14.11.2008 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
X SESSİYASI İCLASININ
PROTOKOLU № 96
Mill Məclisin iclas salonu.
14 noyabr 2008-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 87 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin səlahiyyətlərini icra edən.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
İsgəndər İsgəndərov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
2. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli Qanununun qüvvədə olma müddətinin uzadılması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
8. Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
İclasda qəbul edilmişdir:
“Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
* * *
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi başa çatdırılmış, habelə Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası haqqında qərar layihələri müzakirə edilmişdir.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
14 noyabr 2008-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Hörmətli millət vəkilləri, mən təklif etmək istəyirəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında qərar layihəsi barədə məsələni gündəliyə əlavə edək. Bilirsiniz ki, bizim kontingent İraqa 5 il müddətinə göndərilmişdi. Vaxt çatıb. Xahiş edirəm, kontingentin geri çağırılması məsələsini gündəliyə salaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 12.00 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 86
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Bu məsələyə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında baxılıb. Söz verilir komissiyanın sədr müavini Aydın Mirzəzadəyə.
A. Mirzəzadə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2008-ci il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2007-ci il 18 dekabr tarixli 1790 nömrəli qətnaməsinə uyğun olaraq İraqda yerləşən çoxmillətli qüvvələrin mandatının səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında qərar qəbul edilməsini Milli Məclisdən xahiş etmişdir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası 2008-ci il noyabrın 10-da həmin məsələni müzakirə etmiş və hörmətli cənab Prezidentin müraciətinə müsbət cavab vermişdir. Daimi komissiya həmin məsələnin müzakirəsini Milli Məclisə tövsiyə etmişdir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Mən baxıram, 7 nəfər müzakirəyə yazılıb. Qısaca izahat verim, sonra kim istəsə, çıxış etsin. Mən bu yaxınlarda Polşada səfərdə idim. Mənim yanımda İraqın Baş nazirinin müavini oturmuşdu. Ümumi söhbətdə dedi ki, artıq bir çox ölkələr öz qoşunlarının sayını azaldırlar, oradan çıxarırlar. Biz istəyirik, məsələmizi özümüz həll edək. Yəni bu, dünyada gedən prosesdir. Beş ildir bizim 150 nəfərlik qoşun kontingentimiz oradadır. Vaxt qurtarıb, biz onları geri çağırırıq. Burada nə məsələ var ki, 10 nəfər müzakirə etsin? Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hansı qoşun göndərməkdən danışırsınız? İraqa qoşun göndərməkdən söhbət gedirdi? Əfqanıstan başqadır, İraq başqa. Sən qarışdırma.
Qəbul edildi.
Növbəti məsələyə keçirik. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2009-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmişdir. Qanun layihəsində 2009-cu il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 84 manat, əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq mərhələlərlə sosial müavinətlərin həddini yaşayış minimumuna yaxınlaşdırmaq məqsədi ilə onların artırılması üçün 27,8 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu Qanunun parametrləri nəzərə alınaraq dövlət büdcəsinin parametrlərində öz əksini tapmışdır. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Büdcənin müzakirəsi sona yetir. Zərfdə qaldırılan məsələlər kifayət qədər müzakirə olunub. Dünən də hörmətli maliyyə nazirinin çıxışında hamını təmin edəcək bir ifadə oldu ki, büdcə kifayət qədər əsaslandırılıb. Əgər iqtisadi böhran, maliyyə böhranı və təlatümlər Azərbaycan büdcəsinə təsir edərsə, Milli Məclisin köməyi ilə büdcəyə bir də baxmaq olar.
Büdcə ilə bağlı məsələlərin müzakirəsinə artıq vaxt itirmək yox, həmin sənədlərə yenidən baxılması, dünya böhranı kontekstində qiymətləndirilməsi üçün hökumətə vaxt verilməsi məsələsinə diqqəti artırmaq daha yaxşı olar. Bu baxımdan bir misalı qeyd edim. Məsələn, Rusiyanın büdcəsində neftin qiyməti əvvəl 95 dollardan götürülmüşdü, sonra 66 dollardan, indi isə 50 dollardan proqnozlaşdırıldı. Özümüzə sual verək, əgər 1 barel neftin qiyməti 147 dollar olanda biz neçədən proqnozlaşdırardıq? Hökumətə imkan verilməlidir ki, hansı istiqamətdə korrektələr etməyə onun çox vaxtı olsun. Ona görə də bu dəfə ənənəvi şəkildə hökumətə çox vaxt verilməsinə ehtiyac yoxdur. Həmin vaxtı hökumətin bu büdcənin üzərində korrektəyə sərf etməsini vacib hesab edirəm.
İndi müzakirə olunan məsələyə münasibət bildirmək istəyirəm. Bir sual ortaya çıxır. Biz yaşayış minimumunu niyə qəbul edirik? Əgər yaşayış minimumu minimum istehlak büdcəsini tam əhatə etmirsə, minimum əmək haqqı onunla ifadə olunmursa, ehtiyac meyarı yaşayış minimumunu kölgəyə alıbsa, həmin simvolik rəqəmi hər il niyə təsdiq edirik? Təsdiq ediriksə, qanundursa, direktiv xarakter daşıyır. Direktiv xarakter daşıyan rəqəm işləmir. Ona görə də həmişə bu məsələ müzakirə olunanda alternativ rəqəmlər verirdim, amma bu dəfə vermirəm. Ədalət naminə qeyd etmək lazımdır ki, mən alternativ metodika təklif edib əlavə rəqəmlər verirdim. Həmişə 8 faiz, 10 faiz artım verilirdi. Onda inflyasiya 20 faiz olurdu. Deməli, 64 manat əvvəlki inflyasiyanı heç örtmürdü. Baxmayaraq ki, rəqəm mütləq mənada qalxırdı, amma faktiki surətdə həmin rəqəm inflyasiyanı örtmədiyinə görə bilavasitə onun alıcılıq qabiliyyəti aşağı olurdu. Bu dəfə 20 faiz artım olub və həmin 20 faiz artım inflyasiyanın 2008-ci ildəki artımına uyğundur. Ona görə də alternativ rəqəmi verməmişəm. Amma əvvəlkini xatırlatmaq istəyirəm.
Əgər biz üç il müddət qoyub minimum əmək haqqının yaşayış minimumuna çatdırılması istiqamətində getsəydik, (biz beynəlxalq konvensiyalara qoşulmuşuq, orada da öhdəlik götürmüşük) indi həmin rəqəm 84 manat yox, 100 manatdan yuxarı olardı. Biz adambaşına düşən ümumi daxili məhsulun həcminə görə 2007-ci ildə 3040 dolları ötmüşük. Ona görə də aşağı təbəqənin payını biz verməliyik. Vermiriksə, deməli, yeni yaradılmış dəyərdə varlıların payı çox götürülür, yoxsulların payı isə oradan çəkilir. Bu gətirib nəyə çıxarır? Bu gətirib ona çıxarır ki, yaşayış meyarını tətbiq etmişik, amma 64 manata qədər gəliri olan ailələr, mən rəsmi statistikanın məlumatlarını deyirəm, 17 faiz təşkil edir. Çox yaxşıdır ki, biz yoxsulluq həddini 15-16 faizə çatdırmışıq. Amma burada buraxdığımız metodik səhv gətirib ona çıxarıb ki, həmin 17 faizdən əlavə, 1 milyondan artıq yoxsul yaranıb. Bir problemi tam həll etməmiş ünvanlı sosial yardımı bütövlükdə həmin 17 faizin arasında bölürük. Yəni 1,4 milyonun hamısına yox, hələlik 600 mininə, yəni 43 faizinə verdiyimiz bir vaxtda həmin rəqəmləri sadalayırıq. Obrazlı şəkildə desək, biz pencəyi bədənə uyğunlaşdırmalıyıq, yoxsa bədəni pencəyə? Bu sual tərsinə qoyulduğuna görə rəqəm gəlib aşağı enib və aşağı endikcə də rəsmi statistikadan savayı xeyli yoxsul əmələ gəlib. Biz təzədən həmin problemi həll edəcəyik.
Ona görə də təklif edirəm ki, əgər biz bunu qəbul ediriksə, qanun səviyyəsində təsdiq ediriksə, yaşayış minimumu Azərbaycanda yeganə sosial meyar olmalıdır və minimum əmək haqqı, habelə digər minimumların əksəriyyəti yaşayış minimumu ilə ölçülməlidir. Digər tərəfdən, pensiyanın orta əmək haqqına nisbəti beynəlxalq normativlərdə ədalətli hesab olunandan xeyli azdır. Minimum əmək haqqının orta əmək haqqına nisbəti beynəlxalq praktikada ədalətli hesab olunandan azdır. Burada buraxılan həmin səhvə görə xeyli dərəcədə qarışıqlıq əmələ gəlib. Mən hesab edirəm ki, ehtiyac meyarı götürülməlidir. Onun heç bir əsası yoxdur.
Mən sual verirəm, amma səmimi cavab verilsin. Əgər söhbət ehtiyac meyarından gedirsə, ehtiyac meyarının aşağı həddi yaşayış minimumundan aşağı ola bilərmi? Əgər buna müsbət cavab verilirsə, mənim sözüm yoxdur. Hesab edirəm ki, bunları tamamilə səliqəli formaya salmaq lazımdır. Əgər biz bu gün adambaşına düşən ümumi daxili məhsula görə orta dünya göstəricisinə çatmışıqsa, MDB-nin göstəricisini ötmüşüksə, niyə bizim sosial göstəricilərimiz MDB göstəricilərindən aşağı olmalıdır? Bütün bu sualların cavabı yoxsulun payını ümumi daxili məhsulda ədalətlə verməməkdədir.
Əgər biz yaşayış minimumu anlayışını qanun kimi qəbul edib minimum göstəricilərimizi ona uyğunlaşdırsaq, bu uyğunsuzluqların hamısı aradan qalxacaq. Ona görə də, ola bilər ki, müəyyən dərəcədə bu, problem yaratsın. Dollar ucuzlaşdı, Amerika Birləşmiş Ştatları bütün mallarını satdı. İndi avro ucuzlaşır, Avropa satacaq, yaxud rubl ucuzlaşır, Rusiya satacaq. Hara satacaq? Bizim kimi ölkələrə satacaq. Neftdən kənar sahələrə bunun ciddi təsiri olacaq. 1998-ci ildə yüngül sənaye sahələrinə təsiri olmuşdu, indi başqa sahələrdə özünü göstərir. Müəyyən işsizlik yarana bilər, mallar satılmaya bilər. Deməli, sosial müdafiəyə ehtiyacı olanların sayı arta bilər. Bu nöqteyi-nəzərdən həmin rəqəmin yaşayış minimumuna çatdırılması lazımdır. Əgər biz burada nə isə edə bilmiriksə, ikinci variant vergiləri azaltmaqdır.
Oqtay müəllim, mən Sizə müraciət etmişdim ki, yaşayış minimumu səviyyəsində maaş alanların əmək haqqından vergi tutulmasın. Yaşayış minimumunu təsdiq ediriksə, həmin minimum həcmində maaş alanlardan vergi tutulmasın. Onu da bəlkə 100 manata çatdıraq. Başqa bir təklif də etmişdik. Burada səmimi deyək, açıq formada deyək, hansı deputat aldığı maaşdan gələn aya 200 manat saxlaya bilirsə, qənaətcilliyə görə Ginnesin rekordlar kitabına düşə bilər. Əgər belədirsə, onda 70-80 manatla necə yaşamaq olar? İkinci variant orta təbəqə ilə bağlıdır. Keçən dəfə təklif vermişdim ki, 14 faizlik vergi 2000 manata tətbiq olunsun. İndi təklif edirəm ki, 35 faizlik vergi aşağı salınsın, 14 faiz vergi 3 min manata tətbiq olunsun. Yaşayış minimumundan aşağı maaş alanlar da vergiyə cəlb olunmasın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Fikrimcə, Əli bəy gözəl çıxış etdi və bir çox məsələni peşəkarcasına izah etdi, təhlil etdi və toxundu. Yüzdə yüz dəstəkləyirəm və hesab edirəm ki, builki büdcə müzakirələrində biz, nəhayət, bir mütəxəssis çıxışını, iqtisadçı çıxışını eşitdik. İqtisadi siyasət daimi komissiyasının üzvlərinə mənim böyük hörmətim var. Hamısı ayrı-ayrılıqda öz sahələrinə bələd olan peşəkar insanlardır. Amma bir komissiya kimi, təəssüf ki, xüsusilə büdcənin müzakirəsində tərif komissiyasına çevrilibdir. Hər halda həll olunması lazım gələn bir çox mühüm məsələlərə hörmətli həmkarımız Əli bəy toxundu. Mən onun dediklərinə dəstək olaraq bir məsələni qeyd etmək istəyirəm. Ümumiyyətlə, yaşayış minimumunu müəyyən edərkən əlaqədar orqanlar nəyi əsas götürürlər? Hansı standartı əsas götürürlər? Bununla bağlı suallar həmişə meydana çıxır.
Hələ bir neçə il bundan əvvəl Həmkarlar İttifaqları Konfederasiyası bu hesablamaları aparmışdı. 2005-2006-cı illərdə, dolların manata nisbəti daha möhkəm olduğu vaxtlarda Azərbaycanda yaşayış minimumunun təxminən 200 dollara yaxın olduğu bildirilirdi. Bu da tamamilə realdır. Adambaşına düşən məhsul istehsalına görə təxminən bizdən 30-35 faiz qabaqda olan Türkiyədə bu göstərici 300-400 dollar həcmində müəyyən edilir. Bunun bir izahı olmalıdır ki, 84 manat nəyə əsasən müəyyən edilir? Hörmətli iqtidar nümayəndələri bu məsələlərə cavab verməlidirlər. Ümumi daxili məhsul 2001-ci illə müqayisədə 10 dəfə artıb deməklə, yaxud Azərbaycan lider ölkəyə çevrilib deməklə vəziyyəti ört-basdır etmək mümkün deyil. Bu elə bir göstəricidir ki, bunu izah etmək lazımdır. Ortalığa faiz nağıllarını deyil, real məsələni qoymaq lazımdır.
Hörmətli Sədr, bizim Daxili Nizamnamədə yazılmışdır ki, istənilən qanun layihəsinin müzakirəsində birinci çıxışı qanunvericilik təşəbbüsü hüququ ilə çıxış edən və yaxud onun nümayəndəsi edir. Amma Siz həmişə qanun layihəsinin müzakirəsində əvvəl bizim komissiya sədrlərini danışdırırsınız. Təkrar edirəm, birbaşa yazılmışdır. Daxili Nizamnamənin müvafiq müddəasında ifadə olunub ki, əvvəlcə qanunvericilik təşəbbüsçüsünün özü və yaxud nümayəndəsi çıxış edir. Əgər qanun layihəsi hörmətli dövlət başçısının, Prezidentin adından gəlibsə, hər halda burada onu izah edən, müdafiə edən, müəyyən suallara cavab verən şəxs, yəni ilk növbədə onun nümayəndəsi danışmalıdır. Sonra isə komissiya, sadəcə, onun prosedur məsələlərə uyğun olub-olmamasına, habelə qanun layihəsinin təqdim olunmasında və ya tərtib olunmasında müvafiq qanunvericilik normalarına, qanunvericilik texnikasına uyğun gəlib-gəlməməsi haqqında məlumat verməlidir. Amma təəssüf ki, əvvəlcə komissiya sədri danışır, sonra müzakirələr gedir. Siz yalnız bundan sonra hansısa bir nümayəndə iştirak edirsə, ona söz verirsiniz. Hesab edirəm ki, hörmətli Əli müəllimin qaldırdığı məsələlər ətrafında, əgər nümayəndə iştirak edirsə, qanunvericilik təşəbbüsü hüququ ilə çıxış edən şəxsin nümayəndəsi varsa, dərhal ona söz verilməlidir, məsələlərə aydınlıq gətirilməlidir və ondan sonra müzakirələr davam etdirilməlidir. Əlavə suallar olacaqsa, onlara da aydınlıq gətirilməlidir.
Mən bu məsələ ilə bağlı çıxışımı yekunlaşdırıram. Amma bayaqkı məsələni bir daha xatırladıram. Təbii ki, mən həmin qanun layihəsinin lehinə səs verəcəkdim. Amma hörmətli Sədr, mən bir daha diqqəti cəlb edirdim və tələb edirdim ki, bu məsələ Qarabağ məsələsi ilə bağlı yaranmış beynəlxalq geosiyasi vəziyyətə bir daha nəzər salmağa imkan verərdi. Ermənistanda, bizə təcavüz etmiş, torpaqlarımızı işğal etmiş bir ölkənin parlamentində bu məsələ ətrafında çox ciddi müzakirələr gedir, onların Xarici İşlər Nazirliyi məlumat verir. Amma təəssüf ki, bizdə belə bir etinasızlıq, laqeydlik nümayiş etdirilir. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Pənah bəy, Siz həmin komissiyanın üzvüsünüz. Birinci növbədə gərək həmin komissiyanın iclasında iştirak edəydiniz. Onda bu suallarla bura çıxmazdınız. Əfsus ki, həmin komissiyanın iclaslarında iştirak etmirsiniz. Sizə tribuna lazımdır ki, çıxış edəsiniz. Gülər Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əli müəllim çox geniş çıxış etdi və mənim nəzərdə tutduğum bir çox fikirləri söylədi. Mən, sadəcə, bu qanunla bağlı bir məsələni soruşmaq istərdim. Hər kəsə məlumdur ki, həm tibbdə, həm də hüquqda bir yaşında və 18 yaşında olan uşaqların arasında fərqlər var. Bu da izah olunan məsələdir. Aydın məsələdir ki, 1 yaşlı uşağın yaşayış minimumu ilə 14 yaşlı, yaxud 17 yaşlı uşağın yaşayış minimumu arasında çox böyük fərq var. Mənə belə gəlir ki, hər halda bu məsələləri nəzərə almaq lazımdır və bu yaş dərəcələri arasında fərqlər qoymaq lazımdır. İstənilən halda bizim uşaqlar üçün yaşayış minimumunun 69 manat məbləğində müəyyən edilməsi, sözün doğrusu, təkcə bizim tərəfimizdən deyil, demək olar ki, cəmiyyətin bütün qrupları tərəfindən çox böyük suallar doğurur.
Mən çox xahiş edərdim ki, bu məsələlərə aydınlıq gətirilsin, yəni hər hansı bir fikir söylənilsin. Amma bayaq dediyim kimi, həm tibbdə, həm hüquqda, həm də pedaqogikada bu yaşda olan uşaqların qida baxımından, sağlamlıq baxımından, ümumiyyətlə, sosial yetkinlik baxımından başqa-başqa ehtiyacları var. Yaxşı olardı ki, qanunlarımızda bu cür yaş qrupları arasında fərqlər nəzərə alınsın. Təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun. Ziyad müəllim qanunu təqdim elədi. Suallara Sevinc Həsənova cavab verəcək. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, buyurun.
S. Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Burada yaşayış minimumunun hesablanması ilə bağlı bir neçə sual verildi. Mən məlumat vermək istəyirəm ki, ölkədə yaşayış minimumu “Yaşayış minimumu haqqında” Qanuna əsasən hesablanır və təsdiq üçün büdcə zərfi ilə birlikdə Milli Məclisə təqdim olunur. Bu Qanunu icra etmək üçün İqtisadi İnkişaf Nazirliyi digər qurumlarla, o cümlədən Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Səhiyyə Nazirliyi, həmçinin QHT-lər də cəlb olunmaqla ərzaq məhsullarının və qeyri-ərzaq məhsullarının, habelə yaşayış minimumunun hesablanmasına daxil olmuş xidmətlərin qüvvədə olan normativləri əsasında yaşayış minimumunu hesablayır. Bu normativlər Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyi daxil olmaqla, həmçinin beynəlxalq təcrübə öyrənilməklə, nəzərə alınmaqla hesablanmışdır. Azərbaycanda hazırda ərzaq məhsulları kalorili və fizioloji normalara uyğun olaraq 2258 kilo kalori götürülmüşdür və yaşayış minimumu da həmin ərzaq, qeyri-ərzaq və xidmətlərin qiymətlərini əks etdirən bir göstəricidir.
Biz hər il yaşayış minimumunu hesablayarkən inflyasiya templərini nəzərə alaraq onun artımını veririk. Eyni zamanda, ölkədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını, əhalinin həyat səviyyəsinin yüksəldiyini nəzərə alaraq bir qədər inflyasiyadan yüksək artımlar verilir. Mən sizin diqqətinizə bir rəqəmi çatdırmaq istərdim. 2002-ci ildə ehtiyac meyarı 35 manat müəyyənləşdirilmiş və gələn il üçün ölkədə yoxsulluğun həddini müəyyən edən yaşayış minimumunun göstəricisinin 84 manata çatdırılmasını təklif etmişik. Bu artım 2002-ci ilə nisbətən 240 faizdir, yəni 2,4 dəfə çoxdur. Eyni zamanda, 2002-ci ildən bu günə kimi inflyasiya tempi üst-üstə götürəndə 200 faiz təşkil edir, yəni qiymətlər iki dəfə artmışdır. Göründüyü kimi, bu göstərici 40 faiz inflyasiya tempindən artıqdır.
Burada iradlar söyləndi ki, inflyasiya tempi nəzərə alınmır, hətta qiymət artımını örtmür, bağlamır. Fikirləşirəm ki, Dövlət Statistika Komitəsinin göstərdiyi inflyasiyanı, ölkədə olan inflyasiyanı nəzərə alsaq, bu belə deyil. Əslində, 40 faiz bunu üstələyir. Eyni zamanda, burada iradlar söylənildi ki, iqtisadi inkişaf tempinə görə biz artıq orta səviyyəli ölkələrin səviyyəsinə çatmışıq, amma sosial müdafiəyə, sosial təminata yönəltdiyimiz diqqət həmin səviyyədə deyil. Mən bununla heç cür razı ola bilmərəm. Bu heç də belə deyil. Çindən sonra bu gün dünyada sürətlə inkişaf edən bir neçə ölkədən biri də Azərbaycandır. Bunu cənab nazir Şahin Mustafayev öz çıxışında qeyd eləmişdi. Lakin Çində pensiya sistemində dövlət tərəfindən pensiya təminatı yoxdur. Nəyə görə burada misal gətirilmir ki, gəlin, biz də dövlət tərəfindən pensiya sistemini ləğv edək. Konfutsi fəlsəfəsinə əsasən ailə, cəmiyyət özü-özünü təmin eləsin, dövlət yox. Bu məsələ deyilmir.
Bizdə pensiya təminatına dövlət tərəfindən külli miqdarda vəsait yönəldilir. Əgər biz bunu ləğv eləsək, həmin vəsaitləri, əlbəttə, digər sosial məsələlərə, o cümlədən əmək haqqının artımına da yönəldə bilərik. Amma hökumət yoxsul əhalinin vəziyyətini düşünərək ilbəil onlara yönəldilən qayğını artırır. Bizdə ilbəil yaşayış minimumuna nisbətən ehtiyac meyarının da nisbəti artır. Mən bir neçə məsələni nəzərinizə çatdırmaq istərdim. Biz iqtisadi cəhətdən eyni struktura malik olan ölkələrlə müqayisə olunuruq. Bunlardan biri də, əlbəttə, Qazaxıstandır. Bildirmək istərdim ki, Qazaxıstanda 2008-ci ildə ünvanlı sosial yardım üçün ehtiyac meyarı milli valyuta ilə 4206 tenqe, Azərbaycanda isə 55 manat idi. ABŞ dolları ilə ifadə etsək, orta hesabla bizdə 68,2 dollar, Qazaxıstanda isə 34,6 dollar təşkil edir. Yəni bizdən təqribən 2 dəfə aşağıdır. Bilirsiniz ki, Qazaxıstanın iqtisadi gücü də, iqtisadiyyatı da bizdən üstündür, adambaşına düşən ümumi daxili məhsulu da bizdən yuxarıdır. Lakin buna baxmayaraq, onlar sosial təminat üçün bizdən 2 dəfə aşağı vəsait yönəldirlər.
Bir məlumatı da qeyd etmək istərdim. Hazırda istehlak səbətinə yenidən baxılıb. Əlbəttə, bu yanaşma istehlakçıların və insanların qayğısına yönəldilmişdir. Burada biz həm yeni xidmət növlərinin əlavə olunmasına, həm də səbətin kalorililiyinin artırılmasına cəhd göstəririk. Yəni mövcud kaloriyə nisbətən burada artım nəzərdə tutulur və Azərbaycanda həmin göstərici 2420 kilokalori təşkil edəcəkdir. Eyni zamanda, internet xidmətləri kimi informasiya və kommunikasiya xidmətləri də hər bir ailədə öz yerini tutur. İstehlak səbətinə bunlar da daxil edilmiş, habelə digər təkmilləşdirmələr aparılmışdır. Hazırda bu sənəd razılaşdırılır və təsdiq olunandan sonra daha təkmil yaşayış minimumu hesablanacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, xalqın həyat səviyyəsi ilə bilavasitə əlaqədar olan göstəricilərin müzakirəsi maraq doğurur. Milli Məclisin komissiyalarının iclaslarında saydığımız göstəricilər müzakirə obyekti olub. Biz İqtisadi İnkişaf Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Maliyyə Nazirliyinin əməkdaşları ilə çox işgüzar müzakirələr aparmışıq. Nəticə bundan ibarət olub ki, Azərbaycan dövlətinin başçısının təsdiq etdiyi və Milli Məclis tərəfindən qəbul edilmiş qanunlar var. Azərbaycan hökuməti büdcəni hazırlayarkən həmin qanun layihələri barədə Milli Məclisə məlumat verir. Yəni prosedur qaydaları burada tam gözlənilib.
Mən heç cür bizim hörmətli Pənah bəylə razılaşa bilmərəm ki, komissiyalar büdcəni tərifləyirlər. Mən çox arzu edərdim ki, komissiyalarda deyilən fikirlərin stenoqramı gətirilsin. Mən bir iqtisadçı kimi deyirəm ki, orada Azərbaycanın iqtisadi inkişafı ilə, büdcənin hazırlanması prosesi ilə əlaqədar nə qədər dəyərli tənqidi fikirlər söylənildi. Həmin tənqidi fikirləri bir günə, beş günə, bir ilə həll etmək qeyri-mümkündür. Orada deyilən sözlər Azərbaycanın gələcək inkişafı ilə əlaqədar olan təkliflərdir.
Eyni zamanda, mən hörmətli Əli müəllimin bir fikrini də müdafiə edirəm. Oqtay müəllim, mən Sizə məlumat vermişdim və Siz də bu fikirlə razılaşdınız ki, ümumiyyətlə, gələcəkdə biz ehtiyac meyarı haqqında qanunun ləğvi barədə təklif verək. Yəni gələcəkdə ehtiyac meyarının fəaliyyətinə o qədər də ehtiyac qalmayacaq. Çünki Azərbaycanın inkişafı, sosial göstəricilərinin yaxşılaşması gələcəkdə ona gətirib çıxaracaq ki, həmin göstəricilərdən yalnız hesablamalarda istifadə ediləcək. Amma mütləq qanun layihəsi kimi verilməsinə gələcəkdə ehtiyac olmayacaq. Bu gün Azərbaycanın müasir inkişaf mərhələsində ona ehtiyac vardır. Biz mərhələ-mərhələ sosial göstəriciləri yaxşılaşdırırıq.
Yaşayış minimumu bütün dünya ölkələrində qəbul edilib. Hətta Rusiya parlamenti Moskva şəhərində onu kvartallar üzrə təsdiq edir və onun artım dinamikasına nəzarət edir. Ona görə mən hesab edirəm ki, büdcə zərfinə daxil edilmiş belə bir qanun layihəsinin bu gün qəbuluna ehtiyac var. Hesablamalar aparılıb, rəqəmlər barədə fikir yürütmək olar. Bu barədə hörmətli Vahid müəllim də, Əli müəllim də, elə mən də Milli Məclisin komissiyalarının iclasında dedik ki, bəlkə əlavə imkanlar axtarılsın, həm yaşayış minimumunun məbləği barədə, həm ehtiyac meyarının məbləği barədə əlavə hesablamalar aparılsın. Üç gün bundan qabaq Sevinc xanımla, sonra İqtisadi İnkişaf Nazirliyinin departament rəhbərləri Rüfət müəllimlə, Qabil müəllimlə etdiyimiz söhbətlər əsasında mən Sizə məlumat vermişdim ki, imkan varsa, gələcəkdə bu göstəricilərin artırılması barədə düşünək. Amma bütövlükdə hesab eləyirəm ki, Azərbaycanda çox gözəl dinamika var. Yaşayış minimumunun həcmi iki il ərzində 20 faiz artıb. Minimum əmək haqqı ilə yaşayış minimumu arasında fərq ildən-ilə azalır. Yaşayış minimumunun orta əmək haqqına çatması istiqamətində addımlar daha cəsarətli olmalıdır. Amma hesab edirəm ki, biz gələcəkdə bu işlərə fikir verə bilərik.
Bir daha deyirəm və razılıq hissi ilə qeyd edirəm ki, Azərbaycan parlamentinin bütün daimi komissiyaları – İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyaları dövlət büdcəsinin müzakirəsinə çox məsuliyyətlə yanaşıblar. Əvvəlki illərin stenoqramı ilə də tanışıq. Çox sakit, işgüzar, təmkinlə, mən deyərdim, ağayana şəkildə biz öz iradlarımızı bildiririk. Həmin iradların da müəyyən hissəsi hökumət üzvləri tərəfindən, o cümlədən Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər qurumlar tərəfindən çox diqqətlə qarşılanıb. Hesab edirəm ki, Milli Məclis və hökumət arasında büdcə zərfinə daxil olan qanunların işgüzar müzakirəsi istiqamətində son illərdə çox dəyərli nəticələr əldə edilmişdir və gələcəkdə də bu işlər həmin istiqamətdə davam etdiriləcəkdir. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, deyilənləri nəzərə almaq şərti ilə gələcəkdə qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Növbəti məsələ 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli millət vəkilləri, təklif edirik ki, ehtiyac meyarının həddi 60 manat həddində müəyyən edilsin. Bu, 2007-ci ilə nisbətən 20 manat çoxdur. Yenə də deyirəm, həmin tənqidi fikirlər nəzərə alına bilər. Hesab edirəm ki, bu il üçün nəzərdə tutulmuş ehtiyac meyarının həddini təsdiq edək. Təkliflərin nəzərə alınması prosesində, yəqin ki, bir də buna baxıla bilər. Amma indi bu gün bunun təsdiqini təklif edirəm.
Sədrlik edən. Bəlkə büdcə zərfinə daxil olan məsələləri bir yerdə səsə qoyaq? Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Burada Ziyad müəllim geniş çıxış elədi və çox təşəkkür edirəm ki, bəzi məsələlərə toxunmağa şərait yaratdı. Hörmətli Ziyad müəllim, komissiyalarda büdcənin müzakirəsində cəmi 6 deputat çıxış elədi. Sonra komissiyanın iclasını zorla saxladılar. Heç bir müzakirə getməyibdir. Bizim hörmətli hökumət nümayəndələri çıxış eləyiblər. Mən də zorla söz aldım. Vahid müəllim, Əli bəy, Ziyad Səmədzadə, Eldar müəllim, sonra bizim hörmətli Sosial siyasət daimi komissiyasının sədri, bir də ola bilər, bir nəfər başqa adam çıxış elədi. Heç bir müzakirə getməyibdir. Mən bunu tam məsuliyyətlə deyirəm, saxtadır. Əgər həmin stenoqram varsa, orada səsvermə olmayıbdır. Çünki kvorum da yox idi. Bu bir. Keçirəm konkret məsələyə.
Sədrlik edən. Bir dəqiqə. Xahiş edirəm, bir az səssiz, sakit danışın. Həmin komissiyanın iclasının kaseti məndə var. Mən də baxmışam. Sən özün də çıxış eləmisən, hamı çıxış eləyib. Ona görə də camaata belə informasiya vermək lazım deyil. Deyirəm, deziformasiya eləmək lazım deyil. Mən sənin dediyinə inanım, yoxsa öz gözümlə gördüyümə?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Büdcənin müzakirəsi ilə məşğul ol. Başqa heç nə ilə məşğul olma. Büdcədən danış, öz fikrini hamıya yeritmə. Mikrofon ona görə verilib ki, burada dezinformasiya ilə məşğul olmayasan. Mikrofon verin, gündəliklə əlaqədar davam eləsin.
P. Hüseyn. Ehtiyac meyarı məsələsi barədə sözümün üstündə dururam. Hörmətli Ziyad müəllim başda olmaqla burada mütəxəssislər də dedilər ki, bu, əslində, anormal bir meyardır, elmi əsası, iqtisadi əsası olmayan bir anlayışdır. İndi qanunvericilik orqanına təsdiq olunmaq üçün gətirilibdir. Amma bunu hesablamaq heç nəyə yaramır. Təkrar edirəm, burada Ziyad müəllimlə razı deyiləm. Müəyyən qədər ünvanlı sosial yardımın göstərilməsi üçün hansısa bir normativ anlayış kimi istifadə oluna bilər, amma onun elmi və iqtisadi əsası yoxdur. Bunu hamı qəbul edir. Mən bu ehtiyac meyarı ilə bağlı dəfələrlə burada çıxış eləmişəm və yenə də bu çıxışımda həmin fikri təkrar edib, sözümü yekunlaşdırıram.
Mən 3 ildir Sabirabaddan deputatam. Üç dəfə müvafiq nazirliyə müraciət eləmişəm və Sabirabaddan kimlərin ünvanlı sosial yardım alması haqqında sorğu verib, cavab istəmişəm. Cavab isə ondan ibarət olub ki, min nəfər alır. Amma mən hər dəfə seçicilərlə görüşə gedəndə, yaxud qeyri-rəsmi görüşlərdə hamının mənə verdiyi sual ondan ibarətdir ki, Sabirabadda həmin ünvanlı sosial yardımı kim alır? Burada mən digər hörmətli həmkarlarım ilə də söhbət aparmışam ki, bəlkə siz bilirsiniz? Məsələn, Bakı şəhərində deputatı olduğunuz dairələrdə kimlərin ünvanlı sosial yardım alması haqqında sizə məlumat verilirmi? Bir neçə həmkarım deyib ki, onlarda da vəziyyət eynidir, kimlərin ünvanlı sosial yardım alması haqqında onlarda da məlumat yoxdur. Əgər bu, doğru sənəddirsə, burada oğurluq yoxdursa, dövlət sirri səviyyəsində məxfiliyi necə izah eləmək olar? Burada əlaqədar nazirliyin nümayəndəsi iştirak edirsə, mən xahiş edirəm, bu suala konkret aydınlıq gətirsin.
Bu məsələdə şəffaflıq olmalıdır. Bəlkə də həcminə görə böyük görünməsin, amma hesab edirəm ki, Azərbaycanda ən çox korrupsiyaya uğrayan sahələrdən biri də budur. Azərbaycanda əhalinin və vətəndaşların ən çox narazı olduqları sahələrdən biri də budur. Hörmətli deputatlar da təsdiq edər ki, bu məsələ barədə onlara daha çox müraciət olunur. Mənə elə gəlir ki, bu məsələni əvvəl-axır nizama qoymaq mümkündür. Bir halda ki hörmətli nazir və onun nazirliyi bu məsələni həll etmir, mən buradan hörmətli Prezidentimiz cənab İlham Əliyevə müraciət edirəm ki, bu məsələ barədə xüsusi bir siyasi qərar versin. Ayrılan həmin vəsaitin kimlərə getməsi haqqında vətəndaşların, o cümlədən də biz binəva deputatların da məlumatı olsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Özünüzü niyə binəva sayırsınız? Başa düşə bilmirəm, maşallah, səs də səndə, söz də səndə! Özü də elə qışqırırsınız ki, səsiniz tutulur. Ona görə mən dedim ki, bir az yavaş danışın, çünki səsiniz tutulur. İndi cavabınızı da verərlər. Gülər Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Məndən sonra yazılan bütün deputat həmkarlarıma da təşəkkür edirəm, çünki hansısa məqamda fikirləşdim ki, bu xalqın mənafeyini Pənah bəydən başqa fikirləşən yoxdur. Mən çox istəyərdim ki, bayaq dediyim fikirlərə cavab alım.
Sədrlik edən. Gülər xanım, başa düşmədim. Necə söylədiniz?
G. Əhmədova. Dedim ki, məndən sonra yazılan bütün deputatlara təşəkkür edirəm. Çünki siyahıya baxanda mənə elə gəldi ki, bu xalqı mənimlə Pənah bəydən başqa fikirləşən yoxdur.
Sədrlik edən. Maral məsələsinə oxşadı.
G. Əhmədova. Elədir. Başa düşürəm, ola bilər ki, bu gün verilən suallara cavab tam olmasın. Amma artıq dərəcədə xahiş edirəm, uşaqlarla bağlı məsələyə bir az da diqqət yetirilsin. Məsəl üçün, zalda elə bir adam yoxdur ki, onun evində uşaq olmasın. Bir dəqiqəlik gözünüzün qabağına gətirin ki, 3 yaşında uşağa gündə 2 min kaloridən artıq yemək veririk. Uşaq partlayıb ölər. Yəni bu məsələyə bir az diqqətlə yanaşmaq, araşdırmaq lazımdır. Mən razıyam, bu gün cavab verilməsin, amma Nazirlər Kabinetindən, hökumət üzvlərindən xahiş edirəm ki, bu məsələyə bir az diqqətlə yanaşılsın. Eyni zamanda, 17-18 yaşında, 16 yaşında olan oğlanların orduya getmək məsələsi var. Hər kəs yaxşı bilir ki, bu gün Azərbaycanda olan oğlan uşaqlarının həm boyunda, həm də çəkisində problemlər var. Həmin problemlərin nədən yarandığını da bir az fikirləşmək lazımdır.
Çox hörmət etdiyim Sevinc xanım burada bir-iki müqayisə apardı. İcazə versəydiniz, bu məsələyə münasibətdə öz fikrimi alternativ fikir kimi qoyardım. Çinin pensiya sistemindən danışmaq istəyiriksə, yaddan çıxarmamalıyıq ki, Çin kommunizm sistemində yaşayan bir ölkədir. Biz isə bazar iqtisadiyyatında yaşayan bir ölkəyik. Ona görə onun pensiya sistemi ilə bizim pensiya sistemimizi müqayisə etmək düzgün olmazdı. O ki qaldı Qazaxıstan iqtisadiyyatına, Oqtay müəllim, Siz bilirsiniz ki, bu gün Qazaxıstanın iqtisadiyyatı tamam çökmüş bir vəziyyətdədir. Bankları müflisləşib. Ona görə mən çox istərdim ki, bu gün, şükür Allaha, bizim normal, sağlam iqtisadiyyatımız var və bununla bağlı fikirləri elə özümüzlə müqayisə edək. Çünki bizim bugünkü büdcə zərfinə daxil olan sənədlərimizin ən ağrılı, ən zəif yeri bu iki qanunumuzla bağlıdır. Mən uzun-uzadı sitat gətirmirəm. Amma cari ilin 9 aylıq yekunlarına həsr olunmuş toplantıda cənab Prezidentin bu sahə ilə bağlı çıxışında konkret fikirlər vardır. Mən çox istəyərdim ki, bir də həmin fikirlərə nəzər salınsın. Hökumət üzvləri burada səslənən fikirlərə də diqqət yetirsinlər. Doğrudan da, bu ehtiyac meyarı heç bir reallığa uyğun gəlmir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yenə keçdiniz Çinə. Şükür etməliyik ki, bizdə konfutsizm yoxdur. Bizdə Konfutsi olsaydı, nə olardı? İkincisi, Çində həm kommunist rejimidir, həm də bazar iqtisadiyyatıdır. Kommunist rejimində pensiya həmişə dövlətin nəzarətində olub. Gülər xanım, deməli, bu müqayisə düz gəlmir. Nazim Məmmədov, buyurun.
N. Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim çıxış etmək fikrim yox idi. Sadəcə, bir arayışı hörmətli millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm. Biz daimi komissiyaların birgə iclasına qədər müxtəlif işçi qrupu səviyyəsində kifayət qədər müzakirələr aparırıq. Həmin müzakirələrdə İqtisadi siyasət daimi komissiyasının üzvlərinin hamısı iştirak edir. Bizim kifayət qədər iradlarımız olur və onu da müzakirələrə çıxarırıq. Amma daimi komissiyaların birgə iclasında formatı dəyişməyə ehtiyac var. Çünki hörmətli hökumət üzvləri sənəddə olan məqamları izahlı şəkildə məruzə etdikdə İqtisadi siyasət daimi komissiyasının başqa üzvlərinin, digər dəvət olunmuş şəxslərin, hörmətli millət vəkillərinin danışmağa, sual verməyə az vaxtı qalır. O baxımdan mən hesab edirəm ki, təqdim olunmuş zərflə tanış olmağa vaxtımız olur. Komissiyanın mövqeyini dəstəkləyir, işçi qrupu səviyyəsində iradlarımızı bildirir və lazımi izahatlar alırıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən çıxış etmək istəmirdim, amma Pənah bəy mənə yaxın adam olduğu üçün ona cavab vermək istərdim. Əvvəla, İqtisadi siyasət daimi komissiyasında məndən və Əli bəydən başqa Milli Məclisdə sərt danışan üçüncü bir deputat tanımıram. Biz bir mütəxəssis kimi həmişə büdcə təqdim olunanda, iqtisadiyyatın müəyyən məsələləri müzakirə ediləndə öz səviyyəmizə uyğun fikrimizi açıq bildiririk. İqtisadi siyasət daimi komissiyasının axırıncı iclasında, yəni büdcə layihəsi müzakirə olunanda mən də, Əli bəy də çıxış edib tənqidi fikirlərimizi demişik və müəyyən cavabları da almışıq. Ola bilər ki, həmin cavabların bəziləri ilə razılaşmışıq, bəziləri ilə razılaşmamışıq. Amma mən gizlətmirəm, Samir bəy burada olduğuna görə demirəm, Samir Şərifov maliyyə naziri təyin olunandan sonra büdcə təqdimatında, ümumiyyətlə, büdcə zərfində çox böyük dəyişikliklər olub. Bunu hamımız bilirik, hamınız da hiss edirsiniz. Şəxsən Samir Şərifov tərəfindən büdcə zərfi çox yüksək səviyyədə təqdim olunub. Suallar müəyyən qədər azalır. Amma yenə deyirəm, biz öz tənqidi fikirlərimizi, müstəqil fikirlərimizi həmişə söyləmişik, bundan sonra da söyləyəcəyik. Bu birinci məsələ.
İkinci məsələ. Bu ehtiyac meyarı ilə əlaqədar olaraq bayaq Əli bəy danışdı. Sevinc xanım da müəyyən suallara cavab verdi. Mən qatılmaq istəmirdim. Ümumiyyətlə, dünya iqtisadiyyatında ehtiyac meyarı anlayışı yoxdur. Bunu Azərbaycanda fikirləşiblər. Kim fikirləşib, harada oturub fikirləşib, bilmirəm. Əli bəy bayaq qeyd etdi. Yaşayış minimumu anlayışı var. Dünya iqtisadiyyatında, mən deyərdim ki, yaşayış minimumu ilə əlaqədar amillər əsas götürülür. Azərbaycanda da elə etmək lazımdır ki, ehtiyac meyarı yavaş-yavaş aradan çıxsın. Əgər doğrudan da, sən bunu ehtiyac meyarı adlandırırsansa, yaşayış minimumunu aşağı götürürsənsə, onda hansı ehtiyac meyarından söhbət gedə bilər? Mən təklif edərdim ki, ümumiyyətlə, iqtisadi inkişaf naziri, maliyyə naziri bu anlayış üzərində düzəliş aparsınlar. Çünki dünya iqtisadiyyatında belə bir anlayış yoxdur. Əli bəy bayaq qeyd etdi, bu, həm də MDB çərçivəsində bizim bir sıra statistik məlumatlarımıza da ziyan gətirir və bu anlayışa uyğun olaraq bizim məlumatlarımız aşağı düşür. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, Sizin də sözünüz var? Mən görürəm ki, iqtisadçı kimi hamı tənqid etmir, bircə Pənah bəy tənqid edir. O da həmişə tənqid edir. İndi hamınız ona cavab verəcəksiniz? Söhbət cavabdan getmir. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli Vahid müəllimin dediyi fikirləri təsdiqləyirəm. Amma bildirmək istəyirəm ki, necə deyərlər, mən həmişə təmkinli danışmağa çalışıram. Amma bir az insaflı olmaq lazımdır. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının, həmçinin Eldar müəllimin, Valeh müəllimin başçılıq etdiyi komissiyaların iclasında hökumət üzvləri o qədər maraqlı, o qədər zəngin informasiyalarla Milli Məclisin üzvlərini tanış etdilər ki, bir çox məsələlərə aydınlıq gətirildi. Milli Bankın sədrinin, Neft Fondunun rəhbərinin, Samir müəllimin ətraflı məruzələri, Hesablama Palatasının çox zəngin hazırlanmış rəyi, iqtisadi inkişaf naziri Şahin müəllimin çıxışı Milli Məclisin üzvlərinə büdcə zərfində olmayan materiallar barədə də informasiya verdi. Biz bunu ona görə edirik ki, daha sanballı müzakirələr edək, diletant söhbətlərdən uzaqlaşaq.
Milli Məclisin həmin komissiyasında 10 deputat çıxış edib. Hörmətli Eldar İbrahimov dedi ki, mən komissiyamızın adından aşağıdakı təklifləri irəli sürürəm. Hörmətli Hadi müəllim və Musa müəllim çıxış etdilər. Yəni mən demək istəyirəm ki, ildən-ilə biz büdcə paketinə daxil olan qanunların müzakirəsini təkmilləşdiririk. Söhbət ondan gedir ki, bu müzakirələr Azərbaycanın gələcək inkişaf strategiyasının elmi əsaslarını möhkəmləndirir. Mən arzu edərdim ki, hökumət üzvləri Milli Məclisin komissiyalarının iclasının stenoqramını götürsünlər. Həmin stenoqramda əks olunmuş tənqidi fikirlər, həqiqətən, Azərbaycanın gələcək inkişafı üçün çox dəyərlidir.
O ki qaldı ehtiyac meyarına, Vahid müəllimin, Əli müəllimin, Nazim müəllimin, Xanhüseyn müəllimin təklifi bizim komissiyada dəfələrlə müzakirə olunub. Elə hörmətli Hadi müəllimlə də söhbətimiz olub. Bu, müəyyən mərhələ üçün nəzərdə tutulub. Dünyanın bir-iki ölkəsində, o cümlədən Ukraynada, Qazaxıstanda var. Amma mən əminəm ki, yaxın vaxtlarda bu məsələ ilə əlaqədar olaraq, hörmətli Sədr, biz Sizə müraciət edəcəyik. İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə bunu müzakirə edib Sizə təqdim edəcəyik. Bir daha millət vəkillərinə, hökumət üzvlərinə təşəkkür edirəm ki, Azərbaycan dövlətinin ali iqtisadi sənədi komissiyalarda da, Milli Məclisdə də, mətbuatda da çox ətraflı işıqlandırılır. Biz bu müzakirələrə bütün insanları dəvət etməyə hazırıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Bu, büdcə layihəsinin müzakirəsidir. Mən belə başa düşdüm. Vahid müəllim yaxşı dedi ki, Pənah bəy mənə yaxın adam olduğu üçün çıxış edirəm. Mən belə başa düşdüm ki, Pənah müəllim büdcənin müzakirəsində İqtisadi siyasət daimi komissiyasını reklam etdi və bu reklam çox gözəl çıxdı. Sizin hamınızı çıxış etməyə sövq etdi.
İndi bu məsələ üzrə çıxış etmək istəyən varmı? Hadi müəllim, çıxış etmək istəyirsiniz? Təkid edən var? Şəmsəddin müəllim, buyurun.
Ş. Hacıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən iki məsələyə aydınlıq gətirmək istəyirəm. Yaşayış minimumunun və ehtiyac meyarının hazırlanması ilə bağlı belə fikir səsləndi ki, bu məsələnin heç bir nəzəri əsası yoxdur. Mən bununla əlaqədar bir-iki məsələni nəzərinizə çatdırmaq istəyirəm. Əvvəla, hər iki göstəricinin hesablanması üçün normalar var. Sovet dönəmində də olub, indi də həmin normalar var. Ərzaq məhsulları fizioloji normalardır. Nədənsə, bayaq çıxışda bir qədər qarışdırıldı. Bu, Rusiya Tibb Elmləri Akademiyası tərəfindən hazırlanır. İstehlaka gedən əsas ərzaq malları qruplar üzrə hesablanır və əhalinin yaş qrupları üzrə fərqləndirilir. Bunun çox ciddi nəzəri əsasları, elmi əsasları var. Bu normaların hazırlanmasında həm fizioloqlar, həm həkimlər, həm iqtisadçılar, həm də digər peşə sahibləri birgə fəaliyyət göstərirlər.
O ki qaldı qeyri-ərzaq məhsullarına, bunlar fizioloji normalar deyil, onlar səmərəli normalar adlandırılır. Təcrübədə də belədir. Bunların hazırlanması bir qədər çətindir, mücərrəddir. Çünki hər bir ölkənin inkişaf səviyyəsi ilə, tələbat səviyyəsi ilə bağlıdır. Nəzəri əsasına gəlincə, bu normaların hazırlanmasına hələ XVII əsrdən başlanılıb. Engel adlı bir mütəxəssis tərəfindən hazırlanıb. Engels yox, Engel. Çox ciddi metodoloji əsası var. O ki qaldı uşaqlar üçün bu normaların ümumilikdə götürülməsinə, 2 yaşındakı uşaqla 16 yaşındakı uşaq arasında fərq var. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, əvvəla, uşaqlar deyəndə 16 yaşına qədər olan uşaqlar nəzərdə tutulur. Normalar hesablanarkən uşaqların bölgüsü bir neçə yaş qrupu üzrə gedir və hər yaş qrupu üçün norma müəyyənləşdirilir, sonra isə ümumiləşdirilərək bir ortaq göstərici ortaya qoyulur. Ona görə də elə müqayisə etmək də düzgün olmazdı ki, 1 yaşındakı uşaqla 16 yaşındakı uşaq arasında fərq qoyulmur. Bu fərq gözlənilir.
Mən hesab edirəm ki, həm Maliyyə Nazirliyinin, həm də İqtisadi İnkişaf Nazirliyinin kifayət qədər professional mütəxəssisləri var. Onlar bu normaları çox gözəl bilirlər və bunu da əsaslandırılmış şəkildə təqdim edirlər. Hamı istəyir ki, yaşayış minimumu ehtiyac meyarının səviyyəsindən iki dəfə yüksək olsun. Bu, ölkənin iqtisadi inkişafı ilə, büdcə xərcləri ilə bağlı olan məsələdir. Ona görə də elə bir nisbi göstərici üzərində dayanmaq lazımdır ki, inflyasiya və ya xərc baxımından büdcəyə heç bir əngəl törətməsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr. Həqiqətən, bu məsələ polemika mövzusudur, müzakirə mövzusudur. Onu demək istəyirəm ki, təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində yaşayış minimumu parlamentdə təsdiq olunanda böyük debatlara və müzakirələrə səbəb olur. Hətta populizm üçün burada çox geniş imkanlar var və kobud formada desək, bunun ətrafında çoxlu xal qazanmaq olar. Beləliklə, mən demək istəyirəm ki, bu rəqəmlərin hər biri işçi qaydasında həm Maliyyə Nazirliyi ilə, həm də digər strukturlarla müzakirə olunur. Bu rəqəmlərin ortaya çıxması mövcud imkanlarla həmahəngdir.
Oqtay müəllim, ikinci məsələyə diqqət yetirmək istəyirəm. Şəmsəddin müəllim buna aydınlıq gətirdi. Bunun metodologiyası var və həmin metodologiyaya uyğun tərtib olunur. Nəyə görə ehtiyac meyarı rəqəmi yarandı? Biz Polşa modelini götürmüşük. Ünvanlı sosial yardım məsələsində də buna oxşar cəhətlər var. Əlbəttə, gələcəkdə yaşayış minimumuna uyğun bütün məsələlər icra olunmalıdır. Bunu biz də bilirik. Qabaqcadan buna hazırlıq gərəkdir. Yadınıza gəlirsə, üç il bundan qabaq yaşayış minimumu bir rəqəmlə göstərilirdi, indi 3 yerə bölmüşük. İşləyənlər üçün bir rəqəmdir, uşaqlar üçün bir rəqəm, pensiyaçılar üçün başqa rəqəmdir.
Ünvanlı sosial yardımla əlaqədar mən niyə çıxış etməli oldum? Çoxlu ədalətsiz söhbətlər gedir. İnanın, mən deyərdim ki, çox ağır məsələdir. Bu gün bu məsələni qaydaya qoymaq istəyirik. Yadınıza gəlirsə, bir vaxt kütləvi surətdə pul verirdik. Bütün ailələrin uşaqlarına bölünürdü, amma faydası olmurdu. Bu gün ünvanlılığı tutmağa çalışırıq. Burada, ola bilər, nöqsanlar olsun. Amma bunu ucdantutma belə aşağılamaq, hesab edirəm, ədalətsizlikdir. Tutaq ki, iki qonşudur. Birinə ünvanlı yardım düşür, bir balaca durumunda çətinlik var, o birisinə düşmür. Pul alan razıdır, pul almayan narazıdır. Yəni buna oxşar şeylər var. Ədalətlə deyəndə var. Buna baxmayaraq, ünvanlı sosial yardım ağır işdir. Bu sahədə böyük işlər görülür. Bu qurum çox çətin bir işlə üzləşir. Mən hesab edirəm ki, bunun üstündən xətt çəkmək düzgün deyil. Hesab edirəm ki, buna səs vermək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Heç nəyin üstündən xətt çəkmirik. Siz elə deyirsiniz ki, guya bir nəfər çıxış edən kimi bunun üzərindən xətt çəkilir. Kimin nə məsələsi varsa, səsləndirir.
Bu məsələləri ayrılıqda səsə qoymaq olardı. Sonra büdcə zərfi ilə bir yerdə münasibətimizi bildirərik.
Növbəti məsələ “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” 2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədədir. Ziyad Səmədzadə, buyurun. Yəni bu vergilərin uzadılması haqqındadır.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan dövlətinin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev aqrar sektorun inkişafı üçün sistemli tədbirlərin həyata keçirilməsini məqsədəuyğun sayır. Ərzaq təhlükəsizliyi proqramı qəbul edilmişdir, həmçinin digər iqtisadi mexanizmlərdən istifadə olunur. Bu mexanizmlər vergi vasitəsilə həyata keçirilir. 2001-ci ildə qəbul edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştləri verilməsi haqqında” Qanunun tətbiq olunma müddətinin 5 il də uzadılması təklif olunur.
Sədrlik edən. Bunu zərfdən ayrı edirik. Bu məsələni də büdcə zərfi hökumətdən gələndən sonra bir yerdə səsə qoyarıq.
Növbəti məsələ Milli Məclisin 2009-cu il üçün xərclər smetası barədədir. Firudin müəllim, buyurun.
F. Hacıyev, Milli Məclisin İşlər müdiri.
Çox sağ olun, təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 16 milyon 366 min 513 manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən, Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir.
Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə paylanmışdır. Milli Məclisin və onun Aparatının 2009-cu il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq, ştat cədvəlləri inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında hesablanmışdır. Xərclər smetasının ümumi dəyərinin 72,5 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Məclis Aparatının, İşlər İdarəsinin əməkdaşlarının əmək haqları artırılıb.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, ölkəmizə səfərə gələn qonaqların və Milli Məclis deputatlarının xarici ezamiyyətlərinin sayı kifayət qədər artmışdır. Belə ki, cari ilin on ayı ərzində Milli Məclisin deputatları, ümumən, çoxsaylı xarici və ölkədaxili ezamiyyətlərdə olmuşlar. Bununla bağlı 2009-cu ilin xərclər smetasında ezamiyyə xərcləri üzrə 1 milyon 8 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, rabitə xidmətlərinin haqqının ödənilməsi ilə əlaqədar olan xərclər yarımmaddəsi üzrə 206 min 160 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunan vəsaitdən 46 min 160 manat Milli Məclisə xidmət edən Xətai və Yasamal rayon telefon qovşaqlarının, “AzEvrotel” birgə müəssisəsinin, Səbail rayon poçt-teleqrafının, hökumət ATS-nin, şəhərlərarası telefon stansiyasının və digər rabitə təşkilatlarının illik abunə haqlarının və xidmətlərinin ödənişi üçün, 104 min 500 manat beynəlxalq və ölkədaxili danışıqlar, 15 min manat Avropa Şurasının Parlament Assambleyasından edilən beynəlxalq danışıqlar, 40 min 500 manat isə internet və poçt xidmətlərinin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
2009-cu ilin xərclər smetasında “Yanacaq və sürtgü materiallarının alınması” və “Nəqliyyat xidmətlərinin haqqının ödənilməsi” yarımmadələri üzrə cəmi 307 min 544 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə eynidir. “Nəqliyyat vasitələrinin alınması” yarımmaddəsi üzrə isə 2009-cu il üçün 300 min manat vəsait nəzərdə tutulmuşdur.
Bildirmək istəyirəm ki, 2009-cu ilin xərclər smetasının “Qeyri-maliyyə aktivlərinin alınması” maddəsi üzrə nəzərdə tutulmuş vəsait 2008-ci illə müqayisədə 500 min manat azaldılmışdır. Bu maddə üzrə cəmi 300 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. 2009-cu ilin xərclər smetasında təsərrüfat xərcləri üçün nəzərdə tutulmuş vəsait 27 min 400 manat azaldılmış, kommunal xərclər üçün isə 17 min 706 manat artırılmışdır. Gələn ilin smetasında “İstehlak mallarının və materiallarının alınması” maddəsi üzrə vəsait 2008-ci illə eynidir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətlərinin qəbulu, onlara göstərilən xidmətlər və sair xərclər yarımmaddələri üzrə 2009-cu il üçün 435 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Bu isə 2008-ci illə müqayisədə 15 min manat çoxdur.
Hörmətli deputatlar, Azərbaycanda gedən quruculuq işləri bütün sahələri əhatə etdiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisindən də yan keçməmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 682 saylı Fərmanının 4.3 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 6 fevral tarixli 44 saylı sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasının təmirinə və 15 mərtəbəli yeni deputat korpusunun inşası üçün əsaslı vəsait ayrılmışdır.
Hörmətli deputatlar, bildiyiniz kimi, 2007-ci il noyabrın 3-də Milli Məclisin Sədri cənab Oqtay Əsədovun başçılığı ilə komissiya sədrlərinin, şöbə müdirlərinin iştirakı ilə yeni tikiləcək 15 mərtəbəli əlavə korpusun təməlqoyma mərasimi keçirilmişdir. İftixar hissi ilə demək olar ki, bu gün həmin korpusun XIII mərtəbəsinin inşası gedir və 2009-cu ilin sentyabr ayına qədər həmin binanın inşasının başa çatdırılması nəzərdə tutulmuşdur. Həmin inşa edilən yeni korpusda xidməti otaqlar, iclas və ziyafət salonları, yeməkxana, arxiv, kitabxana, mətbəə və xidməti avtomaşınlar üçün dayanacaq nəzərdə tutulmuşdur.
Bundan başqa, iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə inzibati binanın III, IV, VII, IX, X, XI, XII, XIII, XIV mərtəbələrində, pilləkən qəfəsində yenidənqurma işləri görülərək əsaslı təmir edilmiş, xidməti otaqlar müasir tipli mebel dəstləri və pəncərə altlıqları ilə təchiz edilərək təhvil verilmiş və bu işlər bu gün də davam etdirilir.
İnzibati binanın I mərtəbəsində sahəsi 170 kvadratmetr olan yeməkxana təmir olunub istifadəyə verilmişdir. Əlavə olaraq inzibati binanın yeməkxanası üçün 3 ədəd müasir tipli sərnişin və yükqaldırıcı liftlər sifariş edilmişdir. Eyni zamanda, cari ildə Milli Məclisə 123 ədəd müasir tipli kompüter, faks, kseroks və sair aparatlar alınıb quraşdırılmışdır. 2008-ci ildə Milli Məclisin avtoparkının maddi-texniki bazası yaxşılaşdırılmış və bir sıra yeni avtomobillər alınıb istifadəyə verilmişdir. Bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binasında, həyətyanı sahəsində, avtoparkında mütəmadi olaraq yenidənqurma işləri aparılmış və bu işlər bu gün də davam etdirilir. Bundan başqa, Milli Məclisin deputat köməkçiləri üçün yerlərdə ayrılmış xidməti otaqlara kompüter, telefon, faks aparatlarının alınması və kommunal xidmətlərinin ödənilməsi ilə bağlı deputatların çoxsaylı müraciətlərinə baxmayaraq, bu məsələ hələ də açıq qalmaqdadır.
Eyni zamanda, bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm ki, “Nəqliyyat xidmətləri haqqının ödənilməsi” yarımmaddəsində nəzərdə tutulmuş 307 min 544 manat vəsaitdən 213 min 144 manat vəsait yanacaq və sürtgü yağının alınması üçün, “Digər nəqliyyat xidmətləri haqqının ödənilməsi” yarımmaddəsində isə 94 min 400 manat vəsait nəzərdə tutulmuşdur. Bu vəsait Milli Məclisin 81 xidməti avtomaşının hər birinin xidmət haqqının ödənilməsi üçün təqribən illik 1 min 165 manat təşkil edir. Bu da il ərzində avtomaşınların xidmət haqqının ödənilməsində maliyyə çətinlikləri yaradır. Yaranan maliyyə çətinliyinin aradan qaldırılması üçün hər növbəti il Milli Məclisin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına 50-60 min manat vəsaitin “Digər nəqliyyat xidmətləri haqqının ödənilməsi” yarımmaddəsinə yönəldilməsi üçün müraciət olunur.
Hörmətli Samir müəllim, yuxarıda göstərilənləri nəzərə alaraq, “Digər nəqliyyat xidmətləri haqqının ödənilməsi” yarımmaddəsinə əlavə olaraq tələb olunan 50 min manat və deputat köməkçilərinə yerlərdə avadanlıqların alınması, kommunal xidmət haqlarının ödənilməsi üçün vəsaitin 2009-cu ilin xərclər smetasında nəzərə alınmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik.
Hörmətli Sədr, hörmətli deputatlar! 2009-cu ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram.Sizdən Milli Məclisin 2009-cu il üçün xərclər smetası layihəsinin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Firudin müəllim. Maliyyə naziri həmişə Milli Məclisə diqqətlə yanaşıb, güman edirəm ki, indi də qaldırılan problemlərə yardım edər. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Mənim üç qısa təklifim var. Birincisi, yəqin, hamınızın məlumatı var, bizim texniki işçilərin maaşları olduqca aşağıdır. Prezidentin İcra Aparatında və Milli Məclis Aparatında şöbə müdirləri səviyyəsində və bir sıra başqa vəzifələrdə, ola bilsin ki, maaşlar nisbətən məqbul sayıla bilər, amma texniki işçilərin, həqiqətən, maaşları aşağıdır. Düzdür, Sizin işçilərdir, lakin Maliyyə Nazirliyindən, müvafiq icra hakimiyyəti orqanlarından bu məsələnin mütləq nəzərə alınmasını xahiş edirik.
İkincisi, bizdə televiziya məsələsi, deyəsən, alınmadı. Ola bilsin, xərci çoxdur, yaxud başqa xərclərlə bağlı səbəblər var. Mənə elə gəlir ki, parlament radiosunu yaratmaq, təşkil etmək bir o qədər də xərc aparmır. İnternet radiosu, ümumiyyətlə, ucuzdur. Təxminən bir neçə min manata başa gələr. Milli Məclisin iclaslarının radio ilə əhaliyə çatdırılması ölkədəki ab-havaya müsbət təsir göstərərdi.
Üçüncü xahişim kompüterlərlə, internetlə bağlıdır. Mənə elə gəlir ki, Milli Məclisin iclaslarını birbaşa internetə qoşmaq elə böyük xərc aparmaz. Bizim internet xərclərinin içərisində də ola bilər. Bu da bizim hörmətli jurnalistlərimizin işinə də müsbət təsir göstərə bilər. Nizami müəllim texniki cəhətdən termini düzgün ifadə etdi. Yəni onların da istifadə etmək imkanı olsun. Mənim demək istədiyim bunlardan ibarətdir.
Hörmətli Sədr, bu məsələni mən bir dəfə də səsləndirmişəm. Sizdən sonuncu xahişimiz ondan ibarətdir ki, imkan varsa, bizim hörmətli mətbuat nümayəndələrinin iş şəraitini yaxşılaşdırmaq üçün əlavə otaq ayrılsın, yaxud burada iş rejiminin müsbətə doğru dəyişdirilməsi üçün şərait yaradılsın. Prinsipcə, bu da bizim öz təsərrüfatımızdır. Təbii ki, hazırlanıbsa, məsləhətdirsə, səs veriləcəkdir. Mən də səs verirəm. Hər halda hörmətli maliyyə naziri bizim deputat köməkçilərinin məsələsini də nəzərə alar. Deputat köməkçiləri məsələsinə də bir qədər diqqəti artırmaq lazımdır. Bu məsələ də diskussiya törədən məsələdir. Mən də bu layihəyə səs verirəm. Təşəkkür edirəm.
Sədrlik edən. İnanmağım gəlmir, Pənah bəy. Çox sağ olun. Həm Milli Məclisin qeydinə qaldı, həm də bizim texniki işçilərin. Biz də çalışırıq, qeydinə qalırıq. Həmişə çalışmışıq ki, mətbuat işçilərinə mümkün qədər yardım edək. Onların otaqları da var, televizor da qoyulub. Daha yaxşı şəraitləri olacaq. Bununla biz məşğuluq. Hesab edirəm ki, bunu da büdcə zərfinin daxilində qəbul edə bilərik. Növbəti məsələ Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası haqqındadır. Buyurun, Heydər Əsədov.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası da dövlət büdcəsinin tərkib hissəsidir. Hesablama Palatasının xərclər smetasının ayrı təsdiq olunması qanunvericilik aktlarının tələblərindən irəli gəlir. Bu, dünyada da qəbul olunmuş bir praktikadır. Bu, hər şeydən əvvəl ali nəzarət qurumunun maliyyə cəhətdən mərkəzi icra orqanlarından asılı olmaması məqsədini daşıyır.
Hesablama Palatasının büdcəsinin konkret xərclərinə gəldikdə qeyd etməliyəm ki, bu xərclər növbəti il üçün 3 milyon 385 min manat nəzərdə tutulmuşdur. Bu rəqəm keçən illə müqayisədə 1 milyon 656 min manat artıqdır. Yəni ümumi artım 85 faiz təşkil edir. İlk növbədə, bu artım ümumi büdcə xərcləri tempini həddən artıq üstələsə də, mahiyyət etibarı ilə başqa xarakter daşıyır. Bildiyiniz kimi, sizin köməkliyinizlə qəbul olunmuş Hesablama Palatası haqqında qanunvericiliyə dəyişikliklər Hesablama Palatası işçilərinin əmək haqlarının xeyli yüksəlməsinə səbəb olmuşdur. Ona görə də növbəti ildə artırılan 1 milyon 656 min manat vəsaitin 1 milyon 546 min manatı yalnız əmək haqqı, sosial müdafiə xərclərinə yönəldiləcək. Yəni əmək haqqı xərcləri çıxıldıqdan sonra Hesablama Palatasında digər xərclərin artımına cəmi 110 min manat vəsait sərf ediləcəkdir. Gələn il Hesablama Palatasının yeni binaya köçməsi proqnozlaşdırıldığından 40 min manata qədər kommunal xərclərin planlaşdırılması, əmək haqları artdığı üçün bank xərclərinin 10 min manat artımı, eləcə də ezamiyyə normalarında baş vermiş müəyyən dəyişikliklərlə əlaqədar ezamiyyə xərclərinin 15 min manat artırılması və yerdə qalan digər xərc maddələrinin çox cüzi hissəsinin artırılması nəzərdə tutulur.
Bütün bunları nəzərə aldıqda əmək haqqı xərcləri çıxılmaqla, digər xərclərin artım tempi 5-6 faiz arasında tərəddüd edir ki, bu da ümumi büdcə xərclərinin artım tempindən yuxarı deyildir. Amma bu o demək deyil ki, Hesablama Palatasının sifarişləri nəzərə alınmayıb. Hesablama Palatasının sifarişləri həm Maliyyə Nazirliyi, həm də Milli Məclis tərəfindən yüz faiz nəzərə alınıb. Bizim büdcə layihəsinə ayrılmış rəqəmlərə, xərclər smetasına aid heç bir iradımız yoxdur. Yalnız Naxçıvan Muxtar Respublikasında Hesablama Palatası idarəsinin formalaşdırılması ilə əlaqədar olaraq, ola bilsin, ilin yarısında bizim müəyyən material dəyərlərinə tələbatımız yarana bilər. Bu məsələni ya indi, yaxud cari il ərzində maddələr arasında yerdəyişmələr vasitəsilə tənzimləmək olar. Hesablama Palatası büdcənin tələbləri ilə tam razılaşdırılıb və qarşılıqlı surətdə protokollaşdırılıb. Ona görə də hörmətli millət vəkillərindən bizim xərclər smetasını təsdiq etməyi xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki? Hörmətli millət vəkilləri, artıq dörd gündür ki, biz büdcəni və büdcə zərfinə daxil olan məsələləri müzakirə edirik. Hesab edirəm ki, ciddi müzakirələr getdi. Müzakirələrimiz həm konstruktiv, həm dözümlülük, həm də qarşılıqlı hörmət şəraitində keçdi. Biz indi hökumətə imkan verək, neçə gün istəyirsə, sizin verdiyiniz təklifləri, xahişləri nəzərə almaqla büdcədə dəyişikliklər etsin. Yaxın 10-15 gündə biz yenidən büdcə zərfinə qayıda bilərik. Etiraz yoxdur ki? Mən bir daha hökumət nümayəndələrinə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Bununla da bugünkü iclasımız sona çatdı.