Azərbaycan Respublikası Milli Məclisi Sədrinin Sərəncamı

AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ 
         S Ə R Ə N C A M

№ 341-VI

Bakı şəhəri                                                               06 may 2024-cü il


Media nümayəndələrinin Azərbaycan Respublikasının
Milli Məclisində akkreditasiyası qaydaları haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 31-ci maddəsinə uyğun olaraq, media nümayəndələrinin Azərbaycan Respublikasının Milli Məclisində akkreditasiyasının təşkil edilməsi məqsədi ilə qərara alıram:

1. “Media nümayəndələrinin Azərbaycan Respublikasının Milli Məclisində akkreditasiyası Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Media nümayəndələrinin Azərbaycan Respublikasının Milli Məclisində akkreditasiyasının təşkil edilməsi məqsədi ilə Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi aşağıdakı tapşırıqları yerinə yetirsin:

2.1. Hər yaz və payız sessiyasının başlanmasından əvvəl Milli Məclisin rəsmi saytında media nümayəndələrinin Milli Məclisdə akkreditasiyadan keçmək barədə müraciətlərinin qəbul edilməsinə dair Qaydalara müvafiq olaraq elan yerləşdirilsin;

2.2. Akkreditasiyadan keçmək barədə daxil olmuş müraciətlər öyrənilsin və bu Qaydaların tələblərinə uyğun gələn media nümayəndələrinin siyahısı tərtib edilsin;

2.3. Tərtib edilmiş siyahı təsdiq üçün Milli Məclis Aparatının rəhbərinə təqdim olunsun;

2.4. Akkreditasiyadan keçmiş media nümayəndələri ilə Qaydalara müvafiq işin təşkili həyata keçirilsin;

2.5. Əmək münasibətlərinə xitam verilmiş media subyektləri barədə məlumatlar toplanılsın.

3. Bu Qaydalarla müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə tapşırılsın.


Sədr                                                                           Sahibə Qafarova

 

 

Media nümayəndələrinin 
Azərbaycan Respublikasının Milli Məclisində akkreditasiyası

QAYDALARI

I. Ümumi müddəalar

1. Bu Qaydalar Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) fəaliyyətinin işıqlandırılması məqsədilə media subyektlərinin və nümayəndələrinin Milli Məclisdə akkreditasiya qaydalarını müəyyən edir. Media nümayəndələrinin Milli Məclisdə akkreditasiyası Milli Məclis tərəfindən onların professional fəaliyyətinə lazımi şərait yaradılmasını təmin etmək üçün aparılır.
2. Bu Qaydalar “Media haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.
3. “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Media Reyestrinə daxil edilmiş media nümayəndələri akkreditasiya üçün müraciət edə bilərlər. Milli Məclisin fəaliyyətini mütəmadi işıqlandıran media nümayəndələrinə akkreditasiyadan keçməkdə üstünlük verilir.
4. Akkreditasiyadan aşağıdakı şəxslər keçə bilərlər:
4.1. media subyektlərinin Media Reyestrinə daxil edilmiş jurnalistləri;
4.2. fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən və Media Reyestrinə daxil edilmiş jurnalistlər;
4.3. media subyektinin jurnalist olmayan işçiləri.

II. Media nümayəndələrinin Milli Məclisdə akkreditasiyadan keçmək barədə müraciətləri və onlara baxılması
 
5. Media nümayəndələri Milli Məclisdə hər hansı sessiya müddəti ərzində və ya müəyyən olunmuş müddət ərzində (qısamüddətli akkreditasiya) akkreditə olunurlar. Media nümayəndələri Milli Məclisin hər yaz və payız sessiyası üçün akkreditasiyadan keçməlidirlər. Milli Məclisin yaz və ya payız sessiyası üçün akkreditasiyadan keçmiş media nümayəndəsinin akkreditasiyası (qısamüddətli akkreditasiya istisna olmaqla), həmin sessiyadan sonra çağırılan Milli Məclisin növbədənkənar sessiyasına da şamil edilir. 
6. Hər yaz və payız sessiyasının başlanmasından əvvəl Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi (bundan sonra – müvafiq şöbə) Milli Məclisin rəsmi saytında media nümayəndələrinin Milli Məclisdə akkreditasiyadan keçmək barədə müraciətlərinin qəbul edilməsinə dair elan yerləşdirir. Həmin elanda müraciətlərin verilməsi qaydası və qəbul edilməsinin son tarixi qeyd olunur. Müraciətlər elektron formada və ya poçt vasitəsilə təqdim olunur. Media nümayəndələrinin akkreditasiyasına kvotalar müəyyən olunur.
7. Akkreditasiyadan keçmək barədə müraciət media subyektinin rəhbəri və ya fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalist tərəfindən verilir. 
8. Akkreditasiyadan keçmək barədə müraciətə aşağıdakılar əlavə olunur:
8.1. media subyekti rəhbərinin və ya fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistin müraciət məktubu;
8.2. media orqanının bütöv adı, onun təsisçiləri, tirajı və dövriliyi  barədə məlumatlar, redaksiyanın yerləşdiyi yer, ünvanı və iş telefonları;
8.3. media subyektinin akkreditə olunacaq əməkdaşlarının və ya fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistin anket məlumatları (adı, soyadı və atasının adı, tutduğu vəzifə, doğulduğu il və yer, ev ünvanı, iş və ev telefonları);
8.4. akkreditə olunacaq media subyektinin əməkdaşlarının və ya fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistin şəxsiyyət vəsiqələrinin surətləri;
8.5. akkreditə olunacaq media subyekti əməkdaşlarının xidməti vəsiqələrinin surəti.
9. Müvafiq şöbə akkreditasiyadan keçmək barədə müraciətləri öyrənir və bu Qaydaların tələblərinə uyğun gələn media nümayəndələrinin siyahısını tərtib edir. Tərtib olunmuş siyahı təsdiq olunmaq üçün müvafiq şöbə tərəfindən Milli Məclis Aparatının rəhbərinə təqdim edilir.
10. Yalnız Milli Məclis Aparatının rəhbəri tərəfindən təsdiq edilmiş siyahıda qeyd olunan media nümayəndələri Milli Məclisdə akkreditasiyadan keçmiş hesab olunurlar. 
11. Akkreditasiyadan keçmək barədə müraciət etmiş media nümayəndələrinə müraciətlərinə baxılmasının nəticəsi barədə müvafiq şöbə tərəfindən məlumat verilir. 
12. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditasiyadan keçirilmiş xarici media subyektlərinin nümayəndələri bu Qaydalara uyğun olaraq Milli Məclisdə akkreditasiyadan keçə bilərlər.
13. Akkreditasiyadan keçmiş media nümayəndələri Milli Məclisin mətbuat otağında işləyə, Milli Məclisdə keçirilən açıq iclaslarda və tədbirlərdə, komitələrin və parlamentin yaratdığı komissiyaların yığıncaqlarında iştirak edə, müzakirə olunan məsələlərlə bağlı məlumat xarakterli sənədlərlə tanış ola bilərlər. Akkreditə olunmuş telejurnalistlər və fotojurnalistlər protokol çəkilişi vaxtı iclas zalında işləyə, açıq iclasları isə müvafiq şöbənin razılığı ilə lentə ala bilərlər. Media nümayəndələri Milli Məclisin inzibati binasında yalnız onlar üçün ayrılmış xüsusi yerlərdə fəaliyyət göstərə bilərlər.
 
III. Akkreditasiyadan imtina olunması, akkreditasiyanın dayandırılması və ləğv edilməsi
 
14. Media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur:
14.1. təqdim edilmiş sənədlər bu Qaydalara uyğun olmadıqda;
14.2. saxta və ya yanlış məlumat təqdim edildikdə;
14.3. media nümayəndəsi bu Qaydalarda nəzərdə tutulan tələbləri pozduqda.
15. Media nümayəndəsinin akkreditasiyası aşağıdakı hallarda 30 günədək müddətə dayandırıla bilər:
15.1. media nümayəndəsi Milli Məclisin fəaliyyəti barədə həqiqətə uyğun  olmayan məlumat yaydıqda;
15.2. media nümayəndəsi Milli Məclisin fəaliyyətini mütəmadi olaraq işıqlandırmadıqda;
15.3. media nümayəndəsi dəvət olunmasına baxmayaraq, Milli Məclisdə keçirilən tədbirlərdə daimi iştirak etmədikdə;
15.4. media nümayəndəsi bu Qaydalarda nəzərdə tutulan tələbləri pozduqda.
16. Media nümayəndəsinin akkreditasiyası aşağıdakı hallarda ləğv olunur:
16.1. media nümayəndəsinin akkreditasiyası sessiya müddətində 2 dəfə dayandırıldıqda;
16.2. media nümayəndəsi akkreditasiyasının ləğv edilməsi barədə müraciət etdikdə;
16.3. nümayəndənin akkreditə edilmiş media subyekti ilə olan əmək münasibətlərinə xitam verildikdə;
16.4. media nümayəndəsi iştirak etdiyi iclasın normal gedişini və ya iş qaydasını pozduqda;
16.5. media subyektinin fəaliyyəti dayandırıldıqda və ya onun fəaliyyətinə xitam verildikdə;
16.6. media nümayəndəsi bu Qaydalarda nəzərdə tutulan tələbləri pozduqda.
17. Akkreditasiyası ləğv edilmiş media nümayəndəsi Milli Məclisin növbəti sessiyasından əvvəl yenidən akkreditasiya üçün müraciət edə bilər.
18. Media subyekti əmək münasibətlərinə xitam verilmiş nümayəndəsi barədə müvafiq şöbəyə məlumat verməlidir.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU