19.06.2008 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR IX SESSİYASININ
TƏNTƏNƏLİ İCLASININ
PROTOKOLU № 87
Mill Məclisin iclas salonu.
19 iyun 2008-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 115 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
* * *
Ramiz Mehdiyev, Azərbaycan Respublikasi Prezidenti İcra Aparatının rəhbəri.
Məzahir Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri.
Şahin Əliyev, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri.
Novruz Məmmədov, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri.
Əli Həsənov, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri.
A. Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
C. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
A. Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
M. Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
* * *
Xarici ölkələrin parlamentlərinin və beynəlxalq
parlament təşkilatlarının nümayəndə heyətləri
Belarus
Vadim Aleksandroviç Popov, Belarus Respublikası Nümayəndələr Palatasının Sədri.
Oleq Stepanoviç Sakadinets, Belarus Respublikası Nümayəndələr Palatasının deputatı.
Gürcüstan
David Bakradze, Gürcüstan Parlamentinin Sədri.
Mixail Maçavariani, Gürcüstan Parlamenti Sədrinin müavini.
Zurab Melikişvili, Gürcüstan Parlamentinin komitə sədri.
Qazaxıstan
Kasım-Jomart Tokayev, Qazaxıstan Respublikası Senatının Sədri.
Yanıbek Salimoviç Karibjanov, Qazaxıstan Respublikası Məclisi Sədrinin müavini.
Kayrat İshanov, Qazaxıstan Respublikası Senatının deputatı.
Aleksandr Qusinski, Qazaxıstan Respublikası Senatının deputatı.
Qarifulla Ecim, Qazaxıstan Respublikası Senatının deputatı.
Şaxvat Anesoviç Utemisov, Qazaxıstan Respublikası Məclisinin üzvü.
Bolat Kayrollaylı Konarbay, Qazaxıstan Respublikası Məclisinin üzvü.
Moldova Respublikası
Marian Lupu, Moldova Respublikası Parlamentinin Sədri, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Sədri.
Pakistan İslam Respublikası
Muhammadmian Sumro, Pakistan İslam Respublikası Senatının Sədri.
Məhəmməd İbrahim Xan, Pakistan İslam Respublikası Senatının üzvü.
Abdur Raşid, Pakistan İslam Respublikası Senatının üzvü.
Polşa Respublikası
Boqdan Boruseviç, Polşa Respublikası Senatının Sədri.
Pavel Arntd, Polşa Respublikası Senatının üzvü.
Stanislav Karçevski, Polşa Respublikası Senatının üzvü.
Yanuş Sepyol, Polşa Respublikası Senatının üzvü.
Rumıniya
Nikolae Vakaroiu, Rumıniya Senatının Sədri.
Celil Esergep, Rumıniya Deputatlar Palatasının üzvü.
Türkiyə Cümhuriyyəti
Köksal Toptan, Türkiyə Böyük Millət Məclisinin Sədri.
Harun Tüfekçi, Türkiyə Böyük Millət Məclisinin üzvü.
Güldal Akşit, Türkiyə Böyük Millət Məclisinin üzvü.
Kerim Özkül, Türkiyə Böyük Millət Məclisinin üzvü.
Dilek Yüksel, Türkiyə Böyük Millət Məclisinin üzvü.
Ensar Öğüt, Türkiyə Böyük Millət Məclisinin üzvü.
Atila Kaya, Türkiyə Böyük Millət Məclisinin üzvü.
Türkmənistan
Akca Nurberdiyeva, Türkmənistan Məclisinin Sədri.
Maral Paltayeva, Türkmənistan Məclisinin komitə sədri.
Cuma Cumayev, Türkmənistan Məclisinin komitə sədri.
İran İslam Respublikası
Seyid Məhəmməd Əbuturabi, İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini.
Əhəd Qəzayi, İran İslam Respublikası İslam Şurası Məclisinin Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri.
Zülqədr, İran İslam Respublikası İslam Şurası Məclisinin üzvü.
Rusiya Federasiyası
Svetlana Yuryevna Orlova, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası Sədrinin müavini.
Fərhad Əhmədov, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının üzvü.
Vladimir Borisoviç Ruşaylo, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının üzvü.
Aleksey Vladimiroviç Ostrovski, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB məsələləri komitəsinin sədri.
Rizvanqaci Abdullayeviç İsayev, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü.
Oleq Slutski, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü.
Belçika Krallığı
Mark Vervilgen, Belçika Krallığı Senatı Sədrinin müavini.
Bosniya və Herseqovina
Beriz Belkiç, Bosniya və Herseqovina Xalq Palatası Sədrinin müavini.
Estoniya Respublikası
Kristina Ojuland, Estoniya Respublikası Parlamenti Sədrinin müavini.
Xorvatiya Respublikası
Zeljka Antunoviç, Xorvatiya Respublikası Parlamenti Sədrinin müavini.
Jerko Rogin, Xorvatiya Respublikası Parlamentinin deputatı.
İordaniya Haşimilər Krallığı
Tahir əl-Masri, İordaniya Haşimilər Krallığı Senatı Sədrinin birinci müavini.
Asr əl-Şorman, İordaniya Haşimilər Krallığı Senatının üzvü.
Hani əl-Nəvəflə, İordaniya Haşimilər Krallığı Senatının üzvü.
Fəvz Həmdullah, İordaniya Haşimilər Krallığı Senatının üzvü.
Küveyt Dövləti
Fəhd Diheysan əl-Mian, Küveyt Dövləti parlamenti Sədrinin müavini.
Saleh Əhməd Aşur, Küveyt Dövləti parlamentinin üzvü.
Muxlid Humud əl-Haciri, Küveyt Dövləti parlamentinin üzvü.
Əli Humud əl-Haciri, Küveyt Dövləti parlamentinin üzvü.
Abdullah Faleh Rai əl-Fəhmə, Küveyt Dövləti parlamentinin üzvü.
Abdullah Mehdi əl-Əcmi, Küveyt Dövləti parlamentinin üzvü.
Qırğız Respublikası
Çolpon Bayekova, Qırğız Respublikası Ali Şurası Sədrinin müavini.
Alişer Mamasaliyev, Qırğız Respublikası Ali Şurasının üzvü.
Zulxabira Bakenova, Qırğız Respublikası Ali Şurasının üzvü.
Latviya Respublikası
Vineta Muizniece, Latviya Respublikası Seymi Sədrinin müavini.
Yanis Reirs, Latviya Respublikası Seyminin üzvü.
Litva Respublikası
Qintaras Stepanoviçius, Litva Respublikası Seymi Sədrinin müavini.
Yonas Pinskus, Litva Respublikası Seyminin üzvü.
Mərakeş Krallığı
Nurdin Moudian, Mərakeş Krallığı Nümayəndələr Palatası Sədrinin birinci müavini.
Mohamed Moubdi, Mərakeş Krallığı Nümayəndələr Palatasının komissiya sədri.
Najima Thaythay, Mərakeş Krallığı Nümayəndələr Palatasının üzvü.
Misir Ərəb Respublikası
Zeynəb Ridvan, Misir Ərəb Respublikası Şura Məclisi Sədrinin birinci müavini.
Saad əl-Cəməl, Misir Ərəb Respublikası Şura Məclisinin komitə sədri.
Usam Saadi Mahmud, Misir Ərəb Respublikası Şura Məclisinin üzvü.
Tacikistan Respublikası
Safar Qayuroviç Safarov, Tacikistan Respublikası Nümayəndələr Palatası Sədrinin birinci müavini.
İnomcon Nurmatoviç Oxunov, Tacikistan Respublikası Nümayəndələr Palatasının üzvü.
Mehman Mixavvatoviç Baxti, Tacikistan Respublikası Nümayəndələr Palatasının üzvü.
Yunanıstan Respublikası
Elsa Papademetriou, Yunanıstan Respublikası Parlamenti Sədrinin müavini.
Almaniya Federativ Respublikası
Ştefan Rayxe, Almaniya Federativ Respublikası Bundestaqının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri.
Avstriya Respublikası
Karl Öllinger, Avstriya Respublikası Milli Şurasının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri.
Kurt Qartleyner, Avstriya Respublikası Milli Şurasının üzvü.
Alois Qradauer, Avstriya Respublikası Milli Şurasının üzvü.
Siqisbert Dolinçek, Avstriya Respublikası Milli Şurasının üzvü.
Bolqarıstan Respublikası
Remzi Osman, Bolqarıstan Respublikası Parlamentinin Bolqarıstan–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri.
Radoslav İlievski, Bolqarıstan Respublikası Parlamentinin üzvü.
Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığı
Baronessa O’Kayn, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı İcmalar Palatasının üzvü.
Fransa Respublikası
Jan-Lui Dümon, Fransa Respublikası Milli Assambleyasının Fransa–Azərbaycan dostluq qrupunun sədri.
Lyuk Buvar, Fransa Respublikası Milli Assambleyasının üzvü.
Fransua Lonkl, Fransa Respublikası Milli Assambleyasının üzvü.
Jak Dezalanqr, Fransa Respublikası Milli Assambleyasının üzvü.
Fransis İlmeyer, Fransa Respublikası Milli Assambleyasının üzvü.
Tyeri Mariani, Fransa Respublikası Milli Assambleyasının üzvü.
Jan-Lük Reytzer, Fransa Respublikası Milli Assambleyasının üzvü.
İndoneziya Respublikası
Priyo Budi Santoso, İndoneziya Respublikası Nümayəndələr Palatasının üzvü.
Syarief Həsən, İndoneziya Respublikası Nümayəndələr Palatasının üzvü.
Endin Soefihara, İndoneziya Respublikası Nümayəndələr Palatasının üzvü.
Lukman Hakim Saifuddin, İndoneziya Respublikası Nümayəndələr Palatasının üzvü.
İsveçrə Konfederasiyası
Kristine Egerszegi-Obrist, İsveçrə Konfederasiyası Milli Şurasının üzvü.
Kanada Respublikası
Devid Smit, Kanada Respublikası Senatının üzvü.
Berri Denolin, Kanada Respublikası Senatının üzvü.
Raymond Falko, Kanada Respublikası Senatının üzvü.
Lui Temelkovski, Kanada Respublikası Senatının üzvü.
Macarıstan Respublikası
Yanos Xorvat, Macarıstan Respublikası Milli Assambleyasının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri.
Özbəkistan Respublikası
Baxtiyar Mirzayeviç İminov, Özbəkistan Respublikası Senatının komitə sədri.
Səudiyyə Ərəbistanı Krallığı
Mohsen bin Məhəmməd Əal, Səudiyyə Ərəbistanı Krallığı Parlamentinin Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri.
* * *
Mixail Krotov, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Baş katibi.
İqor Bolboçanu, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş katibinin müavini.
Əli Asğar Mohammadi, İslam Konfransı Təşkilatı Baş katibinin köməkçisi.
* * *
Şərq və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin Azərbaycan tarixində yeri, ölkəmizdə parlamentarizm ənənələrinin təşəkkülündə, inkişafında və möhkəmlənməsində rolu haqqında məruzə və çıxışlar edilmişdir.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
AZƏRBAYCAN PARLAMENTİNİN
90 İLLİYİ MÜNASİBƏTİ İLƏ
MİLLİ MƏCLİSİN TƏNTƏNƏLİ İCLASI
19 iyun 2008-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Milli Məclisin Azərbaycan parlamentinin 90 illiyinə həsr olunmuş təntənəli iclasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli xanımlar və cənablar, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi Milli Məclisdə səmimi qəlbdən salamlayırıq.
Hörmətli deputatlar, Azərbaycan parlamentinin 90 illiyi münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram!
Azərbaycan parlamentinin 90 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş xarici ölkələrin parlament sədrlərinə, parlament nümayəndə heyətlərinə, beynəlxalq təşkilatların təmsilçilərinə, bütün qonaqlarımıza “xoş gəlmisiniz” deyirəm. Xarici ölkələrin 9 parlament sədri, 18 sədr müavini, 102 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin Bakıdakı diplomatik korpusunun nümayəndələri bu gün bizimlə birlikdə sevincimizi bölüşürlər. Ümumiyyətlə, qonaqlarımızın təmsil etdikləri ölkələrin coğrafiyası İndoneziyadan Kanadayadək olan məkanı əhatə edir.
90 il əvvəl Azərbaycanda müasir dövrün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi xalqımızın tarixi taleyində müstəsna rol oynamışdır. 1918 – 1920-ci illərdə cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk parlamentimiz Azərbaycanın gələcək həyatı üçün dəyərli işlər görə bilmişdir. Bu işlər sayəsində Şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi təməli yaradılmışdı. Dövlət bayrağı və himni qəbul edilmiş, ana dili dövlət dili elan olunmuşdu. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq məhz bu parlament qadınlara seçki hüququ vermişdi. Dövlət quruculuğu, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul edilən qanunvericilik aktları müstəqil dövlətin səmərəli fəaliyyətinə imkan yaratmışdı. O dövrdə Azərbaycanda mövcud olan bütün siyasi qüvvələrin və müxtəlif millətlərin nümayəndələri parlamentdə təmsil olunmuşdu.
Bütün bunlar Azərbaycan xalqının həyatında parlamentarizm ənənələrinin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərirdi. Məlum olduğu kimi, hələ çar Rusiyasının ilk nümayəndəli orqanı olan Dövlət Dumasına müxtəlif dövrlərdə 13 nəfər azərbaycanlı deputat seçilmiş və onun fəaliyyətində yaxından iştirak etmişdi.
Azərbaycanın Sovet İttifaqı tərkibində olduğu dövrdə, əsasən, Ali Sovet adı ilə fəaliyyət göstərən qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olmuşdur. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrinin yoxa çıxmasına imkan verməmişdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı sayəsində böhran və təlatümlər dövrünü geridə qoymuş, kövrək vəziyyətdən çıxıb sabitlik və inkişaf dövrünə daxil olmuş, əsl dövlət müstəqilliyini əldə etmişdir. Müasir Azərbaycan parlamenti də Heydər Əliyevin rəhbərliyi altında yaranmışdır. Ulu öndər 1993-cü ilin oktyabrında Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etmişdir. Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri kimi fəaliyyəti ölkəmizdə parlamentarizm ənənələrinin inkişafında müstəsna rol oynamışdır. Sonrakı dövrdə də ulu öndər qanunvericilik orqanına daim böyük qayğı göstərmiş, parlament quruculuğu məsələlərini diqqət mərkəzində saxlamışdır.
Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Konstitusiya əsasında müasir parlament formalaşdırılmışdır. Artıq 13 ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament dövlətimizin müasir tələblərə cavab verən qanunvericilik bazasını yaratmış və təkmilləşdirmişdir.
1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 2500-dən çox qanun və qərar qəbul etmişdir. Onu da qeyd edim ki, parlamentdə qəbul edilən qanunlar milli dəyərlər nəzərə alınmaqla, üzv olduğumuz beynəlxalq təşkilatların ən yüksək standartlarına uyğun şəkildə hazırlanmışdır. Bu bizim şüurlu seçdiyimiz yoldur və biz bu işi davam etdiririk.
Azərbaycan parlamenti müasir demokratik dövlətlərdə mövcud olan prosedur qaydaları əsasında fəaliyyət göstərir. Milli Məclis xalqın və dövlətin mənafeləri ilə bağlı vəzifələri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşdirmə prosesinin hüquqi mexanizmi daha da inkişaf etdirilir.
Milli Məclis beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir. Ölkənin qanunvericilik orqanı 7 beynəlxalq parlament təşkilatının üzvüdür, bir neçə parlament təşkilatı, o cümlədən Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Baltik Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir.
İkitərəfli əlaqələrin inkişafına böyük diqqət yetirilir. Milli Məclisdə 70-dən çox ölkənin parlamenti ilə əlaqələr üzrə deputat dostluq qrupları yaradılmışdır. Bu qrupların üzvləri xarici ölkələrdəki həmkarları ilə sıx əlaqə saxlayır, qarşılıqlı səfərlər edir, təcrübə mübadiləsi aparırlar. Bütün bunlar ölkələrin bir-birinə yaxınlaşmasına kömək göstərir və xalq diplomatiyasının uğurlarını nümayiş etdirir. Hörmətli xanımlar və cənablar! Azərbaycanda dövlət hakimiyyət bölgüsü prinsipi əsasında qurulmuşdur. Biz qürur hissi ilə söyləyə bilərik ki, parlamentlə Prezident arasında çox gözəl münasibətlər mövcuddur. Parlamentin qəbul etdiyi layihələrin 80 faizindən çoxu cənab Prezidentin təşəbbüsü ilə müzakirəyə çıxarılır. Biz əminik ki, bu münasibətlər gələcəkdə də bu qaydada davam edəcəkdir.
Möhtərəm cənab Prezident səkkiz il ərzində Azərbaycan parlamentinin deputatı olmuşdur, Milli Məclisin gündəlik fəaliyyətini, problemlərini parlamentin içərisindən müşahidə edib bələd olmuşdur. Milli Məclisin qayğılarını bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət və dəstək göstərir. Möhtərəm cənab Prezidentin burada olmasından istifadə edərək, bu diqqətə və dəstəyə görə ona minnətdarlığımızı bildiririk və dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. (Alqışlar.) Milli Məclis Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini müdafiə edir və problemin nizama salınacağına ümid bəsləyir.
Əziz qonaqlar, bu bayram günündə bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edirəm.
İndi isə çıxış üçün söz verilir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə. (Alqışlar.)
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVİN NİTQİ
Hörmətli xanımlar və cənablar!
Hörmətli deputatlar, əziz qonaqlar!
Mən sizin hamınızı bu gün bu gözəl gündə ürəkdən salamlayıram. Bütün qonaqlara “xoş gəlmisiniz” deyirəm.
Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Biz Azərbaycan parlamentinin 90 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Bu, həqiqətən də, çox əlamətdar və tarixi hadisə olmuşdur. Biz keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyini geniş şəkildə qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında tarixi bir hadisə idi. Çünki ilk dəfə müsəlman aləmində, bütövlükdə Şərqdə demokratik respublika yaranmışdır. Müxtəlif səbəblər nəticəsində respublikanın ömrü uzun olmamışdır və iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş və Azərbaycan xalqı yenidən müstəqillikdən məhrum edilmişdir.
Biz öz tariximizi yaxşı bilirik və onu da bilirik ki, bu acı tarix 1990-cı illərin əvvəllərində də təkrarlana bilərdi, daha doğrusu, təkrarlanırdı. Azərbaycan xalqı yenidən müstəqilliyə qovuşanda, Sovet İttifaqının dağılması nəticəsində müstəqil respublika fəaliyyətə başlayanda ölkədə gedən ictimai-siyasi proseslər çox mürəkkəb idi, çox gərgin idi və demək olar ki, gənc dövlətin gələcəyi o qədər də müəyyən deyildi. Çünki həm ölkə daxilində, həm də hüdudlarımızdan kənarında gedən proseslər Azərbaycanı çox ağır vəziyyətə qoymuşdu. Bir tərəfdən, Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi, digər tərəfdən, daxildə yaşanan siyasi və iqtisadi böhran vəziyyəti son dərəcə gərginləşdirmişdi. Bu çətin, ağır şəraitdə Azərbaycan xalqı düzgün seçim etmişdir.
1993-cü ildə Azərbaycan xalqı milli lideri Heydər Əliyevə müraciət edərək, onu yenidən siyasi hakimiyyətə gətirməklə öz müstəqilliyini qoruya bilmişdir. Biz müstəqilliyi qoruduq, möhkəmləndirdik və bu gün Azərbaycan müstəqillik yolu ilə uğurla inkişaf edir. Bütün bu işlərdə Azərbaycan parlamentinin böyük rolu olmuşdur. Çünki yeni Azərbaycanın qurulmasının, müstəqil güclü dövlətin qurulmasının əsası məhz bu binada qoyulmuşdur.
Biz bir neçə gün bundan əvvəl Milli Qurtuluş gününü geniş şəkildə qeyd etmişik. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçiləndən sonra ölkəmizdə vəziyyət müsbətə doğru dəyişilməyə başlamışdır. Xoşagəlməz bütün hadisələrin qarşısı alınmışdır. Qeyri-qanuni silahlı birləşmələr tərk-silah edilmişdir. Azərbaycanda asayiş bərpa olunmuşdur, sabitlik yaranmışdır və beləliklə, hərtərəfli inkişaf üçün çox gözəl şərait yaradılmışdır.
Ondan əvvəl, hələ Azərbaycan müstəqil olmayan dövrdə Naxçıvan Muxtar Respublikasının parlamenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı elan etmişdir. O vaxt Azərbaycan hələ müstəqil deyildi, Sovet İttifaqının tərkibində idi. Ancaq Naxçıvanda tarixi qərarın qəbul olunması bizim müstəqilliyimizi yaxınlaşdırırdı. Bütün başqa həlledici məqamlarda, xalqla Heydər Əliyev arasında olan birlik Azərbaycanı bu çətin, ağır şəraitdən şərəflə çıxara bilmişdir.
Bu gün ölkəmiz uğurla inkişaf edir. Azərbaycanda parlamentarizm ənənələri də yaranır. Azərbaycan parlamenti öz beynəlxalq əlaqələrini genişləndirir və bu gün biz bu tədbirdə müxtəlif ölkələrdən gələn qonaqların timsalında bunu görürük. Biz görürük ki, Azərbaycan dünya birliyinə çox sürətlə inteqrasiya edir, Azərbaycanda hakimiyyətin bütün qolları vahid komanda kimi fəaliyyət göstərir və vahid amal uğrunda birləşibdir. Bu amal ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, ölkə daha da inkişaf etsin və inkişaf etmiş ölkələrin sıralarına daxil olsun.
Biz bu vəzifəni qarşımıza qoymuşuq və bu çox böyük, məsuliyyətli vəzifədir. Ancaq 10 il, 15 il bundan əvvəl qarşımızda başqa vəzifələr dayanmışdı. O vaxt biz fikirləşirdik ki, Azərbaycanı ağır, çətin vəziyyətdən necə çıxaraq? İqtisadi tənəzzülün qarşısı necə alınmalıdır? Siyasi və iqtisadi islahatlar necə aparılmalıdır? Bütün bunlar bizim üçün yenilik idi. Azərbaycan qarşısında, müstəqil gənc dövlət qarşısında müxtəlif inkişaf istiqamətləri mövcud idi. Ulu öndər Heydər Əliyevin seçdiyi yol yeganə düzgün yoldur. Bu da ondan ibarətdir ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya etməlidir, Azərbaycanın inkişafı daxili resurslar əsasında təmin olunmalıdır, Azərbaycan öz təbii sərvətlərindən məharətlə istifadə etməlidir və öz milli maraqlarını maksimum dərəcədə möhkəmləndirməlidir. Azərbaycanda çox güclü iqtisadi potensial yaradılmalıdır. Bu gün biz keçmişə nəzər salarkən görürük ki, ölkə qarşısında ən çətin və həlledici məqamlarda duran bütün əsas vəzifələr uğurla icra edilmişdir.
Bu gün Azərbaycan inkişaf dövrünü yaşayır. Bizdə siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir. Bir daha qeyd etmək istəyirəm ki, Milli Məclisin bu işdəki fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. Azərbaycan bir neçə çox vacib beynəlxalq sazişlərə, konvensiyalara qoşulmuşdur. Mütərəqqi qanunlar qəbul edilir və bu qanunlar Azərbaycanda siyasi sistemin möhkəmlənməsinə və iqtisadi islahatların dərinləşməsinə xidmət göstərir. O da həqiqətdir ki, baxmayaraq, Azərbaycan xalqının çox qədim və zəngin tarixi, mədəniyyəti vardır, Azərbaycanda bundan əvvəl heç vaxt siyasi sistem olmayıbdır. Biz yalnız müstəqilliyi bərpa edəndən sonra siyasi islahatlara başlamışıq və tarix baxımından çox qısa müddət ərzində bütün lazımi tədbirləri görmüşük. Azərbaycanda siyasi sistem yaradılıb, siyasi təsisatlar yaradılıb və möhkəmlənib, Azərbaycan beynəlxalq təşkilatlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Bir daha demək istəyirəm ki, həm iqtisadi sahədə, həm sosial məsələlərin həlli işində, həm də siyasi islahatların dərinləşməsində Milli Məclis tərəfindən qəbul edilmiş qərarlar xüsusi rol oynayır. Mən çox şadam ki, bizim ölkəmizin inkişafı üçün hakimiyyətin bütün qolları öz töhfələrini verirlər.
Bu gün bizim qarşımızda yeni vəzifələr dayanır, yeni çağırışlar dayanır və biz bunlara hazır olmalıyıq. İlk növbədə, yenidən qeyd etmək istəyirəm ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcəkdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşmasına xidmət göstərir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi – bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır.
Sabitlik olmayan yerdə inkişaf mümkün deyil. Eyni zamanda, inkişaf etmiş ölkələrin tarixinə, yaxud da indiki vəziyyətinə nəzər salsaq, görərik ki, o ölkələrdə sabitlik mövcuddur. Yəni bu iki amil bir-birini tamamlayır. Mən çox şadam ki, Azərbaycanda biz həm inkişafa nail ola bilmişik, həm də Azərbaycanda sabitlik çox yüksək səviyyədədir. Əminəm ki, gələcək illərdə biz qarşımıza qoyduğumuz bütün vəzifələrə, hədəflərə çatacağıq.
Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru uğurla irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir. Biz son dörd il ərzində iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkəyik. Dörd il ərzində Azərbaycanda ümumi daxili məhsul 96 faiz artmışdır ki, bu da analoqu olmayan bir göstəricidir.
Bununla bərabər, Azərbaycanda uğurla həyata keçirilən sosial islahatlar öz müsbət nəticələrini verir. İldən-ilə Azərbaycan xalqı daha da yaxşı yaşayır. Azərbaycan xalqının rifah halı yaxşılaşır və bunun göstəricisi olan yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Son dörd il ərzində 49 faizdən 16 faizə düşən yoxsulluğun səviyyəsi onu göstərir ki, bizim qəbul edilmiş bütün qərarlar, siyasi və iqtisadi islahatlar, uğurlu neft siyasətimiz, ilk növbədə, Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəldilibdir. Sürətlə inkişaf edən bəzi cəmiyyətlərə xas olan təbəqələşmə prosesi Azərbaycan cəmiyyətində getmir. Əksinə, Azərbaycanda çox güclü orta sinif yaranır, sahibkarlar sinfi yaranır və bilirsiniz ki, bu sahəyə çox böyük diqqət göstərilir. Bu gün ölkə iqtisadiyyatının 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatının əsas hissəsini enerji resursları təşkil edir və enerji resursları dövlət nəzarətindədir, özəl sektor sürətlə inkişaf edir.
Regionlarda gedən abadlıq-quruculuq işləri, yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafına dair beşillik Dövlət Proqramının uğurla icra edilməsi bizim böyük nailiyyətimizdir. Bu gün artıq bölgələrdən mərkəzə miqrasiya meyilləri, demək olar ki, son dərəcə azalıbdır. Bu gün bölgələrdə insanların yaşaması üçün ən müasir infrastruktur yaradılır – istər səhiyyə, istər təhsil, istərsə də nəqliyyat və sair sahələrdə. Biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək, təbii resurslarımızı insan kapitalına çeviririk. Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni zamanda, bizim milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir.
Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi saxlaya bilmişik, öz mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edibdir, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər.
Azərbaycan cəmiyyətində bütövlükdə ölkədə aparılan bütün islahatlara böyük rəğbət var. Əgər belə olmasaydı, heç bir islahatın əhəmiyyəti olmazdı. Bəzi hallarda iqtisadi islahatlar, xüsusilə keçid dövründə yaşayan cəmiyyətlərdə iqtisadi islahatlar insanların həyat səviyyəsinin pisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanın timsalında biz bunu görmürük. Əgər belə olsaydı, o zaman yoxsulların sayı azalmazdı, artardı. Bizim güclü sosial siyasətimiz, eyni zamanda, uğurlu iqtisadi islahatlara əsaslanır. Çünki əgər biz iqtisadi potensialı yaratmasaq, sosial proqramların həlli üçün imkanımız olmayacaq. Bir də demək istəyirəm ki, biz ancaq öz imkanlarımıza güvənirik. Biz müstəqilliyi bərpa edəndən sonra bu günə qədər ancaq öz hesabımıza, Azərbaycan xalqının zəhməti hesabına bütün bu gözəl nəticələrə çata bilmişik.
Bu gün qürur hissi ilə deyə bilərik ki, son dörd il ərzində Azərbaycanda büdcə xərcləri 10 dəfədən çox artıbdır. Bizim valyuta ehtiyatlarımız artır və ilin sonuna qədər 20 milyard dollara yaxın olmalıdır. Bu bizim üçün böyük bir üstünlükdür, böyük bir imkandır. Biz bu imkanlardan çox səmərəli şəkildə istifadə etməliyik. Azərbaycanın bütün sahələrini inkişaf etdirməliyik. İqtisadiyyatımızı şaxələndirməliyik ki, uzun illər bundan sonra, onilliklər bundan sonra Azərbaycan xalqı və gələcək nəsillər rahat yaşasın. Gələcək nəsil də vətənpərvərlik ruhunda tərbiyə almalıdır və mən çox şadam ki, bu gün biz bunu görürük.
Gələcək nəsillərin xoşbəxt yaşaması üçün biz indidən lazımi tədbirləri görürük. Mən bir daha parlamentin bu sahədəki rolunu qeyd etmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan Dövlət Neft Fondu gələcək nəsillərin rahat yaşaması üçün böyük dərəcədə valyuta ehtiyatlarını yığmağa başlamışdır və bu, bir neçə ildən sonra yüz milyardlarla ölçüləcəkdir. Belə olan halda bu imkanlardan, bu resurslardan səmərəli istifadə etmək üçün ən şəffaf mexanizm yaradılmalıdır. Azərbaycan bu şəffaf mexanizmi yarada bilibdir. Neft Fondundan xərclənən hər bir manat, hər bir dollar ancaq parlamentin razılığı ilə mümkündür. Parlamentin üzvləri büdcəni təsdiq edərkən bu məsələni də həll edirlər. Yəni burada ictimai iştirak və ictimai nəzarət çox güclüdür. Mən bir neçə dəfə bu barədə öz fikirlərimi bildirmişəm, bir də demək istəyirəm ki, çox sürətlə inkişaf edən ölkələrdə, çox böyük dövlət investisiyaları qoyulan bir ölkədə ictimai nəzarət çox güclü olmalıdır.
Biz gələcək haqqında da fikirləşirik və mən əminəm ki, Azərbaycanın gələcəyi çox parlaq olacaqdır. Bizim beynəlxalq əlaqələrimiz möhkəmlənir, biz yeni müttəfiqlər qazanırıq, bizim xarici siyasətimiz də çox açıqdır, birmənalıdır, çox çevikdir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, qarşılıqlı maraqlar əsasında öz siyasətimizi qururuq və bu siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan dünyada daha da çox tanınır, Azərbaycana hörmət artır. Azərbaycanın müstəqil siyasəti, bilirəm ki, çox böyük rəğbətlə qarşılanır və biz bu müstəqil xəttimizi qoruyub saxlayacağıq. Müstəqilliyimizi daha da möhkəmləndirəcəyik və bunu etmək üçün, əlbəttə ki, bizim imkanlarımız daha da artmalıdır. Bu işlər, görülən bütün işlər, bir daha demək istəyirəm ki, bir məqsədə yönəldilibdir – Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirsin, Azərbaycanda siyasi islahatlar daha da sürətlə getsin, Azərbaycanda bütün kriteriyalar – istər siyasi həyatda, istərsə də iqtisadi, sosial həyatda bütün kriteriyalar dünyanın aparıcı ölkələrinin kriteriyalarına yaxınlaşsın. Bunu etmək üçün bizim həm niyyətimiz var, həm də proqramlarımız var. Beynəlxalq təşkilatlarla müxtəlif proqramlar var və biz bunları uğurla icra edirik.
Mən hesab edirəm ki, biz həm siyasi islahatlar sahəsində, həm ölkədə gedən demokratikləşmə prosesinin inkişafında, həm də iqtisadi və sosial məsələlərin həllində nə mümkünsə maksimum dərəcədə etmişik. Bunun nəticəsində bu gün ölkə qarşısında elə problem yoxdur ki, biz onu asanlıqla həll edə bilməyək. Ölkə daxilində sabitlik, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, siyasi sistemin möhkəmlənməsi, iqtisadi islahatlar, çevik xarici siyasət və bölgədə bizim təşəbbüsümüzlə həll olunan irimiqyaslı layihələrin icrası – bütün bu istiqamətlərdə bütün vəzifələr öz həllini tapıbdır.
Bu gün bölgədə gedən uğurlu regional əməkdaşlıq bir çox hallarda məhz Azərbaycanın təşəbbüskarlığı ilə bağlıdır. Biz enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə həm öz iqtisadi imkanlarımızı gücləndiririk, həm də böyük mənada regional əməkdaşlığa da öz töhfəmizi veririk.
Bildiyiniz kimi, bu gün dünyanın siyasi gündəliyində enerji təhlükəsizliyi məsələləri xüsusi yer tutur. Azərbaycan bu sahəyə öz töhfəsini verir və gələcəkdə öz töhfəsini verməyə hazırdır. Biz irimiqyaslı enerji layihələrinin təşəbbüskarı və iştirakçısıyıq. Bu layihələrin nəticəsində Azərbaycan xalqı həm böyük mənfəət götürür, həm ölkənin beynəlxalq mövqeləri möhkəmlənir, həm də regional əməkdaşlıq üçün çox gözəl şərait yaranır. Bu gün bizim həm Xəzəryanı ölkələrlə, qonşu dövlətlərlə, həm də Qara dəniz, Baltik dənizi ölkələri ilə üzərində işlədiyimiz konkret layihələr var. Bizim siyasi əlaqələr güclənir və əlbəttə ki, nəqliyyat, enerji və humanitar sahəsində regional əməkdaşlıq bu bölgəyə daha da çox imkanlar gətirir, bizim qarşımızda daha da çox imkanlar açır və biz bundan sonra da regional işlərdə öz fəallığımızı davam etdirəcəyik.
Bu gün burada müxtəlif ölkələrdən qonaqlar bizimlə bərabər bu günü qeyd edirlər. Dünən mən nümayəndə heyətlərinin, demək olar ki, əksəriyyəti ilə görüşmüşəm. Görüşlər bu gün də davam edəcəkdir. Mən bir də demək istəyirəm, Azərbaycan parlamentinin dəvətini almış, bu gün bizimlə bərabər olan bütün qonaqlara xüsusi minnətdarlıq bildirmək istəyirəm ki, onlar vaxt tapıb bu tədbirdə bizimlə bərabər iştirak edirlər. Onların diqqətini bizi narahat edən məsələyə də cəlb etmək istəyirəm. O da bölgədə gərginlik yaradan, çox böyük təhlükə mənbəyi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır.
Biz uzun illər ərzində çalışırıq ki, məsələ öz həllini sülh yolu ilə, danışıqlar yolu ilə, beynəlxalq hüquq əsasında tapsın. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın torpaqlarından çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna məhəl qoymur.
Bu yaxınlarda BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə böyük səs çoxluğu ilə qəbul edilmişdir. Mən bu fürsətdən istifadə edib bizim qətnaməmizi dəstəkləyən ölkələrin nümayəndələrinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bununla bərabər, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM və digər mötəbər beynəlxalq təşkilatlar bu məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmasının mümkünlüyü haqqında bəyanatlar, qərarlar vermişdir. Amma məsələ öz həllini tapmır. Ermənistanın işğalçı siyasəti, azərbaycanlılara qarşı soyqırımı siyasəti – Xocalı soyqırımı, etnik təmizləmə siyasəti 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsinə səbəb olmuşdur, minlərlə soydaşımız, günahsız insanlar həlak olmuşdur. Etnik təmizləmə siyasəti nəticəsində bu insanlar bu gün elementar insan hüquqlarından məhrumdurlar. İşğal olunmuş torpaqlarda – Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonda bütün binalar dağıdılıbdır. Bizim mədəni abidələrimiz, əcdadlarımızın məzarları, məktəblər, xəstəxanalar, yollar – hər şey dağıdılıb, hər şey talan edilibdir. Bir neçə il bundan əvvəl ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş bölgələrə səfər etmişdir və onların məruzəsində dediyim bütün məsələlər öz əksini tapmışdır. Ancaq nədənsə beynəlxalq ictimaiyyət bu məsələyə biganə qalır.
Bir daha demək istəyirəm, biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma bu həll ədalətli həll olmalıdır. Kiminsə əsaslanmamış istəkləri əsasında olmamalıdır. Beynəlxalq hüquq əsasında olmalıdır. Beynəlxalq hüquq bütün ölkələrə şamil edilməlidir. Əks təqdirdə dünyada, dünya birliyində xaos yaranar. Əgər ölkələr beynəlxalq hüquqa məhəl qoymasalar, onda beynəlxalq təşkilatların fəaliyyəti şübhə altına düşür. Beynəlxalq təşkilatlar, hansılar ki, bu məsələyə dair öz qərarlarını açıqlayıblar, onlar özlərinə hörmət etməlidirlər və işğalçı dövlətdən tələb etməlidirlər ki, o, işğala son qoysun. Azərbaycana məxsus olan və bütün dünya birliyi tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan bölgələrdən çıxsınlar və o zaman bölgədə sülh yarana bilər. Əks təqdirdə, təhlükələr ancaq artacaq, gərginlik artacaq. Bu münaqişə yalnız Azərbaycana, yaxud da Ermənistana aid deyil. Bütün bölgənin təhlükəsizliyi, bölgədə çox vacib, regional layihələrin və əməkdaşlıq imkanlarının qarşısında dayanan böyük bir maneədir.
Mən, sadəcə olaraq, bütün xarici qonaqlar qarşısında öz mövqeyimi bir daha açıqlamaq istəyirəm. Bir daha demək istəyirəm ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapa bilər. Ermənistanın bütün qoşunları işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra Dağlıq Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq azərbaycanlıların birgə yaşaması üçün lazımi tədbirlər görülməlidir və o bölgəyə yüksək özünüidarəetmə muxtariyyət statusu verilməlidir. Bu, beynəlxalq hüquq əsasında özünü artıq müxtəlif yerlərdə tapmış bir yanaşmadır. Bu yanaşma yeganə düzgün yanaşmadır. Mən çox şadam, beynəlxalq təşkilatlar bizim mövqeyimizi müdafiə edirlər. Amma, eyni zamanda, qəbul edilmiş bu qərarlar kifayət deyil ki, məsələ öz həllini tapsın.
Bir daha demək istəyirəm, biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma bununla bərabər, bölgədə yaranmış reallıqları da qarşı tərəf anlamalıdır. İqtisadi, hərbi, siyasi cəhətdən Azərbaycan son illər ərzində böyük irəliləyişə nail olubdur. Bir daha demək istəyirəm ki, beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir.
Mən bu məsələyə xüsusilə toxundum. Çünki bizim qarşımızda duran böyük problemlərdən əsası və bəlkə də yeganə problem bu problemdir. Mən beynəlxalq birliyi, burada müxtəlif ölkələrin parlamentlərinin nümayəndələrini çağırıram ki, onlar öz ölkələrində bu məsələni diqqətdə saxlasınlar və sülhü yaxınlaşdıra biləcək addımları atsınlar.
Mən vaxtınızı çox almaq istəmirəm. Bu gün bizim qonaqlarımız öz ürək sözlərini deyəcəklər. Sadəcə olaraq, bir daha demək istəyirəm ki, parlamentin yaranmasının 90 illik yubileyi çox böyük hadisədir, Azərbaycanda bayramdır. Biz öz dövlətçilik ənənələrimizi 1991-ci ildə bərpa etdik, 1993-cü ildə isə müstəqil Azərbaycanın quruculuğu üçün bütün lazımi tədbirlər görülübdür. Bu gün dövlət quruculuğu, dövlətçilik imkanları Azərbaycanda genişlənir.
İlk demokratik respublika iki il yaşadı, müstəqilliyi qoruya bilmədi. Bugünkü Azərbaycan 17 ildən çoxdur müstəqil ölkə kimi yaşayır və əbədi yaşayacaqdır!
Sədrlik edən. Möhtərəm cənab Prezident, dərin məzmunlu və əhatəli çıxışınıza, Milli Məclisin fəaliyyətinə yüksək qiymət verdiyinizə görə Sizə ürəkdən minnətdarlığımızı bildiririk. Azərbaycanın xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq! Çox sağ olun. (Alqışlar.)
Hörmətli deputatlar, icazənizlə, təbrik sözü söyləmək istəyən qonaqlarımıza imkan yaratmaq istəyirik. Etiraz yoxdursa, çıxışlar üçün sözün əlifba qaydasında verilməsi təklif olunur. Əvvəl parlament sədrləri, sonra sədr müavinləri, daha sonra isə parlament nümayəndə heyətlərinin digər rəhbərləri çıxış edəcəklər. Təbrik üçün söz verilir Belarus Respublikası Nümayəndələr Palatasının Sədri cənab Vadim Aleksandroviç Popova. (Alqışlar.)
V. A. Popov, Belarus Respublikası Nümayəndələr Palatasının Sədri.
Hörmətli həmkarlar, əziz dostlar! Biz indicə sizinlə Azərbaycan Prezidentinin parlaq və məzmunlu nitqini dinlədik və düşünürəm ki, hamımız böyük təəssürat altındayıq. İcazə verin, Belarus Milli Məclisinin deputatları adından sizi Azərbaycan parlamentinin yaradılmasının 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edim!
Sovet İttifaqı dağıldıqdan sonra bizim Belarus parlamenti kimi Azərbaycanın Milli Məclisi də yeni şəraitdə ölkənin həyat fəaliyyətini təmin etmək üçün hüquqi baza yaradılması yolunda mürəkkəb bir mərhələ keçmişdir. Aparılmış qanunyaratma işinin real nəticələri göz qabağındadır. Hörmətli deputatlar, siz və sələfləriniz tərəfindən çoxsaylı qanun layihələrinə baxılmış, bir sıra məcəllələr qəbul olunmuş, çoxsaylı beynəlxalq müqavilələr təsdiq edilmişdir. Beləliklə, tam əminliklə demək olar ki, Azərbaycan parlamenti zamanın sınağından uğurla çıxmışdır və dinamik surətdə inkişaf edib möhkəmlənən, dünya birliyinin tamhüquqlu üzvü olan müasir Azərbaycan Respublikasının inkişafında son dərəcə mühüm rol oynayır.
Belarusda Azərbaycana, Azərbaycan xalqına həmişə çox səmimi, qardaş münasibəti olmuşdur. Ölkələrimizin ümumi sərhədləri yoxdur, lakin biz özümüzü mehriban qonşular kimi hiss edir və bunu çox yüksək qiymətləndiririk. Axı uzun illər ərzində belaruslar və azərbaycanlılar bir-birinin mənəvi dəyərlərinə böyük hörmətlə yanaşmış, onları dərk edib mənimsəməkdə heyrətamiz qabiliyyət nümayiş etdirmiş, insanlar, millətlər və dinlər arasında münaqişəsiz münasibətlərin yaradılması təcrübəsini yaşadıb daha da zənginləşdirmişlər. Bunun təsdiqi kimi deyə bilərəm ki, bu gün Azərbaycanda ikinci vətən tapmış belaruslar və Belarusda yaşayan azərbaycanlılar şəxsi potensiallarını ortaya qoyaraq özlərini bütünlüklə ifadə etmək üçün hər cür imkanlara malikdirlər. Onlar Azərbaycan–Belarus əlaqələrinin və bütövlükdə ölkələrimizin möhkəmləndirilməsinə dəyərli töhfə verirlər.
Əziz dostlar! Bu gün Belarus–Azərbaycan əlaqələri yüksəlişdədir. Bunu təmin edən möhkəm hüquqi baza yaradılmışdır. Dövlət başçıları bir-biri ilə daimi əlaqə saxlayırlar. Parlamentlərimiz arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq gücləndirilir. Bütün bunlar hər iki dövlətin iqtisadiyyatını uğurla inkişaf etdirməyə, birgə investisiya layihələrini həyata keçirməyə, mədəniyyət, elm, təhsil sahəsində əlaqələri genişləndirməyə imkan yaradır. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasında mal dövriyyəsi keçən ilin yekunlarına görə 2,4 dəfə, bu il isə 1,8 dəfə artmışdır. Əminəm ki, mal dövriyyəsinin 500 milyon dollar həcminə çatdırılması barədə prezidentlərimizin qarşıya qoyduqları vəzifənin həyata keçirilməsinə biz yaxın illərdə nail olacağıq. Bunun üçün hər cür şərait vardır – yüksək səviyyədə siyasi iradə də, hər iki ölkənin hökumət və parlamentlərinin konkret müsbət nəticələrin əldə olunmasına yönəldilmiş fəaliyyəti də.
Hörmətli həmkarlar! Zamanın sınağından çıxmış dostluq, nadir mehriban qonşuluq təcrübəsi nəsildən-nəslə ötürülür. Çətin ki, kimisə bunlara diqqət və qayğı ilə yanaşmağın zəruriliyinə inandırmaq lazım gəlsin. Ona görə tərəfdaşlığın möhkəmləndirilməsi, ticarət-iqtisadi əlaqələrin ardıcıl inkişaf etdirilməsi, insanların birbaşa təmaslarının dəstəklənməsi yolu ilə bu ənənələri davam etdirmək bizim ümdə vəzifəmizdir. Ümid edirəm ki, ümumi niyyət və layihələrimiz uğurla həyata keçiriləcəkdir. Ölkələrimizin dostluğu və səmərəli əməkdaşlığı xalqlarımızın həyati mənafelərinə cavab verir.
Sizi yubiley münasibəti ilə təbrik edir, Azərbaycanın mənafeyi naminə yaradıcı deputatlıq fəaliyyətinizdə sizə daha böyük uğurlar arzulayıram! Diqqətinizə görə təşəkkür edirəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Vadim Aleksandroviç. Çıxış edir Gürcüstan Parlamentinin Sədri cənab David Bakradze. (Alqışlar.)
D.Bakradze, Gürcüstan Parlamentinin Sədri.
Zati-aliləri cənab Prezident, zati-aliləri cənab Sədr! Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikası Milli Məclisinin 90 illik yubileyi münasibəti ilə Gürcüstan parlamentinin, mənim və bütün gürcü xalqının ən səmimi təbriklərini qəbul edin.
1918-ci ildə yeni dövlətin yaranması faktını hüquqi baxımdan təsbit edən Azərbaycanın müstəqillik aktı qəbul olunmuşdur. Bu, əslində, Gürcüstanın müstəqillik aktının qəbul edilməsi və Gürcüstan parlamentinin yaranması ilə bir vaxtda baş vermişdir. Parlamentlərimizin tarixi kimi dövlətlərimizin tarixi də çox oxşardır. Təəssüf ki, o zaman dünya meydanında siyasi qüvvələr bölgüsü nə Gürcüstan, nə də Azərbaycan üçün əlverişli idi və bir neçə ildən sonra ölkələrimiz qırmızı ordunun qüvvələri tərəfindən ilhaq olundu. Tarixi ədalət 70 ildən sonra bərpa edildi. Bu gün Azərbaycan xalqının Milli Məclislə fəxr etməyə tam haqqı vardır.
Xüsusi duyğu ilə qeyd etmək istərdim ki, ölkələrimiz – Gürcüstan və Azərbaycan Respublikası arasında təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş əməkdaşlıq getdikcə daha geniş vüsət alır. Məhz onun səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Gürcüstan xalqı millətlərarası əlaqələr sahəsində onun böyük xidmətlərini yüksək qiymətləndirir. Biz Tbilisi şəhərinin gözəl sahil küçələrindən birinin Heydər Əliyevin adını daşıması və tarixi Abanatubani məhəlləsində onun abidəsinin ucaldılması ilə fəxr edirik. Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev bizə dost olan Azərbaycanın siyasət və iqtisadiyyatının daha da təkmilləşdirilib müasirləşdirilməsi xəttini uğurla həyata keçirir.
Ölkələrimiz – Gürcüstan və Azərbaycan arasında tarixi köklərə malik münasibətlər həmişə nümunəvi səciyyə daşımışdır. Dövlət müstəqilliyinin bərpası xalqlarımızın çoxəsrlik mehriban qonşuluq ənənələrinin inkişafına güclü təkan vermiş və onları keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır. Ötən illər ərzində ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi sahəsində zəngin təcrübə toplanmışdır. Bu gün Gürcüstanla Azərbaycan arasında bütün əsas istiqamətlərdə sıx əməkdaşlıq, ümumi problemlərin həllində qarşılıqlı dəstək və yardım qonşu suveren dövlətlər arasında strateji tərəfdaşlığın parlaq nümunəsidir. Biz siyasi münasibətləri belə yüksək səviyyəyə qaldırmağı bacarmış və dünya miqyaslı layihələri həyata keçirə bilmişiksə, digər sahələrdə də ikitərəfli əlaqələri eyni uğurla inkişaf etdirə bilərik. Qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olması bizə əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə keçmək imkanı verir.
Parlamentlərarası əlaqələrimiz uğurla inkişaf etdirilir və biz onları daha da inkişaf etdirmək əzmindəyik. Yeni seçiləcək Gürcüstan parlamentində yaradılacaq ilk dostluq qruplarından biri, əlbəttə, Azərbaycanla dostluq qrupu olacaqdır. Ötən dövr ərzində qarşılıqlı münasibətlərin bütün sahələrini əhatə edən möhkəm ikitərəfli hüquqi baza yaradılmışdır.
Mən tam əminəm ki, Gürcüstanı və Azərbaycanı gözəl gələcək gözləyir. Belə ki, qlobal miqyaslı enerji və nəqliyyat layihələri, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum boru kəmərləri, Bakı–Tbilisi–Qars dəmir yolu xətti ölkələrimizə və xalqlarımıza çox böyük fayda gətirəcəkdir. Əminəm ki, Gürcüstanla Azərbaycan bundan sonra da həmişə bir-birinə kömək edəcək və ümumi məqsədə – bütün Qara dəniz–Xəzər regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi məqsədinə doğru birlikdə irəliləyəcəklər.
Sonda icazə verin, sizi bir daha ürəkdən salamlayım və bugünkü görüşdə iştirakıma görə minnətdarlığımı bildirim. Azərbaycan Respublikası Milli Məclisinin 90 illik yubileyi münasibəti ilə sizi bir daha təbrik edirəm! Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun, cənab Bakradze. Çıxış üçün söz verilir Qazaxıstan Respublikası Senatının Sədri cənab Kasım-Comart Tokayevə. (Alqışlar.)
K.Tokayev, Qazaxıstan Respublikası Senatının Sədri.
Möhtərəm cənab Prezident, cənab Sədr, hörmətli deputatlar, qonaqlar, xanımlar və cənablar! Azərbaycanlı həmkarlarımızı ölkənin ilk Milli Məclisinin yaradılmasının 90 illiyi münasibəti ilə Qazaxıstan Respublikası parlamentinin bütün deputatları adından səmimi təbrik edirəm!
Bu yaxınlarda ölkəniz Respublika gününü Azərbaycan dövlətçiliyinin bərpası günü kimi qeyd etdi. Bu, Şərqdə ilk demokratik respublika idi. İlk Azərbaycan dövlətinin və Milli Məclisinin 90 illik yubileyi Azərbaycan xalqının azadlıq və xalq hakimiyyəti dəyərlərinə sədaqətinə parlaq sübutdur. Hər bir dövlətin tarixində mürəkkəb vaxtlar da, tərəqqi dövrləri də olur. Xalqlarımız əsrlər boyu müstəqil dövlət qurmaq və azad olmaq kimi işıqlı arzularla yaşamışlar.
Dövlətlərimizin bugünkü Olimpə yolu hamar olmamışdır. Müstəqillik və suverenlik qazanan Azərbaycan sabit inkişaf və quruculuq yoluna inamla qədəm qoydu. Azərbaycan dövlətinin bərpası zəngin, qədim tarixə, orijinal mədəniyyətə malik xalqın mənəvi yüksəlişi üçün təməl oldu. Bu gün sizin ölkəniz iqtisadi göstəricilərə və sosial təminata görə Qafqaz regionunun lideridir.
Müasir Azərbaycanın nailiyyətlərindən danışarkən öz xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətlərini qeyd etməyə bilmərik. O, XX əsrin siyasi tarixinə bənzərsiz siyasətçi, istedadlı rəhbər kimi daxil olmuşdur. Gənc dövlətin olduqca ağır dövründə ona rəhbərliyi üzərinə götürən Heydər Əliyev Azərbaycanı sabitlik və tərəqqi istinadgahına çevirərək dünya birliyinin ilk sıralarına çıxarmağa nail oldu. O, yeni Azərbaycan dövlətinin möhkəm təməlini qoydu. Bu gün Prezident İlham Heydər oğlu Əliyevin uğurla rəhbərlik etdiyi ölkənin çoxsaylı uğurları onun adı ilə bağlıdır. Azərbaycanın ölkə daxilində və xaricdə böyük nüfuz qazanmış indiki rəhbəri onu inkişaf və tərəqqi yolu ilə inamla irəli aparır. (Alqışlar.)
Heydər Əliyev müasir Qazaxıstan dövlətinin banisi Prezident Nursultan Nazarbayevə böyük hörmətlə yanaşırdı. Onları Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı faydalı dostluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş ümumi maraqlar birləşdirirdi. Qazaxıstan – Azərbaycan əlaqələrinin bu iki lider tətəfindən qoyulmuş möhkəm təməli iki qardaş xalq arasında əməkdaşlığın gələcəyinə nikbinliklə baxmaq imkanı verir.
Ümummilli lider Nursultan Nazarbayevin rəhbərliyi altında Mərkəzi Asiya regionunun mötəbər liderinə çevrilmiş Qazaxıstan ölkənizlə əməkdaşlığa olduqca böyük əhəmiyyət verir. Coğrafi baxımdan Qazaxıstanla Azərbaycanı dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət dənizi kimi tanınan Xəzərin ənginlikləri birləşdirir. Hazırda Azərbaycan bu regionda Qazaxıstanın strateji müttəfiqidir. Ölkələrimiz siyasi və iqtisadi sahələrdə, təhlükəsizliyin təmin edilməsi və yeni təhlükələrə müqavimət göstərilməsi işində səmərəli əməkdaşlıq edirlər. Sanballı enerji potensialına malik olan Qazaxıstan və Azərbaycan razılaşdırılmış tranzit siyasəti yürüdür, Xəzər dənizi hövzəsinin təbii ehtiyatlarının qorunması işində qarşılıqlı fəaliyyət göstərirlər. İldən-ilə mədəni-humanitar əlaqələr möhkəmlənir.
Ötən ilin avqustunda Prezident İlham Əliyevin Astanaya rəsmi dövlət səfəri Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə əlavə təkan vermişdir. Qarşılıqlı faydalı əməkdaşlığın dönməz xarakter almasını müəyyən edən yeni sazişlər imzalanmışdır.
Ölkələrimizin parlamentləri səviyyəsində də əlaqələr fəal inkişaf edir. Parlament üzvləri siyasi dialoqun möhkəmləndirilməsində, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayırlar. Qazaxıstan parlamenti ölkənizin ərazi bütövlüyü məsələsində Azərbaycanın ali qanunvericilik orqanını dəstəkləyir. (Alqışlar.) Qazaxıstan parlamenti Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəqlinə dair Qazaxıstan – Azərbaycan müqaviləsini təsdiq etmişdir. Bu, sözsüz ki, ölkələrimizin iqtisadiyyatının daha da inkişaf etdirilməsi, onların dünya energetika sisteminə inteqrasiyası proseslərində mühüm rol oynayacaqdır.
Sevindirici haldır ki, Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması barədə Qazaxıstanın təşəbbüsü azərbaycanlı həmkarlarımız tərəfindən fəal dəstəklənir. (Alqışlar.) Parlamentlərarası assambleyalar çərçivəsində qarşılıqlı fəaliyyətimiz möhkəmlənir. İmkandan istifadə edərək qeyd etmək istərdim ki, biz Azərbaycanın parlament nümayəndə heyətinin ATƏT-in Parlament Assambleyasının Astanada keçiriləcək 17-ci sessiyasında iştirakını gözləyirik. Biz bundan sonra da parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Qazaxıstan parlament üzvləri bu gün firavan, inkişaf edib çiçəklənən qardaş Azərbaycanın uğurlarına ürəkdən sevinirlər. Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Çıxış üçün söz verilir Pakistan İslam Respublikası Senatının Sədri cənab Muhamadian Sumroya. (Alqışlar.)
M. Sumro, Pakistan İslam Respublikası Senatının Sədri.
Cənab Prezident, cənab spiker, Azərbaycan parlamentinin üzvləri, xanımlar və cənablar! Mən və Pakistandan gəlmiş həmkarlarım burada çox böyük məmnuniyyət hissi ilə iştirak edirik. Biz Pakistan parlamentinin, Pakistan dövləti rəhbərliyinin salamlarını, ən xoş arzularımızı Azərbaycan xalqına, Azərbaycan parlamentinə çatdırırıq. Biz bu gün bura mühüm bir hadisəni – Azərbaycan parlamentinin yaradılmasının 90 illiyini qeyd etmək üçün gəlmişik. Sələfləriniz tərəfindən əsası qoyulmuş parlamentin artıq 90 yaşı vardır. 90 il bundan qabaq Azərbaycanda parlamentin yaradılmasının əhəmiyyəti olduqca böyükdür. Bu parlamentin inkişaf etdirilməsində cənab Heydər Əliyevin çox böyük rolu olmuşdur. Onun siyasi kursu hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük müvəffəqiyyətlə davam etdirilir.
Cənab İlham Əliyevin dərin məzmunlu, əhatəli çıxışına qulaq asdıq. Bu çıxış bizə böyük təsir bağışladı. Aydın oldu ki, Azərbaycanda da parlament dünyada mövcud olan əsas problemlərin həlli ilə məşğuldur. Əslində, bu məsələlərlə bütün dünya ölkələri məşğul olmalıdırlar.
Pakistan Azərbaycanla çox yaxın münasibətlərə malikdir. Biz bu münasibətləri daha da yaxınlaşdırmaq istərdik. İnşallah, iyul ayında senatın nümayəndə heyəti Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüş keçirəcək. Biz ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edəcək, eyni zamanda, əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Pakistan sizi dəstəkləməyə davam edəcək. (Alqışlar.) Sizin də bizə verdiyimiz dəstəyi biz yüksək qiymətləndiririk. Bizi bu tədbirdə iştirak etməyə dəvət etdiyinizə görə sağ olun. Azərbaycan parlamenti, hökuməti və xalqını təbrik edirik. Sağ olun, təşəkkürümü bildirirəm. (Alqışlar.)
Sədrlik edən. Sağ olun, cənab Sumro. Çıxış üçün söz verilir Polşa Respublikası Senatının Sədri cənab Boqdan Boruseviçə. (Alqışlar.)
B. Boruseviç, Polşa Respublikası Senatının Sədri.
Zati-aliləri cənab Prezident, zati-aliləri cənab Sədr! Hörmətli deputatlar və qonaqlar, xanımlar və cənablar!
Mən Azərbaycan Respublikası parlamentinin 90 illiyinin qeyd edildiyi bu təntənəli mərasimdə Polşa Respublikasını təmsil etdiyimə görə fərəh hissi keçirirəm.
1918-ci ilin mayında Azərbaycan Milli Şurası tərəfindən Azərbaycan Demokratik Respublikasının elan edilməsi ölkənin həyatında yeni mərhələnin başlandığını bildirən olduqca mühüm hadisə idi. Azərbaycan dünyada ilk müsəlman respublikasıdır ki, İstiqlal Bəyannaməsində xalqın öz müqəddəratını təyin etməsi prinsipini demokratiya ideyaları ilə birləşdirmiş, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarını tanımışdır.
Azərbaycan Milli Şurası tezliklə ilk hökuməti qurdu və bir neçə ay sonra, 1918-ci ilin noyabrında – Polşanın 123 ildən sonra birləşərək yenidən müstəqilliyinə qovuşduğu vaxt Azərbaycanın ilk parlamentini yaratdı. Gənc respublikanın ilk qanunların qəbul edilməsi yolu ilə möhkəmləndirilməsi, habelə ilk deputatların bütün məsələlərə vətənpərvər mövqedən yanaşması 90 il əvvəl olduğu kimi bu gün də bizə yaxşı nümunədir. Müstəqilliyin qısa dövrü və böyük dövlətlərdən asılılıq sınağı polyak xalqının da taleyinə yazılmış mühüm təcrübədir.
Ötən yüzilliyin sonunda ölkələrimizin tarixində yenidən mühüm dəyişikliklər baş verdi. Keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində həm Polşa, həm də Azərbaycan azadlıq və demokratiya yolunda yeni mərhələyə qədəm qoydular. Bu gün Polşa və Azərbaycan gələcəyə inamla baxırlar. Bizi ümumi təcrübə və oxşar tarix, hər şeydən əvvəl isə dostluq və strateji tərəfdaşlıq birləşdirir. Polşa ilə Azərbaycan arasında sıx münasibətlərin təməlini Bakının mənzərəsində və sakinlərinin qəlbində dərin iz salmış polşalı arxitektorlar və neftçilər qoymuşlar.
Bu gün bizi ölkələrimizin müstəqilliyini möhkəmləndirən ümumi siyasi, iqtisadi və enerji layihələri birləşdirir. Polşa Azərbaycanın Avropa strukturlarına inteqrasiya səylərini dəstəkləyir.
90 il əvvəl baş vermiş əlamətdar hadisələri bir daha yad edərək, mən cənab Sədri və hörmətli deputatlar, sizi parlamentin yubileyi münasibəti ilə ürəkdən təbrik edir və möhkəm əmin olduğumu bildirirəm ki, dinamik inkişaf edən Azərbaycanda mütərəqqi dəyişikliklər üçün ən mühüm əsaslardan biri parlamentin fəaliyyəti olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, cənab Boruseviç. Çıxış üçün söz verilir Moldova Respublikası parlamentinin Sədri, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Sədri cənab Marian Lupuya. (Alqışlar.)
M. Lupu, Moldova Respublikası parlamentinin Sədri, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Sədri.
Möhtərəm cənab Prezident, cənab parlament Sədri, deputatlar, xanımlar və cənablar! İcazənizlə, mən Azərbaycan parlamentinin yaradılmasının 90 illik yubileyi ilə əlaqədar Moldova Respublikasının adından Azərbaycan Respublikasını təbrik etmək, səmimi təbriklərimi çatdırmaq istəyirəm. Azərbaycan dilində müraciət etmək istəyirəm: “İcazənizlə, mən Azərbaycan Respublikası parlamentinin 90 illik yubileyi münasibəti ilə zalda əyləşənləri və Azərbaycan xalqını ən səmimi arzularımla təbrik edir, gələcəkdə uğurlar, can sağlığı, firavanlıq və inkişaf arzulayıram”. (Alqışlar.) Əgər düzgün tələffüz etmədimsə, üzr istəyirəm. Mənə elə gəlir ki, o qədər də kamil bir tələffüz deyildi.
Hörmətli həmkarlarım, hər hansı bir yubiley kimi Azərbaycan parlamentinin 90 illik yubileyi də keçilən yollara nəzər salmaq, ölkənin inkişafından ötrü hansı addımların atılmalı olduğunu müəyyənləşdirmək üçün çox yaxşı bir imkandır. Bu müddət ərzində parlament böyük uğurlara imza atmış, qanunların aliliyinə söykənən bir dövlətin yaradılmasına, fərdi hüquqların, əhalinin maraqlarının etibarlı müdafiəsinə, iqtisadi artıma, ölkənin məhkəmə sistemində islahatların çox yüksək səviyyədə həyata keçirilməsinə nail olmuşdur. Bu gün bir faktdır ki, Azərbaycan parlamenti milli iftixar hissinin gücləndirilməsi və milli şüuru artırmağa xidmət edən strategiyanın inkişaf etdirilməsi üçün zəruri baza yaradır. Beynəlxalq aləmdə Milli Məclis özünü ciddi bir tərəfdaş kimi nümayiş etdirmişdir. Bu tərəfdaş milli siyasət və parlamentlərarası əməkdaşlıq sahəsində fəaliyyətini uğurla həyata keçirərək, bunun sayəsində sabitlik və tərəqqiyə nail olmağa çalışır.
Hörmətli dostlarım, Cənub-Şərqi Əməkdaşlıq Parlament Assambleyasının və hazırda Moldovanın sədrlik etdiyi Mərkəzi Avropa Təşəbbüsü Parlament Assambleyasının salamlarını sizə çatdırmaq istəyirəm. Eyni zamanda, Azərbaycan Respublikası rəhbərliyini Qara Dəniz Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası adından təbrik edirəm. Çünki bu təşkilatın yaradıcılarından biri məhz Azərbaycan Respublikasının parlamentidir. Azərbaycan parlamenti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının bir sıra tədbirlərinin Azərbaycanda keçirilməsini təşkil etmişdir. Onu da qeyd edim ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə bu təşkilatın yaradılmasına onun tərəfindən çox böyük dəstək verilmişdi. Parlament Assambleyasının Bakıda keçirilən konfransında cənab Heydər Əliyev bildirmişdi ki, belə bir təşkilatın yaradılması bizim ölkələr və xalqlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı bir imkandır. Onun davamçısı, Azərbaycan Respublikasının hazırkı Prezidenti cənab İlham Əliyev də bu əməkdaşlığın genişləndirilməsi istiqamətində çox iş görür.
Xanımlar və cənablar, sözümün sonunda xalqımın və özümün iradəsini ifadə edərək bildirmək istəyirəm ki, biz parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə böyük önəm veririk. Əminəm ki, bizim ölkələr həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində bu əməkdaşlıqdan bəhrələnmiş olacaqlar. Mən Azərbaycan xalqına uğurlar, can sağlığı, firavanlıq və inkişaf arzulayıram! (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Çıxış üçün söz verilir Rumıniya Senatının Sədri Nikolae Vakaroiuya. (Alqışlar.)
N. Vakaroiu, Rumıniya Senatının Sədri.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev, parlamentin Sədri, xanımlar və cənablar! Azərbaycan Respublikası parlamentinin 90 illik yubileyinin qeyd olunduğu bu təntənəli mərasimdə iştirak etdiyim üçün böyük məmnuniyyət və şərəf hissi keçirirəm. Bu tədbirdə mən sizi, eyni zamanda, Azərbaycan xalqını Rumıniya Senatı və öz adımdan səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram!
1918-ci il mayın 28-də öz müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikası Şərqdə islam dünyasında yaranmış ilk parlament respublikası kimi tarixə düşmüş və Azərbaycan xalqının öz müqəddəratını təyin etməsində olduqca böyük rol oynamışdır. Müstəqillik uğrunda aparılmış uzun və məşəqqətli mübarizə Azərbaycan Milli Şurası tərəfindən Müstəqillik Bəyannaməsinin elan edilməsindən sonra Azərbaycan Demokratik Respublikasının yaradılması ilə nəticələnmişdir. Azərbaycan Demokratik Respublikası irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, partiya mənsubiyyətindən asılı olmayaraq vətəndaşların siyasi və mülki hüquqlarını müdafiə edir, onların arasında heç bir ayrı-seçkiliyə yol vermirdi. Azərbaycanın çoxpartiyalı parlamenti çox qısa bir müddət ərzində mövcud olmuş, lakin bu qısa müddət ərzində dövlət quruculuğu və gənc respublikanın beynəlxalq ictimaiyyət tərəfindən tanınması sahəsində çox böyük addımlar atmışdır. Azərbaycan parlamenti qadınlara da seçki hüququ vermiş və bunun nəticəsində Azərbaycan dünyada qadınlara kişilərlə bərabər seçki hüququnun verildiyi ilk müsəlman dövləti olmuşdur.
Yaxşı məlumdur ki, 1920-ci ilin aprel ayında qırmızı ordu Azərbaycana hücum etmiş və bununla Azərbaycanın müstəqilliyinə son qoyulmuşdur. Həmin vaxt Azərbaycan lideri Məmməd Əmin Rəsulzadə mühacirətə getməli və müxtəlif ölkələrdə, o cümlədən Rumıniyada yaşayıb fəaliyyət göstərməli olmuşdur. Eyni zamanda, belə bir faktı da qeyd etmək istəyirəm ki, general Səməd bəy Mehmandarov Rumıniya hakimiyyəti tərəfindən həmin zaman xüsusi titula layiq görülmüşdür.
XX əsrdə Azərbaycan öz müstəqilliyini 1991-ci ilin oktyabr ayında bərpa etmiş və Rumıniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ikinci dövlət olmuşdur. Həmin dövrdən etibarən ikitərəfli əlaqələr, siyasi, iqtisadi, elm, təhsil, mədəni və humanitar sahələrdə əməkdaşlıq genişlənməyə başlamışdır. Belə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın Şərqi Avropada ilk səfirliyi məhz Rumıniyada açılmışdır. Bu isə, təbii ki, ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmliyini, eyni zamanda, bizim ümumi geostrateji məqsədlərimizin olduğunu nümayiş etdirir. Əlbəttə, dövlət başçılarının səfərləri də ölkələr arasındakı münasibətlərin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev Buxarestə səfəri zamanı keçmiş Prezident Heydər Əliyevin adını daşıyan parkı da ziyarət etmişdir. Heydər Əliyev rumınların gözündə Azərbaycan xalqının simvoludur.
Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində ölkələrimizin parlamentlərinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onlar müxtəlif beynəlxalq qurumlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Əziz dostlar, sizi əmin edirəm ki, Rumıniya Senatı bu istiqamətdə fəaliyyətini davam etdirəcək və Rumıniya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, bütün dünyada sülh, əmin-amanlıq və sabitliyin bərqərar olması üçün qüvvəsini əsirgəməyəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun, cənab Nikolae. Çıxış üçün söz verilir Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Köksal Toptana. (Alqışlar.)
K. Toptan, Türkiyə Böyük Millət Məclisinin Sədri.
Möhtərəm Prezident, əziz qardaşım Oqtay Əsədov, hörmətli qonaqlar, əziz millət vəkilləri! Bu gün Azərbaycan Milli Məclisində, müqəddəs bir yerdə önəmli bir başlanğıcın ildönümü münasibəti ilə toplanmışıq. Bu önəmli törənə türk xalqının, Türkiyə Böyük Millət Məclisinin, bütün millət vəkillərinin ən səmimi sevgi və xoş diləklərini gətirmişəm. Azərbaycan Milli Məclisinin 90-cı ildönümü mübarək olsun!
1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti, sadəcə, Şərqdəki ilk demokratik cümhuriyyət deyildir, eyni zamanda, model demokratiyanın vazkeçilməz ünsürləri olan millət egemenliyinin və siyasi plüralizmin ifadəsini tapdığı uca bir orqan olan Azərbaycan Milli Məclisi də bu dövlətin ən önəmli təməl ünsürlərindən biri olaraq ortaya çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Məclisin quruluşunu açıqlayan İstiqlal Bəyannaməsi zamanında dünyanın digər ölkələrinin bir çoxunda olmayan və hətta keçərliliyini qoruyaraq indi də bir çox dövlət üçün örnək olacaq çox irəli demokratik əsasları olan təməl bir sənəd özəlliyini daşıyır. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin öncül rolunu bu gün də təqdirlə qarşılamaqdayıq.
Azərbaycan Xalq Cümhuriyyəti, təəssüf ki, sadəcə, iki ilə kimi qısa bir ömür yaşadı. Amma bu qısaömürlü dövlətin beyinlərə nəqş etdiyi və əsla unudulmayan ilgiləri olan “ulus”, “dövlət” və “demokratiya” anlayışları günümüzə qədər davam etmişdir. XX yüzilliyin sonunda günümüzün modern Azərbaycan Cümhuriyyətinin quruluşu da bu xatirələrin sayəsində mümkün olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu və Milli Məclisin açılması da Azərbaycan xalqı və türk dünyası baxımından önəmli bir dönüm nöqtəsi təşkil edir.
Hörmətli Prezident, hörmətli qonaqlar! Anlamlı və köklü bir keçmişə sahib iki ölkə olaraq Türkiyə və Azərbaycan arasındakı bənzərsiz münasibətlər dünyanın örnək ala biləcəyi səviyyədədir. İqtisadiyyatdan təhsilə, enerjidən ictimai və mədəni sahələrə qədər bütün sahələrdə Türkiyə ilə Azərbaycan çox güclü və köklü əlaqələrə sahibdir. Qarşılıqlı iş birliyini kültür hala gətirən Türkiyə və Azərbaycan istər ikili münasibətlərdə, istərsə də regional və qlobal münasibətlərdə eyni cür düşünür, eyni cür iş aparmağa çalışırlar.
Möhtərəm Prezident, günümüzün modern Azərbaycan Cümhuriyyəti dünyada örnəyinə az rastlanan iqtisadi inkişaf göstərir. Təhsildə, səhiyyədə böyük işlər görülür. Türkiyə bundan böyük qürur və sevinc duyur. Bu müvəffəqiyyətin Azərbaycan torpaqlarının yüzdə iyirmisinin işğal altında olmasına və 1 milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və köçkün vəziyyətdə olmasına baxmayaraq əldə edilmiş olması isə önəmini bir qat da artırır. Dağlıq Qarabağ məsələsi tezliklə durdurulması gərəkli, qanayan bir yaradır.
Sayın qonaqlar, Azərbaycanın iqtisadi sahədəki inkişafına paralel olaraq ictimai və siyasi dəyişmə prosesi də davam edir. Azərbaycanın böyük lideri Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanın yolu demokratiya yoludur. Azərbaycan hökumətinin və onun dəyərli liderinin demokratikləşmə yolunda atdığı addımları biz Türkiyə olaraq hər zaman təqdirlə izləyirik. Demokratiya bir prosesdir. Bu prosesin irəliləməsi toplumların ehtiyacı qədər bir ölkənin rəhbərlərinin nümayiş etdirəcəyi dəyişmə iradəsi ilə də yaxından ilgilidir. Azərbaycan rəhbərliyinin bu iradəni bundan sonra da qüvvətlə göstərməyə davam edəcəyinə inanıram.
Demokratiyanın mərkəzi və müqəddəs məbədi olan bu uca quruluşda bir araya gəldiyimiz bu anlamlı gündə bu gözəl təşkilatı gerçəkləşdirən sayın Əsədova və qardaşlarına ildönümü münasibəti ilə təbriklərimi və dərin hörmətimi bildirirəm. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Çıxış üçün söz verilir Türkmənistan Məclisinin Sədri xanım Akca Nurberdiyevaya. (Alqışlar.)
A. Nurberdiyeva, Türkmənistan Məclisinin Sədri.
Hörmətli cənab Prezident, hörmətli cənab spiker, əziz həmkarlar, hörmətli dostlar! İcazə verin, üzərimə düşən fərəhli missiyanı yerinə yetirərək sizi və sizin simanızda bütün istedadlı və əməksevər Azərbaycan xalqını Türkmənistan Prezidenti Qurbanqulı Berdimühəmmədov, Məclisin deputatları və şəxsən öz adımdan dost ölkənizin həyatında şərəfli tarix – Azərbaycan parlamentinin 90 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edim! (Alqışlar.)
Əzəmətli qoca Xəzərin hər iki sahilində yaşayan, ümumi mədəni, etnik köklərə malik türkmən və Azərbaycan xalqları qədimdən bir-birinə bəslədikləri dərin rəğbət hissini, səmimi dostluq və mehriban qonşuluq münasibətlərini vahid dövlət qurumu – Sovet İttifaqı tərəfindən talelərinin bir-birinə bağlandığı illərdə də yaşadaraq, bu dövlət tərkibində olduqları onilliklər ərzində sərt sınaqlardan keçmiş, sevinc və kədərlərini qardaşcasına bölüşmüşlər. İndi Türkmənistan və Azərbaycan öz dövlət sərhədləri olan müstəqil ölkələrdir. Lakin elə bir ayırıcı xətt yoxdur ki, onu bizim dost xalqlarımızın ürəkləri, qəlbləri arasından çəkmək mümkün olsun.
Bu gün Xəzərin üzərindən uçub keçərkən o fikrin doğruluğuna inamım daha da möhkəmləndi ki, Xəzər bizi ayırmır, birləşdirir. (Alqışlar.) Türkmənistan Prezidenti Qurbanqulı Berdimühəmmədovun bu yaxınlarda Azərbaycana səfərinin yekunları, dövlətinizin başçısı İlham Əliyevlə danışıqları, ölkələrimiz arasında siyasi və iqtisadi münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq hökumətlərarası sazişlərin imzalanması bunu daha böyük qüvvə ilə təsdiq edərək türkmən xalqı tərəfindən böyük rəğbətlə qarşılanmış və alqışlanmışdır.
Diqqətəlayiq haldır ki, Türkmənistan Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında qarşılıqlı faydalı və son dərəcə xeyirli əməkdaşlıq sahəsində də ciddi müsbət dəyişikliklər nəzərdə tutulmuşdur. Hər iki qanunvericilik orqanı bunu dövlətlərimizin xarici siyasi xətti – qarşılıqlı anlaşma və qarşılıqlı etimad mühitinin yaranmasına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmiş səyləri kontekstində nəzərdən keçirir. Qeyd etmək istərdim ki, Türkmənistan Məclisinin strukturunda Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu kimi daimi orqanın yaradılması nəcib məqsədlər naminə konstruktiv parlamentlərarası dialoq qurmaq niyyətimizin ciddiliyinə bariz sübutdur.
Ümid edirik ki, birgə səylər nəticəsində qarşılıqlı fəaliyyətimiz və təcrübə mübadiləsi dövlətlərimizin və xalqlarımızın mədəni və iqtisadi potensialının daha da artırılması naminə aparılan işin səmərəliyinin bir qədər də yüksəlməsinə imkan verəcəkdir.
Əziz dostlar, doğma həmkarlar! Sonda icazə verin, sizi Azərbaycan parlamentarizmi tarixində bu gözəl gün münasibəti ilə bir daha təbrik edim və məsuliyyətli işinizdə sizə böyük uğurlar, möhkəm can sağlığı, şəxsi səadət, dost dövlətin xalqına isə tərəqqi və firavanlıq arzulayım! (Alqışlar.)
Sədrlik edən. Sağ olun, Akca xanım. Çıxış üçün söz verilir İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Seyid Muhəmməd Əbuturabiyə. (Alqışlar.)
S. M. Əbuturabi, İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini.
Bismillahir rəhmanir-rəhim! Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov! Azərbaycanın möhtərəm cümhur rəisinə, Milli Məclisinin Sədrinə və xalqına salam olsun! (Alqışlar.)
Şəxsən öz adımdan, İran İslam Şurası Məclisinin üzvləri adından və İran İslam Şurası Məclisinin Sədri cənab doktor Əli Ləricaninin adından Azərbaycan Respublikası parlamentinin 90 illik yubileyi münasibəti ilə möhtərəm cənab Prezidentə, Azərbaycan Respublikasının hörmətli millət vəkillərinə və Azərbaycan xalqına səmimi təbriklərimi bildirirəm! (Alqışlar.)
Parlament hər bir ölkənin qanunverici, qərarverici və planlaşdırıcı orqanı sayılmaqla yanaşı, dövlət və xalqının hidayət çırağıdır. Parlament xalqın öz taleyində iştirakının təcəssümü və xalqın iradəsinin göstəricisidir. İranda yüz ildən çox və Azərbaycan Respublikasında 90 illik parlament təcrübəsi bu iki ölkənin rəhbərliyinin və xalqının mədəni əsaslara xas diqqət, eləcə də qanunvericilik əsasında leqal hüquq və azadlıqlara riayət olunmasından bəhs edir.
İran İslam Respublikası bu tarixi parlamentarizm təcrübəsindən faydalanaraq, Asiya parlament birliyinin yaradılması ideyasının ardınca olmuş və regionun digər ölkələrinin parlamentləri, xüsusən Azərbaycan Respublikasının Milli Məclisi ilə əməkdaşlıq şəraitində 2007-ci ildə bu birliyin Tehranda ilk toplantısının keçirilməsinə nail olmuşdur. Ümid edirik ki, qanunvericilik işində tarixi təcrübəyə malik olan Azərbaycan Respublikasının Milli Məclisi adı çəkilən birliyin növbəti toplantısında fəal iştirak etməklə onun məqsədlərinin irəliyə aparılmasında daha təsirli rol oynayacaqdır.
İran İslam Respublikası beynəlxalq münasibətlərdə və xarici əlaqələrində beynəlxalq qaydalara hörmətlə yanaşır və buna əsasən xalqlar arasında qarşılıqlı hüquqlara riayət etməklə dinc yanaşı yaşamı, regional gərginlikdən çəkinməni, eləcə də transregional güclərin digər bölgələrə hər hansı formada təzyiq göstərməsinə qarşı çıxmağı özünün əsas prinsipləri sayaraq, bu istiqamətdə regional münaqişələrin həllini və ölkələrin ərazi bütövlüyünün qorunmasını dəstəkləyir. Elə bu istiqamətdə İran Azərbaycan Respublikasının ərazi bütövlüyünü həmişə müdafiə edibdir və beynəlxalq təşkilatlarda dost və qardaş Azərbaycan Respublikasının mövqeyini daim himayə edibdir və edəcəkdir. (Alqışlar.)
İran İslam Respublikası hesab edir ki, region ölkələri arasında hər hansı mübahisə və gərginlik transregional güclərin müdaxiləsi üçün zəmin yaranmasına səbəb olmaqla yanaşı, inkişaf və tərəqqiyə mane olur, nəticə etibarilə ölkələrin geri qalmasına gətirib çıxarır. İran İslam Respublikası dinc məqsədlər üçün nüvə enerjisinin əldə edilməsini özünün danılmaz haqqı bilir və bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının dövlət rəsmilərinin, xüsusilə dinc məqsədlər üçün nüvə enerjisindən istifadəni hər zaman İranın təbii hüququ bilən və onu dəstəkləyən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin prinsipial mövqeyinə hörmətlə yanaşır. Sonda parlamentlərarası əlaqələrin inkişafını və iki ölkənin qanunvericilik təcrübəsindən qarşılıqlı istifadəni vurğulayaraq, parlamentlərdə mövcud olan ekspert və mütəxəssis potensialından faydalı şəkildə yararlanmaq üçün ölkələrin parlamentlərarası münasibətlərinin daha da gücləndirilməsini istəyirəm. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Söz verilir Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası Sədrinin müavini xanım Svetlana Yuryevna Orlovaya. (Alqışlar.)
S. Y. Orlova, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası Sədrinin müavini.
“Çox hörmətli İlham Heydər oğlu, Oqtay Sabir oğlu, Milli Məclisin deputatları, xanımlar və cənablar!
Rusiya Federasiyasının Federal Məclisi adından sizi və Azərbaycan Respublikası Milli Məclisinin bütün deputatlarını ölkənin həyatında tarixi gün – Azərbaycan parlamentinin yaradılmasının 90 illiyi münasibəti ilə təbrik edirik! (Alqışlar.)
Azərbaycan parlamenti özünün 90 illik yubileyini demokratik dövlətlərə xas olan və ona ölkənin siyasi həyatına fəal təsir göstərmək imkanı verən bütün struktur elementlərə və səlahiyyətlərə malik müasir qanunvericilik orqanı kimi qarşılayır. Şübhəsiz ki, Azərbaycanda parlamentarizmin yüksək inkişaf səviyyəsi Milli Məclisin deputatlarına bundan sonra da ölkənin qarşısında duran qanunvericilik, siyasi və sosial-iqtisadi vəzifələri uğurla həyata keçirmək imkanı verəcəkdir.
Rusiya Federasiyasının Federal Məclisində biz Milli Məclislə son illər təşəkkül tapmış münasibətləri qarşılıqlı hörmət üzərində qurulmuş, sözün əsl mənasında bərabər hüquqlu, səmərəli münasibətlər kimi yüksək qiymətləndiririk. Əminik ki, parlament üzvləri arasında ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi zəruridir.
Ölkələrimizin siyasi kursu, Rusiya Federasiyasının Prezidenti Dmitri Anatoliyeviç Medvedevin və Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin əlaqələrimizin inkişafına verdikləri təkan qarşılıqlı fəaliyyət sahəsində toplanmış zəngin təcrübəni xalqlarımızın tərəqqisinə yönəltmək imkanı verəcəkdir.
Azərbaycan Respublikası Milli Məclisinin hörmətli deputatları, sizə Azərbaycan xalqının rifahı naminə ölkənin möhtəşəm sosial-iqtisadi inkişaf planlarının qanunvericilik təminatı sahəsində yaradıcılıq uğurları arzulayırıq.
Dərin ehtiram hissi ilə,
Federasiya Şurasının Sədri Sergey Mironov,
Dövlət Dumasının Sədri Boris Qrızlov”
Bu əlamətdar gündə mən öz adımdan da bir neçə kəlmə demək istərdim. Rusiya imperiyasının I və II Dumasında ən fəal və intellektual fraksiya Azərbaycan nümayəndələrinin fraksiyası idi. (Alqışlar.) Biz hamımız bu gün Azərbaycanın müasir tarixindən böyük fəxrlə danışır, çıxışlarımızda Heydər Əliyevin xatirəsini böyük hörmətlə yad edirik. (Alqışlar.) O, Azərbaycan xalqının ən məşhur oğludur. Heydər Əliyev bütün qüvvəsini, biliyini, təcrübəsini xalqına, vətəninə sərf etmişdir. Bu gün Azərbaycanın bütün uğurları onun adı ilə bağlıdır. (Alqışlar.)
İlham Heydər oğlu, Sizin nitqiniz mənə böyük təsir bağışladı. Siz bu gün dialoq üçün açıq siyasətçisiniz. Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlər çoxdur. Bunlar ümumi məhsulun artımı üzrə ölkənizin birinci yerə çıxması, təhsil və səhiyyə sahələrində uğurlu islahatların aparılması, yoxsulluq problemlərinin həlli və sairdir. Azərbaycan bu gün subsidiarlıq prinsiplərinə riayət edərək sabit inkişaf regionuna çevrilir.
Mən keçən həftə Mehriban xanımın keçirdiyi konfransın iştirakçısı oldum. Konfrans mədəni dialoqa həsr olunmuşdu. Lakin mədəni dialoqun özü də məndən qabaq bir çox həmkarlarımın qeyd etdiyi prinsipləri ehtiva edir. Dünya bu gün qlobal problemlərin həllindən kənara çəkilə bilməz. Onlar var və biz onları ancaq dialoq yolu ilə həll edə bilərik.
Hörmətli İlham Heydər oğlu və Oqtay Sabir oğlu, mən sizə Azərbaycan xalqının rifahı naminə böyük uğurlar arzulayıram! (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, hörmətli Svetlana Yuryevna. Günün birinci yarısı bir az yorulduq, fasilə eləmək lazımdır. Bir saat sonra iclasımıza davam edəcəyik.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli millət vəkilləri, təntənəli iclasımızı davam etdiririk. Çıxış üçün söz verilir Belçika Krallığı Senatı Sədrinin müavini cənab Mark Vervilgenə. (Alqışlar.)
M.Vervilgen, Belçika Krallığı Senatı Sədrinin müavini.
Hörmətli parlament Sədri, hörmətli həmkarlar, qonaqlar, xanımlar və cənablar! Hər şeydən əvvəl onu deyim ki, Azərbaycan Respublikası parlamentinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak etdiyim üçün böyük şərəf hissi duyuram. Belçika parlamentinin adından sizi səmimi qəlbdən təbrik edirəm.
Belçika demokratiyanın, parlament sisteminin banisi olmasa da, dünyada ən qədim və ən liberal konstitusiyalardan biri bizim dövlətə məxsusdur. Belçika Avropa İttifaqı üçün, eyni zamanda, Şimali Amerikada, Afrikada və Uzaq Şərqdə bir sıra dövlətlər üçün model rolunu oynamışdır. Bizim dövlət Avropa İttifaqının yaradıcılarından biridir.
Belçikanın və Avropa İttifaqına üzv olan digər ölkələrin parlamentlərinin üzləşdiyi problemlər eynidir. Gündəlik olaraq biz dinc yolla azadlığımız, müstəqilliyimiz və hüquqlarımız uğrunda mübarizə aparırıq. Əlbəttə, iqtisadiyyatın, səhiyyə və təhsil sisteminin inkişaf etdirilməsi bizim ümdə məqsədlərimizdir. Nəyə görə biz hamımız bura yığışmışıq? Yığışmışıq ki, bizdə də mövcud olan problemlərin həllində sizi dəstəkləyək, bir-birimizdən öyrənək və ümumi şəkildə problemlərin həllini tapmış olaq.
Azərbaycan çox yüksək potensiala malik olan ölkədir. Ümumi daxili məhsulun artım göstəricisinə görə son beş ildə o, dünyada liderliyi ələ almışdır. İlk dəfə Bakıya səfərim zamanı mənə çox tez əyan oldu ki, Azərbaycanın zəngin mədəni irsi və bir o qədər də zəngin təbii sərvətləri vardır. İndi bunların birləşdirilməsi üçün yaxşı imkan yaranmışdır. Nailiyyətləriniz göstərir ki, siz öz imkanlarınızdan düzgün istifadə edirsiniz. Lakin bu sahədə uğurlarınızı daha da artıra bilərsiniz. Siz öz tərəfinizdən buna nail olmağa çalışmalısınız, biz də öz tərəfimizdən kömək eləyə bilərik ki, bərpa olunan enerji ehtiyatlarından istifadə eləyə biləsiniz. Bu sahədə bizim təcrübəmiz və qabaqcıl texnologiyalarımız vardır. Gəlin bu imkanlarımızı paylaşaq. Mənə elə gəlir ki, bu gün yalnız bu yolla irəliyə doğru hərəkət eləyə bilərik. Yaddan çıxarmamalıyıq ki, biz qloballaşan bir dünyada yaşayırıq. Biz qloballaşan dünyada qloballaşan problemlərin keçərli olan həllərini təqdim etməliyik. Ona görə də mümkün qədər çox əməkdaşlıq etmək lazımdır. Gələcək beynəlxalq əməkdaşlığındır.
Demək istəyirəm ki, parlament yetərincə fəaliyyət göstərir. Çünki siz başlanğıcdan qarşınızdakı vəzifələri düzgün müəyyənləşdirmisiniz. Biz indi tarixi qeyd edirik. Məşhur bir deyimə görə, keçmiş keçmişdir, gələcək isə hələ bilinmir gələcək, ya yox. Ona görə indimiz çox böyük əhəmiyyət kəsb edir.
Biz bura tarixi hadisəni qeyd etməyə toplaşmışıq və sizi öz dilinizdə təbrik etmək istəyirəm: “Azərbaycan, təbrik edirəm!” (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Çıxış üçün söz verilir Bosniya və Herseqovina Xalq Palatası Sədrinin müavini Beriz Belkiçə. (Alqışlar.)
B. Belkiç, Bosniya və Herseqovina Xalq Palatası Sədrinin müavini.
Cənab parlamentin Sədri, xanımlar və cənablar, hörmətli dostlarım, parlament üzvləri! Mən özümün əvvəlcədən hazırlanmış nitqimi oxumaqdansa, iki məsələyə toxunmaq istəyirəm. Birincisi, mən sizi Azərbaycan parlamentinin 90 illik yubileyi münasibəti ilə təbrik etmək və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaq istəyirəm.
İkincisi, burada iştirak edənlərin hamısını, bütün dünya ölkələrinin parlamentlərini etnik təmizlənmələrə və soyqırımlara qarşı daha kəskin, daha qəti münasibət bildirməyə və heç bir zaman təcavüzün nəticələrini tanımamağa çağırıram. Mən bir daha sizi təbrik edir, Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Çox sağ olun, təşəkkür edirəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Çıxış üçün söz verilir Estoniya Respublikası Parlamenti Sədrinin müavini xanım Kristina Ojulanda. (Alqışlar.)
K. Ojuland, Estoniya Respublikası Parlamenti Sədrinin müavini.
Azərbaycan Respublikası Milli Məclisinin hörmətli Sədri cənab Oqtay Əsədov, hörmətli parlament üzvləri, hörmətli həmkarlarım! 90 ildir müstəqil Azərbaycan Respublikası yaranmış, Azərbaycan parlamentinin təsis edilməsindən 90 il keçmişdir. Estoniyalılar Azərbaycan xalqının bununla bağlı yaşadığı hissləri yaxşı başa düşürlər. Çünki Estoniya dövləti də 90 il bundan əvvəl yaranmışdır. Estoniya Azərbaycan Demokratik Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlər arasında olmuşdur. Bu, heç də təsadüfi deyildir. Çünki XX əsrin əvvəllərində Bakı dünyanın ən sürətlə inkişaf edən bir regionu idi və çox mötəbər, beynəlxalq bir mərkəzə çevrilirdi. Yüzlərlə estoniyalı o zaman Bakıda, öz ölkələrindən minlərlə kilometr uzaqda yerləşən Azərbaycanda işləyirdi. 90 il bundan əvvəl Estoniya xalqı Azərbaycanla, onun əhalisi, xalqı ilə çox yaxşı tanış idi.
XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyin bərpa olunması, əlbəttə, bizim dövlətlər üçün çox böyük əhəmiyyət kəsb etdi. O dövrdə Estoniya Prezidenti və Azərbaycan Prezidenti Heydər Əliyev tezliklə iki ölkə arasında sıx əlaqələrin bərqərar olmasına rəvac verdilər. İndi estoniyalılar azərbaycanlıları təbrik edirlər, çünki Azərbaycan keçmiş sovet respublikaları arasında ən yüksək iqtisadi göstəricilər nümayiş etdirən bir ölkədir.
Azərbaycan parlamentinin 90 illik yubileyi, əlbəttə, əhəmiyyətli bir hadisədir. Belə ki, parlament ölkənin çox böyük əhəmiyyət kəsb edən qurumu, ali qanunvericilik orqanıdır. Biz bilirik ki, qarşıda bir sıra məsələlər həllini tapmalı, bir sıra işlər görülməlidir. Azərbaycanın öz dostlarının dəstəyinə ehtiyacı vardır. Biz sizin layihələrinizi, sizin inkişafınızı həmişə dəstəkləmiş və dəstəkləyəcəyik. Azərbaycanın yolu Avropa İttifaqına getdikcə yaxınlaşır. Amma heç vaxt yaddan çıxarmaq olmaz ki, türk sivilizasiyası Roma imperiyası zamanı da çox güclü olmuşdur. Bu tarixi faktı unutmaq olmaz. Mən minlərlə azərbaycanlının da daxil olduğu Estoniya xalqı adından Azərbaycan Respublikasının Milli Məclisini və Azərbaycan xalqını təbrik edirəm. (Alqışlar.)
Sədrlik edən. Sağ olun, xanım Kristina. Söz verilir Xorvatiya Respublikası Parlamenti Sədrinin müavini xanım Zelyka Antunoviçə. (Alqışlar.)
Z. Antunoviç, Xorvatiya Respublikası Parlamenti Sədrinin müavini.
Hörmətli parlament Sədri, hörmətli qonaqlar, həmkarlar, əziz dostlar! Mən hər şeydən əvvəl Xorvatiya parlamenti adından sizi təbrik etmək istəyirəm. Bu, yalnız Azərbaycan parlamenti üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün böyük əhəmiyyəti olan bir yubileydir.
Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında cənab Heydər Əliyevin Azərbaycanın Prezidenti olduğu zaman formalaşmış dostluq əlaqələri bu gün də çox dinamik surətdə inkişaf edir. Bu gün biz Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatını müşahidə edirik. Əlbəttə, Xorvatiyada Azərbaycanın nailiyyətləri məlumdur. Ölkənizdə həyata keçirilən siyasət nəticəsində Azərbaycan hazırda çox mühüm və möhkəm mövqeyə malik bir dövlət kimi tanınmağa başlamışdır.
Biz çox yaxşı başa düşürük ki, sizin qarşınızda müəyyən problemlər də dayanır. Çünki bu yaxınlarda biz də buna bənzər məsələlərlə qarşılaşmalı olmuşuq. İlk dəfədir ki, Xorvatiya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edir. İlk gündən biz məşhur Azərbaycan qonaqpərvərliyi ilə rastlaşmış və ilk söhbətlərimiz zamanı başa düşmüşük ki, iki parlament arasında geniş əməkdaşlıq imkanları vardır. İnanıram ki, bu səfərimiz gələcəkdə parlamentlərimiz arasında çox inkişaf edəcək əməkdaşlığın bir başlanğıcıdır. Bu əməkdaşlıq isə, təbii ki, iki ölkənin xalqları arasında da əlaqələrin genişlənib möhkəmlənməsinə müsbət təsir göstərəcəkdir. Bizi bu tədbirdə iştirak etmək üçün dəvət etdiyinizə görə çox sağ olun. Bir daha sizi təbrik edirəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Çıxış üçün söz verilir İordaniya Haşimilər Krallığı Senatı Sədrinin birinci müavini cənab Tahir əl-Masriyə. (Alqışlar.)
T. Masri, İordaniya Haşimilər Krallığı Senatı Sədrinin birinci müavini.
Cənab Sədr, deputatlar, qonaqlar, xanımlar və cənablar! İcazə verin, mən İordaniya Millət Məclisi adından bütün iştirak edənləri bu gözəl gün münasibəti ilə təbrik edim. Biz çox şadıq ki, bu gün Azərbaycan parlamentinin 90 illik yubiley mərasimində sizinləyik və sevincinizi bölüşürük. Cənab Prezidentin burada iştirakı ölkədə olan ünsiyyətin, parlamentlə Prezident arasında olan gözəl münasibətin göstəricisidir. Cənab Prezident İlham Əliyevin bizim İordaniya Haşimilər Krallığının kralı ilə qardaş münasibətləri də iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Hər iki xalqı birləşdirən tarixi əlaqələr bizim münasibətlərin gələcəkdə də inkişaf edəcəyindən xəbər verir. Biz hər iki rəhbərin siyasətini və parlamentlər arasındakı dostluğumuzu davam etdirəcəyik. Bu gözəl yubileyə dəvətə görə sizə öz təşəkkürümü bildirir, Azərbaycan xalqına və onun rəhbərliyinə parlaq istiqbal və uğurlar arzulayıram! Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Çıxış üçün söz verilir Küveyt Dövləti parlamenti Sədrinin müavini cənab Fəhd Diheysan əl-Miana. (Alqışlar.)
F. D. Mian, Küveyt Dövləti parlamenti Sədrinin müavini.
Bisimillahir-rəhmanir-rəhim! Cənab Prezident İlham Əliyev, Azərbaycan parlamentinin Sədri qardaşım Oqtay Əsədov, hörmətli həmkarlarım, iştirakçılar, xanımlar və cənablar! Əvvəlcə mənə icazə verin, Küveyt xalqı, Küveyt dövlətinin əmiri və Millət Məclisi adından, şəxsən öz adımdan və parlament nümayəndə heyəti adından qardaş Azərbaycan xalqını bu gözəl bayram münasibəti ilə ürəkdən təbrik edim və gözəl Bakıya gələndən bəri qarşılaşdığımız son dərəcə səmimi münasibətlər üçün təşəkkürümü bildirim.
Ölkələrimiz və qardaş xalqlarımız arasında mədəni və iqtisadi əlaqələr çoxdan mövcuddur. Parlamentlər, eləcə də rəhbərlik səviyyəsində bizim çox görüşlərimiz olmuşdur. Təbii ki, bu əlaqələr xalqlarımızın gələcək inkişafına müsbət təsir göstərəcəkdir. Mən Azərbaycan xalqına parlaq gələcək və demokratiya yolunda daha böyük uğurlar arzulayıram. İnanıram ki, bizim xalqlarımız bəşər sivilizasiyasına hələ çox töhfələr verəcək və dünya xalqları arasında həmişə ön cərgələrdə duracaqlar. Əziz dostlar, sizə bir daha öz təşəkkürümü bildirir və Azərbaycanın daha da inkişaf etdirilməsi yolunda uğurlar arzulayıram! (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Çıxış üçün söz verilir Qırğız Respublikası Ali Şurası Sədrinin müavini xanım Çolpon Bayekovaya. (Alqışlar.)
Ç. Bayekova, Qırğız Respublikası Ali Şurası Sədrinin müavini.
Hörmətli cənab Prezident! Hörmətli Milli Məclisin Sədri! Hörmətli deputatlar, xanımlar və cənablar! İcazə verin, Qırğız Respublikası parlamentinin deputatları və Sədri adından Azərbaycan parlamentini şərəfli yubileyi münasibəti ilə təbrik edim!
90 il əvvəl Azərbaycan parlamentarizminin əsasının qoyulması azadlıq, sülhsevərlik və xalq hakimiyyəti prinsiplərinə əsaslanan, ictimai və şəxsi azadlıqları təmin edən müstəqil Azərbaycan dövlətinin yaradılmasına yönəldilmişdi. O vaxtdan Azərbaycanın və onun parlamentarizminin tarixinə konkret dövrlərdə dəfələrlə Azərbaycan xalqının taleyini müəyyən edən çox şanlı səhifələr yazılmışdır. Parlament üzvlərinin indiki nəsli, yəni siz, Milli Məclisin bu salonda əyləşən deputatları Azərbaycan parlamentarizminin 90 illik ənənələrini şərəflə davam etdirib zamanın bütün çağırışlarına cavab verərək gündəlik işinizlə ölkənizdə islahatların keçirilməsi üçün hüquqi bazanın yaradılmasında mühüm rol oynayırsınız. Bunun sayəsində bu gün ölkəniz burada haqqında danışılan probleminin olmasına baxmayaraq, dünya birliyi tərəfindən rəğbətlə qarşılanır.
Azərbaycanın ərazi bütövlüyü məsələsində Qırğızıstan çoxdan möhkəm mövqe tutmuşdur. İndi ölkəmizdə “əfsanəvi parlament” adlandırılan Qırğızıstan parlamenti bu məsələnin dinc yolla həll edilməsi üçün çox səy göstərmişdir.
Azərbaycan xalqının həyatının bütün sahələrində, xüsusən siyasi, iqtisadi, ictimai, mədəni sahələrdə baş vermiş müsbət dəyişiklikləri görməmək mümkün deyildir. Başlıcası isə vətəndaşlarınızda gələcəyə inam yaradan sabit inkişafın olmasıdır. Bu nailiyyət və uğurlar hörmət hissi doğurur və mən onların daha da artmasını arzulayıram.
Bugünkü təntənəli mərasimdə iştirak etməyə dəvət olunduğumuz üçün sizə minnətdarlığımı bildirir və sizi yubiley münasibəti ilə bir daha təbrik edirəm! Sizə daha böyük uğurlar, əmin-amanlıq və firavanlıq arzulayıram! Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çıxış üçün söz verilir Latviya Respublikası Seymi Sədrinin müavini xanım Vineta Muiznieceyə. (Alqışlar.)
V. Muizniece, Latviya Respublikası Seymi Sədrinin müavini.
Hörmətli Milli Məclisin Sədri, xanımlar və cənablar! İcazə verin, Azərbaycan parlamentinin yaradılmasının 90 illik yubileyi münasibəti ilə təşkil olunmuş bu təntənəli mərasimdə iştirak etməyə dəvət olunduğuma görə sizə öz təşəkkürümü bildirim. Bu tarixi günün, sadəcə, parlament səviyyəsində deyil, bütövlükdə Azərbaycan xalqı tərəfindən qeyd olunması öz dövlətçilik ənənələrini inkişaf etdirmək sahəsində Azərbaycan xalqının həmrəyliyinin bariz nümunəsidir.
Azərbaycan və latış xalqlarının tarixi arasında bir çox bənzərliklər vardır. XIX–XX əsrlərdə hər iki xalq milli müqəddəratını təyin etmək, öz dilini, dinini, mədəniyyətini qoruyub inkişaf etdirmək naminə mübarizə aparmışdır. Bu mübarizə nəticəsində 1990-cı ildə dövlətlərimiz öz müstəqilliklərini bərpa etmişlər. Bizim xalq da bu il noyabrın 18-də Latviya Respublikasının yaradılmasının 90 illiyini qeyd edəcəkdir.
Azərbaycan və Latviya xalqları arasında dostluq münasibətlərinin tarixi kökləri vardır və biz bu münasibətləri davam etdirmək əzmindəyik. Bizim parlamentlər arasında da yaxın dostluq əlaqələri mövcuddur. Bu əlaqələr xüsusilə parlament dostluq qrupları çərçivəsində həyata keçirilir və getdikcə daha da genişlənir.
Sözümün sonunda sizi bir daha təbrik edir, burada qarşılaşdığımız səmimi münasibətə və yüksək qonaqpərvərliyə görə sizə təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, xanım Vineta. Çıxış edir Mərakeş Krallığı Nümayəndələr Palatası Sədrinin birinci müavini cənab Nurdin Moudian. (Alqışlar.)
N. Moudian, Mərakeş Krallığı Nümayəndələr Palatası Sədrinin birinci müavini.
Bismillahir-rəhmanir-rəhim! Hörmətli parlament Sədri, iştirakçılar! Mən hər şeydən əvvəl sizi Azərbaycan parlamentinin 90 illik yubileyi münasibəti ilə təbrik etmək və bizi bu gözəl mərasimə dəvət etdiyinizə görə sizə Mərakeş Krallığının Nümayəndələr Palatası adından təşəkkürümü bildirmək istərdim. Mən çox şadam ki, bu gözəl tarixi gündə, parlament bayramında iştirak etmək bizə nəsib olmuşdur. Biz bu bayramı beynəlxalq bir bayram hesab edirik. Sizin parlament nümayəndələrinin hamısına dost Mərakeş Krallığı parlamentinin təbriklərini və ən xoş arzularımızı çatdırıram.
Burada parlament diplomatiyasını qeyd etmək istərdim. Bu diplomatiya artıq rəsmi bir diplomatiyadır və bütün istiqamətləri əhatə edir. Parlament üzvləri müxtəlif sahələrdə fəaliyyət göstərərək dövlətin, xalqın tərəqqisinə xidmət edirlər. Parlament və onun üzvləri xalqın mənafeyi naminə bu yükü mətinliklə daşıyırlar.
Mərakeş Krallığı parlamentinin təcrübəsindən Azərbaycan deputatları da faydalana bilərlər. Biz həmişə təcrübəmizi sizinlə bir qardaş kimi bölüşməyə hazırıq. Mərakeş Krallığının parlamenti insan hüquqları və azadlıqlarının genişləndirilməsi sahəsində böyük nailiyyətlər əldə etmişdir. Bu parlament təkcə öz ölkəsi daxilində deyil, Afrikada və dünyanın başqa bölgələrində parlamentarizmin inkişafına öz töhfəsini vermiş, qardaşlıq köməyini əsirgəməmişdir.
Cənab parlament Sədri, mən Sizi bu yubiley münasibəti ilə öz adımdan, qardaş Mərakeş Krallığı və onun rəhbərliyi adından bir daha təbrik edir, gələcək fəaliyyətinizdə böyük nailiyyətlər arzulayıram! Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Çıxış üçün söz verilir Misir Ərəb Respublikası Şura Məclisi Sədrinin birinci müavini xanım Zeynəb Ridvana. (Alqışlar.)
Z. Ridvan, Misir Ərəb Respublikası Şura Məclisi Sədrinin birinci müavini.
Bismillahir-rəhmanir-rəhim! Cənab parlamentin Sədri Oqtay Əsədov, iştirakçılar, deputatlar! Hər şeydən əvvəl bu təntənəli yubiley mərasiminə dəvət edildiyimizə görə minnətdarlığımı bildirmək istərdim. Mən bu gözəl parlament yığıncağında iştirak etdiyim və Misir parlamenti və hökumətinin təbriklərini sizə çatdıra bildiyim üçün özümü xoşbəxt hesab edirəm. Bizim burada iştirakımız Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir.
Azərbaycan parlamenti qarşısına qoyduğu vəzifələrin həllində, o cümlədən demokratiyanın inkişaf etdirilməsi sahəsində böyük nailiyyətlər əldə etmişdir. Azərbaycan parlamenti demokratik fikirlərin həyata keçirilməsində başqa parlamentlərə nümunə ola bilər.
Mən Azərbaycan hökuməti ilə Misir hökuməti arasında olan əlaqələri qeyd etmək istəyirəm. Bu əlaqələr müxtəlif sahələri – siyasi, iqtisadi, mədəni və təhsil sahələrini əhatə edir. Hər iki ölkənin mənafelərinin həyata keçirilməsində Misir–Azərbaycan müştərək komissiyasının böyük rolu vardır. Burada Misir və Azərbaycan prezidentləri Hüsnü Mübarəkin və cənab İlham Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Hər iki rəhbər xalqlarımızın mənafeyinə uyğun olaraq iki ölkə arasında iqtisadi və siyasi məsələlərin yüksək səviyyədə həllinə çalışmışdır. Təbii ki, Azərbaycan Prezidentinin Qahirəyə səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynamış və bu yolda yeni üfüqlər açmışdır. Biz bu əlaqələrin daha da inkişaf etdirilib genişləndirilməsinin tərəfdarıyıq.
Müştərək komissiyanın son sessiyasında razılaşdırılmış 4 sazişin, o cümlədən Azərbaycan Əlyazmalar İnstitutu ilə Misir arasında olan əlaqələrin inkişafı ilə bağlı Protokolun əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. İqtisadiyyatın müxtəlif sahələrində, elm, turizm, gənclərlə iş və eləcə də mülki aviasiya sahələrində əlaqələrimizin genişləndirilməsi bizi sevindirməyə bilməz. Misir–Azərbaycan Mədəniyyət Şurasının yaradılması həmçinin mədəniyyət sahəsində əməkdaşlığımızın genişləndirilməsindən xəbər verir. Azərbaycanda ərəb dilini tədris edən orta məktəbin açılması və kitabxanaların lazımi kitablarla təmin edilməsində Prezident Hüsnü Mübarəkin həyat yoldaşı Suzan Mübarəkin göstərdiyi səylər bu sahədə əməkdaşlığımıza bir töhfədir.
Ümumiyyətlə, bizim əməkdaşlıq perspektivləri olan sahələrimiz çoxdur və ölkələrimiz bu əlaqələri daha da genişləndirmək əzmindədir. Belə ki, hər iki tərəf bu əlaqələrin əhəmiyyətini dərindən başa düşür və enerji daşıyıcıları sahəsində, eləcə də digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün əlindən gələni edir. Təbii ki, qarşılıqlı maraq dairəsinə texnologiya sahəsini, kənd təsərrüfatı sahəsini və təcrübə mübadiləsi ilə bağlı ziyarətləri də əlavə etmək olar.
Azərbaycanla Misir arasında kənd təsərrüfatı və ticarət sahəsində müştərək komissiyaların yaradılması da mühüm əhəmiyyət kəsb edir. Enerji daşıyıcıları, aviasiya məsələləri və digər sahələrlə bağlı razılaşmalar bizim ikitərəfli əlaqələrin inkişafından, gələcəyindən xəbər verir. Mən bu əlaqələrin daha da inkişaf etdirilməsində Misir hökuməti və xalqının maraqlı olduğunu bir daha təkrar etmək istərdim.
Lütfkar dəvətinizə görə sizə bir daha öz minnətdarlığımı bildirir və Azərbaycan parlamentinə, Azərbaycan xalqının mənafeyi naminə fəaliyyətində böyük uğurlar arzulayıram! Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Söz verilir Tacikistan Respublikası Nümayəndələr Palatası Sədrinin birinci müavini cənab Safar Qayuroviç Safarova. (Alqışlar.)
S. Safarov, Tacikistan Respublikası Nümayəndələr Palatası Sədrinin birinci müavini.
Hörmətli Oqtay Sabir oğlu, hörmətli həmkarlar, xanımlar və cənablar, əziz azərbaycanlı dostlar!
Hər şeydən əvvəl icazə verin, bugünkü təntənəli iclasda iştirak etməyə lütfkar dəvətinə görə Azərbaycan Respublikası Milli Məclisinin Sədri hörmətli Oqtay Sabir oğlu Əsədova səmimi təşəkkürümü bildirim və yaranmış imkandan istifadə edərək böyük məmnuniyyətlə Azərbaycan Respublikası parlamentinin 90 illik yubileyi münasibəti ilə həmkarlarımın təbriklərinə qoşulum.
Bu yubileylə bağlı bizə Azərbaycanın ən yeni dövlətçilik əsaslarının yaradılmasında, parlamentlərarası əlaqələrin bərpasında və genişləndirilməsində, xalqlarımız arasında dostluğun möhkəmləndirilməsində milli lider, siyasət patriarxı Heydər Əliyevin çox böyük xidmətlərini hörmətlə yad etmək şərəfi nəsib olmuşdur.
Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, Tacikistan və Azərbaycan arasında qarşılıqlı etimada və tarixi köklərə malik dostluq, bərabərlik, qarşılıqlı hörmət ənənələrinə əsaslanan parlamentlərarası əməkdaşlıq zaman-zaman yeni məzmunla zənginləşir və genişlənib dərinləşir. Ölkələrimizin prezidentləri çox hörmətli İlham Əliyevin Tacikistana və hörmətli Emoməli Rəhmonun Azərbaycana rəsmi dövlət səfərləri bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ölkələrimiz və xalqlarımız arasında geniş əlaqələrin möhkəmlənib dərinləşməsi prosesinə güclü təkan vermişdir.
Hörmətli həmkarlar! Bu gün biz bir daha əmin olduq ki, Tacikistan–Azərbaycan əlaqələri yüksək səviyyədədir, əməkdaşlığın bütün sahələrini əhatə edir və bu əlaqələrin gözəl gələcəyi vardır.
Əziz dostlar, icazə verin, Azərbaycan Respublikası parlamentinin 90 illik yubileyi münasibəti ilə parlamentimizin rəhbərləri cənab İbadullayevin və Xayrullayevin səmimi ürək sözlərinin ifadəsi olan bu təbriknaməni sizə təqdim edim. Sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edirəm! Çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çıxış üçün söz verilir Yunanıstan Respublikası Parlamenti Sədrinin müavini xanım Elsa Papademetriouya. (Alqışlar.)
E. Papademetriou, Yunanıstan Respublikası Parlamenti Sədrinin müavini.
Hörmətli Sədr cənab Oqtay Əsədov, xanımlar və cənablar! Mənim üçün, əlbəttə, bu gün Azərbaycan parlamentində hörmətli parlament üzvləri ilə birlikdə bu təntənəli mərasimdə iştirak etmək böyük şərəfdir. Biz buraya Azərbaycan parlamentinin 90 illik yubileyini qeyd etmək üçün yığışmışıq. Təqribən bir əsrdir ki, Azərbaycanın tarixi İstiqlal Bəyannaməsi elan edilmiş, bununla da ilk hökumət təsis edilmiş və parlament özünün ilk sessiyasını keçirmişdir. Uzun illər boyunca, üzləşdiyi problemlərə baxmayaraq, Azərbaycan yenə də demokratiya, öz müqəddəratını təyinetmə və dinc yanaşı yaşama prinsiplərinə sadiq qaldığını nümayiş etdirmişdir.
Əlbəttə, bu məqsədlərə çatmaq üçün siyasi liderlərin rolu çox böyükdür. Azərbaycan və Yunanıstan tarixən dostluq münasibətlərinə malik olmuşlar. Bu münasibətlər Yunanıstan Prezidentinin və Yunanıstan parlamenti başçısının, eyni zamanda, inkişaf və enerji nazirinin Azərbaycana səfərləri zamanı daha da gücləndirilmişdir. Bu səfərlər zamanı biz ölkələrimiz arasında əməkdaşlıq perspektivlərini, birgə fəaliyyət sahələrini müzakirə etmişik. Biz burada əməkdaşlıq barədə danışırıq, lakin belə bir gündə ən əhəmiyyətli məsələ siyasi sabitliyin, demokratiyanın təşviq olunmasıdır. Çox sevinirəm ki, ölkələrimiz arasında bu sahədə də çox yaxşı əməkdaşlıq mövcuddur. Mən Avropa Şurasında Azərbaycan nümayəndə heyəti tərəfindən həyata keçirilən işi çox yüksək qiymətləndirirəm. Eyni zamanda, cənab Sədr, Sizə təşəkkür etmək istəyirəm ki, Siz Avropa Şurasına nümayəndə heyətində gender balansını saxlamısınız.
Hörmətli həmkarlarım! Biz çox mürəkkəb, bəşəriyyətə və təbiətə qarşı çağırışlarla dolu bir zamanda yaşayır, bütün dünyada tarazlı, inteqrasiya olunmuş inkişafı dəstəkləməyə və demokratiyaya qarşı təhlükələri dəf etməyə çalışırıq. Gəlin, bu sahədə birgə fəaliyyət göstərək, əhalimizin rifahı, xalqlarımızın azadlığı, təkcə siyasi azadlığı deyil, eyni zamanda, aclıqdan, yoxsulluqdan, xəstəliklərdən azadlığı üçün üzərimizə yeni öhdəliklər götürək. Gəlin, yeni bir dünya quraq. Bu dünyada demokratiya qanunları bərqərar olmuş və insanlığa qarşı bütün təhlükələr aradan qaldırılmış olsun. Gəlin, təhlükəsizlik, sabitlik, demokratiya üzərində qurulmuş yeni bir dünya yaradaq. Cənab Sədr, mən Azərbaycan parlamentinin 90 illik yubileyi ilə əlaqədar olaraq sizin Milli Şuranın 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsində demokratik prinsiplərin əsas götürüldüyünü və parlamentdə bütün xalqların, milli azlıqların iştirakının təmin olunduğunu qeyd etmək istəyirəm. Biz inanırıq ki, bu demokratik prinsiplər bütünlüklə Azərbaycan xalqının iradəsini əks etdirir. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Söz verilir Litva Respublikası Seymi Sədrinin müavini cənab Qintaras Stepanoviçiusa. (Alqışlar.)
Q. Stepanoviçius, Litva Respublikası Seymi Sədrinin müavini.
Hörmətli cənab spiker, hörmətli həmkarlarım! Mənə elə gəlir ki, bu təntənəli mərasimdə oxumaq üçün hazırladığım nitqi bir kənara qoyub indi yaşadığım hissləri dilə gətirsəm, daha yaxşı olar. Ən əvvəl öz missiyamı yerinə yetirərək Litva parlamenti adından Azərbaycan Respublikasının Milli Məclisini 90 illik yubileyi münasibəti ilə təbrik edirəm. Mən səmimi qonaqpərvərliyinizə və bu mərasimi belə yüksək səviyyədə təşkil etdiyinizə görə sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm.
Bu gün həm Azərbaycanda, həm də Litvada güclü bir hiss yaşanır. Bu hissi başa düşmək çətin deyildir. Çünki dövlətçiliyimiz uğrunda 90 il bundan qabaq mübarizəyə başlamış və 1990–1991-ci illərdə öz iradəmizi yenidən ifadə edərək bəyan etmişik ki, biz müstəqil olmaq istəyirik. Bu yolda müəyyən qurbanlar vermişik. Amma bunun özü də bizə bir daha göstərmişdir ki, xalqın iradəsi hər şeydən yüksəkdir. Fərəhli haldır ki, bu gün bu iradə burada təntənəli şəkildə qeyd olunur.
Söyləmək lazımdır ki, bəzən keçmiş Sovet İttifaqı tərkibində yaşadığımız illərin təcrübəsi bizə heç də xoş olmayan bir sıra məsələləri xatırladır. Onları gələcəkdə təkrarlamaq istəməzdik. Ona görə mən Azərbaycan rəhbərliyini, həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, həm də parlamentin üzvlərini təbrik etmək istəyirəm, çünki Azərbaycan aydın şəkildə Avropa İttifaqına və Avroatlantik qurumlara inteqrasiya yolunu seçmişdir. Biz sizinlə yaxın dostlarıq və belə dost olaraq qalmaqda davam edəcəyik.
Sözümün sonunda bir daha qeyd etmək istəyirəm ki, insan həyatında 90 il hər halda uzun bir müddətdir, amma dövlət quruculuğunda 90 il, sadəcə, bir başlanğıcdır. Mən sizə bu yolda böyük nailiyyətlər və müvəffəqiyyətlər arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çıxış edir Almaniya Federativ Respublikası Bundestaqının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri cənab Ştefan Rayxe. (Alqışlar.)
Ş. Rayxe, Almaniya Federativ Respublikası Bundestaqının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri.
Cənab Prezident, hörmətli parlament Sədri, parlament üzvləri! Mən Almaniya Bundestaqının və parlament Sədrinin təbriklərini sizə çatdırıram.
Bizim parlamentlər və xalqlarımız bir-birinə çox bağlıdırlar. Bu il Almaniyada Azərbaycan mədəniyyəti ilidir, gələn il isə Azərbaycanda Almaniya ili keçiriləcək. Bundestaqda Azərbaycandan olan beş nəfər praktikant təcrübə keçir. Hər il bu proqram daha da genişləndirilir. Azərbaycanda alman məktəbləri, alman kilsəsi var və bu da bizim birgə tariximizin təzahürüdür. Böyük alman yazıçısı Hosunbaum Azərbaycanda doğulub, boya-başa çatmışdır. O, Almaniyada çox məşhurdur.
Mən axırıncı dəfə 8 ay bundan əvvəl Azərbaycanda olmuşam. Qısa müddət ərzində belə bir inkişaf və parlamentin belə tez yeni görkəm alması mənə böyük təsir bağışladı.
Biz dövlətlərimiz, o cümlədən parlamentlərimiz arasında əlaqələrin, əməkdaşlığın genişləndirilməsində maraqlıyıq və bu sahədə sizə uğurlar arzulayırıq. Sizə Ermənistanla sülh arzulayırıq, kompromis tapmağı arzulayırıq. Əlbəttə ki, bütün bunlar hüquqi əsasda olmalıdır. Avropa qonşuluq siyasəti çərçivəsində biz sizi dəstəkləyirik. İstəyirik ki, Avropa İttifaqı və Cənubi Qafqaz xalqları bir-birinə yaxınlaşsınlar. Mən əminəm ki, nə vaxtsa Cənubi Qafqaz İttifaqı ilə Avropa İttifaqı arasında bugünkü qonşuluq siyasətindən daha geniş əməkdaşlıq olacaqdır. Mən ümid edirəm ki, biz Milli Məclisin 100 illiyini qeyd edəndə Qafqazda sülh şəraiti hökm sürəcək və bütün qonşular bu parlamentdə bunu qeyd edə biləcəklər. Mən sizə gələcəkdə də demokratiya, hüquqi dövlətçilik arzulayıram və ümid edirəm ki, bütün bunlar da iqtisadi inkişafla eyni səviyyədə inkişaf edəcək. Ümid edirəm ki, 2016-cı ildə Avropa Futbol Çempionatı Azərbaycanda keçiriləcək. Bu tədbiri Gürcüstanla, bəlkə Ermənistanla birlikdə də keçirmək olar. Mən Azərbaycan parlamentinə, Azərbaycan xalqına uğurlar və rifah arzulayıram! (Alqışlar.)
Sədrlik edən. Söz verilir Avstriya Respublikası Milli Şurasının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri cənab Karl Öllingerə. (Alqışlar.)
K. Öllinger, Avstriya Respublikası Milli Şurasının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri.
Çox hörmətli cənab Prezident, cənab Sədr, həmkarlarım, hörmətli xanımlar və cənablar! İlk növbədə məni Azərbaycan parlamentinin yubileyinə dəvət etdiyiniz üçün təşəkkürümü bildirir və sizi bütün parlamentimiz, parlament Sədrimiz adından təbrik edirəm!
Məni ona görə tanıyırlar ki, uzun danışıram. Amma siz narahat olmayın, bu gün mən çox az danışacağam. Uzun çıxışları o vaxt edirlər ki, böyük bir problemə diqqət yönəltmək və yaxud hansısa qanunvericilik məsələsində nəyisə dəyişmək istəyirlər. Azərbaycanla münasibətlərimizdə isə heç bir problem olmadığından qısa danışa bilərəm. Biz bu münasibətlərdən çox razıyıq.
Almaniyalı həmkarımın da adından qısaca deyə bilərəm ki, Məhəmməd Əsəd bəy (Qurban Səid) adlı yazıçı avstriyalı olub. Biz onu almanlar və azərbaycanlılarla müştərək yazıçımız kimi qəbul etməyə hazırıq. O, avstriyalı bir yazıçı idi. Bu bizim birgə mədəni irsimizdir. Xalqlarımız arasında birgə mədəni irs çox böyük əhəmiyyət daşıyır.
Mən burada bizi müşayiət edən həmkarlarımıza təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələcəkdə parlamentlərarası münasibətləri daha da inkişaf etdirə biləcəyik. Mən təkcə dostluq əlaqələrinin inkişafını arzulamıram, mən sizə həm də sülh arzulayıram! Əsas arzum sülhdür ki, Azərbaycandakı bütün insanlar doğulduğu yerdə yaşaya bilsinlər, yenidən oraya qayıda bilsinlər. (Alqışlar.) Bu da insanın ümdə hüquqlarından biridir.
Hörmətli həmkarlarım, bu yubileyi indi sizinlə birgə bayram edirik. Birgə gələcəyimiz naminə sizə öz adımdan və parlamentimiz adından bir daha səmimi təbriklərimi çatdırıram. (Alqışlar.)
Sədrlik edən. Çıxış üçün Bolqarıstan Respublikası parlamentinin Bolqarıstan–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri cənab Remzi Osmana söz verilir. (Alqışlar.)
R. Osman, Bolqarıstan Respublikası parlamentinin Bolqarıstan–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ən əvvəl bu təntənəli mərasimdə iştirak etmək üçün bizə göndərdiyiniz dəvətə görə təşəkkürümü bildirmək istərdim. Bolqarıstan Respublikasının Xalq Məclisi və onun sədri cənab Perenskinin adından sizi Azərbaycan Respublikası Milli Məclisinin 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm!
Mövcud olduğu müddət ərzində Azərbaycanın ali qanunvericilik orqanı Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsində, müstəqilliyin əldə olunması və möhkəmləndirilməsində, regionda və beynəlxalq miqyasda sabitliyin bərqərar olunmasında mühüm rol oynamışdır.
Hörmətli Sədr, mən bu gün bizim parlamentlər arasında yaranmış dostluq münasibətlərini xüsusi qeyd etmək istərdim. Onlar ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Əminəm ki, Bolqarıstan Xalq Məclisi və Azərbaycan Milli Məclisi getdikcə bu əlaqələri daha da inkişaf etdirəcək və bunun da nəticəsində Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə əlaqələr gələcəkdə daha da möhkəmlənmiş və iki ölkənin xalqları arasında daha sıx əlaqələr bərqərar olmuş olacaqdır.
Yeni bir dünyada siz yeni bir Azərbaycanın ən yeni tarixini yazırsınız. Bu önəmli zamanda siz bu tarixi yazarkən heç şübhəniz olmasın ki, Qara dənizin qərbində bir dost ölkəsi – Bolqarıstan var. O ölkə Balkanların mərkəzində bir barış adası kimidir. Orada xristianlar, müsəlmanlar barış içində yaşayırlar.
Mən Azərbaycan Respublikası parlamentinin 90 illik yubileyinin qeyd edildiyi bu çox önəmli gündə sizin aranızda olmaqdan böyük şərəf duyur və bizim dostluq qrupu adından sizlərə uğurlar arzulayaraq bir daha “bayramınız mübarək olsun!” deyirəm. Sağ olun, var olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun, Rəmzi bəy. Çıxış üçün söz verilir Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı İcmalar Palatasının deputatı baronessa O'Kayna. (Alqışlar.)
O´Kayn, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı İcmalar Palatasının deputatı.
Hörmətli cənab Sədr, Azərbaycan parlamentinin üzvləri, hörmətli qonaqlar, xanımlar və cənablar! Mən çox şadam ki, Milli Məclisin 90 illiyinə həsr olunmuş bayramda iştirak edirəm. (Alqışlar.) Mən Londondan sizə bizim Lordlar Palatasının təbriklərini gətirmişəm.
90 il bundan qabaq Azərbaycanın ilk müstəqil parlamenti yaranmışdır. Bu parlament dünyaya bir neçə yenilik gətirmişdir. Burada ilk dəfə olaraq qadınlara seçki hüququ verilmişdir. Buna görə sizə təşəkkür etmək istəyirik ki, ilk dəfə qadınlara seçki hüququ vermisiniz. Eyni zamanda, sizə təşəkkür etmək istəyirik ki, siz Avrasiyada ilk qızlar məktəbini yaratmısınız. Yəni maarif sahəsində də böyük əməyiniz vardır.
Parlament üzvləri həmişə hesabatlılığı, şəffaflığı təşviq etməyə çalışırlar. Mən məsləhət görmək istəyirəm ki, biz nüfuzumuzdan istifadə edərək, üzr istəyirəm, çox böyük hörmətə malik olduğumuza görə bizə inananları demokratiyanın təşviqinə, hesabatlılığa, şəffaflığa nail olmağa dəvət edək. Bu vasitə ilə sülhə gəlib çata bilərik. Bizim, doğrudan da, istədiyimiz məhz sülhdür, cənab Prezidentin çıxışında deyildiyi kimi, elə sülh ki, ədalətə söykənir. Bizim məqsədimiz məhz bu olmalıdır.
Azərbaycan çox böyük model rolunu oynayan ölkədir. Mən burada Azərbaycanın dostu kimi çıxış edirəm. İkinci dəfədir ki, Azərbaycana səfər edirəm. Azərbaycanın nailiyyətlərini alqışlayıram. Mən bu ölkəni çox xoşlayıram. İqtisadçı kimi məndə belə bir yüksək iqtisadi artım böyük maraq oyatmışdır. Zəngin neft ehtiyatları və mədəni sərvətlər, əlbəttə, çox böyük nemətdir. Amma burada bir fond yaradılmışdır və müxtəlif layihələrdən əldə edilən maddi vəsait həmin fondda toplanır. Bu maddi vəsait, əsasən, təhsil, mədəni və sosial sahələrdə müxtəlif ehtiyaclara xərclənir ki, bu da ümumi inkişaf üçün çox vacib bir amildir.
Bu ölkənin həmçinin turizm sahəsində çox böyük potensialı vardır. Turizm mütləq qədim tarixə əsaslanmalıdır. Müasir tarixi də bura daxil etmək lazımdır. Mənim dostum Rostropoviç, – təəssüflər olsun ki, o, artıq bizim aramızda yoxdur, – uzun müddət həyatında mədəniyyət və turizmin bir-biri ilə əlaqədar olduğunu düşünmüş, məndə Azərbaycan mədəniyyəti və turizminə maraq oyatmışdır. İndi artıq əvvəlki “dəmir pərdə” yoxdur, bura gələrək Şərq və Qərb mədəniyyətləri və onların sintezi haqqında təsəvvür əldə etmək mümkündür, eyni zamanda, göstərmək mümkündür ki, dinlər necə bir arada dinc şəkildə mövcud ola bilər. Çünki bu müsəlman ölkəsində yəhudilər və xristianlar dinc yanaşı yaşayıb fəaliyyət göstərə bilirlər.
Qərbin Azərbaycana diqqəti getdikcə artır. Azərbaycan son aylarda xüsusilə yüksək inkişaf nümayiş etdirmişdir. Londonda Azərbaycan diasporunun uşaqları üçün Azərbaycan dilində tədris aparılan ikinci məktəb açılmışdır. Mən istərdim, bu gün burada iştirak edən xarici qonaqların hamısı öz ölkələrində Azərbaycan barəsində mümkün qədər çox informasiya yaymağa çalışsınlar ki, Azərbaycanla ən müxtəlif sahələrdə əlaqələr daha da genişlənmiş olsun. Biznes nöqteyi-nəzərindən mənə bildirilir ki, Azərbaycana qoyulan investisiyanın 50 faizi məhz Birləşmiş Krallığın payına düşür.
Mən bu gün bütün parlament üzvlərini, Azərbaycanın bütün xalqını təbrik etmək istəyirəm. Sizin hamınıza gələcəkdə müvəffəqiyyətlər arzu edir, Azərbaycan dilində “çox sağ olun” deyirəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, xanım O´Kayn. Çıxış üçün söz verilir Fransa Respublikası Milli Assambleyasının Fransa–Azərbaycan dostluq qrupunun sədri cənab Jan-Lui Dümona. (Alqışlar.)
J. Dümon, Fransa Respublikası Milli Assambleyasının Fransa–Azərbaycan dostluq qrupunun sədri.
Cənab Azərbaycan parlamentinin Sədri, həmkarlar, xanımlar və cənablar! İlk növbədə mən sizə Fransanın Milli Məclisinin salamlarını çatdırmaq istəyirəm. Bu mənim üçün böyük şərəfdir. Mən burada, Azərbaycan parlamentinin 90 illiyi bayramında Fransa Respublikası Milli Assambleyasının 6 üzvü ilə birlikdə iştirak edirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, 90 il müddətində bu parlament çox mürəkkəb bir yol keçmiş, acı günlər də yaşamışdır. Ancaq biz çox şadıq ki, bu gün, cənab Sədr, sizin parlamentiniz müstəqil Azərbaycan dövlətinin və bu dövlətdə demokratiyanın möhkəmləndirilməsində böyük rol oynayır.
Burada Fransa Respublikası Milli Assambleyasından 7 deputatın iştirakı parlamentlərimiz arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinə, məncə, bizim necə önəm verdiyimizə bariz sübutdur. Cənab Sədr, Sizin Parisə səfəriniz bu əlaqələrin genişləndirilməsinə yeni bir təkan verdi. Avropa Şurasının Parlament Assambleyasında, eyni zamanda, Avropa İttifaqının Parlament Assambleyasında Azərbaycandan olan həmkarlarımızla apardığınız fikir mübadilələri də parlamentlərarası münasibətlərin inkişafına müsbət təsir göstərir. Mən ümid edirəm ki, Fransa–Azərbaycan dostluq qrupunun Bakıya bu səfəri yeni münasibətlərin əsasını qoyacaq və əməkdaşlığımızı daha da zənginləşdirəcəkdir. Xatırladım ki, cənab Heydər Əliyev 1993-cü ildə ölkənizdə ikinci dəfə hakimiyyətə gələndə xarici dövlətə ilk rəsmi səfərini məhz Fransaya etmişdi. Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr arasında olmuşdur.
Qeyd etmək istərdim ki, bir neçə gündən sonra Avropa İttifaqına sədrlik Fransaya keçəcək. Bizim respublikanın Prezidenti bugünkü dünyanın daha sərt olan tələblərinə cavab verməyə çalışacaq. Əminəm ki, o, Avropa İttifaqının Azərbaycanla qonşuluq siyasətinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. Mən Fransanın Minsk qrupundakı fəaliyyətini də qeyd etmək istərdim. Bu həftə ərzində Bakıda siyasi, iqtisadi, mədəni sahələrdə bütün rəhbər şəxslərlə görüşlərimiz zamanı onlar bizə Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib bir məsələ olduğunu vurğuladılar. Xüsusilə də qaçqınlar, köçkünlər öz doğma yurdlarına, evlərinə qayıtmalı, gələcək həyatlarını sahmana salmalıdırlar.
Bosniya və Herseqovinanın simasında gördüyünüz kimi, biz bu gün sizinləyik. Qaçqın və köçkünlərin çəkdiyi əzablardan hamımızın xəbəri var. Bizim parlamentarilər bunları öz gözləri ilə görüblər. Ona görə biz parlamentarilər burada öz sözümüzü açıq deməli, qəti fikrimizi bildirməliyik. Biz bu əzablara son qoymaq üçün, eyni zamanda, iqtisadi inkişafı dəstəkləməliyik, çünki iqtisadi inkişaf demokratiyanın inkişafına yol açır və çox problemlərin həllini asanlaşdırır.
Cənab Sədr, əziz həmkarlar, mən Fransa–Azərbaycan dostluq qrupu adından Azərbaycan Respublikası parlamentinin 90 illik yubileyi münasibəti ilə sizi təbrik edir, işinizdə müvəffəqiyyətlər arzulayıram! Çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. İndi isə söz verilir İndoneziya Respublikası Nümayəndələr Palatası nümayəndə heyətinin rəhbəri cənab Priyo Budi Santosoya. (Alqışlar.)
P. Santoso, İndoneziya Respublikası Nümayəndələr Palatası nümayəndə heyətinin rəhbəri.
Cənab Oqtay Əsədov, həmkarlar, xanımlar və cənablar! İcazə verin, hər şeydən əvvəl bu tədbirin belə yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətimiz adından Azərbaycan Respublikası parlamentinin böyük ailəsinə təşəkkürümüzü bildirim. Eyni zamanda, bu gözəl Bakı şəhərinə gəldiyimiz gündən bəri bizim nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökuməti və xalqına təşəkkür etmək və İndoneziya parlamenti spikerinin salamlarını sizə çatdırmaq istəyirəm. Cənab Sədr, hörmətli həmkarlarım, Azərbaycan Respublikası parlamentinin yaranmasının 90 illiyi münasibəti ilə İndoneziya Respublikası parlamentinin təbriklərini qəbul edin.
Biz hamımız Azərbaycanın iqtisadi inkişafının şahidiyik. İqtisadi inkişaf, əlbəttə, bizim xalqlar üçün böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, ölkələrimizdə müəyyən çətinliklər, məsələn, beynəlxalq qanunların pozulması, qiymətlərin artması, yoxsulluq və sair kimi problemlər də qalmaqda davam edir. Biz dərindən ümid bəsləyirik ki, Azərbaycan parlamenti ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, regionda təhlükəsizlik və sülhün bərqərar olunması və beynəlxalq ictimaiyyəti təhdid edən yeni təhlükələrin qarşısının alınması üçün fəaliyyətini daha da gücləndirəcəkdir.
Xahiş edirəm, bizi bu tədbirə dəvət etdiyiniz üçün təşəkkürümüzü qəbul edəsiniz. Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Söz verilir İsveçrə Konfederasiyası Milli Şurası nümayəndə heyətinin rəhbəri xanım Kristine Egerszegi-Obristə. (Alqışlar.)
K. Egerszegi-Obrist, İsveçrə Konfederasiyası Milli Şurası nümayəndə heyətinin rəhbəri.
Hörmətli Sədr, hörmətli həmkarlarım, xanımlar və cənablar! Bu gün burada, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində bu təntənəli mərasimdə iştirak etmək mənim üçün böyük şərəfdir. Mən İsveçrə parlamentinin adından sizi Azərbaycan Respublikası parlamentinin yaradılmasının 90 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Mənə ikinci dəfədir, sizin ölkəyə gəlmək imkanı nəsib olur. Azərbaycan bu gün öz milli parlamentinin yaranma tarixini qeyd etməklə bir daha nümayiş etdirir ki, 90 illik tarixi olan bu qurum hazırda da mövcuddur və hətta çox onilliklərdən sonra da öz fəaliyyətini uğurla davam etdirəcəkdir.
1918-ci il mayın 28-də Milli Şura Azərbaycan Respublikasının müstəqilliyini elan etmişdir. Qısa bir müddət ərzində mövcud olmuş bu respublikanın tətbiq etdiyi demokratik yeniliklər – milliyyətindən, dinindən, sinfi mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminatın, qadınlara seçki hüququnun verilməsi, parlamentdə əhalinin bütün təbəqələrinin, bütün siyasi qüvvələrin təmsil olunması o zaman qabaqcıl bir təcrübə idi. XX əsrin ilk illərində Azərbaycanda belə müdrik addımların atılması bu ölkədə demokratiyaya bağlılığın, qabaqcıl fikrin mövcud olduğuna dəlalət edir. 1918-ci ildə yaradılmış Azərbaycan Respublikası etnik və dini azlıqların demokratik strukturlara inteqrasiyasını həyata keçirmişdir. Ona görə də çox vacibdir ki, bu gün də cəmiyyətin bütün təbəqələri dövlət idarəçiliyində təmsil olunsun. Demokratik dövlət quruculuğuna məhz bu yolla nail olmaq mümkündür.
Azərbaycan Respublikası və İsveçrə daim çoxxalqlı və çoxpartiyalı dövlətlərə xas problemlərlə üzləşsələr də, bu xüsusiyyətlərin qorunub saxlanmasının böyük əhəmiyyəti vardır. Mən parlamentin demokratik institutları dəstəkləyən bir qüvvə kimi xüsusi rolunu qeyd etmək istəyirəm. Əlbəttə, demokratiyanın ölkə qarşısında duran problemlərin ədalətli həll yollarını tapa bilən bir parlamentə ehtiyacı vardır.
Mən Azərbaycan Respublikasının üç səciyyəvi cəhətini qeyd etmək istərdim. Birincisi onun coğrafi mövqeyidir. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir və mən inanıram ki, sizin ölkəniz bu faktdan bəhrələnəcəkdir. İkincisi siyasi dialoq qabiliyyətidir. Zənnimcə, Azərbaycan məhz siyasi dialoq yolu ilə əsas probleminin həllinə nail olacaqdır. Üçüncüsü beynəlxalq əlaqələrdir. Azərbaycan Respublikasının siyasi liderləri aydın şəkildə bəyan etmişlər ki, onlar beynəlxalq əlaqələri gücləndirmək istəyirlər. İsveçrə neytral müşahidəçi kimi ikitərəfli və çoxtərəfli danışıqlar çərçivəsində göstərilən səyləri yüksək qiymətləndirir. Ölkəmiz Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələr yaratmağa və mövcud əlaqələri genişləndirməyə hazırdır.
Nəhayət, mən bu təntənəli mərasimin keçirilməsində zəhməti olanların hamısına öz təşəkkürlərimi bildirərək Azərbaycan parlamentinə, hökumətinə və xalqına daha xoş gələcək, rifah və tərəqqi arzulayıram! (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Çıxış üçün söz verilir Macarıstan Respublikası Milli Assambleyasının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri cənab Yanos Xorvata. (Alqışlar.)
Y. Xorvat, Macarıstan Respublikası Milli Assambleyasının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri.
Cənab spiker, parlament üzvləri, xanımlar və cənablar! Mən Azərbaycan Respublikası parlamentinin yaranmasının 90 illik yubileyi münasibəti ilə Macarıstan parlamenti və onun rəhbərliyinin, bütün macar xalqının təbriklərini sizə çatdırır, Sizi bu şərəfli yubiley münasibəti ilə təbrik edirəm.
Bizi birləşdirən ümumi bir cəhət vardır. Bu bizim parlament üzvü olmağımızdır. Hər bir parlament öz ölkəsinin xalqını təmsil edir. Yəni bu parlament Azərbaycan xalqını, bizim parlament macar xalqını təmsil edir. Dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş parlament üzvlərinin burada aydın bir missiyası vardır. Biz buraya təkliflərimizi gətirmişik. Mən çox sevinirəm ki, Azərbaycanın bu xoş günündə mənə də təkliflərimi ifadə etmək imkanı verilmişdir. Əvvəlcə onu qeyd edim ki, biz Azərbaycanın Macarıstanda səfiri cənab Həsən Həsənovun fəaliyyətini yüksək qiymətləndiririk. Ölkələrimiz arasında diplomatik əlaqələrin canlandırılmasında, millətlərin bir-birinə yaxınlaşdırılmasında onun az rolu olmamışdır.
Demokratiya və sərbəst bazar iqtisadiyyatı ilə bağlı bir neçə məsələyə toxunmaq istəyirəm. Bunlar parlament üzvlərini bir araya gətirən əsas məsələlərdir. Demokratik nümayəndələr sistemi iqtisadiyyatın inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Hələlik keçid dövrünü yaşayan ölkələrdə bu məsələlərin həlli üçün parlamentlər xüsusilə böyük rol oynayır. Macarıstanda biz çalışırıq ki, dediyim sahələrdə Azərbaycanla daha sıx əlaqələr quraq, enerji daşıyıcıları sahəsində əməkdaşlığımızı genişləndirək. Biz bu sahədə Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndiririk. Azərbaycan enerji daşıyıcılarını Mərkəzi Avropaya çatdırmaq üçün yeni üsullar axtarıb tapır. Azərbaycanın qarşısında bu sahədə ciddi problemlər dursa da, ölkə onları müvəffəqiyyətlə həll edir. Mən bu nöqteyi-nəzərdən Azərbaycanı digər ölkələrə nümunə göstərmək istərdim.
Mənim siyasətdən başqa bir peşəm də var. Mən, eyni zamanda, iqtisadçıyam və indi öz iqtisadi mülahizələrimi sizinlə bölüşürəm. Baxın, Azərbaycan necə nümunə göstərir. Cəmi bir neçə il bundan qabaq, demək olar ki, müstəmləkə əsarətindən qurtaran və indi keçid mərhələsində olan bir ölkənin nümunəsində nəhəng proqramların necə həyata keçirildiyini görürük. Bu ölkə uğurla inkişaf edir və nailiyyətlərini artırmaqda davam edir. Əgər bu, Azərbaycan üçün mümkündürsə, demək, digər ölkələrdə də mümkün ola bilər. Ona görə də mən Azərbaycanı nümunə kimi misal çəkirəm.
Biz Azərbaycan Respublikası parlamentinin üzvlərini ölkəmizə dəvət edirik. Macarıstana gəlsinlər, bizim parlamentlə tanış olsunlar, əlaqələrimizi genişləndirək. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Çıxış edir son iştirakçımız Səudiyyə Ərəbistanı Krallığı parlamentinin Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri cənab Mohsen bin Məhəmməd Əal. (Alqışlar.)
M. Əal, Səudiyyə Ərəbistanı Krallığı parlamentinin Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri.
Bismillahir-rəhmanir-rəhim! Azərbaycan Respublikası Milli Məclisinin hörmətli Sədri Oqtay Əsədov, hörmətli həmkarlar, sizin hamınızı salamlayıram. Mən müsəlmanların qibləsi, onların ibadətgah yeri olan bir dövlətdən – Səudiyyə Ərəbistanı Krallığından qardaş Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin 90 illik yubileyi münasibəti ilə təbriklərimi çatdırmağı özümə şərəf hesab edirəm. Mən çox şadam ki, bu gün, hörmətli Sədr, sizin gözəl ölkənizə Səudiyyə Ərəbistanında olan qardaşlarınızın, Səudiyyə Ərəbistanı hökuməti və xalqının təbriklərini və səmimi hisslərini çatdırıram.
Azərbaycan ilə bizim ölkə arasında əlaqələrin inkişafında dövlət rəhbərlərimizin böyük xidməti olmuşdur. İslam dininin mərkəzi olan Səudiyyə Ərəbistanı, təbii ki, bütün insanların, xüsusən də müsəlman qardaşlarının sülh və əmin-amanlıq şəraitində yaşamasını istəyir. Qardaş Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra sabitlik və inkişafa nail olması bizi çox sevindirir. Biz ona bu sahələrdə və təbii ki, ölkəmizlə siyasi əlaqələrin inkişafında göstərdiyi səylər üçün minnətdarlığımızı bildirmək istərdik. Azərbaycanın islam ölkələri ilə əlaqələri xüsusi qeyd edilməlidir. Səudiyyə Ərəbistanı ilə qardaş Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı və genişliyi fərəh doğurur. İnşallah, bu əlaqələr həmişə inkişaf edəcək və bu inkişaf bütün sahələrdə özünü göstərəcək.
Cənab Sədr, mən axırda bu lütfkar dəvət, bu gözəl qəbul üçün və ünsiyyətdə olduğumuz hər bir insanın bizə qarşı göstərdiyi səmimiyyət üçün böyük təşəkkürümü, minnətdarlığımı bildirmək istərdim. Çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Hörmətli deputatlar, əziz qonaqlar, xanımlar və cənablar!
Azərbaycan parlamentinin 90 illiyi münasibəti ilə Milli Məclisin təntənəli iclası sona çatır. İnamla söyləmək olar ki, bugünkü təntənəli iclasımız yüksək səviyyədə keçdi, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yubileyini biz layiqincə qeyd etdik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu nitqi, hörmətli qonaqlarımızın dəyərli çıxışları bizim təntənəli yığıncağımıza şərəf verdi.
İnanıram ki, bugünkü mərasim həm bizim deputatlarımızın, həm də əziz qonaqlarımızın xatirəsində qalacaqdır. Bir daha Milli Məclisin bütün deputatlarını yubiley münasibəti ilə təbrik edirəm. Bizim dəvətimizi qəbul edib bu gün bizimlə bir yerdə olan bütün qonaqlarımıza dərin təşəkkürümü bildirirəm. (Alqışlar.)
Azərbaycan parlamentinin 90 illiyi münasibəti ilə Milli Məclisin təntənəli iclasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)