19.12.2008 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  100

Mill Məclisin  iclas  salonu.
19  dekabr  2008-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

İclasa dəvət olunanlar:

S. Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
S. Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
L.Seyidbəyova, Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi.
F. Əliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru.
E. Əliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdirinin müavini.
E. Əzizov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hüquqşünası.
C. Məmmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru.
H. Bağırova, Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri.

* * *

A. Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
A. Əliyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
3. Azərbaycan Respublikasının Şəhərsalma Məcəlləsinin layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. Azərbaycan Respublikasının Şəhərsalma Məcəlləsinin layihəsi (birinci oxunuşda).

* * *

Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında Azərbaycan Respublikası qanunu layihəsinin birinci oxunuşda müzakirəsi təxirə salınmışdır.


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

19  dekabr  2008-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 11.59 dəq.)
İştirak edir  86
Yetərsay  83

Yetərsay var, iclasımıza başlaya bilərik. Hörmətli millət vəkilləri, keçən iclasımızda biz birlikdə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları daimi komissiyalarına tapşırıq verdik ki, Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum barədə təkliflərə baxsınlar. Komissiyalar işləyiblər, təkliflər hazırdır. Xahiş edirəm, bu təklifləri dinləmək üçün məsələni gündəliyə daxil edək. Etiraz yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.00 dəq.)
Lehinə 92
Əleyhinə  6
Bitərəf 0
Səs verməd 0  
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəliyə əlavə qəbul olundu.
İndi gündəlikdəki digər məsələlərə keçirik. Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında qanun layihəsinin müzakirəsinə davam edəcəyik. Siyahı ilə buyursun Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Milli Məclis üzvləri, müzakirəyə çox maraqlı bir layihə təqdim olunub – Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında Azərbaycan Respublikasının qanun layihəsi. Mən bu qanun layihəsinin mənəvi, əxlaqi, dini aspekti barədə heç bir şey deməyəcəyəm, çünki bunu məndən əvvəl çıxış edən hörmətli həmkarlarım Siyavuş müəllim, Fəzail müəllim tam kəskinliyi ilə dedilər. Mən yalnız bu layihənin hüquqi aspekti haqqında fikirlərimi bildirmək istəyirəm.
Mən bilmirəm, bu layihəni qanunvericilik təşəbbüsü qaydasında irəli sürən kimdir? Bu layihəni hazırlayan işçi qrupunun üzvlərindən iclas salonunda olanı var, ya yox? Mənim onlara sualım vardır. Sualım ondan ibarətdir ki, belə bir qanun layihəsini hazırlayıb müzakirəyə təqdim eləyəndə onlar Azərbaycanın mövcud qanunvericiliyi ilə, daha doğrusu, konkret desək, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və Ailə Məcəlləsi ilə tanış olublar, yoxsa yox? Əgər tanış olsaydılar, görərdilər ki, bu layihənin predmetinə daxil olan bütün məsələlər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda və Ailə Məcəlləsində var, yalnız bir surroqat ana məsələsindən başqa. Əgər bu layihədəki maddələri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun müvafiq maddələri ilə, daha doğrusu, V fəslində nəzərdə tutulan maddələrlə müqayisə eləsək, aralarındakı təsəvvür edilməyəcək dərəcədə fərqi görə bilərik.
Bu gün qüvvədə olan qanun çox mükəmməl və peşəkar səviyyədə yazılmış bir qanundur. Həmin qanunda “süni mayalanma”, “embrionun implantasiyası”, “tibbi sterilizasiya”, “arzuolunmaz hamiləliyin pozulması” kimi məsələlər nizamlanır. Təkrar vurğulayım ki, bir surroqat ana məsələsindən başqa. Özü də bunlar çox peşəkar səviyyədə yazılmış maddələrdir. Amma bu layihə qüvvədə olan qanunun maddələri ilə müqayisədə çox primitiv yazılmış bir layihə təsiri bağışlayır.
Bundan başqa, sonuncu iclasda hörmətli bir xanım çıxış edərək dedi ki, respublikada sonsuzluğun səviyyəsi 13 faizə gəlib çatıb. Belə çıxdı ki, bu qanunun qəbul olunması həmin problemi aradan qaldıracaq. Amma mən hörmətli həmkarlarımın nəzərinə çatdırım ki, sonsuzluq tibbi problemdir. Bu, tibb elminin problemidir və həmin problemi də ortadan qaldırmaq üçün tibb elmi müvafiq araşdırmalar aparmalı və inkişaf etməlidir. Qanun kimyəvi preparat deyil və dərman da deyil ki, həmin problemi həll eləsin. Amma əgər bu məsələlər qanunla tənzimlənməlidirsə, düşünürəm ki, hüquqi baxımdan ikinci dublikat xarakterli qanunun qəbul olunmasına ehtiyac yoxdur. Yalnız surroqat ana məsələsinə görə yeni bir qanun qəbul olunması düzgün deyil. Əgər bu, cəmiyyətə lazımdırsa, hörmətli həmkarlarım bunu qəbul edəcəklərsə, surroqat ana məsələsi ilə bağlı müddəanı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna daxil etməklə bu məsələ birmənalı şəkildə həll olunar. Amma mən düşünmürəm ki, bu gün Azərbaycan cəmiyyətinə surroqat ana məsələsi lazımdır. Mən Azərbaycan qadınını bu rolda, texniki bir saxlanc, texniki bir daşıyıcı rolunda, surroqat ana rolunda görə bilmirəm. Düşünürəm ki, hörmətli həmkarlarım da bu fikirlərlə razılaşarlar.
Çıxışımın sonunda demək istəyirəm ki, dünyanın ən gözəl, ən saf, ən ağıllı, ən ismətli, ana kimi müqəddəs ada ən layiqli qadını olan Azərbaycan qadınını mən bu rolda görə bilmirəm. Surroqat ana məsələsi qanunvericiliyə daxil edilərsə, gələcəkdə bu məsələdən daha çox kommersiya məqsədləri üçün istifadə olunacaq. Bu, embrionun klonlaşdırılmasından tutmuş uşaq alverinə qədər çox geniş bir spektrdə cinayətlərin çoxalmasına gətirib çıxaracaq. Gələcəkdə həmin fəaliyyətin bu şəkildə davam etdirilməsi bu sahədə bir xaos əmələ gətirə, hətta evlənməsi qanunla qadağan olunan və mümkün olmayan qardaş-bacıların belə evlənməsinə gətirib çıxara bilər. 40–50 ildən sonra nələr baş verə bilər? Mən düşünmürəm ki, surroqat ana məsələsi Azərbaycan qanunvericiliyinə lazımdır. Ən azından burada oturan həmkarlarımız belə bunu izah etməkdə çətinlik çəkəcəklər. Mən Azərbaycan qadınını surroqat ana rolunda görə bilmirəm və mən düşünürəm ki, həmkarlarım da bunu görə bilmirlər. Azərbaycan qadını haqqında burada səsvermə hüququna malik olan hörmətli həmkarlarım daha yüksək fikirdədirlər və əminəm ki, bunu deyəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Rafael müəllim, hamınız çıxış edin, amma hərə öz fikrini desin, öz fikrini təlqin etməsin. Sonsuzluqdan danışırsan, sən hüquqşünassan, həkimlərimiz var, qoy onlar bu barədə danışsınlar. Musa Quliyev buyursun, həm də komissiya sədrinin müavinidir.
M. Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, hər hansı bir qərar verəndə, hər hansı bir məsələ haqqında fikir söyləyəndə ilk növbədə onun mahiyyətini bilmək lazımdır. Mahiyyətini bilmədən nə isə danışmaq, qərar vermək, təbliğ etmək nəinki bizim Milli Məclisə, ümumiyyətlə, ziyalılara yaraşan bir iş deyil.
Mən çox təəssüf edirəm. Həm hörmət elədiyim deputatların ötən iclasdakı, həm də hüquqşünas kimi hörmət etdiyim Rafael müəllimin çıxışı ilə bağlı heç nə demək istəmirəm. Sadəcə, məsələnin mahiyyətini bilmək lazımdır. Mən, adətən, bilmədiyim məsələlərdən danışmıram. Bilmədiyim məsələlərlə bağlı məni maraqlandıran sual varsa, həmin sahənin mütəxəssislərindən soruşuram.
Ümumiyyətlə, bu qanun layihəsi 20 gündən artıqdır ki, deputatlara paylanıb. Bunun əleyhinə olan bir nəfər gəlib məndən soruşmayıb ki, burada hansı problem var və bu problem nədən ibarətdir, bunun əxlaqi tərəfi nədir, mənəvi tərəfi nədir, dini tərəfi nədir, tibbi tərəfi nədir? Ona görə icazə verin, mən bu problemin mahiyyəti barədə fikirlərimi söyləyim, ondan sonra hər kəs öz qərarını qəbul edər.
Ümumiyyətlə, reproduktiv sistemin xəstəliyi bəlkə də yeganə xəstəlikdir ki, orada bir insan əziyyət çəkmir, iki insan əziyyət çəkir. Həm xəstə tərəf əziyyət çəkir, həm də onun tərəf-müqabili, partnyoru əziyyət çəkir. Son illərdə dünyada insanların, xüsusilə kişilərin reproduktiv aktivliyinin azalması meyli sürətlənməkdədir. Bunun bir çox səbəbləri vardır.
Həyatın daim artan sürətli inkişaf tempinə insan orqanizminin uyğunlaşmaması, ətraf mühitin ekoloji fəlakət nəticəsində çirklənməsi, insanların cinsi həyatları barədə məlumatın az olması və belə məlumatı dinləmək istəməmələri, həmin xəstəlikdən qorunma tədbirlərinin lazımi səviyyədə olmaması reproduktiv sağlamlıqla bağlı tibbi xidmətin keyfiyyətinin aşağı olması, yeni texnologiyaların tətbiqi üçün hüquqi bazanın olmaması bu səbəblərdəndir. Məhz bu səbəbdəndir ki, hazırda dünyada ailə quranların 15 faizi sonsuzluğa düçar olur. Onların 50 faizi qadın sonsuzluğu, 30 faizi kişilərin sonsuzluğu, 20 faizi isə hər ikisinin sonsuzluğu səbəbindən tanrının ən qiymətli payından, övlad sahibi olmaqdan məhrumdurlar. Bəyəm bu sosial sifariş, sosial faciə deyildir? Azərbaycanda isə bu, 13 faizdir.
Məhz sonsuzluq səbəbindən Azərbaycanda ildə 2000 ailə dağılır. Mən 2007-ci ilin statistikasını götürmüşəm. Məgər bu, sosial sifariş deyildir? 2007-ci ilin məlumatına görə Azərbaycanda 972 ailə övladlığa uşaq götürüb, onlarla ailə də növbədədir. Məgər bu, sosial sifariş deyil? Reproduktiv sağlamlıq barədə biliklərin az olması səbəbindən arzuedilməz hamiləliklə bağlı erkən abortların artması da narahatlıq doğurur. 2007-ci ildə Azərbaycanda 15–18 yaşlı qızlarda arzuedilməz hamiləliyə görə 1420 abort hadisəsi qeydə alınıb. Belə erkən abortların qadın sonsuzluğu ilə ağırlaşması riski isə həkim olmayanlara da məlumdur. Məgər bu, sosial sifariş deyildir? Məhz belə reallıqlar dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında qanunun hazırlanmasını zəruri edir.
Onu da deyim ki, Azərbaycan dövləti, dövlətimizin başçısı, ümummilli liderimiz həmişə bu problemə ciddi yanaşıb. 1998-ci ildə Azərbaycanda reproduktiv sağlamlığın qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib və ümummilli liderimiz də həmin konfrans iştirakçılarına təbrik məktubu göndərib. Məgər bu, ümummilli liderin, ölkə rəhbərinin problemə diqqəti deyil? Cənab Prezidentin imzası ilə demoqrafik təhlükəsizliklə bağlı dövlət proqramı qəbul olunub. Ölkədə reproduktiv sağlamlığın qorunması ilə bağlı milli strategiya qəbul olunub. Məgər bunlar hamısı milli əxlaqa zidd olan məsələlərdir?
Rafael Cəbrayılov çox yaxşı dedi, 1997-ci ildə Azərbaycanın çərçivə qanunu – “Əhalinin sağlamlığı haqqında” Qanun qəbul olunub. Həmin qanunda deputat həmkarlarımızın əleyhinə çıxdıqları bütün məsələlər – süni mayalanma, embrion implantasiyası, hamiləliyin süni surətdə pozulması haqqında müddəalar və digər məsələlər də var. Məgər 10 ildə bizim milli əxlaqımız, mənəviyyatımız pozulub? Ondan bəri ötən dövrdə Azərbaycanda 410 uşaq süni mayalanma yolu ilə dünyaya gəlib və ailələrini xoşbəxt ediblər. Kimin əxlaqı pozulub?
Təkcə son bir ilin statistikasına baxaq. 3000-dən çox ailə süni mayalanma və embrion implantasiyası üçün Azərbaycandakı özəl klinikalara müraciət edib. Sadəcə, xidmətin bahalığı səbəbindən bu ailələrin 25 faizi öz problemlərini həll edə bilib. Bu layihədə milli mentalitetə, əxlaqa, dini dəyərə toxunan bir müddəa, bir fikir belə yoxdur. Kim hesab edibsə, gəlsin, otursun, aydınlaşdıraq. Digər tərəfdən, bu qanun heç kəsi məcbur etməyəcək ki, öz iradəsi, inamı, inancı əleyhinə hansısa qərarı qəbul etsin. Bu qanun, sadəcə, müəyyən tibbi xidmətlərin, o cümlədən dövlət müəssisələrində ödənişsiz əsaslarla xidmətlərin göstərilməsi üçün hüquqi baza yaradacaqdır. Əvvəla, bu qanun layihəsindəki köməkçi reproduktiv texnologiyaların tətbiqi müddəası təbii yolla dünyaya uşaq gətirə bilənlərə aid deyildir. Bu qanunla bağlı nigarançılıq keçirən hörmətli deputatlarımız, belə düşünən bütün seçicilər arxayın şəkildə öz işlərini davam edə bilərlər.
İkincisi, reproduktiv texnologiyalardan istifadə yalnız nikahda olan ər-arvadın qarşılıqlı razılığı əsasında həyata keçirilir. Bu da milli əxlaqa yad digər üçlüklərin belə imkanlardan yararlanmasını qeyri-mümkün edir. Qanun layihəsi Azərbaycan cəmiyyətinin ictimai, tibbi, hüquqi, mənəvi, psixoloji həyatında yeni baxışlar sistemi yarada bilən bir hadisədir. Layihə həm də bir mədəniyyət məsələsidir. Onu da qeyd edim ki, belə bir qanun Amerikadan Avropaya, Afrikadan Asiyaya qədər, demək olar ki, bütün ölkələrdə, o cümlədən Türkiyə, İndoneziya, Qazaxıstan, Qırğızıstan kimi İslam inanclı ölkələrdə qəbul olunmuşdur.
Düşünürəm ki, bu qanun layihəsini konseptual baxımdan qəbul etmək lazımdır. Qanun ilk növbədə reproduktiv sağlamlıq xidmətinə ehtiyacı olan və bu xidməti respublikadan kənarda almağa maddi imkanı olmayan az və orta təminatlı vətəndaşlarımıza lazımdır. Eyni zamanda, səhiyyənin və tibb elminin bu istiqamətdə inkişaf etdirilməsi, həmin sahədə yeni texnologiyaların tətbiq edilməsindən ötrü hüquqi bazanın yaradılması üçün belə bir qanun lazımdır.
Bununla yanaşı, mən ədalət naminə demək istəyirəm, layihəni tənqid edən deputat həmkarlarımın bu fikri ilə razıyam ki, qanunda müəyyən hüquqi boşluqlar vardır. Müəyyən məsələlər öz əksini tapmayıb. Mənim təkliflərim də var, həmin təklifləri komissiyada da söyləyə bilərəm, bunları deməklə vaxtınızı almaq istəmirəm. Sadəcə, dini, etik məsələlərlə bağlı fikrimi söyləmək istəyirəm. Burada nə İslam dininə, nə Xristian dininə, nə də Yəhudi dininə zidd olan bir şey yoxdur. İsrail qəbul eləyib, xristian ölkələrinin əksəriyyətində belə qanun var. İslam ölkələrinin də adlarını saydım. Ümumiyyətlə, dinə yaxınlaşsaq, Bibliyadan da, Qurandan da İsanı peyğəmbər kimi tanıyırıq və ona hörmət edirik. Həzrəti Peyğəmbərin – İsanın dünyaya gəlməsi, bakirə Mariyanın onu dünyaya gətirməsi nə idi? Həmin texnologiya idi, ayrı bir şey deyildi.
Digər tərəfdən, bu yaxınlarda hamımız Müqəddəs Ramazan, Qurban bayramlarını qeyd etdik. Deputat həmkarlarımızın çoxu yəqin bilirlər ki, həzrəti İsmayıl, həzrəti İbrahimin oğlu necə dünyaya gəlib? Həzrəti İbrahimlə həzrəti Saranın uşaqları olmurdu, həzrəti Sara İbrahimə dedi ki, bizim qulluqçudan qoy sənin uşağın olsun. İlk surroqat ana dünyada həzrəti İsmayılın anasıdır. Ona görə düşünürəm ki, sonsuzlara kömək etmək dünyada ən savab işdir və gəlin, bu savab işdən özümüzü məhrum etməyək. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, həmkarlarımıza çıxış zamanı hörmət eləyək. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, insanların sağlamlığının qorunmasına xidmət edən qanunların hazırlanaraq qəbul olunması, yeni-yeni qanunların işlənməsi Milli Məclisin daim diqqət mərkəzində olmuşdur. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi də bu sahədə uğurlu fəaliyyət göstərmişdir. Bu qısa zaman kəsiyində Azərbaycan Respublikası Milli Məclisinin üçüncü çağırışı tərəfindən bir çox qanunlarımız qəbul olunmuşdur. “Dərman vasitələri haqqında”, “Onkoloji yardım haqqında”, “Kurortlar haqqında” qanunları buna misal göstərə bilərik. Bundan əvvəlki çağırışlarda qəbul edilən, əhalinin sağlamlığının qorunmasına xidmət edən bir çox qanunları da misal gətirə bilərəm. Eşitdiyimə görə həmin qanunlar da burada böyük müzakirələrlə qəbul olunmuşdur. Məsələn, “Ana südü ilə qidalanma haqqında”, “Duzun yodlaşdırılması haqqında” qanunlar bu qəbildəndir. Gəlin, baxaq görək, hazırda çox diqqət yetirmədiyimiz bu qanunun qəbul olunması nəticəsində zob xəstəliyinin azalması və bunun verdiyi fəsadların ortadan qalxması hansı səviyyədədir? Nə qədər yaxşılaşmalar əmələ gəlmişdir?
Mən hesab edirəm ki, bu gün müzakirəyə təqdim olunan Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında qanun layihəsi əhalinin sağlamlığının qorunmasına xidmət edən qanunlardan biri olacaq. Nəzərinizə çatdırım ki, reproduktiv sağlamlığın qorunması təkcə Azərbaycanın deyil, ümumiyyətlə, bütün dünyanın əsas problemlərindən biridir. Reproduktiv sağlamlıq təkcə tibbi deyil, eyni zamanda, sosial, iqtisadi və ekoloji, siyasi bir məsələdir. Ailənin planlaşdırılması, reproduktiv sağlamlığın qorunması ayrı-ayrı normativ hüquqi aktlar, sənədlərlə deyil, xüsusi bir qanunla tənzimlənsə, daha yaxşı olar. Bu qanun, eyni zamanda, gələcəyimizə, bəşəriyyətin zinəti olan insan övladlarının dünyaya normal, sağlam gəlməsinə xidmət edən qanun olardı. Bu da Milli Məclisin ölkəmizə, bəşəriyyətə verdiyi bir töhfə olardı.
Əlbəttə, bu qanun layihəsinin konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verdiyini hesab edirəm. Məndən əvvəl çıxış edən hörmətli Musa müəllim çox ətraflı, geniş və mənim fikirlərimin də çox hissəsini əks etdirən sözlər dedi. Mən də bu gün qanun layihəsinin konseptual baxımdan qəbul olunmasını dəlillərlə hörmətli millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm. Bir həkim, praktik, daim belə problemlərin içində olan bir insan kimi qanun layihəsinin konseptual baxımdan qəbul olunmasına səs verməyə sizi də dəvət edirəm.
Qanun layihəsinin adından göründüyü kimi, reproduktiv sağlamlıq insanın nəsil artırmaq xüsusiyyətini təyin edən və bütün aspektlər üzrə fiziki və psixoloji, sosioloji rifah vəziyyətidir. Bu sağlamlıq vəziyyətində insanların nəsilartırma qabiliyyəti ilə istənilən vaxt və istənilən sayda sağlam uşağın doğulmasına imkan yaranır. Ancaq çox təəssüf ki, bu gün tüğyan edən HİV virusunun törətdiyi AİDS xəstəliyi, müxtəlif infeksion xəstəlikləri, ətraf mühitin çirklənməsi, təbiət kataklizmləri, ərzaq məhsullarının tərkibində olan müxtəlif emulqatorlar insan orqanizmindəki hüceyrələrin modifikasiyasına, onların mutasiyasına gətirib çıxarır. Bunlar da nəsilartırma qabiliyyətinin azalmasına səbəb ola biləcək amillərdir. Bu gün çox sürətlə yayılmış şiş xəstəlikləri, ilk növbədə qadınların nəsilartırma orqanlarına təsir edən döş xərçəngi, digər reproduktiv orqanların xərçənginə gətirib çıxarır. Çox təəssüf ki, bu üzdən qadınlarımız və yaxud da ailələr övlad sahibi olmaqda çətinlik çəkirlər. Sonsuzluq və yaxud da digər problemlər ortaya gəlir.
Bu gün həmin problemin aradan qaldırılması üçün köməkçi reproduktiv texnologiyalardan istifadə etmək zərurəti ortaya gəlir. Artıq beynəlxalq təcrübədə bu, sınaqdan çıxıb və səhiyyənin çox yüksək inkişaf etdiyi ölkəmizdə də öz həllini yüksək səviyyədə tapır. Ancaq köməkçi reproduktiv tədbirlərin həyata keçirilməsi nəticəsində bir çox hüquqi vəziyyətlər, hüquqi normalar və hüquqla tənzimlənməsi vacib olan bir çox məsələlər ortaya çıxır. Bütün bu məsələlərin də bir qanunla tənzimlənməsi çox yaxşı olardı.
1997-ci ildə qəbul etdiyimiz “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun çərçivə qanundur. Bu qanuna istinad edilərək, görün, insanların sağlamlığına xidmət edən bir çox tibbi qanunlar qəbul olunubdur. Bu gün həmin qanunlardan tibb işçiləri nə qədər yararlandıqlarını və insanlara xidmətləri zamanı əmələ gələn problemlərin ortadan qaldırılmasına necə xidmət etdiklərini çox yaxşı bilirlər. Əlbəttə, bu qanun 1997-ci ildə qəbul olunmuşdur. Mən bir misal gətirə bilərəm. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun V fəslinin 29-cu maddəsində yazılır: “Yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır”. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyət haqqında məlumatlar həkim sirridir.
Hörmətli millət vəkilləri, bir çox məsələlər var ki, məhz “həkim sirri” deyilən bir anlayışa aid olduğu üçün açıqlanmır. Ancaq həkimlər, Səhiyyə Nazirliyi və yaxud da onun orqanları bilirlər ki, bir çox sirlər onlarla xəstə və yaxud həmin problemi yaşayan insan arasında qalmalıdır. Reproduktiv köməkçi üsullardan istifadə edərək, əlbəttə, ata-ana olmağa və ailəyə səadət gətirməyə çalışırlar və bu gün də bundan yararlanırlar. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması dedikdə, heç də hansısa bir embrionun süni implantasiyası və yaxud da süni mayalanma nəzərdə tutulmayır. Ümumi kompleksdə bu, əhalinin sağlamlığına xidmət edən bir qanun olacaqdır.
Bu gün, qeyd etdiyimiz kimi, istər maarifləndirmə işinin aparılması, istərsə də sağlam qadının, sağlam ata-ananın olması gələcək nəsillərin sağlam böyüməsinə şərait yaradır. Nəzərinizə çatdırım ki, reproduktiv sağlamlıq mərkəzləri deyilən mərkəzlər uzun müddətdir ki, beynəlxalq donorların təşkilatçılığı ilə artıq rayon səhiyyə şöbələrində fəaliyyət göstərir. Möhtərəm cənab Prezident öz çıxışında da qeyd etmişdi ki, 30-a yaxın reproduktiv mərkəz açılmışdır. Bu məhz insanların sağlamlığına xidmət edən bir məsələdir. Bu gün ucqar dağ kəndlərində, ucqar rayonlarda həmin reproduktiv sağlamlıq mərkəzlərində, mən deyərdim ki, qeyri-qanuni abortların və yaxud digər problemlərin ortadan qaldırılması işində nə qədər xeyirxah işlər görülmüşdür.
Qanun layihəsinin müddəalarını müzakirə etməyərək mən, sadəcə, yenə də bir misal gətirmək istəyərdim. Qanun layihəsinin 7-ci maddəsi “Analığın mühafizəsi və analıq hüququ” adlanır. Dərhal ondan sonra “Sonsuzluğun müalicəsi hüququ” adlanan 8-ci maddə vardır. 7.3-cü maddədə deyilir: “Hamilə qadının həyatı üçün təhlükəli hallar olduqda tibbi müdaxiləyə dair qərar müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi tibbi göstərişlərin siyahısına uyğun olaraq həkimlərin konsiliumu və ya müalicə həkimi tərəfindən qəbul edilir”. Belə təhlükəli hallardan birini bu gün burada iştirak edən çox hörmətli mütəxəssis həkimlərimiz də bilirlər. Boru hamiləliyi deyilən bir diaqnoz vardır, dəqiqələr ərzində ananın ölümünə, itirilməsinə səbəb ola bilər. Bu vəziyyət mütləq cərrahi müdaxilə yolu ilə aradan qaldırılmalıdır. Belə olan halda reproduktiv orqanın bir hissəsi itirilir. Növbəti hamiləlik vaxtı bu yenə də baş verə və orqanın ikinci hissəsi də itirilə bilər. Bu cütlük, ailə nə etməlidir? Mütləq reproduktiv tədbirlərdən istifadə olunmalıdır.
Azərbaycanda bu tədbirlərdən yararlanırlar. Hörmətli Musa müəllimin dediyi kimi, hətta imkanı olan şəxslər xarici ölkələrdə də yararlanırlar. Mən belə başa düşürəm ki, bu məsələlər sırf səhiyyənin problemləri olsa da, normativ hüquqi aktlarla tənzimlənməsi daha məqsədəuyğundur. Bu gün böyrək köçürülməsi əməliyyatı Azərbaycanda çox uğurla aparılır. Təxminən 3–4 gün bundan əvvəl eşitdik ki, Mərkəzi Neftçilər Xəstəxanasında qara ciyərin transplantasiyası əməliyyatı həyata keçirildi. Əlbəttə, səhiyyənin inkişafı, tibbin inkişafı imkan verir ki, milli-mənəvi dəyərlərimizi qorumaq şərti ilə reproduktiv köməkçi tədbirlərdən çox uğurla istifadə edək. Mən bu qanun layihəsinin konseptual baxımdan qəbul olunmasına səs verəcəyəm. Hörmətli millət vəkillərini də buna səsləyirəm. Mən də Musa müəllimin fikrinə tərəfdaram ki, ayrı-ayrı maddələr üzərində işləmək lazımdır. Hörmətli millət vəkillərimizin görə bildikləri, nəzərdən qaçırılan məsələlər haqqında təkliflər bu qanunun daha təkmil olmasına xidmət edəcək. Bu qanunda öz əksini tapan müddəalar insanların sağlamlığının qorunmasına xidmət edən qanunvericilik bazamızın daha da möhkəmlənməsinə kömək göstərmiş olardı. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva buyursun.
J. Əliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bəri başdan deyim ki, mən həkim deyiləm, humanitar sahə ilə məşğulam və çıxışımı humanist mənəvi dəyərlər üzərində quracağam.
Müzakirə etdiyimiz qanun layihəsinin təməlində, təbii ki, çoxalma, nəslin artırılması və davamı durur. Bu yol sağlam uşaqların dünyaya gəlməsindən başlayır. Nəticə etibarilə sağlam ailələrin, ən nəhayət, sağlam cəmiyyətin inkişafına səbəb olur. Mən 25 maddədən və 4 fəsildən ibarət olan bu qanun layihəsinin əksər müddəalarını, bir neçə müddəa istisna olmaqla müsbət qəbul edirəm. Düşünürəm ki, əhəmiyyəti nəzərə alınmaqla bu sahədə xüsusi bir qanunun qəbul olunması vacibdir. Əgər sağlam nəsil artımından, sağlam ailədən və sağlam cəmiyyətdən danışırıqsa, o zaman bir neçə aspektə ilk növbədə diqqət yetirməliyik.
Birincisi, eşitməyə çox alışdığımız, lakin tədbir görməkdə aciz olduğumuz reallıq qohum nikahlarıdır. Qohum evliliklərinin yaratdığı fəsadlar haqqında çox deyilib, çox yazılıb, maarifləndirilmə işləri aparılıb. Lakin təəssüf ki, hələ də bir çox ailələr gələcək şikəst nəslin artmasına rəvac verirlər. Qohum evlilikləri irsi qan xəstəlikləri, talassemiya, o cümlədən böyrək çatışmazlığı, əqli pozuntular, ürək qüsurları və nəsildən nəslə keçən digər irsi xəstəliklərin əmələ gəlmə riskini artırır. Dünyaya gələn uşaqların sağlam genlərini əmələ gətirmək və daşımaq imkanı məhdudlaşır. Beləliklə, genefond zədələnir. Təbii ki, bu təhlükəli tendensiyanın qarşısını almaq üçün Ailə Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Ancaq hazırda müzakirə etdiyimiz və əhalinin sağlamlığı ilə birbaşa və ya dolayısı ilə bağlı olan Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında qanun layihəsini hazırlayarkən düşünürəm ki, məhz bu müddəalardan başlamaq lazım idi.
Qanun layihəsində toxunulan bəzi məsələlər cəmiyyətimiz üçün yenidir və gəlin, etiraf edək ki, birmənalı qarşılanmır. Millət vəkilləri, həmkarlarımızın fikirləri də bunu bir daha göstərir. Bu müddəaları dərindən təhlil edərkən o qədər mənəvi, psixoloji, sosioloji suallar ortaya çıxır ki, nəinki 10 dəqiqəyə sığışdırmaq qeyri-mümkündür, uzun-uzadı bu məsələlər haqqında polemika da açıla, söhbət də aparıla bilər. Dinimizə və ənənəmizə görə uşaq ailədə meydana gəlir, yəni bir qayda olaraq uşağı nikahlı qadın və kişi dünyaya gətirir. Burada isə kimə aid olduğu bilinməyən toxumla uşaq yaradılır. Uşaq günahsızdır və qorunmağa möhtacdır.
Millət və dövlət olaraq hər zaman uşaqlarımızın gələcəyini özümüzdən daha çox düşünmüşük. Uşaqlarımızın atalı-analı, firavan, alnıaçıq, üzüağ və tam bir ailə şəraitində böyüməsini arzulamışıq və bunu təmin etmək üçün var qüvvəmizlə çalışmışıq. Fikrimi qəbul etdirməyərək, cəmiyyətdə nikahdankənar uşaqların da, müəyyən səbəblərdən atasız qalan uşaqların da mövcud olduğunu səsləndirəcək opponentlərimə bəri başdan demək istəyirəm ki, həmin hallar cəmiyyət üçün norma deyil və hazırkı qanun layihəsinin predmeti də sayıla bilməz. Əlbəttə, atası ölən və ya valideynləri ayrıldıqları üçün və ya digər başqa səbəblərdən atasından uzaq düşən və ya onu heç görməyən uşaqlar var. Amma bu ataların adı, şəkilləri, xatirələri, qohumları, sülalələri var. Yəni uşaqdakı atasızlıq hissi süni yolla doğulan uşağın yaşadığı mənəvi sarsıntılar qədər güclü ola bilməz.
Mən İnternet səhifələrindən maraqlandım, bəzi araşdırmalar apardım və məlum oldu ki, Amerika Birləşmiş Ştatlarında süni mayalanma yolu ilə doğulanların yaşı indi 20–
25-ə çatıb və öz atalarını axtaran həmin uşaqlar dərnəklər qurublar, özlərini cəmiyyətə tamamən yad hesab edirlər. Mən bu məlumatı həyəcansız oxuya bilmədim. Bu məsələnin mənəvi tərəfindən danışırıqsa, hüquqi tərəfini də unutmayaq. Hansı yolla yaranırsa-yaransın, nəhayətdə insandır və bütün insan hüquqlarından istifadə etmək, həqiqi valideynlərini tanımaq və tələb etmək hüququna sahibdir. Dini nöqteyi-nəzərdən də baxaq, dinimiz deyir ki, əgər bir uşağı övladlığa götürmüsənsə, o, həddi-büluğa çatanda həqiqi valideynlərini ona tanıtmalısan.
İkinci dəlil təbii yolla valideyn ola bilməyən kişi və qadının hər ikisinin iştirakı və razılığı ilə süni mayalanma yolu ilə uşağın meydana gətirilməsidir. Yəni bu halda ortada real ata var və toxum da həmin şəxsə, ataya aiddir. Lakin ailələr tanıyıram ki, əvvəlcə kişi buna razılıq versə də, uşaq dünyaya gəldikdən sonra ona isinişə bilmir. Bu gün həmin uşağı normal, təbii yolla, belə deyək ki, dədə-baba yolu ilə əmələ gəlmədiyi üçün qucağına almağa belə qəlbi yatmır, bunu həzm edə bilmir və hazırda həmin ailədə çox böyük mənəvi-psixoloji sarsıntılar yaşanır.
Üçüncü çox təhlükəli və hələ cavabını tam almayan məsələ həmin uşaqların sağlamlığı məsələsidir. Məsələn, Rusiyada süni mayalanmadan doğulan 82 uşaqdan 44-ü xəstə doğulub. Şahidi olduğum digər hadisədə isə irsi qan xəstəliyi olan və ilk uşaqları dünyaya gəldikdən sonra xəstəliklərini öyrənən və bunun üçün də bir daha uşaq sahibi olmaq istəməyən cütlüyə bu yaxınlarda bir həkim zəmanət verib ki, köməkçi reproduktiv texnologiyalardan istifadə edərək doğulacaq uşağınızda heç bir xəstəlik olmayacaq. Bir az əvvəl qan qohumluğundan danışdım. Təəssüf ki, bu cütlük də qan qohumudur. Nəticədə uşaq ağır talassemiya xəstəliyi ilə doğulub və 10 ildən sonra uşaq sahibi olan bu ailə indi böyük bir səbirsizliklə Heydər Əliyev Fondunun himayəsi və qayğısı ilə tikilən talassemiya mərkəzinin açılacağı günü gözləyir.
Mən bu yaxınlarda qəzetdə çox maraqlı bir başlıq oxudum. Hansısa ölkədə ölkənin adını unutmuşam, bir kişi bir ildə 42 uşaq yiyəsi olub. Yəni bu sensasion xəbər mənim diqqətimi çox çəkdi. Düşündüm ki, bir kişi necə bir ildə 42 uşağa sahib ola bilər? Məqaləni oxuyanda məlum oldu ki, bu şəxs donordur və onun toxumundan 42 dəfə istifadə olunub. Azərbaycan kiçik ölkədir, əgər həmin donor kimi bizdəki donordan yaranacaq çoxsaylı uşaqlar, yəni bacı-qardaşlar olacaqsa və təsadüf nəticəsində onlar 15–20 il keçəndən sonra tanış olarlarsa və həmin tanışlıq evliliklə nəticələnərsə, bu hal hansı fizioloji, mənəvi, tibbi çərçivəyə sığa biləcək? Yəni deyiləsi məsələlər çoxdur. Bütün bu hallarda zərbə, təbii ki, uşağa dəyir. Özünə daha yaxşı tale seçmək arzusunda olan, öz qocalığını təmin etmək, tənhalıqdan qurtulmaq istəyən biz böyüklər heç bir şeydən xəbəri olmayan və bəlkə də bu şərtlər altında dünyaya gəlmək istəməyən bir varlığın gələcəyini sual altına atırıq.
Ən nəhayət, bu məsələlər dövlət nəzarətində olmalıdır, çünki birbaşa genefond məsələsidir. Süni mayalanmanın aparıldığı yerlərdə konkret olaraq, qeydiyyatın hansı səviyyədə keçirilməsini, donorun şəxsiyyətini, kimliyini, hansı xəstəliklərin daşıyıcısı olduğunu, xüsusilə donorun etnik mənşəyi və üstəlik də müharibə şəraitində yaşadığımızı və bədnam qonşularımızın hər cür dona girdiklərini unutmayaraq nəzərə almalıyıq. Bir daha deyirəm, burada genefonda birbaşa təsirdən söhbət gedir. Yaxşı olardı ki, bu qanun layihəsi bir daha nəzərdən keçirilsin. Mütəxəssislərin, din adamlarının, millət vəkillərinin iştirakı ilə müəyyən redaktə işləri, düzəlişlər aparılsın, daha sonra qəbul edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən özüm şəxsən Azərbaycan Tibb Universitetini bitirsəm də, bəzi həmkarlarım kimi, belə ciddi ittihamlarla çıxış etməyi heç zaman qəbul etməzdim. Birincisi, burada mütəxəssislər iştirak edirlər. Səhiyyə nazirinin müavini Kərimov, Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi çox hörmətli Leyla xanım, hörmətli Faizə xanım buradadır. Onlar mütəxəssisdirlər, bu sahəni, vəziyyəti, problemi və ondan çıxış yollarını çox yaxşı bilirlər. Nə üçün kimlərsə hesab etməlidirlər ki, bu adamlar vətənlərini, millətlərini kimlərdənsə daha az sevir və öz millətlərinə, dövlətlərinə ziyan vurmaq istəyirlər? Nəyə görə kimlərsə belə düşüncəyə gəlməlidirlər? Axı bu adamlar mütəxəssisdirlər, reallığı bizdən daha yaxşı görə bilirlər və dünyadakı praktika ilə də tanışdırlar. Bu adamlar da bizim dediyimiz dəyərlərə sahibdirlər, digər məsələləri də çox gözəl bilirlər.
Mən çox təəssüf edirəm. Mənim, ümumiyyətlə, ən nifrət elədiyim məsələ dindən sui-istifadə edilməsidir. Müsəlmançılıqdan, dini qaydalardan dəm vurmaq çox yaxşı şeydir. Mən Quranı çox yaxşı oxumuşam. Quranda deyilir ki, içki içmək, zina etmək olmaz. O zaman zəhmət çəkib birinci bu qaydalardan başlamaq lazımdır. Amma onda İslam, müsəlmançılıq yadımıza düşmür. Amma bədbəxt bir ailəyə, bədbəxt olmuş bir insana kömək etməyə gələndə biz mütləq belə absurd ifadələr işlətməyə məcbur oluruq. Əgər bu düşüncə ilə yanaşsaq, onda gəlin, orqan köçürülməsini də həyata keçirməyək. Birimiz qara ciyər köçürtdürürük qohumumuza, birimiz böyrək. Niyə köçürtdürürük, axı bunlar da sizin dediyiniz prinsiplərə uyğun deyil.
İkincisi, mən xahiş edirəm, İslamdan və müsəlmançılıqdan burada sui-istifadə edilməsin. Mən Quranı oxumuşam. Bizim dinimiz humanist dindir. Quranın hansı səhifəsində yazılır ki, ölkədə 13 faiz belə bir problem varsa, belə problemlər yaşanırsa, qoy onda o insanlar həyatlarını bədbəxt şəkildə başa vursunlar, onlara kömək etməyin? Humanizmi təbliğ edən din heç zaman humanizmdən kənara çıxa bilməz. Biz dini dövlət də deyilik, hüquqi dövlətik. Hər şeyi hüquqi normalarla tənzimləməyə borcluyuq. Təbii ki, dini adət-ənənələrimizi, qaydalarımızı da nəzərə almalıyıq. Mən hesab edirəm ki, burada dinə zidd heç bir məsələ yoxdur.
Oqtay müəllim, bəlkə mütəxəssis olmadıqlarına görə bir çox millət vəkillərimiz məsələlərin necə ciddi olduğunu görə bilmirlər? Bizim mütəxəssislər məsələyə aydınlıq gətirsinlər ki, sabah sadə insanlarımızda bu məsələ ilə bağlı fikir çaşqınlığı yaranmasın. Xahiş edirəm, bizim gözəl milli mentalitetimizi hansısa maraqlar üçün səngər eləməyək. İndi Musa müəllim burada dedi ki, kişi sonsuzluğu 50 faizə çatıb. Mən maraqlı bir fakt deyim, bu, son illər artıb. Ona qədər sonsuzluqdan əziyyət çəkənlərin çoxu qadınlar idi. Həmin qadınların hamısını biz taleyin ümidinə buraxırdıq. Həmin qadınlardan ayrılırdılar, onları boşayırdılar, ailələr onlardan imtina edirdilər. Həmin qadınlar ailəsiz, övladsız taleyin ümidinə qalırdılar. Heç o zaman biz tribunalarda çıxıb demirdik ki, bu bizim mentalitetimizə ziddir. Nə olar qadının uşağı olmayanda? Sevgi, məhəbbət və sair kimi dəyərlərimiz var. Siz bu qadınlarla ömrümüzün sonuna qədər yaşamalısınız. Bu bizim dinimizə ziddir. Belə bir vəziyyətə düşən qadını tərk etmək olar? Biz o zaman bunlardan danışmırdıq. Amma indi səbəb tapmışıq ki, yox, bu bizim milli mentalitetimizə ziddir.
İkincisi, qanun çox az səhifədən ibarətdir. Bunu oxumaq olar. Kimsə deyir, bu, bacı-qardaşa, dul qadınlara, bilmirəm, qızlarımıza imkan verəcək ki, dünyaya övlad gətirsinlər. Xeyr əzizim, qanun layihəsində çox qəşəng şəkildə yazılıb ki, nikahda olan qadın yalnız ərinin razılığı olduqda surroqat ana ola bilər. Mənə elə gəlir ki, bu çox aydındır. Yəni bir kişinin razılığı olmadan heç zaman ailədə belə bir şey baş verə bilməz. O zaman biz nədən çəkinirik, nədən ehtiyat edirik? Yəni doğrudanmı kişi öz ailəsini bizdən az düşünür? Xeyr. Biz tövsiyə etmirik ki, ay insanlar, bundan istifadə edin. Xeyr, biz çətin vəziyyətdə qalmış insanların qarşısını da almamalıyıq. Açıq şəkildə deyirəm, imkanlı adamların qızlarının, qadınlarının övladları olanda onları Londona, Parisə, Almaniyaya aparırlar, məmnuniyyətlə bundan yararlanırlar. Bunun ucu özümüzə dəyəndə artıq o sadə insanlar yadımıza düşmür, amma Gülsənəmə, Şahsənəmə aid olduqda o dəqiqə mentalitet yada düşür.
Bu məsələlərdə bir az ciddi olaq. Artıq ölkədə 13 faiz sonsuzluq var. Söhbət millətin genefondundan gedir. 13 faiz artıq SOS siqnalıdır, rəqəmlər var. Mən xahiş edirəm, bu məsələyə belə baxmayaq. Birincisi, biz tövsiyə etmirik. Keçən iclasda fikirlər eşidirəm: gedib kim nə istəyir eləsin. Bu tribunadan belə fikirlər səslənə bilməz. Bura qanunverici orqandır. Ölkədə baş verən bütün məsələlər qanunvericiliklə tənzimlənməlidir. Kim nə istəyir gedib eləsin, sadəcə, qanunvericilikdə olmasın? Bu nə deməkdir? Biz hüquqi dövlətik, hər şey hüquqla tənzimlənməlidir. Ona görə mütəxəssisləri də dinləyək, onlar məsələni bizdən daha yaxşı bilirlər. Deputatlarımız da düşünərək bu məsələyə səs versinlər. Qanun layihəsinin birinci oxunuşudur. Mənim də çoxlu təkliflərim var. Nəyi isə təkmilləşdirə, çıxara, əlavə edə bilərik, amma birmənalı şəkildə bunu çıxaraq, bu doğru deyil.
İkincisi, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun mənim əlimdədir, 1997-ci ildə qəbul olunub. Mən onda millət vəkili deyildim, amma bu qanuna səs verən bir çox millət vəkili indi bunun əleyhinə səs verir. O zaman onlar iclasda deyildilər, niyə səs verirdilər, indi isə əleyhinə getməyə məcbur olublar? Ona görə bir cəbhə açmağımız gərək deyil, mən gördüm, keçən dəfə mütəxəssislər bu salondan necə pərt çıxıb getdilər və bizim onlarla belə rəftar etməyə haqqımız yoxdur.
Reproduktiv sağlamlıq məsələləri tək bundan ibarət deyil, mən indi yaxşı rəqəmlər səsləndirəcəyəm. Respublikadakı 24 min 431 onkoloji xəstənin 62 faizi qadındır. Onların içərisində süd vəzisinin xərçəngi birinci yerdə gedir. Bu rəqəmlər bizə ciddi məsələlərdən xəbər verir. Reproduktiv sağlamlıq bizə bunun üçün lazımdır. Ona görə təklif edəcəyəm ki, bu qanun layihəsində ildə bir dəfə qadınlarımızın məcburən mammoqrafiyadan keçməsi öz əksini tapsın. Süd vəzilərinin xərçəngi ailələrin dağılması, qadınlarda gərgin psixoloji hal yaradır. Mən xahiş edirəm ki, bu qanun layihəsində ildə bir dəfə dövlət hesabına mammoqrafiya məsələsi öz əksini tapsın.
Digər rəqəmləri deyim. Ölkədə hər il doğulan əlil və şikəst uşaqların sayı artır. Ölkədə hər il nikahdankənar doğulan uşaqların sayı artır. Nəyin hesabına? Erkən nikahların hesabına, çünki rəsmi qeydiyyatdan keçə bilmirlər, rəsmi qeydiyyat ola bilmədiyinə görə də doğulan uşaqlar nikahdankənar hesab olunurlar. 14–15 yaşında qızlarımız ana olurlar. Doğulan uşaqların xəstəlik faizləri çox, ananın həyatı risk altında olur. Çox təəssüf ki, milli mentalitet deyəndə, bunlardan danışmırıq. Bunun üstünə getməliyik, budur bizim mentalitetimiz, 14 yaşında qızı ailə qurmağa məcbur edirik, ondan doğulan uşaqlar da həm genefond üçün çox zərərli olur, həm də qadının, gələcək ananın həyatı təhlükəyə girir. Mən çox istərdim ki, qanun layihəsində bu məsələ də ciddi şəkildə əksini tapmış olsun.
Burada qohum nikahlar məsələsi vurğulandı. Bu gün əhalinin genefondunda çox böyük problemlərdən biri qohum nikahların törətdiyi fəsadlardır. Söhbət irsi qan xəstəliklərindən gedir, ona görə biz bunun qarşısını birmənalı ala bilmirik. Qanunvericiliklə biz “evlənməyin” deyə bilmərik, amma biz gələcəkdə bu problemləri aradan qaldırmaq üçün mexanizm düşünə bilərik. Bəzi ölkələrdə talassemiya adlı problem yoxdur. Amma bizdə hər il bu rəqəmlər daha çox artır, millətin genefondu ciddi təhlükəyə düşür. Yəni Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında millətin bütün məsələlərini ortaya qoyaraq genefondumuzu qorumağa xidmət edən qanun layihəsidir. Ona görə, xahiş edirəm, bunun qarşısını almayaq. Biz mentalitet deyib məktəblərdə bəzi məsələləri uşaqlara öyrətmirik. Bu bizim mentalitetimizə uyğun deyil, ayıb deyilmi? Amma 14 yaşında qızı ərə verəndə heç ayıb olmur. Ona görə də bu gün AİDS xəstələrinin sayı artır. AİDS-ə yoluxmuş qadınlarımızın sayı artır.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Buyurun, Rafiq Məmmədhəsənov.
R. Məmmədhəsənov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi ilə bağlı bir sıra qeydlərim var, onları diqqətinizə çatdırmaq istəyirəm. Görürəm, qanun layihəsinə hamının münasibəti eyni deyildir. Mən bir həkim kimi danışmaq istəyirəm. I fəslin 1.0.6-cı maddəsində “surroqat ana” termini yazılıb, onun da açıqlanması verilib, camaatı da qıcıqlandıran budur. Eyni zamanda, göstərilir ki, 18 yaşından 35 yaşınadək qadınlar surroqat ana ola bilərlər. Burada da yaş məhdudiyyəti qoyulur. Burada deyilir ki, qadın öz uşaqlığında embrionu daşıya bilər və sair. Təklif edirəm, “qadın öz bətnində gəzdirə bilər” yazaq, bu daha etik çıxardı, belə qadına surroqat ana demək olardı. Bir var, uşağın əsl anası, bir var, ögey ana, bir var, süd anası. Axır zamanlar, elm və texnikanın inkişafı ilə əlaqədar “surroqat ana” termini meydana çıxıb. Uşağı dünyaya gətirən surroqat ana onun hüquqi anası olur. Yumurta hüceyrəsini donor kimi verən ana genetik anası olur.
Burada bir məsələyə fikir vermək lazımdır. Uşağı 9 ay bətnində gəzdirən qadında analıq hissi, analıq instinkti yaranır, lakin öz yumurtasını hüceyrə kimi, donor kimi verən qadında analıq hissiyyatı yaranmır. Buna fikir vermək lazımdır. Digər tərəfdən, surroqat qadında requlyator genlər var ki, onlar uşağın metabolik yaddaşını dəyişə bilərlər. Bunları həkim kimi nəzərinizə çatdırmaq istəyirəm. Surroqat analığı kütləvi tətbiq etmək olmaz. Ancaq xüsusi hallarda bunu tətbiq eləmək olar. Yəni gənc qadında uşaq dünyaya gətirməyə əks göstərişi olan xəstəliklər varsa, ərinin və qadının özünün razılığı ilə surroqatlığa getmək olar, cavan qadındır, ərə gedib, lakin ürək qüsuru var, hamiləlik olmaz, yalnız bu hallarda, digər çoxlu xəstəliklər olduğu hallarda surroqatlığa getmək olar. “Surroqat” sözünün özü yaxşı səslənmir, ona görə bəlkə “süd anası” termini işlədilsin? Mən bunların hamısını təklif kimi deyirəm. Onsuz da bu proses gedir və xarici ölkələrə üz tutanlar çoxdur.
Biz “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun qəbul etdik, Azərbaycanın bütün regionlarında, Şəki, Zaqatala, Balakən rayonlarında tətbiq olunur və indi həmin xəstəliklərin sayı xeyli azalmışdır. Bədbəxt ailələr var, bu ailələrə kömək etmək lazımdır. Lakin xüsusi həkim komissiyasının rəyindən sonra bu işə getmək olar. Yəni bunu epizodik hallarda, gizlin, orada-burada etmək olmaz. Qanunda qeyd olunub ki, bunları xüsusi tibb müəssisələri və eyni zamanda, həyata keçirməyə ixtiyarı olan hüquqi şəxslər edə bilərlər. Belə şeyə getmək olmaz. Bunu ixtisaslaşdırılmış dövlət tibb müəssisələri həyata keçirməlidir. Burada da xüsusi həkim komissiyası olmalıdır, həkim komissiyasının rəyindən sonra bu işə gedilməlidir. Valideynlər də əmin olmalıdırlar ki, doğrudan da, bu uşaq onların uşağıdır, genlər onlardan götürülüb. Bir tərəfdən qeyd olunur ki, doğuşların sayı azalıb. Əhalinin sayını artırmaq üçün belə bir qanun layihəsi hazırlanıb. Digər tərəfdən də qanun layihəsinin II fəslinin 15-ci maddəsində həm qadının, həm də kişinin tibbi sterilizasiyasından söhbət gedir. Burada məntiq hanı? Yəni qanun layihəsini hazırlayanda elə hazırlamaq lazımdır ki, məntiqə uyğun gəlsin. Mən çox danışmaq istəmirəm. Bu qanun layihəsini iki-üç dəfə oxumuşam, layihədə boşluqlar var, təzədən işlənilməlidir və ondan sonra Azərbaycan cəmiyyətinə tətbiq olunmalıdır. İşlənəndən sonra qanun layihəsini qəbul etmək olar.
Sədrlik edən. Biri 5 dəqiqə çıxış edir, digəri 10 dəqiqə. Buyursunlar, sözlərini desinlər, mənim də sözüm var. Aynur Quliyeva, buyurun.
A. Quliyeva. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən həmkarlarımın çıxışlarına diqqətlə qulaq asdım. Qeyd eləmək istəyirəm ki, mən bu qanunun qəbul olunmasının tərəfdarıyam. Ona görə ki, Azərbaycanda belə bir problem var və bu qanunun qəbul olunması heç də kütləvi şəkildə hamını məcbur eləmir ki, gedin, köməkçi reproduktiv vasitələrdən istifadə edin. Bu qanun yalnız sağlamlıq durumunda problem olan qadınlar və kişilər üçün nəzərdə tutulub. Mənə elə gəlir ki, çıxış edərkən nəyə görəsə bu məsələni unuduruq.
Digər tərəfdən, Qənirə xanım da qeyd elədi, Azərbaycanda sonsuzluq halı 13 faizə çatıb. Bu, təbii ki, ciddi bir siqnaldır və biz bu problemi aradan qaldırmaq istəyiriksə, deməli, bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsinə, inkişaf etdirilməsinə çox böyük ehtiyac var. Məndən əvvəl də qeyd edildiyi kimi, Azərbaycanda təbii artım onsuz da aşağı düşüb. Məsələn, statistikaya müraciət eləsək, Azərbaycanda əhalinin sayı altı milyon yarım olanda yeni doğulan uşaqların sayı ildə 160 mindən çox olub. Son illər isə bu rəqəm kəskin şəkildə aşağı düşüb. 2002-ci ildə bu rəqəm cəmi 111 min olub. O biri illərdə də bu rəqəmdə artım hiss olunmayıb, çünki bu rəqəmin aşağı düşməsinə təsir edən ciddi problemlər var. Məsələn, qızların erkən yaşda ərə verilməsi, yaxın qohumların ailə qurması, kişi və qadın sonsuzluğunun və infeksion yolla xəstəliklərin artması bu rəqəmlərə, təbii ki, təsir göstərir. Amma bütövlükdə götürəndə bu qanunun qəbul edilməsinə, şübhəsiz ki, ciddi ehtiyac var. Ona görə ki, heç bir qadının, heç bir kişinin valideyn olmaq haqqını əlindən almaq olmaz. Onlar bu problemin həlli üçün istənilən xəstəxanaya və yaxud klinikaya müraciət edib köməkçi reproduktiv vasitələrdən istifadə edə bilərlər.
Şübhəsiz ki, bu qanunda bəzi boşluqlar var. Mən düşünürəm ki, bəzi maddələri sərtləşdirməyə ehtiyac var. Məsələn, 10-cu maddənin ikinci bəndində göstərilir ki, cinsi toxumaların donorlarının və resipiyentlərinin anonimliyi təmin edilir. Bu, aydın məsələdir. Amma, təbii ki, məndən əvvəl çıxış edənlərin narahatlığını bölüşürəm, bu, gələcəkdə Azərbaycanda bir-birinin varlığından xəbərsiz olan yaxın qohumların meydana çıxmasına səbəb ola bilər. Gələcəkdə bacı-qardaşların ailə qurması bizim milli genefondumuz, milli təhlükəsizliyimiz üçün və demoqrafik təhlükəsizliyin qorunması nöqteyi-nəzərindən ciddi fəsadlar meydana çıxara bilər. Bu baxımdan da düşünürəm ki, həmin maddəyə belə bir əlavə etmək lazımdır: hər hansı bir klinikada, xəstəxanada bir donordan yalnız bircə dəfə istifadə etmək olar. Mənə elə gəlir ki, bu əlavəni etməklə problemin qarşısını müəyyən qədər almaq mümkündür.
Maddə 13-də surroqat ana üsulundan söhbət açılır. Gördüyümüz kimi, bu məsələyə də yanaşma birmənalı deyil. Amma mən düşünürəm ki, bu məsələni də yoluna qoymaq mümkündür. Çox ciddi şəkildə bu maddədə qeyd eləmək lazımdır ki, əgər qadının səhhəti yol vermirsə, onun sağlamlığı yerində deyilsə, təbabət onun müalicə üsulu ilə ana olması qarşısında acizdirsə, o zaman surroqat ana üsulundan, yəni köməkçi reproduktiv vasitədən istifadə etmək olar. Yəqin, siz də bilirsiniz ki, bəzən sağlıq durumu, sağlamlığı qaydasında olan qadınlar da, sadəcə olaraq, özlərinə əziyyət verməmək üçün surroqat ana üsulundan yararlanmağa can atırlar.
Bu qanunda yetkinlik yaşına çatmayanlar üçün informasiya hüququ ilə bağlı maddələr də mövcuddur. Təbii ki, qanunda bu maddənin olmasını təqdir edirəm və hesab edirəm ki, kütləvi informasiya vasitələrindən əlavə, təhsil müəssisələrində də yetkinlik yaşına çatmayan uşaqların bu sahədə məlumatlandırılması, informasiyalı olmaları üçün bu məsələlərin dərslik kitablarına salınması vacib olardı.
Mən fürsətdən istifadə edib bu qanuna həm dəxli olan, həm də dəxli olmayan bir məsələni burada qeyd etmək istəyirəm. Çox istərdim ki, biz bu qanunu müzakirə edərkən vacib bir məsələyə də diqqət ayıraq. Bilirsiniz ki, Azərbaycanda maddi durumu qaydasında olmayan, yoxsulluq həddində yaşayan kifayət qədər qadınlarımız, analarımız var. Onlar ana olarkən ciddi maddi problemlərlə üzləşirlər və bu da çox zaman doğuşların evlərdə baş verməsi ilə nəticələnir. Buna görə də ana olmağa hazırlaşan qadınlara, xüsusən də yoxsulluq həddində yaşayan ailələrə ünvanlı sosial yardıma bənzər şəkildə birdəfəlik ödəmələrin edilməsi qanunvericilikdə nəzərdə tutulsaydı, çox yaxşı olardı.
Çıxışımın sonunda bu qanunun qəbul edilməsinin mümkünsüzlüyünü qanundakı bəzi maddələrin bizim milli mentalitetimizə, adət-ənənələrimizə uyğun gəlməməsi ilə izah edən bəzi deputat həmkarlarımın diqqətini bir məsələyə yönəltmək istəyirəm. Yəqin, kütləvi informasiya vasitələrindən çoxunuzun xəbəri var ki, xarici neft şirkətində işləyən qadınlarımızın hüquqları kobud şəkildə pozulur. Azərbaycanın Əmək Məcəlləsinə, ümumiyyətlə, əhəmiyyət verən yoxdur. Yəqin, siz də bilirsiniz ki, xarici neft şirkətləri azərbaycanlı qadınlar əgər hamilədirlərsə, ümumiyyətlə, onları işə götürmürlər. Yaxud da işlədiyi müddətdə ana olmağa hazırlaşırlarsa, mütləq gedib öz “bos”larından onun icazəsini almalıdırlar. Mənə elə gəlir ki, Azərbaycanın mentalitetinə, bizim milli adət-ənənələrimizə zidd olan məsələ məhz budur. Biz başqa sahələrdə qaranlıq məqamlar axtarmamalıyıq. Mən bir daha öz həmkarlarımı bu qanuna səs verməyə çağırıram və bir daha qeyd edirəm ki, bu qanunun qəbul olunmasının tərəfdarıyam, onu yaradanlara da təşəkkürümü bildirirəm.
Sədrlik edən. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Mən güman edirəm, bu məsələ heç kimdə sual doğurmur və bu, lazımlı qanundur. Çünki qanunda elə maddələr var ki, onlara heç kim heç vaxt “yox” deyə bilmir. Konkret olaraq uşaqlı ailələrə, reproduktiv sağlamlıq sahəsində aparılan elmi tədqiqat işlərinə dəstəyin göstərilməsinə, bu sahədə ixtisaslı kadrların hazırlanmasına, ailə planlaşdırılmasının dövlət siyasətinə heç kim heç vaxt “yox” deməyəcək. Hər kəs bunu çox gözəl başa düşür. Mənə elə gəlir, burada hamını narahat eləyən, emosiyaları coşduran yeganə məsələ surroqat ana ilə bağlıdır. Bu yalnız Azərbaycan parlamentində qalxan məsələ deyil, dünyanın bir çox parlamentlərində, bir çox ölkələrdə bu mövzu geniş müzakirələrə səbəb olub. Konkret olaraq bunun həm psixoloji, həm mənəvi-etik tərəfləri, həm də hüquqi baxımdan müxtəlif məqamları müəyyənləşdirilib və araşdırılıb. Mən həm əleyhinə, həm də lehinə olan tərəflərə demək istəyirəm ki, bu cür müzakirələr dünyanın bütün parlamentlərində olub. Ona görə belə başa düşmək lazım deyil ki, biz lehinə və əleyhinə bu məsələlərin müzakirəsinə qalxmış ilk parlamentik.
Dünya praktikası var. Ölkələr var ki, ümumiyyətlə, qanunu qəbul eləmirlər, belə demək mümkünsə, surroqat analığa göz yumurlar. Elə ölkələr də var ki, bunu qəbul ediblər, amma şərt qoyublar ki, burada kommersiya məqsədi olmayacaq. Surroqat analıqla bağlı problemlərin heç birində vəsaitin qoyulması ilə bağlı hər iki tərəfdə məsələ qalxa bilməz. Yalnız dövlət bu məsələləri tənzimləyəcək. Misal da gətirə bilərəm. Belçikada, İrlandiyada, Finlandiyada bu qanun yoxdur, amma bu məsələlər orada həyata keçirilir. Avstraliyada, Böyük Britaniyada, Danimarkada, İsraildə, İspaniyada, Kanadada, Hollandiyada, Amerikanın bir çox ştatlarında buna icazə verilir. Amma deyilir ki, bu, qeyri-kommersiya məqsədli olmalıdır və burada heç bir kommersiya məsələsi həyata keçirilə bilməz. Ona görə mənə belə gəlir ki, biz beynəlxalq təcrübəni öyrənəndən sonra burada ən ciddi məsələləri qaldıra bilərik. Bayaq Rafiq müəllim dedi, biz hər halda “surroqat ana” adını dəyişmək haqqında düşünməliyik. Bu ya “daşıyıcı ana”, ya da “süd ana” kimi dilimizə uyğun bir sözlə ifadə olunmalıdır.
İkinci, qanunda çox ciddi şəkildə göstərilməlidir ki, surroqat ana peşəyə çevrilməsin. Buna görə də surroqat ana olmaq haqqına qanunla bir dəfə icazə verilməlidir. Bir dəfədən artıq heç kəsə surroqat ana olmağa icazə verilməməlidir. Maddə 11.2-yə mütləq əlavə olunmalıdır.
Daha bir etik məsələ var, bu, praktikada olub. Uşaq xəstə doğula bilər və bu zaman genetik valideynlər uşaqdan imtina edə bilərlər. Bu məsələ bir çox ölkələrin qanunlarında göstərilib, biz də bunu mütləq göstərməliyik.
Bir məqamı da demək istəyirəm, hər halda bunun bilinməsi çox vacibdir. Necə oldu ki, surroqat ana məsələsi ortaya çıxdı? Mən istəmirəm, bu gün emosional şeylər deyim, çünki bunun hüquqi tərəfi çox vacibdir. Amma bu məsələnin qısa bir tarixçəsi var. Bu da ondan ibarətdir ki, onkoloji xəstə olan atanın toxumları götürülüb, saxlanılıb, o, həyatdan köçdükdən sonra övladı həyata gətirilib. Bu da o qədər müqəddəs bir iş olub ki, daha sonra bu işin uzun-uzadı məhkəmə prosesi gedib. Bunlar ata rəhmətə gedəndən sonra bu uşağın həyata gəlməsi və uşağın nənəsinin uzun-uzadı bu uşağın adını rəsmiləşdirmək istəməsi ilə başlayan məsələlərdən biridir. Onkoloji xəstə olan kifayət qədər insanlar var. 20 və daha kiçik yaşlı oğlan uşaqlarının, tək övladların həyatdan köçmək ehtimalı çox olan kifayət qədər ailələr var. Gələcəkdə yalnız bir övladından nənə-baba olmaq istəyən insanların şansını əlindən ala bilmərik. Biz yalnız bu məsələlərlə bağlı müəyyən məqamları deməliyik.
İkinci, güman edirəm ki, dünya praktikasında olan bir məsələni də biz nəzərdə tutmalıyıq. Adətən, çox yaxşı işlənmiş qanunlarda surroqat analıq həmin ailəyə çox yaxın olan qadınlar tərəfindən həyata keçirilir. Belə ki, ana olmağa imkanı olmayan qadının anası, xalası və bacısı tərəfindən bu məsələlər həyata keçirilə bilir. Biz bu məqamları da nəzərdə tutmalıyıq. Daha bir məsələ – tibbi xidmətin kompensasiyası da mütləq qanunda göstərilməlidir.
Surroqat ananın hamiləlik dövründə yaşayış yerinin müəyyən olunması da vacib bir məsələdir. Mütəxəssislər bunu çox yaxşı bilirlər, bu prosesi həyata keçirən müəssisənin yalnız dövlət müəssisəsi olmasını nəzərdə tutmaq mütləq vacibdir.
Güman edirəm, bu məsələ ilə maraqlananlar bilir ki, dünya praktikasında ən narahat məqamlardan biri genetik valideynlər və surroqat ana arasında olan bəzi razılaşmanın pozulması ilə bağlıdır. Biz bu məqamları qanunumuzda çox ciddi şəkildə həyata keçirə və bununla bağlı sanksiyalar tətbiq edə bilsək, bu məsələləri həll etmiş olarıq. O ki qaldı milli mentalitetimizlə bağlı məsələyə, açığını deyim ki, mən bu qanunda milli mentalitetimizi və gələcək nəslimizi poza biləcək heç bir məqam görmürəm. Mən bu qanunu, sadəcə, bir humanist akt kimi görürəm. Mən buna hər hansı bir xəstəlikdən əziyyət çəkən insanların övlad sahibi ola bilməsi və yaxud gələcək nənə-babaların nəvəsi olması üçün şansının əlində olması kimi baxıram.
Bir məsələni də demək istəyirəm. Təəssüflə demək istəyirəm ki, bu məni indiyə kimi narahat edən məsələdir. Biz seksual azlıqlarla bağlı bir çox məsələləri qanunumuzdan çıxardıq. Biz buna səs verdik. Bu bizim mənəviyyatımızı poza biləcək bir çox məqamları, şübhəsiz ki, yönləndirə bilərdi. Mən güman edirəm ki, bu gün də yönləndirir və bir çoxları artıq Azərbaycan cəmiyyətinə əxlaq dərsi belə keçirlər. O ki qaldı bu qanuna, mən bu qanunu yalnız qardaşlıq, humanistlik və eyni zamanda, ağır dərd-bəlaya mübtəla olmuş insanlara kömək aktı kimi qəbul edirəm. Qanun layihəsinə səs verəcəyəm və xahiş edirəm, təkliflərimi də nəzərə alsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əgər etiraz etmirsinizsə, səhiyyə nazirinin müavini Sənan Kərimova söz verək. Buyurun.
S. Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bu gün müzakirə olunan qanun layihəsi çox vacibdir. Bilirsiniz ki, hazırda səhiyyədə prioritet istiqamət ana və uşaqların qorunmasıdır. Möhtərəm Prezidentimizin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən Ana və uşaqların qorunması proqramı qəbul olunmuşdur. Bu proqram həyata keçirilən zaman Səhiyyə Nazirliyi bir çox çətinliklərlə üzləşdi. Bu, birinci növbədə hüquqi çətinliklərlə bağlı idi. Bu bizi vadar etdi ki, bu məsələyə daha geniş baxılsın. Çünki iki əsas göstərici var: ana və uşaq ölümü. Bu göstəricini azaltmaq üçün ancaq bu istiqamətdə iş aparmaq kifayət deyil. Ancaq bu məsələyə reproduktiv sağlamlıq istiqamətindən baxsaq, ana və uşaq ölümünü azalda bilərik.
Reproduktiv sağlamlıq, əsasən, 3 komponentdən ibarətdir: birinci, ana təhlükəsizliyi, ikinci, ailə planlaşdırılması və nəhayət, bizim gənc nəslin, yeniyetmələrin reproduktiv istiqamətdə düzgün tərbiyəsi. Bu 3 komponenti bir yerdə inkişaf etdirsək, nəticədə ana və uşaq ölümünün, süni abortların, sonsuzluğun azaldılmasına nail ola bilərik. Bayaq hörmətli millət vəkilləri də qeyd etdilər ki, “Sağlamlıq haqqında” Qanunda bu müddəalar var. Amma bunların hamısını bir qanuna yığmaq, doğrudan da, məqsədəuyğun olardı. Bunların ayrı-ayrılıqda inkişafı məsələni lazımi səviyyədə həll etməyə imkan yaratmır. Hazırda 3 komponentdən ən vacibi yeniyetmələrin düzgün tərbiyəsidir ki, gələcəkdə onlar sonsuzluqla, süni abortlarla və başqa problemlərlə üzləşməsinlər.
Mən burada çıxış edən millət vəkillərinə minnətdaram ki, onlar reproduktiv sağlamlığa məhdud bir çərçivədə baxmadılar. Doğrudan da, reproduktiv sağlamlıq bir uşağı dünyaya gətirmək deyil, bu, bir qrup böyük xəstəliklərin profilaktikasıdır. Bu cür qanun çox vacibdir.
Burada surroqat ana məsələsi ilə bağlı mübahisələr oldu. Bu, çətin bir prosesdir. Burada bir çox məsələlər araşdırılmalı, müqayisə olunmalıdır. Amma, ümumiyyətlə, qəbul edək ki, bu vəziyyət var və biz onu qanun çərçivəsinə salmalıyıq. “Surroqat ana” deyəndə, burada bir çox məsələlər ortaya çıxır. Elə qadınlar var ki, anadangəlmə anatomik qüsurlara, ağır xroniki və infeksion xəstəliklərə görə uşağı öz bətnində yetişdirə bilmirlər. Onlar dəfələrlə hamilə qalırlar, bəzən həyatlarına təhlükə yaranır. Sözsüz ki, bu ailələr sonsuz qalırlar. Bu ailələrin hər hansı bir uşağı övladlığa götürməsi, savab bir iş görməsi məsələnin həllinin bir istiqamətidir. Amma bəzi ailələr istəyirlər ki, onların nəslinin davamçısı, varisləri genetik olaraq öz qanlarından olsun. Bizim bir çox görkəmli şəxsiyyətlərimizin, alimlərimizin, bəstəkarlarımızın, şairlərimizin nəsli davam etməlidir. Amma müəyyən xəstəliyə görə bu mümkün deyil. Bu vəziyyətdə surroqat ana məsələsi vacibdir. Ola bilər ki, termin bir az uyğun deyil. Buna baxmaq, onun üzərində işləmək, daha uyğun bir termin seçmək olar. Amma yenə deyirəm, bu çox vacib məsələdir.
Burada milli mentalitetimizdən söhbət getdi. Bayaq millət vəkili də çıxışında dedi ki, bir çox ölkələrdə surroqat ana barəsində qanun qəbul olunmayıb, amma bu məsələ həyata keçirilir. Əksinə, biz həm surroqat ana, həm süni mayalanma, həm də reproduktiv sağlamlığa aid olan digər məsələləri qanuna salsaq, bunlara daha çox nəzarət edərik və mentalitetimizə xələl gətirməyə qoymarıq. Mən xahiş edərdim ki, millət vəkilləri bu məsələyə çox ciddi yanaşsınlar, çünki bu hallar var, bunları tənzimləmək lazımdır. Hazırda bunların heç biri tənzimlənmir. Biz bunları tənzimləsək, doğrudan da, bir çox fəsadlardan yan keçərik, qadınlara, uşaqlara, ümumiyyətlə, bütün cəmiyyətimizə böyük xeyir verərik. Çünki sonsuzluq yalnız bir tibbi məsələ deyil, burada sosial, mənəvi və bəzən də maliyyə məsələləri çox vacib rol oynayır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Sənan müəllim. Hörmətli millət vəkilləri, ikinci gündür ki, bu məsələnin müzakirəsinə diqqətlə qulaq asıram. Mən də öz fikrimi demək istəyirəm. Həqiqətən, müzakirə çox ziddiyyətli oldu, məsələnin həm lehinə, həm də əleyhinə fikirlər səsləndi. Amma mən bugünkü müzakirəni çox yüksək qiymətləndirirəm, çünki bunun maarifləndirici əhəmiyyəti oldu. Əfsuslar olsun ki, bu qanun layihəsini hazırlayanda biz onu geniş auditoriyada müzakirəyə çıxarmamışıq. Yəni mətbuatda, televiziyada müzakirələr olsaydı, bu qanuna daha düzgün yaxınlaşmaq olardı.
Məlahət xanım məndən inciməsin, qanun bir az zəif təqdim olundu. Təqdim etdiyi qanuna özü şübhə ilə yanaşdı.
Mən hesab edirəm ki, Milli Məclisin qəbul etdiyi qanun layihəsi ziddiyyətli olmalı deyil. Ona görə təklif edirəm, yaz sessiyasında bu müzakirəni bir daha davam etdirək. Çox vacibdir ki, bu qanun layihəsinə həm də Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında baxılsın və biz bu qanunu normal bir şəklə salıb, qəbul edək. Bu qanunun müzakirəsini davam etdirərik. Mən çox istərdim ki, bugünkü müzakirə televiziyada göstərilsin. İnsanların bu sahədə maarifləndirilməsi məsələsi, bu məsələlərə yaxınlaşma yavaş-yavaş hazırlansın. Etiraz etmirsinizsə, indi müzakirəni dayandıraq, yaz sessiyasında davam etdirərik. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Etiraz yoxdur, çox sağ olun.
Gündəliyə əlavə etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə məsələ ilə əlaqədar Əli Hüseynova söz verilir.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Milli Məclisin bir neçə gün bundan əvvəlki iclasında millət vəkili Əli Əhmədov tərəfindən Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında təklif irəli sürülmüşdü. Bu təklif bir sıra millət vəkilləri tərəfindən də dəstəklənmişdi. Nəticədə Milli Məclisin Sədri tərəfindən Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları daimi komissiyalarına bu təkliflər üzərində işləmək tapşırığı verilmişdir.
Bununla bağlı parlamentdə hüquqşünaslardan ibarət işçi qrupu yaradılmış və dünən Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları daimi komissiyalarının birgə iclasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi müzakirə edilmişdir. Çox geniş müzakirələr aparılmışdır. Hər iki komissiyanın bütün üzvləri, eyni zamanda, komissiyaların iclasına qatılmış digər millət vəkilləri çıxışlar etmiş, layihəyə əlavə və təkliflər vermiş, müəyyən iradlar bildirmişlər. Bundan sonra işçi qrupu işini davam etdirmiş və nəticədə komissiyanın qərarı ilə layihə parlamentə təqdim olunmuşdur.
İstərdim ki, layihənin əsas müddəaları ilə bağlı sizə qısaca məlumat verim. Bildiyiniz kimi, 1995-ci ildə ümumxalq referendumu ilə Konstitusiyamız qəbul olunmuşdu. Bir müddət sonra, 2002-ci ildə Azərbaycanın həmin dövrdəki inkişaf səviyyəsinə və perspektivlərinə uyğun olaraq referendum keçirilmiş, bir sıra mühüm məsələlər həllini tapmışdır. O cümlədən seçki prosesi ilə bağlı proporsional seçki sistemi ləğv olunmuş, majoritar seçki sisteminə keçilmişdir. Ancaq Azərbaycan dövlətinin hazırkı mərhələdə sürətli iqtisadi inkişafı və bu iqtisadi inkişafla paralel həyata keçirilən ictimai-siyasi islahatlar Azərbaycan dövlətinin konstitusion əsaslarını daha da möhkəmləndirməyi zəruri edir. Son dövrlər Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında cəmiyyətdə gedən müzakirələr, ziyalılarımız tərəfindən irəli sürülən fikirlər və nəhayət, millət vəkilləri tərəfindən parlamentə təklif olunmuş əlavələr və dəyişikliklər bu zərurətin bariz nümunəsidir.
Hazırlanmış layihənin əsas hissələrindən biri Konstitusiyanın insan hüquqları ilə bağlı müddəalarına edilən əlavə və dəyişikliklərdir. Bildiyiniz kimi, Konstitusiyanın 12-ci maddəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsində dövlətin ali məqsədini özündə ehtiva edir. Bura “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin” sözlərinin əlavə olunması təklif olunur. Düşünürəm ki, bu çox əhəmiyyətlidir.
Son dövrlər bütövlükdə Azərbaycan dövlətində həyata keçirilən islahatların, o cümlədən iqtisadi islahatların əsasında sosial yönümlü iş durur. Bu baxımdan 15-ci maddəyə təklif olunan “sosial yönümlü” sözləri bizim həm indi, həm də gələcəkdə həyata keçirəcəyimiz, görəcəyimiz işlərin əsas prinsiplərindən birini də müəyyən etmiş olur. Bütövlükdə onu deyə bilərəm ki, biz Konstitusiyanın əsas insan və vətəndaş hüquqları və azadlıqları fəslində hüquqların və təminatların daha da genişləndirilməsini müşahidə edirik. Siz ayrı-ayrı maddələrdə bunu görə bilərsiniz.
75-ci maddəyə təklif olunan dəyişiklik əhəmiyyətlidir. Dövlət rəmzlərinə hörmət məsələsi həmişə gündəmdə olub. “Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur” müddəasının Konstitusiyaya gətirilməsi ictimai-siyasi proseslər baxımından çox vacibdir.
Konstitusiyanın “Qanunvericilik hakimiyyəti” bölməsinə çox əhəmiyyətli dəyişikliklər nəzərdə tutulmuşdur. 84-cü maddəyə edilən əlavə dövlət hakimiyyəti olan Milli Məclisin istənilən şəraitdə səmərəli fəaliyyətinin təmin edilməsinə yönəlmişdir: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır”. Hesab edirəm ki, bu, mövcud şəraitdə Dağlıq Qarabağ probleminin həlli baxımından, əlbəttə ki, çox əhəmiyyətlidir. Ümumiyyətlə, hesab edirik ki, Milli Məclisin istənilən şəraitdə fasiləsiz fəaliyyət göstərməsinin təmin olunması həm də dövlətçilik baxımından çox əhəmiyyətli olardı.
92-ci maddədə edilmiş kiçik bir düzəliş, hesab edirəm ki, uzun illər millət vəkilləri tərəfindən təklif olunmuş bir məsələnin həllinə gətirib çıxarır. Söhbət “daimi və başqa” sözlərinin “komitələr və” sözləri ilə əvəz olunmasından gedir. Komissiyaların komitə formasında olması bütövlükdə dünya parlamentarizm praktikasına daha uyğundur. Amma, təbii ki, müvəqqəti hansı isə bir başqa komissiyaları istisna etmir.
96-cı maddəyə edilən çox vacib bir əlavə qanunvericilik təşəbbüsü subyektlərinin artırılması ilə bağlıdır. Biz ilkin variantda Azərbaycan Respublikasının seçki hüququ olan 50 min vətəndaşının əlavə edilməsini təklif etmişdik. Əlbəttə, bu, insanların birbaşa qanunvericilikdə iştirak etməsini təmin edəcək və referendumda qəbul olunarsa, bizim demokratiyaya verəcəyimiz çox mühüm töhfə olacaqdır. Bununla bağlı millət vəkilləri tərəfindən müxtəlif təkliflər olmuşdu və nəticə etibarı ilə biz “seçki hüququ olan 40 min vətəndaş” sözlərinin əlavə olunmasını qəbul etdik.
Bir sıra dəyişikliklər Konstitusiyanın “İcra Hakimiyyəti” bölməsi ilə bağlıdır. Parlamentdə də hörmətli Əli Əhmədov tərəfindən 101-ci maddənin V bəndinin, yəni Prezident seçkiləri ilə bağlı qoyulmuş məhdudiyyətin çıxarılması təklif olunmuşdu. Digər millət vəkilləri də bu təklifi dəstəklədilər. Ümumiyyətlə, bu məsələ son dövrlərdə ictimaiyyətdə geniş müzakirə olunur. Milli Məclisin Sədri cənab Oqtay Əsədov tərəfindən də 101-ci maddəyə başqa bir əlavə təklif olunmuşdu, o da işçi qrupu tərəfindən öyrənildi. Hazırda 101-ci maddənin V hissəsinin digər bir redaksiyada ifadə olunmasını təklif etmişik: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanlarının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”.
Gördüyünüz kimi, bu, təxminən qanunvericilik hakimiyyəti ilə bağlı edilən əlavəyə oxşar bir ifadədir. Bir daha vurğulamaq istəyirəm ki, bu, dövlət institutlarının, prezident institutunun, parlament institutunun hərbi əməliyyatlar, müharibə şəraitində fasiləsiz və səmərəli fəaliyyətini təmin edən çox mühüm bir düzəlişdir. Nə qədər ki Azərbaycan torpaqları işğaldan azad olunmayıb, problemin müharibə yolu ilə həlli istisna deyil, bu, müharibə şəraitində dövlət və hakimiyyət institutlarının səmərəli, fasiləsiz, davamlı fəaliyyətini təmin edən çox mühüm bir müddəa ola bilər. 101-ci maddədə qoyulan məhdudiyyətin çıxarılmasında da Konstitusiyaya zidd heç bir müddəa yoxdur. Müxtəlif ölkələrin tarixində və siyasi inkişaf mərhələsində müxtəlif yanaşmalar olur. Amma Azərbaycan dövlətinin indiki inkişaf mərhələsində formalaşmış müasir siyasi mədəniyyət və həyata keçirilən demokratik islahatlar hər hansı bir formal məhdudiyyəti istisna edir. Bir çox tarixi sınaqlardan və siyasi çaxnaşmalardan çıxmış Azərbaycan xalqının belə bir haqqı var və belə bir siyasi mədəniyyəti nümayiş etdirə bilər.
Yeri gəlmişkən, qeyd edim ki, 108-ci maddəyə II hissə əlavə olunur: “Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir”. Belə bir müddəanın əlavə olunması da Azərbaycanda formalaşan yeni siyasi mədəniyyətin təzahürüdür. Bu təklif uzun müddətdir ki, səslənir və parlamentdəki müxalifət nümayəndələri tərəfindən də bu təklif tez-tez gündəmə gətirilmişdi. Burada söhbət eks-prezidentlərin statusundan gedir. Bizim vəzifəmiz bunu Konstitusiyada qeyd etmək və bunun Konstitusiya qanunu ilə qəbul edilməsini müəyyənləşdirməkdir. Qeyd etdiyim kimi, bu, siyasi mədəniyyət baxımından da irəli atılan mühüm bir addımdır.
Konstitusiyaya bir sıra texniki və redaktə xarakterli dəyişikliklər də təklif olunur. Bu dəyişikliklər əvvəllər də olub. Söhbət Milli Bankın adındakı “milli” sözünün “mərkəz” sözü ilə əvəz olunmasından gedir. Komissiyada bu məsələ geniş müzakirə olundu. Fərqli fikirlər var idi, amma İqtisadi siyasət daimi komissiyasından olan millət vəkilləri çox yaxşı bir araşdırma təqdim etdilər. Məlum oldu ki, dünyanın əksər ölkələrində “milli” sözü “mərkəz” sözü kimi ifadə olunub.
Bir çox ölkələrdə olduğu kimi, “Prezidentin İcra Aparatı” ifadəsindəki “İcra Aparatı” sözlərinin “Administrasiya” sözü ilə əvəz olunması təklifi də qəbul olundu. Nəhayət, sonuncu əlavə və dəyişikliklər “Məhkəmə Hakimiyyəti” ilə bağlıdır. Bilirsiniz ki, məhkəmə qərarlarının icrasının bütövlükdə konstitusion bir təminatı var. Məhkəmə qərarları dövlətin adından çıxarılır və onun icrası məcburidir. Amma təəssüflər olsun ki, hələ də hüquqi linqvizm mövcuddur və bir çox hallarda buna dövlət orqanları tərəfindən də ciddi yanaşılmır. Təsadüfi deyil ki, hətta Avropa İnsan Haqları Məhkəməsində də baxılmış məhkəmə qərarlarının icra olunmaması ilə bağlı işlərə də baxılıb. Xüsusi bir qanun da qəbul etmişik, amma yenə də problem mövcuddur. Buraya “məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur” kimi konstitusion müddəaların salınması məhkəmə hakimiyyətinin fəaliyyətini, yəni məhkəmə qərarlarının vaxtında, düzgün icrasını sürətləndirəcəkdir.
Digər dəyişikliklər Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin qərarlarının, normativ hüquqi aktların dərc olunması ilə bağlıdır. Bizim qanunlarımızda bu artıq var, amma hüquqi dövlətdə qəbul olunmuş ali qərarlar dərc olunmalıdır. İcra baxımından onlara konstitusion bir statusun verilməsi çox əhəmiyyətli ola bilər.
Hörmətli millət vəkilləri, mən artıq qeyd etdim, dünənki müzakirəmiz çox gərgin və səmərəli olmuşdur. Komissiyamız tərəfindən Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsinin tövsiyə edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Mən təklif edirəm ki, layihə rəy verilmək üçün Konstitusiya Məhkəməsinə göndərilsin və belə bir təklifə parlamenti səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, Referendum Aktı layihəsinin müzakirəsi Konstitusiya Məhkəməsindən rəy gələndən sonra olacaq. Siyahı yazılıb, elə bununla da müzakirəni davam etdirərik. Xahiş edirəm, layihənin rəy üçün Konstitusiya Məhkəməsinə göndərilməsinə münasibətinizi bildirəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, Konstitusiya hüququ pozulmayıb. Birinci, Konstitusiyanı diqqətlə oxu, ikinci, layihəni Konstitusiya Məhkəməsindən rəy gələndən sonra müzakirə edəcəyik. Sən münasibətini bildir, yerindən durma, xahiş edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyəsən, doğrunu bilən bir sənsən.

Səsvermənin nəticələri (saat 12.27 dəq.)
Lehinə 95
Əleyhinə  4
Bitərəf  1
Səs verməd 0  
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dünən müzakirədə iştirak edirdin, amma heç söz demədin. İndi danışırsan. Dünən də jurnalist var idi, bu gün də. Dünən danışaydın.
Gündəliyin növbəti məsələsinə keçirik. Azərbaycan Respublikasının Şəhərsalma Məcəlləsinin layihəsi haqqında. Buyurun, Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Şəhərsalma Məcəlləsinin layihəsi İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və Mədəniyyət məsələləri daimi komissiyalarının üzvləri tərəfindən müzakirə edilmişdir. Çox ətraflı müzakirə aparılmışdır. Müzakirə nəticəsində Şəhərsalma Məcəlləsi layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə edilməsi məqsədəuyğun sayılmışdır.
Hörmətli cənab Sədr, son illər əhalinin məskunlaşması olduqca aktual məsələyə çevrilməkdədir. Bu proses miqrasiya, o cümlədən əmək miqrasiyası, əhalinin iqtisadi və sosial ehtiyaclarının ödənilməsi kimi fəaliyyət sahələri ilə sıx surətdə əlaqədardır. Etiraf etmək lazımdır ki, zamanında məskunlaşdırma, şəhərsalma prosesinə lazımi diqqətin verilməməsi bu gün həlli çətin olan bir sıra problemlərin mövcudluğuna səbəb olmuşdur. Yaşayış məntəqələri yaradılarkən, tikilərkən, yenidən qurularkən şəhərsalma norma və qaydalarına əməl edilməmiş, bu sahədə fəaliyyət göstərən müvafiq dövlət orqanlarının səlahiyyət bölgüsü, vəzifələri dəqiq müəyyən edilməmişdir. Nəticədə hər bir yaşayış məntəqəsinin müxtəlif xarakterli problemləri ortaya çıxır. Lakin şəhərsalma fəaliyyəti kəsilməz, daim irəliyə yönələn bir fəaliyyətdir. Bu mənada, bundan sonra şəhərsalma fəaliyyətinin düzgün planlaşdırılması, düzgün idarə edilməsi çox vacibdir.
Məcəllənin qəbul edilməsinin zəruriliyi bir də onunla əlaqədardır ki, bu sahədə qanunvericiliyin unifikasiyasına böyük ehtiyac vardır. Məlumat üçün bildirmək istəyirəm ki, heç də belə qəbul edilməməlidir ki, hazırda şəhərsalma fəaliyyətini tənzimləyən qanunvericilik aktları yoxdur. Əlbəttə, bu qanunvericilik aktları və şəhərsalma norma və qaydaları mövcuddur, lakin bu sənədlər müxtəlif qurumlar - Nazirlər Kabineti, müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən müxtəlif dövrlərdə, o cümlədən əksəriyyəti sovet dövründə qəbul edilmişdir. Bu aktların sistemli olmaması, bəzən isə sahə maraqlarına xidmət etməsi, eyni zamanda, mütərəqqi şəhərsalma təcrübəsindən geri qalması onların icrasında ciddi çətinliklər doğurur. Ona görə də cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilmiş Şəhərsalma Məcəlləsinin qəbul edilməsi olduqca zəruridir. Məcəllələşdirmənin də məqsədi bu sahədə mövcud olan qanunvericiliyin, şəhərsalma normalarının sistemləşdirilməsindən ibarətdir. Komissiyalar hesab edir ki, bu məcəllənin qəbulu aidiyyəti orqanların fəaliyyətinin daha təkmil və ciddi tənzimlənməsinə xidmət edəcək, onların məsuliyyətini artıracaqdır. Eyni zamanda, tikintinin razılaşdırılması, layihələndirilməsi, icrası, qəbulu ilə bağlı normaların məcəllədə müəyyən edilməsi tikinti sektorunun səmərəli inkişafı üçün mühüm hüquqi əsaslar yaradacaqdır.
Məcəllənin 1.0.1-ci maddəsində göstərildiyi kimi, şəhərsalma fəaliyyəti dedikdə ərazilərin, o cümlədən şəhərlərin və digər yaşayış məntəqələrinin inkişafı üzrə ərazi planlaşdırılması, şəhərsalma zonalaşdırılması, ərazinin planlaşması, əsaslı tikinti obyektlərinin memarlıq-inşaat layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması şəklində həyata keçirilən fəaliyyət nəzərdə tutulur.
“Şəhərsalma fəaliyyəti”nin anlayışından göründüyü kimi, bu yalnız şəhərlərin inkişafı, planlaşdırılması və şəhər tikintiləri ilə bağlı olmayıb, digər yaşayış məntəqələrini, o cümlədən kənd və qəsəbələri də əhatə edir. Bu da təbiidir, çünki istənilən yaşayış məntəqəsinin ərazi planlaşdırılması olmalıdır ki, insanların rahat həyat şəraiti təmin olunsun. Bu mənada şəhərsalma “şəhər” anlayışından uzaqlaşaraq ərazilərin planlaşdırılması mənasına yaxınlaşır. Eyni zamanda, şəhərsalma fəaliyyəti dedikdə bir-biri ilə üzvi surətdə bağlı olan dörd fəaliyyət sahəsi nəzərdə tutulur. Bu fəaliyyət sahələri aşağıdakılardır:
1. Ərazilərin, o cümlədən şəhərlərin və digər yaşayış məntəqələrinin inkişafı üzrə ərazi planlaşdırılması;
2. Şəhərsalma zonalaşdırılması;
3. Ərazinin planlaşması;
4. Əsaslı tikinti obyektlərinin memarlıq-inşaat layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması.
Məcəllənin əsas qayəsi bundan ibarətdir ki, hər bir ərazinin, yaşayış məntəqəsinin inkişafının təmin olunması üçün onun ərazisi planlaşdırılmalı, zonalaşdırılmalı və tikintisi aparılacaq ərazilərin sxemləri hazırlanmalıdır. Əsaslı tikinti obyektlərinin memarlıq-inşaat layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması da məhz bu prinsiplərə söykənməlidir. Bu mənada, tikinti fəaliyyətinin bəzi məsələlərinin şəhərsalma qanunvericiliyində tənzimlənməsi zərurəti yaranmışdır.
Məcəllə iki bölmədən, altı fəsil və 52 maddədən ibarətdir.
I fəsil ümumi müddəaları nəzərdə tutur və 8 maddədən ibarətdir. Şəhərsalma siyasəti dedikdə cəmiyyətin sosial-iqtisadi inkişaf perspektivləri, təbii iqlim və ekoloji şərait nəzərə alınmaqla əhali üçün əlverişli mühitin yaranması üzrə şəhərsalma sahəsində dövlətin məqsədyönlü fəaliyyəti nəzərdə tutulur.
Şəhərsalma fəaliyyətinin əsas prinsipləri məcəllədə ətraflı işıqlandırılmışdır. Əlbəttə, bu prinsipləri oxuyub vaxtınızı almaq istəmirəm, lakin həmin prinsiplər bir daha göstərir ki, şəhərsalma fəaliyyəti dövlətin mühüm fəaliyyət sahələrindən biridir, cəmiyyət və hər bir insan üçün həyati məsələdir.
7-ci maddədə şəhərsalma sənədlərinin dairəsi müəyyən edilmişdir. Bu sənədlər şəhərsalma proqnozu və proqramları əsasında şəhərsalma reqlamentləri nəzərə alınmaqla tərtib olunur.
II fəsil “Şəhərsalma fəaliyyəti sahəsində dövlətin vəzifələri və səlahiyyətləri, habelə şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyə riayət etməsinə nəzarət” adlanır və 9, 10 və 11-ci maddələri əhatə edir.
Şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilk növbədə dövlətin vəzifəsidir. Dövlət bu sahədə öz siyasətini müəyyən etməsə, bu sahədə problemlərin həllinə kömək etməsə, heç bir hüquqi və fiziki şəxs onun öhdəsindən gəlməyə qadir deyildir. Dövlətin bu sahədə əsas vəzifələri bunlardır: ölkənin ərazi planlaşdırılması sənədlərinin hazırlanması, dövlət ekspertizasının təşkili və aparılması, ərazi planlaşdırılması sənədlərinin layihələrinin, mühəndis axtarışları nəticələrinin dövlət ekspertizasının həyata keçirilməsi, ərazinin planlaşması üzrə sənədlərin təsdiq edilməsi və sair. Göründüyü kimi, şəhərsalma fəaliyyəti sahəsində dövlətin qarşısında çox ciddi vəzifələr durur. Bu vəzifələrin səmərəli yerinə yetirilməsi üçün məcəllədə səlahiyyətlər də müəyyən edilmişdir.
III fəsil “Ərazi planlaşdırılması” adlanır. Ərazi planlaşdırılması ərazilərin dayanıqlı inkişafını, mühəndis, nəqliyyat və sosial infrastrukturun yaradılmasını, vətəndaşların, dövlətin və bələdiyyələrin maraqlarının nəzərə alınmasını təmin etmək məqsədi ilə ərazi planlaşdırılması sənədlərində ərazilərin təyinatının müəyyən edilməsinə yönəldilmişdir. Ərazi planlaşdırılması sənədləri dövlət orqanları və bələdiyyələr üçün qərarların qəbul edilməsində və belə qərarların həyata keçirilməsində əsasdır. Azərbaycan Respublikasının ərazi planlaşdırılması sxemi onun təsdiq edildiyi anından 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hazırlanan və təsdiq edilən plan əsasında həyata keçirilir.
21-ci maddə yaşayış məntəqələrinin baş planlarını nəzərdə tutmuşdur. Şəhər rayonlarının və inzibati ərazi dairəsinin tərkibində olan qəsəbə və kəndlərin baş planı həmin şəhərin və inzibati ərazi dairəsinin baş planının tərkibində hazırlanır. Baş planlar ərazi planlaşdırılması haqqında müddəalardan və müvafiq xəritələrdən, sxemlərdən ibarətdir.
Bu məcəllənin praktiki reallığı ondadır ki, hər bir müddəanın həyata keçirilmə mexanizmini də özündə ehtiva etmişdir. Belə ki, yaşayış məntəqəsinin baş planı onun təsdiq edildiyi gündən üç ay müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən yaşayış məntəqəsinin baş planının həyata keçirilməsi planı əsasında həyata keçirilir.
IV fəsil “Şəhərsalma zonalaşdırılması” adlanır. Ayrı-ayrı ərazi vahidlərinin ərazilərinin zonalaşdırılmasının məqsədi ərazi zonalarının təyin edilməsi və şəhərsalma reqlamentlərinin müəyyən edilməsindən ibarətdir. Bunun üçün ilk növbədə həmin ərazidə torpaqdan istifadə və tikinti aparma qaydaları, başqa sözlə, torpaqdan istifadə və tikinti aparma ardıcıllığı müəyyən edilməlidir. Bunun ən vacib cəhətlərindən biri bu qaydaların yerlərdə hazırlanmasının nəzərdə tutulmasıdır.
V fəsil “Ərazi planlaşması” adlanır. Bu fəsildə ərazi planlaşması üzrə sənədlərin təyinatı və növləri, ərazi planlaşması layihəsi, ərazilərin mərzlənməsi layihələri ərazinin planlaşması sənədlərinin hazırlanması və təsdiq edilməsi, tikintisi aparılmış ərazilərin inkişafı ilə bağlı normalar nəzərdə tutulmuşdur.
Nəhayət, VI fəsil “Əsaslı tikinti obyektlərinin memarlıq-inşaat layihələndirilməsi, tikintisi, yenidən qurulması” adlanır.
Millət vəkillərinə məlumat vermək istəyirəm ki, qanun layihəsi komissiyalarda müzakirə olunarkən millət vəkilləri məcəllənin ayrı-ayrı maddələri, konsepsiyası haqqında fikir söyləmiş, məcəllə ilə hazırlanan Tikinti Məcəlləsi arasındakı əlaqənin uzlaşdırılması məsələsini qeyd etmişlər.
Ümumiyyətlə, müasir mərhələdə Şəhərsalma Məcəlləsinin qəbul edilməsi Azərbaycanın davamlı inkişafına xidmət edir. Çünki artıq Azərbaycanda şəhər əhalisi respublika əhalisinin 50 faizindən çoxunu təşkil edir. Yeni rayonlar, yeni qəsəbələr salınır. Bir çox hallarda şəhərsalma prinsiplərindən imtina olunur. Şəhərsalma Məcəlləsi, heç şübhəsiz ki, Azərbaycanda həm məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə, həm də şəhərsalma məqsədlərinin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.
Komissiyada müzakirə zamanı çox maraqlı və ciddi təkliflər oldu. Hesab edirəm ki, Milli Məclis bu qanun layihəsini birinci oxunuşda qəbul etdikdən sonra işçi qrupu yaradılacaq və həmin təkliflərin diqqətlə nəzərə alınması təmin ediləcəkdir. Ona görə mən millət vəkillərindən bu məcəlləyə müsbət münasibət bildirmələrini xahiş edərdim. Çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Əyləşin, zəhmət olmasa. Hörmətli deputatlar, müzakirəyə başlayırıq. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Şəhərsalma Məcəlləsinin timsalında biz Azərbaycan üçün çox ciddi bir sənədi müzakirə edirik. Şəhərsalma məsələsi Azərbaycan üçün hələ qədim dövrlərdən çox aktual bir məsələdir.
Bir haşiyə çıxıb qeyd etmək istərdim ki, hələ Herodot, Strabon və digər mütəfəkkirlərin əsərlərində Azərbaycanın inkişaf etmiş zəngin şəhərlərinin olması barədə məlumatlar verilib. Yəni bizim şəhərsalma mədəniyyətimizin kökləri çox qədim dövrlərə gedir. Doğrudan da, mən şəhərsalma ilə dövlət quruculuğunu müqayisəli şəkildə qeyd etmək istərdim ki, bu, ciddi mədəniyyət məsələsidir. Mədəniyyətin ən yüksək zirvəsi məhz hansısa xalqın özünün dövlətini qurmaq bacarığıdır. Çünki dünyada yüzlərlə xalq var, amma onların çox az bir hissəsi dövlət qurub. Dövlət şəhərlərdən başlayırsa, onda mən deyərdim ki, dövlət quruculuğu mədəniyyətin ən yüksək zirvəsi, şəhərsalma isə həmin mədəniyyətin tacıdır.
Bu nöqteyi-nəzərdən indi müzakirə etdiyimiz məsələ həddindən artıq aktuallıq kəsb edir. Ona görə də ilk növbədə bu sənədi hazırlayanlara təşəkkür edirəm. Bu qanun layihəsi hazırlanarkən “Şəhərsalmanın əsasları haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlardan, Prezident fərmanlarından, Nazirlər Kabinetinin qərarlarından, 80-ə yaxın hüquqi normativ aktı özündə əks etdirən hüquqi sənədlərdən istifadə olunub. Amma bir məsələni xüsusi qeyd etmək istərdim. Sadalanan qanunların xeyli hissəsi işləmir və ortaya növbəti məntiqi sual çıxır ki, bu məcəllə qəbul olunandan sonra şəhərsalma sahəsində, tikinti sahəsində mövcud olan xaotik vəziyyətin aradan qaldırılmasına necə təsir göstərəcək? Ona görə də müzakirələr zamanı şəhərsalma sahəsində mövcud olan bütün çatışmazlıqların aradan qaldırılmasına xidmət edən daha mükəmməl bir sənədin qəbul edilməsini vacib hesab edirəm.
Təhqiqatlar göstərir ki, bəzən müəyyən dərəcədə ziddiyyətli xarakter daşıyan məlumatlar şəhərsalma məsələsində də öz əksini tapmışdır. Hələ Sovet hökuməti dövründə yalnız üç şəhərin – Bakı, Sankt-Peterburq və Moskvanın baş planı olub. Yəni SSRİ-nın üç şəhərindən biri məhz Bakı şəhəri olub. Deməli, 1925–1927-ci illərdə Bakının baş planı işlənib hazırlanıb, sonra 1934–1937-ci illərdə bu daha da təkmilləşdirilərək yeni variant ortaya çıxıb. 1987-ci ildən 2005-ci ilə qədər dövr üçün Bakının strateji inkişafını müəyyən edən baş plan da işlənib hazırlanıb. Amma təəssüflər olsun ki, onun yalnız 20 faizi həyata keçirilib. Yerdə qalan 80 faizinin əvəzinə isə xaotik şəkildə tikinti davam etdirilmiş və nəticədə yöndəmsiz xarakter daşıyan binaların ucaldılmasının şahidi olmuşuq. Baş plana uyğunlaşdırılmalı olan şəhər tipindən fərqli olaraq, indi tamamilə başqa bir şəhər ortaya çıxıb. Hesab edirəm ki, bu da şəhərsalma sahəsində xeyli dərəcədə problemlərin meydana gəlməsinə gətirib çıxarıb.
İndi yenə də baş plan işlənib hazırlanır. Ona görə də bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, bu qanun layihəsində həm şəhərlərin, həm qəsəbələrin, həm də kəndlərin baş planının hazırlanması və ictimaiyyətə təqdim olunmasını zəruri edən məqamlar var. Çox yaxşı cəhətdir ki, hər bir şəhərin sakini yaşadığı şəhərə görə qürur hissi duymalıdır. Eyni zamanda, həmin şəhərin 20, 25, 30 ildən sonra hansı istiqamətdə inkişaf edəcəyi barədə məlumatı olmalıdır. Bu baxımdan həmin baş planların qəbul edilməzdən qabaq ictimai müzakirəyə verilməsini çox mühüm addım hesab edirəm. Baş plan bütün cəmiyyətin təfəkkür süzgəcindən keçəndən sonra təsdiq olunmalıdır.
Doğrudur, birinci oxunuş konseptual yanaşmadır. Mən komissiyada da demişdim, heç kəs inciməsin, şəhərsalma məsələsi ilə bağlı mən bu qanun layihəsinə fikir verəndə məcəllənin konsepsiyasını tapa bilmədim. Yəni konsepsiyasında xeyli dərəcədə qeyri-müəyyənlik və qarışıqlıq var. Ona görə də hesab edirəm ki, bu cür məcəllə qəbul edilərkən şəhərsalmanın mükəmməl bir strategiyası olmalıdır, ondan sonra onun proqramı, yəni baş planı olmalıdır. Bunun əsasında onun hüquqi təminatı, maliyyə təminatı və təşkilati tədbirlər öz əksini tapmalıdır. Əgər bu formada olsa, bilavasitə şəhərsalma ilə bağlı, eyni zamanda, memarlıqla və tikinti-investisiya fəaliyyəti ilə bağlı məqamları da tamamlamaqla çox mükəmməl bir sənəd ortaya çıxmış olar.
Bu gün şəhərsalma praktikasında şəhərsalma fəaliyyətində istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun qurulması baxımından kompleks yanaşma işləri axsayır. Yəni bu məsələlərə kompleks şəkildə yanaşılmır. Bir misal çəkək, məsələn, yolları götürək, avtomobil yolu olmalıdır, sonra yaşıllıq salınmalıdır, daha sonra piyadaların keçməsi üçün səki olmalıdır. Yaşıllıq yaddan çıxır. Binanı tikəndə elə tikirlər ki, hərə bir balaca qabağa çəkməklə piyadalar üçün səki də götürülür. Təkcə avtomobil yolu, yəni balaca bir cığır qalır. Hesab edirəm ki, bu, şəhərin həm görkəminə kifayət qədər xələl gətirir, həm də gələcəkdə həmin küçələrin genişlənməsinə əngəl törədir. Bu məsələyə xüsusi diqqət yetirilməlidir.
Mən hesab edirəm ki, Azərbaycanın paytaxtı olan Bakının mərkəzinin həddindən artıq yüklənməsi mühüm məsələdir. Düzdür, burada 12 mərtəbədən yuxarı binaların tikilməsi qadağan edilib. Amma yenə də yüklənmə var, xaotik tikintilər xeyli dərəcədə problem yaradıb. Ona görə də Azərbaycan üçün ən aktual problemlərdən biri Bakıdan bir balaca kənarda inzibati mərkəzin yaradılması məsələsidir.
Eyni zamanda, şəhərsalma münasibətləri ilə bağlı Azərbaycan üçün, xüsusən Bakı üçün xarakterik olan məsələlərdən biri də şəhərsalma münasibətlərində ekoloji məsələlərin nəzərə alınmasıdır. Hesab edirəm ki, parkların salınması, məişət tullantılarının yığılması ilə bağlı problemlərin həlli istiqamətində əlavə addımların atılmasına ehtiyac var. Köhnə baş plan üzrə mən bir misal gətirsəm, kifayətdir. Məsələn, Milli Akademik Dram Teatrı ilə 28 May metrosu arasında gözəl bir parkın salınması məsələsi planda var idi. Amma bu planın baş tutmaması, həqiqətən, Bakının görkəmini daha da gözəlləşdirəcək bir variantın aradan qalxmasına gətirib çıxardı.
Bakı ilə əlaqədar digər şəhərləri də qeyd etmək istərdim. Sovet hökuməti dövründə Sumqayıt, Mingəçevir, indiki Şirvan şəhərlərinin tikintisində xeyli dərəcədə qüsurlar olub. Eyni zamanda, bu gün çox abadlaşma gedir. Amma bəzən abadlaşmanın özündə də bir sistem yoxdur. Təbii gözəlliyi ilə diqqət çəkən şəhərlərimiz çoxdur. Məsələn, Şəkinin timsalında deyək, orada həyata keçirilən abadlaşma işləri ilə onun təbii gözəlliyinin uyğunluğu hələlik bir-biri ilə ayaqlaşmır. Təkcə Bakı şəhərində yox, bizim digər şəhərlərimizdə, hər bir regionun mərkəzi hesab olunan şəhərlərdə şəhərsalma ilə bağlı problemlər çoxdur. Burada həm infrastruktur məsələlərinin, həm də digər məsələlərin həllinə ehtiyac var. Ona görə də əsas kimi mən Şəhərsalma Məcəlləsinin tərəfdarıyam. Eyni zamanda, burada sənədə ağırlıq gətirən ikinci dərəcəli normativ xarakterli sənədlərin çıxarılmasını və konsepsiyasına aydınlıq gətirilməsini vacib hesab edirəm. Deputatları bu sənədə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Nizami Xudiyev. Əgər etiraz etməsəniz, saat 3-ə qədər tənəffüssüz işləyək. Etiraz yoxdur? Nizami müəllim, buyurun.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İndi biz 6 fəsil, 52 maddədən ibarət olan bu qanun layihəsi haqqında hörmətli Ziyad müəllimin ətraflı və məzmunlu məruzəsini dinlədik. Milli Məclisin İqtisadi siyasət, Mədəniyyət məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclasında məcəllənin ilkin müzakirəsi keçirilmişdi. Mən çox diqqətlə bu məruzəyə qulaq asdım. Hazırda qüvvədə olan “Memarlıq fəaliyyəti haqqında” Qanun günün reallıqlarına cavab vermir. Həmçinin üç-dörd il bundan öncə qəbul olunan “İnşaat fəaliyyəti haqqında” Qanun da tam işləmir. Bu baxımdan qanunvericilik məsələlərinin vahid bir hüquqi aktda, məcəllədə əksini tapmasına çox ciddi ehtiyac vardır.
Məlumdur ki, indi Azərbaycan əhalisinin 30 faizdən çoxu Bakıda yaşayır. Amma ölkənin sənaye potensialının 85 faizi paytaxtda cəmləşib. Bu isə həmin sahədə təkmilləşdirilmə işlərinin aparılmasını zəruri edir. Qanun layihəsinin birinci oxunuşu olduğuna görə mənim müəyyən təkliflərim var. Birinci ondan ibarətdir ki, müzakirəyə təqdim olunan layihə əsasında şəhərsalmanın arxitekturası və estetik standartları müəyyənləşdirilməlidir. İnzibati məsələlərin həlli isə Tikinti Məcəlləsində əksini tapmalıdır. Buna görə də layihədəki inzibati maddələrin çıxarılmasını təklif edirəm. Şəhərdə aparılan tikintilər zamanı həm tariximiz qorunmalı, həm də müasir elementlərlə qədim tikinti arxitekturasının sintezinə nail olunmalıdır. Sonra “xruşovka” və “stalinka” deyilən köhnə tikililərin sökülməsi ilə bağlı bir qədər əvvəl rəsmi şəxslər tərəfindən verilən açıqlamalara aydınlıq gətirilməsinə ehtiyac var. Məncə, köhnə binaların sökülməsi Bakının hazırlanmaqda olan baş planına uyğun aparılmalıdır. Çünki qəzetlərdə, televiziya proqramlarında bunların sökülməsi camaat içində müəyyən anlaşılmazlıq yaradır. Həmin məsələlər baş planda öz əksini tapdıqdan sonra rəsmi qərar verilməlidir.
Hazırda Bakı şəhərində şəhərsalma işi qeyri-müəyyən vəziyyətdədir. Yeni salınan şəhərciklərdə mədəni obyektlər, idman meydançaları, parklar yox səviyyəsindədir. Bu, nəzərə alınmalıdır. Başqa bir təklifim isə ondan ibarətdir ki, şəhər həddindən artıq yüklənib. Son illər Bakının müxtəlif ərazilərində, məsələn, Sumqayıt yolunda, Sulutəpədə, Xocahəsəndə və digər yerlərdə yeni şəhərciklər salınıb. Amma bu şəhərciklərin heç birinin kommunal xidmətləri yoxdur. Bu isə gələcəkdə ciddi problemlər yaradacaqdır.
Başqa bir təklifim isə ondan ibarətdir ki, şəhərsalma işi həm də şəhərin arxitekturası və estetik görünüşü ilə bağlıdır. Hazırda tikinti sektorunda mövcud olan bir sıra uyğunsuzluqlar, habelə Bakının baş planının olmaması problemlər yaradır. İndi Əli müəllim də öz çıxışında bunu ətraflı dedi. 1930-cu illərdə bir baş plan olub, 1950-ci illərdə və nəhayət, 2005-ci ilə qədər digər baş plan olub. Hazırda Bakı yenidən tikilir və çox yaraşıqlı tikinti işləri aparılır. Lakin baş plan olmadığına görə pərakəndəlik baş alıb gedir. Ona görə də mən təklif edirəm ki, biz bu layihəni birinci oxunuşda qəbul edək, amma ikinci oxunuşda qərar layihəsinin maddələr üzrə şərhində bəzi təkliflərimi verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Çingiz Əsədullayev, buyurun.
Ç. Əsədullayev. Çox hörmətli sədarət, hörmətli millət vəkilləri! İlk növbədə müzakirəyə təqdim olunmuş qanun layihəsinin konseptual baxımdan çox vacib sənəd olduğunu vurğulamaq istərdim. Təbii ki, belə bir qanunun qəbul edilməsinə ehtiyac var. Onun qəbul edilməsi tikinti sənayesində yaranan süni problemləri aradan qaldıracaq.
Bu baxımdan qanun layihəsində əks olunan bir neçə məsələni nəzərinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, hazırda mülkiyyətçi mülkiyyətində olan fərdi yaşayış evinin yenidən qurulması, əsaslı təmiri və bu kimi məsələləri həll etmək istədikdə layihə sənədləri hazırlanmalıdır. Təklif olunan məcəllə bunu istisna edir. Layihə sənədləri yalnız 3 mərtəbədən artıq olan fərdi evlərə tətbiq olunacaq. Qanun layihəsi bir sıra layihə sənədlərinin dövlət ekspertizasına göndərilməsini istisna edir. Hesab edirəm ki, bu düzgün addımdır və hər bir xırda layihənin dövlət ekspertizasına ehtiyac yoxdur. Dövlət ekspertizasının aparılması üçün maksimum müddət 3 ay müəyyən olunmuşdur. Təbii ki, konkret müddətin müəyyən olunması müsbət haldır. Lakin həmin müddət bir ay müəyyən olunsa, əsassız süründürməçiliyin qarşısı alınar.
Məcəllənin 47-ci maddəsi hazırda mövcud olan bir sıra problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Maddənin mətnində əsaslı tikinti obyektinin və ya fərdi yaşayış evinin tikintisinə müvafiq icazənin alınması üçün konkret sənədlər sadalanır və onlardan artıq sənədlərin tələb edilməsi qadağan olunur. Digər tərəfdən fərdi yaşayış evi yerləşən torpaq sahəsində qaraj və ya hər hansı bir köməkçi sahənin tikintisinə icazə tələb olunmur. Hesab edirəm ki, bu məcəllə bir çox problemləri aradan qaldıracaq, qanunsuz tikililərin aparılmasının qarşısını alacaq. Digər tərəfdən bu qanunun qəbul edilməsi vətəndaşların tikinti işləri aparmasını yüngülləşdirəcək. Mən bu qanunu konseptual baxımdan bəyənirəm və millət vəkillərini səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev, buyurun.
A. Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu təqdim olunan məcəllə ilə bağlı mən də bəzi məqamları söyləmək istəyirəm. Qanun konseptual şəkildə təqdim olunduğuna görə səs vermək olar və səs verəcəyəm. İkinci oxunuşda ayrı-ayrı maddələr üzrə fikirlərimi sizə bildirəcəyəm.
Həqiqətən, qeyd edərdim ki, vaxtında təqdim olunmuş, bəlkə də bir az gecikmiş məcəllədir. Mən elm sahəsində çalışdığıma görə müəyyən faktlara istinad eləmək istəyirəm. 2000-ci illərin əvvəllərində elmi işimlə əlaqədar uzun müddət Almaniyada olmuşam və Almaniyanın əksər şəhərlərini gəzmişəm. Bildiyiniz kimi, İkinci dünya müharibəsindən sonra Almaniya Federativ Respublikasında dağıdılmamış bir obyekt qalmamışdı. Hamısı bombardman nəticəsində yerlə yeksan olmuşdu. Amma Almaniyada həmin şəhərlər bərpa olunarkən hətta X–XI əsrdə inşa olunan tikililərin sifəti saxlanılmışdı. Qonşu Gürcüstanı misal gətirim. Orada Tbilisi şəhərinin mərkəzində yenidənqurma və yaxud bərpa işlərindən başqa yeni tikintilərə icazə verilməyib. Lakin bu cəhətdən, doğrudan da, arxitektura baxımından unikal bir şəhər olan Bakımızın mərkəz hissəsinə yeni tikililər xələl gətirmişdir. Yeknəsək, bir-birinə bənzəyən binalar çoxdur. Mən güman edirəm ki, məcəllənin qəbul olunması, eyni zamanda, yeni baş planın tərtib olunması mövcud çatışmazlıqları aradan qaldıracaq.
Mən bu yaxınlarda cənab Prezidentin rəhbərliyi altında Türkmənistanda oldum. Orada da Aşqabad şəhəri, demək olar ki, həm eninə, həm uzununa, həm də hündürlüyünə görə çox genişlənib. 1975-ci ildə Aşqabadda olmuşdum. Orada çoxlu sayda iki-üçmərtəbəli evlər var idi. Bu gün həmin evlərin hamısı öz yerində qalıb, sadəcə, şəhərin həcmi böyüyüb. Maraqlı rəqəmlərdən biri də odur ki, yeni tikilən binaların arasındakı məsafə ən azı 50 metrdir. Bu gün bu məsələ Azərbaycanda, xüsusən Bakı şəhərində gözlənilmir. Yaxud yeni tikinti texnologiyalarının tətbiqi maraq doğurur. Aşqabadda bir məsələ nəzərimi cəlb etdi. Yeni tikilən bütün evlərin üzlükləri ağ mərmərdəndir. Qanun qəbul olunub ki, mülkiyyət formasından asılı olmayaraq, bütün binaların üzü ağ mərmərlə örtülməlidir. Üzlüklə divarın konstruksiyası arasında alüminiumdan izolyasiya qatları qoyulur ki, bu da mənzili gələcəkdə həm istilikdən, həm də nəmişlikdən qoruyur. Şəxsən mən Bakıda tikililərdə belə hala rast gəlməmişəm.
Sözümün sonunda, vaxtınızı çox almayacağam. Mən bu məcəllənin lehinə səs verəcəyəm və deputat həmkarlarımı da buna çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Astan müəllim. Rafael Cəbrayılov yoxdur. Asim Mollazadə yoxdur. Aynur Quliyeva, buyurun.
A. Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu qanunun qəbul olunmasını vaxtı çatmış məsələ hesab edirəm. Belə bir qanunun qəbul edilməsi Azərbaycanın həyatında, xüsusən də paytaxtımızın problemlərinin həllində çox vacib və əhəmiyyətli bir məsələdir. Nüfuzlu iqtisadi jurnalların tərtib etdiyi bir çox siyahılarda Bakının adı məhv olmaq təhlükəsi ilə üz-üzə qalan şəhərlərlə eyni sırada çəkilir. Həmin jurnallar belə siyahıları tərtib edərkən iqlim dəyişikliklərini, iqtisadi inkişafı, çirklənmə kimi amilləri əsas götürürlər. Amma xatırlatmaq yerinə düşər ki, çox da uzaq olmayan keçmişimizdə Bakının adı bir qayda olaraq ən gözəl şəhərlər siyahısında çəkilib. Son illərdə baş verənlər, xüsusən plansız, sistemsiz, göbələk kimi bir-birinin ardınca inşa edilən yüksək mərtəbəli binalar Bakının adının bu cür biabırçı siyahılara düşməsinə gətirib çıxarır.
Bakı şəhərinin baş planının olmaması və Bakıda şəhərsalmanın inkişaf perspektivləri artıq narahatedici məsələyə çevrilib. Qeyd edək ki, Bakı şəhərinin baş planı 1898–2000-ci illəri əhatə edib. Baş plana sonuncu dəfə 1973-cü ildə baxılıb və həmin plan 2005-ci ilə qədərki dövrü əhatə edib. Həmin tarixdən indiyədək ölkənin iqtisadi-siyasi, sosial və mədəni həyatında mühüm dəyişikliklər baş verib və hər şeydən əvvəl erməni təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş minlərlə soydaşımız Bakıda məskunlaşıb. Bunun nəticəsidir ki, Bakı şəhərinin əhalisi rəsmi statistikaya görə 3,5 milyona çatıb. İnfrastruktur isə, bildiyimiz kimi, 1,5–2 milyon əhali üçün yetərlidir. Şəhərin köhnə baş planında bu kimi amillər əksini tapmadığından 2006–2036-cı illəri əhatə edəcək növbəti baş planda bu məqamların nəzərə alınması çox vacibdir. Hazırlanan yeni planda şəhərin mərkəzi hissəsində daha çox mədəni, sosial və təhsil komplekslərinin tikintisinə diqqət yetirilməlidir. Son vaxtlar çoxluq təşkil edən hündürmərtəbəli binalar isə qanunamüvafiq şəkildə tikilmədiyindən şəhərsalma sahəsindəki problemlər daha da çoxalmaqdadır.
Bakıda həyata keçirilən tikinti işləri baş plana uyğun aparılmır. Hazırda ən böyük problem Bakı şəhərinin mərkəzi hissəsi ilə bağlıdır. Xaricdə insanlar şəhərin mərkəzindən kənarda yaşamağa üstünlük verdiyi halda, bizim ölkəmizdə bunun tam əksi baş verir. Əhalinin böyük əksəriyyəti Bakının mərkəzi hissəsində cəmləşib ki, bu da şəhərin həm simasına, həm də infrastrukturuna mənfi təsir göstərir.
Paytaxtın Bakıdan köçürülməsi məsələsi uzun müddətdir ki, müzakirə mövzusudur və bu məsələyə diqqət yetirmək lazımdır. Paytaxtda yaşayışın həddindən artıq sıxlaşması, bütün mərkəzlərin burada yerləşməsi, tikintilərin çoxalması və bunun nəticəsində keyfiyyət amilinin arxa plana keçməsi şəhərin paytaxt imicinə əhəmiyyətli dərəcədə pis təsir göstərir.
Paytaxt idarəetmə üçün nəzərdə tutulur. Bakı isə paytaxtdan daha çox siyasi-iqtisadi mərkəz rolunu oynamağa başlayıb. Sadəcə, bir misalla paytaxtın statusunun nədən ibarət olmasını göstərə bilərik. Məsələn, Vaşinqton Amerikanın ən kiçik şəhərlərindən biridir, amma dövlətin paytaxtıdır, Prezident burada oturur. Bakı ilə bağlı bunun tam əksi müşahidə edilir. Bütün dövlət və hökumət qurumları, siyasi partiya və təşkilatlar, iri şirkətlər hamısı Bakıda cəmləşib. Üstəlik ölkə əhalisinin təxminən yarıya qədərinin də Bakıda məskunlaşması paytaxtın köçürülməsini zəruri edir. İstər iqtisadi, istər hərbi, istərsə də ekoloji baxımdan bu zərurət Azərbaycan reallıqları ilə bağlıdır.
Son illər ekoloji cəhətdən dünyanın ən təmiz şəhərlərinin siyahısı bir neçə dəfə açıqlanıb və çox təəssüf ki, bu sırada Bakının adı ya olmayıb, ya da həmin siyahılarda sonuncu yerdə olub. Hərbi nöqteyi-nəzərdən yanaşdıqda paytaxt iqtisadi cəhətdən əlverişli zonada yerləşməməlidir. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neftin mənbəyində paytaxtın yerləşməsi xeyli təhlükəlidir. Bundan əlavə, yarımada, dənizkənarı, sərhəd zonasına yaxınlıq kimi amillər də rol oynayır. Hər üç amil paytaxtın belə bir yerdə olmasının əleyhinədir.
Şəhər elə bir strukturdur ki, orada təbii artım 10 faizə qədər olduğu halda buna hazır olmaq olur. Amma artım kütləvi olanda, adətən, şəhər buna tab gətirə bilmir. Rəsmi məlumatlara görə isə Bakıda 1 milyon kvadratmetrə qədər yeni bina tikilib istifadəyə verilir. Sürətli tikinti rayonlardan da əhalinin Bakıya köçməsinə səbəb olur. Bu isə dünyada şəhərsalma tarixində anomaliya hesab olunur. Təsəvvür edək ki, bizim xaricdə yaşayan soydaşlarımız ölkəyə qayıtsa, onların da böyük əksəriyyəti Bakıda yaşamağa can atacaq. O zaman Bakının vəziyyəti necə ola bilər? Nə qədər ki Bakı paytaxtdır, nə qədər burada normal yaşayış üçün vacib olan amillər, yəni qaz, işıq, iş yerləri var, insanlar, təbii ki, bura axışacaq. Bu axının qarşısını almaq üçün isə birinci növbədə rayonların infrastrukturunu inkişaf etdirmək lazımdır.
Təbii ki, Bakıda həyat şəraitini çətinləşdirən, ağırlaşdıran məsələlərdən biri də son vaxtlar yaşamaqda olduğumuz tıxac problemləridir ki, bunun da obyektiv səbəbləri var. Azərbaycanda mövcud olan 650 mindən artıq avtonəqliyyat vasitələrinin 350 mindən çoxu məhz Bakı şəhərində cəmləşib. Bu da paytaxtda əhalinin həyat şəraitini bir qədər də çətinləşdirən məsələlərdən biridir. Düşünürəm ki, bu problemi yoluna qoymaqdan ötrü yeni yolların salınması, genişləndirilməsi və körpülərin salınması prosesini bir qədər də sürətləndirmək lazımdır. Paytaxtda ciddi problemlərdən biri sayılan bu məsələ həllini tapmalıdır. Təbii ki, biz bu qanun layihəsinə konseptual nöqteyi-nəzərdən yanaşırıq. Mən bu qanun layihəsinin lehinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Aynur xanım. Sözün düzü, mən başa düşmədim, Siz deyirsiniz ki, Bakı məhv olmaq təhlükəsi olan şəhərlər sırasındadır. Mən başa düşə bilmədim. Bakıda inkişaf gedir, bütün paytaxt şəhərlərində olduğu kimi, binalar tikilir, kommunikasiya xətləri çəkilir. Bunlar normaldır və əgər şəhər müəyyən tikililərlə yüklənibsə, biz də buna narahatçılığımızı bildiririk. Amma “Bakı məhv olmaq təhlükəsi olan şəhərlər sırasındadır” söyləmək çox ciddi ittihamdır. Mən bilmirəm, Siz bunları haradan götürürsünüz? Ərəstun Cavadov, buyurun.
Ə. Cavadov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hazırda ölkə başçısı cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclis üzvlərinin müzakirəsinə təqdim etdiyi Azərbaycan Respublikasının yeni Şəhərsalma Məcəlləsinin layihəsi ilə əlaqədar qısaca fikrimi çatdırmaq istəyirəm.
Layihənin də məzmunundan göründüyü kimi, bu məcəllə ölkədə şəhər və digər yaşayış məntəqələrinin inkişafı üzrə ərazi planlaşdırılması, şəhərsalmanın zonalaşdırılması, ərazilərin planlaşdırılması, əsaslı tikinti obyektlərinin memarlıq-inşaat layihələndirilməsi, əsaslı və yenidənqurma işlərinin görülməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyəcəkdir. Bildiyimiz kimi, son illər ölkəmizdə tikinti sahəsi sürətlə inkişaf etmiş, respublikamızın bir çox şəhər və qəsəbələrində çoxlu sayda yeni binalar inşa edilmiş, həmçinin tikinti-abadlıq işləri aparılmışdır. Hazırda bu növ işlər bu gün də həyata keçirilməkdədir.
Şübhəsiz ki, bunların hamısı yeniləşən Azərbaycanın iqtisadiyyatının inkişaf etdiyini göstərir. Lakin heç kimə sirr deyil ki, inşa edilmiş yeni binaların əksəriyyəti şəhərsalma normalarına və qaydalara uyğun həyata keçirilmir və bunun da nəticəsində şəhərsalmada ciddi problemlər yaranmışdır. Həmin problemlər böyük şəhərlərin nəqliyyat, təsərrüfat və kommunikasiya sahələrindən də yan keçməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, tikinti işləri aparılarkən torpaqlardan əksər hallarda düzgün istifadə edilməmiş və tikinti aparılması qaydaları pozulmuşdur. Ona görə də hazırda belə bir məcəllənin qəbul edilməsi ölkəmiz üçün çox vacibdir. Demək olar ki, məcəllədə şəhərsalmanın norma və qaydalarına aid müddəalar tamamilə düzgün ifadə edilmişdir. Məcəllə ölkə qanunvericiliyində bu sahə ilə bağlı yaranmış boşluğun aradan qaldırılmasına xidmət edir. Ona görə də bu sənədi məqbul hesab edirəm və bu sənədin qəbul edilməsinə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, Ərəstun müəllim. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də görürəm ki, deputat həmkarlarım bu layihənin tərəfdarıdır. Burada çox gözəl fikir səsləndi ki, məcəllə bir az tez qəbul edilsəydi, daha məqsədəuyğun olardı. Ümumiyyətlə, qanunun fəlsəfəsi, məcəllənin özü Azərbaycanda şəhərsalmaya xidmət edəcək və istər zövq baxımından, istərsə də infrastruktur baxımından şəhərsalmada olan problemlərin aradan qaldırılmasına xidmət edəcəkdir. Mən əsas kimi bunun qəbul olunmasının tərəfdarıyam.
Bir fikri söyləmək istəyirəm ki, burada müəyyən müddəalar Şəhərsalma Məcəlləsinə yox, Tikinti Məcəlləsinə daxil olmalıdır. Burada müddətlər, başqa sahələr var ki, bu qanunun predmeti deyil. Bu qanunun predmeti şəhərin salınmasıdır, qurulmasıdır. Orada tikintinin necə aparılması, qurğunun necə qurulması, icazənin nə vaxt verilməsi, hansı formada olması, hansı sənədlərin toplanması hüquqi cəhətdən Şəhərsalma Məcəlləsinə aid olan məsələ deyil. Burada müəyyən maddələr ayrı-ayrı nazirliklərin, strukturların, şəhər meriyasının səlahiyyətinə və bilavasitə Tikinti Məcəlləsinə aid olan məsələlərdir. Ümumilikdə isə qanun layihəsinə tərəfdaram.
Burada bizim paytaxtımızla bağlı bir neçə fikir səsləndi. Təbii ki, paytaxt gözəl olmalıdır. Ola bilsin ki, paytaxtda gedən tikililər bir az zövqə uyğun olmayıb. Amma son dövrlər, paytaxtın baş planı tərtib olunduqdan sonra Bakı şəhərində nəinki məhvolma, əksinə, günbəgün gözəlləşmə gedir. Yeni yollar çəkilir, yeni körpülər tikilir, binalar, muzeylər təmir olunur. Bu gün Bakı şəhəri əvvəllər olmadığı qədər gözəl inkişaf edir. 1990-cı illərdən sonra görmüşdük ki, bulvardan tutmuş hər yerdə budkalar qoyulur. Bakı meriyası tərəfindən bunlar yığışdırıldı, şəhər abadlaşdı. Bu proses Prezidentimizin göstərişi ilə davam etdirilir, köhnə binalar yenidən təmir olunur və əhalinin ixtiyarına verilir. Kimsə hansısa dövrdə şəhərin hansı hissəsindəsə yaşayıbsa və bunu xatirələrində yaşadırsa, təbii ki, bu gözəl şeydir. Hər kəsin xatirəsi olmalıdır. Amma ümumilikdə şəhər salınmasının və planlaşdırılmasının əsas arqumenti ondan ibarətdir ki, məsələn, 20 il bundan qabaq olan texnologiyadan fərqli olaraq, bu gün tamam başqa texnologiya tətbiq olunur, başqa məsələlər həyata keçirilir.
Köçürülmə məsələsi ilə əlaqədar deyə bilərəm ki, regionların sosial-iqtisadi inkişafı planı ilə əlaqədar on ilə yaxındır, bu iş gedir. Regionlarda yeni iş yerlərinin açılması, orada infrastrukturun yaradılması və Bakıdan əhalinin tədricən yerlərə köçməsi, təbii ki, ağırlığı yüngülləşdirəcək. Mən hesab edirəm ki, ağırlıq götürüldükdən sonra digər problemlər də aradan qaldırılacaq. Müxtəlif dövlətlər öz paytaxtlarını köçürüblər. O da hərbi strateji məsələlərlə əlaqədar olan məsələlərdir. Qazaxıstanda bu proses baş verib. Təbii ki, bu, Alma-Atada yaşayan əhalinin tərkibi ilə əlaqədar olan məsələ idi. Qazaxıstanın ərazisi ilə Azərbaycanın ərazisini müqayisə eləyəndə görürsən ki, təxminən 6 dəfə böyükdür. Paytaxtı mərkəzə köçürmək onların ideyası idi. Azərbaycanın bu başından o biri başına cəmi 4 saat yarımlıq yoldur. Yaxşı yollar çəkiləndən sonra 3 saat yarım olacaq. Ona görə kifayət qədər vəsait ayırıb yeni paytaxtın salınmasından yox, gələcəkdə, imkan olarsa, mən hesab edirəm ki, inzibati şəhərin salınmasından söhbət gedə bilər və inzibati strukturlar cəmləşdirilə bilər. Qalan hallarda isə qanun layihəsinin tərəfdarıyam və ikinci oxunuşda maddələr üzrə öz fikirlərimi deyəcəyəm.
Hörmətli Ziyafət müəllim, bir məsələyə də toxunmaq istəyirəm. Bəzən görürsən ki, insanlar fikirlərində, rəylərində, çıxışlarında kiməsə nəyisə demək, nəyisə göstərməyə və yaxud özlərini kiməsə göstərməyə çalışırlar. Hər bir deputatın öz fikri var, sözü var və qanunauyğun fikirlərlə çıxış edir. Əgər bu, kiməsə ziyan gətirirsə, kiməsə təsir göstərirsə, qanunvericiliyin tələbinə uyğun olaraq, öz fikirlərini əsaslandırılmış şəkildə ortaya qoya bilər. Mən hesab edirəm ki, başqasının haqqında fikir söyləmək, rəy söyləmək yerində deyil. Təkcə burada deyil, mətbuat orqanlarında da millət vəkilləri haqqında fikirlər söylənilir. Söyləyirsənsə, konkret danış. Biri deyir, nazirlərin qapısını kəsirlər, digəri parlamentdə ikiüzlü deputat axtarır, üçüncüsü başqa fikir söyləyir. Bu fikirləri deyirsinizsə, konkret adamları göstərin və adını çəkin.
Biz deputat həmkarlarımıza hörmətsiz yanaşa bilmərik. Kimlərisə görüb, kimdənsə işi keçir, kiminlə əlaqəsi var. İkincisi, burada hər sahənin adamları var. İndi tikinti sahəsinin nümayəndələri iştirak edir. Onda mühəndislər başlasın ki, onlara söz deməyin, bunlar tikintiyə, arxitekturaya aid insanlardır və yaxud həmin adamlar hökumətin hesabatı olanda burada hökumətin eninə, uzununa sözlərini deyirlər. Bir qrup dursun, desin ki, hökumətə və yaxud nazirlərə toxunmaq olmaz. Yəni hər bir deputat burada öz fikirlərini söyləyir. Kim hansısa qanunu müdafiə eləmək istəyirsə, ortaya arqumentini qoysun. Kim əleyhinədirsə, o da arqumentini ortaya qoyur. Kimin nə vaxt seçilməyinin, nə vaxt gəlməyinin, nəyə səs verməyinin, bundan sonra nəyə səs verəcəyinin heç kəsə aidiyyəti yoxdur. Ola bilər ki, bu qanuna bu gün səs verirəm, bir aydan sonra səs verməyəcəyəm. Baxacağam ki, oradakı müddəalar düzgün deyil. Kimsə gəlib burada təftiş aparmalıdır? O hüquq kimə verilib? Hər kəs öz gözündə tiri görsün, başqasının gözündə tük axtarmasın. Mən xahiş edirəm, elə məsələləri qaldırmasınlar. Hər kəsin fəaliyyəti, davranışı Milli Məclisə də, cəmiyyətə də, ictimaiyyətə də bəllidir və hər kəsi yaxşı tanıyırlar. Ona görə də mən hesab edirəm ki, burada Milli Məclisdə deputatlar bir-birinin mənafeyini daha çox müdafiə eləməlidir, nəinki başqalarının mənafeyi burada müdafiə olunmalıdır. Təşəkkür edirəm. Mən qanun layihəsinə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Sizin xahişinizi nəzərə alaraq, xatırlatmaq istəyirəm ki, bizim bugünkü Məclisdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov və həmin komitənin idarə rəisi Allahverdi Əliyev iştirak edirlər. Abbas müəllim, əgər çıxış eləmək istəsəniz, istənilən vaxt Sizə söz verə bilərik. Əhməd Vəliyev. Buyurun, Əhməd müəllim.
Ə. Vəliyev. Çox sağ olun, Ziyafət müəllim.
Sədrlik edən. Əhməd Vəliyevə mikrofon verin. Mikrofonda bir az nasazlıq əmələ gəlib, ona görə üzrlü hesab edin.
Ə. Vəliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, vaxtınızı çox almayacağam. Mən hesab edirəm ki, bu qanun layihəsi çox yüksək səviyyədə hazırlanıb. Açığı, bundan əvvəl də Mənzil Məcəlləsi hazırlanmışdı. Mən bir balaca diqqət yetirdim, həmin məcəllə də çox yüksək səviyyədə hazırlanmışdı. Sadəcə olaraq, bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm.
Bilirsiniz ki, Şəhərsalma və Mənzil məcəllələri bir-biri ilə bağlıdır. Mənim dediyim fikir hər ikisinə aid olacaqdır. Xahiş edirəm, əgər imkan varsa, nəzərə alınsın. Bakı şəhərində böyük tikinti işləri aparılır, quruculuq, yaradıcılıq işləri gedir. Bu zaman mülkiyyətçi ilə sahibkar arasında müəyyən anlaşılmazlıqlar ortaya çıxır. Şəhərsalmada tikinti məsələləri, bina tikintisi və yaxud digər inzibati binaların tikintisi varsa, deməli, orada müəyyən köçürmələr ortaya çıxır. Köçürmələr zamanı mülkiyyətçi ilə, yəni ev sahibi ilə tikinti aparan təşkilat arasında narazılıq nədən ibarət olur? Deməli, ortada qiymət məsələsi var.
Mən bir dəfə Rəşid Behbudov küçəsindən qalxanda həyətdə bir dənə köhnə bir ev görəndə, açığı, öz-özümə düşündüm ki, görəsən həmin evi buradan köçürmək mümkün deyilmi? Bir-iki yerdən informasiya aldım ki, həmin evin sahibi balaca bir yer üçün bir neçə milyon pul istəyir. Ona görə də böyük problemlər yaranır.
Eyni zamanda, elə sahibkarlar var ki, insanların ümumi vəziyyətini anlamır. Deməli, evindən köçürür, amma həmin evə uyğun mənzillə təmin eləmək istəmir. Ona görə də istərdim, bu məcəlləyə bir maddə salınsın ki, onlar arasındakı münasibətlər tam tənzimlənsin. Yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən zonalar üzrə qiymətləndirilmə aparılsın. Məsələn, Nəsimi rayonunda bir kvadratmetr torpağın sahəsi nə qədərdir, həmin mülkiyyətçinin evinin vəziyyəti də nəzərə alınmaqla qiymət müəyyənləşdirilsin, minimum və maksimum şkala müəyyən olunsun. Hər ikisi müəyyən bir fikrə gəlsin ki, köçürülmə məsələsi tamamilə həll olunsun.
Mənim bir tanışım tikinti aparmaq istəyir. Uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti onun layihəsini təsdiq eləyib. Lakin bir neçə adamın ucbatından həmin yerdən köçürülmə işini tamamilə qurtara bilmir ki, tikintiyə başlasın. Deməli, işlər ləngiyir. Bu nöqteyi-nəzərdən mən Ziyad müəllimdən də xahiş eləyirəm, bir az bundan qabaq çöldə də fikrimi dedim, həmin fikir bu və ya digər formada öz əksini orada tapsa, daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əhməd müəllim. İsa Həbibbəyli, buyurun.
İ. Həbibbəyli. Həmkarlarım kimi, hesab edirəm ki, bu gün Milli Məclisin müzakirəsinə çıxarılan Şəhərsalma Məcəlləsi Azərbaycanın hazırkı reallığından qaynaqlanıb və bugünkü inkişafın doğurduğu zərurəti tam mənası ilə əhatə edir. Düşünürəm ki, bu qanunun qəbul edilməsi, hazırlanması zərurətinin meydana çıxması Azərbaycanın indiki inkişaf səviyyəsindən irəli gəlir. Bu qanun layihəsində gündən-günə həyatımızda, ölkəmizin paytaxtında, regionlarda geniş miqyas alan şəhərsalma işinin tənzimlənməsi ilə bağlı ən zəruri, hüquqi normativ sənədlər və prinsiplər haqqında dolğun fikirlər, mətləblər öz əksini tapmışdır.
Eyni zamanda, düşünürəm ki, Şəhərsalma Məcəlləsinin müzakirədən sonra qəbul olunması bu sahədə indiyə qədər mövcud olan xaotik münasibətləri, məmur özbaşınalığını, hətta qeyri-müəyyənliyi aradan qaldırmağa kömək edəcəkdir. Məncə, bu qanun layihəsi bundan sonra ölkəmizdə hətta yeni şəhərlərin yaranması mənasında şəhərsalmaya özünün real töhfəsini verəcəkdir. Mən bu cəhətdən qanun layihəsinin meydana çıxmasını, hazırlanmasını zamanın sifarişi kimi qəbul edir və yüksək qiymətləndirirəm. Bununla yanaşı, neçənci dəfədir, müşahidə eləyirəm ki, İqtisadi siyasət daimi komissiyası tərəfindən təqdim olunan qanun layihələri savadlı yazılmışdır. Burada Azərbaycan dilinin qanunlarına, demək olar ki, hörmətlə yanaşılmış, dəqiq əməl olunmuşdur. Bu da bizim qanunvericilik səviyyəsinə, qanunvericilik mədəniyyətinə aid olan ciddi məsələdir. Mən hər bir qanuna həm də bu nöqteyi-nəzərdən yanaşmağı vacib sayıram.
Bütün bunlarla da bərabər, mənim qanun layihəsi barədə konseptual xarakter daşıya bilən təklifim də vardır. Birincisi, şəhərsalmanın hüquqi aspektlərini, sənədləşməsini, memarlıq-inşaat sahələrinin subyektlərini, əsaslı prinsiplərini tam dolğun şəkildə ifadə edən bu qanun layihəsinin heç bir yerində hiss olunmur ki, Azərbaycanda şəhərsalma haqqında olan bir qanundur. Sanki adama elə gəlir ki, bu qanunla istənilən başqa ölkədə şəhər tikmək mümkündür. Mikrorayon salma prinsipi sovet hakimiyyəti vaxtında da var idi. Eyni tipli binalar hətta “Həmişə təmizlikdə” filmində bir vaxt kəskin tənqid olunmuşdu. Burada mən milli memarlıq ənənələrinin qorunması haqqında ayrıca bir maddəyə rast gəlmədim. Düzdür, mən o fikirdə deyiləm ki, müasir şəhərlər ancaq milli memarlıq ənənələri əsasında tikilməlidir. Hər halda müasir şəhərsalmada milli memarlıq ənənələri ilə müasir memarlıq ənənələrinin balansı tapılmalıdır və bu tarazlıq hüquqi normativ sənədlərdə öz əksini tapsa, çox yaxşı olardı.
Eyni zamanda, şəhərsalma prosesində mədəni irsə münasibət məsələsinə də bu qanun layihəsində çox epizodik yanaşılıb. Amma şəhərsalma zamanı qarşıya çıxan ən böyük məsələlərdən biri də odur ki, bəzən yeninin əvəzinə köhnə tamamilə dağıdılır. Dağıdılmağa layiq olmayan, qorunması zəruri olan binaların qanunla müdafiəsi təmin olunmur. Ona görə mən burada şəhərsalma zamanı milli memarlıq ənənələrinin qorunub saxlanması ilə, milli ilə ümümbəşərinin balansının müəyyən olunması ilə yanaşı, şəhərsalma prosesində mədəni irslə, tarixi abidələrlə bağlı məsələləri özündə əhatə edən xüsusi maddənin olmasını vacib sayıram.
Bizim şəhərlərimizin timsalında tarixlə müasirlik qovuşur. Naxçıvan da belədir, Gəncə də belədir, Bakı da belədir. Hər addımda biz müasirliyin sürətli inkişafını görürük. Eyni zamanda, hər addımda biz tarixi irsimizin də dəyərli nümunələrini görürük. Özbaşına buraxanda məsələ icra eləyənin vicdanına və ya milli məsuliyyətinə, milli baxışlarına qalır. Amma bu məsələ qanun layihəsində əksini tapsa, məncə, çox faydası olar. Ona görə də təklif eləyirəm ki, bu qanun layihəsinə Şəhərsalmada milli dəyərlərin qorunmasına münasibət və yaxud qorunması qaydaları adlı bir bölmə və ya yarımbölmə də əlavə olunsun. Mən bütövlükdə bu lazımlı, gərəkli, Azərbaycanın bugünkü reallığından, böyük inkişafından doğan və bu inkişafa stimul verə biləcək qanun layihəsinə məmnuniyyətlə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, İsa müəllim. Miri Qənbərov, buyurun.
M. Qənbərov. Çox sağ olun. Mən deyilənləri təkrar edən deyiləm. Qısaca bir neçə təklifim olacaq. 1973-cü ildə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin baş planının hazırlanması təklif olundu və həmin baş plan mənim yadımdadır. İri həcmdə işlər görüldü. Eyni zamanda, Bakı şəhərinin memarı, çox dəyərli insan Rasim Əliyevin rəhbərliyi altında həmin işlər nəzarətdə idi. Bizim yadımızdadır, hətta Rasim Əliyev həmin baş planın qabağında hansı işlər görüləcəyini göstərirdi. Misal üçün, deyirdi ki, Azdramadan Sabunçu vağzalına qədər prospekt olacaq və həmin prospekt Bakıya gözəllik gətirəcək. İllər ötüb keçib. Sözüm onda deyil. İndi bunlar bəzən yaddan çıxır.
Bir neçə il Bakı şəhərinin tikintisi də, baş planı da yaddan çıxdı. Yenidən Heydər Əliyev respublikaya qayıdandan sonra həmin işlər bərpa olundu. Biz bunları bir-bir saya bilərik. Amma ehtiyac yoxdur. Dediyim odur ki, mən böyük həvəslə bu qanun layihəsinə səs verəcəyəm. Eyni zamanda, mənim xahişim odur ki, məsul yoldaşlar bizim keçmiş sanballı arxitektorları, misal üçün Rasim Əliyev kimi adamları yaddan çıxarmasınlar, bilavasitə onlar dəvət olunsun və öz təkliflərini versinlər. Onların təklifləri bizə xeyir gətirər. Ona görə də bunu deməyi lazım bildim. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva, buyurun.
Q. Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Mən də bu qanun layihəsinin lehinə səs verəcəyəm və hesab edirəm ki, çox vacib bir qanun layihəsidir. Söhbət təkcə Bakıdan getmir, bizim digər şəhərlərimizin də şəhərsalma ilə bağlı məsələlərini tənzimləyəcək bir layihədir. Amma ən vacib məsələlərdən biri ondan ibarətdir ki, burada bu məsələ daha konkretləşmiş şəkildə öz əksini tapmalıdır. Bir müddət əvvəl müzakirələr zamanı qaldırdığımız ən vacib məsələ vəzifəli şəxslərin məsuliyyəti məsələsidir. Yəni şəhərsalma ilə bağlı icra strukturlarının yol verdikləri yanlışlıqlara, qüsurlara görə onların məsuliyyəti məsələsi, həmin qüsurların aradan qaldırılması üçün vaxt verilməsi, aradan qaldırmadıqda vəzifəli şəxslərin məsuliyyəti və cəzalandırılması məsələsi burada öz əksini tapmalıdır. Çünki şəhərsalmada ən ciddi məsələlərdən biri də ondan ibarətdir ki, qurumlar məsuliyyəti bir-birinin üzərinə atır və sonra biz ciddi problemlərlə üz-üzə qalırıq.
İkinci bir məsələni də xahiş edəcəyəm. Ümumiyyətlə, xarici ölkələrdə şəhərsalmada ekoloji vəziyyətə, ekoloji məsələlərə çox ciddi önəm verilir. Yəni şəhərdə aparılan tikinti işlərinin ekologiyaya nə dərəcədə uyğun gəlməsi önəmli məsələdir. Məsələn, bizdə şəhər böyüyür, genişlənir, insanlar artır. Amma təəssüf ki, yaşıllıqlarımız ona müqabil şəkildə artmır və tənzimlənmir. Bizə məlum deyil ki, Bakıda yaşıllıqlar nə qədər olmalıdır? Biz buna ciddi önəm verməsək, sonradan sağlamlıq məsələsi ortaya çıxır. Çünki şəhərdə yaşıllıqlar lazımi səviyyədə olmayanda insanların sayına görə havada oksigenin norması çox aşağı düşür. Bu da bir çox xəstəliklərin yaranmasına və doğulan nəsillərin gələcəyinə təsir edir. Ona görə də şəhərsalmada ekoloji məsələlərin daha geniş və daha ciddi şəkildə öz əksini tapmasını istərdim.
Ümumilikdə bu çox yaxşı bir qanun layihəsidir. Amma mən bilmirəm, bunu nə cür tənzimləmək olar? Çünki mən bir neçə dəfə bu məsələni müxtəlif qurumlarla müzakirə edəndə onlar bildirdilər ki, belə normalar var. Amma onların yerinə yetirilməsi məcburi olmadığına görə sonradan ortaya ciddi problemlər çıxır. Bunun qanunla ciddi şəkildə tənzimlənməsini xahiş edərdim. Söhbət nədən gedir? Kimsə 16 mərtəbəli bina tikir. Həmin binanın çox kiçik həyəti var. Həmin binada maşınların saxlanması üçün yer yoxdur. Bizdə də, Allaha şükür, bu gün hər mənzilə bir avtomobil düşür. Bu maşın harada dayanacaq? Sonra avtomobilləri yol kənarında saxlayırlar və yolun o biri tərəfinə keçmək olmur. Bəlkə bu qanunun içərisində nəzərdə tutaq ki, binanı tikən şəxs hər mənzilə düşən avtomobilin yerləşdirilməsi üçün onu dayanacaqla təmin etsin. Yəni bu gün şəhərdə çox ciddi problem yaranır. Mən binalar tanıyıram, altında maşın saxlamaq üçün dayanacaq yoxdur. Avtomobil sahibləri də küçəni tutmağa başlayıblar. Söhbət Azadlıq prospektindən, Səməd Vurğun prospektindən, bizim Basin dediyimiz prospektdən gedir. Heç yerdən keçmək olmur. Niyə? Deyirlər, bu binaların bir-ikisini çıxmaq şərti ilə dayanacaq yeri yoxdur.
Şəhərsalmada ən ciddi məsələlərdən biri tıxacların aradan qaldırılması, binaların altında dayanacaqların yerləşdirilməsidir. Heç olmasa, biz qanun şəklində şərtlər qoyaq. Ümumiyyətlə, şəhər genişlənən zaman nə qədər dayanacaqlar olmalıdır? Ərazilərin müəyyənləşdirilməsi, planlaşdırma məsələsinin ortaya çıxması qanun layihəsində çox önəmlidir. Amma çox xahiş edərdim ki, bu dayanacaq məsələsi hansısa qanunda öz əksini tapsın. Çünki mənə deyirlər ki, tikmək lazımdır. Amma ona ciddi nəzarət olmur. Çünki bu, qanun şəklində deyil. Mən xahiş edirəm ki, mütəxəssislər desinlər, biz bu məsələni qanunda konkret göstərə bilərik, ya yox. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, bu qanun layihəsini biz hərtərəfli müzakirə edə bildik. Bu, birinci oxunuşdur. Mən gördüm ki, hamı qanun layihəsinin tərəfdarıdır. Əlbəttə, ikinci oxunuşda bizim fəsil-fəsil müzakirə etmək imkanımız olacaq. Ona görə etiraz etmirsinizsə, səsə qoyaq. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.37 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 2  
İştirak edir        98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da Məclisimiz başa çatır.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU