15.04.2008 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  79

Mill Məclisin  iclas  salonu.
15  aprel  2008-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
A. Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
C. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N.Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
A. Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
M. Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
S. Talıbov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.

* * *

Ə. Mirzəliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
İ. Həsənov, Sumqayıt Apellyasiya Məhkəməsi sədrinin müavini.
T. Herrmann, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri.
E.Usubov, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin tərcüməçi-eksperti.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi (ikinci oxunuşda).


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

15  aprel  2008-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 105
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Gündəlikdə iki məsələ var – Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin layihəsi haqqında. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, onda buyurun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, Sizin qeyd etdiyiniz kimi, gündəliyimiz zəngin bir gündəlikdir. Eyni zamanda, bir vacib məsələni bu gündəliyə də olmasa, istərdim, gələcək gündəliyə əlavə eləyək.
Hörmətli cənab Sədr, bu il fevralın əvvəllərində cənab Prezident Ağcabədi bölgəsində hərbçilərlə görüşəndə çox tarixi bir fikir söylədi, dedi ki, İrəvan qədim Azərbaycan şəhəridir və 1918-ci ildə bir tarixi səhv nəticəsində paytaxt olaraq ermənilərə verilmişdir. İrəvanın Azərbaycana qaytarılması və Azərbaycan şəhəri olması barədə dünya ictimaiyyətinə hüquqi cəhətdən əsaslandırılmış məlumatların çatdırılması məsələsi Milli Məclisdə dəfələrlə müzakirə olunmuş və Məclis rəhbərliyi bu məsələ barədə öz dəyərli fikirlərini bildirmişdir. Mən düşünürəm ki, bu məsələni biz ardıcıl olaraq qaldırmalı və onun çözülməsi üçün hüquqi əsaslar yaratmalıyıq.
İrəvanın Azərbaycan şəhəri olması ideyasını maddiləşdirməkdən ötrü iki təkliflə çıxış etmək istəyirəm. Mənim birinci təklifim ondan ibarətdir ki, Bakı şəhərinin görkəmli, gediş-gəlişi çox olan küçələrindən birinə İrəvan prospekti adı verilsin və həmin küçədə İrəvanın 1918-ci ildə ermənilərə paytaxt olaraq verilməsini əks etdirən bir lövhə asılsın.
İkinci təklifim seçildiyim Gəncə şəhəri ilə bağlıdır. Mənim seçildiyim dairədə Yeni İrəvan adlanan məhəllə vardır. Bu məhəllənin ilk evi 1905-ci ildə Qərbi Azərbaycandan deportasiya olunanlar tərəfindən salınmış və ondan sonra 1918, 1930, 1948, 1952 və 1988-ci illərdə köçürülənlərin nəsilləri orada zaman-zaman ev salmışlar. Həmin məhəlləni Qərbi Azərbaycandan deportasiyanın maddiləşmiş xronologiyası adlandırmaq olar. Mənim seçicilərimin çoxunun təklifi bundan ibarətdir ki, Gəncə şəhərindəki Yeni İrəvan məhəlləsinə qəsəbə statusu verilsin və orada Qərbi Azərbaycandan deportasiyamızın xronologiyasını əks etdirən bir abidə ucaldılsın.
Hörmətli cənab Sədr, əgər bu təkliflər Milli Məclis və onun rəhbərliyi tərəfindən ümumi şəkildə dəstəklənərsə, biz yerli icra hakimiyyəti səviyyəsində müvafiq sənədlərin hazırlanması ilə məşğul ola bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siz bilirsiniz ki, Milli Məclis bu məsələ ilə əlaqədar komissiya yaratmışdır. Bu komissiya çox böyük iş görüb. Artıq bəyanat da hazırdır. Bəyanatın son məsələləri üzərində işlənilir. Yaxın iclaslardan birində bu bəyanatı qəbul edəcəyik. Dediyiniz məsələlərə də baxarıq. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Məclis, hörmətli Sədr! Əlbəttə, yarım saatlıq vaxtda mən ayrı məsələlər barədə danışmaq istərdim. Amma bu gün səhər Milli Məclisə gələndə rastlaşdığım hadisə ilə bağlı narahatlığımı deputatlarla, şəxsən Sizinlə bölüşmək istəyirəm. Çünki biz deputat statusuna münasibətdə ikitirəliklə, deputata hörmətsizliklə hər gün rastlaşırıq. Bu binaya girmək üçün Nyutonun pişikləri kimi az qala hərəmizə bir deşik qoyublar. Bu qapıdan deputatların bir hissəsi girə bilər. O biri qapıdan başqa hissəsi girə bilər. Maşın saxlamağa yer ayrılıb. Deputat qapısı ayrılıb. Görürlər, mən tələsirəm, iclasa tez girmək istəyirəm, bu tərəfdən də hörmətli müavinlər görürlər ki, mən qapının o üzündəyəm, polis mənim qabağımı kəsir ki, Siz buradan keçə bilməzsiniz. Heç vaxt belə şey olmayıb, axı. Azərbaycan müstəqil oldu. Müstəqillik bu xalqa çox şeylər verib. Amma onu da verməyib ki, millət vəkilləri, xalqın seçdiyi adamlar öz binasının içərisində bu cür aşağılansın və onlara bu cür münasibət olsun.
Vaxtikən Sədr üçün bir lift, o biri deputatlar üçün ayrı lift ayırdılar. Mən zarafat etmişdim ki, deputatlara lift lazım deyil, qoy piyada çıxsınlar, ürəkləri möhkəmlənsin. Liftləri ayırırıq, qapıları ayırırıq, maşın dayanacaqları ayrılır. Bu münasibət bütün ölkəyə keçir və deputatlar başqa idarələrdə də qapılarda hörmətsiz qarşılanırlar. Xahiş edirəm, bu məsələni düşünəsiniz və binanın içərisində deputat statusuna uyğun bir şərait yaradılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, Siz filoloqsunuz, Nyutondan danışdınız. Qapılarda heç bir deşik-zad qoyulmayıb. Özü də bu məsələ indi yox, əvvəl də olub. Bunun da səbəbi var. Milli Məclisdə qonaqlar gələn qapı da olmalıdır. Komissiya sədrinə, müavininə hörmət yoxdur, bu başqa məsələ. Hamı üçün bir qapı var, hamı da oradan gəlir. Necə yəni Nyuton qoyduğu kimi iki deşik qoyulub. Xahiş edirəm, sözlərinizə fikir verin. Sözünüz də varsa, mənimlə ayrıca danışın, yoxsa Milli Məclisdə belə danışmaq, mən hesab edirəm, mənə qarşı da hörmətsizlikdir. Bu həmişə olub.
P. Hüseyn. (Eşidilmir.)
Sədrlik edən. Yerinizdən danışmayın. Səni, deyəsən, öyrədiblər. Milli Məclisdə bu cür mümkün olmayacaq. Gündəmdə qalmağa başqa vasitə tapmamısan, gəlib Milli Məclisə şuluqluq salırsan. Bura uşaq bağçası deyil, Milli Məclisdir. Sən kimsən ki, yerindən durub belə hərəkət edirsən?! Mikrofonun var, lazım olar, danışarsan.
P. Hüseyn. (Eşidilmir.)
Sədrlik edən. Hörmətsizlik edən sənsən. Sənin adın olmayıb, olmayacaq da. Bir balaca danışığına fikir ver. Özündən razısan, amma razı olmağa səbəb də yoxdur. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən sözümə başlamazdan əvvəl xahiş edərdim ki, qarşılıqlı hörmət olsun və xüsusi olaraq millət vəkillərindən xahiş edərdim ki, seçdiyimiz sədarətə hörmətlə yanaşsınlar.
Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu da son vaxtlar Ermənistanda baş vermiş hadisələr və Ermənistanın yeni hakimiyyətinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı münasibətinin son dərəcə narahatçılıq doğurmasıdır. Xalqının qanını belə tökməkdən çəkinməyən Köçəryan-Sarkisyan rejimi, mən əminəm ki, işğal edilmiş torpaqların sülh yolu ilə azad edilməsinə imkan verməyəcəkdir. Sarkisyanın son zamanlar verdiyi bəyanatlar da, Ermənistan parlamentində Dağlıq Qarabağla bağlı keçirilmiş dinləmələrdən çıxarılan nəticə də bunu birmənalı şəkildə sübut etməkdədir. Ona görə də biz nə vaxtsa torpaqlarımızı müharibə yolu ilə azad etmək məcburiyyətində qalacağıq. Güman edirəm ki, torpaqlarımızı azad etmək üçün yeganə yol hərbi yol olacaqdır.
Dünyanın aparıcı dövlətlərinin, xüsusən Minsk qrupu ölkələrinin münasibətləri də bizə bəllidir. Etiraf olunmalıdır ki, onlar ikili standartlardan çıxış etməkdə davam edirlər. BMT-nin Baş Assambleyasında qətnamənin müzakirəsi zamanı da Minsk qrupu özünün qeyri-obyektiv mövqeyini ortalığa qoydu. Ona görə, hörmətli cənab Sədr, mən təklif edərdim ki, dostluq deputat qruplarının həmin ölkələrə səfərləri düşünülmüş şəkildə təşkil olunsun, sistemli xarakter alsın.
İkinci təklifim. Bəlli olduğu kimi, Ermənistan nəinki Qərbi Azərbaycanda və Dağlıq Qarabağda, işğal olunmuş digər qədim Azərbaycan torpaqlarında da tarixi abidələri məhv eləyib. Orada min illərdən bəri olan qəbiristanlıqları, ayrı-ayrı tarixi abidələri yerlə yeksan edib. Ona görə də mən təklif edərdim ki, ya Milli Məclisin Analitik informasiya şöbəsinin, ya da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nəzdində Qərbi Azərbaycanla bağlı rəsmi sayt açılsın və bütün materiallar ardıcıl, sistemli şəkildə orada yerləşdirilsin. Bununla biz Ermənistana qarşı ideoloji mübarizədə beynəlxalq rəyin obyektiv şəkildə formalaşdırılması işinə öz töhfəmizi vermiş olarıq.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də həmkarım Fəzail müəllimin qaldırdığı məsələ ilə bağlı fikir bildirmək istəyirəm. Son vaxtlar Ermənistanın daxilində baş verən hadisələrdən, dinc insanların gülləboran edilməsindən və Sarkisyanın hakimiyyəti mənimsəməsindən sonra Ermənistan parlamenti ölkə əhalisinin və beynəlxalq təşkilatların diqqətini yenidən yayındırmaq üçün Qarabağ məsələsini müzakirəyə çıxarıb və çox aqressiv bir bəyanat qəbul edibdir. Onlar hesab edirlər ki, hətta Köçəryan rejimi dövründə belə müəyyən boşluqlara yol verilmişdir və bundan sonra Ermənistan Azərbaycana münasibətdə daha aqressiv xarici siyasət yürütməlidir, işğal olunmuş ərazilər ermənilərlə məskunlaşdırılmalıdır və sair.
Mən Bahar xanımın mətbuatda verilmiş açıqlamasında oxudum ki, Azərbaycan parlamenti buna cavab verməlidir. Əgər bu fikir, həqiqətən, doğrudursa, mən bunu təqdir edirəm. Məncə, biz bu məsələni parlamentin müzakirəsinə çıxarmalı, burada geniş müzakirə açılmalı və Ermənistan parlamentinin qəbul elədiyi müraciətə cavab qəbul olunmalıdır. Biz bütün dünya parlamentarilərinə müraciət eləməli, bildirməliyik ki, Ermənistan bu münaqişənin həlli üçün, ümumiyyətlə, konstruktiv mövqe nümayiş etdirmir. Sarkisyan hakimiyyəti mənimsəyəndən sonra bu cinayətkar rejim Dağlıq Qarabağ siyasətində daha aqressiv mövqe tutmağa başlayıb. Mən hesab edirəm, parlamentin borcudur ki, bu məsələni müzakirə eləsin və həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə bununla bağlı öz mövqeyini çatdırsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən Sizin nəzərinizə çatdırım ki, bəzi beynəlxalq təşkilatlarda ikili standartlar var. Avropa Şurası Parlament Assambleyasının ötən iclasında Ermənistanda keçirilən seçkilərin dinlənilməsi çox yüngül şəraitdə keçdi. Ancaq bizim nümayəndə heyətinin fəal işi nəticəsində Ermənistanda keçirilən seçkilər artıq Avropa Şurası Parlament Asambleyasının gündəliyindədir. Seçkilərə qədər olan vəziyyətin, seçkilərin, bütün bu məsələlərin birinci müzakirəsi ayın 17-də olacaq. Biz bu məsələlərə uyğun bəyanat hazırlayırıq. Bahar xanımın çıxış eləməyini, deyəsən, düzgün deməyiblər. Belə bir çıxış olmayıb. Buyurun, Bahar xanım.
B. Muradova, Milli Məclis Sədrinin müavini.
Təşəkkür edirəm, cənab Sədr. Mən bir məsələ ilə bağlı açıqlama vermək istəyirəm. Ermənistandakı müzakirələrlə bağlı bu fikri hər kəs söyləyə bilərdi. Əslində, burada qeyri-adi fikir də yoxdur. Amma mənə belə bir müraciət olmadığından bu informasiyanın haradan mətbuata yol alması mənə aydın deyil. ANS telekanalında mənim adımdan bildirilib ki, guya parlament bu məsələ ilə bağlı mövqeyini açıqlayacaq və sənəd qəbul edəcək. Amma mənə belə bir müraciət olmayıb və mən belə bir fikir deməmişəm. İndi imkandan istifadə edərək bununla əlaqədar fikrimi demək istəyirəm.
Bu gün Ermənistanda aqressivliyin getdikcə artması bizi təbii olaraq narahat edir. Bu aqressivlik özünü Qarabağ məsələsinə münasibətdə daha kəskin şəkildə ortaya qoyur. Bu aqressivliyin səbəbi bizə aydındır. Ermənistan düşdüyü durumdan diqqəti yayındırmaq, həm beynəlxalq ictimaiyyətin, həm də ölkə daxilində öz vətəndaşlarının diqqətini əsas məsələdən yayındırmaq və Qarabağ müstəvisi üzərinə gətirmək istəyir. Ona görə də bu kimi kəskin bəyanatlar ortaya qoyub.
Bu kəskin mövqeyin bir səbəbi də Azərbaycanın beynəlxalq təşkilatlarda bu məsələni müzakirəyə gətirərək, müvafiq qətnamə və sənədlərin qəbuluna nail olmasıdır. Mən hesab edirəm ki, Ermənistan parlamentində müzakirə açılması və bəyanatın ortalığa qoyulması elə Azərbaycanın qazandığı uğurlara bir növ cavab tədbiri kimi qiymətləndirilməlidir, çünki həm BMT-də qəbul olunmuş qətnamə, həm Azərbaycanın iqtisadi uğurları, həm də Ermənistandakı mövcud situasiya onu bu addımı atmağa vadar edib.
Ona görə də düşünürəm ki, bu gün bizim Qarabağla bağlı rəsmi mövqeyimizin bir daha bəyan edilməsinə ehtiyac yoxdur. Çünki bizim açıq, şəffaf və qətiyyətli mövqeyimiz hamıya bəllidir. Amma Ermənistan parlamenti də anlamaqdadır ki, onlar nə vaxtsa dilemma qarşısında qalacaq, ya müharibə, ya da qonşularla dinc yanaşı yaşamaq yolunu seçməli olacaqlar. Ona görə də onların parlamentində bu məsələ tez-tez gündəmə gələ bilər və onlar mövqelərində bu və ya digər dəyişiklikləri etməklə daxili siyasətə hesablanmış addımlar ata bilərlər. Mən düşünürəm ki, bizim mövqeyimiz açıqdır, şəffafdır. Azərbaycan hakimiyyəti həm beynəlxalq təşkilatlar səviyyəsində, həm də ölkə miqyasında istənilən addımı atmağa hazırdır və bu da Ermənistanı narahat edir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də məndən əvvəl çıxış eləyən deputat həmkarlarımın fikrinə qoşuluram ki, Milli Məclisdə Qarabağ məsələsi ilə bağlı dinləmələrin keçirilməsi çox vacibdir.
Eyni zamanda, bir təkliflə çıxış eləmək istəyirəm. Mən təklif edirəm ki, Azərbaycanda, ümumiyyətlə, Ermənistanı həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox yaxşı şəkildə öyrənə bilən bir mərkəz, institut yaradılsın. Ona görə ki, biz əgər düşmənimiz üzərində qələbə çalmaq istəyiriksə, onu yaxşı tanımalıyıq. Bundan ötrü də yaxşı olardı ki, bir mərkəz fəaliyyət göstərsin. Bilirik ki, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi var. Mənə elə gəlir ki, həmin mərkəzin nəzdində və ya ayrıca qurum kimi bir təşkilatın olması bizim ümumi işimizə xeyir verə bilər.
Ali məktəblərdə erməni dilini bilən mütəxəssislərin yetişdirilməsi də bu sahədə çox əhəmiyyətli rol oynaya bilər. Bilirsiniz ki, vaxtilə Ermənistandan deportasiya olunmuş və erməni dilini yaxşı bilən insanlarımızın sayı getdikcə azalır. Biz isə yəqin ki, tezliklə erməni dilini bilən mütəxəssislərə də ehtiyac hiss edəcəyik. O baxımdan da, düşünürəm ki, bu barədə indidən fikirləşmək lazımdır.
Digər məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Bu da mətbuatla bağlı məsələdir. Məlumdur ki, bu gün mətbuatla münasibətlər problemli formadadır. Amma mən təəssüf edirəm ki, bu məsələdə bizə hansısa xarici təşkilatlar yol göstərir və yaxud da ki, Mikloş Haraşti Bakıya gəlib aclıq edən jurnalistlərin aclığı dayandırmasını xahiş edir. Mənə elə gəlir ki, bizdə bu işlə məşğul olmalı olan bir qurum var. Bu da Mətbuat Şurasıdır. Amma çox təəssüf ki, Mətbuat Şurasının fəaliyyəti yox dərəcəsindədir. Bilmək olmur ki, o, mətbuatın yanındadır, yoxsa haradadır. Mən düşünürəm ki, Mətbuat Şurasına da Milli Məclis olaraq müraciət ünvanlamalıyıq. Onlar mətbuatın məsələlərinin bu dərəcədə problemli hal almasının qarşısını niyə vaxtında almır, mətbuatla hakimiyyət arasında körpü rolunu oynamırlar? Mənə elə gəlir ki, bizim aramızda müzakirəsi mümkün olmayan elə bir problem yoxdur və bu işdə Mətbuat Şurası çox önəmli rol oynaya bilər. Çox sağ olun, təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir vacib məsələyə toxunmaq istəyirəm. Bu, Azərbaycan–Türkiyə münasibətlərinin zədələnməsinə gətirib çıxara biləcək qəzetin nəşri ilə bağlı olan məsələdir. Mətbuatda da bu məsələ tez-tez hallandırılır. Açıq-aşkar Türkiyə əleyhinə, Azərbaycanın strateji maraqları əleyhinə yazılar dərc olunur və bu da bizim rəsmi nəşriyyatlarda işıq üzü görür. Ona görə də Azərbaycan rəsmiləri, təhlükəsizlik orqanları bu məsələyə diqqət yetirməlidirlər ki, bu, gələcəkdə Türkiyə ilə Azərbaycan arasında olan dostluq münasibətlərinə zərbə vurmasın və bizim öz maraqlarımıza da ziyan yetirməsin.
Bu gün mən vacib saydığım bir məsələni də səsləndirmək istəyirəm. Bu, Azərbaycanın keçmiş prezidenti, Azərbaycan Xalq Cəbhəsinin sədri olmuş mərhum Əbülfəz Elçibəyin 70 illiyi ilə bağlı məsələdir. Təbii ki, mən burada çıxış edib, onun 70 illiyinin qeyd olunması, yaxud ona eks-prezident statusu və ya daha nələrsə verilməsi məsələsini gündəmə gətirmək istəmirəm. Bu, zamanla bağlı məsələdir. İnşallah, yəqin ki, bu da gələcəkdə öz həllini tapar. Amma mən mərhum Heydər Əliyevlə bağlı müxtəlif cinahlarda olan insanların ümumi bir rəyini çatdırmaq istəyirəm. Yəni dövlət adamı nədir? Əbülfəz Elçibəy rəhmətə gedəndə onun tabutu başında fəxri qarovulda durmağı əsl dövlət adamı kimi bir nümunə olaraq göstərdi. Mənə elə gəlir ki, bu irsi davam etdirənlər, həqiqətən, dövlət adamının nə demək olduğunu məhz bu nümunə ilə bir daha göstərməlidirlər. Ona görə də mən bu 70 illik ərəfəsində Əbülfəz Elçibəyin ailəsinə prezident təqaüdünün, yaxud hansısa başqa bir formada, başqa bir şəkildə maddi təminatın verilməsi barədə düşünməyi Sizdən və cənab Prezidentdən bir insan kimi xahiş edirəm.
Bilirsiniz, ölkədə ideoloji baxışlar fərqli ola bilər. Kimlərsə hakimiyyətdə olub, kiminsə xoşuna gəlməyə bilər. Amma öz tarixinə hörmət eləyən, öz keçmişində olan insanlara dəyər verən xalqlar, şəxsiyyətlər gələcəkdə həmin dəyəri özlərinə qarşı da görəcəklər. Ona görə də bu məsələyə xüsusi diqqət yetirməyi xahiş edirəm. Hesab eləyirəm ki, bu həm də bir millətin müxtəlif təbəqələrindən olan insanların uzlaşması üçün, müəyyən mənada bir-birini anlayışla qarşılaması üçün çox ciddi bir jest olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür eləyirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, dəyərli mətbuat nümayəndələri! Mən Pənah bəylə bağlı yaranan vəziyyətdən çox təəssüflənirəm. Oqtay müəllim, Siz Sədr olaraq, ilk sözü Pənah bəyə verdiniz və dediniz ki, buyurun, Pənah bəy. Pənah bəy çıxış eləmək istədi və o anda yazışmalar getdi. Pənah bəyin adı ekranda olmadı, mikrofonu yanmadı. Bunu biz araşdıran vaxt Sabir bəylə Sizin dialoqunuzun nəticəsində vəziyyət gərginləşdi. Mən arzu eləmirəm ki, Milli Məclisdə belə məsələlər olsun.
Hörmətli Oqtay müəllim, 2008-ci il Prezident seçkiləri ilidir. Bu gün biz, istər iqtidar, istərsə də müxalifət Ermənistanda keçirilən prezident seçkilərinə bu və ya digər formada münasibət bildiririk, orada keçirilən prezident seçkilərinin qeyri-demokratik, insani keyfiyyətlərdən uzaq olması barədə danışırıq. Ancaq biz özümüz Azərbaycanda bir demokratik seçki keçirmək istəyindəyikmi? Azərbaycanda keçiriləcək Prezident seçkilərinə artıq bir neçə ay qalıb. Seçkilərdə iştirak edəcək müxalifət partiyalarına yaradılan şəraitlə bağlı hansı vəziyyətin olmasını hər kəs bilir. Nəzərə alın ki, müxalifət partiyalarının bir siyasi partiya kimi fəaliyyət göstərməsi üçün qərargahları belə yoxdur. Olan qərargahlar da əllərindən alınır.
1993-cü ildən bəri Müsavat partiyasının Bakı şəhərində Binəqədi, Əzizbəyov, Xətai, Nərimanov, Nizami, Nəsimi, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayon təşkilatlarının qərargahları, Naxçıvan Muxtar Respublikasında Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur rayon qərargahları, təşkilatımızın Abşeron, Ağdam, Ağstafa, Gədəbəy, Göyçay, Hacıqabul, Xaçmaz, Xanlar, Kəlbəcər, Kürdəmir, Qazax, Şamaxı, Şəmkir, Tovuz, Yevlax rayon qərargahları əllərindən alınıb. 2003-cü il Prezident seçkilərindən sonra bizim Əli Bayramlı, Gəncə və Naftalandakı, Ağdaş, Astara, Dəvəçi, İsmayıllı, Qəbələ, Qobustan, Zaqatala rayonlarındakı təşkilatlarımızın qərargahları əllərindən alınıb və biz deyirik ki, Azərbaycanda demokratik seçki keçirmək istəyirik. Gəlin, biz burada başqa ölkələrdən misal gətirməyək, bizə düşmən olan dövlətlərin keçirdiyi seçkilərin müzakirəsini açmayaq. Biz çalışaq, burada, daxildə öz xalqımızın milli birliyinə nail olaq, ondan sonra bir nümunə kimi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdən misal gətirək. Buna çalışmaq lazımdır.
Çıxışımın sonunda mən bir şeyi də demək istəyirəm. Necə olur ki, Məcid Kərimov kimi...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənin vaxtın qurtardı. Məcid Kərimov o qapıdan keçməyib. Deyəsən, qapı xəstəliyi burada çox adamı tutub.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyirəm, Məcid Kərimov o qapıdan keçmir. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Son zamanlar dünya iqtisadiyyatında çox ciddi proseslər gedir. Dünyada neftin qiymətinin artıq 110 dollara çatması, mən deyərdim ki, dünya bazarında çox ciddi çətinliklər yaradıb. Bu çətinliklər Azərbaycan Respublikasından da yan keçmir. Dünyada artıq ərzaq təhlükəsizliyi ilə əlaqədar müəyyən məsələlər qlobal problemlər cərgəsində yer alır. Azərbaycan da ərzaq idxal edən bir dövlət olduğu üçün düyünün qiymətinin durmadan artması, taxılın qiymətinin təxminən iki dəfədən artıq artması ölkəmizə çox böyük təsir göstərir. Ona görə də Azərbaycanda yaşayan insanların bugünkü yaşayış minimumu, pensiyanın, o cümlədən ehtiyac meyarının məbləği, mən hesab edirəm ki, çox aşağı səviyyədədir.
Mən nəyə görə bu məsələni qaldırıram? Azərbaycanın daxilində də həm obyektiv, həm də subyektiv səbəblərdən qiymətlər qaldırılır və insanlar öz tələbatlarını ödəyə bilmirlər. Neftin qiymətinin 110 dollara çatması Azərbaycana əlavə dividendlər gətirir. Azərbaycanın büdcəsinə, yəqin ki, biz bu ay, ya da gələn ay baxıb müəyyən düzəlişlər edəcəyik. Ona görə də mən, ümumiyyətlə, iqtisadi blokun rəhbərlərindən xahiş edərdim ki, Milli Məclisdə büdcəyə yenidən baxılanadək yaşayış minimumu, o cümlədən ehtiyac meyarı və pensiya ilə əlaqədar rəqəmlərə bir daha diqqətlə baxsınlar ki, o düzəliş vaxtı biz bunların hamısını nəzərə alaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirələrin vaxtı qurtardı. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Hesablama Palatasının hesabatı barədədir. Palatanın sədri Heydər Əsədova söz verilir. Buyurun, Heydər müəllim.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Təşəkkür eləyirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bu yaxınlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildəki fəaliyyəti bu möhtəşəm zalda geniş müzakirə olundu və respublikadakı makroiqtisadi mühitə, görülmüş işlərə, əldə edilmiş nəticələrə müvafiq qiymət verildi. Ona görə də mən bu gün həmin göstərici və məlumatlara toxunmadan, birbaşa müvafiq qanunvericiliklə Hesablama Palatası üzərinə qoyulmuş funksional vəzifələrin icrası barədə hörmətli millət vəkillərinə məlumat vermək istəyirəm.
Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, hesabat ilində palatanın əsas strateji xətti mövcud qanunvericilik bazasını möhkəmləndirməkdən, bu qanunvericilik əsasında onun müasir tələblərə cavab verən maddi-texniki bazasını yaratmaqdan və ən əsası son üç il ərzində büdcə vəsaitindən istifadə eləyən təşkilatlardan məlumatları alıb, ümumi məlumat bazasını yaratmaqdan ibarət olmuşdur. Eyni zamanda, hesabat dövrü ərzində çevik idarəetmə sisteminin yaradılması, digər orqanlarla işgüzar münasibətlərin qurulması, xarici iqtisadi əlaqələrin genişləndirilməsi Hesablama Palatasının üstünlük verdiyi məsələlərdən olmuşdur. Qeyd etməliyəm ki, bu dövr ərzində palata hörmətli millət vəkillərinin, hörmətli Sədrin tövsiyələrini nəzərə alaraq, verilən tapşırıqların icrasını daha düzgün həyata keçirmək üçün kadr potensialı və çevik idarəetmə sistemi yaratmağa xüsusi diqqət yetirmişdir.
Amma bütün bunlar o demək deyil ki, bilavasitə funksional vəzifələrimizə daxil olan maliyyə-nəzarət tədbirləri unudulmuş və biz bütün fikrimizi dediyimiz istiqamətə yönəltmişik. Hesabat ili ərzində Hesablama Palatasının iş planında üç audit tədbirinin keçirilməsi nəzərdə tutulmuş və hər üç audit tədbiri həyata keçirilmişdir. Bundan başqa, 34 analitik təhlil aparılması nəzərdə tutulmasına baxmayaraq, dediyim səbəblərdən yalnız 20 analitik ekspert təhlilinin aparılması mümkün olmuşdur. Hesablama Palatası bundan başqa, 2006-cı ilin büdcəsinin icrasına, 2007-ci ilin büdcə layihəsinə dair rəyləri, 2007-ci ilin büdcəsinə dəyişikliklər haqqında rəyi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dair rəyi geniş tərtib edərək hörmətli millət vəkillərinin müzakirəsinə təqdim etmişdir. Mən həmin rəylərin üzərində geniş dayanmadan, sadəcə, onu xatırlatmaq istəyirəm ki, bu rəylərdə Hesablama Palatası dövlət vəsaitindən istifadə sahəsində və eləcə də dövlət gəlirlərinin həcminin artırılması istiqamətində onlarca ehtiyat mənbələri aşkar etmiş, gəlirlərin artırılması, iqtisadiyyata inflyasiya təsirinin azaldılması istiqamətində mümkün tövsiyə və məsləhətlərini vermişdir.
Əgər xatırlayırsınızsa, bu tövsiyələr içərisində xüsusilə əlavə dəyər vergisinin az yığılması, bu sahədə böyük inzibati və metodoloji tədbirlərə ehtiyac olduğu vurğulanmışdı. Bunun təsdiqi olaraq, yaxınlarda əlavə dəyər vergisinin hesablanma və əvəzləşdirilməsi mexanizmindən tutmuş bütün qaydalar təkmilləşdirilmişdir.
Büdcənin təmizlənməsi istiqamətində bir sıra tövsiyələr verilmişdir. Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, artıq onların funksiyalarına birbaşa aid olmayan investisiya xərcləri və digər xərclər bu qurumun büdcəsindən təmizlənərək, aidiyyəti qurumlara verilmişdir. Bu sahədə digər tədbirlərin də həyata keçirilməsinə səy göstərilir. Eyni zamanda, təhsil, səhiyyə ocaqlarında mövcud nöqsanlara aid, xərclərin uçotunun aparılmasına aid, inzibati idarəetmə ilə maliyyə idarəetməsi arasında olan fərqlərə aid verilmiş tövsiyələrin əksəriyyəti səhiyyə və təhsil orqanlarında yerinə yetirilmək üzrədir.
İndi isə sizə konkret olaraq, fəaliyyət göstərdiyim dövr ərzində Hesablama Palatası tərəfindən keçirilən üç audit tədbiri haqqında qısaca məlumat vermək istəyirəm. Həmin audit tədbirlərinin nəticəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş tədbirlər barədə sizə paylanmış hesabatda dəqiq rəqəmlərlə geniş məlumat verilmişdir. Mən çalışacağam ki, çıxışımda bunun mahiyyətinə, xarakterinə müəyyən aydınlıq gətirim.
Audit birinci olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sisteminə daxil olan və qısaca BƏHM adlandırılan Beynəlxalq Əməliyyat və Hesablaşmalar Mərkəzində aparılmışdır. İlk öncə onu deyim ki, burada aşkar olunmuş xarakterik nöqsan maliyyə idarəetməsi ilə inzibati idarəetmə arasında uyğunsuzluğun mövcudluğudur. Bu, hesabatda da qeyd olunub. Bu nə deməkdir? Yəni burada audit zamanı müəyyən olunmuşdur ki, işin, xidmətin uçotu müəyyən təşkilatlarda, o işin, xidmətin yerinə yetirilməsindən gələn gəlirlərin, daxilolmaların uçotu isə digər təşkilatlarda cəmləşir. Beləliklə də, işin, xidmətin maya dəyəri ilə gəlir arasında tutuşdurmalar, müqayisələr mümkün olmadığından ayrı-ayrı strukturların maliyyə fəaliyyətinin nəticəsini düzgün qiymətləndirmək mümkün olmur.
Burada bir şeyi qeyd edim ki, audit apardığımız hər üç təşkilatın rəhbərliyi, həm Əli müəllim, həm İsmət müəllim və həm də Azərbaycan Pedaqoji Universitetinin rektorluğu auditin aparılmasına inanılmaz dərəcədə köməklik göstərdilər. Rabitə və informasiya texnologiyaları naziri Əli müəllim hətta bu sahədə yol verilən nöqsanları vaxtında müəyyənləşdirmək üçün lazım olan təlimatların yazılmasına da yardımçı olmağı bizdən xahiş edib. Mən auditin aparılmasına hərtərəfli şərait yaratdıqlarına və bu nöqsanların aradan qaldırılması üçün bizdən də artıq canfəşanlıq göstərdiklərinə görə onlara təşəkkür eləyirəm.
Bu qurumda aparılan yoxlamalarda aşkar edilən nöqsanlardan biri vergi potensialının düzgün qiymətləndirilməməsi idi. Orada əlavə dəyər vergisi üzrə müxtəlif mükafatların ödənilməsinə və digər sahələrdə vergi tutulmamalarına yol verilmişdir. Biz hesablayıb, 300 min manata qədər vəsaitin vergiyə cəlb edilməsi haqqında qərar çıxardıq.
Burada əsas məsələlərdən biri də bu sahədə rəqabət mühiti yaratmaq, tarifləri milli maraqlara uyğun şəkildə formalaşdırmaq üçün metodiki bazanın, təlimat bazasının azlığı idi. Biz bir sıra dövlətlərlə əlaqə saxladıq. O tövsiyələr toplanıldı və müəyyən olundu ki, bizdəki metodoloji baza, – bu sistemdən, bu qurumdan söhbət gedir, – günün tələblərinə cavab vermir, normal rəqabət mühitinin yaranmasına, normal tarif qiymətlərinin, giriş-çıxış qiymətlərinin yaranmasına mane olur. Ona görə bu səhvlər də rəhbərliyə çatdırılaraq, burada da ciddi tədbirlər görülməsi xahiş olundu.
Burada bir sıra digər nöqsanlar da aşkar edilmişdir. Bu nazirliyin 2002-ci ildə fəaliyyətini dayandırmış “Poçtbank” SKB-dəki bank hesablarında olan dövlət vəsaitinin geri qaytarılması təmin edilməmişdir. Bir sıra əməliyyatlar xəzinədən kənar həyata keçirilmişdir. Bundan başqa, bu qurumun digər qurumların nizamnamə fondunda 1 milyon yarımdan artıq iştirak payı var. Həmin iştirak paylarından dividendlərin alınması təmin olunmamışdır. 2005–2006-cı illərdə müəyyən qurumlardan dividendlər daxil olsa da, müvafiq vəsait bu qurum tərəfindən dövlət büdcəsinə köçürülməmişdir.
Audit aparılarkən təkcə nöqsanların araşdırılması yox, qanunvericilikdə olan boşluqların aradan qaldırılması da diqqət mərkəzində oldu. Məsələn, rabitə kanallarının icarə haqqı məsələsi uzun müzakirəyə səbəb oldu. Qanunvericilikdə bu barədə müddəanın olmaması aşkar edilərək, Əmlak Komitəsinə xüsusi məktub hazırlandı və qanunvericilikdə olan bu boşluğun aradan qaldırılması xahiş olundu. Eyni zamanda, dövlət satınalmaları haqqında qanunun tələblərinin tam icra olunmadığı, bəzən eyni həcmli, eyni tipli işlərin müxtəlif hissələrə bölünərək satınalma prosedurlarına cəlb olunmadan həyata keçirilməsi və digər bu kimi məsələlər rəhbərliyin nəzərinə çatdırıldı. Bu müəssisədə Azərbaycanın xeyrinə müsbət çıxış saldosunun olmasına baxmayaraq, debitor borcların olması şübhə doğurdu və bu sahədə ciddi tədbirlər görülməsinə ehtiyac olduğu xüsusi diqqət mərkəzində saxlanıldı. Bu və sair nöqsanlar hesabatda da qeyd olunub.
Auditin nəticəsi Hesablama Palatasının iclasında nazirliyin nümayəndələri və aidiyyəti mütəxəssislərin iştirakı ilə geniş müzakirə olundu. Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Milli Məclisə, Nazirlər Kabinetinə və digər əlaqədar qurumlara işin nəticəsi barədə məlumat verildi. Göstərilən nöqsanların aradan qaldırılması xüsusi nəzarətdə saxlanıldı. Sadəcə, onu deyə bilərəm ki, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün dərhal işçi qrup yaradıldı, məlumatların hazırlanmasına başlanıldı, xəzinə hesabı açıldı, qanunsuz açılmış hesablar bağlandı. Tutulmamış 300 min manat tutularaq büdcəyə mədaxil olundu. 167 min manat dividend alınaraq büdcəyə keçirildi. 2 milyon 600 min manatdan artıq debitor borcların ləğvi istiqamətində ciddi tədbirlər görüldü. Bu tədbirlər nəticəsində, demək olar ki, 3 milyon 523 min manata yaxın vəsaitin dövlət büdcəsinə və Beynəlxalq Hesablamalar Mərkəzinin hesabına mədaxil olunması təmin edildi. Bu gün də işin icrası nəzarətdədir. Görülən işlər haqqında ayda bir dəfə hesabat alırıq. Biz hesab edirik ki, bu qurumda digər nöqsanların da aradan qaldırılması təmin olunacaqdır.
İkinci böyük audit “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində aparılmışdır. Artıq qeyd etdiyim kimi, burada da auditin aparılması üçün hər cür şərait yaradılmış və aşkara çıxarılan nöqsanların aradan qaldırılması üçün nazirliyin rəhbərliyi tərəfindən operativ surətdə lazımi tədbirlər görülmüşdür. Burada əsas nöqsanlar alınmış texnikanın böyük hissəsinin istifadəyə verilməməsi, satılmış gübrələrin dəyərinin tam yığılmaması, bir sıra gübrə növlərinin və pestisidlərin güzəştlə satılması, bir sıra hallarda isə bələdiyyələrə, fiziki şəxslərə verilməsi, mühasibat uçotunun həddindən artıq zəif təşkil edilməsi, bəzən yığılmış vəsaitlərin büdcəyə mədaxil olunmaması, pul köçürülmüş təşkilatlar, firmalar tərəfindən alınmış texnikanın vaxtında cəmiyyətə təhvil verilməməsi, debitor borclarının yaradılması və sairdir. Eyni zamanda, bu nöqsanların aradan qaldırılması üçün Maliyyə Nazirliyi ilə borc sazişinin imzalanması təmin ediməmişdir. Bunların hamısını mən hesabatda göstərmişəm. Bizim bu yoxlama mərkəzlə yanaşı, səhmdar cəmiyyətin yerlərdə fəaliyyət göstərən 19 struktur bölmə və filialını da əhatə etmişdir. Analoji nöqsanlar eyni yerlərdə də təkrar olunmuşdur.
“Aqrolizinq” ASC-də aparılmış auditin nəticəsi Hesablama Palatasının iclasında hətta Baş nazir səviyyəsində geniş müzakirə olunmuşdur. Milli Məclisə, İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, xəzinə hesabı olmadan vəsait xərcləndiyi üçün Kapital Banka, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün Əmlak Komitəsinə yazılı izahatlar, təqdimatlar göndərilmişdir. Nəzərinizə çatdırıram ki, biz bu təqdimatlarla bağlı işləri görənə qədər Kənd Təsərrüfatı Nazirliyinin özü tərəfindən 3 təşkilatın işi baxılmaq üçün prokurorluğa göndərilmiş, 19 nəfər bu işlə əlaqədar vəzifəsindən azad edilmiş, 10 nəfərə töhmət və digər inzibati cəzalar verilmişdir. Eyni zamanda, orada bu işlərin təşkili artıq bizi qane edən səviyyədə yaxşılaşdırılmışdır.
Bir neçə rəqəm demək istəyirəm. Son 2 il ərzində bu dediyim mənbələrdən 2 milyon 239 manat daxil olmuşdusa, yalnız bizim yoxlama apardığımız və təqdimat verdiyimiz dövrdə 9 milyon 633 min manat vəsait daxil olmuş və beləliklə, bir neçə ay ərzində daxilolmaların həcmi 4,3 dəfə artmışdır.
Orada da bu sahə üzrə işləri təşkil etmək üçün xüsusi komissiya və mühasibat uçotunu sahmana salmaq üçün ikinci bir komissiya yaradılıb. Mən imkandan istifadə edərək onlara təşəkkür edirəm ki, audit yoxlamasının nəticəsinə belə reaksiya verib və bu yoxlamalarda çox maraqlı olduqlarını, həqiqətən, sözdə yox, işdə nümayiş etdiriblər.
Üçüncü yoxlama Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılıb. Sosial müdafiəyə ayrılan vəsaitləri çıxmaqla yoxlama dövrü ərzində ADPU-nun maliyyə dövriyyəsi 600 min manat olub. Burada da bir sıra nöqsanlar, xüsusilə ADPU-nun yeni Nizamnaməsinin dövlət qeydiyyatına alınmaması, laboratoriyaların fəaliyyətinin və onların, ümumiyyətlə, lazım olub-olmamasının araşdırılmaması, əsaslı təmir zamanı yerinə yetirilmiş işlərin həcminin artırılması müəyyən edilmişdir. İşin həcminin müəyyən edilmiş artıq hissəsi günahkar şəxslərdən iştirakımızla nağd alınaraq universitetin kassasına mədaxil olunmuşdur. Universitetin rəhbərliyi audit yoxlamasının aşkara çıxardığı nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün görülən tədbirləri davam etdirir.
Biz 31 təşkilat üzrə analitik təhlil aparmışıq. Mərkəzi və yerli icra hakimiyyəti orqanları üzrə təhlillərimiz göstərir ki, burada əsas, xarakterik nöqsanlar kommunal sektorda işlərin tələb olunan səviyyədə qurulmaması, köhnə debior və kreditor borclar nəzərə alınmadan proqnozlaşdırmalar aparılması, bəzən limitdən artıq israfçılığa yol verilməsi və sairdir. Burada da mühasibat uçotunun təşkilində böyük problemlər mövcuddur. Əsas vəsaitlərin hərəkətinin izlənməsi göstərir ki, 12 təşkilat üzrə 450 min manatlıq əsas vəsaitlər az uçota alınıb. Material qiymətlərində də eyni problemlərlə üzləşmişik. Biz bu problemləri, sadəcə, qeyd etməklə kifayətlənməmişik. Bu təşkilatların hər birinə fərdi şəkildə məktublar göndərmişik, onlar da mövcud nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görmüşlər.
Müdafiə sahəsində bizi narahat edən məsələlərdən biri debitor borcların həcminin artmasıdır. Bir neçə il bundan qabaq hesablaşmaların tənzimlənməsi və debitor borcların həcminin, demək olar ki, sıfıra çatdırılması istiqamətində böyük işlər görülüb. Amma keçən il nədənsə bir sıra qurumlar üzrə debitor borcların əsassız artması davam etmişdir. Bunun əsas səbəbi isə büdcədən bunlara ayrılmış vəsaitdən artıq vəsait xərclənməsidir. Gələcək təhlillərimizdə biz bunun səbəbləri haqqında Milli Məclisə daha geniş məlumat verəcəyik.
Bu təhlillər zamanı aşkara çıxarılan xarakterik nöqsanlardan biri bəzi ərzaq məhsullarının, yumşaq inventarın, yataq ləvazimatlarının və xüsusi geyimlərin orta bazar qiymətlərindən yüksək qiymətlərlə alınması barədə tender müqavilələrinin bağlanmasıdır. Biz təşkilatlarda dövlət büdcəsindən ayrılan vəsaitlərdən istifadə vəziyyətini təhlil edərkən, adətən, tender sənədini bizə tenderin yekunu kimi təqdim edirlər. Bu haldan qaçmaq üçün biz təşkilatların bir-biri ilə müqayisəsini apardıq və eyni təşkilatın həmin məhsulları müxtəlif rayonlarda müxtəlif qurumlara neçəyə satmasını araşdırdıq. Nəticədə bu qənaətə gəldik ki, eyni təşkilat müxtəlif qurumlara eyni dövrdə eyni məhsulları müxtəlif qiymətlərə satır. Yəni eyni növ məhsullar müxtəlif təşkilatlara müxtəlif qiymətlərə satılır. Bizim tərəfimizdən aparılan belə araşdırmalar isə onlara tenderin nəticəsini bəhanə gətirməyə imkan vermir. Ona görə biz bu tədqiqatı genişləndirərək eyni təhlili səhiyyə və təhsil ocaqlarında da apardıq. Dediyim səhiyyə və təhsil ocaqları mərkəzləşmiş maliyyələşməyə aid olan təşkilatlar deyil. Yəni loru dildə desək, bizim təhlillərimiz Misir Mərdanov və Oqtay Şirəliyev tərəfindən maliyyələşən təşkilatları əhatə etməyib. Belə analitik təhlillər 124 yerli təşkilatda aparılıb. Eyni problemlər burada da qeydə alınıb. Ancaq rayonlarda daha çox qarşılaşdığımız hal odur ki, 2, 3 və bəzən 4 il eyni ərzaq və qeyri-ərzaq məhsulları eyni təchizatçılardan alınır. Həmin rayon təşkilatlarının hər birinə məktublar yazılmış və onlardan bu nöqsanların aradan qaldırılması tələb olunmuşdur. Çoxu da tələblərimizi yerinə yetirdiklərini və bir daha belə nöqsanlara yol verməyəcəklərini bizə rəsmi qaydada bildirmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təhsil müəssisələri üzrə 25 çeşiddə, səhiyyə müəssisələri üzrə isə 43 çeşiddə ərzaq məhsullarının siyahısı müəyyənləşdirilib. Təhlil prosesində müəyyən olundu ki, bəzi yerlərdə bu siyahı üzrə 10 və ya yaxşı halda 18 çeşiddə məhsullar verilib. Bir sıra səhiyyə müəssisələrində isə normaların bəs etmədiyi bəhanə gətirilərək, həmin siyahıya düşməyən ərzaq məhsullarının alınması hallarına yol verilib. Bu məsələlər hörmətli təhsil və səhiyyə nazirlərinin, – düzdür, birbaşa maliyyələşdirmə onların tabeçiliyində olmasa da, – nəzərinə çatdırılır və ciddi tədbirlər görülür. Təsəvvür edin, elə səhiyyə və təhsil müəssisələri var ki, bu siyahıdan 57 faizə qədər kənarlaşma hallarına yol veriblər. Bu faktlar da bir-bir həmin təşkilatların nəzərinə çatdırılıb.
Biz təhlil işini təkcə dediyim 2-3 istiqamətdə aparmamışıq. Yoxlama apardığımız təhsil və səhiyyə müəssisələrində bir çox xərc maddələri, məsələn, bir çarpayı - günə düşən xərcin məbləği, kommunal xərclər, telefon rabitəsindən istifadə xərcləri və sair də təhlil olunmuşdur. Təsəvvür edin, bir nömrə üzrə ölkədaxili telefon danışıqlarının müddəti bir yerdə 0,5 saat olmuşdursa, digər yerlərdə 15 və hətta 25,8 saata çatmışdır.
Təhlillərimiz ünvanlı sosial yardım sahəsində davam etdirilib. Bu sahə üzrə təhlillərimiz ilkin mərhələdədir. Burada diqqəti cəlb edən əsas fakt əhalinin gəlirlərinin çox olduğu bölgələrdə əhalinin gəlirlərinin az olduğu bölgələrdəkinə nisbətən daha çox ünvanlı yardım verilməsidir. Bu, ciddi fakt olduğu üçün dediyim sahədə daha ciddi analitik təhlillər aparılmasını planlaşdırırıq. Bu iş 2008-ci ilin iş planına daxil edilib. Burada geniş təhlil işi aparılacaq. Hörmətli millət vəkillərinə bu haqda məlumat veriləcəkdir.
İlkin təhlillər göstərir ki, qaçqın və məcburi köçkünlər üçün müəyyən edilmiş normalar üzrə elektrik enerjisinin bölüşdürülməsində müəyyən nöqsanlar var. Biz təhlil apararkən müxtəlif mənbələrdən – Qaçqınkomdan, rayon və Bakı elektrik şəbəkələrindən məlumatlar alıb onları tutuşdurur və əhalinin sayı üzrə müqayisələr aparırıq. Qaçqın və məcburi köçkünlər üçün elektrik enerjisi üzrə adambaşına normanın ayda 150 kilovat-saat olmasına baxmayaraq, bir sıra yerlərdə normadan ciddi kənarlaşmalar olduğu aşkar edilmişdir. Bu kənarlaşmaların məbləğini, həcmini, səbəbini aydınlaşdırmaq cari ilin iş planına daxil edilmişdir.
Hörmətli millət vəkilləri, çıxışımı yekunlaşdırarkən mən bir məsələni də qeyd etmək istəyirəm. Bəzən mətbuat səhifələrində, kütləvi informasiya vasitələrində Hesablama Palatasının yoxlama aparmaq səlahiyyətinə guya müdaxilə olunması barədə yanlış məlumatlar verilir. Mən rəsmi olaraq bildirirəm ki, işlədiyim dövr ərzində fəaliyyətimizə nəinki heç kim tərəfindən müdaxilə olunmamış, hətta bizə istiqamətləndirici bir göstəriş belə verilməmişdir. Hesablama Palatası özünün iş planına uyğun olaraq müvafiq qaydada hərəkət edir və növbəti illərdə də öz qərarlarının yerinə yetirilməsində israrlıdır.
Burada bir məsələni də qeyd etmək istərdim. Yadınızdadırsa, 5–6 il bundan qabaq Hesablama Palatası Xəzər Dəniz Gəmiçiliyinə buraxılmamışdı. O vaxtdan bu, daim xatırladılır. Mən 10 beynəlxalq təşkilatla görüşmüşəmsə, onunda da bu məsələni qaldırıblar ki, bəs deyirlər, sizi Xəzər Dəniz Gəmiçiliyinə buraxmayıblar. Bu məsələ bir dəfə, 6 il bundan qabaq olub. İndi belə bir şey yoxdur. Hesablama Palatasını yoxlamaya buraxmamaq və ya ona məlumat verməmək kimi hal yoxdur. Sadəcə, bir sıra rayonlarda tələb etdiyimiz uçot formaları olmadığından onları bizə təqdim edə bilmirlər. Həm də ki, bunun üçün müddət müəyyən edilməmişdi. Amma bu yaxınlarda qanunvericilik bazamızda dəyişiklik edilərək təqdimatın konkret müddəti müəyyən olundu. Bundan başqa, biz özümüz 80-dən artıq uçot forması hazırlayıb yerlərə göndərmişik. Həmin formaya uyğun uçot təşkil edərək bizə məlumat verəcəklər.
Bu gün Hesablama Palatası dövlət maliyyə nəzarətini həyata keçirən ali audit qurumlarını birləşdirən INTOSAI, EUROSAI, ASOSAI, ECOSAI kimi beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir. Biz Dünya Bankına müraciət edib, potensialımızın gücləndirilməsi üçün Hesablama Palatasına xüsusi qrant ayrılmasına nail olduq. Bu yaxınlarda hesabımıza böyük vəsait daxil olacaqdır. Asiya Bankı ilə də danışıqlara başlamışıq. Audit standartlarının ölkəmizdə tətbiqi üçün bu bank bizə qrant ayırır. Türkiyədən texniki kömək xahiş etmişik. Hazırda Hesablama Palatasının işçilərinə təlim keçilir.
Bizim üçün daha əlverişli və rahat iş şəraitinin yaradılmasına görə cənab Prezidentə təşəkkür edirəm. Hesablama Palatasının maddi-texniki bazasının təkmilləşdirilməsi üçün böyük işlər görülüb. Palatanın yeni binasının inşası üçün şəhərin mərkəzində yer ayrılıb və binanın tikintisinə başlanıb. Hesablama Palatasına artıq 10-dan artıq yeni avtomobil verilib. Hər bir şəxs kompüterlə təchiz olunub. Lokal sistem qurulub. Kargüzarlıq qaydasından tutmuş dövlət qulluqçularının etik qaydalarına qədər bütün təlimatlar hazırlanıb, təsdiq olunub.
Hörmətli millət vəkilləri, çıxışımı yekunlaşdıraraq bir daha sizi, hörmətli Prezidentimizi, cənab Sədri əmin etmək istəyirəm ki, Hesablama Palatası bundan sonra da büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi, maliyyə əməliyyatlarında şəffaflığın artırılması, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə dəstək olacaq və qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Heydər müəllim, əyləşin. Yəqin, çıxışlardan sonra Sizə sualla müraciətlər olacaq. İndi də söz İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə verilir. Buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2007-ci il respublikanın sosial-iqtisadi həyatında böyük keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur. Bu dəyişikliklər barədə hörmətli Heydər müəllim məlumat verdi. Onları biz Milli Məclisdə hökumətin hesabatını dinləyərkən də eşitmişdik. Mətbuatın geniş yer verdiyi həmin məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilin yekunlarına həsr edilmiş yığıncaqdakı çıxışlarında bir daha ətraflı şərh olundu. Birmənalı şəkildə bildirmək lazımdır ki, bu uğurların əldə edilməsində ölkədə maliyyə intizamının möhkəmlənməsi, pul-kredit siyasətinin təkmilləşməsi, maliyyə imkanlarının artmasını təmin edən tədbirlərin həyata keçirilməsi mühüm rol oynamışdır.
Hesablama Palatası 2007-ci ildə işini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Milli Məclisin təsdiq etdiyi Əsasnaməyə uyğun şəkildə davam etdirmiş və tam məsuliyyətlə demək olar ki, fəaliyyətində bir çox müsbət dəyişikliklər əldə etmişdir. Milli Məclisə məlumat vermək istəyirəm ki, sizə təqdim olunan, 2007-ci ildə Hesablama Palatasının fəaliyyətinin əsas cəhətlərini əks etdirən hesabatın komissiyamızda bu qurumun rəhbərliyi, auditorların iştirakı ilə geniş müzakirəsi keçirilmiş, onun Milli Məclis tərəfindən nəzərə alınması barədə müsbət fikirlər söylənilmişdir.
Heydər Əsədovun sədr olduğu Hesablama Palatasının ötənilki fəaliyyəti barədə əhatəli məruzəsini nəzərə alaraq, qısaca Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında xüsusi vurğulanan bir neçə məsələni qeyd etmək istəyirəm. Hesablama Palatası yola saldığımız ildə respublikanın ali maliyyə-nəzarət orqanının formalaşdırılması istiqamətində uğurlu addımlar atmışdır. Hesabatda əvvəlki illərdən fərqli olaraq, maliyyə intizamının bu və ya digər dərəcədə pozulması, uçot və hesabat sistemindəki nöqsanlar, büdcədən yayınma halları konkret faktlarla göstərilmişdir. Bu, həqiqətən də, müsbət hal kimi qiymətləndirilməlidir. Hesabat Palatanın strukturu, onun fəaliyyəti barədə kifayət qədər sistemli təhlil aparmağa, fikir yürütməyə və müəyyən nəticələr çıxarmağa əsas verir. Hesablama Palatasının ekspert-analitik fəaliyyətinə həsr edilmiş bölmədə Palatanın 2006-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və büdcənin icrasına dair hesabata, “2007-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında”, “2008-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihələrinə rəyin, 2007-ci il dövlət büdcəsinin icrası haqqında rüblük məlumatların hazırlanması göstərilmiş və hər birinə dair konkret təhlillərin nəticəsi verilmişdir.
Hesablama Palatasının ötən ilin dövlət büdcəsi haqqında 2007-ci il noyabrın 1-i üçün hazırladığı rəy bugünkü hadisələrin reallığı, obyektivliyi baxımından fərqlənir. Həqiqətən, 7–8 ay bundan qabaq Palatanın hazırladığı rəydə qaldırılan məsələlər bu gün birmənalı şəkildə təsdiq olunur. Bu sahədə aparılan təhlillərdə peşəkarlıq səviyyəsinin xeyli artmasını da xüsusilə qeyd etmək istərdim.
Əvvəlki illərdən fərqli olaraq burada konkret təhlillər üstünlük təşkil edir. Maliyyə intizamını pozan müəssisə, təşkilat, idarə, komitə və nazirliklərin adları çəkilir. Çıxarılan nəticələr, aşkar edilən nöqsanlar iqtisadi və sosial həyatın ayrı-ayrı sahələrində vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş təkliflərlə nəticələnir. Palata tərəfindən 40-a yaxın yoxlama, təftiş həyata keçirilmişdir. Təbii ki, aparılmış yoxlamalar nəticəsində bir sıra problemlər üzə çıxmışdır. Bu barədə hesabatda kifayət qədər məlumat verilmişdir. Müsbət hal kimi o da bildirilməlidir ki, dövlət büdcəsi vəsaitlərinin səmərəsiz istifadə olunması, vergidən yayınma halları aşkar edilən idarə strukturlarının rəhbərləri bundan nəticə çıxarmışlar.
Hesabatda dövlət büdcəsi vəsaitlərinin formalaşması, xərclərdən istifadənin auditinə həsr edilmiş bölmədə meydana çıxan çatışmazlıqların ətraflı və obyektiv təhlili verilmişdir. “Dövlət büdcəsi gəlirlərinin auditi” bölməsində təhlillərin yüksək səviyyədə aparılmasını və nəticəli olmasını qeyd etmək istərdim. Hesablama Palatasının həyata keçirdiyi auditin nəticəsi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən edilmiş vergi borcunun və dividendin ödənilməsi, beynəlxalq telekommunikasiya xidməti göstərən strukturlarda beynəlxalq qrafiklər üzrə gəlir və xərclərin uçotunun aparılmasında, strukturlar arasında bölgüsündə və qarşılıqlı hesablaşmalarda mövcud olan qarışıqlıqların aradan qaldırılması üçün müqavilə bağlanılmış və müvafiq təlimat hazırlanmışdır.
Heydər müəllimin toxunduğu bir məsələ ilə bağlı mən müvafiq icra orqanlarının rəhbərləri ilə danışmışam. Hamısı razılıq hissi ilə bildirir ki, bütün bu kimi faktlara adları çəkilən qurumlar, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı nazirliklərində, “Azərenerji”, “Azəriqaz” və digər müəssisələrdə müsbət münasibət olmuşdur. Bu, həqiqətən də, Azərbaycan Respublikasında qloballaşan dünyada şəffaflığın artırılması istiqamətində işlərin genişləndiyi bir şəraitdə, təbii ki, müsbət bir hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Hesabatdakı təhlillərdə o da qeyd olunur ki, dünya təsərrüfat sistemində yüksələn xətlə davam edən əlverişli neft konyunkturası Azərbaycan iqtisadiyyatının imkanlarını daha da artırmış, son bir neçə ildə ölkəmiz üçün xarakterik sayılan maliyyə təminatı problemini həll etmişdir. Bu da hökumətin qarşısında iqtisadiyyatın böyük maliyyə axınları şəraitində dayanıqlığının təmin olunması vəzifəsini qoymuşdur. Mahiyyətcə çox mütərəqqi və aktual olan bu məsələ Palatanın qənaətinə görə, hökumətin büdcə siyasətinə yeni prizmadan baxmasını zərurətə çevirmişdir. Belə bir şəraitdə maliyyə axınlarının güclənməsi inflyasiya təzyiqi yarada bilər. Bunu nəzərə alaraq, potensial maliyyə axınlarının müxtəlif xarakterli uçotunun idarəolunma funksiyaları ilə qarşılıqlı uzlaşmasının təmin olunması, büdcə xərclərinin proqramlılığının, inkişaf yönümlülüyünün yüksəldilməsi rəydə əsas qiymətləndirilmə meyarları kimi qəbul edilmişdir.
Hesabatdan çıxarılan ən vacib nəticə ondan ibarətdir ki, bu orqanın büdcə gəlirlərinin formalaşmasında məsuliyyət daşıyan Vergilər Nazirliyi, Gömrük Komitəsi və digər strukturlarla apardığı iş daha konstruktiv xarakter daşıyır. İqtisadi işin, iqtisadi təhlilin təkmilləşdirilməsinə xidmət edən daha səmərəli təftişlər formalaşır. Bu zaman dövlət gəlirlərinin bu və ya digər amillərdən asılı olaraq dəyişilməsi meyillərinə münasibət bildirilir, əlaqədar təşkilatlara tövsiyələr verilir, bir çox hallarda haqlı olaraq iradlar tutulur.
Hesabatdan göründüyü kimi, müvafiq strukturlar qanunun aliliyini əsas tutaraq belə təklif və iradlara məsuliyyətlə yanaşırlar. Bu kimi yanaşmanın getdikcə möhkəmlənməsi Hesablama Palatasının 2007-ci ildə fəaliyyətini xarakterizə edən müsbət cəhətlərdən biridir. Hesablama Palatası bütövlükdə hökumətlə, onu təmsil edən iqtisadi strukturlarla, dövlət büdcəsindən maliyyələşən təşkilatlarla əlaqələr qurur. Onun bu sahədə işgüzar əməkdaşlığının formalaşması, inkişafı istiqamətində apardığı iş son vaxtlarda xeyli canlanmışdır. Haqlı olaraq hesab edilir ki, uçot, hesabat sistemində təkmilləşmələrin aparılması zamanın tələbidir və çox vacibdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz mühasibat uçotu haqqında çox zəruri qanun qəbul etmişik. Respublikada beynəlxalq uçot sisteminə keçidlə bağlı da mühüm işlər görülür. Komissiyamızda o da qabarıq şəkildə vurğulandı ki, bir sıra qurumlarda, – istər dövlət, istərsə də özəl sektorda, – mühasibat uçotunun vəziyyəti qənaətbəxş deyildir və bir çox neqativ meyillər, problemlər hələ də qalmaqdadır.
Sizə məlumat vermək istəyirəm ki, bu barədə biz Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumlarla söhbətlər aparmışıq. Yaxın vaxtlarda, yəqin ki, Maliyyə Nazirliyi ilə Hesablama Palatası iqtisadi əməkdaşlıq çərçivəsində uçot və hesabat işinin təkmilləşdirilməsi istiqamətində daha cəsarətli, daha konkret addımlar atmalıdırlar. Hesablama Palatasının, əlbəttə, Vergilər Nazirliyi ilə də işgüzar əməkdaşlığının inkişafı sahəsində atdığı addımlar təqdirəlayiqdir. Mən deyərdim ki, bütövlükdə Hesablama Palatasının ali maliyyə-nəzarət orqanı kimi bu istiqamətdə fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir.
Hesablama Palatasının iri vergi ödəyicilərində apardığı yoxlamaların nəticələri Vergilər Nazirliyi, iri vergi ödəyiciləri tərəfindən çox pozitiv hal kimi qiymətləndirilir. Odur ki, qarşılıqlı müzakirələr nəticəsində vergi daxilolmalarının, vergi mədəniyyətinin yüksəlməsinə xidmət edən tədbirlər görülür. İri vergi ödəyicilərinin büdcə qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Hesablama Palatasının təklifləri vardır. Həqiqətən, iri vergi ödəyiciləri problemi neçə illərdir ki, Azərbaycanda həll olunmur, hətta büdcə qarşısında onların borcları var. Mən hesab edirəm ki, Hesablama Palatasının bu istiqamətdə apardığı təftiş və Vergilər Nazirliyi ilə birgə işgüzar fəaliyyəti qarşıdakı ildə də öz müsbət nəticəsini verəcəkdir.
Hesablama Palatası haqlı olaraq, neqativ hal kimi iri vergi ödəyicilərinin gəlir və xərclər smetasının vaxtında təsdiq edilməməsini də vurğuladı. Bilirsiniz, Nazirlər Kabinetinin xüsusi qərarı ilə iri vergi ödəyicilərinin gəlir və xərclər smetası təsdiq olunmalıdır. Hesablama Palatası müəyyən edib ki, bu istiqamətdə görülən işlər hələlik kifayət deyildir.
Hesablama Palatasının hesabatında qarşılıqlı borcların ciddi xarakter almasının və müvafiq tədbirlər görülməsinin vacibliyi bildirildi. Uzun illərdən bəri yığılıb qalmış bu problem barədə dəfələrlə Milli Məclisin əvvəlki iclaslarında da danışılıbdır. Onun həlli üçün Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Neft Şirkəti və “Azərenerji” Səhmdar Cəmiyyətinin birgə işi tələb olunur. Hesablama Palatası bu istiqamətdə öz fəaliyyətini canlandırmalıdır. İqtisadi siyasət daimi komissiyası da bu fikirdədir ki, qarşılıqlı borclar məsələsi hökumətin və müvafiq strukturların diqqət mərkəzində olmalıdır. Bunun həlli ölkə iqtisadiyyatının sağlamlaşdırılması, investisiya mühitinin yaxşılaşması, neqativ meyillərin aradan qaldırılması üçün çox vacibdir.
2007-ci ildə Hesablama Palatasının fəaliyyətində daha bir müsbət tədbir baş vermişdir. Söhbət ayrı-ayrı vacib iqtisadi qurumlarla qarşılıqlı əməkdaşlıq barədə razılaşma memorandumunun hazırlanmasından gedir. Artıq Dövlət Sosial Müdafiə Fondu ilə belə bir razılaşma memorandumu hazırlanmışdır. Ötən il Hesablama Palatasının beynəlxalq əlaqələri genişlənmiş, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, texnoloji təchizat sisteminin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli dəyişikliklər edilmişdir. Bu barədə hörmətli Heydər müəllim kifayət qədər məlumat verdi.
Komissiyamızın iclasında Hesablama Palatasının fəaliyyətinin daha da təkmilləşməsi ilə bağlı bir sıra təkliflər irəli sürüldü. Ümumiyyətlə, Hesablama Palatasının 2007-ci ildəki fəaliyyəti komissiyanın yekdil fikrinə görə müsbət qiymətləndirildi. Görülən işlər, aparılan iqtisadi araşdırmalar bir daha sübut edir ki, respublikada maliyyə vəsaitlərindən istifadəyə nəzarətlə bağlı görülən işlər geniş vüsət alıbdır. Ölkədə getdikcə sivil, beynəlxalq standartlara uyğun maliyyə-nəzarət sistemi mexanizmi formalaşır, büdcə vəsaitlərindən istifadədə şəffaflığın təmin edilməsi üçün konkret addımlar atılır.
Bu yaxınlarda “Hesablama Palatası haqqında” Qanuna edilən əlavə və dəyişikliklər ali maliyyə-nəzarət orqanının fəaliyyətinin daha da canlanmasına, ölkənin artmaqda olan maliyyə resurslarından daha səmərəli istifadə edilməsinə, Azərbaycanda demokratikləşmə proseslərinin yüksəlməsinə, korrupsiya hallarının aradan qaldırılmasına imkan verəcəkdir.
İqtisadi siyasət daimi komissiyası Milli Məclisin üzvlərindən xahiş edir ki, Hesablama Palatasının 2007-ci ildə fəaliyyəti haqqında hesabatına öz müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Hesabatın müzakirəsinə başlayırıq. Astan müəllim, sualınız var?
A. Şahverdiyev. Bəli, Ziyafət müəllim.
Sədrlik edən. Buyurun.
A. Şahverdiyev. Çox sağ olun. Mən yüksək səviyyədə hazırlanmış bu hesabatın lehinə səs verəcəyəm. Hörmətli Heydər müəllimə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aid sualım var.
Hesabatın 57-ci səhifəsində qeyd olunub ki, Qaçqınkomun və qeyd edilən kommunal təşkilatların baha xidmət göstərdikləri qaçqın və məcburi köçkünlərin sayı barədə məlumatlarında fərqlər aşkar edilmişdir. O cümlədən birinci tərəf kimi Qaçqınkom, ikinci tərəf kimi Bakı Elektrik Şəbəkəsi, Sumqayıt Elektrik Şəbəkəsi və İmişli RYT-yə dair faiz və rəqəmlər dəfələrlə göstərilmişdir. Hörmətli Heydər müəllimdən soruşmaq istəyirəm ki, bu rəqəmlərin fərqli olması kimin, hansı təşkilatın verdiyi məlumatın düzgün olmadığına dəlalət edir. Bir də Siz burada bir rəqəm dediniz. Məcburi köçkünə və ya qaçqına ayda 150 kilovat elektrik enerjisi güzəşti verilir. Bütövlükdə bu, bütün il üzrə götürülür. Mən hesab edirəm ki, bu cür normanın qəbul olunmasında da fərqi nəzərə almaq lazımdır. Yay aylarında bir, qış aylarında başqa bir rəqəm olmalıdır. Buna Sizin münasibətiniz necədir? Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vasif Əliyev.
V. Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bu ilin hesabatı mənim həddindən artıq xoşuma gəldi. Tənqidi formada hazırlanmış hesabatı Heydər müəllim çox gözəl təqdimatla bizə çatdırdı. Mən bunun qəbuluna səs verəcəyəm.
Belə bir sualım var. Çıxışda qiymətlərlə əlaqədar bir problemə toxunuldu. Bu gün Bakıda çoxlu sayda pullu poliklinikalar, diaqnostika mərkəzləri var. Hara gedirsən, hərəsində qiymətlər müxtəlifdir. Maqnit- rezonans tomoqrafiya çıxarmaq üçün Mərkəzi Klinik Xəstəxanada 160-170 manat, digər yerdə 150 manat, o birisində 130 manat vəsait tələb olunur. Heydər müəllimdən soruşmaq istəyirəm ki, bu qiymətlərin formalaşmasında İqtisadi İnkişaf Nazirliyinin nə dərəcədə rolu var və Siz bunu nə formada təyin edə bilərsiniz? Sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirəyə başlayırıq. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İlk öncə müzakirə olunan məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, hesabatla tanışlıqdan sonra hər kəsə, doğrudan da, Hesablama Palatasının fəaliyyətində müsbət mənada dəyişikliklər baş verməsi bəlli olur. Hesablama Palatası üç təşkilatda yoxlama aparmaqla büdcə vəsaitlərinin ölkədə necə xərclənməsi ilə bağlı real vəziyyəti bizə çatdıra bilib. Çox təəssüf ki, bu vəziyyət heç də ürəkaçan deyil.
Hesabatdan görünür ki, büdcə vəsaitləri bəzi hallarda lüzumsuz qiymət artırmaları, bəzi hallarda isə izafi sərf edilmək yolu ilə mənimsənilir. Burada qeyd olunub ki, guya bu, izafi sərf olunur. Hörmətli millət vəkilləri bilirlər ki, söhbət heç də lüzumsuz qiymət artırmaqdan, izafi sərfdən getmir, büdcə vəsaitinin mənimsənilməsindən gedir.
Hesablama Palatası büdcə vəsaitlərinin istifadəsi ilə bağlı yoxlamalar aparandan sonra müəyyən nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq təşkilat rəhbərlərinə göstərişlər verir. Bu göstərişlərlə, hesabatda qeyd olunduğu kimi, bəzi hallarda, məsələn, 37-ci səhifədə yazılıb ki, müəyyən mənada onların aradan qaldırılmasına nail olunur. Burada məlum deyil ki, “müəyyən mənada nail olunmaq” nə deməkdir. Belə çıxır ki, bunun bir hissəsi, ümumiyyətlə, öz həllini tapmır. Bu formada yoxlamalar aparmaqla və bu cür tədbirlər tətbiq etməklə, mən hesab edirəm ki, maliyyə sektorunda büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı ciddi nizam-intizam yaratmaq mümkün deyil. Mən də, tutaq ki, bir büdcə təşkilatına rəhbərlik edən şəxslərdənəm. Mən bilirəm ki, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində yoxlama apardı, filan nöqsanları ortaya çıxardı və sonra da dedi ki, aşkar edilən nöqsanları düzəldin. Görün, nə qədər büdcə təşkilatları var. Birinci, bütün büdcə təşkilatlarında nə vaxt belə yoxlamalar aparılacaq? Aparılmayacaq, bu yoxlamalar aparılarsa, həmin vəzifəli şəxs fikirləşəcək ki, nöqsanlar aşkar olunarsa, mən onları aradan qaldıraram. Bununla da məsələ bitmiş hesab olunur.
Mən hesab edirəm ki, bizim müvafiq daimi komissiyalarımız var. Mən iki məsələyə – müdafiə və kənd təsərrüfatı ilə bağlı olan məsələlərə diqqət yetirmək istəyirəm. Hal-hazırda ərzaq problemi dünyanın bir nömrəli məsələsi kimi gündəmə gəlib. Bir çox ölkələrdə artıq ərzaqla bağlı acların qiyamı başlayıb. Dövlətlər kənd təsərrüfatına vəsait ayırır ki, bu sahə inkişaf etdirilsin. Hesabatda isə qeyd edilir ki, bu, lüzumsuz istifadədir. Məncə, bu, lüzumsuz istifadə deyil.
Bizim Aqrar siyasət, Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyalarımız var. Mütləq bu komissiyalarda hesabatda göstərilən nöqsanlarla əlaqədar olaraq vəsaitin xərclənməsinə dair dinləmələr aparılmalıdır. Nəticələr müvafiq komissiyaların qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməlidir ki, müvafiq vəzifəli şəxslər qanunla müəyyən olunmuş qaydada cəzalandırılsınlar. Cəzanın ümumi xəbərdarlıq məqsədi var. Bu, digər büdcə təşkilatlarının rəhbərləri üçün də xəbərdarlıq olmalıdır ki, onlar büdcə vəsaitlərini istədikləri kimi dağıtmasınlar və izafi sərf etməsinlər, yaxud da lüzumsuz qiymət artırmasınlar. Biz bilirik ki, lüzumsuz qiymət artırılması, yaxud izafi sərf deyəndə bunların arxasında hansı maraqlar dayanır.
Müdafiə ilə bağlı burada qeyd olunub ki, bazar qiymətindən artığa mallar alınır. Niyə? Bu, araşdırılmalıdır. Haqlı olaraq hesabatda da bu məsələlər öz əksini tapıbdır.
Mən çox vaxt aparmaq istəmirəm, çünki həmkarlarım da çıxış edəcəklər. Fikrimi bir daha ona yönəltmək istəyirəm ki, Hesablama Palatasının hesabatını qəbul etməklə Milli Məclis öz işini bitirməməlidir. Bu hesabat ona görə Milli Məclisə verilir ki, hesabatda göstərilən nöqsanlarla bağlı Milli Məclis müvafiq qərarlar qəbul eləsin, onların aradan qaldırılması istiqamətində öz tərəfindən müəyyən addımlar atmış olsun. Mən hesab edirəm, dünyanın bütün inkişaf etmiş ölkələrində belədir. Amerika Birləşmiş Ştatlarını götürək, gündə ayrı-ayrı komissiyada bu və ya digər vəzifəli şəxs dinlənilir, ona üzvlər tərəfindən suallar verilir, qaranlıq məsələlər aydınlaşdırılır. Əgər orada qanun pozuntuları aşkar olunarsa, sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir. Bizim Milli Məclisdə də onun dövlət quruculuğu, ölkədəki maliyyə intizamının yaradılması prosesindəki rolunu, nüfuzunu artırmaq üçün bu addımlar atılmalıdır.
Xatırlayırsınızsa, cənab Prezident özü burada çıxış eləyəndə, dedi ki, o, Milli Məclisdən dövlət quruculuğu prosesinə kömək gözləyir, bu sahədə müəyyən addımların atılmasını istəyir. Ona görə də Milli Məclis sonda qərar qəbul eləsin, yoxlamalar aparılan zaman aşkar olunmuş nöqsanlarla bağlı müvafiq nazirliklərin burada, müvafiq daimi komissiyalarda, bir daha vurğulayıram, dinləmələr keçirsin, nəticələr prokurorluq orqanlarına və digər əlaqədar təşkilatlara göndərilsin. Bu, həm intizam-tənbeh tədbirlərinin görülməsi, həm də günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün vacibdir. Sağ olun.
 
Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

 
Sədrlik edən. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörməti millət vəkilləri! Mən də Hesablama Palatasının 2007-ci ildə fəaliyyəti haqqında hesabatını diqqətlə oxumuşam. Əvvəlcə bir şeyi qeyd edim ki, Hesablama Palatasının budəfəki hesabatı forma cəhətcə məni qismən qane elədi. Bundan əvvəlki formalarda konkretlik az idi. Bu dəfə, ən azı, audit aparılan təşkilatlardan kifayət qədər rəqəmlər, faktlar ardıcıllıqla sadalanır. Çox təəssüf ki, sadalanan faktlarla, əskikliklərlə bağlı nədənsə tədbirlər planı və nəticə hissəsi yoxdur. Sadəcə, faktları sadalamaqla, müəssisələrə bu və ya digər şəkildə vaxt verməklə onları aradan qaldırmaq mümkün deyil. Bu istiqamətdə irəli sürülən təkliflər Hesablama Palatasının bugünkü hesabatında düzgün deyil.
Mən burada sadalanan faktlara diqqət eləyir və görürəm ki, onların böyük əksəriyyəti cinayət məsuliyyəti yaradan hallardır. Belə hallarda Hesablama Palatası müvafiq şəkildə hüquq mühafizə orqanlarına, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və sair səlahiyyətli qurumlara bununla bağlı kifayət qədər ciddi material verməlidir. Büdcə vəsaitlərinin dağıdılması, onlardan qeyri-səmərəli istifadə edilməsi ilə əlaqədar inzibati tədbirlər görülməsi vacib məsələdir. Təəssüf ki, sadalanan faktların aradan qaldırılması üçün çox yumşaq mövqe tutulur, bu da nəticə etibarı ilə büdcə vəsaitlərinin dağıdılmasına aparıb çıxarır.
Büdcədən ərzaq təminatı alanların tenderi ilə bağlı Heydər müəllim fikir söylədi. Mən Hesablama Palatasının hesabatına aid olmasa da, ərzaq təminatı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Bu gün dünyada ən vacib məsələlərdən biri hesab olunan ərzaq proqramı bütün dövlətlər tərəfindən ciddi şəkildə işlənilir. Yəni hər bir dövlət özünün ərzaq siyasəti kompleksini həyata keçirir. Hazırda Azərbaycanda 250 minə yaxın insana hər gün ərzaq təminatı almaq üçün büdcə vəsaiti ayrılır. Bəs ayrılan büdcə vəsaiti necə sərf olunur? Daxili bazarın formalaşması ilə, yoxsa xaricdən alınmaqla? Xaricdən alınan malların qiymətləri hansı formalarda isə süni surətdə şişirdilir.
Tender əməliyyatları kimlərin vasitəsi ilə həyata keçirilir. Burada hesabatda da var, Sədr də çıxışında qeyd etdi ki, bəzən tenderin qalibləri uzun illər eyni təşkilatlar olur. Nəticə etibarı ilə yoxlamaq lazımdır ki, bu təşkilatlar kimindir. Mən, təbii, belə hesab edirəm ki, Hesablama Palatası bu tender təşkilatlarının kimə mənsubluğunu yoxlasaydı, çox ciddi faktlar ortaya çıxardı.
Bəzən tenderi keçirən təşkilatlar, nazirliklər, ayrı-ayrı komitələr nə edirlər? Onlar yardımçı firmalar, şirkətlər yaradır və özlərinin yaxın adamlarını ora qoyurlar. Bu zaman, əslində, tender deyilən bir şey həyata keçirilmir. Eyni sistemin bir hissəsindən digər hissəsinə maliyyə vasaiti köçürürlər və bu şəkildə tənzimləməklə, sadəcə, öz fəaliyyətlərini tender adı ilə qanunlara salırlar. Nəticədə həm “Tender haqqında” Qanun pozulur, həm də uzun illər eyni sistemdə rəqabət prosesinin yaradılmaması rüşvətxorluğa, korrupsiyaya və büdcə vəsaitinin dağıdılmasına şərait yaradır. Ərzaq məhsullarının çeşidi barəsində də danışıldı.
Biz bir dəfə burada ayrı-ayrı qurumların ərzaq məhsulları çeşidlərinə baxanda çoxlu sayda nümunələr görmüşdük. Təəssüf ki, bu gün onların heç birini heç bir sistemdə almırlar. Mən onların adlarını çəkmək istəmirəm, amma ərzaq təminatı ilə bağlı bu gün ayrı-ayrı strukturlarda vəziyyət olduqca bərbaddır. Səhər-axşam menyunu dəyişməklə insanları yola verirlər. Hesablama Palatası bu tipli məsələlərə yer ayırmalı idi. Büdcə vəsaitinin ərzaq məhsullarının alınması istiqamətində necə sərf olunmasının, tender vasitəsi ilə bunları təmin edəcək şirkətlərin hansı vasitələrlə bu tenderi udmasının və başqa şərtlər daxilində prosesə qatılmaq istəyən şirkətlərin kənarda qalmasının hansı hüquqi normalarla tənzimləndiyini bu gün Hesablama Palatası öz hesabatında qeyd etməli idi. Bundan əlavə, hesab edirəm ki, xaricdən alınan ərzaq məhsullarının qiymətlərinin şişirdilməsi onların çeşidində ciddi şəkildə yoxlanılmalıdır. Doğrudur, hesabatda qeyd olunub ki, bəzi komitə və ya nazirliklər ərzaq məhsullarını və tenderdə udmuş olduqları məhsulları başqa-başqa qiymətlərə alırlar. Bunların Nazirlər Kabineti yanında müəyyən olunmuş ümumi qiyməti olmalıdır və onunla da satış qiymətləri, təbii ki, normal şəkildə tənzimlənməlidir. Yəni satış kiminsə hansısa normada istəyinə uyğun olaraq həyata keçirilməməlidir.
Yoxlama aparılan təşkilatlar bilməlidirlər ki, Hesablama Palatasının burada gəldiyi nəticə nə ilə bağlıdır, müəyyən etdiyi qanun pozuntuları nəyin ucbatından baş verir. Burada vergidən yayınma, vətəndaşların hüquqlarının pozulması, “Tender haqqında” Qanuna əməl olunmaması, qiymətlərin süni şəkildə şişirdilməsi, büdcədən gizlədilməsi, əlavə dəyər vergisinin ödənilməməsi və sair hallar var. Bütün bunların hamısı, əslində, ciddi hüquqi məsuliyyət yaradır. Həmin təşkilatlar onu da bilməlidirlər ki, Hesablama Palatası yoxlama apararkən onun nəticələrinə uyğun olaraq onlar müvafiq dövlət qurumları qarşısında, nəhayət ki, cavab verməli olacaqlar. Sadəcə, bunun üzərindən sükutla keçmək, bunu bu cür əsaslandırmaq ki, biz hesabatda qeyd etdik və gələn ilin hesabatınadək bütün bunların hamısı aradan qaldırılacaq, mən hesab edirəm ki, bu, doğru deyil, məsuliyyət yaratmır.
Hesablama Palatasının işinin aşağı səviyyədə təşkil olunması, onun əlavə qurum kimi Milli Məclisdə ildə bir dəfə hesabat verərək öz borcundan çıxması kimi dəyərləndirilirsə, belə çıxır ki, büdcədən alınan vəsaitin geri qaytarılması, nə onun səmərəliliyi, nə onun məsuliyyəti, nə də onun üzərində nəzarət funksiyasının həyata keçirilməsi baxımından ciddi bir addım atılmır. Hesab edirəm ki, Hesablama Palatası bu tipli məsələləri gələcək hesabatlarında nəzərə almalı, öz mövqeyini, rolunu, büdcə üzərindəki nəzarətini həyata keçirmək baxımından ciddi məsuliyyət yaradan bütün sənədlərin hamısını tədbir görülməsi üçün səlahiyyətli dövlət qurumlarına göndərməyi bacarmalıdır. Çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən belə hesab edirəm ki, Hesablama Palatasının bu hesabatı kifayət qədər peşəkarlıqla hazırlanıbdır. Əvvəlki illərlə müqayisədə material daha əhatəlidir və dəqiq təhlillərə əsaslanır.
Hesablama Palatasının hesabatına diqqət yetirəndə onu üç kateqoriyaya aid etmək olar. Birinci, müvafiq strukturlarda çalışanların zəruri qanunvericiliyə münasibətdə biliklərinin yetərincə olmaması, ikinci, məsul şəxslərin qanunvericilik aktlarının tələblərinə etinasız yanaşması, üçüncü, korrupsiya xarakterli kobud qanun pozuntularına yol verilməsidir. Bu üç amil, mən deyərdim ki, Hesablama Palatasının hesabatının əsas qayəsini təşkil edir. Bütün bunlara baxmayaraq, Hesablama Palatası keçən dövr ərzində, yəni 2007-ci ildə 2006-cı ilə nisbətən az audit və ekspert təhlili aparmasına baxmayaraq, mən deyərdim ki, bu ekspert təhlilləri çox yüksək peşəkarlıqla həyata keçirilmişdir. Aparılan təhlillərdən aydın olur ki, Azərbaycan iqtisadiyyatında baş verən çatışmazlıqlar, hökumətin bir sıra sahələrdəki nöqsanları Hesablama Palatasının rəyində öz əksini tapmışdır.
Hesabat çox mükəmməl hazırlanmışdır. Verilən rəylərə diqqət yetirəndə Azərbaycan iqtisadiyyatının indiki vəziyyətinə nəzarət formalarının daha da təkmilləşməsinə böyük ehtiyac olduğu qənaətinə gəlirsən. Məsələn, Hesablama Palatası 2006-cı il büdcəsinə rəy verərkən orada əlavə dəyər vergisinin ödənilməməsi, o cümlədən bir sıra idarələrin, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin proqnoz hesabatlarının lazımi səviyyədə aparılmaması, hətta müəyyən ehtiyatların olması öz əksini tapmışdır. Dövlət büdcəsi xərclərinin proqnozlarının da, faktiki olaraq, düzgün aparılmaması Hesablama Palatası tərəfindən bir daha göstərilmişdir. Yerli xərclərin, ümumiyyətlə, yerli gəlirlərin ümumi xərclərdəki xüsusi çəkisinin həddən artıq az olması, o cümlədən 2006–2007-ci ildə Dövlət Sosial Müdafiə Fondunda cari xərclər kimi göstərilən böyük məbləğlərin bu sahəyə yönəldilməsi mənfi hal kimi qeyd olunmuşdur. Hesablama Palatasının rəyi Azərbaycanın bir sıra nazirlik və şirkətlərində olan özbaşınalıqları üzə çıxarır.
Maliyyə-bank sistemində də bir sıra pozuntular müşahidə olunur. Misal üçün, “Aqrokredit” Qapalı Səhmdar Cəmiyyəti də mənfəət verən böyük bir təşkilatdır. Büdcəyə daxilolmaların, faktiki olaraq, bu təşkilatda yox səviyyəsində olmasını Hesablama Palatası mənfi rəy kimi öz hesabatında açıb göstərmişdir. Burada ümumi aparılmış analitik təhlillər, bir sıra idarələrdə, xüsusilə iri vergi ödəyicilərində audit yoxlamaları, nəzarət formaları da öz əksini tapmışdır.
Bir sıra dövlət şirkətlərində yüksək məbləğdə kredit formalarının, yəni kredit borclarının olması, debitor borclarının yığılıb qalması Azərbaycan iqtisadiyyatına, mən deyərdim ki, mənfi təsir göstərir. Bu, dövlət büdcəsinə daxilolmaların qarşısını alır. Ona görə bu məsələlər ciddi araşdırılmalıdır. Biz çox istərdik ki, Hesablama Palatasının apardığı yoxlamaların nəticəsi ilə Azərbaycan hökumətinin bizə verdiyi hesabat arasında müəyyən uyğunluq əmələ gəlsin. Yaxşı olardı ki, Hesablama Palatasının hesabatı bizə Azərbaycan hökumətinin hesabatından bir qədər əvvəl veriləydi. Biz onda Azərbaycan hökumətində olan bir sıra çatışmazlığın Hesablama Palatası tərəfindən üzə çıxarılmasının şahidi olardıq. Göründüyü kimi, biz hesabata indi baxırıq.
Qeyd etdiyim kimi, 11 iri vergi ödəyicisində böyük nöqsanlar, vəsait mənimsəmələri halları vardır. Düzdür, müəyyən yoxlamalardan sonra bunların müəyyən hissəsi dövlət büdcəsinə ödənilir, amma elə maddələrdən istifadə edilir ki, onlar “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə tamamilə ziddir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu var. Həmin qanuna əsasən balansı bilən hər bir təsərrüfat rəhbərinə bəllidir ki, həmin sənəddə əmək haqqı, müəyyən müavinətlər, pensiya və sair öz əksini tapmalıdır. Bir sıra təşkilatlarda, mən konkret ad çəkmək istəmirəm, onlar hamısı bir maddə ətrafında birləşdirilib. Bu nöqsan Hesablama Palatasının rəyində göstərilib. Belə vəziyyət, əlbəttə, ciddi mənimsəmələrə gətirib çıxarır.
Ümumilikdə götürəndə, bayaq burada ərzaq təhlükəsizliyi ilə əlaqədar məsələlərə toxunuldu, bu gün Azərbaycan dövləti üçün bütün dünyada olduğu kimi, ərzaq təhlükəsizliyi ən öndə gedən məsələlərdən biridir. Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yaradılmış aqrolizinqdə olan vəziyyət Hesablama Palatasının rəyində mənfi hal kimi göstərilmişdir. Yəni texnikanın çox yüksək qiymətlərə alınması, onun, demək olar ki, haradasa 40 faizə yaxınının anbarlarda yığılıb qalması məsələsi də bir daha ciddi araşdırılmalı, həmin nöqsanlar aradan qaldırılmalıdır.
Burada qeyd olunub ki, 2007-ci ildə Hesablama Palatası Rabitə Nazirliyində, o cümlədən Pedaqoji Universitetdə yoxlamalar aparmışdır. Bir sıra nöqsanlar, faktiki olaraq, aşkara çıxarılmışdır, amma onların aradan qaldırılması üçün hansı işlərin görülməsi, yaxşı olardı ki, hesabatda öz əksini tapaydı. Mən hesab edirəm ki, 8 ay müddətində, yəni Hesablama Palatasının yeni rəhbərliyinin fəaliyyət göstərdiyi dövrdə bu qurumun işində ciddi irəliləyişlər var. Faktiki olaraq, ilk dəfə olaraq biz burada olduğumuz üçüncü ildə, demək olar ki, mütəxəssis rəyinin hesabatını dinlədik. Bu hesabatı oxumaqla biz Azərbaycan hökumətinin işinə də qiymət verə bilərik. Burada həddən artıq qiymətli materiallar var. Onlarla Azərbaycan hökumətini və digər təşkilatları da tanış etmək lazımdır ki, gələcək hesabatlarda qeyd olunan nöqsanlar öz əksini tapmasın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əli Məsimli.
Ə. Məsimli. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Hesablama Palatasının 2007-ci ildə fəaliyyəti haqqında hesabat hesab edirəm ki, əvvəlki illərlə müqayisədə irəliyə doğru atılan ciddi bir addımdır. Hesabat yüksək səviyyədə hazırlanıb, kifayət qədər obyektivdir, dərin təhlilə əsaslanır və əvvəlki illərlə müqayisədə əhatəlilik dairəsi də yüksəkdir. Bu nöqteyi-nəzərdən komissiyada da müzakirə olunan zaman hesabatı müsbət qiymətləndirmişdim. Hesab edirəm ki, orada təkcə aidiyyəti olan təşkilatlara deyil, ümumiyyətlə, digər təşkilatlara da fikirləşmək üçün kifayət qədər zəngin material verən məqamlar var. 2008-ci ildə Azərbaycanda neft gəlirlərinin sürətlə artması mərhələsi başlayır. Bu həm Dövlət Neft Fonduna, həm də Azərbaycanın dövlət büdcəsinə gələn vəsaitlərin artmasına təsir göstərəcək. Son dövrlərdə Azərbaycanın dövlət büdcəsinə ilin ortasında yenidən baxılır, əlavələr olur.
Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, Hesablama Palatasının fəaliyyətinin gücləndirilməsinə və burada qaldırılan məsələlərin hökumətin digər təşkilatları ilə qarşılıqlı müzakirəsinə böyük ehtiyac var. Bu baxımdan ilk fikrim aşağıdakı kimidir: ya Hesablama Palatasının fəaliyyəti zaman etibarilə Nazirlər Kabinetinin hesabatı ilə uyğunlaşdırılmalı, ya da Hesablama Palatasının hesabatı zamanı qaldırılan məsələlər Nazirlər Kabinetinin hesabatında nəzərə alınmalıdır. Çünki bu, Nazirlər Kabinetinin həm fəaliyyətinin, həm də hesabatının sanbalını xeyli dərəcədə artırmış olar. Məlumdur ki, Nazirlər Kabinetinin hesabatı zamanı deputatların qaldırdığı məsələlər nəzərə alınır və hesabatın sonunda ona münasibət bildirilir. Hesablama Palatası da Milli Məclisin vacib strukturu olduğuna görə burada qaldırılan məsələlər mütləq Nazirlər Kabinetinin hesabatında cavablandırılmalıdır. Bu, indiki dövrdə və qarşıdakı illərdə bütövlükdə hökumətin fəaliyyətinin səmərəliliyinin artırılmasına çox sanballı bir təsir göstərəcək.
Diqqət çəkmək istədiyim növbəti məsələ ondan ibarətdir ki, burada qaldırılan məsələləri müəyyən mənada üç qrupa aid eləmək olar. Birinci qrupa aid olanlar əlaqədar təşkilatların özlərinin qanunvericilik sənədlərini lazımi səviyyədə bilməməsi ilə bağlı buraxdıqları səhvlərdir. İkinci kateqoriyaya aid olan səhvləri mən Azərbaycan qanunvericiliyinə etinasızlıqla bağlı nöqsanlar kimi qiymətləndirirəm. Amma üçüncü qrupa aid edilən səhvləri isə çox ciddi qanun pozuntuları hesab edirəm. Mən deyərdim ki, bunlar korrupsiya xarakterli nöqsanlardır və Hesablama Palatasında bunların arasında bərabərlik işarəsi qoyulmamalıdır. Hesab eləyirəm ki, üçüncü məsələyə bu il xəbərdarlıq şəklində, gələn ildən isə adekvat səviyyədə reaksiya verilməsinin vaxtıdır. Çünki Hesablama Palatasının ortaya çıxardığı nöqsanlar təkcə adı çəkilən təşkilatlar üçün yox, digər təşkilatlar üçün də xarakterik olduğuna görə, hesab eləyirəm ki, onların da bundan nəticə çıxarması çox vacib bir məsələdir.
Hesablama Palatasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün iki istiqamətdə qanunvericilik bazasının möhkəmləndirilməsini təklif edirəm: Birinci, bu yaxınlarda “Hesablama Palatası haqqında” Qanuna əlavələr edildi və hesab eləyirəm, bu iş davam etdirilməlidir. Bu sənədlər göstərir ki, səlahiyyətlər artdıqca Hesablama Palatası daha səmərəli, daha yaxşı işləyir. Ona görə də mən Hesablama Palatasının səlahiyyətlərinin artırılması və maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə təzə layihədə olan məqamların da əlavə edilməsi ilə “Hesablama Palatası haqqında” Qanunun təkmilləşdirilməsini təklif edirəm.
Eyni zamanda, mən maliyyə nəzarətinin gücləndirilməsi nöqteyi-nəzərindən yeni qanunvericilik sənədlərinin – Büdcə Məcəlləsinin, Dövlət maliyyə nəzarəti haqqında qanunun qəbul edilməsinin sürətləndirilməsini təklif edirəm. Hələ 2006-cı ilin büdcəsinin tətbiqi ilə bağlı Prezidentin fərmanında qeyd elədiyim bu sonuncu qanunun təqdim edilməsi məsələsi qoyulmuşdu. Keçən il hesabat zamanı da bildirildi ki, qanun artıq hazırdır, rəy üçün beynəlxalq təşkilatlara göndərilib. Amma bu günə qədər o sənəddən səs-səmir yoxdur. Hesab eləyirəm ki, sadaladığım qanunların qəbul edilməsi artan maliyyə vəsaitlərindən daha səmərəli istifadə istiqamətində mühüm əhəmiyyət kəsb edən sənədlər ola bilər.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Hesablama Palatasının hesabatında gəlirlər haqqında maraqlı məqamlar var. Orada əlavə gəlirlərin mənbələri göstərilir, bu da yaxşıdır. Neftsiz büdcəyə keçid istiqamətində əlavə mənbələr kontekstindən manevr etmək imkanlarımız hesabatda aşkarlanıb. Amma arzu eləyərdim ki, Hesablama Palatasının hesabatında xərclərlə, xüsusən dövlət investisiyaları ilə bağlı təhlillər genişləndirilsin, çünki vəsaitlər getdikcə artır. Hesablama Palatasının Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər strukturlarla əlaqələrinin genişləndirilməsi o vəsaitlərdən səmərəli istifadə edilməsində mühüm rol oynaya bilər.
Burada bir məqamı qeyd eləmək istəyirəm. Oqtay müəllim, 56-cı səhifədə ünvanlı sosial yardımla bağlı məqamlar öz əksini tapıb. Çox maraqlı tədqiqatdır. Heydər müəllim dedi ki, tədqiqat yarımçıqdır. Amma mən hesab eləyirəm ki, elə bu yarımçıq tədqiqatın özü əhalinin aşağı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi nöqteyi-nəzərindən çox mühüm əhəmiyyət kəsb edir. Mən həmin sənədlərdə maraqlı bir məqamla rastlaşdım. Deməli, ünvanlı sosial yardım üzrə xərclərin icrasının təhlili zamanı müəyyən olunur ki, alınmış nəticələr bir sıra makroiqtisadi göstəricilərə uyğunluq təşkil eləmir. Eyni zamanda, harada yoxsulların sayı çoxdursa, orada az səviyyədə ünvanlı sosial yardım verilir, harada azdırsa, orada çox verilir.
Mən tənbəllik eləməyib, Şəkinin timsalında bunu araşdırdım. Gördüm ki, doğrudan da, elədir. Nələri araşdırdım? Deməli, Şəkidə ünvanlı sosial yardım alanların sayını Azərbaycanda ünvanlı sosial yardım alanlarla müqayisə elədim. 16 faizlik yoxsulluq dərəcəsi əsasında hesablamışam. Halbuki Şəkidə yoxsulluğun səviyyəsi orta Azərbaycan göstəricisindən yüksəkdir. Bütün göstəricilər əhalinin ünvanlı sosial yardım alan hissəsinin faizinə görədir. Yoxsulların ümumi çəkisində ünvanlı sosial yardım alanların faizinə görə Şəkinin göstəriciləri orta Azərbaycan göstəricilərindən xeyli dərəcədə aşağıdır. Hesab eləyirəm ki, bu təkcə Şəki üçün deyil, respublikanın başqa regionları üçün də xarakterikdir.
Ona görə də ünvanlı sosial yardımın verilməsi şərtlərinin yumşaldılması, bilavasitə ünvanlı sosial yardımla əlaqədar problemlərin aradan qaldırılması ilə əlaqədar bir təklif irəli sürmək istəyirəm. Biz elektron hökumət layihəsini reallaşdırırıq. Mən bunu yüksək səviyyəli bir sənəd hesab eləyirəm. Yaxşı olar ki, elə elektron sistem vasitəsi ilə bu işi həyata keçirək, məmurla bilavasitə ünvanlı sosial yardım alanı bir-birindən ayıraq. Əgər sənədlər tələblərə cavab verirsə, vətəndaş ünvanlı sosial yardım alsın. Çünki nazirliklərin açıqlamalarına görə, onlarla insana töhmət verilməsinə və vəzifədən çıxarılmasına baxmayaraq, yenə bu sahədə problemlər qalmaqda davam edir. Ən yaxşı üsul məmurla ünvanlı sosial yardım alan arasındakı birbaşa əlaqəni aradan qaldırmaqdır.
Bir də, dünən 2008-ci ilin birinci rübünün hesabatı zamanı bir məsələ qaldırıldı. Yeni vəsaitlərin artırılmasında üç istiqamət göstərildi. Onun biri sosial istiqamətdir. Mən bunu yüksək qiymətləndirirəm. Eyni zamanda, qeyd eləmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondunda əlavə vəsaitlərin olması imkanları burada göstərilib. Bunun hesabına bu il təkcə pensiyaların artırılması yox, sovet dövründə yüksək əmək haqqı alıb, bu gün minimum pensiya səviyyəsinə yaxın pensiya alanların problemi də həll olunmalıdır. Bu istiqamətdə çox ciddi narazılıqlar var və bunu mütləq nəzərə almaq lazımdır.
Nəhayət, Hesablama Palatasının məhsullarının ictimaiyyətə çatdırılması üçün veb səhifəsi 2003-cü illə məhdudlaşmamalıdır. 2007–2008-ci illərin materialları ora əlavə edilsə, müqayisəli təhlil aparmaq üçün çox zəngin material verər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür eləyirəm, möhtərəm Sədr. Mən bu çıxışa hazırlaşarkən Hesablama Palatasının 2006-cı ildəki hesabatını da oxudum. Həmin hesabat Hesablama Palatasının indiki sədri hörmətli Heydər müəllim tərəfindən təqdim olunmuşdu. Sözün doğrusu, çıxışlara qulaq asarkən məndə belə bir təəssürat yarandı ki, bir çox həmkarlarımız keçənilki hesabatı oxumayıblar. Yoxsa burada builki hesabatın keçənilkindən daha konkret, daha ətraflı, daha əhatəli olması barədə fikirlər səslənməzdi.
Dediyim fikri təsdiqləmək üçün bildirim ki, keçən il Hesablama Palatası istər nəzarət-audit qaydasında, istərsə də analitik təhlil əsasında büdcə vəsaitlərinin gəlir və xərclər hissəsini, – təxminən bir neçə milyard manat, – əhatə eləyən material vermişdi. Orada hazırda Azərbaycan cəmiyyətini ən ciddi narahat eləyən və büdcə xərclərinin əsas hissəsini təşkil edən təsnifatın tikinti bölməsinə aid ciddi təhlillər aparılmışdı və bu təhlillərin sonunda da konkret təkliflər irəli sürülmüşdü. Bu gün istər Milli Məclisin, istərsə də Azərbaycan cəmiyyətinin həmin təkliflərin necə həyata keçirilməsi haqqında hər hansı bir məlumatı yoxdur. Mən həmin təşkilatları sizə xatırladıram. “Azərdəmiryol” idarəsində gəlirlər barədə nəzarət qaydasında audit keçirilmişdi. “Azərenerji” Səhmdar Cəmiyyəti və Sumqayıtda tikilən bir neçə yüz milyon dollarlıq dəyəri olan buxar-qaz qurğusu barəsində analitik təhlillər aparılmışdı. “Azəryolservis” əvvəl məhdud məsuliyyətli cəmiyyət idi, sonra isə açıq səhmdar cəmiyyətə çevrildi. Qeyd edim ki, ora ayrılan və xərclənən dövlət büdcəsi vəsaitinin auditi aparılmışdı. Sözün doğrusu, məndə yaranan təsəvvür ondan ibarətdir ki, Hesablama Palatası keçən il olduqca xatalı, təhlükəli zonaya daxil olubmuş və buna görə də builki hesabatda həmin sahə ilə bağlı bir dənə də məlumat yoxdur. Halbuki bilirsiniz ki, keçən il də, bu il də dövlət büdcəsinin təxminən otuz beş faizə yaxın vəsaiti bu sahəyə yönəldilmişdir.
İkinci bir məsələyə diqqəti cəlb eləyirəm. Mən hesabladım, xəstəxanalara ərzaq alınmasına, qarpız-yemiş, nə bilim, quru süd və sair alınmasına on milyonlarla büdcə vəsaiti xərclənib. Hesablama Palatasının özünün saxlanmasına ayrılan xərclər təxminən bu qədərdir. Mən indi bu məsələlərə toxunmaq istəyirəm. Heydər müəllim elə danışdı ki, mən az qala bu hesabatın özündən sahələrində cinayət xarakterli iri həcmli korrupsiya faktları bağıran nazirlərə nailiyyətlərinə görə orden vermək fikrinə gəldim. Sən demə, onlar başa düşüblər, şərait yaradıblar və sair. Bəzi deputatlar bu Milli Məclisdə dəfələrlə bildiriblər ki, ünvanlı sosial yardıma ayrılan vəsaitin ən azı 30 faizi mənimsənilir. Sübut da ortaya qoyulur. Mən üç dəfə Füzuli Ələkbərova məktub yazmışam ki, Sabirabad rayonunda ünvanlı sosial yardım verilən minə yaxın şəxsin siyahısını verin. Çünki xalq bilmək istəyir ki, bu yardım kimə verilib. Üç dəfə müraciət etsəm də, cavab almamışam. İndi mən onu məhkəməyə verməyə hazırlaşıram.
Aqrolizinq məsələsi barədə bir neçə kəlmə demək istəyirəm. Niyə Çindən eyni ildə, eyni markalı kənd təsərrüfatı məhsulları texnikası Gürcüstanda bizdən iki dəfə ucuz alınıb? Deməli, iki dəfə artıq oğurluq, korrupsiya olub. Niyə burada korrupsiya proqramının adını çəkməkdən başqa bir dənə də olsun “korrupsiya” sözü yoxdur. Hesablama Palatası kimdən qorxur? Hesablama Palatası özünü Milli Məclisin orqanı kimi aparmır.
Mən indi sizə qısaca bir neçə məsələni xatırlatmaq istəyirəm. Məsələn, Hesablama Palatası rübdə bir dəfə dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verməlidir. Bir dəfə də olsun, verməyib. Mən, heç olmasa, Sədrin adına göndərilmiş arayışla və sair ilə maraqlandım və hörmətli Ziyad müəllimə müraciət etdim. Bildirdi ki, onlarda da belə bir şey yoxdur.
Ümumiyyətlə, burada təsdiq olunmuş beynəlxalq müqavilələrin ekspertizası keçirilib. Hansı ekspertiza barədə Milli Məclisə məlumat verilibdir? Yaxud dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasına və istifadəsinə dair Milli Məclisə təlimat və digər başqa məsələlər barədə təkliflər veribmi? Hətta bugünkü hesabatda Milli Məclisə heç bir təklif verilməyibdir. Ona görə də bir daha təkrar eləyirəm, dövlət büdcəsinin tərtibində, xərclərin artmasında, ayrı-ayrı sahələrin ictimaiyyətə, o cümlədən Milli Məclisin özünə bildirilməsində – qanunun tələb elədiyi məsələlərdə qeyri-şəffaflıq sürətlə artmaqdadır. Ruhi xəstəxanada və ya bir kənddə nə qədər dondurulmuş ət alınması məsələsi araşdırılır. Bunlar da lazımdır, bunlar da yoxlanılmalıdır, deyilməlidir, amma başqa vacib məsələlər də var.
Hamımız bilirik ki, güc strukturlarında istifadə olunan ərzağın keyfiyyəti hansı səviyyədədir. Hamı bunu bilir, çünki kiminsə ya qohumu, ya da övladı orduda və yaxud da güc strukturlarında xidmət eləyib. Necə olur ki, bu ərzaq hətta bazar qiymətindən də artıq qiymətə alınıb? Burada zabitin, generalın, müdafiə nazirinin günahı yoxdur. Çünki bu, hərbçilərə aid olmayan bir mafiyanın əlindədir. Bu mafiya ölkənin siyasi strukturları, yüksək vəzifəli şəxslərlə əlaqədar olduğu üçün hətta Müdafiə Nazirliyi bu məsələyə müdaxilə eləyə bilmir. Aydındır ki, o, quru südə kimi verməlidir. İylənmiş, dondurulmuş əti kim, hansı firmadan verməlidir? Bu firmalar dövlət sirridir? Niyə onların adları açıqlanmır?
Yeri gəlmişkən, biz belə qərara gəlmişik ki, bu sahədə ictimai ekspertiza, təhqiqat işləri aparaq və nəticələri Hesablama Palatasına təqdim eləyək. Mən bilmirəm, Hesablama Palatasına bir nəfər də olsun deputat sorğu ilə müraciət edib, yoxsa yox, amma mən eləmişəm. 14 fevral 2007-ci ildə mənə Hesablama Palatasının o vaxtkı sədrinin imzası ilə məktub gəlmişdi ki, Sabirabada ayrılmış dövlət büdcə xərclərinin yoxlanılması iş planına daxil edilmişdir. Amma üzr istəyirəm, Sabirabad şəhərinin kanalizasiya-su sistemi ilə bağlı sorğuma heç bir cavab gəlmədi. İndi mənə – deputata məlumat verilmədisə, hansı vətəndaşın müraciətinə cavab verilər?
İndi mətbuatda çox dəhşətli faktlar verilir. Nazirlər Kabineti səviyyəsində əsaslı tikintiyə ayrılmış normativlər bizə ən yaxın ölkələrdən iki dəfə artıqdır. Türkmənistandan da, Ermənistan və Gürcüstandan da artıqdır. Burada dəfələrlə bildirildi ki, Amerika Birləşmiş Ştatlarında eyni şagird saylı məktəb binasının tikintisinə çəkilən xərc bizim Nazirlər Kabinetinin ayırdığı vəsaitdən səkkiz dəfə ucuzdur. Niyə bu məsələlərə cavab verilmir? Niyə bunlar təhlil olunmur və konkret istiqamətlər göstərilmir? Niyə Hesablama Palatası dövlət borclarının artırılması məsələsini hesabatda əks etdirməmişdir?
Mən Heydər müəllimi çoxdan tanıyıram, savadına da, qabiliyyətinə də şübhəm yoxdur. Amma açığını deyim ki, keçənilki hesabat indikindən daha cəsarətli, daha konkret idi. Heydər müəllimin çıxışı özünün təqdim elədiyi hesabatdan da çox zəif oldu. Açıq-aydın qorxur. Mən qəbul eləyirəm, onun qorxmasına və çəkinməsinə səbəb var. Çünki bu istiqamətdə hansı təhlükələrin olduğu və hansı təmas nöqtələrinə toxunulduğu hamımıza aydındır. Bu, siyasi bir məsələdir. Bir daha təkrar eləyirəm, bu məsələyə aydınlıq gətirilməlidir.
Mən bir də kənd təsərrüfatı ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirəm. Heydər müəllim dedi ki, kənd təsərrüfatı naziri kənd təsərrüfatının inkişafına şərait yaradıb. Mən də iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən bir rayondan seçilən deputatam. Təkcə bir bələdiyyənin ərazisində 600 hektar torpaq sahəsi əkilməyib. Çünki su, texnika yoxdur. Deyirlər ki, anbarlarda texnika tökülüb qalıb. Bir azdan taxıl biçini başlayır. Təqribən 12 kəndin ərazisində nə kombayn, nə də otbiçən maşın var. Kanallar da uçub-dağılıb. Hansı ərzaq təhlükəsizliyindən söhbət gedə bilər? Azərbaycan ciddi təhlükəyə, fəlakətə aparılır. Azərbaycanın var-dövləti, beş-on ildə neftdən gələn gəlirləri talan olunur, açıq-aydın oğurlanır. Bizim borcumuz, vəzifəmiz ondan ibarətdir ki, heç olmasa, Milli Məclisin orqanı olan Hesablama Palatası bu məsələlər barədə susmasın, lazımi materialları təqdim eləsin. Ən azı aldığımız maaş, bu tribunalarda oturmağımız, vəzifə borcumuz bizdən bunu tələb eləyir. Azərbaycan xalqı bu il seçkilərə gedəcəkdir. Mən iqtidara da təklif eləyirəm ki, ən azı seçki ilində bu deyilənlər nəzərə alınsın. Azərbaycan xalqı nəyə və hansı siyasətə səs verəcəyini biləcək. Təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Pənah müəllim, elə alovlu çıxış elədin ki... Fikrini hamıya aşılamaq istəyirsən, özü də şifahi ədəbiyyatda olduğu kimi, hansı qəzetdə nə yazılıb onu danışırsan. Deyirsən ki, burada tikilən məktəb ABŞ-da tikiləndən səkkiz dəfə bahadır. Bu tamamilə cəfəngiyyatdır, belə bir məsələ yoxdur. Ona görə xahiş eləyirəm, – jurnalistlər də buradadırlar, – konkret faktlarla danışın, yoxsa qəzetdə yazılıb, filan şey səkkiz dəfə bahadır, nə bilim, Gürcüstandan beş dəfə bahadır. Bunların hamısı həqiqəti əks etdirməyən məsələlərdir. Yəqin ki, sonda Hesablama Palatasının sədri bu suallara da cavab verər.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Müzakirəni davam etdiririk. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Hesablama Palatası ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Yeri gəlmişkən, mən də hesabatla bağlı müxalif fikirləri bölüşürəm. Ümumiyyətlə, Hesablama Palatası bütövlükdə dövlət büdcəsinə nəzarət funksiyasını yerinə yetirir. Amma təəssüflər olsun ki, bizdə bu oqran heç qarovulçu funksiyasını yerinə yetirə bilmir. Postsovet ölkələrinin bir çoxunda belə qurumların yaradılması hələ 1990-cı illərin ortalarında başlayıb, amma bizdə isə yalnız 1999-cu ildə bu məsələ ilə bağlı qanun qəbul olunub. Qurumun formalaşması işi isə 2001-ci ildə başa çatdırılıb. Təəssüflər olsun ki, həmin vaxtdan ötən dövr ərzində palatanın qanunda nəzərdə tutulan çərçivədə belə ölkədə ali dövlət maliyyə nəzarəti orqanı vəzifəsinin öhdəsindən gəldiyini söyləmək mümkün deyil.
Palata cəmiyyətdə və dünyada ən korrupsiyalaşmış strukturlar sayılan təşkilatlarda yoxlama aparsa da, Milli Məclisə təqdim edilən illik hesabatlardan aydın olur ki, onların heç birində büdcə vəsaitləri mənimsənilməyib, hətta israfçılığa da nadir hallarda rast gəlinir. Hər halda biz bunu hörmətli sədrin çıxışından aydın gördük.
Hesablama Palatasının hesabatında göstərilir ki, “Aqrarkredit” Qapalı Tipli Səhmdar Cəmiyyəti 2007-ci ilin 3-cü rübü üzrə mənfəətlə işləməsinə baxmayaraq, gəlirlərindən büdcəyə heç bir vəsait ödəməyib. Halbuki biz vergidən yayınma maddəsi üzrə ittiham olunan Eynulla Fətullayevin 8 il yarım iş almasının şahidiyik. İlkin nəzarət qaydasında Hesablama Palatası tərəfindən aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, büdcə vəsaitləri hesabına yeni maşın və avadanlıq alan bəzi dövlət təşkilatları bunun müqabilində əsaslı təmir xərclərini çoxaltmışlar. Lakin bir qayda olaraq, avadanlıq parkı yeniləşən müəssisələrdə əsaslı təmirə yönələn xərclər hökmən azaldılmalıdır.
Palata məlum səbəblərdən ötən il dövlət büdcəsinin üçdə birini təşkil edən sənaye və tikinti xərcləri bölməsindən maliyyələşən xərclərin icrası zamanı baş verən qanunsuzluqların üstündən sükutla keçir. Heç bu məsələyə diqqət çəkilmədi və bununla bağlı bir kəlmə də söylənilmədi. Məsələn, nədənsə Tovuzun Hacı Həsənli kəndində 1 əlavə sinif otağının tikintisinin 84 min manata başa gəlməsinə, Xaçmaz rayonu Mehrəliqışlaq kənd orta məktəbinin tikintisində 1 şagirdə düşən xərcin 3000 manatdan çox olmasına izahat verilmir.
Hesabatın “Analitik təhlil işləri” bölməsindəki məlumatdan aydın olur ki, hər növbəti il üçün iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunması nəzərdə tutulsa da, 2007-ci il üçün smetalar təsdiq edilməmişdir. Nəyə görə hesabat ilində gəlirləri dövlət büdcəsinin gəlirlərindən geri qalmayan Azərbaycan Dövlət Neft Şirkəti Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli qərarını pozur? Hesablama Palatası bu barədə yalnız xatırlatma edir.
Bəs bu vəziyyətdə Hesablama Palatası iri vergi ödəyicilərinin maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən təhlilləri necə aparıb? Gəlir və xərcləri hansı normativlərlə müqayisə edib, kənarlaşmaları necə müəyyən edib? Görəsən, nədən fermerlərin aqrokimyəvi maddələrə və pestisidlərə kəskin ehtiyacının yarandığı və məhz bu səbəbdən də aqrar bölmədə məhsuldarlığın aşağı düşdüyü şəraitdə hesabatın “Audit nəzarət tədbirləri” bölməsində göstərildiyi kimi, 1 milyon 301 min manatlıq pestisidlər “Aqrolizinq” Açıq Tipli Səhmdar Cəmiyyətinin anbarında istifadəsiz qalıb?
Ümumiyyətlə, fəaliyyətə başladığı vaxtdan indiyə qədər Hesablama Palatasının öz yaranma məqsədinə uyğun işi görünməyib. Halbuki bir sıra analoji qurumlar, sözün həqiqi mənasında, dövlət büdcəsi vəsaitinin bayaq dediyim kimi, mühafizəçisinə çevriliblər. Məsələn, yaxın qonşularımız olan Rusiya və Qazaxıstanda Hesablama Palatası dövlət vəsaitlərinin sərəncamvericiləri olan məmurların az qala hər addımına nəzarət edir. Ona görə də həmin ölkələrdə bu qurum kifayət qədər sayılıb-seçilir. Hətta Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşinin adı ölkədə az qala əfsanəyə çevrilib. Onun rəhbərliyi ilə palata Rusiya Müdafiə Nazirliyindən tutmuş xırda təsərrüfat subyektlərinə qədər büdcədən maliyyələşən, dövlət vəsaitləri ilə əlaqəsi olan bütün strukturların fəaliyyətini mütəmadi olaraq təftiş edir və bununla bağlı məlumatlar verir. Hətta qurumun öz strukturları da bu prosesdən kənarda qala bilmirlər. Belə ki, ötən ilin avqust ayında Hesablama Palatasının rəhbərliyi yoxlama apardığı qurumların rəhbərliyi ilə sövdələşməyə gedərək dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradan bir auditorun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə prokurorluğa müraciət edib.
Rusiya Hesablama Palatasının rəsmi veb səhifəsində bütün nəzarət-yoxlama fəaliyyətinin nəticələrini özündə əks etdirən aylıq bülletenlərə, ictimai qəbulla bağlı qaydalara, operativ cavablandırılan sorğu-sual xidmətlərinə, bir sözlə, hər gün yeniləşən ekspert-analitik fəaliyyətin bütün detallarını özündə əks etdirən on minlərcə səhifə həcmində məlumata rast gəlmək mümkündür. Bizim Hesablama Palatasının rəsmi saytındakı materiallar isə heç 20 səhifə həcmində deyil. Onların da çoxu qanun və onun çıxarışlarından ibarətdir. Elə bu müqayisə göstərir ki, bizim Hesablama Palatası qarşısında görüləsi çox iş var. Hesablama Palatasının özündə və Milli Məclisin rəhbərliyində bu qurumun qeyri-effektiv fəaliyyəti bir neçə amillə izah olunur. Birinci və ən çox səsləndirilən amil palatanın cavan olması ilə bağlıdır. Yəni bu iddia ona görə söylənilir ki, Rusiyada və Qazaxıstanda 10 ildən artıqdır, bu qurum formalaşıb və onların fəaliyyət göstərməsi üçün uyğun bir müddət keçib. Amma mənə elə gəlir ki, 7-8 il də Hesablama Palatasının fəaliyyəti üçün az müddət deyil.
Nisbətən az və məhdud çevrədə səsləndirilən ikinci arqument qanunvericilikdə palataya digər ölkələrdə olduğundan daha az səlahiyyətlərin verilməsidir. Bununla razılaşmaq olar və doğrudan da, Hesablama Palatasına geniş səlahiyyətlər verilməlidir. Digər ölkələrdə olduğu kimi, onlara hər hansı bir müəssisədə yoxlamalar aparmağa, nəticələr haqqında Milli Məclisə və ictimaiyyətə məlumat verməyə heç bir qadağa, maneə olmamalıdır. Bu arqumenti qəbul edərək bildirək ki, həqiqətən də, Rusiyada, Qazaxıstanda analoji qurumlara geniş səlahiyyətlər verilib. Lakin məsələ burasındadır ki, Azərbaycanda bu quruma verilmiş səlahiyyətlər çərçivəsində görülməsi mümkün olan işlərin heç onda biri də reallaşmayıb və o səlahiyyətlər veriləndən sonra yüzdə biri reallaşacaqmı? Bu da hələ bəlli deyil. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Arzu Səmədbəyli, birinci, dövlət təşkilatını “qarovulçu” adlandırmaq ən azı hörmətsizlikdir. Bir də, şükür ki, bu dəfə bizi Amerika, Fransa ilə yox, Rusiya ilə müqayisə etdiniz. Ancaq biz onsuz da bilirik ki, onlar nə qədər işləsələr də, nə qədər müsbət işlər olsa da, sizin gözünüz bunu görməyəcək. Siz Hesablama Palatasının 8 ay ərzində gördüyü işləri heç etdiniz. Bu Sizin öz işinizdir. Heç olmasa, hərdən insafla danışın. Görülən işlərdən danışmaq lazımdır. Müxalifətçi olmaq o demək deyil ki, ağa qara, qaraya da ağ deyəsən. İlham Məmmədov.
İ. Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ali maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının 2007-ci ildəki fəaliyyəti haqqında Hesablama Palatasının sədri hörmətli Heydər müəllimin çıxışını dinlədik. Mən şəxsən bizə təqdim olunan hesabatla yaxından tanış olmuşam. Əlbəttə, Milli Məclisin ali maliyyə nəzarətini həyata keçirən bir orqanın işinin qısa müddətdə belə yüksək səviyyədə təşkil olunması bizim üçün xoşdur və bizi sevindirir. Hesabatla tanışlıq və palata sədrinin çıxışı göstərdi ki, hörmətli Oqtay müəllim, Sizin də qeyd etdiyiniz kimi, doğrudan da, qısa müddət ərzində çox işlər görülüb. 2007-ci ilin hesabatı Azərbaycanda gedən sosial-iqtisadi proseslər kontekstində daha keyfiyyətli tərtib olunub.
Keçən il hesabat zamanı Milli Məclisdə bir çox iradlar və nöqsanlar səsləndirilmişdi. Bunları qısaca nəzərinizə çatdırıram. Burada makro-iqtisadi təhlilin düzgün aparılmaması və ya zəif hazırlanması, koordinasiya işinin düzgün qurulmaması, informasiya bazasının qeyri-qənaətbəxş olması göstərilmişdi. Yadınızdadırsa, Milli Məclisdə hörmətli Heydər müəllim Hesablama Palatasının sədrliyinə təqdim olunarkən vurğulamışdı ki, Hesablama Palatası nəinki fiskal vəziyyəti, həmçinin makroiqtisadi durumu təhlil edən və onun tənzimlənməsinə təsir göstərən bir quruma çevrilməlidir. Keçən qısa vaxt ərzində bu günün reallığı artıq göz qabağındadır. Doğrudan da, qarşıya qoyulan məqsədə nail olunubdur.
Hesabatla tanış olarkən burada analitik təhlil işlərinin və dövlət büdcəsi xərclərinin auditi hissəsinin çox yüksək səviyyədə hazırlanması diqqətimi cəlb etdi. Analitik təhlil işləri, doğrudan da, yüksək səviyyədə aparılmışdır. Mən, əlbəttə ki, bunların hamısını sadalamıram, yalnız bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Təhlillər nəticəsində aydın olub ki, hələ də ştat vahidlərinin tam komplektləşdirilməməsi bir sıra problemlər yaradır. Bildiyiniz kimi, elə struktur sahələri vardır ki, dövlət büdcəsindən ora ayrılan maliyyə vəsaitinin əsas hissəsi məhz ştat vahidləri üzrə əmək haqlarının ödənilməsinə sərf olunur. Yenə də analitik təhlil işlərinin nəticəsində müəyyən struktur sahələrdə bir sıra nöqsanlar aşkar olunmuş və onların sahə nazirlərinin diqqətinə çatdırılaraq dövlət büdcəsinə qaytarılması məsələsi təmin olunmuşdur. Əlbəttə, bu da Hesablama Palatasının gördüyü ən uğurlu işlərdən biridir.
Bu hesabatda diqqətimi çəkən əsas məsələlərdən biri barədə qısaca danışmaq istəyirəm. Xəstəxanalarda, digər ictimai müəssisələrdə ərzaq və qida təminatı ilə bağlı maliyyə-büdcə nəzarətini təmin etmək məqsədi ilə analitik təhlillərin və auditin yüksək səviyyədə və çox cəsarətli şəkildə aparılmasını nəzərinizə çatdırmaq istəyirəm. Doğrudan da, hesabatdan aydın olur, müxtəlif rayon, şəhər xəstəxanalarında və sosial sahəni əhatə edən digər ictimai müəssisələrdə bunlar çox dəqiq analiz olunub və cəsarətlə göstərilibdir. Əlbəttə ki, belə bir təhlilin aparılması gələcəkdə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitlərin düzgün, səmərəli istifadə olunması üçün şərait yaradacaqdır. Bildiyiniz kimi, hər il büdcə formalaşarkən biz bu barədə çıxış edirik və səhiyyəyə ayrılan vəsaitin düzgün, səmərəli xərclənməsi ilə bağlı təkliflərimizi veririk. Mən hesab edirəm ki, Hesablama Palatasının builki hesabatında qeyd edilən həmin nöqsanlar gələcəkdə səhiyyəyə ayrılan vəsaitdən səmərəli və düzgün istifadəyə imkan yaradacaqdır. Bu gün səhiyyə sistemində islahatlar aparılır. Burada qarşıya qoyulan məqsədlərdən biri də məhz səhiyyənin səmərəli maliyyələşdirilməsidir.
Hesablama Palatasının il ərzində gördüyü ən yaxşı işlərdən biri keçənilki təkliflərə əsaslanaraq informasiya bazasının qurulması istiqamətində atdığı addımlardır. Keçən il biz burada qeyd etdik ki, istər İqtisadi İnkişaf Nazirliyi, istərsə də Vergilər Nazirliyi ilə koordinasiya yoxdur. Ancaq bu il koordinasiya nəticəsində hesabatın düzgün hazırlanmasının şahidi olduq. Mən, əlbəttə, maliyyəçi deyiləm, iqtisadçı olaraq fikirlərimi dedim.
Yekunda Hesablama Palatasına növbəti illər üçün uğurlar arzulayıram. Arzu edirəm ki, onun bundan sonrakı illər üçün apardığı təhlillər, verdiyi rəylər dövlət idarəetmə orqanlarının daha əhəmiyyətli problemlərinin həllinə kömək etmiş olsun, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan çox sürətli dinamik iqtisadi inkişaf şəraitində artan büdcəmizin səmərəli və düzgün xərclənməsinə yardımçı olsun. Əlbəttə, mən burada müxalifəti təmsil edən deputat qrupunun səsləndirdiyi fikirlərlə razı ola bilmərəm. Qısa müddət ərzində görülən işləri qiymətləndirmək lazımdır. Mən inanıram ki, gələcək illərdə onun fəaliyyəti daha da təkmilləşəcək və büdcəmizin formalaşmasına öz töhfəsini verəcəkdir. Mən Hesablama Palatasına fəaliyyətində uğurlar arzulayıram. Bir millət vəkili kimi mən bu hesabata səs verəcəyəm və hörmətli deputat həmkarlarımı da buna səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesablama Palatasının bu gün bizə təqdim etdiyi hesabat layihəsi, doğrudan da, qənaətbəxşdir. Hesab edirəm ki, burada kifayət qədər iş görülübdür. Palatanın sədri də məruzəsində bu məsələyə toxundu. Mənim bir-iki əlavəm var, ondan sonra da digər fikirlərimi söyləmək istəyirəm.
Birincisi, ümumiyyətlə, hesabat düzgün, yaxşı və beynəlxalq standartlara uyğun şəkildə hazırlanıb. Belə hesabatlarda Hesablama Palatasının sədri 5–7 dəqiqə məlumat verir. Qalan məlumatlar toplumdadır, hər bir insan oxuyub qiymət verməlidir. Hesab edirəm ki, gələcəkdə bu, nəzərə alınar. Əlavəyə, təkrara ehtiyac yoxdur. Ona görə ki, sonra hərə bir tərəfdən, belə deyək, hesabata “bir çöp uzadır”, fikir söyləyir.
İkinci, hesabatla bağlı deputat həmkarlarım fikirlərini söylədilər, mən də bu fikirlərə öz münasibətimi bildirirəm. Təşəkkür edirəm ki, bu qısa müddət ərzində Hesablama Palatası yeni kollektivlə çox yaxşı işləyibdir. Biz keçmiş hesabatlara da baxmışıq. İndiki hesabatlara baxanda görürük ki, bunların ilbəil təkmilləşdirilməsi və həyata keçirilməsi çox önəmli yer alıb. Mən burada səslənən fikirlərə münasibət bildirməzdən əvvəl günün birinci yarısındakı o yarım saatlıq prosesə toxunmaq istəyirəm. Əlbəttə, qanunvericilik təşəbbüsünə hər kəsin töhfəsi olmalıdır, amma bu kiminsə yavaş-yavaş şouya doğru atdığı addımın töhfəsinə çevrilir. Mən hesab edirəm ki, deputat həmkarım Pənah Hüseyn Hesablama Palatası ilə əlaqədar söz alanda bizim Sədrdən üzr istəməli idi. Qeyd etməliyəm ki, onun bu gün süni şəkildə yaratdığı ajiotaj heç bir insana yaraşmayan bir hərəkətdir. Hər bir insanın, belə deyək də, düyməsi var, sıxır, yazılır, sözünü deyir. Heç kəs göydən zənbillə düşməyib. Hansı partiyanı, hansı təşkilatı təmsil etməsindən asılı olmayaraq hər bir insanın bir dəfə çıxış etmək hüququ var. Heç kimə xüsusi bir şərait yaradılmamalıdır. İndi deputat həmkarım Sabir Rüstəmxanlı ikili münasibətdən danışır, iki nəfər arasındakı söhbəti parlament səviyyəsinə çıxarır. Milli Məclisin Sədri var, müavinləri var. Müraciət elə, ürəyin istəyən qapıdan keçə bilərsən. Amma ona da buradan bir reaksiya vermək, replika atmaq, buna qoşulmaq yaraşmaz. Burada ciddi bir məsələ müzakirə edilir. Bunu kənara qoyub, bir ajiotaj yaratmaq, hesab edirəm ki, düzgün deyil.
Həmkarıma xəbərdarlıq edirəm ki, burada Yeni Azərbaycan Partiyasının 64 nəfər üzvü var. Heç kəs elə hesab etməsin ki, yerindən durub qaçacaq və ora dırmaşacaqdır. Biz etika çərçivəsində fəaliyyət göstəririk, hər bir insana lazımi səviyyədə etikamızı nümayiş etdiririk. Əgər kimsə etikaya tabe olmursa, başqa cəhətlərimizi də nümayiş etdirmək imkanlarımız və potensialımız var. Ona görə də mən həmkarlarımdan xahiş edirəm ki, bu gündən belə hörmətli Sədrlə danışarkən, hər hansı bir fikir söyləyərkən hər kəs öz yerini bilsin. Tənqidi fikrin varsa, söylə. İndi 1992-ci il deyil ki, yerindən danışasan, ora-bura qaçasan.
Azərbaycan demokratik bir dövlətdir, bizim parlamentdə hər bir fikrə hörmətlə yanaşılır. Ona görə də hər bir kəs digər şəxslərə hörmətlə yanaşmalıdır. Kiməsə hörmətsizlik edənin özü belə bir vəziyyətdə qalacaq. Ona görə də mən həmkarımdan birinci, xahiş, ikinci, tələb edirəm ki, gələcək fəaliyyətlərində belə hərəkətləri yaddan çıxarsınlar. Hamımız Milli Məclisin deputatıyıq. Sabahı gün mətbuat başlığa bizim xalq, vətən, dövlətçiliyimiz üçün qəbul etdiyimiz qanunları yox, elə bu məsələləri çıxaracaq. Çünki bunlar onunla gündəmdə qala bilirlər. Dəyərli, ağıllı fikri, təklifi yazmağa onların ya əlləri gəlmir, ya da istəmirlər. Hesab edirəm ki, bu gündən belə məsələlərə diqqət yetirmək lazımdır.
Burada Hesablama Palatası ilə əlaqədar müxtəlif fikirlər səsləndi. Mən də deputat həmkarlarımın fikirləri ilə razıyam, amma bir neçə məsələyə yenidən toxunmaq istəyirəm. Qeyd olundu ki, guya keçən il bir neçə nazirlik və təşkilat yoxlanılıb, amma indiyə qədər bu barədə məlumat verilməyib. Palatanın sədri hörmətli Heydər müəllim burada qeyd elədi ki, yoxlanıldı, prokurorluğa, aidiyyəti orqanlara verildi və ölçü götürüldü. Hər il eyni nazirliyi yoxlamaq olmaz ki. Ölkədə nə qədər nazirlik, struktur var. Hər strukturu yoxlamaq belə deyil ki, bir saat oturub, sonra çıxıb gələsən. Bunun mühasibatlıq sənədləri, digər materiallar var. Hər bir strukturu yoxlamaq üçün yarım il, bəlkə də ondan çox müddət tələb olunur. Hərə bir təklif verir. Kim haradan yanıqlıdırsa, o idarənin adını ortaya atır. Hesablama Palatası bütün işini-gücünü atıb çayxana söhbətlərinə qulaq asmalıdır və sonra da həmin söhbət əsasında yoxlama aparmalıdır?
Qəzet səhifələrində hər birimiz, o cümlədən həmkarım Pənah Hüseyn haqqında o qədər sözlər yazılır ki. İndi onların hamısına inanaq? Onda başlasınlar Pənah Hüseynin dövründəki fəaliyyəti ilə bağlı yoxlama işləri aparsınlar. Bu gün mətbuatda verilən informasiyaların əksəriyyəti həqiqətə uyğun deyil. İndi Hesablama Palatası işini-gücünü atıb “Müsavat” və “Azadlıq” qəzetlərinin yazdıqları əsasında qapı-qapı düşüb yoxlamalar aparmalıdır? Fəaliyyət planı var və onun əsasında yoxlamalar aparılır. Bir-bir yoxlanılır, aidiyyəti orqanlara – prokurorluğa, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə təqdim olunur və bunun əsasında da müvafiq qərarlar qəbul edilir.
Kim gedib Gürcüstanda, yaxud da Amerikada tikilən məktəbləri yoxlayıb? Bu gün Azərbaycanda çox gözəl məktəblər tikilir, heç Avropanın bəzi ölkələrində və Amerikada elə məktəblər yoxdur. İstər Heydər Əliyev Fondu, istər dövlət strukturları, istərsə də ayrı-ayrı fərdlər tərəfindən yüksək standartlara uyğun məktəblər tikilir. Nə qədər gözəl məktəblər tikilirsə, təqdirəlayiqdir, çünki bunlar balalarımız üçün, millətin inkişafı üçün tikilir. Müxalifət nümayəndələrinin də uşaqları həmin məktəblərdə oxuyur. Bir ölkə ilə müqayisə aparanda, diqqətli olmaq lazımdır, çünki hər bir ölkənin özünün planı var. “Mersedes” markalı maşının 10 forması, hərəsinin də bir qiyməti var. 10 minə olanı da var, 150 minə də. Bu o demək deyil ki, elə hər ikisi “mersedes”dir. Kənd təsərrüfatı texnikasının da müxtəlif növləri var. Biri 3 funksiyanı yerinə yetirir, digəri 7 funksiyanı. Adi traktordur. Bu o demək deyil ki, orada bu qiymətədir, burada tamamilə başqa qiymətə. Bir nəfərə yanaşmanın özünün uyğun tərzi olmalıdır, öyrənilməlidir.
Fikrimə qayıdıram. Hər bir küçə, çayxana, qəzet söhbətinə əsaslanaraq Milli Məclisin Hesablama Palatasının fəaliyyətini qiymətləndirmək düzgün deyil. Müdafiə Nazirliyinin, ayrı-ayrı nazirliklərin strukturları ilə bağlı fikir söylənildi ki, kim nəyi istəyirsə, alır, gətirir. Qəti şəkildə yalandır. Biz dəfələrlə ordu sıralarında olmuşuq, əsgərlərlə bir yerdə çörək də yemişik. Həmin məntəqələrə gözlənilməz şəkildə getmişik ki, birdən qabaqcadan planlaşdırma olar. Hər bir istehsal olunan məhsulun üstündə də yazılıb ki, ordu üçün istehsal olunub və satış üçün qadağandır. Yəni yağ, pendir, su və şirə məhsullarının üzərində bunlar yazılıb. Bu gün ordunun təminatı ilə bağlı tender elan olunur. Bunun nəticəsində də orduya müəyyən vəsait ayrılır və müəyyən mallar alınıb gətirilir. Deyirlər ki, haradansa iylənmiş ət gətirirlər. Bunların hamısı yalandır, orduya və hüquq mühafizə orqanlarının üzərinə atılan böhtandır. Mən hesab edirəm ki, biz hüquq mühafizə orqanlarına, o cümlədən orduya çox diqqətlə yanaşmalıyıq. Mənim vaxtım sona çatır. Mən bütün deputat həmkarlarımı Hesablama Palatasının hesabatına səs verməyə çağırıram. Çıxışları da yekunlaşdıraq. Sağ olun.
Sədrlik edən. Çıxış üçün təkid edən yoxdursa, icazə verin, Hesablama Palatasının sədri bəzi suallara cavab versin, sonra sənədi səsə qoyaq. Buyurun, Heydər müəllim.
H. Əsədov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hər şeydən əvvəl mən bugünkü hesabata və hesabat dövründə görülmüş işlərə hörmətli millət vəkilləri tərəfindən verilən qiymətə görə hər bir millət vəkilinə öz təşəkkürümü bildirirəm. Hər birinizi əmin edirəm ki, burada qaldırılan məsələlər tərəfimizdən qeydə alınıb. Hörmətli millət vəkillərinin təklifləri bir-bir araşdırılacaq, gələcək fəaliyyətimizin daha da yaxşılaşdırılmasında bu təkliflər prioritet rol oynayacaqdır.
İndi hörmətli millət vəkilləri tərəfindən qaldırılmış bir neçə məsələyə qısaca münasibət bildirmək istəyirəm. Hörmətli Astan müəllim məsələ qaldırdı ki, qaçqınlar üçün müəyyən edilmiş adambaşına 150 kilovat aylıq elektrik enerjisi norması müxtəlif dövrlərdə niyə dəyişmir. Bu norma Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Həmin normanın fəsillər, aylar üzrə dəyişməsi nəzərdə tutulmayıb. Bu məsələ uzun müddət müzakirə edilib. Qaçqınların müxtəlif dövrlərdə müxtəlif enerji növlərinə yaydan, qışdan asılı olaraq tələbatı müxtəlif olur. Onların öz arzuları ilə bu tələbat təxminən proporsional bölünür. Ona görə də hökumətin qərarı ilə burada diferensiallaşmaya yol verilməmişdir.
Hörmətli Vasif müəllim pullu diaqnostik mərkəzlərdə qiymətlərin fərqli olması məsələsini qaldırdı. Vasif müəllim, dövlət mülkiyyətində olan səhiyyə təşkilatlarında pullu səhiyyə xidməti, məlum olduğu kimi, bu yaxınlarda ləğv olunmuşdur. İndi əhalinin bütün təbəqələrinə dövlət səhiyyə müəssisələrində pulsuz xidmət göstərilir. Sizin dediyiniz məsələlər yalnız kommersiya tipli diaqnostik mərkəzlərdə mövcud ola bilər. Buna da təbii baxmaq lazımdır. Birinci, diaqnostik mərkəzlərdə qurulan avadanlıqların hamısı eyni tipli deyil. Onlar müxtəlif dövlətlərin istehsalı olub, müxtəlif keyfiyyətə, müxtəlif qiymətə malikdir. Təbii ki, orada qiymətlərin əmələ gəlməsində kommersiya planları əsas götürülür. Bu qiymətlər dövlət tərəfindən tənzimlənən qiymətlər sırasına daxil olmadığı üçün dövlətin buraya müdaxilə etmək imkanı yoxdur. Həmin qiymətlər real bazar iqtisadiyyatının tələblərinə uyğunlaşır.
Qüdrət müəllim məsələ qaldırdı ki, büdcə vəsaitindən səmərəsiz istifadə edənlərə qarşı hansı qərarlar qəbul edilib? Bu sahədə tədbirlər görülməyib məsələsini bir neçə hörmətli millət vəkili, o cümlədən İqbal Ağazadə qaldırdı. Digər millət vəkilləri də bu məsələyə toxundular. Əgər diqqət yetirdinizsə, biz cəmi 3 audit yoxlaması aparmışıq. Mən qeyd etdim, Siyavuş müəllim də bunu qeyd etdi. Həmin yoxlamaların nəticəsinə görə inzibati orqanlara 3 iş göndərilib. 19 nəfər vəzifəsindən azad olunub, 10 nəfər inzibati cəza və cərimələrlə cəzalandırılıb. Digərləri haqqında isə Milli Məclisə, Nazirlər Kabinetinə, İqtisadi İnkişaf Nazirliyinə, Vergilər Nazirliyinə həmin qurumların səlahiyyətlərindən irəli gələn tədbirlər görmək üçün təlimatlar göndərilib və icrası nəzərdə saxlanılır. Burada mütləq mənalı bir şey yoxdur. Bir hərəkət yoxdur ki, biz onu mütləq mənada hamısını inzibati orqanlara göndərək. Baş verən əməliyyatın, pozuntunun xarakterindən, mahiyyətindən asılı olaraq tədbir görülür. Tədbir də bir adamın iştirakı ilə deyil, iclasın kollegial qərarı ilə müəyyən edilir. Əgər biz həmin tədbiri görməsəydik, Milli Məclis, Nazirlər Kabineti və ya digər qurumlar görərdi. Ona görə mən qaldırılan bu məsələ ilə razı deyiləm, çünki həmin pozuntulara hüququn bu gün bizə verdiyi səlahiyyətlər çərçivəsində yanaşılmış və uyğun tədbirlər görülmüşdür.
Vahid müəllim və digər hörmətli millət vəkilləri məsələ qaldırdılar ki, xərclərin böyük hissəsini investisiya xərcləri təşkil edir. Biz bu xərclərə toxunmamışıq. Hörmətli millət vəkillərinin nəzərinə çatdırıram ki, ən böyük xərc – bizim təhlil etdiyimiz aqrolizinqə çəkilən xərc məhz investisiya xərcidir. Beləliklə, bizim auditlərin əhatə etdiyi xərclərin ən böyük hissəsi büdcənin xüsusi çəkisinə uyğun olaraq aqrolizinqdə həyata keçirilmişdir. Buna, xahiş edirəm, diqqətlə baxasınız. Bu, məhz investisiya tərkibinə daxil olan xərclərə aiddir.
O ki qaldı bizim yoxlamaların əhatə dairəsinin az olmasına və az audit aparılmasına, mən bununla qismən razıyam. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu vəzifəyə təyin olunarkən artıq iş planı tərtib və təsdiq olunmuşdu. Mən əminəm ki, əgər mən təyin olunanda iclasda birinci qaldırdığım məsələ yoxlamaların sayının artırılması olsaydı, yəqin ki, bəzi millət vəkilləri Hesablama Palatasının yoxlamaların sayını artırmağa başladığını deyəcəkdilər. Biz iş planı əsasında fəaliyyət göstəririk. İş planını da 100 faiz icra etmişik. Qeyd etdiyim kimi, həmin planı normal icra etmək üçün bizə məlumat bazası, əsaslandırılmış, sübut edilmiş təhlil materialları lazımdır. Bunsuz aparılan təhlillər Pənah bəyin Amerikadan misalına bənzər bir şey olardı ki, burada da ona heç bir bəraət vermək olmaz.
Əli Məsimli səlahiyyətlərin artırılması və borclanma məsələsinə toxundu. Əli müəllim, qaldırdığınız məsələlərə qismən cavab verdim. Borclanma məsələsi ilə əlaqədar bu gün verdiyimiz hesabat tərəfimizdən aparılan audit yoxlamalarının maliyyə-ekspert təhlillərini və analitik təhlilləri əhatə edir. İş planımız dövlətin borclanması sahəsində mövzu olmadığı üçün belə təhlil aparılmamış və sizə məlumat verilməmişdir. Amma bu o demək deyil ki, həmin məsələ nəzarətdə deyil. Bu yaxınlarda büdcənin icrası ilə bağlı dövlət borclanması, onun strukturundan tutmuş bütün detallarına qədər izahlı təhlilini alacaqsınız. Bu da, güman edirəm ki, sizi qane edəcəkdir.
Növbəti məsələni Pənah bəy qaldırdı. Amma mən Pənah bəylə əlaqədar çıxışıma başlamazdan əvvəl hər ikinizdən bir xahiş etmək istərdim. Siz iqtisad elmindən o qədər uzaqsınız ki, gördüyümüz, yerinə yetirdiyimiz işləri lazımınca qiymətləndirmirsiniz, mən bunu təbii sayıram. Ona görə təbii sayıram ki, çünki sizdə iqtisad elminə aid adi hesabdarın bildiyi qədər bilgi yoxdur. Bu da təbii olaraq sizə imkan verir ki, özünüzün iqtisad elminə bələdçiliyiniz səviyyəsində təhlillər aparasınız.
Bir tərəfdən Pənah bəy cümlənin mübtədasında deyir ki, keçən il filan-filan yerlərdə daha ciddi yoxlamalar aparılmışdı. Keçən il də Hesablama Palatası idi, bu il də Hesablama Palatasıdır. Heydər Əsədovun oraya getməsi ilə Hesablama Palatası dəyişməyib. Əgər keçən il yaxşı yoxlamalar aparılıbsa, bunu Hesablama Palatası aparıb. Bu gün də Hesablama Palatasının üzvləri, həmin yoxlamaları aparan adamların 90 faizi burada əyləşiblər. İkincisi, iki dəqiqə keçməmiş cümlənin xəbərində artıq məsələ qaldırırsınız ki, qorxudan yerlərə getməyiblər. Siz deyirsiniz ki, keçən il “Aqroyolservisə” gediblər və sizə yaxşı məlumatlar verilib. Bu gün nə istəyirsiniz? Dalbadal eyni yerlər yoxlanmalıdır? Axı yoxlama planının da, iş planının tərtib edilməsinin, Siyavuş müəllim qeyd etdiyi kimi, bir qaydası var. İş planı il ərzində maksimum dəyişmir. Dəyişən iş planına “korrupsiyalı iş planı” deyirlər. Bütövlükdə bizim kollektiv həmişə çalışır ki, tamamilə istisna hallarda iş planına dəyişikliklər edilsin. İşlədiyim dövrdə bir dəfə də olsun iş planında dəyişikliyə yol verməmişik. Qeyd edirsiniz ki, kimdənsə qorxuruq. Mən möhtəşəm tribunadan da dedim ki, bizim fəaliyyətimizə nəinki müdaxilə edən, heç istiqamətverici bir söz deyən də olmayıb. Biz bu işlərin yerinə yetirilməsində çox israrlıyıq və işləri yerinə yetirəcəyik.
İldə bir dəfə Milli Məclisə hesabat verilməlidir. Hörmətli millət vəkilləri, Hesablama Palatası tərəfindən Milli Məclisə 150 səhifədən artıq məlumat, protokollar da üstündə təqdim edilib. Pənah bəy, hesabat başqa şeydir, məlumat başqa. Qanunun 2.5-ci maddəsində yazılır ki, “rübdə bir dəfə büdcənin icrasına dair məlumat verir”. Hesabat isə tamamilə başqa xarakterlidir. Bu məlumatlar tərəfimizdən vaxtında protokolla Milli Məclisə təqdim edilmişdir. Oxumaq lazımdır. Ekspert barədə məlumat verilmir...
Sədrlik edən. Heydər müəllim, Siz Pənah bəyə hesabat vermirsiniz ki... Fikirlər aydın oldu. Xahiş edirəm, çıxışınızı yekunlaşdırın.
H. Əsədov. Oqtay müəllim, mən istəyirəm ki, iqtisadçıların yanında onlar danışmasınlar. Arzu bəy məsələ qaldırır ki, aqrokreditlərdən büdcəyə heç bir ödəniş olmayıb. Arzu bəy, aqrokreditdə dövlətin payı var. Bu, vergidən yayınmaq deyil, dövlətə dividend verilməsidir. Dividend il başa çatdıqdan sonra olur. Üçüncü rübdə avans ödəmələri olar. Biz də qeyd etmişik ki, belə ödəmələr olmayıb. Siz vergi yayınması ilə dividend ödəməsinin nə demək olduğunu bilmədən belə məsələlər qaldırırsınız. Heç olmasa, dividendin, mənfəətin, zərərin nə olduğunu biləndən sonra bu möhtəşəm məclisdə məsələ qaldırın. Mən, sadəcə, digər məsələlərə toxunmayacağam. Amma anlayış olandan sonra məsələ qaldırmaq lazımdır. Heç bir anlayışı olmayan adamın danışması, təbii, bizdə belə bir hiss yaradır. Hər birinizə təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ürəyini boşaltdın, danışdın. Sən danışanda heç kim mane olmadı. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 92
Əleyhinə 6
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsinin ikinci oxunuşudur. Çox böyük bir layihədir. Bu layihəni Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Rafael Cəbrayılov təqdim edəcək.
R. Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü.
Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin layihəsi ikinci oxunuşda sizin müzakirənizə təqdim olunur. Bu layihənin hazırlanmasının və qəbul edilməsinin zəruriliyi, ölkə Konstitusiyasında bəyan edilmiş insan hüquq və azadlıqlarının təmin edilməsində, strateji məqsədimiz olan hüquqi dövlət quruculuğunda onun rolu və konseptual əhəmiyyəti barədə birinci oxunuşda mənim tərəfimdən hörmətli millət vəkillərinə ətraflı məlumat verilmişdir.
Əlavə olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya və onun həyata keçirilməsi ilə bağlı dövlət planında qanunvericilik sahəsində prioritet vəzifə kimi müəyyən edilmiş demokratik cəmiyyət institutlarının inkişafına, fiziki və hüquqi şəxslərin hüquqi mövqelərinin möhkəmləndirilməsinə xidmət edəcək bu məcəllənin qəbul edilməsi Milli Məclisə tövsiyə edilmişdir. Birinci oxunuşda müzakirələr zamanı hörmətli millət vəkilləri tərəfindən layihənin məzmunu ilə bağlı bir sıra irad və təkliflər söylənilmiş, bəzi məsələlərə aydınlıq gətirilməsi istənilmişdir. Mən işçi qrupu adından müzakirələr zamanı söylənilən fikirlərə, irad və təkliflərə görə həmkarlarıma minnətdarlığımı bildirirəm. Hörmətli həmkarlarım tərəfindən söylənilən hər bir fikir, irəli sürülən hər bir irad və təklif bu məcəllənin daha da təkmilləşməsinə xidmət etmişdir.
Hörmətli Milli Məclis üzvləri, layihənin birinci oxunuşunda müzakirə zamanı hörmətli millət vəkillərindən Ziyafət Əsgərov, Valeh Ələsgərov, Astan Şahverdiyev, Sevindik Hətəmov, Pənah bəy Hüseyn, Qüdrət Həsənquliyev öz çıxışlarında məcəllənin əhəmiyyətini və aktuallığını qeyd etməklə yanaşı, bir sıra təkliflər irəli sürmüş, diqqətimizi layihə ilə bağlı bir sıra problemlərə yönəltmiş və bəzi məsələlərə aydınlıq gətirilməsini istəmişlər. Bunların bəzilərinə, o cümlədən hörmətli millət vəkili Astan Şahverdiyevin layihənin 38.1-ci maddəsi ilə, həmkarım Sevindik Hətəmovun layihə hazırlanarkən ölkənin məhkəmə sisteminin xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı suallarına birinci oxunuşda müzakirələr zamanı aydınlıq gətirilmişdir. Daha dərindən öyrənilməsinə, təhlil edilməsinə ehtiyac duyulan hər bir təklif, problem işçi qrup tərəfindən diqqətlə araşdırılmış və məcəllənin ikinci oxunuşa təqdim olunmuş layihəsində nəzərə alınmışdır.
Hörmətli millət vəkillərindən Ziyafət müəllim Əsgərov və Valeh müəllim Ələsgərov layihənin 1-ci maddəsi ilə bağlı terminoloji problemlərin həll olunmasına, “inzibati hüquq münasibətləri” ilə “ümumi hüquq münasibətlərinin” fərqləndirilməsinə dair konkret təkliflər irəli sürmüşlər. Daha doğrusu, burada söhbət layihənin 1-ci maddəsindən “pablik” sözünün çıxarılması ilə bağlı idi. Həmin təkliflər tamamilə məqbul sayılmış və layihənin 1-ci maddəsi yeni redaksiyada verilmişdir. İndi layihənin 1-ci maddəsində bu münasibətlər, sadəcə, “inzibati hüquq münasibətləri” adlanır ki, bunlar da İnzibati Prosessual Məcəllənin predmetini təşkil edir.
Hörmətli millət vəkilləri Ziyafət müəllim Əsgərov, Pənah bəy Hüseyn, Qüdrət Həsənquliyev birinci oxunuş zamanı qeyd etmişdilər ki, Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən ali məhkəmə orqanıdır. Apellyasiya məhkəmələri də yuxarı instansiya məhkəmələridir. Bu baxımdan inzibati mübahisələrə dair bir sıra işlərin Azərbaycan Respublikası Ali Məhkəməsinin predmet yurisdiksiyasına aid edilməsi, Ali Məhkəmə tərəfindən həmin işlərə birinci instansiya məhkəməsi qismində baxılması ilə bağlı qaydaları, habelə inzibati mübahisələrə apellyasiya məhkəmələri tərəfindən birinci instansiya məhkəməsi qismində baxılması ilə bağlı layihədə nəzərdə tutulmuş normativ qaydaların Konstitusiyanın 131 və 132-ci maddələrinə zidd olması barədə fikirlər söylənilmişdir.
Qeyd etmək istəyirəm ki, hörmətli Ziyafət müəllimin iradı isə yalnız sualın birinci hissəsi ilə, Ali Məhkəmə ilə bağlı idi. İşçi qrup iradla bağlı araşdırmalar aparmış və təhlillərə əsaslanaraq sualın birinci hissəsini, yəni Ali Məhkəmənin predmet yurisdiksiyası ilə bağlı həmin qaydanın, həqiqətən, konstitusion xarakterli müəyyən problemlər yarada bilməsi qənaətinə gələrək, ümumiyyətlə, bunu layihədən çıxarmışdır. İkinci oxunuş üçün təqdim olunmuş yeni variantda həmin mülahizələr Apellyasiya Məhkəməsinin inzibati mübahisələrə dair bir sıra işlər üzrə məhkəmə kollegiyasının predmet yurisdiksiyasına aid edilməsi barədə layihədə müddəalar öz əksini tapmışdır.
Sualın ikinci hissəsi barədə onu qeyd edə bilərəm ki, apellyasiya məhkəmələri tərəfindən birinci instansiya məhkəməsi qismində mübahisəyə baxılması ilə bağlı layihədə nəzərdə tutulmuş qayda ilk baxışdan Konstitusiyanın 132-ci maddəsinə zidd kimi görünür. Lakin 132-ci maddənin mətnini diqqətlə oxuduqda onun apellyasiya məhkəmələrinin aidiyyəti məsələsini tənzimləyən 3-cü maddə ilə ziddiyyətli olmadığı dərhal aydın olur.
Hörmətli həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm ki, məcəllənin son səhifəsində Konstitusiyanın 131 və 132-ci maddələri əlavə edilmişdir. Həmkarlarımdan həmin maddəyə diqqətlə baxmağı xahiş edirəm. Ali Məhkəmə ilə bağlı 131-ci maddədən fərqli olaraq 132-ci maddənin mətni daha pozitivdir. Maddədə deyilir: “Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.” 131-ci maddədən göründüyü kimi, Ali Məhkəmə mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır. Apellyasiya məhkəmələri isə yalnız apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir. 132-ci maddədə bu cür hüquqi konstruksiyalardan istifadə olunmamışdır. Bunun Konstitusiyanın müəllifləri tərəfindən bilərəkdən edildiyi şübhəsizdir. Yəni, əslində, Konstitusiya apellyasiya məhkəmələrinin baxmalı olduğu işlərin dairəsini insan seçiminin və qanunvericiliyin öhdəsinə buraxır. Bu, Milli Məclisin səlahiyyətinə aid olan bir məsələdir.
Konstitusiyanın 132-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir” cümləsi qanunvericilik tərəfindən inzibati mübahisələrə baxılmasında birinci instansiya məhkəmələri qismində apellyasiya məhkəmələrinin çıxış etməsini istisna etmir, əksinə, parlamentə bu və ya digər mübahisəyə baxılması üçün birinci instansiya məhkəməsi qismində apellyasiya məhkəmələrinin müəyyən edilməsi ilə bağlı qanunun qəbulu üçün hüquqi imkan yaradır. Bu baxımdan layihənin 3.1-ci maddəsi olduğu kimi saxlanılmışdır. Beləliklə, layihədə inzibati mübahisələrə iki instansiyada: birinci instansiya məhkəməsi qismində apellyasiya məhkəmələrinin və ikinci instansiya qismində Ali Məhkəmənin müvafiq kollegiyaları tərəfindən baxılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar, layihənin digər maddələrində də müvafiq dəyişikliklər edilmişdir.
Layihənin qarşılıqlı iddia ilə bağlı 52-ci, “Mübahisə ilə bağlı işə yenidən baxılmasının hədləri” adlı 81-ci maddəsi yeni redaksiyada verilib. Əvvəlki redaksiyada Ali Məhkəmə tərəfindən işə həm fakta, həm də hüquqa görə mahiyyəti üzrə baxılması nəzərdə tutulurdusa, yeni redaksiyaya görə isə Ali Məhkəmənin prosessual funksiyaları kassasiya prinsiplərinə tam uyğunlaşdırılmışdır.
Layihənin 116, 117, 118, 119 və 120-ci maddələrində də müvafiq dəyişikliklər aparılmış, siyasi partiya və kütləvi informasiya vasitələri ilə bağlı mübahisələr, artıq yuxarıda qeyd edildiyi kimi, apellyasiya məhkəmələrinin predmet yurisdiksiyasına aid edilmişdir.
Hörmətli həmkarlarım, bu layihə işçi qrupunun Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlığı şəraitində hazırlanmış, Almaniyanın və Avropanın bir sıra qabaqcıl ölkələrinin təcrübəsi öyrənilərək ümumiləşdirilmişdir. Bu gün ikinci oxunuşda sizin müzakirənizə çıxarılan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi sizin irad və təklifləriniz əsasında təkmilləşdirilmiş və daha da mükəmməl vəziyyətdə təqdim edilmişdir.
Əlbəttə, biz bu layihənin ideal olması fikrindən uzağıq. Bu məcəllə milli hüquq sistemimiz, ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyi üçün yenidir, həm də vacib və zəruri olan sənəddir. Bununla bağlı, əslində, sınaqdan çıxmış məhkəmə təcrübəsi də yoxdur. Əslində, bu məcəllənin bütün müsbət və mənfi cəhətləri onun tətbiqi prosesində, yəni məhkəmə təcrübəsində daha aydın şəkildə üzə çıxacaq. Yəqin ki, bugünkü müzakirələr zamanı sizin müxtəlif fikirləriniz, irad və təklifləriniz olacaq. Biz bunların hamısını böyük məmnuniyyətlə müzakirə etməyə hazırıq, çünki sizin söyləyəcəyiniz hər bir fikir, irad və təklif Azərbaycan Respublikasının ilk İnzibati Prosessual Məcəlləsinin daha mükəmməl şəkildə üçüncü oxunuşa çıxarılmasına xidmət edəcəkdir.
İcazə verin, çıxışımın sonunda layihənin hazırlanmasında böyük xidmətləri olmuş və peşəkar hüquqşünas əməyini əsirgəməmiş insanlara, başda Səfa müəllim Mirzəyev olmaqla, Səyyad müəllim Kərimov olmaqla işçi qrupunun hər bir üzvünə öz dərin təşəkkürümü bildirim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, ikinci oxunuşdur, ona görə bu qanun layihəsini əsas kimi qəbul eləməliyik. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, əvvəlcə bir məsələyə münasibət bildirmək istəyirəm. Hörmətli Oqtay müəllim, mən burada həmkarlarım tərəfindən Milli Məclisə hesabat verən bir orqanın qarovulçuluq, qorxaqlıq etdiyinin deyilməsini və başqa adlar səsləndirilməsini doğru hesab eləmirəm və bunun yanlış olduğunu düşünürəm. Amma eyni zamanda, Milli Məclisə hesabat verən orqanın rəhbərinin də millət vəkillərinə nəyi danışıb-danışmamağı öyrətməsini doğru hesab etmirəm. Bu o deməkdir, deputatlardan tələb eləməliyik ki, hüquq təhsilləri yoxdursa, heç bir qanun haqqında danışmasınlar. Bu kimi məsələlərdə, qarşılıqlı hörməti, etikanı gözləməyə hamımız borcluyuq. Bunu diqqətinizə çatdırmaq istərdim.
Bu layihə ilə bağlı nəyi demək istəyirəm? Olduqca mühüm bir layihədir və bunun iki tarixi əhəmiyyəti var. Bu, birinci növbədə, insan haqlarının qorunması baxımından olduqca çevik bir mexanizm təklif edir və hər bir məsələnin mülki iddia qaydasında həll olunmasını asanlaşdırır. Düşünürəm ki, bu qanunu qısa bir zamanda qəbul eləməliyik. İkinci tərəfdən isə, bildiyiniz kimi, 2005-ci ildə hörmətli Prezident tərəfindən imzalanan “İnzibati icraat haqqında” Qanunun da qüvvəyə minməsi bu qanunun qəbul olunmasından çox asılıdır. Bu baxımdan da layihənin qəbul olunmasına tərəfdaram.
Burada hörmətli Rafael müəllim də qeyd etdi, ciddi işlər aparılır, bu layihəni hazırlayanlara təşəkkür etmək lazımdır ki, belə bir layihə ortaya qoyublar. Amma düşünürəm ki, biz işçi qaydasında bu layihəni mütləq geniş səviyyədə ictimai müzakirəyə çıxarıb gələcəkdə qüsurlara, nöqsanlara yol verməyəcək həddə qədər cilalayıb ortaya çıxarmalıyıq. Çünki indi təqdim olunan formada qanunun ciddi problemlər yaradacağı göz qabağındadır.
Qanun layihəsi ilə tanış olanlara bir neçə maddə üzrə bəzi prinsipial məsələləri göstərmək istəyirəm. Birinci növbədə qanun layihəsinin strukturu ilə bağlı problemlər var. Son qanun texnikası baxımından burada yeni hüquq prosesinin yaranmasından söhbət gedir. Qanun layihəsində hüquq prosesini əks etdirən anlayışların heç birinin açılışı verilməyib və bu olduqca ciddi problemlər yaradacaq. Ona görə hesab edirəm ki, mütləq bu terminlərin açılışı qanun layihəsinin əvvəlində verilməlidir.
İkinci, “İnzibati icraat haqqında” Qanunda bu, nəzərdə tutulub. İnsan haqlarının daha çevik müdafiəsi mexanizmi üçün nəzərdə tutulduğu qeyd edilib. Mən hesab edirəm ki, bu məcəllənin də preambulasında mütləq insan hüquq və azadlıqlarının müdafiəsinin təkmilləşdirilməsi, dövlət idarəetmə sisteminin inkişaf etdirilməsi göstərilməli və vətəndaşların qanunla qorunan maraqlarının məhkəmə müdafiəsinin daha keyfiyyətli təşkilinə yönəlməlidir. Bunu mütləq qanunun məqsədi olaraq elan etməliyik.
Qanun layihəsində prinsipial olaraq razılaşa bilmədiyimiz bir sıra ciddi məqamlar var. Birinci, bu, instansiya ilə bağlıdır. Həqiqətən, Rafael müəllim qeyd etdi, burada Ali Məhkəmənin də, Apellyasiya Məhkəməsinin də səlahiyyət dairələri müəyyən olunub. Amma gəlin baxaq. Biz bir müddət əvvəl bölgələrdə apellyasiya məhkəmələri yaratdıq. Bu apellyasiya məhkəmələrini niyə yaratdıq? Çünki vətəndaş xərc çəkib Bakıya gəlməsin, yerlərdə öz hüququnun müdafiəsi ilə məşğul olsun. Ərazi, məsafə baxımından məsələni asanlaşdırdıq. Bu gün qanun layihəsi ilə nəyi nəzərdə tuturuq? Tutaq ki, Gədəbəydə yol polisi və ya Ekologiya Nazirliyi tərəfindən 20 manat cərimə edilmiş şəxs bu cərimənin düzgün olmadığını sübut eləmək üçün həmin miqdardan daha artıq pul ödəyərək Gəncəyə gəlib Apellyasiya Məhkəməsinə şikayət etməlidir. Bu isə “apellyasiya” sözünün mahiyyətinə uyğun deyil. Bununla biz apellyasiya məhkəməsi və kassasiya funksiyasını üzərinə götürən Ali Məhkəmənin də səlahiyyətini azaldaraq Apellyasiya Məhkəməsi səviyyəsinə endiririk. Məncə, əsas səbəb budur ki, vətəndaşın öz hüququnu müdafiə etmə mexanizmi məhdudlaşdırılsın, bir məhkəmədə yol verilən səhvin ikinci, yaxud üçüncü məhkəmə tərəfindən düzəldilməsi imkanı dağıdılsın. Bu isə insan hüquqlarının qorunması prinsiplərinə ziddir.
Digər tərəfdən, Ali Məhkəməyə müraciət etmək üçün vətəndaş vəkil tutmalıdır. 20 manata görə vətəndaş əlavə nə qədər xərc çəkməlidir? Bizim qanunvericiliyə görə kassasiya qaydasında ərizə qəbul olunmur, çünki kassasiya qaydasında şikayət edəndə mütləq müəyyən peşəkar müdafiə nəzərdə tutulmalıdır.
Digər tərəfdən, beynəlxalq konvensiyalarda birbaşa göstərilir ki, insan hüquqlarının müdafiəsi ilə bağlı heç bir rüsum ödənilməməlidir. Burada açıq şəkildə göstərilməlidir ki, məişətdə insanın qarşısına çıxan inzibati xarakterli aktlardan şikayətlə bağlı məsələlərdir, bu mübahisələr çözülməlidir. Burada güclü dövlət qarşısında imkanları məhdud olan vətəndaşın qorunmasından söhbət gedir. Əgər vətəndaş həmin məbləği yol puluna sərf edəcəksə, deməli, o, heç vaxt məhkəməyə şikayət etməyəcək. Belə bir qanunun da ciddi bir əhəmiyyəti olmayacaq. Bu baxımdan mən hesab edirəm ki, instansiyalar məsələsində bu qaydanın tətbiq olunması qanunun əvvəlcədən işlənməsinə səbəb ola bilər. Ona görə də buna ciddi yanaşılmalıdır.
İkinci tərəfdən layihədə göstərilir ki, inzibati mübahisələrə dair işlərə 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən kollegial qaydada baxılır. Buna nə ehtiyac var? Problemin çevik şəkildə həllindən söhbət gedirsə, hər rayon məhkəməsində, apellyasiya məhkəməsində, hakim xəstələnərkən, yaxud işə çıxmaq imkanı olmadıqda, növbəti hakim tərəfindən operativ şəkildə buna baxıla bilər. Dövlətin də vəsaiti az sərf olunar. Hesab edirəm ki, iki və ya üç hakimin bir-birini əvəz etməsi şərti ilə, yəni kollegial qaydada yox, işə baxılması məsrəf baxımından daha faydalı və süründürməçilik baxımından daha əlverişli ola bilər.
Burada bir sıra kiçik nöqsanlara toxunmaq istəmirəm. Mən əsas prinsiplərə diqqət çəkmək istəyirəm. Layihədə göstərilir ki, siyasi partiyalar və kütləvi informasiya vasitələrinin məsələlərinə inzibati qaydada baxıla bilər. Siyasi partiyalar dövlətin idarə olunmasında əsas elementlərdir, bunu heç vaxt digər təşkilatlarla eyniləşdirmək doğru deyil. Məncə, burada nəzərdə tutulan müddəanı qəbul etmək siyasi partiyaların daha zəif, cəmiyyət həyatına təsir etməyəcək vəziyyətə gətirilib çıxarılmasına səbəb ola bilər. Bu məsələlər “Siyasi partiyalar haqqında” Qanunun özündə daha dəqiq göstərilib. Bəlkə bunu siyasi partiyalara yanaşmada beynəlxalq konvensiyalar da tələb edir? Biz siyasi partiyaların qeydiyyatdan keçirilməsini asanlaşdıran, ləğvini çətinləşdirən yol seçməliyik. Siz diqqət edin. Türkiyədə siyasi partiyanın ləğvi ilə Konstitusiya Məhkəməsi məşğul olur. Niyə bizdə siyasi partiyanın qeydiyyatı məsələsini birinci instansiya məhkəməsi həll etsin? Ləğvi məsələsini yenə də Konstitusiya Məhkəməsinin səlahiyyətində saxlamaq olar. Kütləvi informasiya vasitələri ilə, seçkilərlə, dini təşkilatlarla, digər qeyri-hökumət təşkilatları ilə bağlı məsələləri isə ümumi qaydada həll etmək daha məqsədəuyğun olar. Halbuki məcəllənin layihəsində ancaq siyasi partiyalar və kütləvi informasiya vasitələri göstərilir. Digər təşkilatlarla bağlı məsələlər ortaya çıxanda yenidən biz qanuna əlavə və dəyişikliklər, ya düzəlişlərmi etməliyik? Bunu yarımçıq, bu formada saxlamağımız, hesab edirəm ki, ciddi çətinliklər yarada bilər.
Digər prinsipial məsələlərdən biri dövlət orqanlarından şikayətlə bağlıdır. Normativ aktlar təkcə dövlət orqanları tərəfindən ortaya qoyulmur. Konkret vəzifəli şəxsləri də buraya əlavə etmək lazımdır. “Dövlət orqanları” və ya “vəzifəli şəxslər” sözləri mütləq nəzərdə tutulmalıdır. Çünki bu həm də inzibati qaydada baş verən hüquq pozuntularının, ortaya çıxan ictimai münasibətlərin tənzimlənməsində ciddi çətinliklər yaradacaq. Ona görə də mütləq dövlət orqanları ilə yanaşı, vəzifəli şəxslər də göstərilməlidir.
Digər ciddi məsələ qanun layihəsində nəzərdə tutulan normativ xarakterli aktların hüquqa uyğunluğunun yoxlanması məsələsidir. Niyə məhz normativ xarakterli aktlar nəzərdə tutulur? Cüzi sayda normativ xarakterli akt var. Bu bütün normativ aktlara aid edilməlidir. Dövlət orqanının və ya vəzifəli şəxsin qəbul etdiyi qərarlar vətəndaşın hüququnu pozmamalıdır.
Mən, prinsipcə, bu qanunun tezliklə, çox sürətlə qəbul olunmasına tərəfdaram. Amma olduqca ciddi prinsipial nöqsanlar var. Bunu ikinci oxunuşda qəbul etsək belə, ictimai müzakirə formasını tapıb üçüncü oxunuşda bu cür prinsipial nöqsanları ortadan qaldırmaqla qəbul etməliyik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Çox sağ olun, cənab Sədr. XIX əsrdə məşhur alman hüquqşünası Rudolf Nerinq deyirdi ki, forma özbaşınalığın qəddar düşmənidir. Sahmana salınmış prosedur isə dövlət qərarlarının açıqlığının əsas şərtidir. Müəyyən formal prosedurları gözləməklə qəbul edilmiş qərarlara dəyişikliklər edilməz. Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsini mən çox yüksək qiymətləndirirəm. Onu da qeyd etmək istəyirəm ki, layihə professional baxımdan yaxşı hazırlanmışdır, qanunvericilik texnikasının tələbləri gözlənilir. Biz bu qanunu qəbul eləsək, şübhəsiz, inzibati hüquq münasibətlərinin nizama salınmasına və bu sahədə olan ədalət mühakiməsinin həyata keçirilməsi və nəticə etibarı ilə insanların hüquq və azadlıqlarının qorunmasına böyük töhfə vermiş olarıq. Ancaq hesab edirəm ki, layihənin təkmilləşdirilməsinə böyük ehtiyac var. Orada bir-birinə zidd olan məsələlər də var. Odur ki, mən müəyyən fikir söyləmək istəyirəm.
Birinci, Rafael müəllimin dəlillərinə ciddi qulaq asdım. Hesab edirəm ki, 3-cü maddə, doğrudan da, Konstitusiyanın 132-ci maddəsinə ziddir. Konstitusiyanın 132-ci maddəsində birbaşa göstərilir ki, apellyasiya məhkəmələri yuxarı instansiya məhkəmələridir. Onu aşağı salmağa heç kimin ixtiyarı yoxdur.
Digər tərəfdən, həmin maddə “Hakimlər və məhkəmələr haqqında” Qanunun 65-ci maddəsinə də ziddir. Həmin maddədə deyilir: “Apellyasiya məhkəmələri kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərardaddan verilmiş apellyasiya şikayətləri və apellyasiya prosesləri üzrə işlərə baxırlar”.
Apellyasiya məhkəməsini biz ayrı-ayrı inzibati orqanların qərarlarının qanuniliyini yoxlayan məhkəmə səviyyəsinə endirməməliyik. Hesab edirəm ki, çıxış nöqtəsini başqa yerdə axtarmalıyıq. Ya bu işləri ümumi məhkəmələrə vermək lazımdır və ya Konstitusiyanın 125-ci maddəsinin 2-ci bəndinə istinad edərək islahatçı məhkəmə yaradılmalıdır və ya da ağır cinayətlər üzrə məhkəmələrin statusunu dəyişdirib bu işlərə baxılmasını onlara həvalə etmək lazımdır.
İkinci, layihənin 8.3-cü maddəsində deyilir: “Mübahisənin məhkəməyə aid olmaması və ya mübahisə ilə bağlı işin müvafiq səlahiyyətli məhkəməyə verilməsi barədə, habelə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məhkəmə qərardad qəbul edir”. Hesab edirəm ki, bu müddəa da Konstitusiyanın 62-ci maddəsinə ziddir. Bu maddəyə əsasən hər bir şəxsin işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməsi haqqında belə Konstitusiya müddəası olduğu halda göstərilən maddəni həmin redaksiyada qəbul etmək olmaz. Fikrimcə, maddədə “onun səlahiyyətinə aid olması” sözləri “hansı məhkəməyə aid olması” sözləri ilə əvəz olunmalı, maddəyə aşağıdakı sözlər əlavə edilməlidir: “və işin həmin məhkəmədə baxılmasını təmin edir”. Beləliklə, mübahisəyə baxılmasının hansı məhkəmə səlahiyyətinə aid olması barədə məhkəmə qərardad çıxarır və işin həmin məhkəmədə baxılmasını təmin edir.
Üçüncü, layihənin 13.1-ci maddəsində göstərilir: “Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”. Məlumdur ki, istənilən faktik şərtlərin yarandığı zərurət nəticəsində qəbul edilmiş inzibati qərar mütləq qanuni olmalıdır. Ona görə də, fikrimcə, maddədə “mövcudluğu” sözündən sonra və “onun qanuni” sözləri də əlavə edilməlidir.
Dördüncü, layihənin 17-ci maddəsində hakimin işə baxmasını istisna edən qohumlar sırasında övladlığa götürülən və övladlığa götürən də nəzərdə tutulmalıdır.
Beşinci, 18.3-cü maddədə “3 gün müddətində” sözləri “3 iş günü” sözləri ilə əvəz edilməlidir.
Altıncı, layihənin 30.1-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir: “İnzibati məhkəmə icraatında prosesin hər bir iştirakçısı Ali Məhkəmədə vəkil və ya ali hüquq təhsilli nümayəndə vasitəsi ilə təmsil olunur”. Layihənin 85.5-ci maddəsində (bu Məcəllənin 30-cu maddəsində nəzərdə tutulmuş qaydadan istisna olaraq) vəkilin iştirakı olmadan da şikayət vermək imkanı nəzərdə tutulmuşdur. Belə çıxır ki, inzibati mübahisənin tərəfi olan şəxs ancaq şikayət verə bilər. Onu Ali Məhkəmədə mütləq vəkil və ya ali hüquq təhsilli nümayəndə təmsil etməlidir. Layihənin bu müddəası da Azərbaycan Respublikası Konstitusiyasına ziddir. Belə ki, Konstitusiyanın 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Göründüyü kimi, hüquqi yardım almaq üçün vəkilin və ya hər hansı ali hüquq təhsilli nümayəndənin xidmətlərindən istifadə etmək şəxsin vəzifəsi yox, Konstitusiya hüququdur. Buna görə də, fikrimcə, layihənin 31-ci maddəsinə “təmsil olunmuş” sözləri “təmsil oluna bilər” sözləri ilə əvəz edilməlidir.
Layihənin 85.5-ci maddəsi isə aşağıdakı redaksiyada verilməlidir: “Şikayət, tələbləri təmin olunmamış məhkəmə prosesinin iştirakçısı tərəfindən şəxsən və ya vəkili və ya hüquq təhsilli nümayəndəsi vasitəsi ilə verilə bilər”.
Layihənin 87-ci maddəsi “Şikayət daxil olduqdan sonra Apellyasiya Məhkəməsinin inzibati mübahisələrə dair işlər üzrə kollegiyasının hərəkətləri” adlandırılır. Ancaq buradakı 87, 84-cü maddələr Ali Məhkəməyə aiddir. Hesab edirəm ki, bu müddəalar 88-ci maddədə verilsə, daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan dövləti yarandığı gündən bu günə qədər böyük bir inkişaf dövrü keçmişdir. Azərbaycan dövlətinin fəaliyyəti bu gün bütün sahələrdə durmadan inkişaf edən bir templə davam edir. Aydın məsələdir ki, dövlətin fəaliyyəti öz vətəndaşlarının maraqlarından yan keçə bilməz. Bu baxımdan dövlətlə onun vətəndaşları arasındakı münasibətlər inzibati idarəçilik sistemində, daha doğrusu, ümumi hüquq müstəvisində özünü daha bariz şəkildə ifadə edir. Bu gün müstəqil dövlətimizin qarşısında duran əsas vəzifə həmin münasibətlərin hüquq müstəvisində inkişafına nail olmaqdır.
Hazırda layihəsini müzakirə etdiyimiz İnzibati Prosessual Məcəllənin qəbul edilməsi hüquqi dövlətçiliyin inkişafına yönəlmiş islahatları davam etdirmək və hüquq müdafiə institutları ilə bağlı konstitusion tələbləri reallaşdırmaq istiqamətində atılan növbəti əhəmiyyətli addım kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin başlıca təyinatlarından biri Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə qaydasında müdafiəsinə təminat verməkdən və həmçinin həmin maddənin 2-ci hissəsində nəzərdə tutulmuş vəzifəli şəxslərin qərar və hərəkətlərindən məhkəməyə şikayət vermək hüququnun təmin edilməsinin səmərəli prosessual hüquqi sistemini yaratmaqdan ibarətdir. Bu baxımdan yanaşdıqda İnzibati Prosessual Məcəllənin ikinci oxunuş üçün təqdim olunmuş layihəsinin qəbul edilməsi xüsusi hüquqi dəyərləri və əhəmiyyəti ilə seçilən bir sənəd olaraq qanunvericilik aktları sistemində, sözsüz, layiqli yerini tutacaqdır.
Mən bu gün fürsətdən istifadə edərək İnzibati Prosessual Məcəllə layihəsinin işlənib hazırlanmasında müstəsna rolu olan işçi qrupunun rəhbəri Səfa Mirzəyevə, Səyyad Kərimova öz təşəkkürümü bildirmək istərdim.
“İnzibati icraat haqqında” Qanunun məntiqi davamı olaraq işlənib hazırlanmış və bu gün müzakirəmizə təqdim olunan İnzibati Prosessual Məcəllənin layihəsi inzibati hüquq nəzəriyyəsində yeni bir hüquq sahəsinin formalaşmasına əsas yaradacaq və həmin hüquq sahəsinin hüquqi mənbəyi olacaqdır. İnzibati Prosessual Məcəllənin müzakirəsi və onun qəbul edilməsi, hörmətli millət vəkilləri, eyni zamanda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyalarının formalaşması sahəsində müvafiq işlərin aparılmasını və bu işlərə paralel olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanuna müvafiq dəyişikliklərin edilməsini şərtləndirir. Məhkəmə kollegiyalarında işin səmərəliliyinin təmin edilməsi, habelə düzgün və ədalətli məhkəmə qərarları əsasında inzibati məhkəmə praktikasının formalaşması hər şeydən əvvəl bu sahədə mövcud olan qanunvericiliyə yaxından bələd olan və onu yaxşı bilən kadrların seçilməsindən çox asılıdır. Belə düşünürəm ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna müvafiq dəyişikliklərin edilməsi yuxarıda göstərilən məsələlərin həllinə öz köməyini göstərəcəkdir.
Şübhəsiz, inzibati məhkəmələr yaradıldıqdan sonra inzibati məhkəmə praktikasının formalaşması gələcəkdə İnzibati Prosessual Məcəlləyə müəyyən əlavə və dəyişikliklərin edilməsini bir zərurətə çevirəcəkdir. Belə ki, qanunvericiliyin təkmilləşdirilməsi yalnız praktikaya əsaslanır və onun məhsulu olmalıdır. Azərbaycanın qanunvericilik sistemində yeniliyi, yeri və əhəmiyyəti ilə seçilən İnzibati Prosessual Məcəllə, şübhəsiz, dövlət orqanları və vətəndaş arasındakı münasibətlərin hüquq müstəvisində inkişafına öz layiqli töhfəsini verəcəkdir. Hörmətli həmkarlarım, aktuallığını və əhəmiyyətini nəzərə alaraq İnzibati Prosessual Məcəllə layihəsinin ikinci oxunuşda qəbul olunmasına səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ülvi Quliyev, buyurun.
Ü. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də düşünürəm ki, İnzibati Prosessual Məcəllənin qəbul edilməsi əlamətdar hadisədir. Bu Məcəllənin qəbul edilməsi Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış mühüm bir addımdır. Çünki bu məcəllə dövlət və vətəndaş münasibətlərini, daha doğrusu, dövləti təmsil edən orqanlar ilə vətəndaşlar arasındakı inzibati münasibətləri yeni bir müstəviyə çıxarır və qəbul edəcəyimiz məcəllənin prinsipləri əsasında bu məsələnin həll olunması nəzərdə tutulur.
Mən bu məcəllənin müsbət bir cəhətini xüsusilə qeyd etmək istərdim. Mülki-Prosessual Məcəllədən fərqli olaraq, burada sübutetmə vəzifəsi iddiaçının, yəni vətəndaşın deyil, dövlətin üzərinə düşür və bu xüsusiyyətin özü məcəlləyə demokratik ruh verir.
Mən məcəllə ilə bağlı bir neçə təklif vermək istərdim. Bunlardan birincisi 17-ci maddə ilə, yəni hakim tərəfindən işə baxılmasına yol verilməməsi ilə bağlıdır. Həmin maddədə hakimin hansı hallarda işə baxa bilməməsi və öz-özünə etiraz etməsi göstərilib. Burada proses iştirakçılarının qohumluq əlaqələri göstərilib. Mən təklif edərdim ki, proses iştirakçılarının qohumlarının sırasına bacanaq da əlavə edilsin. Ola bilsin ki, bu məcəllə qəbul olunanda Avropa təcrübəsi öyrənilib. Amma Azərbaycanın milli mentalitetinə uyğun olaraq bacanaq da yaxın qohum sayıldığına görə təklif edirəm ki, proses iştirakçılarının qohumlarının sırasına bacanaq da əlavə edilsin.
Burada 17.1.1-ci maddədə həmçinin qohumluq əlaqəsində “doğma qardaş” göstərilib. Mən təklif edərdim ki, “doğma” sözü buradan çıxarılsın, çünki qardaş elə qardaşdır. Burada hətta ögey qardaş belə obyektiv qərar qəbul etməyə mane olan bir hal kimi dəyərləndirilir. Ona görə də “yalnız qardaş” sözü yazılsa, daha məqsədəuyğun olar. Qanun yaradıcılığı texnologiyası baxımından təklif edərdim ki, 17.1.1-ci maddə ilə 17.1.4-cü maddə birləşdirilsin.
Sonuncu təklifim ondan ibarətdir ki, ümumiyyətlə, biz qəbul etdiyimiz bütün qanunlarda qanunun məqsədi ayrıca göstərilsin, yəni ayrı bir maddədə verilsin. Təbii ki, bu məcəllənin də məqsədi aydındır. Amma təklif edərdim ki, bu məcəllənin də məqsədi ayrıca maddədə göstərilsin. Təbii ki, bu məcəllənin qəbul edilməsi qanunvericilik sistemimizin daha da təkmilləşdirilməsinə, ümumiyyətlə, dövləti təmsil edən orqanlarla vətəndaşlar arasında yarana biləcək inzibati mübahisələrin daha ədalətli, düzgün, səmərəli həll olunmasına müsbət töhfələrini verəcək. Məhz bu baxımdan mən bütün deputat həmkarlarımı bu qanun layihəsinin qəbul olunmasına çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarlarım kimi işçi qrupunun rəhbərinə və işçi qrupunun fəaliyyətində iştirak etmiş Milli Məclis Aparatının əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Doğrudan da, bu yeni bir qanun layihəsidir. Ümid edirəm ki, o, ümidləri doğruldacaq, insan hüquqları ilə bağlı, inzibati mübahisələrin həlli ilə bağlı məsələlərə öz töhfəsini verəcək.
Birinci oxunuşda da, komissiyanın iclasında da bildirmişdim ki, rayon məhkəmələri birinci instansiya məhkəmələri kimi inzibati işlərə baxsın. Bunun aktuallığı ilə bağlı Fazil müəllim çıxışında kifayət qədər ciddi əsaslar gətirdi. Amma Ali Məhkəmədə və apellyasiya məhkəmələrində inzibati mübahisələrə baxılması üçün müvafiq komissiyalar, yəni kollegiyalar yaradıla bilər. Hazırda bizim bütün apellyasiya məhkəmələrinin, ümumiyyətlə, elə Ali Məhkəmənin özünün də kollegiyaları kifayət qədər yükləniblər. Bir hakimin icraatında çoxlu sayda işlər var. Bəzən onlar gün ərzində bir məhkəmə prosesindən çıxıb digərinə girirlər, hər iş üzrə bir-iki şahid dindirirlər, yəni kifayət qədər yükləniblər. Bəzən məhkəmələrdə baxılmış işlərin keyfiyyətinin aşağı olması həm də onların kifayət qədər yüklənməsi ilə bağlıdır. Bu barədə Məhkəmə-Hüquq Şurasının üzvləri də fikirlərini bildiriblər, məhkəmə sistemində çalışan insanlar da bu problemi qaldırıblar.
Bundan başqa, mən hesab edirəm ki, İnzibati Prosessual Məcəllə məhkəmə icraatı haqqında məcəllə deyil. Bizdə Mülki-Prosessual Məcəllə də, Cinayət-Prosessual Məcəlləsi də var. Amma bunun xüsusiyyəti bir az fərqli olduğuna görə, mənə elə gəlir ki, bu məcəlləyə I fəsil kimi yeni bir bölmə əlavə etmək olar və burada inzibati prosedurla bağlı müəyyən məsələlər öz əksini tapa bilər. Düzdür, biz “İnzibati icraat haqqında” Qanun qəbul etmişik, amma mənim deyəcəyim bəzi məsələlər orada əksini tapmayıb. Əlbəttə, fikirlər səslənir ki, ayrıca bir qanun da qəbul etmək olar.
İlk növbədə, mən hesab edirəm ki, inzibati mübahisələr məhkəməyə daxil olana qədər bu qanunda bir mərhələ öz əksini tapmalıdır. Məsələn, Amerika Birləşmiş Ştatlarında xüsusi dövlət agentliyi var. Prezident tərəfindən təyin olunan dövlət müfəttişi də, müvafiq nazirliklər tərəfindən təyin olunmuş vəzifəli şəxslər də ola bilər. Hətta bəzi ölkələrdə artıq məhkəməyə qədər bu məsələ iddiaçı qarşısında məcburi tələb kimi qoyulur. Yəni şikayətçi mübahisənin həlli ilə bağlı əvvəlcə müvafiq orqana müraciət etməlidir. Bundan sonra mübahisənin həlli ilə bağlı qəbul olunmuş qərardan narazı qaldıqda məhkəməyə müraciət etməlidir. Yenə də Amerika Birləşmiş Ştatlarından misal çəkirəm: məhkəməyə qədərki mərhələdə baxılan və həllini tapan mübahisələrin sayı məhkəmədə həllini tapan inzibati mübahisələrin sayından çoxdur. Yəni bu məsələ İnzibati Prosessual Məcəllədə öz əksini tapa bilər.
Ümumiyyətlə, məhkəmələrə inzibati fəaliyyətlə əlaqədar müraciətlərin, habelə qanun pozuntularının sayını azaltmaq məqsədi ilə qeyd etdiyim I fəsildə bir neçə məsələyə diqqət yetirmək olar. Bu nədən ibarətdir? Bir çox ölkələrin təcrübəsi göstərir ki, hüquqi aktlar hazırlanarkən qanunvericilik onların bir neçə mərhələdən keçməsini məcburi qaydada qoyur. Öncə ictimaiyyət belə bir aktın qəbul olunmasının zəruriliyi ilə bağlı məlumatlandırılır. Yəni ictimaiyyət müzakirələrə qoşulur, onun doğru olub-olmaması barədə müzakirələr gedir.
İkincisi, bu qanun kimin maraqlarına toxunursa, – bunlar fiziki şəxslər də, ictimai birliklər də ola bilər, – onlardan müvafiq rəylər alınmalıdır. Üçüncüsü, qəbul olunmuş qanunların dərc olunması və geniş ictimaiyyətə çatdırılması ilə bağlıdır.
Bundan başqa, hüquqi əhəmiyyəti olan sənədlərin hazırlanması ilə bağlı prosedurlar da burada öz əksini tapmalıdır. Düzdür, bizdə “Dövlət qulluğu haqqında” Qanun var və müəyyən məsələlər orada öz əksini tapıb. Amma dövlət qulluğuna qəbulla, attestasiyaların keçirilməsi ilə bağlı, mükafatlandırma ilə əlaqədar, inzibati məsuliyyətlə, inzibati tənbeh tədbirləri ilə bağlı, yaxud yoxlama-nəzarət fəaliyyətinin təşkili ilə əlaqədar məsələlər qanunvericilikdə öz əksini tapsa, bu cür pozuntuların sayı azalır.
İkincisi, mən belə hesab edirəm ki, məhkəməyə qədər mərhələni də bura daxil etmək lazımdır ki, müvafiq nazirliklərin özündə konkret müvafiq vəzifəli şəxslər təyin olunsun. Amma qeyd etdiyim kimi, inzibati mübahisələrə dair dövlət müfəttişi Prezident tərəfindən təyin edilsə, daha doğru olar. Mən ümid edirəm ki, bu təkliflər nəzərə alınsa, qeyd etdiyim məsələlər qanun layihəsinə daxil edilsə, 1-ci instansiya məhkəmələri kimi bu səlahiyyət ümumi məhkəmələrə verilsə, rayon məhkəmələrinin də sayı ən azı 3 nəfərə çatdırılsa, bu sahədə daha uğurlu nəticələr əldə edə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Keçən müzakirələrdə dediyim fikri bir daha təkrar edirəm ki, bu məcəlləni, bu qanunu qəbul etmək lazımdır və tezliklə o, qüvvəyə minməlidir. Çünki “İnzibati icraat haqqında” Qanunun axırıncı maddəsi bu qanunun qüvvəyə minməsinə bağlanıbdır. Hesab edirəm ki, prinsipcə onu Mülki Məcəllə ilə, yəni İnzibati Prosessual Məcəllə qəbul olunana qədər həll etmək olardı. Bəlkə də belə məqsədəuyğundur. Amma burada məndən qabaq çıxış edən hörmətli hüquqşünaslarımızın, o cümlədən professor İlyas müəllimin, Fazil bəyin toxunduğu məsələyə mən də toxunmaq istəyirəm.
Konstitusiyanın 132-ci maddəsinin 1-ci bəndini bir daha oxuyuram: “Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir”. Biz indi bu qanunla inzibati mübahisələri apellyasiya məhkəmələrinin səlahiyyətlərinə aid edirik. Mətndən çıxış edirəm, deməli, bu ancaq yuxarı instansiya ola bilər. Sözün doğrusu, bu, mümkün deyil. İndi biz prinsip etibarı ilə bunu qəbul edə bilərik, hətta işləyə də bilər. Amma bu, nəzəri baxımdan da, elmi baxımdan da, sadəcə olaraq, mümkün deyil. Ona görə də burada hörmətli həmkarlarımız da təklif edirdilər. Məncə, bu, maliyyə məsələlərində, ştat məsələlərində böyük bir fərqə səbəb ola bilməz.
 Səhv eləmirəmsə, İlyas müəllim də bu məsələyə toxundu. Konstitusiyanın müvafiq müddəasına əsaslanaraq, istinad eləyərək ixtisaslaşdırılmış məhkəmələrdən biri kimi inzibati məhkəmə yaratmaq lazımdır. Niyə? Sözün doğrusu, mən əvvəllər meyillənmişdim ki, birinci instansiya məhkəmələrinə bu səlahiyyətləri verək. Sonra bizim qanunun müəllifləri ilə də söhbətlərimiz olmuşdu. Mən haqlı sayıram ki, bu bir qədər çətin görünər. Ona görə ki, faktiki olaraq, Azərbaycanın qanun yaradıcılığına presedent hüququnun elementləri gətirilmiş olur. Bilirsiniz ki, İnzibati Prosessual Məcəllənin bir sıra müddəaları, məhkəmənin bütün qərarları normativ əhəmiyyətə malikdir, lakin presedent xarakterli halları müəyyən edəcəkdir. Şübhəsiz ki, onun yüksək ixtisaslaşdırılmış məhkəmələr və hakimlər tərəfindən qəbul edilməsi olduqca vacib bir məsələdir. Bunu, deyək ki, rayonda ilk dəfə hakim seçilmiş bir və yaxud iki nəfərin öhdəsinə buraxmaq, həqiqətən, məqsədəuyğun olmazdı. O baxımdan ixtisaslaşdırılmış məhkəmələrin yaradılması vacibdir.
Biz bu işlərə baxılmasını birinci instansiya məhkəmələrinin səlahiyyətinə aid etsək, o halda ixtisaslaşdırılmış məhkəmələrə yuxarı bir orqan kimi baxılardı. Yalnız ixtisaslaşdırılmış məhkəmələr tərəfindən təsdiq edildikdən sonra bunlar presedent hüququnun, deyək ki, məzmununu verə bilərdi. Mən, sadəcə, bu fikri səsləndirirəm. Təbii ki, burada bizim hörmətli alimlərimiz, hüquqşünaslarımız, nəzəriyyəçilərimiz bu məsələyə daha doğru, düzgün tövsiyə verə bilərlər.
İşin ikinci tərəfinə gəldikdə burada ciddi qüsurlar vardır. Açıq etiraf eləyək, təzə qanundur, təzə sahədir və bu da təbiidir. İşçi qrupundan olan digər yoldaşlarla söhbət zamanı bunlar meydana çıxırdı. Məsələn, fundamental özək anlayışı var. Bu, inzibati mübahisə anlayışıdır. “İnzibati mübahisə” anlayışı “İnzibati icraat haqqında” Qanunda yoxdur. Halbuki burada mütləq istinad olunmalıdır. Əgər “İnzibati icraat haqqında” Qanundakı terminlər üst-üstə düşürsə, yəni eyni hesab olunursa, burada istinad olunmalıdır. Məsələn, buradakı bir çox anlayışlar “İnzibati icraat haqqında” Qanunun məzmunu ilə eynidir. Bir daha təkrar eləyirəm, burada inzibati mübahisə anlayışı yoxdur. Bu, fundamental anlayışdır, özəkdir. Onun məzmunu açılmadan, normativ məzmunu ifadə olunmadan, sözün doğrusu, qarışıq bir vəziyyət yaranacaqdır. Ümumiyyətlə, bu məsələlərdə çox qarışıqlıq olacaqdır.
Digər tərəfdən, burada texniki xarakterli məsələlər də vardır. Yəqin ki, 12-ci maddəyə bizim hörmətli hüquqşünaslarımız baxıblar. Söhbət məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsindən gedir. Guya bu, prinsipdir, halbuki vəzifədir, amma prinsiplər hissəsində gedibdir. Çünki II fəsil “İnzibati məhkəmə icraatının prinsipləri” adlanır. Amma burada məzmun, ümumiyyətlə, bu ada uyğun deyil. Məzmunda söhbət məhkəmədə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasından, aydın olmayan iddia tərəflərinin dəqiqləşdirilməsindən, iddia növlərinin əvəz olunmasından, natamam faktiki məlumatların tamamlanmasından, eləcə də işin hallarının müəyyənləşdirilməsindən və qiymətləndirilməsindən, habelə bu baxımdan əhəmiyyət kəsb edən izahatların təqdim olunmasından, proses iştirakçılarına yardım göstərilməsindən gedir. Əvvəla, bu, prinsip deyil, ikincisi, bir daha təkrar eləyirəm, maddənin adına uyğun deyildir. Bir sıra məsələlərdə hətta mövcud qanunvericiliyin bir sıra demokratik xarakterli müddəalarından da geri çəkilmə var. Ola bilər ki, mən terminoloji yanlışlığa yol verə bilərəm. Belə olarsa, hüquqşünaslarımız buna aydınlıq gətirərlər.
“Siyasi partiyalar haqqında” Qanunun 16-cı maddəsinə, yəni siyasi partiyaların ləğv edilməsi haqqında maddəyə sonradan əlavə edilibdir və doğru düzəlişdir. Amma Azərbaycan Respublikasının qanunvericiliyinə görə məhkəmə iş üzrə qərar qəbul edənə qədər həmin siyasi partiyanın fəaliyyətini dayandıra da bilər, dayandırmaya da bilər. Məsələn, tutaq ki, partiya seçkiyə gedir və seçkiyə bir ay qalmış, iki ay qalmış, on gün qalmış kimsə şikayət verir. İş dərhal icraata qəbul olunur və “İnzibati icraat haqqında” Qanunun müddəasına görə məhkəmə haqlıdır. İndi mən bilmirəm, bəlkə də haqlıdır. Amma mənim fikrimcə, hər halda digər məsələlərdə də mövcud qanunvericiliyin bəzi demokratik prinsiplərindən geriləmələr vardır.
Bəzi məsələlərə bir qədər dəqiqlik gətirilməlidir. Məsələn, bizim Cinayət-Prosessual Məcəlləsində (doğrudur, Cinayət-Prosessual Məcəlləsi olduqca genişdir), hesab eləyirəm ki, heç olmasa, normativ qaydalara uyğun gəlməyən ifadələr olmayıb. Ümumiyyətlə, burada protokol anlayışı yoxdur, amma doğrudur, burada istinadlar var. Bu məcəllədə olmayan bəzi anlayışlar və yaxud qaydalar bu məsələlərə zidd deyilsə, Mülki Məcəlləyə əsasən götürülür. Buna baxmayaraq, hesab eləyirəm ki, üstündə işlənməsi və texniki cəhətdən mükəmməlləşdirilməsi, təkmilləşdirilməsi lazım gələn bir sıra maddələr vardır. Ona görə də mən də burada səslənən fikirlərə toxunuram.
Doğrudur, bunun ictimai müzakirəsi bəlkə də cəlbedici görünür. Sözün doğrusu, ictimai müzakirə olsa, bu, hakimlərin öhdəsinə düşsə, onlara sərf eləməyən müddəaları buradan çıxaracaqlar. Ədalət naminə burada yeni, mütərəqqi hesab olunan bir sıra müddəalar vardır. Məsələn, sübutetmə vəzifəsi niyə Mülki Məcəllədə olmamalıdır? Bizim yoldaşlar deyirdilər və bu, qəbul olunandır. Sübutetmə vəzifəsi xırda istisnalarla bütünlüklə inzibati orqanın üzərinə qoyulur və çox mütərəqqi məsələdir. Şübhəsiz ki, bütün bunların bir sıra digər məziyyətləri də vardır.
Azərbaycanda insan hüquq və azadlıqlarının yerinə yetirilməsində, ədalət mühakiməsi sisteminin təkmilləşdirilməsində ixtisaslaşdırılmış məhkəmələrin yaradılması müsbət rol oynayacaqdır. Ona görə də bəlkə də ictimai müzakirə bunun vaxtını uzada bilər. İşçi qrupa tapşırmaq olar ki, üçüncü oxunuşa qədər deyilmiş fikirləri, xüsusən dediyimiz prinsipial məsələləri bir daha mükəmməl şəkildə işləsin. Sözün doğrusu, bu, Konstitusiya ilə münasibət məsələsidir. Ola bilər ki, bu məsələdə Prezidentin İcra Aparatı ilə, bizim Konstitusiya Məhkəməsi ilə bir daha məsləhətləşdirmələr aparılsın, rəy alınsın. Ola bilsin, qeyri-rəsmi tərzdə bu məsələyə aydınlıq gətirilsin. Biz təcili şəkildə, çox sürətlə bunu qəbul eləyək. Çünki bu il seçki ilidir və belə bir İnzibati Prosessual Məcəllənin qəbul edilməsi çox müsbət rol oynaya bilər.
Nöqsanın biri də bundan ibarətdir ki, məsələn, siyasi partiyalar, kütləvi informasiya vasitələri haqqında xüsusi icraat qaydası var. Amma belə deyək ki, seçkiyə aid mübahisələr burada öz əksini tapmayıb. Əgər tapmayıbsa, onda istinad olunmalıdır ki, bu məsələlər seçki məsələlərinə uyğunlaşdırılsın. Bilirsiniz ki, elə prosedurlar, elə məsələlər var ki, onlara bir gün ərzində baxılmalıdır. Elələri vardır ki, birbaşa Ali Məhkəməyə verilir, apellyasiya məhkəmələrinə verilir və sair. O baxımdan burada başqa məsələlər də səsləndirildi.
Səhv eləmirəmsə, Fazil müəllim, burada xüsusi icraat məsələlərinə də aydınlıq gətirilməlidir və yaxud müvafiq qanunlara istinad olunmalıdır. Bizim yoldaşlarımız, əməkdaşlarımız, hüquqşünaslarımız böyük əziyyət çəkiblər və mən də gördükləri işə görə onlara təşəkkür eləyirəm. Təzə sahədir, çətinliklər çoxdur. Mənə elə gəlir ki, yaxın dövrlərdə bunu qəbul eləyə bilərik. Təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, bu gün bizim müzakirəmizə təqdim olunmuş İnzibati Prosessual Məcəllə, doğrudan da, çox ciddi bir sənəddir. Nəzərə alsaq ki, bu sənəd ilk dəfə olaraq bizim dövlətimizdə qəbul olunur, onun ciddiliyi bir az da artır.
Bilirsiniz ki, buna qədər biz “İnzibati icraat haqqında” Qanun qəbul eləmişik və həmin qanunda bu qanunun əsas məqsədi, vəzifələri və əsas terminlər, demək olar ki, açıqlanıbdı. Əlbəttə, bu terminlərin açılması bir qayda olaraq maddi hüququn işidir. Ona görə də “İnzibati icraat haqqında” Qanunda bu məsələlərə aydınlıq gətirilib. Prosessual Məcəllə ilə bağlı terminologiya, əsasən, burada verilib. Ola bilsin ki, indi bəzi terminlər açılmayıb və ona da baxmaq olar. Mən burada ciddi bir mübahisə obyekti görmürəm. Konkret olaraq bu məcəllə ilə əlaqədar olaraq deyilən fikirlərə münasibətimi bildirmək istəyirəm.
Mən istəyirəm, yeni terminlərlə bağlı bir məsələyə aydınlıq gətirək. Rafael müəllim, deyək ki, məcəllənin bir maddəsində “mübahisələndirilən”, digərində “mübahisə edilən” gedir. Düzdür, bunlar məna etibarilə eyni anlayışlardır, amma hər halda bir termin qəbul olunsa, daha yaxşıdır. Əlbəttə, “mübahisələndirilən” olsa, məncə, daha yaxşı olar. Yəni bunu mürəkkəbləşdirmək lazım deyil.
Burada çox ciddi məsələlərdən biri normativ xarakterli aktların mübahisələndirilməsi məsələsidir. Məsələ burasındadır ki, Konstitusiyanın 130-cu maddəsinə görə normativ hüquqi xarakterli aktlar Konstitusiya Məhkəməsinin predmetinə daxildir və onlar göstərilibdir. Yəni biz “Normativ hüquqi aktlar haqqında” Qanun qəbul eləyəndə artıq onları fərqləndirmişik. Bir var, normativ hüquqi aktlar, bir də var, normativ aktlar. Normativ hüquqi aktları 130-cu maddədə vermişik. Bu qanunda normativ aktlar kifayət qədər açıqlanıb, burada qeyri-adi bir şey yoxdur. Sadəcə olaraq, elə normativ aktlar var ki, əgər aşağı instansiya orqanı onu qəbul eləyibsə və Konstitusiya Qanununa uyğun deyilsə, yuxarı instansiya orqanı onu ləğv eləyə bilər. Amma burada problem nədən ibarətdir? Problem ondan ibarətdir ki, bir bələdiyyə orqanı düzgün qərar qəbul eləməyəndə yuxarı bələdiyyə orqanı onu qəbul eləyə bilmir. Çünki kənd bələdiyyəsinə nisbətdə rayon bələdiyyəsi yuxarı instansiya deyil. Bələdiyyələr bizdə müstəqil orqandır və burada müəyyən qədər problemlər yarana bilər. Mən bunu təsəvvür eləyirəm.
Hesab eləyirəm ki, 7-ci maddədə digər bir məsələyə Rafael müəllim müəyyən qədər aydınlıq gətirməlidir. 7.2-ci maddədə göstərilir ki, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edən hüquq münasibəti ilə bağlı cinayətin törədildiyinə şübhələr yarandığı və bununla əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, məhkəmə cinayət işi üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandıra bilər. Bir az bunu sadələşdirim.
Söhbət nədən gedir? Söhbət ondan gedir ki, məhkəmədə, məsələn, Apellyasiya Məhkəməsində inzibati işə baxılır. İnzibati işə baxılanda məlum olur ki, bu işdən cinayət iyi gəlir, yəni konkret olaraq bu işdə cinayət tərkibi var. Əlbəttə, məhkəmə inzibati işə baxır, cinayət işini ayırır və prosesi dayandırır. İndi bu cinayət işinə özü baxmalıdır, yoxsa harasa göndərməlidir? Bax, bu məsələ açıqdır. Rafael müəllim, Apellyasiya Məhkəməsi inzibati işə baxarkən məlum olur ki, əməldə cinayət tərkibi var. Amma burada o suala cavab verilmir ki, əməldə cinayət tərkibi varsa, işə Apellyasiya Məhkəməsi özü baxsın, yoxsa Gədəbəy rayon məhkəməsinə göndərsin. Bax, bu məsələ açıq qalır.
Professional hüquqşünas kimi hər bir adam baxanda bilir ki, söhbət nədən gedir. Amma nəzərə alaq ki, qanun təkcə hüquqşünaslar üçün yazılmır. Ona görə də istəyirəm ki, bu məsələdə aydınlıq olsun.
Sonra, burada İlyas müəllim maraqlı bir məsələ qaldırdı. Doğrudan da, bizim Konstitusiyanın 62-ci maddəsinə görə şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Amma burada, 8.2-ci maddədə hansı problem ortaya çıxır? Deməli, iddiaçı və ərizəçi tərəfindən belə bir seçim edilmədiyi hallarda məhkəmə mübahisə ilə bağlı işi aidiyyəti qaydalara uyğun olaraq, müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bir tərəfdən, məhkəmənin buna sanki ixtiyarı yoxdur, çünki Konstitusiyanın 62-ci maddəsi qadağan eləyir. Ərizəçi, ya da iddiaçı bunu müəyyən eləməlidir. Digər tərəfdən, ərizəçi də, iddiaçı da işin məhz bir məhkəməyə göndərilməsi ilə bağlı razılığa gəlmirlər. İddiaçı deyir ki, bu məhkəməyə, ərizəçi deyir ki, başqa məhkəməyə göndərilsin. Onda məhkəmə nə etməlidir? Bu məsələ də açıq qalır.
Mən çox istərdim ki, Rafael müəllim, bu məsələlərə bir yerdə baxaq, yəni bunlar həlli asan olan məsələlərdir, o qədər də çətin deyil. Burada deputat həmkarlarımın bəziləri qohumların siyahısı ilə bağlı məsələ qaldırdı. Əvvəla, bizim Konstitusiyanın 66-cı maddəsinə müvafiq olaraq, biz Mülki-Prosessual Məcəllədə və Cinayət-Prosessual Məcəlləsində qohumların konkret siyahısını göstərmişik və bunların siyahısını rezin kimi uzada bilmərik. Ona görə də xahiş eləyirəm, deputat həmkarlarım bu məsələni nəzərə alsınlar.
Nəhayət, inzibati işlərlə bağlı mübahisələrə hansı məhkəmədə baxılması məsələsi dünya təcrübəsində müxtəlifdir. Bəli, burada qeyd olunduğu kimi, ixtisaslaşdırılmış inzibati məhkəmələr də, birinci instansiya məhkəməsi də baxa bilər. Bizim qanun layihəsində göstərilib ki, Apellyasiya Məhkəməsi də baxa bilər. Şəxsən mən qanun layihəsində olan variantı müdafiə etsəm də, hesab eləyirəm ki, bu qanunun tətbiqi zamanı müəyyən çətinliklər meydana çıxacaq. Məsələn, biz bir neçə zonalar üzrə apellyasiya məhkəmələri yaratmışıq. Amma ucqar bir rayondan hər hansı bir inzibati mübahisəyə görə Apellyasiya Məhkəməsinə gəlib çıxmaq, hesab eləyirəm ki, vətəndaş üçün çox böyük problemlər yaradacaq. Məsələn, mən bir tərəfdən fikirləşirəm ki, inzibati işlərin icraatını birinci instansiya məhkəmələrinə vermək olmazmı? Amma digər tərəfdən fikirləşirəm ki, bizim hakim korpusu buna hazırdırmı? Gəlin, etiraf eləyək ki, bu problem də var.
Hər halda mənə elə gəlir ki, bizim qanun layihəsində göstərilən variant məqbul sayıla bilər. Amma yenə də deyirəm, biz bu qanunu qəbul eləməliyik, bu işləməlidir, təcrübədən keçməlidir. Əgər müəyyən çətinliklər çıxacaqsa, sözsüz, praktikada biz dəyişikliklər edə bilərik. Amma hər halda əsas məsələ ondan ibarətdir ki, biz bu İnzibati Prosessual Məcəlləni qəbul eləməliyik, çünki bizi “İnzibati icraat haqqında” Qanun da gözləyir, biz həmin qanunu bu qanuna görə dayandırmışıq. Ona görə də mən burada qeyri-adi bir şey görmürəm. Təşəkkür eləyirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlarım, ilk növbədə qeyd etmək istəyirəm ki, yeni olan bu məsələdə, inzibati hüquqa yeni yanaşmada, əlbəttə, fərqli fikirlər də ola bilər. Amma şəxsən məni məmnun eləyən o oldu ki, həm parlamentdəki hüquqşünas həmkarlarım, həm də digər həmkarlarım bütövlükdə bu qanun layihəsini, bu yeni yanaşmanı qəbul edirik. Hətta ayrı-ayrı tənqidi fikirlərə baxmayaraq, ümumiyyətlə, İnzibati Prosessual Məcəllədə, yeni qanun layihələrində bu mütərəqqi mahiyyəti tutublar və onu xüsusi qeyd etdilər. Ona görə də sizə təşəkkür eləyirəm.
Doğrudan da, hər iki qanun, yəni qəbul olunmuş qanun da, bu qanun layihəsi də bir paket şəklində qəbul olunmalıdır. Bizim təsəvvürümüzdə də, hüquqi dünya görüşümüzdə də inzibati icraat və onun davamı kimi, belə deyək, onun icrası kimi, İnzibati Prosessual Məcəllə bir paket şəklində qəbul olunmalıdır. Çünki o bu gün ölkəmizdə həyata keçirilən inzibati islahatların qanunvericilik bazasıdır.
Mən bir daha qeyd etmək istəyirəm ki, doğrudan da, bu, yeni bir sahədir. Bəlkə də tənqidlər, fərqli yanaşmalar gözləniləndən də çox ola bilərdi. Bu mütərəqqi yanaşmaya görə təşəkkür eləyirəm. Əlbəttə, burada ixtisaslaşmış məhkəmələrlə bağlı fikirlər səsləndi. Biz artıq inzibati hüquqa keçmiş sovet anlamında olduğu kimi yox, yeni bir yanaşma tətbiq edirik. Bu, vətəndaş və dövlət orqanı arasında olan münasibətlərin həllinin yeni qaydasıdır, yeni yanaşmadır. Əlbəttə, çox yaxşı olardı ki, bu işə baxan məhkəmələr də ixtisaslaşmış olsunlar və qanun layihəsini hazırlayanda ideya da məhz bundan ibarət olub.
Mən düşünürəm ki, əslində, yeganə, ciddi və prinsipial müzakirə və mübahisə obyekti məhz 3-cü maddə ilə bağlıdır. Ona görə istərdim ki, fikrimi bildirim və bu məsələyə aydınlıq gətirim. Düşünürəm ki, bu məsələ təkcə bizim yox, eyni zamanda, məhkəmə hakimiyyətinin fikirləri ilə birlikdə qəbul olunmalıdır. Oqtay müəllim, mən Sizə təşəkkür eləyirəm ki, əslində, bizim bir neçə gün bundan əvvəl təklif etdiyimiz ictimai müzakirə ideyasını qəbul etmisiniz. Bu bizim üçün də əhəmiyyətli olar və ictimai müzakirəyə təkcə məhkəmə hakimiyyətində yox, ümumiyyətlə, bu sahədə çalışan hüquqşünas alimləri cəlb eləyə bilərik. Bu gün hələ proqnoz vermək çətindir ki, bu işlər nə qədər ola bilər? Ümumiyyətlə, məhkəmədə iş yükü nə cür ola bilər? Amma məlum olan odur ki, bu, ikipilləli bir məhkəmə sistemi olacaq. Məhkəmə praktikası bizə məlum olmasa da, mütərəqqi beynəlxalq təcrübə bizə məlumdur və burada nəzəri baxımdan öz əksini tapıb.
Əlbəttə, bu gün ölkədə həyata keçirilən məhkəmə islahatları, ölkə Prezidenti tərəfindən ona verilən dəstək, o cümlədən büdcədən ayrılan vəsait yaxın gələcəkdə imkan verə bilər ki, doğrudan da, düşündüyümüz həmin ixtisaslaşmış inzibati məhkəmələr olsun. Çünki ideya bundan ibarət olub. Mən düşünürəm ki, ictimai müzakirənin nəticəsi kimi bu məsələ bir daha ölkə rəhbərinin də diqqətinə çatdırıla bilər. Əlbəttə, müəyyən maliyyə dəstəyi olsa, hesab eləyirəm ki, həmin qanunların qəbulu və işləməsi artıq yekunlaşa bilər. Hesab edirəm ki, bu gün ikinci oxunuş üçün qanun layihəsi, doğrudan da, tam hazırdır. Həm ictimai müzakirəni, həm də parlamentdə səslənmiş təklifləri nəzərə almaqla biz üçüncü oxunuşa mükəmməl bir qanun layihəsi təqdim edə biləcəyik. Mən fürsətdən istifadə edib, həm işçi qrupuna, həm də qanun layihəsini təqdim edən Rafael müəllimə təşəkkürümü çatdırıram ki, onlar bütövlükdə dünyada bu gün mütərəqqi hesab edilən bütün təcrübəni bu qanunda ehtiva edə biliblər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab eləyirəm ki, bu qanun layihəsində Səfa müəllimin də böyük zəhməti var. Səfa müəllimə də qulaq asaq. Buyurun, Səfa müəllim.
S. Mirzəyev, Milli Məclis Aparatının rəhbəri.
Təşəkkür eləyirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mən bütün çıxış edən və çıxış etməyən, diqqətlə dinləyən millət vəkillərinə öz təşəkkürümü bildirirəm. Çünki biz beş ilə yaxındır ki, bu qanun layihəsi üzərində iş aparırıq. Almaniyanın, Fransanın, ümumiyyətlə, Avropa ölkələrinin, habelə inzibati islahatların həyata keçirildiyi MDB dövlətlərinin, o cümlədən bizə qonşu olan Gürcüstanın təcrübəsi öyrənilib və bu təcrübə əsasında iki layihə hazırlanıb. Onlardan biri İnzibati icraat haqqında qanun layihəsi, digəri isə bu gün müzakirə olunan İnzibati Prosessual Məcəllədir. Eyni zamanda, alman həmkarlarımıza, dostlarımıza da minnətdarlığımı bildirirəm, çünki bu layihələrin hazırlanmasında onların böyük xidməti olub.
Deyilən fikirlərə mən çox böyük hörmətlə yanaşıram. Ancaq mənə elə gəlir ki, bəzi məsələlər anlaşılmazlıqdan irəli gəlir. Çünki hamımız öyrəşmişik ki, istəsək də, istəməsək də, sovet sistemində olan inzibati münasibətləri sanki yeni qanun layihələrinə tətbiq edirik. Misal üçün, hörmətli Fazil müəllim deyir ki, 20 manatlıq mübahisəyə görə vətəndaş bir rayondan başqa yerə getməlidir. Ümumiyyətlə, bu, nəzərdə tutulmayıb və qanunda belə şey ola bilməz. Çoxu elə başa düşür ki, hazırda İnzibati hüquqpozmalar haqqında Məcəllədə olan məsələlərə məhkəmələr baxacaq. Elə deyil. İnzibati hüquqpozmalar haqqında Məcəllədə 30-a yaxın maddə bu qanunla tənzimlənəcək. Hüquqşünaslar məni düzgün başa düşəcəklər, digər məsələlər yüngül hüquq pozuntuları xarakteri daşıyır. Onlara adi rayon məhkəmələri tərəfindən baxılacaq.
Burada söhbət vətəndaş-məmur, vətəndaş-dövlət orqanı arasında olan mübahisələrdən gedir. Vətəndaş tikinti üçün müraciət edir və tikintiyə razılıq almır. Onda bu cür mübahisə əmələ gələ bilər. Yaxud vətəndaş müəyyən bir iş təşkil edir, biznes təşkil edir, amma Ekologiya Nazirliyi ətraf mühitə ziyan vurduğuna görə onu qadağan edir. Yəni elə mübahisələrdir ki, bizdə hazırda faktiki mövcuddur, ancaq onlara baxılma qaydası yoxdur.
İnzibati qaydada baxılan işlər neçə mərhələdən keçməlidir? Qanunda nəzərdə tutulmuş ikimərhələli sistemi biz özümüz icad etməmişik. Bütün Avropa ölkələrində inzibati məhkəmələr oturuşmuş hal alıblar və onların hamısında inzibati proses iki mərhələdən keçir. Mənim özüm üçün də əvvəl təəccüblü idi. Nəyə görə bunlar həmin sistemə keçiblər? Çünki bizim hörmətli deputatlar da deyirdilər ki, üçpilləli mərhələ daha demokratikdir, daha çox imkanlar verir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Avropa buna tədricən gəlib.
Vətəndaş-məmur münasibətlərinə gəlincə, yerli məhkəmələr yerli məmurlarla bir yerdə işləyirlər, çox vaxt dostluq edirlər, münasibətləri olur. Onlar heç vaxt obyektiv qərar qəbul edə bilmirlər. Ona görə də bu mübahisələrə yerli səviyyədə deyil, daha yuxarı səviyyədə baxılması məqsədəmüvafiq sayılır. Bunun da Azərbaycanda məntiqi olduğunu izah etməyə xüsusi ehtiyac yoxdur. Hamımız bunun səbəbini başa düşürük.
Burada söhbət gedirdi ki, nəyə görə bu məsələlərə Apellyasiya Məhkəməsi baxmalıdır. Əlbəttə, Əli müəllim tamamilə doğru dedi, yaxşı olardı ki, bizdə xüsusi inzibati məhkəmə sistemi qurulaydı. Lakin biz bu qanunu yaratmağa başlayanda o vaxt Azərbaycanın maddi cəhətdən imkanı yox idi ki, yeni bir məhkəmə sistemi yaratsın. İndi biz bu barədə ciddi fikirləşirik. Bəlkə bu qanun üçüncü oxunuşa çıxarılana qədər yüksək səviyyədə müzakirə olundu, həqiqətən də, ayrıca inzibati məhkəmələr sisteminin yaradılması haqqında qərar qəbul edildi. Ancaq bu gün hələlik mövcud vəziyyət belədir ki, ikipilləli sistemə keçmək üçün biz gərək Apellyasiya və Ali Məhkəmə cütlüyündən istifadə edək.
Burada Fazil müəllim məsələ qaldırdı ki, niyə normativ xarakterli sənədlərdən söhbət gedir. Ziyafət müəllim düzgün izah etdi ki, Konstitusiyanın 130-cu maddəsi ilə əlaqədar normativ hüquqi aktları vermək dövlət orqanlarının səlahiyyətindədir və onların qanuniliyinə, Konstitusiyaya uyğunluğuna Konstitusiya Məhkəməsi baxır.
Eyni zamanda, hüquqşünaslar bilirlər ki, bundan başqa, bələdiyyə tərəfindən verilən normativ xarakterli aktlar var. Bunlar nədir? Misal üçün, müəssisə və hansısa inzibati orqanın rəhbəri bir əmr verir və həmin əmr də normativ xarakterli müəyyən bir sərəncamla olur ki, işçilər saat 6-da yox, 7-də işdən getsinlər. Bu, normativ hüquqi akt deyil. Bu, bələdiyyənin normativ aktı da deyil. Yəni birdəfəlik yox, dəfələrlə tətbiq edilmək üçün nəzərdə tutulmuş bir qayda nəzərdə tutulur. Bu baxımdan belə normativ xarakterli aktlar inzibati hüququn predmetidir və ona görə də İnzibati Prosessual Məcəlləyə daxil edilib.
Pənah müəllim sual verir ki, niyə bəzi terminlərdən burada istifadə olunmur? İnzibati mübahisə burada nəzərdə tutulub, amma “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmayıb. Çünki bu qanunda inzibati mübahisədən söhbət getmir. İnzibati mübahisə bu mərhələdən başlayır. “İnzibati icraat haqqında” Qanun nə deməkdir? Həmin mərhələdə göstərilir ki, hansı qaydada vətəndaş müraciət edir və hansı qaydada bu müraciətə baxılıb müəyyən qərar qəbul edilməlidir. İnzibati Prosessual Məcəllə isə bu zaman yaranmış mübahisənin həlli qaydasını müəyyən edir.
Mənim ürəyim doludur, çox danışa bilərəm. Mən nə demək istərdim? Ola bilsin, burada səslənən bir çox məsələlər kənardan ədalətli və məntiqli görünsün. Bunlar hamısı ondan irəli gəlir ki, biz tamamilə yeni sistemə keçirik, yəni biz köhnə sovet anlamında olan inzibati hüquqdan ayrılırıq. Mən yenə də hamıya öz təşəkkürümü bildirirəm. Sözsüz ki, hamını dəvət edirəm, kimə maraqlıdırsa, işçi qrupuna müraciət edə bilər və biz bu məsələləri bir daha aydınlaşdıra bilərik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səfa müəllim. Mən də hesab edirəm ki, qədərincə müzakirə etdik və burada deyilən fikirləri də işçi qrupu nəzərə alacaq. Etiraz etmirsinizsə, səsverməyə başlayaq. Qanun layihəsi 16 fəsildən, 119 maddədən ibarətdir. Etiraz yoxdursa, dörd fəsil-dörd fəsil səsə qoyaq. Xahiş edirəm, birinci dörd fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.52 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
V-VIII fəsillər.

Səsvermənin nəticələri (saat 17.52 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
IX-XII fəsillər.

Səsvermənin nəticələri (saat 17.53 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
XIII-XVI fəsillər.

Səsvermənin nəticələri (saat 17.53 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İndi isə qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuruq.

Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU