24.06.2008 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
IX  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  88

Mill Məclisin  iclas  salonu.
24  iyun  2008-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

M. Hümbətov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat-Nəzarət İdarəsinin rəisi.
M. Ələkbərov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəzaçəkmə Müəssisələrinə Nəzarət İdarəsinin rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Fransa Respublikası Hökuməti arasında 2007-ci il noyabrın 14-də imzalanmış Maliyyə Protokolunun icra edilməsi məqsədi ilə Azərbaycan Respublikası Hökuməti adından çıxış edən İqtisadi İnkişaf Nazirliyi və Fransa Respublikası Hökuməti adından çıxış edən Natixis Banques Populaires arasında Kredit Müqaviləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “2008–2010-cu illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Fransa Respublikası Hökuməti arasında 2007-ci il noyabrın 14-də imzalanmış Maliyyə Protokolunun icra edilməsi məqsədi ilə Azərbaycan Respublikası Hökuməti adından çıxış edən İqtisadi İnkişaf Nazirliyi və Fransa Respublikası Hökuməti adından çıxış edən Natixis Banques Populaires arasında Kredit Müqaviləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “2008–2010-cu illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

 Azərbaycan Respublikası
 Milli Məclisinin Sədr                                     O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

24 iyun 2008-ci il. Saat 12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək. Alınmadı. Texniki nasazlıq var, köhnə üsullardan istifadə etməliyik. Belə şeylər olur. Dünyanın ən müasir texnikası hərdən belə nasaz işləyir. Məlahət xanım, axır ki, Sizin işiniz də gəldi, xahiş edirəm, sayın. Nə qədər millət vəkili iştirak edir, Təlatüm?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Problem qalmadı, düzəldi, xahiş edirəm, kartları bir də çıxarıb vurun.

Qeydiyyat (saat 12.16 dəq.)
İştirak edir 96
Yetərsay 83

Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik hamımıza paylanıb, 7 məsələ var, müzakirəyə ehtiyac varmı? Həmişə olduğu kimi, Pənah Hüseyn söz istəyir. Buyurun, yazılın. Cəmil Həsənli, buyurun.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bir neçə gün əvvəl bizim parlamentimizdə tarixin yaddaşına həkk oluna biləcək bir hadisə baş verdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi bu möhtəşəm salonda çox təmtəraqlı şəkildə qeyd edildi. Bu, Azərbaycan tarixinə, xalqımızın taleyinə münasibətdə çox mühüm hadisə idi. Mən respublika və parlament rəhbərliyinə təşəkkür eləmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 90 illiyi belə yüksək səviyyədə qeyd edildi. Bu, eyni zamanda, Azərbaycan parlamentizmi ənənəsinin, tarixinin təbliği idi. Buna Azərbaycanda dünyəvi, parlamentə söykənən dövlətin milli tarixinin təbliği kimi də yüksək qiymət vermək olar. Mən hesab edirəm ki, tədbir çox yüksək səviyyədə, uğurlu keçdi və Azərbaycanın tarixinin, eyni zamanda, problemlərinin dünyaya çıxarılması baxımından mühüm hadisə oldu.
Cənab Sədr, Sizə bir müraciətim var. Burada son vaxtlar həbs olunmuş jurnalistlərlə bağlı müəyyən problemlər yaranır, çoxlu mübahisələr olur və dövlət rəsmiləri özləri də qeyd edirlər ki, deyilən məsələ Azərbaycanın imicinə ciddi şəkildə ziyan gətirməyə başlamışdır. Mən elə bilirəm ki, Siz bir qrup millət vəkilinin adından cənab Prezidentə müraciət eləsəniz, bunun həbs olunmuş jurnalistlərin azadlığa buraxılmasına köməyi dəyər və həmin istiqamətdə müəyyən iş görülərdi. 3 jurnalistin həbsdə qalması Azərbaycanda siyasi proseslərə heç bir təsir göstərə bilməz. Bizim son iclaslarımızdan biri olduğundan, bu məsələni zəruri hesab edirəm. Həm öz, həm də həmkarlarımın adından Sizdən xahiş edirəm ki, bizim istəyimizi cənab Prezidentə çatdırasınız və jurnalistlərin həbsdən azad olunması istiqamətində səyinizi əsirgəməyəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Cəmil müəllimin fikrinə dəstək verirəm.
Parlamentin 90 illiyi ilə bağlı yubiley tədbiri, hesab edirəm ki, Azərbaycanın tanıdılması, təbliği baxımından çox əhəmiyyətli sayıla bilər. Bununla yanaşı, iradımı da demək istəyirəm. Buraxılan materiallarda yaxın tarixlə bağlı bir sıra məqamlarda təhriflərə yol verilib. Bəzi ideoloji, siyasi motivlərlə bağlı faktların üzərindən keçilib. Məncə, 1993-cü ilin hadisələrinə bir qədər faktoloji nöqteyi-nəzərdən baxmaq məqsədəuyğun olardı. İkinci tərəfdən çox arzulayardım ki, parlamentin 90 illik yubileyinə 1991-ci ildə parlamentdə iştirak eləmiş, millət vəkili olmuş, Azərbaycanın müstəqilliyinə səs vermiş şəxslər də dəvət olunaydılar. Biz buna yaxın tarixə münasibətimizin dəyişilməsi hadisəsi kimi baxardıq. Hər halda bununla bizim təntənəyə kölgə düşmür. Hesab edirəm ki, çox faydalı bir tədbir oldu.
Mənim toxunmaq istədiyim ən mühüm məsələlərdən biri mülkiyyət münasibətləri ilə bağlıdır. Faktiki olaraq qəzetləri oxuyursunuz, mətbuatdan da bilirsiniz, aldığımız onlarla məktub da təsdiq edir ki, Azərbaycanda Konstitusiyada nəzərdə tutulan ən müqəddəs hüquqlardan birinə, mülkiyyət toxunulmazlığına əməl olunmur. Demək olar ki, gücü heç yerə çatmayan, hansısa məmura arxalanmayan ayrı-ayrı şəxslərin mülkiyyətinin əlindən alınmasına dair onlarla faktlar var. Mən vaxt qısa olduğuna görə burada onları sadalamaq istəmirəm.
Bütün bu məsələlər üzərində, məncə, parlamentin nəzarəti mexanizmini gücləndirməliyik. Çünki mülkiyyət toxunulmazlığı hansısa iqtidar-müxalifət, yaxud da ideoloji mahiyyət daşıyan məsələ deyil, bu, dövlətin sütununu sarsıda biləcək bir işdir. Biz çox ciddi qətiyyətlə buna qarşı getməliyik. Onlarla adam var, müraciət edir ki, sərəncam verilmiş müəssisəsi üzərində yeni sərəncam verilir. Deyilir, get, ver məhkəməyə, məhkəmədə özümüz həll edəcəyik. Bununla da heç bir nəticəyə nail olmaq mümkün deyil.
Üçüncü məsələ kənd təsərrüfatı ilə bağlıdır. Gübrələrin alınması ilə bağlı subsidiyalar ayrılır. Büdcədə bu məqsədlə xeyli vəsait ayrılıb. Mən düşünürəm ki, kənd təsərrüfatı işləri üzərində də parlament nəzarəti mexanizmini gücləndirməliyik. Konkret olaraq kənd əkinçisinə heç nə çatmır. Kənd adamlarının böyük əksəriyyəti öz yerinin proletariatına çevrilib. Onlar ayrı-ayrı məmurların qəsd elədiyi hektarlarla sahədə muzdlu fəhlə kimi işləməyə məhkum olublar. Bu gün ərzaq problemi ilə bağlı ciddi sıxıntılar yaşaya bilərik, ona görə hesab edirəm ki, bu məsələyə diqqətimizi xeyli artırmalı, bir nəticə əldə etməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Mən də parlamentin 90 illiyinin yüksək səviyyədə keçirilməsinə görə ölkə rəhbərliyinə və parlamentin rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Gələn qonaqlarla söhbətlərimiz də göstərdi ki, onlar Azərbaycandan çox yüksək əhvali-ruhiyyə ilə, respublikamız haqqında xeyli həqiqətləri öyrənib getdilər.
Mənim də çıxış eləyən həmkarım kimi bir neçə məsələ ilə bağlı narazılığım var. Bu da ondan ibarətdir ki, parlamentin tarixi haqqında bizə paylanan sənədlərdə, balaca kitabçalarda sanki qəsdli şəkildə Milli Məclisin 1990-1995-ci illəri əhatə edən tarixi saxtalaşdırılır. Az qala, Milli Məclisin həmin dövrkü fəaliyyəti qeyri-legitim sayılır. Əslində, həmin dövrdə Ali Sovetdən sonra yaradılan Milli Şuraya Konstitusiyaya əsasən parlament hüququ verilmişdi. Əgər onun fəaliyyəti qeyri-legitimdirsə, biz bilirik ki, müstəqillik aktı da həmin parlament tərəfindən qəbul edilib. Halbuki 1990–1995-ci illərdə Azərbaycan üçün son dərəcə əhəmiyyətli olan sənədlər qəbul edilmişdir. Belə çıxır ki, bütün bu sənədlər hüquqi qüvvəsini itirir.
1918-ci ildə yaradılan parlamentə 1920-ci ildən sonra hansı münasibət vardısa, bizdə də 1988–1993-cü illərə təxminən elə bir münasibət var. Bu, bizim yaxın tariximizdir və mən də o illərin iştirakçısı, müstəqillik aktını qəbul eləyən, ona imza atan adamlardan biriyəm. Biz özümüz sağ ola-ola, gözümüzün qabağında həmin illərin hadisəsinə bu cür münasibət yolverilməzdir.
Mərhum Prezident Heydər Əliyev həmin illərdə parlamentin sədri olub. Məgər o da qeyri-legitim parlamentin sədri idi? Niyə tarixə bu cür yanaşırıq? Mən çox istərdim ki, bu məsələlərdə subyektivliyə yol verilməsin və müəyyən məsləhətləşmələr aparılsın. Biz burada həmin illərə belə bir münasibətlə nə qazanırıq?
İkinci, mənim demək istədiyim bir məsələ də var. Doğrudan da, axırıncı yığıncaqlarımızdan biridir. Neçə vaxtdır söhbət gedir ki, Bakıətrafı kəndlərdə Qızıldaş və Şonqar ətrafında zəhərli maddələr basdırılır. Mən ora jurnalist göndərdim, məlum oldu ki, son illərdə oraya gizli şəkildə külli miqdarda zəhərli maddə gətirilib və torpaqlarında basdırılıb. Reaktivlik dərəcəsi yüksək olan bu maddələrə görə Qızıldaşda son illərdə bir dənə də olsun göyərti bitmir. Şonqarda doğulan hər 3 uşaqdan biri sağlam, qalanı qeyri-normal olur. Bu zəhərli maddələr haradan gətirilir? Mən çox istərdim ki. Milli Məclis bu məsələni müəyyən orqanlara tapşırsın. Gözümüzün qabağında, Bakının böyründə bir faciə ocağı var və bu, camaatdan gizlədilir.
Nəhayət, üçüncü məsələni deyim. İmişlidə bizim parlamentin 90 illiyi qeyd olunan günlərdə gördüm ki, Şəhidlər xiyabanının yerində bina tikirlər. 18 il bundan əvvəl orada faciələrimizi əks etdirən abidə qoyulub, indi onu dağıdıb bina tikirlər.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən iki məsələyə qısaca münasibət bildirmək istəyirəm. İlk öncə professor Cəmil Həsənlinin və başqa həmkarlarımın yubiley tədbirləri ilə bağlı müsbət fikirlərini dəstəkləyirəm. Hakimiyyətin 1918–1920-ci illərin dəyərlərinə sahib durmasını çox böyük hadisə hesab edirəm. Bu, həqiqətən də, Azərbaycan tarixində, xüsusilə son illərin tarixində diqqəti cəlb edən hadisələrdən biri idi. Eyni zamanda, bir dəfə təklif elədiyim, rəhbərliyin də müsbət yanaşdığı məsələni yenidən səsləndirmək istəyirəm. Yubiley tədbirləri iyun ayında keçirildi, amma vaxta var, dekabrda bir də təntənəli yığıncaq təşkil eləmək olar. Bu arada bəlkə 1918–1920-ci illərin parlament fəaliyyətini əks etdirən kiçik bir muzey yaratmaq barədə fikirləşək? Məncə, bu, Azərbaycan Respublikası Milli Məclisinə başucalığı gətirər və o dövrə bir təşəkkür nişanəsi ola bilərdi.
İkinci məsələ ilə bağlı bir neçə dəfə çıxış etmişəm. İndi sessiyanın sonudur, cari qaydada bəzən mümkün olmur, bir sualla müraciət eləmək istəyirəm. Bizdə deputat köməkçisi institutu təsis olunubdur. Deputat köməkçiləri ilə bağlı çox intensiv şəkildə seminarlar keçirilir, onların iş qabiliyyətinin artırılması istiqamətində çox gözəl işlər görülür. Bu, təqdirəlayiqdir, amma deputat köməkçiləri harada işləsinlər? “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 18-ci maddəsi mənim burada deputat olduğum iki il yarımlıq dövrdə pozulur. Əmlak Komitəsinə müraciət olunur, deyir, bizim işimiz deyil, icra hakimiyyətinə müraciət olunur, deyir, bizim işimiz deyil. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz. İş otağı məsələsi, nəhayət, həll olunacaqmı?
Sədrlik edən. Birinci, iş otağı məsələsini mən demişəm, bir də deyirəm, biz hər şeyi birdən çatdıra bilmərik. Fikrimiz var ki, bütün seçki dairələrində deputatların yeri olsun. Biz bunun üzərində işləyirik, yəqin ki, məsələnin reallaşmasına nail olacağıq.
İkinci, belə bir fikrimiz var ki, dekabr ayında Gəncədə parlamentin iclasını keçirək. Bunun da üzərində işləyirik. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən çox istərdim ki, bugünkü gündəliyə Mülki Məcəlləyə dəyişikliklərlə bağlı sənəd əlavə olunsun və müzakirəyə çıxarılsın. Biz bundan əvvəl Mülki Məcəlləyə dəyişiklik edərək vətəndaşların əmlakı ilə bağlı ciddi bir sənəd qəbul elədik. Dövlət ehtiyacı tələb olunan zaman əmlak qiymətləndirilir və sökülür. Vətəndaş – əmlakın sahibi əgər bundan narazıdırsa, məhkəməyə müraciət edir. Əvvəlki variantda isə, bildiyimiz kimi, məhkəməyə əvvəlcədən dövlət xeyri üçün özəlləşdirilən əmlakın sahibi deyil, onun qərarını verən orqan, yəni Nazirlər Kabineti və ya ondan aşağı strukturlar müraciət edirdilər.
Bakı şəhərində çoxsaylı tikintilər gedir, bununla bağlı müəyyən tədbirlər həyata keçirilir. Bununla yanaşı, vətəndaşların hüquqları ciddi şəkildə pozulub. Mənə onlarla şikayət daxil olub, bir ərazidə söküntülərlə bağlı kompensasiya ödənilməyib. Mən onunla razıyam ki, kompensasiya ödəməyin də şərtləri olmalıdır, ancaq heç kim problemini bilavasitə o sökülən obyektin hesabına həll etməməlidir və bunun bir forması tapılmalıdır. Milli Məclis Nazirlər Kabineti yanında ya komissiya formalaşdırmalı, ya da hər hansı bir normativ hüquqi akt, sənəd qəbul etməlidir. Bu sənədin əsasında vətəndaşın bütövlükdə hüquqları müəyyənləşdirilməlidir.
Bu gün mətbuatdan da oxuyuruq, bizə şikayətlər də daxil olur ki, məsələn, Yasamal rayonu ərazisində, Elmlər Akademiyasının yaxınlığında bir binanı təmir adı ilə əvvəlcə hasara alıblar, sonra da onun eyvanlarını söküblər. İndi insanların gecələməyə yeri yoxdur. Orada yaşayan sakinlərə deyirlər ki, evinizdən çıxın. Ev ilə təmin olunmamış vətəndaşı evindən necə çıxarmaq olar? Bəzən də onlara deyirlər ki, bunu məhkəmə qaydasında araşdırın, yəni məhkəməyə müraciət edin. Bu adama gərək bir sənəd verilsin ki, buradan niyə çıxarılır, nədən ötrü çıxarılır, o da bunun müqabilində getsin, məhkəməyə müraciət eləsin. Məhkəmə məsələni sənədə əsasən araşdıra bilər. Bu vətəndaş gedir, məhkəməyə müraciət edir, məhkəmə də ona deyir ki, nəyin əsasında şikayət edirsən? Mənə şikayətin nədəndir? Onun əlində isə heç bir sənəd yoxdur. Nəticə etibarilə onun əmlakı dağıdılır, aradan çıxarılır. Belə halda dağıdılan əmlakın qimətləndirilməsi necə ola bilər? Əmlak sökülübsə, onun qiymətləndirilməsi hansı meyarlarla, necə həyata keçiriləcək? Yəni bu məsələlərdə vətəndaşın hüququ ciddi şəkildə pozulur. Daşınmaz əmlak əvvəlcə qiymətləndirilməli, vətəndaşa kompensasiya ödənilməli, ondan sonra o əmlak sökülməlidir. Bizim qəbul etdiyimiz Mülki Məcəlləyə əlavə və dəyişikliklərdə belə işlərə 200 günə qədər vaxt verilirdi, amma bu şərtlə ki, məhkəməyə müraciət eləsin. İndi çox asan bir yol tapıblar, məhkəməyə müraciət üçün sənəd verilmir, məhkəmə də vətəndaşın iddiasını qəbul etmir.
Sədrlik edən. Hörmətli İqbal müəllim, Siz məsələləri ümumi deyirsiniz. Sökülən evlərdən söhbət gedəndə bir maraqlanın, görün, o evlərin əksəriyyətinin sənədləri qaydasındadırmı? Orada yaşayan vətəndaşların yaşadığı yerə orderi varmı? Yəni bunlar da vacibdir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də elə beşmərtəbədən, doqquzmərtəbədən danışıram. Yəni deyirəm ki, səbəb nədir? Biz danışırıq, insanların hüquqlarını müdafiə edirik. Ancaq yoxlayanda məlum olur ki, ev tikilir, evin sənədi alınmamış, sakinlərin əlində sənəd olmamış gedib girirlər mənzillərə. O cür evə girmək də düzgün deyil. Bu adam ev tikəndən, evi satandan sənəd tələb eləməlidir. Yəni belə məsələlər var və bunun üzərində iş gedir, mən bunları sonra sizə ayrıca deyərəm. Yəni həqiqətən, yaşayış evlərinin 50 faizindən istifadə edən vətəndaşların əllərində orderləri yoxdur. Ev tikənlə müqaviləsi var ki, ödənişlərini axıra kimi eləməlidirlər. Bunlar bir az mürəkkəb məsələlərdir. Buna da, – artıq tapşırıq var, – nəzarət edirlər, məsələnin üzərində işləyirlər. Rafiq Məmmədhəsənov, buyurun.
R. Məmmədhəsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də parlamentin 90 illiyinin yüksək səviyyədə keçirilməsinə görə ölkə Prezidentinə, parlamentin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Mən çox qısa danışacağam.
Gədəbəyin bir problemi meydana çıxıb, onu burada çatdırmaq istəyirəm. Bildiyinizə görə qərb bölgəsinə, xüsusən də Gədəbəy rayonuna bu yaxınlarda çox iri dolu düşmüşdü. Dolu evlərin damlarını zədələyib şiferləri dəlmə-deşik, yararsız hala salıbdır. İndi seçicilərim mənə müraciət eləyiblər. Onlar xahiş eləyirlər ki, Fövqəladə Hallar Nazirliyi belə təbii fəlakətlər zamanı bir çox rayonlarda böyük bərpa işləri görsünlər. Ona görə də mən Fövqəladə Hallar Nazirliyindən, əlaqədar təşkilatlardan xahiş eləyirəm, bu işə nəzər və diqqətlərini artırsınlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür eləyirəm, möhtərəm Sədr. Bu gün iyunun 24-dür. Bu gün zəmanəmizin ən böyük siyasətçilərindən və demokratlarından biri, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 70 illiyidir. Bu münasibətlə xalqımızı və Elçibəysevərləri Müsavat deputat qrupu adından təbrik edirəm. Hesab edirəm ki, Azərbaycan tarixində özünəməxsus yer qazanmış Əbülfəz Elçibəyin haqqında ölkənin Parlamenti də müvafiq qərarlar qəbul edəcəkdir.
Burada parlamentin 90 illiyi ilə bağlı keçirilmiş tədbir haqqında səslənən müsbət fikirlərə mən də qoşuluram. Eyni zamanda, deputat Sabir Rüstəmxanlının dediyi məsələyə bir daha diqqətin cəlb edilməsini zəruri sayıram. Həqiqətən, Azərbaycan parlamentinin tarixində 1991-ci ilin oktyabr ayında təşkil olunmuş Azərbaycan Milli Şurası və 1993-cü il may ayının 19-da rəsmən Azərbaycan Respublikasının Milli Məclisi adlandırılmış ali qanunvericilik orqanının müstəsna əhəmiyyəti olmuşdur. Onun fəaliyyəti bizim parlament tariximizin silinməz səhifələridir.
Bu gün, səhv eləmirəmsə, biz sessiyanın iki növbədənkənar iclası haqqında qərar qəbul etməliyik. Əgər məsələ belədirsə, mən təklif edərdim ki, bu gün parlamentin növbəti iclaslarının keçirilməsi haqqında Milli Məclis qərar qəbul etsin, çünki yaz sessiyasının illik planına daxil olan olduqca mühüm qanunları hələ də müzakirəyə çıxarmamış və qəbul etməmişik. Belə çıxır ki, bu şəkildə də fasiləyə gedəcəyik. Mən ilk növbədə Təhsil haqqında qanunu qeyd etmək istəyirəm. Bu yaxınlarda orta məktəblərdə imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsində yaranmış vəziyyət bu məsələnin nə qədər aktual və mühüm olduğunu aşkara çıxardı. Hesab eləyirəm ki, əlbəttə, müstəsna dərəcədə zəruri və əhəmiyyətlidir ki, Təhsil haqqındakı qanun müzakirə edilib qəbul olunsun. Hər halda bir sıra problemlərin aradan qaldırılmasına əvvəlcədən mühüm şərait yaranardı. Bu gün Avropa Şurasının iclasında Azərbaycanda demokratik təsisatların vəziyyəti və Azərbaycanın öhdəlikləri barədə məsələ müzakirə olunur. Hesab eləyirəm ki, parlament adından həbsdə olan jurnalistlərin azad olunması və siyasi məhbus məsələsinin həlli barədə ölkə rəhbərliyinə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət faydalı olardı. Gəlin, öz problemlərimizi özümüz həll edək. Xaricdə beynəlxalq təşkilatlarda bu məsələlərin müzakirəsinə yol verilməsi, hesab eləyirəm ki, bizim öz passivliyimiz və günahımızdır. Bu məsələlərin aradan qaldırılması Azərbaycanın mənafeyinə uyğun olardı.
Nəhayət, axırıncı 10 saniyədə bir məsələyə də diqqəti cəlb eləmək istəyirəm. Bu yaxınlarda 5 nəfərin həlak olduğu çox ağır avtoqəza hadisəsi oldu. Hesab eləyirəm, yolların işıqlandırılması məsələsi təcili həll olunmalıdır.
Sədrlik edən. Çox sağ olun. Mən indi cavab verəcəyəm, amma Pənah bəy, tək Sizə yox. İki məsələni qeyd eləmək istəyirəm. Birinci, Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar verdiyi sərəncamda Milli Məclisə aid tövsiyələr var idi. Biz çalışdıq ki, 90 illiyi həmin tövsiyələrə uyğun olaraq qeyd eləyək. İclasımızı keçirdik, bayramı yüksək səviyyədə qeyd elədik. İndi burada da, çox sağ olun, layiqli qiymət verdiniz, amma əmmasız olmadı. Belə məsələ çıxdı ki, 1991–1993-cü illər sayılmayıb. Bu, “sayılmadı” söhbəti deyil. Biz əgər bütün parlament tarixini yazsaydıq, gərək ötən əsrin 1920–1990-cı illərini əhatə edəydik. Həmin dövr də Azərbaycan tarixidir. Onda bütün sovet dövrü parlamentinin fəaliyyətini də qeyd etməli idik. Axı, bu da həyatımızdır. Bunu da biz, bizim babalarımız yaşayıb.
Kitabları buraxanda məqsədimiz o idi ki, biz 90 il öncə parlamentin yaranmasını və III çağırış Milli Məclisin fəaliyyətini orada qeyd edək. Biz burada ümumi parlament tarixini yazmamışıq. Mən bunu sizin nəzərinizə çatdırmaq istəyirdim. Bir də, Pənah bəy, Sizin verdiyiniz digər suallara da çalışırıq, cavab verək. Cavablandırılası başqa suallar qalmadı ki? Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Mən də qeyd eləmək istəyirəm ki, doğrudan da, 90 illiklə bağlı möhtəşəm yubiley tədbirləri keçirildi. Azərbaycanın tarixi və parlamentin Azərbaycan tarixində rolu baxımından bu, çox önəmli idi. Mən bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında müstəsna xidmətləri olmuş Əbülfəz Elçibəyin doğum günü münasibəti ilə bütün Elçibəysevərləri və xalqımızı parlamentin tribunasından təbrik eləyirəm. Hesab eləyirəm ki, təkcə elə bir işə – rus ordusunu Azərbaycan ərazisindən çıxardığına görə, Əbülfəz bəyin yubileyi dövlət səviyyəsində də qeyd oluna bilərdi. Mən hələ onun digər əla xidmətlərini sadalamıram.
Bununla yanaşı, Oqtay müəllim, dünən Azərbaycan Respublikasının Prezidenti tərəfindən bizim Milli Məclis Aparatının bir qrup işçisi təltif olunub. Mən onların adlarını bir-bir sadalamıram, bu münasibətlə həmin şəxsləri təbrik eləyirəm. İstəyərdim ki, Azərbaycan Respublikasının Prezidentinə də diqqətinə görə Milli Məclis adından təşəkkür eləyək.
Bundan başqa, iyun ayının 26-sı Silahlı Qüvvələr günüdür və hərbi parad keçiriləcək. Mən bu münasibətlə Oqtay müəllim, Sizi, Milli Məclis üzvlərini və xalqımızı təbrik eləyirəm. Həm də bilmək istəyərdim ki, o parada biz də dəvətliyik, yoxsa yox? Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Dəvətli olub-olmadığımızı mən də bilmirəm. Yəqin ki, bu günlərdə xəbərimiz olacaq. Siyavuş Novruzov buyursun.
S. Novruzov. Təşəkkür eləyirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Oqtay müəllim, mən də həmkarlarımın dediyi fikirlərə qoşularaq parlamentin yüksək səviyyədə keçirilən 90 illik yubileyi ilə əlaqədar, Siz başda olmaqla təşkilat komitəsinə və tədbirdə fəal şəkildə iştirak eləyən deputatlara təşəkkürümü bildirirəm.
Mən bir neçə məsələyə də toxunmaq istəyirəm. Birincisi, bilirsiniz ki, yaxın günlərdə Amerika Birləşmiş Ştatlarının Konqresində Dağlıq Qarabağla bağlı dinləmələr keçirilib. Bununla bağlı Yeni Azərbaycan Partiyası öz bəyanatını göndəribdir. Hesab eləyirəm ki, heç olmasa, parlament ya qrup şəklində, ya da başqa bir formada buna öz etirazını bildirməlidir. Bu məsələ Amerika Birləşmiş Ştatlarının Konqresində müzakirə obyekti olmamalıdır.
Digər bir tərəfdən, burada bir neçə məsələyə toxunuldu, jurnalistlərlə və başqa-başqa məsələlərlə bağlı çıxışlar oldu. Bilirsiniz, yenə deyirəm, hamı qanun qarşısında bərabərdir. Biz dəfələrlə bu məsələni qaldırmışıq, Azərbaycanda “siyasi məhbus” anlayışı yoxdur. Azərbaycan Avropa Şurasının üzvüdür, əgər kiminsə hüququ pozulubsa və ona bu məhkəmələr düzgün qiymət verməyibsə, Avropa Məhkəməsinə müraciət edə bilər. Bununla da məsələ həll olunur. Azərbaycan Avropa Şurasına daxil olana qədər bu məsələni ortaya atırdılar, amma artıq onun yeri yoxdur. Yenə deyirəm, hər kəs qanun qarşısında cavabdehlik daşıyır.
Burada o dövr üçün parlamentin fəaliyyəti ilə bağlı bir fikir söylənildi. Təbii ki, Müstəqillik Aktının qəbul olunmasında və digər məsələlərdə xidmətləri olubdur. Amma ümummilli liderimiz Heydər Əliyev parlamentə Sədr gələnə qədər bu parlament hansı oyunlardan çıxırdı, onun da şahidiyik. Burada siqaret tüstüsündən göz-gözü görmədiyi halların da şahidi olmuşuq. Burada bir nazirin o biri naziri döyməyinin də şahidi olurduq. Ərazilərimizin işğal olunmasının, hakimiyyət çevrilişlərinin bazası da məhz elə bu parlamentdə qoyulmuşdu. Bütün bunlar Azərbaycan xalqının yaddaşında qalıbdır. Ona görə də hər bir məsələyə gərək hərtərəfli qiymət verəsən. Mən hesab eləyirəm ki, həmin bukletlərdə də müəyyən məsələlər düzgün həllini tapıbdır və gələcəkdə bu bir tarixi araşdırma obyekti olarsa, parlamentdə kimin kim olduğu bəlli olacaqdır. Mən qarşıdan gələn Silahlı Qüvvələr günü münasibəti ilə bütün əsgərlərimizi təbrik eləyirəm. Parlamentin 90 illiyidir və imkan varsa, parlamentin adından orduya bir təbrik göndərək.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli, buyurun.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Biz Azərbaycan parlamentinin 90 illik yubileyinin təntənəsinin təsiri altındayıq. Deyirlər ki, bir yaxşı, bir də yaman günlər milləti, insanları birləşdirir. Güman edirəm ki, o təntənəli mərasimdən sonra biz bu gün Milli Məclisdəki fikirlərimizi eyni not üzərində kökləməliyik. Giley-güzarlamızı sonrakı iclaslara saxlasaq, daha məqsədəuyğun ola bilər. Təbii ki, bu barədə hərənin öz fikri var, mən də belə düşünürəm.
Azərbaycan parlamentinin 90 illik yubileyində bu tərkibin iştirak etməsi və bu tədbirin, Oqtay müəllim, Sizin rəhbərliyiniz altında keçirilməsi bir tarixi missiya idi. Bu bizim taleyimizə yazılan günlərdən biri idi. Güman edirəm ki, bu missiya kifayət qədər uğurla yerinə yetirildi.
Bu, sadəcə olaraq, bir yubiley tədbirinin keçirilməsi kimi yox, beynəlxalq aləmin Azərbaycana diqqətini cəlb etmək, Azərbaycanın tarixinə parlamentin münasibətini ifadə etmək, taleyüklü məsələlərə Azərbaycan parlamentinin daim çevik mövqeyini ifadə etmək kimi başa düşülməlidir. Burada çıxış edən xarici ölkə nümayəndələrinin hər birinin Azərbaycanın ərazi bütövlüyünü etiraf etməsi çox böyük siyasi əhəmiyyət kəsb edir. Bizə bu fikir lazım idi, biz bunu əldə edə bildik. Bu cəhətdən yubiley şənliyi diqqətçəkən məqamlardan biridir.
İkincisi, Azərbaycanın tarixinə diqqət yetirən və o dövrlə az-çox məşğul olan, hər bir insanın çıxışlarında Şərqdə – İslam dünyasında məhz demokratik proseslərin əsasının Azərbaycan tərəfindən qoyulduğunun və bu demokratik ənənələrin bu gün Azərbaycan parlamenti tərəfindən qorunmasının etirafı da həmin cəhəti ifadə etdi və bu, yubileyin keçirilməsinin əsas məziyyətlərindən biri oldu. Mən güman edirəm ki, Azərbaycanın tarixi taleyi ilə bağlı olan bu məsələnin yüksək səviyyədə keçirilməsi diqqətçəkən məsələdir. Burada heç bir qüsur axtarmaq lazım deyil, tədbir kifayət qədər uğurla keçirildi. Allah qismət eləsin, gələcək nəsillər parlamentin 95 illik yubileyini keçirəndə bizim Qarabağ problemimiz olmasın, daxildə həmrəylik olsun və Azərbaycanın hər bir vətəndaşı öz müstəqillik haqqı ilə sevinə bilsin. Sağ olun.
Sədrlik edən. Çox sağ ol. Allah sənin bu niyyətlərini çin eləsin! Yaxşı niyyətdir. Fuad Muradov.
F. Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bütün təbriklərə, xoş sözlərə qoşuluram. Həqiqətən də, həm maarifləndirmə baxımından böyük tədbir idi, həm də biz artıq yeni addımlar atdıq. Bununla da parlamentin cəmiyyətdə nüfuzu bir daha vurğulandı. Cənab Prezidentimizə öz adımızdan və gənclərin adından təşəkkürümüzü bildiririk ki, bizə dəstək oldu və biz belə bir tədbiri yüksək səviyyədə keçirə bildik. Parlament rəhbərliyi və hər bir işçi bu tədbirin həyata keçirilməsi üçün çox əziyyət çəkib.
Oqtay müəllim, mən istərdim ki, bir təklif də irəli sürüm. Biz hamımız gördük ki, əməkdaşlıq etdiyimiz ölkələr, əsasən, parlament tipli ölkələrdir. Bizim parlamentlərlə güclü əlaqələrimiz olarsa, Qarabağ həqiqətlərini də dünyaya çatdırmaq daha rahat olar. Bu daha düzgün istiqamət olardı. Bunu nəzərə alaraq təklif eləmək istəyirəm ki, parlamentdə Avrointeqrasiya komissiyası yaransın və bu komissiya vasitəsi ilə müxtəlif Avropa dövlətlərinin parlamentləri ilə iş aparılsın. Həqiqətən də, bizim parlamentlərarası əlaqələrimiz nə qədər güclü olarsa, bu bir o qədər də bizim xarici diplomatiyaya dəstək olar. Belə olarsa, biz problemlərimizi daha qabarıq şəkildə onlara çatdırmış olarıq.
Eyni zamanda, heç kimə sirr deyil ki, bu gün bizim qanunlarımız, əsasən, Avropa standartlarına uyğun qəbul olunur. Ona görə də belə bir komissiyanın olması həm qanunvericilik, həm də ümumi əlaqələrin qurulması baxımından çox vacibdir. Mən artıq bununla bağlı bir neçə nümunə hazırlamışam, icazə versəniz, onu Sizə təqdim edərdim. Digər ölkələrdə bu proses necə tənzimlənir? Müstəqillik qazanmış ölkələrdə bu çox yaxşı nəticə verir. Çünki biri var, haradansa ekspertlər dəvət eləyəsən ki, bizim qanunvericiliyə rəylərini bildirsinlər, bir də var ki, həmin parlamentlərlə əməkdaşlıq edəsən və Avrointeqrasiya komissiyası həmin qanunlarla əlaqədar olaraq o parlamentlərlə işləsin. Mənə elə gəlir ki, bu, son nəticədə bizim möhkəm əməkdaşlıq qurmağımıza səbəb ola bilər. Hesab edirəm, biz də Azərbaycan dövləti olaraq maraqlıyıq ki, digər parlamentlərlə əməkdaşlığımız güclü olsun. Nəzərə alaq ki, 90 faiz ölkələrdə parlament nüfuzludur. Parlamentlərin o ölkələrdə nüfuzu çoxdur. Belə bir yubileyi yüksək səviyyədə keçirdiyiniz üçün bir daha öz adımdan və gənclər adından Sizə təşəkkürümü bildirirəm. Bir Azərbaycan gənci kimi fəxr edirəm ki, belə bir tədbirin iştirakçısı olmuşam. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sizin dediyinizdə bir həqiqət var, bəzi millət vəkilləri də bunu dedi. Ermənistan parlamentində belə sektor var. Bu, Beynəlxalq əlaqələr şöbəsinin tərkibində fəaliyyət göstərir. Məsələn, Ermənistanda bu şöbənin tərkibi 28, Gürcüstanda isə 32 nəfərdən ibarətdir. Amma bizim Milli Məclisin müvafiq şöbəsində cəmi 11 nəfər işçi var. Yəni biz bütün beynəlxalq təşkilatları, beynəlxalq qurumları əhatə edə bilmirik. Biz bunun üzərində işləyirik. Yəqin ki, o səviyyədə olmasa da, müəyyən artımlar edəcəyik ki, bu şöbə öz işini müasir tələblərə uyğun davam etdirə bilsin. Çox sağ olun, müzakirəni yekunlaşdıraq.
Texniki səbəblərə görə biz gündəliyi səsə qoya bilmədik. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 1-ci məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Fransa Respublikası Hökuməti arasında 2007-ci il noyabrın 14-də imzalanmış Maliyyə Protokolunun icra edilməsi məqsədi ilə Azərbaycan Respublikası Hökuməti adından çıxış edən İqtisadi İnkişaf Nazirliyi və Fransa Respublikası Hökuməti adından çıxış edən Natixis Banques Populaires arasındakı Kredit Müqaviləsinin təsdiq edilməsi haqqındadır. Bu məsələyə iki komissiyada baxılıb. Buyurun, Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Adı çəkilən Kredit Müqaviləsi 16 maddədən ibarətdir. Həmin maddələrdə kreditin məbləği və məqsədi, kredit almaq hüququnun verilməsi, ilkin şərtlər, kredit verilməzdən əvvəl yerinə yetirilməli olan şərtlər, kreditin verilməsi, əsas məbləğin qaytarılması, kontraktla bağlı tələblər və ya istisnalar, hesablama valyutası və onun ödənişi, vergilər, kontrakt çərçivəsində verilən zəmanətlərin tətbiqi ilə əlaqədar olaraq yaranan məbləğin qaytarılması və kredit müqaviləsinə xas olan digər şərtlər əksini tapmışdır. Bu sazişə İqtisadi siyasət daimi komissiyası müsbət münasibət bildirmiş və millət vəkillərindən onun təsdiq edilməsini xahiş edir. Yəqin ki, hörmətli Çingiz müəllim də bəzi məqamlara toxunacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Əsədullayev, buyurun.
Ç. Əsədullayev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk öncə sizin hamınızı ötən həftə qeyd etdiyimiz Azərbaycan parlamentinin 90 illik yubileyi münasibəti ilə təbrik edirəm. Çox sevindirici haldır ki, ulu öndərin rəhbərliyi altında yaranmış müasir Azərbaycan parlamenti bu gün də cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğını hiss edir. Ölkə başçısının parlamentin təntənəli yığıncağında iştirakı bunun sübutudur. Verilən fürsətdən istifadə edib bu günü bizə yaşatdığına görə cənab Prezidentə dərin minnətdarlığımızı bildirirəm. Təbii ki, parlamentlə Prezident arasında yaranmış bu cür isti münasibətlər ilk növbədə parlament rəhbərliyinin səylərinin nəticəsidir. Buna görə də bir qrup deputat adından, Oqtay müəllim, şəxsən Sizə təşəkkürümüzü bildirmək istərdik.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ziyad müəllim müzakirəyə təqdim olunan qanun layihəsinə dair məlumat verdi. Əlavə olaraq qeyd etmək istərdim ki, bu məsələ bizim komissiyamızda da ətraflı müzakirə olunaraq yekdilliklə qəbul olunmuşdur. Qeyd etmək istərdim ki, son illər aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkəmizdə əlverişli investisiya mühiti yaradılmışdır. Bu istiqamətdə müvafiq qanunvericilik bazası da təkmilləşdirilmişdir. Hesab edirəm ki, adı gedən qanun layihəsi də bu sıradan olan bir sənəddir və onun tərəfimizdən təsdiq olunması məqsədəuyğundur. Əlavə olaraq demək istərdim ki, faiz dərəcələri, məbləğ Azərbaycan Respublikası üçün çox sərfəli şərtlərdir. Parlament üzvlərindən xahiş edərdim ki, bu sənədi dəstəkləsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 2-ci məsələsi “2008–2010-cu illər üçün narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədədir. Rövşən Rzayev, buyurun.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2008–2010-cu illər üçün narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında proqram 2007-ci ilin 5 oktyabr tarixində Düşənbə şəhərində MDB-nin dövlət başçıları Şurasının qərarı ilə təsdiqlənib. Konstitusiyanın 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq cənab Prezident qeyd olunan qərarı təsdiq edilmək üçün Milli Məclisə təqdim edib.
Proqramın məqsədi narkotik vasitələrin, psixitrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin bu sahə üzrə fəaliyyət göstərən orqanlarının əməkdaşlığını təmin etməkdir. Proqramın həllini tələb edən müəyyən məsələlər göstərir ki, bu sahələr üzrə beynəlxalq hüquq bazasının genişləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi, birgə xüsusi əməliyyatın keçirilməsi, informasiya mübadiləsinin təminatı, mütəxəssislərin ixtisasının artırılması vacibdir.
Bildiyiniz kimi, bu vaxta qədər proqramın həyata keçirilməsi üçün müəyyən qədər təşkilati tədbirlər həyata keçirilibdir. Məsələn, 2005-ci ildə qəbul etdiyimiz “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Qanunda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının, sərhəd qoşunlarının, kənd təsərrüfatı sahəsində çalışan əməkdaşların birgə fəaliyyəti hüquqi əsaslarla müəyyən edilir.
Cinayət Məcəlləsinin 234-cü maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlamaq, istehsal etmək, əldə etmək, saxlamaq, daşımaq, göndərmək və ya satmaq cinayət sayılır. Keçən iclasların birində MDB ölkələrinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun tərkibində Mərkəzi Asiya regionunda regional əməliyyat qrupunun yaradılması üzrə saziş təsdiqlənmişdir. 2006-cı ilin payız sessiyasında 2005–2008-ci illər üçün hazırda müzakirə etdiyimiz kimi, proqram təsdiqləmişdik. Bu cür proqramın icrası hüquq mühafizə orqanlarının fəaliyyətini sistemləşdirir və məqsədyönlü edir. Qeyd etmək lazımdır ki, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə MDB ölkələrində gizlənən şəxslərin aşkar edilib məsuliyyətə cəlb edilməsi beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirilə bilər. Beynəlxalq əməkdaşlığın hüquqi əsasını isə proqramlar, sazişlər və digər normativ hüquqi aktlar təşkil edir. Təklif edirəm ki, bu qərarı təsdiq edək. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Çingiz müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu, çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 4
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Hərbi qulluqçuların statusu haqqında”, “Dövlət qulluğu haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır. İcazənizlə, bu qanun layihəsi barədə ilk öncə mən məlumat verim.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinə dəyişiklik edilir. 10-cu maddənin ikinci hissəsindən “Dövlət qulluqçularının əmək haqqı artırıldıqda və dolanacaq xərclərinin indeksi dəyişildikdə hərbi qulluqçuların təminat xərcliyinin normaları da yüksəldilir” cümləsinin çıxarılması tövsiyə olunur. Burada məqsəd nədən ibarətdir? İş ondadır ki, hazırda qüvvədə olan qanunvericiliyə görə penitensiar sistemdə, yəni ədliyyə orqanlarında, dövlət qulluğunda və orduda xidmət edən şəxslərin maaşları bir-birindən asılı vəziyyətdədir. Biz komissiya olaraq təklif etdik ki, müvafiq qanunlarda dəyişiklik edilərək bu asılılıq aradan qaldırılsın. Məsələn, biz əgər hərbi qulluqçuların təminat xərcliyi normalarını yüksəltmək istəyiriksə, bunun üçün mütləq gərək dövlət qulluqçularının maaşları artırılsın. Halbuki dövlət qulluqçularının maaşları onsuz da periodik olaraq artırılır. Biz istəyirik ki, ordumuzda və digər hərbi birləşmələrdə xidmət edənlərin də maaşlarında kifayət qədər sanballı artımlar olsun. Onun üçün, əlbəttə, bu asılılıq aradan qaldırılmalıdır. Bu ondan ötrü vacibdir ki, ölkə başçısı lazım olan vaxtda penitensiar sistem işçilərinin, dövlət qulluqçularının və təbii ki, orduda xidmət edən şəxslərin, zabitlərin və gizirlərin maaşlarını ayrıca qaldırmaq imkanı əldə etsin.
Hörmətli deputatlar, dünən bizim Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası bu məsələnin müzakirəsi ilə bağlı iclas keçirtdi. Sizə paylanan layihədə nəzərdə tutulur ki, 10-cu maddənin ikinci hissəsinin ikinci cümləsi də çıxarılsın. Həmin cümlədə deyilir ki, zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Gördüyünüz kimi, burada da asılılıq var. Nədənsə vaxtilə qanunvericilikdə bu müddəa da qəbul olunubdur. “Dövlət qulluğu haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul ediləndə, təəssüf ki, orduda xidmət edən şəxslərin maaşları dövlət qulluğunda işləyən şəxslərin maaşlarına bağlanıb və bu asılılıq yaranıbdır. Amma dünən komissiya iclasının gedişində məlum oldu ki, bəzi həmkarlarımız bunu başqa cür yozurlar. Sonradan biz fikirləşdik ki, doğrudan da, bəzi insanlar bunu başqa cür yoza bilərlər. Belə olarsa, bizim ortaya qoyduğumuz xoş niyyət bir tərəfdə qalacaq. Bu qanuna kölgə salınmasın deyə, biz Səfa müəllimlə, Nizami müəllimlə məsləhətləşdik. Cənab Sədrə məruzə etdik. Çox sağ olsun, bizə dəstək verdi. Hesab edirik ki, bu hissənin qalmağı zəruridir. Sizə paylanan variantda nəzərdə tutulur ki, çıxarılsın. Amma düzgün başa düşülsün və müxtəlif yozumlar olmasın deyə, biz hesab etdik ki, bu qalmalıdır. Baxmayaraq ki, hətta bu çıxarılsa belə, heç nə dəyişmir. Məqsəd penitensiar sistemdə və orduda xidmət edən şəxslərin sosial, maddi təminatını yaxşılaşdırmaqdır. Amma yenə deyirəm, başqa cür yozulmasın deyə, qərara gəldik ki, bu məsələ olduğu kimi qalsın.
Fikrimi bir qədər də aydınlaşdırmaq istəyirəm. Nə üçün əvvəl nəzərdə tutulmuşdu ki, ikinci hissənin ikinci cümləsi çıxarılsın? Həmin cümlədə orta əmək haqqından söhbət gedir. Biz araşdırdıq, məlum oldu ki, orta əmək haqqı adlı anlayış yoxdur. Bu, sovet dövründən qalan bir anlayışdır. Yaxud deyilir ki, hərbi qulluqçuların vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Hansı dövlət qulluqçusundan söhbət gedir? Dövlət qulluqçularının 9 təsnifatı var, müxtəlif kateqoriyaları var. Axı, təsnifata uyğun olaraq yüksək maaşlar və aşağı maaşlar var. Biz hərbçiləri hansı təsnifata uyğunlaşdırmalıyıq? Yəni belə anlaşılmazlıqlar var. Hesab edirəm ki, bunlar vaxtı gələndə düzəlməlidir, amma hazırda müxtəlif yozumlar olmasın deyə, komissiya belə qərara gəlir və sizdən də xahiş edir ki, bunu müdafiə edəsiniz. Həmin cümlə qanun layihəsində olduğu kimi qalır. Diqqətinizə görə təşəkkür edirəm. Aydın Həsənov, buyurun.
A. Həsənov. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsini saxladığınıza görə mən də Silahlı Qüvvələrdə xidmət edən zabitlərimizin adından sizə öz dərin minnətdarlığımı bildirirəm. Heç şübhəsiz, Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri ordu quruculuğunun sürətləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki təchizatının, zabit və gizirlərimizin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu sahədə hər il əmək haqlarının, digər sosial ödəmələrin artırılması müzakirə mövzusu olur və bir sıra real tədbirlər görülür.
Hərbi xərclərin artırılması, kadr potensialının yüksəldilməsi Azərbaycan hakimiyyətinin önəm verdiyi sahələrdəndir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndiriləcəkdir. Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi çox sürətlə gedir. Biz hərbi xərclərə böyük diqqət yetiririk. Azərbaycanın hərbi xərcləri bu il 1 milyard 200 milyon dollar səviyyəsinə çatdırıldı. Çox böyük sayda silah, hərbi sursat alınır və bu siyasət davam etdiriləcək. İqtisadi inkişafla bahəm ordu quruculuğuna göstərilən diqqət, hərbi və təhlükəsizlik məsələlərinə büdcədən ayrılan vəsaitin bir neçə dəfə artırılması ulu öndərimizin bununla bağlı tövsiyələrinə, həqiqətən, ciddi əməl olunmasından xəbər verir. Dövlət başçısı cənab İlham Əliyevin orduda islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərinə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır.
Müzakirəyə çıxardığımız “Hərbi qulluqçuların statusu haqqında”, “Dövlət qulluğu haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunlarında edilən dəyişikliklər məqsədəuyğundur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər mahiyyət etibarilə ədliyyə orqanlarında işləyənlərin sosial rifahının yüksəlməsinə xidmət edir. Dövlətin gəliri artdıqca hərbi qulluqçuların və ədliyyə sistemində işləyənlərin əmək haqları da artırılacaqdır.
Yeri gəlmişkən, Silahlı Qüvvələrdə xidmətdə olan, vətənimizin keşiyində duran bütün əsgərlərimizi, gizirlərimizi, zabit heyətimizi Silahlı Qüvvələrin 90 illiyi münasibəti ilə təbrik edir, torpaqlarımızın yağı düşməndən azad olunmasında onlara uğurlar arzulayıram! Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Mən də çıxışımın əvvəlində şanlı Silahlı Qüvvələrimizin zabit və əsgər heyətini Silahlı Qüvvələrin 90 illiyi münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti onlara minnətdardır.
Müharibə vəziyyətində olan Azərbaycanda cəmiyyətin və dövlətin bütün resursları dövlətimizin varlığı və mövcudluğu üçün həlledici əhəmiyyətə malik olan Silahlı Qüvvələrin və onların şanlı heyətinin təminatına yönəldilməlidir. Bu baxımdan mən bu gün başqa bir məzmunda çıxış hazırlamışdım. Amma “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan dəyişikliklərdən birincisinin, yəni “zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz” müddəasının çıxarılması ilə bağlı dəyişikliyin edilməməsi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişir. Mən bu müddəanın burada saxlanılmasını olduqca vacib hesab edirəm.
Hörmətli millət vəkilləri, bu müddəanın hüquqi baxımdan qüsurlu olub-olmaması barədə müzakirələr aparmaq olar. Amma bu müddəanın fəlsəfəsi həmin maddənin birinci hissəsində ifadə olunmuşdur. Bu, “Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır” müddəasının fəlsəfəsinə və konsepsiyasına uyğun olaraq verilmişdir. Bu qanunda hərbi qulluq ən üstün dövlət qulluğu kimi təsbit olunmuşdur. Bu baxımdan heç bir halda yol vermək olmaz ki, dövlət qulluğu sahəsində müvafiq vəzifə maaşları hərbi qulluqdakından yüksək olsun. Bu məsələ müzakirə edilərkən bizim irəli sürdüyümüz fikrin mahiyyəti bundan ibarət idi.
Əlamətdar haldır ki, hərbi qulluqçular haqqında məsələ Silahlı Qüvvələrimizin 90 illiyi ərəfəsində müzakirə olunur. Biri gün də bizim Azərbaycan Silahlı Qüvvələrinin tarixində ikinci dəfə hərbi paradın keçiriləcəyi gözlənilir. Hamımız böyük həyəcanla gözləyirik və bu tədbirin uğurlu alınmasını ürəkdən arzu edirik. Bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan dövlətinin öz torpaqlarını azad etmək əzmi və iradəsi, şübhəsiz ki, nümayiş etdirilməlidir. Buna qoşuluram.
Amma bu maddənin axırıncı abzası, yəni “hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur” müddəası qaldığına görə mən istərdim ki, ölkə Prezidenti tərəfindən hərbi qulluqçuların əmək haqlarının, vəzifə maaşlarının, onlara əlavələrin, onların ərzaq təminatının və mənzilə görə verilən əlavə təminatın ən azı iki dəfə artırılması haqqında müvafiq sərəncam imzalansın. Bu bizim hərbi qulluqçulara olduqca böyük bir hədiyyə olardı. Çünki bizim hesablamalarımıza görə, 10-cu maddənin ikinci hissəsindəki “...dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz” müddəasının həyata keçirilməsi üçün müvafiq pul təminatlarının ən azı iki dəfə artırılması tələb olunur. Bu baxımdan mən güman edirəm ki, müvafiq qərarlar veriləcək. Ölkənin maddi, maliyyə vəziyyəti hətta ən ağır vəziyyətdə olsaydı belə, hərbi qulluqçuların əmək haqlarının artırılması, onların xüsusilə mənzil təminatı ilə bağlı olan tədbirlərin həyata keçirilməsi üçün lazım gələrsə, Azərbaycan vətəndaşlarının da vəsaitlərinin cəlb olunması bütün xalqımız tərəfindən, şübhəsiz ki, yekdilliklə bəyənilən bir addım olardı.
Bu qanunun müzakirəsindən istifadə edərək bir neçə məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Azərbaycan Konstitusiyasına uyğun olaraq Azərbaycanın müdafiə doktrinasının qəbul olunması bütövlükdə bizim hərbi qanunvericiliyimizin küll halında, sistem halında təkmilləşdirilməsi üçün stimul yaradardı. Ona görə də çıxışımın sonunda müdafiə doktrinasının ən yaxın bir zamanda Milli Məclisə təqdim olunmasının və burada təsdiq olunmasının vacib olduğuna diqqətinizi cəlb edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Ümummilli liderimiz 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdə dövlət quruculuğunda xüsusi yeri olan ordu quruculuğu ilə ilk günlərdən məşğul olmağa başladı. Sabitliyin pozulduğu, hər bir siyasi partiyanın hərbi batalyonlarının olduğu bir vaxtda, həm də erməni təcavüzünə məruz qalan bir ölkədə tezliklə ordunu təşkil etməyin nə dərəcədə çətin olduğu hamıya məlumdur. Bunu yalnız müdrik siyasətçi, cəsarətli sərkərdə, xalqın inam və məhəbbətini qazanmış Heydər Əliyev bacarardı.
Milli ordumuz 1993–1994-cü illərdə erməni işğalçılarının hücumunun qarşısını aldığına görə atəşkəsə nail olduq. 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd zamanı silahlı bandaları ordumuzun necə tərk-silah etməsinin canlı şahidləriyik. 1995-ci il mart hadisələrində Azərbaycan ordusunun Ali baş komandanın əmrini necə cəsarətlə yerinə yetirdiyini unutmaq olmaz. Yaxın tariximizdə neçə-neçə siyasətçinin öz mövqeyini dəyişməsi, dövlət strukturlarında yüksək vəzifə tutan məmurların separat danışıqlara girib dövlətçiliyə qarşı çıxmaları hamımızın yadındadır. Milli ordumuz bütün dövrlərdə dövlətçiliyimizə və Ali baş komandana sədaqətlə xidmət etmişdir.
Ordu dövlətin dayağıdır. Bunu yaxşı bilən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ordunun möhkəmlənməsi, yüksək peşəkarlığa yiyələnməsi üçün ciddi tədbirlər həyata keçirməkdədir. Azərbaycan ordusu gündən-günə inkişaf edir. Ordunun maddi-texniki imkanları, təlim-döyüş qabiliyyəti, əhvali-ruhiyyəsi yüksək səviyyədədir. NATO standartlarına keçid sürətlə gedir. Azərbaycan Silahlı Qüvvələri 50 ölkənin silahlı qüvvələri ilə əməkdaşlıq edir. Türkiyə, Amerika Birləşmiş Ştatları, Pakistan, İngiltərə və başqa 24 ölkə ilə hərbi sahədə sazişlər bağlanıb və ikitərəfli öhdəliklər götürülüb. İndi orduda bütün sahələr üzrə kadrlar hazırlanır. Onlar müxtəlif ölkələrin təcrübəsini öyrənir, döyüş taktikalarını mənimsəyirlər. Sülhməramlı qüvvələrimiz İraqda, Əfqanıstanda və başqa ölkələrdə xidmət edirlər. Hərbi təhsil sisteminin yeniləşməsi, hərbi texnikanın modernləşdirilməsi, təyyarə meydanlarının təkmilləşdirilməsi, təlimlərin intensivləşdirilməsi və onların NATO standartlarına uyğunlaşdırılması, nəhayət, büdcədən hərbi xərclərə kifayət qədər vəsaitin ayrılması Azərbaycan ordusunun daha böyük gücə malik olmasına imkanlar yaradır. Azərbaycan ordusuna inamını daim nümayiş etdirən cənab İlham Əliyev Qarabağ münaqişəsinin həlli üçün apardığı danışıqlarda xalqın iradəsini və istəyini əks etdirən məsələlərin həll edilməsini cəsarətlə irəli sürür.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər lazımlı və vacibdir. Bu dəyişikliklər Azərbaycan ordusunun inkişafına, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, döyüşçülərimizdə qələbə ruhunun yüksəlməsinə xidmət edəcəkdir. Bu səbəbdən qanun layihəsindəki dəyişikliyə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram.
Fürsətdən istifadə edib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi münasibəti ilə Ali baş komandan başda olmaqla Silahlı Qüvvələrimizin şəxsi heyətini ürəkdən təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Vidadi müəllim. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Mən də çox şadam ki, Milli Məclisin rəhbərliyi bizim bəzi millət vəkillərinin narahatçılığını bölüşərək 10-cu maddənin ikinci hissəsindəki birinci dəyişikliyin çıxarılmasına razılıq veribdir. Ziyafət müəllim, Siz burada dövlət qulluqçularının orta əmək haqqının müəyyən olunması ilə bağlı bildirdiniz ki, müxtəlif kateqoriyalı dövlət qulluqçuları var və ona görə onların orta aylıq əmək haqqını müəyyənləşdirmək çətindir. Mən hesab edirəm ki, hökumətimiz sadə bir hesablama apararaq, bütün kateqoriyalardan olan dövlət qulluqçularının aldığı vəzifə maaşlarını toplayıb onların ümumi sayına bölə və beləliklə də, dövlət qulluqçularının orta aylıq əmək haqqını müəyyənləşdirə bilər.
10-cu maddənin ikinci hissəsinin ikinci cümləsində qeyd olunur ki, zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşlarının minimum həddi dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Bu, əlavə təminatdır ki, hərbçilərin maaşları digər kateqoriyadan olan dövlət qulluqçularının orta əmək haqqından az olmasın. Mən vaxtilə parlamentdə məsələ qaldırmışdım və bu gün də buradan səsləndirirəm ki, bizim dövlətin əmək haqqı siyasətində bəzi anlaşılmazlıqlar var. Vaxtilə biz Dövlət Yol Polisinin əməkdaşlarının əmək haqlarını qaldıranda əsas arqument ondan ibarət idi ki, onlar vətəndaşlarla birbaşa təmasda olurlar və rüşvət almaq imkanları var. Ona görə də bunların əmək haqlarını artırmaq lazımdır ki, bu cür neqativ halların qarşısı alınsın. Mən hesab etmirəm ki, əmək haqqı siyasətinin müəyyənləşdirilməsində bu, ciddi arqument ola bilər. Tərtərdə, Goranboyda, digər rayonlarımızda sərhədlərdə qışın soyuğunda dayanan zabitlərimizin aldığı orta aylıq əmək haqqı Dövlət Yol Polisinin heç bir ali təhsil almamış serjantlarının orta aylıq əmək haqqından azdır. Biz bu məsələni dəfələrlə qaldırmışıq. Bu, bizim bütün vətəndaşlarımızı narahat edir. Buna diqqət yetirilməlidir.
Bir neçə gün bundan öncə cənub bölgəsində 22 rayon polis şöbəsinin əməkdaşları ilə korrupsiyaya qarşı dövlət səviyyəsində bir tədbir keçirilirdi. Orada bizim sabiq həmkarımız Əliməmməd Nuriyev də iştirak edirmiş. Mən dünən onunla söhbət etdim. O bildirdi ki, baş əməliyyat müvəkkilləri narazılıq edirlər ki, ali təhsili olmayan yol polisinin əməkdaşı onlardan çox əmək haqqı alır. 240–250 manat məbləğində maaş bu insanların normal yaşayışı üçün kifayət deyil. Elə çıxmasın ki, mən Dövlət Yol Polisi əməkdaşlarının maaşlarının yüksək olmasından narazıyam. Əksinə, mən sevinirəm və hesab edirəm ki, haqlı olaraq, düz olaraq dövlət onların əmək haqlarını artırdı. Amma digər kateqoriyadan olan, xüsusilə sadaladığım şəxslərin də əmək haqlarını biz artırmalıyıq. Bu zaman çalışmalıyıq ki, büdcədən maliyyələşən qurumlarda dövlətin imkanlarına uyğun olaraq bütün kateqoriyadan olan insanların əmək haqları artırılsın. Biz bəzən bir sahədə əmək haqlarını kəskin surətdə qaldırırıq, digər sahə qalır. Bunu mən ədalətsizlik sayıram.
Burada təklif olunur ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin ikinci hissəsinin ikinci abzası çıxarılsın. Həmin abzası oxuyuram: “Dövlət qulluqçularının əmək haqqı artırıldıqda və dolanacaq xərclərinin indeksi dəyişildikdə hərbi qulluqçuların təminat xərcliyinin normaları da yüksəldilir”. Bu da əlavə təminatdır. Burada müvafiq qurumların üzərinə bir növ vəzifə kimi qoyulur ki, dolanacaq xərcləri mütəmadi olaraq yüksəldilsin. Bunu çıxarmaq olmaz. Ümumiyyətlə, biz bu gün bu dəyişikliklərin əleyhinə səs verməliyik. Mən bütün həmkarlarımı buna çağırıram. Ona görə ki, biz müharibə vəziyyətində olan ölkəyik. Milli Məclisin haqqı yoxdur, hərbçilərin əmək haqqı ilə bağlı vəziyyətini pisləşdirən hər hansı bir müddəaya səs versin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, bu qanun layihəsinin məqsədi hərbi qulluqçuların vəziyyətini yaxşılaşdırmaqdır. Sadəcə, Sizi başa düşə bilmirəm. Fikir verin, görün, burada nə deyilir: “Dövlət qulluqçularının əmək haqqı artırıldıqda və dolanacaq xərclərinin indeksi dəyişildikdə hərbi qulluqçuların təminat xərcliyinin normaları da yüksəldilir”. Belə çıxır ki, hərbi qulluqçuların təminat xərcliyinin normalarını yüksəltmək üçün biz mütləq dövlət qulluqçularının maaşlarını artırmalıyıq. Niyə? Niyə dövlət başçısının imkanı olmasın ki, bunu ayrıca etsin? Siz burada məntiqi tutmadınız. Bu dəyişikliyin məqsədi ondan ibarətdir ki, hərbi qulluqçuların vəzifə maaşlarını və təminat xərcliyi normalarını istənilən vaxt büdcə imkanları daxilində qaldırmaq imkanımız olsun. Təsəvvür edin ki, hərbi qulluqçuların maaşını artıranda istər-istəməz, eyni zamanda, dövlət qulluqçularının və penitensiar sistem işçilərinin də maaşlarını artırmalıyıq. Amma bu maaşların eyni zamanda artırılması büdcənin imkanları daxilində deyil. Bu, ayrı-ayrı vaxtlarda olmalıdır. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Müzakirə olunan dəyişikliklər ordunun təminatının daha da yaxşılaşdırılmasına və əsgərlərimizin, zabitlərimizin maddi təminatının, əmək haqlarının artırılmasına yönəldilib.
Mən deputat həmkarlarımın o fikri ilə razıyam ki, əmək haqqı sistemində islahat aparmaq, normal sistem yaratmaq lazımdır. Mən tək ordunu götürmürəm. İcra hakimiyyətini misal gətirək. İcra hakimiyyətinin başçısı 1800 manat, orada çalışan şöbə müdiri, yəni icra hakimiyyətinin başçısı vəzifəsindən 3 pillə aşağı vəzifədə işləyən şəxs 250 manat alır. Bu heç bir yerdə belə ola bilməz. Yaxud nazir 3 min manat, onun yerli idarəsinin rəisi 300 manat alır. Bu ola bilməz. Əmək haqqı sistemində bir sistemləşmə aparılmalıdır. Dünyada maaş 20 şkala üzrə verilir, yəni nazirlə süpürgəçi arasında 20-dən artıq fərq ola bilməz. Bu, dünya sisteminin əsasıdır. Bizdə isə bir sahədə əmək haqqı bir cür, başqa sahədə tamam başqa cürdür. Bunlar ayrı-ayrı dövlətlərdə deyil ki, eyni dövlətdədir də.
İndi müzakirə etdiyimiz qanun layihəsinə gəlincə, deməliyəm ki, hərbçilərin istər əmək haqqı, istərsə də ezamiyyə xərcləri artırılmalıdır. Biz Müdafiə Nazirliyinə, müdafiə sisteminə kifayət qədər vəsait ayırmışıq. Təbii ki, o vəsaitin öz təyinatları var və bu təyinatların ən əsaslarından biri hərbçilərin mənzil şəraitinin və maddi təminatının yaxşılaşdırılması olmalıdır. Onların ezamiyyə xərcləri artırılmalıdır. Təsəvvür edin, deyək ki, bir mayor Bakı şəhərindən, məsələn, Goranboy rayonuna ezam edilir. Bu mayorun iki uşağı var. Gedib orada çalışır. Buna mənzil kirayələmək üçün 30–40 manat verirlər. 40 manata bu gün hansı mənzili kirayə etmək mümkündür? Bu, kifayət qədər artırılıb standarta uyğunlaşdırılmalıdır. Ordu günündə hərbçilərimizə diqqəti bu cür artırmalı, onların maddi təminatını bu cür gücləndirməliyik.
Mən bir neçə gün bundan qabaq bir neçə rayonun hərbi hissələrində oldum. Çox bacarıqlı, qabiliyyətli hərbçilərimiz var. Türkiyədə qurtarıb, sonra 2 il Amerikada oxuyub, rütbəsi var, batalyon komandiridir. Amma maddi təminatı bu gün onun ən zəruri ehtiyaclarını ödəmir. Əgər bu qanun layihəsi hərbçilərimizin maddi təminatına bir xeyir verəcəksə, mən ona ikiəlli səs verəcəyəm. Ziyafət müəllim, Sizdən xahiş edirəm, ayrıca olaraq hərbi qulluqçuların statusu ilə bağlı bir neçə dənə də qanun qəbul edək ki, onların statusu təmin olunsun. Onlar geri qayıtdıqdan sonra burada mənzil şəraiti ilə təmin edilə bilsinlər. Keçmiş sovet ordusu hərbçini əgər Almaniyaya göndərirdisə, onu Almaniyada mənzillə təmin edirdi. Almaniyadan Belorusiyaya gətirirdisə, Belorusiyada təmin edirdi. Biz də bu gün bunu həyata keçirməliyik.
Bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Çox vaxt biz “milli ordu” ifadəsi ilə rastlaşırıq. Əlbəttə, bu, məhəbbətdən irəli gəlir. Televiziya kanallarında da, görürsən, bu ifadədən istifadə olunur və bu, bəzi yerlərdə bəzi adamların milli heysiyyətinə toxunur. Ona görə bunun adı düzgün səslənməlidir – Azərbaycan Respublikasının Silahlı Qüvvələri. Təbii ki, ordu milli olar da, başqa ölkənin ordusu deyil ki, yaxud muzdlu hərbçi gətirib burada istifadə etmirik ki. Bu gün Azərbaycan dövlətinin Silahlı Qüvvələrində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qulluq edirlər. Bu məsələnin də diqqət mərkəzində olması daha məqsədəuyğun olar. Orduya diqqət artırılmalıdır, orduya hərtərəfli kömək olmalıdır və bu məsələdə mən bütün həmkarlarımı səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş müəllim, “milli ordu” ifadəsi milli mənsubiyyət mənasında deyil, dövlət mənasında başa düşülür. Məsələn, Milli Bank deyirik. Məgər Milli Bank milli mənsubiyyət mənasında başa düşülür? Milli ordu, yəni dövlətin ordusu. Mən görürəm, müzakirənin səmti dəyişir. Xahiş edirəm, Rövşən müəllimə söz verək, o da qanun layihəsi barədə məlumat versin. Ondan sonra davam edərik. Buyurun, Rövşən müəllim.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İlk növbədə mən də hərbçilərimizi Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibətilə ürəkdən təbrik edir və onlara ordu quruculuğunda ən yüksək zirvələri fəth etməyi arzulayıram. İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən aparıcı dövlətlərinin silahlı qüvvələri səviyyəsinə gəlib çatacaq.
Ziyafət müəllim, Siz çıxışınızda qanun layihəsi ilə bağlı hər şeyi izah etdiniz. Burada “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Dövlət qulluğu haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlarda edilən dəyişikliklərdən söhbət gedir. Yəni heç bir problem olmadan, qanunvericilikdə müəyyən ziddiyyətlər aradan qaldırılır. Bu qanun layihəsində əmək haqlarının asılılığını nəzərdə tutan normaların çıxarılması təklif olunur, daha ondan söhbət getmir ki, hərbi qulluqçuların maaşları artacaq, yaxud azalacaq. Təbii ki, Ali baş komandanı düşündürən ən vacib məsələlərdən biri də hərbçilərimizin təminatının yaxşılaşdırılmasıdır. Azərbaycanda hərbi büdcənin ən yüksək səviyyədə olması bunu bir daha sübut edir. Hesab edirəm ki, bu qanun layihəsini təsdiq etmək vaxtıdır. Mümkündürsə, səsə qoyaq, qəbul edək.
Sədrlik edən. Burada yazılanlardan kim təkid edir? Buyurun, Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Birinci dəfədir ki, mən çıxış üçün təkid edirəm. Birincisi, edilən dəyişikliyi müdafiə edirəm. Hesab edirəm ki, bunu çoxdan etmək lazım idi. Ona görə ki, bir sahənin maaşının o biri sahənin maaşından asılılığı prinsipindən birdəfəlik qurtarmaq lazımdır. Bir vaxtlar Milli Məclis üzvlərinin maaşı, səhv etmirəmsə, məhkəmə sistemində hakimlərin maaşı ilə bağlı idi və gözləmək lazım idi ki, bir sahənin maaşı qalxanda o biri də qalxsın. Tək hərbi sahənin deyil, hər bir sahənin özünün maaş sistemi olmalı və o, büdcə ilə müəyyənləşdirilməlidir. Bu baxımdan hesab edirəm ki, hərbi qulluqçuların əmək haqqı hansısa digər sahənin əmək haqqından asılı olmamalıdır. Əgər əvvəlki prinsipi saxlayırıqsa, deməli, qəbul edirik ki, dövlət qulluğu hərbi qulluqdan daha şərəfli, daha üstündür. Bunu kim deyib?
Kim deyə bilər ki, hərbi qulluq dövlət qulluğundan aşağıdır və mütləq onun maaşı dövlət qulluqçusunun maaşından aşağı olmalıdır. Bu bəndləri çıxarmaqla heç də biz hərbçiyə, onun maddi təminatına soyuq münasibət bəsləmirik. Hərbi qüvvələrimizin büdcəsi ildən-ilə artırılır, həm yeni silahların alınmasına, kazarmaların tikilməsinə, həm də hərbi qulluqçuların maddi təminatının yüksəlməsinə kifayət qədər ciddi fikir verilir. Hesab edirəm ki, bu nümunəni görmüşük, bundan sonra da görəcəyik. Bu dəyişiklikləri də mən düzgün, vaxtında atılmış addım hesab edirəm.
Sədrlik edən. Təkid eləyən yoxdur? Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən belə başa düşürəm ki, bəzi həmkarlar məsələnin mahiyyətini düzgün təfsir etmirlər. Söhbət konseptual məsələdən, yəni Azərbaycanda dövlət qulluğu və Azərbaycan dövlət orqanlarının əmək haqqı sisteminin konsepsiyasının dəyişdirilməsindən gedir.
Mən “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişikliyi sizin nəzərinizə çatdırım. “Dövlət qulluğu haqqında” Qanunun 2.6-cı maddəsində yazılır: ”Bu Qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda dövlət qulluğunda çalışan şəxslərə müvafiq qanunlarla nəzərdə tutulmuş təminatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az olduqda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlar şamil edilir”. Yəni bunlar hansı orqanlardır? Diqqət eləyin, bunlar dövlətin təhlükəsizliyini, ictimai asayişi təmin edən orqanlardır. 2.3-cü maddədə söhbət prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarından gedir. Mövcud qanunvericiliyə görə həmin orqanların işçiləri üçün təminatlar “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilən təminatlardan az olduqda “Dövlət qulluğu haqqında” Qanun şamil olunurdu və bu orqanlarda çalışanlara sahə qanunları ilə müəyyən edilmiş təminatlar artırılırdı. Bu, ləğv edilir. Siz isə burada, hörmətli Ziyafət müəllim, bizim hörmətli deputatlar, bunu belə qələmə verirsiniz ki, guya bu dəyişikliyin mahiyyəti müvafiq icra hakimiyyəti orqanlarına, ölkə Prezidentinə hərbçilərin, dövlət qulluqçularının və ədliyyə işçilərinin maaşlarını ayrı-ayrılıqda artırmaq imkanının verilməsindən ibarətdir. Mən sizə sual verirəm, – xahiş edirəm, bu məsələ dəqiq şəkildə aydınlaşdırılsın, – bu qanundan elə çıxırmı ki, sadaladığımız orqanlarda çalışan şəxslərin əmək haqlarının artırılması üçün mütləq dövlət qulluqçularının əmək haqqı artırılmalıdır? Haradan çıxır bu?
Burada dəyişdirilən başqa şeydir. Mən hesab edirəm ki, burada qanunvericiliyə dövlət qulluğu artıq xüsusi bir anlayış kimi gətirilir, dövlət qulluqçusu konsepsiyası gətirilir. Dövlət qulluqçuları yalnız müvafiq qanunla müəyyən edilmiş müvafiq idarələrin aparatlarında işləyən konkret vəzifəli şəxslərdir. Bilirsiniz, deyirlər ki, Azərbaycanda faktiki olaraq vergi, gömrük orqanlarında, bəzi başqa sahələrdə, – prokurorluq və hüquq mühafizə orqanlarının bəziləri bura aid deyil, – qeyri-rəsmi əmək haqqı vardır. Çünki rəsmi müəyyən olunmuş vəzifə maaşından əlavə, konvert sistemi Azərbaycana gətirilmiş xüsusi korrupsiya icadıdır, onlara konvert verilir. Amma deyək ki, Prezident Aparatının, Milli Məclis Aparatının işçilərinə belə konvert verilmir. Ona görə onların əmək haqlarının rəsmi yolla artırılmasından başqa bir yol yoxdur. Mən bununla razıyam. Amma bu, əlaqəni aradan qaldırmaq demək deyil. Siyavuş Novruzovun çıxışında razılaşdığım bir məqam var ki, burada bir sistem olmalıdır. Bu vaxta qədər mövcud olan əmək haqqının ödənilməsi, təminat sistemi tamamilə elmi idi, doğru idi. Dövlət orqanları arasında bərabərçiliyin deyil, müəyyən bir asılılığın saxlanmasını müəyyən eləyən norma qanunvericilikdə öz əksini tapmışdı.
Sizin diqqətinizi bir daha buna cəlb edirəm, hörmətli millət vəkilləri, olduqca mühüm məsələyə səs verirsiniz. Sizi inandırıram ki, bu, təkcə orduya aid deyildir, Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, bir sıra digər orqanlara aiddir. Bu orqanlarda on minlərlə, yüz minlərlə çox mühüm iş həyata keçirən insanlar çalışırlar. Bunların mütləq əksəriyyəti korrupsiya ilə məşğul olmur, mühüm iş görürlər. Bayaq Qüdrət müəllimin qeyd etdiyi kimi, bizdə cinayət-axtarış idarəsinin, yaxud hüquq mühafizə orqanlarının bir çox işçiləri aşağı səviyyədə maaş alırlar. Bunların 90 faizi bu vəziyyətdədir, 10–15 faizi korrupsiyadan yararlanırlar.
Onu da qeyd edim ki, bu qanun layihəsi Prezident tərəfindən göndərilməyib. Layihə Prezident tərəfindən göndəriləndə burada müzakirələr zamanı, adətən, bu, siyasi məsələyə çevrilir, xüsusən Yeni Azərbaycan Partiyasından olan deputatlar və onları müdafiə eləyən bitərəflər Prezidentin imzası ilə gələn bütün məsələlərə dərhal qol qoyur, onu təsdiq edirlər. Bu layihə Milli Məclisin müvafiq komissiyalarında hazırlanıb. Deyə bilmərəm, bu məsələ Prezident Aparatı ilə də razılaşdırılıb, ya razılaşdırılmayıb, gündəmə gətirilib. Bunun əvvəl-axır, onsuz da fəsadlarını görəcəksiniz. O baxımdan mən diqqətinizi bir daha bu məsələyə cəlb edib, bu məsələnin ən azı dayandırılmasını təklif edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Rövşən müəllim, Siz məsələyə münasibət bildirmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən münasibət bildirəcəyəm. Pənah bəy, Siz “Hərbi qulluqçuların statusu haqqında” Qanuna edilən dəyişikliklə “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişikliyi qarışdırmayın. Söhbət prokurorluq, gömrük, vergi orqanlarından gedir. Prokurorluq, gömrük, vergi orqanlarında iş dövlət qulluğu hesab olunmur. Bunların hər birində maaşların ödənilməsi sistemi başqadır və müvafiq sahə qanunlarında artıq müəyyən olunub. Ona görə də bir məsələni digəri ilə qarışdırmayın. Camaatda çaşqınlıq yaratmaq lazım deyil. Bu, tam normal bir dəyişiklikdir. Rövşən müəllim, buyurun.
R. Rzayev. Ziyafət müəllim, Sizin fikirlərlə tam razılığımı bildirirəm. Bayaq qeyd elədim, burada heç bir problem yoxdur. Yaranan ziddiyyət, əmək haqqının asılılığı məsələsi aradan qaldırılır. Qaldı ki maaşların artırılması, ancaq Ali baş komandanın və ölkə Prezidentinin səlahiyyətinə aiddir. Büdcənin imkanları daxilində maaşların hansı idarədə, dövlət qulluğunda və yaxud Silahlı Qüvvələrdə artırılacağı gələcəkdə müəyyən olunan məsələdir. Heç kim hərbi qulluqçuların vəziyyətinin pisləşməsi ilə bağlı heç bir hərəkət etmək istəmir. Xüsusilə bugünkü dəyişikliklərdə mən bu qəsdi görmürəm. Odur ki, məsələni səsə qoyaq və bunu dəstəkləyək.
Sədrlik edən. Qüdrət müəllim, buyurun.
Q. Həsənquliyev. Ziyafət müəllim, çox sağ olun. Mən bayaq burada söylədiyimi təkrar etmək məcburiyyətindəyəm. 10-cu maddənin ikinci hissəsinin ikinci abzasında deyilir: “Dövlət qulluqçularının əmək haqqı artırıldıqda və dolanacaq xərclərinin indeksi dəyişildikdə hərbi qulluqçuların təminat xərcliyinin normaları da yüksəldilir”. Bu oxuduğum hissə bu gün qanundan çıxarılır. Onu qeyd eləmək istəyirəm ki, bu normanın burada qalması Prezidentin istənilən vaxt təminat xərclərini artırmasına heç bir məhdudiyyət yaratmır. Bu, əlavə təminatdır ki, əgər dövlət qulluqçusunun əmək haqqı artırılarsa, hərbçinin də əmək haqqı yüksəldilsin. Amma Sizin verdiyiniz izahatdan belə başa düşülür ki, guya bu norma qalarsa, Prezident ayrılıqda hərbçilərin maaşlarını, təminat xərcliyini artıra bilməz. Gərək mütləq dövlət qulluqçularının əmək haqlarını artıra ki, hərbçilərin də əmək haqqı və təminat xərcliyi artırılsın.
Ona görə də hesab edirəm ki, əlavə təminatdırsa, bunu niyə çıxaraq? Əgər dövlət qulluqçularının əmək haqqı və təminat xərcliyi artırılırsa, hərbçilərinki də onlarla bərabər artsın. Bu səbəbdən hesab edirəm ki, bunun qalmasının heç bir ziyanı yoxdur. Bu qanun layihəsini saxlayaq, bir də müzakirə eləyək.
Sədrlik edən. Aydındır. Sağ olun. Nəhayət, mən bir neçə kəlmə ilə yekunlaşdırmaq istəyirəm. Hesab edirəm ki, kifayət qədər müzakirə elədik. Qüdrət bəy, fikir verin, görün, bu qanunun fəlsəfəsi nədən ibarətdir. Hərbi qulluqçuların fəaliyyəti, statusu “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənmir. Penitensiar sistemdə xidmət edən şəxslərin fəaliyyəti “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənmir. Eyni sözləri prokurorluq, məhkəmə, gömrük və vergi sistemində işləyənlər barədə də söyləmək olar. Bunların fəaliyyəti “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənmirsə, nəyə görə onların maaşını dövlət qulluqçularının maaşına bağlamalıyıq? Hər sahənin özünün müstəqil maaş sistemi olmalıdır. Budur bunun fəlsəfəsi. Mən xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 95
Əleyhinə 6
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə. Rövşən Rzayev, buyurun.
R. Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Növbəti məsələ İnzibati Xətalar Məcəlləsinə edilən texniki dəyişikliklərlə bağlıdır. Təklif olunur ki, məcəllənin 119-cu maddəsində “damazlıq işi” sözləri “damazlıq heyvandarlıq” sözləri ilə əvəz edilsin. 2007-ci ilin dekabr ayında biz parlamentdə “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikası Qanununu qəbul etdik. Bu qanun Azərbaycan Respublikasında damazlıq heyvandarlıq işinin təşkili və idarə edilməsinin hüquqi və iqtisadi əsasını müəyyən edir, həmin sahədə münasibətləri tənzimləyir. Bu terminin məzmununa görə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Xahiş edirəm, bu layihəyə səs verəsiniz.
Sədrlik edən. Çıxış eləmək istəyən yoxdursa, buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər və əlavə edilməsi haqqındadır. Qanun layihəsi haqqında, Rövşən müəllim, buyurun, məlumat verin.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Azərbaycanda məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı ardıcıl islahatlar aparılır. Məhkəmə hakimiyyəti fərdlə dövlət arasında vasitəçi rolu oynayaraq ədalət rəmzini daşıyır. Ona görə məhkəmə orqanlarının üçpilləli olması, regional apellyasiya məhkəməsinin yaradılması məhkəmə prosesini daha şəffaf, ədalətli edir. Ancaq yeni məhkəmə instansiyalarının yaradılması normativ prosessual dəyişikliklərə səbəb olur. Məhkəmələrin təcrübəsi ilə cinayət prosesinin təkmilləşməsini əsaslandırır.
Hazırda təklif edilən Cinayət-Prosessual Məcəllənin 391-ci maddəsinə əlavə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması ilə əlaqəlidir. Apellyasiya Məhkəməsi cinayət prosesinin kobud pozuntusuna yol verildiyi anda cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Ancaq birinci instansiyada daha yüngül qərar çıxarılması kobud pozuntu sayıla bilməz. Ona görə də müzakirə olunan normanın Cinayət-Prosessual Məcəllənin 391-ci maddəsində yerinin dəyişdirilməsi ilə qanunda ziddiyyət götürüləcək. Bu dəyişiklik birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair məsələnin Apellyasiya Məhkəməsində baxılmasına əsasın səbəbi olan maddənin ayrı bir bəndindən götürülməsini nəzərdə tutur. Təklif edirəm, bu dəyişikliyə də səs verək. Təklif edirəm, qanun layihəsini səsə qoyaq.
Sədrlik edən. Sağ olun. Jalə xanım Əliyeva.
J. Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təbii ki, Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihələri Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarını təkmilləşdirmək, mövcud ziddiyyətləri aradan qaldırmaq məqsədi daşıyır. Belə qanun layihələrindən biri də hazırda müzakirə etdiyimiz Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında qanun layihəsidir. Cinayət-Prosessual Məcəllənin 391.8.1-ci maddəsinin qüvvədə olan mətninə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə tərəfdar çıxdıqda apellyasiya instansiya məhkəməsi Baş prokurorun protesti əsasında cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarırdı.
Məhkəmə təcrübəsi belə bir normanın düzgün olmadığını sübuta yetirmiş və onun dəyişdirilməsi zərurətini ortaya çıxarmışdır. Bu norma birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmədiyi hallarda daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədi ilə Baş prokuror tərəfindən heç bir məhdudiyyət olmadan apellyasiya protestinin verilməsinə hüquqi əsas yaradırdı. Belə bir hüquqi vəziyyət birinci instansiya məhkəməsində ittihama müdaxilə etmiş dövlət ittihamçısına artıq məhkəmə tərəfindən qəbul edilmiş ittiham hökmü ilə razılıq əlaməti olaraq apellyasiya protesti verməməklə bağlı iradəsinə, sonradan Baş prokurorun müdaxiləsi kimi, habelə məhkəmədə dövlət ittihamını müdafiə edən prokurora Baş prokurorun etimadsızlığı kimi qiymətləndirilməlidir.
Əlbəttə, bu hal ədalət mühakiməsinin obyektiv həyata keçirilməsinə, tərəflərin qarşılıqlı iradəsi əsasında qəbul edilmiş məhkəmə qərarının sabitliyinə süni maneələr yaradırdı. Mövcud ziddiyyətin aradan qaldırılmasında, bir az əvvəldə qeyd etdiyim kimi, bu gün müzakirəyə təqdim olunan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında qanun layihəsi xüsusi əhəmiyyəti ilə seçilir. Bütün bunları nəzərə alaraq mən qanun layihəsinin lehinə səs verəcəyəm və digər deputat həmkarlarımı da bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Jalə xanım, çox gözəl izahat verdiniz. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Rövşən müəllim, buyurun.
R. Rzayev. Təşəkkür edirəm, Ziyafət müəllim. Növbəti müzakirə etdiyimiz qanun layihəsi hüquq sistemində aparılan islahatların məntiqi davamıdır. Məhkumların hüquqlarının təminatı və digər tərəfdən cəzaçəkmə müəssisələrində təhlükəsizliyin və xüsusi rejimin təmin edilməsi Cəzaların İcrası Məcəlləsinin əsas vəzifələrindən biridir. Azadlıqdan məhrum olunmuş şəxslər məhdud şəraitdə saxlanılırlar. Ona görə də onların hüquqi vəziyyətinin hərtərəfli təminatına daha çox ehtiyac yaranır. Cəzaların İcrası Məcəlləsinə edilən təkliflər məhkum olunan şəxslərin hüquqlarının qorunması və penitensiar orqanların təhlükəsizliyinin təminatına xidmət edir. Eyni zamanda, qanun layihəsini Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə” Milli Fəaliyyət planının 14-cü bəndində nəzərdə tutulmuş tədbirlərin icrası kimi də qəbul etmək olar.
Qanun layihəsi hazırlanarkən beynəlxalq təşkilatların – BMT-nin, Avropa Şurasının, İşgəncələrə Qarşı Avropa Komitəsinin son illərdə dövlətimizin cəzaların icrası sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, məhkumların saxlanma şəraitinin daha da yaxşılaşdırılması, milli qanunvericiliyin 2006-cı il yanvarın 21-də Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş Avropa penitensiar qaydalarının yeni mətninə tam uyğunlaşdırılması ilə bağlı tövsiyələri də nəzərə alınmışdır.
Bu gün müzakirəyə təqdim edilən layihə məhkumların hüquq və azadlıqları dairəsinin daha da genişləndirilməsinə, onların qanuni mənafelərinin etibarlı şəkildə qorunmasına yönəldilmişdir. İlk növbədə qeyd etməliyəm ki, layihədə məhkumların əsas hüquqları göstərilmiş 10-cu maddəyə iki yeni hüququn, yəni məhkumun psixoloji yardım almaq, habelə cəzanın icrası və çəkilməsi prosesində onun haqqında qəbul edilən qərarlarla tanış olmaq, bu barədə rəy bildirmək və onlardan şikayət vermək kimi çox əhəmiyyətli hüquqların da daxil edilməsi nəzərdə tutulur.
Bununla bərabər 71-ci maddə ilə məhkumların cəzaçəkmə müəssisələrinə qəbul edilərkən onların ana dilindən istifadə etmək hüququ tanınır. 83-cü maddədə aparılan yazışma senzurasının leqallaşdırılması məhkumların hüquqlarının təminatına xidmət edir.
Cəzaçəkmə müəssisəsində mobil telefondan istifadə qadağan edilib. Bu əməl cinayət sayılır. Ona görə də cəzaçəkmə müəssisələrinin rəhbərləri hesab edirlər ki, rəsmi telefondan istifadə üçün məhkumlara verilən vaxt bir qədər artırılmalıdır. Bununla bağlı təklif olunur ki, Cəzaların İcrası Məcəlləsinin 84-cü maddəsində dəyişiklik edilsin. Dəyişiklik edildiyi halda ömürlük azadlıqdan məhrum edilən şəxslər ildə 24 dəfəyə qədər, digər məhkumlar ildə 52 dəfəyə qədər telefondan istifadə edə bilərlər. Dəyişikliklər danışıq vaxtının artırılmasını da nəzərdə tutur.
Əlavə və dəyişikliklər məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına və onların tərbiyə edilməsinə yönəlibdir. Məsələn, 122-ci maddəyə edilən təklif ömürlük azadlıqdan məhrum edilənlərin şəraitlərini yaxşılaşdırır. Onlar ildə 8 dəfə sovqat ala və ayda 25 manatdan 50 manata qədər də pul xərcləyə bilərlər. 100.8-ci maddə qanundan çıxarılmaqla ömürlük azadlıqdan məhrum edilənlər üçün peşə təhsili almaq imkanı yaradılır. 102.4-cü maddəyə edilən dəyişikliklər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə televiziyadan istifadə etmək hüququ verəcəkdir. 91-ci maddə çıxarıldığı halda məhkumların əmək haqlarından pul tutulması dayandırılacaq və onlar tam dövlət hesabına təmin olunacaqlar. 121.1-ci maddəyə edilən dəyişikliklər ömürlük cəza çəkən şəxslərin ümumi kameralarda saxlanılmasına imkan verəcəkdir.
Fikrimcə, yeni 124.1-ci maddənin əlavə edilməsi əhəmiyyətli xarakter daşıyır. Bu, məhkumların islah edilməsi ilə bağlıdır. Həvəsləndirmə tədbirləri məhkumları tərbiyə edə biləcəkdir.
Digər dəyişikliklər cəzaçəkmə müəssisələrində təhlükəsizliyin təminatı ilə bağlıdır. 2007-ci ilin dekabr ayında Cinayət Məcəlləsinə qanunla qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, istifadəsi, əşyaların məhkumlara verilməsinə görə cəza müəyyən edən 317.1, 317.2-ci maddələr əlavə edilmişdir. Bununla bağlı Cəzaların İcrası Məcəlləsinin Cinayət Məcəlləsinə uyğunlaşdırılması üzrə təkliflər də öz əksini tapmışdır. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 74, 75, 80 və 82-ci maddələrinə cəzaçəkmə müəssisələrində dövriyyəsi qadağan olunmuş əşyalarla bağlı aparılan axtarış və baxış tədbirləri, onların sənədləşdirilməsi qaydalarının müəyyən edilməsi üçün əlavə və dəyişikliklər edilməsi təklif olunur.
Böyük bir blok dəyişikliklər hüquq sistemində aparılan islahatların məntiqi davamı ilə bağlıdır. Məcəlləşmiş hüquqi aktların sanksiyalarının konkretləşdirilməsi Cəzaların İcrası Məcəlləsinə də toxundu. Bununla bağlı “şərti maliyyə vahidi” termininin konkret məbləğlə əvəz edilməsi təklif olunur. Cəzaların İcrası Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş cəzanın icra edildiyi yer barədə məlumatın verilməsi ilə bağlı mövcud qaydaların dəyişdirilməsi nəzərdə tutulur. Ümumilikdə hesab edirəm ki, Cəzaların İcrası Məcəlləsinə də, Cinayət-Prosessual Məcəlləsinə də təklif edilən əlavələr və dəyişikliklər məhkumların vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir və hüquq texnikası baxımından əhəmiyyətlidir. Odur ki, sizin hamınızı bu layihəni dəstəkləməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0
İştirak edir  100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev.
R. Rzayev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin təminatı ilə əlaqədar müvafiq qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi təklif edilir. Hər bir şəxsin Azərbaycan Respublikasında hüquq və azadlıqlarının təminatı dövlətin ali vəzifəsidir. Azərbaycan Respublikasında əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquq və azadlıqlara malikdirlər. Yeganə onların siyasi hüquqları məhduddur. Bu da əsaslıdır. Ona görə ki, əcnəbilərin Azərbaycan dövləti ilə daimi siyasi əlaqəsi yoxdur. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin qorunması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq öhdəliklərdən birbaşa asılıdır. Məsələn, Azərbaycanın ratifikasiya etdiyi “Vətəndaş və siyasi hüquqlar haqqında” 1966-cı ilin beynəlxalq aktı ölkədə hər bir şəxsin hüququnun təminatını nəzərdə tutur. Hüquq və azadlıqların təminatı tək hüquqların bəyan edilməsi ilə bağlı deyil. Bu sahədə çox sayda inzibati hüquq qaydaları mövcuddur. Əcnəbilərə tətbiq olunan inzibati qaydalar isə onlarla bağlı yaranan xüsusi rejimlə əlaqədardır.
Hazırda müzakirəyə çıxarılan əlavə və dəyişikliklər elə bu qaydaların təkmilləşdirilməsi haqqındadır. Əcnəbilərin hüquqi vəziyyəti ilə bağlı təklif olunan əlavə və dəyişikliklər kompleks xarakter daşıyır. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunlarda, İnzibati Xətalar Məcəlləsində və digər qanunverici aktlarda nəzərdə tutulan dəyişikliklər texniki təkmilləşmə ilə bərabər məzmun əhəmiyyəti kəsb edir.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun 12-ci maddəsinə təklif olunan yeni üç bənd əcnəbinin ölkədə qalmaq şərtlərini göstərir. Müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq təklif olunur ki, əcnəbilərin qalma müddəti ona verilən viza müddəti ilə müəyyən edilsin. Viza tələb olunmadığı halda isə 90 gündən artıq olmasın.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanunun 2-ci maddəsinə edilən əlavə və dəyişikliklər əcnəbilərin yaradılan hüquqi statusları ilə bağlıdır. Məsələn, müəyyən edilmiş qaydada Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşayan hesab edilirlər. Müvəqqəti yaşayan statusu gələcəkdə əcnəbi üçün Azərbaycan vətəndaşlığı almaq imkanı yaradacaqdır. Əcnəbiyə müvəqqəti yaşamaq üçün 1 ilədək icazə verilməsi nəzərdə tutulur. Bu müddət 4 dəfədən çox olmamaq şərti ilə uzadıla bilər. 5 il bitdikdən sonra isə əcnəbiyə Azərbaycan vətəndaşlığı əldə etmək imkanı verilə bilər.
Əcnəbilər Azərbaycan vətəndaşı olmaq hüququ ilə bərabər müəyyən vəzifələr də daşıyırlar. Məsələn, Azərbaycan qanunlarına riayət etməli, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları halda vergi ödəməlidirlər və sair. Bu öhdəliklər yerinə yetirilmədiyi halda onlar barəsində inzibati məcburetmə tədbirləri tətbiq edilə bilər. Bununla bağlı təklif olunur ki, İnzibati Xətalar Məcəlləsində sanksiyaların cərimələri artırılsın. Məsələn, 333, 339.1-ci maddələrdə cərimə 400 manata qədər, 339.2-ci maddədə 500 manata qədər artırılır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni 457.2.1-ci maddədə əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması haqqında məhkəmə qərarlarının icrasına qədər qanunsuz miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan müəssisələrdə saxlanılması qaydası müəyyən edilir.
Böyük bir blok əlavə və dəyişikliklər immiqrant statusunu təsdiq edən sənədin formasının təkmilləşdirilməsinə yönəldilmişdir. Burada texniki dəyişikliklərlə bərabər Azərbaycan Respublikasında yaşayan immiqrantların şəxsiyyət vəsiqəsi nümunəsinin təkmilləşdirilməsinə ehtiyac yaranır. Beləliklə, təklif olunan əlavə və dəyişikliklərin əhəmiyyətini nəzərə alaraq sizi qanun layihəsini qəbul etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Rəbiyyət xanım.
R. Aslanova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Bu gün dünyada böyük köçün ikinci mərhələsi başlayır və dünya miqrantlarla əlaqədar böyük bir problem yaşayır. Bu problemin Avropadakı, digər ölkələrdəki fəsadları göz qarşısındadır. Sözsüz, Azərbaycan inkişaf etməkdə olan bir ölkədir və Azərbaycana gələn xarici vətəndaşların sayı günü-gündən artmaqdadır. İstər əcnəbilərin, istərsə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyətinin tənzimlənməsi, onlara yaradılan şəraitin çox demokratik prinsiplərə uyğun olması vacib məsələdir.
Cəmiyyətdə baş verən hadisələr hər birimizin gözü qarşısındadır. Bu insanların Azərbaycana bir ümid, iş, yaşayış yeri kimi gəlmələri bir daha göstərir ki, insanlar sabitlik, əmin-amanlıq, gözəl, rahat həyat olan yerə gəlirlər. Biz də insan hüquqlarının gerçəkləşməsi prinsipini rəhbər tutaraq Azərbaycana gəlmiş şəxslərin hüquqlarını qorumalı, onlara normal şərait yaratmalı, onların Azərbaycanda yaşadıqları müddətdə bütün beynəlxalq hüquq normalarının gerçəkləşməsinə çalışmalıyıq. Zənnimcə, edilən bu dəyişikliklər kifayət qədər gözəl dəyişikliklərdir və bir daha göstərir ki, Azərbaycan hətta Avropada miqrantlar üçün yaradılan şəraitdən də daha gözəl bir şərait yaratmaq iqtidarında olan dövlətdir. Mən həmkarlarımı həmin dəyişikliklərə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, müzakirələrdə iştirak etmək istəyən varmı? Əgər etiraz yoxdursa, fasiləsiz işləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, Oqtay müəllim. Əvvəla, mən xahiş eləyərdim ki, Ziyafət müəllim, bizim suallarımıza bir az diqqətli olasınız. Mən “Hərbi qulluqçuların statusu haqqında” Qanunla bağlı yazılmışdım. Çox vacib bir sualım var idi. Hər dəfə adım siyahıdan silinir. Siz onda bizə mexanizmi izah eləyin. Kimsə çıxışa başlayanda bizim adımız silinir. Yenə də düyməni basıram, üç dəfə familiyamı Siz və ya kompüter silib. İmkan versəniz, biz suallarımızı verərik. Suallar çıxışlardan daha qısadır. Suallarımızı verək, sonra da çıxışlara keçərsiniz. “Hərbi qulluqçuların statusu haqqında” Qanunda bir çox məqamlar mənim üçün qaranlıq qalıb. Mən Sizdən soruşmaq istəyirdim, imkan olmadı.
İndi müzakirə elədiyimiz qanun layihəsi çox aktualdır, lazımlıdır. Amma mənim bir qeydim var. 2.5-ci maddəyə, məncə, bir sıra konkret olmayan, hüquqi sənədlərə əsaslanmayan cümlələr salınıb. Söhbət əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə verilməməsinin səbəblərindən gedir. Məsələn, birinci səbəb kimi onların Azərbaycan Respublikasında müvəqqəti yaşamasının Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və ya ictimai asayişə zərər vura biləcəyi hallar göstərilir. Məncə, ictimai asayişə zərər vurması adı altında bu və ya digər şəxsin cəzası ləğv oluna bilər, ya da oxuyuruq: “şəxsin Azərbaycan Respublikasında yaşaması arzuolunmaz hesab edildikdə”. Bu cümlə abstraktdır. Heç bir fakta əsaslanmadan, istənilən şəxsi arzuolunmaz adlandırmaq olar. Sonuncu bənddə yazılır: “qanunla müəyyən edilmiş digər hallarda”. Bu cümlə isə maddənin tətbiq sahəsini xeyli genişləndirir. Ona görə hesab eləyirəm ki, bu maddəyə biz mütləq təzədən baxmalıyıq. Konkret olmayan bəndləri buradan çıxarmalıyıq, çünki həmin bəndləri istənilən şəxsə şamil etmək olar. Bu nə deməkdir? Bu, hüquqi müstəvi deyil axı. Kimsə kimisə istəmirsə, ona “arzuolunmaz şəxs” deyəcək? Bax, bunlar bir az məni narahat edir. Çox sağ olun.
Sədrlik edən. Elmira xanım, “arzuolunmaz şəxs” anlayışını tam açıqlamaq olmur. Amma şəxsi məmur deyil, dövlət qəbul eləyir. Dövlət üçün arzuolunan şəxslər məsələsi var. Mən söz verərəm, Rövşən müəllim sualları cavablandırar. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən sonuncu çıxışda deyilən məsələdən başlamaq istəyirəm. “Arzuolunmaz şəxs” anlayışını, Elmira xanım, bəlkə bir az fərqli qəbul ediblər. “Persona non-qrata” qəbul edilən termindir. Dövlət tərəfindən də istənilən şəxsə qarşı tətbiq oluna bilər. Yəni hüquqi məzmunu olan bir anlayışdır. Ona görə bunun, məncə, saxlanmasının zərəri olmaz.
Burada məni narahat edən bir məsələ var. Mənə elə gəlir, bir az ziddiyyətlər var. Bəlkə mən yanlış tələffüz eləyərəm. Amma hər halda diqqətinizi cəlb etmək istəyirəm. Burada əcnəbiyə onun arzusuna görə daimi yaşayan şəxs statusu şamil edilir. Əvvəllər bu, vətəndaşlığı olmayan şəxsə aid edilirdi. Amma indi 3-cü maddədə bu, daimi yaşayan əcnəbilərə aid edilir. Bildiyiniz kimi, əcnəbidən, başqa ölkənin vətəndaşından söhbət gedir. Başqa ölkənin vətəndaşı hər hansı siyasi və ya iqtisadi şərtlərə görə bir mühacir həyatı yaşayırsa, “daimi” sözünün ona aid edilməsi doğru hesab oluna bilməz. Mən bunu hansı baxımdan deyirəm? Nə vaxtsa, müəyyən şərtlər yerinə yetiriləndən sonra öz ölkəsinə qayıtmaq perspektivi olan şəxsdən söhbət gedir. Əcnəbi müvəqqəti olaraq müəyyən bir ölkədə yaşayır və öz ölkəsinə qayıdandan sonra, ölkəsinin vətəndaşlığını davam etdirir və ya da öz ölkəsində vətəndaşlıqdan çıxıb, artıq gəldiyi ölkənin vətəndaşlığını qəbul eləyir və onun şərtləri altında yaşayır.
6-cı maddədə müəyyən ziddiyyət vəsiqə verilməsi məsələsində daha bariz şəkildə önə çıxır. Vəsiqə verilməsi məsələsində əcnəbinin daimi yaşayış yeri nəzərdə tutulmur. Orada viza tələb olunmayan qaydada 90 günə qədər və ya müəyyən icra hakimiyyəti orqanının qərarında göstərilmiş müddətə qədər müvəqqəti yaşamaq üçün icazə verilməsi nəzərdə tutulur. Yəni daimi xarakterli hər hansı bir vəsiqə verilmədiyinə görə, məncə, bu dəyişikliyin burada əks olunması, əcnəbiyə “daimi yaşayan” sözlərinin aid edilməsi doğru deyil. Bu dəyişikliyi qəbul etməyimiz bir az çətinliklər yaradacaqdır. Ona görə də mən bu məsələyə diqqət yetirilməsini istəyirəm. Əcnəbiyə “daimi yaşayan” sözləri aid edilməsin. Fikrimcə, bu ancaq vətəndaşlığı olmayan şəxsə aid edilə bilər, çünki vətəndaşlığı olmayan şəxs də həmin ölkədə daimi yaşaya bilər. Başqa ölkənin vətəndaşı deyilsə, bir yerdə yaşamalıdır. Bu baxımdan, məncə, belə dəyişikliyə getməyimiz doğru deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür eləyirəm, Oqtay müəllim. Mən bəzi məsələlərə münasibət bildirmək istəyirdim. Aydın məsələdir ki, hər bir dövlətin əcnəbi vətəndaşlarla və vətəndaşlığı olmayan şəxslərlə münasibətlərini tənzimləyən qanunları olmalıdır. Baxmayaraq ki, dünyada sərhədlərin silinməsi prosesi gedir, amma dövlətin mənafelərinin, onun təhlükəsizliyinin, o cümlədən əmək təhlükəsizliyinin qorunması ilə bağlı belə qanunların olması, heç şübhəsiz, zəruridir. Bu qanunlarda da müəyyən dəqiqləşdirmələr və təkmilləşdirmələr aparılmalıdır.
Amma mən hörmətli deputatların diqqətini başqa məsələyə cəlb etmək istəyirəm. Bu, digər ölkələrin vətəndaşı olan etnik azərbaycanlılar məsələsidir. Bunu, mənə elə gəlir ki, qanunvericilik qaydasında tənzimləməyə ehtiyac vardır. Bu qanunlarda da həmin məsələ müəyyən müddəalarla nəzərdə tutulmalıdır. Məsələn, Gürcüstanda yaşayan azərbaycanlılar məsələsi var. Onlar Gürcüstan vətəndaşlarıdırlar və hüquqlarına görə də əcnəbidirlər. Amma hamımız bilirik ki, bir neçə yüz min azərbaycanlı orada yaşayır. Demək olar ki, bütün tarix boyu bir dövlətin ərazisində müxtəlif millətlər yaşamışlar və bu, olduqca ciddi problemlərlə bağlıdır. Mən bu cür məsələlərin qanunlarla tənzimlənməsini istəyirəm.
Rusiya Federasiyasında, Ukraynada, Belarusda xeyli azərbaycanlı yaşayır. İndi artıq onların bir çoxu həmin ölkələrdə daimi yaşamaqdadırlar. Onların uşaqlarının hüquqi statusu məsələsində müəyyən problemlər yarandığını görürük. Bilirsiniz ki, ikili vətəndaşlıqla da bağlı müəyyən problemlər vardır. Qanunvericilikdə bu məsələlərə də, mənə elə gəlir ki, aydınlıq gətirilməlidir. Amma məsələn, Rusiyada, Ukraynada, digər ölkələrdə anadan olmuş və Azərbaycan vətəndaşlığını hələ almamış uşaqların rəsmi şəkildə buraya gəlməsi, yaxud Rusiyanın, digər ölkənin vətəndaşı olduqdan sonra onların həm də ikili vətəndaşlıq məsələsi ilə bağlı müəyyən problemlərlə rastlaşırıq. Deputat kimi bizə də müraciətlər olur.
Bu baxımdan hörmətli Milli Məclisin Sədrindən xahiş eləyərdim ki, Milli Məclisin müvafiq komissiyalarına, ekspertlərə, hüquqşünaslara, digər dövlət orqanlarının mütəxəssislərinə xüsusi bir tapşırıq verilsin və gələn sessiyaların birində həmin məsələləri tənzimləyən müvafiq müddəaların qanunvericilikdə əksini tapmasına imkan verən dəyişikliklər edilsin və yaxud yeni qanunvericilik normaları qəbul olunsun. Təkrar eləyirəm, bu məsələ milyonlarla azərbaycanlının taleyi ilə bağlıdır. İran vətəndaşı olan, əcnəbi sayılan, İran azərbaycanlıları ilə bağlı məsələnin də çox aktual olduğuna diqqəti cəlb etmək istəyirəm. Bunlar sırf hüquq məsələləri deyil, burada siyasi və hüquqi məsələlər xeyli dərəcədə qovuşmaqdadır. Amma bunlar bizim milli məsələlərimizdir və Milli Məclisin həll etməli olduğu mühüm məsələlərdən biri də bu sayılır. Təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun. Rövşən Rzayev bəzi suallara cavab versin, sonra layihəni səsə qoyaq.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Birinci sualla bağlı Fazil müəllim aydınlıq gətirdi. Burada “persona non-qrata” deyilən anlayış var. Azərbaycanda bu məsələlərlə məşğul olan xüsusi orqanlar var, miqrasiya xidməti yaradılır. Belə adamların Azərbaycana gəlmələri ilə bağlı əməliyyat işləri aparılır. Hesab edirəm ki, bunlar çox lazımlı müddəadır və qanunda saxlanılmasına ehtiyac var.
İkinci məsələ ilə bağlı qeyd etmək istəyərdim ki, əcnəbilərin müvəqqəti yaşamaları üçün bir il razılıq verilir. Bu müddət dörd dəfə uzadıla bilər. Bu minvalla beş ildən sonra isə həmin şəxslər Azərbaycan vətəndaşlığı almaqdan ötrü müraciət etmək hüququ qazanırlar. Əgər onlar bu imkandan istifadə etmək istəyirlərsə, aidiyyəti orqanlar məsələni həll edirlər. Bunları sizə bildirmək istəyirdim.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.10 dəq.)
Lehinə  98
Əleyhinə  1
Bitərəf  0
Səs verməd 0
İştirak edir  99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gələn iclas barədə sizə xəbər verəcəyik. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU