13.11.2008 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
X SESSİYASI İCLASININ
PROTOKOLU № 95
Mill Məclisin iclas salonu.
13 noyabr 2008-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik edir
İclasda Milli Məclisin 89 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin səlahiyyətlərini icra edən.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi direktorunun səlahiyyətlərini icra edən.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli Qanununun qüvvədə olma müddətinin uzadılması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
* * *
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilmişdir.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
13 noyabr 2008-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Müzakirələri davam etdiririk. Əhməd Vəliyev.
Ə. Vəliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Vaxtın azlığını nəzərə alaraq büdcə layihəsinin bəzi məqamlarının qısa xronologiyasından sonra birbaşa təkliflərimi vermək istərdim.
Büdcə zərfi bizə təqdim olunarkən rəhbərlik etdiyim Odlar Yurdu Universitetinin Heydər Əliyev kursunun tədqiqat mərkəzində mütəxəssislərin müzakirəsinə verilmiş, təhlillər və müqayisələr aparılmışdır. Müzakirədə qeyd olunmuşdur ki, 2009-cu ilin büdcəsinin 2003–2008-ci illərin büdcələri ilə müqayisəsinə diqqət yetirsək, hörmətli Prezidentimizin rəhbərliyi ilə növbəti 5 ildə də ölkəmizin fantastik inkişafını görmək elə də çətin deyil. Qanun layihəsi ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun hazırlanmış, burada elmi tədqiqat xarakterli əsərlərdəki kimi geniş şəkildə təhlillər və müqayisələr aparılmışdır.
Büdcəmiz sosial yönümlüdür. Belə ki, layihədə yoxsulluq səviyyəsinin azaldılması, minimum əmək haqlarının artırılması, pensiyaların baza hissəsinin yaşayış minimumu həddinə yaxınlaşdırılması, təhsil müəssisələrində əmək haqqı sisteminin təkmilləşdirilməsi, eyni zamanda, ilk dəfə olaraq kütləvi informasiya vasitələri üçün 13 milyon manat, sosial ipoteka üçün 14,5 milyon manat ayrılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin daha 5 il uzadılması və sair nəzərdə tutulmuşdur. Bütün qeyd olunanlar ulu öndərimizin sabit məmləkət, qüdrətli, rifahlı millət strategiyasının həyata keçirilməsinə istiqamətlənmişdir.
Hökumətin burada olmasından istifadə edərək bəzi təkliflərimi vermək istərdim. Bilirsiniz ki, xalqımızın, millətimizin, dövlətimizin gələcəyi bugünkü gənclərlə bağlıdır. Ulu öndərimiz demişdir ki, “sabah kim olması bu gün də məlum olmayan gənclərə qarşı çox diqqətli olmaq lazımdır”. Ona görə də gənclik bütövlükdə hörmətli Prezidentimiz İlham Əliyevin qayğısı ilə əhatə olunmuşdur. Bu baxımdan təhsil sahəsində çox böyük işlər görülür, islahatlar aparılır, Avropa təhsil sisteminə inteqrasiya istiqamətində addımlar atılır, müxtəlif proqram və layihələr həyata keçirilir, Prezidentimizin və Heydər Əliyev Fondunun köməkliyi ilə təhsil müəssisələrimizin maddi-texniki bazası dünya standartlarına uyğunlaşdırılır. Yüksək bal toplamış tələbələrə Prezident təqaüdləri verilir, gənclərimizin xarici universitetlərdə dövlət hesabına təhsil almasına şərait yaradılır və sair.
Yeri gəlmişkən, həmkarım İqbal Ağazadənin fikrinə münasibətimi bildirmək istərdim. İqbal müəllim qeyd etmişdi ki, 700 bal toplamış tələbəyə Prezident təqaüdü təyin olunmasından başqa heç bir güzəşt edilməyib. Olimpiya çempionuna isə 100 qat artıq güzəşt edilibdir. Mən hesab edirəm ki, bu fikir düzgün deyil. Ona görə ki, hörmətli Prezidentimiz 700 bal toplamış tələbəmizi Prezident təqaüdündən əlavə, evlə də təmin edibdir. Bunu hamımız bilirik. Eyni zamanda, hamı gözəl bilir ki, respublika çempionu ilə dünya çempionu arasında 100 dəfə fərq var. Düşünürəm ki, əgər təhsil, elm sahəsində hər hansı bir gəncimiz yüksək səviyyəli uğur qazanırsa, hörmətli Prezidentimiz ona idmançılara göstərdiyi diqqət və qayğıdan bəlkə 100 dəfə artıq diqqət və qayğı göstərir.
Görülən bu işlərlə yanaşı, bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. Düşünürəm ki, təhsilə ayrılmış vəsait çərçivəsində yüksək qabiliyyəti olan tələbələrlə zəiflər arasında fərq qoyulması və bu gənclərin əsl mütəxəssis kimi formalaşması üçün bir stimul olmalıdır. Dövlətin müəyyən vəsait müqabilində hazırladığı mütəxəssis gələcəkdə öz əmək fəaliyyəti ilə həmin vəsaiti qaytara bilməlidir. Ona görə də ən qabiliyyətli tələbələr dövlət hesabına, zəiflər isə öz hesabına oxumalıdırlar. Bu baxımdan zəiflər üçün nəzərdə tutulmuş vəsait qabiliyyətlilərin daha yaxşı təhsil almasına istiqamətləndirilməlidir. Tələbələrin təhsili üçün ayrılmış vəsait təhsil müəssisələrinə yox, tələbələrin hansı universitetlərə daxil olmasından asılı olaraq həmin tələbənin adına universitetlərə köçürülməlidir. Növbəti kurslarda zəif oxuyan tələbələr büdcə ödənişlərindən çıxarılmalıdır. Bir sözlə, qabiliyyətli fərdlərin maliyyələşdirilməsinə keçmə vaxtı çatmışdır. Belə olan halda gənclərimizdə rəqabət hissini formalaşdırmış və onların bir mütəxəssis kimi yetişməsinə stimul yaratmış olarıq. Ödənişli oxuyan tələbələrə isə müddətli təhsil kreditinin ayrılmasını təklif edərdim.
Məlumdur ki, bu gün gənclərimizin evlə təminat məsələsi də bir problem olaraq qalmaqda...
Sədrlik edən. Çox sağ olun. Sizin xahişinizlə 5 dəqiqəlik reqlamentə keçdik. Çıxış edənlərdən xahiş edirəm ki, bu reqlamentə əməl etsinlər. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu gün Azərbaycanda cənab Prezidentin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də çox uğurlu siyasət aparılır. Bu gün müzakirə etdiyimiz büdcə layihəsi həmin uğurların bir növ aynasına çevrilən əhəmiyyətli bir sənəd və inkişafımızın əyani göstəricisidir. Mən, təbii ki, büdcə layihəsinin lehinə səs verəcəyəm.
Vaxt darlığından mən büdcə haqqında geniş danışmayıb, qısaca olaraq öz təkliflərimi və bir neçə xahişimi nəzərinizə çatdırmaq istəyirəm. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasət ondan ibarətdir ki, xarici siyasət sahəsində də çox ciddi uğurlar qazanılmalı və bu uğurların sayı artmalıdır. Şübhəsiz ki, burada Xarici İşlər Nazirliyinin üzərinə böyük bir iş düşür.
Diqqətinizi ölkəmizin xaricdə lazımınca və layiqincə təmsil olunması məsələsinə çəkmək istəyirəm. Məncə, bu, diplomatiyanın, beynəlxalq danışıqların ana xəttini təşkil edir. Bu gün Azərbaycanın xaricdə 55-dən çox səfirliyi və nümayəndəliyi mövcuddur. Onlar çox əhəmiyyətli siyasi-diplomatik fəaliyyətlə bərabər, mədəni tədbirlər də həyata keçirirlər. Həmin ölkələrdə səfirliklərimiz tərəfindən Azərbaycanın dövlət bayramları, milli günləri qeyd edilir, böyük ziyafətlər təşkil olunur və bura müxtəlif ölkələrin diplomatik korpusu, çoxsaylı qonaqlar dəvət edilirlər.
Bu tədbirlərin yaddaqalan bir atributu da milli mətbəxdir. Lakin onun tanıdılmasında bir boşluq var. Bu boşluq üzündən səfirliyin işçiləri böyük bir problem yaşayırlar. Ziyafətlərdə təqdim edilən mətbəx nümunələri ən yaxşı halda o ölkələrdə fəaliyyət göstərən türk, İran, yaxud Çin mətbəxindən gətirilən təamlar olur. Gəlin qəbul edək ki, təbliğatın ən əhəmiyyətli və təsiredici sahələrindən biri və bəlkə də birincisi mədəniyyətdir. Milli mətbəx isə milli mədəniyyətin ayrılmaz parçasıdır. Mənhus qonşularımızın, sadəcə, torpaqlarımıza, mədəniyyətimizə, tariximizə, musiqimizə deyil, hətta mətbəximizə belə şərik çıxıb onu özününküləşdirməyə çalışdığı bir şəraitdə həyata keçirdiyimiz bütün siyasi, diplomatik səylərimizin uğuru çox mənada təbliğat mexanizminin düzgün qurulmasından asılıdır.
Xarici səfərlərimiz zamanı şəxsən şahidi olduğumuz bu problemin səbəbini araşdırarkən məlum olur ki, hazırda heç bir səfirliyimizdə işçilərin sayının az və ya çox olmasından asılı olmayaraq aşpaz ştatı yoxdur. Bəlkə də ilk baxışda çox sadə və müzakirə üçün əhəmiyyətsiz sayıla biləcək bu məsələ, əslində, milli maraqlar baxımından xüsusi bir məna kəsb edir. Xarici İşlər Nazirliyinin büdcə xərclərini müəyyənləşdirərkən bunun nəzərə alınmasını məqsədəuyğun hesab edirəm.
İkinci xahişim təmsilçisi olduğum rayonlarla bağlıdır. Son illərdə cənab Prezidentin rəhbərliyi ilə regionların iqtisadi inkişafı proqramı çərçivəsində ölkəmizin hər yerində böyük quruculuq, yenidənqurma işləri gedir, o cümlədən təmsil etdiyim Zərdab, Ucar rayonlarında da yollar yenidən qurulur, yeni məktəblər tikilir, suvarma sistemləri yenilənir, əhalinin içməli su təminatı yaxşılaşdırılır. Bir neçə yaşayış sahəsinə təbii qaz çəkilişi başlayıb. Mən görülən işlər üçün fürsətdən istifadə edərək başda cənab Prezident olmaqla Nəqliyyat Nazirliyinə, Təhsil Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Azəriqaz” Səhmdar Cəmiyyətinə, Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinə təşəkkür edirəm. Eyni zamanda, demək istəyirəm ki, rayonun digər kəndləri də içməli su, təbii qaz təminini, əkin sahələrinin suvarılmasını, rayon mərkəzini kəndlərə bağlayan əsas yolların və kənd yollarının yenidən qurulmasını, yeni məktəblərin tikilməsini səbirsizliklə gözləyirlər. Bu kəndləri indi vaxt darlığı üzündən burada sadalamıram. Sonra onların siyahısını əlaqədar nazirliklərə yazılı müraciətimlə birlikdə verəcəyəm. Bəzilərində artıq bu müraciət var.
Digər məsələ kənd təsərrüfatı sahəsi ilə bağlıdır. Dövlət başçısının aqrar sektoru stimullaşdırmaq məqsədi ilə verdiyi sərəncamlar əvəzsizdir və Kənd Təsərrüfatı Nazirliyi bu sərəncamlardan irəli gələn vəzifələri böyük bir uğurla həyata keçirir. Bunun üçün mən Kənd Təsərrüfatı Nazirliyinə də öz təşəkkürümü bildirirəm. Bununla belə, düşünürəm ki, kənd təsərrüfatının idarə edilməsini təkmilləşdirmək və daha effektli nəticələr əldə etmək üçün investisiyalar artırılmalıdır. Bu məqsədlə büdcədən daha çox vəsait ayrılmalıdır.
Çıxışımın sonunda 2009-cu il dövlət büdcəsinin kifayət qədər ciddi hazırlanmış iqtisadi sənəd olduğunu bir daha vurğulayaraq, xalqın rifah halının yüksəlməsinə, Azərbaycanın qüdrətlənməsinə xidmət edəcəyinə əmin olduğumu bildirir və millət vəkillərinin də təklifləri nəzərə alınmaqla təsdiq edilməsini məqsədəuyğun hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Vaxtın azlığından birbaşa təkliflərimi bildirmək istərdim. Məlum olduğu kimi, son günlərdə dünyada mövcud olan qlobal ərzaq çatışmazlığı get-gedə güclənməkdə və getdikcə daha artıq ölkəni əhatə etməkdədir. Təsadüfi deyil ki, hazırda dünyanın 40-dan çox ölkəsi öz ərzaq təhlükəsizliyini təmin etmək üçün ərzaq məhsullarının ixracına qadağa qoymuşdur.
2008-ci ildə Prezidentimizin və hökumətin həyata keçirdiyi tədbirlər ərzaq qıtlığının qarşısını almağa imkan vermişdir. Bu tədbirlər növbəti illərdə ardıcıl davam etdirilərək əhalinin tələbatının daha çox daxili istehsal hesabına ödənilməsinə və idxaldan asılılığın minimuma endirilməsinə diqqət yetirilməlidir.
Ərzaq təhlükəsizliyinin təmin olunması kənd təsərrüfatının inkişafında önəmli yer tutur. 2008-ci ildə bu sahədə əldə olunan nəticələr qənaətbəxş olsa da, tam arxayınlanmağa əsas vermir. Hökumət kənd təsərrüfatına xüsusi qayğı ilə yanaşmalı və bu qayğı büdcədən vəsait ayrılmasında özünü göstərməlidir. Əkinəyararlı torpaq sahələrindən yalnız təyinatı üzrə, səmərəli istifadə olunması, kənar istifadələrə yol verilməsinin qarşısının alınması, əkin sahələrini daha da genişləndirmək üçün şoran torpaqların yuyulub əkinəyararlı hala salınması istiqamətində ardıcıl iş görülməlidir. Bu işlərin maliyyələşdirilməsi üçün vəsait ayrılmalıdır. Hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin birlikdə əkinəyararlı torpaq sahələrinin monitorinqini keçirməsi bu torpaqlardan təyinatı üzrə istifadə olunmasına, əkin sahələrinin xeyli genişləndirilməsinə imkan verərdi.
Taxılçılığın inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Taxıl məhsulu əhalinin çörəyə tələbatını ödəməklə yanaşı, heyvandarlığın və quşçuluğun inkişafında da çox əhəmiyyətli yer tutur. Təcrübə göstərir ki, ölkəmiz yerli istehsal hesabına taxıla olan tələbatını ödəməyə qadirdir. Hazırda 860 min hektara yaxın sahədə taxıl əkilir. Əkin sahəsinin 1 milyon hektara çatdırılması üçün real imkanlar vardır. Taxıl əkinini genişləndirmək və elit toxum sortlarından istifadə etməklə məhsuldarlığı artıraraq idxaldan asılılığı minimuma çatdırmaq olar.
Ölkədə kənd təsərrüfatının inkişafına kompleks şəkildə yanaşılması zəruridir. Lakin dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait aqrar sahənin, sənaye kompleksinin bütün bölmələrinin lazımi səviyyədə inkişafını təmin edəcək səviyyədə deyil. Belə ki, ölkəmizdə kənd təsərrüfatı üçün maşınqayırma sənayesi yox dərəcəsindədir. Təqdim olunan layihədə bu sahəyə vəsait ayrılması yenə də nəzərdə tutulmamışdır. Nəticədə, kənd təsərrüfatında istifadə olunan adi inventar, avadanlıq və alətlər xaricdən alınır. Bu da sonda məhsul istehsalının maya dəyərinin yüksəlməsinə səbəb olur.
Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə yanaşı, bu məhsulların istehlakçılara maneəsiz çatdırılmasına da diqqət yetirilməlidir. Məhsul istehsalçılarının bazarlara yollarını bağlayaraq onlardan məhsulları dəyər-dəyməzinə alıb istehlakçılara dəyərindən qat-qat yüksək qiymətlərlə satan işbazlardan asılılığa son qoyulmalıdır. Bu məsələlərin tezliklə həll olunması kənd əhalisinin məhsul istehsalına marağını artırar və onların şəhərə axınının qarşısını alardı.
Bu məqsədlə ilk növbədə Bakı şəhərinin bir neçə rayonunda, sonrakı mərhələdə isə Gəncə, Sumqayıt şəhərlərində alternativ bazarların təşkil olunması məqsədəuyğun olardı. Müasir tələblərə cavab verən, lazımi avadanlıqla təchiz olunan, 1000–1500 metr sahəyə malik belə alternativ bazarları İqtisadi İnkişaf Nazirliyinin və yaxud müvafiq şəhər icra hakimiyyətinin nəzdində olmaqla yeni inşa olunan binaların birinci mərtəbəsində, yaxud sərbəst tikili şəklində təşkil etmək olar. Kənar xərclərdən azad olunan fermerlər istehsal etdikləri məhsulları bu bazarlarda digər bazarlardakından 30–40 faiz aşağı qiymətə sata və qiymətlərin artırılmasının qarşısını alaraq işbazlara ciddi rəqib ola bilərdilər.
Son illərdə ölkəmizdə əhalinin bütün təbəqələrinin ehtiyacı olan təhsil, səhiyyə, mədəniyyət obyektlərinin tikintisinə və yenidən qurulmasına ciddi diqqət yetirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkilimiz Mehriban xanım Əliyevanın, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdikləri işlər təqdirəlayiqdir. Millət vəkili olduğum Bakının Sabunçu rayonunun Maştağa, Zabrat, Bilgəh qəsəbələrində bu sahədə də xeyli işlər görülmüşdür.
Bununla yanaşı, hökumət üzvlərinin və əlaqədar qurumların rəhbərlərinin burada iştirak etməsini nəzərə alaraq bir neçə məsələni diqqətə çatdırmaq istərdim. Maştağa qəsəbəsində...
Sədrlik edən. Hikmət Atayev.
H. Atayev. Çox sağ olun, Oqtay müəllim. Vaxt qıtlığını nəzərə alaraq mən də birbaşa təkliflərimdən başlamaq istərdim. Əvvəla, onu deyim ki, mən də büdcə layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm. Bir neçə məsələ haqqında öz fikirlərimi bildirmək istərdim. Zaqatalada son vaxtlar yeni, müasir tipli aeroport açılıb. Mən zaqatalılar adından, öz adımdan cənab Prezidentə və dövlətimizə təşəkkür edirəm. Ancaq bir təklifim var. Bu gün Zaqatalaya bilet 52 manatdır. Bu da əhalinin əksər hissəsində böyük problemlər yaradır. Ona görə təyyarə həftədə 3 dəfə uçsa da, tam dolu olmur. Biletlərin qiyməti aşağı düşsə və təyyarə sərnişinlərlə tam dolu uçsa, aeroporta da böyük rentabellik olar.
Digər məsələ. Məncə, bu məsələni bugünkü iclasda deməyim yerinə düşər. Ona görə ki, hörmətli səhiyyə naziri və hörmətli maliyyə naziri buradadırlar. Bu məsələ səhiyyə ilə bağlıdır. 2000-ci ildə Azərbaycanda səhiyyə sistemində pullu xidmət tətbiq olunarkən bir çox tibb müəssisələrində işçilərin vəzifə məvacibi 25 faiz kəsildi. Necə kəsildi? Bunlara izah etdilər ki, məvacibin 25 faizinin büdcədən maliyyələşdirilməsi dayandırılır və bu 25 faiz pullu xidmətdən əldə olunan vəsait hesabına ödənilməlidir. Təəssüflər olsun ki, pullu xidmətdən də kifayət qədər pul əldə olunmurdu. Ona görə 7–8 il ərzində işçilər öz vəzifə maaşlarının faktiki olaraq 75 faizini alırdılar.
2008-ci ilin yanvar ayında Səhiyyə Nazirliyi tərəfindən səhiyyə müəssisələrində pullu xidmət ləğv olunandan sonra bu problemlə yaşayan səhiyyə işçiləri hesab edirdilər ki, nəhayət, maaşlarını tam həcmdə alacaqlar. Ancaq təəssüflər olsun ki, fevral ayında onlar yenə maaşın 75 faizini aldılar. Bunlara izah olundu ki, 2000-ci ildə səhiyyədə pullu xidmət tətbiq olunarkən bunların vəzifə maaşları bunlara məlumat verilmədən 25 faiz ixtisara salınıb. Bu insanlar indiyə qədər bu problemlə yaşayırlar. Bu gün dövlətimizin imkanlarını və səhiyyə işçilərinin ağır zəhmətini, onların maaşlarının o qədər də yüksək olmadığını nəzərə alaraq, mən təklif edərdim ki, səhiyyə və maliyyə nazirləri və digər qurumlar bu məsələ ilə yaxından maraqlanıb onu həll etsinlər.
Qeyd edim ki, pullu xidmət səhiyyənin əsasən daha çox iş yükü olan sahələrində tətbiq olunurdu. Yəni bu gün iş yükü daha çox olan insanlar faktiki olaraq ən az maaş alırlar. Bu da sözsüz ki, problemlər yaradır. Təkcə Zaqatalada bu problemlə qarşılaşan 74 nəfər səhiyyə işçisi vardır. Respublika üzrə belə səhiyyə işçilərinin sayı bəlkə də minlərlədir. Mənə elə gəlir ki, bu problemi artıq həll etmək vaxtı yetişmişdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fərhad Qəribov. Yoxdur. Havva Məmmədova.
H. Məmmədova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Məndən öncə çıxış edən millət vəkillərimizin təbriklərinə qoşularaq 2008-ci il 15 oktyabr Prezident seçkilərində qazandığı möhtəşəm qələbə münasibəti ilə həm Prezidentimizi, həm də xalqımızı ürəkdən təbrik edirəm. Sonra isə hökumətimizi və bütün hökumət üzvlərimizi öz təyinatları ilə yenidən işə başlaması münasibəti ilə də təbrik edirəm.
Mən də büdcə zərfi ilə ətraflı tanış olmuşam və əminliklə deyə bilərəm ki, mükəmməl hazırlanmış büdcədir. 2009-cu il dövlət büdcəsinin layihəsi qanunvericiliyə müvafiq olaraq ölkənin orta və uzunmüddətli prioritetlərini, dövlətin iqtisadi və siyasi kursunun həyata keçirilməsi kimi məsələləri özündə ehtiva edir. Gələn ilin büdcə zərfində xalqımızın rifah halının yaxşılaşdırılması, infrastrukturun tikintisi və yenidən qurulması, ekoloji vəziyyətin yaxşılaşdırılması, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə potensialının gücləndirilməsi, mövcud resurslardan səmərəli istifadənin təmin edilməsi və sair kimi məsələlərin, demək olar ki, hamısı öz əksini tapmışdır.
Büdcə zərfindən göründüyü kimi, 2009-cu ildə ölkənin müəyyən edilmiş iqtisadi strategiyasına uyğun olaraq sosial müdafiə və sosial xərclərin, xüsusilə də insanların yoxsulluq həddinin aşağı salınmasında xüsusi rola malik olan minimum əmək haqqının və yaşa görə pensiyaların baza hissəsinin, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin yüksəldilməsi əsas götürülür ki, bu da ölkə vətəndaşlarının sosial rifahının birbaşa yüksəlişinə səbəb olacaq. Bir sözlə, deyə bilərəm ki, gələn il dövlət büdcəsində ölkəmizin beynəlxalq aləmə inteqrasiyasından tutmuş daxildə bütün məsələlərin həlli üçün lazım olan ən kiçik məqama da yer ayrılıbdır. Bu, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi strategiya, qarşıya qoyduğu məqsəddir və bu strategiya cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Hörmətli millət vəkilləri, mən öz doğma torpaqlarından məcburi köçkün düşən insanlarımıza hökumətimizin, Prezidentimizin göstərdiyi diqqət və qayğıdan da danışmaq istəyirəm. Hökumətimiz tərəfindən 2004-cü ilin 1 iyunundan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərin yeni, böyük bir mərhələsi başlandı. Bu mərhələ hazırda da davam edir. Belə ki, keçən ilin dekabrında məcburi köçkünlərimizin məskunlaşdığı sonuncu, 12-ci çadır şəhərciyi ləğv edilmiş, dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində 61 yeni tipli qəsəbə tikilib istifadəyə verilmiş və burada 17 mindən çox ailə məskunlaşmışdır. Onlara təsərrüfat işləri ilə məşğul olmaq üçün torpaq və həyətyanı sahə də verilmişdir. Növbəti mərhələdə isə 2008–2011-ci illərin dövlət proqramında göstərildiyi kimi, fin evlərində, məktəblərdə, hərbi hissələrdə və yataqxanalarda məskunlaşmış köçkünlərimizin də həyat şəraiti yaxşılaşdırılacaqdır.
Bu ilin sentyabr ayında məcburi köçkünlərimizə verilən müavinətlər yenidən artırılmışdır. Xarici humanitar təşkilatlar məcburi köçkünlərimizə verilən yardımları dayandırsalar da, Azərbaycan hökuməti bu işi bütünlüklə öz üzərinə götürmüşdür. Bu, başda Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. Buna görə Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Azərbaycan hökumətinə qaçqın və məcburi köçkünlərimiz adından öz minnətdarlığımı bildirirəm. Xüsusən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, təhsil naziri Misir Mərdanova, daxili işlər naziri Ramil Usubova, müdafiə naziri Səfər Əbiyevə və ”Azəriqaz” Səhmdar Cəmiyyətinin prezidenti Əlixan Məlikova qaçqın və məcburi köçkünlərlə bağlı müraciətlərimizə diqqətlə yanaşaraq əllərindən gələn köməyi əsirgəmədiklərinə görə dərin təşəkkürümü bildirirəm.
Cənab Sədr, mən vaxtdan istifadə edərək bir-iki təklifimi də səsləndirmək istərdim. Dünən burada hörmətli Şəmsəddin müəllim 2009-cu ilin dövlət büdcəsində Azərbaycanın müdafiə xərclərinin artırılmasını təklif etdi. Nə qədər Ermənistanın Azərbaycana təcavüzü davam edir və Azərbaycan müharibə şəraitindədir, mən də istərdim ki, 2009-cu ilin dövlət büdcəsində Azərbaycanın müdafiə xərcləri artırılsın.
Yaqub müəllimin səsləndirdiyi bir fikri mən də dəstəkləyirəm. Cənab Sədr, Siz özünüz yayda böyük bir nümayəndə heyəti ilə Quba rayonunda olmusunuz. Orada toplu məzarlıqların dağılması təhlükəsi vardır. Bilirik ki, orada hər hansı bir yeraltı təkan, hər hansı bir zəlzələ baş verərsə, o yerlərin hamısı dağıla bilər. Elə ermənilərin istədiyi də o yerlərin dağılması, məhv edilməsidir. Mən istərdim ki, 2009-cu ilin dövlət büdcəsində orada möhtəşəm bir xatirə abidəsinin ucaldılması nəzərdə tutulsun.
Cənab Sədr, bildiyimə görə, bizdə arıçılıqla bağlı qanun qəbul ediləcəkdir. Kənd təsərrüfatı nazirinin burada olmasından istifadə edərək təklif edirəm, qaçqın və məcburi köçkünlər tərəfindən arıçılığın inkişaf etdirilməsi üçün onlara yardım göstərilsin. Hər hansı bir layihənin həyata keçirilməsində qaçqın və məcburi köçkünlərin iştirakı nəzərdə tutulsun.
Sədrlik edən. Çox sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Müzakirəyə təqdim olunmuş büdcə layihəsi çox yüksək peşəkarlıq səviyyəsində hazırlanmış bir iqtisadi sənəddir. Buna görə mən bu layihəni hazırlayan bütün insanlara öz təşəkkürümü bildirirəm. Büdcə layihəsi dünyada baş verən qlobal iqtisadi prosesləri nəzərə almaqla ölkənin əsas inkişaf prioritetləri əsasında hazırlanmışdır.
Biz üçüncü gündür ki, büdcə layihəsinin müzakirəsində iştirak edirik. Burada 2009-cu ilin büdcəsi haqqında kifayət qədər fikirlər səslənib. Mən səslənmiş bütün müsbət fikirlərə qoşuluram. Vaxt az olduğundan bu barədə ətraflı danışa bilmirəm.
İstərdim, elmə ayrılmış vəsait haqqında fikrimi bildirəm. Burada fikirlər səsləndi ki, elmə az vəsait ayrılıb. Mən bununla razı deyiləm. Əgər biz inkişaf dinamikasını götürsək, deməliyik ki, Azərbaycanın tarixində ilk dəfə olaraq 2008-ci ildə elmin inkişaf fondu yaradılmış və 2008-ci ildə bu fonda 5 milyon manat, 2009-cu il üçün isə artıq 7 milyondan çox vəsait nəzərdə tutulmuşdur.
Azərbaycanda elmi tədqiqatlar ilk dəfə olaraq müvafiq qrantların ayrılması ilə müəyyən proqramlar çərçivəsində maliyyələşdiriləcəkdir. Bu da özlüyündə Azərbaycan elmi üçün böyük bir hadisədir. Azərbaycan elminin modernləşdirilməsi istiqamətində görülən işləri də mən təqdir edirəm. Belə ki, Elmlər Akademiyasında, Azərbaycan elmində mövcud laboratoriyaların müasir avadanlıqla təchiz edilməsi üçün əgər 2008-ci ildə 2 milyon manat ayrılmışdısa, artıq 2009-cu il üçün 10 milyon manatdan artıq vəsait nəzərdə tutulub. Bu da özlüyündə Azərbaycan elminə göstərilən böyük bir qayğı və diqqətdir.
Bu günlərdə Elmlər Akademiyasında görkəmli alim, həmvətənimiz Lütfizadə ilə görüş vardı. Dünya şöhrətli soydaşımız dəfələrlə vurğuladı ki, Azərbaycanda onu ilk növbədə valeh edən şey dünyada əsas diqqətin kapitala yönəldildiyi bir vaxtda Azərbaycanda elmə, sənətə, mədəniyyətə daha çox diqqət və qayğı göstərilməsidir.
Büdcə layihəsinin elm bölməsində Azərbaycanda elmin indiki vəziyyəti xarakterizə edilir. Azərbaycan elmində olan problemlər burada çox dəqiq göstərilmişdir. Mən istərdim, Hesablama Palatasının rəyində elm haqqında səslənən fikirlərə öz münasibətimi bildirim. Belə ki, yüksək səviyyədə hazırlanmış bu rəydə Azərbaycanda elmin problemləri çox dəqiq göstərilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan elmində əsas problemlərdən biri onun maliyyələşdirilməsi mexanizmidir. Məhz bu mexanizm təkmilləşdirilməlidir ki, bunu da biz gündəlik işimizdə Elmlər Akademiyasında görürük. Hesab edirik ki, Azərbaycan elminin inkişafını sürətləndirən amillərdən biri də onun maliyyələşdirilməsinin təkmilləşdirilməsidir. Belə ki, Azərbaycan elmində bərabər əmək ödənişi götürülməlidir. Fikrimizcə, daha yaxşı işləyən əməkdaş gərək daha yüksək əməkhaqqı alsın. Keçmiş sovetlər birliyində...
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov. Aydın müəllim, xahiş edirəm, çıxışınızı 5 dəqiqəyə bitirin. Çıxışlar yarımçıq qalanda mən də özümü narahat hiss edirəm.
A. Həsənov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə dinamik inkişaf ən yüksək həddinə çatmışdır. 2009-cu ilin büdcə layihəsi dövlət başçımızın nə qədər düzgün iqtisadi inkişaf kursu seçdiyini bir daha təsdiq edir.
Fərəhlidir ki, müdafiə kompleksi üzrə layihələr də daxil olmaqla gələn il müdafiə xərcləri 1,7 milyard manatdan çox olacaq. Biz bilirik ki, möhtərəm Prezident müdafiə xərclərini daim nəzarətdə saxlayır, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bütün imkanlarını səfərbər edir. Hər il büdcənin hərbi xərclərə dair hissəsi artdıqca ordumuzun döyüş hazırlığı, zabit və gizirlərimizin sosial rifah halı yüksəlir, hərbçilərimizdə ruh yüksəkliyi yaranır.
Büdcə layihəsində daha bir mühüm cəhət ərzaq təhlükəsizliyinə ciddi önəm verilməsi, aqrar sektorun inkişafı üçün əlavə vəsaitlərin ayrılmasıdır.
Mən Cəlilabadın əsas problemlərini nəzərinizə çatdırmaq istəyirəm. Cəlilabad rayonunda vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə yollar bərbad vəziyyətdədir. Möhtərəm Prezidentimiz Cəlilabadda olarkən mən kənd yollarının bərbad vəziyyətini onun diqqətinə çatdırdım, yol probleminin həll edilməsi üçün rayonda asfalt zavoduna ehtiyac olması barədə məlumat verdim. Yol əziyyətlə də olsa, çəkilməyə başlanıb. Lakin aidiyyəti dövlət orqanları asfalt zavodunun gətirilməsini hələ də ləngidirlər. Bizdən 80 kilometr uzaqda olan Lənkərandan Cəlilabada asfalt gətirib işlədirlər. Maliyyə naziri hörmətli Samir müəllim, mən Sizdən xahiş edirəm, Cəlilabada asfalt zavodunun verilməsində bizə kömək edəsiniz. Çünki buna Prezident özü göstəriş verib.
Digər problem barəsində. Biz, bir qrup deputat seçkiqabağı Cəlilabadda olarkən rayonun Əsədli, Xanəgah, Buravar kənd sakinləri işıqla bağlı şikayətlərini bildirdilər. Bu və sərhədə yaxın kəndlərdə istismar müddəti bitmiş elektrik dirəkləri külək əsən kimi yıxıldığından kəndlər işıqsız qalır. Dəfələrlə hara müraciət ediblərsə, bu məsələ öz həllini tapmayıb.
Digər narazılıqlar rayonun mərkəzində qazın verilməsi ilə bağlıdır. Rayonun bir tərəfinə qaz verilir, digər tərəfinə verilmir. Bunu da təmirlə əlaqələndirirlər. Təmir nə vaxt qurtaracaq? Qış qapını alıb. Xahiş edirəm, bu işə də bir köməklik göstərəsiniz.
Rayon sakinləri Dövlətəlibəyli, Zəhmətabad, Şatırlı və digər ucqar kəndlərdə feldşer-mama məntəqəsinin olmamasından şikayətlənirlər. Səhiyyə nazirindən xahiş edirəm, bu barədə bizə lazımi köməklik göstərsin.
Axırıncı xahişim təhsil sahəsində danılmaz xidmətləri olan hörmətli nazir Misir Mərdanovdandır. Rayonda yeni yaşayış massivi salınıb. Bu massivdə minlərlə adam yaşasa da, məktəb yoxdur. İcra hakimiyyəti yer ayırıb, gözləyir ki, nazir məktəbin tikilməsi barədə göstəriş versin. Xahiş edirəm, bu barədə bizə köməklik edəsiniz.
Mən Maliyyə Nazirliyinin rəhbərliyindən xahiş edirəm ki, Cəlilabad rayonuna ayrılmış vəsaitin büdcənin təsdiqinədək artırılmasına lazımi köməklik göstərsin.
Ümid edirəm ki, 2009-cu ilin büdcə layihəsi hökumətimizin proqnozlaşdırdığı sosial-iqtisadi tərəqqinin davam etdirilməsi üçün düzgün müəyyən edilmiş layihədir və onun bu şəkildə qəbul edilməsi öz səmərəsini verəcəkdir. Mən layihənin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən ilk növbədə müzakirənin aparılması formasına öz münasibətimi bildirmək istəyirəm. Siyasətdə belə bir qanunauyğunluq var. Tarixin hər hansı bir dönəmini müzakirə etdikdə, yaxud hər hansı bir məsələnin, hər hansı bir layihənin müzakirəsində ayrı-ayrı təsadüfi faktlar qabardılırsa, həmin dönəm və ya layihə barəsində obyektiv mənzərə görünmür. Son günlər bu zalda səslənən fikirlərin bəziləri bu həqiqəti bir daha sübut edir. Haradasa taxıl zəmisini çəyirtkə yedi, haradasa yolu sel apardı, haradasa bomba partladı, haradasa hansısa idmançı cinayət törətdi... Belə faktlar obyektiv fikrin yaranmasına o qədər də xidmət etmir.
Mən də istərdim ki, Azərbaycanın hərbi büdcəsi daha da artırılsın. Niyə istərdim? Ona görə ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Azərbaycan xalqının tarixi haqları, Azərbaycan xalqının Allah-taaladan verilmiş alınmaz insan haqları, eləcə də yaşam hüquqları bugünkü gündə bərpa edilmir. Dünya dövlətləri, dünya birliyi, Amerika, Rusiya dövlətləri, eləcə də həmin böyük dövlətlərin böyük siyasətçiləri tərəfindən Azərbaycan xalqının həmin haqlarının qaytarılmasına ikili standartlardan münasibət bildirilir.
Azərbaycan xalqının nə qədər sülhsevər xalq olduğunu bütün dünya bilir. Lakin görünür, bu xalqın öz torpaqlarını zor hesabına azad etməkdən başqa bir yolu qalmır. O yoldan Azərbaycan xalqı istifadə edəcək. Bunu Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə demişdir. Mən inanıram ki, bu gün müzakirə olunan qanun layihəsi də ulu öndərimizin müəyyən etdiyi və hörmətli Prezidentimizin uğurla həyata keçirdiyi siyasi xəttin davamı kimi, Azərbaycan xalqının firavanlığının yüksəlməsinə, Azərbaycan dövlətinin möhkəmlənməsinə və onun ərazi bütövlüyünün təmin edilməsinə xidmət edəcək. Gəlin, bu layihəyə səs verək. Sizin hamınızı buna çağırıram. (Alqışlar.)
Sədrlik edən. Baba müəllim çıxışının əvvəlində çox düz dedi ki, biz bəzən layihənin müzakirəsindən kənara çıxıb başqa mövzulara keçirik. Çox sağ olun, Baba müəllim. Əhəd Əhmədov. Yoxdur. Səfər Məmmədov.
S. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də digər həmkarlarım kimi büdcə layihəsi ilə tanış olmuşam. Büdcə layihəsinə heç bir iradım yoxdur. Onu dəstəkləyirik və ona səs verəcəyik. Hesablama Palatasının rəyi ilə razılaşırıq. Yüksək səviyyədə hazırlanmış büdcədir.
Mənim çıxışım həm xahiş, həm də təklif xarakteri daşıyacaq. Xahiş nədən ibarətdir? Bildiyiniz kimi, Beyləqan rayonu böyük kənd təsərrüfatı rayonudur. Hələ sovetlər dönəmində bu rayonun milyonlarla pulu olub və bu pul vaxtilə dağ rayonlarının inkişafına da sərf olunub. Ancaq bu gün Beyləqan rayonunda islahatla bağlı müəyyən problemlər yaranıb. Beyləqan rayonu respublikada bəlkə də yeganə rayondur ki, beş təsərrüfatı dövlət fondunda saxlanılıb. Biz dövlət fondunda saxlanılan təsərrüfatların əleyhinə deyilik. Yəni bu, dövlətin prinsipidir, bunu qəbul eləyirik. Ancaq mən burada kənd təsərrüfatı və maliyyə nazirlərinin olmasından istifadə edərək öz təklifimi bildirirəm. Yəqin ki, bu yaxınlarda Bahar xanımın da ünvanına belə bir şikayət daxil olmuşdur, tanışlığı var. Bu təsərrüfatlar əgər dövlət fondunda saxlanılıbsa, ya dövlət, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələşdirilsin, ya da buna bir əlac çəkilsin. Çünki bu təsərrüfatların şikayətlərinin artıq respublikanın bütün inzibati orqanlarına belə yayılması bizi çox narahat edir və biz istəmirik, Beyləqan rayonu haqqında başqa fikirlər səslənsin. Ona görə də xahiş eləyirik, buna kənd təsərrüfatı naziri öz rəyini bildirsin.
İkinci xahişimiz su təsərrüfatı ilə bağlıdır. Yol kənarında olan taxıl və pambıq sahələrinin bu il susuzluqdan nə vəziyyətə düşdüyünü, yəqin, çoxları bilir. Bahar xanım da o yollarla çox gedib gəlir. On hektarlarla sahəmiz qurudu, nə pambıq oldu, nə də taxıl oldu. İnsanlar nə qədər şikayətlər yazdılar. Hətta pambıq kollarını yolub, gətirib icra hakimiyyətinin qarşısına tökdülər ki, baxın. Bizim Əhmədzadə yoldaşdan xahiş edirik ki, oradakı strukturlar ilə bu məsələni bir də aydınlaşdırsın. Beyləqan rayonunda, bilirsiniz, 40–50 dərəcə isti olur və burada əkinləri suvarmadan məhsul götürmək mümkün deyil. Ona görə də çox xahiş eləyirik, bu məsələyə əncam çəkilsin.
Üçüncü xahişimiz Səhiyyə Nazirliyindəndir. Vaxtilə Beyləqan rayonunda 1970-ci illərin sonlarında ulu öndərimizin rəhbərliyi ilə hər bir şəraiti olan böyük bir xəstəxana tikilibdir. Lakin 1970-ci illərdən bəri bu xəstəxana heç bir müasir ləvazimatla təmin olunmayıb. Beyləqanda elə kəndlər var ki, adi feldşer-mama məntəqəsi, hətta feldşer məntəqəsi belə yoxdur. Ona görə çox xahiş eləyərdik, səhiyyə naziri bununla məşğul olsun və Beyləqana lazımi köməklik göstərsin.
Beyləqan rayonu ilə bağlı daha bir məsələni mən keçən dəfə hökumətin Milli Məclisə hesabatı zamanı qaldırmışdım. Nəqliyyat naziri Ziya müəllimə də, həmkarımız Cavid müəllimə də bizim çox böyük hörmətimiz var. Onlar keçən il də söz verdilər ki, Beyləqanın yol problemləri həll olunacaq. Bəhramtəpə–Beyləqan yolu, demək olar ki, yox dərəcəsindədir. Bu yolu gedib gələnlər bunu, yəqin ki, bilirlər. Bu gün dövlətin, ola bilsin ki, həmin yolun əsaslı tikintisi üçün vəsaiti çatmır. Amma heç olmasa, müəyyən təmir işləri aparmaq, onu müəyyən qaydaya salmaq olar ki, bu yoldan istifadə edən insanlar bir belə əziyyət çəkməsinlər. 30–40 kilometr yolu 1 saata da qət etmək mümkün olmur. Ona görə də biz çox xahiş eləyirik ki, hökumətin müvafiq strukturları dediyim problemlərin həllində beyləqanlılara kömək əllərini uzatsınlar.
Beyləqana qaz çəkilməsi bizi çox sevindirir. Rayon ictimaiyyəti adından Əlixan Məlikova təşəkkürümüzü bildiririk. Beyləqanda qaz çəkilişi çox sürətlə gedir. Arzu eləyərdik ki, bu temp davam eləsin və bu qış kəndlərə qaz çəkmək mümkün olmasa da, heç olmasa, şəhərin mərkəzi tam qazlaşdırılsın.
Mən hazırladıqları bu tutumlu büdcəyə görə bütün hökumət üzvlərinə bir daha təşəkkür eləyir, onun lehinə səs verəcəyimi bildirir və bütün deputat həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Bu il bizim qəbul edəcəyimiz büdcə, həqiqətən, çox nikbin bir büdcədir. Hazırda dünyada çox ağır maliyyə böhranı hökm sürdüyü zaman Azərbaycan büdcəsində artımın müşahidə edilməsini müsbət bir hal kimi qiymətləndiririk. Düşünürük ki, bu büdcədə məhz sosial yönlü layihələr istiqamətində artım ümumdünya iqtisadi böhranı fonunda Azərbaycan xalqının həyat şəraitini daha da yaxşılaşdırmaq imkanı yarada bilər.
Mən diqqəti xüsusən bir məqama yönəltmək istərdim. Dəfələrlə Prezidentin müvafiq qərarları ilə Azərbaycanın spesifik və çox önəmli bir təbəqəsinə – müharibə əlillərinə, şəhid ailələrinə müəyyən müavinət verilməklə bu kateqoriyadan olan insanların sosial müdafiəsi istiqamətində çox ciddi işlər görülüb. Biz çox istərdik ki, büdcə bu istiqamətdə məhz konkret müdafiəyə ehtiyacı olan insanlara ünvanlı sosial dəstəyi davam etdirsin və sosial yardımın insanlara çatdırılması istiqamətində də müvafiq işlər görülsün.
Bizim büdcəmizin böyük bir hissəsi təhsilin inkişafına, yəni Azərbaycan xalqının gələcəyinə yönəldilib. Mən təəssüflə qeyd eləməliyəm ki, bu istiqamətdə bizim parlament üzərinə düşən müvafiq işləri görə bilməyib. İndiyə qədər biz Təhsil qanununu qəbul edə bilməmişik. Təhsilin ciddi qanunvericilik bazası olmadığına görə, ali təhsil və orta peşə təhsili ilə bağlı müvafiq baza yaradılmadığına görə müəyyən struktur islahatlarda da biz problemlərlə üzləşirik.
Bir misal gətirim. Prezidentin çox mühüm sərəncamları oldu. Bu sərəncamlar ilk növbədə Azərbaycanın ali təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası ilə bağlıdır. Çox təəssüf ki, bu istiqamətdə zəruri addımlar atılmayıb, bu işə haradansa bir müqavimət yaranıb. Bu müqavimətin Təhsil Nazirliyi tərəfindən olmadığının biz dəfələrlə şahidi olmuşuq. Çünki təhsil naziri özü yeni təcrübəni öyrənib, bizim universitetlərə tətbiq etmək istiqamətində müvafiq addımlar atmışdı. Bəs nə üçün bu gün Azərbaycanın cəmi bir dövlət universiteti Prezidentin sərəncamının icrasına müvafiq olaraq, öz sistemini dəyişdirə bilir?
Biz dəfələrlə xüsusi müsbət bir hadisə kimi, qeyd eləyirik ki, son illər Azərbaycanda 1300-dən artıq yeni məktəb inşa edilib. Bu məktəblərin inşasında, təbii ki, Heydər Əliyev Fondunun böyük rolu olmuşdur. Amma məktəblərin kompüterlə təchiz olunduğuna baxmayaraq, uşaqlara kompüter bilgilərindən dərs deyə bilən müəllimlər yetərli deyil. Deməli, konkret sahələr üzrə mütəxəssislərin hazırlanması üçün müvafiq proqramlar, təhsil sistemində köklü dəyişikliklərə gətirib çıxaran islahatlar olmalıdır ki, bizim böyük vəsait hesabına əldə etdiklərimiz ancaq zahiri əlamətlərdən ibarət olmasın.
Bizim səhiyyə sistemində də buna oxşar vəziyyət var. Yeni xəstəxanalar tikilir, diaqnostik mərkəzlər açılır. Lakin bu mərkəzlərdə müasir səviyyədə işləyə bilən peşəkar mütəxəssislər yetərincə deyil. Ölkəmizdə tibb təhsili sahəsində dərsliklərin də çox vaxt keçən əsrin 50–60-cı illəri səviyyəsində olduğunu gördükdə bir daha o qənaətə gəlirsən ki, Azərbaycanda bu gün qabaqcıl təhsil sistemi mövcud deyil. Həkimlərin müasir səviyyədə işləyə bilməməsinin səbəblərindən biri də onların təkmilləşdirilməsi sahəsində işlərin müasir səviyyədə aparılmamasıdır. Çox vaxt həkimlərin diaqnostika və müalicədə...
Sədrlik edən. Dünyamin Xəlilov.
D. Xəlilov. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Artıq bir neçə gündür ki, biz Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə eləyirik. Burada kifayət qədər fikirlər səslənib. Bu qanun layihəsi çox kamil bir şəkildə, yüksək peşəkar səviyyədə hazırlanıb. Qanun layihəsinin mədaxil hissəsinə fikir verdikdə orada vergilərin, ələlxüsus fiziki şəxslərin gəlir vergisinin, hüquqi şəxslərin mənfəət vergisinin və əlavə dəyər vergisinin xüsusi çəkisi olduğunu görürük. Bu, gələcəkdə, sözsüz ki, dövlət büdcəsinin dolması üçün bir əsasdır. Amma Azərbaycan Respublikasının Vergi Məcəlləsində həmin vergilərin tarifləri dünya praktikasında qəbul olunmuş vergi tariflərindən yüksək olduğu üçün dövlət büdcəsinin mədaxil hissəsinin doldurulmasında müəyyən çətinliklər yaradır. Halbuki bu problemi həmin vergilərin yığım həcmini artırmaqla həll etmək mümkündür. Bunun üçün isə vergi dərəcələri azaldılmalıdır. Əlavə dəyər vergisinin və hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi azaldılarsa, bu, gələcəkdə vergilərin daha böyük həcmdə yığılmasına və sözsüz ki, Neft Fondundan transferlərin azaldılmasına aparıb çıxaracaqdır.
Dünyada indi maliyyə böhranının hökm sürdüyü hamıya bəllidir. İri nəhənglər artıq çöküb, iri banklar öz mənfəətləri hesabına böyük həcmdə zərərlərini silmək məcburiyyətində qalıblar. Amma ölkəmizin Maliyyə Nazirliyi və Milli Bankı tərəfindən vaxtında atılmış addımlar, nəzarət mexanizmlərinin gücləndirilməsi Azərbaycanın bank və maliyyə sektorunu belə ciddi problemlərdən bir növ sığortalayıb. Bu gün Azərbaycan vətəndaşının Azərbaycan banklarına olan inamı böyükdür. Belə olmasaydı, Azərbaycan banklarında bu qədər böyük pul kütləsi yerləşdirilməzdi. Mən təklif edirəm, bu əmanətlərin sığortalanan hissəsi 8000-dən daha yüksək rəqəmə, heç olmasa, 20–25 minə qədər artırılsın.
Sirr deyil ki, hər bir iqtisadiyyatın əsasını enerji sektoru təşkil edir və elektrik enerjisinin artımı üçün artıq çox sayda həyata keçirilmiş layihələr çox önəmlidir. Müasir dünyada alternativ enerji mənbələrinə böyük diqqət yetirilir. Təəssüflər olsun ki, dövlət büdcəsindən bu istiqamətdə ilkin araşdırmaların aparılması, biznes planlarının işlənməsi, layihə-smeta sənədlərinin hazırlanması üçün kifayət qədər vəsait ayrılmır. Azərbaycanda kifayət qədər dağ çayları var və burada kiçik su-elektrik stansiyalarının inşasını böyük sürətlə və qısa zamanda həyata keçirmək olar. Bu kiçik su-elektrik stansiyalarının və Azərbaycan üzrə külək-elektrik stansiyalarının toplam gücü aşağı-yuxarı 500 meqavat-saata çatdırıla bilər. Nəzərə alsaq ki, Azərbaycanın indiki tələbatı 5000 meqavat-saatdır, demək, bu, ümumi tələbatın 10 faizi deməkdir. Su, külək və eləcə də günəş enerjisi ilə çalışan elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin maya dəyəri aşağı olduğu üçün bu, gələcəkdə istehsal olunan malların, göstərilən xidmətlərin qiymətinə müsbət təsir göstərəcəkdir.
Azərbaycanda son vaxtlar bir çox iri heyvandarlıq kompleksləri fəaliyyət göstərir. Onların dərman preparatları ilə təchizatı ciddi problemlə üzləşib. Mən istərdim ki, bu dərman preparatları ilə əlaqədar olaraq...
Sədrlik edən. Çox sağ olun. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov buyursun.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Birinci növbədə mən Azərbaycan hökumətinin bu iclasımızda iştirak edən və etməyən nümayəndələrinə öz minnətdarlığımı bildirmək istəyirəm. Təqdim olunan sənəd minlərlə insanın aylarla böyük əməyi, əziyyəti nəticəsində yaranıbdır və bu insanların heç birinin vətənpərvərliyinə və peşəkarlığına, yəqin ki, heç kimin şübhəsi yoxdur. Ona görə mən bu insanlara da, bu insanların hazırladığı sənədə də inanıram və onu, əlbəttə ki, dəstəkləyəcəyəm.
Bir neçə məsələyə toxunmaq istəyirəm. Transfertlə əlaqədar. Loru dildə transfertə, yəqin, köçürmə deyirlər. Burada yanlış bir fikir söyləndi ki, fonda toxunmaq olmaz, o, gələcək nəsillərə qalmalıdır və sair. Bütün dünyada əvvəl büdcə formalaşır, büdcə formalaşandan sonra artıq vəsait qalırsa, elə fondlara yerləşdirilir. Dövlət Neft Fondu yaradılandan sonra əgər bir neçə il o vəsaitlərə toxunulmurdusa, hökumət bunu bilərəkdən eləyirdi. O yastıq dediyinizi yaratmaq üçün. Yastıq yaranıbdır və yetərli həcmdədir. Ona görə də o vəsaitlər dövlət gəlirlərinin mədaxil mənbələrindən biridir və başqa mənbələrdən heç bir cəhətdən fərqlənmir. Bir də ki, bu fonda yerləşdirilən və fonddan istifadə olunan pullar, o pullarla tikilən obyektlər, xəstəxanalar, yollar, körpülər, məktəblər məgər gələcək nəsillərə xidmət etməyəcəkmi? Bu gün biz bu işləri görməsək, gələcək nəslə nə qalacaq?
İkincisi, bu büdcəni diqqətlə oxusanız, görərsiniz ki, o, sərmayə yönümlü büdcədir. Təhsil də sərmayədir, səhiyyə də sərmayədir. Çünki bu millətin gələcəyini təhsil formalaşdırır. Azərbaycanın gələcək inkişafını bilikli, savadlı, sağlam, bacarıqlı, vətənpərvər insanlar təmin edəcəklər. Ona görə təhsil də, millətin bugünkü, sabahkı sağlamlığı da sərmayədir. Mənim fikrimcə, bütün xərclərə bu nöqteyi-nəzərdən baxmaq lazımdır.
Rayonlardan birinin xərcləri artıq oldu, o birininki əskik oldu. Məni narahat edən bu deyil, başqa məsələdir. Mənim fikrimcə, əgər deputatlarımız desəydilər ki, filan rayon öz gəlirləri hesabına yol tikdirib, qaz kəməri çəkdirib, filan işləri həyata keçirib, bu, sevindirici bir fakt olardı. Rayonları büdcədən xərclər hesabına iş görməyə həvəsləndirmək, stimullaşdırmaq, mənim fikrimcə, düzgün siyasət deyil. Gərək rayonlar, bölgələr, şəhərlər çalışıb öz ərazilərində elə şərait yaratsınlar ki, daxili gəlirlər hesabına formalaşan mədaxil mənbələri genişlənsin, artsın. Bunu stimullaşdırmaq lazımdır. Bunun hesabına yol çəkmək istəyir, yol çəksin, məktəb tikmək istəyir, məktəb tiksin. Yoxsa biz hamımız büdcədən bizə nə veriləcəyini gözləyib, bunun hesabına nə tikə biləcəyimizi düşünsək, bölgələrdə inkişaf çox aşağı sürətlə gedəcəkdir. Biz də deputat olaraq, gərək daxili imkanların, gəlirlərin artırılmasına yönəlmiş siyasətin həyata keçirilməsi istiqamətində rayon icra hakimiyyətləri, bələdiyyələr və ictimaiyyətlə birlikdə çalışaq.
Yollara böyük miqdarda sərmayə qoyulur. Bu da uzun vədəli, yüksək gəlirli sərmayədir. Amerikanın tarixinə bir baxın, XIX əsrin ortaları, XX əsrin ortaları yoldur. Yol olmasa, inkişaf olmayacaqdır. Ona görə də bu siyasəti dəstəkləmək lazımdır. Magistral yollar tikiləndən sonra infrastruktur daha da genişlənəcəkdir. Magistral yol tikilməyibsə, rayon yolunun, kənd yolunun nə əhəmiyyəti var? Ona görə də infrastrukturun inkişafına uzun vədəli sərmayə qoyulması, bəndlərin, su anbarlarının, elektrik stansiyalarının tikintisinə vəsait ayrılması siyasətini dəstəkləmək və alqışlamaq lazımdır.
Mən üzr istəyirəm, vaxt qurtardı, ona görə sözümü bununla bitirir və əmin olduğumu bildirirəm ki, bu büdcəyə hamımız səs verib onu dəstəkləyəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Büdcə layihəsi barədə 56 nəfər millət vəkili çıxış edib. İndi vaxt gəlib ki, hökumət üzvləri də çıxış edib bəzi suallara cavab versinlər və axırda Samir müəllim öz fikirlərini bildirsin. Söz verilir hörmətli səhiyyə naziri Oqtay Şirəliyevə.
O. Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən istəyərdim, deputatların qaldırdığı məsələlərlə bağlı qısa arayış verim. Hörmətli millət vəkili İlyas İsmayılov çıxışında uşaqların ürək qüsurlarının cərrahiyyə üsulu ilə müalicəsi barəsində məsələ qaldırdı. Birinci, rəqəmlər barəsində. Çıxışda vurğulandı ki, doğulan hər 10 uşaqdan birində ürək qüsuru var. Halbuki hazırda Azərbaycanda 13 yaşlılar arasında ürək qüsuru olan 1929 nəfər və 14–17 yaşında yeniyetmələr arasında 228 nəfər uşaq var. Cəmi edir 2157 nəfər. İlyas müəllim bildirdi ki, Azərbaycanda uşaqlar üzərində ürək cərrahiyyəsi əməliyyatları aparılmır. Tək-tük əməliyyatlar olursa, o da əcnəbi mütəxəssislər tərəfindən aparılır. Deməliyəm ki, son iki il yarım ərzində Azərbaycanda uşaqlar üzərində 393 ürək əməliyyatı aparılıb. Onlardan 19-u əcnəbi mütəxəssislər və 374-ü bizim mütəxəssislər tərəfindən aparılıb. 115 əməliyyatın pulu Heydər Əliyev Fondu, qalanları isə insanların özləri tərəfindən ödənilib.
Bildiyiniz kimi, möhtərəm Prezidentimizin rəhbərliyi ilə səhiyyənin bütün problemlərinin həlli ilə bağlı çox mühüm tədbirlər həyata keçirilir. Bir neçə gün bundan qabaq, noyabrın 7-də cənab Prezident tərəfindən sərəncam imzalanıb. Həmin sərəncamda göstərilir ki, Uşaq Kordiocərrahiyyə Mərkəzinin avadanlığının və tibbi texnikanın alınması üçün Prezidentin ehtiyat fondundan 5 milyon manat pul ayrılıb. Hazırda Uşaq Kordiocərrahiyyə Mərkəzində əsaslı təmir işləri aparılır. Avadanlığa pul ayrıldı, mütəxəssislərimiz də kifayət qədər var. Biz çalışacağıq ki, gələn ilin axırına qədər o mərkəz tam gücü ilə işləsin. Azərbaycanda bu problem hərtərəfli həll olunmalıdır.
Bu xəstələrin pulsuz müalicəsinə gəlincə, bildiyiniz kimi, bu il fevral ayının 1-dən Səhiyyə Nazirliyinin bütün müalicə-diaqnostika mərkəzlərində, müalicə müəssisələrində həm diaqnostika, həm də müalicə pulsuzdur. Həmin mərkəz də Səhiyyə Nazirliyinin nəzdində olduğu üçün orada da həm müayinə, həm də müalicə pulsuz olacaq. Ardıcıllıqla, növbə ilə, amma pulsuz olacaq.
Hörmətli Gülər xanım Əhmədova qan problemi ilə bağlı məsələ qaldırdı. Yadınızdadırsa, bir neçə müddət bundan əvvəl televiziya ilə, radio ilə eşidirdin ki, hansısa xəstəyə qan lazımdır, qan ehtiyatı olmadığı üçün hansısa uşağın həyatı təhlükə altındadır. Son zamanlar, demək olar, bütün bu problemlər həll edilib. Bakı şəhərində mərkəzləşdirilmiş qan bankı əsaslı təmir olunub. Amma onu da deyim ki, bu vaxtadək əsas problem qanın tədarükü ilə deyil, emalı ilə bağlı idi, yəni qandan alınan komponentlər hazırlana bilmirdi. Əfsuslar olsun ki, tədarük olunan qanın bir qismi, demək olar ki, tullanırdı. İndi lazım olan bütün avadanlıqlar, soyuducular və sair alınıb. Bununla da Bakı şəhərində bu problem, demək olar ki, tam həll olunub. Bundan əlavə, qanın mərkəzləşdirilmiş tədarükü qan vasitəsilə yoluxan xəstəliklərin də qabağını alıb. 3 milyon manat da gələn ilə ayrılıb ki, həmin məsələ regionlarda da müsbət həll olunsun. Bu vəsaitlə yeni avadanlıqlar, soyuducular alınacaq, lazım olan yerlərdə təmir işləri aparılacaq. Beləliklə, regionlarda da bu məsələ öz həllini tapacaq.
Gülər xanım daha bir məsələyə, ana və uşaq probleminə toxunmuşdur. Ana ölümü dünya miqyasında çox ağrılı problemdir. Hələ bir neçə müddət bundan qabaq mətbuatda da vurğulanırdı ki, Azərbaycanda ana ölümü az qala ən geridə qalmış ölkələrlə bir səviyyədədir. Biz bu məsələni dəqiqləşdirdik. Nəzərinizə çatdırmaq istəyirəm ki, həmin beynəlxalq qurumlar, ümumdünya səhiyyə təşkilatı YUNİSEF tərəfindən hökumətə rəsmi müraciət olunmuş və etiraf edilmişdir ki, bu rəqəmlər düzgün deyil. O rəqəmlər Azərbaycanda müxtəlif mənbələr tərəfindən verilmişdi. Real rəqəmlər hər yüz min diri doğulan uşaq hesabından ana ölümünün nə qədər olduğunu əks etdirir. Hələ bir neçə il bundan qabaq həmin rəqəm, doğrudan da, 80-ə yaxın idi. Keçən ilin rəsmi rəqəmi 34,8-dirsə, bu ilin 10 ayı ərzində 26,6-dır. Yəni müsbət dəyişikliklər var.
Yəqin, bilirsiniz ki, ana və uşaqların sağlamlığı ilə bağlı dövlət proqramı qəbul olunub. Yeni mərkəzlər tikilir, avadanlıq verilir, təmirlər olunur. Əlbəttə ki, müsbət dəyişikliklər olacaq. Amma bu göstəricinin qısa müddətdə – yarım il, bir il ərzində müasir Avropa ölkələrindəki səviyyəyə gəlib çatacağını gözləmək də doğru deyildir. Çünki səhiyyənin səviyyəsindən başqa, əhalinin səhiyyə mədəniyyətinin səviyyəsi də var. Qadınlar bilməlidirlər ki, nəzarətdə olmalıdırlar, qadın məsləhətxanalarına müraciət etməlidirlər, evdə doğumların qarşısı alınmalıdır və sair. Yəni bu sahədə böyük maarifləndirmə işi də aparılmalıdır. Güman edirəm ki, bu məsələ bir neçə il ərzində öz həllini tam tapacaqdır.
Hörmətli millət vəkili Hikmət Atayev həkimlərin ştat vahidi ilə bağlı məsələlərə toxundu. Bilirsiniz ki, neçə illərdir həkimlərin bir ştat vahidinə 3– 4 nəfər adam götürülür, həkimlərin bir hissəsi yarım ştat çalışırdı. Problem onda idi ki, indiyədək bizim səhiyyədə olan normativ sənədlər sovetdən qalan, 20–30 ilin sənədləri idi və bu da çox böyük problem yaradırdı. Həmin normativlərə görə, həkimlərin ştat sayı, əsasən, çarpayı fondu əsasında müəyyənləşdirildiyi üçün şişirdilmiş çarpayı fondu var idi. Yəni sənədlə 5 çarpayısı olmalı xəstəxanaya gəlib baxanda görürdün ki, orada 200 çarpayı var. Ona görə ştat vahidləri də real rəqəmlərə uyğun gəlmirdi. Hazırda yeni normativlər işlənib təsdiqlənib və mən fikirləşirəm ki, gələn ildən başlayaraq, bu məsələlər əmək fondu çərçivəsində öz həllini tapacaq.
Burada hansısa kəndlərdə feldşer-mama məntəqəsinin olmadığı qeyd edildi. Biz çalışacağıq, gələn ildən bu məsələlər ardıcıllıqla həll olunsun.
Deyildi ki, Astarada mərkəzi rayon xəstəxanası bərbad vəziyyətdədir. Doğrudan da, elə idi. Amma burada deyildi ki, son 20 ildə orada təmir aparılmayıb. Son 2 ildə orada 3 şöbə təmir olunub. Gələn ilin investisiya proqramında həmin xəstəxanaya 1 milyon manat vəsait ayrılması nəzərdə tutulub. İndi bu plan təsdiq olunsa, gələn il o xəstəxananın problemi həll olunacaq.
Millət vəkili Asim Mollazadənin çıxışında tibb təhsili ilə bağlı deyilənlər düzdür. Bilirsiniz ki, təhsillə bağlı qanun hələ təsdiq olunmayıb. Həmin qanunda bütün bu məsələlər, o cümlədən həkimlərin hazırlanması ilə bağlı məsələlər də nəzərdə tutulub. Əlbəttə, Milli Məclis tərəfindən o qanun təsdiq olunandan sonra səhiyyə təhsili də daha mükəmməl olacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gənclər və idman naziri Azad Rəhimov.
A. Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, əhalimizin böyük hissəsini gənclər və uşaqlar təşkil edir. Təbii ki, onlarla aparılan işə dövlət böyük diqqət yetirir. Biz ölkə Prezidenti cənab İlham Əliyevin gənclərlə iş və idman sahəsinə diqqət və qayğısını daim hiss edirik. Bu sahədə aparılan işlər, həqiqətən, çox geniş və əhatəlidir. Lakin mən görürəm ki, bəzi millət vəkilləri bu istiqamətdə aparılan işlərlə tam şəkildə tanış deyillər və bəzi hallarda yanlış məlumatlardan istifadə edirlər. Ona görə mən təklif edərdim ki, növbəti aylarda gənclər və idman nazirinin hesabatı millət vəkillərinin diqqətinə çatdırılsın. Mən həm gənclər siyasəti, həm də idman sahəsində aparılan bütün işlər, həyata keçirilən layihələr barədə geniş hesabat verməyə hazıram.
Dünənki çıxışlarda idmanla, bizim Olimpiya çempionları ilə, gənclər sahəsində aparılan siyasətlə bağlı çoxlu iradlar, tənqidi fikirlər söylənildi. Bir arayış şəklində mən qeyd etmək istərdim ki, 2008-ci ildə Olimpiya oyunlarına hazırlıq üçün bizdə 3 milyon 150 min manat vəsait nəzərdə tutulmuş və Pekin Olimpiya oyunlarına ondan 2 milyon 450 min manat xərclənmişdir. Bu məbləğ bütünlüklə idmançıların hazırlıq prosesinə, onların forma və nəqliyyat xərclərinə, onlar üçün Pekin şəhərində şərait yaradılmasına, dərman və vitaminlərin alınmasına sərf edilmişdir. Sözsüz ki, bizim dövlətimiz bir Olimpiya çempionuna 1 milyon 500 min manat pul xərcləmir. Müqayisə üçün deyim ki, Çin Xalq Respublikası özünün Olimpiya çempionlarına 1 milyon dollar, Azərbaycan isə 400 min manat mükafat vermişdir.
2009-cu ildə gənclər siyasətinə xərclənəcək vəsaitin 3 milyon 500 min manat olacağı nəzərdə tutulmuşdur. Sözsüz ki, biz qarşımıza qoyulan bütün vəzifələri uğurla həyata keçirmək üçün bu məbləğdən və sponsorların köməyindən mümkün qədər səmərəli istifadə etməyə çalışacağıq.
Bu qədər. Əgər idman sahəsinə ayrılan vəsait və xərclənən pulla bağlı digər suallar varsa, mən nazirlik adından o hesabatı verməyə hazıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Söz verilir “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikova.
Ə. Məlikov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının təbii qazla təminatı və respublikanın qaz təsərrüfatının inkişafı ilə bağlı qısa məlumat vermək istərdim. Hər bir ölkənin yanacaq və enerji kompleksinin ən vacib sahələrindən olan təbii qaz onun enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkə iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə və məişət şəraitinə böyük təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında müvafiq sərəncamlarına əsasən “Azəriqaz” Səhmdar Cəmiyyəti tərəfindən respublikada qazlaşdırma işləri sürətlə aparılmış və nəticədə qazla təmin olunan əhali arasında abonentlərin sayı 850 mindən 1 milyon 135 minə çatdırılmışdır. Yəni bu illər ərzində əlavə olaraq 285 min abonent təbii qazla təmin edilmişdir. Qazla təmin olunmuş rayonların sayı 35-dən 56-ya çatdırılmışdır. İşğal altında olan rayonlar istisna olmaqla, bütün rayonlar təbii qazla təmin edilmişdir.
2004–2008-ci illər ərzində 2 min kilometrdən artıq müxtəlif diametrli, o cümlədən 390 kilometr yüksək təzyiqli magistral qaz kəmərləri çəkilmişdir. Təkcə 2008-ci ildə 3 rayonun qaz təminatı bərpa edilmiş, bir rayonda qazlaşdırma işləri aparılmış, 63 yaşayış məntəqəsinə, 124 obyektə qaz verilmiş və əlavə olaraq 19 min əhali abunəçisi qazla təmin olunmuşdur. 2008-ci ildə yeni çəkilmiş qaz kəmərlərinin uzunluğu 322 kilometr olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Bakıətrafı kənd və qəsəbələrin qazlaşdırılması ilə əlaqədar “Azəriqaz” tərəfindən 200-dən artıq obyekt üzrə işlərin aparılması nəzərdə tutulmuşdur. Bu layihələrdən artıq 150-si başa çatdırılmış və nəticədə 88 min abonentin qaz təminatı bərpa edilmişdir. Əgər 2004-cü ildə respublikada qazlaşdırma səviyyəsi 62 faiz idisə, 2008-ci ildə bu səviyyə 84 faizə çatdırılmışdır. Son
4 ildə respublikada sayğaclaşdırma işləri sürətlə aparılaraq əhali abunəçilərinin sayğac təminatı 99 faizə çatdırılmışdır.
Təbii qaza artan tələbatı ödəmək məqsədi ilə respublikamızda strateji obyekt olan yeraltı qaz anbarlarının əsaslı təmir-bərpa işləri aparılmış və yeraltı qaz anbarlarının aktiv qaz tutumu, həcmi 3 dəfə artırılaraq, 550 milyon kubmetrdən 1 milyard 400 milyon kubmetrə çatdırılmışdır. Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında görülən bütün bu işlərin nəticəsində təbii qaz təminatında ölkənin digər ölkələrdən asılılığı aradan qaldırılmış, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə, onun qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsinə imkan yaranmışdır.
Hörmətli millət vəkilləri, respublikada aparılan qazlaşdırma işlərinin davamı olaraq, ölkə rəhbərinin tapşırığına əsasən, 2009–2013-cü illər üçün qazlaşdırma proqramı layihəsi hazırlanaraq hökumətə təqdim edilmişdir. Qeyd olunan proqrama uyğun olaraq respublikanın bütün rayonları üzrə kənd və qəsəbələrin qaz bərpası işləri nəzərə alınmışdır. 1900 yaşayış məntəqəsinə qazın verilməsi nəzərdə tutulmuşdur ki, nəticədə 550 min abonent təbii qazla təmin olunacaq və bu, ölkənin qazlaşdırma səviyyəsinin 90 faizə çatdırılmasına imkan yaradacaqdır.
Hörmətli millət vəkillərindən Yevda Abramov və Vahid Əhmədov Quba rayonunun qaz təminatında olan problemlərə toxundular. Bununla bağlı qeyd etmək istərdim ki, cari ildə rayonun qaz kəmərləri və qurğularında təmir-bərpa işləri aparılmışdır. Şəhərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə cari ildə Heydər Əliyev prospekti ilə 2200 metr uzunluğunda qaz kəməri çəkilərək istismara verilmiş, şəhərdaxili qaz xətlərinin 5 kilometr hissəsi təmir edilmiş, 37 ədəd qaztənzimləyici şkafın təmir-sazlama işləri aparılmışdır. Rayonun Paşaoba, Cağacıq, Amsar, Birinci Nügədi, İkinci Nügədi kəndlərinə qaz verilməklə 1600 abonent qazla təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, Quba rayonu üzrə qazın dəyərinin ödəniş səviyyəsi təxminən 55 faiz təşkil edir və bu bizə imkan vermir ki, orada tələb olunan işlərin tam şəkildə həyata keçirilməsini təmin edək. Bundan asılı olmayaraq, hörmətli millət vəkillərinin müraciətini nəzərə alaraq mən artıq tapşırıq vermişəm, komissiya ayrılıb. Rayonda bütün bu işlərə aydınlıq gətiriləcək və yaxın günlərdə həmin komissiyanın verdiyi arayışa əsasən mən millət vəkillərinə məlumat verəcəyəm.
Hörmətli millət vəkili Aydın Həsənov Cəlilabad şəhərində qazla təminatın istənilən səviyyədə olmadığını dilə gətirdi. Cəlilabad şəhərində işlər gedir. Şəhərin bir hissəsinə yeni qaz kəmərinin çəkilişi, demək olar ki, tamamlanıb. Mən hesab edirəm ki, dekabr ayının əvvəllərində bu iş başa çatacaq. Burada da vəsaitlə bağlı problem var. Vəsait çatışmazlığı imkan vermir ki, lazımi işləri vaxtında həyata keçirək. Bildiyiniz kimi, 2007-ci ilin yanvar ayında enerji daşıyıcılarının tariflərinə baxılarkən təbii qazın tarifi qaldırılmadı. Bu da ölkə rəhbərinin humanist addımı idi. Əhalinin vəziyyəti nəzərə alındı və təbii qazın tarifi əvvəlki səviyyədə qaldı. Lakin bu bizə imkan vermir ki, tələb olunan işləri tam şəkildə, tez həyata keçirək. Vəsait çatışmazlığı, təbii ki, işimizə mənfi təsir göstərir. İldən-ilə büdcədən bəzi layihələrin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulur. Yəqin ki, növbəti illərdə də bu, nəzərə alınacaq. Bu qədər.
Sədrlik edən. Sağ olun. Kənd təsərrüfatı naziri İsmət Abasov, buyurun.
İ. Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri, xanımlar və cənablar! Mən hörmətli millət vəkillərinin burada kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə qaldırdıqları bəzi məsələlər barədə fikrimi bildirmək istəyirəm. Hər kəsə bəllidir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatlar bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir və bütün sahələr kimi aqrar sahə də ilbəil inkişaf edir. Belə ki, əgər 2003-cü ildə bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı məhsullarının istehsalı mövcud qiymətlərlə 1366,5 milyon təşkil etmişdisə, artıq 2007-ci ildə 2765 milyon manat, cari ilin 9 ayında 2758,4 milyon manat olmuş və 2007-ci ilin 9 ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 8,3 faiz artmışdır. Rəqəmlərdən görünür ki, 2003-cü ildən kənd təsərrüfatı məhsullarının qiyməti 2007-ci ildə, o cümlədən bu ilin 9 ayında iki dəfə artmışdır. Bir daha qeyd edirəm ki, bu, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində olmuşdur.
Hörmətli millət vəkillərinin diqqətinə çatdırıram ki, noyabr ayının 1-nə olan məlumata görə, sahələrdən 2495,2 milyon ton taxıl, o cümlədən 1670,4 milyon ton buğda, 1052,9 min ton kartof, 1190 min ton tərəvəz, 573,7 min ton meyvə və giləmeyvə, 99,6 min ton üzüm istehsal edilmişdir. Beləliklə, keçən ilin eyni dövrünə nisbətən 490,8 min ton taxıl, 47,4 min ton kartof, 7,6 min ton tərəvəz, 58,5 min ton meyvə və giləmeyvə, 8,7 min ton üzüm artıq istehsal edilmişdir. Bu artım bazarlarda qiymətlərə müəyyən qədər təsir etsə də, müşahidələr göstərir ki, qiymətlərin bir qədər yüksək olması istehsal və nəqliyyat xərclərinin yüksək olması ilə bağlıdırsa, digər tərəfdən əhalinin alıcılıq qabiliyyətinin yüksək olması və bu məhsulların Rusiya və digər ölkələrin bazarlarına ixrac edilməsi ilə əlaqədardır. Belə ki, əgər 2007-ci ilin 8 ayında respublikadan 76,3 milyon ABŞ dolları dəyərində bitkiçilik məhsulları ixrac edilmişdirsə, 2008-ci ilin 8 ayında bu rəqəm 113,2 milyon ABŞ dolları təşkil etmiş və ya 37,1 milyon ABŞ dolları artmışdır.
Burada qiymətlərdən söhbət getdi. Hər kəsə bəllidir ki, cənab Prezidentin göstərişi ilə 2006-cı ilin iyulundan indiyə qədər hər həftənin şənbə və bazar günləri, eyni zamanda, bayram günləri Bakı şəhərinin əksər rayonlarında kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkalar keçirilir. Bu günə qədər 243 dəfə yarmarka keçirilmiş, 51,460 ton müxtəlif kənd təsərrüfatı və emal sənayesi məhsulları satılmışdır. Bu yarmarkalarda satılan məhsulların qiymətləri bazardakı qiymətlərdən 20–40 faiz aşağıdır. Artıq yarmarkalar geniş əhali kütləsini özünə cəlb etmişdir.
Hər kəsə bəllidir ki, kəndin ən vacib problemlərindən biri onun müasir texnika ilə təminatıdır. Belə ki, cənab Prezidentin göstərişinə əsasən “Aqrolizinq” Səhmdar Cəmiyyətinin nəzdində, demək olar ki, respublikamızın bütün rayonlarında aqroservislər yaradılmışdır. Bu gün 55 rayonda “Aqrolizinq” Səhmdar Cəmiyyətinin aqroservis filialları, 107 mexanikləşdirilmiş servis xidməti fəaliyyət göstərir. 2005–2008-ci illərdə “Aqrolizinq” Səhmdar Cəmiyyəti tərəfindən respublikaya 1924 traktor, 565 taxılyığan kombayn, 4634 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları, 140 ədəd ekskavator, 26 ədəd müxtəlif texnoloji avadanlıq, o cümlədən hər birinin tutumu 1000 ton olan 13 ədəd soyuducu kamera, 6 ədəd süd və 7 ədəd yem zavodu avadanlıqları gətirilmişdir. Aqroservislərin gücü ilə 520 min hektardan çox sahədə taxıl biçilmiş, 1 milyon 928 min hektar sahədə şum, mala, səpin və sair işlər görülmüşdür. Görülmüş tədbirlərin nəticəsidir ki, 2008-ci ildə respublikamızın heç bir bölgəsində texnika çatışmazlığı olmamışdır. Ona görə də “Aqrolizinq” Səhmdar Cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi üçün onun maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də ehtiyat hissələrin alınması növbəti illərdə də həyata keçiriləcəkdir.
Respublikada strateji məhsul olan taxıl istehsalının artırılması istiqamətində geniş iş aparılır. Qeyd etmək lazımdır ki, taxılçılığın inkişafında əsas şərtlərdən biri keyfiyyətli məhsuldan perspektivli sortların seçilib gətirilməsi və onlardan istifadə olunmasıdır. Cənab Prezident tərəfindən imzalanmış sərəncama uyğun olaraq Rusiyanın Krasnodar vilayətindən Azərbaycana 7189 ton yüksək reproduksiyalı toxum gətirilmişdir. Respublika rəhbərliyinin bu sahəyə diqqəti, həmçinin Milli Məclis tərəfindən “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində elmi tədqiqat müəssisələrində istehsal olunan orijinal, super-elit və elit toxumlara çəkilən xərclərin tamamilə dövlət büdcəsindən ödənilməsi, eyni zamanda, təsərrüfatlarda satılan birinci və ikinci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən müvafiq olaraq 40 və 30 faiz subsidiya verilməsi bu sahəyə marağı əhəmiyyətli dərəcədə artırmışdır. Belə ki, qısa zamanda özəl toxumçuluqla məşğul olan təsərrüfatların sayı 550-ni ötmüşdür.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına 2007-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına yanacaq və motor yağlarına görə 1 milyon 54 min, 800 hektar üçün 42,2 milyon manat, 2008-ci ilin məhsulu üçün 505,3 min hektara payızlıq buğda səpininə görə 20,2 milyon manat, cəmi 62,4 milyon manat vəsait ödənilmişdir. Cari ildə isə yanacaq və motor yağlarına görə 53,8 milyon manat ödənilmişdir. Buğda əkininə görə ödəniləcək subsidiyalarla bağlı məsələ yaxın günlərdə həllini tapacaqdır.
Kənd təsərrüfatının inkişafında damazlıq işlərinin də böyük əhəmiyyəti vardır. Cənab Prezidentin imzaladığı sərəncama uyğun olaraq bu yaxınlarda 3 milyon manat vəsait hesabına ölkəyə yüksək məhsuldarlıqlı damazlıq heyvanlar gətiriləcək. Burada Beyləqan rayonunun qoyunçuluq üzrə “Dostluq” dövlət damazlıq təsərrüfatı barədə məsələ qaldırıldı. Həqiqətən, bu təsərrüfat barədə respublikanın müxtəlif distansiyalarına oradan ünvanlanmış şikayətlər daxil olmuşdur. Lakin o şikayətlərin, demək olar ki, əksəriyyətinin heç bir əsası yoxdur. Çünki Beyləqan rayonunda aqrar islahatlar, o cümlədən torpaq islahatı artıq aparılmışdır.
Burada pambıqçılığa marağın azalması barədə fikirlər söylənildi. Bəli, bu gün digər məhsullara nisbətən pambıq az istehsal olunur. Lakin biz düşünürük ki, pambıqçılığın inkişaf etdirilməsi, əsasən, pambıqçılıqla məşğul olan səhmdar cəmiyyətlər vasitəsilə həyata keçirilməlidir. Belə ki, onlar aldıqları pambığa aşağı qiymət təklif etdiklərinə görə pambıqçılığa maraq azalmışdır. Lakin cənab Prezidentin imzaladığı dövlət proqramında bütün sahələrin, o cümlədən pambıqçılığın inkişafı nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri, sonda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında bizə göstərilən hərtərəfli kömək və qayğıya görə respublikanın aqrar sahədə çalışan fermer və sahibkarları adından ölkə rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu diqqət və qayğıya cavab olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək və əhalini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Amma İsmət müəllim, millət vəkili öz çıxışında məsələni belə qoydu ki, Beyləqanda dörd dövlət damazlıq təsərrüfatı var və o təsərrüfatlar bu gün heç bir iş görmürlər. O barədə bir açıqlama verəydiniz.
İ. Abasov. Oqtay müəllim, Beyləqanda dörd deyil, iki dövlət təsərrüfatı vardır. Biri qoyunçuluq üzrə “Dostluq” dövlət təsərrüfatıdır. Əsas şikayətlər də o dövlət təsərrüfatından daxil olmuşdu. Mən bir daha qeyd edirəm, Beyləqan rayonunda aqrar islahatlar, o cümlədən torpaq islahatı aparılmışdır və Nazirlər Kabineti bu təsərrüfatların Kənd Təsərrüfatı Nazirliyinin sərəncamına verilməsi barədə qərar qəbul etmişdir. Bəli, o təsərrüfatların işlərində çatışmazlıqlar ola bilər. Lakin bu o demək deyil ki, o təsərrüfat da islahat adı ilə dağıdılmalı, bütün əmlakı və torpağı orada yaşayan insanlara verilməlidir. Çünki bir daha deyirəm, Beyləqanda aqrar islahatlar, torpaq islahatı artıq həyata keçirilmişdir. Biz düşünürük ki, damazlıq işində mühüm rolu nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyinin tərkibində saxlanılmış dövlət damazlıq təsərrüfatı öz fəaliyyətini davam etdirməlidir. Bu təsərrüfatlar dövlət tərəfindən dəstəklənir. Düşünürəm ki, gələcək illərdə bu dəstək daha da artacaq və həmin müəssisələr də öz fəaliyyətlərini günün tələbləri səviyyəsinə gətirib çıxaracaqlar.
Sədrlik edən. Bizim də istəyimiz budur, dəstək olsun ki, o işləsin, dağılmasın. Hörmətli təhsil naziri Misir Mərdanov buyursun.
M. Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Artıq üçüncü gündür ki, gələn il üçün dövlət büdcəsinin layihəsi müzakirə olunur. Müzakirələrdə çıxış eləyən millət vəkillərinin, demək olar ki, hamısı təhsillə bağlı görülmüş işləri və problemləri qeyd elədilər. Ona görə fürsətdən istifadə edərək onların hamısına minnətdarlığımı bildirirəm. Bildirmək istəyirəm ki, gələcək fəaliyyətimizdə onların qaldırdığı bütün məsələləri həll etməyə və nəzərə almağa çalışacağıq.
Bununla yanaşı, təhsil sahəsində son illərdə dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən və həyata keçirilməsi nəzərdə tutulan bəzi məsələləri də hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istərdim. Əvvəla, onu qeyd edim ki, son 5 il ərzində təhsil dövlət başçısının prioritet hesab etdiyi sahələrdən birinə çevrilmişdir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də elmi surətdə əsaslandırılmış proqramlarla idarəetmə modelinə keçilmişdir. Bu gün təhsil sahəsində mövcud olan problemlər dövlət başçısı və hökumət tərəfindən təsdiq olunmuş 15 proqram üzrə həyata keçirilməkdədir. Onların əksəriyyəti ilə bağlı sizə müəyyən məlumatlar çatdırmaq istərdim.
Birincisi, Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı. Bu proqram 2007–2010-cu illəri əhatə edir. 2008-ci ildə bu proqram üzrə dövlət büdcəsindən 5,7 milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitin hesabına 21 uşaq bağçası əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilmiş və məktəbəqədər müəssisələr üçün 24 adda 254 min nüsxə təlim materialları hazırlanmışdır. Bundan başqa, son 20 ildə ilk dəfə olaraq Bakı şəhərində 15 yeni uşaq bağçası istifadəyə verilmiş və cari ilin sonunadək 21 uşaq bağçasının təmiri başa çatdırılacaqdır.
Son illərdə təhsil sahəsində əldə olunmuş ən ciddi nailiyyətlərdən biri ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiridir. Bu istiqamət üzrə 3 proqram həyata keçirilir. Son 5 il ərzində 1600 yeni məktəb tikilmiş və mövcud məktəblər əsaslı təmir olunmuşdur. Burada xüsusi olaraq qeyd eləmək istəyirəm, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 226 məktəb tikilmiş, 39 məktəb və 10 uşaq bağçası əsaslı təmir olunmuşdur.
Hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, 2008-ci ildə məktəb tikintisinə və təmirinə investisiya xərcləri 220 milyon manat təşkil etmişdir. 160 yeni məktəb və əlavə korpus tikilib, 4 peşə məktəbi əsaslı təmir olunub. 4 rayonda rayon təhsil şöbəsi üçün inzibati binalar tikilmişdir. 2009-cu il üçün proqram layihəsi hazırdır və büdcə təsdiq olunandan sonra bu barədə, yəqin, əlavə məlumat veriləcək.
Millət vəkillərimizi narahat eləyən məsələlərdən biri də məktəblərin istilik problemi oldu. Diqqətinizə çatdırmaq istəyirəm ki, 2008-ci ildə Bakıda və respublikanın rayonlarında 210 ümumtəhsil məktəbinin istilik sistemi bərpa olunub. Ümumilikdə, son iki ildə 500-ə yaxın məktəbin istilik sistemi bərpa olunub. 2009-cu ildə 300 məktəbin istilik sisteminin bərpa olunacağı nəzərdə tutulur.
Digər bir problem məktəblərin avadanlıqla təminatıdır. Biz bu istiqamətdə indiyə qədər, əsasən, parta, yazı taxtası, müəllim üçün stol və stulların alınmasını nəzərdə tuturduq. Diqqətinizə çatdırım ki, proqram başlayandan indiyə qədər 500 məktəb bu avadanlıqlarla təmin olunub. 2009-cu ildə bu işi görmək üçün 4 milyon manat vəsait nəzərdə tutulmuşdur. Ancaq indi biz artıq bu proqramın fəaliyyət sahəsini bir az da genişləndirərək 2009-cu ildə məktəblərin kimya, fizika və biologiya laboratoriyaları ilə təminatını da nəzərdə tutmuşuq.
Növbəti, 7-ci proqram təhsil sisteminin informasiyalaşdırılması proqramıdır. Bu proqram üzrə işlərimiz davam edir. Əgər 5 il bundan əvvəl min məktəbliyə bir kompüter düşürdüsə, bu gün 29 məktəbliyə bir kompüter düşür. Biz bu istiqamətdə işimizi davam etdiririk.
8-ci proqram məktəblərin dərsliklərlə təminatı proqramıdır. Diqqətinizə çatdırım ki, son 5 ildə 30 milyon nüsxə dərslik çap olunub məktəblərə çatdırılıbdır. 2008-ci ildə 102 adda 9 milyona yaxın, yəni şagirdlərin sayı qədər dərslik çap olunub, Azərbaycanın bütün məktəblərinə pulsuz verilibdir. Eyni zamanda, Gürcüstandakı azərbaycandilli məktəbləri, Dağıstandakı məktəbləri, MDB ölkələrində, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya, Amerika Birləşmiş Ştatlarında Azərbaycan dilində olan bazar günü məktəblərini də biz müvafiq dərsliklərlə təmin etmişik. Bununla yanaşı, məktəb kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə təmin olunmuş, 19 adda xəritə çap olunaraq məktəblərimizə çatdırılmışdır. 2009-cu ildə bu iş davam etdiriləcəkdir.
Burada hörmətli millət vəkillərini narahat edən məsələlərdən biri də texniki peşə təhsili ilə bağlı idi. Bu sahədə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş proqram üzrə iş aparılır. Ötən il biz hələ ki, yalnız Qəbələdə müasir tələblərə cavab verən turizm və hotelçilik üzrə bir peşə məktəbini istifadəyə vermişik. Növbəti ildə bu istiqamətdə işimizi davam etdirəcəyik. Bu proqram çərçivəsində Avropa Təhsil Fondu, Böyük Britaniya, Avstriya, Cənubi Koreya və YUNESKO ilə birlikdə çox ciddi işlər aparılır və mən hesab edirəm ki, 2009-cu ildə nəticələrimiz daha yüksək olacaqdır.
Millət vəkillərimizi haqlı olaraq narahat edən məsələlərdən biri də azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları ilə bağlı olub. Bu sahədə də cənab Prezidentin imzaladığı proqram var. Bu proqram çərçivəsində 2 il ərzində biz 200-dən çox tələbəni dünyanın aparıcı universitetlərinə, nüfuzlu ali məktəblərinə göndərmişik. Mən burada millət vəkillərinin narahatlığını başa düşürəm. Onlar istəyirlər ki, say çox olsun. Amma bu işə biz yeni başlamışıq. Dünyanın bir çox aparıcı təşkilatları ilə, o cümlədən Amerika Birləşmiş Ştatlarının, Almaniyanın, Fransanın, Cənubi Koreyanın bu işlə məşğul olan təşkilatları ilə müqavilələr imzalamışıq və düşünürəm ki, gələcək illərdə bunların sayı daha çox olacaq. Bütövlükdə isə millət vəkillərimizin diqqətinə çatdırmaq istəyirəm ki, bu gün dünyanın müxtəlif ölkələrinin ali məktəblərində 4 min nəfərə yaxın azərbaycanlı gənc təhsilini müvəffəqiyyətlə davam etdirir. Onlardan min nəfəri dövlət hesabına təhsil alır. Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı isə son 5 il ərzində 1850 nəfərdən 6500 nəfərə çatmışdır. Ali təhsilini xarici ölkələrdə başa çatdırmış məzunlarımız çox böyük həvəslə Azərbaycana qayıdıb, dövlət və qeyri-dövlət sektorlarında işləyirlər.
Millət vəkillərimizi haqlı olaraq narahat edən məsələlərdən biri də ümumtəhsil məktəblərinin müəllimlərlə təminatı məsələsidir. Bu məsələ bizi də düşündürür. 2005-ci ildə hökumət tərəfindən bu məsələnin həllinə yönəlmiş proqram təsdiq olunubdur. Ötən müddət ərzində biz rayonlara 5 minə yaxın müəllim göndərmişik. O müəllimlərə dövlət tərəfindən yüksək əmək haqqı, iki dəfə artıq vəsait verilir. 2009-cu ildə daha 1308 nəfər müəllimin təyinat yerlərinə göndərilməsi nəzərdə tutulur.
Bir proqram da xüsusi istedada malik olan uşaqların, gənclərin yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramıdır. Bu proqram üzrə biz işlərimizi davam etdiririk. Ölkənin 21 bölgəsində 32 pilot məktəb yaradılmışdır. Liseylər fəaliyyət göstərir. Təhsil Nazirliyində istedadlar bankı yaradılmışdır. Bu işimizi də 2009-cu ildə davam etdirəcəyik.
Digər bir proqram xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili ilə əlaqədar proqramdır. Bu sahədə işin daha da yaxşılaşdırılması üçün axtarışlarımızı biz parlamentin müvafiq komissiyasının üzvlərinin və sədrinin iştirakı ilə davam etdiririk.
Başqa bir proqram dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi üzrə dövlət proqramıdır. Bu istiqamətdə də işimiz gedir.
Sonuncu, 15-ci proqram Dünya Bankının iştirakı ilə həyata keçirdiyimiz təhsil sektorunun inkişafı proqramıdır. Bu istiqamətdə də iş gedir. Mən bir məsələyə, Oqtay müəllim, istəyirəm, aydınlıq gətirəm. Təhsil sektoru hörmətli Prezidentimizin daim diqqət mərkəzində olub və bu gün də diqqət mərkəzindədir. Ötən il təhsil sahəsində çalışan işçilərin əmək haqqı hiss olunacaq dərəcədə artıbdır. Amma mən millət vəkillərinin çıxışlarından hiss etdim ki, çoxları hələ dəqiq bilmir, bu sahədə əmək haqqı nə qədər artırılıbdır. Mən burada konkret rəqəmlər demək, məsələn, bu gün Azərbaycanın universitetlərində professorun məvacibi haqqında məlumat vermək istəyirəm. Əgər 2008-ci ilin 15 sentyabrınadək dövlət universitetinin professorunun məvacibi 250 manat idisə, bu gün 520 manat olub, yəni iki dəfədən də çox artıbdır. Əgər dosentin məvacibi 155 manat idisə, bu gün 435 manat olub, yəni 2,8 dəfə artıb. Kafedra müdirinin məvacibi artımdan əvvəl 270 manat idisə, bu gün 680 manatdır.
Burada təkcə məvacibin artmasından söhbət getmir. İndi bizim dövlətimizin başçısının imzaladığı sərəncama əsasən ali məktəblərdə dekan vəzifəsi, necə deyərlər, azad olmuş vəzifədir və dekanlığa görə xüsusi maaş verilir. Kafedra müdiri də kafedra müdirliyinə görə maaş alır. Ona görə də biz belə düşünürük ki, bu, təkcə maaşların artırılması istiqamətində atılan addım deyil, həm də ali təhsildə keyfiyyətin yüksəldilməsinə təsir edən bir addımdır. Buna görə mən təhsil işçilərinin və xüsusən ali məktəblərimizdə çalışan professor-müəllim heyətinin, o cümlədən orta məktəblərdə çalışan müəllimlərin dövlət başçısına xüsusi minnətdarlığını çatdırmaq istəyirəm.
Oqtay müəllim, bir məsələni deyim, fikrimi sona çatdırıram. Biz ötən bir il ərzində parlamentin üzvlərinin böyük əksəriyyəti ilə çox sıx əlaqə saxlamışıq. Həm parlamentdə, həm də Təhsil Nazirliyində onlarla çoxsaylı görüşlərimiz olub. Mənə belə gəlir, bir-birimizi yaxşı başa düşmüşük və bu gün də yaxşı başa düşürük. Düşünürəm ki, bu gün mövcud olan problemləri gələcək ildə uğurla həll edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Misir müəllim, məni bir sual maraqlandırır. Bizim xaricdə təhsil alan tələbələrimizin, heç olmasa, 80 faizi Azərbaycana qayıdır?
M. Mərdanov. Oqtay müəllim, mən məsuliyyətlə deyirəm ki, 80 faizindən çoxu qayıdır. Məsələn, Prezident proqramı üzrə Böyük Britaniyaya yola saldığımız tələbələrdən beşi, – cəmi il yarım keçib üstündən, – magistratura təhsilini başa vurub, bu günlərdə bizə müraciət edib ki, Azərbaycana gəlmişik, xahiş edirik, bizə müvafiq iş verin. Biz də dövlət orqanlarına, eyni zamanda, özəl təşkilatlara müraciət etmişik. O gənclərlə daim əlaqə saxlayırıq ki, onlar məhz Azərbaycanda çalışsınlar. Yəni bu, 80 faizdən də yüksəkdir.
Sədrlik edən. Oldu. Çox sağ olun. İqtisadi inkişaf naziri Şahin Mustafayev, buyurun.
Ş. Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir sıra çıxışlarda, o cümlədən Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Vahid Əhmədov, Tahir Rzayev, Yaqub Məmmədov, Əli Əhmədov və Əli Məsimlinin çıxışlarında ölkə iqtisadiyyatının neftdən asılılığı və qeyri-neft sektorunun inkişafının zəruriliyi, vacibliyi qeyd olunmuş və hökumət tərəfindən bu istiqamətdə görüləcək tədbirlər barədə suallar verilmişdir. Bildirmək istəyirəm ki, qeyri-neft sektorunun inkişafı möhtərəm Prezident tərəfindən strateji istiqamət kimi müəyyən edilmişdir və onun inkişafı üçün lazımi tədbirlər həyata keçirilir, müxtəlif proqramlar təsdiq olunur.
Qeyri-neft sektorunun inkişafı üçün əlverişli biznes mühitinin yaradılması əsas şərtlərdən biridir. Bu istiqamətdə indiyə qədər müxtəlif tədbirlər, iqtisadi qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində xeyli islahatlar həyata keçirilmişdir və bu islahatlar getdikcə dərinləşdiriləcəkdir.
2009-cu il yanvarın 1-dən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında bir pəncərə prinsipi tətbiq ediləcəkdir. Bilirik ki, bu ilin əvvəlindən cənab Prezidentin müvafiq sərəncamı ilə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı da bir pəncərə prinsipi əsasında həyata keçirilir. Bu tədbirlər yaxşı nəticə verir. Bundan başqa, Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun və Rəqabət Məcəlləsinin layihələrinə artıq Milli Məclisdə baxılmaqdadır. Hazırda Özəl investisiya fəaliyyəti haqqında, İxrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında qanun layihələri üzərində iş gedir. Bu kimi mühüm tədbirlər həm nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın reytinqini əhəmiyyətli dərəcədə yüksəltmiş, həm də ölkədə biznes mühitinin daha da yaxşılaşmasında mühüm rol oynamışdır.
İkinci mühüm istiqamət sahibkarlığın inkişafı üçün lazım olan infrastruktur layihələrinin həyata keçirilməsi, onların tam həcmdə yerinə yetirilməsidir. Ölkədə beynəlxalq tranzit dəhlizləri, kommunal infrastruktur dövlət tərəfindən tam təmin olunacaqdır. Bu məqsədlə 2009–2012-ci illərdə infrastruktur layihələrinin həyata keçirilməsinə 14 milyard manatdan çox investisiya yönəldiləcəkdir.
Digər mühüm istiqamət regionların potensialından daha səmərəli istifadə olunmasıdır. 2003–2008-ci illər üçün regionların sosial-iqtisadi inkişaf proqramı uğurla həyata keçirilmişdir. Cənab Prezidentin göstərişi ilə 2009–2013-cü illər üçün də proqram hazırlanır. 2008-ci ildə isə büdcədən regionların inkişafına 2 milyard manatdan artıq vəsait, yəni dövlət investisiya xərclərinin 47 faizə qədəri yönəldilmişdir. 2009-cu ildə də bu maliyyələşdirmə davam etdiriləcək və regionların inkişafına diqqət daha da artırılacaqdır.
Qeyri-neft sektorunun inkişafının mühüm istiqamətlərindən biri kənd təsərrüfatının inkişafıdır. Bu haqda hörmətli İsmət Abasov geniş məlumat verdi. Mən, sadəcə, əlavə tədbirlər kimi, Sahibkarlığın İnkişaf Fondu vasitəsilə 5355 kənd təsərrüfatı istehsalı layihəsinin maliyyələşdirilməsi haqqında məlumat vermək istərdim. Ümumi məbləğ 101,2 milyon manat təşkil etmişdir.
Çox mühüm istiqamətlərdən biri Azərbaycanda turizm və informasiya-kommunikasiya texnologiyaları kimi perspektivli sahələrin inkişafıdır. Turizm sektorunda 2008–2016-cı illəri əhatə edəcək turizmin inkişafına dair dövlət proqramının layihəsi hazırlanmışdır. Dövlət tərəfindən turizmin inkişaf etdirilməsi üzrə irimiqyaslı layihələr həyata keçirilir. Bunlardan Şahdağ turizm kompleksinin yaradılması, tarixi mədəniyyət abidələrinin bərpası, Şəkidə Aşağı Karvansaray və Şəkixanovların evinin təmiri, Bakı şəhərində Heydər Əliyev Mərkəzinin, Azərbaycan xalçası xalq tətbiqi sənət muzeyinin, Muğam Evinin tikintisi və yeni mədəni turizm marşrutlarının yaradılması kimi tədbirləri göstərmək olar.
Qeyri-neft sektorunda ən yüksək irəliləyişlər informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilmişdir. Son illərdə bu, ən dinamik inkişaf edən sahədir və son 8 ildə orta hesabla 27,3 faiz, son 5 ildə 31,2 faiz artmışdır. Gələn 4 ildə rabitə sektorunun ildə təxminən 25 faiz artması proqnozlaşdırılır.
Özəl sektora maliyyə dəstəyi gücləndiriləcək və onun istifadəsinə dövlətin nəzarəti artırılacaq. Bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyə qədər 7326 investisiya layihəsinin maliyyələşdirilməsi üzrə 333 milyon manat həcmində güzəştli kreditlər verilmişdir. Gələcəkdə də bu işlər davam etdiriləcək. Bundan başqa, Dövlət İnvestisiya Şirkəti vasitəsilə ən müasir tələblərə və bazar iqtisadiyyatı prinsiplərinə cavab verən istehsal sahələri yaradılacaqdır.
Bir qədər nəticələr haqqında statistik məlumatları diqqətinizə çatdırmaq istərdim. Son 8 ildə Azərbaycanın qeyri-neft sektorunda inkişaf orta hesabla 11 faizdən də çox olmuşdur. Məlumat və müqayisə üçün bildirmək istəyirəm ki, dünya iqtisadiyyatında son 8 ildə artım orta hesabla 4,1 faiz, o cümlədən ən yüksək inkişaf tempi ilə seçilən Çində 10,2 faiz, Hindistanda 7,3 faiz olmuşdur. Bizdə qeyri-neft sektorunun gələn 4 ildə orta hesabla 10 faizdən çox artması proqnozlaşdırılır. Proqnozlara əsasən, 2009-cu ildə qeyri-neft sektorunda artım sənayedə 9,4 faiz, kənd təsərrüfatında 9 faiz, ticarətdə 15 faiz, nəqliyyatda 11 faiz, rabitədə 25 faiz təşkil edəcəkdir.
Bir sıra çıxışlarda maraqlı təkliflər səsləndirildi. O cümlədən Eldar Quliyev maraqlı təkliflə çıxış etdi. Biz təklifləri müzakirə etməyə və səmərəli təkliflərdən gələcəkdə istifadə etməyə hazır olduğumuzu bildiririk. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Artıq fasilədir. Yəqin, Samir müəllim fasilədən sonra çıxış edər. Etiraz etmirsiniz? Çox sağ olun.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş eləyirəm, yerlərinizi tutasınız. İclasımızı davam etdiririk. Söz verilir Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifova. Buyurun, Samir müəllim.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mən ilk növbədə öz tərəfimdən sizə həm parlamentin daimi komissiyalarının, həm də Milli Məclisin iclaslarında büdcə layihəsinin müzakirələri zamanı səsləndirdiyiniz təkliflərə görə öz minnətdarlığımı bildirmək istərdim. Sözsüz ki, bunlar ənənəvi olaraq, həm Maliyyə Nazirliyi, həm də hökumətin digər qurumları tərəfindən nəzərə alınır, təhlil edilir və ya cari büdcə paketində, ya da növbəti illərin büdcə paketlərində bunlarla əlaqədar müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Artıq qeyd etdiyim kimi, hörmətli millət vəkilləri tərəfindən əvvəlki büdcənin müzakirəsi, habelə icrası zamanı səsləndirilmiş bir sıra təkliflər hökumət tərəfindən nəzərə alınmış və bu ilin büdcəsində öz əksini tapmışdır. Bunların arasında qeyri-hökumət təşkilatlarına dəstəyin verilməsi və buna oxşar bir sıra digər vacib tədbirlərin həyata keçirilməsi qeyd oluna bilər.
Mən bu çıxışımda hörmətli millət vəkilləri tərəfindən daha çox verilən suallar üzərində dayanmaq istərdim. Burada, sözsüz ki, çox müzakirə olunan sual neftin qiymətinin enməsinin dövlət büdcəsinin gəlirlərinə təsiri barədə sualdır. Həm hökumət nümayəndələri, həm də millət vəkilləri tərəfindən bu suala tutarlı cavablar verilmiş və dövlət büdcəsinin gəlirlərinin formalaşmasına münasibət bildirilmişdir. Hesablama Palatasının sədri və Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri tərəfindən bu məsələyə münasibət bildirilmiş və deyilmişdir ki, dövlət büdcəsinin gəlirləri neftin qiymətinin düşməsindən kifayət qədər sığortalanıb. Bunun üçün əsas mexanizm ondan ibarətdir ki, bir tərəfdən Dövlət Neft Şirkətinin gəlirlərinin yalnız bir hissəsi neftin və neft məhsullarının ixracı zamanı əldə olunan xarici valyuta hesabına formalaşırsa, böyük bir hissəsi Azərbaycan bazarında əldə edilir. Azərbaycan bazarında əldə edilən gəlirlər isə, təbii ki, xarici bazarlarda neftin qiymətinin aşağı enməsindən sığortalanıb.
Digər tərəfdən, dövlət büdcəsinin formalaşmasında Dövlət Neft Fondundan transfertə mühüm rol ayrılır. Dövlət Neft Fondunun transfertləri dövlət büdcəsində stabilləşdirici rola malikdir və sözsüz ki, biz Dövlət Neft Fondunun bu funksiyasından tam istifadə edəcəyik. Mən bəzi millət vəkillərinin o fikri ilə qətiyyən razı deyiləm ki, Dövlət Neft Fondunun vəsaiti toxunulmaz olaraq qalmalıdır və belə bir funksiya Dövlət Neft Fondunun əsasnaməsində nəzərdə tutulmayıb. Əksinə, vaxtilə ulu öndərimiz Heydər Əliyev tərəfindən Dövlət Neft Fondu yaradılarkən göstərilmişdir ki, fondun əsas məramı həm bugünkü, həm də gələcək nəsillərə xidmət etməkdir. Məhz ona görə fond bir tərəfdən vəsaitlərin toplanması və gələcək nəsillər üçün saxlanılması funksiyasını yerinə yetirirsə, digər tərəfdən də ölkənin, dövlətin bugünkü ehtiyaclarının maliyyələşdirilməsi funksiyasını yerinə yetirir. Bildiyiniz kimi, Azərbaycanın bu istiqamətdə atdığı addımlar istisna deyil. Qonşu dövlətlərdə də təbii ehtiyatlar fondlarından istifadə olunur. Təbii ehtiyatlar fondları ilk növbədə öz stabilləşdirici funksiyasını həyata keçirməlidir. Məhz ona görə biz əminik ki, Dövlət Neft Fondunun vəsaitləri hesabına büdcədə hər hansı bir gərginlik hiss olunmayacaq.
Eyni zamanda, mən dövlət büdcəsi layihəsini təqdim edərkən çıxışımda onu da qeyd etmişdim ki, hökumət tərəfindən dünya iqtisadiyyatında, dünya təbii resurslar bazarlarında baş verən hadisələr çox yaxından izlənilir, diqqətlə öyrənilir və bu bazarlarda hər hansı pisləşmə meyilləri baş verərsə, yəni neftin qiyməti kəskin surətdə enərsə, hökumət tərəfindən müvafiq əlavə tədbirlər görülə bilər. Dünya iqtisadiyyatında bu tənəzzül, böhran meyilləri daha da güclənərsə, sözsüz ki, hökumət Milli Məclisə müraciət edərək, dövlət büdcəsində hər hansı dəyişikliyin edilməsini təklif edə bilər. Lakin hazırda dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri büdcədə dəyişiklik edilməsi üçün kifayət qədər əsas vermir. Hesab edirik ki, bizim kifayət qədər ehtiyatlarımız var və ona görə bu gün hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac yoxdur.
Digər tərəfdən biz dünya iqtisadiyyatında baş verən proseslərə nəzər yetirsək, görərik ki, əksər dünya dövlətləri iqtisadiyyata əlavə likvidliyi təklif edirlər. Biz bunu dünyanın həm inkişaf etmiş ölkələrinin, həm də bəzi qonşu dövlətlərin timsalında görürük. Mən hesab edirəm ki, indi dünya iqtisadiyyatında baş verən tənəzzül şəraitində biz likvidliyin iqtisadiyyata verilməsinin qarşısını almamalıyıq və çalışmalıyıq ki, likvidlik optimal səviyyələrdə, yəni dövlət büdcəsinin gəlirlərinin mümkün səviyyələrində iqtisadiyyata verilsin. Bununla biz ilk növbədə bank sistemimizi qorumuş və digər tərəfdən real sektora müəyyən qədər dəstək vermiş olacağıq. Buna görə hökumət hesab edir ki, növbəti ildə də dövlətin investisiya xərcləri yüksək olaraq qalmalıdır. Məhz bunun hesabına biz iqtisadiyyatı lazımi qədər likvidliklə təmin edə biləcəyik.
Digər tərəfdən, burada Hesablama Palatası sədrinin qeyd etdiyi kimi, dünyada baş verən proseslər Azərbaycana idxal olunan malların qiymətlərində də köklü dəyişikliklərə gətirib çıxaracaq və bu malların qiymətinin aşağı düşməsi müşahidə olunacaqdır. Bununla əlaqədar biz investisiya xərclərimizdə də müəyyən qənaətin edilməsi ehtimalını nəzərə almışıq. Bir daha qeyd edirəm ki, biz dövlət büdcəsinin gəlirlərinin formalaşmasına kifayət qədər ehtiyatla yanaşmışıq və hökumət tərəfindən bir neçə il ərzində toplanmış maliyyə ehtiyatları bizə imkan verəcək ki, büdcə xərclərinin stabil şəkildə maliyyələşdirilməsini təmin edək.
Mən regionlara ayrılan dotasiyalar üzərində də dayanmaq istərdim. Bəzi millət vəkilləri tərəfindən belə fikirlər səsləndirilmişdir ki, burada müəyyən ayrı-seçkilik var və sair. Mən bununla qəti razı deyiləm. Heç bir ayrı-seçkilik yoxdur. Regionların cari xərcləri stabil şəkildə maliyyələşdirilir və burada hər hansı ayrı-seçkiliyə yol verilə bilməz. Sözsüz ki, biz bütün regionlarda eyni həcmli investisiya layihələrini həyata keçirə bilmərik. Çünki regionların təbii xüsusiyyətləri, iqtisadi spesifikası və sair fərqlidir. Ona görə də konkret investisiya məqsədinə çatmaqdan ötrü bəzi regionlara müvəqqəti olaraq daha çox vəsait ayrıla bilər.
Burada deyilmişdi ki, Quba rayonuna o qədər də çox diqqət yetirilmir. Mən bu fikirlə də razı deyiləm. Ona görə ki, Quba rayonuna dövlət büdcəsindən böyük məbləğdə vəsait yönəldilir. Qeyd etmək kifayətdir ki, Quba rayonunu paytaxt Bakı ilə birləşdirən nəhəng bir magistral yol tikilir. Eyni zamanda, təkcə cari ildə Quba rayonunda 6 yeni məktəbin tikintisi və mövcud məktəblərin yenidən qurulması üçün xeyli vəsait ayrılmışdır. Təbii ki, bu işlər bundan sonra da davam etdiriləcəkdir.
Xaçmaz rayonuna gəldikdə isə, Xaçmaz rayonundan olan millət vəkili də, hər hansı bir digər Azərbaycan vətəndaşı da Xaçmazda baş verən müsbət dəyişiklikləri görməyə bilməz. Burada aparılan işlərin bir qismi Xaçmaz rayonunun öz vəsaiti hesabına görülürsə, digər hissəsi də mərkəzləşdirilmiş büdcədən Xaçmaza ayrılan dotasiya hesabına həyata keçirilir. Qeyd edim ki, Xaçmaz rayonunun Xudat şəhərinə də əlavə vəsaitin ayrılması nəzərdə tutulub.
Sabirabad rayonu ilə əlaqədar olaraq deyilmişdir ki, rayonun yerli xərclərində adambaşına düşən xərc 100 manat, digər rayonlar üzrə isə 200 manat təşkil edir. Onu bildirmək istəyərdim ki, dövlət investisiya xərcləri, xaricdən cəlb edilən kreditlər, sahələr üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsait nəzərə alınmadan yerli gəlirlər, yəni rayon və şəhərlərin özlərinin əldə etdikləri gəlirlər ölkə üzrə adambaşına 58 manat, Sabirabad rayonu üzrə 45 manatdır. Adambaşına düşən dotasiya isə ölkə üzrə 95 manat, Sabirabad rayonu üzrə 154 manat təşkil edir. Bununla əlaqədar onu da qeyd etmək istərdim ki, ölkədə rayon və şəhərlər üzrə büdcə təşkilatlarının sayının orta göstəricisi 239 müəssisə olduğu halda, Sabirabad rayonu üzrə 263 müəssisədir, yəni 30 müəssisə artıqdır.
Bəzi millət vəkillərinin çıxışlarında qeyd olundu ki, Naxçıvan Muxtar Respublikasına adambaşına zəruri məbləğdən artıq dotasiya verilir. Mən bu fikirlə də qəti razı deyiləm. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasına mərkəzi büdcədən daha çox vəsait ayrılmalıdır, çünki bu muxtar respublikanın Azərbaycan üçün xüsusi geosiyasi əhəmiyyəti var. Ona görə də mərkəzləşdirilmiş xərclərdən Naxçıvana verilən dotasiyanın həcmi bundan sonra da fərqli olacaq. Amma eyni zamanda, mən hesab etmirəm ki, burada bəzi deputatların iddia etdiyi kimi, Naxçıvana dotasiyanı artırmaq lazımdır. Onu qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikasının növbəti ildə xərcləri 25,4 faiz artacaq, dövlət büdcəsinin xərclərinin ölkə üzrə artımı isə bundan təxminən 10 faiz az olacaqdır. Bu onu göstərir ki, Naxçıvan Muxtar Respublikasına kifayət qədər vəsait ayrılır. Onu da qeyd edim ki, Naxçıvan Muxtar Respublikasından Bakıya və Bakıdan Naxçıvan Muxtar Respublikasına təyyarə biletlərinin maliyyələşdirilməsi üçün mərkəzləşdirilmiş büdcədən subsidiyaların verilməsi davam etdirilir və hətta bu subsidiyanın məbləği bir qədər də artırılmışdır.
Elmlə əlaqədar bir sıra məsələlər qaldırılmışdır. İlk növbədə onu qeyd etmək istərdim ki, elmə ayrılmış xərclər əhəmiyyətli dərəcədə artmışdır. Bunu millət vəkilləri də öz çıxışlarında qeyd etmişlər. Hesab edirəm ki, elmin inkişafı üzrə proqramın hazırlanması üçün dövlət başçısı tərəfindən 2008-ci ildə xüsusi yaradılmış komissiya bu yaxınlarda öz işini bitirərək, ortaya sanballı bir sənəd qoyacaq və bu sənəd əsasında elmin maliyyələşdirilməsi daha məntiqi əsaslarla həyata keçiriləcəkdir.
Burada ali təhsil müəssisələrində elmə vəsaitin ayrılmaması məsələsinə də toxunulmuşdur. Mən təkcə onu qeyd etmək istərdim ki, ali təhsil müəssisələrində elmi tədqiqat institutlarının yaradılması məsələsi, sözsüz ki, ölkədə elmin inkişafı konsepsiyasının tərkib hissəsi olmalı və burada təkrarlanmaya yol verilməməlidir. Yalnız bu şərtlə dövlət tərəfindən həmin elmi tədqiqat müəssisələrinin maliyyələşdirilməsi həyata keçirilə bilər. Biz onu da nəzərə almalıyıq ki, ali təhsil müəssisələrinin elmi dərəcəyə malik olan əməkdaşları məvaciblərini tədris haqqı kimi alırlar. Onlar elmi fəaliyyətə görə məvacib almırlar. Sözsüz ki, burada müəyyən bir vahid konseptual yanaşmaya ehtiyac duyulur.
Bəzi çıxışlarda qeyd olundu ki, bu, sosial yönümlü büdcə deyil. Mən bu qiymətlə də razı deyiləm. Çünki dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 33 faizdən çoxdur. Bu bir daha onun sosial yönümlü büdcə olduğunu göstərir. Qeyd edim ki, büdcənin dövlət investisiya xərcləri 38 faiz təşkil edir və bunlar daimi xərclər deyil. Yəni biz bu xərcləri nəzərə almasaq, sosial yönümlü xərclərin xüsusi çəkisi daha yüksək olacaqdır. Digər tərəfdən, dövlət investisiya xərclərində də sosial yönümlü investisiya xərclərinin xüsusi çəkisi yüksəkdir. Çünki investisiya proqramında yeni məktəblərin tikintisi, mövcud məktəblərin və mədəniyyət ocaqlarının yenidən qurulması, müəyyən səhiyyə obyektlərinin inşası, təmir edilməsi, yeni avadanlıqla təmin olunması nəzərdə tutulmuşdur. Bu bir daha göstərir ki, sosial infrastruktura dövlət büdcəsindən xeyli vəsait ayrılır.
Digər təkliflərə gəlincə, hesab edirəm ki, onların bir daha təhlil edilib araşdırılması üçün həm Maliyyə Nazirliyinə, həm də digər aidiyyəti dövlət qurumlarına bir qədər də vaxt verilməlidir. Yəqin ki, müəyyən vaxtdan sonra biz hansı təkliflərin hökumət tərəfindən dərhal qəbul edilib, təqdim olunmuş büdcə layihəsində əks etdirilməsi barədə sizə məlumat verə biləcəyik. Bunları nəzərə almaqla bir daha hörmətli millət vəkillərindən xahiş edərdim ki, bu büdcə layihəsini dəstəkləsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Yəqin, biz büdcə zərfinə daxil olan digər məsələləri müzakirə edəndən sonra bu məsələlərə baxmaq üçün hökumətə vaxt veriləcək.
İndi gündəliyin ikinci məsələsinə keçirik. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli həmkarlarım, dəyərli hökumət üzvləri, xanımlar və cənablar! Bu günlər ölkəmizin ictimai-siyasi həyatında, müasir tarixində yeni bir mərhələnin, Azərbaycanın böyük rəğbət və ehtiramla seçdiyi, xalqımızın böyük oğlu İlham Əliyevin prezidentliyinin ikinci dövrünün ilk ilinin iqtisadi, sosial və maliyyə əsası qoyulur. Seçki öncəsi yerlərdə keçirdiyimiz çoxsaylı görüşlər bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan seçicisi ölkədə gedən sosial islahatların hiss olunan müsbət nəticələrini görür və möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını və razılığını hər yerdə bildirir.
Aparılan genişmiqyaslı sosial siyasətin daha da inkişaf etdirilməsi nəticəsində ötən maliyyə ili ərzində Azərbaycanda bu sahənin ən vacib qolu olan sığorta-pensiya sistemində də önəmli dəyişikliklər baş vermiş və böyük uğurlar qazanılmışdır. Belə ki, ölkəmizdə sosial sığorta sistemində fərdi uçot daha da inkişaf etdirilmiş, bu məqsədlə iş yerləri avtomatlaşdırılmış, idarəetmə xeyli təkmilləşmiş və asanlaşmışdır. Pensiyaların baza hissəsi bu müddətdə iki dəfə hissə-hissə artırılaraq 75 manata çatdırılmışdır. Pensiyaların sığorta hissəsi mövcud inflyasiyaya uyğun indeksləşdirilmiş, ən önəmlisi isə sığorta-pensiya sistemi ilə müavinət sistemi, demək olar ki, bir-birindən tam ayrılmışdır. Eyni zamanda, Azərbaycanda vahid əmək pensiyası institutu yaradılaraq, hərbi qulluqçuların, polis əməkdaşlarının, dövlət məmurlarının və digər sahələrdə çalışanların əmək pensiyaları bir sənəddə özünü ehtiva etmişdir. Ən başlıcası isə pensiyaların hesablanması və digər maliyyə əməliyyatları vahid metodoloji yanaşma ilə öz həllini tapmağa başlamışdır.
Bu il ərzində Dövlət Sosial Müdafiə Fondu beynəlxalq təşkilatlarda daha geniş təmsil olunmuş, Azərbaycanın müsbət təcrübəsi dünyanın bir sıra ölkələrində örnək olaraq öyrənilmişdir. Ötən illərdə olduğu kimi, Dövlət Sosial Müdafiə Fondu ilə Milli Məclisin Sosial siyasət daimi komissiyası müvafiq islahatların qanunvericilik bazasının möhkəmləndirilməsi sahəsində sıx əməkdaşlıq etmiş, bu da öz növbəsində bir sıra nailiyyətlərin əldə olunmasına rəvac vermişdir. Belə ki, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının bir pəncərə prinsipinə uyğun təşkili, işəgötürənlər tərəfindən işçilərin qeydə alınmaması və sosial sığortaya cəlb edilməməsinə görə inzibati məsuliyyətinin ciddi şəkildə artırılması və sair barədə qanunvericilik aktları sosial sığorta yığımlarının xeyli artmasına şərait yaratmış və bu sahədə hiss olunan uğurlar əldə edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il üçün büdcə layihəsində gəlirlər 1 milyard 775 milyon 547 min 400 manat proqnozlaşdırılmışdır ki, bu da 2008-ci illə müqayisədə 26,3 faiz çoxdur. Onu da qeyd etmək lazımdır ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 72 faizinin məcburi dövlət sığorta haqları hesabına təmin edilməsi gözlənilir ki, bu da əvvəlki ilə görə 25,4 faiz çoxdur. Sevindirici rəqəmlərdən biri də odur ki, bu büdcənin 57,5 faizi sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər tərəfindən ödəniləcəkdir.
Eyni zamanda, dövlət büdcəsindən transfert də bu il 500 milyon manata yaxındır, bu da ötən illə müqayisədə təxminən 28,6 faiz çoxdur. Nəzərə alsaq ki, pensiyaların baza hissəsi, yəni minimum həddi bilavasitə möhtərəm Prezidentimizin sərəncamları ilə artırılır, onda ölkə büdcəsindən bu məqsədlər üçün ayırmaların nə qədər vacib olduğu daha aydın görünər. Əlbəttə, bu, möhtərəm Prezidentimiz İlham Əliyevin insanlara qayğı və diqqətinin bariz nümunəsi kimi qiymətləndirilməlidir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun xərcləri, əsasən, sosial əmək pensiyalarının ödənilməsinə yönəldilir.
Bu günlərdə 3 komissiyanın birgə iclasında büdcədən başqa, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti ilə bağlı bir sıra ehtiyat mənbələrdən, əlavə resurslardan və həlli vacib bəzi problemlərdən də ətraflı söhbət açıldı. Hər dəfə olduğu kimi, yenə də biz yığım əmsalının qaldırılması ilə bağlı müzakirələr açdıq, bunun bəzi yollarını qeyd elədik. Bu hamımıza məlum olan məsələlərdir və hörmətli Səlim müəllimin rəhbərlik etdiyi qurum bununla ardıcıl olaraq məşğuldur.
Ötən il səsləndirdiyimiz bir fikrə yenə də diqqətinizi yönəltmək istəyirəm. Bu gün də kənd təsərrüfatında çalışanların sosial sığortaya cəlb edilməsi sahəsində çox böyük boşluqlar mövcuddur. Cüzi miqdarda sığorta haqları ödəməklə əhalinin on minlərlə aztəminatlı hissəsi özünün pensiya hüququnu və bununla da ehtiyacsız qocalığını təmin edə bilər. Bu sahədə icra strukturlarının, bələdiyyələrin, ictimaiyyətin, elə biz deputatların özünün də sığorta orqanlarına köməyinə böyük ehtiyac var.
Onu da xüsusi vurğulamağı özümə borc bilirəm ki, komissiya iclaslarında, Milli Məclisin plenar iclaslarında səslənən bir sıra fikirlər zaman-zaman Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi və işçiləri tərəfindən qəbul olunur və sonradan özünün müsbət həllini tapır. Belə misallardan birini qeyd eləmək istəyirəm. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılan maliyyə vəsaitinin ildən-ilə az olduğunu vurğulamışdıq. Nəhayət, bu ilin büdcəsində həmin rəqəmin artmasına nail olmuşuq və bu rəqəmin artmasına görə, həmin qrup insanlar tərəfindən Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə minnətdarlığımızı bildiririk. Həmin faizə özünüz də nəzər yetirsəniz, görərsiniz ki, həmkarlar ittifaqlarına yollayışlar üçün ayrılan vəsaitin həcmi büdcənin cəmi 0,5 faizini təşkil edir. Bu da həm o adamların ehtiyaclarını tam ödəmir, həm də burada ərzağın bahalaşması və digər məsələlərdə özünü göstərir. Onu da vurğulamaq istəyirəm ki, hələ komissiyanın iclasında həm Maliyyə Nazirliyinin, həm də Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri bu rəqəmə yenidən baxacaqlarına söz verdilər. Mən hesab edirəm ki, bu bizim komissiya iclasında əldə etdiyimiz konsensusdur.
Mən daha bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, ölkənin dövlət büdcəsində tibbi sığorta ilə bağlı vəsait ayrılıb. Lakin bu vəsait uzun illərdir ki, əslində olmayan bir şeyə ayrıldığı üçün xərclənməmiş qalır. 10 ildir ki, “Tibbi sığorta haqqında” Qanun qəbul olunub, bu günə qədər də işləmir. Bununla bağlı sənədlər nazirliklərdə qapı-qapı gəzir. Bu gün Azərbaycanda Dövlət Sosial Müdafiə Fondu kimi sistemləşmiş, strukturlaşmış qurum var. Dünya ölkələrində sosial sığorta deyilən bir vergi də mövcuddur. Bu sosial sığorta özündə tibbi sığortanı da ehtiva edir. Məncə, indi bizdə tibbi sığorta ilə bağlı əlavə strukturların yaranmasına və buna böyük vəsaitin xərclənməsinə ehtiyac yoxdur. Bir də ki, bu işdə təcrübəsizliyin özü də əlavə problemlər yarada bilər. Mən hesab edirəm ki, bu mövzu üzərində düşünmək və onu müzakirə etmək çox əhəmiyyətli olardı. Təbii ki, müvafiq strukturlar da bu haqda düşünməlidirlər.
Milli Məclisə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən büdcə zərfində göndərilmiş Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xüsusi əhəmiyyətindən danışmağa, məncə, elə bir ehtiyac yoxdur. Hamınız bilirsiniz ki, bu layihə əhalinin 3 milyona yaxın hissəsinin bilavasitə sosial problemlərinin həllinə yönəlmiş bir sənəddir. Sizi bu sənədin konstruktiv müzakirəsinə dəvət edir və ona səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Söz verilir Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim Müslümova. Səlim müəllim, tibbi sığorta məsələsi 6 ildən artıqdır, gah Dövlət Sosial Müdafiə Fonduna, gah Səhiyyə Nazirliyinə, gah da o biri strukturlara ünvanlansa da, axıra kimi həll olunmayıb. Bunun ətrafında, doğrudan, fikirləşmək lazımdır.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin səlahiyyətlərini icra edən.
Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin sosial müdafiəsi tədbirlərinin uzlaşdırılması konsepsiyasının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur və onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılması respublikamızda bazar iqtisadiyyatına keçidin yeni bir modelini formalaşdırmışdır. Makroiqtisadi sabitləşmə və iqtisadiyyatın dinamik inkişafı ölkə vətəndaşlarının yaşayış səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsini təmin etmiş, sosial yönümlü bazar iqtisadiyyatının yaradılmasına üstünlük verilməsi ilə bağlı əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə mümkün olan zəruri tədbirlər həyata keçirilmişdir.
2008-ci ilin yanvar–sentyabr aylarında əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 35,6 faiz, adambaşına düşən gəlirlər 34,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 23,1 faiz, əmək pensiyalarının orta aylıq məbləği isə 52,2 faiz artmışdır. Ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi 2008-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun 2008-ci ilin ilk 10 ayında gəlirləri 1 milyard 74 milyon manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 280 milyon manat və ya 35 faiz çoxdur. Gəlir proqnozu qeyri-büdcə təşkilatlarından məcburi dövlət sosial sığortaları üzrə 100,1 faiz icra olunmuşdur. Yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyəti subyektlərinin bir pəncərə prinsipi əsasında qeydiyyatının təşkili cari ilin 10 ayında qeydə alınan sığorta olunanların sayını sürətlə artırmış və 2008-ci ilin 1 iyul tarixinə onların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 135 min nəfər artmışdır.
Dövlət büdcəsindən transfert proqnozla nəzərdə tutulmuş məbləğdə, yəni 356 milyon manat məbləğində Dövlət Sosial Müdafiə Fondunun hesabına daxil olmuşdur. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.
2008-ci ilin ilk 10 ayında fondun xərcləri 1 milyard 108 milyon manat olmuşdur. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 1 milyard 73 milyon manat vəsait yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 283 milyon manat və ya 36 faiz çoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə yaşa görə əmək pensiyasının baza hissəsi il ərzində 50 faiz artırılmış, sığorta hissəsi isə 16,7 faiz səviyyəsində indeksləşdirilmişdir.
2008-ci ilin 1 oktyabr tarixinə əmək pensiyaçılarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 24 min nəfər artaraq, 1 milyon 266 min nəfərə çatmışdır. 2009-cu ilin büdcə layihəsi tərtib olunarkən cari ilin büdcəsinin gözlənilən icra vəziyyəti, növbəti il üçün ölkənin makroiqtisadi siyasəti, dövlət büdcəsinin əmək ödənişləri xərcləri üzrə nəzərdə tutulan parametrləri, əmək haqqı və məşğulluq siyasəti tədbirləri, demoqrafik dəyişikliklər, eləcə də sığorta-pensiya siyasətinin başlıca istiqamətləri və “Əmək pensiyaları haqqında” Qanunun tələbləri nəzərə alınmaqla kəsirsiz, yəni balanslaşdırılmış büdcə müəyyən olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 2009-cu ilə 1 milyard 775 milyon 547 min 400 manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 370 milyon manat və ya 26,3 faiz çoxdur. Fondun büdcəsinin tərtibi zamanı dövlət büdcəsindən transfertin məbləği qalıq prinsipi ilə müəyyənləşdirildiyindən ilk öncə, icazənizlə, mən fondun büdcə xərclərinin formalaşdırılması prinsipləri üzərində dayanmaq istərdim.
Xərclərin 93,5 faizini və ya 1 milyard 660 milyon manatını əmək pensiyalarının ödənişinə yönəldilən vəsait təşkil edir. Bu vəsaitin məbləği aşağıdakı komponentlər əsasında müəyyənləşdirilmişdir: birinci, əmək pensiyaçılarının orta illik sayı; ikinci, əmək pensiyalarının baza hissəsinin nəzərdə tutulan artırılması; üçüncü, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, habelə pensiyaçıların say artımı və pensiyaların sığorta hissəsinin yüksəldilməsi ilə bağlı tələbat. Birinci komponent üzrə proqnozlar tərtib edilərkən 1947-ci ildə doğulmuş kişilərin və 1952-ci ildə doğulmuş qadınların, eləcə də 1958-ci ildə doğulmuş 3 uşaqlı anaların və 1959-cu ildə doğulmuş 4 uşaqlı anaların 2009-cu ildə pensiyaya çıxacaqları, həmçinin son 3 ildə əlilliyə və ailə başçısının itirilməsinə görə pensiyaya çıxmış, eləcə də müxtəlif səbəblərdən pensiya sistemini tərk etmiş şəxslərin orta illik statistik sayı əsas götürülmüşdür.
Aparılmış təhlillər əsasında 2009-cu ildə əmək pensiyaçılarının orta illik sayının 1 milyon 290 min nəfər olacağı proqnozlaşdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla, 2009-cu ildə əmək pensiyalarının baza hissələrinin maliyyələşdirilməsi üçün tələb olunan məbləğin 1 milyard 179 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bundan başqa, pensiyaların baza hissəsinə həmin qanunun 19-cu maddəsində nəzərdə tutulmuş əlavələrin 31 milyon manat olacağı nəzərdə tutulur. Ümumilikdə, əmək pensiyalarının baza hissəsinin əlavələrlə birlikdə maliyyələşdirilməsi üçün 1 milyard 210 milyon manat vəsait tələb olunacaqdır ki, bu da cari ilin proqnozuna nisbətən 237 milyon manat və ya 24,2 faiz çoxdur.
Əmək pensiyalarının sığorta hissəsinin maliyyələşdirilməsi üçün 2009-cu ildə 450 milyon manat və ya cari ilə nisbətən 112 milyon manat, yaxud 31 faiz çox vəsait tələb olunacaqdır. Bu artımın 47 milyon manatı pensiyaların sığorta hissəsinin 2009-cu ilin 1 yanvarından həyata keçiriləcək indeksləşdirilməsinə, qalan hissəsi isə yeni pensiyaya çıxan şəxslərin pensiyalarının sığorta hissəsinin, həmçinin qulluq stajına görə əlavələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Göründüyü kimi, pensiya xərclərinin tərkibində sığorta hissəsinin payı 27,1 faiz təşkil edir ki, bu da cari ilə nisbətən 1,3 bənd yuxarıdır və sistemdə sığorta prinsiplərinin getdikcə gücləndiyini ifadə edir.
Sosial sığorta haqları hesabına müəyyənləşdirilən müavinətlərin proqnozlaşdırılması zamanı bu müavinətlərdən məbləği stabil müəyyənləşdirilənlərin, yəni uşağın doğulmasına görə verilən müavinətin, uşağın 3 yaşı tamam olanadək ona qulluqla bağlı verilən müavinətin və dəfn müavinətlərinin müavinət alanların sayına və əmək pensiyalarının baza hissəsinə və minimum əmək haqqının məbləğlərinin dəyişməsinə uyğun proqnozlaşdırılması təmin edilmişdir. Bundan başqa, qazanca bağlı olan müavinətlərin, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, eləcə də hamiləliyə və doğuma görə müavinətlərin məbləğinin hesablanması zamanı ölkə üzrə orta aylıq əmək haqqının proqnozlaşdırılan artımı və bu müavinətləri alanların sayının dəyişməsi nəzərə alınmışdır. Beləliklə, sosial sığorta haqları hesabına maliyyələşdirilən müavinətlərin ödənişi üçün 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 47,5 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 26,6 faiz və ya 10 milyon manat çoxdur.
Pensiya və müavinətlərin əhaliyə çatdırılması xərcləri 21,2 milyon manat və ya 2008-ci ilə nisbətən 32 faiz çox nəzərdə tutulmuşdur ki, bu da il ərzində əhaliyə ödənişlərin 359 milyon manat artması və bank ödənişlərində çipli plastik kartlara keçidin proqnozlaşdırılması ilə bağlıdır.
Fondun büdcəsinin digər xərcləri 46,8 milyon manat hesablanmışdır ki, bundan da 9 milyon manat məşğulluq tədbirlərinə, 3,6 milyon manat əlillərin sosial müdafiəsi tədbirlərinə, 12 milyon manat sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinə, 20,4 milyon manat isə fondun aparatının saxlanması xərclərinə yönəldiləcəkdir.
Məşğulluq xərclərinin 41,3 faiz artırılması işsizlik müavinətinin minimum həddinin 45 manatdan 60 manata qaldırılması, məşğulluq orqanlarında çalışanların dövlət qulluqçusu kimi məvaciblərinin yüksəlməsi və Azərbaycan Respublikasının məşğulluq strategiyasını nəzərdə tutan tədbirlərin reallaşdırılması ilə bağlıdır.
Bir cəhəti də qeyd etmək istərdim ki, fondun maddi-texniki bazasının yenidən qurulması tədbirləri 2009-cu ildə, əsasən, başa çatdırılacağından, əvvəlki illərdən fərqli olaraq, fondun orqanlarının saxlanma xərcləri cəmi 3,6 faiz artacaq və xərclərin ümumi tərkibində onların xüsusi çəkisi 1,15 faizə düşəcəkdir ki, bu da MDB və Şərqi Avropa ölkələri arasında ən aşağı göstəricilərdən biridir.
Ümumilikdə, fondun büdcə xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin 72,1 faizini sosial sığorta haqları və sair gəlirlər hesabına, bu iki gəlir növü ilə örtülə bilməyən 27,9 faizlik qalığının isə dövlət büdcəsinin transferti hesabına təmin olunacağı nəzərdə tutulur.
Büdcənin gəlirlər hissəsinin proqnozlaşdırılması zamanı növbəti ildə sosial sığorta dərəcələrinin sabit saxlanılması, məcburi dövlət sosial sığortası əsasında fəaliyyətin təkmilləşdirilməsi və fərdi uçotun inkişaf etdirilməsi, həmçinin dövlət idarəetməsinin ictimai nəzarətlə dəstəklənməsinin təmin olunması, sığorta olunanlarla informasiya-təbliğat işinin gücləndirilməsi, sosial sığortadan yayınma hallarının azaldılması və əmək haqlarının leqallaşdırılma səviyyəsinin yüksəldilməsi başlıca parametrlər kimi götürülmüşdür.
Məcburi dövlət sosial sığorta haqlarının məbləğinin cari ilə nisbətən 259 milyon manat və ya 25,4 faiz artırılaraq 1 milyard 278 milyon manat olacağı nəzərdə tutulur. Bu artımın 66 milyon manatı büdcədən maliyyələşən təşkilatların, 193 milyon manatı isə qeyri-büdcə təşkilatlarının payına düşür. Başqa sözlə, büdcə təşkilatlarından 542,7 milyon manat, qeyri-büdcə sektorundan isə 735,3 milyon manat məcburi dövlət sosial sığorta haqlarının daxil olacağı nəzərdə tutulur. Göründüyü kimi, büdcə təşkilatları üzrə artım 13,9 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 35,6 faiz təşkil edir. Bu da həmin sektorlarda 2009-cu ildə nəzərdə tutulan əmək haqqı fondunun artımlarına uyğun gəlir. Belə ki, mövcud proqnozlarla bu artımlar müvafiq olaraq 10 faiz və 34 faiz nəzərdə tutulmuşdur. Qeyri-büdcə sektoru üzrə qalan 1,6 faizlik artım isə fond tərəfindən görüləcək inzibati tədbirlər və köhnə borcların alınması hesabına təmin ediləcəkdir. Göründüyü kimi, 2009-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə proqnozun icrası sosial sığorta üzrə idarəetmənin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlərin görülməsini tələb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında Nazirlər Kabinetinin 2008-ci ilin 9 ayı üzrə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkənin əmək bazarında və əməyin ödənişi sistemində mövcud olan problemlərin həlli istiqamətində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş tapşırıqların icrası sosial sığorta haqları üzrə daxilolmaların artımına imkan verəcəkdir.
Hazırda müvafiq orqanlarla birlikdə bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə tədbirlər planı hazırlanır. Hazırlanan tədbirlər özündə qanunvericiliyin təkmilləşdirilməsini və səmərəli inzibati nizamlama mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Bununla yanaşı, qeyd olunmalıdır ki, hazırda tətbiq olunan sığorta-pensiya sisteminin özü əmək haqlarının leqallaşdırılmasını və işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini tələb edir və bu sahədə mövcud olan problemlərin uzunmüddətli olsa da, yeganə təbii həlli yolunu göstərir. Növbəti ildə sosial sığorta haqları üzrə cari öhdəliklərin yerinə yetirilməsi, eləcə də əvvəlki dövrlərdə yaranmış borcların ödənilməsi və sosial sığortadan yayınma hallarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi daha da intensivləşdiriləcəkdir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən sosial sığorta haqları üzrə daxilolmalar 2008-ci il göstəricisinə nisbətən 34 faiz artırılacaqdır. 2008-ci ilin 1 iyul tarixinə fondda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 131 min fiziki şəxs qeydiyyatdan keçmişdir. Həmin şəxslərin yanında 51 min nəfər əmək müqaviləsi bağlayaraq çalışır. Keçən ilin müvafiq dövrünə nisbətən qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 31 min nəfər, onların yanında işləyənlərin sayı isə 30 min nəfər artmışdır. Bu şəxslər üzrə sosial sığorta dərəcələrinin aşağı salınmasına baxmayaraq, daxilolmaların səviyyəsi cari ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən 77,6 faiz artmışdır.
Eyni vəziyyət torpaq-pay mülkiyyətçilərinin məcburi dövlət sosial sığortasına cəlb olunmasında da müşahidə olunur. Şübhəsiz, bütün bu göstəricilər görülmüş tədbirlərin nəticəsidir və növbəti ildə bu proses daha da intensivləşdiriləcəkdir.
Qeyd olunmalıdır ki, bu şəxslər üçün əlverişli sosial sığorta sistemi mövcuddur. Belə ki, həmin şəxslər aşağı dərəcələrlə sosial sığorta haqqı ödəməklə minimum sığorta stajı toplayaraq, əmək pensiyası almaq hüququ əldə edirlər. Göründüyü kimi, onların təkcə pensiyaların baza hissəsi şəklində Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən alacaqları məbləğ ödədikləri sosial sığorta haqqının məbləğindən dəfələrlə yüksəkdir.
Buna baxmayaraq, sosial sığortadan yayınma halları sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında, xüsusilə də ticarət, ictimai iaşə, tikinti və nəqliyyat sektorlarında daha çox müşahidə olunur. Növbəti ildə bu sahədə qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görülməsi müvafiq icra hakimiyyəti orqanları ilə birgə davam etdiriləcəkdir.
2009-cu ildə dövlət büdcəsindən ayırmaların, transfertin proqnozu 495 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2008-ci ilin göstəricisinə nisbətən 28,6 faiz və ya 110 milyon manat çoxdur. Bu göstərici Dövlət Sosial Müdafiə Fondunun 2009-cu ilə proqnozlaşdırılan xərcləri ilə özünəməxsus gəlirlərin, yəni məcburi dövlət sosial sığorta haqları və sair gəlirlərin fərqi kimi müəyyənləşdirilmişdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, sizin müzakirənizə təqdim olunan 2009-cu il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi layihəsinin başlıca parametrləri haqqında məlumatı diqqətinizə çatdırmaqla yanaşı, sizi əmin etmək istərdim ki, bu büdcənin qəbul və icra edilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin insan amilinə, yəni Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətinin reallaşdırılmasına mühüm töhfə verəcəkdir. Bunu nəzərə alaraq, büdcə layihəsinə səs verməyinizi xahiş edib, hər birinizə diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Səlim müəllim. Mən bilirəm ki, bu layihə komissiyalarda müzakirə olunub. Xahiş edirəm, indi müzakirədə iştirak eləmək üçün yazılın. Buyurun, Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Müzakirə olunan məsələ ən azı 1,3 milyon nəfərin, ümumi götürəndə isə 3 milyona qədər insanın taleyi ilə bağlı olduğuna görə burada hər bir bəndin arxasında duran məsələlər xeyli dərəcədə aktuallıq kəsb edir. Xüsusi qeyd eləmək istəyirəm ki, Səlim Müslümovun bizim deputat olduğumuz müddətdəki fəaliyyəti onun ən reformator rəhbərlərdən biri olduğunu göstərir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, o burada qaldırılan məsələlərin həlli istiqamətində də səylər göstərəcəkdir. Yadınızdadırsa, pensiyalara 51 manat yuxarı hədd qoyulmuş və yalnız 2 ildən sonra qaldırılması nəzərdə tutulmuşdu. Amma 7 aydan sonra onların qaldırılmasına nail ola bildik. Əslində, bu, yuxarı təşkilatların qarşısında həmin məsələni qaldıran Səlim müəllimin xidməti idi.
Ona görə də bir məsələni mən bir də qaldırmaq istəyirəm. Fondun büdcəsinin vəsaiti qabaqlar simvolik xarakter daşıyırdı, indi 1,8 milyard manata yaxınlaşıb. Bu, əvvəlki ilə nisbətən 26 faiz artıqdır. Dövlət büdcəsindən fonda ayrılan vəsait də getdikcə artmağa başlayır. Keçən illə müqayisədə gələn il 28 faizə qədər əlavə vəsait ayrılacaq. Amma mən deyən məsələdə, mənə elə gəlir ki, Oqtay müəllim, fonda həm kadr, həm də əlavə vəsait nöqteyi-nəzərindən kömək eləmək lazım gələcək.
O 51 manat yuxarı hədd aradan qaldırılandan sonra insanlar sevindilər ki, artıq məhdudiyyət olmayacaq, amma başqa bir məhdudiyyət ortaya çıxdı. Sovet dövründə pensiyaya çıxmış 100 minə qədər insanın aldığı pensiya ilə onlarla eyni vəzifədə işləyib indi pensiyaya çıxan insanların aldığı pensiya arasında xeyli dərəcədə fərq var. O insanlar təkcə maddi cəhətdən itirmir. Onlara mənəvi cəhətdən də ziyan dəyir. Ona görə ki, bir vaxtlar, tutaq ki, o, məktəb direktoru işləyirdi, indi hansısa müəllim pensiyaya çıxanda ondan daha çox pul alır. Bu ədalətsizlik o insanlara çox təsir göstərir. Ona görə hesab eləyirəm ki, həmin problemin həlli üçün fondun rəhbərliyinə, kollektivinə əgər lazımdırsa, təşkilati nöqteyi-nəzərdən, əlavə hesablamaların aparılmasına insanların cəlb edilməsi nöqteyi-nəzərindən, vəsait nöqteyi-nəzərindən kömək eləmək lazımdır.
Burada müxtəlif səbəblər göstərilir. Səbəblərdən biri 1993-cü ildə yeni pula keçilən zaman 1 manatın məzənnəsinin 10 publ məbləğində müəyyən edilməsidir. Hesab edirəm ki, bu, bir amil ola bilər, amma əsas amil ola bilməz. Ona görə ki, – elə formal məntiqlə götürək, – əgər o vaxt bir manat 10 rubl nisbətində dəyişibsə, indi Dövlət Sosial Müdafiə Fondunun vəsaiti də, milli gəlir də həmin nisbətdə dəyişib. Başqa bir formal məntiqlə yanaşsaq, 2 il bundan qabaq köhnə manatla təzə manat 1 manatın 5000 manata nisbətində dəyişib. Amma bu o demək deyil ki, 3 il bundan qabaq pensiyaya çıxanla indi pensiyaya çıxanın pensiyaları arasında o nisbətdə fərq olmalıdır. O nöqteyi-nəzərdən hesab edirəm, burada başqa problemlər var. Həmin problemlərin həllini sürətləndirmək üçün bu fonda həm maddi-maliyyə, həm də təşkilati nöqteyi-nəzərdən kömək eləmək vacibdir.
İkinci məsələ fondun gəlirlərinin strukturu ilə bağlıdır. Bu, büdcəyə də aiddir. Gələn il Azərbaycanda özəl sektorun payı 88 faiz olacaq. Amma özəl sektordan daxil olan vəsait 55 faiz təşkil edir. Hesab edirəm ki, burada xeyli dərəcədə ehtiyat mənbəyi var. Həmin ehtiyat mənbəyindən istifadə eləməklə fondun vəsaitini artırıb dövlət büdcəsindən transfertlərin həcmini tədricən azaltmaq olar. 700 mindən artıq yeni iş yeri açılıb ki, bunların da xeyli hissəsi daimi iş yerləridir. Həmin o yeni açılan iş yerlərinin də sığortaya cəlb edilməsi faizini artırmaqla fonda daha çox əlavə vəsait cəlb edib, həm pensiyaları artırmaq, həm də bayaq qeyd elədiyim problemi, sovet dövründə pensiyaya çıxanların pensiyasının çox aşağı olması kimi problemləri həll eləmək olar.
Növbəti məsələ. Mətbuatda gedən bir xəbər ictimaiyyətdə müəyyən dərəcədə narazılıq yaradıb. Buna da münasibət bildirməyi vacib hesab edirəm. Mətbuatın verdiyi xəbərdən belə məlum olur ki, ölkəmizdə pensiya islahatı keçiriləcək və ondan sonra əmək pensiyaları yalnız stajla ölçüləcək. Hesab edirəm ki, pensiya mürəkkəb məsələdir və onu yalnız bir amillə qiymətləndirmək olmaz. Ona görə də, əgər belə islahatlar olacaqsa, qabaqcadan onu mətbuatda çap eləyib, ən azı dəyirmi masalar keçirmək, mütəxəssislərlə müzakirələr aparmaq lazımdır. Hər bir halda növbəti pensiya islahatları pensiyaçının xeyrinə nəticələnməlidir. Onu bir sual düşündürür. O islahatlar pensiyaçının pensiyasına neçə manat əlavə edilməsinə səbəb olacaq? Başqa parametrlər pensiyaçını təmin eləmir. Ona görə də hesab edirəm ki, pensiyaların artırılması prosesini sürətləndirməkdən ötrü islahatları da sürətləndirmək vacibdir. Amma elə islahatlar aparılmalıdır ki, bu, pensiyaçıların problemini artırmasın, əksinə, pensiyaların artmasına gətirib çıxarsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nazim Məmmədovun sualı var? Buyurun.
N. Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mənim sualım, təbii ki, Səlim Müslümovadır. Səlim müəllim, Sizin fəaliyyətiniz sosial sığortaları toplamaq və idarə etməkdən ibarət olsa da, bu işin son nəticəsi pensiyaların pensiyaçılara çatdırılmasıdır. Bu yaxınlarda, avqust ayında mən seçildiyim bölgədə bir məsələ ilə qarşılaşdım. İnsanlar bir neçə ay pensiyalarını ala bilməmişdilər. Bunun səbəbini öyrənmək üçün mən Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Orada günahı, təbii ki, pulun köçürülməsini təmin etməmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin boynuna atdılar. Nazirlik də günahın fondda olduğunu bildirdi. Nəticədə məlum oldu ki, 500 min manata yaxın vəsait Gədəbəy rayonunda bir neçə ay gecikib, insanlara çatmayıb.
Mənim sualım da elə bu problemlə bağlıdır. Dövlət Sosial Müdafiə Fonduna nə qədər vaxt lazımdır ki, bankomatlar bütün yerlərdə təmin olunsun? Axı, ölkə başçısının müvafiq sərəncamı var idi ki, nağdsız ödənişlər sürətləndirilsin. Həmin bankomatlarla bağlı indi başqa bir problem çıxıb. Pensiyaların alınması üçün müəyyənləşdirilən bankomatlarda pul olmur. Yəni bunu bir sistemə salmaq üçün Dövlət Sosial Müdafiə Fonduna təxminən nə qədər vaxt tələb olunur? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri! Doğrudan da, son illər Azərbaycanda bu sahədə ciddi islahatlar aparılır və dəyişiklik də göz qabağındadır. Amma buna baxmayaraq, bəzi narahatedici məsələlər var ki, onları aydınlaşdırmağa ehtiyac duyulur. Bu, birinci növbədə struktur islahatları ilə bağlı məsələdir. Həqiqətən də, bir məsələnin cavabını almaq mümkün deyil. Ölkədə Dövlət Sosial Müdafiə Fondu fəaliyyət göstərir, pensiyaçıların dəqiq uçotu aparılır, sayı müəyyənləşdirilir, hər il gəlirlər və xərclər təqdim olunur. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət göstərir və sosial müavinətlər də o struktura aid edilir. Axı, bunun ayrılmasının artıq bir mənası qalmır. Niyə bu bir fondda birləşdirilib vahid bir uçot aparılmasın, əhalinin aztəminatlı təbəqələrinin yaşayış səviyyəsinin yüksəlməsi tendensiyasını daha dəqiq müşahidə etmək, buna daha dəqiq və operativ münasibət bildirmək mümkün olmasın? Bu ikili strukturun, hesab edirəm ki, ən böyük zərbəsi elə vətəndaşın özünə dəyir.
Digər tərəfdən, – burada hörmətli Hadi müəllim də qeyd elədi, – tibbi sığorta ilə bağlı qanun qəbul olunubsa, bunun tətbiqini niyə gecikdiririk? Siz təsəvvür edin ki, minlərlə, on minlərlə insan bunun əziyyətini çəkir. Tibbi sığorta olmadığına görə yoxsul insanlar müalicə oluna bilmirlər. Bahalı müalicə tələb eləyən xəstəliklər var. Elə xəstələr var ki, tibbi sığortanı 2 il, 3 il, 5 il gözləməyə halları yoxdur. Ona görə də mənə elə gəlir ki, bu məsələyə ayrı-ayrı idarələr, nazirliklər arasında pay bölgüsü prinsipi ilə yanaşmaq olmaz. Fikrimcə, bu məsələyə vətəndaşın taleyini müsbət həlletmə baxımından yanaşmaq daha düzgün olardı.
Burada narahatedici məsələlərdən biri də uçot məsələsidir. İndi hörmətli Səlim müəllim qeyd elədi, qeydiyyatda duranlar 2008-ci il 1 iyul tarixinə qədər 135 min nəfər artıbdır. Yeni iş yerlərinin açılması dəfələrlə qeyd olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların, xüsusilə də hüquqi şəxs yaratmadan məşğul olanların sayı təqribən 300 min səviyyəsinə qalxıbdır. Amma bu, uçotda o qədər də hiss olunmur. Əvvəllər də qeyd olunduğu kimi, şadlıq evlərinin qeydiyyatından tutmuş tikintidə çalışan fəhlələrin dəqiq aldığı əmək haqqının müəyyən olunmasına qədər çox ciddi problemlər var və bunlar həll olunmadığına görə əhalinin pensiya təminatı ilə məşğul olan orqanlar, fondlar ciddi çətinliklərlə üzləşirlər. Ona görə də burada haqlı olaraq qeyd edilir ki, büdcədən köçürmələrin tendensiyasının azalması müşahidə olunmur. Mən hesab eləyirəm, bu, yaxşı hal deyil. Tədricən özü bu problemləri həll etmək iqtidarında olacaq bir fondun formalaşması, məncə, daha məqsədəuyğun olardı. Bunun üçün isə, birinci növbədə struktur dəyişikliklərinə diqqət yetirilməlidir.
Mən də o təklifi dəstəkləyirəm ki, tibbi sığorta Dövlət Sosial Müdafiə Fonduna aid edilməlidir. Artıq hazır struktur varsa və o, mövcud şəraitdə vətəndaşın problemini daha rahat həll eləyirsə, məncə, yeni bir struktur yaratmaq məqsədəuyğun deyil.
Mən pensiyaçılarla bağlı məsələ barədə də həmkarım Əli Məsimlinin dediyi fikirlərə qoşuluram. Bunun bir yolunu tapmaq lazımdır. Məsələn, kateqoriyaya bölmək olar, bir yerdə 15 il işləmiş bir insanla 30–35 il işləmiş insan arasında fərq qoyula bilər. Deyək ki, raykomun təlimatçısı və ya məktəb direktoru işləmiş, maaşla dolanmış bir adam özünə elə də böyük bir vəsait toplaya bilmir, o vaxt çəkdiyi sıxıntını pensiyaçı olandan sonra da çəkməyə başlayır. Ona görə də bu kateqoriyadan olan insanların hüquqlarının qorunması baxımından yollar araşdırılmalıdır. Heç olmasa, bir yerdə, məsələn, 35 il işləmiş adamla 10–15 il xidmət etmiş adam arasında fərqi bir az artırmaqla onların normal yaşayışını təmin etmək yollarını tapmaq olar.
Mən, ümumiyyətlə, büdcənin lehinə səs verəcəyəm. Hesab edirəm ki, bu kimi iradlar aradan qaldırılsa, bu sahədə nöqsanların azalmasını müşahidə edə biləcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Bahar xanım. Mən də bəri başdan deyirəm ki, büdcənin lehinə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram. Büdcə, həqiqətən də, yüksək səviyyədə hazırlanıb. Bu heç də təsadüfi deyil. Çünki o, peşəkarların işinin nəticəsidir. Hörmətli Səlim müəllimin təqdimatından da görsənir ki, o, bu sahədə görkəmli mütəxəssisdir və digər məruzəçilərdən fərqli olaraq bu gün informasiya texnologiyalarının müasir nailiyyətlərindən istifadə edib, dediklərini monitorda əyani surətdə göstərdi. Eyni zamanda, Hadi müəllim də ətraflı məlumat verdi.
Bilirsiniz ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi Azərbaycan əhalisinin 1,3 milyon hissəsini əhatə edir və əhəmiyyəti çox böyükdür. Ömürlərinin əksər hissəsini əmək fəaliyyəti ilə keçirən, müxtəlif sahələrdə işləyib çalışan insanlar pensiya yaşlarında müəyyən qədər rahatçılıqla yaşamalıdırlar. Gündən-günə artan maliyyə imkanlarımız, iqtisadiyyatımız da buna imkan verir. Keçənilki və builki sosial müdafiə xərclərinin müqayisəsindən görünür ki, artım 40 faizə yaxındır. Bu çox gözəl rəqəmdir. Digər tərəfdən, bu gün Azərbaycan əhalisinin 1 milyona yaxın hissəsi məcburi köçkün və qaçqınlıq həyatını yaşayır. Bunlar sosial müdafiə və təminat cəhətdən əhalinin zəif, həm də ən kövrək təbəqəsidir. Bunların da sosial müdafiəsi cənab Prezidentin göstərişi ilə ildən-ilə artırılır.
Mən sosial müdafiə ilə bağlı bir məsələyə toxunacağam. İstər orta, istərsə də ali məktəblərdə kifayət qədər yaşlı, hətta bəzi hallarda yaşı 90-na çatmış insanlar da işləyirlər ki, bunun da səbəbləri hamıya yaxşı bəllidir. Vaxtilə pensiya yaşları tamamlananda kəsilən pensiya çox cüzi miqdarda, bu gün az qala minimum əmək haqqı səviyyəsindədir. Mənim rəhbərlik etdiyim kafedrada 14 müəllimdən 6-sı bu vəziyyətdədir. Onların sağlamlıqları imkan vermir ki, öz fənlərini ali məktəbdə əvvəlki enerji və biliklə tədris edə bilsinlər. Bu problem ümumi şəkildə bütün ali məktəblərə, eyni zamanda, orta məktəblərin müəyyən hissəsinə aiddir. Niyə işlədiyini soruşanda deyir ki, vallah, pensiya ilə dolana bilmirəm, dərmanıma çatmır.
Mən, keçən il də bu barədə demişdim. Başa düşürəm, burada obyektiv səbəblər var. Vaxtilə sovetlər birliyində sosial sığorta və digər sığortalar yalnız əmək pensiyası kimi təqdim olunurdu. Lakin bu gün o insanlar ölkə üzrə bəlkə də o qədər çox deyil. Mən inanıram ki, Səlim müəllim onların pensiyasını artırmaq üçün nə isə optimal bir variant tapmağa qadirdir.
Çıxışımı bir təklifimlə bitirmək istəyirəm. Bir çox seçicilərim və müəllim həmkarlarım pensiya problemləri barədə mənə yazılı və şifahi müraciətlər ediblər. Hörmətli Səlim müəllim, mən bu məsələni bu ilin may ayında dövlət büdcəsinə dəyişikliklər edilərkən Sizin diqqətinizə çatdırmaq istədim, lakin vaxtım çatmadı. Problem ondan ibarətdir ki, əvvəllər pensiyaya çıxıb, hazırda işləyən pensiyaçıların pensiyaları bu günün tələblərinə cavab vermir. Yaxşı olardı ki, onların da indiki iş yerlərindən arayışlar qəbul edilsin və 2007-ci ildən bəri pensiyaya çıxan insanlar üçün pensiyalar yenidən hesablansın. Məncə, bu, daha ədalətli olardı. Bütövlükdə mən qanun layihəsini bəyənirəm və onun lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Bahar xanım. Mənə elə gəlir ki, büdcə zərfində ən az mübahisə doğuran sənəd indi müzakirə etdiyimiz sənəd və ölkədə ən az narazılıq doğuran icra hakimiyyəti orqanı Dövlət Sosial Müdafiə Fondudur. Burada qurumun işi haqqında söylənən müsbət fikirlərdə müəyyən həqiqət vardır. Amma bu müzakirədə səslənən o fikrə mən də qoşuluram ki, həm nazirliyin, həm də fondun bu şəkildə olması tamamilə məntiqsiz, absurd bir haldır. Eyni bəndlər üzrə həm nazirliyə aid olan hissələrdəki təsnifatda, həm də burada gəlirlər və xərclər nəzərdə tutulmuşdur. Yerlərdə də əhali çaş-baş qalmışdır. Hətta biz özümüz də rayonlarda seçicilərin problemlərini çözmək istərkən hansı idarəyə müraciət etməli olduğumuzu bilmirik. Açığı, mənim fikrimcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu fonddan fərqli olaraq ölkədə ən qeyri-şəffaf və ən ciddi narazılıq törədən bir qurumdur. Bunu da nəzərə alaraq, təkrar edirəm, belə islahata getmək olar.
Ümumiyyətlə, səhv etmirəmsə, İqbal Ağazadə çıxışında bu məsələyə toxunmuşdur. İndi biz istər-istəməz müəyyən böhran mərhələsinə daxil oluruq. Mənə elə gəlir ki, özəl və qeyri-özəl qurumlarda, o cümlədən idarəetmə orqanlarında ciddi struktur dəyişiklikləri tələb olunacaqdır. İndi, təəssüf ki, Baş nazir və onun müavinləri burada yoxdurlar. Amma hər halda müvafiq orqanların nümayəndələri buradadırlar. Mənə elə gəlir ki, daha çox Nazirlər Kabineti Aparatının, Baş nazirin müavinlərinin idarəetmədə rolunu yüksəltmək lazım gələcəkdir. Ola bilsin ki, bizdə bu cür idarələrin, fondların və ya ayrı-ayrı nazirliklərin idarəçiliyini Nazirlər Kabineti nəzdində həmin müavinlərin kurasiyasına vermək lazımdır. Bu, həm də xeyli dövlət vəsaitini qənaət etməyə imkan verər.
Burada, səhv etmirəmsə, Əli bəy Məsimli dövlət büdcəsindən transfertin tədricən azaldılması yolları barədə bir fikir səsləndirdi. Gəlin biz bu məsələlərə sadəlövh baxmayaq. Bu il görülmüş müəyyən tədbirlər nəticəsində əvvəllər məcburi sığortaya cəlb olunmayan bir sıra işçilərin qeydiyyata alınması müəyyən artımlara gətirib çıxarsa da, bu bizi arxayınlaşdırmamalıdır. Özümüzü heç də aldatmayaq. Mən tam inamla deyirəm, biz indi davam etməkdə olan böhranın içinə giririk. Bizdə, real iş yerlərinin azalacağı labüddür. Məsələn, artıq iri tikinti müəssisələrindən olan Akkord firmasında minlərlə işçi ixtisara salınmışdır. Eyni ixtisar digər tikinti firmalarında da getmişdir və getməkdə davam edir. Ölkədə sahibkarlıqla məşğul olan və sahibkarların yanında işləyərək, sosial sığortaya cəlb olunmuş şəxslərin də sayı azalacaqdır.
Odur ki, hesab edirəm, bu 450 milyon manat olduqca kiçik bir rəqəmdir. Əksinə, dövlət büdcəsində ən azı ehtiyat olaraq bundan təxminən iki dəfə artıq məbləğ nəzərdə tutulmalıdır. Mənə elə gəlir ki, onsuz da buna getmək lazım gələcəkdir. Çünki bu il inflyasiyanın 20–21 faiz olması barədə fikirlər səslənsə də, gələn il 23 faizə qədər inflyasiya gözlənilir. Bu isə çox ciddi bir şəkildə pensiyaların həm baza, həm də sığorta hissəsinin indeksasiyasını tələb edəcəkdir.
Əgər biz artımlardan danışırıqsa, təkrar edirəm, bunun üçün çox böyük maliyyə vəsaiti lazımdır. Dünən, çox təəssüf ki, mənim dövlət büdcəsinə Dövlət Neft Fondundan əlavə olaraq 1,5 milyard və daha artıq vəsait ayrılması barədə təklifimi bəziləri istehza ilə qarşıladılar. Hətta müəyyən çıxışlar oldu ki, nəzərdə tutulan transfert də azaldılmalıdır. Mən tamamilə ciddi şəkildə bu məsələyə toxunurdum və yenə təkrar edirəm, bu transfertin əsas hissəsi indi hələlik Dövlət Sosial Müdafiə Fondu üçün nəzərdə tutulmalıdır. Xüsusən pensiyaların baza hissəsinin ən azı 1,5–2 dəfə artırılması məsələsi yaxın illərdə həyata keçirilməli olan bir vəzifə kimi qarşıya qoyulmalıdır. Nə qədər islahatlar aparılsa da, Dövlət Sosial Müdafiə Fondu mövcud nöqsanları, qüsurları nə qədər aradan qaldırsa da, bunu dövlətin strateji valyuta ehtiyatlarından köçürmələr yolu ilə həll etmək lazım gələcəkdir. Hər halda qeyd etdiyim struktur dəyişikliklərinin edilməsi əhalinin sosial müdafiəsi sahəsində ciddi dönüşə nail olmaq və bu işin daha düzgün istiqamətləndirilməsi üçün şərait yaratmaq baxımından da əhəmiyyətli olardı.
Təqdim olunan sənəddə mən bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Bu məsələ bizim bütün icra-idarəetmə orqanlarına aid maliyyə təsnifatlarında öz əksini tapmışdır. Məsələn, 6-cı bənddə oxuyuruq ki, əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanması üçün 3 milyon 620 min manat xərc nəzərdə tutulmuşdur. Diqqət edin, həmin bənddə əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına 610 min manat, əlillərin sosial müdafiəsi orqanlarının saxlanmasına isə 1 milyon 670 min manat ayrıldığı göstərilmişdir. Yəni bizə təqdim olunan layihəyə görə, əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanmasına ayrılan xərcin təxminən yarısı bu orqanların saxlanmasına sərf olunur. Bu, olduqca bahalı idarəetmədir. Bunu mən ona görə misal gətirdim ki, başqa idarəetmə orqanlarının işində də, mənim fikrimcə, bu cür lüzumsuz xərclər həddindən artıq çoxdur.
Sosial müdafiə strateji sahədir, milyonlarla insanı, özü də ən böyük yardıma və o cümlədən dövlət yardımına ehtiyacı olan təbəqəni əhatə edir. O baxımdan, mənə elə gəlir ki, bunun müzakirəsində hər halda hökumət nümayəndələrinin, o cümlədən Maliyyə Nazirliyinin və digər müvafiq orqanların rəhbər işçilərinin iştirak etməsi və burada deyilən fikirlər, təkliflər barədə onlarda bir qənaətin yaranması faydalı olardı.
Mən bu büdcə zərfində ən lazımlı, faydalı və mükəmməl hesab oluna bilən sənədlərdən birinin – bu sənədin qəbul olunmasının əleyhinə deyiləm. Amma bir daha təkrar edirəm, sosial müdafiənin gücləndirilməsi üçün büdcədən çox ciddi maliyyə ayırmalarına ehtiyac vardır. Bu, Dövlət Sosial Müdafiə Fondunun özünün işi deyildir. Bu, birbaşa hökumətin və dövlət başçısının səlahiyyətində olan qərarların qəbul edilməsini tələb edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F. Muradov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Dövlət Sosial Müdafiə Fondu haqqında deyilən bütün xoş sözlərə qoşuluram. Hesab edirəm ki, Səlim müəllimin rəhbərlik etdiyi bu qurumun islahatlar aparması biz tərəfdən ancaq bəyənilə bilər. Bu gün Azərbaycanda insanların sosial müdafiəsi çox yaxşılaşıb. Bu, əlbəttə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən aparılan islahatların nəticəsidir. Bu gün hökumət üçün ən prioritet məsələ insanların sosial müdafiəsidir. Bu sahədə islahatlar davam edir. Gündən-günə sosial müdafiəyə ayrılan maliyyə də artır. Bu gün dünyada böyük bir iqtisadi böhran yaşanır. Belə bir vaxtda Azərbaycanda xalqın sosial müdafiəsinin gücləndirilməsi onu göstərir ki, cənab Prezident üçün bu gün əsas prioritet insanların yaxşı yaşaması, onlara dövlət tərəfindən qayğının artırılmasıdır. Bu qanun layihəsi xalqda olan o inamı daha da möhkəmləndirir ki, hökumət hər zaman öz vətəndaşı haqqında düşünəcək və bu işlər heç nəyə baxmayaraq davam etdiriləcək.
Mən bir neçə məsələyə toxunmaq istərdim. Biz Səlim müəllimə müraciət edəndə sualımıza həmişə çox dolğun və geniş cavab alırıq. Bu gün istərdim, bir-iki məsələyə aydınlıq gətirilsin. Bu büdcə layihəsində uşağın anadan olmasına görə 1 milyon 390 min, dəfn üçün isə 9 milyon 195 min manat ayrılıb. Mən bilirəm ki, bu gün bütün dünyada demoqrafiq problemlər mövcuddur. Çox şükürlər olsun, Azərbaycanda hələ ki, belə bir problem yoxdur. Yəni bizdə anadan olan insanların sayı ölənlərin sayından çoxdur. Buna baxmayaraq, mən çox istərdim ki, bu məsələyə imkan daxilində baxılsın və uşaqların anadan olması ilə bağlı bir stimullaşdırma olsun. Yəni dövlət tərəfindən buna qayğı artırılsın. Mənə belə gəlir ki, bu, müsbət hal kimi qiymətləndirilərdi.
Bayaq burada bir məsələ də vurğulandı. İnsanların pensiya aldığı bankomatlarla bağlı məsələni deyirəm. Mən inanıram ki, Səlim müəllim və Aparatın işçiləri təcrübəli insanlardır. Bu məsələdə, mənə elə gəlir ki, çox asan çıxış yolları var. Əgər lazımsa, Milli Məclis də fikrini bildirə bilər. Axı bu gün Azərbaycanda pul catişmazlığı problemi yoxdur. Dövlət Sosial Müdafiə Fondu da lazımi vəsaiti yerlərə vaxtında köçürür. Sadəcə olaraq, haradasa, ola bilsin, bankomat problemi, haradasa çatdırma problemi var. Mən deməzdim ki, bu, kütləvi xarakter alıb. Məsələn, mənim seçildiyim Səbail rayonunda bu sahədə ciddi bir problem yoxdur. Amma bəzi yerlərdə insanlar, həqiqətən, bankomatın olmamasına görə əziyyət çəkirlər.
Çıxışımı yekunlaşdırarkən bir daha qeyd etmək istərdim ki, bu gün bizə çox gözəl bir qanun layihəsi təqdim olunub. Ümumiyyətlə, biz büdcə zərfinə daxil olan layihələrin bu günlərdə bütün dövlət qurumları tərəfindən parlamentə çox şəffaf şəkildə təqdim edildiyini gördük. Bu onun sübutudur ki, şəffaflığın təmin olunmasında parlamentin çox böyük rolu var. O baxımdan mən hər bir dövlət qurumuna qanun layihəsini belə bir şəkildə təqdim etdiyinə görə öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hazırda müzakirə etdiyimiz qanun layihəsinə görə Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin gəlirlərinin 2008-ci ilə nisbətən 370 milyon 32 min manat, xərclərinin isə 427 milyon 33 min manat məbləğində artırılması nəzərdə tutulur. Xərc maddələri üzrə gələn il əmək pensiyasının ödənilməsinə 349 milyon manat vəsaitin artırılması nəzərdə tutulmuşdur ki, bu da müsbət bir hal kimi qiymətləndirilməlidir.
Göründüyü kimi, son dövrlərdə ölkəmizin pensiya sistemində islahatların aparılmasına və vətəndaşların pensiya təminatı məsələlərində xarici ölkələrin pensiya-sığorta təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Bu gün pensiya təminatı sahəsində əsas vəzifələrdən biri pensiya-sığorta sisteminin Avropa standartlarına uyğunlaşdırılmasıdır ki, buna da nail olmaq üçün artıq Dövlət Sosial Müdafiə Fondu ilə ABŞ-ın, Almaniyanın, Litvanın, Polşanın, Rusiyanın və digər qabaqcıl ölkələrin sosial sığorta bankları ilə əlaqələr qurulmuş və həmin dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.
Fond tərəfindən həyata keçirilən beynəlxalq əlaqələrin yüksək təşkil olunması nəticəsində Azərbaycan Respublikası dünyanın 151 ölkəsindən 377 dövlət və özəl sığorta təşkilatlarının üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir. Azərbaycan hazırda MDB respublikaları arasında Rusiya Federasiyasından sonra həmin assosiasiyanın ikinci büro üzvüdür. Sadaladığım bu faktlar ölkəmizin beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə bir töhfədir.
Çıxışımın sonunda bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcə layihəsi 2009-cu ildə həyata keçiriləcək real tədbirlərin həcmi nəzərə alınaraq tərtib edilmişdir ki, bu da müsbət qiymətləndirilməlidir. Mən bu layihənin qəbul olunmasına səs verəcəyəm və deputat həmkarlarımı da bu layihənin qəbul olunmasına səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Vasif Əliyevin sualı var. Buyursun.
V. Əliyev. Çox sağ olun, cənab Sədr. Mən də Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin yüksək səviyyədə hazırlandığını qeyd edir və onu dəstəkləyirəm. Amma iki sualım var. Mən istərdim, Səlim müəllim bunlara aydınlıq gətirsin. Birincisi, Astarada pensiyaların ödənildiyi cəmi bir bankomat var. İnsanlar bəzən bir neçə gün növbəyə durur, pensiyalarını vaxtında ala bilmirlər. Bu məsələ necə həll olunacaq? İkinci sualım qəhrəman analarla bağlıdır. Səlim müəllim, qəhrəman analara əlavə müavinətlərin verilməsi nəzərdə tutulur, ya yox? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Sağ olun. Hörmətli Sədr, hörmətli Məclis üzvləri, hörmətli Səlim müəllim! Mən də həmkarlarımın bu qurumun fəaliyyətinə yönəli xoş sözlərini bölüşürəm. Çox təqdirəlayiq haldır ki, siyasi əqidəsinə görə müxalif rəy daşıyıcıları olan parlament üzvləri də bu qurum haqqında çox xoş sözlər dedilər. Bu çox yaxşı haldır. Mən hesab edirəm ki, vaxtında bu qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindən ayrılaraq müstəqil bir quruma çevrilməsi bu gün dövlətin bu sahəyə yönəli fəal bir siyasət yürütməsini mümkün eləmişdir. Bu fondu təzədən nazirliyə birləşdirməklə və qurumları bu cür təmərküzləşdirməklə biz udmayacağıq. Bu mənada mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayrılıqda bir təsisat kimi qalmasını idarəçilik üçün daha münasib sayıram. Həmin qurumun fəaliyyətində nöqsanların olması isə başqa bir problemdir və bu, ayrılıqda müzakirə oluna bilər.
Hörmətli Səlim müəllim, bir sıra ölkələrdə, xüsusilə də Avropa ölkələrində əhalinin həddən artıq qocalması, pensiyaçıların sayının artıqlığı problemi özünü göstərir. Biz gənc millət sayılsaq da, pensiyaların əmsalının, faizinin, kütləsinin ildən-ilə artması sübut edir ki, bizdə də bu cür qocalma problemi var. Ona görə bunun müqayisəli statistikası varsa, onu söyləyərdiniz, bildirərdiniz ki, bu məsələdə vəziyyət necədir.
Burada qeyd olundu ki, yeni sığorta olunanların sayı 135 minə qədərdir. Bir sıra qüvvələr bunu hakimiyyətin əleyhinə bir fakta çevirib deyirlər ki, açılan daimi iş yerlərinin sayı şişirdilib, çünki daimi iş yerlərinə götürülənlər avtomatik sığorta olunmalı idilər. Statistikada iş yerləri ilə bağlı bu uyğunsuzluq statistik rəqəmlərə də hansı formadasa kölgə salır. Əmək müqaviləsi bağlamadan işləyənlərin sayı barədə Sizdə bir statistik məlumat varmı? Əslində, hakimiyyətin bəyan elədiyi iş yerlərinin açılması siyasətinin bir problemi yoxdur, sadəcə, bildiyimiz kimi, bu cür yayınmalar var. Ona görə belə yayınmalar barədə statistik məlumatın verilməsi yaxşı olardı.
Toxunmaq istədiyim üçüncü məsələ istehsalat qəzaları nəticəsində yaranan əlillik və sonradan bu əlillərə dövlətin müavinətlər verməsi məsələsidir. Kimsə əmək pensiyaçısı olur, kimsə anadangəlmə qüsurla doğulur. Bu, başa düşüləndir. Amma istehsalat qəzaları nəticəsində işçilərin əlil olduğu qurumların bir qismi sonradan fəaliyyətini dayandırır və həmin şəxslərlə bağlı ödəmələr sonradan dövlətin üzərində qalır. Bu məsələnin real həlli üçün sizdə konkret təkliflər varmı? Bəlkə qanunvericilik yönümündə bizim addımlar atmağımız üçün təklifləriniz var.
Hesablama Palatasının rəyində bir sıra qurumların onlara qarşı tətbiq olunan maliyyə sanksiyalarının tələblərinə tam əməl etmədiyi və geri qaytarmalarla bağlı ödəmələri həyata keçirmədiyi bildirilir və sizin bu il o qurumlardan borcların yalnız bir qismini almağa nail olduğunuzdan söhbət açılır. Ümumiyyətlə, nə üçün bu barədə ətraflı məlumat verilməyib? Sizə borcu olan nə qədər qurum var və bu borc təxminən nə qədərdir? Bu barədə də məlumatları bilmək gələcək sosial siyasəti, pensiya siyasətini müəyyənləşdirmək üçün çox önəmli olardı.
Səlim müəllim, mən xatırlayıram, Siz bu sahəyə yeni rəhbər təyin olunanda Azərbaycanda bu sahədə hansı ölkənin modelinə üstünlük verilməsi barədə parlamentdə geniş müzakirələr gedirdi. Əsasən, İsveç, Norveç modelinin dünyada çox unikal olduğu və əslində, sosializmin onlar tərəfindən sosial siyasətdə, pensiya siyasətində qurulduğu bəyan olunurdu. Sonradan bizdə bir sıra dəyişikliklər aparılsa da, nəhayət, bir suala cavab almaq istərdim. Bizim ölkəmizin pensiya siyasətində hansı ölkənin modeli əsas götürülüb?
Hörmətli Səlim müəllim, məni narahat edən məsələlərdən biri də şəhid ailələri və hərbi qulluqçularla bağlıdır. Bilirəm, bunlar bilavasitə sizə aid olmayan məsələlərdir. Bu gün hərbi qulluqçulardan çoxlu məktublar alırıq. Yəqin ki, siz də eyni müraciətləri alırsınız. Onların pensiyalarının hesablanmasında digər qurumlarla müqayisədə ciddi fərqlər var. Bilirsiniz ki, onlar pensiyaya cıxmaq üçün ən azı 20 təqvim ili müddətində xidmət etməlidirlər. Amma digər güc strukturlarında, o cümlədən prokurorluqda bu müddət 15 ildir. Necə düşünürsünüz, bu yöndə bizim qanunvericilik təşəbbüslərimizə ehtiyac varmı, yoxsa bu, maliyyə yükü deməkdir?
Burada bir problem də şəhid ailələri ilə bağlıdır. Şəhid statusu, bilirsiniz ki, yalnız sərhəd qoşunlarında xidmət zamanı həlak olanlara verilir. Amma başqa qoşun hissələrində real hərbi əməliyyatlarda həlak olanlar şəhid adını almırlar. Ötən dəfə Hadi müəllim də bu məsələyə toxundu. Yəni bizdə bu problem var. Bu məsələyə Sizin münasibətiniz.
Nəhayət, son olaraq bir məsələni də qeyd etmək istərdim. Adətən, pensiya siyasəti ilə bağlı təminat barədə söhbət duşəndə Azərbaycan digər ölkələrlə, xüsusilə Cənubi Qafqaz ölkələri ilə müqayisə edilir və Gürcüstanın bizdən daha yaxşı vəziyyətdə olduğu bildirilir. Halbuki Gürcüstanda da, Ermənistanda da pensiyaların baza hissəsi 19 dollardır. Məncə, Sizin gələcək məruzələrinizdə bu cür müqayisəli statistik məlumatların da verilməsi çox önəmli olardı. Çünki bu, təkcə sosial deyil, həm də siyasi məsələdir.
Bütövlükdə götürəndə, mən hesab edirəm ki, siz həm uğurlu təqdimatlarınıza, həm də parlament üzvlərinin müraciətlərini obyektiv qarşıladığınıza görə parlamentdə bu cür müdafiə qazanmış olursunuz. Mən bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Atayev, buyurun.
H. Atayev. Sağ olun, Oqtay müəllim. Mən də Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsini dəstəkləyirəm və onun lehinə səs verəcəyəm. Bununla belə, deməliyəm ki, iclasın birinci yarısında bir məsələyə toxundum, ancaq mənə qənaətbəxş cavab verilmədi. Mən hesab edirəm ki, bu gün müzakirə etdiyimiz iki məsələ, yəni Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi bir-biri ilə bağlıdır. Ona görə ki, bu gün işləyən insanlar sabah pensiyaya çıxacaqlar. Mən istəməzdim ki, bu gün işləyərkən onların məvacibi ilə bağlı yaranan problemlər sabah pensiyaya çıxarkən qarşılarına yeni problemlər kimi cıxsın.
Səhiyyə işçilərinin qarşılaşdığı bir problem barədə bayaq söylədiklərimi bir də təkrar eləmək istəyirəm. 2000-ci ildə pullu xidmət tətbiq olunan səhiyyə müəssisələrində tibb işçilərinin məvacibinin 25 faizi kəsilmiş və onlara bildirilmişdi ki, bundan sonra həmin 25 faiz pullu xidmətdən əldə olunan vəsait hesabına ödənilməlidir. Yəni həmin 25 faizin büdcədən ödənilməsi o vaxt dayandırılmışdır. Təəssüflər olsun ki, 2008-ci ildə pullu xidmət ləğv olunarkən bu işçilərin əvvəlki məvacibi bərpa olunmadı. Bu gün iş stajı 25-30 ilə çatan tibb işçiləri artıq 8 ildir ki, dövlət büdcəsindən məvaciblərinin yalnız 75 faizini alaraq işləyirlər. Bəs sabah pensiyaya çıxarkən onların pensiyaları hansı maaşdan hesablanacaq? Mən xahiş edirəm, bu məsələyə Səlim müəllim də öz münasibətini bildirsin. Ümid edirəm ki, Səlim müəllim bu işin həllində bizə kömək edəcək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürovun sualı var. Buyurun.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də, şübhəsiz ki, həmkarlarımın burada söylədiyi fikirlərə qoşuluram və 2009-cu il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinə səs verəcəyəm. Mənim sualım 1991-ci il oktyabr ayının 18-dək, yəni Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunan günə qədər nazir, nazir müavini və icraiyyə komitəsinin sədri kimi yüksək siyasi vəzifələrbmmdə işləmiş insanların pensiya təminatı haqqındadır. Bu insanların sayı elə də çox deyil, 200 nəfərə yaxındır. Onların pensiya təminatı Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktından sonrakı dövrdə analoji vəzifədə işləyən insanların pensiya təminatı kimi hesablanmır, ən yaxşı halda aparat rəhbərinin vəzifəsini tutan insanların pensiya təminatı kimi hesablanır ki, bu da yaşlı insanların mənəvi və müəyyən dərəcədə maddi sıxıntısına səbəb olur. Səlim müəllim, bunların pensiya təminatının 1991-ci ildən sonra analoji vəzifə tutan insanların pensiya təminatı ilə bərabər hesablanması perspektivi varmı? Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aqil Abbasov buyursun.
A. Abbasov. Təşəkkür edirəm, Oqtay müəllm. Əvvəla, mən də Səlim müəllimin idarəsinin işini təqdirəlayiq sayıram. Şübhəsiz ki, son illərdə bu idarə böyük işlər həyata keçirib. Mənim bir xahişim var. Bankomat barədə Fuad müəllim, Vasif müəllim fikirlərini bildirdilər. Şəhər rayonlarında bankomatla bağlı elə bir problem yoxdur. Səbail rayonunda bankomat çatmaz, pensiyaçı piyada gəlib pulu Yasamal rayonundan da götürə bilər. Amma respublika rayonlarında bununla bağlı vəziyyət çox çətindir. Səlim müəllimlə bu barədə söhbətimiz olub. Əlbəttə, o rayonlara bankomat qoymağa təkcə Səlim müəllimin gücü çatmaz. Onlar çox bahalı aparatlardır. Yaxşı olar ki, hökumət banklara göstəriş versin, banklar bu məsələdə Səlim müəllimə kömək eləsinlər. Çünki bankomatlardan banklar pul qazanırlar, Dövlət Sosial Müdafiə Fondu pul qazanmır. Mənim xahişim budur.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Əhalinin sosial müdafiəsi məsələsi də digər məsələlər kimi, əlbəttə, cənab Prezidentin diqqət mərkəzindədir. Təbii ki, insan amili ölkədə həyata keçirilən sosial müdafiə siyasətinin ana xəttini təşkil edir. Müzakirə etdiyimiz Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında qanun layihəsi, eyni zamanda, hörmətli Səlim müəllimin çox ətraflı təqdimatı və izahatı bunu deməyə əsas verir ki, sosial sahədə həyata keçirilən siyasət öz konkret nəticələrini verməkdədir. Yeri gəlmişkən, mən Səlim müəllimə, Hadi müəllimə təşəkkür edir və bu qanun layihəsinin lehinə səs verəcəyimi bildirirəm.
Bununla bərabər, mən bir məsələ barədə fikrimi bildirmək, ünvanlı sosial yardımın verilməsində, əhaliyə çatdırılmasında yaranan bir problemi nəzərinizə çatdırmaq istəyirəm. Yerlərdə, xüsusilə də ucqar yerlərdə yaşayan, yardıma ehtiyacı olan əhali bu vəsaitin alınmasında süründürməçilik və ədalətsizlik halları ilə qarşılaşır. Vətəndaşa bu vəsaiti vermək üçün o qədər çox sənəd tələb edilir ki, vətəndaş çaşqın vəziyyətə düşür. Bu sənədlər bəzən çox yersiz tələb olunan sənədlər olur. Ünvanlı sosial yardımın verilməsi müxtəlif bəhanələrlə rədd edilir. Məsələn, mən öz rayonumdan bir fakt gətirim. Bir seçici özü, həyat yoldaşı, heç biri işləmir, torpaq sahələri yoxdur, şəxsi evləri yoxdur, özü də himayələrində iki azyaşlı uşaq var. Üstəlik bacısının da uşağına baxır. Bu ailə müraciət edərkən müfəttiş gəlib evi yoxlayır və deyir ki, sənin evində televizor var, deməli, o qədər də ağır vəziyyətdə deyilsən, sənə ünvanlı sosial yardım düşmür. Buna oxşar müraciətlər çoxdur. Onların hamısını sadalamaq istəmirəm. Sadəcə olaraq, xahişim bundan ibarətdir ki, yerlərdə ünvanlı sosial yardımın verilməsi işinə ciddi nəzarət olunsun. Sözüm bu qədər idi. Çox sağ olun.
Sədrlik edən. Səlim müəllim, millət vəkilləri Dövlət Sosial Müdafiə Fondunu hamıdan çox müdafiə elədilər. Hamı da çox sual verdi. Hətta Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmalı suallar da verdilər. Səlim müəllim, buyurun.
S. Müslümov. İcazənizlə, ilk öncə konkret suallara cavab verim, sonra çıxışlara münasibətimi bildirim. Nazim müəllim bir neçə ay əvvəl Gədəbəydə 500 min manat məbləğində pensiya vəsaitinin pensiyaçılara vaxtında çatdırılmadığı barədə məsələ qaldırdı. Nazim müəllim, Sizinlə telefonda da söhbət elədik. Bu məsələ bilavasitə bankomat çatışmazlığı ilə bağlıdır. Biz vaxtilə pensiyaların əhaliyə bilavasitə çatdırılmasında problemlərin olduğunu gördük, cənab Prezidentin fərmanı ilə bu ödənişlərin avtomatlaşdırılması məsələsi ortaya qoyuldu və tədricən öz həllini tapmağa başladı. Amma bu günün özündə də elə kəndlər var ki, onlarda hələ plastik kartlarla ödənişə keçmək mümkün olmayıb. Dağ rayonlarında, Gədəbəydə, cənub rayonlarımızda belə kəndlər daha çoxdur. Bu yerlərdə ödənişlər hələ də poçt şöbələri vasitəsilə həyata keçirilir və poçt şöbələrində yenə əvvəlki vaxtlarda olduğu kimi, müəyyən neqativ hallar baş verir.
Həmin vəsait, doğrudan da, poçt şöbəsinə köçürülmüşdü, çünki indi pensiyaların ödənişində heç bir gecikmə yoxdur. Hər ay bütün vəsait tamamilə köçürülür. Pensiyanı bankomatdan alanlar çox rahat gedib öz vəsaitlərini alırlar. Sadəcə olaraq, ola bilər ki, bir-iki gün müəyyən qədər pul çatışmazlığı olsun, amma vəsait onların hesabında oturur. İstənilən başqa yerdən gedib ala bilərlər. Poçt şöbələrinə köçürülən vəsaitin alınması isə pulun bilavasitə poçtalyonlar tərəfindən aparılıb ünvana çatdırılmasından asılıdır və orada hər hansı bir neqativ hal yaranırsa, bu vəsait başqa yerə yönəldilirsə, bu zaman bunun haqqında müvafiq tədbirlərin görülməsi, təbii ki, həm də bizdən asılıdır. Vaxtilə biz bu tədbirləri gördük və 500 minlik vəsait bərpa olundu, pensiyaçılara çatdırıldı. Təbii ki, Rabitə Nazirliyi də bunun üçün müvafiq tədbirlər gördü. Məndə olan məlumata görə, hətta oranın poçt şöbəsinin müdiri də işdən azad edilib.
Bir daha qeyd eləmək istəyirəm, bu cür neqativ halların aradan qaldırılmasının yeganə yolu pensiyaların ödənişinin avtomatlaşdırılmasıdır. Düzdür, pensiyaların bankomat vasitəsilə çatdırılmasında da bankomatların sayının azlığı və yaxud onların manat kütləsi ilə vaxtında tam təchiz olunmaması kimi müəyyən neqativ hallar ola bilər. Amma bütün hallarda burada vəsait itkisinə yol verilmir. Ən azından bilirik ki, ödənilən vəsait qəpiyinəcən pensiyaçıya gedib çatır.
Hörmətli millət vəkillərimizin çıxışlarında bankomatlarla bağlı problemin bankların köməyi ilə həll edilməsi barədə məsələ səsləndirildi. Biz artıq 8–9 aydır ki, müvafiq banklarla – Azərbaycan Beynəlxalq Bankı və Kapital Bankla bu barədə müzakirələr aparırıq. Kapital Bank tərəfindən artıq yüzə yaxın yeni bankomat alınıb ölkəyə gətirilib. Onların quraşdırılması təmin olunacaq. Biz müvafiq strukturlarımızdan, respublikanın bütün rayonlarından hansı böyük kəndlərdə belə bankomatların quraşdırılması imkanının olması barədə məlumatlar almışıq. Onlar bank tərəfindən araşdırılır və fikrimə görə, yaxın zamanlarda bankomatların sayı artırılacaq. Məlumat üçün bildirirəm ki, bu prosesin başladığı 2004-cü ildən indiyə kimi respublikada 422 əlavə bankomat quraşdırılıb. Lakin təkcə bankomatın qoyulması ilə iş bitmir. Həmin yerlər rabitə əlaqəsi və daimi enerji təchizatı ilə təmin olunmalıdır. Bu kimi məsələlər də öz həllini tapmalıdır.
Millət vəkillərimizə bildirmək istəyirəm ki, bu məsələ hökumətin diqqətində, nəzarətindədir. Biz daim həmin banklarla yazışırıq. Bu problemin aradan qaldırılması üçün lazım olan tədbirlər yaxın zamanlarda görüləcək və bankomatların sayı artırılacaqdır. Hər halda banklar bizə bunu vəd edirlər. Hörmətli Aqil Abbas çox düzgün qeyd etdi, biz bunların xərclərini ödəyirik. Əhaliyə çatdırılma xərclərində, gördüyünüz kimi, gələn il yenə də böyük artım var. O xərclərin hamısı ödənilir. Banklar bu gün deyə bilməzlər ki, bunların xərcləri çox çıxır, biz bunu qarşılamırıq. Ona görə texniki baxımdan bu prosesləri sürətləndirmək lazımdır və məncə, bu, təmin ediləcək.
Hörmətli Fuad müəllim tərəfindən sual verildi ki, nəyə görə uşağın anadan olmasına 1 milyon 390 min manat, dəfn üçün 9,2 milyon manat vəsait ayrılıb? Hörmətli Fuad müəllim, məsələ ondadır ki, uşağın anadan olması üçün müəyyən edilmiş müavinətin məbləği cəmi 50 manatdır və bu vəsait yalnız işləyən analara verilir. Növbəti ildə bizim proqnozla 26 min işləyən ananın uşaq doğması nəzərdə tutulub. Bu, son 3 ilin statistik göstəriciləri əsasında proqnozlaşdırılıb. 50 manatdan hesabladıqda bu, təqribən dediyimiz məbləğ qədər çıxır. Amma dəfn müavinəti aylıq əmək pensiyasının baza hissəsinin 3 misli məbləğində, yəni 225 manat ödənilir. Təbii çıxma yolu ilə sistemi tərk edən pensiyaçıların sayının təxminən 40–41 min arasında olduğunu nəzərə alsaq, bu da 9,2 milyon manat edir.
Burada Zahid Oruc bir sıra məsələlərə, o cümlədən Avropada və bizdə əhalinin qocalması ilə bağlı məsələyə toxundu. Hər halda bu gün bizdə bu proses hələ yoxdur. Bizim pensiyaçıların cəmi 29 faizi 70 yaşından yuxarı, qalanları daha aşağı yaşda olan pensiyaçılardır. Pensiyaçılarımızın böyük bir hissəsi, təqribən 61–63 faizi qadınlardır. Bunların da böyük əksəriyyətini uşaqların sayına görə pensiyaya çıxmış qadınlar təşkil edir. Ona görə bizdə pensiyaçıların orta yaşı Avropadakından daha aşağıdır və hələ qocalma prosesi getmir. Son illərdə, xüsusilə son 2–3 ildə doğulan uşaqların sayının ölənlərin sayını xeyli üstələməsi müşahidə olunur. Gənc əhali prosesi bizdə hələ müəyyən müddət davam edəcəkdir.
Yeni iş yerlərinin açılması ilə bağlı məsələlərə bir neçə millət vəkili, o cümlədən Fazil Mustafayev toxundu. Mən çıxışımda 135 min nəfər dedim. Bu yalnız bir ildə, yəni 2007-ci il iyulun 1-dən 2008-ci il iyulun 1-nə qədər uçota alınanlardır. Amma 2003-cü ilin oktyabrına bizim fondda uçotda olanların sayı 1 milyon 302 min nəfər olub. Bu gün isə 1 milyon 810 min nəfərdir. Gördüyünüz kimi, biz həmin müddət ərzində 500 mindən yuxarı iş yerini uçota almışıq. Bu da təqribən yeni yaradılan daimi iş yerlərinin sayına bərabərdir.
Burada istehsalat qəzasına görə işsizlik müavinətinin verilməsi məsələsinə də toxunuldu. Hazırda hökumət bu məsələ üzərində işləyir. Bunun üçün ayrıca qanunun qəbul olunması məqsədəuyğundur. Maliyyə Nazirliyi tərəfindən artıq belə bir qanun layihəsi hazırlanıb, müvafiq orqanlara, o cümlədən bizə göndərilib. Mən elə fikirləşirəm ki, növbəti il ərzində bu qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Həmin şəxslər istehsalat qəzasına görə sığortalanacaq və əlilliyə görə bizdən aldıqları pensiyadan əlavə olaraq xüsusi müavinət əldə edə biləcəklər.
Burada bizim hansı modeli tətbiq etməyimiz də soruşuldu. Biz bu gün keçid dövrünü yaşayan ölkələr arasında ən uğurlu hesab etdiyimiz Polşa modelini tətbiq edirik. Keçid dövrünün xüsusiyyətlərini nəzərə alan Polşa modelinin əsasında isə İsveç modeli durur. Biz də eyni praktikanı Azərbaycanda bizim xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edirik.
Zahid müəllim, pensiya təminatında qonşu ölkələrin vəziyyəti barədə Siz özünüz artıq dediniz. Mən ancaq onu əlavə etmək istəyirəm ki, Azərbaycanda pensiyaların həm minimum, həm də orta məbləği Gürcüstandakından da, Ermənistandakından da bir neçə dəfə, ən azı 2,5-3 dəfə yuxarıdır. Pensiyanın orta aylıq əmək haqqına olan nisbəti bu gün Azərbaycanda 37 faizə çatır ki, bu da MDB dövlətləri arasında Ukraynadan sonra ikinci göstəricidir.
Burada iki böyük məsələ qaldırıldı. Hörmətli Əli Məsimli keçmişdə pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması təklifini irəli sürdü. Hörmətli Əli müəllim, məsələ ondadır ki, dediyiniz vəziyyətin yaranmasına əsas səbəb Sizin də qeyd etdiyiniz kimi, 10 rublun 1 manata çevrilməsi deyil. Əsas səbəb 1992-ci ildə pensiyaların hesablanması üçün sovet dövründə illər üzrə alınmış əmək haqlarının sovet rublundan Azərbaycan manatına çevrilməsi üçün tətbiq olunan indekslərin xeyli aşağı götürülməsidir. Sonradan bir dəfə Nazirlər Kabineti qərarla həmin indeksləri iki dəfə artırdı. Amma yenə bu məbləğ pensiyalar arasındakı fərqin aradan qaldırılması üçün kifayət etmədi. Bu gün bizim apardığımız hesablamalar göstərir ki, 2006-cı ilin 1 yanvarına, yəni yeni sistemin tətbiq edildiyi günə qədər pensiyaya çıxmış şəxslərlə 2006-cı ilin 1 yanvarından sonra pensiyaya çıxmış şəxslərin pensiyalarının orta aylıq məbləği arasında təqribən 21-22 manatlıq bir fərq var. Yəni 2006-cı ilin 1 yanvarından sonra pensiyaya çıxanların orta aylıq pensiyası təqribən 102–103 manat, ondan əvvəl pensiyaya çıxanların pensiyası isə 81 manatdır. Biz bunlar arasındakı fərqin aradan qaldırılması üçün başqa yolların seçilməsini məqsədəuyğun hesab edirik və bunun üzərində işləyirik. Məsələn, bu gün yaşı 70-dən yuxarı olan ahıl vətəndaşların pensiyalarının ayrıca bir sığorta hissəsi kimi onlara həmin fərqin ödənməsi məsələsinə baxıla bilər. Hazırda bu məsələ üzərində iş gedir.
Astan müəllim tərəfindən qaldırılan məsələ, yəni pensiyaya çıxıb işləməkdə davam edən və sonradan ödədiyi sosial sığorta haqlarına uyğun olaraq yeni əmək haqqı bazası əsasında pensiyasının yenidən hesablanmasını tələb edən şəxslər barədə. Hörmətli Astan müəllim, bizim apardığımız hesablamalar göstərir ki, 1997-ci il iyul ayının 1-dən 2006-cı ilin 1 yanvarına qədər 300 mindən çox şəxs pensiyaya çıxıb, işləməkdə davam edir. Bunların sonradan işlədikləri yerlərdən alıb təqdim etdikləri əmək haqqı arayışları üzrə pensiyalarının yenidən hesablanması praktiki cəhətdən mümkün olmayan işdir. Burada maliyyə yükünün nə qədər olacağını da demək çox çətindir.
Əli Məsimli burada qeyd etdi. Biz həmin o məhdudiyyətin götürülməsi ilə bağlı prosesi bu il həyata keçirdik, 95 minə yaxın adamın pensiyasını yenidən hesabladıq. Amma onların əmək haqqı arayışları bizim arxivlərdə var idi. Ona görə onlar yeni əmək haqqı arayışları gətirmədilər. Biz artıq maliyyə yükünü bilirdik. Ona görə də bu məsələ öz həllini tapdı. Bunun üçün biz 8 ay çalışmalı olduq. Hələ indinin özündə də proses bəzi hallarda davam edir. Ona görə də belə bir məsələni həll etmək praktiki cəhətdən mümkün deyil. Ən yaxşı yol bayaq dediyim kimi, aradakı fərq qədər məbləğin pensiyaçıların pensiyalarına sığorta hissəsi kimi əlavə edilməsi və bunun maliyyələşdirilməsi yollarının tapılmasıdır. Bu istiqamətdə hazırda hökumətin ayrı-ayrı qurumları birgə iş aparırlar. Mənim fikrimə görə, müəyyən dövrdən sonra bu problem öz həllini tapa biləcəkdir.
Məjlum müəllim burada bir sualla müraciət etdi. 1991-ci il oktyabr ayının 18-dək yüksək vəzifələrdə işləmiş şəxslərin pensiyalarının həmin tarixdən sonra analoji vəzifələrdə işləmiş şəxslərin pensiyalarına uyğunlaşdırılmasının mümkün olub-olmaması barədə sual verdi. Hörmətli Məjlum müəllim, bu məsələ 2005-ci ilin 1 sentyabrında cənab Prezident tərəfindən imzalanmış fərmanda öz əksini tapıb. Bu fərmanla xüsusi siyahı təsdiq olunub. Sizin dediyiniz vəzifələr həmin siyahıda indiki müvafiq vəzifələrə uyğunlaşdırılıb. Bu zaman nəzərə alınıb ki, keçmiş Azərbaycan SSR SSRİ adlanan böyük bir dövlətin tərkibində bir müttəfiq respublika idi. Ona görə də eyni yüksək vəzifənin biri burada, biri isə Moskvada idi. Təbii ki, həmin dövrdəki vəzifələri indiki vəzifələrə tam uyğunlaşdırmaq mümkün deyil. O zaman Moskvada yüksək vəzifələr tutmuş azərbaycanlılar var. Bəs onların vəzifəsi hansı vəzifəyə bərabər tutulsun? Bu sual ortada açıq qalırdı. Ona görə də həmin siyahı təsdiq edilən zaman Moskvada tutulmuş vəzifələr indiki müvafiq vəzifələrə, o vaxt Azərbaycanda tutulan vəzifələr isə bir pillə aşağı vəzifələrə uyğunlaşdırılıb. Həmin siyahı belə prinsip əsasında təsdiq olunub.
Hörmətli Oqtay müəllim, mən verilən sualları cavablandırmağa, qaldırılan məsələlərə münasibətimi bildirməyə çalışdım. Diqqətinizə görə təşəkkür edirəm. Bütün deputatlarımıza xoş sözlərinə və bu layihənin müzakirəsində fəal iştirak etdiklərinə görə təşəkkürümü bildirirəm.
Sədrlik edən. Səlim müəllim, çox sağ olun, gözəl izah etdiniz. Amma statistika ilə bağlı bir məsələ bizi bir az inandırmadı. Qadınların proqnozlaşdırılmış doğum məsələsini deyirəm. Onu Statistika Komitəsinin sədri dəqiq deyər. Çox sağ olun.
Hadi müəllim, Sizin əlavəniz yoxdur? Əgər başqa suallar yoxdursa, təklif edərdim ki, bugünkü iclası qurtaraq, çünki növbəti məsələ də böyük məsələdir. Sabah iclasımızı davam etdirərik. Çox sağ olun.