25.04.2008 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ
PROTOKOLU № 80
Mill Məclisin iclas salonu.
25 aprel 2008-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında.
2. Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.5. Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
9. Könüllülük fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. Könüllülük fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
25 aprel 2008-ci il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 97
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik.
İclasın gündəliyi hamınızda var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac var? Buyurun, yazılın. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Doğrudan da, bugünkü gündəliyimizdə çoxlu məsələlər var. Bunların bir hissəsi toponimiya ilə, yer adlarının dəyişdirilməsi ilə bağlıdır. Ümid edirəm ki, bugünkü iclasımızda bu məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edəcəyik. Amma Oqtay müəllim, bununla yanaşı, mən gündəliyə başqa bir məsələni də təklif eləmək istəyirəm. Vətəndaşlardan çoxlu sayda müraciətlər alırıq. Son aylarda respublikada qiymətlər çox böyük sürətlə artır və bu, əhalinin aztəminatlı hissəsində ciddi narahatlığa səbəb olur. Şübhəsiz ki, son günlərdə hökumət üzvləri bununla bağlı müəyyən açıqlamalar verirlər və bunu daha çox dünya bazarında qiymətlərin artması ilə izah edirlər. Ancaq bununla bərabər, bahalıq o qədər sürətlə artır ki, əhalimizin nəinki aztəminatlı, hətta orta əmək haqqı alan hissəsinin də həyatı, yaşayışı üçün ciddi narahatlıqlar yaranır.
Mən hesab edirəm ki, Azərbaycandakı bahalığın bir hissəsi obyektiv səbəblərlə, yəni dünya bazarında gedən proseslərlə bağlıdırsa, digər bir hissəsi subyektiv amillərlə bağlıdır. Biz, heç olmasa, Milli Məclisin bir iclasını buna həsr eləyək. Bu, fövqəladə bir hadisədir. İl ərzində 3−5−15 faiz olsaydı, bəlkə də buna dözmək olardı, amma bir halda ki bir ay ərzində qiymətlərin artımı 10 faizdən yuxarıdırsa, bu, ciddi təhlükə təşkil edir.
Mən bahalaşmaya səbəb olan daxili amilləri aradan qaldırmaqdan ötrü müvafiq hökumət üzvlərinin iştirakı ilə bir müzakirənin keçirilməsini təklif edirəm. Heç şübhəsiz ki, vaxtilə enerjinin qiymətlərinin qaldırılması, artıq rəsmi icra strukturları səviyyəsində etiraf olunan inhisarçılıq bu məsələlərdə mühüm rol oynayır. Mənə elə gəlir ki, əhalimizin ciddi narahatlığını nəzərə alaraq Milli Məclisin iclaslarının birində bunu müzakirə etsək, yaxşı olar. Sağ olun.
Sədrlik edən. Cəmil müəllim, bu yaxınlarda biz hökumətin hesabatını dinləyəndə mənə elə gəldi ki, bizim həmkarlar Baş nazirin çıxışına diqqətlə qulaq asmadılar. Baş nazir də öz çıxışında enerji təhlükəsizliyi ilə bərabər ərzaq təhlükəsizliyi məsələsini bir nömrəli məsələ kimi qeyd elədi və çox gözəl açıqlama verdi. Yəqin, diqqətlə qulaq asmamısınız. Bəli, dünyada qiymətlərin bahalaşması gedir və bizdə də qiymətlərdə bahalaşma var. Hökumət də, müvafiq komissiya da bu məsələnin üzərində işləyir. Arxayın olun ki, hökumət tərəfindən həm taxıl qıtlığı, həm də qiymətlərin bahalaşması ilə bağlı böyük məsələlər hazırlanır və yəqin ki, bu yaxınlarda təqdim edəcəklər. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən də Cəmil müəllimin qaldırdığı məsələni müdafiə edir və gündəliyə salınmasını təklif edirəm. Mən bu təklifi konkretləşdirirəm. “Hökumətə etimad göstərilməsi haqqında” “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda deputatların suallarına cavab vermək üçün hökumət üzvlərinin Nazirlər Kabinetinin müəyyən elədiyi qaydada Milli Məclisə dəvət olunması nəzərdə tutulmuşdur. Həqiqətən də, baş verən proseslərlə bağlı vətəndaşlar və seçicilərimiz bizə xeyli suallar ünvanlayırlar. Həmin sualların cavablarını bilmirik və onların müvafiq vəzifəli şəxslər tərəfindən aydınlaşdırılmasına və izah olunmasına ehtiyac vardır. Bizim özümüzün də xeyli suallarımız var. Məsələn, “Əhalinin gəlirlərinin indeksasiyası haqqında” Qanunun, − əgər 5 faiz inflyasiya baş verirsə, − gəlirlərin indeksləşdirilməsinin məcburiliyi haqqındakı müddəası indiyə qədər yerinə yetirilmir. Maliyyə Nazirliyi və digər müvafiq orqanlar nə üçün qanuna əməl eləmirlər? Bu, istər pensiya və təqaüd, istərsə də dövlət büdcəsindən əmək haqqı alan milyonlarca vətəndaşımızın mühüm məsələlərindən biridir.
İkincisi, hörmətli Sədr Baş nazirin çıxışını xatırlatdı. Amma həmin müzakirələrdə bir sıra deputatlar, o cümlədən mən olduqca böhranlı bir vəziyyətin yarandığına diqqəti cəlb eləmişdik. İndi mən kənd təsərrüfatı nazirinin mətbuatda dərc olunmuş açıqlamalarına baxıram və bir daha qəti şəkildə iddia edirəm ki, taxıl əkinləri və ümumiyyətlə, əkin sahələri haqqında deyilənlər şişirdilmişdir. O məlumatların verildiyi bələdiyyələrin və rayonların ərazisini yoxlamaq mümkün deyil. Məsələn, mən cənab naziri və yaxud onun nümayəndəsini öz seçki dairəmə dəvət edirəm. Baxsınlar görək, bizim ərazilərimizdə əkin sahələri ilə bağlı verilmiş rəqəmlər həqiqətə uyğundur, ya uyğun deyil. Mən təkcə 5 kəndin ərazisində 600 hektar torpağın illərdən bəri əkilmədiyini bildirirəm.
Nəhayət, növbəti dəfə mən hələ keçən il mart ayının 14-də Müsavat deputat qrupu tərəfindən verilmiş “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” Qanunun nə üçün müzakirə edilməməsinə və artıq seçkinin gəlib çatmasına baxmayaraq, bu məsələnin ərazi daimi komissiyalarına çıxarılmamasına, Milli Məclis rəhbərliyindən və müvafiq komissiya sədrlərindən cavab istəyirəm. Ümumiyyətlə, bu məsələnin vaxtı artıq çatmışdır, komissiyaların hesabatı məsələsi Milli Məclisin gündəliyinə daxil edilməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də toxunulan məsələ ilə bağlı vətəndaşlardan xeyli sayda məktub almışam. Vətəndaşların çox ciddi müraciətləri var. Hesab edirəm, son 10 gündə qiymət artımı ölkədə ciddi narahatlıq yaradıb. Qiymətlərin artımı, maaşların indeksləşdirilməməsi vətəndaşların sosial durumunu çox ağır vəziyyətə gətirib çıxarır və doğrudan da, vətəndaşlarımız bu iqtisadi ağırlığın altından necə çıxmaq barədə ciddi şəkildə düşünürlər. Nə etmək, hansı tədbirləri görmək lazımdır ki, bütün bunlar ziyansız ötüşsün? Təbii ki, dünyada baş verən hadisələri və bu hadisələrin fonunda da bahalaşmanın hansı fəsadlar törətdiyini bilirik.
Rəsmi statistikaya əsaslansaq, görərik ki, Azərbaycanda təkcə taxıl əkilən ərazilər 1 milyon 676 min hektardır. 1 hektara sentnerlə düşən məhsuldarlığı nəzərə alsaq, bu, 2 milyon tona yaxın taxıl deməkdir. Harada əkilib və niyə onda biz xaricdən bu qədər taxılı idxal edirik? Bu günlərdə Azərbaycan hökumətinin bir qrup nümayəndəsi Qazaxıstan hökuməti ilə taxıl idxalı ilə bağlı danışıqlar aparır. Bu şişirdilmiş rəqəmlərin fonunda, təbii ki, hökumət bura statistika təqdim eləyir. Nəticədə gəlib o statistikanı müzakirə eləyir. Statistikada hər şey gözəl olur, amma nəticədə görürük ki, nə taxıl var, nə taxıl biçilib, nə də o tələb və təkliflər ortadadır.
Təkcə ət məhsullarının qiyməti son 3−4 ayda görün nə qədər qalxıb? Ətin qiyməti 6 manatdan 10 manata qədər qalxıb. Regionlarda çörək 33 faiz bahalaşıb. Gələn həftə çörəyin qiymətinin yenidən bahalaşması gözlənilir. Bununla bağlı hansı tədbirlər görülür? Hələ üzü yaza doğru gedir. Biçin vaxtı da deyil ki, əhali bu ağır vəziyyətdən öz gücü, yəni kənd təsərrüfatında yeni məhsulların istehsalı hesabına çıxa bilsin. Bu məsələləri, hesab edirəm ki, ciddi şəkildə müzakirə etməliyik.
Bundan əlavə, mən istərdim ki, Milli Məclisin hörmətli rəhbərliyi səlahiyyətli orqanlardan bir məsələni də tələb etsin. Bununla bağlı da mənə müraciət eləyiblər. 63 yaşlı bir qaçqın qadın bu günlərdə bir mühafizə xidmətinin əməkdaşları tərəfindən döyülüb və Mərkəzi Tibbi Xəstəxanada keçinib. Çox təəssüf ki, ona xəsarət edənin şəxsiyyəti bəlli olduğu halda onun həbsi prokurorluq orqanları ...
Sədrlik edən. Siz bunu şifahi şəkildə deməyin. Xahiş edirəm, əgər Sizdə dəqiq məlumat varsa, bizə yazılı şəkildə verin, biz də məşğul olaq. Bu bir. İkinci, bir daha xahiş edirəm, qiymətlərin bahalaşması və taxıl haqqında ajiotaj yaratmaq lazım deyil. Yəqin, çoxlarınızın taxılla bağlı dünyada baş verən məsələlərdən xəbəri yoxdur. Nəinki Qazaxıstandan, imkan olsa, Argentinadan da nə qədər mümkündürsə, taxıl almaq lazımdır. Çoxlu taxıl alıb ehtiyat yığmaq lazımdır. Hamınız televiziyadan, qəzetlərdən bilirsiniz ki, dünyada ərzaq təhlükəsizliyi məsələsi nə səviyyədədir.
Sizin əkin yerləri ilə bağlı şübhələrinizə gəldikdə isə, mən hesab edirəm ki, həmin torpaqlar əkilir. Bununla yanaşı, respublikanın nə qədər imkanı var, dünyanın hər yerindən taxıl alacağıq. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Gündəliklə razıyam, amma ora bir neçə məsələnin əlavə edilməsini təklif etmək istəyirəm. Birinci növbədə qarşıdan ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi gəlir. Oqtay müəllim, mən Sizdən də, Milli Məclisin deputatlarından da xahiş edirəm, bununla əlaqədar keçən il həmkarımız, Heydər Əliyev Fondunun prezidenti bir amnistiya aktı ilə çıxış eləmişdi və parlament bunu qəbul elədi. Təklif edirəm ki, ümummilli liderimizin 85 illiyi ilə əlaqədar da bir amnistiya aktı qəbul eləyək. Bu sənəd hazırlansın, müzakirəyə çıxarılsın. Hər dəfə əfvlər olunur. Əfvin siyahısı o qədər də böyük deyil və o, müəyyən qurumlardan keçməlidir. Amma amnistiya aktı elədir ki, ora müəyyən maddələr düşür. Bu maddələrə uyğun olaraq ehtiyatsızlıqdan cinayət törədənlərə, azyaşlı uşaqlara, yaşlı qadınlara və sairəyə amnistiyanın tətbiq olunması, mən hesab edirəm ki, məqsədəuyğundur. Xahiş edirəm, bu məsələyə dəstək versinlər.
Sonra, burada deputat həmkarlarım bəzi məsələlər qaldırdılar. Mən sizə deyim ki, Böyük Britaniyanın Parlamentində hər həftə Baş nazir hesabat verir. Keçən həftə Baş nazirin qarşısına qoyulan sual ondan ibarət oldu ki, ötən ay ərzində Böyük Britaniya kimi stabil ölkədə çörəyin qiyməti 39 faiz, yumurtanın qiyməti 27 faiz, süd məhsullarının qiyməti 28 faiz qalxıb. Bu, dünyada baş verən bir prosesdir. Bu yaxınlarda BMT açıqlama verdi ki, keçən ilin mart ayından bu ilin mart ayına qədər taxıl məhsullarının qiyməti 130 faiz, soya bitkilərinin isə 80 faiz artıb. Bilirsiniz, bunu Azərbaycana bağlamaq artıq ədalətsizlik olardı. Hər gün televiziyadan eşidirik ki, neftin qiyməti qalxıb. Neft qalxdıqca, digər məhsullara da təsirini göstərir. Dünyada bu gün iqtisadi böhran yaşanır. Biz çalışmalıyıq ki, öz ölkəmizi bu böhrandan çıxaraq. Bu yaxınlarda eşitdiniz, Prezidentimiz fərman verdi, Taxıl Ehtiyatları Fondu yaratdı və bunu xüsusi bir hal hesab edərək Kənd Təsərrüfatı Nazirliyinə deyil, Fövqəladə Hallar Nazirliyinə həvalə elədi. Ərzaq təhlükəsizliyi fövqəl bir məsələdir. Bu məsələ ilə bağlı hökumət müəyyən işlər görür. Bu, dünyada gedən qlobal bir prosesdir və ona görə bunu kiminsə üstünə atmaqla ədalətsiz iş görmüş olarıq. Bir daha həmkarlarımdan dediyim məsələlərə münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə hörmətli həmkarım Siyavuş Novruzovun qaldırdığı təklifləri müdafiə edirəm. Həm də hesab edirəm ki, hər bir məsələ ölkənin, xalqımızın maraqlarına bağlıdır. Cənab Sədr, mənim qaldırmaq istədiyim məsələ ölkə başçısının Füzuli və digər bölgələrə səfəri zamanı verdiyi bəyanatlara söykənir. Bilirsiniz ki, cənab Prezident orada Azərbaycan hərbçiləri ilə görüşdü. Hesab edirəm ki, bu, birinci onun nümunəsidir ki, Ali baş komandan sıravi əsgərini qoruyur, onu qiymətləndirir, ona önəm verir. Bu, komandan-əsgər vəhdətinin açıq nümayişidir.
O biri tərəfdən, hərbi paradla bağlı məsələlər artıq gündəmə çıxdı. Hesab edirəm ki, Azərbaycanın müstəqil həyatının tarixində bu çox önəmli hərbi, iqtisadi və siyasi bir hadisə olacaqdır. Ümumiyyətlə, birinci onu qiymətləndirməliyik ki, ötən dövr ərzində Azərbaycan ordusu çox böyük inkişaf yolu keçib. Belə demək mümkündürsə, bir komandanlıq altında idarəçiliyə qədər gəlib çatıb. Zamanında Azərbaycan ordusu, sadəcə, ayrı-ayrı siyasi qüvvələrin daxili hakimiyyət uğrunda mübarizəsində bir vasitə idi. Bu, sadəcə, hakimiyyət uğrunda mübarizəyə yol açmaq idi.
İndi Azərbaycanın hərbi imkanları hətta neytral qüvvələr tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, indi Rusiyanın və beynəlxalq hərbi ekspertlərin Azərbaycanla bağlı statistikasını özümlə götürmüşəm. Orada göstərilən rəqəmlər və gəlinən nəticə Azərbaycanın Cənubi Qafqazda güclü hərbi imkanlara malik olduğunu vurğulayır. Məsələn, bizim silahlı qüvvələrimizin sayı 95 000 nəfər, hava hücumundan müdafiə qüvvələrinin sayı 8000, milli qvardiyanın sayı 2500 nəfər, daxili qoşunların tərkib heyəti 8000 nəfərdir. Bizim 292-yə qədər tankımız, 706 zirehli texnikamız var. Bu kimi rəqəmləri sadalaya bilərəm, o cümlədən...
Sədrlik edən. Zahid müəllim, hərbi ilə bağlı məsələləri burada sadalamağın nə mənası var?
Z. Orucov. Mən hesab edirəm ki, bunların heç birinin üzərində hərbi sirr yoxdur.
Sədrlik edən. Hərbi sirr olmasa da, ehtiyac yoxdur. Hamımızın biliyimiz də var, savadımız da. Bunları bilirik, açıqlamağa ehtiyac yoxdur.
Z. Orucov. Bu qaldırdığım məsələləri hərbi paradda hər kəs görəcək, ona görə də buna belə ağrılı reaksiya verməyi mən heç başa düşmürəm. Mən, sadəcə, gətirilən rəqəmlərə əsasən Azərbaycanın Ermənistandan və digər dövlətlərdən öndə olduğunu vurğulamaq istəyirdim. Beynəlxalq hərbi əməkdaşlığına, NATO ilə münasibətlərinə, apardığı böyük islahatlara görə Azərbaycan öndədir. Mən hesab edirəm ki, hərbi parad Azərbaycanın hər bir vətəndaşının ...
Sədrlik edən. Zahid müəllim, yerindən danışma, mən sənə axıra kimi qulaq asdım. Söhbət ondan gedir ki, sən də dünyaya baxırsan, hər yerdə bizi istəyən də var, istəməyən də. Deyirlər ki, Azərbaycan silahlanır. Bu məsələləri bilirik, onları yenidən parlamentdə deməyə ehtiyac varmı ki, buna başqa rəng versinlər? Sən niyə deyilən hər sözü özünə qarşı qəbul edirsən? İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Cənab Sədr, biz aqrar sektordakı ağır vəziyyətlə bağlı burada dəfələrlə çıxışlar etmişik. Ancaq çox təəssüf ki, bizim çıxışlarımızdan sonra həmişə kompleks tədbirlər görmək əvəzinə bu sahəyə ayrılan vəsait çıxış yolu kimi reklam olunmuşdur. Şəxsən mən aqrar sektora yönəlik siyasəti kökündən dəyişdirmədən bu sahəyə vəsait ayrılması təcrübəsindən istifadə edilməsinin qəti əleyhdarıyam və dediklərimi bir-iki faktla əsaslandırmağa çalışacağam. Əslində, bu sahəyə ayrılan vəsait əksər hallarda təyinatı üzrə yox, tamamilə başqa istiqamətdə xərclənir. Əvvəla, onu deyim ki, ölkədə kənd təsərrüfatı məhsullarının 98 faizi fərdi ev təsərrüfatlarında istehsal olunur. Fermer təsərrüfatlarının cəmi 2 faizi kənd təsərrüfatı məhsulları istehsal edir. Bu o deməkdir ki, Azərbaycanda fermer təsərrüfatı şəbəkəsi yoxdur. Əgər belədirsə, aqrar sektorun inkişafı ilə bağlı dövlət proqramlarının, o cümlədən 2002-ci ildə qəbul olunan və 2006-cı ildə bitən beşillik Aqroinkişaf proqramının icrasına ayrılan vəsait hara xərclənmişdir?
Başqa bir misal. Məlum olduğu kimi, bu gün dünya üzrə bir taxılyığan kombayna düşən orta torpaq norması 200 hektara qədərdir. Əgər 1991-ci ildə bizim ölkədə bu rəqəm 28 hektar idisə, hazırda bir taxılyığan kombayna düşən torpaq 654 hektara çatmışdır. Ölkədə kənd təsərrüfatı texnikasının belə çatışmazlığı şəraitində dövlətin büdcəsi hesabına alınan texnikanın 40 faizinin yararsız olduğuna görə anbarlarda yığılıb qalmasına nə ad vermək olar və kim təminat verə bilər ki, bundan sonra ayrılan pulların taleyi belə olmayacaqdır?
Milli Ekoloji Proqrama istinad etsək, Azərbaycanda əkinə yararlı olan 1,2 milyon hektar torpaq ən ağır dərəcədə eroziyaya uğramış, 1,1 milyon hektar torpaq isə şoranlaşmışdır. Ümumiyyətlə, Azərbaycanda əkinə yararlı olan 4,5 milyon hektar torpağın 3,1 milyon hektarı bu və ya digər dərəcədə eroziyaya uğramış və nəticədə məhsuldarlıq aşağı düşmüşdür. Təkrar edirəm ki, bu rəqəmlər 2003-cü ildə qəbul olunmuş Milli Ekoloji Proqramdan götürülmüşdür. Bu yaxınlarda ekologiya və təbii sərvətlər naziri çıxışında bu proqramdakı rəqəmləri olduğu kimi səsləndirdi.
Belə çıxır ki, keçən beş il müddətində torpaqların yararlı hala salınmasında heç irəliləyiş olmamışdır. Əgər belədirsə, o halda meliorasiya üçün hər il büdcədən ayrılan 200−300 milyon manat məbləğində pul hara xərclənir və yaxud ölkənin ərzaq təhlükəsizliyinin təminatındakı başqa problemlər niyə həll edilmir? Söhbət məmurların inhisarında olan torpaqlardan gedir. Bu gün kəndlilərə cəmi 1,2 milyon hektar torpaq verilmişdir. Ancaq dövlət mülkiyyətində olan 1,7 hektar və bələdiyyənin mülkiyyətində olan 1,3 milyon hektar torpaq ayrı-ayrı insanlara verilmişdir və ondan səmərəsiz istifadə olunur. Nəyə görə bunlar dövlətin nəzarəti altında taxıl əkininə verilməsin? Bütün deyilənlərə əsaslanaraq hesab edirəm ki, aqrar sektorun iflic vəziyyətdə həllini gözləyən çox ciddi problemləri, nəhayət ki, nəzərə alınmalı, kənd təsərrüfatının..
Sədrlik edən. Gündəlik qalıb kənarda, kənd təsərrüfatı mövzusuna keçmisiniz. Deyəsən, hamının ürəyi doludur. Hörmətli İltizam müəllim, dövlət, hökumət torpaqları kəndlilərə payladı. İndi fərdi təsərrüfatda da, fermer təsərrüfatında da taxıl əkilə bilər. Bunun nə dəxli var ki? Bunun bir fərqi var? İndi biz məcbur elədik ki, gedin, beşiniz birləşib fermer təsərrüfatı yaradın? O kəndlinin də, fermer təsərrüfatının da əkdiyi taxılı dövlət alacaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənin köməyin mənə lazım deyil, Pənah! Sənin təkliflərini görürəm, xahiş edirəm, özünü hamıdan ağıllı sayma.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sayırsan da. İltizam səndən zəifdir? Fikrini deyirsən, vəkilisən?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ay Pənah, artıq camaat da, jurnalistlər də öyrənib, indi səni çəkərlər. Bir az sakitləş, qoy iclasımızı aparaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qulaq as, sən düzələn deyilsən. Xeyri yoxdur, yerindən danışacaqsan. Bunun üçün tərbiyə lazımdır ki, bir-birimizə hörmət eləyək, yerimizdən danışmayaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən, birincisi, sənə tərbiyəsiz demədim. Tərbiyəsiz deyərsən, beş qat da cavabını alarsan. Mən dedim ki, bir-birinə hörmət etmək üçün tərbiyə lazımdır. Rafael Cəbrayılov, buyur.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən xahiş edərdim ki, növbəti iclaslarımızın birinin gündəliyinə Azərbaycan Respublikasının dərman vasitələri bazarında yaranmış vəziyyətin müzakirəsini daxil edək. Hörmətli həmkarlarımın yaxşı yadındadır ki, 2006-cı ilin dekabr ayında biz “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdik. Bundan bir neçə ay sonra mənim tərəfimdən Cinayət Məcəlləsinə 200-1, İnzibati Xətalar Məcəlləsinə isə 68-4 saylı maddələrin əlavə edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında qanun layihəsi hazırlanıb müzakirəyə çıxarıldı və iyun ayının 16-da qəbul olundu. Avqust ayında isə cənab Prezident tərəfindən bu qanun icraya yönəldildi. Yalnız sentyabr ayının 12-də hörmətli səhiyyə naziri Milli Məclisə məktubla müraciət edərək, bildirdi ki, “Dərman vasitələri haqqında” Qanunda, – 68-4 saylı maddənin dispoziyasında, – göstərilən dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin idxalı, satışı və satış məqsədi ilə saxlanılması barədə müddəanın qüvvəyə minməsi mart ayının 1-nə qədər təxirə salınsın.
Oktyabr ayında da biz həmin məsələni müzakirə etdik və səhiyyə nazirinə o vaxtı verdik. Səhiyyə naziri də fikrini əsaslandırırdı ki, həmin vaxt dərman vasitələri bazarında olan dərmanların yalnız 26,2 faizi dövlət qeydiyyatına alınıb, yerdə qalan 73,8 faizinin isə dövlət qeydiyyatı yoxdur. Mart ayının 1-də həmin müddəa qüvvəyə mindi, lakin əfsuslar olsun ki, Səhiyyə Nazirliyi tərəfindən qeydiyyat məsələsi başa çatdırılmadı. Bu gün dərman vasitələri bazarında olan 6000-ə yaxın adda dərmanın yalnız 3200-ü dövlət qeydiyyatına alınıb. Deməli, həmin müddəa qüvvəyə minəndən sonra dərman vasitələrinin dövriyyəsi ilə məşğul olan iş adamlarının kütləvi şəkildə inzibati məsuliyyətə cəlb olunma təhlükəsi yaranıb.
Ola bilər ki, bu xoşagəlməz haldan yan keçmək məqsədi ilə Səhiyyə Nazirliyi bu məsələni qaldırmasın. Daha doğrusu, bu insanların kütləvi şəkildə inzibati məsuliyyətə cəlb olunması üçün inzibati nəzarəti lazımi səviyyədə həyata keçirməsin. Amma məsələnin digər tərəfi yenə də açıq qalır, çünki dövlət qeydiyyatına alınmayan həmin dərman vasitələrini apteklərdən alıb istifadə edən, öz sağlamlığını təhlükə qarşısında qoyan Azərbaycan xalqıdır. Mən təklif edirəm ki, növbəti iclaslarımızın birində bu məsələni hörmətli səhiyyə nazirinin iştirakı ilə müzakirə edək, çünki burada söhbət Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyasında özünə yer almış çox mühüm bir məsələdən, Azərbaycan xalqının sağlamlığından, onun genofondunun inkişafından gedir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarım Rafael Cəbrayılovun qaldırdığı məsələni dəstəkləyirəm və hesab eləyirəm ki, taxıl məsələsindən daha təhlükəli problemlər yaradacaq məsələ dərman vasitələri ilə bağlıdır. Həqiqətən, bu məsələyə münasibət bildirmək lazımdır.
Həmkarım Siyavuş Novruzovun da təklifini dəstəkləyirəm və hesab eləyirəm ki, yalnız Heydər Əliyevin 85 illiyi ilə bağlı yox, həm də birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı bir amnistiyanın verilməsi yerində olardı, çünki bu humanist aksiyanı davam etdirmək vacibdir.
Gündəliklə bağlı sonradan danışmayım deyə bir məsələyə toxunmaq istəyirəm. Gündəlikdə Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilib, Seyid Yusifli qoyulması məsələsi var. Mən, ümumiyyətlə, hesab eləyirəm ki, bu kənd adlarının dəyişdirilməsi praktikasını dayandıraq. Daha yaxşı olar ki, biz adları olmayan yerlərə adların verilməsi məsələsini sürətlə gündəmə çıxaraq. Bir misal demək istəyirəm. Mehdiabadla Pirşağının arasında ikinci sovxoz deyilən yer var. Dəfələrlə burada məsələ qaldırılıb ki, “sovxoz” sözü, ümumiyyətlə, leksikonumuzdan çıxıbdır. Amma bu yerə ad verilmir. Qeydiyyatla, müəyyən statusla bağlı problem var. Ona görə də bu məsələnin gündəmə gətirilməsi vacibdir. Hesab eləyirəm ki, komissiya sədri hörmətli Arif müəllim də bu məsələyə xüsusi diqqət yetirəcək ki, adsız yerlərə adlar tapılsın, xüsusən də sovet dövründən qalan adların dəyişdirilməsi məsələsinə baxılsın.
Eyni zamanda, gündəlikdə iki məsələni – Xanlar rayonunun və Əli Bayramlı şəhərinin adlarının dəyişdirilməsini də dəstəkləyirəm. Ümumiyyətlə, şəxsiyyətlərin adlarının rayonlaşdırma prinsipindən qurtarmaq lazımdır. Mirzə Cəlilin Cəlilabada, Mirzə Ələkbər Sabirin də Sabirabada aidiyyəti olmadığı kimi, biz sovet dövründən olan bu praktikanı, ümumiyyətlə, yavaş-yavaş yığışdırmalıyıq. Rayon adlarının daha çox toponim xarakterli coğrafi adlarla əvəz olunması məqsədəuyğun sayılmalıdır.
Digər bir vacib saydığım məsələyə də toxunmaq istəyirəm. Oqtay müəllim, Sizin də təşəbbüsünüzlə parlamentdə əmanətlərin qaytarılması ilə bağlı işçi qrup yaradılıb. Bu istiqamətdə fəaliyyət də göstərirlər. Mən xahiş eləyərdim, yaxın müddətə işçi qrupunun gəldiyi nəticələrlə bağlı bizə məlumatlar verilsin və bizim də öz təkliflərimizi ora bildirməklə vahid, sanballı bir sənəd hazırlayıb Maliyyə Nazirliyinə təqdim eləməyimiz mümkün olsun. Bu məsələni, doğrudan da, gecikdirmək olmaz, çünki bizdən çox şey asılıdır. Biz onları hərəkətə gətirməliyik, çünki dövlət orqanları bu istiqamətdə bir az ləng tərpənirlər. Bu, əhalinin böyük əksəriyyətini maraqlandıran problem olduğuna görə bu məsələyə də diqqət yetirməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ancaq biz bu işçi qrupunu qanun layihəsi hazırlamaq üçün yox, hökumət komissiyasına kömək eləmək üçün yaratmışıq. İşçi qrupu bunun üzərində işləyir, hələ lazım olan suallara tam cavablar tapılmayıb. Hazır olanda məlumat verəcəyik. Valeh Ələsgərov.
V. Ələsgərov. Çox sağ olun, cənab Sədr. Mənim çıxışımda nə tərif olacaq, nə də tənqid. Ancaq bir xahişim var ki, biz hər hansı bir ciddi məsələni müzakirə eləyəndə onu təhlil edək və daha konkret danışaq. Sizə bir misal gətirim, yəqin ki, Azərbaycanla Latviya arasındakı fərqi bilirsiniz. Ancaq keçən illə bu il Azərbaycanla Latviyanı müqayisə eləsəniz, inflyasiya eyni səviyyədədir. Baxmayaraq ki, Latviya Avropa Birliyinin üzvüdür. Əgər avrozonada inflyasiya son 4−5 ildə eyni səviyyədə – 3,3−3,5 faizdə qalıbsa, Avropa Birliyinin, NATO-nun üzvü olan Estoniya, Litva və Latviyada bir neçə dəfə artıb. Niyə? Avrozonada bir meyar var. Büdcə sistemi, büdcə tərtib ediləndə tələb var: illik inflyasiya 3,3−3,5 faizdən artıq olmayaraq. Daha dəqiq desək, ən aşağı faiz olan bu üç ölkədən 1,5 faiz artıq olmamalıdır. Əsas meyar budur. Bu üç ölkə bu meyara uyğun inkişaf eləyə bilməz, çünki başqa Avropa ölkələrinin son 50, 60, 70 ildə keçdiyi yolu bu ölkələr qısa bir müddətdə keçməlidir.
Ona görə də bunlar üstünlüyü nəyə verirlər? Maaşları, pensiyaları, təqaüdləri Avropa səviyyəsinə çatdırmaq üçün artıq dərəcədə sərmayənin cəlb edilməsinə, infrastrukturun, sənayenin, kənd təsərrüfatının və sairin inkişafına. Bu səbəbdən də inflyasiya baş verir. Bunu mən demirəm, bunlar beynəlxalq fondların arayışlarında, hesabatlarındadır. Açıb oxuya bilərsiniz.
Azərbaycanda da bu gün gedən proseslər birinci növbədə inkişafdan, sərmayələrin, büdcənin artmasından ibarətdir. İstəsəniz də, istəməsəniz də, bu qədər pullar iqtisadiyyata, cəmiyyətə daxil olanda inflyasiya yüksək səviyyədə olacaqdır. Ona görə də təhlil və müqayisə edərək demək olar ki, harada subyektiv, harada obyektiv səbəblər var. Mən sizi inandırıram, təhlil eləsəniz, görərsiniz ki, bunun 99 faizi obyektiv səbəblərdəndir. Bu, bütün dünyada gedən proseslərə uyğundur. Əgər kimsə bununla razı deyilsə, mən burada yox, başqa bir yerdə oturub dediklərimi isbat eləməyə hazıram.
Bir misal da gətirim. Azərbaycan dünya bazarı üçün açıq ölkədir. Son 7−8 ayda dünya bazarında qida məhsullarının qiyməti 45 faizdən 238 faizə qədər artıb. Biz bunlardan qaça bilmərik, amma buna paralel olaraq, ərzaq təhlükəsizliyimizi təmin edən tədbirlər görməliyik. Ancaq emosional şəkildə kimlərisə qızışdıraraq həqiqətdən uzaq çıxışlar etmək, mənim fikrimcə, bizim xeyrimizə deyil. İqtidarda olan da, müstəqil olan da, müxalifətdə olan da bu cəmiyyətin bir hissəsidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Valeh müəllim ideal münasibətlərdən danışdı. Hamımız cəmiyyətin bir hissəsiyik. Əfsuslar olsun ki, çoxumuz hər bir məsələni şişirdib bir ajiotaj yaratmaq istəyirik. Bu, doğrudan da, xalqa da, millətə də ziyandır. Artıq 35 dəqiqədir ki, cari məsələləri müzakirə eləyirik, gündəliyə keçmək lazımdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əhəd müəllim, gündəliyə keçirik. Xahiş eləyirəm, vaxtında düyməni basın, danışın, yaxşımı?
Gündəliyin 1-ci məsələsi “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında”dır. Gündəlik hamıya paylanılıb. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında qanun layihəsi barədədir. Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev, buyurun.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Çox sağ olun, hörmətli Sədr. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ölkədə müvəffəqiyyətlə həyata keçirilməsi, bütün rayonlar kimi, Xızı rayonunun da sosial-iqtisadi, mədəni həyatına güclü təsir göstərib. Bu baxımdan Xızı qəsəbəsi də son illər xeyli dəyişib, inkişaf edib. Bunu nəzərə alaraq, Xızı qəsəbəsinin sakinləri, Xızı Qəsəbə İcra Hakimiyyəti və Xızı bələdiyyəsi Xızı qəsəbəsinə şəhər statusu verilməsi ilə əlaqədar yığıncaqlar keçiriblər. Yığıncaqlarda müvafiq qərarlar qəbul edilib. Bununla əlaqədar, Xızı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuraya müraciət olunub və vəsatət qaldırılıb. Bu məsələ Xızı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şurada müzakirə olunub. Xızı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı var.
Toplanmış sənədlər müvafiq qanunvericiliyə uyğundur və Milli Məclisə müzakirə üçün göndərilib. Regional məsələlər daimi komissiyasının 2008-ci il 18 aprel tarixli iclasında Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında göndərilmiş sənədlərə baxılıb və müsbət qərar qəbul olunub. Mən bu məsələni sizin müzakirənizə verirəm və deputat həmkarlarımdan məsələyə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Zeynəb xanım Xanlarova. Buyurun.
Z. Xanlarova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Gündəliyə salınan bu məsələ, yəni Xızı rayonunun Xızı qəsəbəsinə şəhər statusunun verilməsi həlli vacib məsələ olduğuna görə həmin rayonun deputatı kimi sizə öz təşəkkürümü bildirirəm. İki gün öncə Xızıda seçicilərimlə görüşdüm. Onlar da Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında qanunu səbirsizliklə gözləyirlər. Sözsüz ki, bu, hörmətli Prezidentimizin təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində mümkün olmuşdur və çox böyük əhəmiyyət kəsb edir. Bu sənədin qəbul edilməsi yeni iş yerlərinin açılması, sənayenin, istehsal sahələrinin, kənd təsərrüfatının inkişaf etdirilməsi deməkdir. Bunun üçün Xızıda lazım olan münbit şərait vardır. Mən bir daha öz adımdan, seçicilərim adından hörmətli Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq və təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli cənab Sədr, deputat həmkarlarım! Bu gün biz Milli Məclisdə bir sıra vacib məsələləri müzakirə edəcək, bir neçə yer adlarını dəyişdirəcək, bəzi qəsəbələrimizə şəhər statusu verəcəyik. Mən Zeynəb xanımın dedikləri ilə razıyam. Bu məsələni yüksək səviyyədə hazırlayıb gündəmə gətirdikləri üçün bizim komissiyada olan millət vəkillərinə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, hamımız gündəlikdə olan məsələlərə yekdilliklə səs verəcəyik.
Sevindirici haldır ki, tariximizə, kökümüzə qayıdış ölkədə gedən sosial-iqtisadi inkişaf fonunda baş verir. Bu inkişaf, əlbəttə, dahi rəhbər, ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyalarına sədaqətini öz işi ilə sübut etmiş çox hörmətli Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
Ölkəmizdə gedən müsbət dəyişikliklər, sürətli iqtisadi inkişaf, mövcud siyasi sabitlik, milli birlik bir vətəndaş və millət vəkili kimi məni nə qədər çox sevindirsə də, yeniləşən dövlətimizin inkişafına xor baxan, bu inkişafı təmin edənlərə qara yaxıb böhtan atan bəzi müxalifətçilərin mənəvi cəhətdən yeniləşib saflaşmalarına heç cür inana bilmirəm. Özlərini ana müxalifət hesab edən bəzi siyasi partiyalar insanlıq simalarını daha da itirərək, siyasətdə öz çirkin niyyətlərini həyata keçirmək üçün oyunbazlıqla məşğuldurlar. Hörmətli siyasi həmfikirlərim, artıq bu gün hər kəsi öz adı ilə çağırmaq lazımdır. Əks təqdirdə bu pozulmuş siyasi riyakarların anatomiyasını nəzərə alıb, onların da adlarını qanunla dəyişdirməli olacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Qobustan rayonunun ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Bu qanun layihəsini də Tahir Rzayev təqdim edir. Buyurun.
T. Rzayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizə təqdim olunmuş bu sənəd Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındadır. Bu qanun layihəsində Mərəzə qəsəbəsinin adının dəyişdirilib Qobustan qəsəbəsi və Mərəzə qəsəbəsi inzibati ərazi dairəsinin Qobustan qəsəbə inzibati dairəsi adlandırılması, Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndinin Qobustan qəsəbəsi ilə birləşdirilməsi, Nərimankənd kəndinin adının Azərbaycan Respublikası ərazi vahidləri reyestrindən çıxarılması və Qobustan qəsəbəsinə şəhər statusu verilməsi nəzərdə tutulur. Bütün bunlar kənd əhalisi, icra nümayəndəliyi, müvafiq bələdiyyələr tərəfindən müzakirə olunmuş, toplanmış sənədlərə icra hakimiyyətinin başçısı yanında Şurada baxılmış və müvafiq sərəncam imzalanmışdır. Bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq Milli Məclisə göndərilmişdir. Qeyd olunduğu kimi, 2008-ci il aprelin 18-də həmin məsələyə daimi komissiyada baxılmış və müsbət rəy verilmişdir. Məsələ sizin müzakirənizə verilir. Mən xahiş edirəm, onun müsbət həllinə səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, başqa təklif yoxdur? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələyə keçirik. Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Tahir Rzayev, buyurun.
T. Rzayev. Hörmətli Sədr, mən bildirmək istəyirəm ki, Canavarlı kəndi Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibində ayrıca bir kənddir. Canavarlı kəndinin özünün bələdiyyəsi vardır. Lakin kənd əhalisi, yerli bələdiyyə və kənd icra nümayəndəliyi öz yığıncaqlarında Canavarlı kəndinin Seyid Yusifli kəndi adlandırılması barədə məsələ müzakirə ediblər. Həmin məsələ Bərdə Rayon İcra Hakimiyyətinin başçısı yanında Şurada dəstək alıb və bununla əlaqədar icra hakimiyyəti başçısının müvafiq sərəncamı var. Bütün sənədlər inzibati ərazi bölgüsü haqqında qanunvericiliyin tələblərinə uyğundur.
Bu məsələ də Regional məsələlər daimi komissiyasının 2008-ci il 18 aprel tarixli yığıncağında müzakirə olunub və Canavarlı kəndinin Seyid Yusifli kəndi adlandırılmasının məqsədəmüvafiq olması haqqında qərar qəbul edilib. Onu bildirmək istəyirəm ki, Seyid Yusif ağa Bərdə rayonunda sayılan, xeyirxah, çox humanist bir insan olub. Ona görə mən də Canavarlı kəndinin Seyid Yusifli kəndi adlandırılmasına tərəfdaram və xahiş edirəm ki, deputat həmkarlarım bu layihəyə müsbət səs versinlər.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu adların dəyişdirilməsi ilə bağlı məsələnin böyük bir hissəsinə pozitiv yanaşıram. Amma bu tip addəyişmələrdə mən bir nüansın nəzərə alınmasını istərdim. Mən bilmirəm, bu addəyişmə nə ilə bağlıdır. Ola bilsin ki, Canavarlı kəndinin adı heyvan adı ilə bağlı olduğuna görə kənd əhalisi tərəfindən yaxşı qəbul olunmur. Bunu məntiqi olaraq qəbul edirəm. Amma Seyid Yusifin həmin kəndin tarixi ilə, əhalisi ilə nə əlaqəsi var? Sabah bir başqa icra nümayəndəsi, bir başqa bələdiyyə gəlib qərar çıxarmayacaqmı ki, bu kəndə indi başqa bir adamın adı verilsin? Məncə, bu tip məsələlərə baxmaq üçün bələdiyyə və icra hakimiyyəti ilə yanaşı, dövlətin xüsusi komissiyası olmalıdır ki, dövlət həmin kəndin tarixinin kimlə bağlı olmasını daha dəqiq araşdırsın.
Mən ad çəkmək istəmirəm. Bu gün də vəzifədə olanlardan biri vaxtilə icra başçısı işləyəndə kəndlərdən birinə dədəsinin adını vermişdir. Ayıb deyilmi belə şeylər? Bu gün biri işləyir, bir tayfanın adını verir, o biri gün bir başqası işləyir, başqa birisinin adını verir. Ona görə də mən komissiyadan xahiş edirəm, Seyid Yusif adının bu kəndlə əlaqəsini aydınlaşdırsın. Tahir müəllim qeyd elədi ki, Seyid Yusif ağa vaxtilə Bərdədə yaşamış çox hörmətli, xeyirxah bir insan olub. Amma bunun kəndə nə aidiyyəti var? Onun adı kəndə niyə verilməlidir? Bir türbə tiksinlər, orada nəzir yığsınlar, daha kasıb əhaliyə versinlər. Kəndin adını niyə onun adı ilə bağlayırlar? Sabah bir başqa icra başçısı gələndə, bir başqa bələdiyyə olanda Milli Məclisə növbəti bir müraciət göndərəcəklər ki, razılıq verin, bu adı dəyişək. O zaman bu məsələdə səhvə yol veriblər. Görün, həmin müddətdə dövlətin büdcəsindən nə qədər vəsait ayrılacaq. Möhürlərin dəyişdirilməsi, filan... Ona görə də xahiş edirik ki, bizim komissiya Milli Məclisə bu təkliflə bağlı rəy versin, görək, Seyid Yusifin o kəndlə bağlılığı nədən ibarətdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, mənim indi deyəcəklərim İqbal Ağazadənin söyləmiş olduğu fikirlərə rəğmən deyiləcəkdir. Hörmətli həmkarımın son vaxtlar bir sıra yaşayış məntəqələrinin adının çox düzgün olaraq dəyişdirilməsi ilə bağlı aqressiv mövqe nümayiş etdirməsi, – açıq deyim, – başa düşüləsi deyil. İqbal Ağazadə yenə də nə üçünsə aqressivlik nümayiş etdirib bu məsələyə özünün mənfi münasibətini eyni şəkildə, arqumentsiz bildirməkdə davam edir. Çox hörmətli həmkarıma müraciət edərək, onun diqqətinə çatdırmaq istəyirəm ki, bu gün adların dəyişdirilməsi düzgündür və bu proses bundan sonra da tarixiliyə, Azərbaycan xalqının milli soy kökünə, toponimik prinsiplərə və sair vacib amillərə söykənərək davam etdirilməlidir. Deyərdim ki, komissiya bu baxımdan çox düzgün mövqedədir. Komissiya bu və ya digər dəyişiklikləri heç zaman təsadüfən ortaya çıxarmır, uzun müzakirələrdən sonra hazırlayıb Milli Məclisin gündəliyinə salınmasını tövsiyə edir.
Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilməsi də həmin məntiqə söykənir. Əslində, Canavarlı adının tarixlə, Azərbaycan xalqının milli soy kökü ilə heç bir bağlılığı yoxdur və mən düşünürəm ki, bu adın dəyişdirilməsi ətrafında mübahisə ola bilməz. Hər halda o kəndə nəsli-nəcabəti ilə bağlı olan, o kəndin inkişafında müstəsna xidmətlər göstərən və təkcə Bərdə rayonunda deyil, Azərbaycanda böyük nüfuz sahibi olan bir şəxsin adının bu cür əbədiləşdirilməsi həm Allaha xoş gedər, həm də onun Azərbaycan xalqı və o kənd üçün göstərmiş olduğu xidmətlərə verilən layiqli qiymət olar. Ona görə də mən hörmətli millət vəkillərindən xahiş edərdim ki, komissiyanın təqdim etmiş olduğu bu dəyişikliyə müsbət münasibət bildirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən də bir neçə kəlmə ilə fikrimi bildirmək istərdim. Məlumdur ki, hələ qədim dövrlərdən Azərbaycanda şəhərlər, kəndlər tayfa adları daşıyıb. Bəzən eyni tayfanın adı bir neçə yerə verilib. Məsələn, Sofulu kəndi Naxçıvanda da var, Qazaxda da var, Sisyanda da var. İndi bu komissiyalar işləyəndə bunların hamısını araşdırırlar. Bilirsiniz ki, Toponimiya komissiyası var. Bu məsələni Milli Məclisin komissiyasından qabaq Toponimiya komissiyası araşdırıb. O komissiyada bizim millət vəkillərindən nümayəndələr də var. Yəni bunlar hamısı o komissiyalarda baxılandan sonra bizə gəlir. Ona görə də belə məsələlərdə mübahisə açmaq düzgün deyil. Yazılanlardan təkid edən yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 83
Əleyhinə 7
Bitərəf 2
Səs verməd 1
İştirak edir 93
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında qanun layihəsi barədə. Komissiyanın üzvü Rüstəm Xəlilov. Buyurun.
R. Xəlilov, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan bu qanun layihəsi ilə bağlı bildirmək istəyirəm ki, 1930-cu ildə yaradılmış Əli Bayramlı rayonunun inzibati mərkəzi olan Zubovka kəndinə 1938-ci ildə Əli Bayramlı adı verilmiş və o, 1954-cü ildə şəhər statusu almışdır. Rayon isə 1963-cü ildə ləğv edilmişdir.
Əli Bayramlı əhalisinin əksəriyyəti şəhərin adının dəyişdirilməsinin tərəfdarıdır. Çünki Əli Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda fəal iştirak edən bir inqilabçı olmaqla bərabər, həm də onun bu şəhərlə heç bir əlaqəsi olmamışdır. Buna görə də ərazidə yerləşən sənaye, tədris, səhiyyə müəssisələrinin əmək kollektivlərində, icra və yerli özünüidarəetmə orqanlarında vətəndaşların yığıncaqları keçirilmiş və həmin yığıncaqlarda Əli Bayramlı şəhərinin adının dəyişdirilməsi, onun Şirvan adlandırılması barədə təkliflər irəli sürülmüşdür. Yığıncaqlarda qərarlar qəbul olunmuş və müvafiq orqanlara müraciətlər edilmişdir. Həmin müraciətlərə Əli Bayramlı Şəhər İcra Hakimiyyəti yanında Şuranın 2008-ci il 7 mart tarixli iclasında baxılmış, əhalinin çoxsaylı müraciətləri və qəbul edilmiş qərarlar nəzərə alınmaqla Əli Bayramlı şəhərinin adının dəyişdirilməsi və onun Şirvan adlandırılması məqsədəmüvafiq hesab edilmişdir. Əli Bayramlı şəhərinin adının dəyişdirilməsi barədə şəhər icra hakimiyyəti başçısının 2008-ci il 11 mart tarixli sərəncamı da vardır.
Məsələyə Milli Məclis yanında Toponimiya komissiyasında da baxılmış və müsbət rəy verilmişdir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq sənədlər toplanmış və müzakirə edilmək üçün Milli Məclisə göndərilmişdir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər daimi komissiyasının 2008-ci il 18 aprel tarixli iclasında müzakirə olunaraq müsbət qiymətləndirilmiş və Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Mən qanun layihəsini sizin müzakirənizə verir və layihənin təsdiq olunmasına səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Birdən-birə 9 nəfər yazılıb. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, deputat həmkarlarım Əli Bayramlı şəhərinin və Xanlar rayonunun adlarının dəyişdirilməsi haqqında qanun layihələrinə səs verəcək, onları qəbul edəcəklər. Bu adların dəyişdirilməsi ilə bağlı mən də öz fikirlərimi bildirmək istəyirəm.
Birincisi, biz gərək əvvəlcə konkret bir məsələni müəyyənləşdirək. Məsələn, Baltikyanı ölkələrdə konkret olaraq müəyyənləşdirilib ki, Sovet dövrünün ideologiyası ilə bağlı olan bütün məsələlər bu günün mövqeyindən qiymətləndirilməlidir. Hətta o vaxt elmi kommunizmdən, Sov.İKP tarixindən müdafiə etmiş elmlər doktorlarının, elmlər namizədlərinin dissertasiyalarını ləğv etdilər. Ona görə mən hesab edirəm ki, bizim də bu məsələ ilə bağlı mövqeyimiz konkret olmalıdır. Bax, indi biz Əli Bayramlı şəhərinin və Xanlar rayonunun adını dəyişirik, çünki Əli Bayramov və Xanlar bolşevik olublar. Onda gərək Nərimanov və Əzizbəyov adlarını da dəyişək. Çünki bunlar onlardan da böyük bolşevik olublar. Bunlar daha çox bu işlərlə məşğul olublar. Yaxşı, bu adları saxlayırıqsa, bunun əsası nədir? Tutalım, Əli Bayramlının adını dəyişib qoyduq Şirvan. Bəs digərləri necə olsun? Ona görə də bu məsələyə münasibətdə eyni prinsip, eyni yanaşma olmalıdır.
Komissiyaya təklif gələndə bir araşdırılmalıdır ki, bu ad buna uyğun gəlir, gəlmir. Mənim coğrafiya müəllimim zəif olub, amma mən bilirəm ki, Əli Bayramlı Şirvana daxil deyil, Muğana daxildir. Bunun Şirvanla o qədər də bağlılığı yoxdur. Ola bilsin, burada Şamaxı zəlzələsindən sonra Şirvandan köçüb gələn adamlar var. Amma bu dərəcədə yox.
Vaxtilə Gəncənin tərkibində rayonlar yaradılanda ümummilli liderimiz alimləri, akademikləri yığdı, dedi ki, gedin, fikirləşin, Gəncənin iki rayonuna ad tapın, gətirin. Alimlər çox fikirləşdilər. Biri dedi, Yupiter qoyaq, biri dedi, Mars qoyaq, bu, yeniliyə doğru bir addım olacaq, biri dedi, Planet qoyaq. Yekunda ümummilli liderimiz dedi ki, Gəncənin iki böyük sərvəti var – biri Nizami Gəncəvidir, biri də Kəpəz dağıdır. Gedin, rayonun birinin adını Kəpəz, o birinin də adını Nizami qoyun.
Dediyim odur ki, ad qoyanda, heç olmasa, bu məsələlər nəzərə alınmalıdır. Xanlar rayonu Göygölün yanında olduğu üçün ona Göygöl adının verilməsini başa düşmək olar. Amma gəlin, burada ümumi yanaşmanı, prinsipi müəyyənləşdirək. 26-lar bağından 26-ların heykəlini götürək, şəhərdən Əzizbəyovun heykəlini, Nərimanovun heykəlini götürək, bu adları dəyişək. Konkret müəyyənləşdirək ki, biz bu prinsiplə yaşayırıq.
Ədəbiyyatımızda dəyişiklik edək. Mənim yadımdadır, Xalq Cəbhəsinin dövründə düşmüşdülər Süleyman Rüstəmin üstünə, çünki adamsız idi, oğlanlarından, uşaqlarından vəzifədə olan yox idi, başqaları vəzifədə idi. Süleyman Rüstəm küçəsinin adını dəyişdirmək istəyirdilər. O vaxt oğlu müəyyən yerlərə müraciət etdi. Yaxşı ki, ümummilli liderimiz gəldi, yoxsa onu dəyişəcəkdilər. İndi keçmişimizi təftiş ediriksə, hər şeyə bu mövqedən yanaşırıqsa, ədəbiyyatımıza da bir nəzər salaq. Axı, bizdə də Lenin haqqında, Stalin haqqında, bu qəbildən olan başqa-başqa adamlar haqqında əsərlər, romanlar, hekayələr, povestlər yazanlar olub. Onlar da o ideologiyaya xidmət ediblər.
Ona görə də mən deputat həmkarlarımdan xahiş edirəm, bu qanun layihəsinə səs verək, amma bundan sonra müəyyənləşdirək ki, biz hansı prinsip əsasında fəaliyyət göstərməliyik. Gələcəkdə adlar da o prinsip əsasında dəyişdirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən düşünürəm ki, Əli Bayramlı şəhərinin adının dəyişdirilməsi barədə Milli Məclisin qəbul edəcəyi qərar tarixi bir qərar olacaqdır. Mən hörmətli həmkarlarımı bu qərarı dəstəkləməyə çağırıram.
Uzun illər mən Əli Bayramlı şəhərində yaşamış və orta məktəbi də orada bitirmişəm. Bu gün 71 mindən artıq əhalisi olan Əli Bayramlı şəhərində mənim şəxsən tanımadığım az insanlar var. Əgər sovet dönəmində, 1938-ci ildə bu şəhərin Əli Bayramovun adı ilə adlandırılması o dövrdəki tarixi-siyasi reallıqdan irəli gəlirdisə, niyə bu gün adının dəyişdirilməsi siyasi bir zərurət hesab edilməsin? Hələ 1804-cü ildə İran–Rusiya müharibəsi başlamazdan əvvəl Azərbaycana general Zubovun başçılığı altında göndərilmiş rus qoşunlarının düşərgə saldığı bir yer kimi bura əvvəllər Zubovka kəndi, ondan daha əvvəl isə yerli insanlar tərəfindən Qırxçıraq adlandırılıb. Vaxtilə bu yerin Popanin adı da olub. Bu adların heç biri bu gün bərpa olunmağa layiq deyildir.
Mən hesab edirəm ki, ictimaiyyətin fikrinə hörmətlə yanaşmaq lazımdır, çünki bu insanların özləri yaşadıqları şəhərin Şirvan adlandırılması fikrinə gəliblər. Bundan əvvəl Əli Bayramlıda bu mövzuda müzakirələr aparılarkən əhalinin böyük bir hissəsi bu şəhərə ulu öndərimiz Heydər Əliyevin adının verilməsi barədə fikir irəli sürmüşdü. Amma bu gün şəhər ictimaiyyəti Şirvan adının üzərində dayanıbsa, bunu nəzərə almaq lazımdır. Şirvan adı uğurlu addır.
Əli Bayramlı şəhərinin Şirvan ərazisində olub-olmamasına gəlincə, deməliyəm ki, Kürün Əli Bayramlı şəhəri yerləşən hissəsi Azərbaycanın Şirvan adlandırılan böyük bir coğrafi ərazisinə daxildir. Əli Bayramlının yalnız bir hissəsi – Bayramlı deyilən kiçik bir qəsəbəsi Kürün o biri hissəsinə, yəni Muğan hissəsinə düşür.
Toponimiya komissiyasının iclasında da belə fikirlər səsləndi ki, konkret bir şəhərə Şirvan adının verilməsi düz deyil, çünki Şirvan Azərbaycan tarixində öz yeri olan böyük bir coğrafi ərazinin ümumi adıdır. Lakin bu, həmin ərazidə yerləşən konkret bir şəhərə Şirvan adının verilməsini istisna etmir. Əksinə, Şirvan adının konkret bir şəhərə verilməsi bu adın unudulmaması, daşlaşdırılması üçün mühüm bir addımdır. Mən hörmətli həmkarlarımı parlamentin qəbul edəcəyi bu qərara səs verməyə çağırıram. Hesab edirəm ki, bu bizim tarixi bir qərarımız olacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Dünən komissiya sədrləri ilə iclasda bizim bu barədə söhbətimiz, fikir mübadiləmiz oldu. Bəzi təkliflər var. Biz Toponimiya komissiyası ilə də, qanunvericilik təşəbbüsü ilə çıxış edən təşkilatla da danışacağıq. Ancaq bir məsələ var. Vaxtilə Azərbaycanda qədim Şirvan şəhəri olub. İndi o şəhərin heç qalıqları da qalmayıb. İndi həmin o Şirvan adının əbədiləşdirilməsində, Şirvan zonasının bu başında olan Əli Bayramlının Şirvan adlandırılmasında nə qəbahət var? Orada yaşayan insanlar şəhərə bu adı qoymaq istəyirlər. Bənzətmə bir qədər düz olmasa da, hər kəs övladına özü ad qoyur, qonşunu çağırıb ad qoydurmur ki. Bu şəhərdə yaşayan insanlar onun tarixini öyrəniblər. Kürün aşağı tərəfi Şirvan zonası sayılır. Bu şəhərin adını dəyişib Şirvan qoyurlar. Burada nə var ki biz bunu bu qədər müzakirə edirik? Çıxışlarda təkid edən varmı? Hamı eyni şeyi deyir. Sabir müəllim, buyurun.
S. Rüstəmxanlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu addəyişmələrin ümumi bir məntiqi və fəlsəfəsi müəyyənləşdirilməlidir. Bu məsələ icra başçılarının və ya bələdiyyə sədrlərinin təklifi ilə həyata keçirilməli deyil. Toponimiya komissiyasının üzvü kimi mən də belə düşünürəm ki, gələcəkdə biz bu məsələ ilə daha ciddi məşğul olmalıyıq.
Burada indiyə kimi müzakirə olunan məsələlərlə bağlı qısaca fikrimi bildirmək istərdim. Mən Mərəzəyə Qobustan adının verilməsinin əleyhinə deyiləm. Amma vaxtilə Duvannı qəsəbəsinə də Qobustan adı verilib. İndi Qobustan adlı iki yer var. Görünür, Duvannını o vaxt rus adı sayıblar. Halbuki Duvannı da qədim türk sözüdür və onu saxlamaq olardı. Təəssüf ki, onu dəyişdiriblər. İndi iki Qobustan adı bir-biri ilə toqquşur. Ərazi adlarının bu cür toqquşması problem yaradır. Amma müxtəlif yaşayış məntəqələri eyni nəsil adı daşıyanda problem yaratmır.
Oqtay müəllim, Siz bir məsələyə toxundunuz. Müxtəlif rayonlarda eyni yer adları var. Eyni olduğuna görə bunların hamısını dəyişmək olmaz. Türklərin, məsələn, Bayat, Sarıcalı, Bayandurlu, Bəydilli kimi qədim boy adları var. Bunlar Azərbaycana, İrana, Türkiyəyə, Ermənistan ərazisinə dağılıblar. Bir-birinə oxşayır deyə, bu yer adlarını dəyişmək o tayfaların və boyların yayılma coğrafiyasını məhv etmək deməkdir. Ona görə də təkrar olsa belə, bu adları qoruyub saxlamaq lazımdır. Bu, tarixi qoruyub saxlamaq deməkdir.
Konkret olaraq Şirvan məsələsinə gəlincə, biz böyük ərazilərin adlarının bir rayona verilməsi ənənəsindən əl çəkməliyik. Onda gərək Qarabağda Qarabağ şəhəri, Mildə Mil şəhəri düzəldək. Şabran, Sizin dediyiniz kimi, Dəvəçi rayonu ilə Qubanın arasındadır. İndi orada da abadlıq işləri gedir. Şabran bərpa olunmalıdır.
Amma Şirvan böyük bir ərazidir. İndi Əli Bayramlının olduğu yerin Qırxçıraq adlı qədim adı olub. Qırxçıraq son dərəcə gözəl bir addır. Niyə Qırxçıraq adını bərpa etməyək? Axı, Şirvan adına sabah Ağsu da, Kürdəmir də, Göyçay da eyni şəkildə iddia edə bilərlər. Mən hesab edirəm ki, camaat Şirvan adını istəsə də, bu yerin qədim adını – Qırxçıraq adını bərpa etmək daha gözəl olardı, çünki etimoloji cəhətdən son dərəcə gözəl bir addır. Niyə olmasın?
Xanlar rayonunun adının Göygöl olaraq dəyişdirilməsi. Burada deyirlər, onda gərək Nərimanov, Əzizbəyov adları da dəyişdirilsin. Bu məsələdə də bir ardıcıllıq, bir ümumi prinsip olmalıdır. Biz Xanlar adını Cavad xan adı ilə dəyişməyi düşünürdük. Amma Xanlar heç kimin yadına Xanlar Səfərəliyevi salmır. Azərbaycan dilində “xan” sözü olduğu üçün Xanlar adında bir rayonun olması qətiyyən qəbahət deyil. Mən Xanlar adının Göygöl adı ilə dəyişdirilməsinin heç bir mənasını, əslində, başa düşmürəm. Xanlar adı qala bilərdi.
Nərimanovla Əzizbəyova gəlincə, bunların hamısını eyniləşdirmək olmaz. Nərimanov Azərbaycanın böyük filosofu, ictimai-siyasi xadimi idi. Hansı dövrdə yaşamasından asılı olmayaraq, onun tarixi xidmətləri ilə Əzizbəyovun xidmətlərini yanaşı qoymaq olmaz. Gəlin, bu adları dilə-dişə salmayaq. Nərimanovun heykəlinin götürülməsini sovet dövründə də istəyirdilər. O vaxt mərhum Heydər Əliyevi ittiham edirdilər ki, Azərbaycanda nərimanovşina ilə məşğuldur. Amma Heydər Əliyev bu ittihamları qətiyyətlə rədd edib, o heykəli qoydu. Nərimanov Azərbaycanın milli azadlığı uğrunda mübarizə aparıb. O, bolşevik deyildi, hümmətçi idi. Amma fikir ayrılıqları da olub. Ona görə də bu şəxsiyyətlərin hərəsinin öz qiyməti verilməlidir.
Gələcəkdə komissiyada bu məsələlərə daha diqqətlə yanaşmalıyıq. Tələsik qərar çıxarmaq düzgün deyil. Məsələn, mən Xanlar adına qarşı idim. Səsə qoyuldu, keçdi. İndi də Şirvan adına qarşıyam. Əli Bayramlıya elə Qırxçıraq adı vermək olardı. Şirvan adı mahal adı kimi qalardı. Azərbaycanın 700 il müstəqilliyini qorumuş Şirvanşahlar dövləti olub. Şirvanşahların tarixində onlarca gözəl ad var ki, onu Əli Bayramlıya vermək, həmin bölgədə olan bəyənmədiyimiz adları da o adlarla dəyişmək olar. Hamısını bu cür üzdə olan adlarla dəyişdirməyə ehtiyac yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, mən Sizinlə tamamilə razıyam ki, tayfa adlarını özündə yaşadan yer adları bizim tariximizdir. Mən deməmişəm ki, o adlar dəyişdirilməlidir. Siz Toponimiya komissiyasının üzvüsünüz. Əfsuslar olsun ki, Siz iclasda olmamısınız, burada çıxış edirsiniz. Bu məsələyə orada da baxmaq lazım idi ki, belə anlaşılmazlıqlar Milli Məclisə gəlib çıxmasın.
Sizi maraqlandırır ki, nəyə görə Xanlar rayonuna Göygöl adı qoyulur. Əvvəla, ona görə ki, bu, əhalinin istəyidir. İkincisi, ona görə ki, bu, məqsədəuyğundur. Mən öz fikrimi deyirəm. Göygöl Azərbaycanın bir incisidir. Ancaq Göygölü indiyə kimi xaricdə kim tanıyır? Göygöl dünyada, Avropada tanınırmı? Dünyanın ölkələri var ki, təbii gözəlliyinə görə Göygöldən qat-qat aşağı səviyyədə olan göllərini bütün dünya tanıyır, sahillərində turizm inkişaf edir. Görürsən, gölün ətrafında onlarca şəhər var, bir adam o şəhərlərin adını bilmir. Hamı oraya yalnız gölün adı ilə gəlir. İndi mən düşünürəm ki, Göygöl rayonu, şəhəri olanda gələcəkdə bu ad artıq dünya turizm xəritəsinə, gölümüz də dünya inciləri siyahısına düşər.
Mən də hesab edirəm ki, gələcəkdə bu məsələlərə yanaşmanın forması haqqında bir az fikirləşməliyik. Bu məsələni artıq səsə qoymaq lazımdır. Hamı eyni fikirləri təkrar edir. Təkrarçılıq kimə lazımdır?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Azay müəllim, Siz əlavə bir şey deyəcəksiniz? Eyni şey deyəcəksiniz də.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
A. Quliyev. Söz verdiyinizə görə təşəkkür edirəm. Mənim yeni heç nə demək fikrim yoxdur. Sadəcə olaraq, Əli Bayramlı şəhərinin deputatı kimi buna münasibət bildirməyi özümə borc bilirəm. Əvvəla, mən bu təklifi dəstəkləyən bütün həmkarlarıma təşəkkür edirəm. Oqtay müəllim, Sizə də minnətdaram ki, indiki Əli Bayramlı şəhərinin ərazisində vaxtilə Şirvan adında qədim şəhər olduğunu bir daha xatırlatdınız. Bu da kifayət qədər əsas verir ki, biz bu gün Şirvan adını bərpa eləyək. Bu birinci məsələ. İkinci, Şirvan kimi böyük bir bölgə hamımız üçün əzizdir. Əlbəttə, Azərbaycanın dövlətçilik tarixində Şirvanşahlar dövlətinin xüsusi rolu olubdur. Hesab edirəm ki, bu gün Azərbaycanda Şirvan adlı bir şəhər olmadığına görə Əli Bayramlıya Şirvan adını verməklə həm dövlətçiliyə bir daha ehtiramımızı izhar edir, həm də o adı yaşadırıq. Mən hesab edirəm ki, bu istiqamətdə çox doğru, dürüst qərar qəbul edilib. Bu qərarı dəstəklədiklərinə görə hamıya təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, biz Xanlar rayonunun Göygöl rayonu adlandırılmasını da artıq müzakirə etdik. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 104
Nəticə: qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Növbəti məsələmiz. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavə edilməsi barədə. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli Milli Məclis, hazırda bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində əhalinin sayı nəzərə alınmadan yaradılır. Bu yanaşma yerli özünüidarə haqqında Avropa Xartiyasının müddəalarına tam uyğundur. Lakin belə normaların olması Azərbaycanda bir çox xırda bələdiyyələrin yaradılmasına gətirib çıxarır. Hazırda 500-ə qədər seçicisi olan bələdiyyələrin xüsusi çəkisi respublikada 41 faizdən artıqdır. Bir çox bələdiyyələrin 50, 40, hətta 30 seçicisi də var. Təbiidir ki, belə bir şəraitdə bələdiyyələr fəaliyyətlərini genişləndirə bilmirlər, onların maliyyə, təşkilati çətinlikləri olur. Bir çox yığıncaqlarda ayrı-ayrı bələdiyyələrdən müraciətlər daxil olur ki, bələdiyyələrin birləşməsi haqqında qaydalar sadələşdirilsin. Mövcud qanunvericiliyə görə bələdiyyələrin birləşməsi və ayrılması əhali arasında rəy sorğusu vasitəsi ilə həyata keçirilir. Həqiqətən də, bu prosedurun maliyyə xərcləri ilə bağlılığı və müəyyən mürəkkəbliyi bələdiyyələrin birləşməsində çətinlik yaradır. Yaranmış vəziyyəti nəzərə alaraq təklif olunur ki, bələdiyyələrin birləşməsi və ayrılması məsələləri yığıncaqlar vasitəsi ilə həyata keçirilsin.
Diqqətinizə təqdim olunan layihədə iki qanuna düzəliş nəzərdə tutulur. Birinci düzəliş “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunun 2-ci maddəsinə aiddir. Bu maddə bələdiyyələrin birləşməsi qaydalarından bəhs edir. Burada nəzərdə tutulur ki, bələdiyyələr rəy sorğusu vasitəsi ilə birləşə və ayrıla bilər. Təklif olunur ki, “rəy sorğusu” sözləri “yığıncaq, yığıncaqlar” sözləri ilə dəyişdirilsin. Bununla əlaqədar 2-ci maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilir: “Birləşən hər bir bələdiyyədə onun ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin birləşməsi məsələsinə münasibət bildirməsini təmin edən yığıncaq, yığıncaqlar keçirilir”. Növbəti düzəliş həmin maddənin 2-ci bəndinə aiddir. Burada da “yerli rəy sorğusu” sözləri “yığıncaq, yığıncaqlar” sözləri ilə əvəz edilir.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Bu qanun layihəsində bir düzəliş də verilib. Həmin düzəliş redaktə xarakteri daşıyır. İş burasındadır ki, 4-cü maddədə deyilir: “Birləşmiş, yaxud ayrılmış bələdiyyələrə seçkilərin keçirilməsi “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”. Halbuki bu qanun artıq yoxdur. Bildiyiniz kimi, bu proseslər Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
Dəyişiklik edilən ikinci qanun “Bələdiyyələrin statusu haqqında” Qanundur. Bu qanunun “Vətəndaşların yığıncaqları” adlanan 28-ci maddəsində nəzərdə tutulur ki, əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy vermək və sair üçün bələdiyyə ərazisində vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər. Bu müddəa dediyim müddəaya zidd olduğu üçün buraya bir bənd əlavə edilir. Həmin bəndə görə 500 nəfər məsələsindəki məhdudiyyət aradan götürülür. 5-ci bənd belə səslənir: “Bu maddənin 1-ci bəndində əhalinin sayı ilə bağlı nəzərdə tutulan məhdudiyyət bələdiyyələrin birləşməsi və ayrılması məsələsinə münasibət bildirmək üçün keçirilən yığıncaqlara şamil edilmir”. Komissiya hesab edir ki, bələdiyyə qanunvericiliyində bu düzəlişlərin edilməsi bələdiyyələrin birləşməsi, ayrılması prosesinə köməklik göstərəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Müzakirələrə başlayırıq. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Məlumdur ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunun icra mexanizmi olmadığı üçün indiyə qədər işləməmişdir. Qanunu işlək hala gətirmək üçün dəqiq mexanizmlərin hazırlanması baxımından mütəxəssislərin, Bələdiyyə Assosiasiyası nümayəndələrinin müxtəlif təklif və təşəbbüslərindən sonra bu məsələnin gündəmə gətirilməsini mən də təqdir edirəm. Ancaq layihəni hazırlayanlardan fərqli olaraq hesab etmirəm ki, qanunda bir sözün dəyişdirilməsi, yəni “rəy sorğusu” sözlərinin “yığıncaq” sözü ilə əvəz edilməsi indiyə qədər işləməyən qanunu işlək vəziyyətə gətirəcəkdir. Mənim üçün aydın deyildir, rəy sorğusunun əvəzinə yığıncağın keçirilməsi bu prosesi, yəni bələdiyyələrin birləşməsi, ya ayrılması prosesini hansı formada asanlaşdıracaqdır? Bu qanun təsdiq olunandan sonra qeyri-müəyyənlik necə aradan qaldırılacaqdır? Yaxud qanunu hazırlayanlar bu prosesi necə görürlər?
Bu layihədə həm də “Bələdiyyələrin statusu haqqında” Qanunun vətəndaş yığıncaqları haqqında olan 28-ci maddəsinə əlavə bəndin salınması nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 55-ci maddəsi vətəndaşların illik yığıncaqlarının çağırılmasını tənzimləyir. 1999-cu ildə bu qanun qəbul edildikdən sonra qanunun tətbiqi ilə əlaqədar dövlət başçısının müvafiq fərmanı da olmuşdu. Bu fərmanda vətəndaş yığıncaqlarının çağırılması, keçirilməsi qaydaları barədə təlimatın iki ay müddətində hazırlanıb təqdim olunması Mərkəzi Seçki Komissiyasına tapşırılmışdı. Nəzərinizə çatdırım ki, bu fərmanın verilməsindən 9 il keçməsinə baxmayaraq, hələ indiyə qədər həmin təlimatlar hazırlanıb təsdiq olunmayıb. Sual olunur: əgər illik yığıncaqların çağırılması haqqında qaydalar yoxdursa, vətəndaş yığıncaqları haqqında müvafiq maddəyə bir bəndin əlavə edilməsi nəyi dəyişəcəkdir?
Hörmətli deputatlar, bu gün dünyada, o cümlədən Yunanıstanda, Türkiyədə, Gürcüstanda bələdiyyələrin birləşdirilməsi prosesi gedir. Hətta Almaniya birləşdiriləndə, orada da mövcud bələdiyyələrin birləşdirilməsi prosesi başladı və fəaliyyət göstərən bələdiyyələrin sayı üçdə birə qədər azaldıldı. Artıq bütün dünya qəbul edir ki, ərazi baxımından çoxlu sayda bələdiyyələrin mövcudluğu yerli özünüidarənin yetkin bir institut kimi formalaşmasına mane olur. Təcrübə göstərir ki, bələdiyyələr nə qədər kiçik olursa, onların maliyyə imkanları da zəif, eyni zamanda, yerlərdə sosial problemləri həll etmək imkanları da məhdud olur. Bu mənada Azərbaycanda vəziyyət daha ağırdır. Yaxınlarda mütəxəssislər Bərdədə tədqiqatlar aparıblar. Təsəvvürünüzə gətirin ki, ölkənin ən böyük rayonlarından biri olan Bərdədə bələdiyyələrin əksəriyyətinin əhalisi 500 nəfərlə 1000 nəfər arasında dəyişir.
Ümumiyyətlə, araşdırmalar nəticəsində aydın olur ki, hazırda Azərbaycanda bələdiyyələrin təxminən 45 faizinin, yəni 1257-sinin ərazisindəki əhalinin sayı 1000 nəfərdən azdır. Bələdiyyələrin ərazisinin kiçik, əhalisinin isə az olması nəinki resursların parçalanmasına, həm də ölkədə yerli özünüidarəetmənin pərakəndəliyinə gətirib çıxarmışdır. Biz hesab edirik ki, bələdiyyə ərazisində yaşayan əhalinin sayı 2000 nəfərdən az olmamalıdır. İndi ölkədə əhalisi 2000 nəfərdən az olan 2057 bələdiyyə vardır ki, bu da bütün bələdiyyələrin 74 faizini əhatə edir. Həmin yerli özünüidarə qurumlarının hər birinin ərazisində orta hesabla 880 nəfər yaşayır.
Mütəxəssislərin hesablamalarına görə, bələdiyyə yaradılması üçün minimum tələb 2000 nəfər götürülərsə, bir bələdiyyəyə düşən əhalinin orta sayı ən azı 2200−2300 nəfərə qədər yüksələr, nəticədə 2057 bələdiyyənin bazasında cəmi 800 yeni bələdiyyə yaradılar. Əhalisi 2000 nəfərdən çox olan mövcud 700 bələdiyyəni də buraya əlavə etsək, Azərbaycanda cəmi 1500 bələdiyyə formalaşmış olar. Yəni indiki saydan 1200 az bələdiyyə fəaliyyət göstərmiş olar.
Hesablamalar göstərir ki, təklif edilən bu minimum saya uyğun birləşmə indiki şəraitdə ən azı 3−4 milyon manat yerli büdcə vəsaitinin sərbəstləşməsinə, həmin vəsaitin yerli problemlərin həllinə yönəldilməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, bələdiyyə ərazisində vergiyə cəlb edilən xüsusi mülkiyyətdə olan torpaqların həcmi də 1000 hektardan aşağı olmamalıdır, çünki indi bələdiyyə üçün ən sabit gəlir mənbəyi torpaq vergiləridir. Mütəxəssislərin hesablamalarına görə, hətta digər gəlir mənbələri zəif də olsa, təkcə torpaq vergisinin hesabına bələdiyyələr nisbətən yaxşı fəaliyyət göstərə bilərlər.
Onu da deyim ki, bələdiyyələrin yerləşdirilməsindəki dünya təcrübəsi uğur verdiyi halda yayılmalıdır. Ancaq təəssüf ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qəbul olunan qanunlar bu müsbət təcrübələrin tətbiqinə əngəl rolunu oynamaqdadır. Fikrimcə, bugünkü layihə də bələdiyyələrin birləşdirilməsi və beləliklə, onların formal bir qurumdan işlək bir quruma çevrilməsi üçün heç bir əlavə mexanizm təklif etmir.
Çıxışımın yekununda bildirmək istəyirəm ki, biz, Milli Məclisin deputatları bələdiyyələri yerli əhəmiyyətli məsələləri həll etmək iqtidarında olan özünüidarə qurumuna çevirmək istəyiriksə, mütəmadi olaraq bələdiyyələrin məsələsini gündəliyə çıxarmalı, onları fəaliyyətsizlikdə qınamaqdansa, bələdiyyə islahatlarına getməliyik. Başqa sözlə, bələdiyyələr haqqında mövcud qanunvericiliklərin bu və ya digər maddəsində bir-iki cümlə dəyişdirib islahat imitasiyası ilə məşğul olmaqdansa, hesab edirəm ki, digər tədbirlərlə yanaşı, könüllülük prinsipi saxlanılmaqla, birinci növbədə, bələdiyyələr üçün əhali və ərazi baxımından optimal həddi müəyyənləşdirməliyik. Minimum optimal hədd müəyyən edilmədən və bələdiyyələri bu həddə uyğun olaraq yerləşdirmədən onların yerli idarəetmə qurumu kimi inkişafı qeyri-mümkündür. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Sağ olun. Mən, birinci, demək istəyirəm ki, burada bələdiyyələrin birləşməsi və ayrılması ilə əlaqədar mexanizmin olmaması məsələsi tamamilə həqiqətə uyğun deyil. Bələdiyyələrin iclasının keçirilməsi haqqında da müvafiq qanun var və orada bu məsələlər xırdalanır. Rəy sorğusunun aparılması haqqında qanunda müddəalar var. Orada da bu məsələlər öz əksini tapır. Çətinlik burada ondan ibarətdir ki, rəy sorğusu çox spesifik bir prosedurdur və rəy sorğusu zamanı müzakirələr aparılmır. Sorğuda ancaq bir sual qoyulur: razısan, ya razı deyilsən? Bu, birinci çətinlikdir.
İkinci çətinlik ondan ibarətdir ki, rəy sorğusunu keçirməkdən ötrü xeyli vəsait lazımdır. Xüsusi təşkilat qrupları yaradılmalıdır. Xırda bələdiyyələrin bu işi aparmaq üçün texniki cəhətdən imkanları yoxdur. Biz hesab edirik ki, iclaslar, yığıncaqlar vasitəsi ilə bu məsələlərin həll edilməsi bələdiyyələrin birləşməsinə böyük bir stimul olacaq.
Burada məndən qabaq danışan deputat həmkarım bələdiyyə ərazisində əhalinin sayının 2000, 3000 olması haqqında məsələ qaldırdı. İş burasındadır, Avropa Xartiyasında birmənalı deyilib ki, əhalinin sayından asılı olaraq bələdiyyələrin özünüidarəni həyata keçirmələri məhdudlaşdırıla bilməz. Əhali istəsə ki, bələdiyyə 10 nəfərdən ibarət olsun, heç kəs məcburi şəkildə bələdiyyələri birləşdirə bilməz. İnsanların gərək müsbət rəyi olsun və könüllü surətdə bu işə getsinlər. Odur ki, mən hesab edirəm, burada deyilən iddialar tamamilə əsassızdır və bu qanunlara dəyişiklik və əlavələrin qəbul edilməsi, həqiqətən, bələdiyyələrin birləşməsinə təkan verəcəkdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Buyurun, Aydın Həsənov.
A. Həsənov. Hörmətli millət vəkilləri, mənim Arif müəllimə sualım var. Mən Badamdarda yaşayıram. Ziyafət müəllim, orada bir qadın mənə şikayət eləyib. Ona 3 sot torpaq sahəsi veriblər. Onun sahəsinin yanında villalar tikilib. Bu torpaq haqqında bələdiyyə ona qanuni sərəncam da verib. Sonra bələdiyyə Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətinin başçısı yoldaş Ələkbərova yazır: “Lahıcovun müraciətinə müvafiq rəy bildirməyiniz üçün, xahiş edirəm, ona göstəriş verəsiniz.” Mən özüm də getdim oraya, dedim ki, xəstə arvaddır, kömək eləyin. Deyir ki, onun ərazisi deyil, qoy Bakı Şəhər İcra Hakimiyyətinə və ya Torpaq şöbəsinə müraciət eləsin.
Sədrlik edən. İşçi qaydasında Arif müəllimə müraciət edərsiniz, baxarlar. Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Tamamilə haqlı qeyd etdiniz. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi artıq birinci oxunuşdan keçmişdir. Millət vəkillərinin, yəqin, yadındadır, ətraflı təqdimatdan sonra müxtəlif təkliflər, fikirlər səslənmişdi. Hər bir deyilən təklif ətrafında komissiyamızın iclasında müzakirələr aparılmış və sözün əsl mənasında birinci oxunuşdan sonra bu qanunun qəbul olunmasının zərurəti və əhəmiyyəti bir qədər də artmışdır.
Gedən proseslər göstərir ki, təqdim olunan qanun layihəsində göstərilən müddəalar, bəndlər, ifadələr tamamilə haqlıdır və reallığı əks etdirir. Azərbaycan bayrağının Azərbaycan ərazisində müdafiəsi, xarici ölkələrin bayraqlarının istifadəsi qaydalarının tənzimlənməsi mexanizmi bu qanun layihəsində öz əksini tapır. Ona görə, təbii, mən millət vəkillərinin suallarına cavab verməyə hazıram. Hesab edirəm ki, bu qanun çox vacibdir, əhəmiyyətlidir. Baxmayaraq ki, balaca bir qanun layihəsidir, çox vacib və əhəmiyyətli bir qanunun layihəsidir. Ona görə millət vəkillərindən xahiş edərdim, ikinci oxunuşda bu qanun layihəsinə müsbət münasibətlərini bildirsinlər. Respublikamızda gedən proseslər, Azərbaycanın beynəlxalq tədbirlərin təşkil olunmasında aktiv rolu, Azərbaycana qonaqların gəlişi, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi bu qanunun tez qəbul olunması zərurətini yaradır. Ona görə də millət vəkillərindən xahiş edərdim, qanun layihəsi ikinci oxunuşda qəbul olunsa, üçüncü oxunuşda da bu gün baxaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Aydındır. Hörmətli deputatlar, mən artıq qeyd etdim, bu qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Ona görə qanun layihəsinə əsas kimi münasibət bildirmənizi xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. İndi isə qanun layihəsinin müzakirəsinə başlayırıq. Buyurun, yazılın. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də prinsipcə bu qanun layihəsinin üçüncü oxunuşda qəbul edilməsinə razı olardım, amma burada ciddi problem önə çıxır. Bununla bağlı fikirlərimi bildirmək istəyirəm.
Hörmətli Səməd müəllim qeyd etdi, doğrudan, aktual, vacib bir qanundur. Amma hər bir qanun real ictimai münasibətləri tənzimləməlidir. Həmin münasibətlərin hər hansı bir şəkildə zərərli nəticələri ortaya qoymasına imkan verməməlidir. Mən praktikada baş verən, reallıqda olan bir neçə məsələni diqqətə gətirmək istəyirəm. “Xarici dövlət” deyəndə biz buraya hansı ölkələri daxil edirik? Təbii ki, Azərbaycanla həmsərhəd olan, həmsərhəd olmayan dünyanın bütün dövlətləri xarici dövlət sayılır. Amma bizim kimi müstəqilliyini yeni əldə etmiş, həm də digər xarici dövlətlər içərisində bizə dost, yaxın dövlətlər var.
Mən bir neçə misal deyəcəyəm. Şamaxı yolunda, Şamaxıdan Qobustana keçən ərazidə – Adlıdərədə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş türk əsgərinin xatirəsinə qoyulmuş abidənin üzərində Azərbaycan bayrağı ilə bərabər Türkiyənin bayrağı yellənir. Elə Milli Məclisin yaxınlığında Şəhidlər xiyabanında türk əsgərinin şərəfinə ucaldılmış abidənin yanında Azərbaycan bayrağı ilə bərabər Türkiyə bayrağı yellənir. Eləcə də Azərbaycanda Türkiyənin təhsil müəssisələrinin, Türkiyə dövlətinin dəstəklədiyi Atatürk liseyi, Atatürkün adını daşıyan bir neçə orta məktəb var ki, onların həyətində Türkiyənin bayrağı dalğalanır. Onların iş otaqlarında da masanın üzərində bu bayraqlar olur. Hansısa formada qanun layihəsində başqa dövləti demirəm, yalnız Türkiyə üçün istisna nəzərdə tutulan bir maddə saxlamalıyıq. Bu, olduqca vacibdir, çünki Qarabağ məsələsində Azərbaycanı yeganə dəstəkləyən, bəzən öz maraqlarına zidd olaraq Azərbaycanın maraqlarını təmsil edən Türkiyədir. Mən xahiş edərdim ki, qanun layihəsində bu müddəanı nəzərdə tutaq. Ona görə də 2-ci maddəyə yeni bir bəndin əlavə olunmasını təklif edirəm. Mən burada, ola bilsin ki, bunun dəqiq formasını deyə bilməyəcəyəm. Amma hesab edirəm ki, müvafiq icra orqanının razılığı ilə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etmiş və ya dəstək vermiş xarici dövlət vətəndaşlarının xatirəsinə ucaldılmış abidələrin üzərində bu bayrağın qoyulması mümkün olsun.
İkinci məsələ isə bu qaydaların təhsil müəssisələrinə aid edilməsi ilə bağlıdır. Yenə də müvafiq icra hakimiyyəti orqanının razılığı ilə xarici dövlətlərin Azərbaycanda açılan məktəblərinin iş otaqlarında həmin ölkələrin bayraqlarının qoyulması məsələsi, tutaq ki, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın. Bakı Şəhər İcra Hakimiyyəti maraqlarımıza qarşı çıxan ölkələrin təhsil müəssisələrinə isə bu icazəni verməsin. Amma dediyim kimi, Türkiyənin Azərbaycana münasibətini nəzərə alaraq ona icazə vermək imkanlarını saxlamalıyıq. Bu həm bizim vəfadarlığımız, qədirşünaslığımız üçün, həm də gələcəkdə dostluğumuzun möhkəmlənməsi üçün vacibdir. Mən, ümumiyyətlə, qanun layihəsinin qəbul olunması, Azərbaycan bayrağının, Azərbaycanda xarici ölkələrin bayraqlarının statusu ilə bağlı məsələnin tənzimlənməsinə müsbət yanaşıram. Hesab edirəm ki, bu layihəni qəbul etmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli Milli Məclis üzvləri! Mən də düşünürəm ki, müstəqil, suveren dövlətin belə bir qanun qəbul etməsi zəruridir. Hesab edirəm ki, bu, gecikdirilmiş bir qanundur. Bu qanun layihəsinin müzakirəyə çıxarılmasını dəstəkləyirəm. Amma layihə ilə bağlı bir sıra iradlarım var. Əvvəlcə onu deyim ki, məndən öncə çıxış edən həmkarım Fazil müəllimin irəli sürdüyü fikirlərin hamısını dəstəkləyirəm. Özümün isə bir sıra başqa iradlarım var.
2.0.1-ci maddədə xarici ölkələrin bayraqlarının səfirliklərin, diplomatik nümayəndəliklərin və konsulluqların binalarının üzərindən asılması göstərilib. Amma həmin nümayəndəliklərin binalarının ətrafındakı onlara məxsus ərazi nəzərdə tutulmayıb. Bakının mərkəzində Türkiyə Respublikasının səfirliyi var. Səfirliyin həyətində Türkiyə Respublikasının böyük bir bayrağı dalğalanır. İndi belə çıxır ki, həmin bayraq bu ərazidən götürülməli və hökmən binanın üzərinə asılmalıdır. Mən hesab edirəm ki, diplomatik nümayəndəliklərin binalarına təhkim olunan ərazi həmin dövlətin ərazisi hesab olunur və orada bayrağın qaldırılması bir qüsur deyildir.
Bundan başqa, xarici diplomatik nümayəndəliklərin və konsulluqların başçılarının iqamətgahlarının üzərində həmin dövlətin bayrağı dalğalanır. Onu da nəzərə almaq lazımdır ki, ola bilər, bu cür insanlar iqamətgahlarda yox, hər hansı bir yaşayış binasının konkret mənzilində yaşayırlar. Mən burada konkret bir forma irəli sürmürəm, amma demək istəyirəm ki, konkret binanın konkret mənzilində yaşayan diplomatik nümayəndəliyin başçısının öz dövlətinin bayrağından istifadə etmək hüququnu onun əlindən almaq olmaz. Bu da hansısa qaydada tənzimlənməlidir ki, diplomatik nümayəndə də öz dövlətinin bayrağından istifadə edə bilsin. Bilinməlidir ki, bu, xarici nümayəndəliyin başçısının mənzilidir.
Bundan başqa, mən hörmətli həmkarlarımın nəzərini 2.0.3-cü maddəyə cəlb etmək istəyirəm. Burada göstərilir ki, xarici ölkələrin bayraqları Azərbaycan Respublikasının daxili sularında üzən gəmilərdə qaldırıla bilər. Amma biz beynəlxalq hüquq normalarından bilirik ki, daxili sularda üzən gəmilərlə yanaşı, bu cür status hava gəmilərinə, digər uçan qurğulara da verilir. İndi təsəvvür edək ki, hər hansı bir ölkənin prezidenti Azərbaycana qonaq gəlir. Onun təyyarəsi hava limanında dayanıb. Həmin təyyarənin üzərində bu bayraq qaldırılır. Biz yazmasaq da, qaldırılır. Mən hesab edirəm ki, daxili sularda üzən gəmilərlə yanaşı, beynəlxalq hüquq normalarına uyğun olaraq hava gəmilərinə də bu status verilməlidir. Bundan başqa, bu status həm də hava şarlarına verilməlidir. Beynəlxalq tədqiqat, idman və sair məqsədlə Azərbaycanın hava məkanından transməkan kimi istifadə edən hava şarları uçub keçə bilər. Belə şeylər çox olur. Mən hesab edirəm ki, burada da hökmən bayraq qaldırılacaq. Sözsüz ki, bu, Azərbaycan Respublikasının razılığı əsasında həyata keçirilən bir aksiyadır. Amma hesab edirəm ki, beynəlxalq hüquq normalarına uyğun olaraq nəinki suda üzən gəmilərə, hava şarlarına, ümumiyyətlə, uçan qurğulara da bu hüquq verilməlidir.
Mən 2.0.4-cü maddə barədə də demək istərdim. Burada deyilir: “Azərbaycan Respublikasında keçirilən beynəlxalq səviyyəli tədbirlərdə”. Mən bilmirəm, hörmətli Səməd müəllim, burada idman yarışları nəzərdə tutulub, tutulmayıb? Tutulmayıbsa, bunu əlavə yazmaq olar. Belə yazmaq olar: “və idman yarışlarında”.
Yerdən. (Eşidilmir.)
R. Cəbrayılov. Nəzərdə tutulubsa, mənim başqa iradım yoxdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun. Bu qanunun əhəmiyyəti kifayət qədər böyükdür. Həm Azərbaycanın suveren hüquqlarının qorunmasında, həm də Azərbaycanda tez-tez keçirilən beynəlxalq tədbirlərdə xarici dövlətlərin bayraqlarından istifadə qaydalarının tənzimlənməsində böyük rol oynayacaq. Göstərilmiş müddəaların hamısında bayraqların istifadəsi ilə bağlı bütün situasiyalar nəzərə alınır. Bununla belə, məndən əvvəl çıxış edən deputat həmkarlarım kimi, mənim də bu qanun layihəsi ilə bağlı iki təklifim var.
Birincisi, 2.0.1-ci maddədə xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılma yerlərinin müəyyənləşdirilməsi elan edilsə də, maddənin içərisində beynəlxalq təşkilatların binalarının üzərində onların bayraqlarının qaldırılması məsələsi öz həllini tapmayıb. Yəni 2.0.1-ci maddədə bildirilir ki, diplomatik nümayəndəliklərin və konsulluqların binalarının üzərində xarici dövlətlərin bayraqları qaldırıla bilər. Amma Azərbaycanda, konkret olaraq paytaxtda beynəlxalq təşkilatların ofislərinin üzərində bayraqların qaldırılması isə həmin maddədə qətiyyən öz əksini tapmayıb. Ona görə də mən təklif edirəm ki, 2.0.1-ci maddəyə belə bir əlavə edilsin: “Diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların inzibati binalarının üzərində”. Bununla da həmin məsələ artıq öz həllini tapmış olur.
Digər bir məsələni isə hörmətli deputat həmkarım Fazil Mustafayev qaldırdı. Mən də bu məsələ üzərində dayanmaq istəyirəm. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda xarici ölkə vətəndaşları öz canlarını qurban veriblər. Konkret olaraq Türkiyə əsgərlərinin Azərbaycanın müxtəlif yerlərində məzarları olduğunun şahidiyik. Həmin məzarlar ilk növbədə Azərbaycan xalqının diqqəti, qayğısı sayəsində müstəqillik dövrümüzə qədər qorunub saxlanmışdır. Mən hesab edirəm ki, onlar öz qanları hesabına məzarları üzərində öz dövlətlərinin bayraqlarının qaldırılması hüququnu qazanıblar. Ona görə də mən təklif edirəm ki, bu məsələ ilə bağlı ya 2-ci maddəyə əlavə edilsin və ya yeni bir maddə tərtib olunsun. Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı uğrunda öz canını qurban vermiş xarici ölkə vətəndaşlarının məzarları və ya xatirə komplekslərinin üzərində həmin ölkələrin bayraqları dalğalana bilər.
Burada hörmətli Fazil müəllim Türkiyə Respublikasının nümunəsindən danışdı. Ancaq mən bilirəm ki, bu gün bizim Şəhidlər xiyabanında Özbəkistan Respublikasının vətəndaşının da qəbri var. Müəyyən müddətdən sonra oranın ziyalıları həmin vətəndaşın qəbrinin üzərində öz bayraqlarının qaldırılması təşəbbüsü ilə çıxış edə bilərlər. Ola bilsin ki, gələcəkdə biz digər ölkə vətəndaşlarının da Azərbaycanın torpaqlarının qorunması uğrunda mübarizədə canlarını qurban vermələrinin tarixçəsini eşidə bilərik. Buna görə də, hesab edirəm ki, onların məzarları üzərində öz ölkələrinin bayraqlarının qaldırılmasına icazə verilsin.
Eyni zamanda, Azərbaycan Respublikasında xarici ölkələrin təhsil müəssisələrinin binaları üzərində həmin ölkələrin bayraqlarının qaldırılmasına icazə verilməsi təşəbbüsünü də dəstəkləyirəm. Əgər onlar bu gün Azərbaycanda gənc nəslin maarifləndirilməsində, Azərbaycana müasir təhsil modelinin gətirilməsində çalışırlarsa, bu işdə cəmiyyətimizə kömək edirlərsə, onların dövlətinə hörmət etdiyimizi bildirmək yerinə düşərdi. Bu təkliflərimin nəzərə alınmasını xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Zənnimcə, bu gün bizim müzakirə etdiyimiz qanun layihəsi çox böyük əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin hüdudlarında Azərbaycan bayrağından başqa heç bir bayraq yüksələ bilməz. Biz türk və islam dünyasının böyüklüyü fikrini özündə əks etdirən bu bayrağa hörməti bu dövlətdə qaldırmalıyıq. Qanun layihəsi ilə bağlı komissiyada çox ciddi müzakirələr getdi. Mənə elə gəlir ki, qanun layihəsi vaxtında hazırlanmış və qəbul olunmaq üçün müzakirəyə çıxarılmışdır.
Çox vaxt Bakı şəhərində, Azərbaycanın bir sıra bölgələrində görürük ki, Azərbaycanın ərazisində başqa ölkələrin bayraqları dalğalanır. Bizə dost olan, yaxud dost olmayan ölkənin bayraqları Azərbaycanın hüdudlarında dalğalanır. Hansı ölkədə biz belə bir şəraiti müşahidə edə bilərik? Dünyanın heç bir ölkəsində öz bayrağından başqa bir dövlətin bayrağı yüksələ bilməz. Zənnimcə, məhz bu amilə görə bu qanunun əhəmiyyətini biz qəbul etməliyik.
İkinci məqam. Bu qanun layihəsində Azərbaycan bayrağına hörmətlə yanaşı, digər ölkələrin bayraqlarına da hörmət öz əksini tapıb. Mən diqqətinizi bir amilə cəlb etmək istəyirəm ki, heç bir ölkənin bayrağına Azərbaycanın hüdudunda hörmətsizlik ola bilməz. Bilirsiniz ki, hansısa mənfi qüvvələr Azərbaycana dost olan ölkələrin bayraqlarına hörmətsizlik nümayiş etdirirlər, yandırırlar. Azərbaycanın bayrağına hörmətlə yanaşı, digər ölkələrin bayraqlarına hörmət də bu qanun layihəsində əks etdirilib. Mənə elə gəlir ki, bu amili də biz nəzərə almalıyıq.
Üçüncü məsələ. Hörmətli Fazil müəllimin qaldırdığı məsələ ilə bağlı mən fikrimi ifadə etmək istərdim. Azərbaycanın müstəqilliyi uğrunda həyatını qurban vermiş digər ölkələrin şəxslərinə bizim çox böyük hörmətimiz var. Onlar öz həyatlarını məhz Azərbaycan bayrağının, türk bayrağının yüksəldilməsi üçün qurban veriblər. Mənə elə gəlir ki, Azərbaycan bayrağının məhz onların məzarları üzərində dalğalanması da həyatlarını qurban verdikləri amilə hörməti nümayiş etdirə bilər. Ona görə də mənə elə gəlir ki, layihədə protokol qaydalarına uyğun olaraq diplomatik təcrübədən irəli gələn müvafiq müddəalar var. Beynəlxalq tədbirlərdə digər ölkələrin bayraqlarının bizim bayrağımızın yanında ucalmasına mən müsbət baxıram və bu məsələ layihədə öz əksini tapıb. Təbii ki, idman yarışları da, digər beynəlxalq xarakterli tədbirlər də nəzərdə tutulub. Lakin Azərbaycan dövlətində Azərbaycan dövlətinin rəmzindən başqa heç bir dövlətin rəmzi ona bərabər götürülə bilməz. Mənə elə gəlir ki, eyni zamanda, Azərbaycanın milli ideyasını dünyaya çatdırmaq vacibdir. Biz hamıya hörmətlə yanaşırıq, ancaq Azərbaycanda hörmət məhz bizim dövlətimizin rəmzlərinədir və dünya təcrübəsindən irəli gələrək belə qanunun qəbul olunmasını zəruri hesab edirik. Hörmətli millət vəkilləri, hamınızdan xahiş edirik ki, bu qanunu dəstəkləyəsiniz və ona səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən bu məsələ ilə əlaqədar bir az geniş və ətraflı danışmaq istərdim. Ancaq Asim Mollazadə bu məsələlərə çox konkret və yuvarlaq cavab verdiyi üçün mən də fikrimi konkret demək istəyirəm. Ona görə ki, deyə biləcəyim fikirlərin əsas hissəsini dedi. Əvvəla, bu qanun layihəsi vaxtında və bir az da gecikmiş formada bu gün müzakirəyə gətirilmiş və ikinci oxunuşdan keçəcək bir qanun layihəsidir. Çünki müstəqil bir dövlətin belə bir qanununun gecikməsi çox qəribə görünür. Lakin gec də olsa, indi bu qanunun qəbul edilməsi çox gərəklidir. Mən deyərdim ki, qanun layihəsi çox müfəssəl, çox uyğun və başqa ölkələrin də qanunları nəzərə alınaraq formalaşdırılmış və müzakirəyə gətirilmişdir.
Mən bir məsələyə toxunmaq istəyirəm. Qanunda tələblərə vahidlik prinsipi baxımından çox ciddi şəkildə əməl etmək lazımdır. Hansısa dövlətin böyüklüyündən, kiçikliyindən, ərazisinin, əhalisinin sayının çoxluğundan asılı olmayaraq. Azərbaycan müstəqil bir dövlətdir və onun bayrağının da, xarici dövlətlərin ölkəmizdə qaldırılacaq bayraqlarının da statusu həmin qanunlara uyğun şəkildə həyata keçirilməlidir.
Burada Asim müəllim çox gözəl bir söz dedi. Bizim Türkiyə Cümhuriyyətinə, Türkiyə Respublikasına çox böyük hörmətimiz var. Ancaq məsələ burasındadır ki, biz vahidlik prinsipini pozub, Türkiyənin bayrağını hər yerdə qaldırıb, digər dövlətlərin bayraqlarını qaldırmırıq. Bu bizim respublikamız və müstəqil dövlətimiz üçün heç də yaxşı səslənə bilməz.
Məsələn, təsəvvür edin ki, Çanaqqala döyüşündə Azərbaycandan 2 mindən çox könüllü gedib və döyüşlərdə şəhid olublar. Orada Türkiyənin bayrağı dalğalanır və bu da təbiidir. Azərbaycanlılar ora bir vətəndaş kimi, bir könüllü kimi öz qardaşlarına köməyə gediblər. Ancaq bizim bayraq orada dalğalanmır. Eyni ilə onlar da bir qardaş kimi bizə köməyə gəliblər. Onların burada açılan məktəbləri, müəyyən müəssisələri də çox layiqlidir. Bütün bunlar bizim türklərə olan böyük hörmətimizdən irəli gəlir. Azərbaycanda müstəqil respublikanın bayrağı hər yerdə dalğalanmalıdır.
Bu qanunda göstərildiyi kimi, o, müvafiq yerlərdə, konsulluqlarda, səfirliklərdə qaldırılmalı və dalğalanmalıdır. Ona görə də mən bu qanunun ikinci oxunuşda qəbul edilməsinin tam tərəfdarıyam və mən yenə də təkrar edirəm, biz vahidlik prinsipinə çox ciddi şəkildə əməl etməliyik. Çünki biz müstəqil dövlətik və özümüzün də qanunlarımız var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Səməd müəllim, əlavələriniz var? Buyurun.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Mən bütün millət vəkillərinə çıxış etdiklərinə görə öz minnətdarlığımı bildirir və demək istəyirəm ki, bu müzakirələr birinci oxunuşda da çox düzgün və məntiqli şəkildə keçirilmişdir. Biz komissiyamızda bunu ciddi müzakirə etmişik. Hesab edirəm ki, ikinci oxunuşa təqdim olunan qanun layihəsi tamamilə reallığa və tələblərimizə uyğundur. Sadəcə, bir-iki məsələyə mən öz münasibətimi bildirmək istəyirəm. Hörmətli Nizami müəllim tərəfindən, hörmətli Asim müəllim tərəfindən tamamilə doğru deyildi ki, Azərbaycan bir ölkə kimi, bir məmləkət kimi öz bayrağına, öz simvollarına hörmətlə yanaşmalıdır və başqa dövlətlərin vətəndaşları da Azərbaycan ərazisində bu simvollara hörmətlə yanaşmalıdırlar.
Çox gözəl bir fikir söylənildi ki, Azərbaycan ərazisində şəhid olmuş başqa dövlətlərin vətəndaşları bayraq uğrunda şəhid olublar, bizim Azərbaycanın ərazisi uğrunda, həmin simvollar uğrunda həlak olublar. Ona görə də Azərbaycan bayrağının yüksəlməsi onların ruhlarını şad edər. Bu məntiqli bir məsələdir və bu məntiqdən irəli gələn məsələləri biz həll etməliyik. Biz öz bayrağımıza hörmətlə yanaşmalıyıq. Bu hər kəsin, hər bir azərbaycanlının borcudur. Bütün Azərbaycan ərazisində olan xarici vətəndaşların, nümayəndələrin, səfirliklərin Azərbaycan bayrağına yanaşmasını qanunla təşkil etməliyik. Bu birincisi.
İkincisi, qanun layihəsinin 2.0.1-ci maddəsində göstərilən məsələlərlə bağlı, yəni diplomatik nümayəndəliklərin və konsulluqların başçılarının iqamətgahları üzərində Azərbaycan bayrağının qaldırılması məsələləri ilə bağlı məqamları Rafael müəllim qeyd etdi. Bilirsiniz, qanun layihəsində yazılıb ki, yüksəldilə bilər. Səfirliklər və nümayəndəliklər tərəfindən bayraqların asılmasına qanun çərçivəsində sərbəstlik verilə bilər. Burada heç bir ziddiyyət, heç bir problem yoxdur.
Beynəlxalq təşkilatlarla bağlı fikirlərinə görə mən Aydın müəllimə öz minnətdarlığımı bildirirəm. Tamamilə haqlıdır. Beynəlxalq təşkilatlarla bağlı həmin söz, ifadə oraya daxil oluna bilər. Orada bir problem yoxdur. Doğrudan da, konsulluqlarla, səfirliklərlə, beynəlxalq təşkilatlarla bağlı müddəa layihənin əvvəlində var. Həmin ifadəni daxil etmək olar. Ona görə də bu tamamilə məntiqli olar.
Qanunun qəbul olunmasına zərurət və ehtiyac gündən-günə artır. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, biz az qala gündə Bakı şəhərində, Bakının ətrafında, Azərbaycanın rayonlarında müxtəlif ölkələrin, müxtəlif təşkilatların bayraqlarının yüksəldilməsinin, yerləşdirilməsinin şahidi oluruq. Biz bu prosesi qanun çərçivəsinə salmalıyıq və hesab edirəm ki, bugünkü qanun layihəsi buna tam imkan verir. O ki qaldı beynəlxalq tədbirlərə, burada bununla bağlı məsələ qaldırıldı və keçən iclasda da müzakirə olundu. Tamamilə haqlı deyirsiniz, beynəlxalq tədbirləri, o cümlədən beynəlxalq idman yarışlarını da nəzərdə tuturuq. Yəni qanun layihəsində konkret olaraq “beynəlxalq səviyyəli tədbirlərdə” ifadəsi öz əksini tapıb. Ona görə də təkrar edirəm, burada heç bir ziddiyyət yoxdur. Qanun layihəsi çox vacib və əhəmiyyətlidir. Hesab edirəm ki, bu gün bu qanun layihəsinin qəbul olunmasını həm də Azərbaycan bayrağına hörmətimizin ifadəsi kimi qəbul etmək lazımdır. Eyni zamanda, başqa dövlətlərin Azərbaycan bayrağına, Azərbaycan atributlarına hörmətinin formalaşmasını qanun çərçivəsində tənzimləyən bir qanuna səs vermək lazımdır. Mən bütün millət vəkillərini bu qanunun lehinə səs verməyə çağırıram. Qanun çox vacib olduğuna görə ikinci oxunuşda qəbul olunsa, üçüncü oxunuşda da səsverməyə çıxarılmasını xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Mən hesab edirəm ki, Səməd müəllim bu məsələyə kifayət qədər aydınlıq gətirdi. Bir-iki kəlmə də mən demək istəyirəm. Burada sual verildi. Əgər səfir mənzildə yaşayırsa, onun iqamətgahı hesab olunurmu və orada bayraq qaldırıla bilərmi? Bəli, bizim qanunun məzmunundan görünür. Bu məsələlər Xarici İşlər Nazirliyinin xətti ilə həll olunub və səfirin yaşadığı yer onun iqamətgahı hesab olunur. Orada bayraq qaldırılması tam təbiidir. Burada qeyri-adi bir şey yoxdur. Burada bir sual da ortaya çıxdı. Elə yerlər var ki, səfirliklər var, amma orada bayraq binanın üzərində yox, həyətində qaldırılıbdır. Səfirliyin yerləşdiyi yer onun ərazisidir və o harada istəsə, orada da qaldıra bilər. Yəni qanun bunu inkar etmir. Nəhayət, hava gəmiləri üzərində. Mən bildiyimə görə hava gəmiləri üzərində bayraq qaldırılmır, təsvir olunur. Bizim qanunumuz bunu inkar etmir. Tamamilə normal bir şeydir.
Mən hesab edirəm ki, bu qanun layihəsi qarşıya qoyulan tələblərə tamamilə cavab verən bir sənəddir və xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Burada komissiya sədri hörmətli Səməd müəllim qanunun vacibliyini nəzərə alaraq, üçüncü oxunuşda səsə qoyulmasını təklif etdi. Məncə, etiraz yoxdursa, səsə qoymaq olar. Amma səsə qoymazdan əvvəl Valeh müəllim söz istəyir. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Deyilənlərə bir-iki kəlmə əlavə etmək istəyirəm. Mənim fikrimcə, yarışlarla, gəmilərlə bağlı bəzi narahatlıq doğuran məsələlər 4-cü maddədə öz əksini tapıb. Yəni beynəlxalq hüquq normalarında, diplomatik protokol qaydalarında nəzərdə tutulub. Ona görə də narahatçılığa, mənim fikrimcə, əsas yoxdur. Ancaq Səməd müəllim, bir xahişim var, 4-cü maddəyə bir də baxasınız. Bəlkə daha dəqiq göstərilsin. Misal üçün, bu qanunda, habelə beynəlxalq hüquq normalarında və diplomatik protokol qaydalarında nəzərdə tutulmuşdur. Olmazmı, bu məsələ Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq sazişlər, konvensiyalar kimi qeyd olunsun? Ola bilsin, elə hüquq normaları, elə diplomatik protokollar var ki, Azərbaycan tərəfi onları ya qəbul etməyib, ya onlara birləşməyib, ya imzalamayıb, ya da bəzi müddəalarına qatılaraq qəbul etməyibdir. Bir az dəqiq olsa, mənim fikrimcə, daha yaxşı olardı. Çünki beynəlxalq hüquq normaları da, diplomatik protokol qaydaları da çox geniş anlayışdır. Mən əminəm, elə normalar və protokol qaydaları var ki, Azərbaycan bəlkə də onlara qatılmaq istəmir, ya da qatılmayıbdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa danışmaq istəyən yoxdur? Buyurun, üçüncü oxunuşda qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Saat 2-dir. Bizim bir qanun layihəsi də var, bəlkə fasiləsiz işləyək? Etirazınız yoxdur? Onda davam edirik.
Növbəti məsələ Könüllülük fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Azay Quliyev, buyurun.
A. Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli media mənsubları! İcazə verin, hər şeydən əvvəl təqdim olunan Könüllülük fəaliyyəti haqqında qanun layihəsini Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil etdiyinizə və bugünkü iclasın müzakirəsinə çıxardığınıza görə cənab Sədrə ölkənin ictimai sektoru adından dərin minnətdarlığımı bildirim.
Məlum olduğu kimi, beynəlxalq aləmdə könüllülük fəaliyyəti söz, yığıncaq və birləşmək azadlığının ayrılmaz tərkib hissəsi hesab edilir. “Könüllülük” sözünün fransız və latınca mənası “sərbəst seçim əsasında həyata keçirilən fəaliyyət” deməkdir. Könüllülük fəaliyyətinin tarixi XIX əsrin sonlarına gedib çıxsa da, müasir anlamda ilk dəfə 1920-ci ildə beynəlxalq mülki xidmət təşkilatının yaranması ilə rəsmi termin olaraq gündəmə gəldi. Birinci dünya müharibəsindən sonra Avropa xalqları arasında düşmənçiliyi aradan qaldırmaq və dostluq münasibətləri qurmaq məqsədi daşıyan bu təşkilatın sıralarında tezliklə 10 minlərlə könüllü birləşdi. 1929-cu ildə dünyada baş verən ağır iqtisadi böhran zamanı bu təşkilat işsiz qalmış gənclərin ictimai faydalı işlə, o cümlədən ərzaq, paltar və yataq ləvazimatı ilə təmin olunmasında, habelə onların üzləşdiyi problemlərin həllində çox önəmli rol oynadı. Könüllülük fəaliyyəti sonrakı illərdə də xeyli vüsət aldı. 1948-ci ildə YUNESKO-nun nəzdində Beynəlxalq Könüllülük Xidmətinin Əlaqələndirilmə Komitəsi və 1970-ci ildə BMT-nin Könüllülər Proqramı təsis edildi. Düz 28 ildən sonra, yəni 1998-ci ildə BMT-nin Könüllülər Proqramı Azərbaycanda da icra olunmağa başladı və 2000-ci ilə qədər fəaliyyət göstərdi.
Hörmətli millət vəkilləri, müzakirənizə təqdim olunan Könüllülük fəaliyyəti haqqında qanun layihəsinin qəbulunu şərtləndirən və zəruri edən üç əsas amil haqqında qısaca məlumat vermək istərdim. Birinci amil ölkədə vətəndaş cəmiyyətinin əsas institutu kimi formalaşan və əsasən könüllülük fəaliyyətinin nəticəsi olan QHT sektorunun mövcudluğu və inkişafı ilə bağlıdır. Təsadüfi deyil ki, könüllülərin böyük əksəriyyətinin məhz QHT-lərdə cəmləşməsi bəzən beynəlxalq terminologiyada QHT sektorunun könüllülərin sektoru adlandırılmasına səbəb olur. Məlumunuz olsun ki, hazırda ölkədə 2300-dən çox rəsmi qeydiyyata alınmış QHT fəaliyyət göstərir və onların da sıralarında son dəqiqləşdirmələrə görə təxminən 250–300 min nəfər könüllü vardır. Deməli, bu rəqəmlər açıq şəkildə onu göstərir ki, həqiqətən, ölkədə könüllülük fəaliyyəti ilə əlaqədar real münasibətlər var, lakin onun hüquqi tənzimlənməsi yoxdur.
Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondunun Prezidenti və Milli Məclisin deputatı hörmətli Mehriban xanım Əliyeva mətbuata verdiyi müsahibələrin birində bu sahənin hazırkı vəziyyətini ətraflı təhlil etmiş və çox dəyərli təkliflərlə çıxış etmişdir. Sitat: “Bu gün dünyada könüllülük və xeyriyyəçilik sahəsində çox zəngin bir təcrübə toplanmışdır. Biz bu təcrübəni dərindən öyrənməli, analiz etməli, milli xüsusiyyətlərimizi və mövcud reallıqları nəzərə almaqla ondan istifadə etməliyik. Mən əminəm ki, davamlı xeyriyyəçilik sektorunun yaradılması üçün xeyriyyəçiliyə və könüllülüyə stimul yaradan ictimai şəraitin formalaşdırılmasına və müfəssəl normativ hüquqi bazanın işlənib hazırlanmasına xeyli qüvvə sərf edilməlidir”. Sitatın sonu.
Həqiqətən də, könüllülük fəaliyyətinin qanunla tənzimlənməsi ölkədə fəaliyyət göstərən QHT-lərin, eləcə də bu xidmətdən istifadə edən digər təşkilatların işinin düzgün qurulmasına, könüllü fəaliyyətə maneə olan praktiki problemlərin aradan qaldırılmasına müsbət təsir göstərərdi.
Belə ki, bu gün Azərbaycanda könüllülük fəaliyyəti haqqında qanunun olmaması nəinki çoxminli könüllü ordusunun hüquqlarının pozulmasına rəvac verir, eyni zamanda, könüllü xidməti təşkil edən təşkilatlarla vergi, sosial müdafiə və əmək müfəttişliyi orqanları arasında haqlı anlaşılmazlığın yaranmasına səbəb olur. Çünki adları çəkilən qurumların bu təşkilatlarda apardığı planlı yoxlamalar zamanı burada çalışan könüllülərin əməyinin əvəzinin ödənilmədiyini, bu baxımdan onların həmin qurumlar üçün yoxlama predmeti olmadıqlarını və aşkar olunmuş qanun pozuntusuna görə cərimə tətbiq etməyin əsassızlığını sübut etmək mümkün olmur. İnanıram ki, bu qanunun qəbulu ölkədə vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməklə yanaşı, bu sahədə mövcud olan bir çox problemlərin həllini asanlaşdıracaqdır.
İkinci amil könüllülük fəaliyyətində əldə edilən faydalılıq əmsalı ilə əlaqədardır. Heç kimə sirr deyil ki, son 15 ildə ölkədə fəaliyyət göstərən on minlərlə könüllünün əməyi nəticəsində cəmiyyətdə mövcud olan bir sıra problemlər öz müsbət həllini tapmış və köməyə ehtiyacı olan yüz minlərlə qadın, uşaq, gənc, habelə qaçqın, köçkün, əlil, qoca bu xidmətdən təmənnasız olaraq faydalanmışdır. Hətta beynəlxalq ekspertlər könüllü fəaliyyətdən əldə olunan mənfəətin ölkənin ümumdaxili məhsulunun formalaşmasında nəzərə çarpacaq çəkiyə malik olduğunu bildirirlər.
Məsələn, Con Hopkins Universitetinin 2003-cü ildə apardığı araşdırmaya görə ABŞ-da 44 milyon 564 min nəfər könüllü fəaliyyət göstərir ki, bu da yetkinlik yaşından yuxarı olan əhalinin 22 faizi deməkdir. Onların gördüyü işin və ya xidmətin pulla ekvivalenti və yaxud dəyəri 109 milyard 12 milyon dollardan çoxdur. Bu rəqəm Fransada 41 milyard 929 milyon, Almaniyada 48 milyard, Yaponiyada 23 milyard, Böyük Britaniyada 21 milyard, Çexiyada 190 milyon ABŞ dollarıdır. Bütövlükdə isə 36 ölkə üzrə aparılan tədqiqatın nəticəsində bəlli olur ki, bu ölkələrdə fəaliyyət göstərən 131 milyon 557 min könüllü əməyinin pulla illik dəyəri 316 milyard 415 milyon ABŞ dolları civarındadır. Con Hopkins Universitetinin 22 ölkədə apardığı digər bir araşdırma göstərir ki, həmin ölkənin ümumdaxili məhsulunun 5,17 faizi və məhsulluğun 4,4 faizi QHT-lərlə birgə burada çalışan könüllülərin payına düşür. Bu faizləri rəqəmə çevirsək, necə böyük bir rəqəmin alındığının şahidi olarıq. Bu fəaliyyətin böyük bir hissəsi, təxminən 55 faizi təhsil, səhiyyə və sosial sahəni əhatə edir. Əlbəttə, bunlar həmin ölkələrdə könüllülər üçün yaradılan münbit şəraitin və əlverişli hüquqi mühitin hesabına mümkün olmuşdur. Lakin bu günə qədər hüquqi bazanın olmaması ölkəmizdə belə bir mühüm sahəni lazımi səviyyədə stimullaşdırmağa və könüllü əməyinin faydalılığını konkret rəqəmlərlə göstərməyə imkan vermir.
Üçüncü amil ölkədə ardıcıl şəkildə aparılan hüquqi və siyasi islahatlar, habelə vətəndaş cəmiyyəti institutlarının güclənməsinə göstərilən dövlət dəstəyi və bu istiqamətdə atılan konkret addımlarla birbaşa bağlıdır. Bildiyiniz kimi, keçən il QHT və yaxud könüllülük sektorunun uzun müddət gözlədiyi bir qərar qəbul edildi. Hörmətli Prezidentimiz cənab İlham Əliyev 27 iyul 2007-ci il tarixdə “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi” Konsepsiyasının təsdiq edilməsi haqqında sərəncam imzaladı. Konsepsiya dövlət və vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşməsini, demokratiyanın dərinləşməsini, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılmasını, qeyri-hökumət təşkilatlarının cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yaxından cəlb olunmasını və onlara dövlət büdcəsindən maliyyənin ayrılması ilə yanaşı, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsini və zəruri hallarda yeni qanunların qəbulunu nəzərdə tutur.
Bundan başqa, Konsepsiyadan irəli gələn məsələlərin icrasını sürətləndirmək məqsədi ilə cənab Prezident 13 dekabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını təsis etdi və bu il aprelin 16-da həmin Şuraya 8 nəfər QHT, 3 nəfər dövlət orqanlarının nümayəndəsi olmaqla 11 nəfər üzv təyin etdi. Fürsətdən istifadə edib, göstərdiyi yüksək etimada görə Şuranın bütün üzvləri adından hörmətli Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirir və əmin etmək istəyirəm ki, Şura özünün məhsuldar fəaliyyəti ilə həm dövlətin, həm də ictimaiyyətin ona bəslədiyi inam və etimadı doğrultmağa çalışacaqdır.
Hesab edirəm ki, qeyd olunan Konsepsiyanın müddəalarını nəzərə alan Milli Məclis dövlət başçısının bu siyasətinə dəstək olaraq Könüllülük fəaliyyəti haqqında qanun layihəsini müzakirəyə çıxarmaqla BMT-nin qanunvericilik bazasının təkmilləşdirilməsi prosesinə başlasın.
Hörmətli millət vəkilləri, layihə əvvəlcədən sizə paylandığından vaxta qənaət etmək üçün qanunun maddələri üzərində çox dayanmadan bəzi məqamları diqqətinizə çatdırmağı vacib sayıram. Bildiyiniz kimi, 9 maddədən ibarət olan layihənin 1-ci və 2-ci maddələri könüllülük fəaliyyətinin mahiyyətinə aydınlıq gətirir, könüllülüyün tərifini verir və bu fəaliyyətin iştirakçılarını, yəni könüllüləri və könüllülük fəaliyyətini təmsil edən təşkilatların dəqiq siyahısını müəyyənləşdirir.
Könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxsdir. Könüllülük fəaliyyətinin təşkilatçısı könüllülük fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən, məqsədi gəlir əldə etmək olmayan dövlət orqanları, bələdiyyələr və qeyri-hökumət təşkilatlarıdır. Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, əsas iş yeri ilə bağlı olmayan, xidmətlərin göstərilməsi və digər dəstəyin verilməsi ilə bağlı ictimai faydalı və əvəzi ödənilməyən fəaliyyətdir.
Layihədə əvəzi ödənilməyən fəaliyyət əmək haqqı ilə ödənilməyən və digər formada mükafatlandırılmayan fəaliyyət hesab edilir. 3-cü maddə könüllülük fəaliyyətinin növlərini və əsas istiqamətlərini, 4-cü maddə könüllülük fəaliyyətinin iştirakçıları haqqında müddəaları özündə əks etdirir. 4-cü maddədə çox haqlı olaraq qeyd olunur ki, kommersiya hüquqi şəxslər və fərdi sahibkarlıqla məşğul olan şəxslər könüllülük fəaliyyətinin təşkilatçısı ola bilməzlər. Könüllülük fəaliyyətinin iştirakçıları arasında münasibətlər isə Azərbaycan Respublikasının qanunvericiliyinə və könüllülük fəaliyyətinin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir.
Layihənin ən vacib maddələrindən biri könüllülük fəaliyyətinin təşkilatçılarının və könüllülərin hüquq və vəzifələrini ehtiva edən 5-ci və 6-cı maddələrdir. Hər iki maddə könüllülük fəaliyyəti iştirakçılarının hüquqlarını və qanuni maraqlarını müdafiə etməklə yanaşı, onların fəaliyyətinin stimullaşdırılmasını və təşviq edilməsini, həmçinin könüllülərin sağlamlığı və sosial təminatı üçün vacib olan bəzi məsələləri nəzərdə tutur ki, bu da qanunun əsas qayəsini təşkil edir.
7-ci maddə könüllülük münasibətlərini tənzimləyən müqavilə haqqındadır. Bu maddə imkan verir ki, könüllülük fəaliyyəti rəsmiləşdirilsin, iştirakçılar arasında münasibətlər bağlanmış müqavilə çərçivəsində nizamlansın və dövlət orqanları ilə təşkilatlar arasında yaşanan problemlər aradan qaldırılsın.
Nəhayət, sonuncu 8-ci maddə könüllülük fəaliyyəti sahəsində beynəlxalq əlaqələrə, ölkə ərazisində könüllülük fəaliyyətini həyata keçirmək üçün xarici könüllülərin Azərbaycanda, həmçinin yerli könüllülərin xarici ölkələrdə iştirakına hüquqi təminat verir.
Hörmətli millət vəkilləri, bütövlükdə mən layihəni birinci oxunuşa tam hazır hesab etsəm də, onun ikinci oxunuş üçün daha təkmil formaya gətirilməsinə ehtiyac olduğunu da qeyd etmək istəyirəm. Belə ki, layihə Milli Məclisə təqdim edildikdən sonra onun üzərində iş davam etdirilmiş və bu sahədə beynəlxalq təcrübə daha dərindən öyrənilmişdir. Bu baxımdan düşünürəm ki, biz növbəti müzakirələrdə aşağıda sadalanan məsələlərə də aydınlıq gətirməliyik.
1. Yaş məhdudiyyətinin müəyyənləşdirilməsi. Məsələn, 18 yaşadək olanlar valideynin razılığı və müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə könüllü fəaliyyətə cəlb oluna bilərlər. 2. Könüllülüyün kompensasiya almaq hüququnun təmin edilməsi. Məsələn, öz əmlakından istifadəyə görə. 3. Mümkün vergi güzəştlərinin tətbiqi. Məsələn, ödənilmiş kompensasiyaların və sığorta haqlarının gəlir vergisindən, könüllülük fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin mənfəət vergisindən azad edilməsi. 4. Könüllülərin sosial və tibbi sığorta ilə təmin edilməsi. 5. Könüllülərin işsizliyə görə müavinət hüququnun saxlanılması. 6. Könüllünün əmək haqqı alan işçi ilə əvəzləşdirilməməsi və işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadə edilməməsi. 7. Könüllülüyün qanunla müəyyən edilmiş öhdəliyinin təsbit edilməsi. 8. Beynəlxalq könüllülüyün müddətinin müəyyənləşdirilməsi. Bu müddət minimum 3 ay, maksimum 12 ay ola bilər.
Əminəm ki, bu məsələlərin mümkün qədər layihədə əks etdirilməsi qanunun imkanlarını daha da artırar və onu xeyli təkmilləşdirər. Çıxışımın sonunda layihəni hazırlayan işçi qrupunun bütün işçilərinə və beynəlxalq ekspertlərə, layihəni birinci oxunuşa tövsiyə edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri, Sosial siyasət daimi komissiyalarına, həmçinin layihə üzərində xeyli təkmilləşdirmə işi aparan Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə dərin minnətdarlığımı bildirir, deputat həmkarlarımı müzakirələrdə fəal iştirak etməyə və dəyərli təkliflərini əsirgəməməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Azay müəllim. Hörmətli deputatlar! Bilirsiniz ki, Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi verilməsi üçün şura yaradılıbdır. Bizim hörmətli həmkarımız Azay müəllim bu yaxınlarda həmin şuranın sədri seçilib. Sizin hamınızın adından Azay müəllimi təbrik edir, ona işində müvəffəqiyyətlər arzulayıram! Bu gün Azay müəllimin sədr kimi ilk təqdimatıdır. Xahiş edirəm, bunu da nəzərə alın. İndi isə müzakirəyə başlayırıq. Aynur Quliyeva.
A. Quliyeva. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də öz növbəmdə bu qanun layihəsini hazırlayan insanlara, xüsusilə də hörmətli Azay müəllimə təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, bu qanun layihəsi kifayət qədər vacib bir məsələni əhatə edir. Mən hesab edirəm ki, könüllülük fəaliyyəti ilə bağlı qanunun qəbul edilməsi QHT sektorunun daha da inkişaf etdirilməsinə təkan verəcək və bu sahədə çox böyük önəm daşıyacaqdır.
Mənim üçün qanun layihəsində qaranlıq qalan bir məqam var. Qanunda onun hüquqi əsasları, hansı hüquqi normativ bazaya söykənməsi haqqında heç bir bənd yoxdur. Bilmək olmur ki, Azərbaycan bu sahədə beynəlxalq konvensiyalara qoşulubmu, qoşulmayıbmı. Burada Azərbaycan Respublikasının Konstitusiyasına da istinad etmək çox düzgün olardı. Layihəyə bu barədə ayrıca bir bənd və yaxud da maddə salınsa, yaxşı olar. Həmin maddənin təxminən belə olmasını təklif edirəm: “Azərbaycan Respublikasının adı çəkilən qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının qoşulduğu müvafiq beynəlxalq konvensiyalardan, bu qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrindən, iki və çoxtərəfli dövlətlərarası sazişlərdən və onlara uyğun qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir”. Bundan əlavə də bir bənd salınsın ki, könüllülük haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.
Bundan əlavə də bir neçə təklifim var. Azay müəllim 2.1-ci maddəni qeyd etdi. Mən düşünürəm ki, bu bəndə “vətəndaş və ya hər hansı şəxs könüllülük fəaliyyətini öz həyatının amalı hesab edərək ona qoşulmalıdır” fikri əlavə olunmalıdır. Bunu mütləq etmək lazımdır, çünki gələcəkdə bu sahədə hər hansı bir sui-istifadə hallarının qarşısını almaq bu qanunun qarşısında duran vəzifələrdən biridir.
2.3-cü maddədə deyilir: “Könüllülük fəaliyyətinin təşkilatçısı – könüllülük fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən, məqsədi gəlir əldə etmək olmayan dövlət orqanları, bələdiyyələr və qeyri-hökumət təşkilatlarıdır”. Bu maddədə fiziki şəxslərin təşkilatçı olmaq haqları barədə bir söz də olsa deyilməyib. İnsan hüquqlarından, insanın şəxsi istəyindən də bu bənddə mütləq qeyd etmək lazım idi, çünki əgər mən təşkilatlanmamış könüllüyəmsə, mənə hansısa qadağalar qoyulmalıdır. “Könüllülük” termini fərdi xüsusiyyətləri qabardan amillərdəndir. Yəqin ki, Azay müəllim bu məsələlərə dair öz fikrini bildirəcək.
Birinci oxunuş olduğu üçün mən qısa danışmaq istəyirəm. Növbəti, yəni ikinci və üçüncü oxunuşda, yəqin ki, daha təkmil bir variantla üzləşəcəyik. Bir daha bu qanun layihəsini hazırlayanlara öz təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E. Quliyev. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsinin tərəfdarıyam və bunun qəbul olunmasına səs verəcəyəm. Təklifim “Əsas anlayışlar” adlanan 2-ci maddənin iki və üçüncü bəndlərinə aiddir.
2.2-ci maddədə, Aynur xanım da dedi, “Könüllülük fəaliyyəti – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, əsas iş yeri ilə bağlı olmayan, işlərin görülməsi, xidmətlərin göstərilməsi və digər dəstəyin verilməsi ilə bağlı ictimai, faydalı və əvəzi ödənilməyən fəaliyyətdir”. 2.3-cü maddədə “Könüllülük fəaliyyətinin təşkilatçısı − könüllülük fəaliyyətinin təşkili və həyata keçirilməsini təmin edən, məqsədi gəlir əldə etmək olmayan dövlət orqanları, bələdiyyələr və qeyri-hökumət təşkilatlarıdır”. Hər iki anlayışa əlavələr edilməlidir.
4.2-ci maddəyə, − Azay müəllim özü də qeyd etdi, − mən bir daha aydınlıq gətirilməsini istəyirəm. Yazılıb ki, “Kommersiya hüquqi şəxslər və fərdi sahibkarlıqla məşğul olan şəxslər könüllülük fəaliyyətinin təşkilatçısı ola bilməzlər”. Xahiş edirəm, aydınlıq gətirilsin ki, nəyə görə? Onsuz da burada gəlir götürməkdən söhbət getmir. Bu, ikinci iş yeri kimidir, bir məşğuliyyətdir. Mən hesab edirəm ki, burada fərqi yoxdur, hansı sahədə işləməsindən asılı olmayaraq, əgər könüllülük fəaliyyətindən gəlir götürmürsə, o insanlar da orada iştirakçı ola bilərlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov
V. Ələsgərov. Təşəkkür edirəm, Azay müəllim, yeni vəzifənizi təbrik edirəm. Ona görə də qısa çıxışım olacaqdır. Xahişim odur ki, burada yazılanlara bir az diqqətlə yanaşasınız.
Misal üçün, 2.3-cü maddəyə diqqət edin: “Könüllülük fəaliyyətinin təşkilatçısı – könüllülük fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən, məqsədi gəlir əldə etmək olmayan dövlət orqanları, bələdiyyələr və qeyri-hökumət təşkilatlarıdır”. Əgər məqsədi gəlir əldə etmək olmayan dövlət orqanına bələdiyyələr də aiddirlərsə, elə bir dövlət orqanı, elə bir bələdiyyə yoxdur. Onların gəliri var. Ola bilsin, mənfəəti yoxdur. Yəqin ki, bu fikir könüllülük fəaliyyətindən qabaq yazılmalıdır. Yəni belə olmalıdır: “Məqsədi gəlir əldə etmək olmayan, könüllülük fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, bələdiyyələr...” Elə şeylər bəzi yerlərdə var. Bunlara fikir yetirin.
Ya da ki, yazırsınız: “Əvəzi ödənilməyən fəaliyyət, əmək haqqı ödənilməyən və digər formada mükafatlandırılmayan fəaliyyətdir”. Sabah bir xanımla getdik bir yerdə bu fəaliyyətlə məşğul olduq. Xanıma bir dəstə gül alıb veririk, yaxud gül yox, bir büst, xalça bağışlayırıq. Sonra, əməkdar həkimdir, əsas işindən kənar bir vaxtda hansısa uşaq evinə gedib, orada yardım göstərib. Ona görə həkimə bir hədiyyə verirlər. Bunlar mükafatlardır. Buna niyə icazə vermirsiniz? Məncə, düzgün deyil. Belə bir məsələyə də diqqət yetirin. 3.1.2-ci maddədə “Uşaq və gənclərlə iş aparılması və vətənpərvərliyin təbliği” yazılıb. “İş aparılması” nədir, “vətənpərvərliyin təbliği” nədir? Hamısı bir yerə yazılıb.
“Tarixi mədəni sərvətlərin qorunması”. Mədəniliyi olmasa, tarixi sərvətləri qorumaq düzgün olmayacaq?
3.1.4-cü maddədə yazılıb: “İnsan orqanizmi üçün zərərli vərdişlər, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma”. Orqanizm nə deməkdir? Azərbaycan dilində biz buna orqanizm deyirik? Məgər “İnsanın sağlam həyatının təbliği, təşviqi” yazmaq olmaz? Bu ki hamısını əhatə edir. Orqanizmi bura salsaq, fikir məhdudlaşır. Çox yerlərdə belə “orqanizm”ləşmə gedir. Ona görə, xahiş edirəm, bunları nəzərə alasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsinin əhatə dairəsi XIX əsrin axırlarından XX əsrin əvvəllərinədək qanun şəklində olmasa da, bir fəaliyyət kimi özünü göstəribdir. 1929-cu ildə, 1938-ci ildə, 1970-ci ildə, eləcə də 2000-ci ildə könüllülük fəaliyyəti ilə əlaqədar olaraq dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilibdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən il qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi haqqında imzaladığı sərəncamda qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyi bildirilibdir. Könüllülük fəaliyyəti haqqında qanun layihəsi də məhz bu sərəncamın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək geniş şəkildə hazırlanıbdır. Onu hazırlayan işçi qrupuna bizim həmkarımız, Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Azay müəllim rəhbərlik edibdir. Nəticədə çox gözəl bir qanun layihəsi hazırlanıb və bu gün Milli Məclisin müzakirəsinə təqdim edilibdir. Azərbaycanda həmişə könüllülük prinsipi ilə fəaliyyət göstərilibdir. Mən dedim, sovet dövründə də olubdur, sadəcə, bu fəaliyyətin hüquqi tənzimlənməsi olmayıbdır. Hüquqi tənzimlənmə üçün isə bir qanun lazımdır. Nəhayət, çox şükür ki, belə bir qanun hazırlanıb və ortaya çıxarılıbdır.
Mən bir məsələni xüsusi qeyd edim ki, ölkəmizdə 2005-ci ildə könüllülər 225 min nəfər idisə, keçən il onların sayı 250 min nəfərə çatıbdır. Bu gün Azay müəllim məlumat verir ki, könüllülərin sayı 300 mini keçibdir. Deməli, Azərbaycanda əhalinin böyük əksəriyyəti könüllülük və xeyriyyəçiliklə məşhurlaşıbdır. Qanun layihəsindəki bir maddəyə görə bu cür məşhur olmaq hələ könüllülük deyil. Yəni bu təşkilatlanmalıdır, sonra könüllü fəaliyyət göstərməlidir. Belə çıxır ki, şəxsi adamların könüllülük və ya xeyriyyəçilik fəaliyyəti göstərməsi bu qanunla tənzimlənmir. Qanun layihəsinin hazırlanmasında Norveç, Portuqaliya və digər ölkələrin təcrübələrindən istifadə edilibdir.
Mən burada bir neçə məsələyə toxunmaq istəyirəm. Valeh müəllim o məsələlərin bir neçəsini qeyd etdi. Qanunun dilinə, üslubuna və məzmununa ciddi fikir verilməlidir. Bu təşkilat, ya şəxs olsun könüllü fəaliyyət göstərirsə, bu, “əvəzi ödənilməyən fəaliyyət” adlanır. Yəni əmək haqqı ödənilməyən və ya digər formada mükafatlandırılmayan fəaliyyətdir. Könüllü xeyriyyəçilik fəaliyyəti göstərəni mükafatlandırmaq, həvəsləndirmək və ya rəğbətləndirmək üçün, elə olur ki, ona fəxri fərman, Valeh müəllimin dediyi kimi, bir dəstə gül verirlər. Bunlar da mükafatdır. Onu tərifləyib fəaliyyətini yüksək qiymətləndirmək də mükafatdır. Qadağan olunur söhbəti yoxdur, bu, yerinə düşməyən ifadədir. “Qadağan olunur” ifadəsi düzgün deyil. “Könüllülük” ilə “qadağan olunur” bir-birinə əks olan antonim sözlərdir. Ona görə də burada bir qədər diqqətli olmaq lazımdır.
Burada bir məsələyə də diqqəti yönəltmək istəyirəm. Son illərdə başqa dinləri yayan missioner təşkilatların ölkəmizə axını sürətlənib. Belə halların qarşısı alınmasa, onlar dövlətçiliyimizə ciddi zərbə vura bilərlər. İşlədiyim müddətdə çox görmüşəm ki, onların nümayəndələri tələbələri pulla yoldan çıxarır, şüur səviyyəsi o qədər də yüksək olmayan adamları dinini könüllülük prinsipi ilə dəyişdirməyə təşviq edirlər. Belə təşkilatlarda fəaliyyət göstərən adamlar dövlətçiliyimizə ziyan vururlar. Könüllülük adı qoyub bu təşkilatların yaranması üçün ciddi şərait yaratmaq düzgün deyil. Ona görə yabançı dini təriqətlərin yayılması qadağan olunmalıdır. Dediyim məsələ Könüllülük fəaliyyəti haqqında qanun layihəsində bu və ya digər formada öz əksini tapmalıdır. Yoxsa könüllülük adı altında bu cür təşkilatların yaranması daha da genişlənə və sürətlənə bilər.
Qanun layihəsi gözəl işlənilib, ancaq burada dəqiqləşməyə çox ciddi ehtiyacı olan maddələr də var. Bu, birinci oxunuş olduğuna görə mən onları demirəm. İkinci oxunuşda maddələr üzrə məsələləri nəzərdən keçirərkən öz fikrimi bildirəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Sağ olun. Hörmətli millət vəkilləri, mən də Könüllülük fəaliyyəti haqqında qanun layihəsini yüksək qiymətləndirir, bunu hazırlayan işçi qrupuna öz təşəkkürümü bildirirəm. Bir neçə mülahizəmi bildirmək istərdim.
“Əsas anlayışlar” adlanan 2-ci maddənin ikinci bəndində könüllülük fəaliyyəti haqqında belə yazılıb: “əsas iş yeri ilə bağlı olmayan işlərin görülməsi”. Bu qədər məhdudiyyət qoymaq bir o qədər də düzgün deyil, çünki əsas iş yeri olan hər hansı şəxsin könüllü məşğuliyyəti də ola bilər. Bunun nəyi pisdir ki, əgər hər hansı alim, hər hansı təhsil işçisi əsas iş yerində əldə etdiyi materiallar, biliklər əsasında geniş əhali qarşısında könüllülük əsasında mühazirə oxuyursa, təbliğat işi aparırsa? Həmin maddənin üçüncü bəndində könüllülük fəaliyyətinin təşkilatçısı barədə belə yazılıb: “könüllülük fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən, məqsədi gəlir əldə etmək olmayan dövlət orqanları, bələdiyyələr və qeyri-hökumət təşkilatlarıdır”. Mən hesab edirəm ki, burada belə bir əlavə də yazılmalıdır: “və ayrı-ayrı fiziki şəxslərdir”. Ola bilər ki, hər hansı fiziki şəxs könüllülük fəaliyyəti ilə də məşğul olsun. O, belə vaxtda hər hansı bir qeyri-hökumət təşkilatı yaratmır, fərdi şəkildə fəaliyyət göstərmək istəyir ki, bu da nəzərə alınmalıdır.
3-cü maddədə könüllülük fəaliyyətinin növlərindən bəhs olunur. Düşünürəm ki, növləri artırmaq olar. O cümlədən 3.1.4-cü maddədə “insan orqanizmi üçün zərərli vərdişlər, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma”dan sonra “sağlam həyat tərzinin təbliği”ni əlavə etmək olar.
3.1.5-ci maddədə “insan hüquq və azadlıqlarının, sülh mədəniyyətinin, tolerantlığın təbliği, hüquqi maarifləndirmə” yazılıb. Hesab edirəm, bura bu gün bizim xalqımıza çox lazım olan “və mədəni maarifləndirmə” sözləri əlavə olunmalıdır. Xüsusən rayon yerlərində, kəndlərimizdə mədəni maarifləndirmə işini çox gücləndirmək lazımdır. Könüllülər öz fəaliyyətinin əsas istiqamətini məhz bu sahəyə yönəltsələr, xalqımızın mənafeyi üçün çox böyük işlər görmüş olarlar.
4.2-ci maddədə belə qeyd olunub: “kommersiya hüquqi şəxslər və fərdi sahibkarlıqla məşğul olan şəxslər könüllülük fəaliyyətinin təşkilatçısı ola bilməzlər”. Mən dünya praktikasından bilirəm ki, məhz bu şəxslər daha çox könüllülük fəaliyyəti ilə məşğul olurlar, çünki maddi imkanları buna daha geniş imkanlar yaradır. Məsələn, bilirəm ki, Türkiyədə Türk İş Birliyi təşkilatı var. Onlar könüllü birləşiblər və türk elmini maliyyələşdirirlər. Türkiyədə istənilən konfransların, elmi tədbirlərin keçirilməsi onlara baxır. Hətta digər ölkələrdən də Türkiyədə keçirilən hər hansı elmi tədbirə qatılmaq istəyən alimlər olursa, onların səfərlərini, ezamiyyələrini maliyyələşdirirlər. O cümlədən bizim elmi institutun əməkdaşlarının Türkiyəyə səfərlərini də bu təşkilat maliyyələşdirir. Təbii ki, burada mütləq kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların məşğul olduğu könüllülük fəaliyyəti bəndinə “Azərbaycanın təhlükəsizliyinə və dövlətçilik mənafelərinə zidd olmamaq şərti ilə” sözləri əlavə olunmalıdır. Bütövlükdə mən qanun layihəsinin lehinə səs verəcəyəm və hamınızı da buna çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami İsgəndərov.
N. İsgəndərov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də qanun layihəsini dəstəkləyirəm və buna səs verəcəyəm. Müzakirə etdiyimiz qanuna ictimai münasibətlərdə ehtiyac yaranıb. Ona görə ki, könüllülük fəaliyyəti bu gün dövlət tərəfindən qorunmur. Könüllülər ictimai faydalı əməklə məşğul olsalar da, onlara əksər hallarda imtiyazlar yaradılmır, fəaliyyətlərinə ayrılan vəsaitin istifadə dairələri tənzimlənmir. Yeni qanun qeyd olunan bu və digər məsələləri əhatə etməlidir. Etiraz etmirəm, birinci oxunuşda qanun layihəsini qəbul etmək olar.
Hesab edirəm ki, qanun layihəsi kifayət qədər hüquqi əhəmiyyət daşımır, çünki könüllülük sahəsində fəaliyyət göstərən bütün subyektlər əhatə edilmir. Qeyd etdilər, buraya hüquqi şəxsləri də daxil etmək olar. Qanunda bələdiyyə və dövlət sifarişlərinə yer ayrılmır, nəzarət mexanizmi göstərilmir. Könüllülər tərəfindən sərf olunan vəsaitin qeydiyyat qaydaları tənzimlənmir. Fikrimcə, ödənişli və ödənişsiz faydalı ictimai fəaliyyətin xüsusiyyətləri, dövlət və bələdiyyələr tərəfindən verilən sifarişlərin icraatı qaydaları, nəzarət mexanizmi, fəaliyyət nəticəsində sərf olunan vəsaitin ödənilməsi qaydaları layihəyə əlavə edilməlidir. Zənnimcə, layihənin təkmilləşdirilməsi üçün digər dövlətlərin bu sahədəki təcrübəsindən səmərəli istifadə edilməlidir. Məsələn, Polşanın 24 aprel 2003-cü il tarixli ictimai faydalı fəaliyyətlə bağlı qanunu var. Onun predmeti kifayət qədər geniş göstərilib, bu sahədə ictimai münasibətlərin subyektlərini tam əhatə edir. Mən həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rauf Əliyev.
R. Əliyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bir neçə məsələyə dair mən də fikrimi söyləmək istəyirdim, amma həmkarlarım o maddələr üzrə təkliflərini verdilər. Ona görə mən bunları təkrar etmək istəmirəm. Yəqin ki, ikinci oxunuşda bu barədə geniş danı şarıq. Könüllülük fəaliyyəti haqqında qanun bu gün üçün zəruridir, buna səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məlahət Həsənova.
M. Həsənova. Sağ olun, Ziyafət müəllim. Mən də Könüllülük fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanun layihəsini çox təqdirəlayiq hesab edirəm. Ölkəmiz gündən-günə inkişaf etdikcə, Azərbaycanda qanunların qəbuluna, təkmilləşməsinə, sosial, humanitar sahələrdə daha çox yeni qanunların qəbul olunmasına ehtiyac artır. Qəbul ediləcək bu qanun layihəsi də belə hüquqi sənəddir.
Mən belə bir təkliflə çıxış etmək istəyirəm. Artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən Avropa ölkələrində, Amerikada, Kanadada bu praktika var. Akkreditə olunmuş ailələr haqqında, yəqin ki, məlumatınız var. Bəzi ölkələrdə həmin akkreditə olunmuş ailələrə dövlət büdcəsindən ayırmalar da olur. Bir çox ölkələrdə bu ailələr, sadəcə olaraq, tibbi müayinədən keçirilirlər. Ailə sağlamlıq nöqteyi-nəzərindən, maliyyə cəhətdən tam yoxlamadan keçdikdən sonra dövlətin xüsusi siyahısında olur. Təbii ki, bunlar könüllülük əsasında edilir. O ailələrdən müxtəlif məsələlərdə, xüsusən də xarici ölkələrlə ayrı-ayrı sahələr üzrə əməkdaşlıqlarda istifadə olunur.
Məsələn, Azərbaycandan bir çoxlarının uşaqları, gənclər, orta məktəb şagirdləri istər Türkiyəyə, istər Avropaya, istər Amerikaya, Kanadaya dəvətlər alırlar. Onlar gənclərin beynəlxalq yay, qış toplantılarına, ayrı-ayrı kurslara, klinikalara gedirlər. Həmin uşaqlar və gənclər orada ailələrdə qalırlar. Bu gün Azərbaycanda bütün sahələrdə böyük inkişaf görünür, bu, göz qabağındadır. Mən hesab edirəm ki, Könüllülük fəaliyyəti haqqında qanun qəbul edilərkən akkreditə olunmuş könüllü ailələr məsələsinə də yer verilməlidir.
Bu gün Azərbaycan adını, həqiqətən də, dünyanın ən inkişaf etmiş dövlətləri cərgəsinə yazıbdır. Azərbaycana da ayrı-ayrı ölkələrdən tələbələr dəvət olunur, eləcə də burada müxtəlif seminarlar keçirilir. Yaxşı olardı, qanun layihəsində bununla bağlı maddə verilsin. Təbii ki, bu qanuna səs verəcəyəm, amma işçi qrupundan xahiş edərdim ki, bu məsələyə diqqət yetirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Məlahət xanım. Qanun layihəsini kifayət qədər müzakirə elədik. İndi də şərait yaradaq, Azay müəllim çıxışlara qısaca münasibətini bildirsin. İkinci oxunuşda isə bizim geniş müzakirəyə imkanımız olacaqdır.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən verilən təkliflərə görə hamınıza minnətdaram, hesab edirəm, dəyərliləri oldu və onların bir çoxunu özüm də burada səsləndirdim.
Təklifləri, əsasən, 3 qrupa bölmək olar. Birinci, könüllülük fəaliyyətini təşkil eləyən təşkilatların siyahısı ilə bağlı onu deyim ki, bu barədə çox fikirləşmişik. Xüsusilə burada təklif olunur ki, niyə komissiya təşkilatları bu siyahıda olmasın. Komissiya təşkilatlarının bu siyahıda olmaması onunla əlaqədardır ki, könüllülük fəaliyyəti nəticəsində gəlir əldə etmək olmaz. Yəni bir adam ki sahibkarlıqla məşğuldur, bu, həmin səviyyədə işə götürənlə işçilər arasında münasibətlərlə tənzimlənir. Bu baxımdan ora könüllülük fəaliyyətinin tətbiqi, hesab edirəm ki, düzgün olmaz, çünki əməyin istismarına gətirib çıxarar. Təsadüfi deyil ki, layihədə də göstərmişik, könüllülük fəaliyyətinin mahiyyətinə bir az da geniş yanaşmalıyıq.
Əgər söhbət hər hansı şəxsin könüllü fəaliyyətin daşıyıcısı olmasından gedirsə, bu formada qəbul edilə bilməz. İki tərəf var. Biri könüllülük fəaliyyətini təşkil edən tərəfdir. Qeyd etdiyimiz kimi, bu tərəf qeyri-hökumət təşkilatları, bələdiyyə və dövlət orqanları ola bilər. Bir də könüllü olaraq bu xidməti qəbul edən, həmin missiyanı həyata keçirən tərəfdir. Könüllülük fəaliyyətinin təqdimatçısı olan fiziki şəxs, hesab edirəm, artıq könüllülük hüquqları barədə bütün bu zəmanətləri verə bilməz. Biz burada təklif edirik ki, sosial, sığorta və könüllülüklə bağlı olan məsələlər həll edilsin. Bütün fərdlərin xaotik şəkildə qanunvericiliklə könüllü fəaliyyətlə məşğul olması beynəlxalq təcrübədə yer almayıb. Bu, həm də ona görə olur ki, sadəcə, hər bir insanın könlündən gələn hiss ola bilər və onu edə bilər. Bunlar heç bir qanunla tənzimlənməməlidir. Əgər yolda bir hadisə baş verirsə, kiminsə köməyə ehtiyacı varsa, biri digərinə yardım edirsə, artıq bunlar insani keyfiyyətlərdir. Qanunda bunun da dəqiq olaraq sərhədlərini müəyyənləşdirməliyik. Burada mükafat məsələsi Valeh müəllim deyəndən sonra çox səsləndi. Hesab edirəm ki, bu, maraqlı məsələdir, həm də kiminsə hər hansı fəaliyyətinə görə təltif olunması, təşəkkür alması da ona aid edilsə, mənə elə gəlir ki, bu maddəyə baxmalı, onu təkmil formaya gətirməliyik.
Vergi məsələsi barədə Nizami İsgəndərov da dedi. Əlbəttə, bu məsələdə ehtiyatlı olmalıyıq. Biz verginin tətbiqi ilə bağlı qərara aldıq ki, bunu əlaqədar orqanlarla müzakirə edək. Mən təklifdə onu da qeyd etdim ki, vergi almaq məsələsində öz əmlakından istifadə edənlər üçün güzəştlər tətbiq edilsin, yaxud onlara kompensasiya verilsin. Kompensasiya verilsə, ondan vergilər tutulmamalıdır.
Sonuncu, Məlahət xanımın qaldırdığı akkreditə olunmuş ailə məsələsi, açığını deyim ki, ciddi məsələdir. Əvvəlcə bunun digər qanunvericiliklə əlaqələndirilməsi məsələsi həll olunmalıdır. Bir də Məlahət xanımdan xahiş edərdim ki, bunu maddə formasında yazılı təklif kimi bizə təqdim etsin, ona baxa bilək.
Bu baxımdan, hesab edirəm ki, maddələr açıqdır. Konkret olaraq sizin müzakirənizə təqdim olunan qanun layihəsini birinci oxunuşda qəbul etmək olar. Sizə minnətdarlığımı bildirirəm ki, bu barədə təkliflərinizi bildirdiniz. Bundan sonra ekspertlərlə, işçi qrupu ilə, həm də Milli Məclisin müvafiq komissiya və şöbələri ilə bu işi davam etdirəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hesab edirəm, kifayət qədər yaxşı, məhsuldar işlədik. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.