04.03.2008 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ
PROTOKOLU № 75
Mill Məclisin iclas salonu.
4 mart 2008-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
M. Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
A. Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
V. Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Sənədlərin icrasına nəzarət şöbəsinin müdiri.
A. Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri.
Z. Əliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri.
Z. Məhərrəmli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.
* * *
M. Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
A. Süleymanlı, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının keçmiş Yuqoslaviyanın Kosovo regionundan geri çağırılması haqqında.
3. Azərbaycan Respublikası Xanlar rayonunun Pənahlar kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Ekoloji kənd təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının keçmiş Yuqoslaviyanın Kosovo regionundan geri çağırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Azərbaycan Respublikası Xanlar rayonunun Pənahlar kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
4 mart 2008-c il. Saat 11.59.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 11.59 dəq.)
İştirak edir 102
Yetərsay 83
Çox sağ olun, yetərsay var, işimizə başlaya bilərik. Gündəlik sizə paylanıb. Gündəlikdə 5 məsələ var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 11.59 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, yazılın. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlar! Şübhəsiz ki, indi bizim səs verdiyimiz gündəlikdəki məsələlər plan üzrə nəzərdə tutulan və qanunvericiliyimizdəki boşluqları dolduran vacib məsələlərdir. Cənab Sədr, qarşıdan ümummilli liderimizin 85 və parlamentimizin 90 illik yubileyləri gəlir. Şübhəsiz ki, bu istiqamətdə parlamentimiz böyük iş görür. Millət vəkillərinin və Aparat işçilərinin iş şəraitinin yaxşılaşdırılması üzrə Milli Məclis rəhbərliyinin gördüyü işlər də təqdirəlayiqdir. Lakin mən istərdim ki, Siz mümkün qədər növbəti günlərdə “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərə baxılmasına və siyasi partiyaların təklif etdikləri bəzi müddəaların müzakirəsinə şərait yaradasınız. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Sağ olun. Mən seçicilərimin xahişini nəzərə alıb, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan kreditlərlə əlaqədar olaraq yerlərdə yaranmış ağır vəziyyətdən danışmaq istəyirəm. Məlumdur ki, 2007-ci ilə qədər 30 minlik kreditin qaytarılması üçün 5 il, 1 milyona qədər kreditin qaytarılması üçün 7 il müəyyən edilmişdi. 2007-ci ildə dəyişiklik edildi və 30 minlik kreditin qaytarılması müddəti 5 ildən 2 ilə endirildi, 100 minə qədər kredit üçün 3 il, 1 milyonluq kredit üçün 5 il və 3 milyonluq kredit üçün 7 il vaxt müəyyən edildi. İlk baxışdan elə görünür ki, bu dəyişiklik sahibkarlara kreditlərin verilməsində bir irəliləyiş idi. Ancaq kiçik və orta sahibkarların ağır günləri elə bu dəyişiklikdən sonra başlandı. Məsələ burasındadır ki, bu dəyişiklik verilən krediti qısa müddətdə qaytarmağa, eyni zamanda, gəlir əldə etməyə imkanı olmayan kiçik və orta sahibkarları bu prosesdən kənarda qoymaqla dövlətdən ayrılan vəsaitin imkanlı adamların, monopoliya fəaliyyəti ilə məşğul olan adamların əlinə keçməsinə imkan yaratdı.
Heç kəsə sirr deyil ki, bu gün Azərbaycanda bu krediti hər bir adam ala bilmir. Çünki bu kreditin alınması üçün çox böyük rüşvət tələb olunur. Təsadüfi deyil ki, İqtisadi İnkişaf Nazirliyinin saytında krediti alanlar haqqında ümumi siyahılar dərc olunsa da, heç vaxt bu krediti alanların neçə hissəsinin xırda və ya orta sahibkar olduğunu və yaxud onun neçə hissəsinin müstəqil sahibkar olduğunu müəyyən edə bilmirik. Digər tərəfdən, ayrılan vəsait istehsala və emala yönəlməli olduğu halda əksər hallarda tikinti və ticarət sahələrinə yönəldilir. Ancaq ən çox narahatçılıq doğuran məsələ ondan ibarətdir ki, dəyişikliklə kreditin məbləği artırılmışdır və məbləğ böyük olduğundan iki-üç nəfər bu krediti alandan sonra vəsait qurtarır. Banklar bundan istifadə edərək krediti özlərinin yaxın adamlarına vermək üçün özünü nisbətən müstəqil tanıtdıran sahibkarları “limit yoxdur” bəhanəsi ilə bu prosesdən kənarda qoyurlar.
Yaranmış ağır vəziyyət bir sıra tədbirlərin həyata keçirilməsini zəruri edir. Mənim fikrimcə, ilk olaraq kreditlərin qaytarılması müddəti uzadılmalıdır ki, kiçik və orta sahibkarlar bundan istifadə edə bilsinlər. Digər tərəfdən bu məsələdə ictimai şəffaflıq artırılmalıdır. Müvəkkil banklar kredit alanlar haqqında bütün məlumatları tam açıqlamalı, siyahını divara vurmalıdırlar. Onlar özlərinin verdiyi pulu kommersiya sirri adı altında gizlədə bilərlər. Lakin dövlət büdcəsindən verilən pulu heç kim gizlədə bilməz. Hörmətli Sədr, mən hesab edirəm ki, buna Milli Məclisin də nəzarət imkanları genişləndirilməlidir. Məlumatlar dövri hesabatlar formasında Milli Məclisin komissiyalarına təqdim olunmalıdır. Bu məlumatlarda həmin vəsaitlərin müvəkkil banklara ayrılması prinsipi...
Sədrlik edən. Sağ olun. İltizam müəllim, Sizin bu rüşvət halları ilə bağlı sübutunuz var? Rüşvət vermisiniz, rüşvət almısınız? Əgər şikayət ərizəsi varsa ki, kimsə rüşvət istəyir, gətirin, verin, baxaq. Amma çıxış edəndə gəlin, əsassız ittihamları kənara qoyaq. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən aktual olan bir mövzuya toxunmaq istəyirəm. Biz “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanun qəbul elədik və qanunvericilikdə onun tətbiqi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirdik. Elə düşünülürdü ki, bu, həmin sahədə olan problemləri ortadan qaldıracaq. Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra özəl sektorda inkişaf edən sahələrdən biri də zərgərlik sənayesidir. Müstəqil ekspertlərin araşdırmalarına görə, bu sektorda işə 80 mindən artıq insan cəlb olunub. Halbuki bizdə ən sıx məşğulluq sahəsi sayılan neft sektorunda 70 min insan işləyir. Azərbaycanda istehsal edilən zərgərlik məmulatları qonşu ölkələrdə, xüsusən Rusiyada rəqabət qabiliyyətli məhsullar sırasındadır.
Amma Dövlət Əyar Palatasının son günlərdə apardığı yoxlamalar, ümumiyyətlə, göstərdiyi fəaliyyət zərgərlik sənayesinin işini iflic vəziyyətə salıb. Bu barədə mən onlarca sahibkarlardan müraciətlər almışam və bildirmişəm ki, məsələni parlamentin iclasında qaldıracağam. İlk növbədə onu deyim ki, bu, yoxlamaya qarşı hər hansı bir etiraz deyil, yoxlamanın formasına qarşı olan etirazdır. Belə anlaşılır ki, bu gün ölkədə istehsal olunan marka nişanını firmalar özləri, əyar nişanını isə Dövlət Əyar Palatası vurmalıdır. Təsəvvür edin ki, üç hərfdən və ay-ulduz nişanından ibarət bir əyar formasının vurulması üçün 10–15 gün növbəyə durmalı olurlar. Bu sahədə olan çox sayda müəssisələr bağlanıb. Bu da sahibkarlığın inkişafına, təbii ki, müsbət təsir göstərmir.
Dövlət Əyar Palatası müəssisələrin lisenziyasını da marka nişanı ilə təmin edib. Bütün dünya ölkələrində belə bir qayda var ki, bu əyarı sahibkarlar özləri müəyyən edirlər və palata bunu yalnız yoxlayır. Palatanın on min işçisi olsa belə, bunu yoxlamağa, hər bir məhsula əyar vurmağa imkanı çatmaz. Bu belə nəticəyə gətirib çıxarır ki, Qubada, ya başqa yerdə istehsal olunan hər bir şüşə meyvə şirəsi Bakıya gətirilib ona Səhiyyə Nazirliyində, ya Kənd Təsərrüfatı Nazirliyində möhür vurulmalı və yalnız bundan sonra satışa buraxılmalıdır. Hesab edirəm ki, qanunvericilikdə buna yenidən baxmalıyıq.
İkinci məsələ. Müsavat deputat qrupu tərəfindən Müxalifətçilik fəaliyyəti haqqında qanun layihəsi təqdim olunub. Biz də bu qanun layihəsinin yaxın zamanlarda komissiyanın müzakirəsinə çıxarılmasının tərəfdarıyıq və onu dəstəkləyirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Müsavat deputat qrupunun təşəbbüsünü dəstəklədiyinə görə Fazil bəyə əvvəlcədən təşəkkür edirəm. Hörmətli Xanhüseyn müəllim də burada, ötən iclasda olduğu kimi, Siyavuş Novruzovun təklifini təkrar edib, Siyasi partiyalar haqqında qanun layihəsinin qəbul edilməsini təklif elədi. Təəssüf ki, belə layihə ortada yoxdur. Fazil bəyin təqdim elədiyi qanun layihəsi isə bir ildən çoxdur ki, müzakirəyə çıxarılmır. Əgər bu qanundan söhbət gedirsə, bunun təcili müzakirəsinin təşkil edilməsi müvafiq komissiyanın qarşısında vəzifə kimi qoyulsun.
Hörmətli Milli Məclis və hörmətli Sədr, mən müzakirəyə daxil olan Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının keçmiş Yuqoslaviyanın Kosovo regionundan geri çağırılması haqqında məsələnin Milli Məclisin qapalı iclasında müzakirə edilməsini təklif edirəm. Çünki son günlərdə Azərbaycan cəmiyyətində müxtəlif siyasi qüvvələr və ekspertlər tərəfindən bu qərarla əlaqədar çox ciddi narahatlıq ifadə edilmiş, müxtəlif fikir ayrılığı mövcud olmuşdur. Ona görə də bu qərarın Qarabağda yaranmış vəziyyətlə və Qarabağ ətrafında danışıqların vəziyyəti ilə bağlı ciddi şəkildə müzakirə edilməsi, mənə elə gəlir ki, Azərbaycanın milli təhlükəsizliyi və torpaqlarımızın işğaldan azad olunması üçün fövqəladə mühüm əhəmiyyət kəsb edir. Lakin bir daha təkrar edirəm, mən bu müzakirənin Milli Məclisin qapalı iclasında olmasını və bu gün bu müzakirəyə Xarici İşlər Nazirliyinin nümayəndəsinin dəvət edilməsini xahiş edirəm.
Növbəti iclasda hökumətin hesabatı dinləniləcək və hökumətə etimad məsələsi səsə qoyulacaqdır. Bununla əlaqədar indidən hökumətin hesabatının yazılı mətninin bizə təqdim olunmasını hörmətli hökumət üzvlərindən və cənab Baş nazirdən xahiş edərdik.
Son aylarda kütləvi informasiya vasitələrində hökumətin, o cümlədən ayrı-ayrı vəzifəli şəxslərin fəaliyyəti və xüsusən dövlət büdcəsinin müxtəlif obyektlər və təşkilatlar üzrə xərclənməsi ilə bağlı olduqca ciddi korrupsiya faktları barədə məlumatlar gedir. Hörmətli Sədr dəfələrlə bunun mətbuatın işi olduğunu bildirib. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə görə, mətbuatda qanun pozuntusu və cinayət xarakterli məlumatların çap olunması və bunlara cavab verilməsi əlaqədar vəzifəli şəxslərin və müvafiq hüquq mühafizə orqanlarının vəzifəsidir. Ona görə mən hökumətin hesabatında indidən bu faktlarla əlaqədar müfəssəl izahatın və cavabların verilməsini rica edirəm. Xahiş edirəm ki, bu, deputat sorğusu kimi qəbul edilsin.
Sədrlik edən. Çox sağ olun. Pənah bəy, Siz Fazil Mustafayevə təşəkkür elədiniz. Ancaq çox maraqlıdır ki, bu qanun layihəsi haqqında söhbət gedəndə mən öyrəndim ki, dünyada belə bir qanun, yəni parlamentdə müxalifət haqqında qanun yoxdur. Onda iqtidar desin, iqtidar haqqında, bitərəflər desinlər, bitərəflər haqqında qanun qəbul edilməlidir. Bu məsələlər Daxili Nizamnamədə qərarla həll olunur.
İkincisi, Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Kosovodan geri çağırılmasında nə problem var ki, bunu qapalı iclasda müzakirə eləyək? Burada heç bir problem yoxdur. Qanunla nəzərdə tutulmuş məsələdir. Siyasi vəziyyət dəyişdiyi üçün taqımı geri çağırırıq. Biz NATO ilə əlaqələri kəsmirik. Təzədən bunu böyütməyə heç bir lüzum yoxdur. Qapalı deməklə bunu bir az da şişirdirsiniz, burada şişirtməli heç nə yoxdur. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! İlk öncə mən zərgərlik məmulatlarının hazırlanması və satışı sahəsində yaranmış problemlə bağlı həmkarım Fazil bəyin qaldırdığı məsələni dəstəkləyir və bu narahatlığı bölüşürəm. Ümid edirəm ki, Milli Məclisin rəhbərliyi də müvafiq orqanlar qarşısında bu məsələni qaldırıb ona aydınlıq gətirəcəkdir.
Oqtay müəllim, mən bir məsələyə də münasibət bildirmək istəyirəm. Bu, Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirinə İranda edilmiş hörmətsizliklə və həmin tədbirdə iştirak eləyən otuza qədər şəxsin həbsi ilə bağlıdır. Ermənistanda bu yaxınlarda prezident seçkiləri keçirilib. Bu seçki kampaniyasına qatılmış Ter-Petrosyanla Köçəryan bir-birini onda ittiham edirdilər ki, Ermənistan üçün Qarabağ savaşı zamanı həyat yolu olmuş Mehrini guya onlar Azərbaycana satmaq istəyirmişlər. Haqlı olaraq onlar o yolu özləri üçün həyat yolu adlandırır və söyləyirdilər ki, Ermənistanın bütün təchizatı İrandan olub.
Özünü islam respublikası adlandıran bir ölkənin rəsmiləri üzdə “biz müsəlmanıq, müsəlman müsəlmana qardaşdır” desələr də, öz müsəlman qardaşlarına qarşı vuruşan, torpaqlarını işğal eləyən, bir milyon insanı qaçqın salan, Xocalı soyqırımını törədən, uşağa, qocaya aman verməyən qatillərə müharibə dövründə hər cür dəstək göstərib və bu günlərdə də nəinki islam dininə, hətta insanlığa sığmayan bir addıma əl atıb, məsciddə hüzn mərasimini dağıdıblar. Mən hesab edirəm ki, bununla əlaqədar olaraq bizim Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında xüsusi dinləmə keçirilməlidir. Biz İran İslam Respublikasının qonşuluq prinsiplərinə, islamçılığa, müsəlmançılığa sığmayan bu cür hərəkətləri barədə İslam Konfransı Təşkilatını məlumatlandırmalıyıq. Çalışmalıyıq, İranda yaşayan müsəlman farsları da, digər müsəlmanları da məlumatlandıraq ki, əslində, bu gün islam pərdəsi altında maskalanmış indiki islam rejimi hansı fəaliyyətlə məşğul olur. Biz, eyni zamanda, orada həbs olunmuş soydaşlarımızın azad edilməsini tələb eləməli və bu məsələni BMT qarşısında da, başqa beynəlxalq təşkilatlar qarşısında da qaldırmalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün bizim gündəliyimizdə mühüm məsələ – İnsan hüquqları üzrə müvəkkilin hesabatı dayanır və yəqin ki, gün ərzində çox səmərəli bir müzakirə keçirəcəyik. Bununla bərabər, məni narahat eləyən bir-iki məsələnin də gündəliyə salınmasını təklif edirəm. Bunun biri, hörmətli Oqtay müəllim, Azərbaycan Respublikasının vətəndaşlarına son aylarda verilən xarici pasportlarla bağlıdır. Məlum olduğu kimi, biz burada “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun qəbul etmişik. Azərbaycanın dövlət atributlarının xarici pasportda necə əks olunmasını qanunla müəyyən etmişik.
Son vaxtlar bizim vətəndaşlarımız xarici ölkələrə gedəndə pasport yoxlanışında onları saxlayırlar, çünki Azərbaycan pasportunda əks olunmuş dövlət atributları kompüterdə təhrif olunmuş formada görünür. Viza və pasport idarəsi deyir ki, doğrudan da, belə hallar var, biz Xarici İşlər Nazirliyi vasitəsi ilə ayrı-ayrı dövlətlərə müraciət edirik ki, bunu nəzərə alsınlar. Hesab edirəm ki, bu, tamamilə yolverilməzdir. Əvvəla, pasportların hazırlanması elə firmalara tapşırılmalıdır ki, onların kifayət qədər texniki hazırlığı olsun. Bu iş texniki hazırlığı olmayan firmalara tapşırılanda belə keyfiyyətsiz sənədlər yaranır.
Pasport xaricdə Azərbaycan Respublikasının dövlət sənədidir, vətəndaşın şəxsiyyətini təsdiq eləyən sənəddir. Azərbaycanın dövlət atributlarının belə sənədlərdə təhrif olunması tamamilə yolverilməzdir. Mənə elə gəlir ki, bu, bilavasitə dövlət atributlarına aid məsələ olduğu üçün təcili müdaxilə edilməlidir və dövlət atributlarının təhrif olunduğu pasportların verilməsi dayandırılmalıdır.
Hörmətli Sədr, mənim qaldırmaq istədiyim ikinci məsələ son dövrlərdə əhalinin hər 10 min nəfərinə düşən vərəmli xəstələrin sayına görə Azərbaycanın birinci yerə çıxmasıdır. Şübhəsiz ki, bu, səhiyyəyə aid olan monitorinqlərin nəticəsində üzə çıxan aşırı bir faktdır. Bu, tək xəstəlik məsələsi deyil, sosial bir bəladır. Bunun səbəbləri ilk baxışda aydındır. Bu, qida çatışmazlığı və idxal olunan qidaların tərkibinin düzgün yoxlanılmaması, eyni zamanda, səhiyyə xidmətinin aşağı olması və vətəndaşlarımız arasında tibbi maarifçiliyin aşağı olması ilə bağlıdır. Əlbəttə, bunlar görünən səbəblərdir. Bunun görünməyən səbəbləri də var. Mən hesab edirəm ki, bu məsələ Səhiyyə Nazirliyinin və əlaqədar nazirliklərin iştirakı ilə parlamentin müzakirəsinə çıxarılmalıdır.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli mətbuat təmsilçiləri! Öncə xanım həmkarlarımı və onların timsalında bütün qadınlarımızı qarşıdakı bayram münasibətilə təbrik edir və hər birinə xoşbəxtlik arzulayıram.
Ümummilli liderimiz, mərhum Prezidentimiz Şəkini bütövlükdə muzey adlandırıb. Bu müdrik deyim diyarın hər qarışında öz təsdiqini tapır. Hələ 1990-cı illərdə rayonun Fazıl kəndində Təpəbaşı deyilən ərazidə böyük nekropol olduğu aşkarlanıb. Sonrakı qazıntılar zamanı bu ərazidə daha dörd abidə − Yoncalı, Seyvanlı, Böyükdüz və Eyvur qalası tapılıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun təqdimatı ilə abidələr antik dövr Təpəbaşı nekropolu kimi qeyd olunub. Sonradan burada abidələri olduğu kimi saxlamaq şərti ilə Əbədi sükut dünyası adlı muzey tikintisinə başlanıb. On beş qəbirdən ibarət olan bu abidələr ən azı beş, yeddi min il tarixə malikdir və azəri türklərinin antik dövrdəki dini və dünyəvi düşüncə tərzini əks etdirir. Təpəbaşı nekropolu ölkənin turizm baxımından perspektivli bölgəsindədir və artıq Fazıl kəndi beynəlxalq turizm marşrutuna salınıb. Hazırda da bu abidələrin tamaşasına hər il Şəki–Bakı magistralından nekropola qədər olan 9 kilometr uzunluğunda bərbad yolu qət etməklə yüzlərlə turist gəlir. Həmçinin nekropol ölkənin dövlətçiliyi üçün də müstəsna əhəmiyyəti olan şimal-qərbində yerləşir. Heç kimə sirr deyil ki, həm şimaldan, həm də qərbdən zaman-zaman bu əzəli türk torpaqlarının tarixini təftiş etmək cəhdləri olur. Əminəm ki, muzeyin varlığı bədxahlarımızı da əbədi susduracaqdır. Lakin bir neçə ildir, muzeyin tikinti-tamamlama işi özü bir labirintə düşüb.
Mən bu günlərdə növbəti dəfə bu ərazidə oldum. Orada baş verənləri soyuqqanlıqla müşahidə etmək olmur. Nadir eksponatlar açıq səma altındadır. Bu qarlı qışın dəhşətli şaxta və rütubəti onları tamamilə məhv etmək üzrədir. Əvvəllər olduğu kimi, problemin həll olunması üçün yenə aidiyyəti qurumlara müraciət yolunu seçərdim. Lakin bu yaxınlarda Prezidentimizin arxeoloji qazıntıların sürətləndirilməsi istiqamətində növbəti addımı, doğrusu, məni bu tribunadan istifadə etməyə sövq etdi. Hörmətli Sədr, abidələrin üstündəki muzeyin tikintisinə cavabdeh olan insanların beyni və qəlbindəki buzu əritmək üçün bəlkə də parlament rəhbərliyi səviyyəsində müdaxiləyə ehtiyac var. Heç şübhəsiz, muzeyin tikintisi təcili başa çatdırılmalı, nekropola gedən yol təmir olunmalı və minilliklərlə qədimə uzanan dəyərlərimizin olduğu yerə əcnəbi turistlərin axını təşkil edilməlidir. Hesab edirəm ki, Şəkidəki Təpəbaşı nekropolunun dövlət başçımızın tariximizi, mədəniyyətimizi dünyaya tanıtmaq, Azərbaycan reallıqlarını beynəlxalq aləmdə təbliğ etmək siyasətinin xidmətində durmasını təmin etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Bizim bayramımızı təbrik edən bütün kişi həmkarlarımıza təşəkkür eləyirəm. Rövnəq müəllimə diqqətinə görə xüsusi təşəkkürümü bildirirəm.
Qaldıracağım məsələ, şübhəsiz ki, hər kəsin gündəlik həyatda gördüyü məsələdir. Amma bu barədə bir neçə dəfə mətbuatda deyilsə də, təəssüflə qeyd eləmək istəyirəm ki, bu məsələyə qarşı çox böyük bir biganəlik və soyuqqanlılıq var. Hər birimiz toy məclislərində və yaxud şadlıq evlərində keçirilən digər tədbirlərdə olanda çox xoşagəlməz bir faktla rastlaşırıq. Bu fakt bəzi hallarda televiziyalarda da özünü göstərir. Axşam saat 10-da, 11-də bu cür məclislərdə kiçik yaşlı oğlanların, qızların “Tanqo”dan tutmuş, göbək rəqsinə qədər müxtəlif rəqsləri ifa etməsi, kiçik yaşlı qızların bu şənliklərdə istifadəsi, mənə elə gəlir ki, hər bir azərbaycanlını narahat etməlidir.
Mentalitet məsələsini bir kənara qoysaq, ümumiyyətlə, ”Uşaq hüquqları haqqında” Qanunumuzda da uşaq əməyinin istismarı məsələsi konkret olaraq göstərilib. Mən bu səhnələrə, açığı, çox təəccüblə baxıram. Hətta bir çox hallarda millət vəkillərinin əyləşdiyi bu cür məclislərdə də bu halları müşahidə eləmək olur. Bu zaman fikirləşirsən, yəqin, bu şadlıq evlərinin yiyələri düşünürlər ki, bu millət vəkilləri bu qanunları ya elə-belə, kağız üzərində qalsın deyə yazıblar, ya da bu qanunlardan xəbərləri yoxdur.
Biz qəbul etdiyimiz bütün qanunlarda sonuncu maddələrdə konkret olaraq göstəririk ki, qanunun həyata keçirilməsi müvafiq icra strukturlarına tapşırılır. Şübhəsiz ki, konkret nazirliyin əməyin qorunması ilə bağlı konkret qurumları var və onların da nümayəndələri bu cür toy mərasimlərində, müxtəlif tədbirlərdə iştirak eləyirlər. Əgər belədirsə, nə səbəbdən bu barədə, ümumiyyətlə, heç bir tədbir görülmür və yaxud görülürsə də, bu hallar davam eləyir?
Mən daha bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, qadınlara qarşı zorakılıqla mübarizə məsələsi bizim parlamentdə öz həllini bir çox Avropa parlamentlərindən fərqli olaraq, çox yüksək səviyyədə tapır və icra strukturları bu sahədə qəbul olunan qanunvericilik aktlarını həyata keçirərək, mütəmadi olaraq bizə hesabatlar verirlər. Amma təəssüflə demək istəyirəm ki, bizdə uşaqlara qarşı da zorakılıq halları var. Onların ailələrinin maddi imkansızlığından istifadə eləyərək, bu uşaqları cüzi məbləğ müqabilində gətirib, onların əməyindən bu cür...
Sədrlik edən. Oldu, çox sağ olun, Gülər xanım. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür eləyirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu gün Azərbaycanı əhatə eləyən ölkələrdə keçirilən seçkilərə bir sıra Qərb dövlətlərinin və beynəlxalq təşkilatların yanaşma tərzi ilə bağlı öz fikrimi bildirmək istəyirəm. Bu gün biz dünyada ikili standartların varlığının bir daha şahidi olduq. Ermənistanda, Gürcüstanda və Rusiyada keçirilən seçkilərə bu dövlət və təşkilatların münasibəti çox maraqlıdır. Xüsusilə Ermənistanda olan seçkilərlə əlaqədar nə bu gün dünyada demokratiya ideyasının daşıyıcıları kimi tanınan və onun uğrunda dünyanın hər yerində qəti mübarizə apardıqlarını bəyan edən dövlətlər, nə də beynəlxalq təşkilatlar nədənsə, səslərini çıxarmırlar. Nədənsə, ATƏT-in, Avropa Şurasının, Avropa İttifaqının səsi eşidilmir. Azərbaycanda bir hadisə olan kimi, tutalım, bir jurnalist cinayət törədib, həbs olunan kimi dərhal Ağ evin sözcüsü bir tərəfdən, ATƏT-inki o biri tərəfdən bəyanatı bəyanat dalınca yağdırırlar. Ermənistanda hələ seçkinin kütləvi saxtalaşdırılması bir tərəfə qalsın, kütləvi iğtişaş, 8 nəfərin ölümü, neçə nəfərin yaralanması və sair bunların təmkinini pozmur. Yenə bu dövlətlərin, bu beynəlxalq təşkilatların səsi eşidilmir.
Bu bizə əsas verir düşünək ki, gələcəkdə bizim ciddi problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də bunlar bu cür mövqe tutacaq, Ermənistanı müdafiə mövqeyində duracaqlar. Çünki hər hansı bir digər ölkədə keçirilən seçki ilə bağlı bunlar xüsusi bəyanatlar verirdilərsə, indi Rusiyanı çıxmaq şərti ilə sadaladığım ölkələrdə baş verənlərə ATƏT-in müşahidəçilik missiyasının və digər beynəlxalq təşkilatların tamam loyal münasibəti göz qabağındadır. Bu gün Azərbaycanda ən ədalətli, demokratik, azad seçkilər keçirilir. Sadəcə olaraq, Azərbaycana yanaşma tamamilə başqa cürdür.
Mən Avropa Şurasında olan nümayəndələrimizdən xahiş eləyirəm ki, növbəti iclasda bu məsələyə toxunsunlar. Avropa Şurasının da ikili standartlarına son qoyulsun. Gündə bir komissiya gəlir ki, burada dəyişiklik elə, orada dəyişiklik elə. Bu komissiya bəyəm Ermənistanı, Gürcüstanı, Rusiyanı görmürmü? Niyə bunlar elə Azərbaycanı görürlər, niyə Azərbaycanda hər hansı bir məsələyə birtərəfli münasibətlər bildirirlər? Azərbaycan demokratiyaya sədaqətini əməli ilə nümayiş etdirirsə, Azərbaycanın üzərinə əlavə tələblər qoymağa ehtiyac yoxdur. Digər ölkələrə baxsınlar və görsünlər ki, bu gün postsovet məkanında azad söz, azad mətbuat, demokratiya məhz Azərbaycandadır. Ətraf ölkələrdə keçirilən seçkilər bunu bir daha nümayiş etdirdi. Diqqətinizə görə təşəkkür eləyirəm.
Sədrlik edən. Müzakirələr artıq sona çatır. Qənirə xanım, elə bir söz yoxdursa, gündəlikdəki məsələlərin müzakirəsinə başlayaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, buyur.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Qüdrət müəllimin qaldırdığı bir məsələ ilə bağlı xahişimi çatdıracağam. Biz bu günlərdə Xocalı soyqırımının ildönümünü qeyd etdik. O ağır matəm günündə İranda, təbii ki, bütün Azərbaycan xalqı üçün çox həssas bir məsələ ilə bağlı keçirilən tədbirdə iştirakçılara, xüsusilə də Azərbaycanın səfirinə qarşı olan hörmətsizlik Azərbaycan xalqına və Xocalıda soyqırıma uğrayan insanların ruhuna qarşı bir hörmətsizlikdir.
Alimlərimiz Azərbaycan tarixi ilə bağlı bir kitab yazmamış, İranın səfiri qaça-qaça xarici işlər nazirinin yanına gedir. İranın səfiri hətta Yaqub müəllimin “Ata yurdu” kitabı ilə əlaqədar olaraq cənab Prezidentin yanına gedib demişdi ki, tarixinizlə bağlı niyə belə kitablar yazırsınız? Bu bizim maraqlarımıza uyğun deyil. Amma Azərbaycan xalqı və dövləti üçün çox önəmli və həssas bir dönəmdə baş vermiş insidentə görə üzr istəmək əvəzinə İranın Azərbaycandakı səfiri elə bir açıqlama verdi ki, necə deyərlər, üzrü günahından betər oldu. Ona görə mən də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının bir üzvü olaraq xahiş edirəm ki, İranın Azərbaycandakı səfirini parlamentə dəvət edək və Azərbaycan xalqının bu məsələ ilə bağlı iradlarını ona çatdıraq. Azərbaycan xalqı, təbii ki, qonşu İranla dost, qardaş münasibətlərinin olmasını istəyir, amma eyni zamanda, özünə də hörmət tələb edir.
Daha bir məsələni mən burada diqqətinizə çatdırmaq istərdim. Çünki bununla bağlı məktublar, müraciətlər olur. İpoteka kreditləşməsi, təbii ki, əhalinin müəyyən qrupunun gənclərimizin evlə təmin olunması istiqamətində atılan çox vacib bir addım idi. Büdcə layihəsi təsdiqlənən zaman biz bununla bağlı məsələni təsdiqləsək də, çox təəssüf ki, artıq mart ayının başlanmasına baxmayaraq, hələ də ipoteka kreditlərinin verilməsinə başlanmayıb. Banklar bildirirlər ki, onlar hələ pul ayrılmadığına görə ipoteka kreditləşməsini həyata keçirə bilmirlər. Hörmətli ombudsmanın illik məruzəsində də bu məsələyə toxunulur. Ona görə, Oqtay müəllim, çox xahiş edirəm, Siz də öz səlahiyyətləriniz çərçivəsində bu prosesin tezləşməsinə kömək göstərəsiniz. Çünki mənzillə təminat sahəsində...
Sədrlik edən. Çox sağ olun. Mən bu məsələlərin hamısını özümdə qeyd elədim. Sizin dediyiniz məsələni Xarici İşlər Nazirliyi ilə danışıb, dəqiqləşdirərik.
Gündəliyin birinci məsələsinə keçirik. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin illik məruzəsi. Elmira xanım Süleymanova buyursun. Elmira xanım, artıq 22 nəfər bu məsələ ilə bağlı çıxışa yazılıb. Ona görə soruşuram, Sizə neçə dəqiqə lazımdır?
E. Süleymanova. Azı, 30–40 dəqiqə.
Sədrlik edən. 30–40 dəqiqə çoxdur. Hesabat təqdim olunub. Xahiş edirəm, məruzəniz üçün 25 dəqiqə vaxt müəyyən eləyək.
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İcazə verin, sayca artıq beşinci olan 2007-ci il üzrə məruzəmi sizin diqqətinizə çatdırım. Ötən dövrdə ölkəmizin potensialının sürətlə artması, regionların inkişafındakı müsbət dəyişikliklər, əhalinin rifah halının getdikcə yüksəlməsi insan hüquqlarının təmin olunması üçün də münbit şərait yaratmışdır. BMT-nin Əlilliyi olan insanların hüquqları üzrə Konvensiyasının imzalanması, ölkə Prezidenti tərəfindən iki əfv fərmanının imzalanması, amnistiya aktının tətbiqi, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunların qəbul edilməsi, gənc kadrlar da cəlb edilməklə idarəçiliyin təkmilləşdirilməsi, ölkə Prezidentinin sərəncamına əsasən sahibkarlıq fəaliyyətinin bir pəncərə prinsipi üzrə qeydiyyatı, səhiyyədə pullu xidmətlərin aradan qaldırılması, sonuncu çadır şəhərciyinin ləğv edilməsi və məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi, əmək haqlarının, pensiya və müavinətlərin artırılması, yoxsulluq dərəcəsinin 16 faizə enməsi ötən ilin mühüm hadisələrindən olmuşdur.
Müvəkkil həmin dövrdə öz fəaliyyətini dövlət qurumları, qeyri-hökumət təşkilatları, KİV-lər, habelə beynəlxalq qurumlar və xaricdəki həmkarları ilə sıx əməkdaşlıq şəraitində qurmuş və insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində bir çox hüquqların bərpa olunmasına xidmət etmişdir. İnsan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının icrası ilə əlaqədar olaraq dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları və başqa təşkilatlarla birgə Bakı, Quba, Şamaxı, Şəki, Sabirabad, Cəlilabad, Gəncə, Bərdə və Naxçıvanda ictimai dinləmələr keçirmiş və bu, çox müsbət əks-səda tapmışdır.
2007-ci ildə alınmış şikayətlərin sayı təxminən keçənilki qədər olmuşdur. Lakin strukturda bir qədər dəyişiklik müşahidə olunmuş, yəni müraciətlərin çox hissəsini ünvanlı sosial yardımlar, məhkəmə qərarları və onların icra edilməməsi, tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti, torpaq, mənzil, kommunal xidmətlərlə bağlı şikayətlər təşkil etmişdir. Hüquqların məhkəmə və polis, daha az prokurorluq, icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən pozulması müşahidə olunmuşdur.
Vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiqləyən sənədlərin, habelə ümumvətəndaş pasportlarının verilməsində çətinliklər müşahidə olunmuşdur. Azərbaycan Respublikasında bu ilin Prezident seçkiləri ili olduğu nəzərə alınaraq, qeyd edilən sahələrdə təxirəsalınmaz işlər görülməlidir.
Çoxmərtəbəli binaların inşası zamanı tikinti norma və qaydalarına, istifadə edilən materialların keyfiyyətinə, əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, çoxillik istismar və təbii aşınma, habelə zəlzələ və daşqınlar nəticəsində qəza vəziyyətinə düşmüş binalarda yaşayan insanların yeni binalara köçürülməsinə böyük ehtiyac var. Yeni binalar tikildikcə əlillərin sərbəst hərəkəti üçün küçələrin də genişləndirilməsi zəruridir.
Ötən dövrdə narahatlıq törədən problemlərdən biri də işgəncələrlə bağlı olmuşdur. Müvəkkilin ünvanına polis orqanları və penitensiar sistemin işçiləri tərəfindən vətəndaşlara göstərilən müxtəlif fiziki və mənəvi təzyiqlər, insan ləyaqətini alçaldan rəftar, döyülmə halları ilə bağlı şikayətlər daxil olmuşdur. Bu şikayətlərdə həmçinin şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılanlara münasibətdə istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı belə rəftara yol verildiyi bildirilmişdir. Döyülmə halları polis orqanlarında baş verdikdə, bunu şəxsin saxlanıldığı zaman müqavimət, itaətsizlik göstərməsi ilə, penitensiar sistemdə isə məhkumun daxili davranış qaydalarını pozması və ya cəzaçəkmə müəssisələrinin işçi heyətinə, qanunun tələblərinə tabe olmaması ilə izah edirlər. Hər hansı formada işgəncə, döyülmə halı təsdiqini tapdıqda Azərbaycan Respublikasının Prokurorluğuna, Daxili İşlər və Ədliyyə nazirliklərinə müraciət olunmuş, bəzi işçilər inzibati qaydada cəzalandırılmış, rütbəsi endirilmiş və ya tutduğu vəzifədən azad edilmişdir.
Ötən il insan hüquqlarının pozulması ilə əlaqədar olaraq on beş prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir. Daxili işlər orqanlarında isə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, döymə, sürücülərin hüquqlarını pozma kimi faktlarla bağlı 199 əməkdaş müxtəlif dərəcədə cəzalandırılmışdır. Onlardan 8 nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, 56 nəfəri xidmətdən, 18 nəfəri tutduğu vəzifədən azad edilmişdir. Ümumiyyətlə, ötən dövrdə Sabunçu, Nəsimi rayon polis idarələrinin, həmçinin Əzizbəyov Rayon Polis İdarəsinin 3-cü, Yasamal Rayon Polis İdarəsinin 26-cı və 28-ci polis bölmələrinin, Şamaxı və Abşeron rayon polis şöbələrinin rəhbərləri tutduqları vəzifələrdən azad edilmişlər. Onlardan şikayət digərlərinə nisbətən daha çox olmuşdur.
Müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müntəzəm olaraq çoxsaylı baxışlar keçirilmiş, saxlanma şəraiti araşdırılmış, saxlanılmanın qanuniliyinə dair sənədlər yoxlanılmışdır. Qobustan qapalı həbsxanasının, 1 və 2 saylı cəzaçəkmə müəssisələrinin rəisləri Əlizadə Hüseynov, Ramiz Quliyev və İsa Kazımov tutduqları vəzifələrdən azad edilmişlər. Bir çox hallarda saxlanılan şəxslər onlara qarşı zorakılığa, kobud rəftara yol verilmədiyini və şikayətlərinin olmadığını bildirirlər.
2004-cü ildən Aparatın nəzdində fəaliyyət göstərən çevik araşdırma qrupu da böyük iş aparır. Burada qaynar xətt yaranmışdır. Bütün polis idarələri və şöbələrində xüsusi elanlar asılmışdır. Həmin elanlarda deyilir ki, hər hansı bir işgəncə müşahidə olunduqda bu telefon nömrəsi ilə zəng edib ombudsmana məlumat verin. Bu da öz müsbət rolunu oynamışdır. MTN-nin istintaq təcridxanasında sabiq nazirlər Fərhad Əliyev və Əli İnsanovla, Azpetrol şirkətinin sabiq rəhbəri Rafiq Əliyevlə dəfələrlə görüşlər keçirilmiş, onların vəziyyəti diqqətdə saxlanılmış, səlahiyyətli orqanlara müvafiq müraciətlər olunmuşdur.
Qobustan qapalı həbsxanasında və 10, 12, 13, 14, 15 saylı cəzaçəkmə müəssisələrində aşkar edilmiş xoşagəlməz hallarla bağlı Penitensiar Xidmət rəisinə müraciətlər edilmiş, məhkumların, o cümlədən ömürlük azadlıqdan məhrum edilənlərin saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülməsi tövsiyə edilmişdir.
Hazırda istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri üçün yeni binalar tikilir. Onlar tezliklə istifadəyə veriləcəkdir. Məhkumların hüquqlarının müdafiəsinin daha səmərəli təşkili məqsədi ilə onlara münasibətdə qanunların liberallaşması, saxlanılma şəraitinin humanistləşdirilməsi, islah prosesində tərbiyə işinin təkmilləşdirilməsi və gücləndirilməsi, psixoloji xidmətin yaranması və təşkili, sosial adaptasiya proqramlarının həyata keçirilməsi məqsədəmüvafiqdir. Müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxslərin, həmçinin məhkumların qida təminatına da xüsusi diqqət yetirilmişdir.
Əsgərlər arasında döyüş əməliyyatlarında iştirakla bağlı olmayan yaralanma və ölüm halları təhqiq olunmuşdur. Hüquqi-tərbiyəvi işin təşkilindəki çatışmazlıqlar aşkar edilmiş, intizama əməl edilməsinə cavabdeh olan vəzifəli şəxslərə qarşı tədbirlər görülmüşdür. Eyni zamanda, orduda ictimai nəzarətin təşkili təklif olunmuşdur.
İstər ölkə ictimaiyyətinin və mətbuatın, istərsə də beynəlxalq qrupların diqqətində olan məsələlər daim Müvəkkilin də nəzarətindədir. Həbsdə olan jurnalistlər, o cümlədən Rövşən Kəbirli, Yaşar Əlizadə, Mirzə Sakit, Fərəməz Novruz oğlu və Eynulla Fətullayevlə dəfələrlə görüşülmüş, təkbətək söhbətlər aparılmış, onların vəziyyəti, səhhəti, onlara qarşı rəftar yoxlanılmış və əlaqədar orqanlara müraciətlər edilmişdir. Ümumiyyətlə, il ərzində elə bir hal olmayıb ki, ölkədə hər hansı bir zorakılıq, hər hansı bir hüquq pozuntusu olduğu halda Müvəkkil ora müdaxilə etməsin və hansısa bir tədbir görməsin.
Ölkə Prezidentinə müraciətlər edilmiş və əfv fərmanının imzalanması təklif edilmişdir. Eyni zamanda, dünya təcrübəsində hüquq pozuntularına yol verilməsinə görə tətbiq edilən alternativ cəza növləri ilə də bağlı təkliflər verilmişdir. Yeri gəlmişkən, Müvəkkilin təklifi ilə ümumiyyətlə, 210 nəfər əfv olunmuşdur. Keçən il onlardan 37-si və o cümlədən bir neçə jurnalist həbsdən azad edilmişdir. Müvəkkil Aparatının əməkdaşları hazırda həbsdə olan jurnalistlərlə müntəzəm görüşür və onların saxlanılma şəraitini nəzarətdə saxlayırlar. Vəzifəsi jurnalist etikasına və qanunlara riayət etməklə ictimaiyyətə düzgün, qərəzsiz məlumat çatdırmaqdan ibarət olan mətbuat nümayəndələrinin peşə səviyyələrinin artırılması məqsədi ilə treninqlər keçirilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, mətbuatın inkişafını özündə əks etdirən dövlət proqramının qəbul edilməsi məqsədəmüvafiqdir.
Milli və dini tolerantlığın cəmiyyətimizin səciyyəvi xüsusiyyəti olduğu nəzərə alınaraq, Din vasitəsi ilə sülh mədəniyyəti dinlərarası şurasının yaradılması təklif olunmuşdur. Müvəkkilin dəstəyi ilə müntəzəm fəaliyyət göstərən Azərbaycan Sülh və İnkişaf Alyansı nüfuzlu Beynəlxalq Sülh Bürosuna üzv seçilmişdir. Məktəblərdə ənənəvi dinlərin əsaslarının tədrisi artıq Avropa Şurasında müzakirə olunur. Yəqin ki, biz də buna fikir verməliyik.
Müvəkkil “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi üzrə təkliflərini vermiş və bu təkliflərin müzakirəsini, həmçinin Qanunun tətbiqi mexanizmlərinə yenidən baxılmasını, eyni zamanda, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər zamanı polisin ictimai qaydanı hər hansı zorakılığa yol vermədən mühafizə etməsi təcrübəsinin təkmilləşdirilməsini təklif etmişdir. Venesiya komissiyasının qanunla bağlı təkliflərinin də nəzərə alındığı yeni qanun layihəsinin Milli Məclisdə qəbul olunması gözlənilir.
Qeyd edim ki, 2008-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq işləri ilə bağlı tədbirlər planı hazırlanmışdır. Bu planda vətəndaşların seçki hüququnun həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması, eyni zamanda, Seçki Məcəlləsinin və seçki praktikasının təkmilləşdirilməsinə dair ölkə Prezidentinin iki məlum sərəncamının tələblərinə əməl edilməsinin monitorinqinin aparılması, namizədlərin, müşahidəçilərin, seçki komissiyaları üzvlərinin maarifləndirilməsi, onların öz hüquq və vəzifələri ilə bağlı geniş məlumatlandırılması, habelə vətəndaşların seçkilərdə fəal iştirakının təmin edilməsi nəzərdə tutulmuşdur. Bu planın icrası ilə bağlı Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə müntəzəm iş aparılmaqdadır.
Daxil olan şikayətlərlə əlaqədar istər Ədliyyə Nazirliyinə, istərsə də Məhkəmə-Hüquq Şurasına göndərilmiş müraciətlərdə adları hallanmış Bərdə Rayon Məhkəməsinin sədri İsa Əsədov, Suraxanı Rayon Məhkəməsinin sədri Rafiq Miriyev, Nərimanov Rayon Məhkəməsinin hakimi Liliya Mavrina, ümumilikdə, 30 hakim növbəti seçkilərdə bu vəzifəyə təyin edilməmiş, bir neçə hakim isə intizam qaydasında cəzalandırılmışdır. Hesab edirəm ki, bu tədbirlər yenə də davam etdirilməlidir, çünki məhkəmələrdən şikayətlər çoxdur. Bəzən məhkəmələr tərəfindən müraciətlərə vaxtında cavab verilməməsi, vətəndaşların şikayət və müraciətlərinin qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılmaması çoxsaylı izafi yazışmalara səbəb olur.
Yeri gəlmişkən, bircə misalı göstərmək istərdim. Bir şikayətçinin itirilmiş sənədlərlə bağlı ərizəsinə müsbət cavab vermək üçün keçən ilin aprel ayından dünənə qədər məhkəmələrlə yazışmadayıq. Bununla bağlı artıq 116 səhifədən ibarət bir qovluq yaranıb. İki məhkəmə – Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi arasında hələ də yazışma gedir. İndi biz bunu artıq Məhkəmə-Hüquq Şurasına təqdim etmək qərarına gəlmişik ki, dərin araşdırma aparılsın və tədbir görülsün. Bununla belə, şikayətlərlə bağlı aparılmış ardıcıl işlər nəticəsində bəzi hallarda vətəndaşların pozulmuş hüquqları bərpa olunmuşdur.
Ötən dövrdə məhkəmə icraçıları da süründürməçiliyə, laqeyd yanaşma hallarına yol vermişlər. Bu da son nəticədə vətəndaşların ədalətli mühakimə hüququnun pozulması ilə nəticələnir, onların məhkəmə hakimiyyətinə olan inamını qırır.
Məlumdur ki, ölkəmizdə hər yüz min nəfərə 6 vəkil düşür. Elə rayonlar var ki, orada bir dənə də olsun vəkil yoxdur. Ona görə də bu rayonların sakinləri belə xidmət üçün qonşu rayonlara gedirlər. Odur ki, aztəminatlı vətəndaşların imkanlarının zəif olduğu nəzərə alınaraq, regionlarda dövlət büdcəsindən maliyyələşən hüquq məsləhətxanaları yaradılmalıdır. Notariat orqanlarının işinin təkmilləşdirilməsinə də böyük ehtiyac var.
Bir sıra hallarda polis orqanlarının təhqiqat və istintaq bölmələrində cinayət işinin başlanmasının rədd edilməsi, işə xitam verilməsi, cinayəti törətmiş şəxsin müəyyən edilməməsi səbəbindən icraatın dayandırılması haqqında qərarlar prokurorluq tərəfindən ləğv edilmişdir. Get-gedə belə qərarların sayı artır, işlər əlavə araşdırmaya və ya istintaqa göndərilir.
Korrupsiya və rüşvətə qarşı mübarizə mexanizmləri getdikcə təkmilləşdirilsə də, bizə ünvanlanan bir sıra müraciətlərdə müxtəlif dövlət orqanlarında vətəndaşlardan rüşvət tələb edilməsi halı bildirilmişdir. Müvafiq qurumlara bununla bağlı müraciət edildikdə isə onlar tərəfindən əksər hallarda bunun təsdiq olunmaması göstərilir.
Bəzi özəl müəssisələrdə hələ də işçilərin sərf etdiyi əməyə görə haqqın vaxtında və tam həcmdə verilməməsi müşahidə olunur. Yeni əmək pensiyaları sisteminin formalaşmağa başladığı bir vaxtda isə bu çox böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, aztəminatlı ailələrin ünvanlı sosial yardımdan yararlanması məqsədi ilə yardımın təyin edilməsi mexanizminin mütləq sadələşdirilməsinə ehtiyac var. Sosial işçilərin, icraçıların peşəkarlığı artırılmalı, onlara nəzarət gücləndirilməlidir. Biz ünvanlı sosial yardımın təyin edilməsi qaydalarının sadələşdirilməsini və nəzərdə tutulmuş 6 ay müddətinin 1 il müddəti ilə əvəz edilməsini, habelə ünvanlı sosial yardımın məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə həmin yardımı almaq hüququnun itirilməsi ilə bağlı müəyyən edilmiş 2 il müddətinin 1 ilə kimi azaldılmasını təklif etmişik. Bu təkliflər qəbul olunub və baxılmaq üzrədir.
Vətəndaşlar tibbi-sosial ekspert komissiyalarındakı süründürməçilik və özbaşınalıqlardan da çox şikayət edir, əlillik dərəcəsinin müəyyən edilməsi zamanı onlardan rüşvət istənildiyini bildirirlər. Ümumiyyətlə, yerlərdə ünvanlı sosial yardımların və əlillik dərəcələrinin müəyyən edilməsi işinə nəzarət gücləndirilməli, nazirliklə birgə müntəzəm monitorinqlər aparılmalı və tədbirlər görülməlidir.
Azərbaycan Respublikasında uşaqların dövlət uşaq müəssisələrindən ailələrə verilməsi, deinstitutlaşma proqramı həyata keçirilir. Alternativ qayğı proqramı həyata keçirilməkdədir. Büdcə müzakirə ediləndə mən bununla bağlı təklifimi vermişəm. Maddi dəstəksiz bunun gerçəkləşməsi çətinliklər törədir.
Hazırda ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində bir sıra addımlar atılır. Amma vəziyyət heç də qənaətbəxş deyil. Sənaye və sanitar tullantıların toplanılması üçün müəyyən edilmiş yerlərin olmaması və bunların təkrar emal olunmaması neçə ildir ki, deyilir. Bunları elə siz özünüz də bilirsiniz, şəhərin mərkəzində də vəziyyəti görürsünüz. Bir sözlə, Abşeron yarımadasının və Xəzər dənizinin ekoloji vəziyyəti xüsusi diqqət tələb edir. Sumqayıt şəhərində külli miqdarda zərərli tullantıların təmizlənmədən Xəzər dənizinə axıdılması artıq onunla nəticələnib ki, Sumqayıt dünyanın 10 ən çirkli şəhəri siyahısında ikinci yerdə durur. Yeni çoxmərtəbəli binaların tikilməsi zamanı ərazilərin qanunsuz zəbt edilməsi məqsədi ilə istirahət zonalarının, uşaq meydançalarının dağıdılması, yaşıllıqların, zeytunluqların məhv edilməsi çox xoşagəlməz bir haldır.
Dövlət tibb müəssisələrində pullu xidmətlərin ləğv edilməsi ilə yanaşı, stasionar şəraitdə müalicə olunan xəstələrin qidalanması məqsədi ilə mərkəzləşdirilmiş mətbəxlərin yaradılması olduqca müsbət haldır. Lakin körpələrin qidalanması üçün ana südünün əvəzedicilərinin hazırlandığı mətbəxlər şəbəkəsi də mütləq yaradılmalıdır.
Ötən dövrdə Xırdalanda 9 saylı orta məktəb şagirdlərinə naməlum şəxslər tərəfindən guya kampaniya şəklində tanıtdırma məqsədi ilə pulsuz verilmiş sərinləşdirici içkilər uşaqların zəhərlənməsinə səbəb olmuşdu. Bu bizi bir daha həyəcan təbili çalmağa vadar edir. Təbii ki, biz istehlakçıların hüquqlarını qoruyaraq, xarici firmalar tərəfindən istehsal olunan və ya xaricdən gətirilən məhsullara nəzarəti gücləndirməliyik.
Müxtəlif regionlarda, rayonlarda, hətta ucqarlarda yerləşən ambulatoriya və tibb məntəqələri tədricən əsaslı təmir olunaraq tibbi avadanlıqla təchiz edilir. Bununla belə, hələ bir çox yerlərdə ambulatoriya və tibb məntəqələri yoxdur, tibbi xidmət çox zəif vəziyyətdədir. Vərəm, QİÇS və narkomaniya kimi sosial mənşəli xəstəliklərin profilaktikası və müalicəsinə xüsusi diqqət yetirilməlidir. Bu xəstələrə psixoloji və sosial reabilitasiya yardımının göstərilməsi də zərurət kimi qəbul edilməlidir. Əhaliyə peşəkar tibb xidmətləri göstərmək imkanına malik olmayan özəl tibb müəssisələrinin fəaliyyətinin nəzarətə götürülməsi, habelə həkimlərin xəstə qarşısında məsuliyyətinin artırılması da ciddi tədbirlər tələb edir.
Orta təhsil məktəblərində şagirdlərin öz hüquqlarını bilməsinə və ictimai həyatda fəal iştirakına istiqamətləndirilmiş hüquqi maarifləndirmə tədbirləri keçirilir. Ümumiyyətlə, ümumtəhsil məktəblərində, orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının müstəqil fənn kimi tədris olunması günün tələbidir. Bütün ölkə üzrə çox sayda yeni məktəb binaları tikilmiş və müasir avadanlıqla təchiz olunmuşdur ki, bunların da 1200-ü Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir. Bunlarla yanaşı, məktəbəqədər təhsil sisteminin bugünkü vəziyyəti istər ölkənin mövcud iqtisadi inkişaf səviyyəsi, istərsə də sosial sahədə qarşıya qoyulan perspektiv məqsədlər baxımından heç qənaətbəxş deyil. Təhsil haqqında qanun 10 ildən çoxdur ki, müzakirə olunur. Bizə tez-tez müraciət edir, soruşurlar ki, Təhsil haqqında qanun, nəhayət, qəbul olunacaq, yoxsa yox. Ümidvarıq ki, bu yaxınlarda qəbul olunacaq.
Mənzil təminatı ölkəmizdə ən çətin problemlərdəndir. Bakı şəhərində dövlət tərəfindən ictimai mənzil tikintisi aparılmadığından, elə rayonlarda da boş mənzillər məcburi köçkünlər tərəfindən tutulduğundan çox sayda vətəndaşlar bu günə kimi mənzillə təmin olunmamış qalırlar. Dövlət və ictimai ehtiyacların həyata keçirilməsi prosesində bir çox hallarda xüsusi mülkiyyətdə olan tikililərin dəyəri ədalətli qaydada ödənilmir. Qanunsuz, icazəsiz sayılan tikililər, bir qayda olaraq, məhkəmənin bununla bağlı qərarı olmadan özbaşına sökülür ki, bu da tamamilə yolverilməzdir. Hesab edirik ki, Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli qərarı ilə təsdiq olunmuş kadastr qiymətlərinə və 1999-cu il 28 iyun tarixli qərarı ilə təsdiq edilmiş göstəricilərə yenidən baxılmalı və bu zaman əmlakın bazar dəyərinin əsas göstəriciləri nəzərə alınmalıdır.
Ciddi problemlərdən biri də əhalinin daimi məskunlaşdığı bir sıra ərazilərdə tikilmiş evlərin inventarlaşdırılmamasıdır. Məsələn, hələ də ərazi tabeliyinin həlli məsələsi Abşeron və Əzizbəyov rayonları arasında müzakirə olunan Hövsan və Ramanı südçülük sovxozları, habelə Bakı şəhərinin “Alatava”, “Xutor”, “Vorovski” adlanan yaşayış sahələrində minlərlə insanın daimi yaşadığı evlər hələ də dövlət qeydiyyatına alınmayıb. Bu həm seçki zamanı çətinlik törədəcək, həm də bələdiyyələr şikayət edirlər ki, qeydiyyata alınmamış bu əmlaka görə onlar vergi ala və bu vəsaitdən həmin ərazilərin abadlaşdırılması üçün istifadə edə bilmirlər.
Mənzil hüququnun gerçəkləşdirilməsi məqsədi ilə istər orta qazanca malik, istərsə də aztəminatlı vətəndaşların imkanlarına uyğun mənzillərin tikilməsi və satılması mexanizminin hazırlanıb tətbiq edilməsi, həmçinin mənzil-tikinti kooperativləri şəbəkəsinin genişləndirilməsi, kredit müddətlərinin uzadılması və faizlərin azaldılması yolu ilə ipoteka kreditlərinin verilməsi prosesinin təkmilləşdirilməsi zəruridir.
Torpaq islahatlarından artıq uzun müddət keçir. Lakin bu sahədə buraxılmış səhv və nöqsanlarla bağlı şikayətlər hələ də səngimir. Araşdırmalar göstərir ki, bu hallar, əsasən, yerli icra hakimiyyəti, habelə aqrar islahat komissiyaları tərəfindən yol verilmiş pozuntuların nəticəsidir. Bələdiyyələrin vətəndaşlara münasibətdə süründürməçiliyə yol verməsi, onların problemlərinin həllinə bəzən biganə yanaşması, xüsusilə də fərdi ev tikintisinin həyata keçirilməsində yol verilən nöqsanlar çoxsaylı şikayətlərdə öz əksini tapır. Bir sıra bələdiyyələrin...
Sədrlik edən. Elmira xanım, 25 dəqiqə bitdi. Xahiş edirəm, yekunlaşdırın.
E. Süleymanova. Ötən dövrdə ölkədə bir sıra dövlət proqramları həyata keçirilmiş və bunların icrasının monitorinqi müsbət nəticələr vermişdir. Ötən ilin əvvəllərində Quba, Şəki, Cəlilabad və Gəncədə artıq dövlət büdcəsi hesabına maliyyələşdirilən regional mərkəzlərimiz fəaliyyət göstərmiş və müxtəlif məsələlər üzrə müşavirələr keçirilmişdir.
İcazə verin, pozulmuş insan hüquqlarının bərpası, onların müdafiəsi və pozulmasının qarşısının alınmasında hər birinizin dəstəyinə ehtiyacım olduğunu nəzərinizə çatdıraraq, dövlət qurumları, QHT-lər, KİV-lər və ictimaiyyət ilə birgə bu sahədə tədbirlərin gücləndirilməsində sizi də əməkdaşlığa dəvət edim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Məsələnin müzakirəsinə keçirik. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Builki məruzə əvvəlki illərdəkilərdən bir sıra cəhətlərinə görə fərqlənir. Bir şeyi etiraf etmək lazımdır ki, ölkədə insan hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazası son illərdə genişlənmişdir. Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq olunmuş, işçi qrupunun fəaliyyət çərçivəsi müəyyənləşmiş və bu istiqamətdə xeyli işlər görülmüşdür. Amma ənənəvi olaraq insan haqlarının pozulması da olduğu kimi qalmaqdadır. Bu baxımdan da ombudsmanın builki məruzəsi hamının diqqət mərkəzindədir. Yəni bu hüquq pozuntularına münasibət necə olacaq? Açığı, ombudsmanın fəaliyyət göstərmək imkanlarını müəyyənləşdirəndən sonra bu məruzəyə daha doğru, daha ədalətli qiymət vermək olar. Hesab edirəm ki, son illərdə müvəkkilin fəaliyyəti bu məsələlərə operativ müdaxilə istiqamətində xeyli dəyişib və bu istiqamətdə müsbət addımlar atılıbdır. Amma bununla belə, məruzədə müəyyən nöqsanlar var ki, onlara diqqətinizi yönəltmək istəyirəm.
Birinci növbədə təhlükəsiz yaşamaq hüququ ilə bağlı məsələyə toxunmaq istəyirəm. Burada, əsasən, tikintidəki təhlükəsizlik qaydalarına diqqət yetirilir. Məncə, bu, Konstitusiyanın 35-ci maddəsində yer alan əmək hüququna aid məsələlər olduğuna görə, burada daha çox adam oğurluğu, qadınlara və uşaqlara qarşı zorakılıq, hüquq mühafizə orqanları tərəfindən insanların həyatı üçün təhlükə yaradan qeyri-qanuni fəaliyyətlər önə çəkilsəydi, daha məqsədəuyğun olardı. Vicdan azadlığı ilə bağlı təhlillərdə məsələyə daha çox nəzəri yanaşma öz əksini tapıb. Tolerantlıq mövzusuna toxunub, amma dindarlara qarşı müxtəlif təzyiq faktlarının olmasına baxmayaraq, bunlara münasibət bildirməyib. Polis tərəfindən dindarların zorla saqqallarının qırxılması, bir çox hallarda hicablı qadınların məktəblərdən, səhiyyə ocaqlarından qanunsuz şəkildə uzaqlaşdırılması kimi faktlara toxunulsaydı, daha yaxşı olardı.
Burada müraciət etmək hüququ ilə bağlı maraqlı bir yanaşma var. Məruzədə göstərilir ki, icra hakimiyyəti orqanlarından müvəkkilə daxil olan şikayətlərin sayı ötən illə müqayisədə 2 dəfə azalmışdır. Məncə, bu bizə o nəticəyə gəlməyə əsas vermir ki, şikayətlər, hüquq pozuntuları, ümumiyyətlə, yoxdur. Artıq rayon icra hakimiyyətlərindən şikayətlər başqa rayonun ərazisindən təqdim olunur. Çünki rayonlarda elə bir mühit yaradılır ki, insanlar qorxudan öz şikayətlərini edə bilmirlər. Açığı, rayonlarda ən çox hüququ pozulan insanlar sahibkarlardır. Abadlıq işlərinin böyük əksəriyyəti büdcənin hesabına deyil, yerli sahibkarlardan qanunsuz şəkildə qəsb edilən vəsaitin hesabına həyata keçirilir ki, bunun da nümunələrini bütün rayonlarda müşahidə etmək, görmək mümkündür. Bu baxımdan da qorxu mühitinə görə şikayətin azalmasını insan aktları pozuntusunun az olması mənasına gətirmək, məncə, doğru olmazdı.
Konstitusiya Qanununun 1.6-cı maddəsində müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququnun təsbit olunduğu vurğulanır. Hesabatda üstüörtülü şəkildə olsa da, bu istiqamətdə maneçilik törədənlərin olduğu qeyd olunur. Amma ötən illərdə olduğu kimi, hansı qurumların, konkret hansı şəxslərin müvəkkilə bu istiqamətdə mane olduğunu göstərən heç bir fakt sadalanmır. Bu, olduqca vacibdir, ona görə ki, məhkəmələr millət vəkilləri üçün də bir problemdir. Deputatların məhkəmələrlə bağlı hər hansı bir məsələyə münasibət bildirmək, yaxud da yazdığı ərizəyə, göndərdiyi məktuba cavab almaq imkanları kifayət qədər azdır.
Burada obyektivlik naminə qeyd olunan məsələlərdən biri də odur ki, ölkədə 100 min nəfərə 6 vəkil düşür. Bu, Azərbaycana nüfuz gətirməyən bir haldır. O baxımdan ki, vətəndaşların keyfiyyətli müdafiə hüququ təmin edilməyən bir şəraitdə insan hüquqlarının pozulması tendensiyası artan səviyyədə gedəcəkdir və bunun da qarşısını almaq üçün hesabatda bu kimi məsələlərin sadalanması olduqca vacibdir.
Məruzədə qeyd olunub ki, müvəkkilə göndərilən ərizələrdə vətəndaşlardan dövlət orqanlarında bu və ya digər şəkildə rüşvət tələb edilməsi halı bildirilsə də, həmin qurumlarda araşdırmalar aparılarkən bu öz təsdiqini tapmayıbdır. Hesabatda bunun rüşvət hadisəsi olmaması kimi göstərilməsi, məncə, doğru deyil, çünki Azərbaycan reallığında yaşayan hər kəs bilir ki, çox az sahələr istisnadır ki, orada vətəndaşlar müəyyən problemlərini qanuni yollarla həll edə bilsinlər.
Hesabatda digər maraqlı təkliflər mənzil-istismar sahələrinin ləğv edilməsi və onun vəzifələrinin bələdiyyələrə verilməsi, tibbi-sosial ekspert komissiyalarının işinin yenidən qurulması, ünvanlı sosial yardımların təyin edilmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Xüsusilə də ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələyə, istərdim ki, bu məruzədə daha geniş şəkildə toxunulsun. Açığı, Azərbaycan reallığında bir məsələ var və biz bununla bağlı çoxlu şikayətlər alırıq. Fərqli rayonlardan aldığım şikayətlərdə göstərilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə verilən 6 aylıq ünvanlı sosial yardımın 2 ayının pulu rüşvət formasında nazirliyin müvafiq şöbəsinə verilir. Mənim qonşum olan Ağdam qaçqını o gün mənə dedi ki, bəlkə Siz öz nüfuzunuzdan istifadə edib onlara deyəsiniz ki, bizdən 1 ayın pulunu alsınlar. 5 ayın pulunu bizə versinlər ki, maddi ehtiyaclarımızı həyata keçirə bilək. Ola bilsin ki, bu məsələyə müəyyən mənada müdaxilə etmək imkanları məhduddur, amma bu bir faktdır ki, insan haqlarının pozulmasında yetimin, yoxsulun ruzisinə əl uzatmaqdan böyük nümunə ola bilməz. 277 şikayətdən yalnız 33-nün təmin edilməsi faktı da onu göstərir ki, bu sahəyə müvəkkilin diqqəti daha da artırılmalıdır.
Sağlam ətraf mühitdə yaşamaq hüququ ilə bağlı burada bir sıra faktlar sadalanır. Məncə, bu məsələyə də xüsusi diqqət yetirilməlidir. Həqiqətən də, mütləq Milli Məclisdə pasiyentin hüquqlarının qorunması haqqında qanun qəbul olunmalıdır, çünki ölkədə xəstəni səhiyyə ocaqlarının yarıtmaz fəaliyyətindən qoruyan heç bir mexanizm yoxdur. Bu baxımdan məruzədə bu məsələnin qaldırılması aktualdır, amma digər bir məsələyə, əhalinin Xəzər dənizinə çıxışdan məhrum edilməsi faktına da diqqət yetirilməlidir. Bakının bütün rayonlarında Xəzər dənizinin sahilində 3–4 metrlik müxtəlif hasarlar çəkilib vətəndaşın ən azı dənizdən, ümumi sərvətdən istifadə etmək hüququnun qarşısı alınıbdır. Bu məsələyə də çox ciddi baxılmalıdır.
Məruzədə sahibkarların hüququ ilə bağlı məsələyə çox geniş yer verilmir. Bu gün özəlləşdirmə prosesində baş verən ağlasığmaz hüquq pozuntuları, səhmdar cəmiyyətlərin fəaliyyətindəki özbaşınalıq halları, dividendlərin gizlədilməsi, səhmlərdən əldə edilən gəlirlərin səhmdarlara verilməməsi kimi faktlar olduqca acınacaqlıdır. Bu gün ən hüquqsuz təbəqə sahibkarlardır. Yoxsul, imkansız təbəqə harasa şikayət edə bilir, amma onlar heç yana ərizə yaza bilmirlər, əllərində olan başqa mülklərin də alınacağından və daha acınacaqlı vəziyyətə salınacaqlarından qorxurlar.
Nəhayət, bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, İnsan hüquqları üzrə Avropa Məhkəməsində ölkəmizdə insan hüquqlarının pozulması ilə bağlı 40-a qədər iş icraata qəbul olunub. Bu, Azərbaycan üçün başıaşağılıq gətirən bir haldır. Onlardan 6-sı barədə də, bildiyiniz kimi, qərar qəbul olunub, digərləri barədə də qərar qəbul olunacaqdır. Ona görə də hər hansı bir məmurun yol verdiyi ədalətsizlik və haqsızlıq dövlətin imicinə kölgə salmağa başlayır. Bu baxımdan, hesab edirəm ki, inad göstərərək bizə qarşı olan iradlara saymazyana yanaşmaq əvəzinə beynəlxalq dəyərlərə özümüz hörmət etməliyik. Bu gün dünyanın müxtəlif ölkələrindən bizə münasibət bildirənlər bilavasitə onun üzərində dayanırlar ki, bəli, məhkəmələr təmir olunub, şərait yaradılıb, gözəl salonlar var. Amma onların diqqətini cəlb edən əsas məsələ məhkəmə prosesinin ədalətli aparılıb-aparılmamasıdır. Hesab edirəm ki, buna diqqət yetirmək vacibdir.
Mən ombudsmanın builki məruzəsini müsbət qiymətləndirirəm. Ədalət naminə desək, əvvəlki illərdən daha fərqli olaraq bütün məsələlərə öz münasibətini gücü çatan səviyyədə bildirdiyinə görə, ombudsmanın fəaliyyətinə münasibətimizi bu formada bildirməyimiz doğru olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxış etmək üçün 26 nəfər yazılıb. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda çıxışları 5 dəqiqə edək. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun, hörmətli Sədr. Elmira xanımın hazırladığı illik məruzəsini diqqətlə öyrənmişəm, həm də indi çıxışına diqqətlə qulaq asdım. Bu məruzə ilə tanış olanda görünür ki, Elmira xanımın özü və rəhbərlik etdiyi ombudsman aparatı məruzə dövründə kifayət qədər gərgin işləyib. Buna görə, mən Elmira xanıma öz minnətdarlığımı bildirirəm.
Bəzi təkliflərlə çıxış etmək istəyirəm. Bu təkliflər ondan ibarətdir ki, ombudsman öz illik məruzəsini Milli Məclislə yanaşı, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurorluğa da göndərir. Biz də, adətən, ombudsmanın məruzəsini Milli Məclisdə müzakirə edir və sonra da qəbul edirik. Bununla da işlər bitmiş hesab olunur. Ona görə də Milli Məclisin insan haqlarının qorunmasına öz töhfəsini verməsi üçün, yaxşı olar ki, növbəti illərdə parlamentin iclasına Nazirlər Kabinetini də, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin sədrini də, Baş prokuroru da dəvət edək. Onlar da bu məsələyə öz münasibətini bildirsinlər və görək ki, ombudsmanın məruzəsində qeyd olunan nöqsanlarla bağlı onların fikirləri nədən ibarətdir. Ombudsman aparatı onlara nə qədər peşəkar səviyyədə müraciətlər hazırlayıb göndərir və o müraciətlər hüquqi baxımdan nə qədər əsaslıdır və qanunvericiliyin tələblərinə cavab verirmi? Bu, Milli Məclisə aid olan məsələdir və istərdim ki, Milli Məclisin gələcək fəaliyyətində biz bunu tətbiq edək.
Ombudsmanın illik məruzəsində göstərilir ki, ən çox şikayətlər məhkəmələrdən daxil olur. Biz məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edə, hakimlərin iqtisadi baxımdan ələbaxımlığını tamamilə aradan qaldıra bilsək, müəyyən nailiyyətlər əldə edə bilərik. Etiraf olunmalıdır ki, bu gün hakimlər digər təbəqələrlə müqayisədə daha yüksək əmək haqqı alırlar. Amma mən düşünürəm ki, bu, kifayət deyil. Hazırda Azərbaycan Respublikasında hakimlərin sayı kifayət qədər azdır. Məlumatım olduğu üçün birbaşa qeyd etmək istəyirəm ki, bir hakim gün ərzində bir neçə işə baxır. Praktik cəhətdən mümkün deyil ki, hakim həm cinayət işini, həm də mülki işi öyrənib həmin iş üzrə qanunun tələblərinə cavab verən ədalətli qərarlar qəbul edə bilsin. Ona görə də hakimlər bir çox hallarda prokurorluq orqanlarından daxil olan işləri olduğu kimi təsdiq edirlər. Bunun üçün hakimlərin sayı artırılmalıdır. Təəssüflər olsun ki, ombudsmanın məruzəsində bu barədə heç nə qeyd olunmur. Biz çalışmalıyıq ki, hakimlərin əmək haqlarını ən azı 2 dəfə artıraq.
Burada apelyasiya şikayətlərinin müxtəlif bəhanələrlə qəbul edilməməsi, iddia ərizələri iddiaçıya geri qaytarılarkən qərardadla əsaslandırılmaması qeyd olundu. Bu məhz həmin strukturlarda vaxt və hakim çatışmazlığı ilə bağlı olan məsələlərdir.
Məruzənin hazırlanması ilə bağlı fikirlərimi də qeyd etmək istəyirəm. Düzdür, burada bəzi rəqəmlər göstərilir və ümumən, real mənzərə ilə bağlı bizdə müəyyən təsəvvür yaranır. Amma bu məruzə “Ombudsman haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq hazırlansaydı, real vəziyyətlə bağlı millət vəkillərində daha dolğun, daha düzgün bir təsəvvür yaranardı. Mən burada nələri qeyd etmək istəyirəm? 13.2.2-ci maddədə qeyd olunur ki, cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması ilə bağlı müraciət etmək. Kassasiya qaydasında şikayət verməklə bağlı, insan hüquqlarının pozulması ilə əlaqədar olaraq neçə belə müraciət edilib? Ümumiyyətlə, mətbuat konfranslarının keçirilməsi təcrübəsindən istifadə etmək lazımdır. Mənim vaxtım başa çatır. Ona görə də qeyd etmək istəyirəm ki, qanunvericiliyə uyğun olaraq...
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Ombudsmanın təqdim etdiyi məruzə bir sıra cəhətlərinə görə əvvəlki illərlə müqayisədə irəliyə doğru atılan addımdır. Bunu mən konkret statistik məlumatlarla qeyd etmək istərdim. Ombudsman təsisatı yaranandan indiyə qədər 33.600 müraciət olunub, onun 7.900-ü keçən ilin payına düşür. Ombudsmana müraciətlər dinamikası da artan xətlə gedir. İcraata qəbul edilmiş şikayətlərin faizinə baxanda görürük ki, əgər bu, 2004-cü ildə 31 faiz idisə, 2007-ci ildə artıq 48 faizə çatıb. Bu dinamikanı müsbət qiymətləndirmək lazımdır. Mətbuatda gedən monitorinqlər və hüquq müdafiəçilərinin çıxışlarından belə bir qənaətə gəlmək olar ki, ombudsman əvvəlki dövrlərə nisbətən son illərdə hadisələrə və proseslərə daha operativ reaksiya verir.
Bununla yanaşı, bir sıra təkliflərimi də vermək istərdim. İlk növbədə, onu qeyd etmək istəyirəm ki, əvvəlki illərin hesabatlarında hüquq pozuntuları ilə bağlı bir neçə şəxsin adı çəkilmişdi. İndi çıxışda bunlar deyildi, amma mətnin içərisində bu yoxdur. Əgər bu məruzə Prezidentin İcra Aparatına, prokurorluğa, məhkəmələrə göndərilirsə, yaxşı olar ki, həmin strukturların nümayəndələri də müzakirədə iştirak etsinlər və müraciətlərin qalan hissəsinin niyə yerinə yetirilməməsinə bir aydınlıq gətirilsin.
İkinci qeyd etmək istədiyim məqam ondan ibarətdir ki, beynəlxalq aləmdə Azərbaycana həm obyektiv, həm də bəzi istiqamətlərdə çox qərəzli qiymətlər verilir. Bu, kommunist məkanına aid olan ölkələrin müqayisəsində açıq-aydın göstərilir. Bu, informasiyanın azlığı ilə əlaqədardır. Arzu edərdim ki, ombudsmanın fəaliyyətində beynəlxalq əlaqələr məhz bu istiqamətdə genişlənsin və Azərbaycanın imicinə xələl gətirən o cür dezinformasiyalar yayılmasın.
Üçüncü, əgər bütövlükdə icraata qəbul olunmuş şikayətlərin 41 faizi təmin olunubsa, ünvanlı sosial yardım üzrə müraciətlərin yalnız 17 faizi həll olunub. Bu da onu göstərir ki, bu sahədə xeyli problemlər var. Arzu edərdim ki, həmin problemlərin aradan qaldırılması üçün müəyyən işlər görülsün.
Dördüncü, ombudsman da qeyd edir ki, hüquq pozuntuları ilə bağlı məsələlərin həllində dövlət hakimiyyət orqanlarının bütün qolları, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və sair birgə fəaliyyət göstərərlərsə, daha yaxşı nəticələr əldə etmək olar. Artıq 3 rayonda − Şəkidə, Qubada və Cəlilabadda ombudsmanın regional mərkəzləri yaradılır. Üst-üstə götürəndə bu, 21 şəhər və rayonu əhatə edir. Bu, böyük rəqəmdir. Hər mərkəzdə də 2 nəfər işləyir. Həmin say artırılmalıdır. Yerlərdə də deputatların köməkçiləri fəaliyyət göstərirlər. Onlar birgə fəaliyyət göstərsələr, yerlərdə, məhbusların əfvi ilə, ünvanlı sosial yardımla, əlillik dərəcəsinin alınması və dəyişdirilməsi ilə, məhkəmə münasibətlərindəki qeyri-sağlam münasibətlərlə, yerli icra orqanlarının özbaşınalıqları ilə bağlı bir sıra məsələlərin həllini daha da sürətləndirmiş olarlar.
Bir məsələni də qeyd etmək istərdim. Qanunvericiliyə görə ombudsmanın hüququ var ki, təkliflərlə çıxış etsin. Həmin təkliflərin bir hissəsi məruzənin sonunda öz əksini tapıb və bunlardan biri də müvəkkilin əfv təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci ildə Azərbaycanın imicinə xələl gətirən hüquq pozuntuları ilə əlaqədar məsələlərin bir hissəsi jurnalistlərlə bağlıdır. Arzu edərdim ki, 2007-ci ildə yaranmış problemlər 2008-ci ildə ombudsmanın əfv təşəbbüsü ilə jurnalistlərin azad olunması ilə tamamlansın.
Axırıncı qeyd etmək istədiyim məsələ mənzil problemləri ilə bağlıdır. Tikinti sahəsində olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Xüsusilə evlərin uçması ilə bağlı bir sıra insanlara dəyən ziyan nəzərə alınmalıdır. Artıq Prezident səviyyəsində göstəriş verilsə də, bu məsələ indiyə qədər ləngidilir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Hörmətli Elmira xanımı və bizim xanım deputatların hamısını gözlənilən bayramları münasibəti ilə təbrik edirəm. Elə çıxışların 5 dəqiqəyə endirilməsi Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələsinə verilən çox gözəl qiymətdir. Bizim məruzənin girişində yazılıb ki, son dörd ildə öz inkişafının ən mühüm mərhələsinə qədəm qoymuş ölkəmiz dünyada öndər vəziyyətini bir daha təsdiqləmişdir. Mən hesab edirəm ki, Azərbaycan, həqiqətən, insan hüquq və azadlıqlarının pozulmasına görə dünyada öndər yerlərdən birini tutur və 2007-ci ildə bu sahədə yerini daha da möhkəmləndirmişdir, yəni insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi daha da pisləşmişdir.
Vaxt azlığına görə fikirlərimi konkret tezislərlə demək istəyirəm. Mülkiyyət hüququ sahəsində. Biz Milli Məclisdə vətəndaşların mülkiyyət hüququnun ciddi şəkildə pozulmasını özündə ehtiva eləyən qanunu qəbul elədik və Azərbaycan vətəndaşını dövlət orqanları və məmurlar qarşısında aciz və hüquqsuz vəziyyətdə qoyduq.
Azadlıq hüququ sahəsində. Keçən il Milli Məclisdə icra hakimiyyətinin təklifi ilə saxlanma müddətini 8 saatdan iki günə qədər artırdıq və bu da ciddi qanun pozuntularının əsasını qoydu.
Keçən il Azərbaycanda mitinqlərin ən az keçirildiyi dövrdür. Mitinq və nümayişlərin keçirilməsi ilə bağlı müraciətlərin mütləq əksəriyyətinə rədd cavabı verildi. Hətta mitinqlərin keçirilməsi üçün ayrılmış Ukrayna meydanı da Azərbaycan vətəndaşlarının, paytaxt sakinlərinin əlindən alındı və Sərbəst toplaşmaq azadlığına istehza mənasında onlara örtülü və hasar içərisində yer təklif edildi. Rayonlarda vəziyyət bundan qat-qat pisdir.
Söz azadlığı sahəsində Azərbaycan 2007-ci ildə həbs olunmuş jurnalistlərin sayına görə dünyada ikinci və Avropada birinci yerə çıxdı. Hazırda da iki məşhur qəzetin tanınmış jurnalistləri həbsdə qalmaqda davam edirlər. Onların həbsinin siyasi sifariş olması heç kəsdə − nə Azərbaycan cəmiyyətində, nə də beynəlxalq təşkilatlarda şübhə doğurur.
İnsanların sosial hüquqları sahəsində də biz yenə icra hakimiyyətinin təklifi ilə bu Milli Məclisdə hərbçilərin sosial sığorta edilməsinin və vəfat etmiş şəxslərin pensiyalarının verilməsinin 3 aylıq müddətinin sığorta hissəsinin ləğv edilməsinin şahidi olduq. 2007-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyi kobud şəkildə pozularaq pensiyaların, müavinətlərin indeksasiyası haqqındakı müddəaya əməl edilmədi və inflyasiyanın qarşısını almağa yönəlmiş tədbirlər müavinətlərin və pensiyaların artırılması kimi qələmə verildi. Məruzədə də bu öz əksini tapmışdır.
Məhbusların hüquqları sahəsində. Keçən il yenə icra hakimiyyətinin tələbi ilə məhbuslara verilən əşyaların miqdarı və forması haqqında müddəanı olduqca sərtləşdirdik.
Uşaq hüquqları ilə bağlı məsələlər məruzədə öz əksini tapıb, bunu müsbət qiymətləndirirəm. Gənclik yaşını 14-ə endirməklə 14 yaşından 16 yaşına kimi, hətta 18 yaşına kimi olan hüquqlardan on minlərlə uşağı məhrum elədik. Bu isə o deməkdir ki, həmin uşaqların yaşayış səviyyəsinin minimum yaşayış səviyyəsinə qədər təmin olunması haqqında Azərbaycan Respublikası qanunlarının müddəalarının üstündən qara xətt çəkmiş olduq.
Vicdan azadlığı və dini əqidələr azadlığı sahəsində. 2007-ci ildə dini ekstremizmə qarşı mübarizə adı altında Azərbaycan dindarlarına və müqəddəs İslam dininə qarşı ciddi hücumların şahidi olduq. Mən konkret olaraq son günlərin ən ciddi hadisələrindən birini, hörmətli ombudsmanın da qəbulunda olmuş Melnikovanın baş örtüyünün açılması tələbi ilə işdən qovulması məsələsini bunun bariz nümunəsi kimi diqqətinizə çatdırıram.
Qabaqdan seçkilər gəlir və Azərbaycan qeyri-demokratik Seçki Məcəlləsi ilə bu seçkilərə getməyə məcbur ediləcəkdir. 2007-ci ildə YAP-ın siyasi partiyalar üzərinə hücumu artmışdır və hazırda siyasi partiyaların hüququnu olduqca kəskinləşdirən və çətinləşdirən qanun layihəsi Milli Məclisin gündəminə gətirilir. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, mən Sizin danışığınıza şərh vermək fikrində deyiləm, amma onu demək istəyirəm ki, dediyiniz iradların heç biri həqiqətə uyğun deyil. İlyas İsmayılov, buyurun.
İ. İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən keçən il Elmira xanımın məruzəsinin müzakirəsində iştirak edə bilmədim. Sadəcə olaraq, vaxt çatmadı, mənə söz verilmədi. Ancaq Elmira xanıma olan hörmətimə və onun gördüyü işlərin daha da yaxşılaşmasına görə onunla görüşdüm və məruzə ilə bağlı bütün iradlarımı bildirdim. Bugünkü hesabatla tanış olanda görürəm ki, Elmira xanım prinsipial iradların heç birini nəzərə almayıb.
Mən nəyi nəzərdə tuturam? Hesab edirəm ki, insan hüquqları normalarının həyata keçirilməsi ilə məşğul olan hər bir şəxs ilk növbədə bunların mahiyyətini dərk etməli və bu normaların tələblərinə uyğun fəaliyyətini qurmalıdır. İnsan hüquqları haqqında normalar kollektivin deyil, fərdin hüququdur. Amma Elmira xanımın hesabatından görünür ki, bu, kollektivin hüququdur. Ona görə qaçqınların, uşaqların, ahılların, əsgərlərin, məhbusların hüququndan danışır. Bu, fərdin hüququdur. Bu, fərdi hakimiyyətin özbaşınalığından qoruyan hüquq sistemidir. Bildiririk ki, hakimiyyət həmişə fərdin başı üzərində qılınc oynadır. İnsan hüquqları haqqında normalar sistemi də fərdi hakimiyyətin bu qılıncından qoruyan qalxandır. Siz fikir verdinizsə, Elmira xanım bizə təqdim etdiyi məruzəsində fərdi hakimiyyətin özbaşınalığından qoruyan bir fakt da gətirə bilmədi. Birincisi, insan haqları kollektivin yox, fərdin hüququdur. İkincisi, insan haqlarına dair normalar sistemi insanlar arasında və insanlarla müəyyən hüquqi şəxslər arasında olan münasibəti nizama salmır, fərdlə hakimiyyət arasındakı münasibətləri nizama salır. Odur ki, Neapol istirahət zonası uçdu, 5–6 nəfər adam həlak oldu, uşaqlar zəhərləndi və sair kimi çoxsaylı söhbətlərin insan haqlarına heç bir dəxli yoxdur. Bunu başqa hüquqi sistemlər nizama salır.
Nəhayət, insan haqlarına dair normalar dövlətlərarası münasibətləri də nizama salmır. Odur ki, ombudsmanın təcridxanalarda vaxtaşırı yoxlamalar aparmasına qəti ehtiyac yoxdur. Ombudsman ancaq öz ölkəsində fərdlərin hakimiyyətdən qorunmasına çalışmalıdır.
Sonra, mənin iki təklifim də var. Birinci təklifim sərbəst hərəkət etmək hüququ barədədir. Bilirik ki, ümumvətəndaş pasportlar ancaq Bakıda, Gəncədə və bir də haradasa verilir. Bu, vətəndaşların hüququnu çox məhdudlaşdırır. Hesab edirəm ki, bütün rayon polis şöbələrində pasportun verilməsi təmin edilməlidir. Mövcud əsasnaməyə dəyişiklik edilməsi barədə təklif də vermişəm.
İkinci, mən seçicilərlə görüşəndə qucaqlarında ağlayan uşaqları olan iki qadın gördüm. Uşaqlar ürək çatışmazlığı ilə doğulublar. Sonra öyrəndim ki, bizdə hər min nəfərdən 10 nəfəri bu xəstəliklə doğulur. Belə xəstələri də bizdə müalicə eləyə bilmirlər. Həm Neftçilər xəstəxanasında, həm də Respublika klinik xəstəxanasında xaricdən dəvət edilmiş həkimlər əməliyyat aparır və 6–8 min dollar pul istəyirlər. Bu kasıblarda da pul yoxdur. Bununla əlaqədar təklif vermişəm, xahiş edirəm, həmin təklifi Milli Məclisin gündəliyinə çıxarsınlar. Bu da sağlamlıq hüququnun qorunması istiqamətində aparılan böyük bir işdir. Vaxtın azlığına görə bəzi iradlarımı deyə bilmirəm, lazım gəlsə, onları Elmira xanıma verərəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, biz artıq bir neçə dəfədir ki, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) parlamentə təqdim etdiyi məruzəni müzakirə edirik. Mən bu hesabatla yaxından tanış olmuşam və qeyd etmək istəyirəm ki, əvvəlki illərlə müqayisədə builki məruzə bir qədər yaxşı tərtib olunub. İnsan hüquqları, vətəndaş azadlıqları ilə bağlı Azərbaycanın həyatında baş verən bir sıra neqativ hallar hesabatda öz əksini tapıb. Eyni zamanda, İnsan hüquqları üzrə müvəkkilin və onun Aparatının insan hüquqları ilə bağlı bu və ya digər faktların araşdırılmasında daha aktiv fəaliyyətinin şahidi oluruq. Bunu İnsan hüquqları üzrə müvəkkilə daxil olan ərizə və şikayətlərin sayının artması da göstərir.
Lakin bununla bərabər, Azərbaycanın həyatında bir sıra məsələlər var ki, bu, ombudsman təsisatının daha çox işləməsini tələb edir. Bunun birincisi onunla bağlıdır ki, ölkəmizdə insan haqları ilə bağlı çox ciddi problemlər vardır və bu problemlər əvvəlki illərlə müqayisədə azalmaq əvəzinə, çox təəssüf ki, artmaqda davam edir. Məsələn, “Şərəf və ləyaqətin müdafiəsi hüququ” bölməsində, əlbəttə, müəyyən faktlar göstərilir və burada İnsan hüquqları üzrə müvəkkilin döyülmə hallarına, xüsusilə polis orqanlarında döyülmə hallarına qarşı etdiyi çıxışlar, müraciətlər öz həllini tapır. Amma Elmira xanım, nəzərə almaq lazımdır ki, 2007-ci ildə polis orqanlarında 4 nəfər Azərbaycan vətəndaşı döyülmə nəticəsində vəfat eləyib. 63 nəfər Azərbaycan vətəndaşına polis orqanlarında işgəncə verilib. Bunları mən özümdən demirəm, işgəncələrə qarşı mübarizənin Azərbaycan komitəsi fəaliyyət göstərir. Bilirsiniz ki, bu həm də ATƏT-in Azərbaycanda eksperti kimi fəaliyyət göstərir. Onun 2001-ci illə bağlı Azərbaycan, rus və ingilis dillərində hesabatı bütün dünyaya yayımlanıb. Əgər bir il ərzində 4 nəfər vətəndaş polis orqanlarında işgəncə verilərək öldürülübsə, bu çox neqativ haldır və buna qarşı ciddi mübarizə aparmaq lazımdır.
İkinci toxunacağım məsələ jurnalistlərlə bağlıdır. Mən deyərdim ki, 2007-ci il jurnalistlərin təqib edilməsi baxımından acınacaqlı il olmuşdur, amma ölkə başçısının 2007-ci ilin sonunda verdiyi əfv fərmanı ilə həbs olunmuş jurnalistlərin bir hissəsinin azad edilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Bu məsələdə İnsan hüquqları üzrə müvəkkilin də müəyyən xidmətləri vardır, ancaq nəzərə almalıyıq ki, bu gün hələ üç nəfər jurnalist müxtəlif adlarla mühakimə edilir. Elmira xanım, mən bunların üçünün də məhkəməsində iştirak eləmişəm və bunların üçü də qurama ittihamlarla həbs olunub. Mən arzu edirəm ki, İnsan hüquqları üzrə müvəkkil bu məsələyə ciddi şəkildə müdaxilə eləsin. Biz həm də nəzərə almalıyıq ki, bu üç nəfərdən ikisi eyni ailənin nümayəndələridir − Mirzə Sakit Zahidov və Qənimət Zahidov 1989-cu ildən Azərbaycanda azadlıq və demokratiya uğrunda mübarizə aparan mətbuatın bayraqdarı olan “Azadlıq” qəzetinin baş redaktoru tamamilə təsadüfi şəkildə, yüngül həyat tərzi keçirən insanların böhtanları nəticəsində mühakimə olunublar. Mən o məhkəmə prosesində iştirak etmişəm. Təəssüf hissi ilə demək istəyirəm ki, İnsan hüquqları üzrə müvəkkilin məhkəmədə nümayəndələri iştirak edirdi və onlar orada baş verən biabırçılıqları, rüsvayçılıqları öz gözləri ilə görürdülər. Mən xahiş edirəm, növbəti il üçün fəaliyyətinizdə bunu nəzərə alasınız.
Məruzədə əmək hüququ ilə bağlı bir sıra məsələlərə toxunulub. İndi Azərbaycanda bir tendensiya yaranıb. Kimi hara təyin edirlərsə...
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. İlk növbədə, bütün qadınları qarşıdan gələn gözəl bayram – 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bizimlə birlikdə çalışan xanımlarımızı − Bahar xanım, Sizi, parlamentdə olan digər 13 qadını ürəkdən təbrik edirəm, can sağlığı, uzun ömür arzulayıram. Milli Məclisdə bizim fəaliyyətimizə kömək eləyən, Milli Məclisin Aparatında işləyən xanımları təbrik edirəm. Bizim fəaliyyətimizi işıqlandıran qadın jurnalistləri ürəkdən təbrik edirəm. Şübhəsiz ki, bu gün bizim qarşımızda parlaq hesabat verən hörmətli ziyalı xanımımız Elmira Süleymanovanı təbrik edirəm.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə ilk müvəkkilinin illik məruzəsi hər il olduğu kimi, bu il də yüksək səviyyədə tərtib olunub. Mən təfərrüatlara varmaq və xırdalıqları göstərmək istəmirəm. Hesab edirəm ki, Elmira xanım bu gün Azərbaycan cəmiyyətində özünü məhz İnsan hüquqları üzrə müvəkkil kimi aparır. Deputat həmkarlarımın bəziləri Elmira xanıma qarşı sanki dövlətdən tələb edirlər kimi tələblər irəli sürürlər. Bilmək lazımdır ki, Elmira xanım, sadəcə olaraq, məsələlərə qiymət verən bir insan, bir strukturun rəhbəridir. Dövlətdən tələb etmək tamamilə başqa bir məsələdir. Elmira xanımın Konstitusiya ilə ona ayrılmış çərçivədə öz fəaliyyətini uğurla yerinə yetirməsi göz qabağında olan məsələdir.
Builki məruzə keçənilkindən keyfiyyətcə və formaca fərqlənir. Əgər əvvəllər, sadəcə olaraq, ombudsmanın gördüyü iş qiymətləndirilirdisə, indi Konstitusiyaya əsaslanaraq vətəndaşın hüquqlarının təmin edilməsi istiqamətində görülən işlər sətirbəsətir görünür. Həm ümumi şəkildə, həm də konkret faktlarla biz Azərbaycanda ombudsman təsisatının fəaliyyətini və əldə olunan nəticələri görürük. Bu gün deyə bilərik ki, bəli, Azərbaycanda ombudsman təsisatı təşəkkül tapdı. Bu bir tərəfdən, Azərbaycan dövlətinin demokratik xarakterindən, Avropa dəyərlərini özündə təsbit etməsindən irəli gəlirdisə, ikinci tərəfdən Elmira Süleymanovanın şəxsiyyəti ilə bağlıdır. Bu gün ombudsman Azərbaycanda müstəqil bir şəxsdir. O nə iqtidarın, nə müxalifətin, nə də hər hansı bir siyasi partiyanın tərəfindədir. Biz Elmira xanımı həm dövlət tədbirlərində, həm də müxalifətin dövlətə qarşı keçirdiyi tədbirlərdə görürük. Biz fikir ayrılığı olan məsələlərdə Elmira xanımın mövqeyini görürük və bunlar bizi sevindirir. Deməli, biz arzuladığımız təsisatı yarada bilmişik. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili öz işinin öhdəsindən gəlir və buna görə ona təşəkkürümüzü bildiririk.
Çıxışımın sonunda icazə versəydiniz, həmkarım Pənah Hüseynin iki replikasına münasibət bildirərdim. Pənah müəllim bildirdi ki, heç kəsdə şübhə yoxdur ki, bir neçə jurnalist siyasi motivlərə görə tutulub. Pənah müəllim, mənim adımdan niyə danışırsınız? Məndən soruşmamış niyə deyirsiniz ki, heç kəsin şübhəsi yoxdur? Şəxsən mənim şübhəm var. Ona görə də gələn dəfə danışanda deyərsiniz ki, bir nəfəri çıxmaq şərti ilə heç kəsin şübhəsi yoxdur.
İkinci məqam, bildirdiniz ki, bu gün qeyri-demokratik Seçki Məcəlləsi var və Yeni Azərbaycan Partiyası müxalifət partiyalarına qarşı hücumdadır. Bu gün qəzetlərin birində müsahibəniz var və bildirirsiniz ki, Azərbaycan müxalifətinin seçkiyə hazırlığından narazısınız. Əgər Azərbaycan müxalifəti seçkiyə hazır deyilsə, buna Yeni Azərbaycan Partiyası neyləsin? Əgər Azərbaycan müxalifəti bu gün dövrün tələblərini tuta, dövrün suallarına adekvat cavab verə bilmirsə, buna Seçki Məcəlləsi neyləsin? Ona görə də hesab edirəm ki, haradasa qüsurlar, nöqsanlar axtarmaqdansa, bugünkü müsahibənizdəki formada özünüzdə qüsur axtarsanız, daha yaxşı olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami İsgəndərov.
N. İsgəndərov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, mən fürsətdən istifadə edib qarşıdan gələn qadınlar bayramı münasibəti ilə bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edirəm. Azərbaycanda insan hüquqlarının təminatı və onların qorunması dövlət orqanlarının ali vəzifəsidir. Konstitusiyamız da insan hüquqlarının prioritetliyini nəzərdə tutur. Bu sahədə Azərbaycanın hüquq sistemində böyük islahatlar aparılıb. İnsan hüquqlarının mühafizəsi ilə bağlı yüzə yaxın beynəlxalq akt ratifikasiya olunub, yeni strukturlar təsis olunub. Yeni təsisatlardan biri də ombudsman institutudur. Bilirik ki, ombudsmanın fəaliyyəti ixtisaslaşdırılmış dövlət orqanı kimi birbaşa insan hüquqlarının mühafizəsi ilə bağlıdır. Ombudsmanın digər dövlət orqanlarına hüquqi cəhətdən təsiredici vasitələri yoxdur. Bu funksiyanı həyata keçirmək üçün ombudsmanın əsas və əhəmiyyətli vasitəsi parlament qarşısında etdiyi illik məruzələrdir. Deməli, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi mahiyyət etibarilə məzmunlu olmalıdır. Hüquq sistemi çox dinamik bir sahədir. Bu sahə insan hüquqlarının təminatı baxımından daim təkmilləşdirilməlidir. Beləliklə, ombudsmanın illik məruzəsi insan haqlarının hüquq sistemində təminatı prosesini, cəmiyyətdə yaranan diskriminasiya hallarını və bu halların qarşısının alınması təkliflərini əks etdirməlidir. Fikrimcə, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) əsas funksiyası hüquq sistemindəki boşluqları, insan hüquqlarının pozulmasına səbəb olan normaları, qanunun icrası təcrübəsində insan hüquqlarını pozan və təkrarlanan halları aşkar edib parlament vasitəsi ilə dövlət orqanları qarşısına çıxarmalıdır.
Ümumilikdə, 2007-ci il üzrə hesabat keçmiş illərə nisbətən insan hüquqlarının təminatı sahəsində vəziyyətin yaxşılaşmasını göstərir. Məsələn, hesabatın 5-ci səhifəsində göstərilir ki, süründürməçilik və məmur özbaşınalığı hallarına ötən illərdə görülmüş işlər nəticəsində nisbətən az yol verilmişdir. Hesabat Azərbaycan Respublikasında insan hüquqları sahəsindəki vəziyyəti nisbətən qiymətləndirir. Bu faktın özü qənaətbəxş haldır.
Mən hesabatla bağlı müəyyən təkliflərimi qeyd etmək istərdim. İnsan hüquqları üzrə müvəkkilin 2006-cı və 2007-ci illərin məruzələri göstərir ki, korrektura baxımından təkmilləşdirmələrin aparılmasına ehtiyac var. İnsan hüquqlarının müdafiəsi sahəsində ombudsmanın hüquq mühafizə orqanları ilə əməkdaşlığı sistemi qarışıq təsnifat üzrə aparılıb. Ombudsmanın fəaliyyəti, əvvəla, orqanların növünə görə, sonra isə əməkdaşlığın sahəsi üzrə təhlil edilir. Bu təsnifat isə məruzədə təkrarçılığa səbəb olur. Məruzənin nəticələr və tövsiyələr bölməsində, təəssüf ki, insan hüquqları baxımından hüquq sisteminin təkmilləşdirilməsinə dair təkliflər öz əksini tapmayıb. Ancaq qeyd etmək lazımdır ki, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) tərəfindən maarifləndirmə sahəsində əhəmiyyətli işlər görülüb. Əhalinin hüquq düşüncəsini nəzərə alsaq, bu sahəyə daha da diqqətlə yanaşmaq lazımdır. Tənqidlərə baxmayaraq, hesab edirəm ki, məruzədə İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) məruzəsində ictimai həyatımızın vacib sahələrində yaranmış problemlərə toxunulub. Bu problemlərin həlli yolları isə dövlət orqanlarının fəaliyyəti üçün tövsiyəedici xarakter daşımalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2007-ci il üzrə illik məruzəsini dinlədik. Məruzə iki fəsildən ibarətdir və insan hüquqlarının bütün sahələrini əhatə etmişdir. Burada geniş təhlillər aparılmış və bu sahədəki mövcud vəziyyət qiymətləndirilmişdir. Ölkənin inkişafı vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə imkanlar yaratmışdır. Hamımıza məlumdur ki, iqtisadi asılılığı olmayan insan daha azad, müstəqil və yaradıcı ola bilir. Bu mənada ölkəmizdə gedən iqtisadi inkişaf əhalinin sosial rifah halının yüksəldilməsinə və kasıblığın kəskin şəkildə azalmasına səbəb olmuşdur. Son illərdə minimum əmək haqqının, vəzifə maaşlarının, müavinət və pensiyaların neçə dəfələrlə artırılmasının şahidiyik. Son 4 ildə 650 min iş yerinin açılması, regionların inkişafı göz qabağındadır.
Bilirsiniz ki, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın qərb bölgəsində səfərdədir. Dünən Gəncə şəhərində cənab Prezidentin keçirdiyi tədbirlərdə Gəncədən seçilmiş deputatlar da iştirak edirdilər. Fərəh hissi ilə bildirirəm ki, cənab Prezident Gəncədə 2 böyük zavodun təməlini qoydu. Bunlardan birincisi illik istehsal gücü 100 ton olan Detal alüminium zavodudur. Bu müəssisə gil-torpaq zavodunun buraxdığı yarımfabrikat məhsullardan hazır alüminium alınmasına xidmət edəcəkdir. Burada 500 nəfərə yaxın işçi çalışacaqdır. Zavodun investisiya müddəti 2008–2009-cu illəri əhatə edir.
Təməli qoyulan ikinci müəssisə isə “Daşkəsən filizsaflaşdırma” ASC-nin Gəncə polad kompleksidir. Bu zavod ildə 1 milyon ton polad istehsal edəcəkdir. Zavodun tikintisi 2011-ci ildə başa çatdırılacaqdır. Burada isə 1800 nəfərə yaxın işçi çalışacaq. İşçilərin orta əmək haqqının 500 manat həcmində olacağı proqnozlaşdırılır. Cənab Prezident qaz və su sayğacları istehsal olunan Gəncə Sənaye Cihaz Açıq Səhmdar Cəmiyyətində oldu, müəssisənin fəaliyyəti ilə maraqlandı və öz tövsiyələrini verdi.
Gəncəlilər Prezidentimiz cənab İlham Əliyevi və onun xanımı, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanı səmimiyyətlə qarşılayaraq onlara öz minnətdarlığını bildirdilər. Düşünürəm ki, ölkədə gedən bu proseslər Elmira xanımın işini bir az da asanlaşdıracaq. Hesabat məruzəsində şikayətlərin çox olması göstərilmişdir. Bunu ölkədə insanların hüquq və iqtisadi biliklərinin artması ilə, həmçinin məhkəmə sistemində kadrların keyfiyyətinin son illərdə yaxşılaşması ilə bağlı olduğunu zənn edirəm. Elmira xanımın 2007-ci il üzrə illik məruzəsini bəyənirəm və onun qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu hesabatla bağlı öz fikrimi bildirməmişdən öncə hörmətli Elmira xanımı, parlamentimizdəki qadın millət vəkillərimizi və bütün Azərbaycan qadınlarını qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm.
Hesabat məruzəsi ilə bağlı mən də qeyd edim ki, əvvəlki illərlə müqayisədə builki məruzə daha əhatəli və çalarlı idi. Xeyli işlərin görüldüyünü məruzədən də gördük və fəaliyyətimizdə də hiss etmişik. Mən konkret olaraq iki-üç misalla müraciətə olan reaksiyanı və bunun nəticəsini diqqətinizə çatdırmaq istəyirəm. Yeddinci mikrorayonda 4-cü və 6-cı binanın həyətində “xeyir-şər yeri” adı ilə tikilən və sonradan bir nəfər tərəfindən mənimsənilən obyekt ilə bağlı şikayətlə seçicilərim mənə müraciət etdilər, mən onlarla görüşdüm və Elmira xanıma müraciət etdim. Təsəvvür edin ki, şikayətçilərin hüququnu müdafiə edən həmin bina sakinlərindən biri polis idarəsinə aparılmışdı. Mənim müraciətimə Elmira xanım dərhal reaksiya verdi, özü İcra Hakimiyyətinə gəldi və orada görüş oldu. Həmin gün biz bu vətəndaşı oradan azad etdirə bildik. Bizim birlikdə mübarizəmiz onunla nəticələndi ki, həmin qanunsuz tikintinin qarşısının alınması, tikilmiş binanın sakinlərə qaytarılması barədə Binəqədi İcra Hakimiyyətinin başçısı ilə söhbətimiz oldu və başçı da bu məsələ ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etdi. İddia ərizəsində aparılmış tikintinin “Turqut-97” firması tərəfindən sökülməsi və ya həmin firmanın vəsaiti hesabına layihəyə uyğun ikinci mərtəbənin inşa olunaraq sakinlərə istifadəyə verilməsi öz əksini tapıb. İddia bu cürdür. Ancaq Binəqədi Rayon Məhkəməsi bizim millət vəkilinin, ombudsmanın və binanın sakinlərinin mənafeyini, hüququnu deyil, bir nəfərin hüququnu qanunsuz müdafiə etdi və onun xeyrinə qərar çıxardı.
Bayaq, Oqtay müəllim, Siz soruşdunuz ki, rüşvətlə bağlı fakt varmı? Ölkədə rüşvət verən və alan heç vaxt demir. Alan da demir alıram, verən də demir verirəm. Amma beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan rüşvət və korrupsiyanın səviyyəsinə görə dünyanın 156 ölkəsi sırasında göstərilir və bu heç kəs üçün sirr deyil. Rüşvətlə bağlı tutqular, basqılar da bunu sübut edir.
İkinci bir məsələ ilə bağlı. Gürcüstan vətəndaşı, Saqaco rayonunun Səficala kənd sakini Aqil Məmmədovun həbsi ilə bağlı yenə də Elmira xanıma müraciət etdik. Bu məsələdə deputatımız Qənirə xanımın da rolu olub, sağ olsun. Elmira xanım Gürcüstanın ombudsmanına, prezidentinə müraciət etdi. Nəhayət, qanunsuz həbs olunan Aqil Məmmədov ombudsmanın məsələyə müdaxiləsi ilə azadlığa buraxıldı. Bu məsələ məhz ombudsmanın müdaxiləsi nəticəsində həll edildi. Ancaq təəssüflər olsun ki, Elmira xanım da Azərbaycanda pozulan insan hüquqlarını bərpa edə biləcək qüvvəyə malik deyil.
Bayaq burada Pənah bəy çıxış etdi və bir xeyli qığılcım oldu. Aydın müəllim də ona cavab verdi. Həmin çıxışa mən də qoşuluram. Bizim müsavatçı deputatlarımız da qoşulurlar. Elmira xanımın fəaliyyətini qənaətbəxş hesab etsəm də, Azərbaycandakı söz və mətbuat azadlığının, siyasi azadlıqların, o cümlədən sərbəst toplaşmaq və siyasi fəaliyyət azadlığının, siyasi məhbusların, ölkədə baş alıb gedən və günü-gündən vüsət alan korrupsiyanın vəziyyətini xüsusi narahatlıq doğuran vəziyyət kimi qiymətləndirirəm. Azərbaycan məhkəmələrini azad olmayan, Azərbaycan hakimiyyətinin iradəsini, sifarişini yerinə yetirən qeyri-azad məhkəmə kimi qiymətləndirirəm. Hesab edirəm ki, bir tək ombudsmanın fəaliyyəti ilə Azərbaycanda insan haqlarının vəziyyətini düzəltmək mümkün deyil. Azərbaycan Respublikasının bu vəziyyəti düzəltmək üçün siyasi iradəsi olmalıdır. Biz axırıncı yerlərdən birində olmaq və bu aşağılanma kompleksindən qurtulmanın yollarını arayıb birlikdə tapmalıyıq. Ört-basdır, inkar etməklə heç bir problemin həlli mümkün deyil. Problemin üzərinə gedilməli və həll olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. İnsan hüquqları üzrə müvəkkilin − hörmətli Elmira xanımın məruzəsindən aydın görünür ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından... Bu qurum 2007-ci ildə insan hüquqları ilə bağlı problemlərin vəziyyətini araşdırmış, pozulmuş insan hüquqlarının bərpası və müdafiəsi istiqamətində böyük işlər həyata keçirmişdir. Son illər ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı xalqımızın həyat səviyyəsinin, yaşayış durumunun yaxşılaşdırılmasına doğru irəliləyişi beynəlxalq maliyyə institutları tərəfindən qeyd edilir. Bu inkişafda insan hüquqları və azadlıqlarının təmin edilməsinə böyük imkanlar yaradır.
Ombudsman institutunun yaradılmasından 5 il keçir. Bu müddətdə həmin qurum öz fəaliyyətində insan və vətəndaş hüquqlarının müdafiəsinin məqsədəuyğun təşkil edilməsində bir sıra əhəmiyyətli işlər həyata keçirmişdir. Təqdim olunmuş illik məruzənin I fəslində vətəndaş və siyasi hüquqların müdafiəsi istiqamətində görülən işlərin təhlili verilmiş və bu sahədə qurumun fəaliyyəti nəticəsində vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsində görülən işlər qeyd edilmişdir. Bu, həmin vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsidir. Hesab edirəm ki, bu sahədə müvəkkil maarifləndirmə işlərini gücləndirməlidir, çünki bizi qarşıda Prezident seçkiləri kampaniyası gözləyir. Ona görə də şəxsiyyət vəsiqələri ilə əlaqəli problemlər o vaxta qədər öz həllini tapsa, yaxşı olardı. Demokratik seçkilərin keçirilməsi üçün bu da şərait yaradardı.
Hamımıza məlumdur ki, son illər ölkəmizin paytaxtında, eləcə də regionlarda ürəkaçan abadlıq işləri görülür. Görülən bu işlər xalqımızı sevindirdiyi kimi, eləcə də xaricdən gələn qonaqları da şəhərimizin gözəlliyi təəccübləndirir. Lakin tikinti işlərinin aparılmasında böyük nöqsanlara yol verilir. Əsasən də, əmək təhlükəsizliyi qaydalarına əməl edilmir. Bunun da acı nəticələrinin keçən il şahidi olduq. Bu sahədə insan hüquqları üzrə müvəkkilə daxil olmuş müraciətlərə bəzi tikintilərdə səhlənkar yanaşma nəticəsində bədbəxt hadisələr baş vermişdir. Demək olar ki, tikintilərdə əmək müqavilələri bağlanmır. Hesab edirəm ki, müvəkkil belə müraciətlərə səhlənkar yanaşan təşkilatlar haqqında hüquq mühafizə orqanları qarşısında məsələ qaldırmalıdır.
İnsan hüquqları üzrə müvəkkil fikir, söz azadlığı, mətbuatın inkişafı sahəsində də məqsədəmüvafiq işlər həyata keçirmişdir. Ən vacib məsələlərdən biri mətbuat nümayəndələrinin qərəzsiz, düzgün məlumat verməsindən ibarətdir. Lakin bəzi jurnalistlər peşə etikasını kənara qoyaraq böhtan yazmaqla məşğuldurlar. Həmin jurnalistlər məhkəmə qərarları ilə həbs edildikdə biz müvəkkilin yaxasından yapışırıq. Yaxşı olardı ki, bu jurnalistlər vətəndaşların ləyaqətini təhqir etməsin, öz vicdanları qarşısında obyektiv olsunlar. Bəzi qüvvələr qırğın salmağa başlayırlar ki, jurnalist siyasi məhbusdur. Jurnalist niyə siyasi məhbusdur? Jurnalist insanları təhqir etməsin, tənqid etsin, nöqsanı yazsın, amma təhqir etməsin. Düzdür, biz tez-tez şahidi oluruq ki, Elmira xanım həbsdəki jurnalistlərlə görüşür, onların saxlanılma şəraiti ilə maraqlanır və onları nəzarətində saxlayır.
İnsan hüquqları və azadlıqlarının müdafiəsi istiqamətində ombudsmanın hüquq mühafizə orqanları ilə apardığı işlər çox böyük əhəmiyyət daşıyır. Bu qurumun hüquq mühafizə orqanları ilə birgə fəaliyyət proqramı üzrə ardıcıl tədbirlər görülmüşdür. Ardıcıl aparılmış işlər nəticəsində vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir. Son illər müvəkkil insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi üçün bir sıra sosial problemlərin həlli istiqamətində ardıcıl işlər həyata keçirmişdir. Müvəkkilin ünvanına daxil olmuş şikayət ərizələri nəticəsində hüquqları pozulmuş insanların hüquqlarının bərpası məqsədi ilə konkret tədbirlər həyata keçirmişdir. Bununla belə, bu gün özəl sektorda əmək münasibətləri sahəsində mübahisəli vəziyyət hələ də qalmaqdadır. Buna bir daha diqqət yetirmək lazımdır.
Məlumdur ki, cənab İlham Əliyevin tapşırığı əsasında son illər əhalinin sağlamlığının qorunması istiqamətində çox böyük işlər həyata keçirilir. Müvəkkil əhalinin sağlamlığının qorunması və onlara tibbi xidmət göstərilməsi, sağlam həyat tərzinin yaradılması üçün müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini dəfələrlə qeyd etmişdir. Xüsusilə də QİÇS və narkomaniyaya qarşı mübarizədə, ancaq son günlər xüsusilə də qeyd etmək istəyirəm ki, respublikamızın cənub bölgəsində QİÇS ilə yoluxma ilə əlaqədar çox böyük məlumatlar yayılır. Bu da çox narahatedici məsələdir. Əlbəttə, səhiyyə orqanları ilə bərabər müvəkkilin də bu sahəyə diqqətinin artmasını məqsədəmüvafiq hesab etmək olar.
Məruzədə vətəndaşların konstitusion mənzil hüquqları barədə olan məsələlər müzakirə edilir. Bir məsələyə də toxunmaq istəyirəm ki, bu insanların hüquqlarına və azadlıqlarına köməklik göstərmək lazımdır. Sonda qeyd etmək istəyirəm ki, həqiqətən də, müvəkkilin gördüyü iş qənaətbəxşdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli ombudsman və ombudsman aparatı! Mən də ombudsmanın hesabatını diqqətlə oxumuşam və bir sıra məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, ombudsmanın hesabatında bir məsələyə xüsusi diqqət ayrılmalı idi. Ombudsman təsisatı təkcə hesabatda yazılan kimi, kimlərləsə görüşmək, hüququ pozulanları istər həbsxanada, istərsə də başqa sahələrdə ziyarət etməklə işini bitmiş hesab etməməli idi. Daha ciddi fəaliyyətlə, həmçinin qanun bazasının möhkəmləndirilməsi və hərəkətdən və ya hərəkətsizlikdən insanların hüquqlarının pozulması ilə bağlı ciddi məsələləri məruzəyə daxil etməli idi. Təəssüf edirəm ki, bunların heç biri yoxdur.
Mən bir sıra bəndlərlə bağlı fikrimi bildirmək istəyirəm. Ombudsmanın hesabatında ölkədəki fikir və söz azadlıqları ilə yanaşı, həmçinin bu gün həbsdə olan jurnalistlər və onların peşə fəaliyyətindən kənar həbs olunma halları ilə bağlı müddəalar var. Amma təəssüf edirəm ki, bu gün peşə fəaliyyəti ilə bağlı Eynulla Fətullayev də həbsdədir. Məhz yazılarına görə, o, həbs olunub. Qənimət Zahidin işi ilə bağlı məhkəmə proseslərindən də hər kəs bilir ki, məsələnin mahiyyəti qondarma cinayət işidir. Bundan başqa, Üzeyir Cəfərovun döyülməsi və onun haqqında bu günə qədər tədbir görülməməsi faktı var. Bu günlərdə “Azadlıq” qəzetinin Aqil adlı jurnalistinin kimlər tərəfindən döyülməsi bəlli olmasına baxmayaraq tədbir görülməyir. Onu döyənlər haqqında cinayət işinin qaldırılmaması ilə bağlı və ya bu cür məsələlərdə Ombudsman institutu təəssüflər olsun ki, ciddi bir ölçü götürməyib və gərəkli orqanlar qarşısında məsələ qaldırmır və ya hesabatında bu məsələni qeyd etmir.
“Sərbəst toplaşmaq azadlığı haqqında” adlanan bölmədə də çox təəssüf edirəm ki, Ombudsman institutu Azərbaycanda fəaliyyət göstərən icra strukturlarının, xüsusilə də Bakı İcra Hakimiyyətinin hələ indiyə qədər 11 rayonda, o cümlədən kənd rayonlarımızda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun olaraq müvafiq yerlərin ayrılması ilə bağlı hər hansı bir göstərişin verilməməsi məsələsi göstərilmir. Bu günə qədər toplantılarla bağlı müvafiq icra strukturlarına müraciət edilməsinə baxmayaraq, onlar yerlə təmin olunmayırlar və ya elə yerlə təmin olunurlar ki, oraya nəinki piyada, hətta maşınlarla gedib çıxılası mümkün olmayır. Bu barədə də Ombudsman institutu öz hesabatında bir fikir bildirməmişdir. Çox təəssüf ki, bunları da nəzərə almayıb. Ombudsman institutu, hesab edirəm, bu məsələlərə qeyri-obyektiv yanaşır.
Hüquq və azadlıqların məhkəmə təminatında da, bilirik ki, çox ciddi pozuntular var. Bu gün Azərbaycanda məhkəmələrin çıxardığı qərarların yerinə yetirilməməsi halları ilə yanaşı elə məhkəmə hadisələri var, prokurorluq orqanlarında elə hadisələr baş verir ki, bunların hamısını Ombudsman institutu çox ciddi şəkildə diqqətdə saxlamalıdır. Bu günlərdə mən televiziya kanallarında bir məhkəmə prosesini izlədim. Balakən rayonunda bir məhkəmə araşdırmasında zorakı yollarla vətəndaşın üzərinə cinayət işi qoymuşlar və prokurorluq orqanları məhkəmə işinin yekununda həmin adama 15 il iş istədi. Sonda mənim üçün həm maraqlı, həm də çox vicdanlı bir yanaşmanın şahidi oldum. Hakim 15 il iş həbs cəzası istənilməsinə baxmayaraq, vətəndaşı azad etdi və sübut etdi iki, onun heç bir günahı yoxdur. Amma çox təəssüflər olsun ki, vətəndaşı azad edən məhkəmə orqanı istintaqı aparan prokurorluq orqanlarının səhv, qərəzli yanaşması ucbatından adamı 6–7 ay həbsdə saxlayanlara qarşı heç bir tədbir görməmişdi. Ombudsman institutu da bununla bağlı öz hesabatında heç bir şey qeyd etməyib.
Bir məsələyə də öz fikrimi bildirmək istəyirəm. Ombudsman institutunun hesabatında səslənən fikirlərin yüzdə doxsanı, adətən, aşağı vəzifəli məmurlar, səlahiyyətsiz adamlar haqqındadır. Çox təəssüflər olsun ki, hakimiyyətin yuxarı eşalonu və orada baş verən qanunsuzluqlar haqqında Ombudsman institutu öz hesabatında bircə söz belə yazmayıb.
Sədrlik edən. Sağ olun. 13 nəfər millət vəkili çıxış edib. İkram İsrafil, sualınız var?
İ. İsrafil. Təşəkkür edirəm, cənab Sədr. İqbal müəllim sonda öz fikirlərini səsləndirdi. Ombudsmanın hesabatında, qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə müsbət, daha ətraflı, geniş, bütün sahələri əhatə edən məqamlarla bağlı fikirlər səsləndirildi. Çox yaxşı olardı ki, gələcəkdə hörmətli Elmira xanım hesabatında göstərsin ki, ombudsmanın müraciət etdiyi məsələlərlə bağlı hansı qurumlarda müsbət nəticəyə nail olublar? Bunlar hesabatda öz əksini tapsaydı, biz hansı qurumlarda hüquq pozuntuları olduğunu və ombudsmanın müraciətlərindən sonra hansı sahələrdə vəziyyətin düzəldiyini bilərdik.
Mən hörmətli Elmira xanıma sual vermək istəyirəm. Bu gün Siz millət vəkilləri qarşısında hesabat verirsiniz. Biz də münasibət bildiririk. Məndə faktlar var ki, burada əyləşən millət vəkilləri respublikanın Ali Məhkəməsi tərəfindən qəbul olunan qərarların icrasından imtina edirlər. Bəs niyə bunları hörmətli Elmira xanım öz hesabatında əks etdirməyib? Xahiş edirəm, bu suala cavab verin.
Sədrlik edən. Fasilədən sonra Siz sualı konkret verərsiniz. Adsız, ünvansız dediniz. Bilmirəm, Elmira xanım bunları bilir, ya yox? Mən hesab edirəm ki, fasilədən sonra bir yarım saat da müzakirələri davam etdirərik. Elmira xanıma da imkan yaradaq ki, sualları cavablandıra bilsin. İndi tənəffüs elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Müzakirələri davam etdiririk. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür eləyirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ombudsmanın hesabatı ilə əlaqədar qeyd etmək istəyirəm ki, doğrudan da, hesabatın hazırlanmasında, işlənilməsində çox böyük yeniliklər var. Ayrı-ayrı sahələrdə yaranan və aradan qaldırılan problemlərlə bağlı hesabatda xeyli məsələlər öz əksini tapıbdır. Amma hesab edirəm ki, gələcəkdə bu hesabatın strukturu nisbətən dəyişdirilməlidir. Struktur tamamilə başqa formada olmalıdır və deputat həmkarlarımızın qeyd etdikləri iradlar orada öz əksini tapmalıdır. Əhatə olunmayan sahələr də əhatə olunmalıdır.
Mən bir neçə fikri qeyd etmək istəyərdim. Hətta müxalifətdən olan həmkarımız da qeyd etdi ki, hesabat keçənilkinə nisbətən daha yaxşı hazırlanıbdır. Mən deyim ki, tək hesabatdan söhbət getmir. Olan problemlərin aradan qaldırılması, insan hüquqlarının qorunması ilə bağlı atılan addımlar haqqında hesabat verilir. Lakin dövlətin, hökumətin bu sahədə atdığı addımlar haqqında kimsə danışmadı, əldə olunan nailiyyətlərdən bəhs etmədi. Məsələn, adi bir faktı söyləmək istəyərdim. 2007-ci ildə insan hüquqları sahəsində ən böyük addımlardan biri may ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən amnistiya aktı ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxışı olmasıdır. Həmin amnistiya on dörd min insana şamil edilmişdir. İnsan hüquqlarının qorunması, müdafiəsi sahəsində və insani dəyərlərə bundan böyük xidmət göstərmək olarmı? Yəni belə məsələlərə də biz münasibətimizi bildirməliyik. Prezidentimiz tərəfindən imzalanmış əfv fərmanları da belə addımlardandır.
İndi burada jurnalistlər haqqında deyildi. Əvvəllər qəzetdə jurnalistlərin şəkillərini sıra ilə düzürdülər. İndi 3 nəfər jurnalist həbsdədir. Onlardan biri heç jurnalist deyil, jurnalistikaya aidiyyəti yoxdur. İkisi isə jurnalistikaya aid olmayan cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunublar. Birinin haqqında hələ məhkəmə gedir. Hələ heç kəs bilmir ki, məhkəmə hansı qərarı çıxaracaq? Bu gün biz burada məhkəmə hökmünə qarşı addımlar atmağa və məhkəməyə təzyiqlər göstərməyə başlamışıq. Bəlkə məhkəmə deyəcək ki, heç bunun günahı yoxdur və yaxud günahının nədən ibarət olduğunu göstərəcək. Biz niyə qabaqcadan burada münəccimlik edirik? Mən hesab eləyirəm ki, jurnalistlər müvafiq qanun normalarını pozduqlarına görə məsuliyyətə cəlb olunmuşlar. Onlar haqqında ölçü götürmüşük. Məsələn, onlardan biri, mən adını çəkmək istəmirəm, həbsdən çıxdığı günün sabahı bir dövlət komitəsinin sədri, onun ailə üzvləri haqqında yaramaz bir məqalə yazdı və dərc etdirdi ki, o üç hissə də tutulmuşdur. Yəni bu insan islah olunmur. İndi dövlət, hökumət, qanunlar ona nə etsinlər? Bu adam islah olunmur. Belə adamları da siyasi məhbuslara və yaxud jurnalistlərə aid eləmək düzgün deyil. Onlar peşəkar jurnalistlər deyildirlər. Ona görə də törətdikləri cinayətlərlə əlaqədar məsuliyyətə cəlb olunurlar.
Burada Pənah Hüseyn tərəfindən Yeni Azərbaycan Partiyası haqqında fikirlər söylənildi. Özü burada yoxdur, dostları, yəqin, mənim fikirlərimi ona çatdırarlar. Burada Yeni Azərbaycan Partiyası haqqında dedi ki, partiyaları sıxışdırıb. Siyasi partiyalar hakimiyyətə gəlməkdən ötrü mübarizə aparırlar. Hər bir siyasi partiyanın nizamnaməsi var və bu, nizamnaməni həyata keçirmək üçün addımlar atır. Yeni Azərbaycan Partiyası indi sizin telinizi sığallamalıdır? Siz istəyirsiniz mübarizə aparasınız, bizim yerimizə gələsiniz? Biz də çəkilib qıraqda durmalıyıq ki, gəlin, oturun? Bu hansı dünya təcrübəsində var? Biz normalar, qanun çərçivəsində fəaliyyət göstəririk. Siz fəaliyyətsizsinizsə, biz günahkarıq? Siz fəaliyyət göstərmirsinizsə, biz də fəaliyyət göstərməməliyik? Biz fəaliyyət göstəririk. Bu il seçkilər ilidir, təbliğatımızı da aparırıq, işimizi də qurmuşuq, seçkiyə də hazırlaşırıq.
Sərbəst toplaşmaq üçün Azərbaycanın hər yerində, o cümlədən Bakı şəhərinin 11 rayonunda yerlər ayrılıbdır. İndi siz mitinq keçirə bilmirsinizsə, Bakı Şəhər İcra Hakimiyyəti günahkardır? Sizi dəstəkləmirlər, ətrafınıza gələn yoxdursa, ombudsman nə etsin? Getsin, küçədən adam yığsın, gətirsin ki, siz mitinq keçirəsiniz? Desinlər ki, sərbəst toplaşmaq azadlığı təmin olunubdur? Ona görə də mən hesab eləyirəm ki, bu məsələyə düzgün qiymət ver...
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Milli Məclis! İnsan hüquqları və azadlıqlarının müdafiəsi bütün dünyanı narahat edən fundamental bir məsələdir. Azərbaycanda da belə bir müvəkkilliyin yaranması özlüyündə çox müsbət bir hadisədir. Mən əvvəldən də demişəm və hesab eləyirəm ki, Azərbaycanda insan hüquqlarını müdafiə edən ombudsman uğurla seçilmiş bir adamdır. Elmira xanıma burada oturanların hər birinin hörməti var. Elmira xanım bu illər ərzində kifayət qədər geniş və səmərəli fəaliyyət göstərib. Mən bir faktı deyim. Bir təyyarə meydanında gördüm, Elmira xanım beynəlxalq bir müşavirədən tək-tənha gəlir. Dedim: niyə təksiniz? Dedi: vallah, yanıma bir adam götürüb aparmaqdansa... O, hətta yanında bir adamı aparmağı belə artıq hesab eləyir və qənaət hesab eləyir. Dedi: qənaət edirəm, niyə mənimlə ikinci bir adam getsin? Yəni bu qadın dünyanın müxtəlif ölkələrində görüşlərə gedir, hətta yanında bir köməkçi aparmağı belə qıymır. Deməli, bizim bu müvəkkil çox dəyərli bir insandır və xeyli iş görüb. Əslində, bu hesabatda hamımızı narahat edən məsələlərin cavabı var. Burada bir sıra dövlət müəssisələrinin fəaliyyətindəki qüsurlar haqqında mədəni şəkildə, belə deyək ki, hüquq daxilində fikirlər deyilib. Nöqsanlar hamısı göstərilib. Amma bəzi sahələrdə geniş, bəzi sahələrdə az göstərilib.
Mən Elmira xanımın diqqətini bir-iki məsələyə cəlb etmək istəyərdim. Əvvəla, Elmira xanım özü də bilir ki, ümumiyyətlə, insanın dəyəri olmayan, insana qiymət verilməyən, addımbaşı onun ləyaqəti, hissiyyatı alçaldılan cəmiyyətdə ombudsman peyğəmbər də, Allahın bacısı oğlu da olsa, heç bir şey edə bilməz. Təəssüf ki, cəmiyyətimizin ən dəyərsiz üzvü insandır, öz vətəndaşımızdır, Azərbaycan vətəndaşıdır. Bu bizim hamımızı narahat etməlidir. Dövlətimizin dünyada imicini qaldırmaq istəyiriksə, gərək insan haqları da yüksək səviyyədə qorunsun.
Məni narahat eləyən məsələlərdən biri vətəndaşların şikayət və ərizələrinə münasibətdir. Ərizə və şikayətlərə aylar uzunu cavab verilmir. Camaat qapılarda didərgin vəziyyətdə qalır. Məmur deyir ki, mən onu cağırtdırmışam gəlsin? Sən cağırtdırmamısan, özü gəlib. Bəzən millət vəkillərinin telefonlarına belə cavab vermirlər. Günlərlə yox, aylarla məktublara cavab verilmir və ya kobud cavab verilir. Heç məktubda “hörmətli filankəs” sözləri belə yazılmır, bir şablonla cavablar verirlər. Məncə, şikayət və ərizələrə cavab verilməsi məsələsində xüsusi bir qayda yaradılmalıdır.
İkinci, Azərbaycanın bir sıra rayonlarında sağlamlıq məsələsi hesabatda geniş əksini tapıb. Sağlamlığın qorunması problem olaraq qalır. Təsəvvür edin, mənim seçildiyim Masallı və Yardımlı dairəsində onlarla kənddə tibb məntəqəsi belə yoxdur. Kilometrlərlə yol gedib qonşu kənddə xəstəni həkimə göstərməlidir. Qadınların müalicəsi ilə məşğul olan qadın həkimlər və tibb bacıları yoxdur. Bu çox ciddi bir problemdir. Mən hələ onu demirəm ki, ümumiyyətlə, Azərbaycanda pulsuz müalicə məsələsi getdikcə ixtisara düşür. Pullu müalicə də elə bir həddə çatır ki, adamlar həmin müalicədən imtina eləməli olurlar.
Sonra, burada söz və mətbuat azadlığından danışıldı. Bilirsiniz, mən hesab eləyirəm, bu gün beynəlxalq miqyasda Azərbaycana münasibət elədir ki, biz bütün sahələrdə respublikanın imicini qorumalıyıq. İnsan dediyi fikrə, sözə görə həbs oluna bilməz. Bu birmənalıdır. Əgər söz varsa, söz deyilibsə, ona da sözlə cavab verilə bilər. İllər uzunu qəzetlərdə xidmət göstərmiş “Azadlıq” qəzetinin müxbirləri, iki qardaş birdən həbsə atılır. Nə olub, dünya dağılıb? İndi Siyavuş bəy burada deyir ki, çox böyük amnistiya aktları qəbul olunur. Doğru deyir. Elmira xanım da dedi ki, bizdə əfv məsələsi yüksək səviyyədədir. Amma niyə bu qədər həbs və sonra da əfv eləyirik? Bu məsələ haqqında da düşünmək lazımdır.
Sonra, hesab eləyirəm ki, məhkəmələr haqqında burada deyilib. Amma Azərbaycanda məhkəmə sahəsində elə bir anarxiya hökm sürür ki, bunun qarşısı hökmən alınmalıdır. Məhkəmələr sərbəst deyildirlər. Ancaq sifarişlə və ən yüksək səviyyədə müdaxilə etsən də, insanların haqlarını qorumaq mümkün deyil. Mənim digər qeydlərim də var, onların hamısına vaxtım çatmır. Amma hesab eləyirəm ki, bu kifayət qədər sanballı bir hesabatdır.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Beş ildir ki, Azərbaycanda Ombudsman institutu, yəni Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin institutu fəaliyyət göstərir. Keçən müddət ərzində həmin institut Azərbaycanda artıq insan hüquqlarının müdafiəsi sahəsində özünü göstərmiş və Azərbaycanda insan və vətəndaş hüquqlarının müdafiəsinin daha da mükəmməl təmin olunması üçün mən deyərdim ki, əlindən gələni etmişdir. Ombudsman institutunun, Elmira xanımın bir Azərbaycan vətəndaşı olaraq, 20 yanvar faciəsi, Xocalı soyqırımı ilə əlaqədar bəyanatları, o cümlədən məcburi köçkün və qaçqınların hüquqlarının müdafiəsi ilə əlaqədar gördüyü tədbirlər, əlbəttə, diqqətəlayiqdir və bunlar nəzərə alınmalıdır.
Amma keçən müddət ərzində İnsan hüquqları üzrə müvəkkilinin adına daxil olan şikayətlərin strukturuna baxanda biz görürük ki, şikayətlərin 40 faizə yaxını 2004-cü ildən bu yana vətəndaş və siyasi hüquqların pozulması ilə, 60 faizə yaxını isə iqtisadi, sosial və mədəni məsələlərlə əlaqədardır. Yəni əgər 2004-cü ildə birinci halda 41 faiz olubsa, 2007-ci ildə bu, 39 faiz, iqtisadi məsələlər üzrə 58 faiz olubsa, indi 60 faizə yaxındır. Yəni burada nəzərəçarpacaq dərəcədə azalma hiss olunmur, bu bir daha Azərbaycan cəmiyyətində baş verən problemlərlə əlaqədardır. Amma şikayətlərin strukturuna baxanda bir daha görürük ki, ən çox şikayət məhkəmə orqanlarındandır. Yəni şikayətlərin təxminən 16 faizə yaxını məhkəmə sistemi ilə əlaqədardır. Düzdür, hesabatda göstərilir ki, 2007-ci ilin ikinci yarısından regionlarda əlavə məhkəmə orqanları yaradıldıqdan sonra şikayətlərin miqdarı azalıb. Amma ilin yekununu gözləmək lazımdır. Görək 2008-ci ildə bu özünü necə göstərəcək?
Ümumiyyətlə, bizim, millət vəkillərinin də ən çox şikayət aldıqları orqanlardan biri məhkəmə sistemi olduğu aydındır.
Kütləvi informasiya vasitələri ilə ombudsmanın əlaqəsi, məhbus jurnalistlərlə görüşü, mətbuata düzgün işıqlandırma verməsi, mətbuat konfranslarının keçirilməsi bir daha onu göstərir ki, Elmira xanım Azərbaycanda həbsdə olan jurnalistlərin həyatı ilə maraqlanır, onların azad olunması üçün müəyyən tədbirlər görür. Amma bizim jurnalistlər də nəzərə almalıdırlar ki, biz onları nə qədər müdafiə etsək də, onların yazdıqları yazılardan da çox şey asılıdır. Həqiqəti düzgün əks etdirmək lazımdır. Azərbaycanda iri analitik yazılara biz çox az rast gəlirik. Mən arzu edərdim ki, jurnalistlər həbsə alınmasınlar, həbsdə olmasınlar və biz daha çox analitik yazılara rast gələk.
Bir məsələni qeyd etmək istəyirəm. Məruzədə, bayaq İlyas müəllim qeyd etdi, konkret faktlar olduqca azdır. Biz Azərbaycan hökumətinin hesabatını dinləmirik, İnsan hüquqları üzrə müvəkkilin hesabatını dinləyirik. Mən arzu edərdim ki, konkret faktlar göstərilsin. Hesabatda qeyd olunub ki, korrupsiya üzrə, rüşvətxorluq üzrə və sair faktlar var. Bu faktlar üzrə rəhbərliyin kimliyindən asılı olmayaraq, 2007–2008-ci illərin yekunları ilə əlaqədar olaraq, bizə verilən hesabatda konkret faktlar öz əksini tapsın. Hansı faktlar cəmiyyətdə yer tutub, mətbuat orqanlarında var. Ombudsman tərəfindən araşdırılan həmin faktların konkret olaraq məruzədə öz əksini tapmasını arzu edərdim.
2006-cı il dekabrın 28-də, bilirsiniz ki, Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq olunub. Bu planın yerinə yetirilməsi çox böyük zəhmət, iş tələb edib. Bunun yerinə yetirilməsi üçün ombudsman kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları ilə, o cümlədən ictimaiyyətlə daim sıx əlaqədə olmalı və sıx işləməlidir. Ancaq bu yolla belə bir ağır proqramı həyata keçirmək mümkün olar.
Həmkarım Əli müəllim çıxışında qeyd etdi ki, regionlarda, o cümlədən Qubada ombudsmanın yerli dayaqları yaradılıb. Amma təəssüf olsun ki, həmin regionda insanların şikayətlərinin qəbul olunması, onlara reaksiya verilməsi çox zəifdir, mən deyərdim ki, çox güclü nəzarət hiss etmirik. Deputatlarla sıx əlaqə də yaratmaq lazımdır, çünki regionların fəaliyyəti ilə əlaqədar bizdə çoxlu məlumatlar var. Bir də arzum budur ki, 2008-ci ildə ombudsman Azərbaycan dövlətinin başçısına müraciət etsin ki, bayramlar ərəfəsində əfvlə əlaqədar tədbirlər görülsün. Ümumilikdə, mən ombudsmanın işini müsbət qiymətləndirirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim Əhmədov, buyurun.
Ə.Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də hesab edirəm ki, Azərbaycanda insan haqlarının qorunması ilə əlaqədar Elmira xanım Süleymanovanın bizə təqdim elədiyi məruzə 2007-ci ildə Azərbaycanda insan haqlarının qorunması ilə əlaqədar Azərbaycan hökumətinin və ombudsmanın bu sahədəki fəaliyyəti ilə əlaqədar çox əsaslı bir rəy formalaşdırmaq üçün yetərlidir. Doğrudan da, məruzə əsasında formalaşan qənaət ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiə edilməsi sistemi belə bir təchizatın yaradılması ilə əlaqədar əhəmiyyətli dərəcədə təkmilləşdirilibdir. Bu məruzənin əsasında məni daha çox maraqlandıran qənaət ondan ibarətdir ki, Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması sisteminin yeni bir təchizatı nəinki Azərbaycanda özünü tanıdıbdır, oturuşmuş bir təchizata çevrilibdir və beləliklə də, biz insanların hüquq və azadlıqlarının mühafizə edilməsi sistemində çox səmərəli bir mexanizmi əldə etmişik. Bu mənada 2007-ci ildə ombudsman təchizatının fəaliyyəti, düşünürəm ki, qənaətbəxşdir.
Bizə təqdim edilən hesabat görülən işlər haqqında çox aydın təəssürat yaradır və beləliklə də, biz ombudsmanın 2007-ci ildəki fəaliyyətini qənaətbəxş hesab etmək üçün kifayət qədər əsaslara malikik. Bununla yanaşı, Azərbaycanda bütövlükdə insan hüquq və azadlıqları ilə əlaqədar mənzərənin təhrif edilməsi cəhdləri də oldu. Mən hesab edirəm ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan hökuməti tərəfindən səmərəli şəkildə nəinki addımlar atılır, tədbirlər görülür, həm də insan hüquq və azadlıqlarının qorunması üçün çox səmərəli, əlverişli bir mühit formalaşdırılıbdır.
Dünən Azərbaycanın Prezidenti ölkənin qərb rayonlarında olarkən çox maraqlı bir fikir söylədi: “Azərbaycanda sabitlik olduğuna görə inkişaf var, inkişafın olmasına görə isə Azərbaycanda sabitlik davam edir, pozulmur”. Hesab edirəm ki, bu sözləri insanların hüquq və azadlıqlarının qorunması sisteminə də şamil etmək olar. Azərbaycanda sabitlik olduğuna görə insanların hüquq və azadlıqlarını qorumaq mümkündür. İnsanların hüquqları və azadlıqları qorunduğuna görə isə Azərbaycandakı sabitlik təmin edilir və sabitliyin davamlılığı özünü təsdiqləmiş olur.
Əgər Azərbaycanda 15 il əvvəlki vəziyyəti yada salsaq, görərik ki, onda insanların hüquq və azadlıqlarının qorunması haqqında düşünmək belə mümkün deyildi. O zamanlar insanların hüquqları kütləvi şəkildə pozulurdu. İndi Azərbaycanda görülən tədbirlər nəticəsində nəinki insanların kütləvi şəkildə hüquqlarının pozulmasının qarşısı alınıbdır, indi cəmiyyət elə bir mərhələyə gəlib çatıbdır ki, ayrı-ayrı fərdlərin hüquqlarının və azadlıqlarının qorunması bütövlükdə cəmiyyətin qarşısında duran vacib bir vəzifədir. Bu vəzifənin yerinə yetirilməsi üçün də həm hökumət, həm bütövlükdə cəmiyyət, həm də, eyni zamanda, yaradılmış təchizat tərəfindən lazımi, səmərəli işlər görülməkdədir.
Əlbəttə, insan hüquqları kifayət qədər incə bir sahədir. Fərdi səviyyədə insan hüquqlarının təmin edilməsi böyük səylər tələb edir. Məmnunluqla qeyd etmək lazımdır ki, bu səylər Azərbaycanda öz bəhrəsini verməkdədir. Bununla yanaşı, mən çox arzu edərdim ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması məsələsindən çox ciddi şəkildə danışanlar təkcə həbsə məruz qalan və yaxud guya hüquqları pozulmuş insanların hüquqlarının qorunması üçün səy göstərdikləri kimi, həmin insanların hərəkətləri nəticəsində ayrı-ayrı insanların pozulmuş hüquqlarını da unutmasınlar. Mən düşünürəm ki, bu da vacib məsələlərdən biridir.
Mənim diqqət yetirmək istədiyim digər məsələ, buna bir neçə çıxışda da diqqət ayrıldı, ondan ibarətdir ki, Azərbaycanda məqsədli şəkildə jurnalistlərin hüquqlarının pozulması haqqında kimlər tərəfindən isə fikirlər yaradılmasına cəhdlər göstərilir. Bütövlükdə Azərbaycanda jurnalistlərin hüquqlarının pozulması ilə əlaqədar fikir söyləmək üçün əsaslar yoxdur. Eyni zamanda, mən jurnalistlərə, mətbuat işçilərinə hörmət və ehtiram etməyi də vacib sayıram. Düşünürəm ki, jurnalistləri, mətbuat orqanlarını xüsusi imtiyazlara sahib olan bir kateqoriya kimi təqdim etmək də düzgün olmazdı. Hamılıqla qəbul olunmuş yaşayış qaydaları bütün cəmiyyət üzvlərinə şamil edilməli olduğu kimi, düşünürəm ki, jurnalistlərə, mətbuat orqanlarının əməkdaşlarına da şamil edilməlidir.
Burada fikir səsləndirildi ki, sözə görə jurnalistləri həbs etmək olmaz. Əlbəttə, sözə görə heç kimi həbs etmək lazım deyil. Amma demək lazımdır ki, təhqir də, söyüş də sözdür. İnsanların ləyaqətinin alçaldılmasına yönəldilmiş yazılar da söz yığınından ibarətdir. Mən hesab edirəm ki, söz adı altında bütün bunların hamısını birləşdirib məsələni bu şəkildə qoymaq olmaz. Bir də fikrimi cəmləşdirmək istəyirəm ki...
Sədrlik edən. Abel Məhərrəmov.
A. Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. İlk öncə onu demək lazımdır ki, doğrudan da, gözəl bir hesabatı dinlədik. Mən də həmkarlarım kimi bu hesabatı yüksək qiymətləndirirəm, hamımız birlikdə bu işə müsbət səs verəcəyik. Onu da deyim, məndən soruşsalar ki, Azərbaycanda bu vəzifəni Elmira xanımdan başqa daha kim apara bilərdi? Mən belə bir fikrə qayıda bilərəm ki, yenidən Elmira xanım. Elə bil ki, bu vəzifə onun alnına yazılıb. Mən bütün çıxışlara və hörmətli Elmira xanıma da diqqətlə qulaq asdım. Məndə belə bir fikir formalaşdı ki, bəlkə də çıxış qısa olduğu üçün Elmira xanım demədi, biz görünən tərəfləri geniş təhlil etdik, amma görünəndən də olduqca vacib görünməyən tərəflər var. Bu da ondan ibarətdir ki, artıq ombudsman fəaliyyəti bir institut şəklində altıncı ildir fəaliyyət göstərir. Burada analitik araşdırma daha çox olmalıdır. Əgər bu gün Elmira xanım Milli Məclisdə millət vəkilləri qarşısında hesabat verirsə, biz ilk növbədə düşünməliyik ki, bu hesabatdan qanunvericilik istiqamətində nə götürə bilərik? Əgər Elmira xanım hüquq orqanları, inzibati orqanlar haqqında mənfi fikir söyləyibsə, məhkəmə qulaq asmayıbsa, məhkəmə düz hesab eləmirsə, burada məhkəməlik heç bir iş yoxdur. Bunlar haqda, yəqin, zetlərdən oxuya bilərlər və sair. Ancaq biz buradan nə götürə bilərik?
Elmira xanıma belə bir sualım var. Siz fəaliyyətiniz dövründə analitik informasiya xarakterli yanaşmalar zamanı nə müəyyən etmisiniz? Hansı istiqamətdə daha çox qanun boşluğu var? Biz qanunverici orqanıq. Biz istəyirik ki, gələcəkdə işimizi daha da intensivləşdirək. Ombudsman fəaliyyəti ilə bizim fəaliyyət arasında hansı körpü yarana bilər? Bu bir.
İkinci sualım da var. Son üç ildə ölkədə işsizlik azalıb. Yoxsulluq 49 faizdən son üç ildə 16 faizə düşüb. Sosial-iqtisadi xərclər, xüsusilə büdcə bir neçə dəfələrlə artıb. Belə bir inkişaf dövründə hansı statistik araşdırmalar aparılıb? Hansı istiqamətə daha çox fikir verməliyik? İnsan hüquqları üzrə müvəkkilə təqribən 33 min 600 müraciət olub. Hər ilə təqribən 7900 müraciət düşür. Bu müraciətlərin istiqaməti necə dəyişir? Deyək ki, məhkəmə sistemindən şikayətlər çoxalır, yoxsa polis sistemindən? Korrupsiyadan şikayətlər güclənir? Biz bunu bilək ki, gələcəkdə qanunvericilik fəaliyyətimizdə bunları nəzərə alaq. Xahiş edirəm, imkan dairəsində bu iki suala cavab verəsiniz.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Mən də burada deyilən bütün fikirlərə qoşuluram və Elmira xanıma kifayət qədər ağır işində uğurlar diləyir, ona can sağlığı arzu edirəm. Doğrudan da, o çox böyük iş görür və çalışmaq lazımdır ki, hər kəs öz sahəsində bu işə yardım göstərə bilsin. Abel müəllimin sualının məntiqi davamı olaraq, çıxışımda bəzi məsələlərə toxunmaq istərdim. Söhbət ondan gedir ki, hesabatda təhsil hüququ ilə, mənzil hüququ ilə bağlı kifayət qədər maraqlı məqamlar var. Mən istərdim ki, Elmira xanım bu məsələləri bir qədər geniş şərh etsin.
Məsələ burasındadır ki, Konstitusiyamıza uyğun olaraq hər kəsə təhsil hüququ veririk. Amma verdiyimiz təhsil hüququnu yerlərdə nə dərəcədə reallaşdırmaq imkanı olduğu haqqında da bir qədər fikirləşməyə lüzum var. Söhbət ondan gedir ki, doğrudan da, hesabatda göstərildiyi kimi, bu gün qız uşaqlarının təhsildən kənarda qalması məsələsi xoşagəlməz bir faktdır. Bu problem artıq neçə ildir ki, Azərbaycanda müxtəlif səviyyələrlə müzakirə olunur. Doğrudan da, Milli Məclis olaraq, bu məsələ ilə bağlı hansı addımları ata bilərik? Mənə belə gəlir ki, sadaladığımız problemlərin içində bu məsələ yerə basdırılmış mina təsiri bağışlaya bilər. Çünki bu cür savadsız qız uşaqlarının Azərbaycanda artıq kütləyə çevrilməsi Azərbaycan cəmiyyətinin gələcəyi üçün xoşagəlməz bir hadisəyə çevrilə bilər.
Təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ağrılı bir mövzuya toxunuldu. Bu gün kifayət qədər səviyyəli özəl təhsil müəssisələrimiz var. Təəssüf ki, həmin təhsil müəssisələrindən əhalinin yalnız müəyyən qismi istifadə edə bilir, amma daha böyük bir qismi sosial cəhətdən təmin olunmadığı üçün istifadə eləyə bilmir. Bu nə dərəcədə doğrudur? Biz hələ də təhsil müəssisələrimizi özəlləşdirməyə açıq saxlayaq və bu proses davam etdirilir. Mənə elə gəlir ki, bu məsələyə artıq “dur!” işarəsi verilməlidir. Çünki, sözün əsl mənasında, kiçikyaşlı uşaqların məktəbəqədər hazırlıq məsələsi artıq nəzərdə tutduğumuz Təhsil qanununda da ciddi qoyulub. Ona görə də müxtəlif sosial təbəqədən olan uşaqların məktəbəqədər hazırlıq məsələsi günün tələbləri səviyyəsindədir.
Elmira xanıma minnətdarlıq etmək istərdim ki, mənzil hüququ ilə bağlı məsələni xüsusi qeyd elədi. Mənim seçildiyim dairədə Alatava deyilən yer var. Doğrudan da, burada bir neçə yerin adı çəkildi. Hövsan, Ramanı südçülük, Xutor, Vorovski və Alatava. Bu ərazilərdə yaşayan insanlar hələ də Bakı şəhərinin sakini sayılmırlar. Onların qeydiyyat məsələsi artıq uzun illərdir ki, həll olunmur. Mənə elə gəlir ki, Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin hər hansı bir sərəncamı ilə bu məsələni həll etmək lazımdır. Sözün əsl mənasında, artıq bu insanların harada qeydiyyatı olduğunu konkret göstərməyin vaxtı çatıb.
Eyni zamanda da, bir məsələyə də xüsusi diqqət yetirmək istərdim. Söhbət ondan gedir ki, bizim qəbul etdiyimiz iki qanun hələ də bir-biri ilə ziddiyyət təşkil edir. Söhbət “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlardan gedir. Çünki birində 14-dən 29-dək yaş həddi, ikincisində isə 18 yaşadək göstərmişik. Mənə elə gəlir ki, biz qanunlarımızda olan bu ziddiyyəti aradan götürməli və bu sahədə olan bəzi məsələləri bir daha Milli Məclisin iclaslarında yenidən müzakirəyə çıxarmalıyıq. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev, buyurun.
B. Əliyev. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar! Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsi haqqında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin illik məruzəsi olduqca vacib bir sənəddir və onun bu cür geniş müzakirə edilməsi də məntiqə uyğundur. Bu məruzədə Azərbaycan Respublikasında 2007-ci ildə hüquqi dövlət quruculuğu, demokratik cəmiyyət quruculuğu sahəsində görülmüş işlərin əsas nailiyyəti və qarşıda həllini gözləyən məsələlər əksini tapmışdır.
Məruzədə qeyd edildiyi kimi, ölkənin inkişafı Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, dövlətimizin ali məqsədi olan insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə böyük imkanlar yaradır. Əgər bu gün Azərbaycanda iqtisadi yüksəliş təmin edilməsə idi, şübhəsiz ki, insanların əsas hüquq və azadlıqları da təmin edilə bilməzdi. Bu gün həmin istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 16 faizdən də aşağı düşmüşdür. Bu, insanların sosial rifah vəziyyətinin yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına şərait yaratmış, habelə məruzədə qeyd edildiyi kimi, kriminogen duruma səbəb ola biləcək və yaxud insanların müəyyən konstitusion hüquqlardan istifadəsinə məhdudiyyət yarada biləcək amillər aradan qaldırılmışdır. Əlbəttə, bütün bunlar ürəkaçan məsələlərdir və ölkənin böyük inkişafına, Azərbaycanda demokratik təsisatların artıq tam bərqərar olmasına dəlalət edir. Azərbaycanda söz azadlığı, fikir azadlığı tam təmin edilmişdir və bu sahədə bizim heç bir problemimiz yoxdur.
Əgər vaxtilə işgəncələrlə bağlı hüquq mühafizə orqanlarında, xüsusilə Daxili İşlər Nazirliyində müəyyən neqativ hallardan danışılırdısa, bu gün həmin problemlər aradan qaldırılıb və aparılmış islahatlar öz bəhrəsini verir. Eləcə də məhkəmə sahəsində aparılan islahatlar bir çox problemlərin həll edilməsinə gətirib çıxarmışdır. Təbii ki, demokratiya uzun bir prosesdir və keyfiyyətcə yeni mərhələlərə keçid deməkdir. Bu baxımdan hər bir problemin həlli yeni bir problemin meydana gəlməsinə səbəb olur. Şübhəsiz ki, Azərbaycanda gedən inkişaf demokratik islahatlar və hüquqi dövlət quruculuğu prizmasından nəzərdən keçiriləndə qarşıda bir çox işlərin olduğunu görürük.
Bir cəhətə də diqqət yetirmək istəyirəm. Burada insan haqları ilə bağlı bəzi fikirlər söyləndi. Amma nədənsə Azərbaycana gələn hüquq müdafiəçiləri və Azərbaycandakı bəzi hüquq müdafiəçiləri beynəlxalq aləmdə qaçqınların hüquqlarının tanınmasından geniş söz açmırlar. Əslində, Azərbaycanda insan haqları sahəsində bir hüquq pozuntusu var. O da Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində bir milyondan artıq qaçqın və köçkünün insan haqlarının pozulmasıdır. Mən hesab edirəm ki, ombudsman da bu sahədə fəaliyyətini genişləndirməlidir və beynəlxalq aləmdə Azərbaycanla bağlı qaldırılan hər bir məsələdə insan hüquq və azadlıqları baxımından qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının qorunması, Avropa Şurasında qəbul edilmiş qərarlara uyğun olaraq tezliklə onların öz torpaqlarına qayıdışı təmin edilməlidir.
Burada ombudsmanın tövsiyələri var. Mənə elə gəlir ki, həmin tövsiyələri nəzərə alaraq, qanunverici orqan da gələcəkdə bir sıra qanunlara əlavə və dəyişiklik etməklə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına nail olacaqdır. Ümumiyyətlə, hesab edirəm ki, məruzə gözəl hazırlanıb və mən onu dəstəkləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, biz bu məsələni yarım saat da müzakirə eləyək. Etiraz yoxdur ki? Gültəkin xanım da, Nizami müəllim də söz istəyirlər. Gültəkin xanım, buyurun.
G. Hacıyeva. Çox sağ olun, hörmətli Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən öncə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müəkkilinin Milli Məclisə təqdim etdiyi hesabatı yüksək qiymətləndirirəm. Eyni zamanda, ombudsmanımız Elmira xanım Süleymanovanın fəaliyyəti kifayət qədər üzdə olan, görünən fəaliyyətdir və Elmira xanım Azərbaycanı beynəlxalq səviyyədə də kifayət qədər ləyaqətlə təmsil edir. Düşünürəm ki, əgər biz bu hesabatı keçənilki və daha öncəki hesabatlarla müqayisə etsək görərik ki, bu hesabatda məzmunca çox irəliləyiş var, mahiyyət etibarilə problemlərə daha ciddi, daha həssas, daha dərindən yanaşma var. Bu baxımdan ümidvaram ki, gələnilki hesabat daha sanballı, daha tutarlı olacaq və həmin məruzədə insan haqlarının pozulması faktları ilə mübarizə ilə bağlı daha ciddi faktlar öz əksini tapacaqdır.
Bununla yanaşı, Azərbaycanda heç kim iddia eləyə bilməz ki, insan haqları sahəsində hər şey idealdır. Əvvəla, bu sahədə heç bir ölkədə ideal vəziyyət yoxdur. İkincisi, ictimai münasibətlər dəyişdikcə, həyat inkişaf etdikcə, sözsüz ki, problemlər də yaranır və həmin problemlərin həlli istiqamətində daha ciddi niyyətlər ortada olur. Ancaq bütün bunlara baxmayaraq, qeyd etmək istəyirəm ki, ümumiyyətlə, insan haqları ictimai şüurun, siyasi mədəniyyətin inkişaf səviyyəsi ilə, daha geniş mənada, etnik və estetik dəyərlər sistemi ilə, cəmiyyətin dəyərlər sistemi ilə, psixoloji məqamlarla bağlı olan məsələdir. Cəmiyyətdə birdən-birə bu sahədə hansısa sıçrayışa, irəliləyişə nail olmaq mümkün deyil. Doğrudan da, bu ağrılı prosesdir və Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, bu sahədə də inkişaf edir. Ancaq bir daha qeyd edim ki, bu çox ağrılı və müəyyən zaman aparan bir prosesdir.
Onu da qeyd etməliyəm ki, Azərbaycanda insan haqları sahəsində müəyyən problemlər olmaqla yanaşı, insan haqlarının pozulmasından möhtəkirlik məqsədi ilə istifadə edənlər də var. Məhz bu möhtəkirlik nəticəsində bəzən biz terrorçuların, casusların siyasi məhbus kimi sırınması, təqdim edilməsi niyyətlərini görürük. Düşünürəm, bu niyyətlərin özü də insan haqlarının qorunmasına ciddi bir zərbədir.
Mən hörmətli Elmira xanımın hesabatını yüksək qiymətləndirməklə yanaşı, xahiş edirəm ki, növbəti il üçün hesabatda bir sıra məqamlara xüsusi diqqət yetirsin. Cəmiyyətimiz üçün ağrılı məqamlar qeyd edildi. Millət vəkili kimi mənə olan müraciətlərin əksəriyyəti məhkəmə sistemindəki problemlərlə və narazılıqlarla bağlıdır. Bu gün hər birimiz etiraf etməliyik ki, məhkəmə sistemində çox ciddi islahatlara ehtiyac var. Düzdür, müəyyən addımlar atılır. Ancaq bu addımlar hələ də kifayət deyil. Xüsusilə bölgələrdən, elə Bakının özündən müxtəlif instansiya məhkəmələrindən çox sayda şikayətlər alırıq. Bir çox hallarda insanlar haqlı ola-ola, yəni onların haqlı olduğu üzdə ola-ola, öz haqlarını ala bilmirlər. Eyni zamanda, məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlər var. Mən insanlar tanıyıram ki, uzun illərdir, öz haqlarını əldə edə bilmirlər, pozulmuş əmlak hüquqlarını bərpa edə bilmirlər. Hətta millət vəkilinin müdaxiləsi də bir çox hallarda həmin insanlara kömək edə bilmir. Şəxsən mən özüm bir çox hallarda bu məsələlərdə həmin insanlara zəruri olan köməyi göstərə bilmirəm. Can atsam da, bu problemlər, əngəllər ortadadır.
Eyni zamanda, mən çox xahiş edərdim ki, Elmira xanım çox aktual olan bir məsələyə diqqət yetirsin. Təbii ki, bu, sosial yardımların paylaşdırılması ilə bağlıdır. Ölkədə rəsmi statistikaya görə 16 faiz yoxsul var və bu da ölkə əhalisinin təxminən 1 milyonunu əhatə edir. Belə olan halda sosial yardımların paylanmasında problemlər var. Bölgələrin əksəriyyətində insanlar ya sosial yardımı ala bilmirlər, ya da sosial yardımın paylanmasında ciddi bürokratik əngəllərlə, süründürməçilik halları ilə, qanunsuzluqlarla üzləşirlər. Bu məsələ daha çox həssas təbəqənin maraqlarına toxunduğu üçün, mənə elə gəlir ki, bu problemlə ciddi məşğul olmaq lazımdır.
Eyni zamanda, təəssüf ki, qadınlara qarşı zorakılıq faktları cəmiyyətdə mövcuddur və qız uşaqlarının təhsildən yayınması, erkən nikahlarla bağlı, doğrudan da, Azərbaycanın müəyyən bölgələrində vəziyyətin ciddi təhlilə ehtiyacı var. Mən bu bölgələrin adını çəkmirəm. Amma elə bölgələr var ki, yuxarı sinifdə, demək olar ki, qız uşaqlarını tapmaq mümkün deyil və onlar çox erkən nikaha cəlb olunurlar. Bu da ailə daxilində zorakılığa, məişət zorakılığına, qadınların hüquqlarının pozulmasına gətirib çıxarır. Ümumilikdə, hesabatı müsbət qiymətləndirirəm və hesab edirəm ki, gələnilki hesabatda Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı vəziyyəti daha yaxşı təhlil edəcəyik.
Sədrlik edən. Bu çıxışın yarısını mətbuatda artıq oxumuşdum, dedim, yəqin, nəsə başqa bir məsələ olacaq. Hamısı təkrarçılıqdır. Nizami Xudiyev yenə təkid eləyir? Buyurun.
N. Xudiyev. Hörmətli Oqtay müəllim, çıxış eləyən yoldaşlar çıxış ediblər və kim istəmirsə, çıxış eləməsin. Ona görə də mənim çıxışımın heç kimə dəxli yoxdur, deputat hüququmdur, danışıram. Camaatın səsini mən həll etmirəm.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz Elmira xanımın çox geniş, ətraflı, məzmunlu məruzəsini diqqətlə dinlədik. Məruzədən göründü ki, ötən il müvəkkilə 7900, ondan qabaqkı il isə 7460 müraciət daxil olub. Bu rəqəm ölkə əhalisinin 0,1 faizdən azını təşkil etsə də, özlüyündə az deyil. Ancaq nəzərə alsaq ki, ombudsman institutu cəmiyyət üçün yeni bir qurumdur, bu rəqəmin ciddiliyi daha çox nəzərə çarpır. Qurumun missiyası belədir. Xahiş edirəm, buna bir daha diqqət edəsiniz. Dövlət və özünüidarə orqanlarının vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa olunması məqsədi ilə məhkəmədən kənar təsbit olunmuş müdafiə orqanıdır.
Məruzədən göründü ki, vətəndaşlarımızın şəxsiyyət vəsiqəsi almasında, bir sıra məsələlərin həll edilməsində, adamların mənzil və əmlak hüquqlarının bərpasında yaxından iştirak ediblər. Biz bunları dinlədik. Burada çıxışlardan da məlum oldu ki, Elmira xanım deputatların və şikayət edənlərin bir çoxunun məsələlərini çevik şəkildə həll edib. Amma daha yaxşı olardı ki, qlobal məsələlərin həlli haqqında da geniş danışılaydı. Elmira xanımın keçənilki məruzəsində BP, Coca-cola, Azərcell, Bakcell kimi şirkətlərdə həmkarlar ittifaqlarının fəaliyyətinə qarşı əngəllər törədildiyindən danışmışdı. Ancaq bu işdə hansı konkret nəticələrə nail olunduğu barədə məlumat verilmədi. Əcnəbi şirkətlər heç vaxt yaddan çıxarmamalıdırlar ki, onlar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərirlər və bu ölkənin qanunlarına, həmin ölkənin vətəndaş hüquqlarına hörmət etməyə borcludurlar. Həmkarlar ittifaqları isə həmin vətəndaşların müstəsna hüquqlarını müdafiə etməlidirlər. Lakin bir çox xarici şirkətlər Azərbaycan Respublikasının qanunlarına əməl etmir və onu kobud surətdə pozurlar. Kimi istəyirlər işə götürürlər, yaş həddinə baxmırlar, qızları işə qəbul edirlər, 1 aydan sonra işdən çıxarırlar. Hörmətli ombudsmanımız belə məsələlərdə ardıcıl və prinsipial olmalıdır.
Məruzədə qaçqın və məcburi köçkün statusunda olan bir milyona yaxın soydaşımızın taleyi ilə bağlı görülmüş işlərdən söhbət açarkən daha çox Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin adı çəkildi. Bu onların vəzifə borcudur və etməlidirlər, çünki oradan maaş alırlar. İstərdim ki, ombudsmanın bundan sonrakı fəaliyyətində daha çox beynəlxalq və regional təşkilatlarda aparılan iş əsas yer tutsun. Məruzədə xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə bağlı çox səthi məlumat verildi. İnsan hüquqları üzrə müvəkkil institutu bütün demokratik ölkələrdə var. Mən istərdim ki, həmin ölkələrdə müvəqqəti yaşayan soydaşlarımızın hüquqlarının qorunması ombudsmanımızın beynəlxalq aləmdə fəaliyyətinin əsas istiqaməti olsun və miqrasiya sahəsində beynəlxalq hüquq normaları nəzərə alınsın.
Bəzi ölkələrdə, xüsusilə 200 illik əlaqələrimiz olan ölkədə azərbaycanlıların etnik və irqi mənsubiyyətinə görə hüquqlarının pozulması ilə bağlı cəmiyyətdə tez-tez xəbərlər eşidilməkdədir. Məsələn, Rusiyada belə hallar daha çox müşahidə olunur. Ombudsman institutu həmin ölkələrdə də var və gələcək fəaliyyətində Elmira xanım həmin ölkələrin insan hüquqları üzrə müvəkkilləri ilə əməkdaşlığı gücləndirsə, oradakı Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarına diqqəti cəlb etsə, sözsüz ki, bu əməkdaşlıq təsirsiz qalmaz.
Mən burada bir məsələyə də xüsusi toxunmaq istərdim. Bu məruzədə insan hüquqlarını pozan bəzi məmurların, hətta nazirlərin, komitə sədrlərinin adı çəkilsəydi, daha yaxşı olardı, onları səfərbər edər, insan hüquqlarına bir qədər hörmət və diqqətlə yanaşmağa sövq edərdi.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, Elmira xanım bəzi suallara cavab verməlidir. Bəzi millət vəkilləri dedi ki, biz onun çıxışını qısaltdıq və o, çıxışında bəzi suallara fikir bildirmədi. Elmira xanım, buyurun, sonra səsə qoyarıq.
E. Süleymanova. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, mən demək istəyirəm ki, belə müzakirələr bizim üçün mahiyyət etibarı ilə çox vacibdir. Çünki millət vəkillərindən hər dəfə eşitdiyimiz qeydlər, tövsiyələr bizim gələcək işimizin təkmilləşməsinə imkan yaradacaq.
Bəzi ölkələrdə ombudsman institutunun yaradılmasından beş il keçir, amma ondan hesabat, illik məruzə istəmirlər. Biz isə artıq beşinci dəfədir məruzə edirik. Gələn il mən ombudsmanlıq dövrümdə sonuncu məruzəmizi məhz analitik tərzdə, müqayisəli şəkildə təqdim edəcəyəm. İcazənizlə, bəzi suallara cavab vermək istərdim. Birincisi vicdan azadlığına diqqətsizliklə bağlıdır. Bəzi universitetlərdə, məsələn, Sumqayıt Dövlət Universitetində belə bir problem ortaya çıxdı və biz həmin müraciətə həssas yanaşdıq, universitetə gedib gənclərlə, valideynlərlə, rektorla müzakirələr apardıq, məsələnin çözülməsinə çalışdıq.
Burada belə bir fikir səsləndi ki, əhali qorxu içindədir, ona görə də müraciət edə bilmir. Tam səmimi deyirəm ki, şikayətlərin, müraciətlərin artması bunun yanlış olduğunu sübut edir. Əksinə, indi aşkarlıqdır, asanlıqla müraciət edirlər. Əgər 12 il əvvəl icra başçıları qoşa cangüdənlə gəzirdilərsə, – bunu hamı görüb, – indi onlar əhalinin arasına çıxırlar, kənddə, qəsəbədə əhali ilə görüşürlər və camaatın səsini eşidirlər. Regionlarda şikayətlərin qəbulu məsələsi də xeyli asanlaşmışdır.
Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin sayı 40-a çatır. Mən elə bilirəm ki, məhkəmələrin işi təkmilləşdikcə, bu məsələyə də fikir verilməlidir. Belə olsa, həmin işlərin sayı qat-qat azalardı. Onların mahiyyətinə baxsanız, görərsiniz ki, bəziləri ölkə daxilində həll oluna bilən məsələlərdir. Belə bir təklif oldu ki, hakimlərin sayı artırılmalıdır. Bəli, hakimlərin sayı azdır, çatışmır, lakin dövlət tədbirlər görür. Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Şəki şəhərlərində apellyasiya məhkəmələrinin yaranması, yeni hakim korpusunun seçilməsi artıq müsbət nəticələrini verir.
Nəhayət, millət vəkilləri ilə birgə fəaliyyət göstərmək təklifi bizim üçün ən dəyərli təklifdir. Bircə xahişim var, heç kim yox deməsin, böyük həvəslə regional ofislərimizi cəlb etməklə birgə işləyək. Amma onu da bilin ki, bu gün regional ofisimiz 3 deyil, 5-dir. Keçən il cənab Prezidentin təqdimatı ilə təsdiq etdiyiniz 4 regional ofis artıq fəaliyyət göstərir. Gəncədə və Naxçıvanda ofislərimiz fəaliyyət göstərir. Bu baxımdan müəyyən dirçəliş var, amma razıyam ki, bunların işinə yenidən baxılmalıdır və onlar daha da fəallaşmalıdırlar.
Nəhayət, jurnalistlərin əfv olunması ilə bağlı artıq iki dəfə təşəbbüs irəli sürmüşük. Cənab Prezident bu təşəbbüsü qəbul edib. O ki qaldı amnistiyaya, bəli, Mehriban xanımın dəyərli təşəbbüsü ilə amnistiya aktı qəbul etdiniz. Bu məsələni mən vurğuladım. Çox sağ olun. Bircə onu demək istəyirəm ki, elə bir ölkə yoxdur ki, onun Prezidenti qısa müddətdə 8 amnistiya, 43 əfv fərmanı imzalasın və bu qədər insan cəzaçəkmə müəssisələrindən buraxılsın. Başqa bir fikir də səsləndi. Niyə bu qədər insan tutulur ki, sonra əfv olunur. Bizdə məhkumların sayı bir çox ölkələrlə müqayisədə qat-qat azdır. Məsələn, Amerikada 100 min əhaliyə düşən məhkumların sayı 700-dür, Avropa ölkələrində 500-600-dür. Azərbaycanda bu nisbət 200-dən aşağı enmişdir. Bir çox ölkələrdə bu sahədə işlər görülür və yeni cəzaçəkmə müəssisələri tikilir. İnanıram ki, yaxın vaxtda burada da bir dönüş olacaqdır. Nəhayət, burada jurnalistlərin cəzalandırılması ilə bağlı məsələ qaldırıldı. Biz beynəlxalq təcrübəni misal gətirdik, yenə də bu işi davam etdirəcəyik. Cənab Sədr, xahiş edirəm, 5 dəqiqə də əlavə vaxt verəsiniz.
Sədrlik edən. Sizin vaxt məhdudiyyətiniz yoxdur. Xahiş edirəm, davam edin.
E. Süleymanova. Çox sağ olun. Burada Melnikovadan söhbət getdi. Cənab Pənah Hüseyn belə bir məsələ qaldırdı. Pənah müəllim, istəyirəm, biləsiniz ki, həmin gün Melnikovanı özüm dəvət etmişəm və onunla 45 dəqiqədən çox müzakirə aparmışıq. Həmin gün təhsil nazirinə də müraciət olunmuş və lazımi tədbirlər görülmüşdür. Nə üçün? Çünki belə hallar məktəbdə həm təhsilin keyfiyyətinə, həm də uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Hazırda məsələyə baxılır.
Nəhayət, İlyas müəllim tərəfindən bir məsələ də qaldırıldı. Mən çox minnətdaram ki, İlyas müəllim gəldi, bizimlə görüşdü və hər birinizi bu cür dialoqa dəvət edirəm. Bunlar faydalıdır. Burada mən kollektiv hüquqdan danışmamışam. Burada kollektiv hüquqdan yox, hüquqların məcmusundan söhbət gedir. Yəni fərdlərin şikayətləri təhlil olunur və əhali arasında daha tipik hüquq pozuntuları sistemləşdirilir. Çünki 7500-7900 şikayətin hamısını təhlil etmək asan deyil. Kollektiv hüquq məsələsi sahəsində Siz mütəxəssissiniz, daha yaxşı bilirsiniz ki, bu, həqiqətən, xalqın öz müqəddəratını həll etmək hüququdur. Kollektiv hüququ biz belə başa düşürük.
Nəhayət, burada fikir səsləndi ki, Moskvada bizim soydaşlarımızı müdafiə etməyə ehtiyac yox idi. Siz görəydiniz ki, cəzaçəkmə müəssisələrində bu necə əks-səda tapdı. Rusiyanın ən nüfuzlu orqanlarının, səfirimizin və Rusiyanın ombudsmanının iştirakı ilə görüşlər keçirdik. Hətta orada məhkumlar deyirdilər ki, Elmira xanım, başqa ölkələrin ombudsmanı bizim dalımızca gəlmir. Axı, bunlar Azərbaycan vətəndaşıdır. Əlbəttə, Rusiya vətəndaşı olan azərbaycanlılar tamam başqa məsələdir. Bizim həm Lukinlə, həm də başqa 9 subyektlə əməkdaşlıq haqqında müqavilələrimiz var. Bu nə deməkdir? Bu o deməkdir ki, onlar həmin ölkədə bizim vətəndaşların hüquqlarını qoruyur, biz də burada həmin ölkələrin vətəndaşlarının hüquqlarını qoruyuruq. Mən elə bilirəm ki, bu, mütəxəssislər tərəfindən çox müsbət bir təcrübə kimi qəbul olunur.
Cəmil müəllimin çıxışında belə bir fikir səsləndi ki, keçən il 4 nəfərə polis orqanlarında işgəncə verilərək öldürülmüşdür. Mən bunu tam məsuliyyətlə deyirəm ki, bir dənə də olsun belə hal olmamışdır. Amma döyülmə halı olub. İnişil Mingəçevirdə, bir də Xızıda. Keçənilki məruzəmdə bu barədə cənab nazirə, Baş prokurora müraciət etdim ki, onu törədən şəxslər, o cümlədən həmin polis idarələrinin rəisləri də cavabdeh kimi məsuliyyətə cəlb olunsunlar. Daxili işlər orqanlarında döyülmə hallarına görə dörd nəfər cəzalandırılıb. Üç nəfər cinayət təqibinə məruz qalıb, bir nəfər isə sistemdən xaric edilmişdir. Belə proses var. Bizə şikayət olanda Baş prokurora, daxili işlər nazirinə, ədliyyə nazirinə müraciət edirik. Ən çox şikayət olunan polis idarələrinin, polis şöbələrinin rəisi işdən çıxarılmışdır. Əzizbəyov, Sabunçu, Nəsimi, Yasamal, Beyləqan, Bərdə və Şamaxı rayonlarında bir ildə 7 vəzifəli şəxs qanun pozuntusuna görə işdən çıxarılıb. 63 rəqəmi kimi maraqlandırırsa, bunu da araşdıra bilərik. Bəlkə kiməsə 63 müraciət olub, amma bunların üzərində araşdırma aparılmayıb, heç biri rəsmi şəkildə təsdiqlənməyib. Bunu da bilmək faydalı olardı.
Nəhayət, demək istərdim ki, QİÇS-ə, narkomaniyaya diqqət artırılmalıdır. Bu bəlanın müalicəsi yoxdur, amma bunun qarşısını almaq üçün üsullar var və artıq bizim respublikada da bunlar tətbiq olunur. Amma ən böyük üsul maarifləndirmədir. Bizim əməkdaşlarımız regionlara gedir, televiziyada çıxışlar edir, bu iş aparılır.
Cənab İqbal Ağazadə tərəfindən bir fikir də söylənildi, guya Aqil Xəlilin məsələsi ilə bağlı ombudsman heç bir ölçü götürməmişdir. Aqil Xəlili mən özüm dəvət etmişəm, onun işinin təfərrüatı ilə maraqlanmışam. Bununla bağlı həmin gün Baş prokurora müraciət olunub. Şəxsən Zakir müəllimin özü ilə danışmışam. İndi məsələ araşdırılır.
Nəhayət, bir söz də demək istərdim, insan fikrinə görə həbs oluna bilməz. Buna münasibət bildirildi və mən də bunun tərəfdarıyam. Amma burada səbəblər araşdırılmalıdır və hər kəsə fərdi yanaşma olmalıdır. Abel müəllimin dediyi fikrə də münasibətimi bildirim. Alimin sualı yalnız belə ola bilər ki, elmi-analitik hesabat olsun. Bizdə elmi-analitik şöbə fəaliyyət göstərir. Mən sizə söz verirəm ki, gələn il məhz belə bir analitik məruzəni sizin diqqətinizə çatdıracağam. Biz öz işimizdə hər bir məsləhətdən istifadə edirik, beynəlxalq institutların məsləhətlərindən istifadə edirik, onlar da bizdən nə isə götürür. Siz gördünüz ki, cənab Hammer Azərbaycanda olanda Qobustan cəzaçəkmə müəssisəsində, ruhi xəstələr üçün xəstəxanada oldu. O, müsbət dəyişiklikləri göstərməklə yanaşı, bizim təsisatın da işini dəyərləndirmişdir. Amma ciddi nöqsanları, qüsurları da göstərmişdir. Biz bundan nəticə çıxaracağıq və işimizi daha da təkmilləşdirəcəyik. Hamınıza minnətdaram, hər bir məsləhətə, hər bir çıxışa, hər bir xoş sözə, hətta hər bir tənqidi sözə görə çox sağ olun. Sizə uğurlar.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Çox gözəl təhlil etdiniz, suallara cavab verdiniz. Özüm üçün vacib bir məlumat aldım, bu da, yəqın, Sizin analitik mərkəzin işi ilə bağlıdır. Həqiqətən, insan hüquqlarının pozulması ilə bağlı bəzi ölkələrdə bizə irad tuturlar. Ancaq dediniz ki, Amerikada hər 100 min nəfərə 700 nəfər məhbus, Avropa ölkələrində hər 100 min nəfərə 500 məhbus, Azərbaycanda isə 100 min nəfərə 200 məhbus düşür. Bəzən iradlar olur ki, Azərbaycanda məhbusların sayı çoxdur, amma statistika məlumdur. Çox sağ olun.
Xahiş edirəm, ombudsmanın hesabatını nəzərə alaq və səs verək.
Səsvermənin nəticələri (saat 16.58 dəq.)
Lehinə 98
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Elmira xanlım, Sizə və Sizin kollektivə uğurlar arzulayırıq. Sağ olun.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının keçmiş Yuqoslaviyanın Kosovo regionundan geri çağırılması haqqındadır. Milli Məslis Sədrinin birinci müavini Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, qərar layihəsi sizə paylanıb. Bilirsiniz ki, 1999-cu il iyul ayının 2-də Milli Məclisin qərarı ilə Türkiyə Silahlı Qüvvələrinin taburu tərkibində Azərbaycan taqımı NATO-nun ümumi komandanlığı altında Kosovaya göndərilmişdi. Lakin indi keçmiş Yuqoslaviya ərazisində siyasi vəziyyət dəyişdiyinə görə təklif olunur ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturunun ümumi komandanlığı altında keçmiş Yuqoslaviyanın Kosovo regionunda yerləşdirilən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin taqımı geri çağırılsın.
Bununla əlaqədar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının komandanlığı altında Yuqoslaviyanın Kosovo regionunda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin bayaq qeyd etdiyim 2 iyul 1999-cu il qərarı qüvvədən düşmüş hesab edilsin. Hörmətli millət vəkilləri, hesab edirəm ki, sizin müzakirənizə verilmiş bu qərar layihəsi beynəlxalq hüquq prinsip və normalarına, Azərbaycan Respublikası Konstitusiyasının bütün tələblərinə və Azərbaycanın dövlət maraqlarına tamamilə uyğun gəldiyinə görə biz bu qərar layihəsini dəstəkləməliyik. Ona görə də xahiş edirəm, bu qərar layihəsinə səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən də hesab edirəm ki, bu məsələnin müzakirəyə ehtiyacı yoxdur, səsə qoymaq lazımdır. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.00 dəq.)
Lehinə 87
Əleyhinə 3
Bitərəf 2
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Xanlar rayonunun Pənahlar kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Tahir Rzayevə söz verilir.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizə bildirmək istəyirəm ki, Pənahlar kəndi Xanlar rayonunun ən qədim kəndlərindən biridir. Kəndin tarixi adı “Pənahlılar” olmuş və texniki səhv olaraq bəzi sənədlərdə Pənahlar kimi göstərilmişdir. Bunu nəzərə alaraq Xanlar rayonu Pənahlar kənd icra nümayəndəliyi, kənd bələdiyyəsi, Xanlar Rayon İcra Hakimiyyəti Pənahlar kəndinin adının dəyişdirilərək “Pənahlılar” adlandırılmasını məqsədəuyğun hesab etmiş, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sənədlər tərtib olunmuş və müvafiq orqanlara təqdim olunmuşdur. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, bu məsələyə müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyevin sualı var, buyurun.
A. Şahverdiyev. Təşəkkür edirəm, cənab Sədr. Mən, sadəcə, bilmək istərdim ki, kəndin adı dəyişdiriləndən sonra “Pənahlı” sözü “Pənahlılar” yazılacaq? Mən bunu bilmək istərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə, buyurun.
İ. Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bəlkə o qədər də ciddi olmayan məsələ kimi qəbul olunur və düşünürlər ki, niyə millət vəkili münasibət bildirir? Dəfələrlə burada kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı məsələlərə mən öz fikrimi bildirmişəm. Heç fərqində olmuruq ki, kəndin adını, sadəcə, bir texniki şeyə görə dəyişdirəndə nə qədər xərc tələb olunur? Dövlət büdcəsindən nə qədər vəsait, nə qədər pul ayrılır ki, qədim arxiv materiallarından tutmuş indiki sənədlərə qədər hamısı dəyişdirilsin? Nə mənası var: “Pənahlar” yaxud “Pənahlılar”? Fərqi nədədir?
Hörmətli Tahir müəllim deyir ki, kəndin çox qədim tarixi var və qədimdə kəndin adı Pənahlılar olub. Burada Azərbaycan dilçiliyi ilə məşğul olan kifayət qədər gözəl alimlərimiz var, mütəxəssislərimiz var. Əgər kənd çox qədimdirsə, onun adı heç vaxt “Pənahlılar” ola bilməz. Əgər şəkilçi ilə düzəltmə bir kənddirsə, deməli, o, yaxın dövrün kəndidir. Sadəcə, dövlətin bu qədər xərc çəkməsinə səbəb olan texniki bir düzəlişi etməyin nə mənası var? Niyə biz bunu edirik? “Pənahlar”la “Pənahlılar”ın arasında fərq nədədir? Heç olmasa, komissiya bunun fərqindədirmi ki, niyə biz bunu təqdim edirik və ümumiyyətlə, bu, dövlətə neçəyə başa gəlir? Mən çox istərdim ki, biz bu cür məsələləri gündəliyə çıxaranda Azərbaycanın dövlət mənafeyini, pulunu, onun büdcəsini nəzərə alaq, hesab edək ki, belə şeylər olmaz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yəqin ki, sualınıza cavab verəcəklər. Amma bu suala mən də öz münasibətimi bildirim. Onda belə çıxır ki, biz gərək adımızı üç dəfə dəyişməyəydik. Bizə bir vaxt “tatarlar” dedilər. Sonra ad dəyişdi, “türklər” dedilər, daha sonra “azərbaycanlılar” dedilər. Hamısı xərc tələb edirdi. Yəni bu düzgün yanaşma deyil. Azərbaycanda ömrü boyu xalqlara, kəndlərə, tayfalara bölünüblər. Bu, tayfa adıdır. Tayfa da əlli ilin, yüz ilin işi deyil. Yüz illərlə Azərbaycanda tayfalar olub. İndi adlarını dəyişmək istəyirlər, müraciət ediblər, biz də məsələyə baxırıq. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hər iki çıxışı düzgün hesab edirəm. Mən bir dilçi kimi fikrimi bildirmək istəyirəm. Bu sənəd möhtərəm Prezdetimizin imzası ilə gəlib, təqdim ediblər və mən də bunun qəbul edilməsinə etiraz etmirəm, onun qəbul edilməsinə tərəfdaram. Amma dilçi kimi bir söz demək istəyirəm. Bu “lı”, “li”, “lu”, “lü” şəxs düzəldən şəkilçidir. “Pənah” sözünə “lı” şəkilçisi qoşmaqla “pənahlı” ediblər. “Məktəb” sözündən “məktəbli”, “ev” sözündən “evli” düzəltdikləri kimi. İndi “Pənahlar”la “Pənahlılar” arasında fərq odur ki, “Pənah” sözündən şəxs düzəldirlər: pənahlılar, yəni adamlar. Burada elə bir xüsusi dəyişikliyə ciddi ehtiyac yoxdur.
Burada çıxış edən komissiya üzvü dedi ki, tarixən “Pənahlılar” olub. O, haranın tarixidir, hansı tarix kitabında yazılıb? Kəndin adamıdır, öz kəndinə “Pənah” da deyə bilər, “Pənahlı” da deyə bilər. Bu, xalq misalıdır ki, Allah, sənə pənah gətirmişəm. Pənaha gələn adam elə pənahlı olur da, yəni Pənah gətirir. Bu mənada Siz, Oqtay müəllim, tatar, türk adlarının dəyişdirilməsini elmi baxımdan doğru buyurursunuz. Amma “Pənah” sözünə “lı” şəkilçisi artırılır, indi bunu qəbul edək, ancaq, ümumiyyətlə, mən bir dilçi kimi demək istəyirəm ki, bu cür ad dəyişməsi respublikada yüzlərlə yox, minlərlədir. Hamısı deyəcək ki, mənim kəndimə bir “lı”, “li”, “cık”, “cük”, şəkilçisi artır, kəndin adını dəyişdir.
Burada İqbal müəllim çox düzgün dedi. Bilirsiniz, nə qədər lüzumsuz maliyyə sərf olunacaq. Əlbəttə, dövlətimiz ona pul ayıra bilər. Məktəbin, kəndin adı tamamilə dəyişdirilməlidir. Mən demək istəyirəm ki, əgər kənd camaatı, komissiya tərəfdar çıxıbsa, bunu qəbul edək. Amma bundan sonra bu cür cüzi və əhəmiyyətsiz dəyişiklikləri Milli Məclisin müzakirəsinə gətirməyək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr. Əslində, Siz bu sualların cavabını verdiniz. Həqiqətən də, kəndin adı “pənahlı” tayfasının adından götürülüb və kənd uzun illər bu ad altında fəaliyyət göstərib. Texniki səbəb üzündən vətəndaşların bəzi sənədlərində, hətta bələdiyyə sənədlərində “Pənahlar”, bəzilərində isə “Pənahlılar” yazılır. İndi bunun ikisindən birini seçmək lazımdır. Əhali də, rayon da hesab edir ki, “Pənahlılar” daha düzgündür. Odur ki, mən hesab edirəm, burada elə bir sual ola bilməz, çünki hər iki variant işləyə bilməz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami müəllim, başqa bir əlavəniz var? Buyurun.
N. Cəfərov. “Pənahlar” mümkün deyil. Niyə? Çünki bir adam adı ilə, onu cəmləndirməklə heç nə ola bilməz və kəndin adı o cür adlana bilməz. Belə deyək, formal şəkildə “Pənah” tayfa başçısının adıdır. Pənah bir nəfər olar, daha 2-3 nəfər ola bilməz ki. “Pənahlar” da mümkün deyil. Mütləq burada mənsubiyyət bildirən şəkilçi olmalıdır ki, “Pənahlı” olsun. Necə ki Salahlı, Həsənli və sair. Bunun ardınca “lar”, “lər” şəkilçisi gələ də bilər, gəlməyə də bilər. Bunun da toponimik sistemdə fərqi var. Gəlirsə, ayrı bir texnika ilə gedir, gəlmirsə, başqa texnika ilə gedir. Arif müəllimin dediyi kimi, onsuz da bu kəndin adı camaatın düşüncəsində “Pənahlılar”dır, yəni “Pənahlar” texniki səhvdir. Təbii ki, pul da sərf etmək lazımdır, dəyişmək də lazımdır, çünki səhvdir, kökündən səhvdir. “Pənahlar” ola bilməz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İqbal müəllim, mən hesab edirəm ki, Siz fikrinizi dediniz. Dediniz ki, dilçilər var, dilçilər də danışdı. Buyur, arayış ver.
İ. Ağazadə. Nizami müəllimə mütəxəssis kimi böyük hörmətim var. Amma Nizami müəllim, sizə xatırladım ki, nə “qacarlar”ın arxasına “qacarlılar”, nə “avşarlar”ın arxasına “avşarlılar”, nə də “padarlar”ın arxasına “padarlılar” artırmırlar. Onlar da tayfadırlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İqbal müəllim, mən ona görə dedim ki, söz güləşdirməyək. Hərə öz sözünü dedi. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.10 dəq.)
Lehinə 83
Əleyhinə 8
Bitərəf 1
Səs verməd 2
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Mən təklif edirəm, növbəti beşinci məsələyə baxaq. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunan Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda qəbul edildikdən sonra komissiyamız Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi və Nəqliyyat Nazirliyinin mütəxəssisləri ilə birgə onun üzərində diqqətlə işləmiş, müzakirəsini keçirmiş və sənədi ikinci oxunuşa hazırlamışdır. Milli Məclisdə deputatlar tərəfindən verilən təkliflər nəzərə alınmaqla layihədə onu daha da təkmilləşdirmək məqsədi ilə bir sıra dəyişikliklər edilmişdir.
Respublikamızın Prezidenti tərəfindən xüsusi diqqət və qayğı göstərilən nəqliyyat kompleksi həm ölkənin iqtisadiyyatı, həm də cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirik ki, qanun layihəsinə edilən düzəlişlərlə bağlı təfsilatı ilə məlumatların verilməsi və bunun əsasında müzakirələrin aparılması məqsədəuyğundur.
İrəli sürülmüş təkliflərdən biri sərnişin daşınan avtomobil nəqliyyatına oturacaqların sayından çox sərnişin mindirilməsinin qanunla qadağan edilməsi, sürücülərin etik qaydalara və yol hərəkəti qaydalarına riayət etmələrinin təmin olunması ilə bağlı idi. Bildiyiniz kimi, son zamanlar sərnişindaşımada bu cür neqativ halların qarşısının alınması istiqamətində respublikanın Nəqliyyat və Daxili İşlər nazirlikləri məqsədyönlü tədbirlər həyata keçirirlər. Müzakirə etdiyiniz qanun layihəsi və sərnişindaşımalarına dair onun mətnində istinad olunmuş hüquqi sənədlər qüvvəyə mindikdən sonra bu sahədə olduqca böyük dəyişikliklərin ediləcəyi gözlənilir. Belə ki, bu normativ hüquqi sənədlərin tətbiqi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının tələb olunan qaydada rəsmiləşməsinə imkan yaradacaqdır. Bununla sərnişin daşıyan sürücülərin məsuliyyətinin gücləndirilməsi, pərakəndə halda həyata keçirilən nəqliyyat xidmətinin qarşısının alınması, avtomobil nəqliyyatı vasitələrinin texniki cəhətdən sazlığının mütəmadi olaraq yoxlanılması şəraiti təmin ediləcəkdir. Beləliklə, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin müasir səviyyədə təşkil edilməsi, intizamın bərqərar olması və son zamanlar ən çox narahatçılıq doğuran problemin − tıxacların aradan qaldırılması, nəqliyyat axınlarının tənzimlənməsi əlverişli, normal şəklə düşəcəkdir. Sürücülərin əmək münasibətlərinin rəsmiləşdirilməsinin, habelə minik taksi avtomobillərində sayğacların quraşdırılmasının zəruriliyi ilə bağlı müddəaların qanun layihəsində nəzərdə tutulmasına gəldikdə isə, bildirməliyik ki, bu cür müddəalar müvafiq 17.1.3, habelə 3.0, 24.1 maddələrində artıq təsbit edilmişdir.
Qanun layihəsinə avtomobil nəqliyyatının istehsalat-texniki bazası, təminatlı texniki xidmət stansiyaları və sahələri ilə bağlı maddələrin daxil edilməsinə gəldikdə, qeyd olunmalıdır ki, bu qanunda avtomobil infrastrukturuna kifayət qədər geniş yer ayrılıbdır. Həmin infrastruktura aid obyektlərə dair isə ayrıca texniki normativlər təsdiq olunmalıdır. Bunlardan bəziləri artıq mövcuddur. Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat həmkarlarım tərəfindən Bakı şəhərində tramvay nəqliyyatının bərpa olunmasının vacibliyi məsələsi də qaldırıldı. Bu layihədə ona dair müvafiq maddələrin yoxluğu onunla izah olunur ki, ümumilikdə, tramvay dəmir yol nəqliyyatına aiddir. Hesab edirik ki, gələcəkdə şəhər daxili sərnişin daşımalarında gələcəkdə ekoloji cəhətdən təhlükəsizliklə bağlı belə nəqliyyat növlərinə üstünlük verilməsi prioritet məsələlərdən biri kimi qiymətləndirilə bilər.
Hörmətli millət vəkilləri! Milli Məclis üzvlərinin müzakirəsinə ikinci oxunuşda təqdim olunan qanun layihəsində birinci oxunuşla müqayisədə 4 maddə azaldılmışdır.
Qanun layihəsinə edilmiş redaktə xarakterli düzəlişlər, əsasən, aşağıdakılardan ibarətdir: 2-ci maddənin 2.5-ci bəndlərində “daxili ehtiyacların təmin olunması məqsədi” sözləri çıxarılmışdır. Həmin maddənin ikinci bəndinin 1, 2, 6 hissələrində, 18, 20, 21, 22, 23, 24, 25, 26, 27, 29, 30-cu maddələrdə redaktə xarakterli və cümlə quruluşu baxımından düzəlişlər edilmişdir. 3.0.12-ci maddəyə “müqaviləsi” sözündən sonra “hüquqi əhəmiyyət kəsb edən və ya digər qanuni əsaslarla” sözləri əlavə edilmişdir.
5.0.3-cü maddə “avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları tərəfindən daşıyıcının azad seçilməsi” redaksiyasında verilmişdir. 9.1, 9.3 və 9.5-ci maddələrdə redaktə xarakterli düzəlişlər edilmiş, 9.4.4-cü maddə isə qısaldılaraq yeni məzmunda verilmişdir. 16.1, 16.4-cü maddələrin mətni qısaldılaraq yeni redaksiyada verilmiş, 16.3-cü maddə çıxarılmış və ondakı fikir 16.7 və 16.8-ci maddələrdə öz əksini tapmışdır. 31-ci maddənin ikinci bəndinin mətni yeni redaksiyada verilmişdir. 32-ci maddənin beşinci və altıncı bəndlərində ixtisarlar edilmişdir. Qanun layihəsinin 35.1, 36.5, 37.7, 41.4, 50.10, 51.2 və 62.1-ci maddələrinin mətnləri yeni, daha təkmil redaksiyada verilmişdir.
Birinci oxunuşda layihənin 3-cü maddəsində təsbit edilmiş bəzi anlayışlara ehtiyacın olmadığı fikri də səslənmişdi. Biz, həqiqətən, bu terminləri araşdırdıq. Qeyd etmək olar ki, bu terminlərin bir hissəsi ölkənin bəzi qanunvericilik aktlarında artıq təsbit olunmuşdur. Lakin bu anlayışlar hüquqi baxımdan mühüm əhəmiyyət kəsb etdiyinə görə onların qanun layihəsində saxlanılması məqsədəuyğun hesab edilmişdir.
Dayanacaqlarla bağlı məsələlərə gəldikdə isə, layihədə bu problemlərə çox diqqət verilməməsinin əsas səbəbi ondan ibarətdir ki, avtomobil nəqliyyatının, xüsusilə ümumi istifadədə olan daşımalarla bağlı ayrı-ayrı infrastruktur obyektlərinin fəaliyyətinin spesifik xüsusiyyətləri və onlardan istifadə qaydaları ayrıca qəbul olunacaq xüsusi təlimatlarda öz əksini tapacaqdır.
Qanun layihəsinin adı ilə bağlı söylənilən fikirlərlə əlaqədar onu deyə bilərəm ki, komissiyanın iclasında keçirilmiş müzakirə zamanı məhz bu cür ümumiləşdirilmiş adın saxlanması məqsədəuyğun hesab edildi. Belə ki, bu qanun avtomobil nəqliyyatında yük və sərnişin daşımaları ilə bağlı yaranan münasibətləri nizama salmaqla yanaşı, həm də avtomobil nəqliyyatı infrastrukturunun dövlət tənzimlənməsi, idarəetmənin başlıca prinsipləri və əsaslarını müəyyən edir.
Bir məqamı da hörmətli deputatların nəzərinə çatdırmaq istərdim. İkinci oxunuş üçün hazırlanmış layihənin variantı sizə təqdim olunduqdan sonra komissiya üzvlərinin fikirləri nəzərə alınmış, işçi qrupu tərəfindən mətnə daha bir neçə düzəlişin edilməsi məqsədəuyğun sayılmışdır. Bunlar, demək olar ki, qanunvericilik texnikasının tələbləri, məzmunca yaxın olan maddələrin birləşdirilməsi, dolayısı ilə təkrarlanan müddəaların ixtisara salınması ilə bağlı idi. Məsələn, 2-ci maddənin adı dəyişilərək yeni redaksiyada, 2.1-ci maddənin daha təkmil variantda verilməsi məqsədəuyğun sayılmışdır. Komissiyada “Avtomobil nəqliyyatında mülkiyyət növləri” adlanan 7-ci maddənin çıxarılması təklif olundu, məlumdur ki, onlar azaddır, heç birinə imtiyaz yoxdur.
14 və 15-ci maddələrin birləşdirilməsi təklifini hörmətli həmkarımız Vahid Əhmədov qaldırmışdı. Onların, həmçinin 46 və 47-ci maddələrin birləşdirilməsi düzgün sayıldı. 20-ci maddənin adı “Ümumi istifadədə olan avtomobil nəqliyyatına dövlət himayəsi” idi. Layihədə “Dövlət tənzimlənməsi” adlı ayrıca bir maddə də var idi. Onu və “Vətəndaşların və ictimai təşkilatların avtomobil nəqliyyatının fəaliyyətinin təkmilləşməsində iştirakı” adlı 32-ci maddəni çıxarmağı lazım bildik. Bu düzəlişlərin edilməsi nəticəsində, şübhəsiz ki, layihə daha təkmil və səmərəli olacaqdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi, həqiqətən, bu gün dinamik inkişaf edən nəqliyyat sektoru üçün çox vacibdir. Burada qaldırılan məsələlər bütövlükdə Azərbaycanda avtomobil nəqliyyatının tənzimlənməsində mühüm rol oynayacaqdır. Ona görə də millət vəkillərini qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsinə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Bu qanun layihəsi ikinci oxunuşda olduğu üçün biz onu əsas kimi qəbul eləməliyik. Xahiş edirəm, onun ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: qəbul edildi
Çox sağ olun. İndi müzakirələrə başlayırıq. Beş dəqiqəyə etiraz yoxdur ki? Yoxdur. Jalə Əliyeva, buyurun.
J. Əliyeva. Təşəkkür eləyirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayan əsas iqtisadi institutlardan biri də, təbii ki, nəqliyyatdır. Nəqliyyatı inkişaf etdirmədən ölkə iqtisadiyyatının hər hansı bir sahəsində irəliləyişə nail olmaq qeyri-mümkündür.
Nəqliyyat təkcə iqtisadi yox, həm də sosial təyinatlı bir sahədir. Sərnişinlərin daşınması, onlara digər nəqliyyat xidmətlərinin göstərilməsi dövlətin öz vətəndaşlarına göstərdiyi sosial qayğının bariz nümunəsidir. Bu baxımdan müzakirəyə təqdim edilən Avtomobil nəqliyyatı haqqında qanun layihəsi xüsusi əhəmiyyəti və aktuallığı ilə seçilir.
Məlum olduğu kimi, 1999-cu ilin 11 iyun tarixində “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilibdir. Nəqliyyat sahəsində ümumi normaları və prinsipləri müəyyən edən bu normativ hüquqi akt nəqliyyatın ayrı-ayrı növlərini konkret olaraq tənzimləməsə də, bunun üçün hüquqi əsas yaradırdı.
Hər bir nəqliyyat növü öz texniki xüsusiyyətləri ilə digərindən fərqlənir. Məhz bu fərqli xüsusiyyətlər nəzərə alınmaqla, ayrı-ayrı nəqliyyat növləri haqqında sahə qanunlarının qəbul edilməsi də, əlbəttə, vacibdir. Qanun layihəsi qanunvericilik texnikasının tələblərinə uyğun işlənib hazırlanmış və öz predmetinə aid olan bütün məsələləri tam əhatə edə bilmişdir.
Layihə daha çox sosial yönümlülüyü ilə diqqət çəkir. Belə ki, onun başlıca məqsədi insan amili ilə bağlıdır. Bu fikir 5.0.2-ci maddədə də öz əksini tapmışdır. Həmin maddəyə uyğun olaraq, avtomobil nəqliyyatı sahəsində fəaliyyətin əsas prinsiplərindən birini fəaliyyətin tənzimlənməsinin sosial yönümlülüyü təşkil edir. Qanun layihəsinin 6-cı maddəsi bazar iqtisadiyyatının əsas prinsiplərindən biri olan azad rəqabətin inkişafına, 7-ci maddə avtomobil nəqliyyatında dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət növlərinin təsbit olunmasına həsr edilmişdir. Bunlar, şübhəsiz, çox əhəmiyyətli amillərdir.
Qanun layihəsinin maraqlı xüsusiyyətlərindən biri qanunda avtomobil nəqliyyatı infrastrukturu obyektlərinə, o cümlədən avtovağzallara dair ümumi tələblərin müəyyən edilməsi, avtonəqliyyat vasitələrinin qeydiyyatı, avtomobil nəqliyyatında əmək münasibətləri ilə bağlı məsələlərin yer almasıdır.
Avtomobil nəqliyyatında intizamın və qayda-qanunun təmin edilməsində dövlət tənzimlənməsi və idarəetməsi xüsusi əhəmiyyət daşıyır. Bu sənədin ikinci fəsli, məhz bu əhəmiyyət nəzərə alınmaqla, yuxarıda adı çəkilən məsələlərə həsr edilmişdir.
Bu gün müzakirə edəcəyimiz layihənin aktuallığı barədə daha çox fikirlər söyləmək olar. Düşünürəm ki, qanun layihəsi bu sahənin tənzimlənməsi dairəsinə aid olan bütün məsələləri ətraflı şəkildə əhatə edə bilmişdir. Layihəni hazırlayanlar irad üçün heç bir boşluq qoymayıblar və sözün həqiqi mənasında, bizim müzakirəmizə çox mükəmməl sənəd hazırlayıb təqdim ediblər.
Mən hörmətli həmkarlarıma təklif edərdim ki, qanun layihəsini bu gün həm ikinci, həm də üçüncü oxunuşda qəbul edək. Həmkarlarımı bu təklifimə qoşulmağa dəvət edirəm. Diqqətinizə görə təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu qanunun aktuallığını qeyd edir və burada olan bəzi nöqsanları diqqətinizə çatdırmaq istəyirəm. İkinci oxunuş olduğuna görə konkret olaraq maddələrə dair qısaca münasibət bildirmək istəyirəm.
17.1.3-cü maddədə hüquqi şəxsdən və ya fərdi sahibkardan avtonəqliyyat vasitələrinin sürücüləri ilə bağladıqları əmək müqaviləsi tələb edilir. Siz təsəvvür eləyin ki, biz bununla sahibkarlara nə qədər ciddi problem yaradırıq. Əslində, o, lisenziya alandan sonra istənilən sürücü ilə belə bir müqavilə bağlaya bilər. Lisenziya almamış, hansı sürücü ilə bu müqaviləni bağlasın? Axı bu sürücülər istənilən vaxtda dəyişə, istənilən vaxtda hansısa xüsusiyyətinə görə sahibkarın tələbinə uyğun gəlməyə bilər. Lisenziya almadan belə bir tələbin qoyulması sahibkarın işini çətinləşdirə bilər.
Burada digər prinsipial məsələ texniki yoxlanışın müəyyən olunması ilə bağlıdır. Təbii ki, rüblük texniki yoxlanışdan keçmək nəzərdə tutulur, amma bu məsələnin özündə də ciddi problem var. Ümumiyyətlə, Azərbaycanda bu məsələyə yenidən baxılmalıdır. Birillik, yaxud rüblük texniki yoxlamanın heç bir əhəmiyyəti yoxdur. Bunu başqa ölkələrdə sığorta sistemi vasitəsi ilə tənzimləyirlər. Avtomobili nasazlığına görə sığorta edən orqan onun məsuliyyətini öz üzərinə götürərək bu müqaviləni bağlayır. Texniki yoxlanış, siz təsəvvür eləyin, dördaylıq bir yoxlanışdır. Üç gündən sonra maşın yenidən istismara yararlı vəziyyətdə olmaya bilər. Onu dörd aydan sonra necə müəyyən eləyəsən ki, bu, üç ay öncədən istismara yararlı deyil. Məncə, bu cür tələbin qoyulması sığorta sistemi vasitəsi ilə həyata keçirilməlidir. Burada, diqqət yetirsəniz, təqribən altı maddədə texniki baxışla bağlı məsələ diqqət mərkəzinə gətirilir. Sonda isə bildirilir ki, avtonəqliyyat vasitəsinin texniki istismar təhlükəsi, ekoloji tələblərə uyğunluğu müvafiq icra orqanları tərəfindən müəyyən edilir. Bütün mərhələlərdə bu texniki baxış məsələsinin önə çəkilməsi sahibkarın işini xeyli çətinləşdirir.
18.8-ci maddədə də problem var. Hesab eləyirəm ki, burada avtomobil daşımalarının və ya avtonəqliyyat vasitələrinin müəyyən növləri üçün xüsusi razılığın (lisenziyanın), yaxud lisenziya kartlarının sayına məhdudiyyətlər tətbiq edilə bilər. Bu, işin gedişində mümkündür, amma burada mütləq məlumat vermə müddəti dəqiqləşməlidir. Sahibkarlar bilməlidirlər ki, ən azı bir ay öncədən bu barədə məlumat verilir. Yoxsa, öz işini qurmuş hər hansı bir sahibkara birdən-birə məlumat verilir ki, sənin fəaliyyətin məhdudlaşdırılır, bu sahədə sənə lisenziya verilməyəcəkdir. Burada digər prinsipial məsələ sənədlərin adı ilə bağlıdır. Burada tez-tez gediş sənədi (bilet) yazılır. Məncə, biletin xatırlanmasına ehtiyac yoxdur. Bütövlükdə gediş sənədləri içərisində daimi və birdəfəlik biletlər də nəzərdə tutulur. Ona görə də birbaşa “gediş sənədləri” yazılması daha məqsədəuyğun sayılır.
Nəhayət, ən ciddi məsələlərdən biri 30.2-ci maddədə əksini tapıbdır. Göstərilir ki, “Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlər “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada icbari sığorta olunmalıdırlar”. Bu tələbin yerinə yetirilməsi nə dərəcədə mümkündür? Məgər hər bir vətəndaş potensial sərnişindir? Taksidən, digər şəhər nəqliyyatından istifadə edən adam hansı formada sığortalanmalıdır? Bu, ola bilsin ki, təyyarə, gəmi kimi nəqliyyat vasitələrindən istifadə eləyən sərnişinlər üçün keçərli ola bilər. Gündəlik bir-iki dayanacaq o tərəfə gedən adam üçün bunun müəyyən olunmasına nə ehtiyac var? Onsuz da nəqliyyat vasitəsinin sahibkarları özləri maddi məsuliyyəti öz üzərinə götürməklə bağlı sığorta müqaviləsi bağlayırlar. Hesab eləyirəm ki, sərnişinlərin qarşısında belə bir maddənin qoyulması məqsədəuyğun deyil. Bu, ciddi problemlər yarada bilər, çünki sahibkarlar baş verən hər hansı bir hadisəyə görə həmin nəqliyyat vasitəsində sərnişinə lazım olan məbləğdə vəsait ödəmək üçün öhdəlik götürmüş olurlar. Ümumiyyətlə, bu qanunun zəruri olduğunu düşünür, onun qəbul olunmasını məqsədəuyğun sayıram. Mən buna səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. İlyas İsmayılov, buyurun.
İ. İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Qanunun preambulasında deyilir ki, bu qanun Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanları, daşıyıcılar və onların xidmətlərinin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. Qanunun sonrakı maddələrində də ancaq sərnişin və yük daşımalardan söhbət gedir. Ona görə hesab eləyirəm ki, qanunun adı dəyişməlidir. Bunun adı öz məzmununa uyğun olaraq, “Avtomobil nəqliyyatında sərnişin və yükdaşıma haqqında” olmalıdır.
Birinci maddə “Avtomobil nəqliyyatı haqqında qanunvericilik” adlanır. Bu maddənin adı da dəyişilməlidir. Burada qanunvericilik aktları sadalanır. Həmişə bu arzumu deyirəm, ancaq onu nəzərə almırlar. Mənə elə gəlir ki, qanunvericilik aktları öz hüquqi qüvvəsinə görə sadalanmalıdır. Yəni Konstitusiyadan sonra Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalar və başqa aktlar sadalanmalıdır. Nəhayət, 3-cü maddənin bir neçə bəndində avtomobil nəqliyyatı vasitələrindən söhbət gedir. Ancaq 3.0.6-cı maddədə “avtobus” yazılıbdır. Mən elə hesab eləyirəm ki, hər yerdə eyni termin işlədilməlidir. “Avtobus” sözü “avtomobil nəqliyyatı vasitələri” ilə əvəz olunmalıdır. Mülki Məcəllənin 842.2-ci maddəsinə görə sərnişindaşıma müqaviləsi həm də daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış hesab olunur. Belə hallar, adətən, əvvəlcədən bilet satılmayan avtomobil nəqliyyatı vasitələrində olur. Biletin ödənilməsi artıq bağlanmış müqavilədən doğan öhdəliyin yerinə yetirilməsi hesab olunur. Mən hesab eləyirəm ki, bu qanun Mülki Məcəllə ilə uyğunlaşdırılmalıdır. 34.2-ci maddəyə “Müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması sərnişinə verilmiş bilet və “baqaj qəbzi” sözlərindən sonra “sərnişin daşıyıcısının razılığı ilə avtomobil nəqliyyatı vasitəsində yer tutması” sözləri əlavə edilməlidir. 37.0.1-ci maddədə də “marşrut üzrə gediş bileti əldə etmək, avtonəqliyyat vasitəsinin salonunda biletdə göstərilmiş yeri tutmaq” sözlərindən sonra “daşıyıcının razılığı ilə istənilən boş yeri tutmaq” ifadəsi əlavə olunmalıdır. Bu da Mülki Məcəllənin tələbidir. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Ülvi Quliyev, buyurun.
Ü. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsi ilə bağlı bir neçə təklifimi vermək istəyərdim. 62-ci maddədə yükün, baqajın itirilməsi, əskik çıxması və ya zədələnməsinə görə məsuliyyət var, amma gecikdirilməsinə görə yoxdur. Halbuki bu məsələ bizim qüvvədə olan mülki qanunvericiliyin müddəalarında vardır. Yükün gecikdirilməsinin özü də daşıma müqaviləsi şərtlərinin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir və buna görə məsuliyyət müəyyən olunmalıdır. Mən təklif eləyərdim ki, bu maddədə gecikdirilməyə görə də müəyyən məsuliyyət müəyyən olunsun.
66-cı maddədə avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma ilə əlaqədar pretenziya və iddialar göstərilib. Layihədə qeyd olunur ki, avtomobil nəqliyyatı ilə yük daşınması müqavilələrindən irəli gələn tələblər üzrə iddia müddəti 1 il, sərnişin daşınması müqavilələrindən irəli gələn tələblər üzrə isə iddia müddəti 6 aydır. Burada iddia müddətlərinin nə vaxt başlandığı göstərilməyib. Təklif eləyərdim ki, maddədə iddia müddətlərinin nə vaxtdan başlandığı da göstərilsin.
Qanun layihəsində daşınma müqavilələrindən, icarə müqaviləsindən, iddia müddətindən kifayət qədər geniş şəkildə bəhs olunur. Düzdür, bayaq hörmətli həmkarım Ziyad müəllim bu məsələyə toxundu, çünki bir çox deputatlar bu məsələni ilk oxunuşda artıq qaldırmışdılar. Ümumiyyətlə, burada çoxlu maddələr var ki, bunlar başqa hüquqi sahənin, mülki qanunvericiliyin predmetidir və bunların müzakirə etdiyimiz layihədə öz əksini tapması nə dərəcədə düzgün sayıla bilər? “Normativ hüquqi aktlar haqqında” Qanunda da göstərilib ki, sonradan qəbul olunan normalar əvvəlkilərdən daha üstün hüquqi qüvvəyə malikdir. Mülki Məcəllədə bu qanunda göstərilən müddəalar daha geniş şəkildə verilmişdir. Bizim həmin müddəaları burada daha dar çərçivədə qəbul eləməyimiz gələcəkdə böyük problemlər yarada bilər. Ona görə də təklif eləyərdim ki, mülki qanunvericiliklə bağlı müddəalar mülki hüququn predmeti olduğu üçün bu qanun layihəsindən çıxarılsın. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür eləyirəm, hörmətli Ziyafət müəllim. Müvafiq komissiya tərəfindən bizə təqdim olunan qanun layihəsinə mən də baxdım. Bu, həddindən artıq böyükdür, 68 maddəni əhatə edir. Qeyd eləyim ki, belə qanuna zərurət var, amma bu böyüklükdə olmasına yox.
Maddələrə baxdıqda hiss olunur ki, onlar bir-birini təkrarlayır. Mən hesab eləyirəm ki, bu, İqtisadi siyasət və hüquq komissiyalarının birgə müzakirəsindən keçməli idi. Mənim həmkarım Ülvi müəllim də doğru dedi ki, burada Mülki hüquqdan, İnzibati Xətalar Məcəlləsindən və digər normativ hüquqi aktlardan geniş şəkildə, həm də təhrif olunmuş qaydada istifadə olunubdur. Məsələn, Mülki Məcəllədə göstərilən maddə olduğu kimi deyil, görünür, yazana hansı formada sərf eləyibsə, o şəkildə bura yazılıbdır. Oxuduqca, görürsən ki, istənilən maddədə bir-birinə istinad edən təkrarlar mövcuddur.
Mən hesab eləyirəm ki, biz bunu ciddi şəkildə müzakirə etməliyik. İndi də günün axırına düşüb, biz bunu ətraflı şəkildə müzakirə edə bilmirik. Məsələn, adi elementar bir şeyi demək istəyirəm. “Əmtəə nəqliyyat qaiməsi” adlanan 47-ci maddədə şərtlər qoyulub, elə normalar var ki, az qala o yükü daşıyana deyilsin ki, sənin kəbin kağızın da burada olmalıdır. Biz bunu sadələşdirməliyik, burada hər hansı qəbahəti, məhdudiyyəti qoymamalıyıq ki, onların nəticəsində nəyi isə nəzərdə tutaq. Bunu sadə formada yazmalıyıq ki, vətəndaşlar, təbii ki, yükü daşıyan da başa düşsün. Axı, sürücü ali təhsilli bir şəxs deyil. Hətta Amerikadan Kanadaya, yaxud Kanadadan Amerikaya yükdaşımaları götürsək, o proseslərdə iştirak eləyən insanlar sadə bir sənədi doldururlar. Çoxu ingilis dilini bilmir, ancaq yol kağızları elə sadələşdirilmiş formada olur ki, onlar bunu asanlıqla həyata keçirirlər. Belə olan halda Azərbaycanın bir nöqtəsindən başqa bir nöqtəsinə yükün daşınmasında və yaxud başqa proseslərdə hansısa qəbahətləri qoymaq heç də düzgün deyil.
Ümumilikdə, yenə deyirəm ki, burada Mülki Məcəllənin, Cinayət Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin və digər qanunvericilik aktlarının müəyyən müddəaları verilib, qadağalar qoyulub. Son dövrlərdə belədir ki, qadağalara meyllər daha da artıb. Bunun arxasında hansısa görünməyən səbəblər durur.
Mən hesab edirəm ki, qanun layihəsi sadələşdirilməli, normalara uyğunlaşdırılmalı, hüquqi ekspertizadan keçməli, sonra Milli Məclisə təqdim olunmalıdır. Həmkarım Əli müəllim də buradadır, baxa bilər. Cinayət Məcəlləsinin, Mülki Məcəllənin xeyli sayda müddəaları burada təhrif olunub. İlyas müəllim də bunu qeyd elədi. Ona görə buna bir daha baxılmalıdır.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Mirkazım Kazımov, buyurun.
M. Kazımov. Təşəkkür edirəm, Ziyafət müəllim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin infrastruktur kompleksinin, o cümlədən nəqliyyat sektorunun inkişafına xüsusi önəm verir. Bakı şəhərinin və ya regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayan avtomobil nəqliyyatı sisteminin yenidən qurulması Azərbaycan hökumətinin qarşısında duran əsas məsələlərdəndir. Buna, ilk növbədə sovet dövründən qalmış və bu gün kifayət qədər yeniləşdirilməmiş hüquqi bazanın təkmilləşdirilməsinə, onun bazar iqtisadiyyatının tələblərinə cavab verən şəkildə yenidən işlənməsinə başlanmalıdır. Bu mənada möhtərəm Prezidentimiz tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim olunan və artıq birinci oxunuşda qəbul etdiyimiz Avtomobil nəqliyyatı haqqında qanun layihəsi də bu sahədə atılan vacib addımdır.
Mən qeyd etmək istəyirəm ki, qanun layihəsi yüksək səviyyədə hazırlanmış, birinci oxunuşdan sonra işçi qrupu tərəfindən ona lazımi dəyişikliklər edilmişdir. Milli qanunvericiliyimizin tələbləri ilə yanaşı, burada sahə ilə bağlı Avropanın avtonəqliyyat hüququnun əsas prinsipləri də nəzərə alınmışdır. Birinci oxunuşda bu qanunun vacibliyi hörmətli həmkarlarım tərəfindən ətraflı şəkildə əsaslandırıldı. Mən də o fikirlərin tərəfdarıyam və hesab edirəm ki, qanun layihəsinin bugünkü müzakirəsi zamanı elə bir mübahisəli təklif olmasa, onu ikinci oxunuşdan sonra növbəti iclasa saxlamadan üçüncü oxunuşda səsə qoyub qəbul etmək olar.
Hörmətli millət vəkilləri! Qanun layihəsi ikinci oxunuşda müzakirə olunduğundan, bu tələb çərçivəsində bir neçə fikir söyləmək istərdim. Birinci, bizim qanunvericilik praktikamıza uyğun olaraq birinci, ikinci və üçüncü maddələrin yerləri dəyişdirilsin. Əvvəlcə “Əsas anlayışlar”, sonra “Avtomobil nəqliyyatı haqqında qanunvericilik”, daha sonra “Qanunun məqsədləri” maddəsi verilsin.
6-cı maddənin məzmunu avtomobil nəqliyyatı sahəsində fəaliyyətin prinsiplərinə aid olduğundan 5-ci maddə ilə birləşdirilsin. Qanun layihəsinin 30-cu maddəsində nəzərdə tutulan “avtomobil nəqliyyatı ilə daşımaların sığortalanması” müddəası daha çox sığorta qanunvericiliyinin predmetidir. Ona görə də bu maddədə “məsələ sığorta qanunvericiliyi ilə tənzimlənir” ifadəsini qeyd etməklə kifayətlənmək olar. Bütün qeyd olunanlarla yanaşı, bir daha qanun layihəsinin səsə qoyulmasını və qəbul olunmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev, buyurun.
A. Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Mən birinci oxunuşda da fikirlərimi söyləmişdim. Bu, bütövlükdə mütərəqqi bir qanundur, kifayət qədər böyük həcmə malikdir və avtomobil nəqliyyatının bütün sahələrini əhatə eləyir. Qanunun dili, deyərdim ki, axıcı və başa düşüləndir.
Məndən öncə çıxış eləyən həmkarlarım, əsasən, bu qanunun hüquqi tərəfdən qiymətini verdilər. Qanunda diqqətəlayiq məsələlərdən biri odur ki, bu, Azərbaycanda avtomobil nəqliyyatının texniki cəhətdən vəziyyətini tənzimləyən bir sənəd olacaqdır.
Bilirsiniz ki, Azərbaycan Respublikasında avtomobil nəqliyyatının istər sərnişin daşınmasında, istərsə də yük daşınmalarında xüsusi çəkisi var. Mən də bu qanunun lehinə səs verəcəyəm. 2.1.2-ci maddədə yazılır ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində fəaliyyətin, daşımaların təhlükəsizliyinin vahid norma və qaydalar əsasında təmin olunması bu qanunun məqsədidir. Yəni bu, bütün avtomobil nəqliyyatı vasitələrinə aiddir. 2.2-ci maddədə “Bu qanunun müddəaları aşağıdakılara şamil olunmur”dan sonra “kommunal və təcili tibbi yardım xidmətlərə…” yazılıb və ardınca mətn üzrə bu şəkildə gedir. Mən onları oxuyub təkrarlamaq, vaxtınızı almaq istəmirəm. Məncə, təhlükəsizlik məqsədi ilə nəzərdə tutulan müddəalar da həmin kateqoriyaya aid edilməlidir.
Burada ayrıca bir maddə var: “Avtomobil daşımalarının təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin olunması”. Nəqliyyat Nazirliyi tərəfindən son illərdə avtomobil nəqliyyatının, ümumiyyətlə, nəqliyyat sisteminin strukturunun dəyişdirilməsi, yeni infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Bununla bərabər, ictimai nəqliyyatdan istifadə eləyən bir millət vəkili kimi deyim ki, yollara bəzi hallarda nasaz avtobuslar buraxılır. Əhali gur olan dayanacaqlarda həmin avtobuslar xətalar yaradır. Ümidvaram ki, bu qanunun qəbul olunması ilə həmin çatışmazlıqlar qanunla tənzimlənəcək və aradan qaldırılacaqdır. Həmkarlarımı bu qanunun lehinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Çox sağ olun, hörmətli Sədr. Mən çox təəssüf edirəm ki, qanun layihəsi komissiyada ikinci oxunuş üçün müzakirə ediləndən sonra burada dəyişikliklər edilməyib. Orada dəyişikliklər edilsəydi, indi bir sıra suallar ortaya çıxmazdı. Yəni bir sıra maddələr artıq bu qanundan çıxarılıb. Bunu Ziyad müəllim də qeyd elədi. Məsələn, 7-ci maddəni biz qanundan çıxarmışıq, çünki aydındır, bilinir ki, Azərbaycanda hansı mülkiyyət növləri fəaliyyət göstərir. 14-15-ci maddələr birləşdirilibdir. 20-ci maddəni, ümumiyyətlə, qanundan çıxarmışıq. Sonra burada Siyavuş müəllim məsələni tamamilə düzgün qaldırıb dedi ki, 46-47-ci maddələrdə qaimələrlə əlaqədar ciddi məsələlər var. Komissiyada müzakirə olunanda biz bunun üzərində işləmişik. Mən, Oqtay müəllim, demək istəyirəm ki, həm İlyas müəllim, həm Fazil müəllim bir sıra suallar qaldırdılar. Onlarla bağlı mübahisə də eləmək olar, amma ehtiyac yoxdur. İkinci oxunuş üçün bu qanun layihəsinin üzərində ciddi işləmişik. Ona görə təklif edirəm ki, səsə qoyulsun, ikinci oxunuşda qəbul edilsin. Üçüncü oxunuşa qədər isə düzəlişləri edəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Baba Tağıyev, buyurun.
B. Tağıyev. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan qanun layihəsi çox dolğun və mükəmməl hazırlanmışdır. Onun nə qədər vacib olduğu bizim hamımıza bəllidir. Mən də bu qanun layihəsinə səs verəcəyəm. Amma bundan əvvəl bir fikrimi demək istəyirəm.
Biz dəfələrlə bu zalda bayrağımız haqqında çoxlu fikirlər demişik. Azərbaycan hava yollarında uçan təyyarələr, Bakı metropoliteninin divarları üzərində Azərbaycan bayrağının necə gözəl, təmiz təsvirinin verildiyini görürük. Amma hərdən Bakı küçələrində müxtəlif nəqliyyat vasitələrinin üzərində də Azərbaycan bayrağını çəkirlər. Onu toz-torpaq basır, müqəddəs bayrağımız layiq olmayan şəkildə görünür. Mən belə hesab edirəm ki, buna müvafiq qurumların nəzarəti olmalıdır. Bayrağın bizim üçün müqəddəs olduğunu heç vaxt unutmamalıyıq.
Fürsətdən istifadə eləyib burada olan bütün qadınları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm! Bizim Azərbaycan qadınları alqışa, yüksək təbrikə layiqdirlər. Azərbaycanın müstəqilliyi, Vətən uğrunda mübarizələrdə onların böyük xidmətləri vardır. Bizim ana və bacılarımız dünya qadınları içərisində yaxşı mənada seçilirlər. Sizi təbrik edirik, əziz qadınlar!
Sədrlik edən. Rafael Cəbrayılov, buyurun.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Məclis üzvləri! Mən də bu qanun layihəsini dəstəkləyirəm. Çox qısa olaraq bir neçə təklifimi bildirmək istəyirəm. Birinci təklifim bu layihənin 3.0.18-ci maddəsi ilə bağlıdır. Burada “sürücü” anlayışı verilib. Mən təklif edirəm ki, bu müddəa bir az dolğunlaşdırılsın. Həmin kateqoriyadan olan avtonəqliyyat vasitələri sürücülərinə “sürmə hüququ olan şəxs” anlayışı verilsin. Çünki sürücülük hüququnu qazanmaq hələ sərnişin və yük daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələrini idarə etmək səlahiyyəti demək deyil.
İkinci iradım layihənin sərnişinin əsas hüquqları nəzərdə tutulan 37-ci maddəsi ilə bağlıdır. Burada Mülki Məcəllə ilə müqayisədə sərnişinin hüquqları dolğun və ətraflı verilməyib. Məsələn, daşıyanadək müqaviləni ləğv etmək, daşınma zamanı meydana çıxan qüsurların düzəldilməsini tələb etmək hüquqları nəzərdə tutulub. Mülki Məcəllənin 845.1-ci və 846.2-ci maddəsində bunlar öz əksini tapmalıdır. Növbəti iradım 40-cı maddə ilə bağlıdır. Maddədə daşıyıcının əsas vəzifələri göstərilir. Bu vəzifələr də Mülki Məcəllənin tələbləri ilə müqayisədə hərtərəfli deyil. Sərnişinin göstərdiyi qüsurları aradan qaldırmaq, sərnişin daşınması zamanı nəqliyyatdan onun təyinatına uyğun istifadə etmək vəzifəsi də bura daxil olmalıdır. 64-cü maddədə sərnişinin həyatına və sağlamlığına vurulmuş zərərdən söhbət gedir. Bu da Mülki Məcəllədə ətraflı təsbit olunur. Sənəddə isə buna dair səthi şəkildə yalnız iki maddə verilib. Bu, əlbəttə, düz deyil. Bu iki maddə yenidən hazırlanmalı və Mülki Məcəllənin 60-cı fəslindən istifadə olunmalıdır. Qanun layihəsində sürücünün yol hərəkəti qaydalarını pozması nəticəsində sərnişinin sağlamlığına və həyatına vurduğu zərər Cinayət Məcəlləsi ilə cinayət hesab olunur. Bu məsələ fərqləndirilməlidir. Burada isə hər iki maddədə fərqli cəhətlər görünmür.
Mən 66.2, 66.3-cü maddələrlə bağlı da fikrimi demək istəyirəm. Onlarda iddia müddətləri nəzərdə tutulur. Həmin müddətlər, mən hesab edirəm ki, səthi göstərilir. Halbuki Mülki Məcəllənin 46-cı fəslində həmin məsələ çox dolğun şəkildə göstərilibdir. Bu layihədə məcəllənin 46-cı fəslinə istinad eləmək, ya da ki, deyilən maddələri onun tələblərinə uyğunlaşdırmaq lazımdır.
Bundan başqa, Mülki Məcəllədə “ekspeditor” deyilən bir anlayış var. Əfsuslar olsun ki, həmin termin bu layihədə yoxdur. Halbuki təcrübə göstərir ki, “ekspeditor” anlayışından və bu şəxsin xidmətlərindən istifadə olunur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri! Qanun layihəsində ediləcək dəyişikliklər qanunvericilik təşəbbüsü subyekti ilə, yəqin ki, razılaşdırılacaq. Bunu ikinci oxunuşda əsas kimi qəbul elədik. Qanun layihəsi 9 fəsildən ibarətdir. İndi də biz bunu ikinci oxunuşda fəsil-fəsil səsə qoymalıyıq. Etiraz yoxdursa, üç-üç qəbul eləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah müəllim, sözünüz yoxdur ki? Yoxdur. Onda səsverməyə başlayırıq. Xahiş edirəm, I-III fəsillərə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
IV-VI fəsillərə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.55 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
VII-IX fəsillərə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.56 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Nəhayət, qanun layihəsinin ikinci oxunuşda bütövlükdə qəbul olunmasına, xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 17.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Gələn iclasımız ayın 14-də olacaq və hökumətin hesabatı ilə başlayacaq. Sağ olun.