10.03.2006 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  10

Mill Məclisin  iclas  salonu.
10  mart  2006-cı  il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 97 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:
S. Qəhrəmanova
, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
N. Bağırova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri.
* * *

B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
M. Dünyamalıyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi.
M. Səfərov, Dövlət Fitosanitar Nəzarəti Xidməti yanında Respublika Bitki Mühafizə Mərkəzinin rəisi.
Ş. Bağırov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi.
F. Qulubəyov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi laboratoriyanın rəisi.
B. Əliyev, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşı.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Kişi və qadınların (gender) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. Kişi və qadınların (gender) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
2. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                    O. ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

10  mart  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 87
Yetərsay 83

Səs verməyən oldumu? Çox sağ olun, yetərsay var. İcazə verin, Milli Məclisin gündəliyində olan məsələlərin müzakirəsini davam eləyək.
Gündəlikdə iki məsələ durur. Birinci, Kişi və qadınların (gender) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Bu qanun layihəsi İnsan hüquqları, Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının iclaslarında müzakirə olunmuşdur. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanovaya söz verilir.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün bəşəriyyətin böyük ümidlər bəslədiyi proseslərdən biri dialoqdur. Dövlətlər, millətlər və xalqlar arasında dialoq hər cür ziddiyyətlərin, qarşıdurmanın və ayrı-seçkiliyin aradan qaldırılmasını istəyir. Dialoq insan varlığının elə meyarlarındandır ki, özündə çox dərin potensial daşıyır. Həqiqət bu günə qədər də çözülməmişdir. Düşüncəmiz də dialoji struktura malikdir.
İnsanın mahiyyəti “mən” və “sən” vəhdətindən ibarətdir. Var olmaq dialoqda olmaq deməkdir. Dialoq bitərsə, hər şey bitər. İki səs minimum varlıq, minimum həyat deməkdir. Həyat dialoqdur, “mən” və “sən” düşüncəsindən “biz” düşüncəsinə keçmək arzusudur. Bu silsilə 2500 il yol gəlib, gələcəyə istiqamətlənibdir. Dialoqun ən yüksək forması bəşəriyyəti təşkil edən iki cinsin – kişi və qadın arasında bir-birini anlamaq, hüquqlarına hörmət etmək, cəmiyyətdaxili münasibətlərin təkmilləşməsində birgə xidmət və məsuliyyət hissini yaşamaqdır.
Bu gün bu ali məqsədə xidmət edən bir sənəd Kişi və qadınların (gender) bərabərliyinin təminatları haqqında qanun layihəsi birinci oxunuşda sizin müzakirənizə təqdim olunur. Bir cəhəti deyim ki, qanun layihəsinin adını deyəndə əvvəl “qadın”, sonra “kişi” demək istədim. Amma qanunda “kişi” və “qadın” yazılıb. Bu da ayrı-seçkiliyin bir formasıdır. Qanun layihəsinin əsas məqsədi insan hüquqlarına və azadlıqlarına dair Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş müddəaların konkretləşməsinə və təkmilləşməsinə yönəlmiş dövlət siyasətinin reallaşmasına xidmət etməkdir.
Azərbaycan dövləti dünya birliyinə, nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiya kursunu ardıcıllıqla davam etdirir. Beynəlxalq əməkdaşlıq və inteqrasiyanın genişlənməsi istiqamətində dövlətimizin siyasəti prioritet sayılan sahələrdən birində - insan hüquqlarının tənzimlənməsində milli qanunvericiliyimizin hüquqi bazasının beynəlxalq standart və normalara uyğunlaşdırılması üçün müvafiq səylər göstərilməsidir. Beynəlxalq qanunvericilik, insan hüquqlarının və imkanlarının bərabərliyinə mane olan ən müxtəlif səbəb və vasitələrin aradan qaldırılmasını, ən başlıcası isə ayrı-seçkiliyin bütün növlərinə qarşı tədbirlər sistemini əhatə edən antidiskriminasion qanunvericiliyin hazırlanmasını tələb edir.
Bu qanun layihəsinə analoji olan qanunlar dünyanın bir çox sivil ölkələrində, o cümlədən İsveç, Kanada, Portuqaliya, Danimarka, Norveç, Finlandiya, Rusiya və digər ölkələrdə qəbul olunmuşdur. 2006-cı il yanvar ayının 1-dən Ukraynada da belə bir qanun qüvvəyə minmişdir. Cinslərin hüquq və azadlıqlarının təminatını, qadınların vətəndaş cəmiyyətində sosial, iqtisadi, siyasi, hüquqi statusunun yüksəlməsini nəzərdə tutan beynəlxalq əməkdaşlığa, buna dair konvensiyaya, hüquqi sənədə və qanunvericilik fəaliyyətinə zərurət boş yerdən yaranmamışdır.
Bu gün dünyada savadsızların üçdə ikisini, dünyanın yoxsul əhalisinin isə beşdə üçünü qadınlar təşkil edir. Başqa sözlə deyilsə, savadsızlıq və yoxsulluğun feminizasiyasının qadın simvolu olması vətəndaş cəmiyyəti və insan hüquqları təminatı sahəsində görüləcək işlərlə böyük ziddiyyət yaradır. Bu problemi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirən səbəblər çoxdur. Onlardan yalnız bir neçəsini xatırladaq. Buraya qadınların iqtisadiyyata inteqrasiyası prosesinin kişilərə nisbətən daha əlverişsiz şərtlərlə mümkün olması, sosial həyatda qadınların iştirakını məhdudlaşdıran amillərin mövcudluğu, qadın və kişilərin iqtisadi statusundakı dərin fərqlər, gender uçurumunun mövcudluğu, idarəetmə və dövlət əhəmiyyətli qərarların qəbul edilməsi prosesində onların məhdud təmsilçiliyi və professional karyera statusunun son dərəcə aşağı olması kimi amillər daxildir.
Azərbaycanda bu sahədə statistik mənzərəyə qısa toxunmazdan əvvəl qeyd edək ki, dövlətimizin sivil cəmiyyət kimi bu prosesə qoşulması, qanunvericilik sistemində bu qanunun mövcudluğu onun mütərəqqi məzmununda insan hüquqları praktikasının prioritet yer tutmasına dəlalət edir. Azərbaycan dövləti qanunda əksini tapmış məsələlərə dair Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına, bir çox beynəlxalq sənədlərə imza atmışdır. Böyük öndərimiz 1998-ci il yanvarın 14-də “Azərbaycan Respublikasında Azərbaycan qadınlarının rolunun artmasına dair tədbirlər haqqında” fərman imzalamışdır. 2000-ci il mart ayının 6-da imzalanmış fərman isə dövlətdə, qadın siyasətinin həyata keçirilməsi sahəsində ən mühüm istiqamətləri müəyyənləşdirmişdir. 2000-2005-ci illər üçün milli fəaliyyət planının təsdiq olunması bu problemin həllini təmin edən əsas şərt olmuşdur.
Bu gün bu siyasətin məntiqi davamı kimi müzakirə olunan qanunun qəbul edilməsi ilə Azərbaycan dövləti insan hüquqları və imkanlarının bərabərliyini, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasını ifadə edən bəyanat və öhdəliklərdən konkret əməli fəaliyyətə keçmək üçün tədbirlər sistemi hazırlamaq səviyyəsinə malikdir. Qanun layihəsi Azərbaycan dövlətinin, insanların hüquq, azadlıq və imkan bərabərliyinin reallaşdırılması üçün həm beynəlxalq aləmdə, həm də öz vətəndaşları qarşısında konkret məsuliyyət və öhdəlik daşıdığını əks etdirir. Bu sənəd qadın və kişilərin bərabər hüquq və azadlıqlarının təminatı sahəsində Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına əsaslanır.
Yeni qanun layihəsinin qəbul edilməsinin aktuallığı yalnız sadaladığımız beynəlxalq qanunvericilik təcrübəsi konteksti ilə məhdudlaşmır. Cinslərin həyatda mövcudluğunun obyektiv, təbii, bioloji fərqlərindən əlavə, tarixən onların cəmiyyətdə sosiallaşması və imkanlarının gerçəkləşməsinə çox ciddi təsir göstərən bütün süni xərclər kompleksi, stereotipləri, dünyagörüşü formalaşmışdır. Bu stereotiplər süni olaraq yaradılmış və ictimai şüur və mentalitetdə hələ də çox möhkəm qalmaqda davam edir. Bütün bunlar demokratik prinsip və dəyərlərin bərqərar olduğu, müasir cəmiyyətdə siyasi, iqtisadi, hüquqi və sair reallıqlarla ziddiyyət təşkil edir.
Qadın potensialından istifadə edilməməsinin əsas səbəblərindən biri qadının həyatda iştirak faizinin aşağı olması ilə bağlıdır. Azərbaycan tarixən formalaşmış ənənəvi cəmiyyət sırasına aiddir və burada qadın probleminə münasibət bu baxışlarda hələlik çox ənənəvi səviyyədədir. Bunu adi gözlə görmək mümkün olsa da, bəzi statistik məlumatları nəzərinizə çatdırmaq istərdim.
Ölkəmizin yeni siyasi və iqtisadi sistemə transformasiyası, dünya birliyinə inteqrasiyası sahəsində uğurları böyükdür. Lakin insanların şüurunda dərin kök salmış təsəvvürlərin yeni məzmunla əvəzlənməsi, görünür ki, çoxlu zaman, gərgin əmək və müvafiq hüquqi qanunvericilik bazasının mövcudluğunu tələb edir. Azərbaycan əhalisinin sayı (2005-ci il üçün) 8 milyon 300 min nəfərdir, onların 4 milyon 300 mini qadın, qalanları isə kişidir. Faiz nisbəti ilə əhalinin 51 faizi qadın, 49 faizi isə kişilərdir. Bu nisbət Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç, Çin və sair ölkələrdə də eynidir. Ölkə daxilində hər iki cinsin savadlılıq səviyyəsi də təxminən bərabərdir. Qadınların 96 faizi, kişilərin isə 99 faizi savadlıdır.
Əhalinin ümumi tərkibində qadınların kişilərə nisbətən çoxluq təşkil etməsinə, savadlı əhali arasında onların sayının eyni olmasına baxmayaraq qadınların cəmiyyət həyatına inteqrasiyası və siyasi sferada hakimiyyətdə təmsilçiliyi paradoksal dərəcədə aşağıdır. Məsələn, parlament tərkibində qadınlar daha azdır. Onlar müvafiq olaraq qadınların 11 faizini təşkil edirlər. Ölkə əhalisinin məşğul hissəsinin 37 faizini, yaxud işsizlərin 54 faizini qadınlar və 46 faizini isə kişilər təşkil edirlər. Qanun layihəsinin əsas maddələrinə diqqətinizi cəlb etmək istərdim. Layihənin “Əsas anlayışlar”ına “gender”, “bərabər imkanlar”, “gender ayrı-seçkiliyi”, “gender bərabərliyi”, “seksual qısnama” anlayışları daxildir. Qanunun müddəaları şəxsi və ailə həyatına, dini qurumların fəaliyyətinə şamil edilmir.
Qanun layihəsində normativ-hüquqi bazanın hazırlanması, dövlətin məqsədli proqramlarının müəyyənləşdirilməsi, Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşması ayrı-ayrı xüsusi maddələrdə prioritet məsələ kimi qeyd edilir.
2-ci maddə qanunun məqsədini ifadə edir. Kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması nəzərdə tutulur. Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları Bəyannaməsində deyilir: ”Hər bir şəxs irqindən, rəngindən, cinsindən, dinindən, dilindən, siyasi və digər əqidəsindən, milli və sosial mənsubiyyətindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olmayaraq bu bəyannamədə elan olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır”.
Bəyannamə dövlətləri xəbərdar edir ki, ailədə, cəmiyyətdə qadınlara fiziki, cinsi və psixi zərər yetirə biləcək adət, ənənə və ya amillər aradan qaldırılmalıdır. 1988-ci il noyabrın 16-da Avropa Şurasının Nazirlər Komitəsi kişi və qadınların bərabərliyi haqqında Bəyannamə qəbul etmişdir. Bu Bəyannamədə deyilir ki, qanuna müvafiq olaraq kişi və qadınlara qarşı eyni münasibətlərin əldə edilməsi strategiyasını hazırlamaq, həmçinin fərdi qabiliyyətlər və istedadların inkişafı üçün hüquq və imkanlardan istifadə bərabərliyinin əldə edilməsi vacibdir. Bu strategiyaya görə cinslər arasında de-fakto bərabərliyinin əldə edilməsinin münasib ölçüləri insan hüquqlarının, fərdi hüquqlarının müdafiəsi, cəmiyyətdə iştirakı, təhsil hüququ, ailə və cəmiyyətdə zorakılığın ləğvi, iqtisadi müstəqilliyin güclənməsi tələb olunur. Bütün bu tələblərin milli qanunvericiliyimizdə öz əksini tapması Avropa hüquq məkanına inteqrasiyamızın ifadəsidir. Qanunun 4-cü maddəsində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qanunvericilik baxımından şərhi verilir ki, orada ayrı-seçkilik hesab olunmayan hallar da qeyd edilir. Nəzərə çatdıraq ki, 1995-ci ildə qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi haqqında beynəlxalq Konvensiyaya qoşulan Azərbaycanın bu tələblərin yerinə yetirilməsi üçün öhdəlik götürməsi də qanunda öz əksini tapıbdır.
Gender bərabərliyinin təmin olunması üzrə dövlətin fəaliyyətinin əsas istiqamətləri 5-ci maddədə verilibdir. Normativ-hüquqi bazanın formalaşdırılması, dövlətin məqsədli proqramlarının müəyyənləşdirilməsi, gender bərabərliyi mədəniyyətinin təbliği və bu istiqamətdə Azərbaycan Respublikası qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması da prioritet məsələ kimi ön sıraya çəkilmişdir.
7-ci maddə dövlət qulluğunda gender bərabərliyinin təminatına yönəlmiş dövlət siyasətinin hüquqi qanunlarla tənzimlənməsini əks etdirir. Biz bu maddə üzərində xüsusi dayanmaq istərdik. Adətən, “Qadınların cəmiyyətdə statusuna dair formalaşmış stereotiplər necədir?” sualını verdikdə göz önünə gələn qadın obrazı yalnız ailə həyatı prizmasından təqdim edilir. Təsadüfi deyil ki, keçirilmiş ictimai rəy sorğularında - “Qadını nazir görmək istərdinizmi?” sualına cəmiyyət, demək olar ki, çox biganə yanaşdı. Qadın obrazı ana, həyat yoldaşı, evdar qadın olaraq şəxsi ailə sferası ilə tamamlanır. Burada ikincilik stereotipini səciyyələndirən fenomen, yəni qadın rəyinin, qadın potensialının rolunun ikinci dərəcəli olub, ciddi qəbul olunmaması təsəvvürü yaranır. Bu da tarixən formalaşmış qadın rolunun ana kultu ilə məhdudlaşdırılması deməkdir. Lakin qadın probleminin müasir beynəlxalq miqyasda elmi tədqiqi ilə bu fenomen “qayğı iqtisadiyyatı” anlayışı ilə adlandırılmış, onun cəmiyyət həyatında təzahür edən nəticə və işlərini aşkara çıxarmışdır. Doğrudan da, qadın cəmiyyətə, dövlətə, ailəyə, bəşəriyyətə qayğının daşıyıcısıdır. Bu missiya onun üzərinə düşmüşdür.
“Qayğı iqtisadiyyatı” anlayışı haqqı ödənməmiş və ödənilməyən insan varlığının dünyaya gəlməsi, tərbiyəsi, təhsili, sosiallaşması prosesinə sərf olunan qadın-əmək münasibətlərini ifadə etmək üçün işlədilir. Azərbaycan kontekstində bu anlayışı tətbiq edəndə ölkənin yeni iqtisadi-siyasi sisteminə transformasiyanın bütün ağrısını üzərində hiss edən, işğalçı müharibənin faciəsini yaşamaqla ailəsinə, yaxınlarına dəstək olmaq üçün daxili resurslarını maksimum səfərbər edən, sarsıntılara daha yüksək adaptasiya edərək cəmiyyətimizə dayaq olan qadınlarımızın heç nə ilə müqayisə edilməyən qayğı yükü göz önünə gəlir. Yaxud obyektiv miqrasiya prosesləri nəticəsində kişilərin region və ölkədən kənarda məşğul olması, ailə və uşaqların qayğı və ağrılarının qadının çiyninə qoyulması, şübhəsiz ki, onların ölkənin həyatına inteqrasiya prosesini çətinləşdirən amillərdəndir.
Dövlətin idarə olunmasında qadın və kişi bərabərliyinin təminatının vurğulanması da məhz bu səbəbdən xüsusi və vacib əhəmiyyətə malikdir. Qeyd olunduğu kimi, qadınların ictimai-siyasi, iqtisadi həyatda dövlət əhəmiyyətli qərarların qəbul edilməsində iştirak səviyyəsinin aşağı olması təkzibolunmaz faktdır. Qadınların passiv seçki hüquqları var, yəni onlar hakimiyyət orqanlarına seçilmək hüququnu tam reallaşdıra bilməyiblər. Qadınların siyasətdə təmsil olunmasını əks etdirən beynəlxalq statistikaya görə Azərbaycan dünyanın 187 ölkəsi arasında 87-ci yerdə durur. Bu, regionda nisbətən yüksək göstəricidir. Məsələn, Rusiya 100-cü, Ermənistan isə 123-cü yerdədir. Parlamentdə, regionların rəhbərliyində, hökumət üzvləri, bələdiyyə orqanları rəhbərləri arasında qadınların təmsil olunması səviyyəsinə görə Azərbaycan dünyanın ən geridə qalmış ölkələri ilə bir sırada durur.
Belə vəziyyət, adətən, iki arqumentlə əsaslandırılır. Birinci, qadınların siyasətdə iştirakı arzusunun aşağı olması, ikinci isə rəhbərlik təcrübəsinin az olmasıdır. Bu gün qadınlar Azərbaycanın diplomatik korpusunda 11 faiz, rayon başçıları arasında 2 faiz, nazirliklərdə 6,2 faiz, elmi tədqiqatlarla məşğul olan aspirantlar arasında 35 faiz təşkil edir. Elmlər namizədlərinin 44, elmlər doktorlarının isə yalnız 7 faizi qadınlardır. Lakin vəziyyət diqqətlə təhlil edildikdə başqa bir mənzərə aşkara çıxır. Şübhəsiz ki, insanlar öz imkanlarını hər şeydən əvvəl şəxsi qabiliyyət və xüsusiyyətlərinə, intellektual potensial meyarlarına görə reallaşdırırlar. Digər tərəfdən əhalinin ümumi savadlılıq göstəricisində qadınların faiz nisbətinin eyniliyi faktı üzə çıxır. Onların geniş həyat təcrübəsi ilə ölkənin ictimai həyatında iştirakı, Azərbaycan ailəsinin qorunması və tərbiyəsi işində fəaliyyəti bu sahədə problemlər kompleksinin olduğuna baxmayaraq, çox vacibdir.
Qadınların fəallığının təmin edilməməsində cəmiyyət əziyyət çəkir. Qadının işgüzar fəaliyyətindən, sosial potensialından, xüsusi həyat təcrübəsindən istifadə edilməməsi dövlətin dayanıqlı mövcudluğuna təsir etməyə bilməz. Regionların hərtərəfli inkişafı, düzgün vəzifə və səlahiyyət bölgüsünün aparılmasında qadınların rolu əvəzsiz olardı. Qanun layihəsinin 9-cu maddəsi dövlət peşə və məşğuliyyət seçimində, əmək fəaliyyətində, əmək müqavilələrinin ödənilməsində, iqtisadi və sosial münasibətlərdə kişi və qadınlar arasında bərabər imkanların təmin olunmasını əks etdirir.
Bu bir həqiqətdir ki, yeni siyasi-iqtisadi münasibətlərə transformasiya prosesi iqtisadi münasibətlərdə də radikal dəyişikliklərlə müşahidə olunur. Əmək məşğuliyyəti seçilməsində tamamilə yeni şərtlərin irəli sürülməsi öz təsirini ilk növbədə əhalinin qadın hissəsində göstərir. Xüsusi özəl sektorun formalaşması qadın əmək resurslarını sərf etməyən resurs sırasına daxil edilir. 9-cu maddədə bu məsələlərdə işəgötürənin subyektiv məsuliyyəti və vəzifələri qanunvericiliklə müəyyənləşdirilib.
Tədris müəssisələrinin fəaliyyətində ayrı-seçkilik məsələsi 16-cı maddədə öz əksini tapır. Adətən, təhsil sistemi qadınların ən çox təmsil olunduğu sahələrdən biridir. Lakin burada da qadınlar təhsil müəssisələrinin rəhbərliyi qismində azlıq təşkil edirlər. Mənim fikrimcə, burada təkcə statistik rəqəmləri deyil, mənəvi-psixoloji məqamları da nəzərə almaq lazımdır. Bu gün məktəblərimizdə dərs deyən kişilərin sayı xeyli azalmışdır. Bu isə oğlanlarımıza nümunə ola biləcək kişi obrazının formalaşmasına mənfi təsir göstərən məqamdır.
Qanun layihəsinin digər maddələrində də xüsusi iqtisadi-sosial münasibətlərdə, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyətində kişi və qadınların (gender) bərabərliyinin təminatları məsələsi də çox maraqlı, ancaq mübahisələrə səbəb olan rəy oyadır. Bu gün, doğrudan da, Yeni Azərbaycan Partiyası istisna olmaqla, digər partiyalarda qadınların rolu və yeri, onların parlamentdə təmsilçiliyi nəzərə çarpmır. Bu da onlara qarşı olan həmin diskriminasiyanın bir növüdür.
Yəqin, həmkarlarımı bir sual da maraqlandıracaq. Maddə 19-da kompensasiya almaq hüququndan bəhs olunur. Nəzərinizə çatdırım ki, kompensasiya hüququ ilə əlaqədar digər ölkələrin qanunlarında, ümumiyyətlə, “seksual qısnama” ifadəsi yoxdur. O “seksual qısnama” ifadəsi olmadıqda kompensasiya almaq hüququ da öz qüvvəsini itirər. Qanun layihəsinə bu maddə beynəlxalq əməkdaşlığa görə salınmışdır. Siz öz fikirlərinizi deyəcəksiniz. Biz bilirik ki, kompensasiya almaq hüququnu müəyyənləşdirən bu maddənin kifayət qədər təkmilləşməyə ehtiyacı var. Biz də iclasda bu məsələni qaldırmışıq və inanıram ki, ikinci oxunuşda həmin müddəa təkmil variantda sizə çatdırılacaqdır.
Mənə elə gəlir ki, dünyada heç bir qanun ali insani münasibətləri tənzimləmək iqtidarında deyil. Bu, insanın daxili azadlığından irəli gələn bir məqamdır. Öz tərəf-müqabilinə olan münasibət insanın yüksək mənəviyyat sahibi olmasının təzahürüdür. Ancaq bir şeyi bilirəm ki, bu qanunun qəbul olunması Azərbaycan reallığı üçün həddindən artıq vacibdir. Qanun layihəsinin təqdimatı ilə bağlı fikirlərimdən elə təsəvvür yaranmasın ki, mən yalnız qadınların hüquqlarının və azadlıqlarının müdafiəsi ruhunda çıxış etdim. Əlbəttə, belə deyil. Siyasətdə, idarəçilikdə qadın, kişi yoxdur, yüksək peşəkarlıq var. Mənim də, sizlərin də ən böyük arzusu bu cəmiyyətdə həmin o dialoqa nail olmaq, bir-birimizi anlamaq, bir-birimizin bacarığını, biliyini, şəxsiyyətini düzgün qiymətləndirməkdir. Hörmətli həmkarlarımı böyük ali məqsədimizə xidmət edən kifayət qədər vacib olan bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi İnsan hüquqları, Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarında bir də müzakirə olunubdur. İlk növbədə onu söyləmək istəyirəm ki, bu layihə iki il öncə parlamentdə müzakirə olunmaq üçün hazırlanmışdı. O dövrdə bu layihə birmənalı qəbul olunmadı, ona görə biz müddəti uzatdıq. Bu gün etiraf eləmək lazımdır ki, zaman, hadisələrin gedişi onu göstərir ki, bu qanuna cəmiyyətdə ehtiyac var. Konseptual baxımdan qanunun vacibliyi hansı arqumentlərə əsaslanmalıdır?
Biz qanun layihəsini müzakirə edərkən bir sıra fikirlər söylədik. Mən bu gün işçi qrupuna, qanun layihəsini işləyən şöbəyə minnətdaram. Ona görə ki, komissiyada müzakirə olunandan sonra layihə parlament iclasına təqdim olunarkən həmin fikirlərin böyük əksəriyyəti öz əksini maddələrdə tapıbdır. Bundan başqa bizim komissiya üzvlərinin bəzi fikirləri var ki, burada öz əksini tapmayıb. Bütövlükdə hesab edirik ki, bəzi fikirləri səsləndirməyə ehtiyac var. İstərdim ki, parlament də bu layihənin işində fəal iştirak eləsin. Bütövlükdə bizim məqsədimiz nədir? Burada bərabərlikdən söhbət gedir. Həm kişilərin, həm də qadınların mənafelərinə xidmət edən hansısa maddələrin qanuna salınmasına və hansısa məqamların yaranmasına dair fikirlərimiz var. Mən istəyirəm, onların bəzilərini səsləndirim.
Məlumdur ki, layihə konseptual baxımdan qəbul olunmuş və parlamentin müzakirəsinə çıxarılmışdır. Hesab edirəm ki, bu qanuna cəmiyyətdə ehtiyac var. Əvvəlcə qanunun adı ilə bağlı fikirlərimi söyləmək istəyirəm. Biz daim bəzi sözlərdən çəkinirik. Elə fikir yaranır ki, bu sözlərin hamısı tərcümə olunmalıdır. Məsələn, “gender” sözünü çalışmışıq, tərcümə formasında verək. Kişi və qadın bərabərliyini də bütün hallarda yenə də yazmışıq. Əgər biz “gender” məsələsini dünyada qəbul olunan kimi işlədiriksə, bəlkə elə “gender bərabərliyinin təminatı” yazaq. Mən hesab edirəm ki, bu ad haqqında da düşünmək lazımdır. Çünki “kişi bərabərliyi” ola bilməz. “Kişi ilə qadının hüquq bərabərliyi” ola bilər. Amma bütövlükdə kişi ilə qadın arasında bərabərlik işarəsi qoymaq özü düz deyil. Bunun özü mübahisə mövzusudur. Burada bir fikir də səsləndi, Əsas anlayışlarda “seksual qısnama” ifadəsi var. Bu da daim diqqət mərkəzində olur. Bu “qısnama” sözünün özü Azərbaycan dilinə yapışmayan sözdür. Azərbaycan dilində “təhrik” sözü var, biz komissiyada da dedik. Daha yaxşısı, yadınızdadırsa, bu yaxınlarda Əmək Məcəlləsinə beynəlxalq sənədlə bağlı dəyişiklik elədik. Hesab edirəm ki, Əmək Məcəlləsində yazılan kimi söyləsək, daha düzgün olar.
Müzakirə olunan başqa bir fikir də parlamentin iclas zalında müzakirə mövzusu ola bilər. Mən kommunist rejimi dövrünə diqqət yetirmək istəyirəm. Yadınızdadırsa, bütün birinci katiblərin bir müavini qadın olardı. Ümumiyyətlə, bir kvota var idi. Biz indi kommunist dövrünün bütün məsələlərini kənara atmaqla bəzən səhv edirik. Orada da yaxşı məsələlər çox idi. Fikir versək, Hollandiyada, Norveçdə, Avropanın digər ölkələrində kvota elementi saxlanılır. Seçkidə səs verənlərlə seçilənlərin vəzifə bölgüsündə kvota məsələləri var. Mən burada absolyut rəqəm demək istəmirəm. Biz bilirik ki, məktəb direktorlarının böyük əksəriyyəti kişilərdir, amma məktəbdə çalışan müəllimlərin böyük əksəriyyəti qadınlardır. Səhiyyə müəssisələrində də belə məsələlər var. Belə getsə, qadın-kişi bərabərliyindən söhbət edəcəyik, amma heç nəyə nail olmayacağıq. Buna baxmaq lazımdır. Bizim müzakirələrdə də açıq qalan bu məsələ barədə parlament fikrini söyləsə, əhəmiyyətli olar.
Başqa bir məsələ dinlə bağlıdır. 3-cü maddədə yazılıb ki, bu qanunun müddəaları şəxsi və ailə həyatına, dini icmaların fəaliyyətinə şamil edilmir. Din dövlətdən ayrıdır. Ona görə bu sözü işlədəndə diqqətli olmalıyıq. Dini bu işlərə qarışdırmayaq. Çünki dində həmin bu məsələlər tamam başqa cür təsbit olunur.
Bütövlükdə layihə günün aktual tələblərinə cavab verən bir sənəddir. Konseptual olaraq bizim komissiya da bu layihəni dəstəkləyir, çünki bu, konseptual baxımdan lazımdır. Bizim komissiyadan yenə çıxışlar olacaq. Bunlar hamısı o məqsədə xidmət eləyir ki, qanun daha işlək, daha səmərəli olsun. Gəlin, fikirlərimizi səsləndirək. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Əli müəllim, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Əlbəttə, bu gün qanun layihəsi birinci oxunuşda təqdim olunub. Biz onun konseptual baxımdan zəruriliyi məsələsini əsaslandırmalıyıq. Mən Rəbiyyət xanımın söylədiyi fikirlərlə tamamilə razıyam. Düşünürəm ki, bu gün bir məsələdə ümumi mövqeyə gəlməliyik. Rəbiyyət xanım məruzəsində belə bir fikir vurğuladı ki, bu məsələyə münasibətdə bəzən Azərbaycanda da ənənəvi yanaşma tərzi tətbiq olunur.
Ümidvaram ki, parlamentdə müzakirələr zamanı belə olmayacaq. Konstitusiyamızın 25-ci maddəsində kişi və qadınların eyni hüquq və azadlıqlara mənsub olması öz əksini tapıb. Konstitusiyanın 148-ci maddəsi də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycanın qanunvericilik sisteminin ayrılmaz hissəsi olduğunu vurğulayır. Bu o deməkdir ki, bu problemlə, bu hüquqla bağlı Rəbiyyət xanımın da sadaladığı, adlarını çəkdiyi o beynəlxalq müqavilələr, o konvensiyalar bizim qanunvericiliyin tərkib hissəsidir. Konstitusiyanın 12-ci maddəsinin ikinci hissəsində isə qeyd edilir ki, bu Konstitusiyada sadalanan hüquq və azadlıqlar beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq olunmalıdır. Konstitusion hüququn bir əsası var ki, əgər bir konvensiyaya qoşulmuşuqsa, orada kişi və qadın hüquqlarının bərabərliyi məsələləri təsbit olunubsa, o bizim qanunvericiliyin ayrılmaz tərkib hissəsidir və insan hüquqları məsələsi müqavilələrə uyğun qaydada tətbiq edilməlidir.
Bu baxımdan xüsusi bir qanunun qəbulunun Konstitusiyada bəyan edilməsi kifayət deyil, xüsusi bir qanunun qəbul olunması bu problemlə bağlı artıq hüquqi baxımdan zərurət təşkil eləyir. Bu baxımdan bizim yanaşmamızda belə olmalıdır. Birinci oxunuş üçün konseptual baxımdan bu qanun zəruridir. Müzakirələrdən sonra ehtiyac olsa, xahiş eləyəcəyəm, müəyyən münasibət bildirməkdən ötrü mənə bir daha söz verəsiniz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Layihənin müzakirəsinə keçirik. Sözünüz var, Rəbiyyət xanım? Buyurun.
R. Aslanova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Üç komissiyanın birgə iclası zamanı bu qanun layihəsi kifayət qədər müzakirə olundu və orada da bizimlə birlikdə Sosial siyasət daimi komissiyasının sədri hörmətli Hadi müəllim öz münasibətini bildirdi. Mən bir daha deyirəm, söhbət kişi və qadınların bərabərliyindən gedir. Məclisin gedişinə ton verməmək üçün və gələcək gedişinə təsir göstərmək üçün Hadi müəllimə deyirəm, hər bir kvota qadın və kişi hüquqlarının pozulması deməkdir. Kvota faiz deməkdir. Kimin kim tərəfindənsə verilmiş bir faiz. Ona görə qanunun mahiyyətini düzgün dərk edərək bərabərlikdən danışmaq lazımdır, hər hansı bir kvota məsələsindən yox. Bu, görünür, gələcəkdə, ümumiyyətlə, müzakirələrin gedişinə təsir edə bilər. Ona görə də bu məsələni istərdim ki, nəzərə alasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Xanımlar və cənablar! Müzakirə olunan qanun layihəsi aktual bir məsələyə həsr edilmişdir. Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin, həm də Azərbaycanın imza atdığı konvensiyaların tətbiqi nöqteyi-nəzərindən bu qanunun qəbul edilməsini vacib hesab edirəm. Qanunla tanışlıq göstərdi ki, layihənin konsepsiyası kifayət qədər düzgün qurulub. Rəbiyyət xanımın geniş və əhatəli çıxışında bu məsələlər kifayət qədər öz əksini tapdı. Hadi müəllim bəzi sosial, Əli müəllim isə hüquqi məqamlara toxundu. Biz parlamentin rəhbərliyindən xahiş eləmişdik ki, bir sıra ölkələrin belə qanunlarında həm də iqtisadi məqamlara da yer verilir. Bu nöqteyi-nəzərdən yaxşı olardı ki, ikinci və üçüncü oxunuşların müzakirələrində İqtisadi siyasət daimi komissiyasının nümayəndələri də iştirak eləsinlər. Ziyad müəllim bu istiqamətdə yaxşı materiallar toplayıb. Həmin materiallardan bilavasitə istifadə edilsə, qanun daha təkmil formada ortaya çıxarılar. Ona görə, xahiş edirəm, bu rəyim nəzərə alınsın.
İkinci məsələ bu qanunun adı ilə bağlıdır. Mən Hadi müəllimin birinci təklifini dəstəkləyirəm. “Gender” sözü mütləq və mütləq qanunun adında yazılmalıdır. Onun açılışı isə içəridə verilsə, daha düzgün olar, çünki bu, beynəlxalq termindir, hər yerdə işlənilir. Azərbaycan qanununun adında da bunun olması qəbahət deyil. Rəbiyyət xanımın qaldırdığı məsələni mən də dəstəkləyirəm. Burada qadın və kişilərin bərabərliyindən söhbət gedirsə, kvota diskriminasiyadır. Kvota hansısa bir formada qadınların hüquqlarına zərbə vurmaqdır. Ona görə də heç vaxt kvota məsələsindən söhbət gedə bilməz. Qanunun özündə də bilavasitə belə məsələlər var.
12-ci maddədə də sual doğuran hal var. İşçilərin əmək müqaviləsi ilə bağlı kütləvi şəkildə işdən çıxarılma zamanı hansısa bir istedadlı insan kənara atılacaq. Qadın və kişilər həmin müəssisədə hansı nisbətdədirsə, o nisbətdə də işdən çıxarılma olacaq. Belə işlərə yol vermək olmaz. Qabiliyyət, istedad mühüm əhəmiyyət kəsb eləyir.
Mən birmənalı şəkildə deyirəm, Azərbaycanda gender problemi yoxdur. Azərbaycanda qadınların problemi var. Azərbaycanda qadınların problemi bilavasitə bizim həyat və məişətimizlə bağlıdır. Qadın ərdən asılı vəziyyətdədir, o, psixoloji cəhətdən elə bir imkana malikdir ki, müstəqil surətdə fəaliyyət göstərə bilmir. Onun mentaliteti ilə bağlı məsələlər var. Digər tərəfdən, ondan asılı olmayaraq, miqrasiya, demoqrafik məsələlərin əksəriyyəti qadınlar üçün həddən artıq böyük zərbələrə gətirib çıxarır. Yüngül sənaye, yeyinti sənayesi və buna bənzər evdə iş, xalçaçılıq, ipəkçilik və sairlə bağlı məşğulluğun azalması qadınların həyat səviyyəsinə çox ağır təsir göstəribdir. Elə məsələlər var ki, onları mütləq qanunda nəzərə almaq vacibdir.
Qadın ailə başçısı vəziyyətinə düşdüyü şəraitdə onun işlədiyi sahələrdə əmək haqqı aşağı olanda çox ağır əziyyətə məruz qalır. Qadınların vəziyyətinin yaxşılaşması ilə bağlı bilavasitə hansı məsələlər olmalıdır? İş saatlarının aşağı salınması istiqamətində işlər görmək olar. Azərbaycanda ana ölümü halları dəhşətli dərəcədə artır. 1990-cı illə müqayisədə 1998-ci ildə üç dəfə artan belə rəqəmlər azalmağa doğru gedirdi. Ancaq son vaxtlarda yenə də iki dəfə artım müşahidə olunur. İnsan həyatıdır, hesab eləyirəm ki, bu məsələlərə diqqət eləmək lazımdır. Bütövlükdə götürsək, qanunun işlənmə konsepsiyası düzdür və buna səs verəcəyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Rəbiyyət xanım, Hadi müəllim və Əli müəllim qanunla əlaqədar geniş məlumat verdilər. Mən də demək istəyirəm ki, qanunun, Əli müəllimin qeyd etdiyi kimi, qəbul olunması vacibdir. Azərbaycan Konstitusiyasının 25-ci maddəsində də bərabərlik hüququ öz əksini tapıbdır. Qanunun qəbul edilməsindən asılı olmayaraq, Azərbaycanın ictimai-siyasi həyatında azərbaycanlı qadınlar son illər çox fəal iştirak edirlər. İstər Milli Məclisdə, istər Prezident Aparatında, istərsə də hökumət orqanlarında qadınlar yüksək səviyyədə təmsil olunurlar. Milli Məclis Sədrinin müavini Bahar xanımdır. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Ali Məhkəmənin sabiq sədri, Konstitusiya Məhkəməsinin hakimi və sair yüksək vəzifələrdə Azərbaycan qadınları çox uğurla təmsil olunurlar. Onlar Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Götürək qeyri-hökumət təşkilatlarını. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, xüsusilə hüquq sahəsində əksəriyyəti qadınlardır.
Demək olmaz ki, Azərbaycanda qadınlarla kişilərin bərabərliyi yoxdur. Amma buna baxmayaraq Avropa Birliyinin təkidi ilə belə bir qanunun qəbul olunması ortaya çıxıbdır. Qeyd olunduğu kimi, konseptual cəhətdən bu qanun layihəsi layiqincə işlənibdir. Amma bir sıra məsələlər var ki, ona öz münasibətimi bildirmək istəyirəm.
3-cü maddədə göstərilir ki, bu qanun dini icmaların fəaliyyətinə şamil edilmir. Nəyə görə? Ən demokratik etiqad islam dinindədir. Yəni orada qadınlarla kişilərin hüququna dair heç bir qeyri-bərabərlik ifadəsi göstərilmir. Bəs onda niyə bu, dinə şamil edilməməlidir?
10-cu maddədə işə qəbulla əlaqədar məsələ var. Elan verəndə kişi və qadın məsələsini göstərmək olmaz. Elə istehsal sahələri var ki, - Azərbaycanın istehsalatla məşğul olan şəxsləri bilirlər, - orada qadınların işləməsi qeyri-mümkündür. Hansısa yüksək temperaturda, zəhərli maddələr olan sahələrdə, demək olar ki, qadınların işləməsi həm həmkarlar təşkilatı tərəfindən, həm də texniki cəhətdən mümkünsüz hesab olunur. Ona görə də belə bir maddənin bura salınmağı qadınlar və kişilər arasında bərabərliyə yox, daha doğrusu, qeyri-bərabərliyə gətirib çıxaracaq və istehsal sahələrinin rəhbərlərini pis vəziyyətdə qoyacaqdır. Bu maddəyə təzədən baxılmalı və o məsələ burada öz əksini başqa cür tapmalıdır. Burada Əli müəllim qeyd elədi, işçilərlə əmək müqavilələrinin əlaqəliyini əks etdirmək tamamilə düzgün məsələdir. Burada istənilən insanı əmək qabiliyyətindən asılı olmayaraq işdən kənarlaşdırmaq düzgün rəy yaratmır. Qısnamalarla əlaqədar Rəbiyyət xanım çox doğru fikir dedi. Əvvəla, bunu necə sübut eləyəcəklər? Qısnamalar hansı məhkəmələr vasitəsilə sübut olunacaq, rədd olunacaq və ya olunmayacaq? O da kişilərlə qadınlar arasında müəyyən nüanslara, müəyyən qeyri-bərabərliyə gətirib çıxaracaq. Ona görə də bu maddələrə bir daha baxılmalıdır.
Bayaq Əli Məsimli də dedi ki, biz bunu Milli Məclisin rəhbərliyindən xahiş eləmişik, ikinci və üçüncü oxunuşlarda İqtisadi siyasət daimi komissiyası gender haqqında qanuna münasibətini bildirsin. “Gender” sözü artıq beynəlxalq aləmdə, yəni dünyada qəbul olunmuşdur. Kişi və qadınların bərabərliyi bizim dildə o qədər də yaxşı çıxmır. Nə qədər də bərabər olsa, kişi kişidir, qadın qadındır. Amma bayaq qeyd elədiyim kimi, “gender” sözünü mütləq saxlamaq lazımdır. Yəni “Gender bərabərliyinin təminatları haqqında” qanun kimi öz əksini tapmalıdır. Amma bütün şəraitlərin yaranmasına baxmayaraq müəyyən işlərdə kişi və qadınlar arasında balans fərqi var. Bu da bizim qadınlarımızın hamısının müəyyən dərəcədə aktiv olmamasından asılıdır. Mən də Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal olmasını istərdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə çıxarılan qanun layihəsi birinci oxunuşda olduğuna görə biz onun zəruriliyi barədə fikir söyləməliyik. Məndən əvvəl də deyildi ki, bizim ana qanunun - Konstitusiyamızın 12-ci, 25-ci, 148-ci maddələrində kişi və qadınların ümumi bərabərlik hüquqları verilir. Bu istiqamətdə qanunun hazırlanmasına böyük ehtiyac olduğu elə Konstitusiyamızdan da görünür. Ümumiyyətlə, bütün qanunlar hazırlananda onun Konstitusiyada özəyi, əsası olur. Bu, belə də olmalıdır. İndi növbəti bir hüquqi sənəd - Kişi və qadınların (gender) bərabərliyinin təminatları haqqında qanun layihəsi üzərində işləyir və düşünürük. Bu baxımdan belə bir qanun layihəsinin hazırlanması olduqca vacib və zəruridir.
İkinci bir tərəfdən qanunda yaxşı hüquqi normalar da var. Burada həm Rəbiyyət xanım, həm də məndən əvvəl çıxış edən deputat həmkarlarım da bunları söylədilər ki, deyilən normaların həyatımızda tətbiqinə böyük ehtiyac vardırsa, bizim tərəfimizdən qanunun qəbul edilməsi vacibdir. Bizdən qanun layihəsində təsbit olunmuş bu normalarda nələrin ayrı-seçkilik hesab olunması məsələsinə xüsusi diqqətlə yanaşmağımız tələb edilir. Burada qeyd olundu ki, ilk növbədə dövlət qulluğunda gender bərabərliyinin təmin edilməsinin zəruriliyi daha vacibdir.
Qaldı burada başqa məsələlər də var. Layihədə eyni əmək haqqı, eyni intizam tənbehi məsələlərinə toxunulur, əmək intizamında bərabərlik, imtiyazlar müəyyən edilir. Bunların içində eləsi vardır ki, sözün əsl mənasında bizdə indiyə qədər artıq tətbiq olunur. Biz onları əzəli mənəvi dəyərlərimizdə yazılmamış bir qanun kimi qəbul etmişik. Misal üçün, hörmətli Sədr, Siz dünyanın çox ölkələrində olmusunuz. Səudiyyə Ərəbistanının ticarət şəbəkələrində qadın görmək mümkün deyil. Amma digər ölkələrdə, Qərb ölkələrində, Rusiyada hansı ticarət şəbəkəsinə getsən, görərsən ki, oralarda çalışanların hamısı qadındır. Əlbəttə, bunun da özünəməxsus spesifik xüsusiyyətləri vardır. Bizim əzəli mənəvi dəyərlərimiz, ənənələrimiz, əlbəttə, bunu bizə diktə edir.
İşsizlik məsələsi barədə hörmətli Rəbiyyət xanım dedi. Bu, iqtisadi bir məsələdir. Məndən əvvəl onu Vahid müəllim də, Əli müəllim də söylədilər. Şübhəsiz ki, işsizlik ayrı məfhumdur. Elə hallar olur ki, iş yeri var, amma evdə kişi-qadın, ər-arvad münasibətləri elə qurulub ki, misal üçün, qadının imkanı yoxdur, gedib orada işləsin. Kişi gedir işləyir. Ona görə də bu məsələlərdə bir sıra iqtisadi cəhətlər var. Mən onları burada deyib sizin vaxtınızı almaq istəmirəm. Bu məsələlərə də diqqət yetirmək lazım gəlir.
Burada kvota məsələsi səsləndi. Əslində götürsək, bu, əlbəttə, qəbul olunmayan bir məfhumdur. Amma bir məsələ də var ki, harada olursa-olsun, misal üçün, icra hakimiyyəti başçısının müavini icra başçısının təqdimatı ilə qəbul olunur. Yaxud maarif və digər sahələrə rəhbərliyə qadınların irəli çəkilməsi də onların təqdimatı ilə edilir. Bu mexanizm barədə biz nə isə fikirləşə bilərik. Hesab edirəm, kvota anlayışından da uzaq olmalıyıq. Amma sözün əsl mənasında fəal qadınlarımız çoxdur və ictimai həyatımızda, beynəlxalq münasibətlərdə onların fəaliyyətinə imkan verən, şərait yaradan bütün müddəaları biz bəyənməliyik. Bu qanun layihəsində o müddəalar vardır və onları biz qəbul etməliyik.
Ümumiyyətlə, birinci oxunuşda konseptual baxımdan yanaşmalı olduğumuz qanun layihəsi birinci oxunuşun tələblərinə tamamilə cavab verir. Burada redaktə xarakterli səhvlər də var, biz ona sonra baxarıq. Bütün deputat həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən bu qanun layihəsini alqışlayıram və onu demokratik cəmiyyətə doğru mühüm bir addım kimi qiymətləndirirəm. Düzdür, bizim Konstitusiyamızda, Əmək və Ailə məcəllələrində, qoşulduğumuz konvensiyalarda kişi və qadın bərabərliyi prinsipləri tam şəkildə əks olunub. Ancaq bununla belə, gender məsələlərinə həsr olunmuş ayrıca qanunun qəbul edilməsi bir çox problemləri aradan qaldıracaq və qadınlarımız üçün ayrı-seçkilik ilə mübarizədə mühüm bir dəstək olacaqdır.
Məni narahat edən bir neçə faktı nəzərinizə çatdırmaq istərdim. Əvvəla, məni bir sual maraqlandırır. Bu, 21-ci maddəyə aiddir. Orada yazılıb ki, gender bərabərliyinin təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Soruşmaq istərdim, konkret olaraq bu hansı orqandır və ona bu məsələlərdə nə kimi səlahiyyətlər veriləcək? Siz yaxşı bilirsiniz ki, ən yaxşı qanun qəbul etmək olar, ancaq onun nəzarət mexanizmi düzgün işlənilməyibsə, o yalnız kağızda qalacaq.
İkinci məsələ. Aydındır ki, müxtəlif regionlarda və təbəqələrdə, xüsusən də kənd yerlərində gender məsələlərinə münasibət heç də birmənalı deyil, hətta mən deyərdim ki, bir çox hallarda mənfidir. Bu münasibəti heç bir qanunla birdəfəlik aradan qaldırmaq olmaz. Bunun üçün kütlə, xalq arasında çox böyük və şaxəli maarifçilik, tərbiyə işini aparmaq lazımdır. Bu işə dövlət strukturları, maarif ocaqları, kütləvi informasiya vasitələri qoşulmalıdırlar. Bu işlə bilavasitə məşğul olan bir orqan da lazımdır. Ona görə qanuna gender bərabərliyinin real həyatımızda, davranışımızda, düşüncələrimizdə tətbiq edilməsi yollarını, mexanizmlərini göstərən bir müddəa da əlavə edilməlidir.
3-cü maddədə yazılıb ki, bu qanunun müddəaları şəxsi və ailə həyatına şamil edilmir. Halbuki biz yaxşı bilirik ki, ailə, məişət zorakılığı Azərbaycanda böyük bir problemə çevrilib. Mən təəccüb edirəm ki, bu problem haqqında məndən qabaq çıxış eləyən deputatlarımız söhbət açmayıblar. Mən 10 ildən artıqdır ki, Əfv məsələləri üzrə komissiyanın üzvüyəm və hər bir iclasda qadına qarşı zorakılıq aktı törədən, onları öldürən, ya şikəst edən kişilərimizin çoxsaylı müraciətləri ilə tanış oluram. Bu, məsələnin görünən tərəfidir. Görünməyəni isə daha dərindir.
Mənim əlimdə çox dəyərli bir kitab var. Onun müəllifi Azərbaycan sosioloji assosiasiyasının sədri Rüfət Quliyevdir. Kitabın adı “Bıtovoye nasiliye protiv jenşin. Sostoyaniye i puti preodoleniya”. Bu qurum bir neçə il qabaq respublikamızın bütün regionlarını əhatə edən sosioloji sorğu keçirib və çox acınacaqlı faktları aşkar edib. Belə ki, sorğuya tutulmuş qadınların 77,9 faizi təsdiq edib ki, onlar və ya onların yaxınları kişi tərəfindən zorakılıq faktları ilə rastlaşıblar. Respondentlərin az qala 20 faizi isə belə faktlarla tez-tez rastlaşır. Bununla yanaşı, respondentlərin 41,9 faizi hesab edir ki, cəmiyyətimiz bu problemlərə etinasız yanaşır və onları aradan qaldırmaq üçün heç bir əməli addım atmır.
Təmsil elədiyim cənub zonasında azyaşlı qızların ərə verilməsi faktları çoxalıb. 14-15 yaşlarında qızın ərə verilməsi faktları adi hala çevrilib. Görürsən ki, qız uşağı oxumaq, təhsilini davam etdirmək istəyir, ata-anasına yalvarır. Ancaq ata-qardaş onu zorla ərə verir. Sovetlər dövründə belə adamlar cinayət məsuliyyətinə cəlb olunurdular. Amma indi cəmiyyətimiz və hüquq mühafizə orqanları bu cür hallara tolerant və dözümlü yanaşırlar.
Mən digər acınacaqlı faktları da misal gətirə bilərəm. Belə olan halda hansı real cinsi bərabərlikdən danışmaq olar? Belə müddəalar da qanunda əks olunmayıb. Ona görə biz məişət, ailə zorakılığına qarşı ayrıca qanunu hazırlayıb qəbul etməliyik. Ümumiyyətlə, müzakirə elədiyimiz qanun çox vacib və aktualdır. Ancaq onun nəzarət mexanizmləri daha dərin və ətraflı işlənilməlidir. Əks halda bu qanunun bir çox müddəaları kağızda qalacaqdır. Cəmiyyətimizdə qadınlarımızın hüquqlarını qorumaq, onların sərbəst və hərtərəfli inkişafı üçün bütün şərait yaradılmalıdır. Azərbaycan qadını buna tam şəkildə layiqdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan hüquqi-demokratik, müstəqil bir dövlətdir və sivil dünyanın hüquqi dəyərlərinə ardıcıl şəkildə sıx və məqsədyönlü inteqrasiya edir. Bu gün müzakirəyə çıxardığımız Kişi və qadınların (gender) bərabərliyinin təminatları haqqında qanun layihəsi də Azərbaycanın demokratik ənənələrinə sadiqliyini bir daha sübut edir.
Azərbaycanda qadınlara münasibət ənənəvi olaraq xüsusi bir sevgi ilə ölçülübdür. Azərbaycanda qadınlara münasibət xüsusi bir ehtiramla həmişə yadda qalıbdır. Qadınlara belə humanist, belə insanpərvər və sevgi dolu münasibət Azərbaycanın qanunvericiliyində öz əksini tapmışdır. Azərbaycanın Konstitusiyasında bu bərabərlik barədə danışılır. Bizim 10-dan çox qanunumuzda qadınların hüquqlarının və imkanlarının qorunması, artırılması barədə müddəalar var.
Qadın hüquqlarının qorunması ilə bağlı Azərbaycan 28 beynəlxalq konvensiyanı ratifikasiya etmişdir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Azərbaycan xalqının öz mentaliteti var. Azərbaycan bir Şərq, yəni müsəlman ölkəsidir. Qadın-kişi münasibətlərində Avropanın bir sıra ölkələrində mövcud olan ənənə burada yoxdur. Nə qədər o standartlara uyğun qanunlar qəbul eləsək belə, bu ənənə dəyişməyəcəkdir. Çünki min illərdən gələn ənənələr var. Gender bir mədəniyyət, adət-ənənə məsələsidir və bu, tədricən zamanın öz diktəsi ilə həll olunmalıdır.
Mən elə sovetlər dövrünü nəzərinizə çatdırmaq istəyirəm. Sovetlərin ilk dövrlərində qəbul olunan qanun və qərarlarda, imzalanan fərmanlarda qadınların, kişilərin bərabərliyi, onların bərabər təmsilçiliyi təsbit olunmuşdur. Onda Hadi müəllimin dediyi kvota məsələləri var idi. Ancaq gördüyünüz bu qeyri-bərabərlik yenə də həyatda özünü göstərdi.
Mən belə bir qanunun qəbul olunmasını konseptual baxımdan gərəkli hesab edirəm. Eyni zamanda, qanun layihəsi ilə bağlı bəzi təkliflərim də var. Qanunun adı ilə bağlı təklif edirəm ki, “kişi və qadın bərabərliyi” sözləri çıxarılsın və Gender bərabərliyinin təminatları haqqında qanun qəbul eləyək. Yəni “kişi və qadın” bir bioloji anlayışdır və insanın daha çox bioloji varlıq kimi cinslərini müəyyən edir. Gender isə kişilərin və qadınların sosial, siyasi və ictimai həyatda imkanlarının və şanslarının bərabərliyi deməkdir. Kişinin və qadının bir-birinə bərabər olması demək deyil. Buna görə də elə “gender” sözünü qanunda saxlamaq kifayətdir.
Daha bir neçə məsələyə dair mənim sual və təkliflərim var. Maddə 1-də “seksual qısnama” ifadəsi, yəqin ki, hərfi tərcümə olunubdur. İngilis dilində “seks” cins mənasındadır. Amma tərcümədə, elə bizdə də, ruslarda da başqa bir mənanı ifadə edir. Ona görə də “cinsə görə”, “cinsə görə sıxışdırma” müddəasını bura salaq. Burada başqa bir ifadə - “seksual yönümə görə” də düz gəlmir. Seksual yönüm tamam başqa bir şeydir və gender məsələsinin problemi deyil. Mən onun buradan çıxarılmasını təklif eləyirəm.
6-cı maddədə qadınların və kişilərin dövlətin idarə olunmasında bərabər təmsilçiliyi məsələsini, hesab edirəm, qanuna salmaq düzgün deyildir. Hər kəsin qabiliyyət və imkanlarına görə ona bərabər şərait yaradılmasından söhbət gedə bilər. Əqli, fiziki potensialına, istedad və bacarığına görə onların bərabər təmsilçiliyindən söhbət gedə bilər.
9-cu maddə. İşə götürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmsil etməlidir. Bu məsələ Əmək Məcəlləsi ilə tənzim olunur. Burada işə götürən üçün əlavə anlaşılmayan məqamları yaratmamalıyıq. 10-cu maddədə yenə Əmək Məcəlləsi ilə təsbit olunan məsələlər var.
12-ci maddə ilə bağlı burada məndən öncə deyildi ki, bu ixtisar məsələsində cins önə çıxmalı deyil. Ümumiyyətlə, cins nəzərə alınmamalıdır. İxtisar məsələsində Əmək Məcəlləsi ilə tənzimlənən bir çox müddəalar var. İşçinin birinci iş keyfiyyətləri və müəyyən güzəştləri nəzərə alınmalıdır. Yoxsa ki, bərabər şəkildə qadınları saxlamaq düz çıxmır. Ola bilər, bir müəssisədə çalışanların hamısı qadındır, bir kişi var, onda necə olur? Bu, məntiqə və qanuna uyğun deyildir.
19-cu maddə ilə bağlı məsələni mən də mübahisəli sayıram. İş yerlərində seksual qısnamaya görə kompensasiya almaq məsələsinə diqqət yetirək. Elə insanlar ola bilər ki, gələr, öz müdirinə toxunar, gedər, onu verər məhkəməyə, deyər, mənə filan qədər kompensasiya ver. Bunlar barədə müəyyən qədər düşünməliyik.
Bir təklifim də var. Qanunda əksini tapsın ki, Azərbaycanda, ümumiyyətlə, cəmiyyət müəyyən müddətdə gender bərabərliyinə hazırlanmalıdır. Orta məktəblərin yuxarı siniflərində bu məsələ dərsliklərə salınmalıdır. İnstitutlarda bu mövzuda mühazirələr oxunmalıdır. Sonra, mən onu demək istəyirəm ki, gender məsələsində gərək qadınların özlərinin də bir istəyi olsun və onların cəmiyyətin həyatında fəal iştirakı təmin olunsun.
Gender problemi müzakirə olunur, ancaq yazılanları müzakirə edənlərin hamısı kişi deputatlardır. Heç qadın deputatlar burada öz maraqlarını göstərmirlər. Yəni bu sahədə kişiləri həmişə qınamaq ki, siz bizə imkan vermirsiniz, şərait yaratmırsınız, bu da düz deyil. Azərbaycan ailəsinin, Azərbaycan cəmiyyətinin öz təbiətindən irəli gələn məsələlər də var. Qadın daha çox öz ailəsinə, öz uşağına bağlıdır və özünün xoşbəxtliyini daha artıq orada görür. Bütün qadınlara haydı, sizi irəli çəkirik, bütün dövlət vəzifələrinə siz gəlin demək də olmaz. Kimin imkanı var, onlara müəyyən şərait yaradılıbdır. Dövlətin də vəzifəsi o təminatları artırmaqdır. Bu gün də belə bir qanun qəbul etməklə Azərbaycan dövləti öz cəmiyyətində qadın və kişilərin bərabərliyinə təminat yaradır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Oqtay müəllim, hamı qanundan danışır, amma ondan irəli gələn tələblərə əməl eləmir. Mən qanunun ruhuna uyğun olaraq yerimi Aynur xanıma verirəm.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də digər həmkarlarım kimi hesab edirəm ki, bu qanunun qəbul edilməsi kifayət qədər zəruridir. Bugünkü Azərbaycan reallığında bu, kifayət qədər aktual məsələdir. Mən bu qanunla, təbii ki, tanışlıqdan sonra fikirləşdim ki, görəsən, Azərbaycanda bu qanunun işləməsini necə təmin eləmək olar? Bayaqdan çıxış eləyən həmkarlarım da dəfələrlə Azərbaycan reallığını önə çəkdilər. Reallıq da ondan ibarətdir ki, bu məsələ ilə bağlı çox ciddi problemlər var. Ona görə də qanunun işləməsi üçün, heç şübhəsiz, əvvəlcə münbit şərait yaratmaq lazımdır.
Bu qanun layihəsi hazırlanarkən, yəqin ki, dünya təcrübəsi nəzərə alınıbdır. Məndən əvvəl çıxış eləyən bəzi həmkarlarım kvota sisteminin əleyhinə çıxış elədilər və dedilər ki, sivil dünya kvotanı qəbul eləmir, çünki bu hal qadınlar üçün diskriminasiya hesab olunur. Amma nəzərə alaq ki, biz bir sıra inkişaf etmiş dövlətlərdən öz inkişaf səviyyəmizə görə xeyli dərəcədə geri qalırıq. Onların 50 il, 100 il bundan əvvəl keçdikləri yolu biz bu gün keçirik. Bu baxımdan da özümüzü onlarla müqayisə etməməliyik və ilk növbədə reallığı nəzərə almalıyıq.
Azərbaycanda bu yöndə vəziyyət necədir? Mən bir sıra statistik rəqəmlərlə tanış olmuşam. Azərbaycanda orta ümumtəhsil müəssisələrində işləyənlərin 70 faizini, ali təhsil müəssisələrində isə işləyənlərin 50 faizini qadınlar təşkil edirlər. Təhsillilər arasında da qadınlar kişilərdən irəlidədirlər. Amma dövlət idarəçiliyində, bayaq Rəbiyyət xanım da söylədi, bu rəqəm cəmi 3 faiz təşkil edirsə, deməli, Azərbaycanda bu sahədə vəziyyət xeyli dərəcədə problemlidir. Doğrudan da, Azərbaycanda bu yöndə kvota müəyyənləşdirilməsə, mən inanmıram ki, bu qanunun işləməsi mümkün olacaq.
Bir sıra aparıcı Qərb institutları Şərq ölkələrində, müsəlman ölkələrində inkişaf səviyyəsini araşdırarkən yekdil olaraq bu qərara gəliblər ki, bu ölkələr inkişaf səviyyəsinə görə geri qalırlar və onlarda qadın nüfuzundan yetərincə istifadə olunmur. Halbuki bu ölkələrdə sayca qadınlar kişilərdən xeyli dərəcədə irəlidədirlər. Potensialına görə də onlar kişilərdən üstündürlər. 18-ci maddədə göstərilir ki, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında qadınların rəhbər strukturlarda təmin olunması, yəni qadın bərabərliyinin təmin olunması məsələsinə ciddi diqqət yetirmək lazımdır.
Mən düşünürəm ki, bu məsələdə hakimiyyət özü örnək rolunu oynamalı, nümunə göstərməlidir. Əgər hakimiyyət belə bir nümunəni göstərsə, bundan sonra siyasi təşkilatlardan, siyasi partiyalardan və qeyri-hökumət təşkilatlarından da bunu tələb etmək olar. Ümumiyyətlə, çağdaş dünya ölkələrində təbii ehtiyatlardan daha çox insan resurslarına üstünlük verilir. Bizdə də belə resurslar var, sadəcə, bu resurslardan düzgün istifadə etmək məsələsi qalır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Kişi və qadınların gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanun layihəsi komissiya tərəfindən çox məqbuldur, ölkənin, xalqın tələblərinə uyğun işlənmişdir.
Avropada və Rusiyada belə qanunun həyata keçirilməsi, bəlkə də bunların hamısı həyati bir normadır. Ola bilsin ki, Avropada, Rusiyada və başqa ölkələrdə qadınların potensialı kişilərdən yüksəkdir. Ancaq bizim Azərbaycan cəmiyyəti üçün qadın və kişi bərabərliyi xüsusi qanunla tənzimlənməlidir. Ona görə hesab edirəm ki, bu qanunun qəbul olunması Azərbaycanda Avropa ölkələrinə inteqrasiyanı daha da yaxşılaşdırar, demokratiyanın inkişafına, insan hüquqlarının tənzimlənməsinə xidmət edər, həm də həyatın məzmunlu və mənalı olmasına köməklik göstərər. Bu barədə komissiyanın sədri ətraflı məlumat verdi.
Mən ikinci oxunuş üçün bəzi maddələrə dair fikrimi söyləmək istəyirəm. Məsələn, 1-ci maddədə “qısnama” sözü, hesab edirəm ki, “sıxışdırma” sözü ilə əvəz edilsə, daha düzgün olardı. Bu, əvvəlki natiqlər tərəfindən də söylənildi, 3-cü maddədə “dini icmalar” sözləri çıxarılsa, daha düz olar. 6-cı maddədə “bərabər təmsilçiliyə” sözləri çıxarılmalıdır, çünki burada bərabər təmsilçilik dedikdə, elə başa düşürük ki, 3 qadın və 3 kişi olmalıdır. Ancaq yaxşı olardı, “kişi və qadınlar üçün bərabər təmsilçilik” sözləri yazılsın.
7-ci maddədə “16 yaşına çatmış” yazılıb. Mən hesab edirəm ki, bizim respublikada hələlik hərbi xidmətə 18 yaşında çağırılır. Prezident seçkilərində 35 yaşlı, Milli Məclisə seçkilərdə 23 yaşlı insanlar iştirak edirlər. Yəni buna bir daha baxmaq lazımdır. Bəlkə “16 yaşına çatmış” ifadəsini çıxarmaq daha düzgündür. 7-ci maddənin altıncı bəndində “bir” sözü də yerində deyil və ondan sonra “hər hansı” sözlərinin əlavə edilməsi vacibdir. Hesab edirəm ki, qanunun qəbul edilməsi günün tələbləri ilə səsləşir və maddələr bir az da genişləndirilsə, daha yaxşı olar. Mən də bu qanuna səs verəcəyəm və hörmətli həmkarlarımı da ona səs verməyə səsləyirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Sədr, hörmətli Milli Məclis! Keçən iclasda da deyildi, Azərbaycanda qadınlara seçib seçilmək hüququ digər ölkələrdən daha əvvəl verildi və bu, 1918-ci ilin İstiqlal bəyannaməsi ilə təsdiq olundu. Müqayisə üçün deyək, Amerika Birləşmiş Ştatlarında 1920-ci ildə, İngiltərədə ondan sonra, Fransada hətta 1940-cı illərin ortalarında, İsveçrədə 1970-ci illərə qədər qadınlar nə aktiv, nə də passiv seçki hüququna malik idilər. Buna baxmayaraq çağdaş Azərbaycanda qadın hüquqları, gender bərabərliyi problemi var və adı çəkilən dövlətlərdən daha kəskindir.
Ailələrin xeyli hissəsində qadın məsələsində, hətta feodal, ya post feodal təfəkkür hakimdir. Qadınların böyük əksəriyyəti ictimai həyatdan kənardadır. Rəbiyyət xanım məruzəsində maraqlı rəqəmlər gətirdi. Ötən iclasda Sosial siyasət daimi komissiyasının sədri Hadi müəllim də dedi ki, bələdiyyə üzvlərinin heç bir faizini də qadın təşkil etmir. Siyasi partiyaların fəalları arasında da vəziyyət eynidir.
Burada deyildi ki, çox görkəmli qadın siyasətçilər və ictimai xadimlər var, onlar necə olsun? Əvvəla, bir güllə bahar olmaz. Onlar ən yaxşı halda sevindirici istisnalardır. İkinci, onların əksəriyyəti azad rəqabət sayəsində deyil, siyasi partiyalara tətbiq edilən kvotalar nəticəsində görkəmli mövqelərə çatırlar. Bu barədə deyildi.
Rəbiyyət xanım kvotanın nə olduğu, azad rəqabəti aradan qaldırmaq və bərabərlik yaratmaq haqqında çox gözəl şərh verdi. Mən onunla razıyam. O, eyni zamanda, dedi ki, müxalifət partiyalarında bu sahədə böyük bərabərsizlik var. Məncə, bu, ədalətsiz bir qərardır, belə bir məsələ Azərbaycanın ümumi problemidir və nə müxalifətə, nə də iqtidara aiddir. Burada müxalifət partiyalarının qadın liderlərini, yaxud da digər qadın liderləri diqqətdən yayındırmaq mümkün deyil. Kvota məsələsi, həqiqətən, problemin həlli deyil. Kvota bu məsələnin üstünə bir daş qoymaqdır, gizlətməkdir.
Nəhayət, feminist hərəkatının bir neçə yüz il tarixi olsa da, bu gün də dünyada qadın hüquqları uğrunda mübarizə davam edir. Məsələn, ABŞ-ın özündə də feminist hərəkatı var, özü də çox aqressivdir. Hər dövlət və millət çalışır ki, əhalisinin yarısını təşkil edən qadınları ictimai həyata fəal cəlb etməklə milli gücü artırsın. Bir sözlə, bu qanuna, məncə, böyük ehtiyac var. Son illərdə bizim cəmiyyətdə bəzi mühafizəkar meyillərin artması qanun layihəsini daha da aktual edir.
Müzakirəyə təqdim olunmuş qanun layihəsində əksini tapmış bir sıra anlayış və müddəalarla bağlı suallar ortaya çıxır. “Əsas anlayışlar”dan başlayaq. 1.05-ci maddədə, - çıxış edən bir neçə deputat da buna toxundu, - “seksual qısnama” deyilən yeni bir anlayış, görünür, ingiliscədəki “seks şou heresment”, ya rus dilindəki “seksualnıe priatesneniye” sözlərinin tərcüməsidir. “Seksual qısnama” nə məna, nə də məzmun baxımından “heresment” deyilən sözə adekvatdır. Təklif ediləcək alternativ variant “seksual əsasda təzyiq”, ya da “seksual əsasda sıxışdırma” ola bilər. Yenə orada “ləkələyici xahişlər” yerinə “alçaldıcı xahişlər”, “dəvətlərdə” yerinə isə “təkliflərdə” yazmaq olar.
Mətndə çoxlu dil, üslub və orfoqrafik səhvlər var. 2-ci maddədə “sahələrində və bərabər” sözləri arasında “onların” sözü əlavə edilsə, mətn asan anlaşılar. 5.02-ci maddədə “dövlətin” sözü “dövlət” sözü ilə əvəz olunsa, cümlə anlaşıqlı olar. 6-cı maddədə “bərabərlik” yerinə “bərabərliyinin”, “qaldırılması” yerinə “qaldırılmasına” olmalıdır. 7.1-ci maddədə “Azərbaycan Respublikasının vətəndaşları“ yerinə “Azərbaycan Respublikası vətəndaşlarının” yazılması düzgündür. 14-cü maddədə cümlə anlaşılmır, yenidən işlənilməlidir. 11.1-ci maddədə “ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir” hissəsi yenidən işlənilməlidir. 16-cı maddədə “tədris müəssisələri” yerinə “tədris müəssisələrinin” olmalıdır. 18.1-ci maddədəki “təşkilatlar” yerinə “təşkilatları” olmalıdır.
Mahiyyəti üzrə ən vacib qeydim odur ki, 10-cu maddə istisna edilməklə, sanki bu qanun layihəsi Konstitusiyanın 25-ci maddəsinin, sadəcə, izahıdır. Maddələrin əksəriyyəti “malı”, “məli” şəkilçili feillərlə bitir. Amma gender bərabərliyini təmin edəcək mexanizm ortaya qoyulmur. Konseptual yanaşma düzgün olsa da, məncə, bu bəndlər daha da zənginləşdirilməli, bu mexanizmlərin ortaya qoyulması baxımından bir az da işlənilməlidir. 18.3-cü maddəyə bir cümlə təklif edirəm: “Dövlət qadın hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını dəstəkləyir”. Diqqət edin, mən demədim ki, müxalifətçi qeyri-hökumət təşkilatları. Bu işlə məşğul olan qeyri-hökumət təşkilatlarını dəstəkləmək, məncə, bu problemin həllinə kömək edərdi.
Son təklifim. Yeni oxunuşa qədər qanun layihəsi qadın hüquqlarının müdafiəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının iştirakı ilə yenidən müzakirə edilsin, digər ölkələrin eyni məzmunlu qanunları ilə müqayisə olunsun. Onu da əlavə edim ki, Sorus fondunun yerli Azərbaycan təşkilatı bununla bağlı seminarlar keçirib, xeyli materialları var. Bu materiallardan istifadə etsək, müqayisəli analiz baxımından xeyli dəyərli materiallar əldə edə bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Çox maraqlı, hesab edirəm ki, bu günümüz üçün aktual olan bir məsələni müzakirə edirik. Mən nəyə görə qanun layihəsini deyil, məsələni deyirəm. Ümumiyyətlə, çıxışa hazırlaşanda bu sənədə elə bir təəssüratla yanaşdım ki, biz bu gün qanun layihəsinə deyil, ümumilikdə, cəmiyyətimizdə gender məsələsinə münasibəti müzakirə edirik. İnanıram ki, kifayət qədər ideal və kifayət qədər bütün nüansları nəzərə ala bilən bir qanun qəbul edə bilərik. Amma əgər cəmiyyət buna hazır deyilsə, ictimai fikirdə bu məsələnin həllinə tamam fərqli bir münasibət mövcuddursa, onda bizim qəbul etdiyimiz qərar öz məqsədinə çatmış olur.
Biz bu qanun layihəsinin hər sətrini, hər kəlməsini istər-istəməz ətrafımızda mövcud olan reallıqla müzakirə edirik və belə nəticəyə gəlirik ki, bu gün Azərbaycanda gender məsələsinə həm cəmiyyət, həm də hakimiyyət çox ciddi yanaşır və bunun real nəticələri var. Düzdür, burada iki cür yanaşma ola bilər: birinci mexaniki yanaşmadır. Nəyə görə bu və ya digər strukturda qadınların sayı kişilərin sayından qat-qat azdır? Niyə onların potensialından az istifadə olunur? Bir də, keyfiyyət göstəricisi ola bilər. Ümumilikdə, qadınların cəmiyyətdəki yeri və rolu nə dərəcədə təmin edilir və bizi qane edir? Belə götürəndə tarixən Azərbaycan xalqının həyatında, məişətində qadına, anaya, bacıya, qıza həmişə çox böyük yer verilib, onların nüfuzu gözlənilibdir. Bu yanaşma özünü ictimai həyatda da göstərir.
Hörmətli Rəbiyyət xanımın çıxışında maraqlı bir fakt səsləndi ki, bu gün ali məktəbdə oxuyanların 50 faizdən çoxu qızlardır. Yəni valideynlər qızların oxumasında, təhsil almasında maraqlıdırlar. Bu qızların hamısının gələcəkdə məsul işdə, yaxud da vəzifədə çalışması bir o qədər vacib deyil. Ən əsası odur ki, gələcək Azərbaycan nəslini böyüdəcək analar təhsillidirlər və sabahın adamının formalaşmasında təhsilli ananın böyük rolu olacaqdır. Mən də o fikirlə razıyam ki, bu gün parlamentdə deputat qadınların, hökumətin ali orqanlarında nazir qadınların sayı çox ola bilərdi. Ancaq keyfiyyət məsələsinə daha çox fikir vermək lazımdır.
Qadına cəmiyyətdə müsbət münasibət onun inkişafında, həyatda rolunu yerinə yetirməsində hər bir azərbaycanlı kişisinin də böyük marağını ortaya qoyur. Hər hansı bir strukturda, tərkibdə kişilərin sayı qadınların sayından çoxdursa, bu o demək deyil ki, qadınların potensialından az istifadə edilir, yaxud onlar küncə sıxışdırılıbdır. Həmin vəzifədə olan kişinin, yaxud da öndə olan bir nəfərin şöhrəti ancaq onun özünəmi çatır? Məgər onun ailəsi bu məsələdən qürrələnmirmi? Mənə elə gəlir ki, onun şərəfindən, şöhrətindən ailə üzvləri, ilk növbədə həyat yoldaşı da yararlanır, müsbət mənada qazanır.
Qadınların potensialından müsbət mənada çox istifadə olunması özünü hər dəfə göstərir. Parlamentdə qadınların sayı hər dəfə artır. Amma çox təəssüf ki, biz bunu məqsədyönlü şəkildə edə bilmərik. Demokratik seçki artıq qadının və yaxud kişinin qalib gəlməsini deyil, ancaq seçicinin maraqlarını nəzərdə tutur. Seçici daha çox onun tələblərinə cavab vermək iqtidarında olan şəxsə səs verir. Təbii seçmə nəticəsində bu gün əldə etdiyimiz tərkib göz qabağındadır.
Ümumilikdə, kişi-qadın bərabərliyi məsələsində bu gün cəmiyyətin tutduğu mövqe düzgündür. Həmin prinsiplər bizə verilən bu qanun layihəsində də öz əksini tapıbdır. Burada biz Avropanın əldə etdiyi müsbət nəticələrdən maksimum dərəcədə istifadə etməliyik. Eyni zamanda, Azərbaycan cəmiyyətinin ortaya qoyduğu nəticələri də bu qanunda əks etdirməli, reallığımızın tələbləri üzərində durmalıyıq. Mən də qanun layihəsinin prinsiplərini bəyənirəm. Konkret olaraq ayrı-ayrı bəndlər üzrə təkliflərimi ikinci oxunuşun tələblərinə uyğun olaraq gələn müzakirədə vermək fikrindəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Həqiqətən də, aktual bir qanun layihəsi üzərində müzakirə aparılır. Biz komissiyada fikirlərimizi səsləndirdiyimizə, təkliflərimizi yazılı şəkildə verdiyimizə görə burada qısaca bir-iki problemə toxunmaq istəyirəm. Qanunun adı ilə bağlı səsləndi ki, gender olması daha düzgündür. Amma “gender” sözünün özünün Azərbaycan dilində tərifi hələ dəqiq verilməyibdir. Bir neçə tərif üzərində araşdırma apardıq. Mənə elə gəlir ki, mübahisəli tərifi olan “gender”in qanunun adında göstərilməsi doğru sayılmaz.
Təqdim olunan qanun layihəsində texniki səhvə yol verilib. Burada kişi və qadın bərabərliyi haqqında qanun nəzərdə tutulur. Kişi və qadın hüquqlarının bərabərliyi olarsa, daha düzgün olar. Biz ötən dəfə komissiyada da dedik, Avropada tanınan başqa cinslərin burada dolaşıqlıq yaratmaması üçün sırf kişi və qadın cinsi üzərində dayanmaq, məncə, daha doğru olar.
İkinci, kvota məsələsində də ziddiyyətli fikirlər səsləndi. Ümumiyyətlə, bu, başqa qanunlardan fərqli olaraq tam tədqiqat üçün nəzərdə tutulmur. Bu qanun bilavasitə ölkənin demokratik perspektivi, yəni ölkənin Avropaya inteqrasiyası ilə bağlıdır. Bunun işləmə mexanizmi məsələsi üzərində hər hansı bir şəkildə müzakirələr genişlənsə, onda Azərbaycan mentalitetinə, Azərbaycan reallığına uyğun elə şərtlər qarşımıza çıxacaq ki, bunu qəbul edə bilməyəcəyik. Ona görə də hər hansı bir kvotadan söhbət gedə bilməz. Bu, bizim tərəfimizdən deklarativ bir mahiyyət kəsb edən, Azərbaycan üçün demokratik perspektivlər açan bir qanun kimi mənimsənilməlidir. Bunu elə bu cür də qəbul etməyimiz daha doğrudur.
Burada bir ciddi məsələ də səsləndi. Ümumiyyətlə, bu qanuna nəzarəti hansı müvafiq icra orqanı həyata keçirə bilər? Yəni bu nəzarəti qadınlarla bağlı orqan həyata keçirsə, kişilərin, kişilərlə bağlı hər hansı bir orqan həyata keçirsə, qadınların hüquqları kənarda qalır. Bunun ən optimal forması ötən dəfə komissiyada da səsləndi. Deyildi ki, ombudsmana, yəni insan hüquqları üzrə müvəkkilə həvalə olunmalıdır. Biz sırf insan haqları ilə bağlı məsələ olduğuna görə onun bir formasını tapıb tətbiq etməliyik. Bütövlükdə mən də bu qanun layihəsinə millət vəkillərinin diqqətlə yanaşmasının və səs verməsinin tərəfdarıyam, çünki ölkənin beynəlxalq imici üçün vacibdir.
Fürsətdən istifadə edərək bu gün aktual olan vacib bir məsələ ilə bağlı bir məlumatı da diqqətinizə çatdırmaq istəyirəm. Siyasi partiyalar haqqında qanunvericilik təşəbbüsü qaydasında iki qanun layihəsi hazırlamışıq. Hörmətli millət vəkili Qüdrət Həsənquliyevin dəyərli təkliflərini nəzərə alaraq bu iki qanun layihəsini, Oqtay müəllim, katibliyə təqdim edəcəyəm. Çox xahiş edirəm, Milli Məclis rəhbərliyi də bu məsələyə diqqətlə yanaşsın və onun daimi komissiyalarda müzakirə olunmasına şərait yaratsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəttah Heydərov.
F. Heydərov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Gender bərabərliyinin təminatları haqqında qanun layihəsinin müzakirə olunmasına və qəbul edilməsinə tərəfdaram. Görünür, belə bir qanunun qəbul edilməsinə ehtiyac vardır. Bu, yəqin ki, bizim beynəlxalq münasibətlərin genişlənməsi, Avropaya inteqrasiya ilə əlaqədardır. Çünki adi bir halda bu barədə söhbət getmir. Mən istər Azərbaycan cəmiyyətinin keçmiş, istərsə də indiki quruluşunda həmişə qadın və kişi bərabərliyi haqqında üstün mövqelərdən çıxış edən qanunların qəbul edilməsinin şahidi olmuşam. Bu qanunlar qəbul olunub, işləyir də. Bu mövzu həmişə aktual olubdur. Təkcə bu cəmiyyətin deyil, ümumiyyətlə, bəşər tarixində qadınlarla kişilərin bərabərliyi haqqında, xüsusilə İslam dininin, İslam ehkamlarının meydana gəlməsindən başlayaraq, Həzrəti Peyğəmbərin ilk addımları dövründə qadın hüquqsuzluğu və qadın-kişi bərabərliyi, qadınların cəmiyyətdə özünəməxsus hörmətli, nüfuzlu yer qazanması məsələlərinə diqqət olmuşdur. Buna görə də belə qanunların qəbul edilməsi hər halda müsbət və yaxşı haldır.
Bugünkü aktual müzakirədə müxtəlif fikirlər səslənir. Burada istisnalar var. Qanunda ailə və dini icmalar məsələsinə toxunulmur. Qalır işləyən, yəni əməklə məşğul olan, ictimai həyatda fəallıq göstərən qadınlarla kişilərin bərabərliyi. Mənə belə gəlir ki, burada haradasa səhv, yəni bir məhdudiyyət vardır. Bəlkə də bunlar lazımdır. Mən məsələ komissiyada geniş müzakirə olunanda iştirak etməmişəm. Hər halda ikinci oxunuşa qədər müəyyən məsələlərə burada müdaxilə etmək, müəyyən fikirlər irəli sürmək olar.
Mən üç çağırış Milli Məclisin iclaslarında belə bir fikrin həmişə tərəfdarı olmuşam ki, biz cəmiyyətimizdə istər qadınların, istərsə də kişilərin daha çox nüfuzlu, daha çox səlahiyyətli olması şərti ilə milli mentalitetə toxunan qanunlar qəbul etməməliyik. O qanunlar qəbul ediləndə, onlar işləmirlər. Biz Avropaya inteqrasiya olunuruq, ancaq Avropanı heç vaxt təkrar etmirik. Azərbaycan mentalitetində, xüsusilə bu gün dünyada qabarıq şəkildə özünü göstərən müəyyən qarşıdurmalar vardır ki, onlarda kimin hələ haqlı olduğu dəqiq məlum deyildir.
İnsanın hüquqları adı ilə hər hansı bir məqsədlə qovluğu qoltuqlarına vurub Azərbaycana, Qafqaza, digər ölkələrə gələn adamlar kütləvi surətdə insanların qırılması üçün hökmlər, göstərişlər verirlər. Uşaq, qadın, qoca, dini mənsubiyyətlər nəzərə alınmadan insan hüquqları tapdalanır. Belə bir vaxtda biz qanun qəbul edəndə, onu bizdən qəbul edən adamlar sual qarşısında qalırlar: insan hüquqlarının müdafiə olunması kim üçündür? Burada ikili standarta nəyə görə yol verirlər? Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan problemini 14 ildir, münaqişə adlandırırlar. 1 milyon adamın, həm kişilərin, həm də qadınların hüquqları pozulub.
Biz Avropanın, inteqrasiya olunmaq istədiyimiz o cəmiyyətin qanunlarını bu qədər dəqiq, nöqtəbənöqtə yerinə yetirməyə çalışdığımız bir vaxtda qarşı tərəfdən istədiyimiz cavabı gözləyə, o cavabı ala bilmirik. Ona görə belə qanunları qəbul edəndə öz milli mentalitetimizi, suverenliyimizi və Azərbaycan dövlətinin müstəqilliyini həmişə ön planda nəzərdə tutmalıyıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən burada səslənən fikirlərin əksəriyyətindən fərqli olaraq bu qanunu o qədər də aktual hesab etmirəm. Birinci oxunuş olduğuna görə məsələnin konseptual tərəfinə öz münasibətimi bildirmək istəyirəm. Təsadüfi deyil ki, qanunun adı ətrafında bütün çıxışlarda müəyyən fikirlər səsləndi. Bu qanunun Azərbaycan cəmiyyəti üçün əsas təhlükəsi elə məhz onun adı ilə bağlı olan bir məsələdədir.
Burada bir çoxlarına aydındır ki, “gender” anlayışı adı altında cinslər yalnız kişi və qadınlardan ibarət deyildir. Digər seksual yönümdən olan adamların xüsusi cinslər kimi tanınması barədə dünya miqyasında təşkil olunmuş mütəşəkkil və maliyyələşən bir iş aparılır. Hər halda burada kişi və qadınların bərabərliyi məsələləri daim xatırlanır və gender məsələsinin konkret kişi və qadınlardan ibarət olması vurğulanır. Təkrar edirəm, burada iştirak edən hörmətli kişilər, siz dünya miqyasında bu istiqamətdə atılan növbəti addımların bizim əxlaqi prinsiplərimiz və cəmiyyətimizin gələcəyi üçün təhlükəli olduğunu bilə-bilə buna səs vermiş olacaqsınız. Bu məsələ mütləq nəzərə alınmalıdır.
Mən nəyə görə dedim ki, məsələni aktual hesab etmirəm? Şübhəsiz, Azərbaycan cəmiyyətində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması olduqca aktual məsələdir və bunun müəyyən təzahürləri barədə çox danışıldı. Bu barədə müəyyən addımların atılmasına, hüquqi-normativ bazanın təkmilləşməsinə, lazım gələrsə, xüsusi qanunların qəbul edilməsinə ciddi ehtiyac vardır. Qadınların hüquq bərabərliyinə sosial həyatdakı bərabərliyin əsas təminatlarından biri kimi baxılmalıdır və onların maddi təminatının yaxşılaşdırılması sahəsində tədbirlər görülməli, mühüm addımlar atılmalıdır.
Seçkiqabağı kampaniya zamanı apardığımız təbliğat xarakterli görüşlərdə qadınlardan da eşitdim ki, Azərbaycan analarına verilən təminat məsələsində son dövrdə yanlış aparılan qeyri-səmimi yanaşmanın şahidi olmuşuq. Dairəmdə mənə səs verənlərin 70 faizini qadınlar təşkil edirdilər. O cəhətdən də Azərbaycan qadınlarının siyasi həssaslığına və demokratik potensialına, Azərbaycan cəmiyyətinin demokratikləşməsi istiqamətində onların olduqca böyük rolu olduğuna bir daha inandım. Bizim qadınlara ciddi, həm də minnətdarlıq mövqeyindən xoş münasibətimiz vardır. Amma, eyni zamanda, bu gün barışmadığımız bəzi məsələlər də var. Bu il qəbul edilən qanuna qədər mövcud olan, analığa görə ödənilən 9 min manatlıq uşaq pulunun aztəminatlı ailələrə verilən müavinətlə əvəz edilməsi prosesi bizim qadınlarımızın maddi təminatı sahəsində, mənə elə gəlir ki, geriyə doğru addım oldu. Çox vacib olardı ki, analığa görə verilən müavinət bir çox Avropa ölkələrində, hətta Rusiyada olduğu səviyyəyə çatdırılsın, nəinki sovet dövründən qalmış bəzi mexanizmlər ləğv edilsin.
Mən bununla əlaqədar əvvəlki fikrimə qayıdıram. Hesab edirəm ki, 1.05-ci maddənin bərabərlik ideyası ilə heç bir əlaqəsi yoxdur və layihəyə süni şəkildə daxil edilmişdir. Mənə elə gəlir ki, bu qanunun təşəbbüsçüləri və müəllifi də bilinməli idi. Bu bəndin bura daxil edilməsi, Avropa Birliyinin Gender bərabərliyi haqqında qanunun qəbul edilməsi barədə burada xatırlandı. Məndən əvvəl danışan hörmətli deputatlar da bu məsələyə toxundular. Bu, tələblərin əsas məqsədlərindən birini təşkil edir.
Qanun layihəsində başqa cinsə və yaxud seksual yönümə görə məsuliyyətdən irəli gələn və fiziki hərəkətlərdə müşahidə olunan müəyyən məsələlərə toxunulur. Halbuki xüsusi olaraq, səhv eləmirəmsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrində seksual yönlü zorakılıq cəhdləri, əxlaqsız hərəkətlər anlayışı ifadə olunmuşdur, buna görə də qanun məsuliyyət müəyyən etmişdir və bu məsuliyyətin icrası ilə bağlı konkret məhkəmə mexanizmləri mövcuddur. Ona görə də mən birmənalı şəkildə bu ifadələrin qanun layihəsindən çıxarılmasını təklif edirəm. Şübhəsiz ki, bu məsələyə əgər cavab veriləcəksə, sonradan ona bir də qayıdacağıq.
Burada bərabər təmsilçilik məsələsinə mən də toxunmaq istəyirəm. Hər halda, məsələn, Milli Məclisdə deputatların içərisində bərabər təmsilçiliyin hansısa bir mexanizmi mövcud deyil. İdarəetmə orqanlarında, yəni idarəetmə orqanlarının digər başqa sahələrində də bərabər təmsilçilik məsələsi hər halda bu şəkildə qanun müddəası xarakteri alarsa, heç şübhəsiz, müəyyən çətinliklər yarada bilər. Heç şübhəsiz, qadınların siyasi həyatda, dövlət idarəçiliyində iştirakına aid addımlar davam etdirilməlidir və biz də bunun tərəfdarıyıq.
Sözün açığı, mən siyasi partiyalarda, müxalifətdə və iqtidarda olmasından asılı olmayaraq, qadınların rolunun artırılmasını və məhz siyasi partiyalarda, başqa təşkilatlarda kvotaların tətbiq olunmasını mümkün hesab edirəm. Yeri gəlmişkən deyim ki, Azərbaycan müxalifət partiyalarının praktikasında belə bir məsələ vardır. Müsavat Partiyasının Nizamnaməsində Müsavat Partiyasının rəhbər orqanlarında, məclisində, siyasi şurasında qadınların məcburi qaydada təmsil edilməsi üçün kvotalar müəyyən olunmuşdur. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası da daxil olmaqla digər partiyalar da bu cür təcrübədən yararlanmalıdırlar.
Sözümü onunla yekunlaşdırıram ki, bu qanun layihəsi bir halda ki gündəmə gətirilib, hər halda deyilən dəyişikliklərlə birlikdə qəbul edilə bilər. Deyilən dəyişikliklərlə biz də bu qanuna səs verəcəyik. Mən də deyirəm ki, burada hörmətli Fəttah müəllim bir az ötəri toxundu, Avropanın siyasi və yaxud mədəni cəhətdən mütərəqqi olan həyatına inteqrasiya eləməliyik. Mən də hesab eləmirəm ki, əxlaq sahəsində, ailə münasibətləri sahəsində, o cümlədən qadın-kişi münasibətləri sahəsində hər şeyi Avropaya inteqrasiya adı ilə cəmiyyətimizə gətirməliyik. Açığı, bu məsələnin bir çox hallarda Avropa cəmiyyətinin özünü hansı səviyyəyə gətirib çıxarması məsələsi ciddi bir problemdir. Az qala XX əsrin sonu və XXI əsrin əvvəllərində homoseksual mədəniyyət həddinə gətirib çıxaran proseslər gedir. Bu prosesləri biz nəinki təkrar eləməliyik, əksinə, o zərərli məsələləri görərək, bundan nəticə çıxararaq, Azərbaycanı İslam, müsəlman mədəniyyəti sivilizasiyasına daxil olan Azərbaycan cəmiyyətini bu cür zərərli sapmalardan qorumalıyıq. Bizim qarşımızda hətta beynəlxalq təşkilatlar tərəfindən tələb qoyularsa, heç nədən bir daha çəkinmədən bu məsələlərə əks münasibət göstərməli, öz əxlaqi, mədəni, mental xarakterimizə uyğun gələn mövqeləri ifadə eləməliyik. Bununla da Azərbaycan xalqının strateji, mədəni, əxlaqi və mənəvi maraqlarına cavab vermiş olarıq. Bu, çox ciddi şəkildə müzakirəsi tələb olunan bir qanun layihəsidir. Mən bir daha xahiş edirəm ki, qanun layihəsinin müəllifləri haqqında da məlumat verilsin. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclisi Sədrinin
  birinc müavin Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Hörmətli deputatlar, bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Nəzərə alın ki, bu qanun layihəsini birinci oxunuşda müzakirə edirik. Bizim Nizamnaməyə görə birinci oxunuşun tələbləri bu qanun layihəsinə konseptual cəhətdən qiymət verməkdir. Biz qanun layihəsini maddə-maddə müzakirə eləsək, vaxtımız çox gedər. İkinci oxunuşda, əlbəttə, maddə-maddə müzakirə olunacaq. Ona görə də çalışaq, qanun layihələrinin müzakirəsi zamanı hər oxunuşun tələblərinə riayət edək. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Biz İnsan hüquqları daimi komissiyasının təqdim elədiyi Gender bərabərliyinin təminatları haqqında qanun layihəsini geniş şəkildə müzakirə edirik. Müzakirədən məlum olur ki, qanun layihəsi üzvü olduğumuz təşkilatın - Avropa Şurasının tələblərinə tamamilə uyğundur. Avropa Şurasının üzvləri bu qanunu müzakirə eləyib müəyyən qənaətə gəliblər. Bizim də vəzifə borcumuzdur ki, bu layihəni müzakirədən sonra qəbul eləyək.
Qanun layihəsi dolğun işlənib, burada Avropa Şurasının və başqa dövlətlərin də təcrübəsi ciddi şəkildə nəzərə alınıbdır. Rastlaşdığım bəzi redaktə və üslub səhvlərini komissiyanın sədrinə verəcəyəm ki, ikinci oxunuş üçün onları düzəltsin. Mən onları sadalamaq fikrində deyiləm, ancaq bir məsələyə toxunmaq istəyirəm. Qadın və kişilərin bərabərlik hüquqlarının təmin edilməsi ilə əlaqədar olaraq keçmiş SSRİ dövründə, 1918, 1920, 1928, 1940-cı illərdə bizdə və Avropa ölkələrində qanunlar qəbul edilmiş və onlara ciddi şəkildə əməl olunmuşdu.
Möhtərəm Prezidentimiz Heydər Əliyevin vaxtında qadınların kişilərlə bərabərhüquqluluğu məsələsi həmişə diqqət mərkəzində olmuş, dövlət və hökumət strukturlarında onlara yer verilməsi nəzərə alınmışdır. Burada həmin məsələyə Pənah Hüseyn də çıxışında toxundu, mən də müəyyən cəhətləri demək istəyirəm. Avropa Şurasının üzvü kimi bunu qəbul eləyiriksə, burada mentalitetdən, bəzi seksual qruplardan söhbət gedirsə, həmin məsələlər Avropa Şurası səviyyəsində də qəbul olunmalı, qanuni şəkildə bizdə öz əksini tapmalıdır. Yoxsa nəyə görə deyəsən ki, biz elə bir ölkəyik, bunları qəbul eləmək doğru olmazdı? Axı, belə şeylər var. Olduğu təqdirdə bunları qanun şəklində qəbul eləyib onlara qarşı müəyyən mənada rəyimizi bildirməliyik.
Mən çıxış eləyəndə bəzi müxalifət üzvləri qəti etiraz elədilər ki, Avropa Şurası bunu qəbul elədi, qurtardı, buna Avropa Şurası deyə bilər ki, əsas qanundur. Yaxşı, bunları da Avropa Şurası deyib ki, yer var ki, orada mentalitetlə bağlı şəxsi fikrə, müəyyən mübahisəyə ciddi ehtiyac var. Mən də o fikri qəbul eləyərək iki maddənin – 12 və 18-ci maddələrin üzərində dayanmaq istəyirəm. 12-ci maddədə belə yazılır: ”İşçilərin əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi hallarınında işdən azad edilən bir cinsdən olan şəxslərin sayı həmin müəssisədə bu cinsdən olan işçilərin sayına mütənasib olmalıdır”. Buradakı fikir, ümumilikdə, qanunun ruhunu inkar edir, gender bərabərliyi prinsipini pozur.
Ola bilər ki, hansısa istehsal sahəsi rentabelli deyil və həmin sahə üzrə istehsal dayandırıldığından işçilər əvvəlcədən xəbərdarlıq olunmaqla ixtisara salınırlar. Bu o deməkdir ki, mütənasiblik xatirinə həmin sahədə işləyən kişilərin və ya qadınların əks cins nümayəndələrini də ixtisar edəcəklər. Ona görə də təklif olunur ki, həmin maddə bu redaksiyada verilsin: “İşçilərin əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi hallarında cinsi mənsubiyyətə görə seçim yolverilməzdir”. Belə fikir aydındır. Burada isə yazılır ki, bir müəssisədə ixtisar gedirsə, gərək böləsən, 4 qadın ixtisar edilirsə, 4 kişi də tapmalısan. Belə də qanun olar? Bu, hansı mənəvi haqla edilir? Əgər idarəyə, müəssisəyə işçi, rentabellilik lazımdırsa, bu işin öhdəsindən gələ biləcək ya qadın, ya da kişi nəzərə alınmalıdır. Bizə işin öhdəsindən gələn adam lazımdır, say bərabərliyinə nail olmağa ehtiyac yoxdur. Ona görə qanunun bu maddəsi dəyişdirilməlidir.
18-ci maddənin üçüncü bəndində yazılır: “Qeyri-hökumət təşkilatları gender bərabərliyi mədəniyyətinin təbliği sahəsində tədbir görməlidirlər”. Təklif olunan redaktə: “Qeyri-hökumət təşkilatları gender bərabərliyi mədəniyyətinin təbliği sahəsində tədbirlər görmək öhdəliklərini nizamnamələrində əks etdirməlidirlər”. Burada vəzifə daha konkret əks olunur. Bu da, ümumilikdə, qanunun tələblərindən biridir. Yəni qeyri-hökumət təşkilatları Nazirlər Kabineti deyil, Milli Məclis deyil, Prezident Aparatı deyil. Belə çıxır ki, təbliğat sahəsində tədbir görməlidir. Bu nə tədbir görə bilər? Getsin, öz təşkilatı ilə məşğul olsun. Burada, ola bilər ki, qeyri-hökumət təşkilatları gender bərabərliyi mədəniyyətinin təbliği sahəsində tədbirlər görmək öhdəliklərini nizamnamələrində əks etdirməlidirlər. Məgər bu hökumətin qayda-qanununu qeyri-hökumət təşkilatı həll eləyir? Bu baxımdan dediyim maddələrdə müəyyən dəyişiklik aparmaq lazımdır. Ancaq bu qanunun qəbul olunması mütərəqqi bir haldır. Qanun dolğun işlənilibdir. Kiçik qüsurlar nəzərə alınmaqla onu ikinci oxunuşa çıxarmaq olar.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Doğrudan da, yerində olan təkliflərdir, mən Sizinlə tamamilə razıyam. Bahar xanım Muradova.
B. Muradova. Təşəkkür edirəm. Sözün düzü, mən bu qanunla bağlı mövqeyimi bildirmək istəmirdim. Ona görə ki, iki il bundan qabaq bu qanun layihəsi müzakirəyə çıxarılanda etiraz edənlərdən biri də mən olmuşdum. Məhz elə bu qanunda nəzərdə tutulan müddəalar Azərbaycanın siyasi reallıqlarına, onun mentalitetinə, bugünkü kişi rəyini əsas götürən cəmiyyətin ruhuna, bu rəylə də hesablaşan qadınların tabeçiliyə daha çox üstünlük vermək hissiyyatlarının mövcudluğuna uyğun olmadığı üçün belə deyirəm. Mən Aydın müəllimlə razıyam ki, biz istənilən qanunları ideal şəkildə qəbul edə bilərik. Amma onlar cəmiyyət, ən azı, çoxluq tərəfindən normal və birmənalı şəkildə qəbul olunmursa, yerinə yetirilməsi vacib hesab olunmursa, havadan asılı şəkildə qalacaqlar. Bu fikir məhz Azərbaycanda demokratiyanın bərqərar olmasını bu gün qarşısında məqsəd kimi qoyan müxalifət nümayəndələrinin, konkret olaraq Fazil Mustafayevin çıxışında da əks olundu. O söylədi ki, bunu deklarativ bir qanun kimi qəbul etmək lazımdır, amma ona əməl etməmək də olar. Bu onu göstərmir ki, Azərbaycanda demokratiyanın da deklarativliyini qəbul edirsiniz.
Nizami müəllimin bir fikri ilə razıyam. O söyləyir ki, bəzi məsələlərdə Avropa Şurası ilə, beynəlxalq demokratik prinsiplərlə razı olduğumuzu bizim mənafeyimizə uyğun olanda bəyan edirik. Ancaq nə vaxt ki bu mənafe başqalarınındır, onda biz mentaliteti önə çəkirik, demokratik prinsiplərə qarşı çıxırıq.
Qanunun ruhunda yarımçıqlıq açıq şəkildə hiss olunur, bunu hər kəs bilir. Bu da qanunu işləyənlərin səviyyəsindən və yaxud bunu necə görməsindən deyil, onun cəmiyyətdəki reallıqları nəzərə almasından asılıdır. Rəbiyyət xanım da, qanunun üzərində işləyən digər komissiyaların üzvləri də məhz bu reallıqları nəzərə alıblar. 3-cü maddəni də elə buna görə layihəyə daxil ediblər. Orada deyilir ki, qanunun müddəaları şəxsi və ailə həyatına, dini icmaların fəaliyyətinə şamil edilmir. Sual edirəm, necə ola bilər ki, cəmiyyətdə demokratik ruhlu olasan, ailədə isə despotizm nümayiş etdirəsən? Bizim bəzi dırnaqarası demokratlarımızın bir çoxu belədir, onlar ailədə həddən artıq kəskin mövqedədirlər, amma cəmiyyətdə başqalarından demokratiya tələb edirlər.
Necə olar ki, cəmiyyətdə problemlərdən danışasan və bunu ailə ilə bağlamayasan. Biz bilirik ki, övlad, uşaq cəmiyyətə ilk növbədə ailədə hazırlanır. Ailədə hansı ruh hakimdirsə, o, cəmiyyətə də həmin ruhda vəsiqə alır və o ruhda da yaşayır. Cəmiyyətdə işləyən qadınların bərabərliyini təmin etmək üçün biz məsələyə tam şəkildə yanaşmalı, onun mahiyyətini qanunda əks etdirməli, ya da ki, bu məsələyə heç toxunmamalıyıq. Belə də gülməli alınır, ortaya suallar çıxır, qanunun tətbiqi ilə bağlı problemlər yaranır. Biz onları necə həll edəcəyik? Hansısa işəgötürən Azərbaycandakı ailə qanunlarına uyğun cəza üsulu tətbiq edəcək. Bəzi qadınlar, yəni 100 mininin içərisindən biri buna etiraz eləyəcək. Bu zaman qanunun hansısa maddəsi işə düşə bilər. Amma yenə də qadının işi uduzması üçün əsas var, çünki bu maddə dini icmalara, ailəyə, şəxsi həyata tətbiq olunmur. Hesab edirəm ki, bu məsələlərə ciddi yanaşmalıyıq.
Azərbaycanda, paradoksal görünsə də, Pənah Hüseynin fikri ilə razıyam ki, qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması ilə bağlı təminatları verən qanun qəbul olunmalıdır. Bu kişi və qadın hüquqlarının bərabərliyindən bəhs edən çıxışların mahiyyətində həm də “Avropa Şurasının üzvüyük, bu istiqamətdə qanunları qəbul etməliyik” məqsədi dayanır. Ona görə hesab edirəm ki, məsələyə həddən artıq ciddi yanaşmaq lazımdır.
İkinci oxunuşda məsələlər bütün bu fikirlər nəzərə alınmaqla hazırlanmalıdır. Qadından yaxşı övlad tərbiyə edən ana, insan olmağı tələb edən cəmiyyətin ruhuna, yaxud da tutduğumuz yola, demokratik dəyərlərin bərqərar olmasına uyğun qanun qəbul eləməliyik.
Nə qədər paradoksal görünsə də, mən qadınların kvota üsulu ilə cəmiyyətdə üstünlük mövqeyini qəbul etmirəm. Bəlkə Azərbaycan qadınları o qədər bacarıqlı olacaqlar ki, gəlib 80 faiz əldə edəcəklər, siz niyə bizə 30 faiz təklif edirsiniz? Ona görə də hər hansı bir cinsin cəmiyyətdə hansı faizdə təmsil olunmasını müəyyən edən müddəalar həddən artıq qanunsuzdur və diskriminasiyanı özündə əks etdirir. Biz bunun tamamilə əleyhinəyik.
Bu gün Azərbaycan qadını Azərbaycan cəmiyyətində nə qədər bacarırsa, nə qədər imkanı varsa, o qədər təmsil olunur. Bunu heç kim müəyyən etmir. Biz bunu məqsədyönlü, ardıcıl, prinsipial mübarizəmizlə əldə etmişik. Bu gün Azərbaycan qadınının əldə etdiyi uğurları hansısa bir qrupun, hansısa bir şəxsin, yaxud ölkəyə rəhbərlik edənin iradəsi ilə kimi haraya məsləhət görməsi meyli kimi qələmə verənlərin söylədiklərini qətiyyən rədd edirəm. Bu gün Azərbaycanda o qadınlar önə çıxıblar ki, onlar kişilərlə rəqabətə davam gətirə bilir, rəqabətdə hər cür qabiliyyətə malik olduqlarını sübut edirlər.
Bu gün bir fikri də demək istəyirəm. Belə bir fikir də doğru deyil ki, Azərbaycanda yalnız potensialı olan qadınlar irəli çıxırlar. Bu gün Azərbaycan qadınının potensialı həddən artıq üstündür. Onlar demokratik ruhlu ölkələrdə olan qadınlardan qat-qat artıq potensiala malikdirlər. Bəs niyə onlar kişilərdən önə keçmək istəmirlər? Ona görə ki, onlar ailəni, uşağı, onun tərbiyəsini hər şeydən üstün tuturlar. Onlar bunu ona görə etmirlər ki, kişilər belə istəyirlər. Xeyr, qadın özü belə yaşamaq istəyir. Bu gün heç bir qadını “ura” deyib dövlət vəzifələrinə gətirmək istəmirik. Qanun o şəkildə olmalıdır ki, qadının tutduğu bu yol onlara mənəvi cəhətdən maneçilik törətməsin. Bu yolu tutan qadınların, iş qabiliyyəti olanların qarşısı gərək alınmasın, rəqabətdə onun peşəkarlığına üstünlük verilsin, qadın olduğuna görə geri itələnməsin. Qanunlar bu şəkildə qəbul olunmalıdırlar.
Mən istərdim ki, “kişinin şöhrəti qadının da adına yazılır” deyərək, qadının yerinə fikir söylənməsin. Qadın özü bilir ki, onun şəxsində kimin şöhrəti daha üstündür. Bəzi yerdə qadın özü şöhrət qazanmaq istəyir, əksər hallarda həyat yoldaşına, övladı olan oğluna görə də, onu kişi kimi görmək istəyərək, cəmiyyətdə mövqe qazanması üçün əlindən gələni edir. Gəlin, hər kəsə özünün qərar qəbul etməsi imkanı verən qanunlar yaradaq. Heç kəsi, heç bir qadını cəmiyyətdə üstün mövqe tutan qrupun, əsas olaraq kişilərin kimə nə qədər yer ayırmasına üstünlük verən qanunların ümidinə qoymayaq. Hər halda, hesab edirəm ki, Azərbaycan qadınlarının əksəriyyətinin bizdən gözlədiyi və düşündüyü qanunu hələ hazırlamamışıq. Bu qanun o zaman hazır görünəcək ki, Azərbaycan cəmiyyəti də buna hazır olacaq. Azərbaycanda qadınları kişilərlə bərabər hüquqlarda, imkanları səviyyəsində bərabər nəticələr əldə etmək səviyyəsində görmək istəyən kişilər tapılacaq, onlar belə bir mentalitetlə, şüurla məsələyə yanaşmaq mövqeyində olacaqlar. Ona da, mənə elə gəlir ki, hələ çox qalıb.
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Mən üzr istəyirəm, konseptual müzakirə olduğuna görə, mən də bir-iki fikrimi demək istəyirəm. Səhv eləsəm, bağışlayarsınız.
Birinci, ya özümüzü aldadırıq, ya da ki, başqa söz işlətmək istəmirik. Qanun layihəsinin adı belədir: “Kişi və qadınların (gender) bərabərliyinin təminatları haqqında”. Əgər “gender”dirsə, burada tək kişidən, qadından söhbət getmir. Onda gəlin, arada olanların da adlarını yazaq. Kişi, qadın və sair. Çünki şəxslər fizioloji cəhətdən fərqlənə bilər, amma gender, yəqin ki, daha geniş şəkildə olanları əhatə edir.
Müzakirələrdə iştirak edənlər bilməlidirlər ki, söhbət tək kişi və ya qadından getmir. Ona görə gəlin, özümüzü aldatmayaq, hər şeyi düzgün yazaq və “gender” sözünü Azərbaycan dilində lazım olan sözlərlə əvəz eləyək. Bu, konseptual olan birinci məsələdir.
İkinci məsələ. “Seksual” sözünü görəndə mən bir az qorxuram. Niyə? Çünki “seks” ingilis dilində, latın dilində, Avropa dillərində “cins” deməkdir. Əgər cinsi münasibətlərdən söhbət aparırıqsa, o ifadəni belə işlədək: “cinsi münasibət”, “cinsi təcavüz” və sair. Cinsi təcavüzü seksual təcavüzlə əvəz eləmək nə deməkdir? Təcavüz təcavüzdür də. Xarici sözləri niyə hər yerə salırıq? “İmplementasiya”, “informasiya”, “improduksiya” və sair. Bir də, 6-cı maddəyə dair konseptual baxımdan münasibətimi bildirmək istəyirəm. Yazılır ki, dövlət təminat verir. Xahiş edirəm, fikirləşin, görün, bu sözün altında nə durur və sabah hansı problemlər ortaya çıxa bilər: “Hüquqi, təşkilati və digər mexanizmlər vasitəsilə dövlət kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, bərabər imkanların yaradılmasına, gender bərabərliyinin təmin edilməsinə və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir”. Dövlət belə təminat verirsə, mən qorxuram ki, sabah bizdə, o cümlədən Avropa Şurasında və başqa qurumlarda bəzi problemlər çıxa bilər. Konseptual olaraq hələlik bu qədər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aqil Abbasov.
A. Abbasov. Əvvəla, mən bir fikir deyim. Bayaqdan söhbət elə gedir ki, elə bil, Azərbaycanda qadınların hamısının hüquqlarını əllərindən alıblar, bu, kişi və qadın bərabərliyi haqqında deyil, qadınların üstünlüyü haqqında qanundur. Kişilər təmiz yaddan çıxıbdır.
Əvvəla, Azərbaycanda heç vaxt qadınların hüquqları pozulmayıb, kişilərlə qadınlar həmişə bərabərhüquqlu olublar. Hələ əyyami-qədimdən tutmuş, yəni türk xalqlarında və dünyada da qadınlara ilk səsvermə hüququ elə Azərbaycanda verilib. Tarixə qayıtmaq istəmirəm. Söhbət nədən gedir? Mən bir-iki maddə haqqında deyib sözümü qurtarıram.
Birinci, 3-cü maddə barədə Elmira xanım dedi, Bahar xanım da müdafiə elədi. “Bu qanunun müddəaları şəxsi və ailə həyatına, dini icmaların fəaliyyətinə şamil edilmir”. Ailəni öz qanunları idarə eləyir. Heç bir dövlətin çıxardığı qanun heç kəsin ailəsinə daxil ola bilməz. Ailənin İslamdan, Xristianlıqdan gələn, dəxli yoxdur, əxlaq normaları və bir də öz daxili normaları var. Qanunlarla ailənin hansısa işinə qarışmağa heç kəsə hüquq verilmir.
İkinci, əgər ailədə qadının hüququ pozulursa, Bahar xanım dedi, getsin, Cinayət haqqında qanun var, ona müraciət eləsin. Bu, məsələnin bir tərəfi, yəni maddənin buradan çıxarılması düz deyil, belə də olmalıdır. Bir məsələni də deyim. 10-cu maddədə hər gün rastlaşdığımız bir məsələ var: “İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir.” Bu qanun layihəsini müzakirə eləyirik və qəbul da olunacaq. Bir sıra qanunlar işləmədiyi kimi, bu da işləməyəcək.
Siz Bakı şəhərinin küçələrini gəzirsiniz, hər yerdə yazıblar, - baxmayaraq ki, ölkədə nə qədər cavan oğlan işsizdir, “18 yaşından 23 yaşına qədər olan qızlar işə qəbul olunurlar”. Restoranlar, dükanlar, mağazalar, özəl şirkətlər 18-23 yaşında, - 24 yaşında qadını qəbul eləmirlər, - olan qızları tələb edirlər. Bu qanunu onlar necə qəbul edəcəklər? Sizin qanun orada işləyəcəkmi?
Niyə kişilərin hüququ əlindən alınır? Satıcıdır da, mütləq qadın işləməlidir? Özü də ən çox türk qardaşlarımızın mağazalarında bu hallar müşahidə olunur. Onlar əsasən də rus qadınlarını götürürlər. Bu qanun özəl şirkətlərə şamil olunacaqmı? Qanunu qəbul ediriksə, deyirik ki, onun icrası hansısa müvafiq icra strukturuna tapşırılır. Hansı rayon icra hakimiyyəti, - mən mağaza açmışam, - mənə deyəcək ki, qanunu tətbiq eləməlisən? Özəl mağazadır, istədiyi qızı işə götürür. Bunun nə isə bir mexanizmi olmalıdır. Mənə icazə veriləcəkmi, verilməyəcəkmi?
Qadınların hüquqlarını həmişə müdafiə edirik, heç kim onların hüquqlarını pozmur. Parlamentdə də, idarəetmədə də kifayət qədər qadın var. Azərbaycan qadınları həmişə Avropa qadınlarından yüksəkdə dayanıblar. Avropa qadınları mədəniyyəti, elmi, savadı bizim qadınlardan öyrənə bilərlər. Hətta sərkərdə qadınlarımız olub. Avropa gülməşəkər deyil, onun dediklərinin hamısı qəbul olunmalı deyil. Bayaq Valeh müəllim ciddi bir söz dedi. Bu qanunun altında başqa məsələlər də yatır. Buna ikinci oxunuşda baxarıq. Mənim sözüm odur ki, qanunu qəbul eləyəndə onun işləmə mexanizmi tapılmalıdır. Yoxsa qanunu qəbul edərik, işləməz. 500 qanun çıxarsınlar, mən ailə həyatıma heç bir qanunu tətbiq eləmərəm. Bu məsələlərdə qanunun işləmə mexanizminə baxmaq lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Aqil müəllim. Saat 2-dir. Etiraz yoxdursa, bir dəqiqəyə fikrimizi yekunlaşdıraq. Gülər Əhmədova.
G. Əhmədova. Mən bir dəqiqəyə etiraz eləmək istəyirəm, çünki istəsəm də, bir dəqiqəyə bu qədər fikir deyə bilmərəm.
Sədrlik edən. Amma digər tərəfdən deputat həmkarlarımızın istirahət hüququna hörmət eləyək. İş saatı qurtarıb. Buyurun.
G. Əhmədova. Mən bir neçə məqama nəzər yetirmək istəyirəm. Hesab edirəm ki, bu qanunda həmin məqamların üzərində düşünməyimizin əsasları var. Birinci, demək istərdim ki, İslam mədəniyyətindən danışarkən o mədəniyyətin bir cinsli olmadığını nəzərə almaq lazımdır. Çünki yaşadığımız dünyada Türk İslam mədəniyyəti və Ərəb İslam mədəniyyətinin fərqlərini gözəl görə bilirik. Bunların hansına prioritet verdiyimizi aydınlaşdırmalıyıq.
İkinci deyəcəyim məqam bir də ondan ibarətdir ki, bu tipdə qanunlar bütün Avropa məkanında və ümumiyyətlə, Qərbdə, əsasən, parlamentdə çoxluq təşkil edən partiyaların sağçılıq və solçuluq meyillərində olmasından asılı olaraq qəbul olunur. Misal üçün, Skandinaviya ölkələrində, yaxşı bilirsiniz ki, qadınlarla bağlı kvotalar var və bunun əsas səbəbi ondan ibarətdir ki, onlarda solçu partiyalar hakimiyyətdədirlər. Digər Avropa ölkələrində buna tamam başqa aspektdən baxılır. Bildiyiniz kimi, bir çox digər Avropa ölkələrində həm mərkəzçi, həm də sağçı partiyaların mövqeləri var. Güman edirəm ki, biz bu məsələni mütləq gündəliyimizə gətirməliyik. Bu gün parlamentdə çoxluq təşkil edən partiyalardan hansının solçu, sağçı və yaxud mərkəzçi mövqedə olmasını mütləq araşdırmalı və bunun nə dərəcədə bizə, iqtidarın apardığı siyasətə uyğun olduğunu nəzərdən keçirməliyik.
Bu tipli qanunlarla bağlı bir şeyi də nəzərdə tutmaq lazımdır. Onların, şübhəsiz ki, çox böyük mənəvi yükü var. Bu mənəvi yükü araşdırarkən nəzərə almaq lazımdır ki, biz Avropanın getdiyi yolu, onun üstün cəhətlərini və buraxdığı səhvləri də görürük. Avropanın getdiyi yolda “feminizm”, onun ardınca, bayaq qeyd olunduğu kimi, “gender” sözlərinin özünəməxsus mənaları vardır. “Gender”ə, əslində, “sosial cins” dediyimiz üçün bu, heç də bioloji cinsə aid deyil.
Bu gün Avropanın beş ölkəsində kişilərin bir-biri ilə evlənməsinə icazə verildiyini nəzərə almalıyıq. Bilməliyik ki, bu tip qanunların üzərində yetişən yeni qanunlar məhz Avropa mədəniyyətini və Avropa mənəviyyatını formalaşdırır. Atdığımız hər hansı bir addımın sonunu fikirləşməliyik. Yadınıza gəlirsə, biz vaxtı ilə Avropa Şurasının təkidləri ilə Cinayət Məcəlləsində olan bir neçə maddəni çıxardıq. Bunun nəticəsində həm mətbuatın, həm də keçən dəfə reklam haqqında danışanda bir çox deputatın qaldırdığı belə məsələlər ortalığa çıxdı. Bu gün, doğrudan da, millətimizin mentalitetinə uyğun gəlməyən cinsi təbiət tərəfindən bir cür, amma həyatda tamam başqa cür davranış tərzlərini yaşayan insanların Azərbaycanda çox rahat olaraq artması və eyni zamanda, gənclərin bu yola sürüklənməsi prosesi çox sürətlə gedir. Bunu nəzərdən qaçırmaq olmaz.
Sonda 8 Mart münasibətilə cənab Prezident İlham Əliyevin təbrikini yada salmaq istəyirəm. Cənab Prezident ilk dəfə idi ki, Azərbaycan qadınlarını təbrik edərkən bir məsələyə çox ciddi toxunmuşdur. Bu məsələdə əsas fikir ondan ibarət idi ki, o, Azərbaycan qadınlarına yaxşı övlad yetişdirmək arzusunu və niyyətini bəyan eləmişdir. Bəlkə kim isə bunu, əslində, daha çox patriarxal, daha çox dünənki gün ilə bağlamaq istəyəcəkdir. Mən hesab edirəm ki, əslində, bu, irəliyə atılmış və Azərbaycan ailəsinin gələcəyini təmin eləyən bir arzu və niyyətdir.
Sözün əsl mənasında bu gün Azərbaycan kişilərinin iş və bir çox digər sosial hüquqlarının müdafiəsinə böyük ehtiyacları var. Doğrudan da, bu gün Azərbaycan qadınlarının övladlarını əsl vətəndaş kimi tərbiyə edə bilmək arzusu və niyyəti yüksək səviyyədə icra olunmalıdır. Əgər kim isə hesab edir ki, ailə ilə dövlətdə baş verən hadisələri ayırmaq lazımdır, mən klassiklərimizin hər birimiz üçün çox real olan bir fikrini yada salmaq istəyirəm: ailə dövlətin özəyidir. Ailədə baş verməyən heç bir şey dövlətdə baş verə bilməz. Hər kəsin ailədə görüb götürdüyü nə varsa, onu ictimai həyata gətirir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş müəllim, bir dəqiqə.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Təqdim olunan layihə təqdirəlayiqdir, çünki biz Konvensiyaya qoşulmuşuq, istəsək də, istəməsək də, bunu qəbul eləməliyik. Birmənalı şəkildə bu müzakirələrin nəticəsi olaraq bəzi detallarda müəyyən addımlar atılmalıdır. İlk növbədə onu qeyd eləyim ki, hər bir ölkənin qanununun əsas mənbələrindən birini onun sanksiyalaşdırılmış adətləri təşkil etməlidir. Azərbaycanın da özünəməxsus adətləri var. İndi burada biri onu apardı İslama, biri türkə, digəri rusa, sonra da Avropaya bağladı. Azərbaycanın isə içərisində mövcud olan özünəməxsusluq qorunub saxlanılmalıdır. 1.5-ci maddə bütövlükdə qanunun, səhərdən danışdığımız o mənəviyyatın, əxlaqın və tərbiyənin üzərinə kölgə salır. Burada “seksual qısnama” anlayışı verilir.
Sədrlik edən. Bu məsələlərə aydınlıq gətirildi. Deyəsən, o sözdən xoşunuz gəlir.
S. Novruzov. Onu demirəm. Bununla bağlı şərəf və ləyaqətin təhqir olunması barədə Azərbaycanın Cinayət Məcəlləsində, Mülki Məcəlləsində və başqa-başqa məcəllələrdə bu maddə öz əksini tapıbdır. Bunu təzədən gətirib bu qanuna salmaq gender bərabərliyinə kölgə gətirir. Ona görə də bu maddəni bütövlükdə buradan çıxarmaq lazımdır. Dövlət, bələdiyyə, ayrı-ayrı qurumlar üzərinə birbaşa kəskin şəkildə təminat qoymaq mümkün deyil. İndi bu yoxdursa, dövlət nə eləsin? Gərək bu yetişə. Bu proses aşağıdan gəlməlidir, yuxarıdan onu tənzimləmək mümkün deyil. Ona görə də mən müəyyən məsələlərdə sadələşdirmənin tərəfdarıyam. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Hörmətli deputatlar! İkinci oxunuşda bizim kifayət qədər vaxtımız olacaq ki, bu qanun layihəsini müzakirə eləyək. Ona görə, xahiş eləyirəm, birinci oxunuşda bu məsələyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 76
Əleyhinə 9
Bitərəf 0
Səs verməd 3
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail müəllim, ikinci oxunuşda imkan olacaq. Saat 4-ə qədər fasilə.

 (FASİLƏDƏN SONRA)

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. İclasımızı davam etdiririk. Gündəliyin ikinci məsələsinə keçirik. Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar! Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da dövlətin daim diqqət mərkəzində və nəzarətində olan aqrar bölmənin mühüm sahələrindən biri də fitosanitar nəzarəti xidmətidir.
“Fitosanitariya” hansı mənanı ifadə edir? “Fito” yunan sözüdür, mənası “bitki” deməkdir, sanitariya isə, hamımızın bildiyi kimi, təmizliyin, sağlamlığın qorunmasıdır. Burada yol verilən hər hansı bir nöqsan əhalinin sağlamlığına, ölkə iqtisadiyyatına da çox ciddi ziyan vura bilər. Buna hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda tüğyan edən “quş qripi”ni misal gətirmək olar. Yaxud bir neçə il bundan qabaq Bakı ətrafında ağacları, keçən il Xanlar-Samux zonasında taxıl zəmilərini məhv edən Amerika ağ kəpənəyini və çəyirtkələri misal gətirmək olar.
Bunları nəzərə alaraq hələ 1996-1997-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Bitki karantini haqqında”, “Bitki mühafizəsi haqqında” və “Pestisidlər və aqrokimyəvi maddələr haqqında” qanunlar qəbul edilmişdir. Həmin qanunların qəbul edilməsindən keçən müddət ərzində ölkəmizin iqtisadi və siyasi həyatında bir çox əsaslı dəyişikliklər baş vermişdir. Belə ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar bölmədə də köklü islahatlar aparılmış, mövcud kolxoz və sovxozlar ləğv edilərək onlara məxsus torpaq və əmlak əhaliyə paylanmışdır.
Hazırda bitkiçilik, demək olar ki, xüsusi mülkiyyətə əsaslanan müxtəlif təşkilatı-hüquqi formalı subyektlərdə cəmləşmişdir. Bu da yeni iqtisadi-hüquqi və mülki münasibətlər yaratmışdır. Digər tərəfdən ölkəmiz müstəqil inkişaf yolunda sürətlə irəliləyir və getdikcə dünya ölkələri ilə daha çox iqtisadi inteqrasiya əlaqələrinə qoşulur.
Əhalinin bitkiçilik məhsullarına olan tələbatını daha dolğun ödəmək üçün bitki və bitkiçilik məhsulları ölkəyə idxal və ölkədən ixrac edilir. İdxal və ixracın coğrafiyasının günü-gündən genişlənməsi bu sahədə ən mühüm vəzifələrdən biri olan ölkənin fitosanitar nəzarətinin təmin olunmasını çox ciddi formada qarşıya qoyur. Bütün bunları nəzərə alaraq hörmətli Prezidentimiz cənab İlham Əliyevin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 22 oktyabr 2004-cü il tarixli Sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti yaradılmışdır. Prezidentin 20 aprel 2005-ci il tarixli Fərmanı ilə bu xidmətin Əsasnaməsi təsdiq edilmişdir. Burada nəzərinizə çatdırmaq istəyirəm ki, əvvəllər bitki mühafizəsi və karantinini, pestisidlərin, bioloji preparatların, digər bitkilərin mühafizəsi sahəsində dövlət nəzarətini Kənd Təsərrüfatı Nazirliyinin ayrı-ayrı idarələri həyata keçirirdi. Prezidentimizin bu sahədə pərakəndəliyi aradan qaldırmaq və idarəetmənin təkmilləşdirilməsi istiqamətində respublikamızda vahid Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yaradılması haqqında fərmanı vaxtında öz həllini tapan düzgün addımdır. Xarici və MDB dövlətlərinin əksəriyyətində belə strukturlar, xidmətlər çoxdan yaradılmışdır. Misal üçün, Rusiya kimi böyük bir dövlətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti yaradılmışdır. Bu Xidmət nəinki baytarlıq və fitosanitar, həmçinin ov obyektlərinin, su hövzələrində bioloji ehtiyatların mühafizəsi, təkrar istehsalı və istifadəsi sahəsində də dövlət nəzarətini həyata keçirir.
Azərbaycanda Fitosanitar Nəzarəti Xidməti bitki mühafizəsi və karantinini, pestisidlərin, bioloji preparatların, digər bitki mühafizəsi vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bu Xidmət fitosanitariya sahəsində, həmçinin bitki mühafizəsi vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, istifadəsi qadağan olunmuş zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi sahəsində digər dövlət orqanları ilə birlikdə fəaliyyət göstərir. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin tabeliyində Respublika Bitki Mühafizəsi mərkəzi, Nəzarət Toksikologiya laboratoriyası, Karantin ekspertiza laboratoriyası, Fumiqasiya mərkəzi, beş Rayonlararası Bioloji laboratoriya, 57 Bitki Mühafizə mərkəzi, bitki karantini üzrə 11 sərhəd keçid məntəqəsi, 20 Rayonlararası Bitki karantini məntəqəsi fəaliyyət göstərir.
Məlumat üçün bildirirəm ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Türk iş birliyi kalkılma agentliyi (TİKA) və digər beynəlxalq təşkilatlarla əlaqələri inkişaf etdirir. Azərbaycan 2002-ci ildə Beynəlxalq bitki mühafizəsi və karantini Konvensiyasına qoşulmuş, Avropa və Aralıq Dənizi Hövzəsi üzrə Bitki Karantini və Mühafizəsi Təşkilatının Konvensiyasına, Avropa Patent Təşkilatına (EPO-ya) qoşulmaq üçün sənədlər hazırlanaraq Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur.
Bitki mühafizəsi və karantini sahəsində Azərbaycan Respublikası ilə İran, Moldova, Özbəkistan, Rumıniya və Ukrayna dövlətləri arasında sazişlər imzalanmışdır. Bolqarıstan, Kanada, Gürcüstan, Qazaxıstan, Türkiyə, Yaponiya və Yunanıstan dövlətləri ilə Azərbaycan Respublikası arasında saziş layihələri isə hazırlanmış və Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.
Bütün bunlarla yanaşı, bildiyiniz kimi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq ərəfəsindədir. Bu təşkilatın tələblərindən biri də fitosanitariya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar yeni qanunvericiliyin işlənilib hazırlanmasıdır. Fitosanitar nəzarətin təşkili, Fitosanitar Nəzarəti Xidmətinin səmərəli fəaliyyət göstərməsi üçün qanunvericiliyin də beynəlxalq tələblərə və tövsiyələrə uyğunlaşdırmasını tələb edir. Məhz bu məqsədlə FAO-nun beynəlxalq məsləhətçiləri “Bitki karantini haqqında”, “Bitki mühafizəsi haqqında” və “Pestisidlər və aqrokimyəvi maddələr haqqında” qanunları nəzərdən keçirmiş və onların yenidən işlənərək beynəlxalq Bitki karantini və mühafizəsi Konvensiyasının Sanitariya və Fitosanitariya Sazişinin tələblərinə uyğun hazırlanmasını məsləhət bilmişdir.
Qanun layihəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ekspertinin iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq bizə təqdim edilmişdir. Burada beynəlxalq təşkilatların tövsiyələri və beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmışdır. Fitosanitar nəzarəti haqqında hazırlanmış yeni qanun layihəsində mövcud qanunvericilikdə öz əksini tapmayan bir çox məsələlər, o cümlədən “Fitosanitar tədbirlər”, “Qeyri-dövlət fitosanitar xidməti” kimi yeni fəsillər əlavə edilmişdir. Azərbaycan Respublikasının ərazisinə xarici ölkələrdən keçə biləcək karantin obyekti olan bitki zərərvericililərinin, xəstəlik törədicilərinin və alaq otlarının daxil olmasının və yayılmasının qarşısını almaq, karantin nəzarətində olan bitkiçilik məhsullarının istehsalı, emalı, saxlanması və daşınması, həmçinin bitki mühafizəsi vasitələrinin dövriyyəsinə dövlət fitosanitar nəzarətinin təşkili barədə bir çox yeni müddəalar əlavə edilmiş, dövlət və qeyri-dövlət fitosanitar xidmətlərinin hüquq və vəzifələri daha geniş, daha ətraflı əks etdirilmişdir.
Layihənin 1-ci maddəsindəki anlayışlar Avropa və Aralıq Dənizi Hövzəsi üzrə Bitki Karantini və Mühafizəsi Təşkilatı tərəfindən qəbul edilmiş Fitosanitar Tədbirləri üzrə Beynəlxalq Standartların fitosanitar terminlərinə uyğunlaşdırılmışdır. Layihə barədə Ədliyyə, Maliyyə, Səhiyyə, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər Nazirliklərinin, Dövlət Gömrük, Torpaq və Xəritəçəkmə, Statistika komitələrinin, Dövlət Sərhəd xidmətinin, “Azərkimya” Dövlət Şirkətinin, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, Elmi tədqiqat Bitki Mühafizəsi İnstitutunun, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin və digər təşkilatların rəy və təklifləri alınmışdır.
Qanun layihəsi üzərində işləmək üçün müvafiq nazirliklərin və təşkilatların mütəxəssislərindən ibarət işçi qrupu yaradılmış və layihəyə bir neçə dəfə işçi qaydasında baxılmışdır. Layihə mart ayının 2-də komissiyamızda müzakirə edilərək Milli Məclisə 1-ci oxunuş üçün tövsiyə edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, komissiyanın geniş iclasında deputatlar, nazirliklərin nümayəndələri iştirak etmişlər. Xüsusilə hörmətli Valeh müəllim Ələsgərov tərəfindən layihəyə bir sıra ciddi iradlar söylənilmiş və təkliflər verilmişdir. Mən komissiyanın deputatları adından Valeh müəllimə buna görə minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırıram ki, müzakirə zamanı söylənilmiş irad və təkliflərin əksər hissəsi nəzərə alınmış və qanun layihəsi xeyli təkmilləşdirilmişdir. Bu gün hörmətli həmkarlarım tərəfindən deyilən irad və təkliflər də birinci oxunuşdan sonra, şübhəsiz, nəzərə alınacaq və təkmilləşdirmə işləri yenə də davam etdiriləcəkdir.
Bu qanun Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir, bitki mühafizəsi və karantini sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətləri tənzimləyir. Qanun layihəsi 10 fəsil və 40 maddədən ibarətdir. 1-ci fəsil ümumi müddəalara həsr olunmuşdur. Burada qanunda istifadə edilən əsas anlayışlar, fitosanitar nəzarətinin əhatə dairəsi və fitosanitar nəzarətində olan karantin obyektləri barədə müddəalar öz əksini tapmışdır.
Layihənin 3-cü maddəsi “Fitosanitar nəzarətinin əhatə dairəsi” adlanır. Azərbaycan Respublikasının ərazisində bu nəzarət müxtəlif formada qeyd olunan fitosanitar tədbirlərinin təşkili və həyata keçirilməsi ilə tənzimlənməlidir. Bura həmçinin bitkiçilik məhsullarının istehsalı, tədarükü, saxlanması və daşınması zamanı fitosanitar qaydalarına və normativlərinə əməl edilməsi, mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq pestisidlər, bioloji və digər bitki mühafizə preparatlarının istehsalı, idxalı, ixracı, saxlanması və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyət sahəsinə nəzarəti həyata keçirən digər məsələlər də aiddir.
Siyahısı qanunvericiliklə müəyyən olunmuş bütün növ bitkilər və bitkiçilik məhsulları, bitkilərin hissələri, karantin obyektlərini daşıyan kənd təsərrüfatı maşınları və alətləri, nəqliyyat vasitələri, konteynerlər, bütün tara növləri və qablaşdırma materialları, bitki materiallarından hazırlanmış sənaye-məişət malları və məmulatları, torpaq və torpaq monolitləri, bitkiçilik məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı yerləri, kənd təsərrüfatı və meşə, həyətyanı və bağ sahələri 4-cü maddədə göstərilmiş fitosanitar nəzarətində olan karantin obyektlərdir.
Qanun layihəsinin II fəsli fitosanitar nəzarətinin təşkilinə həsr olunmuşdur. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri dövlət fitosanitar nəzarəti xidməti, onun vəzifələri və hüquqları, hüquqi və fiziki şəxslərin fitosanitariya sahəsində vəzifə və öhdəlikləri, dövlət fitosanitar müfəttişlərinin səlahiyyətləri ayrı-ayrı maddələrdə öz əksini tapmışdır.
5-ci maddədə göstərilir ki, fitosanitar nəzarətinin qarşısında duran vəzifələr dövlət fitosanitar nəzarəti və qeyri-dövlət fitosanitar xidmətləri vasitəsi ilə həyata keçirilir. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələrinə dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək; dövlət fitosanitar nəzarəti xidməti orqanlarını təşkil etmək; fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək; dövlət fitosanitar nəzarəti xidmətinin maliyyələşdirilməsi, inzibati və maddi-texniki təchizatının yaxşılaşdırılması və bu sahəyə investisiya qoyuluşu məsələlərini həll etmək; Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törətmək ehtimalı olan karantin zərərli orqanizmlərin siyahısını təsdiq etmək; qeyri-dövlət fitosanitar xidmətinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək və sair daxildir.
7-ci maddədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin vəzifələri sadalanır. Bunların sırasında bitki mühafizəsi və karantini sahəsində dövlət nəzarətini həyata keçirmək və bu sahədə qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək; karantin obyekti mənbələrini vaxtında aşkar etmək, onların təcrid edilməsi və ləğvi üçün müvafiq tədbirlər görmək; pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji və digər maddələrin dövlət sınağının və qeydiyyatının aparılmasına və istifadəsinə icazə verilmiş preparatlarının siyahısının hazırlanmasında iştirak etmək; Azərbaycan Respublikasının ərazisində dövlət bitki mühafizəsi və karantini tədbirlərinin elmi-praktiki əsaslarla həyata keçirilməsini təmin etmək; səlahiyyətləri daxilində xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla müəyyən olunmuş qaydada qarşılıqlı əlaqələr qurmaq və sair vəzifələri göstərmək olar.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin vəzifələri ilə yanaşı, bir çox hüquqları 8-ci maddədə göstərilir. Bunlar ölkədə fitosanitar xidmətinin yüksək məsuliyyət daşıdığını və cavabdeh orqan olduğunu bir daha təsdiq edir.
Qanun layihəsinin III fəslində idxal və ixracla bağlı, tranzit daşınan karantin altında olan materiallar, habelə idxal olunan karantin altında olan materiallara nəzarətlə əlaqədar fitosanitar tədbirlərə dair müddəalar 4 müvafiq maddədə verilmişdir. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə ölkə daxilində və onun sərhədlərində fitosanitar nəzarətin məntəqələri təşkil edilir.
Dövlət Fitosanitar Nəzarəti Xidməti bitki, bitki mənşəli yüklərin və digər karantin altında olan materialların idxalı ilə bağlı analiz, müayinə, məhsulun saxlanılması və məhv edilməsi məqsədi ilə bitkiçilik məhsullarını və digər karantin altında olan materialları və yükləri karantin məntəqələrində saxlamaq, geri qaytarmaq və onlara məhdudiyyətlər qoymaq; fitosanitar tələblərə cavab verməyən bitkiçilik məhsulları və karantin altında olan digər materiallar və ya onlardan ibarət olan yüklər barədə ixrac edən ölkədə onların təhlükəsizliyini təmin edən işləmələrin aparılmasını və ya məhv edilməsini tələb etmək; zərərli orqanizmlərin əraziyə daxil olmasını qadağan etmək və ya məhdudlaşdırmaq; bioloji mübarizə vasitələrinin və digər orqanizmlərin əraziyə gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq və sair fitosanitar tədbirlərini həyata keçirir. Qanun layihəsinin IV və V fəsilləri zərərli orqanizmlərlə mübarizəyə və bitki mühafizəsi ilə bağlı fitosanitar tələblərə həsr edilmişdir. 4-cü fəsil 4 maddədən ibarət olmaqla karantin ərazilərinin elan olunması, həmin ərazilərdə məhdudiyyətlər və nəzarət tədbirləri, ərazilərin zərərli orqanizmlərdən azad olunması, zərərli orqanizmlərin məhdud dairədə yayıldığı ərazilərin elan olunması üçün lazım olan bir çox tədbirlərin həyata keçirilməsinin hüquqi əsaslarını tənzimləməyi nəzərdə tutur.
Layihənin “Pestisidlərin ehtiyatının yaradılması və saxlanması” adlanan 23-cü maddəsində karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət büdcəsi vəsaiti hesabına pestisidlərin ehtiyatının yaradılması nəzərdə tutulur. Hörmətli deputat həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, Maliyyə Nazirliyi pestisidlərin ehtiyatının yaradılmasına maliyyə yardımı ilə əlaqədar olaraq öz etirazını bildirmişdir. Komissiyamız isə belə hesab edir ki, bu günlərdə, yəni respublikada quş qripinin tüğyan etdiyi bir vaxtda buna ehtiyac vardır. İndi quş qripi ilə əlaqədar olaraq tender də elan olunur. Tenderdən başqa hansısa beynəlxalq təşkilat buna qoşulacaq və sərmayə qoyacaqdır. Bu proseslər gedənə qədər respublikanı xəstəliklər ağzına alır. Bundan sonra 3 milyonla düzələn bir xəstəliyin qarşısını heç 13 milyonla da almaq mümkün olmayacaqdır.
Ona görə biz hesab edirik ki, Maliyyə Nazirliyi büdcə hesabına bu sahədən ötrü ehtiyat fondu yaradılmasına hökmən səy göstərməlidir. Taxıl ehtiyat fondu, pestisid xəstəliklərlə əlaqədar ehtiyat fondu bəlkə də lazım deyil. Yaxşı, hansı ölkəni göstərmək olar ki, orada bu vacib və həyatı sayılan məsələlərin ehtiyat fondu yoxdur. Bu fondlar bütün dünyada var. VI fəsil tamamilə yeni və mühüm bir bölmədir. Qeyri-dövlət fitosanitar xidmətinə həsr olunmuş bu fəsildə qeyri-dövlət fitosanitar xidmətinin subyektlərindən, onların hüquq və vəzifələrindən, habelə fərdi fitosanitar xidmətinin həyata keçirilməsindən bəhs edilir. Qeyd olunur ki, qeyri-dövlət fitosanitar xidmətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada kənd təsərrüfatına aqrokimyəvi xidmət və pestisidlərin, bioloji maddələrinin və digər bitki vasitələrinin istehsalı, satışı, idxalı, ixracı, daşınması, saxlanması və tətbiqi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdir. Onlar dövlət fitosanitar nəzarəti funksiyalarını yerinə yetirə bilməzlər. Yəni, bu subyektlər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin səlahiyyətlərinə aid olan funksiyalardan başqa digər fəaliyyətlə məşğul ola bilərlər.
VII fəsil zərərli, kimyəvi və bioloji maddələrin istehsalı və tətbiqi, idxalı və ixracı, qablaşdırılması, saxlanması və daşınması, bu maddələrin dövriyyəsi sahəsində dövlətin vəzifələri məsələlərini əhatə edir. Bu fəslin ilk maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında zəhərli kimyəvi və bioloji maddələrin istehsalı və tətbiqi insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi şərti ilə qanunvericilikdə nəzərdə tutulan qaydada, mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslər tərəfindən həyata keçirilir. Zəhərli kimyəvi və bioloji maddə istehsal edən müəssisə istehsal etdiyi preparatların keyfiyyətinə zəmanət vermək üçün nəzarət xidməti təşkil edir. Satışa buraxdığı hər bir partiya, yəni seriya preparata dair keyfiyyət şəhadətnaməsi verir və onun keyfiyyəti, tətbiqi üçün məsuliyyət daşıyır.
Növbəti maddədə deyilir ki, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyətləri barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər, aqrokimyəvi, bioloji və digər maddələr idxal və ixrac oluna bilərlər. Sonra, mənşəyi və keyfiyyətləri barədə sertifikatları olmayan pestisidlərin, aqrokimyəvi, bioloji və digər maddələrin idxalı, satışı, tətbiqi və reklam edilməsi qadağan edilir.
Qanun layihəsinin VIII fəslində fitosanitar nəzarətinin elmi, kadr və maliyyə təminatına nələrin daxil olması, bitki mühafizəsi mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin maliyyələşdirilməsi məsələləri verilmişdir. Fitosanitar nəzarəti sahəsində aparılan elmi tədqiqatların istiqamətləri üzrə məsələlərə baxmaq, müasir elmi-texniki nailiyyətlərin tətbiqinə dair təkliflər və tövsiyələr hazırlamaq məqsədi ilə müvafiq Dövlət Fitosanitar Nəzarəti Xidməti nəzdində tərkibi alim və yüksək ixtisaslı mütəxəssislərdən ibarət elmi texniki Şura yaradılır. Bu fəsildə həmçinin bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması, dövlət fitosanitar nəzarəti xidmətinin maliyyələşdirilməsi barədə maddələr vardır.
Layihənin IX fəslində bitki mühafizəsi və karantini qaydalarının pozulmasına görə məsuliyyət və mübahisələrin həlli, X fəslində isə beynəlxalq əməkdaşlıq və yekun müddəalar öz əksini tapmışdır.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən bir daha fikrimi onunla yekunlaşdırmaq istəyirəm ki, bugünkü quş qripi ilə əlaqədar olaraq biz toyuq ətindən istifadədən artıq çəkinirik. Çünki onu əvəz edən mal əti, qoyun əti, balıq var. Amma, Allah eləməsin, bu xəstəlik taxıla düşsə, bizim hamımızın istifadə etdiyi çörəklə, yəqin ki, ölkədə kütləvi qırğın halı baş verə bilər. Ona görə komissiyamızın mütəxəssislərinin fikri ondan ibarətdir ki, bu, son dərəcə vacib bir qanundur. Mən bu qısa çıxışımda çalışdım ki, qanun layihəsinin vacibliyini və prinsipial müddəalarını diqqətinizə çadırım. Hesab edirəm ki, layihə 1-ci oxunuşun tələblərinə uyğun gəlir və konseptual baxımdan qəbul oluna bilər. Qanun layihəsi barədə sizin mülahizələriniz, dəyərli təklif və rəyləriniz layihənin təkmilləşdirilməsinə böyük kömək göstərəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə başlayırıq. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Mən təqdim olunan qanun layihəsini oxuduqdan sonra yerlərdə, rayonlarda yaranmış real vəziyyəti öyrənməyə çalışdım. Doğrusu, çox acınacaqlı vəziyyətin şahidi oldum. Aydın oldu ki, bitki mühafizəsi ilə əlaqədar fəaliyyət göstərən subyektlər arasındakı münasibətlər tamamilə nəzarətsiz buraxılmışdır.
Bir çox idarəetmə strukturlarının ləğvi nəticəsində bitki xəstəlikləri, ziyanvericiləri və alaq otlarına qarşı mübarizədə istifadə olunan kimyəvi və bioloji preparatların gətirilməsi, satışı rayonlarda qeyri-peşəkar, mütəxəssis olmayan adamların əlinə keçmişdir. Nəticədə bu sahədə hər hansı bir reqlamentə əməl edilməsi, demək olar ki, unudulmuşdur. Ən dözülməz hal budur ki, rayonlara vaxtı keçmiş, istifadəsi qadağan olunmuş, mənşəyi bilinməyən preparatlar gətirilir. Həm də bu kimyəvi preparatlar bazarlarda, insanlar üçün olan ərzaq məhsulları ilə bir yerdə, kortəbii şəkildə satılır. Bu hal da adamların sağlamlığı üçün ciddi təhlükə törədir. Halbuki kimyəvi preparatlar müvafiq qanunvericiliyə uyğun olaraq ərzaq məhsulları satılan və saxlanılan obyektlərdən müəyyən məsafədə uzaqda və xüsusi yerlərdə satılmalıdır.
Satışa çıxarılan kimyəvi maddələr çox primitiv üsullarla qablaşdırılır, bəzən isə adi qəzet parçasına bükülərək satılır. Bütün bu pozuntulara baxmayaraq, müəyyənləşdirilmiş qaydalara əməl etməyən hüquqi və fiziki şəxslərə məhdudiyyət, xəbərdarlıq və digər profilaktiki tədbirlər tətbiq edilmir. Elə bunun nəticəsidir ki, xüsusilə sərhəd rayonlarının bazarlarına İran İslam Respublikasından qaçaqmal yolu ilə gətirilən, mənşəyi bilinməyən müxtəlif zəhərli maddələr doldurulmuşdur.
Daha bir dəhşətli fakt da vardır. Hələ SSRİ dövründən istehsal olunan və istifadəsi qadağan edilmiş, insan orqanizmi üçün təhlükəli, zərərli sayılan kimyəvi maddələr bazarlarda, ərzaq məhsulları istehlak olunan yerlərdə hər hansı bir dövlət orqanının nəzarəti olmadan sərbəst qaydada satılır. O preparatları gətirən və satan şəxslərin uçotu sanki heç kimi maraqlandırmır. Qazanc məqsədi güdən bu insanların nəzarətsizlik üzündən kimyəvi preparatlara müxtəlif mayeləri qatışdıraraq satması da adi hala çevrilib. Xüsusilə taxıl üçün herbisid olan amin duzu, B58, azot, kükürd və digər preparatların istifadə normalarının süni surətdə aşağı salınaraq satılması bu gün heç kəs üçün sirr deyil. Eyni sözləri bu zəhərli maddələrin istifadəçiləri haqqında da demək olar.
Əhali arasında maarifləndirmə işləri aparılmadığından hüquqi və fiziki şəxslər bitki mühafizəsi vasitələrinin saxlanması, daşınması və işlədilməsində heç bir qaydaya əməl etmirlər. Əksər vaxtlarda insanlar bazardan aldıqları zəhərli maddələri evlərinə ya taksi maşınlarında, ya da avtobuslarda aparırlar. Sonradan bu maşınlarda zərərsizləşdirici tədbirlər həyata keçirilmədiyindən həmin faktın törədə biləcəyi fəsadları təsəvvür etmək, yəqin ki, o qədər də çətin deyildir. İstifadə edildikdən sonra kimyəvi maddələrin daşındığı qabları istifadə yerlərində məhv etmək əvəzinə küçələrə atırlar. Bəzi hallarda həmin qablardan nəzarətsizlik üzündən ərzaq məhsulları saxlamaq üçün və ya su qabları kimi istifadə edilir. Ən böyük problemlərdən biri də bitkilərdə, bitkiçilik məhsullarında, torpaqda, suda pestisidlərin, zəhərli kimyəvi maddələrin qalıq miqdarının yoxlanması məsələsidir. Bunun həyata keçirilməsi heç kimi maraqlandırmır. Məhsul istehsal edən onu birbaşa bazara çıxarır. Bu məhsullarda zəhərli maddələrin qalıq miqdarını yoxlamaq nə istehsalçını düşündürür, nə də istehlakçını.
Bütün rayonlarda Toxum müfəttişliyi deyilən bir idarə vardır. Əslində, bu idarə tamamilə formal bir quruma çevrilmişdir. Əkilən toxuma münasibətdə onların rəyinə heç kim ehtiyac hiss etmir. Halbuki ölkəyə gətirilən və ölkədə istehsal edilən toxum materialları Dövlət Toxum müfəttişliyi laboratoriyasında bütün keyfiyyət göstəriciləri ilə yoxlanılmalı, müvafiq sertifikatı aldıqdan sonra səpinə buraxılmalıdır.
Hörmətli Sədr, hörmətli deputatlar! Bütün bu sadalanan nöqsanlar hesabına yerlərdə real vəziyyət çox ağır olaraq qalmaqdadır. Bitki mühafizəsi texnologiyası öyrənilmədiyindən həyata keçirilən tədbirlər ətraf mühiti zəhərli maddələrlə çirkləndirir, başqa torpaq mülkiyyətçilərinə böyük ziyanlar vurur. Bəlkə də artıq bizdə bir çox karantin xəstəliklərinin, zərərvericilərinin və alaq otlarının geniş şəkildə yayılmasına münbit şərait yaranmışdır. Buna misal olaraq taxılçılıqda bu sahə ilə bağlı bir çox xəstəliklərin, tərəvəz, gül və bağçılıq sahələrində zərərvericilərin və digər alaq otlarının artması, Kolorado böcəyinin, dövlət fondu torpaqlarında və ayrı-ayrı təsərrüfatlarda çəyirtkələrin sürətlə inkişaf edərək yayılmasını göstərmək olar.
Yekun olaraq demək istəyirəm ki, bitki xəstəlikləri və zərərvericilərə, alaq otlarına qarşı həyata keçirilən tədbirlərin monitorinqi mütəmadi aparılmadığından pestisidlərin, aqrokimyəvi maddələrin və digər bitki mühafizəsi preparatlarının satışı və tətbiqi ilə məşğul olan insanlarda bir növ arxayınçılıq yaratmışdır. Nə qədər ki bu sahələr ciddi nəzarətə alınmayacaq, bu dəhşətli vəziyyət davam edəcəkdir. Bu mənada dünyada müxtəlif zərərvericilərin, xəstəlik törədicilərinin sürətlə artdığı bir dövrdə müzakirə üçün bizə təqdim edilən Fitosanitar nəzarəti haqqında qanun layihəsi çox lazımlı, qəbul olunması vacib olan hüquqi sənəddir. Bizim həyatımız, sağlamlığımız, gələcək nəsillərin taleyi məhz belə qanunların qəbulundan və ciddi şəkildə icrasından asılıdır. Mən də bunun qəbul olunmasına tərəfdaram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Komissiyanın sədri hörmətli Eldar müəllim Fitosanitar nəzarəti haqqında qanun layihəsinin mahiyyəti haqqında ətraflı və məzmunlu məruzə etdi. Qloballaşma və sivilizasiya dünyada inkişafın sürətlənməsinə imkan yaradır. Lakin sivilizasiya bəzən bəşəriyyət üçün fəlakətli olan fəsadlara gətirib çıxarır.
Ətraf mühit və insan sağlamlığının qorunması cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Mövcud ehtiyatlardan kortəbii istifadə, onların bir yerdən digər yerə plansız surətdə aparılması müxtəlif, iqtisadi cəhətdən təhlükəli problemlərin yaranması ilə nəticələnir. Bunların qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan çox mühüm hüquqi sənəd kimi Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi təqdirəlayiqdir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin artırılmasında bitki mühafizəsi və karantin tədbirləri böyük əhəmiyyət kəsb edir.
Ümumi müddəalardan göründüyü kimi, qanun layihəsinin qəbul edilməsi və ona nəzarət respublika ərazisində fitosanitar vəziyyətin daha da yaxşılaşmasına və güclənməsinə səbəb olacaqdır. Yerlərdə vəziyyət heç də, İltizam Əkbərlinin dediyi kimi, qorxulu deyil. Lakin onun dediklərində bəzi amillər var ki, bu qanunun qəbul edilməsi həmin vəziyyətin aradan qaldırılmasına şərait yaradacaqdır.
Qanun layihəsi bitki mühafizəsi və karantin tədbirlərini tam əhatə edir və günün tələblərinə cavab verir. Qanun layihəsinin komissiyada müzakirəsi zamanı biz ortaya çıxan bəzi çatışmazlıqları çalışmışıq ki, aradan qaldıraq. Əgər millət vəkilləri əsaslı təkliflər irəli sürərlərsə, onlar növbəti oxunuşda nəzərə alınacaq. Mən də bu qanun layihəsinə Aqrar siyasət daimi komissiyasının üzvü kimi səs verəcəyəm. Eyni zamanda hörmətli deputat həmkarlarımı da səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim bu mikrofondan ilk dəfə istifadə etdiyimi nəzərə alaraq gecikmiş təbrikimi, hesab edirəm ki, təbii qarşılayarsınız. Sizlərə milli dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın rifah halının yüksəlməsi naminə səmərəli fəaliyyət, uğurlar arzulayıram! Müzakirə olunan qanun layihəsinin aktuallığı, məncə, heç kimdə şübhə yaratmır. Dünyanı bürüyən quş qripi xofunu yaşadığımız bir zamanda bizim də bitkilər, quşlar vasitəsi ilə hər hansı yeni bir bəla ilə üz-üzə qalmayacağımıza heç bir zəmanət yoxdur.
Sürətlə qloballaşan dünya həm də öz inkişafı ilə bəşəriyyətə çox ciddi problemlər gətirir. Dünyanın bir küncündə baş qaldıran epidemiya sürətlə bütün Yer kürəsini bürüməyə qadirdir. Artıq bioloji təcavüz, bioloji ekstremizm ölkədə xalqlar üçün real təhlükəyə çevrilib. Ona görə bitki aləminin sağlamlığını nəzarətdə saxlamaq həyati, vacib zərurətdir. Bunu elə bir neçə il öncə, burada Eldar müəllimin qeyd elədiyi kimi, bizim ölkənin də bitki aləmində baş verən hadisələr təsdiqləyir. Əgər xatırlayırsınızsa, 2003-cü ildə ölkənin yaşıl bitki örtüyünü Mərakeş çəyirtkələri, taxıl zəmilərini isə “taxıl böcəyi”, “məftil qurdu” deyilən həşəratlar bürümüşdü. Bu məlumatları ölkə ictimaiyyəti cəbhə bölgələrindən gələn xəbərlər qədər həyəcanla izləyirdilər.
Başqa bir misal. Taxılın məhsuldarlığını kəskin aşağı salan xəstəliklərdən ən təhlükəlisi pas xəstəlikləridir. Son dövrlərə kimi, bizim yerli taxıl növlərində bu xəstəliklər qeydə alınmamışdı. Lakin 90-cı illərin sonlarında xaricdən ölkəyə yeni növlər gətirildikdən sonra yerli növ taxıl xəstəliyə düçar olmuş və onun məhsuldarlığına ciddi xələl gətirilmişdi.
Qeyd edildiyi kimi, qanun layihəsi əvvəllər məclis tərəfindən qəbul olunmuş üç qanunun bazası əsasında formalaşdırılmışdır. Bu isə qanunvericiliyin təkmilləşməsi, həm də onun icrasının həyatiliyinin təmin edilməsi nöqteyi-nəzərindən, məncə, məntiqi bir yanaşmadır. Bizim qanun layihəsinə öz komissiyamızda baxdığımız dövrdə bir neçə iradımız olub. Birinci oxunuş üçün təqdim olunan layihədə iradlar nəzərə alınmışdır. Mən bir neçə məqamı qeyd etmək istəyirəm. Özümün həmin komissiyada təqdim etdiyim prinsipial məqamı xatırlamaq istəyirəm. Qanunun qeyri-dövlət fitosanitar xidmətinə həsr olunmuş YI fəslində belə bir əlavənin maddəyə daxil edilməsini vacib hesab edirəm: “Dövlət fitosanitar nəzarəti funksiyasında lisenziyalaşmış qeyri-dövlət fitosanitariya subyekti həyata keçirilə bilər”. Mənə elə gəlir ki, gələcəkdə fitosanitariya nəzarətinin məhz effektli olması üçün belə bir rəqabətin yaranması çox vacibdir.
Qanunun ilk fəslində qeyd elədiyimiz bir çatışmazlığın yenə də yer aldığını xatırlatmaq istəyirəm. Qanun layihəsinin 1.0.2-ci maddəsində “bitki karantini” anlayışına tərif verilir. Bu tərifdə hələ məlum olmayan 1.0.4-cü maddədə xatırlanan karantin altında olan materiallar anlayışından istifadə edilir. Mənim bunu xatırlatmaqda məqsədim odur ki, əvvəllər qəbul olunan qanunlarda da bu çatışmazlıqlar bizim həmkarlarımız tərəfindən qeyd olunmuşdur. “Tərif” sözünün özü o deməkdir ki, məlum olmayan bir anlayışa məlum olan anlayışlar vasitəsi ilə izahat verilsin, aydınlıq gətirilsin.
Qanunun ən müsbət cəhətlərindən biri 23-cü maddədə pestisit ehtiyatlarının yaradılması və saxlanması ilə bağlı müddəada öz əksini tapmışdır. Eldar müəllim də bunu qeyd elədi. Təəssüf ki, əvvəllər qəbul olunan “Taxıl haqqında”, “Toxumçuluq haqqında” qanunlarda analoji olaraq fondların yaradılması nəzərdə tutulmuşdu. Lakin bu günə kimi ölkədə nə Taxıl Fondu, nə də Toxum Fondu formalaşdırılmamışdır. Mən elə hesab edirəm ki, həssas məqamda belə fondların ölkədə yaradılmasına böyük ehtiyac var. Qanun birinci oxunuş üçün bütün tələblərə, demək olar ki, cavab verir. Mən öz həmkarlarımı konseptual cəhətdən bütün parametrləri ödədiyi üçün bu qanun layihəsinə səs verməyə çağırıram.
İndi yaz-tarla işlərinin başlanğıcıdır. Göründüyü kimi, bu qanun layihəsi də aqrar sahə ilə bağlıdır. Ümumiyyətlə, son zamanlar ölkəmizdə ən geniş müzakirəyə səbəb olan fikirlərimi həmkarlarımla bölüşmək istəyirəm. Elə bu məsələ də aqrar siyasətlə əlaqədardır. Tarif Şurasının qərarı ilə enerji daşıyıcılarının, konkret olaraq dizel yanacağının qiymətinin qaldırılmasının ölkədə qızğın diskussiyaya səbəb olmasını bir çox hallarda sifarişli, qərəzli tərəflərə yozanlar tapılır. İstənilən qiymət dəyişməsini süngü ilə qarşılayan populist mövqe heç bir ciddi siyasətçi, xüsusən də iqtisadçı tərəfindən müsbət qəbul edilə bilməz. Ölkəmiz bazar münasibətlərinə əsaslanan dünyaya inteqrasiya olunacaq inkişaf yolunu seçib.
XX yüzilliyin ikinci yarısında dünyada baş verən proseslərin nəticələri məhz bu yolun alternativsizliyini ortaya qoydu. Bəli, biz dünya iqtisadi sisteminə qoşulan bazar iqtisadiyyatı qurmaq yolunu özümüz üçün düzgün sayırıq. Bunun da öz qanunları var. Bu yol inkişafa o vaxt aparır ki, qanunlara əməl edilsin. Yəni biz ölkəmizdə bazar münasibətləri çərçivəsində dünyaya inteqrasiya olunacaq inkişaf yolunu seçmişiksə, onda bazarın şərtləri çərçivəsində yaşamağa məhkumuq.
Açıq bazar münasibətlərində olan ölkələr arasında sərvətlərin hərəkəti orta məktəbdən hamıya məlum olan birləşmiş qablarda mayelərin hərəkəti ilə izah edilə bilər. Yəni qiymətlər aşağı olan ölkələrdən həmin sərvətlər qiymətlər yüksək olan ölkələrə aşkar və gizli axıb gedir. Bu isə milli sərvətimiz olan neft məhsulları ilə baş verirsə, dövlətimizə bunun vurduğu zərərin əlavə şərhə ehtiyacı yoxdur. Yəni ölkədə möhkəm xarici təsirlərdən azad iqtisadiyyat qururuqsa, daxili qiymətlərin dünya bazar qiymətlərinə uyğunlaşdırılması zərurətdir.
Başqa bir həqiqət də var. Alman filosofunun dediyi kimi, bu yolda vannadakı çirkli su ilə birlikdə sağlam, dünyaya təzə gəlmiş körpəni də tullamaq olmaz. Bizim misalda vannadakı çirkli su daxili qiymətlərin dünya qiymətlərindən aşağı olması səbəbi ilə milli sərvətimizə vurulan zərbədirsə, sağlam körpə isə ölkədə artıq formalaşmış insanların fərdi ailə iqtisadiyyatı, addım-addım yüksələn dolanacağı, mövcud həyat səviyyəsinin qorunmasıdır.
Birmənalıdır ki, qiymətlərin vacib olaraq liberallaşdırılması ölkədə 800 mindən artıq olan pay-torpaq mülkiyyətçilərinin formalaşdırdıqları təsərrüfatlarına zərbə vurmamalıdır, çünki bunun üçün ölkədə real zəmin var. Azərbaycan ümumi daxili məhsul artımı sürətinə görə dünyada liderlik edir. Bu bir daha təsdiqləyir ki, büdcəmizin maliyyə problemi yoxdur.
Son qiymət artımı heç də bir çox ölkələrdə olduğu kimi, büdcənin maliyyə kəsirini həll etmək zərurətindən yox, məhz xarici bazarla daxili bazar qiymətlərinin kəskin fərqi nəticəsində sərvətlərimizin qorunması zərurətindən yaranmışdır. Deməli, qiymət artımından əldə edilmiş əlavə maliyyə vəsaiti bu qeyri-dəqiq hesablamalara görə kənd təsərrüfatı sektorunda 45 milyon yeni Azərbaycan manatı təşkil edir. Onun subsidiya şəklində fermer təsərrüfatlarında kəndliyə yönəltmək imkanı realdır. Bunun həyata keçirilməsini dövlət başçısının apardığı iqtisadi siyasətin ən mühüm amili də tələb edir.
Bu siyasət, birinci, ölkədə qeyri-neft sektorunu inkişaf etdirməkdən, ikinci, məclisimizin birinci iclasında cənab Prezidentimizin xüsusi vurğuladığı kimi, hər bir Azərbaycan ailəsinin həyat səviyyəsini zənginləşdirməkdən ibarətdir. Ona görə də hökumətin həyata keçirdiyi bütün tədbirlər son nəticədə bu iki mühüm amilin reallaşmasına xidmət etməlidir. Yəqin ki, həmkarlarım da razılaşar ki, dizel yanacağının qiymətinin dəyişməsi ən böyük təsirini torpaq adamlarına, fermerlərə, bir sözlə, kənd camaatına göstərir. Çünki kənd təsərrüfatı texnikasının mütləq əksəriyyəti dizel yanacağı ilə işləyir. Təxmini hesablamalara görə, 1 hektar tütün, pambıq, tərəvəz, taxıl sahələrinin becərilməsinə məhsul götürülənə qədər 100 və 300 litr intervalında yanacaq tələb olunur. Azərbaycan kəndlisinin, torpaq mülkiyyətçisinin xüsusən yaz-tarla işləri ərəfəsində mütləq subsidiya şəklində köməyə ehtiyacı var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gündəlikdən bir az kənara çıxdınız, amma birinci dəfə idi. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, Azərbaycanda quş qripi indi-indi yayılan xəstəlikdir. Amma uzun illərdir bitki qripi əslində yayılıb və bizim bunun haqqında heç bir həyəcanımız, heç bir narahatlığımız yoxdur. Təbabətdə cərrahiyyə hansı mənaya gəlirsə, ümumiyyətlə, kənd təsərrüfatı sahəsində də bitki mühafizəsi o mənaya gəlir.
Azərbaycanda bitki mühafizəsi ən çox başlı-başına buraxılmış, ən çox anarxiya içində olan sahədir. İllərdən bəridir ki, bu sahədə, ümumiyyətlə, qeyri-peşəkar fəaliyyətin qabarıq görünməsi, heç bir profilaktik tədbirin görülməməsi çox ciddi, həyəcanlı tədbirlərin görülməsini tələb edir. Bu gün üç qanunun müddəalarının birləşdirilərək bir qanunda daha lakonik formada əhatə olunması, olduqca vacibdir. Qanun layihəsi birinci oxunuşun tələblərinə konseptual cəhətdən cavab verir.
Bir şeyi də qeyd eləmək istəyirəm. Ümumiyyətlə, bu sahədə hələ problemlər diqqət mərkəzinə gətirilmir. Gəncədə Bitki Mühafizəsi üzrə elmi-tədqiqat institutu var. Bir neçə müddət öncə burada problem qaldırdılar ki, respublika ərazisində kartof güvəsi geniş yayılıb və sürətlə inkişaf eləməyə başlayır. Amma bunu gizlətməyə başladılar. Ümumiyyətlə, bizdə tibb sahəsində olan bəzi xəstəlikləri gizlətmə ənənəsinin sonrakı fəsadlarını başa düşməmək, anlamamaq var. Bu da, görünür, məsuliyyətsizlikdən, müəyyən vəzifəli şəxslərin özlərinin gələcəkdə hansı məsuliyyət yükünü daşımağını başa düşməməkdən irəli gəlir. Bir çox digər sahələrdə də bu cür problemlər var.
Mən vaxtı çox almaq istəmirəm. Eldar müəllim qanun layihəsi haqqında çox yüksək səviyyədə və əhatəli məlumat verdi. Mənə elə gəlir ki, ora bizim ciddi əlavələrimiz yoxdur. Amma bir çox nöqsanlar var ki, onlar qanunun yazılma üslubu, terminlərlə bağlıdır. Mən onların bir neçəsini qeyd eləmək istəyirəm.
Rus dilindən bəsit, aşağı səviyyəli tərcümələr edilibdir. Məsələn, “Karantinnıy material” ifadəsini “karantin altında olan material” kimi tərcümə eləyiblər. Bu, elə bil, “evin altında zirzəmi” mənasına bənzəyir. Açıq-aşkar, yəni “karantin nəzarəti” olmalıdır. Qanunun adının özü, məncə, düzgün deyil, “Fitosanitar nəzarəti haqqında” yox, “Fitosanitar xidməti haqqında” olmalıdır. Çünki nəzarət özü xidmət işində yer alan bir istiqamətdir. Ona görə bunun adına yenidən baxmağa ehtiyac var.
Qanunda bir çox məsələlərdə dəqiqləşdirmələr aparılmayıb. O dəqiqləşdirmələr nə ilə bağlıdır? Məsələn, burada ümumi şəkildə xəstəliklərdən söhbət gedir, amma onların açıqlanması verilmir. Bu sahədə xəstəliklərin ümumi adı da olmaqla yanaşı, hesab edirəm ki, “karantin zərərverici” və “alaq otları” məsələsi də burada xüsusi qeyd olunmalıdır. Çünki bitki mühafizəsi sahəsində ən təhlükəli problemlərdən biri də budur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 249-cu maddə var. Həmin maddə: “Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma” adlanır. Orada baytarlıq, bitki xəstəliklərinə və ya ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan şəxsləri iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, bir də şərti əmək haqqı məbləğinin müəyyən misli qədər cərimə cəzası gözləyir. Bu cür əməllərin böyük əksəriyyəti qəsdən törədilir. Pul mənimsəmək, əldə olunan dövlət vəsaitinin yalandan guya başqa sahəyə xərclənməsini göstərməklə mənimsəmək üçün həyata keçirilir.
Meşələrdə, başqa yerlərdə ağacları qəsdən qurudaraq, onları öz istifadəsi üçün lazım olan səviyyəyə gətirməyə çalışırlar. Bu kimi əməllər qəsdən törədilir. Ona görə də mən hesab edirəm ki, bu qanunla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də olan maddəyə bir daha baxılmalıdır və burada sanksiya hissəsində ciddi dəyişikliklər olmalıdır. Bu sanksiya hissəsində dəyişikliklər, mənə elə gəlir ki, qəsdən bu əməllərin törədilməsi məsələsi burada öz əksini tapmalıdır. Çünki bu, təkcə ehtiyatsızlıqdan baş vermir.
Qanun layihəsini birinci oxunuşda qəbul etmək olar. Hərçənd ki, burada üslubi, qrammatik səhvlər var. Mən hesab edirəm ki, bizə təqdim olunan qanun layihələrində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Məclisə daha sanballı, daha hazır variantın çıxarılması məqsədəuyğundur. Bu halda millət vəkilləri üçün də məsələ ətrafında müzakirələr aparmaq daha rahat olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Miri Qənbərov.
M. Qənbərov. Çox sağ olun, cənab spiker, minnətdaram. Qanun layihəsi bizim komissiyada geniş müzakirə olunubdur. Üç dəfə yığışan komissiya üzvləri iclaslarda müzakirə zamanı, doğrudan da, hər bir maddəyə geniş baxıblar. Baxmayaraq ki, istər kənd təsərrüfatı nazirinin müavini, istər gömrük idarəsinin şöbə müdiri bizim komissiyanın iclasında iştirak etdiyi zaman bir sıra dəyərli təkliflər verdilər. Onların əksəriyyəti komissiya tərəfindən qəbul olundu. Orada araşdırma zamanı deyilən nöqsanların çoxu aradan qaldırıldı. Mən onu ayrı-ayrılıqda təkrar etməyə ehtiyac duymuram.
Bizim hörmətli Valeh müəllimin, doğrudan da, qanun layihəsində buraxılan orfoqrafik, başqa cümlə səhvlərinin aradan qaldırılması üçün dəyərli təklifləri oldu. Növbəti müzakirə zamanı hiss etdik ki, deyilənlər, doğrudan da, nəzərə alınıbdır. Ola bilsin ki, yenə hər hansı nöqsana, səhvə yol verilibsə, mənə elə gəlir ki, qanun layihəsi bu oxunuşdan sonra bir daha müzakirə olunacaq, onun mətninə baxılacaqdır. Son nəticədə Prezident Aparatı tərəfindən də komissiyanın gördüyü işə bir daha diqqət yetiriləcəkdir. Mənə elə gəlir ki, bu, ən vacib qanun layihələrindən biridir. Kənd təsərrüfatı, ekologiya üzrə bütün sahələri əhatə edir. Elə bir sahə yoxdur ki, diqqətdən yayınsın. Ona görə mənə elə gəlir ki, bütün çıxışları nəzərə alaraq bu qanun layihəsini ikinci oxunuşa təqdim eləmək vacibdir. Deputat həmkarlarımı da buna səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Azər Əmiraslanov.
A. Əmiraslanov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə olunan qanun layihəsinin zəruriliyi ilə bağlı komissiya sədri Eldar müəllim, millət vəkilləri kifayət qədər əsaslı arqumentlərlə bu qanun layihəsinin zəruriliyini əsaslandırdılar. Mən də bir neçə məsələni konseptual cəhətdən qeyd eləmək istərdim.
Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı üçün bu gün prinsipial əhəmiyyət kəsb edən məsələlərdən biri ölkəmizin Ümumdünya Ticarət Təşkilatına daxil olmasıdır. Hazırda müşahidəçi kimi çıxış etdiyimiz bu təşkilatın ölkəmiz, həm də üzv olan dövlətlər qarşısında mühüm tələbləri var. Bu, ixrac subsidiyaları, bazara çıxış, daxili dəstək, fitosanitar nəzarəti və ya fitosanitar tədbirlərlə bağlı tələblərdir. Əslində, belə bir qanun layihəsinin qəbul olunması, biz hesab edirik ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı çərçivəsində danışıqlar prosesinə təkan verər və üzvlük məsələsini sürətləndirər.
Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün niyyət müraciətini bildiribdir. Üzvlükdən əvvəl artıq belə bir qanun layihəsinin qəbul və tətbiq edilməsi, istənilən halda bizim iqtisadi maraqlarımıza tam cavab verir. Başqa bir tərəfdən onu da nəzərə almalıyıq ki, bu gün dünyada qloballaşma prosesi gedir. Qloballaşma çərçivəsində beynəlxalq ticarətdə maksimum dərəcədə liberallaşma tədbirləri həyata keçirilir, başqa bir tərəfdən də qeyri-gömrük baryerləri aradan qaldırılır.
Fitosanitar nəzarəti, fitosanitar tədbirləri yeganə istiqamətdir ki, burada beynəlxalq ticarətdə məhz bu cür məhdudiyyətə yol verilir. Bunun da əsas səbəbi ondan ibarətdir ki, vətəndaşların, əhalinin sağlamlığının və ətraf mühitin mühafizəsi əsas şərt kimi götürülür. Mahiyyət etibarilə fitosanitar tədbirləri bu ticarətdə texniki baryer kimi qəbul olunur və tətbiq edilir. Mən də bu qanun layihəsinin konseptual baxımdan birinci oxunuşda qəbul edilməsini məqsədəuyğun hesab edirəm.
Bir xahişimiz ondan ibarətdir ki, Ümumdünya Ticarət Təşkilatının qəbul etdiyi müqavilə var. Həmin müqavilə məhz fitosanitar tədbirlərini əhatə edir. Çox xahiş edərdik ki, bu qanun layihəsi üzərində işləyən işçi qrup məhz həmin normaları və müqavilənin şərtlərini bu qanun layihəsində əks etdirsin. İstənilən halda biz bu təşkilata üzvlüklə bağlı bir çox qanunvericilik aktlarını təkmilləşdirməliyik. Ən yaxşı yol bundan ibarətdir ki, biz qanunverici aktlarımızı bu təşkilatın tələblərinə uyğunlaşdıraq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Lalə Abbasova.
L. Abbasova. Hörmətli Sədr, hörmətli deputatlar! Hələ seçkilər zamanı Xaçmaz rayonundakı kəndlərin alma bağlarında belə bir problem var idi ki, Türkiyədən ora dərmanlar gətirilmişdi və orada məhsul batmışdı. Gömrükdən onlara imkan vermirdilər ki, müəyyən dərmanlar gətirilsin. 2005-ci ildə Rusiyadan gələn dərmanlardan istifadə olunandan sonra məhsuldarlıq yüksəldi. Nəticədə bu il Xaçmaz rayonunun alma bağlarında bol məhsul yetişdi. Mən təklif edirəm ki, bu qanunda elə bir məsələ qaldırılsın ki, müəyyən regionların kənd təsərrüfatı sahələrində laboratoriyalar yaradılsın və gətirilən dərmanlar yoxlanılsın, təsərrüfatlarda onlardan, keyfiyyəti təyin edildikdən sonra istifadə olunsun.
Sədrlik edən. Valeh Ələsgərov. Valeh müəllimin bu sahədə çox böyük əməyi olub.
V. Ələsgərov. Çox sağ olun, cənab Sədr. Qanun layihəsi ətrafında gözəl müzakirə keçdi. Mən bu qanun layihəsinin komissiyada müzakirəsində iştirak eləyəndə zaman məhdudiyyətinə görə hər şeyi deyə bilmədim. Sağ olsunlar ki, dediklərimdən bəzi şeyləri nəzərə alıblar. Müzakirələr zamanı deyilən təkliflər, iradlar nəzərə alına bilərdi. Yaxşı olardı ki, onları sözlə yox, yazılı şəkildə verəydilər. Verilən təklif gərək əsaslandırılsın, onda heç kimin incikliyi də olmaz ki, mən dedim, eşitmədilər. Çünki sözlə deyiləni sabah yazılı şəkildə əks etdirmək bir o qədər asan deyil. Ona görə xahişim ondan ibarətdir ki, təklifləri, iradları yazılı, həm də əsaslandırılmış şəkildə təqdim edəsiniz və komissiya onlara baxıb, qanunun məzmununa uyğun olanları qəbul eləsin. Bu bir.
Bir də ki, bütün komissiyalara aid, ola bilsin ki, səhv eləyirəm, bir təklifim var. Azərbaycan Respublikası qanunları layihələrində “monitorinq”, “herbari”, “kolleksiya”, “tara”, “monolit”, “investisiya”, “deqazasiya” və sair sözləri görəndə mən bir az özümü incik hiss eləyirəm. Ola bilsin, “elektrik”, “kompressor”, “generator” sözlərini artıq əvəz eləmək olmur. Amma dədələrimiz, babalarımız “investisiya” deyib? Bu söz “xarici sərmayə” kimi niyə işlənməsin? Avropanın heç xəbəri var ki, biz “kredit”, “bank”, “investisiya” işlədirik? Azərbaycan dilində hər sözün, yəqin ki, qarşılığı var. Bir xahişim də odur ki, xarici sözlərdən az istifadə eləyəsiniz. Çox sağ olun.
Sədrlik edən. Məclisin iclasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev iştirak eləyir. Buyurun.
B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, bu gün bizim üçün ən önəmli olan məsələ fitosanitar problemidir və bunun haqqında qanun qəbul edilir. Bu qanunun əsas müddəaları burada səsləndi. Hörmətli Eldar müəllim də bu barədə elə danışdı ki, artıq yeni fikir söyləmək də çox çətindir. Amma bu sözlərin ifadəsi ilə bağlı olaraq mən də bir neçə məsələni nəzərinizə çatdırmaq istəyirəm. Kənd təsərrüfatında aqrar siyasətin əsas atributlarından biri ərzaq təhlükəsizliyi, ikinci, rəqabət prinsipi, risk, sosial sahənin əhəmiyyəti və bir də idxalın azaldılması, ixracın stimullaşdırılması məsələsidir. Bu məsələ ilə bağlı birinci və axırıncı müddəalar burada öz əksini tapır.
Aqrar siyasətin inkişafında əsas ərzaq təhlükəsizliyi problemi və idxalın azaldılması, ixracın stimullaşdırılması problemi bilavasitə fitosanitar xidmətinin təşkili ilə bağlıdır. Ona görə mən elə hesab edirəm ki, bu gün qəbul edəcəyimiz qanun layihəsi üçün sizin dəstəyiniz bu məsələ üçün çox vacibdir. Bundan əlavə onu demək istəyirəm ki, burada Ümumdünya Ticarət Təşkilatının adı səsləndi. Bu qanunun işlənməsində FAO təşkilatının da böyük köməyi olmuşdur. Burada iştirak edən işçi qrupu bir çox məsələlərin həlli, onların dünya standartlarına yaxınlaşdırılması ilə bağlı öz tövsiyələrini vermişdir. Bunları nəzərə alaraq hörmətli millət vəkilləri buna dəstək olsunlar və qanunun qəbul edilməsinə kömək göstərsinlər.
Sədrlik edən. İcazə versəniz, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Şahin Bağırov da fikrini bildirər, sonra qanun layihəsini səsə qoyarıq.
Ş. Bağırov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkilat Baş idarəsinin rəisi.
Hörmətli sədr, hörmətli deputatlar! Mən də çalışacağam qısa danışım. Qeyd etmək istərdim ki, ümumiyyətlə, fitosanitar nəzarəti məsələlərinin ölkəmizdə həyata keçirilən iqtisadi tədbirlərlə bilavasitə aidiyyəti olduğuna görə Dövlət Gömrük Komitəsi də bu qanun layihəsinin Aqrar siyasət daimi komissiyasında keçən müzakirəsində iştirak etmişdir. Bizim bir sıra təkliflərimiz var, onlar təqdim edilmiş redaksiyada nəzərə alınmışdır. Əsas təklifimiz ondan ibarət olmuşdur ki, qanun layihəsinin müəyyən hissələri, daha doğrusu, üçüncü fəsli və digər maddələri beynəlxalq standartlara uyğunlaşdırılsın. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanununa əsasən, ölkəmizin üzv olduğu sərhədlərdə yüklərin nəzarətdən keçirilməsinin şərtləri qoşulduğumuz beynəlxalq Konvensiyanın müddəalarına uyğun gəlməlidir. Bu sahədə təqdim edilmiş redaksiyada müəyyən işlər aparılmışdır. Hesab edirəm ki, gələcəkdə qüvvəyə minəcək qanun əsasında ölkəmizdə qoruyucu tədbirlərin optimal surətinin həyata keçirilməsinə daha da əlverişli şərait yaradılacaq, bu sahədə əlaqələndirici iş aparılacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Komissiya sədrinin sözü yoxdur ki?
E. İbrahimov. Mən burada çıxış edən, təklif verən hörmətli həmkarlarımın hamısına komissiyamızın adından minnətdarlığımı bildirirəm. Azər müəllimin konvensiya ilə əlaqədar olaraq dediyi məsələləri gərək nəzərə alaq. Valeh müəllim komissiyanın iclasında danışdı. O, əlbəttə, doğru deyir. Aqrar siyasət daimi komissiyasının qanunlarının müddəaları aydın və rəvan dildə olmalıdır. Onları təkcə mütəxəssis deyil, kənddəki insanlar da oxuyanda başa düşməlidirlər. Biz həmişə ibarəli sözlərdən, terminlərdən qaçmışıq. Amma nə qədər olsa belə, sahə ilə əlaqədar bir sıra məsələlərdə beynəlxalq terminlərdən qaça bilmirik. Valeh müəllimin dedikləri barədə gərək bir daha fikirləşək.
Valeh müəllimin, həmkarlarımın dediklərindən sonra xeyli məsələlər düzəlib. Amma bu gün qanun layihəsində şəxsən komissiya çox böyük nöqsanlar görür. Bəlkə də hörmətli həmkarlarım təvazökarlıq etdilər, çoxunu demədilər. Mən xahiş edirəm ki, qoy onlar iradlarını yazılı surətdə versinlər. Çünki bunlar təkcə sahə qanunu deyil, ümummilli qanundur. Ümumdövlət mənafeyi baxımından bu, lazımlı qanundur. Nə qədər çox təklif olsa, qanun daha da təkmilləşər və daha yaxşı işləyər. Bir daha komissiyamızın adından minnətdarlığımızı bildiririk. Deyilən təkliflərin bütün münasib olanlarını çalışıb ikinci oxunuşda nəzərə alacağıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif var ki, qanun layihəsini birinci oxunuşda səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.05 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  1
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. İkinci günə kimi tənəffüs elan edilir. Bilirsiniz ki, ikinci gün Azərbaycan hökumətinin hesabatı olacaq. Xahiş edirəm, hesabatın müzakirəsində fəal iştirak edəsiniz. Çox sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU