlarındakı yüksək vəzifəli şəxslərin himayəsindən və bu məsələdə onların maraqlı olmasından xəbər verir. O baxımdan da bu qanunun qəbul edilib qüvvəyə minməsini gözləmədən Azərbaycan deputatlarının bir çoxu “milli maraq çox əhəmiyyətli bir məsələ olduğu kimi, xarici marağa da həvəs güclüdür” məntiqi ilə belə bir mühüm məsələ müzakirə edilərkən zalı tərk etdi. Bu, hər halda həyəcan siqnalıdır. Hamı artıq ümidini üzüb ki, təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar da daxil olmaqla ölkənin təbii sərvətləri gözümüzün qabağında həyasızcasına mənimsənilir və buna qarşı nə qanun, nə hakimiyyət, nə də əlaqədar orqanlar heç bir fəaliyyət göstərə bilmirlər. Bunun qarşısı alınmalıdır. Təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsinin birinci oxunuşda qəbul olunması vaxtından təxminən 4 ay keçir. Biz noyabr ayında bunun müzakirəsini keçirmişdik. Keçən dörd ay müddətində qanun layihəsində çox ciddi təkmilləşmə işləri aparılıbdır. Bu gün qanun layihəsi, göründüyü kimi, daha mükəmməl formada Milli Məclisin müzakirəsinə təqdim olunubdur.
Birinci növbədə qanunun adı dəyişdirilib və bu, tamamilə uyğundur, yəni müvafiq ad qoyulubdur. Fəsillərin götürülüb qanunun mətninin maddələr üzrə verilməsi də düzgündür. 4-cü və 10-cu maddələr yenidən işlənilibdir. Əvvəllər bu maddələrdə yaramayan cəhətlər daha tez nəzərə çarpırdı. İndi bura 10-cu maddə əlavə olunub, 11-ci maddə genişləndirilib və sair.
Əsas məsələlərdən biri də odur ki, – Valeh müəllim çox düzgün olaraq o məsələyə toxundu, – qanun layihəsi üzərində işləyərkən dövlət büdcəsinin əsassız yerə yüklənməməsi nəzərə alınıbdır. “Kurort fəaliyyətinin maliyyələşdirilməsi” adlanan 12-ci maddənin mətnə əlavə olunması, mənə elə gəlir ki, maliyyələşmə məsələsinin müəyyən dərəcədə tənzimlənməsinə böyük kömək göstərəcəkdir.
Mən çıxışları dinlədim, onlarda haqlı, ciddi iradlar göstərildi. Mənim seçildiyim bölgə də kurort zonasıdır və bu məsələ mənim üçün bir qədər də maraqlıdır. Qəribə bir vəziyyət yaranıb və bunlarla əlaqədar qanun layihəsində çox ciddi qadağalar verilib və bir sıra maddələrdə bunlar təkmilləşdirilibdir. Məsələn, təsəvvür edin ki, indi Naftalandan müalicə neftini Bakıya daşıyırlar və burada böyük kurort-müalicə sanatoriyası düzəldiblər. Naftalan neftini gətirib burada müalicə işi aparırlar. Bu, tibbi baxımdan düzgündür, ya yox? Mütəxəssislər deyirlər ki, neft daşınakən müalicəvi əhəmiyyəti itir, bura üçün əlverişli deyil. Bu qanunda ona çox ciddi şəkildə qadağa qoyulubdur.
Naxçıvandan da eyni ilə duzları daşıyır, yığıb gətirirlər. Bakıda bir yer də düzəldiblər ki, guya əhali burada müalicə oluna bilər. Bunun da təbliğatı ilə kütləvi informasiya vasitələri ciddi şəkildə məşğuldur. Yazırlar, reklam edirlər ki, oralara getmək lazım deyil, elə Bakının özündə tam müalicə oluna bilərsən. Bu cür təbliğatın aparılması çox zaman insanları fikrindən daşındırır. Halbuki bütün keçmiş SSRİ ərazisindən, hətta xaricdən də gəlib Naxçıvanda müalicə olunurdular.
Bununla əlaqədar olaraq mən bəzi məsələlərə də toxunmaq istəyirəm. Seçildiyim Xaçmaz zonasında da belə bir vəziyyət əmələ gəlmişdir. Mən seçicilərlə görüş keçirəndə onlar haqlı olaraq ciddi şəkildə gileyləndilər. Dedilər ki, o zonada bir məşhur bulaq vardı. Əhali gedib o bulaqdan istifadə edirdi. Həmin bulaq istirahətə gələnlər üçün gözəl bir guşə sayılırdı. İndi həmin bulağın ərazisini, – bayaq Pənah müəllim də dedi, – hasara alıblar və eləyiblər özlərinin şəxsi kurortu. Orada şəxsi ev tikilib, bulaq başı da olub şəxsi istirahət yeri. Bu, xalqındır, dövlətindir, sənin atanın bulağı deyil ki! İkinci bir vəziyyət də əmələ gəlib. Həmin yeri hasara alıblar və orada donuzçuluq ferması açıblar. Kəndin camaatı şikayət edir ki, donuzun iyindən burada nəinki yaşamaq, istirahət etmək, az qala köçüb getmək istəyirik. Tarixən 10, 20 illərdir ki, əhalinin gedib istirahət etdiyi meşə sahələrini, bulaq başlarını zəbt ediblər. Artıq yer qalmayıb, hamısını alıblar və hasar da çəkiblər. Guya buranı sənədlə kurort ediblər, pullu istirahət zonasına çeviriblər. Bunlar xalqın sərvətidir, orada yaşayan insanların daimi istirahət etdikləri yerlərdir. Bunların hamısını satmaq, hamısını paylamaq düzgün deyil. Bu baxımdan düzgün olardı ki, bu qanun layihəsinə həmin məsələlərə ciddi şəkildə qadağa qoyan maddələr əlavə olunsun.
“Sanitariya-mühafizə zonası” anlayışında yazılır: “Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin, kurortların və onlara bitişik sahələrin çirklənməkdən və vaxtından əvvəl tükənməkdən qorunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş təsərrüfatçılıq, yaşayış və təbiətdən istifadə rejiminə malik ərazi”. Yaxud 3.2-ci maddəyə diqqət yetirək: “Ərazinin müalicə sağlamlığında yeri və kurort kimi tanınması həmin ərazinin və orada mövcud olan təbii müalicə ehtiyatlarının tibbi bioloji, kurortoloji, geoloji, hidrogeoloji və digər tədqiqatları əsasında müəyyən edilir”. Bu məsələlərin burada öz əksini tapması tamamilə düzgündür. Lakin burada bəzi yerlər var ki, onlarla bağlı çox ciddi şəkildə ölçü götürülməlidir.
Məsələn, 14.1-ci maddədə yazılır: “Bu zonaların hüdudları daxilində fəaliyyəti təbii müalicə xassələrinin və əhalinin istirahəti üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya sığmayan müəssisələrin, idarələrin və təşkilatların istifadəsinə və icarəsinə torpaq sahələrinin verilməsi qadağan edilir”. Bundan sonra qadağan edilir, halbuki tikiblər, düzəldiblər, hazırlayıblar. Biz isə indi yazırıq ki, bundan sonra qadağan edilir. Bəs indiyə qədər tikilənlər necə olacaq? Heç yer qalıb ki, orada nəyi isə tikmək qadağan edilir? Bunlar haqqında müvafiq ölçü götürülməlidir.
Konkret olaraq belə yazılmalıdır: “Ətraf mühiti, təbii müalicə ehtiyatlarını çirkləndirən, onların tükənməsinə gətirib çıxaran işlərin görülməsinin qadağan olunduğu zona”. Bu qanun meydana çıxıb fəaliyyətə başlayandan sonra, bildik, qadağan olunur. Bəs o vaxta qədər olanları nə edək? Onlar qalsın? Burada yazılıb: “Sanitariya-müalicə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən geri alınmır”. Geri alınmırsa, onda qalıb yerində, daha bunu qanuna niyə salırsan? Bu mənada qanun layihəsində çox güclü təkmilləşdirmə işləri aparılıb, lakin qanun mübahisə açmamalıdır, hökm verməlidir.
Bu qanunda müəyyən məsələlər bir qədər dəqiqləşdirilməli və onlar hökm şəklində yazılmalıdır. Mən bir dilçi kimi deyirəm, məsələn, felin vacib forması var, malı, məli şəkilçisi ilə həll olunmalıdır. Edilə bilər yox, çünki “bilər” tapmacadır.
Ümumiyyətlə, qanun layihəsi çox təkmil işlənilmişdir. Mən qanun layihəsinin keçən müddət ərzində belə təkmil formaya salınmasına görə komissiyaya öz razılığımı bildirirəm, ancaq yenə deyirəm, müəyyən, yəni hökm xarakterli məsələləri dəqiqləşdirməyə çox ciddi ehtiyac var. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən fikrimi çox qısa ifadə edəcəyəm. Burada müəyyən iradlar, təkliflər deyildi və biz Sosial siyasət komissiyası olaraq bu qanun layihəsini üç dəfə müzakirə etmişik. Haqlı iradlar və təkliflər nəzərə alınıbdır və biz sözümüzü orada demişik.
Mən nəyi xatırlatmaq istəyirəm? Azərbaycan Respublikası təbii müalicə ehtiyatlarının zənginliyi, rəngarəngliyi ilə seçilir. Bütün bunları nəzərə alaraq möhtərəm Prezidentin 2007-ci il 27 fevral tarixli sərəncamından sonra “Azərbaycan kurortları” Dövlət Proqramı işlənib hazırlanmışdır. Şübhəsiz, bu zənginliyi, təbii müalicə müəssisələrini qorumaq üçün bu qanunun yaranmasına da zəruri ehtiyac var. Burada deyilən müxtəlif iradlar da, əlbəttə, bu sahədə olan mənfi halların qarşısını almağa kömək edəcəkdir. Təklif edərdim ki, bu qanun səsə qoyularaq qəbul olunsun. Belə bir hüquqi bazanı yaratmaqla bu işə öz töhfəmizi vermiş olarıq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz olduqca vacib bir qanun layihəsini müzakirə edirik. Bu qanun layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı və ölkədə holland sindromu təhlükəsinin qarşısını almaq baxımından çox böyük əhəmiyyət daşıyır. Belə ki, bu qanunun qəbul edilməsi və onun kurort, sanatoriya xidmətlərinin təşkilində işlək mexanizmə çevrilməsi ölkədə turizmin inkişafına böyük təkan ola bilər.
Son bir neçə ildə aparılan müşahidələr göstərir ki, Azərbaycana gələn xarici vətəndaşların sayında hər il 20-30 faiz artım olur. Cari ildə isə ölkəyə gələn turistlərin sayı rekord həddə olub və milyondan artıq sayla hesablanıb. Buna baxmayaraq, hələ də ölkəmiz turizmin inkişafına görə bir sıra ölkələrdən geri qalır.
Məsələn, ötən il bir sıra internet saytlarında ilin ən yaxşı kurortlarının adları göstərilmişdi. Məlum olmuşdu ki, son 3 ilin ən yaxşı kurortları Amerika, Cənubi Afrika Respublikası, Almaniya, Braziliya və Argentinada yerləşir. Azərbaycanda isə kurort və sanatoriyaların inkişaf tempi sovet dövrü ilə müqayisədə bir qədər zəifləyib. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var.
Bu gün yerli istirahət və müalicə mərkəzlərində xaricdəki kimi rahat şərait yoxdur. Nəticədə əcnəbi turistlərin diqqətini cəlb etmək mümkün olmur. Üstəlik ölkə vətəndaşlarını da yerli kurort və sanatoriyalar qane etmir. Elə bu səbəbdən də vətəndaşlarımız istirahət üçün başqa ölkələrə üz tuturlar. Əgər xaricdəki kimi burada da istirahət üçün normal, rahat şərait yaradılsa, vətəndaşlarımız Azərbaycanda gözəl istirahət edə bilərlər. Bundan əlavə, yerli istirahət mərkəzlərində qiymətlər xeyli dərəcədə bahadır.
Sanatoriya və istirahət evlərinin bir qismi Ermənistan–Azərbaycan müharibəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğal olunan ərazilərdə qalıb. Bir qismindən isə məcburi köçkün və qaçqınların yerləşdirilməsi üçün istifadə edilir. Bu da sözügedən sahənin inkişafını kölgədə qoyub. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, keyfiyyətin yüksəlməsi və qiymətlərin ucuzlaşması üçün dövlət bu sahədə rəqabətin genişlənməsinə çalışmalıdır. Ona görə də bu qanunda göstərilməlidir ki, heç bir hüquqi və fiziki şəxs ümumi fondun 5 faizdən çoxunu əldə edə bilməz.
Bu sahəni inkişaf etdirmək üçün əlavə stimullaşdırıcı tədbirlərin görülməsinə də ehtiyac var. Sektora sərmayə yatırmaq üçün sahibkarları həvəsləndirmək lazımdır. Bir çox ölkələrdə bu sektorda iş adamlarına güzəşt olunur. Bu qanunda da müvafiq sahibkarlara güzəştli kreditlər verilməsi nəzərdə tutulur. Zənnimcə, onların bir sıra vergilərdən azad edilməsi də qanunda öz əksini tapsa, bu da ümumi işin xeyrinə olar. Tabeçilik və mülkiyyət formasından asılı olmayaraq Azərbaycanda kurortların inkişafına yerli sərmayə ilə yanaşı, xarici investisiyaların da cəlb olunması vacibdir. Bunun üçün dövlətin həmin sərmayədarlara cəlbedici təkliflər etmək imkanı olmalıdır. Kurort, sanatoriya xidmətlərinin təkmilləşdirilməsi ilə bölgələrdə yeni iş yerləri də açmaq olar. Bu, əhalinin müəyyən təbəqəsinin işlə təmin olunması deməkdir. Turizmin inkişafının paralel olaraq digər sahələrin də inkişafına təsir edəcəyi qənaətindədirlər. Məsələn, kurort-sanatoriya müəssisələrinin südlə, meyvə-tərəvəzlə təmin edilməsi kənd təsərrüfatı sektorunun da müəyyən mənada mənfəət əldə etməsi ilə nəticələnə bilər. Ona görə də kurortlarla yanaşı onlarla iş birliyi quran hüquqi və fiziki şəxslərə də müəyyən güzəştlər olunmalıdır.
Dünya praktikasında sanatoriya və kurortların yaradılması zamanı təbiətin zənginliyi və iqlimin müasirliyi, infrastrukturun əlverişli olması nəzərə alınır. Belə obyektlərin yerləşdiyi bölgədə dəmir yolu xətləri, avtomobil yolu, qaz, işıq və su kəmərləri olmalıdır. Ona görə də dövlət bu infrastrukturun formalaşmasına xüsusi diqqət ayırmalıdır. İşğal altındakı regionlarda “İsti su”, “Cıdır düzü” kimi kurort və istirahət mərkəzləri üçün əlverişli yerlərlə bağlı informasiyalar dünya ictimaiyyətinə çatdırılmalı, onların gətirə biləcəyi gəlir hesablanmalı və Ermənistan dövlətindən təzminat tələb edilməlidir. Məcburi köçkünlərin yerləşdiyi sanatoriyaların boşaldılması, onların münasib yerə köçürülməsi problem yaratmamalıdır. Mənim təkliflərim bu qədər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əkrəm müəllim.
Ə. Abdullayev. Təşəkkür edirəm, cənab Sədr. Bu qanun layihəsinin müzakirəsi və qəbul olunması belə bir vacib sahənin inkişaf etdirilməsinə, vətəndaşlarımızın sağlamlığının qorunmasına, ölkəyə turistlərin cəlb edilməsinə və bütün bunlara dövlət nəzarətinin artırılmasına xidmət edəcəkdir.
Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində təbii müalicə ehtiyatları üzərində mülkiyyət hüququ birmənalı olaraq Azərbaycan dövlətinə mənsubdur. Bu da öz növbəsində təbii müalicə ehtiyatlarından təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirməyə imkan verir. Sadəcə olaraq, mən qanun layihəsinin 8.2 və 8.3-cü maddələrinə diqqətinizi cəlb etmək istəyirəm.
8.2-ci maddədə təbii müalicə ehtiyatları hüquqi və fiziki şəxslərin istifadəsinə verilərkən onların hüquqi statusu, rejimi və məqsədli təyinatı saxlanılır. Maddə, mətndən göründüyü kimi, imperativ normadır. Bunun əksinə olaraq 8.3-cü maddədə belə yazılıb: “Təbii müalicə ehtiyatlarından digər məqsədlər üçün istifadə edilməsinə, müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara ziyan vurmamaq şərti ilə müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir”. Biz qanunda “digər” sözünü “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edəndə məlum olacaq ki, bir ildən sonra təbii müalicə ehtiyatlarından daha çox digər vasitələr üçün istifadə olunacaq və bu qanunun mənası olmayacaq. Bunu biz üçüncü oxunuşda nəzərə alsaq, daha yaxşı olar. Hesab edirəm ki, təbii müalicə ehtiyatlarından yalnız məqsədli istifadə olunmalı və belə ərazilərdə digər fəaliyyət növləri qadağan olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bildiyiniz kimi, bu qanun layihəsi ikinci oxunuşda müzakirə edilir. Əvvəlcə qanun layihəsini əsas kimi qəbul etməliyik. Xahiş edirəm, bunun ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Qəbul edildi. Sağ olun.
Qanun layihəsi 17 maddədən ibarətdir. Biz bunları maddə-maddə səsə qoymalıyıq. Təklif var ki, iki dəfə altı, sonda beş maddəni bir yerdə səsə qoyaq. Etiraz yoxdur ki? 1-6-cı maddələrə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
7-12-ci maddələrə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.52 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
13-15-ci maddələr. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.52 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Qanun layihəsinin bütövlükdə ikinci oxunuşda qəbul olunmasına, xahiş edirəm, səs verək.
Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Növbəti iclas barəsində sizə xəbər veriləcək.