02.10.2008 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  90

Mill Məclisin  iclas  salonu.
2  oktyabr  2008-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli 7-IIIKQD nömrəli Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə (ikinci səsvermə).
2. “Azərbaycan Respublikası Milli Məclisi 2008-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi barədə.
3. “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi haqqında.
4. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. Dövlət sərhədinin mühafizəsi sahəsində idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununa, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli 7-IIIKQD nömrəli Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu.
2. “Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
4. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında diplomatik və rəsmi xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair” Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
17. “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
18. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
19. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
20. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
21. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
22. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
23. “Dövlət sərhədinin mühafizəsi sahəsində idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
24. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
25. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununa, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
26. “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
27. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
28. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
29. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                   O. ƏSƏDOV

 


MİLLİ  MƏCLİSİN  İCLASI

2  oktyabr  2008-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Milli Məclisin 2008-ci il payız sessiyasını açıq elan edirəm!
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Bir daha sabahınız xeyir olsun, hörmətli millət vəkilləri! Payız sessiyasının başlanması münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm, parlamentin qarşıdakı qanunvericilik fəaliyyətinin səmərəli olmasını arzulayıram!
Bildiyiniz kimi, Milli Məclis 2008-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Parlamentin 18 iclası keçirilmiş, 145 qanun və qərar qəbul edilmişdir.
Milli Məclisin 2 təntənəli iclası olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi parlamentin mayın 6-da keçirilən iclasında qeyd edilmişdir. İclasda ulu öndərimizin Azərbaycan tarixində rolu barədə məruzə və çıxışlar edilmiş, onun xalq və dövlət qarşısında misilsiz xidmətləri yad olunmuşdur.
Növbədənkənar sessiya dövründə Azərbaycan parlamentinin 90 illik yubileyi qeyd edilmişdir. Yubiley tədbirlərində 36 xarici ölkənin və 6 beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 9 ölkənin parlament sədri, 19 ölkənin sədr müavini, 102 parlament üzvü, xarici dövlətlərin Bakıdakı diplomatik korpusunun təmsilçiləri, bütövlükdə 200-ə qədər qonaq iştirak edirdi. Milli Məclisin iyunun 19-da keçirilən təntənəli iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmiş və dərin məzmunlu nitqlə çıxış etmişdir.
Hörmətli deputatlar, bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır və bu gün müzakirə ediləcəkdir. Bu sessiyada biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri də müzakirə və qəbul edəcəyik.
Milli Məclisin payız sessiyası ölkəmizin siyasi həyatında olduqca mühüm bir hadisə – Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə eyni vaxta təsadüf edir. Seçkilər ərəfəsində Milli Məclisin Seçki Məcəlləsinə etdiyi dəyişikliklər və əlavələr nəticəsində ölkəmizdə demokratik, ədalətli və şəffaf Prezident seçkilərinin keçirilməsi üçün indi bütün şərait yaradılmışdır.
Əlamətdar haldır ki, prezidentliyə 7 namizəddən 3 nəfəri hazırda Milli Məclisin deputatıdır, 2 nəfəri isə əvvəllər Milli Məclisin deputatı olmuşdur. Bu seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev iştirak edir. Seçki kampaniyasında 31 deputatımız prezidentliyə namizəd İlham Əliyevin vəkilidir.
Mən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi Milli Məclisdə çoxluq təşkil edən YAP-ı təmsil edən bütün millət vəkilləri, cənab İlham Əliyevin təəssübkeşləri olan digər deputatlar adından inamımı bildirmək istəyirəm ki, İlham Əliyev ötən 5 ildə həyata keçirdiyi nəhəng quruculuq işləri, ölkəmizin inkişafı, insanların rifah halının yaxşılaşdırılması naminə gördüyü işlər, böyük və gərgin fəaliyyəti nəticəsində xalqımız tərəfindən yenidən Azərbaycan Respublikasının Prezidenti seçiləcəkdir. Azərbaycan xalqı yenə də öz səsini, öz inamını cənab Prezidentə bildirəcək və İlham Əliyevi Prezident seçəcəkdir. (Alqışlar.)
Hörmətli deputatlar, əminəm ki, Milli Məclisin payız sessiyası yüksək səviyyədə keçəcəkdir. Sessiyada sizin hamınıza uğurlar arzulayıram! Xahiş edirəm, indi qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.12 dəq.)
İştirak edir 105
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2 
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, əgər etiraz yoxdursa, gündəliyin 2-ci məsələsini – Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinə əlavə edilməsi barədə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirələrə ehtiyac var? İclasa indi başlamışıq. Yaxşı, gündəliyin müzakirəsinə keçirik. Pənah bəy müzakirə üçün darıxıb, mənim yadımdan çıxmışdı. Müzakirələrə yazılın, xahiş edirəm. Buyursun Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən sizi bu yaxın günlərdə qeyd etdiyimiz Ramazan bayramı münasibəti ilə təbrik edirəm, millətimiz, cəmiyyətimiz üçün uğurlu olmasını Allahdan diləyirəm. Mən hesab edirəm ki, Milli Məclisin bu payız sessiyasında qarşımızda çox ciddi problemlər durur. Bunların da ən başlıcası, birincisi Prezident seçkiləri ilə bağlı məsələdir. Oqtay müəllim, Siz qeyd etdiniz ki, Prezident seçkilərində Milli Məclisin indi fəaliyyətdə olan 3 üzvü, 2 keçmiş üzvü iştirak edir. Bütün hallarda bu Prezident seçkilərinin nəticəsinin ən böyük xeyri Milli Məclisə dəyəcək. Kim seçilsə, Milli Məclisə daha yaxın namizəd olacaq. Ona görə də bu da bizim elə uğurumuzdur.
Mən bir də əlavə çıxış etməmək üçün gündəliklə, qanunvericilik işləri planı ilə bağlı fikirlərimi demək istəyirəm. Bir neçə məsələni biz bu payız sessiyasında da təxirə salırıq. Bu, birinci növbədə, “Siyasi partiyalar haqqında” Qanunla bağlıdır. Ötən həftələrdə hörmətli Bahar xanım mətbuata açıqlama vermişdir ki, bu payız sessiyasında yaxın vaxtlarda “Siyasi partiyalar haqqında” Qanuna baxılacaq. Məncə, bu, olduqca ciddi məsələdir. Bu məsələyə qanunvericilik planında, hesab edirəm, yubatmadan yanvar ayına qədər baxmağımız daha məqsədəuyğun olardı.
Digər bir məsələ. MSK ilə bağlı məsələni bir neçə dəfə müzakirə etmişdik. Sizə xatırlatmaq istəyirəm ki, ATƏT-in ilkin hesabatında seçkilərlə bağlı burada qeyd olunub ki, MSK-nın tərkibində hakim partiyanın bütün təmsilçiləri yer alıblar, amma azlığın təmsilçilərinin məsələsi hələ də həll olunmayıbdır, iki yer boş qalıbdır. Bu iki yerlə bağlı bəzi spekulyasiyalar vardır. Bu yerlər Müsavat Partiyasının nümayəndələri üçün ayrılıb. Amma Müsavat Partiyası rəsmi bəyanat verdi ki, biz bu komissiyada təmsil olunmayacağıq. Belə olan halda mən hesab edirəm ki, oktyabrın 15-nə qədər seçkilərlə, komissiyanın tərkibi ilə bağlı hər hansı problem, mənfi rəy formalaşmasın deyə, biz bu məsələni gündəliyə çıxarıb müzakirə etməli və azlıqda qalan partiyaların, xüsusilə də prezidentliyə namizədi olan partiyaların nümayəndələrinin orada təmsil edilməsi üçün şərait yaratmalıyıq. Bu, olduqca vacibdir.
Üçüncü, biz burada dəfələrlə məsələ qaldırmışıq ki, pasiyentlərin, yəni xəstələrin hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsinin müzakirəsi olduqca vacibdir. Bu dəfə də həmin məsələ gündəlikdə nəzərdə tutulmayıbdır. Amma, ümumiyyətlə, gündəlikdə nəzərdə tutulan bir çox məsələlər təqdirəlayiqdir. Xüsusilə təhsillə bağlı qanunun artıq yekunlaşdırılması vacibdir. Rəqabət Məcəlləsinin yekunlaşdırılması vacibdir. Bunları da təqdir edirəm. Mən Milli Məclisin payız sessiyasının işinə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də sizin hamınızın Ramazan bayramınızı təbrik edirəm. Bundan başqa, yeni sessiyanın başlanması münasibəti ilə təbrik edirəm və Milli Məclisə öz işində uğurlar arzulayıram.
Oqtay müəllim, Siz Yeni Azərbaycan Partiyasının təmsilçisi kimi qeyd etdiniz ki, Milli Məclisin 31 üzvü cənab Prezident İlham Əliyevi müdafiə edir və onun qələbəsinə əminsiniz. Əgər bu, həqiqətən, belədirsə, onda iqtidar partiyası, Yeni Azərbaycan Partiyası olaraq niyə bütün namizədlər üçün bərabər təbliğat imkanları yaratmırsınız? Maksimum dərəcədə çalışırsınız ki, daha az insan İlham Əliyevin rəqiblərinin seçki platforması ilə tanış ola bilsin.
Seçki Məcəlləsinin 80.5-ci maddəsində qeyd olunur ki, efir vaxtı tamaşaçıların daha çox televiziyaya baxdıqları vaxtda ayrılmalıdır. Amma efir vaxtı saat 6-ya salınıb. Bu vaxt insanların çoxu işdən çıxıb evə gedirlər, yollarda olurlar və televiziyanı izləmək imkanlarına malik olmayırlar. Radioda isə saat 9-a salınıb. Biz efirdən də deyirik ki, siz Seçki Məcəlləsinə əməl etməlisiniz, amma buna əməl edən yoxdur. Dövlət televiziyası yalnız və yalnız bir nəfərin təbliğatı ilə məşğuldur. Hətta biz prezidentliyə namizəd kimi qeydə alınanda “Xəbərlər” proqramında biabırçı vəziyyət o həddə gəlib çatıb ki, bizim adımızı belə elan etmədilər. Dedilər ki, bu gün də prezidentliyə namizədlərdən biri də qeydə alınıb. Sonrakı gündə dedilər ki, Mərkəzi Seçki Komissiyasının iclası keçirilib, daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. Az.TV-nin “Xəbərlər” proqramında hər gün informasiya verirlər ki, Amerika Birləşmiş Ştatlarında seçki kampaniyası zamanı seçicilərlə görüşündə Makkeyn bunu dedi, Obama onu dedi. Amma bizim ölkəmizdə sanki seçki keçirilmir və kiçik bir informasiya da verilmir.
Mən çox istəyərdim ki, Milli Məclisin rəhbərliyi də, Milli Məclis üzvləri də Azərbaycanda, doğrudan da, bərabər və ədalətli seçki kampaniyası keçirilməsinə çalışsınlar. Bu seçkilərin ədalətli keçirilməsi, ölkəmizin nüfuzu üçün ölkədə bərabər və ədalətli seçkilər keçirilməklə xalqın iradəsini əks etdirən, xalqın iradəsinə uyğun yeni Prezidentin seçilməsi son dərəcə önəmlidir.
İkinci məsələ. Burada hörmətli həmkarım Fazil bəy məsələ qaldırdı. Vaxtı ilə Seçki Məcəlləsi qəbul edilərkən Mərkəzi Seçki Komissiyasının formallaşdırılması prinsipi belə götürülmüşdür: 6 nəfər hakim partiyadan, 6 nəfər azlıqda qalan partiyalardan olmalıdır. Azlıqda qalan partiyalar deyəndə, müxalifət nəzərdə tutulurdu. 6 nəfər də bitərəflərdən nümayəndə olmalıdır. Bunlardan bir nəfər ya Yeni Azərbaycan Partiyasından, ya da bir nəfər müxalifətlə...
Sədrlik edən. Müzakirələrdə çıxış üçün 3 dəqiqə vaxt verilir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sən 2-ci çağırışdır deputatsan. 10 dəqiqə müzakirə olmayıb. Suallara sonra cavab verərik. Pənah Hüseyn buyursun.
P. Hüseyn. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Mən də keçmiş və indi davam edən bayram və payız sessiyasının açılışı münasibəti ilə sizi təbrik edirəm. Həm bayramların, həm də bu sessiyanın millətimizə uğur, xeyir gətirməsini arzu edirəm.
Hörmətli Sədr, mən təqdim olunmuş gündəliyin müzakirəsində təkid edərkən, təkcə ümumi siyasi məsələləri və ya elan edəcəyim bir neçə sorğunu yox, konkret “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Qanunun pozulması barədə məlumat vermək və bunun səbəbi barədə danışmaq istəyirəm. “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 6-cı bəndinə görə Azərbaycan Respublikası Milli Məclisinin yaz və payız sessiyalarının əvvəllərində daimi komissiyalar öz işləri haqqında hesabat verməlidir. Nə üçün bu hesabat Milli Məclisin bugünkü iclasının, yəni payız sessiyasının əvvəllərində gündəliyə salınmamışdır? Daimi komissiyaların işi ilə əlaqədar söyləniləsi, deyiləsi, məncə, faydalı və səmərəli məsələlər vardır.
İkinci, indi seçkilərdən danışıldı. Bu gün seçkilərdən, hesab edirəm, daha mühüm məsələlər vardır. Bunlar, birinci növbədə, Azərbaycan Respublikasının, dövlətin və vətəndaşların mənafeyi ilə bağlı olan sosial-iqtisadi məsələlərdir. Mənim ünsiyyətdə olduğum seçicilərimin və vətəndaşların fikrinə görə, bunların da içərisində bir nömrəli məsələ dövlət büdcəsinin və bu büdcənin yönəldiyi layihələrin yerinə yetirilməsi sahəsində yaranmış vəziyyətlə bağlıdır. “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Qanunun 20-ci maddəsinə görə hər rüb Milli Məclisə dövlət büdcəsinin yerinə yetirilməsi ilə bağlı məlumat verilməlidir. Bu maddə ilə danışmağı ona görə lazım bilirəm ki, bəzən maddələr hətta bizim xəbərimiz olmadan dəyişdirilibdir. Milli Məclisin Sədrinə, komissiyalara və məhz Milli Məclisə məlumat verilməlidir, müzakirə edilməlidir. Təəssüf ki, son üç ildə bu praktikaya, qanunun həmin müddəasına əməl edilmir və nəticədə də mətbuatda, qeyri-hökumət təşkilatlarında dövlət büdcəsi üçün ayrılmış 500 milyon manata qədər vəsaitin dövlət investisiya layihələrinin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş vəsaitlə üst-üstə düşməməsi, ziddiyyət yaranması haqqında məlumatlar gedir və hökumət buna heç bir aydınlıq gətirmir. Ona görə də mən təklif eləyirəm ki, həmin məsələ ilə əlaqədar Milli Məclis bu gün hökumətin hesabatını dinləsin və yaxud Baş nazirə, hökumətə sorğu verilməsi məsələsini müzakirə etsin və bu barədə müvafiq qərar qəbul eləsin. Bu, olduqca ciddi bir problemdir. Təşəkkür edirəm.
Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də millətimiz və dövlətimiz naminə parlamentə faydalı bir zəhmət, əmək arzulayıram.
Konkret olaraq parlamentin iki sessiyası arasındakı fasilə dövründə regionumuzda baş verən hadisələrdən birinə diqqəti cəlb eləmək istəyirəm. Bu dönəmdə Qafqazın bir strateji yüksəklik kimi, istər coğrafiyasının, istərsə də resurslarının ələ keçirilməsi uğrunda mübarizəsinin, müharibəyə, indiyə qədər mübarizə onsuz da gedirdi, hərbi səviyyəyə keçməsində Azərbaycanın kifayət qədər ölçülü-biçili, ağıllı, həssas və dəqiq bir siyasət yürütməsini ölkə başçısının uğuru hesab eləyirəm. Bu dönəmdə tutulmuş mövqeyin Azərbaycanın siyasi əhəmiyyətini bir az da artırdığını qeyd eləyirəm. Düşünürəm ki, ayrı-ayrı şəxslərin 1920-ci illərdə olduğu kimi, mövqelərini indi müxtəlif radiolardan, ya mediadan irəli sürmələri, ayrı-ayrı fikirlər söyləmələri dövlətin ümumi siyasətinə çevrilsəydi, bizi nələr gözləyərdi?
58-ci ordu ilə XI Qızıl Ordunu paralelləşdirmək istəmirəm. Amma həmin dönəmdəki hadisələrlə xeyli yaxınlıqlar, oxşarlıqlar var. Bu dönəmdə Azərbaycan Prezidentinin gücü, üstünlüyü, liderlik keyfiyyətləri özünü həm də onda göstərdi ki, Azərbaycanı təhlükələrdən qoruya bildi. Mənə elə gəlir ki, ayrı bir halda Azərbaycanın antirusiya blokunda yer alması, bu müharibədə iştirakı və sair kimi ehtimallar, layihələr təsdiq olunsaydı, bizi nələr gözləyəcəyini proqnozlaşdırmaq o qədər də çətin olmazdı.
Cənab Sədr, Siz seçki prosesinə toxundunuz, çox xoş mövqelər bildirdiniz, bunları parlamentin böyük əksəriyyəti bölüşür. Prezidentin yürütdüyü siyasət parlamentin böyük əksəriyyəti tərəfindən müdafiə olunur və ümidvarıq ki, bu özünü qalibiyyət formasında 15 oktyabrda bir də təsdiq edəcəkdir, bir simvol olaraq görünəcəkdir. Amma ayrı-ayrı namizədlərin seçki prosesində iştirakı ilə bağlı ekranlardan evlərimizə daşınan, onların istər naturasında, istərsə də fikirlərindəki aqressiya, bolşevizm məni belə bir fikrə gəlməyə vadar edir ki, mitinqçilik və meydan təfəkkürü onların içərisində oturub, bunları çıxarmaq çox çətindir. Bunların müalicəsi, ümumiyyətlə, mümkün deyil, mənə elə gəlir, onların danışdıqları nağıllar real dövlətin siyasətinə çevrilə bilməz, onlar bunu bilirlər. Kimsə indi düşünməsin ki, Azərbaycanı normal bir siyasət dönəminə gətirib çıxarandan sonra, ölkənin büdcəsinə bu qədər vəsaitlər daxil olduğu bir dönəmdə hakimiyyət qırağa çəkilməlidir. Onlar bolşevikcəsinə şüurlarını və şüarlarını dövlətin siyasətinə daşıyacaqlarını fikirləşirlərsə, çox yanılırlar. İlham Əliyevin gücü onun təkcə komandasında və partiyasında, hökumətində deyil, onun şəxs olaraq, şəxsiyyət olaraq nailiyyətindədir. Bütün parametrlər üzrə bütün iştirakçı namizədləri və iştirak etməyənləri də udur...
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, bu il bizim payız sessiyasının planı o qədər də zəngin deyil, ona görə ki, biz xeyli dərəcədə az iclaslar keçirməliyik. Ölkənin həyatında ən böyük hadisə baş verir, yəni Prezident seçkiləri ilidir. Heç bir dövlətin, xalqın həyatında bundan daha əlamətdar bir hadisə təsəvvür eləmək mümkün deyil. Ona görə də, əlbəttə, bizim bütün fəaliyyətimiz bu seçkilərə yönəlməlidir. Prezident seçkilərində vəkillərin böyük bir hissəsinin, yəni mütləq əksəriyyətinin millət vəkilləri olması da, əlbəttə, parlamentin işinin keyfiyyətinə müsbət təsir eləyir.
Biz onu deyə bilərik ki, bu müddət ərzində rayonlarda olduq, müxtəlif rayonları gəzdik və müəyyən təbliğat işləri apardıq. Bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, xalqımızın əhvali-ruhiyyəsi çox yüksəkdir və seçkilərə kifayət qədər təntənəli bir şəkildə gedirlər. Burada səsləndi ki, Prezident seçkilərində əhali cənab İlham Əliyevin platforması, proqramı ilə o qədər də geniş tanış olmur, amma bu məsələnin bir məntiqi var ki, görülmüş işlər göz qabağındadır. Elə bir rayonumuz, elə bir kəndimiz yoxdur ki, orada iş görülməmiş olsun. Biz, adətən, çox böyük proqramlar barəsində danışırıq. Bizim namizədlərimiz də çox zaman elə danışırlar, amma tariximiz belədir, görülən işlər, adətən, az olur. Amma bu dəfə artıq söz yox, söhbət yox, iş proqram şəklində təzahür eləyir. Biz digər namizədlərin hamısının şəkillərini rayonlarda gördük. Yəni belə deyim ki, xüsusi bir ayrı-seçkilik nəzərə çarpmır, ona görə də bizim namizədlərimiz narahat olmasınlar.
Amma bir məsələ də var, bizim namizədlərimiz də bilirlər ki, vəziyyət nə yerdədir, ölkədə hansı tarixi proseslər gedib və ölkənin prezidenti kim olmalıdır? Bunu da xüsusi qeyd eləmək istəyirəm ki, burada ümumi vəziyyətdən də narahat olmaq lazım deyil, çünki bu gün Azərbaycan prezidentliyinə namizədlər içərisində xüsusi aqressiv adamlar yoxdur. Ona görə də Zahid müəllim çox narahat olmasın ki, müəyyən aqressiya var. Heç bir aqressiya yoxdur, çünki artıq görülən işlər Azərbaycanın inkişafı, namizədlərin də ziyalılıq səviyyəsini qaldırıbdır ki, bu da yenə cənab Prezidentin bu müddət ərzində gördüyü işlərin nəticəsidir. Mən əminəm ki...
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Mübariz Qurbanlı buyursun.
M. Qurbanlı. Təşəkkür eləyirəm, cənab Sədr. Cənab Sədr, hörmətli deputatlar! Mən də sessiyanın başlanması münasibəti ilə bütün deputatları və parlament rəhbərliyini təbrik edirəm. Əminəm ki, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin hüquqi bazasının yaradılmasında Milli Məclis indiyə qədər öz üzərinə düşən vəzifəni necə yerinə yetiribdirsə, bundan sonra da yerinə yetirəcəkdir. Seçki kampaniyası ilə əlaqədar biz bölgələrdə oluruq. Siz qeyd etdiniz, 31 nəfər millət vəkili, həm səlahiyyətli nümayəndə, həm də prezidentliyə namizəd cənab İlham Əliyevin vəkili olaraq yerlərdə təşviqat kampaniyasında iştirak eləyir. Təbii ki, bu, əhvali-ruhiyyəni öyrənmək üçün çox mühüm rol oynayır və biz də buna müvafiq olaraq, qanunların qəbul edilməsində fəallığımızı daha da yüksəltməliyik.
Bu gün Azərbaycanın qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsində, təbii ki, yeni-yeni qanunların qəbul edilməsi əhəmiyyətli rol oynayır. Onu da qeyd edim ki, cənab Qüdrət Həsənquliyev, ola bilər, Sizin 31 nəfər haqqında dediyinizi başqa cür yozmağa çalışdı. Burada 31 nəfər yox, Milli Məclisin mütləq əksəriyyəti prezidentliyə namizəd İlham Əliyevi müdafiə edir. Sadəcə, rəsmi qaydada 31 nəfər burada vəkil və səlahiyyətli nümayəndə simasında iştirak eləyir.
Təşviqat kampaniyasında ayrı-seçkiliklə əlaqədar deyilən fikirlə də razı deyiləm. Yerlərdə hamı üçün bərabər imkanlar yaradılıb. Prezidentliyə namizədlər rayonlarda görüşlər keçirə bilirlər. O ki qaldı televiziyada cənab Prezidentin fəaliyyətinin işıqlandırılmasına, dövlət başçısının müxtəlif görüşlərinin işıqlandırılması qanunauyğun haldır. Bütün dünyada belədir, dövlət başçısı öz fəaliyyətini, təbii ki, yerinə yetirməlidir və bu da mətbuatda işıqlandırılmalıdır.
Başqa bir məqamı xüsusi qeyd etmək istərdim. Bu gün Azərbaycanda əhvali-ruhiyyə olduqca yüksəkdir və xalq, demək olar ki, həyata keçirilən bu siyasəti müdafiə etməkdədir. Bizim də vəzifəmiz millət vəkili, parlament olaraq həyata keçirilən bu siyasətə müvafiq fəaliyyəti genişləndirməkdir. Mən hesab edirəm ki, payız sessiyası ilə əlaqədar qanunvericilik işləri planı yüksək səviyyədə tərtib olunubdur və biz bunları uğurla həyata keçirəcəyik.
Burada deputat Pənah Hüseynin yenidən havadan götürülmüş rəqəmi səsləndirməsi təəccüb doğurur. Hesablama Palatası var, büdcəyə nəzarət var. Mətbuatda ayrı-ayrı məlumatları yayırlar, sonra da bunu burada səsləndirirlər. Bunların heç bir əsası yoxdur. Mən hesab eləyirəm ki, parlament həmin işləri uğurla yerinə yetirəcək, hamımıza bu işdə uğurlar arzulayıram. Təşəkkür eləyirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də öz növbəmdə payız sessiyasının başlanması münasibəti ilə hər birinizi təbrik edirəm və məhsuldar, uğurlu fəaliyyət arzu edirəm. Oqtay müəllim, Sizə yay tətili günlərində Milli Məclis Aparatının işçilərinin oturduqları otaqların, mərtəbələrin təmirə dayandırılması və bərpa edilməsi üçün təşəkkürümü bildirmək istəyirəm. Aparatın işçiləri millət vəkillərinin işinin, fəaliyyətinin doğru müəyyənləşməsində və mütəşəkkil həyata keçirilməsində yardımçı olan insanlardırlar. Bu bərpa, təmir işləri, əlbəttə, bizim də işimizə çox yardımçı olacaqdır.
Sessiyamız çox əhəmiyyətli, bütün Azərbaycan xalqı, müsəlman dünyası üçün çox müqəddəs olan bir dövrə təsadüf edir. Dünən biz müqəddəs Ramazan ayını başa vurduq, Ramazan bayramını qeyd etdik və mən bu münasibətlə həmkarlarımı və onların ailə üzvlərini təbrik etmək istəyirəm, hamınıza uğur, müvəffəqiyyət, xoşbəxtlik arzulayıram.
Ümumiyyətlə, taleyinmi, tarixinmi hökmü ilə 2008-ci il Azərbaycan xalqının həyatına yubileylər, təntənələr, mərasimlər ili kimi daxil olub. Biz yaz sessiyasının sonuna yaxın bütün Azərbaycan xalqının ulu öndəri, ümummilli lideri Heydər Əliyevin 85 illiyini böyük bir təntənə ilə qeyd etdik. Bir müddət sonra Azərbaycan parlamentinin 90 illiyi qeyd edildi. Daha sonra Azərbaycanın müstəqilliyinin 90 illiyi, Milli Ordunun 90 illiyi qeyd edildi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən başlanan dövlətçiliyimizin, dirçəlişimizin, qayıdışımızın 15-ci ilini qeyd etdik. Bütün bunlar çox əhəmiyyətli günlərdir, əhəmiyyətli tarixlərdir.
Qarşıda bizi daha əhəmiyyətli bir gün, bütün Azərbaycan xalqının gələcəyini müəyyənləşdirən bir gün gözləyir, 15 oktyabr Prezident seçkiləri günüdür. Biz cənab Prezidentin təbliğatçıları olaraq, kənd-kənd, şəhər-şəhər gəzirik, insanlarımızla, seçicilərimizlə görüşürük. Biz kəndlərdə, qəsəbələrdə, şəhərlərdə məhəbbət dənizi ilə, sevgi seli ilə qarşılaşırıq. İnsanlarımız təkmənalı şəkildə qələbə arzusu ilə yaşayırlar. İnsanlarımız bizə deyirlər ki, əslində, prezidentliyə namizəd İlham Əliyevin heç bir təbliğata ehtiyacı yoxdur, onun gördüyü işlər, tutduğu əməllər elə onun öz təbliğatıdır, təşviqatıdır. İnsanlarımız 15 oktyabra böyük bir inamla gedirlər. Mən bu gün münasibəti ilə də əvvəlcədən öz inamımı, etibarımı bildirərək demək istəyirəm ki, həmin gün, əlbəttə, Azərbaycan xalqının xoşbəxt gələcəyinin müəyyənləşəcəyi gün olacaq. Həmin gün Azərbaycan xalqı öz gələcəyinə, öz nurlu sabahına, əmin-amanlığa, aydın səmasına səs verəcəkdir. Həmin gün münasibəti ilə də əvvəlcədən Azərbaycanın gələcəyini düşünən hər bir vətəndaşı, hər bir...
Sədrlik edən. Çox sağ olun, Jalə xanım. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür eləyirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının başlanması münasibəti ilə hamını təbrik eləyirəm. Arzu eləyirəm ki, həssas, siyasi proseslərin getdiyi bir dövrdə bütün millət vəkilləri öz işlərini, planlarını uğurla yerinə yetirsinlər.
Burada məndən əvvəlki çıxış eləyənlərlə bağlı bir neçə fikrimi demək istəyirəm. Mən, əsasən, qanun layihəsindən danışmaq istəyirdim, lakin bəzi məsələlərin düzgün olmayan tərzdə çatdırılması ilə əlaqədar fikirlərimi söyləmək istəyirəm. Birinci növbədə namizədlər üçün bərabər şəraitin yaradılmaması ilə əlaqədar fikir ifadə olundu, mən bunun tamamilə əleyhinəyəm, qəti şəkildə düzgün olmayan bir fikirdir. İctimai televiziyada, Azərbaycan Dövlət Televiziyasında hamıya bərabər şərait yaradılıbdır.
Seçki kampaniyası ilə əlaqədar biz qanunvericiliyi qəşəng bilirik. Bilirik ki, burada bir kəlmə də olsun göstəriş yoxdur və seçki təbliğatına heç nə ayrıla bilməz. Ancaq xəbər verə bilər və xəbərlər də çatdırılır. İctimai televiziyada hər bir namizəd üçün bərabər şəkildə həftə ərzində 25 dəqiqə vaxt ayrılıb. Ümumiyyətlə, həftə ərzində 3 saat və İctimai radioda 3 saat, dövlət qəzetlərində bərabər şəkildə hər bir səhifəsində püşkatma yolu ilə yer müəyyənləşdirilibdir. Yəni namizədlər üçün bərabər şərait yaradılıb. Ödənişli əsaslarla isə istənilən namizəd istənilən televiziyada çıxış eləyə bilər. Nə qədər vaxt alacaqsa, çıxış əsasında da öz fəaliyyətini, təbliğatını qura bilər. Mən başa düşmürəm, bundan artıq bərabər şərait nə ola bilər? Bəlkə düşünürlər ki, Yeni Azərbaycan Partiyası kiminsə şəkillərini aparıb yapışdırmalıdır və yaxud mitinqlər təşkil eləməlidir. Bu, seçki qanunvericiliyi ilə qadağandır. Ona görə də mən hesab eləyirəm ki, hər bir şəxs üçün azad şərait yaradılıbdır, istər rayonlarda mitinqlər, görüşlər keçirsin, istər qapı-qapı gəzsin, istərsə də başqa təbliğat formasından istifadə eləsin və təbliğat-təşviqat kampaniyasını aparsın.
Hörmətli Sədr, Siz çox düzgün dediniz ki, bəli, bu gün bizim irəli sürdüyümüz namizədin alternativi nə burada, nə seçkilərdə iştirak etməyənlər arasında, nə də dünyada vardır. Burada deputatlardan biri qeyd elədi ki, Milli Məclisdə iştirak eləyən namizədlərdən kim seçilsə, Milli Məclis üçün daha önəmli olar. Mən qeyd etmək istəyirəm ki, bizim namizəd uzun müddət Milli Məclisin deputatı olub. Bu gün də Milli Məclisdə görülən işlərdə bilavasitə Prezidentin dəsti-xətti görünür. Arzu eləyərəm, digər namizədlər də 3 faizlik baryeri aşa bilsinlər ki, dövlət tərəfindən ödənilmiş pulu onlardan geri almasınlar, çünki keçən dövr ərzində belə hal olubdur və...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vaxtdır artıq. Hadi müəllim, inciməyin, vaxtdır, müzakirə qurtarır. Bir çox suallara cavablar verdilər, bəzi sualları yazılı surətdə cavablandıracağıq.
Bütün millət vəkillərindən mənim bir xahişim var. Seçki ilidir, seçki qanunvericiliyinə yüksək səviyyədə dəyişikliklər edilib, beynəlxalq təşkilatlar bu dəyişiklikləri yüksək qiymətləndirirlər. Azərbaycan xalqı həm dünyaya, həm Avropaya sübut etməlidir ki, Azərbaycan Qafqazda inkişaf etmiş ölkə olmaqla bərabər, həm də ən demokratik, ədalətli, şəffaf seçkilər keçirəcək. Belə bir fürsət də çox az ələ düşür. Ona görə mən bütün millət vəkillərindən xahiş eləyərdim, hamımız elə işləməliyik ki, seçicilərimiz seçkilərdə çox fəal iştirak eləsinlər. Namizədlər üçün seçkilərdə bərabər şərait yaradılacaqdır.
Mən hesab eləyirəm ki, bu dəfəki namizədlərin hamısı yüksək səviyyəli, savadlı insanlardırlar və onlar da seçkilərdə öz güclərini sınayacaqlar. Əsas məqsədimiz seçkilərin ədalətli, şəffaf, demokratik keçirilməsi olmalıdır. Yəni biz bir daha Avropaya sübut eləməliyik ki, Azərbaycanda seçkilər bu səviyyədə keçə bilər. Artıq mən hesab eləyirəm ki, bir çox beynəlxalq təşkilatlar Azərbaycana hazır reseptlə gəlməyəcəklər, Azərbaycanda keçirilən seçkilərə düzgün, ədalətli qiymət verəcəklər.
İndi əgər etiraz eləmirsinizsə, gündəliyin ikinci məsələsinə başlayardıq. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşudur. Rövşən Rzayev buyursun.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün 6 ay keçdikdən sonra ikinci oxunuşda Konstitusiya Qanununa dəyişikliyi müzakirə edirik. Dəyişiklik texniki xarakter daşıyır. Nəzərdə tutulur ki, “Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın” adından “Dövlət Qulluğunu İdarəetmə Şurası yanında” sözləri çıxarılsın. Komissiyanın fəaliyyəti cəmiyyətin bütün sahələrini əhatə edir və bu fəaliyyət tək dövlət qulluğu ilə məhdudlaşdırılmır, ona görə komissiyanın adından “Dövlət Qulluğunu İdarəetmə Şurası yanında” sözlərinin çıxarılması əsaslıdır. Beləliklə, təklif eləyirəm, cənab Prezident tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunan Konstitusiya Qanununa dəyişikliyi ikinci oxunuşda qəbul edək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli millət vəkilləri, bilirsiniz ki, Konstitusiya Qanununa dəyişikliyə səsvermədə azı 95 deputat iştirak etməlidir. Xahiş eləyirəm, millət vəkilləri, səsvermədə iştirak eləyin. Xahiş eləyirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 112
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 113
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsinə keçirik. Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında. Qanunvericilik işləri planı bütün millət vəkillərinə paylanıb. Müzakirələrə başlayırıq. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Bu dəfə də bizim müzakirəmizə təqdim olunan iş planı hörmətli Sədr tərəfindən hazırlanıb, təqdim olunub. Çünki bizim Daxili Nizamnamədə belə nəzərdə tutulmuşdur. Çox təəssüf ki, əvvəlki illərdə, əvvəlki sessiyalarda şahidi olduğumuz eyni nöqsanları, qüsurları və qanunsuzluqları bu gün də müşahidə edirik. Bunlardan birinə mən iştirak etdiyim ilk sessiyada diqqəti cəlb etmişdim və sonra, səhv etmirəmsə, hörmətli İlyas müəllim də sessiyaların birində bu məsələyə toxundu. Konstitusiyanın 96-cı maddəsinə görə, qanunvericilik təşəbbüsü hüququ olan subyektlər arasında Milli Məclisin deputatlarının adı birinci çəkilir. Amma bu iş planında da əvvəlki iş planlarında olduğu kimi, Milli Məclis deputatlarının qanunvericilik təşəbbüsü hüququ ilə irəli sürdükləri qanun layihələrinin və digər aktların müzakirəsi nəzərdə tutulmamışdır. Hesab edirəm ki, bu, qanunsuzluqdur, sadəcə, texniki bir məsələ deyildir.
Müsavat deputat qrupu və mənim özüm tərəfindən 8 qanun layihəsi təqdim olunmuş, bizim digər hörmətli deputatlar tərəfindən də müvafiq qanun layihələri irəli sürülmüşdür. Bu qanun layihələrinin Milli Məclisin müzakirəsinə buraxılmaması, hesab edirəm ki, əvvəlcədən təşkil olunmuşdur. Hörmətli Sədr, ona görə də mən xahiş edirəm ki, iş planının birinci bəndində digər qanunvericilik subyektləri kimi, Milli Məclis deputatlarının da adı yazılmış olsun. Eks-prezidentlərin statusu haqqında, Müxalifətçilik fəaliyyəti haqqında, PKK-nın terrorçu təşkilat kimi tanınması haqqında, Xocalı genosidi haqqında və sair qanun layihələri Milli Məclisə vaxtında, müvafiq prosedur qaydalara əməl edilməklə təqdim edilmişdir və bunlar Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. Biz bunu tələb edirik.
Bundan əlavə, hörmətli Sədr, mən bu müzakirəyə hazırlaşarkən Milli Məclisin Daxili Nizamnaməsinə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” qanunlara bir daha baxdım. Daxili Nizamnamənin “Milli Məclisin qanunvericilik işləri planı haqqında” adlı 7-ci maddəsində yazılıb: “Milli Məclisin iclasları Milli Məclisin növbəti sessiyasının əvvəlində qəbul edilən qanunvericilik işləri planına uyğun olaraq keçirilir. Milli Məclisin qanunvericilik işləri planı qərarla təsdiq edilir.” Diqqət edirsinizsə, hörmətli Sədr, burada Milli Məclisin iclaslarının bu plana əsasən keçirilməsi nəzərdə tutulur. Bu onu göstərir ki, bütün idarə və təşkilatların, məktəblərin, müəssisələrin, siyasi partiyaların iş planında olduğu kimi, burada da bir təqvim nəzərdə tutulmalıdır. Bizə təqdim olunan iş planlarında müvafiq sessiyanın təqvimi olmur. Təbii ki, burada hər şeyi dəqiq nəzərə almaq mümkün deyil. Amma ən azı Milli Məclisin komissiyaları, şöbələri tərəfindən hazırlanıb təqdim olunmuş qanun layihələrinin Milli Məclisin müzakirəsinə verilməsi məsələsi qrafikə salınmalıdır. Bu, ən elementar iş planının formatına uyğun bir məsələdir. Təəssüf ki, bu, yoxdur.
Nəyə görə mən bu məsələyə diqqəti cəlb edirəm? Çünki hər dəfə müəyyən qanun layihələri bu iş planlarına salınsa da, onların neçənci oxunuşda müzakirəyə çıxarılacağı və ümumiyyətlə, bu sessiyada qəbul edilib-edilməyəcəyi burada qeyd olunmur. Bu ona səbəb olur ki, illərdən bəri Təhsil haqqında qanun layihəsi hər dəfə iş planına salınır, amma müzakirəyə çıxarılmır. Mən xatırlayıram, Azərbaycan üçün mühüm olan Tikinti haqqında qanun layihəsi 2007-ci ilin yaz sessiyasının iş planına salınmışdı, amma müzakirə olunmadı. Milli Məclisin Hesablama Palatası haqqında qanun layihəsi də iş planına salınmışdı, amma müzakirə edilmədi. Hesab edirəm ki, burada müəyyən bir qrafik yazılmalıdır. Elementar dəftərxana qayda-qanunu var, iş planının tutulması zamanı da buna ciddi şəkildə əməl olunmalıdır.
Bundan əlavə, hesab edirəm ki, daha bir sıra mühüm məsələlər iş planında nəzərdə tutulmamışdır. Mən bundan əvvəl toxunduğum məsələyə bir daha qayıdıram. Mənim xatırladığıma görə, dövlət başçısını nəzərə almasaq, 1993-cü ildən sonra deputatlar tərəfindən cəmi 2 qanun layihəsi təqdim olunmuşdur. Onlardan biri hörmətli deputat Mehriban Əliyevanın təqdim etdiyi Amnistiya haqqında qanun layihəsi olmuşdur. Parlamentin 90 illiyi ilə bağlı amnistiya qanununun qəbul edilməsi bizim iş planına salınmalıdır.
Daha bir mühüm məsələ əmanətlər məsələsidir. Bizim seçicilərin istisnasız olaraq bütün deputatlara verdiyi əsas suallardan biri bununla bağlıdır. Bu məsələ burada hər dəfə qaldırılır, hər dəfə də hörmətli Sədr, yaxud müavinlər buna başdansovdu cavab verib, üstündən birtəhər keçməyə çalışırlar. Sözün açığı, Əmanətlərin qaytarılması haqqında qanuna ehtiyac yoxdur. Belə bir qanunun qəbul edilməsini zəruri edən hansısa bir şərt də yoxdur. Hökumətin qərarı, yaxud Prezidentin hansısa bir fərmanı ilə bu məsələni həll etmək mümkün idi. Amma qanun məsələsi... Hörmətli Sədrin özü də bu barədə çıxış etmiş, buna oxşar fikir səsləndirmişdi. Sonradan bu məsələ dəfələrlə burada səsləndi. İndi hamı qanun tələb edir. Hökumət, dövlət başçısı qalıb bir tərəfdə, bizə deyirlər ki, nə üçün əmanətlərin qaytarılması haqqında qanun qəbul edilmir. Bu məsələyə ya birdəfəlik son qoyulmalıdır, ya da həqiqətən, belə bir qanun müzakirəyə çıxarılmalıdır. Hörmətli Əli Məsimli tərəfindən keçən iclasların birində səsləndirilmişdi ki, belə bir layihə təqdim olunub.
Düzdür, iş planına qanunlara əlavə və dəyişikliklər haqqında ayrıca bir bənd salınmışdır. Amma hesab edirəm ki, çox mühüm məsələlər arasında hərbi quruculuqla, ordu ilə bağlı məsələlər xüsusi yer tutur. Hörmətli Sədr, hətta böyük orduya çox ehtiyacı olan Rusiya kimi bir dövlət də bu yaxınlarda əsgərlərin hərbi xidmət müddətini 1 ilə endirdi. Ən qabaqcıl, ən güclü dövlətlərin ordu quruculuğu və müasir hərbi təlim keçilməsi sahəsində təcrübəsinə baxsaq, görərik ki, bir qayda olaraq, təlim 1 il, yaxud daha az aparılır. Ona görə də əsgərlərin hərbi xidmət müddətinin 1 ilə endirilməsi və ildə 4 dəfə yox, 2 dəfə çağırış aparılması sisteminə keçilməsi, yəqin ki, ordu quruculuğu işinə müsbət təsir göstərərdi.
Diqqətinizi bir məsələyə də cəlb etmək istəyirəm. Biz bu barədə danışmaq istəmirdik. Amma çox təəssüf ki, vadar oluruq. Hörmətli Sədr iclası bitərəf kimi aparmalıdır, hər halda vəzifəsi bunu tələb edir. O burada siyasi mənsubiyyətini ortaya qoymalı deyildi. Yeni Azərbaycan Partiyasının hörmətli deputatları da seçki məsələsinə toxundular. Mən də buna öz münasibətimizi bildirmək istəyirəm. Müsavat qrupu adından Azərbaycan müxalifətini təmsil edən bir şəxs kimi deyirəm ki, 1993-cü ildən sonra keçirilən bütün seçkilər kimi, builki seçki də azad, ədalətli, demokratik olmayan seçkidir və bu yolla biz, hörmətli Sədr, Sizin dediyiniz kimi, Avropanın qarşısında Azərbaycanın üzünü ağ edə bilmərik. Buna yalnız azad, ədalətli seçkilər uğrunda çalışmaqla, Seçki Məcəlləsinə dəyişikliklər etməklə nail ola bilərik. Siz beynəlxalq təşkilatlar qarşısında hesabat məsələsinə toxundunuz. Ən böyük zərbəni elə buradakı çoxluq vurmuşdu. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Pənah müəllim, mənim suallara cavab vermək fikrim yox idi. Amma Sizin qaldırdığınız bir-iki məsələyə münasibətimi bildirməliyəm. Birincisi, mən heç vaxt deməmişəm ki, əmanətlərin qaytarılmasına görə qanun layihəsi hazırlanmalıdır. Bu çox savadsız söhbətdir, belə bir söz olmayıb. Mən yalnız demişəm ki, hökumət hələ bir qərar ortaya qoya bilmir, deputat qruplarından xahiş etmişəm ki, mümkünsə, təklif verin, bu qərarın hazırlanmasına kömək olsun. Qanun layihəsindən söhbət getməyib. Bu birinci məsələ.
İkinci, Siz amnistiya barəsində danışdınız. Çox sağ olun ki, dediniz, Mehriban xanımın təşəbbüsü ilə amnistiya oldu. Amma o da yadımızdan çıxmayıb ki, Siz o vaxt çıxışınızda dediniz, bu amnistiyanı təqdir edirsiniz, amma bunun lehinə səs verməyəcəksiniz.
Üçüncü, axırda söylədiyiniz məsələ. Birincisi, mən Sədr kimi bitərəf deyiləm, Sədr kimi bura mənim namizədliyimi Yeni Azərbaycan Partiyası irəli sürüb. Siz, Allaha şükür, çox təcrübəli siyasətçi sayılırsınız. Baxın dünyaya – Makkeynin partiyası necə tərəfdaşlıq edir, Obamanın da həmçinin. Bu, bir balaca düzgün söhbət deyil. Sən həmişə özünü hüquqşünas kimi göstərirsən.
1993-cü ildən bizdə ədalətli seçkilərin keçirilmədiyi barədə söylədiyinə gəlincə, bu da böyük səhvdir. 1993-cü ildə seçki keçirməmişik ki. İkincisi, seçkidə iştirak etmək istəyirdinizsə, edəydiniz. Bütün dünya gördü ki, siz bu seçkidən qaçdınız. Seçkidə iştirak etsəydiniz, gücünüzü də, bacarığınızı da göstərərdiniz. Tək mən yox, sizin sevdiyiniz beynəlxalq təşkilatlar sizə dedilər ki, seçkilərdə iştirak etməkdən imtina etməyiniz sizin zəifliyinizi göstərir. Ona görə də məncə, indi seçkidə iştirak edən partiya nümayəndələrinin, namizədlərin bu mövzuda çıxış etməyi daha düzgün olar. Buyurun, Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Bu gün parlamentin elə ilk iclasında seçki mövzusunun bu qədər yer alması başa düşüləndir, çünki seçki maraqları, hakimiyyət ehtirasları parlamentə də daşınmamış deyil və bir sıra qüvvələrin bu seçki, bu turne ilə bağlı planlarının üzərindən xətt çəkilir. Ona görə də ağrılı reaksiyalar olacaqdır. Amma hər bir halda seçkinin azadlığını, ədalətliyini müəyyənləşdirən xalqın iradəsidir. Bu seçkilərdə hansısa konkret namizədin iştirak edib-etməməsi, bütün siyasi spektrin təmsil olunub-olunmaması xalqın iradəsini aşağılamır, legitimlik məsələsini müəyyənləşdirmir. Legitimliyi millət müəyyənləşdirir.
Cənab Sədr, mən konkret olaraq əmanətlərlə bağlı məsələnin bundan sonra da qalxa biləcəyini zənn edərək bu məsələyə bir aydınlıq gətirilməsini istərdim. Bu məsələ barədə hörmətli Səfa müəllimin də açıqlaması olmuşdur. Düşünürəm ki, bunu biz bildirməliyik, bu, sirr deyil, gizli deyil və bunun guya bizim əleyhimizə fakt kimi çevriləcəyindən heç kim narahat olmasın. Erməni amili bu məsələdə, həqiqətən də, bizə mane olur. Ermənistanda bizim soydaşlarımızın əmanətləri olduğu kimi, onların da burada əmanətləri olub. İndi biz bu məsələdə ermənilərin hansısa bir basqısının qarşısında qalmaq istəmirik. Ona görə də bu məsələnin dəqiq sərhədlə ayrılmasının çox çətinliyini hər kəs siyasi mənsubiyyətindən asılı olmayaraq başa düşməlidir.
Cənab Sədr, qanunvericilik təşəbbüsü qaydasında mən iki, bəlkə də üç məsələni qaldırmaq istəyirəm. Birincisi şəhid statusu ilə bağlı məsələdir. 1994-cü ildən sonra bu məsələdə müəyyən bir konkretlik var idi, yəni real hərbi əməliyyatlar, müharibə dövründə döyüş zamanı həyatını itirmiş insanlar şəhid adına layiq görülür, şəhid statusu əldə edir və onların ailələri müvafiq imtiyazlardan yararlanırdı. Dövlətimiz şəhid ailələrinə kifayət qədər diqqət və qayğı göstəribdir. Amma bu məsələ ondan sonrakı dövrdə xeyli problemli bir vəziyyətdə qalmaqdadır. Halbuki bu, mühüm məsələ, müdafiə, bir az da təhlükəsizlik məsələsidir. Bu gün sərhəd xidməti haqqında qanunvericilik sərhəd xidmətini keçərkən bir güllədən həyatını itirən hərbi qulluqçuya şəhid adını əldə etmək imkanı verir, amma eyni xidməti silahlı qüvvələrin bir başqa sektorunda aparan şəxs hər hansı bir lokal hərbi əməliyyat zamanı həyatını itirirsə, şəhid adını almır. Yadınızdamı, 3 martda Ermənistanın içərisindəki hadisələrin nəticəsi olaraq Qarabağda atəşkəs geniş miqyasda pozulanda belə əməliyyatlar baş vermişdi. Fakt göstərir ki, döyüş əməliyyatı olmalıdır ki, orada həyatını itirən şəhid olsun, şəhid adını alsın. Bunun hüquqi vəziyyətini biz açıq saxlamışıq. Düşünürəm ki, bu sahədə ciddi problemlər var, onu biz tənzimləməliyik.
İkinci məsələ yenə də hərbi sektorla bağlıdır. Hərbi qulluqçuların pensiya təminatı hüquq mühafizə orqanları işçilərinin pensiya təminatından aşağı səviyyədədir. Prokurorluq orqanlarında 15 il əmək fəaliyyəti pensiya almağa imkan verir, amma hərbi sahədə bu müddət 20 ildir. O cümlədən onların pensiyasının hesablanmasında da bir əmsal var, o əmsalda da bunların ziyanına hallar baş vermişdir. Düşünürəm ki, bizim tərəfimizdən bunları konkret olaraq yazılı şəkildə irəli sürmək mümkün olacaqdır. Ümidvaram ki, bu sessiyada bunları biz qəbul edə biləcəyik.
Cənab Sədr, siyasi partiyalarla bağlı burada xeyli söhbətlər getdi. Ötən dövrlərdə, yəni 1990-cı illərdən bu yana ictimai-siyasi münasibətlər sistemində, vətəndaş-dövlət münasibətlərində çox dəyişikliklər, yeniləşmələr baş vermişdir. 1993-cü ildə qəbul olunmuş əksər qanunvericilik aktları kimi bu qanun da Konstitusiyaya və cəmiyyətimizin tələblərinə uyğunlaşdırılmalıdır. Amma bu məsələ hələ də sual olaraq qalır, yəni yeni bir formada müzakirəyə çıxarılmır. Hərçənd ki, siyasi sistemin tam formalaşması üçün bu, mümkün və hətta lazım idi.
Amma bu məsələdə, heç olmasa, bir təklifin nəzərə alınmasını çox istərdim. Seçkidə iştirak etməyən partiyanın bağlanması məsələsi. Bununla əlaqəli heç kim bizi qeyri-demokratiklikdə ittiham edə bilməyəcək. Çünki bu, Avropa qanunvericiliyində özünü göstərən bir haldır. İki dəfə seçkidə ardıcıl iştirak etməyən partiya ləğv olunur. Doğrudan da, partiyanın mövcudluğunun bir anlamı olmalıdır. Yəni partiya cəmiyyətlə apardığı işin nəticəsini seçkidə görməlidir. Amma təəssüf ki, Azərbaycanda bəzi qüvvələr hələ də qəribə mitinq əhvali-ruhiyyəsi, hakimiyyəti mitinqlərdə müəyyənləşdirmək əhvali-ruhiyyəsi ilə yaşayırlar. Seçkilərdə iştirak etməmək də məhz bu əhvali-ruhiyyədən irəli gəlir.
Cənab Sədr, mən bir təklif də etmək istəyirəm. Faşist və kommunist simvollarının, himninin, gerbinin, bayraqlarının yayılmasına görə inzibati hüquqpozmalarda müəyyən bir cərimə müəyyənləşdirilməlidir. Ola bilsin, bu bizim praktikamızda geniş yayılmayıb. Amma MDB məkanında özünü geniş şəkildə göstərən müddəalardan biridir. Postsovet məkanında bu, qəbul olunub. Azərbaycanda faşizm tendensiyaları mövcud deyil, hətta onu simptom şəklində görməmişik. Amma bu, o cümlədən kommunizmin təzədən hər hansı bir formada bərpası mümkündür.
Son olaraq qeyd edim ki, mən 6 ay öncə Xocalı soyqırımı haqqında qanun layihəsini hazırlayaraq Sizin adınıza göndərmiş, parlamentin aparatına təqdim etmişəm. Çox ümidvaram ki, sessiya dövründə bu məsələlərə də baxılacaq, cavab veriləcək və bu layihənin taleyi Xocalı faciəsinin taleyinə oxşamayacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Amma Zahid müəllim, müəyyən partiyaların bağlanıb-bağlanmaması cəmiyyətdə heç nəyi dəyişmir. Əgər partiya reytinqli partiyadırsa, o işləyəcək, əgər reytinqi yoxdursa, onun açıq və ya bağlı olmasının heç bir fərqi yoxdur. Ona görə bu məsələnin qaldırılmasının da mənası yoxdur. İkinci, verdiyiniz qanun layihəsinin cavabı hazırlanıb. O cavab Sizə veriləcək. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Sağ olun, cənab Sədr. Mən düşünürəm ki, bizə təqdim olunmuş qanunvericilik işləri planı kifayət qədər dolğun və zəngindir. Payız sessiyasında bir sıra mühüm qanunların müzakirəsi və qəbul olunması nəzərdə tutulub. Bu qanunların qəbul olunması xeyli vaxtdır cəmiyyətimiz tərəfindən gözlənilir. Məsələn, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Rəqabət Məcəlləsinin layihələri, Həbs yerlərində saxlanılan şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında, Xüsusi iqtisadi zonalar haqqında, Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında və sair qanun layihələri bu qəbildəndir. Qanunvericilik işləri planına o cümlədən Təhsil haqqında, Elm və dövlət elmi-texniki siyasəti haqqında qanun layihələri də salınıbdır.
Bildiyiniz kimi, 2008-ci il 10 aprel tarixində hörmətli Prezidentimiz tərəfindən Azərbaycan elmində islahatların aparılması ilə bağlı dövlət komissiyasının yaradılması haqqında sərəncam verilmişdir. Bu sərəncama müvafiq olaraq elmin inkişafı üzrə milli strategiyanın və bu strategiyanı həyata keçirən dövlət proqramının hazırlanması nəzərdə tutulur. Milli strategiyanın layihəsi artıq hazırdır. Bu strategiyaya uyğun olaraq Azərbaycan elminin yaxın bir zamanda dünya elmi səviyyəsinə qaldırılması nəzərdə tutulur. Burada elmin və texnikanın idarəetmə sisteminin təkmilləşdirilməsi, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, elmi-texniki infrastrukturun modernləşdirilməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi mərkəzlərin və elmdə varisliyin qorunub saxlanması, elmin, təhsilin və istehsalın inteqrasiyası, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, Azərbaycan elminin beynəlxalq elmi məkana inteqrasiyası, elmin informasiya təminatının gücləndirilməsi, elmi potensialın ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəldilməsi kimi bir çox məqsədlər qoyulubdur. Burada müəyyənləşdirilən vəzifələrdən biri də elmin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və yaradılmasıdır. Ona görə də artıq qeyd etdiyim Elm və dövlət elmi-texniki siyasəti haqqında qanun layihəsinin məhz bu payız sessiyasında qəbul olunması olduqca vacibdir və biz ümid edirik ki, bu payız sessiyasında cəmiyyətimiz tərəfindən çoxdan gözlənilən Təhsil qanunu da, Elm qanunu da qəbul olunacaq.
Mən daha bir məsələ, bizim himnimiz haqqında danışmaq istərdim. Bütün müstəqil dövlətlərin bayraq, himn, gerb kimi milli dövlətçilik atributları var. Şükürlər olsun ki, müstəqillik əldə edəndən sonra bizim öz bayrağımız yüksəlir, himnimiz, gerbimiz var. Amma istənilən dövlətin milli himni onun qürur yeri, millətin, dövlətin şərəfinin ifadəsidir. Digər ölkələrin milli bayramlarında, səfirliklərində və ya xarici ölkələrdə olanda müşahidə edirik ki, bu ölkələrdə himn səslənəndə mütləq iştirakçılar bu himni oxuyurlar. Mən çox istərdim ki, bizdə də bu məsələyə baxılsın və bu bir qanun çərçivəsinə salınsın ki, himn səslənəndə dövlətimizə, millətimizə, himnimizə hörmət və ehtiram ifadəsi kimi mütləq bizim iştirakçılar himni ucadan oxusunlar. Bunun, əlbəttə, mənəvi-psixoloji və eyni zamanda, çox böyük tərbiyəvi əhəmiyyəti var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu iş planının təklif olunan məzmunda müzakirəyə çıxarılmasına etiraz etmirəm və onun lehinə səs verəcəyəm. Yalnız bir təklifim vardır. Biz həlak olan əsgərlərimiz haqqında tez-tez kütləvi informasiya vasitələrində məlumatlar alırıq. Düşmən snayperinin gülləsinə tuş gəlməklə və ya minaya düşməklə əsgərlərimizin həlak olması faktını bəlkə də qəbul etmək mümkündür. Amma hərbi xidmətə çağırılan gəncin cəmi ay yarım sonra hospitalda anginadan dünyasını dəyişməsi faktını qəbul etmək, bu adi xəstəliyin əsgər ölümü ilə nəticələnməsi faktına haqq qazandırmaq, mənə elə gəlir ki, heç bir məntiqə uyğun deyil. Təsəvvürünüzə gətirin ki, seçildiyim İmişli rayonundan 2008-ci il iyulun 11-də Ağaşov Rüfət adlı əsgər hərbi xidmətə çağırılır və cəmi ay yarım sonra, 2008-ci il avqustun 31-də evinə tabutda qayıdır. Dediyim kimi, ölümün səbəbi angina, yəni boğazgəlməsi olmuşdur.
Hörmətli deputatlar, biz hər il dövlət büdcəsindən hərbi sahəyə kifayət qədər vəsait ayırırıq və mən də digər həmkarlarım kimi bunu təqdir edirəm. Ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulan bu vəsait, şübhəsiz ki, həm də hospitallarımızın maddi-texniki bazasının gücləndirilməsinə, əsgərlərimizə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə gətirib çıxarmalı idi. Bu isə öz növbəsində adi xəstəlikdən əsgər ölümü hallarının qeydə alınmaması ilə nəticələnməli idi. Lakin mənim dediyim faktın ortada olması, hesab edirəm ki, çox ciddi mətləblərdən xəbər verir. Əgər doğrudan da, əsgər adi boğazgəlməsindən dünyasını dəyişirsə, onda hospitallarımızdakı vəziyyət bizi ciddi narahat etməli, əsgərlərimizə göstərilən tibbi xidmətin səviyyəsi hərtərəfli yoxlanmalıdır. Yox, əgər bu əsgər daha ciddi xəstəliklərdən dünyasını dəyişibsə, o halda haqlı bir suala cavab verilməlidir. Belə ağır xəstələr niyə hərbi xidmətə çağırılır? Hörmətli Oqtay müəllim, hesab edirəm ki, əsgər ölümü ilə bağlı məsələ Milli Məclisin payız sessiyasının gündəliyinə salınmalı, hərtərəfli araşdırılıb təxirəsalınmaz tədbirlər görülməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Payız sessiyasının başlanması münasibəti ilə hamınızı təbrik edir, sizə ən xoş və səmimi arzularımı bildirirəm. Payız sessiyasının gündəliyinə sayca az sənəd daxil olsa da, hesab edirəm ki, sanballılıq nöqteyi-nəzərindən o çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Təhsil haqqında qanun layihəsini, Rəqabət Məcəlləsini, Mənzil Məcəlləsini və bir sıra digər qanun layihələrini xüsusi qeyd etmək olar.
Mən burada qaldırılan məsələlərlə bağlı bir sıra məqamlara münasibət bildirmək və müəyyən təkliflərimi vermək istərdim. Milli Məclisdə tez-tez səslənən ən problemli məsələlərdən biri batmış əmanətlərin qaytarılması məsələsidir. Burada 3 qrup problem göstərilir. Birinci, müvafiq qanun layihəsinin və bununla bağlı mexanizmin olmaması, ikinci, sənədlərdəki problemlər, yəni bir sıra sənədlərin batması, onların bərpası ilə bağlı məsələlər və üçüncü, xaricdə olan azərbaycanlılarla bağlı məsələlər. Hesab edirəm ki, Milli Məclisdə bu məsələ ilə bağlı komissiya yaradılandan sonra həm o komissiya, həm də əlaqədar təşkilatlarla birgə bu məsələnin həlli istiqamətində bir addım atılıb ki, onu irəliyə doğru addım kimi qiymətləndirmək olar. Bu ondan ibarətdir ki, batmış əmanətlərin qaytarılmasına dair qanun layihəsini biz bu il mayın 15-də İqtisadi siyasət komissiyasına və Milli Məclisdə formalaşmış həmin komissiyaya təqdim etmişik. Komissiyada iclas zamanı Ziyad müəllimin verdiyi məlumata görə, həmin qanun layihəsi üzərində və eyni zamanda, əlaqədar təşkilatlarla birgə digər iki problemin həlli istiqamətində iş gedir.
Mən belə bir təkliflə çıxış etmək istəyirəm. Məlumdur ki, qanun layihəsinin Milli Məclisə çıxarılması müəyyən prosedurlardan keçir. Yaxşı olar, bu cür qanuna münasibətdə qanunvericilik işləri planını açıq saxlayaq ki, həmin 3 qrup problemin həlli istiqamətində görülən işlər və qanun layihəsinin müzakirə mərhələləri bitəndən sonra onu payız sessiyasının qanunvericilik işləri planına salmaq mümkün olsun.
İkinci mühüm məsələ kimi mən Təhsil haqqında qanun layihəsini qeyd etmək istəyirəm. Məlumdur ki, təhsil haqqında qanun qəbul ediləndən sonra bu istiqamətdə bir sıra başqa zəruri qanunların qəbul edilməsinə ehtiyac olacaq. Belə qanun layihələrindən biri də bizim tərəfimizdən Təhsil kreditləri haqqında qanun layihəsi kimi hazırlanıb. Yaxşı olardı, payız sessiyasının qanunvericilik işləri planı həmin qanun layihəsi üçün də bir növ açıq saxlanılsın ki, Təhsil haqqında qanun qəbul ediləndən sonra bu qanun layihəsinin də vaxtında gündəliyə salınıb qəbul edilməsi mümkün olsun.
Azərbaycanın büdcəsi sürətlə artır. Qabaqlar bir-iki milyard dollarlıq büdcə artıq 2009-cu ildə 15 milyard, icma büdcə isə 27 milyard dollar olacaq. Bu, Azərbaycan üçün yox, yaşadığımız Cənubi Qafqaz regionu üçün həddindən artıq böyük rəqəmlərdir. Yəni Gürcüstan və Ermənistanın büdcələrini üst-üstə gələndə bundan 3 dəfə çoxdur. Belə bir halda hesab edirəm ki, artıq 2009-cu ilin büdcəsi müzakirə olunan zaman Büdcə Məcəlləsinin və Dövlət maliyyə nəzarəti haqqında qanunun layihələri də bu plana salınmalı və qəbul edilməlidir. Çünki büdcə artıq kifayət qədər böyükdür. Belə bir büdcə olan ölkədə Dövlət maliyyə nəzarəti haqqında qanunun olmasını mən vacib hesab edirəm. Üstə gələk, bu barədə Prezident tapşırığı var. İki il müddət keçib, hesab edirəm ki, həmin qanun layihəsinin artıq bu sessiyada qəbul edilməsi vacibdir.
2008-ci ilin yaz sessiyasının qanunvericilik işləri planına daxil olan qanun layihələrinin çoxu payız sessiyasının planına salınıb. Amma mən çox arzulayardım ki, investisiyalar haqqında qanun layihəsinin də işlənməsi sürətlənsin. Doğrudur, 1995-ci ildə belə bir qanun qəbul edilib. Amma o vaxtdan artıq 13 il keçib. Yeni qanunun qəbul edilməsinə ehtiyac var. Neftdən kənar sahələrə investisiyaların gəlməsi, bu sahədə sahibkarlıq mühitinin inkişaf etdirilməsi, bu sahəyə tələb olunan səviyyədə investisiyanın cəlb edilməsi üçün İnvestisiyalar haqqında qanun layihəsinin qəbul edilməsinin sürətləndirilməsi çox vacibdir.
Dünən Ahıllar günü oldu. Bu münasibətlə mən bütün ahılları təbrik edir, onlara uzun ömür, can sağlığı arzulayıram. Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq pensiyaların aşağı həddinin 75 manata çatması, Azərbaycanda pensiyaların böhranının əvvəlki dövrünün səviyyəsinə çatması deməkdir. Bu, hesab edirəm ki, irəliyə doğru çox ciddi bir addımdır. Amma əvvəllər pensiyaya çıxanla indi pensiyaya çıxan arasında, eyni işlə məşğul olanların pensiyaları arasında fərq yenə də narazılıq yaradır. 30–40 il işləyən adamla 5 il işləyən adamın pensiyalarında bir fərq yoxdur. O cür can qoyan insanlar cəmisi 75 manat pensiya alır. 2009-cu ilin büdcəsi müzakirə olunan zaman bu ədalətsizliyin də aradan qaldırılması istiqamətində əlaqədar təşkilatların Milli Məclisə sənəd çıxarmasını və bu problemin həllini çox vacib hesab edirəm.
Böyük əhəmiyyət kəsb edən və vacib hesab etdiyim məsələlərdən biri, müxtəlif illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası məsələsi, səhv etmirəmsə, yaz sessiyasında deputat həmkarım Əli Əhmədov tərəfindən qaldırılmışdı. Onların hüquqlarının bərpası istiqamətində müvafiq işlərin görülməsinə ehtiyac var. Ona görə bu məsələnin gündəliyə salınmasını vacib hesab edirəm.
2008-ci ildə Azərbaycan parlamentinin 90 illiyinin təntənəli şəkildə keçirilməsi onun tarixinə çox şanlı bir səhifə yazdı. Xatırlatmaq istəyirəm ki, yaz sessiyasında Milli Məclisin Sədri cənab Oqtay Əsədov parlamentin 90 illiyinin Gəncədə keçirilməsi barədə çox qiymətli fikir səsləndirmişdi. Hesab edirəm ki, tarixi, əxlaqi, mənəvi və digər parametrlərə görə mühüm əhəmiyyət kəsb edən belə bir qiymətli hadisənin hansısa formada gündəliyə salınması vacibdir. Mən bu tədbirin həyata keçirilməsi istiqamətində parlamentin rəhbərliyinə və hər bir deputat həmkarıma uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən bayaq cari məsələlərlə bağlı danışarkən Mərkəzi Seçki Komissiyasının formalaşdırılması ilə bağlı fikrim yarımçıq qaldı. Mən çox istəyərdim ki, bu məsələ bizim iş planına daxil edilsin. ATƏT-in Azərbaycandakı Prezident seçkiləri ilə bağlı daimi müşahidə missiyasının hesabatında da qeyd olunurdu ki, ümumən, ölkədə seçkilər normal keçirilsə də, müəyyən nöqsanlar da var və o nöqsanlardan biri də Mərkəzi Seçki Komissiyasının tam formalaşdırılmamasıdır.
Ziyafət müəllim, Siz özünüz hüquqşünassınız, Seçki Məcəlləsini, yəqin ki, oxumusunuz. Seçki Məcəlləsində qeyd olunmayır ki, əgər Mərkəzi Seçki Komissiyasının formalaşdırılmasında hansısa partiya iştirak etmirsə, o partiya üçün yer saxlanmalıdır. Yəni bu, analoqu olmayan bir şeydir. Bu 6 yer azlıqda qalan partiyalara verilir. Çox təəssüf ki, bu qanun düzgün təfsir olunmadı, azlıqda qalan partiyalar deyiləndə iqtidarı müdafiə edən partiyalar da nəzərdə tutuldu. Halbuki bu qanunun fəlsəfəsi ondan ibarət idi ki, seçki komissiyaları nə iqtidarın, nə bitərəflərin, nə də müxalifətin nəzarətində olmalıdır. Ona görə də, əslində, o 6 yer müxalifətdən olan namizədlərə verilməli idi.
Bizdə faktiki olaraq üç partiya hökumətin əleyhinə səs verib – İqbal Ağazadə, Fazil Qəzənfər oğlu və mən. Hökumətin əleyhinə səs verən bu üç partiyadan yalnız İqbal Ağazadənin partiyasına MSK-da yer verilib. Mənim hörmətli həmkarım, mən ona yer verilməsinə etiraz etmirəm. Amma mən bilmək istəyirəm, Milli Məclisin rəhbərliyi, yaxud Milli Məclisdə olan çoxluq hansı prinsip əsasında müəyyənləşdirdi ki, bir deputatla təmsil olunan AXCP, Böyük Qurtuluş Partiyası, Asim Mollazadənin, İlyas müəllimin, İqbal Ağazadənin partiyaları bir namizəd verməlidir. Mən hesab edirəm ki, olan olub. Amma heç olmasa, Milli Məclis bu seçkilərin demokratik keçirilməsinə öz töhfəsini versin, ATƏT-in hesabatından da o müddət çıxarılsın. Hazırda MSK-da iki yer boşdur. Bir nəfərin namizədliyi bizimlə razılaşdırılmalıdır və bir nəfər də azlıqda qalan partiyalar nümayəndə verməlidir. Biz Mərkəzi Seçki Komissiyasını tam formalaşdırmalıyıq. Əgər iqtidar buna getmirsə, deməli, çalışır ki, azlıqda qalan partiyaların MSK-da nümayəndələrinin sayı az olsun və bu formada seçkilərə getsin. Ona görə də mən təklif edirəm ki, MSK ilə bağlı məsələ mütləq gündəliyə salınsın.
Bir də biz burada nə deyiriksə, onu top-tüfənglə qarşılayırlar. Burada biz problemləri qaldırırıq. Bunların özü ilə bağlı cavab vermək lazımdır ki, sənin dediyin, tutaq ki, doğru deyil. Məsələn, dünən burada bir həmkarım məni ittiham edirdi. O, Az.TV-yə baxsaydı, görərdi ki, mənim dediklərim doğrudur. Orada “Xəbərlər” proqramını izləsə, görər ki, Az.TV seçkiyə müdaxilə edir. Mən də istəyirəm ki, müdaxilə etməsin. Bu ölkənin nüfuzu bir vətəndaş, bir prezidentliyə namizəd kimi məni də narahat edir. Mən istəyirəm ki, doğrudan da, Azərbaycanda azad və ədalətli seçkilər keçirilsin. Hər halda seçkilərin birinci mərhələsi çox normal keçib. Mən ümid edirəm ki, bu ölkədə normal və ədalətli seçki keçirmək mümkündür. Hər kəs və Milli Məclis də bu istiqamətdə öz töhfəsini verməlidir.
Mən hörmətli həmkarım Pənah bəyin çıxışında bir məqamdan çox narazı qaldım. Pənah bəy çıxışına başlayanda dedi ki, bu seçkidən daha əhəmiyyətli bir məsələ var. Çox təəssüf edirəm. Mən onu başa düşürəm. Onun müdafiə etdiyi siyasi qüvvələr seçkiyə qatılmayıb. Niyə qatılmayıb, özləri bilərlər. Biz bunun səbəblərini bilirik. İndi mən bu haqda danışmaq istəmirəm. Amma vaxtilə Baş nazir işləmiş, indi isə müxalifətdən olub demokratiya istəyən bir şəxs kimi Pənah bəyin belə bəyanatları məni çox narahat edir. Pənah bəy belə bəyanatları ilə həmişə seçilib. Vaxtilə yüksək dövlət postu tutan Pənah bəy deyirdi ki, əhalinin 95 faizi istəməsə də, biz hakimiyyətdə qalacağıq. Amma Surət Hüseynovun 75 nəfərlik dəstəsi Bakıya üz tutanda birinci Pənah bəy istefa verdi və cinayətkarların qarşısından qaçdı. İndi də fəxrlə deyir ki, 1993-cü ildən bu günədək Azərbaycanda demokratik və azad seçkilər keçirilməyib.
Qaldı, mənim digər həmkarlarım burada bildirdilər ki, guya biz çalışırıq, seçkilərdə 3 faizdən çox səs salaq. Mən çox yumşaq formada deyirəm ki, bu cür bəsit düşünən adamlar və onların müdafiə etdiyi büdcə oğurluğu ilə məşğul olan bəzi rüşvətxor məmurlar seçkiyə müdaxilə etməsələr, mən kifayət qədər səs ala bilərəm və alacağam. Amma mənim əsas məqsədim səs almaq deyil. Mənim amalım Azərbaycanda azad bir cəmiyyət qurulmasına xidmət etmək, rüşvətxorluq və korrupsiyanın kökünün kəsilməsinə öz töhfəmi verməkdir. Mənim missiyam bütöv Azərbaycan qurmaqdır. Ola bilsin, kimlərəsə bunu başa düşmək üçün bir ömür bəs etməsin.
Digər bir məsələ. Mən hələ keçən ilin sentyabrında Milli Məclisə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təkliflər vermişəm. Çox təəssüf ki, bu günə qədər nə komissiyalarda müzakirəyə çıxarılıb, nə də Milli Məclisdə. Mən istərdim ki, bu məsələ gündəliyə salınsın və müzakirə olunsun. Konstitusiyaya əlavə və dəyişikliklər etməklə biz bu gün cəmiyyətimizdə olan bir çox problemlərin fundamental şəkildə həllinə nail ola bilərik. Biz məhkəmələrin tam müstəqilliyinə nail ola bilərik, azad insanlar institutunu tətbiq etməklə qanunvericilik hakimiyyətinin səlahiyyətini artıra bilərik ki, qanunverici orqan hökumətin fəaliyyətinə real nəzarəti həyata keçirə bilsin.
Mən indi başqa bir məsələni qaldırıram. Milli Məclis “Büdcə haqqında” Qanun qəbul etdi, Prezident onu imzaladı və o, qüvvəyə mindi. Söhbət 2007-ci ilin büdcəsindən gedir. Biz 40 milyon manat vəsait ayırdıq ki, heç olmasa, yaşa dolmuş insanların, Qarabağ əlillərinin banklarda yatmış əmanətləri geri qaytarılsın. Amma həmin əmanətlər geri qaytarılmadı. Hökumətin bununla bağlı çox maraqlı bir mövqeyi var ki, biz bunun mexanizmini tapa bilmirik. İnsanların pulunu özlərinə qaytarmağın mexanizmini tapa bilməyən hökumət dünyada baş verən çətin iqtisadi proseslərdən necə baş çıxara bilər və onun nə haqqı var ki, bu gün Azərbaycanda hökumət olaraq fəaliyyət göstərsin?! Belə olduğu halda Milli Məclis hökumətə etimadsızlıq göstərməlidir.
Biz 2008-ci ilin büdcəsində İpoteka kreditləşməsi ilə əlaqədar olaraq 34 milyon manat vəsait ayırdıq. Bu günə qədər bir nəfərə ipoteka krediti verilməyib. Cəmiyyətdəki bir çox neqativ hallar ondan qaynaqlanır ki, bu gün həkim də, müəllim də, dövlət məmuru da aldığı maaşla özünə ev ala bilmir. Bu səbəbdən onlar çalışırlar ki, başqa, əyri yollarla vəsait əldə edib, mənzil şəraitlərini yaxşılaşdırsınlar, yaxud özlərinə mənzil alsınlar. Ona görə də təklif edirəm ki, biz ipoteka kreditləşməsinin niyə həyata keçirilməməsini aydınlaşdırmaq üçün gündəliyə bununla bağlı xüsusi məsələ salaq və hökumətin üzvlərini buraya dəvət edək. İl artıq qurtarır. Bunlar yenə də qanunu kobud surətdə pozaraq, ayrılmış vəsaiti insanlara vermədilər. Bunun səbəbləri araşdırılmalıdır.
Burada yenə də həmkarlarım tərəfindən siyasi partiyalarla bağlı məsələ qaldırıldı. Bu məsələnin çoxdan vaxtı çatıb. Biz siyasi partiyalarla bağlı məsələni Milli Məclisin müzakirəsinə çıxarmalıyıq. Siyasi partiyaların dövlət tərəfindən maliyyələsdirilməsi məsələsini qoymalıyıq. Uzun müddət bu məsələni qaldırırdıq ki, imkan verilsin, qeyri-hökumət təşkilatları öz nizamnamələrində nəzərdə tutulan müəyyən məsələləri büdcədən ayrılan vəsaitlə yerinə yetirsinlər. Büdcədən milyon yarım vəsait ayrıldı və bunun nə qədər müsbət təsiri olduğunu bütün cəmiyyət hiss etdi. Mən indi hesab edirəm ki, bu vəsaiti yenidən artırmaq lazımdır. Amma siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi həll olunsa, Azərbaycanda bir çox neqativ proseslərin qarşısı alınacaq. Bu gün qeyri-hökumət təşkilatları vasitəsi ilə xaricdən maliyyələşən partiyalar var. Bu partiyalar bir çox hallarda öz mövqelərini yox, onlara sifariş verilən mövqeyi ortaya qoyurlar.
Həmkarlarım inciməsinlər. Mən bu gün burada tam məsuliyyətlə deyirəm ki, İsa Qəmbər seçkiyə getmək istəyirdi. Düzdür, onu “Azadlıq” bloku şantaj elədi, amma tam məsuliyyətlə deyirəm ki, ona xaricdən icazə vermədilər. İstənilən adamla bu məsələni müzakirə edə bilərəm. Siz bilirsiniz ki, o, son günə qədər seçkilərə qatılmaq istəyirdi. Sadəcə, onlara deyildi ki, qıraqda durun. Məndən sonra, yəqin ki, Arzu bəy çıxış edəcək. Qoy açıqlama versin. 2001-ci ildə Ki-Uestdə danışıqlar gedirdi. Bütün müxalifət düşərgəsi qərar qəbul etmişdi, etiraz mitinqi keçirməlidir ki, Azərbaycanın dövlət başçısına təzyiqlər olmasın. Amerika Birləşmiş Ştatlarının səfiri çağırdı və göstəriş verdi ki, mitinqi təxirə salın. Getdilər, təxirə saldılar. İndi soruşuram, millətin namus məsələsi olan Qarabağ məsələsində səfirin tapşırığı ilə mitinqi təxirə salan...
Sədrlik edən. Sağ olun. Mən bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Qüdrət bəy, Siz təqdim etdiyiniz qanun layihələri ilə bağlı məsələ qaldırdınız. Əvvəla, deyirsiniz, Korrupsiya ilə mübarizə haqqında qanun layihəsi təqdim etmisiniz. Özünüzü elə göstərdiniz ki, guya Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan bir Sizsiniz. Bu dövlətin qurucusu Heydər Əliyev hələ keçən əsrin 60-cı illərindən korrupsiyaya qarşı mübarizə aparmağa başlayıb. O mübarizə bu gün də davam edir və korrupsiyanın kökü kəsilənə qədər davam edəcək. Bu, məsələnin bir tərəfi.
Deyirsiniz, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təkliflər vermisiniz. Siz də hüquqşünassınız, yəqin, qanunu oxumusunuz. Təbii ki, Siz bu əlavə və dəyişikliklərin qəbul olunması prosedurunu bilirsiniz. Bu qanun layihəsi parlamentin müzakirəsinə çıxması üçün müəyyən prosedurdan keçməlidir, kifayət qədər imza toplanmalıdır. Ancaq ondan sonra və Milli Məclis qərar qəbul edəndən sonra məsələni referenduma çıxarıb həll etmək olar. Amma referenduma qədər prosedurlar var. Onu Siz həyata keçirin, imzaları toplayın. Sizin əgər tərəfdarlarınız varsa, imzanı atsınlar, ondan sonra məsələni müzakirə etmək olar. Bunun yolu budur, Qüdrət bəy.
MSK ilə bağlı. Bu məsələ dəfələrlə müzakirə olunub. Seçki Məcəlləsində MSK ilə, onun tərkibi ilə bağlı kifayət qədər müddəalar var. Siz dediniz ki, MSK-da iki yer boş qalıb və iqtidar bu məsələ ilə məşğul olmur. Bu, iqtidarın problemi deyil, Qüdrət bəy. Qanunun müddəalarında da göstərilib ki, 2 namizəd Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri tərəfindən verilməlidir. İndi siz əgər öz aranızda razılığa gələ bilmirsinizsə... Deyirsiniz, İqbal Ağazadə bir nəfər nümayəndə verib, mən niyə bir nəfər nümayəndə verməli deyiləm. Müsavat qrupunun burada 4 nəfər deputatı oturub. Qanun da bunu nəzərə alıb. Qanun dəyişilməyib, qanun qüvvədədir. Ona görə aranızda razılığa gəlin. Razılığa gələ bilmirsinizsə, o artıq bizim problem deyil. Sözsüz, bu məsələlərin cavabını Siz bilirsiniz. Ona görə də nəyinsə xatirinə burada yenidən bəyanat vermək, əlbəttə, düzgün deyil. Aranızda razılığa gəlin. Qanunvericilik bu sahədə sizə heç bir problem yaratmır. Problem sizin öz aranızdadır. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Sağ olun. Bizim aramızda heç bir problem yoxdur, problem elə sizin aranızdadır. Müxalifətçi Qüdrət bəy indi mənə müraciətlə desə də, hesab edirəm ki, Milli Məclisin tribunasından qeyri-ciddi fikirlər səslənməməlidir. Ağaya nökərlik edənlərin prezidentliyindənsə, elə ağanın özünün prezident olması daha yaxşıdır, çünki ona ləbbeyk deyənlər, onsuz da ləbbeyk deyirlər.
Qüdrət bəyin burada qaldırdığı məsələlər kökündən həll olunmalıdır, Qüdrət bəyin partiyasından 2 namizədin seçki komissiyasında təmsil olunması ilə yox. Mərkəzi Seçki Komissiyası bütövlükdə yenidən formalaşacağı və bu komissiya, eləcə də dairə və məntəqə seçki komissiyaları hakim Yeni Azərbaycan Partiyasının inhisarından çıxarılacağı təqdirdə bütün xalqın inamını, etimadını doğruldacaq. Hamını qane edəcək bir komissiyanın formalaşması lazımdır ki, bunun da formalaşması normal seçki qanunu ilə tənzimlənir. Bu yaxınlarda bizim əlavə və dəyişikliklər etdiyimiz seçki qanunu isə bir az da mürtəce dəyişikliklərlə bu gün ölkənin əsas müxalifət partiyası Müsavatın və digər aparıcı müxalifət partiyalarının bu seçkini boykot etməsi və seçkidən imtinası ilə nəticələndi.
Hörmətli Qüdrət bəy bəyan edir ki, İsa Qəmbərə xaricdən deyiblər, bu seçkiyə getməsin. Mən başa düşmürəm, xariclə Qüdrət bəyin haradandır bu cür ciddi gizli əlaqələri? Gedəndə xaric deyir, getsin, getməyəndə xaric deyir, getməsin. Hər halda Müsavat Partiyası adından onun yetkili orqanları var, onlar çıxış edirlər. Bu parlamentdə isə Müsavat deputat qrupunun 5 nəfər üzvü var, bizlər varıq və o partiyanın adından biz çıxış edirik. Qüdrət bəyin dediyi hakimiyyətdə təmsil olunanlardan biri də bu gün o hakimiyyəti tənqid edən Qüdrət Həsənquliyev idi. 1993-cü ildə çevrilişlə formalaşmış hakimiyyətin davamıdır 15 oktyabr. Mən Pənah bəyin verdiyi bəyanatlara yüzdə yüz qatılıram. Pənah bəyin dedikləri tək onun fikri deyil, bütövlükdə Müsavat qrupunun, Müsavat Partiyasının və bütün müxalifətin ümumi fikridir.
Bu gün müzakirə olunan payız sessiyasının qanunvericilik işləri planına bizim həmkarlarımız kifayət qədər dəyərli təkliflərini verdilər. Mən də bir sıra təkliflərimi vermək istəyirəm. Bizim təqdim etdiyimiz Eks-prezidentlərin statusu haqqında, Müxalifətçilik fəaliyyəti haqqında qanun layihələri də payız sessiyasının iş planına daxil olmalıdır. Pənah bəy də sadaladı. Bunlar bizim payız sessiyasında müzakirə olunmalıdır.
Biz ötən iclaslarımızda bayram günləri ilə bağlı qanun qəbul etdik. Onda da biz fikrimizi bildirmişdik. Amma bu il həm də parlamentin 90 illik yubileyinin olduğunu nəzərə alaraq bu məsələyə yenidən baxmalıyıq. Qarşıdan 18 oktyabr gəlir. Payız sessiyasının qanunvericilik işləri planına 18 oktyabrın qeyri-iş günü kimi qeyd olunması barədə qanun layihəsi də salınmalı və buna baxılmalıdır. Məncə, Novruz bayramının 4–5 gün qeyd olunmasına ehtiyac yoxdur. Onsuz da camaatın büdcəsi, cibi ancaq bir günlük bayram etməyə yetir. Sındırmağa qoz-fındıq yoxdur. 1 gün sındırır, 4 gün evdə işsiz-gücsüz qalır. 18 oktyabr Azərbaycanın BMT-yə daxilolma sənədlərində Azərbaycanın BMT-yə daxil olduğu gün kimi qeyd olunub. Ona görə də bu, qeyri-iş günü kimi qeyd olunmalıdır.
Mən gec də olsa, Azərbaycan Dövlət Musiqi Akademiyasına Üzeyir Hacıbəylinin adının qaytarılmasını müsbət hadisə kimi qeyd edir və nəhayət, Bakı Dövlət Universitetinə Məmməd Əmin Rəsulzadənin adının qaytarılmasını təklif edirəm. Bu problem bu il öz həllini tapmalıdır. Çünki bu il dövlətin qurucularının, ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin layiq olduğu qiymət verilməlidir. Biz ötən iclaslarda onların adının əbədiləşdirilməsi ilə bağlı təkliflərimizi demişik. Bunu təkrar etməyə ehtiyac yoxdur. Amma bununla bağlı gərək olan addımlar atılmalıdır.
Mən bayaqkı çıxışında Dövlət himni barədə verdiyi təklifə görə Gövhər xanıma təşəkkür edirəm. Səsləndirəcəyim təkliflər sırasında o da var idi. Mən o təklifi bir az da genişləndirmək istəyirəm. Son dövrlər rayonlarda bayraqla bağlı yarış hər halda istəyərdim, ürəkdən gələn bir yarış olsun. Hər halda görünməsi özü çox gözəldir. Kim daha gözəl bayrağı ən gözəl yerdən asacaq. Biz bu yaxınlarda bayraqla bağlı qanun da qəbul etdik. Bu, müsbət addımdır. Himnimizlə bağlı problem həll olunmamış qalır. Mən yeni bir qanunun qəbul olunmasını təklif etmirəm. Qanunumuz var, himnimiz var. Payızda Gəncədə keçirilməsini nəzərdə tutduğumuz 90 illik yubiley ərəfəsində başda hörmətli sədarət olmaqla hamımız himnimizi öyrənməli və xorla oxumalıyıq. Bu çox gözəl görünür. Mən sədarətə baxmışam. Bahar xanımdan başqa himni deyən yoxdur, Ziyafət bəy, sadəcə, birinci bəndi deyir, ikinci bəndi bilmir. Hamımız himnimizi öyrənməliyik, bilməliyik və Milli Məclis bunu bütün dövlət idarə və müəssisələrinə, nazirliklərə də tövsiyə etməlidir. Bizim hətta idman müəssisələrində himnimizə münasibət lazımi səviyyədə deyildir. Baxın, futbol komandalarımız gedir, xaricdə oynayır. Başqa bir ölkənin futbol komandası orada əlini ürəyinin üstünə qoyur və himni ürəklə oxuyur. Amma bizim futbol komandasında burada olduğu kimi, bir-iki nəfər dodağını tərpədir, ya biri oxuyur, qalanı durub dayanır. Nə gözəl olardı ki, bu himni hər kəs öyrənsin və bu ölkədə himnin oxunması yarışı da bayraq yarışı ilə bərabər aparılsın. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planının bu qədər geniş müzakirəsi qanunauyğun haldır. Bu, iki səbəbdən qanunauyğundur. Birincisi ona görə ki, oktyabr ayı Prezident seçkiləri ayıdır, bildiyiniz kimi, siyasi ambisiyaların qızışdığı dövrdür və bu dövrdə siyasi aləmdə canlanma olur. İkincisi isə qanunvericilik işləri planı müasir tariximizdə mühüm əhəmiyyət kəsb edən bir layihədir və bu layihənin müzakirəsi də elə bu cür geniş müzakirə olunmalıdır.
Burada səslənən bəzi fikirlərə öz münasibətimi bildirmək istəyirəm. Son vaxtlar yerlərdə çoxsaylı və genişmiqyaslı görüşlər keçiririk. Bu görüşlərdə ölkədə gedən demokratikləşmə və iqtisadiyyatın liberallaşması sahəsində aparılan islahatlar, bu islahatların aparılmasında Milli Məclisin qanunverici orqan kimi rolu xüsusi qeyd olunur. Burada bizim qanun yaradıcılığı təşəbbüskarı kimi Prezidentimizin fəallığı və Milli Məclisin deputatlarının qanun yaradıcılığında iştirakı xüsusi vurğulanmalıdır.
Bizim komissiyamızda əsas sosial sifarişlər qanun layihəsi halında parlamentə çıxarılır. Bu da son nəticədə xalqın rifah halının yaxşılaşmasına xidmət edir. Mən dəfələrlə söyləmişəm və bu gün bir daha bildirirəm ki, bizim deputat həmkarlarımızdan kimdə sosial müdafiənin gücləndirilməsi və ümumiyyətlə, sosial siyasətlə bağlı qanun layihəsi varsa, o qanun layihəsini bizim komissiyaya təqdim etsin. Biz işçi qrupu yaradıb belə layihələri öyrənə və məqbul layihəni parlamentə çıxara bilərik.
Oqtay müəllim, bəzən qeyd edirlər ki, deputatların bu gün qanun yaradıcılığında iştirakı yoxdur. Mən bunu tam təkzib edirəm. Bizim komissiyanın üzvü Elmira Axundova özü layihə hazırlayıb, təqdim edib. Rauf Əliyev qanun layihəsi gətirib təqdim edib. Məlahət Həsənova qanun layihəsi gətirib, parlamentdə müzakirə etmişik. Bu baxımdan xüsusi vurğulamaq istəyirəm ki, deputatların qanunvericilik təşəbbüsü subyekti kimi fəallıq göstərməməsi onların öz günahıdır. Ola bilər, hansısa fantastik layihə gətirib ortaya qoyurlar, o layihə də ağlabatan olmur və qəbul olunmur. Bunun günahı həmin deputatlardadır.
Seçki Məcəlləsi burada geniş müzakirə olundu. Mənim də beynəlxalq təşkilatlarla əlaqəm var. Beynəlxalq təşkilatlar, xarici dövlətlərin buradakı səfirlikləri bizim Seçki Məcəlləsini məqbul sayırlar. Bizim Seçki Məcəlləsi ən demokratik məcəllələrdən biridir. Prezidentliyə namizədlərdən hər birinə mənim böyük hörmətim var. Amma bu gün seçkidə yaradılan bərabər şərait namizədlərin bərabərliyindən xəbər vermir. Bu gün bizim partiyanın namizədi həmin namizədlərin hər birindən bütün keyfiyyətlərinə görə qat-qat üstündür və bizim namizədimiz xalq tərəfindən dəstəklənir. O, mütləq bu seçkilərdə qalib gələcək. Bizim qalibiyyətimiz birmənalıdır. Buna bizim heç bir şübhəmiz yoxdur.
Burada bəzi qanun layihələri barədə fikirlər səsləndi. Pasiyentin hüquqları haqqında qanun layihəsinin adı çəkildi. Ola bilər, yoldaşların yadından çıxıb, 6–7 il öncə həmin layihə parlamentə daxil oldu, birinci oxunuşdan keçdi, ikinci oxunuşa məsləhət bilmədilər. Nəyə görə? Səbəblər çoxdur. Səbəblərdən biri o idi ki, bizdə Sağlamlığın qorunması haqqında qanun layihəsi var və Pasiyentin hüquqları haqqında qanun layihəsindəki müddəaların böyük əksəriyyəti o qanun layihəsində mövcuddur.
Bayramlarla bağlı dəyişikliklərə gəlincə, burada da birmənalı fikir yoxdur. Bəziləri bayram etmək istəmirlər. Bu onların öz işidir. Bütövlükdə xalq bu bayramların uzunmüddətli keçirilməsini təqdir edir. Biz harada seçicilərlə görüşlər keçirdiksə, Ramazan bayramının 4 gün olmasına görə duadan başqa bir söz eşitmədik. Milli Məclis qanun xətrinə qanun hazırlamır. Qanunlar cəmiyyətdə bu gün mövcud duruma görə, əhalinin tələbinə görə hazırlanır. Ona görə də mən payız sessiyasının qanunvericilik işləri planını məqbul hesab edir və həmkarlarımı ona səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Yazılan yoldaşlardan çıxış etməyə təkid edənlər var? Təkid edən yalnız Qənirə xanımdır. Buyurun.
Q. Paşayeva. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! İlk növbədə mən də hamınızı bizim müqəddəs bayramımız – Ramazan bayramı münasibətilə təbrik edirəm. Təbii ki, mən də qanunvericilik işləri planını dəstəkləyirəm və ona səs verəcəyəm. Amma bir-iki məsələni qeyd etmək istəyirəm. Oqtay müəllim, Siz də bir müddət bundan əvvəl bildirmişdiniz ki, Ailə Məcəlləsinə dəyişikliklər zəruridir və bu dəyişikliklər edilməlidir. Sosial siyasət komissiyasının sədri hörmətli Hadi müəllim də bildirmişdir ki, bunun üzərində iş gedir. Amma bu məsələ qanunvericilik işləri planına daxil edilməyib.
Siz bilirsiniz ki, bir neçə gün əvvəl Azərbaycan qadınlarının qurultayı keçirildi və ölkənin birinci xanımı millət vəkili Mehriban xanım Əliyeva da o qurultayda bir çox məsələlər qaldırdı. Ölkəmizdə çox ciddi narahatlıq doğuran bu məsələlər məhz Ailə Məcəlləsindəki dəyişikliklərlə tənzimlənməlidir. Bunların birincisi, – Mehriban xanım da vurğuladı, – erkən nikahlar məsələsidir. Amma çox təəssüf ki, qanunvericiliyimizdə dəyişiklik getmədiyi üçün biz qızlarımızın orta təhsili başa vurmadan erkən yaşda evlənməsinə icazə veririk. Çünki 16 yaş artıq orta təhsili başa vurma yaşı deyil və Qadın Komitəsinin də bir dövlət qurumu olaraq bu nikah yaşının artırılması ilə bağlı təklifləri var.
İkinci məsələ. Cənab Prezident Tovuzda diaqnostika mərkəzinin açılışında da vurğuladı ki, ölkənin, millətin genofondunun qorunması ilə bağlı ciddi addımlar atılmalıdır. Söhbət nikaha daxil olan gənclərin məcburi tibbi arayış almasından gedir. Bu bizə çox kömək edəcək ki, ölkəmizdə kifayət qədər geniş yayılmış irsi qan xəstəliklərinin qarşısını ala bilək, gizli gedən spidləri aşkara çıxara bilək. Praktika göstərir ki, ailə quran tərəflərdən biri artıq nikaha daxil olandan sonra bundan ziyan çəkməyə başlayır və yaxud dünyaya gələn uşaqda ciddi problemlər üzə çıxır. İndi mən vaxt alıb, söhbətin hansı ciddi problemlərdən getdiyini bir-bir sadalamaq istəmirəm. Amma nikaha daxil olmazdan əvvəl məcburi tibbi arayışın alınması bu gün bir vacib faktor kimi ortaya çıxıb.
Bu gün məhkəmələrimiz daha bir ciddi problemlə üzləşib. Məcburi nikah müqavilələri problemi ortaya çıxıb və bu problemin də həlli Ailə Məcəlləsi ilə təmin olunmalıdır. Bu gün erkən nikahlara yol açan əsas amillərdən biri ondan ibarətdir ki, rəsmi nikah olmadan da dini nikaha girmək olur və nəticədə ölkədə erkən nikahların sayı çoxalır. Yəni Ailə Məcəlləsində dəyişikliklər olunmasını zəruri edən amillər çoxdur. Bildiyimə görə, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin də bu məsələlərlə bağlı təklifləri var. Mən çox xahiş edərdim ki, payız sessiyasının qanunvericilik işləri planına Ailə Məcəlləsində dəyişikliklər məsələsi də daxil edilsin.
Oqtay müəllim, mən kənd rayonunu təmsil edən bir millət vəkiliyəm. Dövlət kəndlə şəhər arasında fərqin azaldılması istiqamətində çoxlu tədbirlər görsə də, bunu açıq şəkildə deməliyik ki, kəndlərimizdə müəllim çatışmazlığı hiss olunur. Ali təhsilini başa vurub kəndlərə getmək istəyən müəllimlərimizin sayı azdır və bu problem sonra kəndlərdən ali məktəblərə daxil olan uşaqların sayına ciddi şəkildə təsir edir. Çox savadlı gənclər var ki, kənd məktəbində ingilis dili müəlliminin çatışmaması üzündən ali məktəbə imtahanlar zamanı ciddi problemlərlə üzləşir. Kənd yerlərində həkimlərə də böyük ehtiyac var. Mən çox xahiş edirəm, bu problemlərin aradan qaldırılması üçün biz müvafiq qanunlarımıza müəyyən dəyişiklik edək.
Ali təhsilini başa vuran müəllim və ya həkim şəhərdə müxtəlif yollarla iş tapmaq imkanının olduğunu bildiyi üçün kəndə getmir. Bakıda nə qədər növbələr var, amma kəndlərimizdə bu kadrlar çatmır. Ona görə mənim xahişim ondan ibarətdir ki, ali məktəbləri bitirən müəllimlərə və həkimlərə üç il Azərbaycanın böyük şəhərlərində işləmək icazəsi verilməsin, biz bunu qanuniləşdirək. Türkiyədə həkimlərlə bağlı belə qanun var. Azərbaycanda da belə bir qanun olarsa, həm biz kadr problemini həll edərik, həm də gənc mütəxəssislər böyük bir təcrübə əldə edərlər. Artıq hamı bilər ki, bu, qanundur və heç kəsə bu üç ili keçmədən icazə verilməyəcək ki, Azərbaycanın böyük şəhərlərində işlə təmin olunsun.
Bir xahişim də ipoteka kreditləri ilə bağlıdır. Büdcə qəbul olunan zaman bu məsələ büdcədə öz əksini tapsa da, artıq ilin sonu yaxınlaşır, amma ipoteka kreditləri ilə bağlı məsələ açıq qalır. Bununla bağlı suallarımıza hər dəfə belə cavab verilir ki, bu məsələ üzərində işlənir, bu məsələyə baxılır. İpoteka kreditləri xüsusilə maddi gəlirləri o qədər yüksək olmayan gənc ailələrin evlə təmin olunmasına çox böyük dəstək idi. Çox sağ olsun cənab Prezident ki, ipoteka kreditlərinin verilməsi məsələsini qaldırmışdı və xeyli insan ipoteka kreditlərindən yararlana bilirdi. Amma demək olar ki, ilin əvvəlindən bu kreditlərin verilməsi dayandırılıb. Mən çox xahiş eləyərdim, Oqtay müəllim, Siz də bu məsələnin tezliklə həll olunması işinə kömək göstərəsiniz.
Sonda bir məsələyə də diqqətinizi yönəltmək istərdim. Bayaq bu məsələni hörmətli millət vəkilimiz Əli Əhmədov qaldırdı, hörmətli millət vəkili Əli Məsimli də davam etdirdi. Bu çox ciddi və hamımız, bütün millətimiz üçün taleyüklü məsələdir. Söhbət 1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 60 illiyindən gedir. Sovet İttifaqı ərazisində elə bir millət yox idi ki, Stalin dövründə deportasiya olunsun, amma sonra geri qayıtmasın. Bunların bir qrupu Stalinin həyatdan köçməsindən sonra qayıtmağa başladı. Bir qrupu da Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış respublikalara qayıtdı. Məsələn, Krım türklərinin Ukraynaya qayıtma hüququ tanındı. Gürcüstan müstəqillik əldə etdikdən sonra Avropa Şurası Axızha türklərinin bu ölkəyə qaytarılmasını Gürcüstanın üzərinə bir öhdəlik kimi qoydu. Tarixi ata-baba torpaqlarına qayıtmaq haqqını özünə qaytarmamış yeganə xalq Sovet İttifaqı dövründə Ermənistandan deportasiya olunan azərbaycanlılardır. Hamı öz haqqını geri alıb – Volqaboyu almanları, inquşlar, çeçenlər, hər kəs. Təkcə Ermənistandan deportasiya olunan azərbaycanlılar qalıb. Onların da doğma yurda qayıtmasının hüquqi mexanizminin tezliklə işlənib hazırlanması yaxşı olardı. Çox təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 2
Səs verməd 1 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Oqtay müəllim, biz payız sessiyasının qanunvericilik işləri planını müzakirə elədik, qalan məsələlər əlavə və düzəlişlərdir. Ona görə təklif eləyirəm ki, əgər etiraz yoxdursa, saat 3-ə qədər fasiləsiz işləyək, ikinci hissə olmasın. Çünki müəyyən tədbirlər var. Əgər nəzərə alacaqsınızsa, qabaqcadan təşəkkür eləyirəm.
Sədrlik edən. Birincisi, gündəlikdə məsələlər çoxdur, saat 3-ə qədər onları müzakirə edib çatdıra bilmərik. Əgər tənəffüssüz işləyəcəyiksə, saat 4-ə qədər işləməliyik, çünki bir məsələ üzərində hərə 10 dəqiqə danışır. Ona görə xahiş edirəm, fikirlərimizi qısa ifadə edək. Etiraz yoxdursa, iclası tənəffüssüz keçirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəliyin üçüncü məsələsi “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin Qərarına dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyafət Əsgərov.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, 2002-ci il noyabr ayının 15-də “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin Qərarı olmuşdur.
2007-ci il oktyabr ayının 19-da yeni bir qərar qəbul olundu və həmin qərarın tərkibində dəyişiklik edildi, bura “iki taqım” sözləri əlavə olundu. İndi möhtərəm cənab Prezidentimiz tərəfindən təqdim olunmuş qanun layihəsində təklif olunur ki, yenə də Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında qərar layihəsinə dəyişiklik edilsin və “iki taqım” sözləri “dörd taqım” sözləri ilə əvəz edilsin. Hesab edirəm ki, bu qərar layihəsi bizim milli və dövlət maraqlarımıza tamamilə uyğundur. Ona görə də sizdən xahiş edirəm, bu qərar layihəsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mənə elə gəlir ki, istisnasız olaraq, Azərbaycanda hər bir siyasi qüvvə beynəlxalq terrorizmə qarşı mübarizənin aparılmasında və bu ümumbəşəri bəlanın kökünün kəsilməsində maraqlıdır və bütün dünya xalqları kimi, şübhəsiz ki, Azərbaycan xalqı, Azərbaycan dövləti də buna öz töhfəsini verməlidir. Lakin buna baxmayaraq, mən bu qərarın əleyhinə səs verəcəyəm. İstəyirəm, qısaca öz mövqeyimi əsaslandırım.
Birincisi, çox ciddi bir şəkildə şübhə yaranmağa başlamışdır ki, Əfqanıstanda Amerika Birləşmiş Ştatları və onun bir sıra müttəfiqləri tərəfindən 7 ildən artıq aparılan bu əməliyyatın həqiqi məqsədi nədən ibarətdir və bu nə ilə qurtaracaqdır? Təkrar eləyirəm, 7 ildən artıqdır ki, orada hər bir əməliyyat aparılır. 100 minlərcə dinc əhali məhv edilib, öldürülüb, xeyli xarici vətəndaş və sülhməramlı qüvvələrin tərkibində iştirak edən əsgərlər həlak olubdur. Amma bunun həqiqi məqsədi şəxsən mənim üçün getdikcə daha da qaranlıqlaşır. Çünki 7 ildən sonra görün, orada hansı vəziyyət yaranıbdır? Amerika Birləşmiş Ştatlarının, NATO ölkələrinin özlərinin etiraf etdiyi kimi, – mən rəsmi Kabulun da mövqeyini bura əlavə edirəm, – hazırda rəsmi hökumət və müttəfiqlər faktiki olaraq ancaq Kabula (o da gündüz) və bu qoşunların yerləşdiyi bazalara nəzarət eləyirlər. İndi həmin o böyük partlayışın Əfqanıstanla məhdudlaşmayıb, Pakistana keçməsi təhlükəsi də yaranmışdır.
O baxımdan da, bir daha təkrar eləyirəm, biz öz vətəndaşlarımızı, öz övladlarımızı hər hansı bir... Şübhəsiz ki, mən Birləşmiş Millətlər Təşkilatının qərarlarını xatırlayıram və strateji əməkdaşlıq həyata keçirdiyimiz Avroatlantik strukturları ilə bizim öhdəliklərimiz vardır. Prinsip etibarilə mən bu məsələyə öz münasibətimi bildirdim, şübhəsiz ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə kənarda durmamalıdır. Amma bunun ikinci bir tərəfi vardır. Elə beynəlxalq terrorizmin ən ciddi ocaqlarından biri, necə deyərlər, bizim qulağımızın dibindədir. Cəmi bir neçə saat kifayətdir ki, beynəlxalq terrorizmin həmin ocağına əlimiz çatsın. Mən erməni terrorçularının işğalı altında olan ərazilərimizi, bütövlükdə həmin ərazidə olan strukturları, Ermənistan dövlətini və erməni terror təşkilatlarını nəzərdə tuturam.
Bizə deyirlər ki, qoşun göndərin, burada hərbi qüvvələrlə mübarizə aparmaq lazımdır. Əl-Qayidə və Talibanla “hər hansı bir dialoq” sözlərini səsləndirəndə, Amerika Birləşmiş Ştatlarındakı müəyyən dairələr, ümumiyyətlə, qulaqlarını tutub, bunu yaxına buraxmırlar. Hətta bunu az qala beynəlxalq cinayət adlandırırlar. Amma Azərbaycan hökumətinə, Azərbaycanı müdafiə edən qüvvələrə bu terrorçularla yalnız və yalnız dialoq təklif eləyirlər.
Ümumiyyətlə, xalqların, dövlətlərin birgə yaşayışının əsas prinsiplərindən biri dialoqdur və biz, şübhəsiz ki, bunu qəbul eləyirik. Hər bir kəs istəyər ki, istənilən münaqişə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi adlandırılan, lakin əslində, bizə qarşı təcavüzkar müharibə olan bu məsələ, şübhəsiz ki, sülh, dialoq yolu ilə həll olunsun. Lakin bir daha da təkrar eləyirəm, bu, ikili standart məsələsidir. Mən diqqəti bu məsələyə cəlb eləmək istəyirəm. Elə hesab eləməsinlər ki, Azərbaycanda istənilən diktə ilə hərəkət eləyirlər, Azərbaycanda bu məsələnin fərqinə varmırlar, bu ikili standartın olduğunu bilmirlər və guya Azərbaycan xalqı Amerika Birləşmiş Ştatlarının orada apardığı əməliyyatı bütün tərəfləri ilə dəstəkləyir. Mən yenə bu yaxınlarda baş vermiş bir hadisəni yadınıza salıram. Təkcə bir əməliyyatda guya səhv olaraq 90 nəfər uşaq, qadın və yaşlı əhali həlak oldu və belə faktlar onlarcadır. Hörmətli Milli Məclis, hesab eləyirəm ki, şübhəsiz, Azərbaycanın milli və dövlət maraqları vardır. Bizim dövlətlərin dünyanın böyük gücləri ilə, o cümlədən Avroatlantik strukturlarla əməkdaşlığını inkar etmirik və hesab edirik ki, həqiqətən, Azərbaycanın yerləşdiyi regiondakı bu geosiyasi situasiyada, şübhəsiz, nəzərə almalı və hesablaşmalı olduğu məqamlar vardır. Amma bir daha təkrar eləyirəm, bu qərara səs veriləcəksə, xüsusi olaraq müvafiq dövlət orqanları bu məsələnin Azərbaycan xalqı tərəfindən heç də birmənalı qarşılanmadığını digər güclərin, o cümlədən NATO strukturlarının və Amerika Birləşmiş Ştatlarının nəzərinə çatdırsınlar. Yəni bu əsas verilsin ki, bu, sonsuza qədər davam edə bilməz. Əgər Qarabağ məsələsində erməni terrorizminə, ermənilərin təcavüzkar müharibəsinə qarşı həmin qüvvələr Amerika Birləşmiş Ştatları başda olmaqla onun müttəfiqləri birmənalı şəkildə öz mövqelərini ortalığa qoymasalar, bu cür qərarların asanlıqla Milli Məclisdən, mən hesab eləyirəm ki, hətta Azərbaycanın icra hakimiyyəti strukturlarından da keçməsi mümkün olmayacaqdır. Mən bunun əleyhinə səs verəcəyəm. Bir daha təkrar eləyirəm, bu mənim siyasi mövqeyimdir, onun qəbul edilməsini xahiş edirəm. Təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun, Pənah bəy. Amma bir şeyi deyim ki, Azərbaycan dövləti öz milli maraqlarını həmişə qoruyub, qoruyur və qoruyacaq. Bunun sübutu olaraq, elə Kosovo məsələsini göstərə bilərik. Kosovodan sülhməramlılarını çıxardı, Əfqanıstanda yerləşdirdi. Biz həmişə milli maraqlarımızı qoruyuruq, ondan heç narahat olmayın. Siyavuş Novruzov buyursun.
S. Novruzov. Təşəkkür eləyirəm, hörmətli Sədr. Mən hesab eləyirəm, bu elə bir məsələdir ki, biz bunu qəbul eləyəcəyik. Lakin məndən əvvəl çıxış eləyən həmkarım Pənah bəy bəzi məqamlara toxundu. Onunla əlaqədar mən qeyd etmək istəyirəm ki, birinci növbədə Azərbaycan antiterror koalisiyasının üzvüdür, buna öz töhfəsini həmişə verib və bundan sonra da bu prosesi davam etdirməlidir. İkinci bir tərəfdən, Azərbaycan ordusunun bir taqımının orada iştirak etməsi onların kifayət qədər təcrübə qazanması deməkdir. Əgər gələcəkdə Dağlıq Qarabağda və başqa işğal olunmuş ərazilərimizdə hər hansı bir antiterror əməliyyatı keçirilərsə, deməli, bizim kifayət qədər təcrübə qazanmış insanlarımız burada iştirak eləyəcəklər. Bunun heç bir ziyanı yoxdur. Biz NATO-nun tədbirlərinə ildə 500-dən artıq zabit və əsgər göndəririk. Onlar müxtəlif ölkələrdə, şəhərlərdə olurlar və təcrübə keçirlər. Yəni nəzəri cəhətdən leksiyalara qulaq asır, müəyyən silahlarla tanış olurlar və sair. Mən hesab eləyirəm ki, burada praktiki cəhətdən iştirak etməyin də heç bir ziyanı yoxdur, əksinə, xeyri var. Kiçik bir hissənin burada olması bilavasitə Azərbaycan dövlətinin maraqlarına xidmət eləyən bir məsələdir və mən hesab eləyirəm, biz buna səs verməliyik.
Digər tərəfdən, biz Əfqanıstanda baş verən hadisələri nəzərə alsaq, – indi Amerika ordusu ya zəlzələdən, ya da vəlvələdən ordadırsa, bunun mən mahiyyətini açmıram, bu böyük siyasətin nəticəsi olan bir məsələdir, – bu gün bütün dünyada müzakirə olunur ki, əgər Amerika Birləşmiş Ştatları Əfqanıstandan öz qoşunlarını geri çəksə, ilk növbədə Orta Asiya və Cənubi Qafqazda terror əlindən tərpənmək olmayacaq. Yəni neçə illərlə Əfqanıstanda yetişmiş bu təşkilatların birinci hədəfi Cənubi Qafqaz və Orta Asiya ölkələri olacaqdır. Təbii ki, Avropaya gedib çatana qədər. Ona görə də biz orada iştirak etməklə həm də öz maraqlarımızı güdürük, öz təhlükəsizliyimizə xidmət eləyirik.
Biz bir neçə il bundan öncə, – hələ Amerika ordusu Əfqanıstana daxil olmamışdan, Orta Asiyada, – Özbəkistanda, Qırğızıstanda, Tacikistanda baş verən hadisələrin şahidi olmuşuq. Yəni burada artıq bir vakuum yaranmışdı. Bu, uzun illərin nəticəsidir, əsrin əvvəlindən başlamış bir prosesdir. Yəni bu gün hər bir əfqanı uzunmüddətli kənd təsərrüfatına, fermer təsərrüfatına öyrətməyə illər lazımdır. 40 ildən artıqdır ki, burada ancaq döyüş sənətini öyrəniblər. Əkməyi, biçməyi, nə bilim, tikməyi, qurmağı, yaratmağı öyrənməyiblər. O adamlara bu prosesləri davamlı şəkildə öyrətmək lazımdır. Bu proses getməyincə o özünə iş axtaracaq. İş axtarmaq yeri də aydındır ki, Cənubi Qafqazda, Orta Asiyada və sonra da Avropada terrorist təşkilatlarına qoşulmaq, qazanc əldə etmək üçün haranı isə partlatmaq, kimisə oğurlamaq olacaq.
Biz bunun bir dəfə şahidi olduq. Şimali Qafqazda baş verən hadisələrdən sonra Azərbaycana gələnlərin nəticəsini gördük. Azərbaycanın hüquq mühafizə orqanları uşaq oğurluğunun, iş adamlarına qarşı hücumların qarşısını almaq üçün uzun müddət mübarizə apardı. İndi Əfqanıstanda baş verən hadisələr bunun bir tərkib hissəsidir. Mən hesab edirəm ki, biz ora əsgərlərimizi göndərməliyik, onlar təcrübə keçməlidirlər. Azərbaycan ordusu NATO standartlarına uyğun qurulubdur və biz bu standartları müdafiə etməliyik, qorumalıyıq, NATO-nun bütün tədbirlərində iştirak etməliyik. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın müəllim, çıxış üçün təkid edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin. Mən xahiş edirəm, çıxışları mövzuya uyğun edin. Deyəsən, dincələndən sonra birdən-birə 4 saat işləmək olmur.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0 
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədədir. Çingiz Əsədullayev, buyurun.
Ç. Əsədullayev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə oktyabrın 1-i Prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuşdur. Heç şübhəsiz ki, bu unudulmaz hadisə prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin nəticəsi olmuşdur. Fürsətdən istifadə edərək milli dövlətçiliyə daim sədaqətlə xidmət edən, respublikada ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təminatında mühüm rol oynayan Azərbaycan Respublikası Prokurorluğunun hər bir əməkdaşını 90 illik yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Onlara bu ağır, məsuliyyətli işdə uğurlar, doğma Azərbaycanımızın inkişafı naminə gördüyü bütün işlərdə isə müvəffəqiyyətlər diləyirəm.
Müzakirəmizə təqdim olunmuş “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamə cari ilin iyul ayında Rusiya Federasiyasının Prezidenti cənab Dmitri Medvedyevin Azərbaycan Respublikasına etdiyi rəsmi səfər çərçivəsində qəbul edilmişdir.
Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında münasibətlər çox dinamik, müsbət şəkildə inkişaf edir və regional proseslərə müsbət təsir göstərir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 2007-ci il üzrə 1 milyard 700 milyon ABŞ dolları təşkil etmişdir. Bu ilin sonunda isə bu rəqəmin 2 milyard dollara çatdırılması nəzərdə tutulur.
Ümumiyyətlə, Dmitri Medvedyevin Rusiya Federasiyasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərindən birini Azərbaycan Respublikasına etməsi ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakterini göstərir. Həmçinin 2008-ci il 15 sentyabr tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti cənab Dmitri Medvedyevin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfər etmişdir. Səfər zamanı keçirilmiş görüşlərdə hər iki tərəf dövlətlərimiz arasında olan münasibətlərdən razı olduqlarını bildirmişdilər. Qeyd etmək istərdim ki, bu məsələ komissiyamızda da müzakirə olunmuş və ratifikasiya olunması məqsədəuyğun hesab edilmişdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. 3 nəfər millət vəkili yazılıb. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Cənab Sədr, şərait yaratdığınıza görə təşəkkür edirəm. Əgər fikrim müsbət olsaydı, çıxış etməzdim. Mən millət vəkillərinə müraciət edirəm ki, gəlin, bunu dəstəkləməyək. Xahiş edirəm, millət vəkilləri həmin bəyannamənin 2-ci bəndinə diqqət yetirsinlər: “Tərəflər Avropada və bütövlükdə dünyada təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini qeyd edərək, beynəlxalq tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu təsdiqləyərək, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi işində əməkdaşlığı möhkəmləndirməyə hazır olduqlarını bəyan edirlər”. Burada açıq şəkildə qeyd olunur ki, beynəlxalq tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsi yolverilməzdir. Amma bu bəyannamə imzalanandan çox qısa bir müddət sonra Rusiya Gürcüstanın, GUAM üzrə bizim strateji tərəfdaşımızın ərazi bütövlüyünü pozdu. Bu sənəd imzalanandan cəmi iki ay keçib. Sonra o, respublikaların da suverenliyini tanıdı, bundan əlavə, orada bir bufer zona da yaratdı.
Bayaq hörmətli Zahid Oruc burada fəxrlə qeyd edirdi ki, biz guya çox düzgün siyasət yeritdiyimizə görə Rusiya bizə münasibətdə fərqli mövqe sərgiləyir. Gürcüstana qarşı sərgilənən bugünkü mövqe bizə 14 il bundan qabaq sərgilənib. 14 il bundan qabaq məhz Rusiyanın köməyi ilə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal edib, bu gün Gürcüstanda yaratdığı bufer zonanı 14 il bundan qabaq Azərbaycanda yaradıb. Daha Rusiya bundan artıq nə edəcək ki?
Burada hələ bir müddəa da var. 3-cü bəndin beşinci abzasında qeyd olunur ki, tərəflər MDB-nin səmərəliyinin yüksəldilməsinə yardım göstərəcəklər. Əslində, Azərbaycan indiki əlverişli beynəlxalq şəraitdə Rusiya qarşısında məsələ qoymalıdır ki, özünün dostu adlandırdığı Ermənistana təzyiq etsin ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü tanınsın. İndi torpaqlarımızı işğal edəndən sonra bizə deyirsə, gəlin, dost, qardaş olaq – bu keçməz. Azərbaycan Gürcüstan və Ukraynanın ardınca MDB-dən çıxmalıdır. Belə ola bilməz ki, bir qurumun tərkibində olan bir dövlət 20 ildən artıqdır başqa bir dövlətin ərazisinin 20 faizini işğal edib, 1 milyon insanı öz yuvasından didərgin salıb, amma biz hələ bu qurumun güclənməsi istiqamətində fəaliyyət göstərəcəyimizlə bağlı öz üzərimizə öhdəlik də götürürük . Mənə elə gəlir ki, Rusiyadan çəkinmək lazım deyil. Rusiya onsuz da Azərbaycana etdiyini edib. Azərbaycan konkret olaraq bu məsələləri qaldırmalıdır.
Oqtay müəllim, mən sonda bir məsələyə xüsusi münasibət bildirmək istəyirəm. Burada həmkarım Arzu Səmədbəyli məni və prezident seçkilərinə qatılmış müxalifətdən olan digər namizədləri təhqir etdi. Arzu bəy özündən qəhrəman düzəldir. Amma mən demək istəyirəm ki, biz cənab Prezidentə və Sizə müraciət etmişdik ki, rəhmətlik Elçibəyin ailəsinə milli azadlıq hərəkatının lideri, həm də eks-Prezident kimi dövlət qayğısı göstərilsin. Mən minnətdarlığımı bildirirəm ki, dövlət də bu istiqamətdə müəyyən addımlar atdı və dedilər ki, onun ailəsinə maşın da ayrıla bilər, yardım da göstərilə bilər. Amma bu Arzu Səmədbəyli və onun kimi digər qohum-əqrəba buna imkan vermədilər. Yəni söhbət o məsələnin mənəvi tərəfindən gedir. Amma özünə ev veriləndə çox böyük məmnuniyyətlə, heç bir komplekssiz onu qəbul etdi. Arzu bəylə bağlı heç nə demək istəmirəm, mən, əslində, xalqımın xidmətçisiyəm. Ruslarda bir söz var, Azərbaycan dilində bilmirəm necə demək olar. Deyilir ki, «ÐºÐ°Ð¶Ð´Ñ‹Ð¹ мерит по своей испорченности». Deməli, biz Əbülfəz Elçibəylə Kələkidə Xumar xalagilin həyətində oturmuşduq. Orada 17 nəfər var idi. Əlini Qurana qoysun ki, bu söhbət olmayıb. Onda bu nə isə deyəndə Əbülfəz bəy dedi ki, sən səsini kəs, 4 yerə işləyirsən. Özü də 1-2 yerə yox, 10-15 yerə yox, məhz 4 yerə. Oqtay müəllim, bunu mən...
Sədrlik edən. Xahiş edirəm, bu söhbətləri, şəxsi məsələləri burada qaldırmaq lazım deyil. Milli Məclisin payız sessiyasının birinci günüdür.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən xahiş edirəm, Arzu bəy, bir-birimizə hörmət edək. Saxlayaq bu məsələləri. Bu məsələləri nə qədər demək olar? Millət bizə baxır. İndi 6 nəfər çıxışa yazılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nə məsələdir, nə var ki, burada? Nə mövqe bildirəcəyik? Kim təkid edir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Elmira xanım, mənim etirazım yoxdur.
E. Axundova. Mən bəyannaməni və ümumiyyətlə, Azərbaycan Respublikasının Rusiya istiqamətində siyasətini bəyənir, dəstəkləyirəm və onu Azərbaycanın milli maraqları baxımından çox uğurlu hesab edirəm. O ki qaldı Qüdrət Həsənquliyevin dediyi bəndə, o tamamilə bizim maraqlarımıza uyğundur və Gürcüstan hadisələri göstərir ki, dava-dalaşla heç bir şey edə bilmərik. Ancaq diplomatiya yolu ilə, Rusiya Federasiyası ilə Azərbaycanın birgə əlaqələrini möhkəmləndirərək buna nail olmaq olar.
Mən nəyə görə söz istədim? Bu yaxınlarda çox yaxşı bir hadisə baş vermişdir. Rus icmasının 15 illiyidir. İndi də biz çox dəyərli bir kitab aldıq. Mixayil Zabelin tərəfindən hazırlanmış «Ð ÑƒÑÑÐºÐ¸Ðµ истоки Азербайджана» çox qiymətli kitabdır. Mən istəyirəm Mixayil Zabelini təbrik edək. Rus icması çox böyük işlər görür. Heç vaxt ruslar Azərbaycanda 5-ci dəstə olmayıb və inanıram ki, olmayacaq. Həmişə ruslar bizim milli maraqlarımıza uyğun işləyiblər, bizlə birlikdə olublar. Bu çox dəyərli bir kitabdır.
Biz təşviqat qrupu kimi 7 gün cənub zonasında olduq. Cəlilabadda bir neçə rus kəndində, o cümlədən Pokrovkada (indiki Günəşli), Prişibdə və Göytəpədə olduq. Orada iki qədim rus kilsəsi var. Ruslar gediblərsə də, müsəlman əhali, bizim azərbaycanlılarımız onları saxlayıb. Bizdən xahiş ediblər ki, biz bu məsələni müvafiq instansiyalara çatdıraq. Seçicilər də məndən xahiş ediblər ki, mən bunu Milli Məclisdə səsləndirim. Böyük abidələrdir, biz onların bərpasına kömək etməliyik. Tarixi, dini abidə kimi kiməsə qaytarılsın və o, fəaliyyət göstərsin, çünki bu bizim ümumi tariximizdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Möhtərəm Sədr, möhtərəm millət vəkilləri! Mənə elə gəlir ki, bu çox önəmli bir məsələdir. Bunu tez, tələsə-tələsə qəbul etmək düzgün deyil. Burada ən azından fərqli fikirlər səslənməlidir, çünki qulağımızın dibində çox önəmli hadisələr baş verir. “Etnik münaqişələr” deyilən münaqişələrin donu açıldı. Rusiya açdı. Rusiya gözümüzün qabağında Gürcüstanı işğal etdi. Bütün dünya bu barədə danışır və siz deyirsiniz ki, yox, bizim işimiz var, gəlin, bunu tez səsvermədən keçirək, getsin.
Çingiz bəy danışdı və onun dediklərinə heç bir əlavəm yoxdur, amma zamanlama çox önəmlidir. Niyə məhz indi? Rus qoşunları Gürcüstanı tamamilə tərk etməyib. Özü də mən “etnik münaqişə zonası” deyilən zonaları nəzərdə tutmuram. Gürcüstan hər gün bu barədə bəyanat verir. Gürcüstan bizim üçün strateji müttəfiqdir, Avropaya pəncərədir, bizim üçün iqtisadi bir yoldur. Bununla bağlı uzun danışmağa ehtiyac yoxdur, amma ən önəmlisi odur ki, Gürcüstan da, Azərbaycan da eyni tipli münaqişələrin cəngindədir və iki dövlət eyni müəllifin diktəsi ilə bu münaqişələri, dediyiniz problemləri yaşamaq məcburiyyətindədir. Yəni Qarabağ probleminin birinci müəllifi Rusiyadır. O cümlədən Cənubi Osetiya və Abxaziya problemlərinin birinci müəllifi Rusiya Federasiyasıdır. Bu günlərdə Rusiya öz mahiyyətini göstərdi və dedi ki, mən buyam.
Deyəcəklər ki, bəli, o başqadır, bu başqa. Əlbəttə, ritorika baxımından bu, doğrudur. Diplomatik ritorika baxımından bu bəyanat da, filan da hamısı yerindədir. Hərçənd ki, burada bir sıra məqamlar da var. Qüdrət bəy dedi, MDB strukturlarının gücləndirilməsi bizim milli və dövlət maraqlarımıza uyğundurmu? Uyğun deyil və mən bunu bizim komissiyanın iclasında da, sonra qeyri-rəsmi söhbətdə də dedim. Biz ən azından bunu ləngitməliyik, çünki strateji müttəfiq kimi gördüyümüz Gürcüstan, – biz tamamilə haqlıyıq ki, onu strateji müttəfiq adlandıraq, – bu gün və son aylarda ən çətin vaxtını yaşadı.
Azərbaycan Respublikası dövlətinin nümayəndəsi dedi ki, biz Gürcüstanın ərazi bütövlüyü prinsipini dəstəkləyirik və onun yanındayıq. Amma Milli Məclisdə, mənə elə gəlir ki, bu belə tələsik qəbul edilməsin, heç olmasa, bir az ləngisin. Heç olmasa, bu problemlər həll olunsun. Bu təkcə Gürcüstanla Rusiya arasında olan problem deyil. Bu, “etnik münaqişələr” deyilən problemlərə münasibət məsələsidir. İndi deyirik ki, ikili standartdır. Əlbəttə, doğrudur. Nə qədər dövlət, nə qədər münaqişə varsa, o qədər də standart var. Amma biri presedent yaradıb və həqiqətən də, bundan sonra Qarabağ probleminin həlli xeyli dərəcədə də ağırlaşdı. Ən azından mənə elə gəlir ki, fərqli fikrin söylənilməsinə, fərqli bir mövqeyin ortaya qoyulmasına tolerant yanaşılmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Amma bir şeyi deyim ki, fərqli fikirdən söhbət getmir. Biz həmişə çıxış edəndə ilk növbədə öz milli maraqlarımızdan çıxış etməliyik və məsələyə o istiqamətdən yanaşmalıyıq. Əgər hamımız dəqiq fikirləşsək və milli maraqlarımızı nəzərə alsaq, MDB-dən çıxmaqla biz nə qazanarıq? Bir yerdə bir səs itirəcəksən. MDB-də təkcə Ermənistan və Rusiyadır? Orada o qədər ölkələr var.
İkinci, xahiş edirəm, məsələləri bir-birinə uyğunlaşdırmayaq. Necə Gürcüstan bizim strateji tərəfdaşımızdırsa, eləcə də Rusiya ilə strateji tərəfdaşıq. Bunu unutmaq lazım deyil. Yəni hər şeydə milli maraqları öndə tutmaq lazımdır. Burada debatlar yarandı. Bir məsələnin müzakirəsi, yəqin, günün axırına kimi gedəcək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, davam edirik. Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov. Çox üzr istəyirəm, hamınızdan məhz müzakirə etdiyimiz sənədə aid mən bir şey eşitmədim. Bunun ətrafında kim nə istədi, danışdı. Bu sənədə, bu sənədin mətninə, maddəsinə, bəndinə kiminsə iradı varsa, desin. İradı yoxdursa, Gürcüstan, filan, nədən danışırıq? Sənədi müzakirə edirik, gəlin, özümüzə hörmət edək. Qanundan danışırıqsa, gəlin, qanunu icra edək. Bizə təqdim olunan sənədi müzakirə edirik. İradı olan iradını desin, razı olmayan səsini verməsin, razı olan səsini versin, bununla da qurtaraq. Yoxsa ağlınıza gələni danışmaq üçün bundan istifadə edirsiniz. Onun üçün başqa yerlər var. Oqtay müəllim, mənim təklifim budur ki, sənədi səsə qoyaq, səsimizi verək. Narazılığı olan bildirsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əkrəm Əylisliyə söz verək, sonra baxarıq.
Ə. Əylisli. Danışmaq fikrim yox idi. Bu Rusiya mövzusu ortaya çıxanda burada bəzi adamlar özünü çox narahat aparır. Bu narahatlığı görəndə yadıma bir məsəl düşür. O motalla bağlı bir əhvalat var. Biri əl çəkir, o birisi əl çəkmir. Əgər, doğrudan da, Rusiya ilə münasibəti siyasi əxlaq və Azərbaycanın mənfəəti üstündə qura bilsəydi, cəbhənin hakimiyyəti o cür fəlakətli vəziyyətə gəlib çıxmazdı.
Rusiya ilə tarixi qonşu olmuşuq. Neçə illər bir yerdə yaşamışıq. İndi deyirsiniz ki, ruslar etnik münaqişələr yaratdı. 70 il Rusiyanın rəhbərliyi altında bir xalq o birinə gözün üstə qaşın var deyə bilmədi. Bu millət mehriban bir ailədə yaşadı. İnkişaf etdi. 70 ildə biz özümüzün çox kamil ədəbi dilimizi yaratdıq. 70 ildə maarifçilik sahəsində heç bir başqa dövlətin əldə edə bilmədiyi nailiyyətləri əldə etdik. Azərbaycanın indi müstəqil dövlət olmasının faktiki səbəbi 70 ildə bizim keçdiyimiz yoldur.
İndi elementar bir şeyi nəzərə alın. Amerikanın havası bura dəyən kimi, etnik münaqişələr başladı. Burada Rusiyanın nə təqsiri var? Gözümüzün qabağında baş verən hadisələrə diqqət yetirin. Demokratiya adı ilə o boyda dövlətə girib, İraq xalqı məhv olub gedir. Bir az insafla danışmaq lazımdır. Əfqanıstanda nə hadisələr baş verir? Xahiş edirəm ki, belə danışanda bir şeyi nəzərə alın. Nəzərə alın ki, Rusiyanın bazarlarının hesabına bu saat Azərbaycanda minlərlə ailə çörək yeyir. Mən çox arzu edərdim ki, o qüvvələr Azərbaycanın öz içində olsun, Azərbaycanın inkişafına, daxili tərəqqimizə xidmət etsin. Amma vəziyyət belə gətirib ki, külli miqdarda insanımız Rusiyadan çörək yeyir. Bunun əvəzində 5-6 siyasətçi Amerikadan çörək yeyir. Bu faktı da nəzərə almağınızı xahiş edirəm.
Bu mövzunu çox qurdalamaq lazım deyil. Bu mövzudan, meydanda populistcəsinə səsləndirilən “mən azadlıq tərəfdarıyam”, “Rusiya belə gəldi” kimi fikirlərdən çoxdan qurtarmaq lazım idi. Amma madam ki, çoxdan qurtarmamışıq, gəlin, heç olmasa, indi qurtaraq. Çox sağ olun.
Sədrlik edən. Mən hesab edirəm ki, mövqelər tam aydındır. Bir məsələ üzərində bu qədər danışmaqla bir şey yaratmaq mümkün deyil. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.24 dəq.)
Lehinə  92
Əleyhinə  5
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamənin təsdiq edilməsi barədədir. Çingiz Əsədullayev, buyurun.
Ç. Əsədullayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamə təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunmuşdur. Ənənəyə əsasən tərəflər bir neçə strateji sahədə münasibətlərin daha da möhkəmləndirilməsini nəzərdə tuturlar. Təbii ki, belə bir bəyannamənin qəbul edilməsi yeni sahələrdə açılan perspektivləri açıq-aydın göstərir. Bu bəyannamə komissiyamızda müzakirə olunmuş və yekdilliklə qəbul olunmuşdur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu məsələ ilə bağlı çıxış etmək istəyən var? Pənah Hüseyn.
P. Hüseyn. Çox sağ olun. Mən bu layihələrə, o cümlədən Ukrayna ilə tərəfdaşlıq və strateji əməkdaşlıq haqqındakı bəyannaməyə çox qısa şəkildə münasibətimi bildirirəm. Açıq-aydın Azərbaycana düşmənçilik edən istər qonşu, istər qonşu olmayan bütün dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi bizim dövlətimizin mənafelərinə uyğundur. Mövqe nədən ibarətdir? Bu, Rusiya ilə tərəfdaşlıq müqaviləsinə də aiddir. Rusiya böyük bir dövlətdir. Biz Rusiya ilə düşmənçilik etməli deyilik və imkan daxilində, beynəlxalq hüquq normaları daxilində, qarışıq maraqlar daxilində, şübhəsiz ki, əməkdaşlıq münasibətlərini möhkəmləndirməliyik.
Burada Əkrəm müəllim bir məsələyə toxundu, mən ona cavab verməyi vacib sayıram. Bu çox önəmli bir məsələdir. 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Əbülfəz Elçibəy hökumətinə daxil olan ən yüksək vəzifəli şəxsin ilk səfəri Rusiyaya olub. Mən dövlət katibi kimi Rusiyaya səfər etmişəm, danışıqlar aparmışam. Bizim Rusiya ilə münasibətimizdə ikimənalı bir məsələ yox idi. Rusiyanın Azərbaycan xalqının dövlətçilik tarixində rolu da, işğalçılıq mövqeyi də məlumdur. Amma Əbülfəz Elçibəy o dövrdə Prezident kimi ilk səfərini məhz Moskvaya, Rusiyaya etdi və Rusiya ilə Tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə imzaladı.
Böyük dövlət, böyük güc və təhlükəli qonşu olaraq Rusiyanın maraqlarının nəzərə alınmasının, şübhəsiz ki, heç kəs əleyhinə deyil. Amma eyni zamanda, 1918-ci ildə Bakı Rusiyanın quberniyası elan olunanda gürcü polkovnikinin rəhbərliyi altında gürcü qoşunları Səngəçalda vuruşurdu, bizim müdafiəmizə gəlmişdi. İlk hərbi əməkdaşlıq sazişi Gürcüstanla imzalanmışdı. Biz Gürcüstanla bugünkü əlaqələrimizi və indiki iqtidarın apardığı siyasəti müdafiə edirik, müsbət sayırıq. Gürcüstanın müdafiəsi burada səslənməlidir və biz Gürcüstanın işğalına, Rusiyanın təcavüzünə qarşı buradan “yox” səsimizi qaldırmalıyıq və qaldırırıq. Təşəkkür edirəm.
Sədrlik edən. Azərbaycan Gürcüstanı dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək də. Bunu Gürcüstan dövləti də, xalqı da bilir. Xahiş edirəm, Milli Məclisdə gündəlikdə duran məsələlərdən danışaq. Milli Məclisi teledebata çevirirsiniz. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.28 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 2 
İştirak edir  96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi barədədir. Çingiz Əsədullayev, buyurun.
Ç. Əsədullayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu Nizamnamə 7 sentyabr 2006-cı il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında Birgə Bəyannamədə əks olunan Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin razılaşmasına uyğun olaraq yaradılmış Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının fəaliyyət prinsiplərini müəyyən edir.
Yaradılan Şuranın vəzifələri aşağıdakılardır: Azərbaycan Respublikası və Ukrayna münasibətlərinin siyasət və strategiyasının formalaşdırılması; Azərbaycan–Ukrayna münasibətlərinə dair məsələlər və qarşılıqlı maraq kəsb edən beynəlxalq xarakterli problemlər üzrə məsləhətləşmələrin keçirilməsi; əməkdaşlığın aktual məsələləri üzrə yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə nəzarət; iki dövlətin hökumət, parlament və digər təsisatlarına baxılmış məsələlər üzrə nəticələrin, təkliflərin və tövsiyələrin təqdim edilməsi. Bu məsələ bizim komissiyamızda ətraflı müzakirə olunaraq yekdilliklə qəbul edilmiş və onun ratifikasiyası məqsədəuyğun hesab edilmişdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.30 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0  
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 7, 8 və 9-cu məsələlər Türkmənistanla əlaqədardır. Eyni xarakterli məsələlər olduğu üçün icazə versəniz, mən onları birlikdə məruzə edərdim, amma ayrı-ayrılıqda səsə qoyardıq. “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Saziş Azərbaycan və Türkmənistan arasında beynəlxalq sərnişin və yük daşımalarının iqtisadi və hüquqi tənzimlənməsinə xidmət edərək, hər iki dövlətin sərnişinlərinin daşınmalarına və hər iki dövlətin və ya onların birinin ərazisində tranzit, dəmiryol, su nəqliyyatı və yük avtomobili nəqliyyatı vasitəsi ilə, avtomobil yolları ilə terminaldan-terminala həyata keçirilən yüklərin beynəlxalq daşımalarına şamil ediləcəkdir. Bu saziş 5 il müddətinə bağlanır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları tərəflərin yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minəcəkdir. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələyə münasibət bildirsinlər.
Digər qanun layihəsi “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədədir. Bilirsiniz ki, Azərbaycan ilə Türkmənistan arasında iqtisadi münasibətlər son vaxtlar sürətlə inkişaf edir. Bu xarakterli qanun layihələri Milli Məclisdə dəfələrlə müzakirə edilmişdir. Həmin saziş də Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında müzakirə edilib. Ona da müsbət münasibət bildirməyinizi xahiş edərdim.
Digər məsələ “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Azərbaycan ilə Türkmənistan arasında iqtisadi həyatın bir çox sahələrində əməkdaşlıq artıq genişlənir. Sazişdə standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya üzrə qanunvericilik, normativ və metodik sənədlərin işlənib hazırlanması, standartlaşdırma, metrologiya, sertifikatlaşdırma milli sistemlərinin sonrakı iştirakı və harmonizasiya olunması, maddələrin tərkibinin və xassələrinin standart məlumat göstəricilərinin yaradılması və istifadəsi, qarşılıqlı göndərilən məhsulların standartların zəruri tələblərinə uyğunluğu və digər məsələlərin yoxlanılması, müzakirə edilməsi məsələsi nəzərdə tutulur. Saziş 5 il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin diplomatik kanallar vasitəsi ilə sonuncu yazılı bildirişi aldığı gündən qüvvəyə minir. Bu qanun layihəsinə də müsbət münasibət bildirməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 7-ci məsələsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.34 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2 
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, gündəliyin 8-ci məsələsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 83
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, gündəliyin 9-cu məsələsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 10 və 11-ci məsələləri Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı arasında bağlanan Saziş və Konvensiyanın təsdiq edilməsi barədədir. Birinci məsələ “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə hər iki məsələ barədə məlumat versin, sonra ayrı-ayrılıqda səsə qoyaq. Buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq intensiv surətdə inkişaf edir. Hər iki dövlət başçısı bu dövlətlərin xalqlarının bir-birinə daha da yaxınlaşması, sosial-iqtisadi həyatın bir sıra sahələrində müştərək layihələrin həyata keçirilməsi istiqamətində konkret tədbirlər müəyyən etmişlər. Bu tədbirlərdən biri də gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyanın təsdiq edilməsidir. Mən dəfələrlə Milli Məclisin üzvlərinə ikiqat vergitutma barədə məlumat vermişəm. Millət vəkilləri bu qanun layihəsinin strukturu ilə tanışdırlar və ona görə də xahiş edirəm, bu məsələyə müsbət münasibət bildirsinlər.
Digər qanun layihəsi isə “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında” Sazişdir. Millət vəkillərinə bu xarakterli qanun layihələri məlumdur. Beynəlxalq standartlara cavab verən qanun layihəsi hər iki hökumət tərəfindən imzalanıb. Ona da müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, gündəliyin 10-cu məsələsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.37 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 87
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 11-ci məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 14.38 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 12-ci məsələsi “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Çingiz Əsədullayev, buyurun.
Ç. Əsədullayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Saziş təsdiq olunmaq üçün müzakirənizə təqdim edilmişdir. Bu sənəd diplomatik və xidməti pasportlara malik hər iki dövlətin vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılmasını təmin edir. Bu kateqoriyaya aid olan vətəndaşlar saziş üzrə tərəflərin ərazisində giriş tarixindən 30 gün keçməyən müddətdə vizasız qalmaq hüququ əldə edirlər. Sazişin ratifikasiya olunması işgüzar səfərlərin həyata keçirilməsini asanlaşdıracaq. Bu məsələ komissiyamızda müzakirə olunmuş və yekdilliklə qəbul olunaraq Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 14.42 dəq.)
Lehinə 89
Əleyhinə  0
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Saziş hər iki dövlət arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək və gücləndirmək, habelə əmtəə və xidmətlərin mübadiləsini təşviq etmək məqsədi ilə bağlanmışdır. Sazişin məqsədi hər iki tərəf arasında dostluq əlaqələrinin gücləndirilməsini, iqtisadi və texniki əlaqələrin genişləndirilməsini təşviq etməkdir. Razılığa gələn tərəflər öz aralarında iqtisadi və texniki əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi üçün qanunvericiliyə uyğun olaraq bir-birinə ən əlverişli rejim və şərtlər tətbiq edəcəklər. Saziş 5 il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsi ilə alındığı gündən qüvvəyə minir. Millət vəkillərindən xahiş edirəm ki, İqtisadi siyasət daimi komissiyasının bu rəyinə də müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Çingiz Əsədullayev.
Ç. Əsədullayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair” Saziş 2008-ci il mayın 19-da Bakı şəhərində imzalanmışdır və bizim komissiyamızda baxılıb qəbul olunmuşdur. Bu Saziş bütün beynəlxalq hüquq normalarına cavab verir və bizim qəbul etdiyimiz əvvəlki sazişlərə də uyğundur. Ona görə də hesab edirəm ki, bu məsələyə baxılsın.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.43 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 15-ci məsələ “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında bir çox istiqamətlərdə iqtisadi əlaqələr genişlənir. Konvensiyanın əsas məqsədi Azərbaycanın və Koreya Respublikasının hüquqi və fiziki şəxslərinə münasibətlərdə ikiqat vergitutmanın, yəni eyni gəlirə görə həm Azərbaycanda, həm də Koreya Respublikasında eyni və ya oxşar vergilərin tutulmasının aradan qaldırılmasıdır. Bilirsiniz, bu xarakterli sazişlər barədə biz sizə kifayət qədər məlumat vermişik. Yəni benəlxalq standartlara cavab verən, hər iki ölkənin milli maraqlarına cavab verən sazişdir və millət vəkillərindən də bu Sazişə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.45 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0  
İştirak edir 84
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsindədir. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Minnətdaram, cənab Sədr. 16-cı və 17-ci məsələlər eyni məsələlər olduğuna görə, məsləhətdirsə, hər ikisi haqqında məlumat verim. “Əlillərin hüquqları haqqında” Konvensiya 2006-cı ilin sonunda BMT tərəfindən qəbul olunub. Bu Konvensiya çox mütərəqqidir və onunla bağlı Azərbaycanda çox böyük işlər görülüb. Eyni zamanda, görüləsi işlər də var. Bu, bütövlükdə əlillərin sosial müafiəsini gücləndirən bir sənəddir. Ona görə də hesab edirəm ki, millət vəkilləri bu sənədə səs versə, həmin qrup insanların sosial müdafiəsini gücləndirərik. O ki qaldı Konvensiya ilə bağlı Protokola, burada həmin qurumun işinin təşkili ilə əlaqədar olan məsələlər öz əksini tapıb və xüsusi normalarla tənzimlənib. Ona görə də hər iki sənəd bütövlükdə bizim ümumi işlərə xeyri olan sənədlərdir. Millət vəkillərini sənədin ikisinə də səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, 16-cı məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 17-ci məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 80
Yetərsay yoxdur.

Kim səs vermədi? Xahiş edirəm, səsverməni təkrar edin.

Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi.
Növbəti 18-ci məsələ Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədədir. Rövşən Rzayev, buyurun.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 1998-ci il 22 may tarixli qərara əsasən ulu öndər Heydər Əliyev 26 iyun tarixini Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan etmişdir. Cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 2008-ci il mayın 16-da “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Qanun qəbul etmişdir. Qanunla həmçinin medalın Əsasnaməsi və təsviri təsdiq edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2008-ci il iyun ayının 26-dək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fərqlənmiş hərbi qulluqçular təltif ediliblər. Təklif olunur ki, hərbçilərin sinəsində nişanın daşınma qaydaları ilə əlaqədar “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə”də dəyişiklik edilsin. Dəyişikliyə görə “Qüsursuz xidmətə görə” medalı döşün sol tərəfinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 90 illiyi (1918–2008)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır. Təklif edirəm ki, müzakirəyə çıxarılan qanun layihəsini qəbul edək.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2  
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 19-cu məsələ “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədədir. Rövşən Rzayev, buyurun.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” bütövlükdə Daxili İşlər Nazirliyi sistemində və digər orqanlarda xidmət keçməyin qaydalarını və şərtlərini müəyyən edir. Daxili işlər orqanlarında xidmət keçmə dövlət qulluğunun xüsusi növüdür. Daxili işlər orqanlarında xüsusi rütbə daşıyan əməkdaşlar hərbiləşdirilmiş qaydada xidmət edirlər. Onların qarşısında dövlət əhəmiyyətli mühafizə vəzifələri qoyulur. Daxili işlər orqanlarında xidmət keçmək üçün məsuliyyətli, peşəkar və vətənpərvər vətəndaşlarımız cəlb edilirlər. Qarşıya qoyulan vəzifələrin icrası daxili işlər orqanları əməkdaşlarından böyük fədakarlıq tələb edir.
Daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə çalışan mülki işçilər də var. Mülki işçilərin əksəriyyəti təminat xidmətində işləyirlər. Onlara hərbiləşdirilmiş intizam qaydaları tətbiq olunmur. Daxili işlər orqanlarında çalışan mülki şəxslər üçün əmək münasibətləri nisbətən fərqli olmalıdır. Bunu nəzərə alaraq “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə yeni 10-1-ci maddənin əlavə olunması təklif olunur. Dəyişiklik daxili işlər orqanlarının xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə işə götürülən mülki işçilərin əmək münasibətlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənməsi nəzərdə tutulur. Əsasnaməyə təklif olunan əlavəni məqsədəuyğun hesab edir və qəbul olunmasını təklif edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.52 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2  
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədədir. Rövşən Rzayev, buyurun.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Müzakirəyə çıxarılan “Polis haqqında” Qanuna əlavənin mahiyyəti istintaq təcridxanalarında cinayət-prosessual qaydada əməliyyat-axtarış fəaliyyətinin aparılması ilə bağlıdır. Bildiyiniz kimi, polis orqanlarının bölməsindən müvəqqəti saxlama yerlərindən fərqli olaraq, istintaq təcridxanaları ədliyyə orqanlarının səlahiyyətinə verilib. Orada saxlanılan şəxslərin vəziyyətinə görə cavabdehliyi istintaq təcridxanalarının rəhbərliyi, yəni ədliyyə oranlarının əməkdaşları daşıyırlar. Deməli, təcridxanalarda polis orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri təcridxana əməkdaşları ilə birgə həyata keçirilməlidir.
“Polis haqqında” Qanunun 3-cü maddəsinə təklif olunan əlavəni istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının qorunması kimi qiymətləndirmək olar. Eyni zamanda, 3-cü maddədə edilən dəyişiklik əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi qaydasının müəyyən edilməsinə və cinayət-prosessual qanunvericilikdə olan boşluğun aradan götürülməsinə xidmət edəcəkdir. Müvafiq icra hakimiyyəti orqanının növünün müəyyən edilməsi cənab Prezidentin səlahiyyətindədir. Məntiqə əsaslanaraq demək olar ki, müzakirə etdiyimiz layihədə icra hakimiyyəti orqanı Ədliyyə Nazirliyinin penitensiar xidməti olacaqdır. “Polis haqqında” Qanunun 3-cü maddəsinə edilən əlavəni zəruri hesab edirik və təklif edirəm ki, buna səs verək.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.54 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 95
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədədir. Rövşən Rzayev, buyurun.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi təklif olunur. Bu dəyişiklikləri və əlavələri iki hissəyə bölmək olar. Birincisi, rəsmi sənədlərin saxtalaşdırılmasının qarşısını almaq məqsədilə Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin maddələrinin dispozisiyasına edilən dəyişikliklərdir. İkincisi, İnzibati Xətalar Məcəlləsinə dənizçinin şəxsiyyət sənədinin verilməsində süründürməçiliyin və qanunsuzluğun qarşısını almaq üçün 332-ci maddəyə üçüncü bənd əlavə edilir.
Məcəllələrin dispozisiyasına edilən dəyişikliklər praktikada yaranan hüquqi boşluqlarla bağlıdır. Məsələn, Cinayət Məcəlləsinin 320-ci maddəsinin adında “hazırlama” sözünün “qanunsuz hazırlama” sözləri ilə əvəz edilməsi təklif olunur. Əməlin cinayət sayılması üçün mütləq onun cinayət tərkibli olması vacibdir. Cinayətin tərkibi olan obyektiv tərəfin əsas əlaməti isə qanunazidd olmalıdır. Demək, rəsmi sənədin hazırlanmasına görə yox, qanunsuz hazırlanmasına görə məsuliyyət yarana bilər.
Cinayət Məcəlləsinin 326-cı və İnzibati Xətalar Məcəlləsinin 331 və 332-ci maddələrinə təklif olunur ki, şəxsiyyəti təsdiq edən sənədlərin sırasına dənizçinin şəxsiyyət sənədi də əlavə edilsin və onun oğurlanmasına, saxtalaşdırılmasına görə məsuliyyət nəzərdə tutulsun. Dənizçi çox zaman bu sənədlə öz şəxsiyyətini təsdiq edir. Bu sənəd onun peşəsi ilə bağlı əmək münasibətlərinin iştirakına zəmanət verir. Dənizçi süründürməçilik nəticəsində vaxtında həmin sənədi almadıqda onun üçün əhəmiyyətli və maddi cəhətdən maraqlı olan fəaliyyətdən məhrum olur, ziyan çəkir. Deməli, həmin ziyana görə vəzifəli şəxs inzibati qaydada məsuliyyət daşımalıdır. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə vəzifəli şəxsin məsuliyyəti ilə bağlı yeni normanın əlavə edilməsi təklif olunur. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər zəruridir və onların qəbul edilməsi vacibdir.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.57 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə qanun layihəsidir. Rövşən Rzayev, buyurun.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” Qanun 2008-ci il aprelin 25-də parlamentdə qəbul edilmişdir. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikası ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmətlə yanaşmalıdırlar. Bu bizim beynəlxalq öhdəliklərimizdən irəli gəlir. Bayraqların istifadəsi qaydaları Qanunla müəyyən edilir. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları beynəlxalq hüquq normalarına və diplomatik hüquqi qaydalara uyğun xüsusi yerlərdə asılmalıdır. Qanunun 4-cü maddəsinə əsasən xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları Azərbaycanda məhdudlaşdırılır. Ancaq bu qadağa müvafiq sanksiya ilə təyin olunmayıb. Ona görə cənab Prezident təklif edir ki, İnzibati Xətalar Məcəlləsinə yeni 341-2-ci maddə əlavə edilsin. Bu maddənin sanksiyası o qədər ağır olmasa da, bütün subyektləri əhatə edir. Hesab edirik ki, bu təklifi qəbul etmək zəruridir.
Sədrlik edən. Sağ olun. Əgər etiraz yoxdursa, 23-cü və 24-cü məsələləri də məruzə eləsin, sonra səsə qoyaq.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Bu gün Məclisə çıxarılan növbəti məsələ sahibkarlıq fəaliyyəti sahəsində inzibati qaydaların ciddiləşdirilməsi ilə bağlıdır. Sahibkarlığın inkişaf etdirilməsi ölkəmizin sosial-iqtisadi sisteminin mühüm amilidir. Azərbaycanda özəl bölmənin, sahibkarlığın inkişafı üçün çox mühüm qanunvericilik bazası, əlverişli investisiya mühiti yaradılmışdır. Azərbaycanda sahibkarlığın böyük sosial qrupu yaradılıbdır. Bununla yanaşı, qanunsuz sahibkarlığa, yalançı sahibkarlığa rast gəlmək olur.
Bu gün müzakirə etdiyimiz qanun layihəsi sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olan şəxslərə qarşı inzibati qaydaların ciddiləşdirilməsi ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər həm hüquqi və texniki baxımdan əhəmiyyətlidir, həm də inzibati normanın Cinayət Məcəlləsinə istinad etməsi əsasında xəbərverici xüsusiyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin “Qeyd” hissəsinin yeni reaksiyada verilməsi təklif olunur. İnzibati məsuliyyət yaradan real miqdar dəyişdirilmədən min manat saxlanılır. Ancaq yeni redaksiyada “bu az miqdarda ziyan vurulduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə” ifadəsi əlavə edilir. Qanunsuz sahibkarlıq nəticəsində dövlətə vurulan ziyanın hesablanması çətin olsa da, hüquqpozma əsasında əldə edilən gəlir asan hesablanır. Bu hüquq və normaların dispozisiyası genişləndirilir, həm də onların xəbərverici qüvvəsi artırılır. Hesab edirik ki, bu dəyişiklik mahiyyət etibarilə hüquqi xarakterlidir və qəbul etmək olar.
Sədrlik edən. Fazil Mustafayev də bu barədə çıxış etmək istəyir. Buyurun.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, qanunsuz sahibkarlıq fəaliyyətindən, bütövlükdə yalançı sahibkarlıqdan danışarkən (burada yalançı sahibkarlıqda daha çox Cinayət Məcəlləsində nəzərdə tutulan dələduzluq elementləri və digər məsələlər öz əksini tapır) bunların üzərinə bu formada məsuliyyət qoymaq, yaxud da qanunsuz kredit alınması məsələsinə görə sahibkarın üzərinə məsuliyyət qoymaq onun fəaliyyətini tamamilə məhdudlaşdırmaqdır. Bu gün hamıya aydındır ki, qanuni sahibkarlıqla məşğul olmaq ölkədə problemə çevrilib. Hamı bilir ki, müəyyən orta və kiçik sahibkarlığın üzərinə hansı haqq qoyulur, hansı çətinliklər yaradılır. Belə vəziyyətdə sahibkarlığın inkişafını daha da dayandırırıq. Çünki əlverişli biznes mühiti olmayanda, azad rəqabət olmayanda bəzən hətta qanuni fəaliyyət göstərmək üçün atdığın addımları sonradan davam etdirə bilmirsən.
Mən düşünürəm ki, kreditin qanunsuz alınması məsələsində məsuliyyəti kredit alanın üzərinə qoymaq yanlışdır. Çünki bizdə dövlət orqanları var, sahibkarlığa yardım fondu var, maaş alırlar. Onlar özləri kimə kredit verilməsini araşdırmalıdırlar. Siz bilirsiniz ki, çox zaman bu kreditlərin verilməsi, sadəcə, məhdud bir dairə ilə məhdudlaşır. Bu kreditlərin verilməsində ortaya çıxan qanun pozuntularının sahibkarın üzərinə əlavə məsuliyyət kimi qoyulması yanlışdır.
Burada, məsələn, mən razıyam ki, əmtəə nişanından qanunsuz istifadə edilməsini və başqa bu kimi məsələləri qoymaq olar. Məncə, saxta müflisləşmə ilə bağlı cinayət məsuliyyətinin artırılması, sərtləşdirilməsi vacibdir. Çünki banka vəsait qoyan şəxslərin vəsaitini sıradan çıxarmaq üçün belə bir addım atılır. Saxta müflisləşmə, yaxud qəsdən müflisləşmə üçün məsuliyyəti ağırlaşdırmaq lazımdır. Amma deyək ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla və yalançı sahibkarlıqla bağlı məsuliyyəti bu cür artırmaq doğru deyil. Burada ziyanın kimə vurulduğu bəlli deyil. Kimsə küçədə nəsə bir əmtəəni alıb-satırsa, dolanışıq üçün bunu eləyirsə, bunun da məhdudlaşdırılması üçün sərt tədbirlər görülürsə, onda əhalinin böyük əksəriyyəti əziyyət çəkəcəkdir. Ona görə də mən hesab edirəm ki, bu kimi məsələlərdə məsuliyyətin sərtləşdirilməsinə, vurulmuş maddi ziyan adı ilə məsuliyyətin sərtləşdirilməsinə ehtiyac yoxdur. Qeyddə əhatəli göstərilsə də, ziyanın obyekti bəlli olmur. Ona görə də mən düşünürəm ki, bir sıra maddələrdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə, yalançı sahibkarlıqla bağlı cəzanın sərtləşdirilməsinə, cərimənin sərtləşdirilməsinə ehtiyac yoxdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Burada qanun layihəsində əsas məqsəd ondan ibarətdir ki, istifadə olunan malların mənbəyi bəlli olsun. Burada söhbət onun keyfiyyət nişanından, markasından, müəyyənliyindən gedir. Çox vaxt biz eşidirik ki, uşaq oyuncaqları zəhərli maddədən hazırlanıbdır və uşaqlar üçün bunun çox böyük ziyanı var. Yəni bu cür məhsulların alğı-satqısında, istifadəsində hər hansı bir mənbəyin məlum olmasından və onun məsuliyyətinin artırılmasından söhbət gedir. Kimsə haradansa mal alırsa, ilk növbədə maraqlanmalıdır ki, bu malı aldığı yer təmiz olmalıdır və qanunun tələblərinə cavab verməlidir.
İkincisi, hörmətli həmkarım Fazil müəllim burada qeyd elədi ki, Azərbaycanda qanuni sahibkarlıqla məşğul olan yoxdur. Bəs bu məşğul olanlar nə ilə məşğul olurlar? Bunlar qeyri-qanuni sahibkarlıqla məşğul olurlar? Əgər biz büdcəmizə nəzər salsaq görərik ki, büdcədə qeyri-dövlət sektorundan daxilolmaların faizi ilbəil artır. Sahibkarlıqla və başqa biznes sahəsi ilə məşğul olan həmin insanların əldə etdiyi və verdiyi gəlirlər hesabına dövlət büdcəsi formalaşır. Bizim çalışmağımız da ondan ibarətdir ki, hər şey qanun səviyyəsində olsun, qanundan kənarda olmasın. Cinayət Məcəlləsində deyil, məhz İnzibati Xətalar Məcəlləsində maddələrin sərtləşdirilməsində məqsəd ondan ibarətdir ki, biz daha sərt tədbirlər görmək istəmirik. Cinayət Məcəlləsində bu maddəni ağırlaşdırmadan İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələr vasitəsilə həmin insanları tənbeh eləmək, tərbiyə eləmək nəzərdə tutulur. Ona görə də mən hesab eləyirəm ki, biz bu düzəlişə səs verib qəbul eləyə bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. 24-cü məsələni də Rövşən Rzayev məruzə eləsin.
R. Rzayev. Mümkündür. Bu məsələyə dair suallara cavab verməyə ehtiyac varmı?
Sədrlik edən. Sən əvvəl məruzə elə, sonra cavab verərsən.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Dövlət sərhədinin mühafizəsi sahəsində idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi sərhəd rejiminin mühafizəsi üçün vacib hüquqi vasitədir. Bildiyiniz kimi, qanunvericilikdə aparılan islahatlar sanksiyaların konkret məbləğinin hesablanması ilə bağlıdır. Ona görə də biz məcəllələrdə mütəmadi sanksiyaların təkmilləşdirilməsinə fikir verməliyik.
Dövlət sərhədinin mühafizəsi sahəsində idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə sanksiyaların ciddiləşdirilməsi hazırda aktual məsələdir. Cənab Prezident tərəfindən daxil olan təklif dövlət sərhəd rejiminin mühafizəsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində sanksiyaların artırılması və müəyyən normaların təkmilləşdirilməsi ilə bağlıdır. Məsələn, 335-ci maddənin dispozisiyasında “gəmilər” sözünün “digər üzən vasitələr” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bu tam obyektivdir. Ona görə ki, Azərbaycanın sərhəd sularının sərhəd boyu rejimini pozan təkcə gəmilər deyil, əksər hallarda kiçik sayda üzən vasitələrdir. Hesab edirik ki, bu təklifə edilən dəyişikliklər zəruridir və onların qəbul edilməsinə ehtiyac var. Xahiş edirəm, səs verək.
Sədrlik edən. Çox sağ olun. Öncə Fazil müəllimin verdiyi suala Siyavuş müəllim cavab verdi. İki mövqe var. İndi səsvermədə baxarıq. 22-ci məsələyə münasibət bildirək. Əslində, bunları bir yerdə də səsə qoymaq olar. Xahiş eləyirəm, 22-ci, 23-cü və 24-cü məsələlərə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.08 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
25-ci məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.09 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 83
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 26-cı məsələ “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədədir. Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına, o cümlədən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 11-ci maddəsinə əlavə edilir və həmin əlavə sizdə var. Məqsəd ondan ibarətdir ki, Azərbaycan sərhədlərindən keçən hər bir şəxs haqqında “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış sistemə konkret məlumatlar daxil olsun. Yəni Azərbaycana kim gəlir, Azərbaycanı kim tərk eləyir? Hesab edirəm ki, bu tamamilə normal bir əlavədir və sizi bu dəyişikliyə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu qanun layihəsinə dörd komissiyada baxılıb. Rəbiyyət xanım, Sizin sözünüz var? Rövşən Rzayev, əlavəniz var?
R. Rzayev. Əlavəm yoxdur. Mən razılığımı bildirirəm. Bu çox müasir və vacib olan bir məsələdir.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli, buyurun.
A. Səmədbəyli. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu qanun layihəsinin birinci maddəsinə, yəni Azərbaycan vətəndaşının ölkəyə daxil olmasına heç bir halda qadağa qoyulmaması ilə bağlı müddəanın əlavə edilməsini təklif edirəm. Beynəlxalq normalarda və bütün mütərəqqi ölkələrin müvafiq qanunlarında bu hal xüsusilə qeyd olunub. Yəni vətəndaş ölkənin giriş qapısına yaxınlaşıbsa, o mütləq içəri alınmalıdır. Bu zaman onun digər ölkədən çıxarkən həmin ölkənin çıxış prosedurlarına əməl edib-etməməsinin, giriş qapısına hansı yolla yaxınlaşmasının heç bir əhəmiyyəti olmamalıdır. Yetər ki, həmin şəxsin Azərbaycan vətəndaşı olduğu məlum olsun. Bununla bağlı çox böyük problemlər yaşanır və yaşanmaqdadır.
Yayda mənə Borçalının Kəpənəkçi kəndindən Eyyubova Şəhladan belə bir müraciət daxil oldu. Bilirsiniz ki, bizim Borçalı əsilli vətəndaşlarımız öz dədə-babalarının yanına gedir, onları ziyarət edirlər. Gürcüstanda baş verən məlum hadisələr zamanı Şəhla xanımın 18 yaşı tamam olub, keçid məntəqəsinə gələndə onu geri qaytarıblar ki, Sizi buraxa bilmərik. Niyə? Çünki Sizin 18 yaşınız tamam olub, amma ümumvətəndaşlıq pasportunuz yoxdur. Ona görə Siz Gürcüstana qayıtmalısınız, səfirlikdən xüsusi icazə kağızı gətirməlisiniz və yaxud buraxılış üçün əsas verən kağız gətirməlisiniz, biz də Sizə icazə verməliyik.
Oqtay müəllim, bir çox MDB ölkələrində, məsələn, Gürcüstanda, Ermənistanda, Ukraynada, Rusiyada 18 yaşına çatmayan vətəndaşlara ümumvətəndaşlıq pasportu verilir. Bilirsiniz ki, bunun verilməməsi bir sıra maneələr yaradır. Məsələn, 18 yaşına çatmayan vətəndaşın xaricə getməsi üçün xüsusi hallar lazımdır. Ya idman yarışlarına getməlidir, ya da müalicəyə getməlidir. Əks halda icazə almaq müşkül olur. Yaxud övlad ata ilə, ya da ana ilə gedirsə, mütləq o biri valideyn icazə verməlidir. Bu cür qaydalar var ki, onları aradan qaldırmaq lazımdır. Ona görə də bizim 18 yaşına çatmayan vətəndaşlarımıza ümumvətəndaşlıq pasportunun verilməsi çox zəruridir.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm, Ziyafət müəllim sualınıza cavab verəcək. Amma burada söhbət bizim vətəndaşlardan getmir, qanun layihəsinə bir az diqqətlə baxın.
Z. Əsgərov. Sağ olun, hörmətli cənab Sədr, Siz artıq izahat verdiniz. Mən onu əlavə eləmək istəyirəm ki, Arzu bəy, burada söhbət “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanundan getmir. Həmin Qanun müzakirə olunarsa, onda fikrinizi deyərsiniz. Amma burada məqsəd ondan ibarətdir ki, ölkəyə daxil olan və ölkədən çıxan hər bir şəxs haqqında avtomatlaşdırılmış məlumat sistemində konkret məlumatlar olmalıdır. Bilirsiniz, Azərbaycan terrorizmə qarşı mübarizə koalisiyasına qoşulandan sonra bu məsələ aktuallıq kəsb edir. Dünyanın bir çox sivil ölkələrində olduğu kimi, biz də bilməliyik ki, ölkəmizə kim daxil olub, onun şəxsiyyəti nədir, məhkumluğu varmı, cinayət törədib, yoxsa törətməyib. Söhbət bu məsələlərin qarşısını almaqdan gedir. Yoxsa Azərbaycan vətəndaşı normal gəlib-gedirsə, qanun çərçivəsində heç bir problem yoxdur.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.14 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununa, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Burada texniki xarakterli dəyişikliklərdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinin 1-ci cümləsində “Təhlükə potensiallı obyektlərdə” və “istehsal” sözləri əlavə edilir. Eyni zamanda, “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsində “partlayıcı” sözündən sonra “pirotexnik materialların” sözləri əlavə edilir. Digər qanunlara da bu kimi sözlər əlavə edilir. Millət vəkillərindən xahiş edərdim ki, səs versinlər.
Sədrlik edən. Xahiş edərəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.16 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Poçt rabitəsi haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Poçt rabitəsi haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi bir sıra zərurətlərdən irəli gəlmişdir. Azərbaycan Respublikasında milli ödəniş sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramında milli poçt operatorunun poçt şəbəkəsi platformasında poçt əmanətləri və poçt hesablaşmaları sisteminin yaradılması və bununla əlaqədar müvafiq hüquqi-təşkilati və tənzimləmə prosedurlarının müəyyən edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramında poçt şəbəkəsinin modernləşdirilməsi və müvafiq bank avadanlıqları quraşdırılmaqla bank-maliyyə xidmətlərinin respublikanın bütün yaşayış məntəqələrində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həqiqətən, bu çox vacib bir təklifdir. Azərbaycan Respublikasının Prezidenti bu qanun layihəsini Milli Məclisə təqdim etməklə bütövlükdə respublikanın ucqar kəndlərində, şəhər və rayon mərkəzlərindən uzaqda yerləşən poçtlarda da, kredit istisna olmaqla, əhaliyə bank xidmətinin göstərilməsini nəzərdə tutur. Onu da qeyd edək ki, Ümumdünya Poçt İttifaqının “Poçt ödənişləri xidmətləri haqqında” Əsasnaməsinə görə poçt müəssisələri müxtəlif poçt-maliyyə xidmətləri göstərə bilirlər.
Poçt şəbəkəsi vasitəsilə maliyyə xidmətlərinin geniş təşkili dünyanın bir çox ölkələrində, o cümlədən Yaponiya, Qazaxıstan, Fransa və digər ölkələrdə həyata keçirilməkdədir. Hesab edirəm ki, bu qanun layihəsinin qəbul edilməsi bütövlükdə Azərbaycanda poçt sisteminin daha da təkmilləşdirilməsinə, poçt xidmətinin rentabelli bir sahəyə keçirilməsinə, ən əsası əhaliyə xidmətin yaxşılaşdırılmasına müsbət təsirini göstərəcəkdir. Münasibət bildirməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli Sədr, hörmətli deputatlar! “Poçt rabitəsi haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi müzakirəmizə təqdim olunmuşdur. Bilirik ki, rabitə və informasiya texnologiyalarının ölkənin inkişafında, əhalinin intellektinin yüksəlməsində, həmçinin dünya ölkələrinə inteqrasiyasında daha çox biliyə və informasiyaya malik olmaqda çox böyük əhəmiyyəti var.
“Poçt rabitəsi haqqında” Qanun Azərbaycan Respublikasının digər qanunlarına, eləcə də Ümumdünya Poçt İttifaqının Konvensiyasına uyğun hazırlanmışdır. Bu Qanuna əsasən poçt rabitəsi xidmətlərinin əsas prinsipləri, bu sahədə göstərilən əlavə xidmətlər, daxili və beynəlxalq poçt göndərişləri qaydaları, göndərilməsi qadağan olunmuş əşyalar haqqında məlumatlar, müştərilərlə poçt müəssisəsinin qarşılıqlı münasibətləri, yazışma və məlumatların məxfliyinin qorunması və başqa əməliyyatlar tənzimlənir. Hazırda informasiya texnologiyalarının yüksək inkişafı nəticəsində poçt göndərişlərinin və xidmətlərinin sayı getdikcə artır. Poçt müəssisələri hüquqi və fiziki şəxslərə xidmətlər göstərməklə onların rahatlığını təmin edir, eyni zamanda, iş fəaliyyətlərinin səmərəliliyini yüksəldir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çoxsaylı və irihəcmli layihələr həyata keçirərək ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verir. Dünya Bankı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihələrinin tətbiqi nəticəsində respublikamızda poçt sahəsi inkişaf etməkdədir. Azərbaycanın hər bir kəndi, hər bir yaşayış məntəqəsi telefonlaşdırılmış və yüksək texnoloji avadanlıqlarla təmin olunmuş, poçt şöbələri tikilmişdir. İnsanlar enerji, rabitə, kommunikasiya və başqa xidmətlər üçün ödəniş haqlarını rahatca yaxınlıqda olan poçt şöbələrində və ya ofisdə ödəyə bilirlər.
Qanuna edilən bu dəyişikliklər poçt şöbələrində kiçik maliyyə xidmətlərinin də aparılmasına şərait yaradacaqdır. Bu da həm vətəndaşların rahatlığına xidmət edəcək, həm də poçt sahəsində çalışan əməkdaşların əmək haqlarının yüksəlməsinə səbəb olacaqdır.
Yeri gəlmişkən, bildirmək istəyirəm ki, “Azərpoçt” dövlət müəssisəsi olmasına baxmayaraq, təsərrüfat hesablı müəssisədir. Poçt ən ağır xidmət sahəsi olmasına baxmayaraq, burada çalışan əməkdaşların əmək haqları çox aşağıdır. Poçtu daha da inkişaf etdirməklə burada çalışan əməkdaşların rifah halını yaxşılaşdırmaq üçün bu sahəyə büdcədən müəyyən vəsait ayrılması məqsədəuyğundur. Dünya ölkələrinin əksəriyyətində də bu belə qəbul olunmuşdur. Mən bu dəyişiklik və əlavələrin qəbul olunmasının lehinə səs verəcəyəm, deputat həmkarlarımı da lehinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.22 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 93
Nəticə: qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Növbəti 30-cu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavələr edilməsi haqqındadır. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əmək Məcəlləsinin iki maddəsinə – 13-cü və 87-ci maddələrə dəyişiklik edilir. Hər ikisi mütərəqqi dəyişiklikdir. Birinci halda işəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə götürəndə mütləq müvafiq icra hakimiyyətindən icazə almalıdırlar. İkincisi, xaricdə işləyən vətəndaşlarımızın əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. Bu da sonrakı illərdə həmin vətəndaşın sığorta və pensiya məsələlərinə köməklik edə bilər. Hər iki məsələ mütərəqqi addımdır və onlara səs verməyimiz həmin adamların xeyrinə olar.
Sədrlik edən. Qənirə Paşayeva.
Q. Paşayeva. Çox sağ olun, Oqtay müəllim. Bu çox vacib dəyişiklikdir. Mən bir məsələni təklif etmək istəyirəm. Yəqin ki, bunu millət vəkillərinin hamısı bilir. İşəgötürənlər bu normaları yerinə yetirmədiyi təqdirdə cəza mexanizmlərinin sərtləşdirilməsi üzərində işləməliyik. Heç kəsə sirr deyil ki, bu gün Çindən gəlmiş əcnəbilər artıq rayonlarda da işləyirlər. Mən başa düşürəm, orada əhalinin sayı çoxdur və onlar həddindən artıq ucuz işçi qüvvəsidirlər. Ona görə də bizim işəgötürənlər tərəfindən də cəlbedicidirlər, yəni onların da maraqları var. Amma söhbət dövlətin təhlükəsizliyindən, dövlətin maraqlarından gedir. Ona görə biz bu prosesi bir az sərtləşdirməliyik, çünki özümüzün kifayət qədər işsiz insanlarımız var. Bu məsələdə sərtləşdirmənin aparılmasına daha çox ehtiyac var.
Xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşları dedikdə söhbət Rusiyada, Ukraynada və digər MDB ölkələrində ticarətlə məşğul olan insanlardan gedir. Heç kəsə sirr deyil ki, çox hallarda həmin insanlarla əmək müqavilələri bağlanmır. Biz sənəddə dəyişiklik gedəndən sonra bizim səfirliklər vasitəsi ilə izahat işləri aparmalıyıq ki, gələcəkdə həmin insanlar ciddi problemlərlə üzləşməsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rusiyada artıq əmək müqaviləsi olmayan şəxslər qeydiyyatdan keçə bilmir. İkinci, bundan qabaq qəbul etdiyimiz Qanun bu məsələlərə kömək edəcək. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.25 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədədir. Tahir Rzayev, buyurun.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə verilən qanun layihəsində “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur.
Təklif olunur ki, “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin. “Xanlar rayonu” sözləri “Göygöl rayonu” sözləri ilə, “Xanlar bələdiyyəsi” və “Xanlar şəhəri” sözləri müvafiq olaraq “Göygöl bələdiyyəsi” və “Göygöl şəhəri” sözləri ilə əvəz edilsin. “Qobustan rayonu” bölməsinin 1-ci sırasında “Mərəzə bələdiyyəsi” sözləri “Qobustan bələdiyyəsi” sözləri ilə, həmçinin “Mərəzə qəsəbəsi” sözləri “Qobustan şəhəri” sözləri ilə əvəz edilir və həmin bölmənin 18-ci sırası çıxarılır. “Lerik rayonu” bölməsinin birinci sırasında “Lerik qəsəbəsi” “Lerik şəhəri” sözləri ilə əvəz edilir. “Samux rayonu” bölməsinin 1-ci sırasında “Nəbiağalı qəsəbəsi” sözləri “Samux şəhəri” sözləri ilə əvəz edilir və həmin bölmənin 16-cı sırası çıxarılır. “Yardımlı rayonu” bölməsinin 1-ci sırasında “Yardımlı qəsəbəsi” sözləri “Yardımlı şəhəri” sözləri ilə əvəz edilir və həmin bölmənin 16-cı və 21-ci sıraları çıxarılır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müəyyən edilir. Həmin maddədə adı çəkilən “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilmişdir.
“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində şəhər və rayonların adı çəkilən sütununun 2-ci bəndində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə, 56-cı maddədə isə “Xanlar” sözü “Göygöl” sözü ilə əvəz edilmişdir. Bu qanun layihəsi komissiyada müzakirə olunmuş və Milli Məclisin müzakirəsinə çıxarılması barədə müsbət rəy verilmişdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.28 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, bugünkü gündəliyin sonuncu məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi, habelə “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi 7-8 komissiyanın müzakirə obyekti olmuşdur. Biz Milli Məclisdə bu yaxınlarda “Sığorta fəaliyyəti haqqında” Qanunu qəbul etdik. Bu Qanunun qəbul edilməsi və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanması ilə əlaqədar bir sıra qanunlarda mütləq dəyişikliklərə ehtiyac vardır. Bu qanun layihəsi 17 qanunda müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutur. “Sığorta fəaliyyəti haqqında” qəbul edilmiş Qanunda, əsasən, terminlərdən söhbət gedir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunda əksini tapmış əsas müddəalar, terminlər, anlayışlar digər qanunlarda da öz əksini tapmalıdır. Ona görə də mən vaxtınızı çox almaq istəmirəm. Millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə öz müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.30 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Payız sessiyasının birinci iclasında gərgin iş aparıldı. Gələn iclas haqqında məlumat verəcəyik. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU