26.12.2008 - tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  101

Mill Məclisin  iclas  salonu.
26  dekabr  2008-c il.  Saat  12.

Mill Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

İclasa  dəvət  olunmuşlar:

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

* * *

Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
İsgəndər İsgəndərov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Elmar Qasımov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
İradə Hüseynova, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Arif Həşimov, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti.
Arif Quliyev, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının baş elmi katibi.
İlham Pirməmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri.
İlham Mustafayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri.
Ömər Eldarov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru.
Gülçöhrə Məmmədova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru.
Əhliman Əmiraslanov, Azərbaycan Tibb Universitetinin rektoru.
Hafiz Paşayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru.
Siyavuş Qarayev, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru.
Namiq Babayev, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini.
Aydın Əhmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri.
Fərzəli Qədirov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri.
Havar Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru.
Aqiyə Naxçıvanlı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru.
Asəf Zamanov, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun rektoru.
Abdulla Mehrabov, Təhsil Problemləri İnstitutunun direktoru.
Nailə Rzaquliyeva, Bakı Şəhər Təhsil İdarəsinin rəisi.
Sara Xanlarova, Bakı şəhəri 134 saylı orta məktəbinin direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
2. Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
3. Təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
4. Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
5. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007–2010-cu illər üçün əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

* * *

Təhsil haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşda müzakirəsinə başlanılmışdır.


Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

26  dekabr  2008-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, media nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 11.59 dəq.)
İştirak edir 106
Yetərsay 83

Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik. Gündəlik hamınıza paylanılıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 11.59 dəq.)
Lehinə 89
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 1  
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Səsvermədə çoxları iştirak etmədi. Sonra deyəcəklər ki, bilmədim. Xahiş edirəm, diqqətli olun. Bilirsiniz ki, gündəlik gərgin gündəlikdir. İki iclasımız qalıb. Mən hesab edirəm, məsələləri həll etmək üçün müzakirəsiz gündəliyə başlayaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birdən qorxursunuz ki, çıxış vaxtı münasibət bildirə bilməzsiniz? Naməni aldım, Pənah bəy, amma səhvlər var, onu da sonra izah eləyərəm. Buyurun, yazılın. Nizami müəllim, barmağınız dəydi? Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli Milli Məclisin deputatları, bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında referendum aktının layihəsi xalqımızın müxtəlif təbəqələri tərəfindən müsbət qarşılanmaqdadır. Çünki Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında referendum aktı qəbul ediləcəyi təqdirdə Azərbaycanın baş qanunu əvvəlki ilə müqayisədə daha təkmil məzmun kəsb edəcəkdir. İqtisadi və siyasi islahatların sürətli inkişafı Konstitusiyanın təkmilləşdirilməsi məsələsini gündəliyə çıxarıb.
Sədrlik edən. Nizami müəllim, mən çox üzr istəyirəm, biz hələ qanun layihəsinin müzakirəsinə başlamamışıq. İqbal Ağazadə.
İ. Ağazadə. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, mən gündəliklə bağlı, gündəlikdə duran məsələlərlə bağlı çıxışlarda öz fikrimi bildirəcəyəm. Amma cari məsələlərdə respublikanın bütün vətəndaşlarını narahat edən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu gün respublikanın əksər yerlərində “Azəriqaz” vətəndaşlara qaz vermir və televiziyada da “Azəriqaz” durmadan bəyanatlar verir ki, 11 rayon qazın pulunu ödəyib, qalan rayonların hamısında qaz kəsiləcək. Mən başa düşmürəm, “Azəriqaz” vətəndaşlarla ikitərəfli müqavilə bağlayır, yoxsa hər rayonun girişində ümumi qaz sayğacı qoyulur və rayon əhalisi həmin qaz sayğacından istifadə edir? Fərdi qaydada hər kəsə qaz sayğacı quraşdırılır və qaz sayğacına uyğun da hər kəs pul verir. Rayonun qazı niyə kəsilir? Vətəndaşın qazı niyə kəsilir? Ümumi balansda vətəndaş, ya hansısa müəssisə ödəyə bilmirsə, rayonun ümumi göstəriciləri aşağıdırsa, bütövlükdə rayonun qazı niyə kəsilir? Bu gün Bakının əksər rayonlarında, həmçinin kənd rayonlarının çoxunda qaz yoxdur. Demək olar ki, Bakının mərkəzində bu gün iynə deşiyindən keçən qaz verilirsə, hansı mənzilin qızdırılmasından söhbət gedə bilər? Yaxud həmin mənzildə hansı şəraitin yaradılmasından söhbət gedə bilər? Həmçinin istilik sistemləri də acınacaqlı vəziyyətdədir. Bütövlükdə bu gün istilik sistemi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində, başqa strukturlarda söylənilənlərin hamısı cəfəngiyatdır. Hökumətin nümayəndələri bura gələndə elə danışırlar ki, sanki hər şey yerindədir.
Sovet dönəmində məşhur lətifədə olduğu kimi, uşaq bağçasında uşaqlara Sovet İttifaqını tərifləyirlər. Uşağın biri ağlayır ki, mən Sovet İttifaqında yaşamaq istəyirəm. Hökumət üzvləri Azərbaycanı o qədər tərifləyir ki, adam az qalır ağlasın ki, mən Azərbaycanda yaşamaq istəyirəm. Sonda görürsən ki, qış gəldi, nə istilik var, nə də bir kommunal şərait yaradılıb. Kimsə ödəməyibsə, hansısa rayonun ümumi göstəriciləri yoxdursa, “Azəriqaz” hamının qazını kəsir. Mən xahiş edirəm, bu məsələyə əncam çəkilsin. Bununla bağlı verilən sorğularımıza, rəsmi məktublarımızın heç birinə cavab verilmir. Əhali də bununla bağlı şikayət edir. Yaşadığım ərazidə, o cümlədən deputat seçildiyim ərazidə bu gün su var, amma qızdırılmır. Mən başa düşmürəm, əgər “Azəriqaz” qaz vermirsə, necə qızdırılacaq? Su buraxmağın və camaatdan istilik pulu yığmağın nə mənası var? Ona görə xahiş edirəm, Milli Məclis buna əncam çəksin.
Sədrlik edən. Aynur Quliyeva, buyurun.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda xeyli sayda xarici şirkət fəaliyyət göstərir. Həmin xarici şirkətlərdə azərbaycanlılarla yanaşı, əcnəbilər də çalışırlar. Amma onların iş prosesindəki hüquqlarına nəzər saldıqda görürük ki, azərbaycanlılarla əcnəbilər arasında ciddi ayrı-seçkiliyə yol verilir. Son vaxtlar elə kütləvi informasiya vasitələrində də bu məsələ ciddi qabardıldı. Azərbaycanda Sinqapurdan olan bir şirkət fəaliyyət göstərir və bu şirkətdə azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. Bizim vətəndaşlarımızla cəmi bir aylıq iş müqaviləsi bağlanır və bir ay işləyəndən sonra izahat vermədən onları işdən azad edirlər. Bu şirkətlərdə Azərbaycanın Əmək Məcəlləsi kobud şəkildə pozulur.
Bilirik ki, dünyanın bütün inkişaf eləmiş ölkələrində xarici şirkət, xarici təşkilat mütləq həmin dövlətin Əmək Məcəlləsinə uyğun fəaliyyət göstərir. Amma çox təəssüf ki, bizdə bu məsələyə ciddi diqqət yetirən yoxdur. Məsələn, qonşu Ermənistana diqqət yetirək. Bu ölkədə çalışan xarici təşkilatlar həmin ölkənin bayramlarında, faciəvi günlərində mütləq onların tədbirlərində yaxından iştirak edirlər. Amma bizdə heç vaxt bunun şahidi olmamışıq. Mən çox istərdim ki, Milli Məclis olaraq bu məsələyə diqqət yetirək, vətəndaşlarımızın hüquqlarının pozulması məsələsində onlara yardımımız, köməyimiz dəysin.
Fürsətdən istifadə edərək bir təkliflə çıxış etmək istəyirəm. Bu məsələ dəfələrlə gündəmə gəlsə də, təəssüf ki, hələ də bu yöndə addım atmamışıq. Mən Mədəniyyət məsələləri daimi komissiyasının üzvü olduğum üçün çox istərdim ki, şou-biznes sahəsində səliqə-sahman, nizam-intizam yaratmaq üçün Şou-biznes haqqında qanunun hazırlanmasına başlayaq, ya da “Mədəniyyət haqqında” Qanuna əlavə və dəyişikliklər eləyək. Yəqin, kütləvi informasiya vasitələrindən hamının xəbəri var ki, bizim xalq artisti adı verdiyimiz, fəxri adlarla, titullarla təltif etdiyimiz insanlar, sənətçilərimiz Azərbaycanda heç bir əxlaq normasına, mənəviyyata əhəmiyyət vermədən söyüş, təhqir dolu çıxışlar eləyirlər. Təbii ki, bu da Azərbaycanın mentalitetinə ziddir.
Sədrlik edən. Aynur xanım, Milli Məclis hər məsələ üzrə qanun qəbul eləyə bilməz. Mədəniyyət Nazirliyi var, müvafiq icra hakimiyyəti var, onların daxili sərəncamları var. Onlar tənzimləyə bilərlər. Fazil Mustafa, buyurun.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bugünkü vaxtımdan istifadə edərək siyasi partiyaların problemlərinə aid məsələyə toxunmaq istəyirəm. Bu gün bizdə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsinə dair referendumun keçirilməsi haqqında Milli Məclisin qərarının layihəsi var. Amma məndə bir narahatçılıq var ki, yaxın gələcəkdə biz Konstitusiyaya yenidən əlavələr və dəyişikliklər edib, Yeni Azərbaycan Partiyasının ölkədə rəhbər və istiqamətverici bir partiya olduğunu qeyd edən bir dəyişiklik edəcəyik. Nəyə görə? Faktiki olaraq, Yeni Azərbaycan Partiyasından başqa digər partiyalara münasibət Azərbaycan cəmiyyətində dəyişməyib. Biz dəfələrlə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmişik ki, bizi yerlə təmin edin. Demirik ki, bizə şəhərin mərkəzində xüsusi təmir olunmuş, başqa şəraiti olan yer verin. Sadəcə, partiyanın normal fəaliyyət göstərməsi üçün yerlə təmin eləyin. Həmin komitənin sədri dəfələrlə bizi aldadıb, dəfələrlə yalan danışıb. Yaxud təmirsiz bir otaq göstərir və bildirir ki, burada yerləşmək istəyirsinizmi? Təbii ki, “yox” cavabı verirsən. Məncə, siyasi partiyalara, xüsusilə Məclisdə təmsil olunan partiyalara münasibət dəyişməlidir. Baxın, dəfələrlə təkliflər səslənib.
Hörmətli Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bir dəfə mətbuatda bildirdi ki, partiyalara qərargah verilməsi düzgün deyil. Onlar torpaq sahəsi götürüb, özləri bina tikməlidirlər. Buyurun, Əli müəllim, siz də kömək eləyin, bizə 4 sotluq torpaq sahəsi verilsin, 5–6 partiya birlikdə iş adamları ilə danışaq, partiya üçün qərargah tikək, hərə bir mərtəbədə yerləşsin. Heç olmasa, xaricdən gələn, kənardan gələn qüvvələr görsün ki, hər rayonda yerli təşkilatı olan hakim partiyadan savayı ölkədə başqa partiyalar da fəaliyyət göstərirlər. Hesab edirəm ki, Siyasi partiyalar haqqında qanuna bu dəfə də baxılmadı, yəqin ki, gələcəkdə baxılacaq.
Laqeydlik demokratiyanın vəziyyətinə təsir eləyən bir məsələdir. Buna ciddi yanaşmaq lazımdır. Buyurun, bizə əlavə vəsait xərcləmədən 4 sot torpaq sahəsi ayırın, 5–6 partiya yığışıb bir yerdə bina tikək. Əgər bunu etsəniz, dövlətin partiyalara böyük qayğısı olar, əlavə xərcimiz çıxmaz. Oqtay müəllim, hesab edirəm, Sizin köməyinizlə bu məsələnin həlli istiqamətində addımlar atılmalıdır.
Mən də qaz, işıq məsələsinə qoşuluram. İnsanlar pul ödəyirlər, gecə saat 2-dən 5-ə qədər işıq keçir. Niyə? Deməli, bu, pulun başqa formada ödənilməsi üçün düşünülən variantdır. Əgər pul ödəyirəmsə, gündəlik işıq verməlisən. Ona görə də qaz, işıq məsələsinə də parlamentdə müzakirələrdə təsir göstərmək yolunu tapmalıyıq.
Sədrlik edən. Çox sağ olun. Amma Fazil bəy, “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik eləmək üçün Konstitusiyaya dəyişiklik eləmək lazım deyil. Bu məsələni demisiniz, məşğul olacağıq. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Bu gün diqqətinizə bir qrup Bakı şəhər sakininin müraciətini çatdırmaq istəyirəm. Oqtay müəllim, üç dəfə bir qrup insan mənimlə görüşüb. Bakı şəhərində “GEN” MMC adında bir şirkət təqribən 450 adamdan pul toplayıb ki, onlara mənzil tikəcək. Sən demə, saxta sənədlərlə camaatı aldadıb və təqribən 12 milyon manat pul toplayıb. Uzun müddətdir, hüquq mühafizə orqanları həmin dələduzları həbs eləyib, amma həmin şəxslərin vəsaitlərinin geri qaytarılması, vurulmuş ziyanın ödənilməsi təmin olunmur.
Bu insanların bir xahişi var, deyirlər ki, biz erməni deyilik, biz də bu millətin nümayəndələriyik, heç olmasa, dövlət bizim bu problemimizə diqqətlə yanaşsın. Bizə Bakı Şəhər İcra Hakimiyyəti yer ayırsın, heç olmasa, orada kooperativ formada ev tikdirək. Bununla bağlı müvafiq orqanlara dəfələrlə müraciət eləyiblər, təəssüf ki, heç bir nəticəsi olmayıb. Mənə müraciət eləyiblər, hüquq müdafiəçisi Vidadi İskəndərovla həmin insanlar iki dəfə parlamentə gəliblər, mənimlə görüşüblər və çox xahiş ediblər ki, bu məsələni qaldırım. İndiyə qədər bu imkan olmamışdı. Bu gün imkan yaradıldı və bu məsələni Sizin diqqətinizə çatdırdım. Onların müraciətini Sizə təqdim edəcəyəm. Həmin adamların bəziləri iflic olub, bəziləri əsəb sarsıntısı keçiriblər. Min bir əzab-əziyyətlə pul toplayıblar, dələduzlar onların pulunu mənimsəyiblər. Düzdür, inanıram ki, layiqli cəzalarını alacaqlar. Amma heç olmasa, onlara dövlət kömək edə bilər. Deyirlər ki, hətta şəhərdən kənarda torpaq yeri ayrılsın, özümüzə ev tikək.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı, buyurun.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Əvvəllər bir dəfə də məsələ ilə bağlı fikrimi səsləndirmişdim. İndi bir daha istəyirəm, bunu təkrar edim. Ümumiyyətlə, cari məsələlərə ayrılan vaxtdan səmərəli istifadə edək. Düzdür, parlament danışmaq yeridir. Amma danışmaq yeri o demək deyil ki, parlamentdə hər şeyi danışasan, hər xırda məsələni parlament səviyyəsinə qaldırasan. Parlament ali qanunverici orqandır, hakimiyyətin əsas aparıcı qollarından biridir. Mən heç bir deputata irad tutmaq istəmirəm, hər kəs burada səlahiyyətinə görə eynidir. Sonra heç kim deməsin ki, niyə belə deyirsiniz və sair. Amma dünya parlamentlərinə baxın, parlamentlərdə ənənələr var, qaydalar var, qanunlar var. Neçə illərdir, parlamentdə bu məsələni mən də qaldırıram, digərləri də qaldırır. Cari məsələ o demək deyil ki, küçədə birini gördüm, avtobusda bir söz eşitdim, kimsə nəsə dedi.
Deputatın səlahiyyətləri var, sorğu verə bilər, məsələ qaldıra bilər, qanun layihələri formasında ictimai fikri əks etdirə bilər. Düzü, mən cari məsələyə yazılmamışdım. Mən elə bildim, qanun layihəsinin müzakirəsinə yazılırıq. Amma indi dinləyirəm, görürəm eyni şeylər təkrar olunur. Qazı, işığı niyə kəsdilər? Görürsünüz, Bakıda “Azəriqaz” kart sisteminə keçir, “Azərsu” kart sisteminə keçir. Ondan sonra bir binanın işığını, suyunu kəsməyə ehtiyac qalmaz. Gəlin, ədalətli olaq. Amma büdcə müzakirələri zamanı əsas vergi ödəyiciləri olan bu qurumların üzərinə gedirik. Haradan alıb versinlər? Büdcədən əmək haqqı alırıq, ordu formalaşır, təhlükəsizliyimiz təmin edilir. Deyək ki, qaz pulu, işıq pulu vermirik, hakimiyyət də bununla bağlı addım atmasın. Sabah büdcənin müzakirəsində həmin təşkilatlara deyək ki, niyə büdcəyə ödənişlər eləmirsiniz? Onlar da desin ki, mənə ödəmirlər. Gəlin, ciddi məsələlər qaldıraq. Mən hesab edirəm ki, parlamentimizdə yaxşı ənənələr yaratmalıyıq. Cari məsələlərdə xırdalığa gedərək mətbuat səhifələrinə gülüş doğuran məsələləri çıxaran deputat imici qazanmayaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli, buyurun.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Biz ayrı-ayrı problemlərlə bağlı həftədə bir dəfə burada çıxış edəndə ümid edirik ki, əlaqədar təşkilatlar bizim bu tənqidlərimizdən, nəhayət, nəticə çıxarar və yerlərdə insanların vəziyyətini dözülməz həddə çatdıran problemləri qismən də olsa, aradan qaldırar. Ancaq təəssüflər olsun ki, bizim qaldırdığımız məsələlər söz olaraq qalır və nəticədə yerlərdə problemlər nəinki aradan qalxmır, əksinə, daha da ağırlaşır.
Təxminən iki həftə əvvəl mən də təmsil olunduğum rayonun timsalında istilik və elektrik enerjisi ilə əlaqədar məsələ qaldıranda cavabdeh şəxslərin diqqətini rayonlardakı ağır vəziyyətə yönəltmək məqsədini güdmüşdüm. Ancaq mənim çıxışımdan sonra nə baş verdi? Yerlərdə əhaliyə elektrik enerjisinin verilməsindəki fasilələr aradan qalxmadı, əksinə, daha da artdı. Hətta havaların soyuması da cavabdeh şəxslərin, təşkilatların məsuliyyətini artırmadı, əksinə, onlar bunlardan istifadə edərək işıqları daha tez-tez söndürməyə başladılar. Guya havalar soyuduğundan sərfiyyat artıb və qıtlıq əmələ gəlib. Şəxsən mənim üçün aydın deyil ki, XXI əsrdə neft ölkəsi olan Azərbaycanda nəyə görə elektrik enerjisi qıt olmalıdır? Əgər hələ qış gəlməmiş insanlar işıqsız qalıbsa, onda yanvar, fevral aylarında rayonlarda bu biçarə insanlar necə yaşayacaqlar? Bəs hökumət hara baxır? Niyə elektrik enerjisi ilə bağlı ciddi tədbirlər görülmür? Niyə bu problemlər birdəfəlik həll olunmur? Bəlkə hökumətin rayonlarda yaranan ağır vəziyyət haqqında məlumatı yoxdur? Hərçənd ki, mən buna qətiyyən inanmaram. Yaxud niyə hökumət öz vətəndaşlarına sahib çıxıb, rayonların qazlaşdırılması məsələsini birdəfəlik həll etmək istəmir? Hökumətin xəbəri varmı, son 2–3 il ərzində insanların mənzillərinə çəkilən qaz xətləri ya onların özlərinin şəxsi vəsaiti hesabına, ya da bələdiyyələrin və ayrı-ayrı xeyriyyəçi insanların vəsaiti hesabına çəkilmişdir? Əgər “Azəriqaz”ın ayırdığı çox cüzi məbləğlə kifayətlənilsəydi, onda İmişli kimi böyük rayonların mərkəzinin heç üçdən biri də indiyə qədər qazlaşdırıla bilməzdi.
Çox təəssüflər olsun ki, “Azəriqaz”a vəsaitlə bağlı yazdığımız sorğularımıza nəinki “yox” cavabı verilir, hətta “Azəriqaz” son vaxtlar bir qədər də irəli gedərək, rayon icra hakimiyyətlərinə göndərdiyi məktublarda yerlərdə qaz xəttinin insanların öz şəxsi vəsaiti hesabına, yaxud bələdiyyələr və ayrı-ayrı xeyriyyəçi insanlar tərəfindən çəkilməsinə qadağa qoymuşdur. Bu nə deməkdir? Əgər sənin vəsaitin yoxdursa, bu qarlı-şaxtalı havada insanları donmağa məcbur etmək hansı anlamı verir? Hörmətli Oqtay müəllim, mən bu gün başqa məsələ ilə bağlı çıxış edəcəkdim. Ancaq son iki gündə aldığım çoxsaylı şikayətlər məni yenidən bu məsələyə diqqəti cəlb etməyə məcbur etdi. Mən Sizdən çox xahiş edirəm ki, səlahiyyətiniz daxilində bu məsələyə müdaxilə edəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Burada bir fikir söylənildi. Sadəcə, mən həmin fikri tamam başqa rakursdan nəzərinizə çatdırmaq istərdim. Bu gün Azərbaycan vətəndaşlarının, ümumiyyətlə, gənc vətəndaşların tərbiyəsində Azərbaycan televiziyasının çox böyük rolu var. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətini çıxmaq şərti ilə digər televiziyaların bu gün Azərbaycanda gənc insanların yetişməsində xoşa gəlməyən rol oynadığını qeyd etmək istəyirəm və iki məsələyə toxunmaq istəyirəm.
Başa düşürəm ki, burada televiziyalarla bağlı qurumlar var. Amma zaman-zaman bu məsələ qalxır, hər halda mənə belə gəlir ki, millət vəkilləri tərəfindən də səsləndirilməsi yerinə düşərdi. Bu gün televiziya bir silahdır və televiziyanın silah olmağı artıq dünyada qəbul olunmuş bir anlayışdır. Çox təəssüflə demək istəyirəm ki, bu gün Azərbaycanda hər bir ailənin psixoloji mühitinə təsir edən televiziyadan Azərbaycan xalqının əleyhinə istifadə olunur.
Aydın məsələdir ki, bu gün jurnalistlərin, xüsusilə də televiziya jurnalistlərinin hazırlanması böyük problemdir. Mənə belə gəlir ki, 1990-cı ildə BDU-nun jurnalistika fakültəsində bir fənn tədris olunub. Bu da dövlətin təhlükəsizliyi ilə əlaqədar müharibə şəraitində düşmən ordusu və əhalisi arasında xüsusi təşviqatın aparılması ilə bağlıdır. Təəssüflə demək istəyirəm ki, bu gün televiziyalarda gənclərin əxlaqına təsir edən çox mənfi məqamlar var. Burada televiziyaların nümayəndələri var. Başa düşürəm ki, bundan sonra, ola bilər, həmin televiziyaların mənə qarşı münasibəti dəyişsin. Amma mən bunu deməyə bilmərəm.
İkinci bir məsələni də demək istəyirəm. Ümumiyyətlə, unutmaq lazım deyil ki, 31 dekabrla bağlı atəşfəşanlıq və “Azadlıq” meydanında keçiriləcək tədbir ləğv olundu. Amma gəlin, baxaq görək, hər gün televiziyadan azərbaycanlıların evlərinə, azərbaycanlıların ailələrinə girən və belə deyək, heç də xoşa gəlməyən, əxlaq dərsi keçməyə qalxan, bu ifadəmə görə üzr istəyirəm, əxlaqdan çox kənar olan insanların qabağını necə kəsə biləcəyik. Bəlkə də ilk baxışdan bu o qədər də aktual görünmür, deyə bilərik, hər kəs öz ailəsinə cavab verir. Amma mən görəndə ki, televiziyaya zəng vuran 70–80 yaşlı xanımlar, əslində, əxlaqa çox zidd olan hərəkətləri təqdir edirlər, onda gənc nəslin analarına və qızlarına mənim yazığım gəlir.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə, buyurun.
A. Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycana qardaş olan Türkiyədə son vaxtlar erməni diasporu tərəfindən hər bir türkə, hər bir azərbaycanlıya qarşı çox çirkin bir kampaniya – “üzr istəmə” kampaniyası başlanıb. Bunun səbəbləri bizə aydındır. Bunun bilavasitə azərbaycanlılara qarşı yönəlməsi onunla bağlıdır ki, ermənilər törətdikləri cinayətlərdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün belə bir kampaniyanı Türkiyədə yaşayan ermənilərin əli ilə başlayıblar. Düşünürəm ki, bəlkə də bu istiqamətdə Azərbaycan parlamenti konkret addımlar atmalıdır. Bu gün üzr istəməkdən söhbət gedirsə, hər bir azərbaycanlı, hər bir türk Xocalıda qətlə yetirilmiş uşaqlardan, ağbirçəklərdən, ağsaqqallardan üzr diləməlidir ki, biz onları nəinki müdafiə edə bilmədik, hətta qatilləri hökmə, ədalətə və məhkəmənin qarşısında cinayətlərinə görə cavab verməyə məcbur edə bilməmişik.
Bu məsələni araşdırsaq, aydın olur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında hansısa bir hərbi tribunal yarada bilməmişik, müraciət edə bilməmişik. Amma başqa imkanlar var. Çox təəssüf ki, Azərbaycan məhkəmələri, Azərbaycanın Hərbi Prokurorluğu 16 il ərzində cinayət işlərini yekunlaşdırıb, məhkəmə keçirə bilməyib. Azərbaycan bu gün Avropanın Cinayət Məhkəməsinin üzvü deyil. Buna addım atmaq üçün Azərbaycan parlamenti konkret olaraq müraciət etməli, de-fakto bu təşkilatın üzvü olmalıdır. Onda bizim hüquqlarımız yaranar və Azərbaycan dövləti müvafiq cinayət işləri ilə əlaqədar, Azərbaycan ərazisində törədilən hərbi cinayətlərlə bağlı müraciət edə bilər. Həmin cinayətkarlar İnterpolun qırmızı xətti ilə dünyanın istənilən yerində həbs olunub, cinayət məsuliyyətinə cəlb oluna bilər.
Hörmətli Oqtay müəllim, mən çox xahiş edirəm, bu məsələni biz araşdıraq və Azərbaycan parlamenti Avropa Cinayət Məhkəməsinin üzvü olsun. Biz Xocalı ailələrinin adından bu məhkəməyə müraciət edək. Azərbaycan dövləti, habelə Azərbaycanın hüquq müdafiə orqanları tərəfindən müvafiq müraciətlər olsun və biz cinayətkarları məhkəmə qarşısında cavab verməyə məcbur edək.
Sədrlik edən. Sağ olun, Asim müəllim. Zahid Orucov buyursun.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən Ermənistanda istehsal olunan malların hər hansı bir formada Azərbaycana daxil olması faktları ilə bağlı narahatçılığımı ifadə eləmək istəyirəm. Bununla bağlı qanunvericilik aktlarında müəyyən addımların atılmasına ehtiyac olduğunu da vurğulamaq istərdim. Əlbəttə, çox mümkündür ki, bütün bunlar ayrı-ayrı dövrlərdə məhz qaçaqmalçılıq vasitəsilə baş verir. Amma belə qeyri-rəsmi yanaşmalar və münasibətlər də var ki, bu, müxtəlif xarici şirkətlərin məqsədyönlü işi kimi də həyata keçirilə bilir. Mən bunun fiziki sağlamlıq tərəfini, yeri gəlmişkən, buna yönəlik çoxlu şübhələr var, bir qırağa qoyuram. Əlbəttə, burada həmin məqsədlər də nəzərdə tutula bilər. Digər tərəfdən, Ermənistan və Azərbaycan arasında hər hansı diplomatik, siyasi münasibətlər mövcud deyil. İqtisadi münasibətlərin olmaması həm də xalqlar arasında münasibətlərin olmadığına işarədir.
Zamanında mən parlamentə təklif eləmişdim ki, Ermənistanın Azərbaycana təcavüzündən sonra yaranmış reallığı tənzimləyən bir qanun olmalıdır. İndi biz ictimai qınaqla hansısa şirkətin nümayəndəliyinə və ya nümayəndəsinə qarşı gedə bilərik. Deyə bilərik ki, Azərbaycanla münasibətləri olmayan bir ölkənin malları Azərbaycana və yaxud da əksinə, daxil olmasın. Amma real normativ hüquqi qanunvericilik yönündə elə bir mexanizm yoxdur ki, biz onlara cəza verək. Yəni onların məsuliyyətini müəyyənləşdirən hər hansı bir qanunvericilik aktı mövcud deyil. Bu iş, əsasən, bizim gömrük orqanlarının üzərinə düşür və onlar da bu işi indiyə qədərki dövrdə şərəflə yerinə yetiriblər. Amma yenə də dediyimiz müxtəlif vasitələrlə bu mallar daxil olur. Hesab edirəm ki, İqtisadi siyasət daimi komissiyası bu yöndə müəyyən addımlar atmalıdır ki, məsələlər tənzimlənsin.
Cənab Sədr, ikincisi, sərhəd bölgələrinin xüsusi iqtisadi inkişafını nəzərdə tutan proqramların hazırlanmasının zərurətini vurğulamaq istəyirəm. Bilirsiniz ki, ümumiyyətlə, ermənilərin hədəfində orada məskunlaşan əhalini, necə deyərlər, real təsərrüfat həyatından ayırmaq, həyatlarına təhlükə törətmək və həmin bölgələri boşaltmaq durur. Mən hesab edirəm ki, həmin insanların həyatındakı çətinliklər onlara xüsusi yanaşmanı zəruri edir. Mən demirəm, bu yanaşma təkcə əmək haqlarında və ya pensiyalarda olmalıdır. Lakin fərqli bir siyasəti özündə nəzərdə tutan kompleks proqramlar gərəkdir ki, sərhəd bölgələrində, xüsusilə də Ermənistanla bilavasitə döyüş bölgələrində yaşayan insanların məskunlaşmasını təmin edən addımlar atılsın. İstəməzdim, Dağlıq Qarabağla bağlı praktikanı sadalayım. Yəni onlardan nümunə gətirmək istəməzdim. Amma heç kəsə sirr deyil ki, onlar müxtəlif subsidiyalar, müxtəlif güzəştli şərtlər və müxtəlif azadolmalarla bu siyasəti həyata keçirirlər. Cənab Sədr, çox istərdim ki, qanunvericilik məsələsinə aid olan bu təşəbbüslər müvafiq komissiyalara tapşırılsın və bu yöndə addımlar atılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, gündəliyin müzakirəsinə başlayırıq. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair referendumun keçirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi haqqındadır. Keçən dəfə müzakirələrə yazılmışdınız. Həmin siyahılarla davam edirik. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında referendum aktının layihəsi xalqımızın müxtəlif təbəqələri tərəfindən müsbət qarşılanmaqdadır. Çünki Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı qəbul ediləcəyi təqdirdə Azərbaycanın baş qanunu əvvəlki ilə müqayisədə daha təkmil məzmun kəsb edəcəkdir. İqtisadi və siyasi islahatların sürətli inkişafı Konstitusiyanın təkmilləşdirilməsi məsələsini gündəliyə çıxarıb. Parlament komissiyası da Konstitusiyanın mətnində dəyişikliklərin təklif edilməsi qaydasını şərtləndirən 153-cü maddədən istifadə edərək Konstitusiya Məhkəməsinə müraciət edib.
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında referendum aktı Konstitusiyanın 29 maddəsinə qırx bir əlavə və dəyişiklik edilməsini nəzərdə tutur. Dəyişikliklər hazırlanarkən bir sıra ölkələrin, o cümlədən Bolqarıstan və Slovakiya kimi ölkələrin təcrübəsi nəzərə alınıb. Xüsusən 32-ci maddədə qeyd olunur ki, heç kəs onun xəbəri olmadan video və fotoşəkil işinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Layihədə eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin ləğvi, müharibə şəraitində hərbi əməliyyatlar aparılarkən Prezident və parlament seçkilərinin təxirə salınması, 40 min və daha çox imza topladıqda vətəndaşlara qanunvericilik təşəbbüsü hüququnun verilməsi, Prezidentin “İcra Aparatı”nın Prezident “Administrasiyası”, “Milli Bank”ın “Mərkəzi Bank” adlandırılması, bələdiyyələrin parlament qarşısında hesabat təqdim etməsi, sabiq prezidentlərin maddi vəziyyətinin təmin edilməsi nəzərdə tutulur.
Nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da ekspertlərin çoxu yeni Konstitusiya layihəsinin mütərəqqi xarakter daşıdığını deyir və Prezidentin səlahiyyət müddətinin artırılmasını məqbul hesab edirlər. Əslində, belə bir dəyişiklik normal qəbul olunmalıdır. Qonşu Rusiyada da Prezidentin və parlamentin səlahiyyət müddəti uzadılır və çoxluğun istəyi həyata keçirilir. Əlbəttə, seçim xalqa məxsusdur. Xalq bir şəxsi, lideri müdafiə edəcəksə, o da seçiləcəkdir. Azərbaycanda isə Prezident İlham Əliyevin alternativi yoxdur. Məhz onun ilk 5 illik fəaliyyəti nəticəsində Azərbaycan daha sürətli inkişaf yoluna qədəm qoyub. Ümumi daxili məhsulun artım tempinə görə Azərbaycan hələ də lider dövlətdir. Ölkədə digər sahələrdə də böyük islahatlar həyata keçirilib. Şübhəsiz ki, mövcud güc, nüfuz, idarəçilik və digər meyarlar baxımından İlham Əliyev birinciliyi uzun müddət qoruyub saxlayacaq. Bu mənada onun daha uzun müddətə Prezident vəzifəsində qalması təbii qarşılanmalıdır. Son Prezident seçkilərində İlham Əliyevə yüksək etimad göstərilməsi də xalqın onu dəstəklədiyini bir daha sübut etdi.
Əslində, Prezidentin seçilməsində məhdudiyyətlərin aradan qaldırılması məsələsi cəmiyyətdə çoxdan aparılan müzakirənin nəticəsidir. Sadəcə, bu məsələnin reallaşdırılması indiki dövrə təsadüf edib və parlamentin müzakirəsinə çıxarılıb. Mən hesab edirəm ki, Azərbaycanda Prezidentin seçilməsinə qoyulan məhdudiyyətin ləğvi sosial sifariş xarakteri daşıyır. Bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin özü demokratik prinsiplərə ziddir. Əslində, bu, həm də xalqın seçim hüququnun məhdudlaşdırılmasıdır. Demokratiya özü də sərhədi olmayan nisbi bir anlayışdır. Əgər bir şəxsi xalq dəstəkləyirsə, o daha uzun müddətə ölkəni idarə etmək gücünə malikdirsə, nəyə görə onun seçim imkanı məhdudlaşdırılmalıdır, əksinə, bu məhdudiyyətin ləğvi xalqın öz iradəsini daha azad şəkildə ifadə etməsinə imkan verəcəkdir.
Onu da qeyd edim ki, Azərbaycanın geosiyasi vəziyyəti, dünyanı daha çox maraqlandıran neft-qaz ehtiyatlarının ixracı və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından dövlət başçısının öz siyasətini həyata keçirməsində məhdudiyyət olmamalıdır. İlham Əliyev Heydər Əliyevin başladığı inkişaf siyasətini çox uğurla davam etdirməkdədir. İndi həmin inkişaf siyasətinin məntiqi nəticəyə çatması üçün İlham Əliyevin daha uzun zamana ehtiyacı vardır.
Deyildiyi kimi, digər tərəfdən də Konstitusiyaya təklif olunan dəyişikliklər təkcə Prezidentin səlahiyyət müddəti ilə bağlı deyil, burada bir sıra digər vacib məqamlar da vardır. Bunlar hamısı illərlə yığılmış təkliflərdir və indi onların həlli xalqın öhdəsinə düşür. Əlbəttə, bəzi qüvvələrin bu dəyişikliklər ətrafında mübahisə etməsi də təbiidir. Ancaq unutmaq lazım deyil ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktının layihəsi Konstitusiyanın xalq hakimiyyəti və dövlətçilik haqqında ümumi müddəalarına zidd deyil. Bu, Konstitusiyanın 155-ci maddəsinə uyğundur. Konstitusiya dəyişikliklərinə son sözü xalq deyəcək. Əgər xalq bu dəyişikliklərə, xüsusən də Prezidentin səlahiyyət müddəti məsələsinə müsbət qiymət bildirsə, heç kimin buna qarşı çıxmağa sözü olmayacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, biz son 7 il ərzində ilk dəfə Konstitusiyaya dəyişiklik edirik. Konstitusiyada 29 maddəyə dəyişiklik təklif olunur. Xahiş edirəm, müzakirələrdə fikrimizi bir balaca düzgün ifadə edək. Yəni bu dəyişikliklərdə təkcə cənab Prezidentin səlahiyyətinin uzadılmasından söhbət getmir. Xahiş edirəm, bir az çıxışlarımıza diqqətlə fikir verək.
Sizdən ikinci bir xahişim də var. Yəni mən bunu səsvermə ilə keçirmək istəmirəm. Siyahıda çıxışa 46 nəfər yazılıb. Narahat olanlar var ki, birdən söz deməyə vaxt çatmaz. Hamınıza söz veriləcək. Mənim hamınızdan həmkar kimi bir xahişim var. Mümkünsə, çıxışı 5 dəqiqə edin. Amma kim ki buna əməl eləyə bilmir, o da həmkarlarına münasibətdən irəli gəlir. Xahiş edirəm, çalışın, çıxışı 5 dəqiqə edin. Etiraz yoxdur ki? Yəni mən 5 dəqiqəlik məhdudiyyət qoymuram, çalışın, çıxışı 5 dəqiqə edin. Siyahı üzrə buyursun Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün ölkənin siyasi həyatı üçün böyük əhəmiyyət daşıyan bu məsələni müzakirə edirik. Söhbət Konstitusiyaya əlavə və dəyişikliklərdən gedir. Oqtay müəllim, öncə məni narahat edən Konstitusiya dəyişikliklərinin prosedurudur. Əvvəla, qeyd etmək istəyirəm ki, bu qədər ciddi məsələ ən azı parlamentdə təmsil olunan müxalifət və digər partiyalarla müzakirə olunmalı, sonra komissiyanın müzakirəsinə çıxarılmalı idi. Prezident də qeyd etmişdi ki, Prezident seçkilərindən sonra ölkədə yeni bir siyasi mədəniyyət, yeni bir siyasi müstəvi formalaşacaq. Buna əməl edilmədi. Hətta mənim diqqətimi bir məsələ də cəlb etdi ki, bu qədər ciddi məsələni Yeni Azərbaycan Partiyasının Siyasi Şurası da müzakirə etməyib. Hər halda Yeni Azərbaycan Partiyasının fəaliyyətini işıqlandıran mətbuat orqanlarında bu barədə bir informasiyaya rast gəlmədim. Hörmətli Əli Əhmədov da bu məsələni parlamentə təqdim edəndə demədi ki, Yeni Azərbaycan Partiyasının qərarı ilə bu məsələ müzakirəyə çıxarılır.
Hələ 2007-ci ilin sentyabrında təkliflər vermişdik ki, ölkədə Konstitusiya islahatları aparılmalı və cəmiyyətdə siyasi partiyaların rolu artırılmalıdır. Həmin təkliflərdə nəzərdə tutulurdu ki, hökuməti parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırsın. Çox təəssüf ki, həmin məsələ o zaman müzakirəyə çıxarılmadı. Bu günlərdə mən ANS televiziyası ilə bir debat verilişinə baxırdım. Orada hörmətli Pənah bəy tərəfindən bu məsələ qaldırılanda hörmətli Aydın müəllim qeyd etdi ki, Qüdrət Həsənquliyev parlamentdə təkdir, amma Yeni Azərbaycan Partiyası 70 nəfərdir. Ona görə də onun məsələsini biz müzakirə etmədik. Amma biz 70 nəfərik və ona görə də bu məsələni müzakirə edirik. Belə bir yanaşmaya görə çox təəssüf edirəm. Deputatların hamısının səlahiyyətləri eynidir. Burada məsələ qaldırılırsa, müzakirə olunmalıdır. Əlbəttə, çoxluq buna “yox” deyə bilər və bu forma seçilməli idi.
İndi isə mən məsələnin mahiyyəti ilə bağlı öz fikirlərimi demək istəyirəm. Çox təəssüf ki, cəmiyyətdə bu məsələ ilə bağlı birmənalı fikir yoxdur. Mənim bəzi müxalif həmkarlarım, müxalifət partiyaları bunu ölkədə krallığın yaranması kimi qiymətləndirirlər. Bəziləri insan hüquqlarının, siyasi hüquqların məhdudlaşdırılması kimi qiymətləndirirlər. Mən bu fikirləri birmənalı şəkildə rədd edirəm və qeyd etmək istəyirəm ki, ümumiyyətlə, bu məsələnin nə mülki hüquqlara, nə də siyasi azadlıqlara heç bir aidiyyəti yoxdur. Bu bir ənənə kimi Amerika Birləşmiş Ştatlarından Avropaya gəlib. Yəni respublikalar prezidenti təkrar iki müddətə seçiblər. Bu məhdudiyyət Konstitusiyada olmasa da, Amerika Birləşmiş Ştatlarında birinci dəfə Corc Vaşinqton iki dəfə seçilib və sonra üçüncü dəfə seçilməkdən imtina edib. Amerika ənənələr ölkəsi olduğuna görə ondan sonra 31 prezident Franklin Ruzveltə qədər bu ənənəyə sadiq qalıb. Amma gəlin, görək həmin 32-ci prezidentə qədər Amerikanı biz demokratik, mülki və siyasi hüquqların təmin olunduğu ölkə kimi qəbul edə bilərikmi?
Amerikanın 16-cı prezidentinə qədər hələ quldarlıq quruluşu saxlanılırdı. Yalnız Avraam Linkoln 1862-ci ildə quldarlığı rəsmən ləğv etdi, yəni qullara azadlıq verildi. Amma bu azadlıq siyasi azadlıqlar formasında olmadı. Bilirsiniz ki, 1965-ci ildə Martin Lüter Kinq mülki hüquqların müdafiəçisi kimi fəal çıxış etdi və yalnız 40 il bundan öncə Amerika Birləşmiş Ştatlarında Afrika mənşəli amerikalıların seçki hüququ tanındı. Amma o vaxta qədər Amerikada prezidentlər iki dəfədən bir dəyişilirdi. Franklin Ruzvelt 4 dəfə seçildi.
Bilirəm, buna etiraz edən həmkarlarım olacaq. Onlardan soruşmaq istərdim və çox istərdim, əgər Amerikanın tarixi ilə tanış olublarsa, onlar da münasibət bildirsinlər. Dediyim kimi, bu ənənə Avropaya Amerikadan gəlib. Franklin Ruzveltdən qabaq Herbert Huver olub. Cəmi bir dəfə seçilib. Franklin Ruzveltdən sonra Trumen olub, sonra Eyzenhauer olub. Ruzveltin dövrü ilə həmin dövrləri müqayisə edək? Ruzveltin dövrü bütün amerikaşünaslar tərəfindən Amerikada demokratiyanın genişlənməsi kimi, iqtisadi yüksəliş dövrü kimi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması dövrü kimi qiymətləndirilib. Onun banklar haqqında fövqəladə qanunu, yeni siyasət kursu siyasətlə məşğul olan hər kəsə məlumdur. Onda sual oluna bilər, bəs niyə başqa prezidentlər Franklin Ruzveltdən sonra bu hüququ tanımadı. Ona görə ki, Amerika ənənələr ölkəsi idi və Corc Vaşinqton Amerika dövlətinin atası sayılırdı. Ona görə də Amerika cəmiyyəti bunu qanunvericilik qaydasına saldı.
Bu gün Amerikada presedent hüququ var. Burada hüquqşünaslar oturublar və bilirlər ki, bu gün Amerikada məhkəmə qərar qəbul edəndə 100 il bundan qabaq məhkəmənin çıxardığı bir ittihama, hökmə istinad edərək qərar qəbul edir. Ona görə mən bunları xatırlatdım ki, bu məsələlərin nə demokratiya, nə də insan hüquqlarına aidiyyəti var.
Yaxın qonşularımıza gəlmək istəyirəm. Bizim yaxın qonşularımızda – İran, Ermənistan və Rusiyada bu müddətlərə əməl olunur. İki gün öncə CNN telekanalında “Çar Putin” adlı veriliş hazırlanmışdı. Həmin verilişə baxanda bir dəhşətli faktla üzləşdim. Jurnalistlərin hüquqlarının müdafiə təşkilatında çəkiliş aparılır və divara çoxlu sayda şəkillər vurulub. Jurnalist soruşur ki, bu kimlərin şəkilləridir? Cavab verilir ki, bu, Putinin hakimiyyəti dövründə öldürülən jurnalistlərin şəkilləridir. Neçə nəfər öldürülüb? 220 nəfər. Neçəsinin istintaqı obyektiv aparılıb və cinayətkarlar üzə çıxarılıb? Cəmi 6–7 nəfərin.
İndi bu saat ən çox diqqət mərkəzində olan ölkələrdən biri Zimbabvedir. Orada Muqabe hakimiyyətdədir. Mən inanmıram ki, orada 220 jurnalist öldürülsün. Müxalifət seçkilərdə 49 faiz səs topladı və indi hakimiyyətin bölüşdürülməsi ilə bağlı danışıqlar davam etdirilir. Yaxud qonşu Ermənistanda xalqı gülləbaran etdilər, Köçəryan həmin müddətə əməl etdi və hakimiyyəti Sərkisyana ötürdü. Məgər Ermənistanda xalqı gülləbaran etmək demokratiyadır? Yəni bunu ona görə söyləyirəm ki, iki ildən bir hakimiyyət dəyişikliyi olan ölkələrdə də quldarlıq olub, rasizm olub. Amerika Birləşmiş Ştatlarını misal çəkdim. Hakimiyyət zorla bir başqasına ötürülüb. Bu, demokratiyanın göstəricisi deyil.
Demokratiyanın, insan haqlarının, sivil haqların cəmiyyətdə bərqərar olması həmin xalqın inkişaf səviyyəsi ilə müəyyən olunur. Xalq inkişaf etdikcə, bir mərhələdə, tutaq ki, Amerikada quldarlıq quruluşu ləğv olundu, ikinci mərhələdə bütün təbəqələrə siyasi hüquqlar verildi. Hər halda ümid etmək istərdim ki, bu referendum dəyişikliklərindən sonra Prezident Azərbaycan cəmiyyətində də siyasi, hüquqi islahatlar aparacaq və bizdə demokratik dəyişikliklər baş verəcək.
Bu gün heç kim deyə bilməz ki, İlham Əliyev növbəti Prezident seçkilərində öz namizədliyini irəli sürəcək. Mən bu referendum layihəsini ona görə dəstəkləyirəm ki, cəmiyyətdə bu tipli müzakirələrin açılmasına imkan verir. Ən azından referendum gününə qədər cəmiyyətdə mülki hüquqlarla, siyasi azadlıqlarla bağlı geniş debatlar olacaq və cəmiyyət bir daha bu məsələlərin üzərinə qayıdacaq. Ona görə də mən digər həmkarlarımı da mülki hüquqlarla, siyasi azadlıqlarla bağlı manipulyasiyalara yol verməməyə çağırıram.
Məncə, gətirdiyim misallar bir daha onu göstərir ki, insan hüquqları, siyasi azadlıqlar Prezidentin neçə dəfə seçilməsi ilə yox, həmin xalqın inkişaf səviyyəsi ilə müəyyənləşir. Cəmiyyətdə insan haqlarının, siyasi azadlıqların təminatı Konstitusiya deyil, həmin xalqın özüdür. Həmin xalq əgər normal dövlət qura bilirsə, hakimiyyət bölgüsü real məzmun kəsb edirsə, güclü qanunvericilik orqanı varsa, müstəqil məhkəmə hakimiyyəti, müstəqil mətbuat varsa, müstəqil cəmiyyətin həyatında yaxından iştirak edən qeyri-hökumət təşkilatları sistemi varsa, həmin ölkə azad cəmiyyət olur. Ən başlıcası isə demokratiyanın təminatı insanların qanunlara necə yanaşması ilə, ona əməl etməsi ilə ölçülür. Əgər bu yoxdursa, dediyim kimi, cəmiyyəti azad və ədalətli cəmiyyət hesab etmək olmaz. Ona görə də mən bu layihəyə səs verəcəyəm və həmkarlarımı da bu layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu siyahı keçən dəfəki siyahıdır. Növbəti 5 nəfərin adını deyim ki, bilinsin. Çünki siyahını təkrarlamaq olmur. Astan Şahverdiyev, Yevda Abramov, Zahid Orucov, İqbal Ağazadə, Gülhüseyn Əhmədov. Bu siyahı ilə hələ 5 nəfər dalbadal gələcək. Siyahıdakı 46 nəfərdən 11 nəfəri yazılıb. Adlar hamısı var, mən 5 nəfərin adını oxudum. Buyursun Astan Şahverdiyev.
A. Şahverdiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də müzakirəyə çıxarılan Konstitusiya aktına dəyişikliklərin hamısını qəbul edirəm və əvvəlcədən deyirəm, bu layihənin lehinə səs verəcəyəm. Bildiyiniz kimi, mövcud Konstitusiya ulu öndər Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə – 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılmış, qəbul olunmuş və qüvvəyə minmişdir. Əlbəttə, 13 il bundan qabaq qəbul olunmuş Konstitusiya o vaxt mükəmməl şəkildə tərtib olunmuşdu. Bu günün tələbləri isə tamamilə başqa cürdür. Azərbaycan Respublikası 13 il müddətində elə bir sıçrayışla inkişaf edib ki, iqtisadi, humanitar və digər sahələrdə baş verən mühüm dəyişikliklər bu gün Konstitusiyaya dəyişikliklərin olması zərurətini yaradıb.
Mən Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının üzvlərinə, onların sədrlərinə minnətdarlığımı bildirirəm ki, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun təklifindən sonra, Oqtay müəllim, Sizin də rəhbərliyiniz altında qısa müddətdə bu məsələ ortalığa çıxarıldı. Bu gün Konstitusiya Məhkəməsinin verdiyi rəydən sonra Milli Məclisin iclasında müzakirə aparılır. Burada mən fikirlərimi bir az lakonik şəkildə deməyə çalışıram. Təqdim olunan layihə üzrə başlasam, burada Milli Bankın adının dəyişdirilib “Mərkəzi Bank” adlandırılması çox doğru fikirdir. Çünki hər Milli Bank Mərkəzi Bank ola bilmir. Məsələn, Amerika Birləşmiş Ştatlarında hər ştatın özünün Milli Bankı var. Yaxud Almaniyanın bank sistemini götürək. Məsələn, orada belədir: Doyçebank, Landesbank və Bunbesbank.
İkinci bir məsələ. Burada 32-ci maddədə hər kəsin şəxsi ailə həyatına müdaxilədən müdafiə hüququnun olmasından söhbət gedir. Bəzən çox hörmətlə yanaşdığım vicdanlı jurnalistlər tərəfindən də bu etika qaydaları pozulur. Şəxsi ailə həyatı haqqında yazılar yazılır. Mən burada bir misal çəkmək istəyirəm. Bir nəfər Əliağa Vahidin yanına gəlir ki, ustad, mən şeir yazmaq istəyirəm. Deyir: “Get, ağlına gələni yaz”. O da gedir, yazır, gətirir. Deyir: “Mən sənə dedim, ağlına gələni yaz, ağzına gələni yox”. Yəni belə hallara da yol verilir. Burada indi müəyyən məhdudiyyətlər qoyulmalıdır.
Düzdür, 101-ci maddəni hörmətli Əli müəllim başqa redaksiyada təklif etmişdi. Cənab İlham Əliyevin həyat fəaliyyəti, prezidentliyi dövrü imkan verir ki, məhdudiyyət aradan qaldırılsın. Eyni zamanda, Oqtay müəllim, mən belə başa düşdüm, Sizin tərəfinizdən təqdim olunan maddə daha münasibdir. Həqiqətən, nə qədər ki Qarabağ torpağı işğaldan azad deyil, ölkə müharibə şəraitindədir, ölkənin bir nəfər tərəfindən idarə olunması məqsədəuyğundur. Bildiyiniz kimi, o da ümumxalq məhəbbətinə nail olmuş hörmətli İlham Əliyevdir. Bu maddə də tamamilə yerinə düşür.
Bir neçə kəlmə də rəmzlər haqqında deyim. Bir də görürsən ki, bayrağın hətta rəngi, forması dəyişdirilir. Sonra başqa bir məsələni də deyim. Bilirsiniz ki, bizim dövlət himni dünyada ən uzun himnlərdən biridir. Bəzi hallarda görürsən, onu ixtisara da məruz qoyurlar. Bəlkə dövlət himni haqqında da təklif irəli sürək. Onun həm mətni, həm də musiqi hissəsi bir qədər qısaldılsın. Bir də dövlət himninin oxunması. Mən üzr istəyirəm, üç ildir burada əyləşmişəm, Bahar xanımdan başqa himn çalınanda himnin sözlərini oxuyan görməmişəm. Elə mən özümü də ora aid edirəm. Mənim fikirlərim bunlardır. Dediyim kimi, layihənin lehinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Amma hörmətli Astan müəllim, mənim təklifim başqa cür olmuşdu. Demişdim: “müharibə əməliyyatları dövründə”. Başqa cür deməmişdim. Yevda Abramov.
Y. Abramov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Bu məsələ hər iki komissiyada müzakirə olunanda öz fikirlərimi geniş, əhatəli demişəm. Amma burada başlanan ajiotajı nəzərə alaraq, deputat həmkarlarıma bir maddənin, yəni yalnız 101-ci maddənin üzərində durmamağı tövsiyə edirəm. Ümumiyyətlə, bu, böyük bir Konstitusiya dəyişikliyidir. Biz gündə buna getmirik. Düzdür, orada bizi qınadılar ki, sizi vadar edən nədir? Niyə dəyişdirilir? Konstitusiya bir ehkam deyil. Mən ümumi iclasda da dedim, heç keçmişdə marksizm, leninizm deyilən nəzəriyyə də ehkam deyildi. Onda da dəyişiklik var idi. Allah-taala Tövratı nazil edəndə 10 maddə vardı. Amma bu gün 661 surə var. Quran da belədir. Konstitusiya da dəyişdirilməlidir. Çünki həyat özü dəyişir, həyat özü diktə edir. Bu, cəmiyyətin sosial sifarişidir.
Bu, Yeni Azərbaycan Partiyasının sifarişi deyil ki, Əli Əhmədov Siyasi Şuradan bura gətirsin. Yarım milyonluq Yeni Azərbaycan Partiyasının fəalları hər dəfə bu məsələni qaldırırdı. Biz cənab Prezidentin vəkilləri kimi yerlərdə eşitdiyimizi Əli Əhmədova çatdırmışıq və demişik ki, bu məsələ gündəliyə gəlsin. Gəldi də. Bu cəsarətli addımı Əli Əhmədov atdı.
Cənab Sədr, ikinci cəsarətli addıma görə biz Sizə çox minnətdarıq. Bunu tezliklə komissiyaya verdiniz və komissiyada da çox gözəl müzakirə getdi. Adamın Allahı var, orada bizim opponentlərimiz də siyasi mədəniyyət nümayiş etdirdilər, çox gözəl fikirlər irəli sürdülər. Elə Qüdrət bəy də, Fazil bəy də bu dəyişikliklərin tərəfdarı olduqlarını bildirdilər.
Mən yenə həmin fikirlərə qayıdıram. Burada yalnız 101-ci maddədən söhbət getmir, burada İlham Əliyevdən də söhbət getmir. Min cür variant var. Elə yaxın qonşumuzun istifadə etdiyi variant var. Onun adının hallandırılmasına mən tərəfdar deyiləm. Prezident olmasından asılı olmayaraq, onun bir vətəndaş kimi Konstitusiyada hüquqlarının təsbitindən söhbət gedir. Bir insanı xalq sevirsə, niyə 2 dəfə, 3 dəfə, 4 dəfə seçilməsin? Söhbət bundan gedir.
Mən xahiş edirəm, bundan sonra çıxış edənlər İlham Əliyevin adını hallandırmasınlar. Burada olan dəyişikliklər çox sosial yönümlü dəyişikliklərdir. Cəmiyyətimizi sosial cəmiyyətə aparan dəyişikliklərdir. Bunlar unudulur. Ümumiyyətlə, Konstitusiya dəyişikliklərinə mən iki əllə səs verəcəyəm. Əminəm ki, xalq bu dəyişiklikləri çox müsbət qarşılayacaq və referendumda öz sözlərini deyəcəklər.
Sadəcə, 18-ci maddəni komissiyanın iclasında biz çox geniş müzakirə etdik. Orada “dini cərəyanların” sözləri işlədilir. Amma bizim vaxtımız çatmadı, bu məsələni deyək. Deputat Fuad Muradov bu məsələni qaldırmışdı. Söhbət burada cərəyanlardan getmir, dini təriqətlərdən gedir. İslam dinində bir-iki cərəyan var, amma o biri dinlərdə cərəyan yox, təriqətlər var. Bunun üzərində bir daha fikirləşmək lazımdır.
96-cı maddədə 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququndan istifadəsindən söhbət gedir. İndi burada Səfa müəllim oturub. Qanunu çox gözəl bilənlər var. Elə rayonlarımız var ki, onların əhalisi 30 mindir, 28 mindir. Məsələn, Xızı rayonunun əhalisi istəyir ki, rayonun inkişafı üçün qanunvericilik təşəbbüsü ilə çıxış etsin. Deməli, burada əhalinin sayı Konstitusiyaya edilən dəyişikliklə düz gəlmir. O, qonşu rayonlara müraciət etməlidir. Mən bir təklif verdim ki, mümkündürsə, minimum əhalisi olan inzibati rayonumuzun adı mötərizədə yazılsın.
Bizim üçün müəmmalı qalan məsələ odur ki, “Milli Bank” sözləri “Mərkəzi Bank”la əvəzlənir. Mən bununla razıyam. Hörmətli deputatımız Çingiz müəllim mənə internetdən çıxarış göstərdi. Düzdür, bu gün ölkələrin çoxunda “Milli Bank” da, “Mərkəzi Bank” da saxlanılır. Oqtay müəllim, məni maraqlandıran nədir? Əgər biz “Milli Bank”ı “Mərkəzi Bank”la əvəz ediriksə, əldə olan bu qədər pul vəsaitinin üzərində yazılan “Milli Bank” sözləri dəyişdirilməlidirmi? Yenə əlavə xərcə getməliyikmi? Əgər yoxdursa, mən “Mərkəzi Bank” sözlərinin saxlanmasına 100 faiz razıyam.
 Əsas dəyişikliklərdən biri də müharibə şəraitində, hərbi əməliyyatlar şəraitində seçkilərin, o cümlədən parlament seçkilərinin keçirilməməsi ilə bağlıdır. Bizim bir təklifimiz oldu ki, əgər söhbət parlament seçkilərindən gedirsə, onda referendum keçirmək, bələdiyyə seçkiləri keçirmək də nəzərə alınsın. O ki qaldı Prezidentin səlahiyyət müddətinin uzadılmasına, əlbəttə, ölkə Prezidenti Silahlı Qüvvələrin Baş komandanıdır və ölkənin Silahlı Qüvvələrini komandansız qoymaq düzgün deyil. Bu çox humanist addımdır, çox gözəl dəyişiklikdir.
Oqtay müəllim, əgər hakimiyyətin mənbəyi xalqdırsa və biz bunu xalqın müzakirəsinə veririksə, kiminsə həyəcan keçirməsinə, hansısa siyasi partiyanın indidən qorxuya düşməsinə əsas yoxdur. Əksinə, mən orada da dedim, belə bir dəyişikliyə getmək bir sıra liliput ailə partiyaların yavaş-yavaş sıradan çıxmasına gətirib çıxaracaq. Azərbaycanda nüfuzu olan, seçkilərdə uğur qazana bilən partiyalar siyasi səhnədə qalacaqlar. Bu da Azərbaycanın siyasi həyatını daha da gözəlləşdirəcək. Bu dəyişikliklərə səs verəcəyəm və bütün deputat həmkarlarımı da bu dəyişikliklərə səs verməyə çağırıram. Burada hər bir şəxs siyasi mənsubiyyətinə görə, hansı partiyanın üzvü olduğuna görə yox, bir vətəndaş kimi, Azərbaycan dövlətinin təəssübünü çəkən insan kimi bu dəyişikliklərə münasibət bildirməli, bu dəyişikliklərin qəbuluna səs verməlidir. Minnətdaram, çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Birincisi, vurğulamaq istərdim ki, parlamentdə bu təşəbbüsün kim tərəfindən, hansı siyasi mənsubiyyət daşıyıcıları tərəfindən səsləndirilməsindən asılı olmayaraq, onun əsas müəllifi millətimizdir, xalqımızdır. Ona görə də bu prosesin, belə demək mümkündürsə, referendum layihəsi hərəkatının önündə məhz insanlar, ictimai qurumlar, ictimai təşkilatlar, bir sözlə, millətimiz gedir. Bu baxımdan ayrı-ayrı siyasi qüvvələrin yanaşmaları hüquqi deyil. Məsələn, əgər bu təklif parlamentdə müxtəlif təşəbbüs qrupları tərəfindən irəli sürülsəydi, mənə elə gəlir ki, millətin əleyhinə onların arqument tapması qeyri-real olardı. İndi, sadəcə, nəyisə danışırlar. Guya bu məsələ hansısa siyasi qüvvələrin maraqları çərçivəsindədir.
Mən hesab edirəm ki, bu təkmilləşdirmələr heç bir halda Konstitusiyanın əvvəlki durumunu, yəni 1995-ci ildə onun qəbulundakı dövrü aşağılamır. Əksinə, ötən dövr ərzində məhz həmin Konstitusiyanın əsasında Azərbaycanda normal bir dövlət quruculuğu prosesi gedib, insan hüquq və azadlıqlarının formalaşması, onun normal beynəlxalq hüquq sistemləri əsasında qurulması mümkün olub.
Konstitusiyanın təkmilləşdirilməsi, dövlət quruculuğunun əsaslarının möhkəmləndirilməsi, eyni zamanda, bir sıra müddəalarla yanaşı, həm də prezidentlik üsuli-idarəsinin səmərəliliyinin artırılmasına xidmət edən təşəbbüslərdir. “Konstitusiya müqəddəsdir, əl dəyməyək!” deyənlərin arqumentini bəri başdan belə cavablandırmaq mümkündür ki, onların özləri bir neçə dəfə Konstitusiyaya proporsional seçki sistemi ilə və ya daha başqa məsələlərlə bağlı təkliflər irəli sürmüşdülər. Ona görə də hesab edirəm ki, onların həmin müddəaları burada işləmir.
Zamanında bu Konstitusiyanın ayrı-ayrı müddəalarının əleyhinə olanlar və opponentlik edənlər indi onun müdafiəçilərinə çevrilib. Burada 101-ci maddəni digər maddələrdən ayırmaq və onun əsasında danışıq fəaliyyətini qurmaq da yanlışdır. Əgər Konstitusiyanın müddəaları müqəddəsdirsə, onun hamısı müqəddəsdir. 130-cu maddəni 101-ci maddədən xüsusi olaraq ayırmağa da bir ehtiyac yoxdur. Başqa məsələlər də vurğulanır ki, bu da Yeni Azərbaycan Partiyasının daha çox daxili inkişaf qanunauyğunluqları ilə bağlıdır və sair. Düşünürəm ki, bu məsələyə də cavab verməyə hakim partiyanın kifayət qədər intellektualları var.
Mən də bir əlavə etmək istəyirəm. Cənab Prezidentin Yeni Azərbaycan Partiyasının rəhbərliyində olması onun prezidentliyi ilə bilavasitə bağlı deyil. Onun güclü bir şəxsiyyət, güclü bir lider olması ilə bağlıdır. Amma başqa partiyalar üçün bu formulu demək mümkün deyil. Onlarda on illərdir ki, bir şəxs partiya rəhbəri olaraq qalmaqdadır. Nə qədər müqayisə qüsurlu olsa da, imkanlar baxımından ölçüyə gəlməsə də, mən bunu deməliyəm. Həmin partiyalar məğlub olsalar da, onların rəhbərləri on illərdir ki, məhz özlərinin dedikləri demokratiyanın əleyhinə olaraq rəhbərlikdə qalmaqdadırlar. Qalib əvəz olunmur, onlar məğlubdurlar, amma bir dəfə də yerlərini başqalarına verməyiblər. Lider adı ilə sonradan guya partiya sədrliyindən gedirlər, amma faktiki partiyaları idarə edirlər.
Qadağalar demokratiyadır, ya yox? Burada məndən əvvəl də ayrı-ayrı fikirlər səsləndi. Heç bir halda demokratiyanın bazis düsturlarında belə bir müddəa yoxdur ki, demokratiyanın əsas fəlsəfəsi, prinsipi məhz qadağalardır. Xeyr. Qadağaları və digər sanksiyaları, normativləri millətin iradəsi müəyyənləşdirir. Mən keçən dəfə də burada vurğulamışdım ki, ən böyük Konstitusiya xalqın iradəsidir. Biz belə bir vəziyyətə məruz qoyula bilmərik. Mən bütün müddəaların üzərində dayana bilərdim, amma bilirəm ki, əsasən, bir maddənin üzərinə gələnlər var.
Bir neçə ölkəni, məsələn, zamanında yüz illər boyu bu müddəanın olmadığı bir ölkəni kimsə qeyri-demokratik elan edə bilmir. Məsələn, Azərbaycana bütövlükdə Amerikanın siyasi sistemini köçürmək olarmı? Əgər belə olsa, onda bizdə Prezidentin seçilməsi tamamilə ayrı bir formul ilə baş verəcək. Yenə də həmin adamların o müddəası işləmir ki, Avropa bunu artıq qəbul edib və sair. Başqa məsələlər də deyiləcək ki, parlament üsuli-idarəçiliyi olan ölkələrdə Baş nazir dəfələrlə ölkəni idarə edə bilir. Məhdudiyyət nəzəriyyəsi onların praktikasında işləmir. Nə əcəb onda bunların yadına həmin arqumentlər düşmür?
Cənab Sədr, mən hesab edirəm ki, bu məsələ ilə bağlı burada aparılan müzakirələr və xalqın gələcəkdə referendumda iştirakı sübut edəcək ki, bu təşəbbüs məhz insanlardan gəlir. Bütün müddəalar səs qazanacağı təqdirdə Konstitusiyanın ayrılmaz tərkib hissəsinə çevriləcək.
Bizdə belə bir forma təklif oluna bilməz ki, güclü şəxsiyyət, sadəcə, hansısa formal məsuliyyətdən kənarda qalmış olsun, yaxud başqa qüvvələrdən ibarət alternativlər millətə seçim üçün təqdim olunsunlar. Ölkənin mənafelərini təmin edən qüvvəni kənarda qoyaraq başqa alternativlər içərisindən seçim etmək demokratiya deyil. Buna yönəlmiş ayrı-ayrı qüvvələrin çağırışlarına baxmayaraq, heç bir yerdə nə bir müqavimət hərəkatı, nə də başqa bir proses var. Əksinə, bu məsələ ilə bağlı xalqın müdafiəsi var. Kimsə demək istəyirsə ki, bütövlükdə Qərb demokratiyasının bütün ünsürlərini, məsələn, bu gün daş-kəsəklə silahlanmış Yunanıstan demokratiyasının elementlərini Azərbaycana gətirməlidir və demokratiya budur, həmin şəxs yanılır.
Mənim aləmimdə demokratiya daha çox stabil, dayanıqlı, inkişaf edən bir sistemdir. Mahiyyət etibarilə biz belə bir yol qarşısındayıq. Dediyimiz kimi, artıq Konstitusiya Məhkəməsinin rəyindən sonra bu təşəbbüsləri bir qərar halına salır, referendum günü təyin olunur və sivil qaydada dünyanın başqa ölkələrində olduğu kimi, səsverməyə gedirik. Bu, normal yoldur. İkinci yol ondan ibarətdir ki, millət özü meydanlarda bu dəyişiklikləri edir və özünün gələcək dönəmində güclü saydığı, millətin maraqlarını, mənafelərini təmin edən liderinə səs vermiş olur.
Cənab Sədr, mən bu dəyişiklikləri və təkmilləşdirmələri özündə ifadə edən müddəaları qəbul edirəm və çox ümidvaram ki, millətimiz də buna səs verəcək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən bu gün müzakirələrin formasını başqa cür başladım. İlk növbədə, komissiya sədrlərinə söz vermədim. Yəni bu məsələ bilinir, müzakirə aparılır. Arada komissiya sədrlərinə də söz veriləcək. Mən layihəni hazırlayan daimi komissiyaların sədrlərini deyirəm. Yəni Rəbiyyət xanıma, Əli müəllimə arada söz verəcəyik. Buyursun İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Konstitusiyaya dəyişikliklərlə, referendum aktı ilə bağlı çox mühüm olan, xalqımızı kifayət qədər ciddi narahat edən, cəmiyyətin müxtəlif təbəqələrini uzun müddət müzakirələrə və mübahisələrə cəlb edən bir məsələ haqqında fikirlərimi bildirmək istərdim. Çox təəssüf ki, indiyə qədər çıxış edənlər və qanun layihəsinin, yəni dəyişikliklərin təşəbbüsçüləri kimi çıxış edənlər bunu həm də xalqın adından bəyan edir, ictimaiyyətin, xalqın bunu tələb etdiyini deyirlər. Əgər xalqın, ictimaiyyətin belə bir tələbi var idisə, bu referenduma getməməli və xalqın tələbi bu şəkildə də əsaslandırılmalı idi. Amma xalqın tələbi kimi Milli Məclis, yaxud başqa strukturlar qarşısında referendumla bağlı məsələ qaldırıla bilməzdi.
Yeni Azərbaycan Partiyasından olan dostlarımız, həmkarlarımız, millət vəkilləri əsaslandırırlar ki, Azərbaycan inkişaf edir və inkişaf etmiş ölkədə də bu tipli dəyişikliklər vacibdir, yaxud Konstitusiya ehkam deyil. Bəli, Konstitusiya ehkam deyil, amma dəyişikliyi zəruri edən səbəblər ortaya qoyulmalıdır. Çox təəssüf ki, bu gün, dünən və bundan əvvəl də bu təklifi verənlərin heç biri bu zərurətin nədən doğduğunu izah edə bilmədi. Biz inkişaf edirik və inkişaf ediriksə, hökmən Konstitusiyaya dəyişiklik etməliyik?
Qərb demokratiyasından, Avropadan, Amerikadan çoxsaylı, çeşidli misallar gətirənlərin hamısı orada müəyyən dövrlərdə prezidentliyin bir neçə müddətə olmasını rəqəmlərlə yadımıza saldılar. Hamı unudur ki, həmin dövrdə inkişaf etməmişdilər. İnkişaf etmədiklərinə görə də həmin qanunların təkmilləşdirilməsi prinsipindən müəyyən dövr üçün imtina etmişdilər. Amma təkmilləşib inkişaf etdikdən sonra artıq demokratiyaya da bir sərhəd qoydular, seçimə də bir sərhəd qoydular ki, normal rəqabət prinsipi yaransın. Qəribə məntiq yaranır. Onlar inkişaf edəndə məhdudiyyət qoyurlar, biz inkişaf edəndə məhdudiyyəti götürürük. Ya qəbul edin ki, biz inkişaf etməmişik, biz hələ çox geridəyik və geridə olduğumuz üçün inkişafın əsasını qoymalıyıq. Ya da qəbul edin ki, bu dəyişiklikləri, sadəcə, bu gün mövcud hakimiyyətin saxlanılması imkanlarının yollarından biri kimi dəyərləndiririk. Bu, məsələnin birinci tərəfi.
Məsələnin ikinci tərəfi. Bunu insanların seçmək, seçil-mək hüququna məhdudiyyət kimi, habelə demokratik prinsiplərə zidd mövqe kimi də dəyərləndirirlər. Əslində, bu cür yanaşma demokratik təfəkkürlü insanın obrazından uzaq fikirlər söyləməyə gətirib çıxarır. Hər kəs bilir ki, demokratiya, əslində, başqalarının da hüquqlarını və imkanlarını tanımaqdır. O cümlədən bu prinsiplər ona görə bu şəkildə məhdudlaşdırılıb ki, müəyyən bir dövr ərzində dövlətə, millətə xidmət təmənna və öz arzu-istəklərini həyata keçirmək baxımından yox, ona verilən səlahiyyət çərçivəsində milləti, dövləti təmsil etmək kimi dəyərləndirilsin. Çox təəssüf ki, bunu da, sadəcə, insanların seçim hüququnun məhdudlaşdırılması kimi dəyərləndirirlər.
Mən keçən çıxışlarımın birində dedim. Əgər belədirsə, onda prezidentliyə namizəd üçün 35 yaş, parlamentə 25 yaş, bələdiyyəyə 21 yaş həddində qoyulan məhdudiyyətləri götürmək lazımdır. Evlənmək yaşını da aradan qaldırmaq lazımdır, məhdudiyyət tətbiq etmək lazım deyil. Bütün bunların hamısı ona görə ölçülüb-biçilir, ona görə şərtlər daxilində edilir ki, fiziki göstəriciləri, ağlı və imkanı, təcrübəsi əsas götürülür. O cümlədən 10 il müddətinə Prezident seçilməsi onunla əsaslandırılır ki, 10 il müddətində millətinə, dövlətinə, onu seçən xalqa kifayət qədər dürüst xidmət olunsun, həmçinin növbəti mərhələnin daha uzun olacağını görüb avtoritarizmə, ondan sui-istifadə hallarına yol verilməsin. Mən hesab edirəm ki, bu gün Konstitusiyanın 101.5-ci maddəsinə edilən dəyişikliklər zamanın zərurəti, zamanın tələbi, inkişafımızın tələbləri səviyyəsindən yox, hakim Yeni Azərbaycan Partiyasının hakimiyyət dövrünü uzatmaq istəyindən irəli gələn bir şeydir.
Mən Konstitusiyanın digər bəndlərinə olan dəyişikliklərlə bağlı da öz fikirlərimi demək istəyirdim. İlk növbədə, 40 min nəfərin imza toplayaraq dəyişiklik tələbini ortaya qoymaq məsələsi çox qorxulu tendensiyadır, Azərbaycan üçün çox pis bir nümunə yaradacaq. Azərbaycan milli etnik konfliktlərin mövcud olduğu və hər zaman qonşu dövlətlər tərəfindən təhdid olunan bir yerdir. Azərbaycanda bununla bağlı qonşu dövlətlər, adını çəkmək istəmədiyim dövlətlər dəfələrlə təhlükəli tendensiyalar yaradıblar. Dəfələrlə bununla bağlı Azərbaycanda presedentlər formalaşdırıblar. Bununla bağlı bu gün də xarici ölkələrdə qruplar formalaşdırılır, işlənilir. Azərbaycanın dövlətçiliyi əleyhinə fəaliyyət göstərən qüvvələr var.
Sabah bu 40 min adamın adından ayrı-ayrı dövlətlərin maraqlarını ifadə edən qruplar və regionlar, milli-etnik qrupun nümayəndələri Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məsələsini qaldıracaqlar və Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı müraciətlər edəcəklər. Onun hüquqi nəticəsini gözləməyəcəklər, onun hüquqi nəticəsinin Azərbaycan parlamentində, yaxud da Azərbaycan dövlətində qəbul ediləcək qərara uyğun olaraq referenduma çıxarılmasını gözləməyəcəklər. Sadəcə, bəyan edəcəklər. Necə ki 1988-ci ildə Dağlıq Qarabağ bəyan etdi. Necə ki 1988-ci ildə Dağlıq Qarabağ Azərbaycandan ayrıldı. Elan edəcəklər və onların arxasında duran xarici dövlətlər, xarici qruplar, ayrı-ayrı beynəlxalq təşkilatlar milli-etnik qrupların hüquqlarının tapdalanması adı altında, Azərbaycanın federal subyektlərə bölünməsi adı altında onlara dəstək verəcəklər.
Bu Konstitusiya dəyişiklikləri nəyə gedir? Niyə 40 min vətəndaşın birdən-birə Konstitusiyaya dəyişikliklər edilməsi zərurəti ilə müraciət etmək prinsipi yaranır? Bu, Azərbaycan dövləti üçün, Azərbaycan dövlətçiliyi üçün çox ciddi təhlükə törədir. Ona görə də Azərbaycanda indiyə qədər Konstitusiyada müəyyən olunmuş səviyyədən başqa kimsəyə Konstitusiyaya dəyişiklik etmək səlahiyyəti verilməməlidir. O cümlədən dediyim 40 min vətəndaşa.
Milli Bank və Mərkəzi Bank anlayışlarına gəlincə, bu gün Azərbaycanın dövriyyədə olan pul nişanları var. Azərbaycanın dövriyyədə olan pul nişanlarının çap olunması üçün kifayət miqdarda pul xərclənib. Nə mənası var: Mərkəzi Bank, ya Milli Bank? Əgər Azərbaycan dövlətinin maraqlarını özündə ehtiva edən bir məsələ bütövlükdə pul nişanlarının üzərində əks olunursa, həmin funksiya yerinə yetirilirsə, niyə adını dəyişməliyik? Bu məsələ 101.5-ci maddəni əsaslandırmaq üçün Konstitusiyaya edilən paketlərin digər hissəsidir.
Digər tərəfdən əgər Konstitusiyaya dəyişiklik bu qədər vacib və əsaslandırılmış şəkildə edilirsə, Azərbaycanda siyasi sistemin formalaşması və siyasi sistemlər münasibətinin fərqli bir müstəviyə keçirilməsi üçün proporsional seçki sistemi bərpa olunaydı.
Proporsional seçki sistemi ilə yanaşı, Azərbaycanda dəfələrlə mənim tərəfimdən, başqa millət vəkilləri tərəfindən səsləndirilən Azərbaycan dilinin dövlət dili məsələsi gündəliyə salınaydı. Bir dəfə burada mən məsələni qaldırarkən bir neçə millət vəkili bununla bağlı əks mövqe ifadə ediblər. Bəli, Azərbaycan dövlətində çoxsaylı etnik qruplar yaşadığı kimi, Azərbaycan əhalisinin 95 faizi Azərbaycan türkləridir. Biz də dünyanın heç bir yerində analoqu olmayan şəkilçili bir millət adından imtina etməliyik. Dilimiz də, millətimiz də Konstitusiyada öz adıyla – Azərbaycan türkü kimi təsbit olunmalıdır. Bu, heç kimin hüquqlarının tapdanması deyil, heç kimin hüquqlarına qarşı getmək demək deyil.
Bu gün Azərbaycanda yaşayan çoxsaylı etnik qruplar özlərini öz adları ilə çağıra bilərlərsə, sonda “biz də azərbaycanlıyıq” deyə, ümumi bir azərbaycançılıq ideyası ilə çıxış etdiklərini bəyan edirlərsə, mən də türkəm, mən də Azərbaycan türkü kimi pasportlarımızda da, şəxsiyyət vəsiqələrimizdə də, Konstitusiyamızda da millətin adının yazılmasının və təsbit olunmasının tərəfdarıyam. Bu, qarışıqlıq, yaxud qarşıdurma yaratmır. Əksinə, ölkədə bəzi dini, ekstremist qrupların, habelə milli qrupların iddia etdiyi kimi, onların sayının dəfələrlə şişirdilməsinə yox, aborigen xalqın sayının nə qədər olmasına əsaslanan bir faktı  göstərir. Sonda mən bir daha bu təşəbbüslə çıxış edənlərin əleyhinəyəm. Amma bir daha sizin hamınızdan çox xahiş edirəm, 40 min nəfərin Konstitusiyaya dəyişiklik etmək hüququnu qətiyyətlə bu dəyişikliklərdən çıxarasınız. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mənim çıxış etmək fikrim yox idi, amma İqbal müəllimin bir-iki fikrinə münasibət bildirmək istəyirəm. Bilirsiniz ki, burada əyləşənlər millət vəkilləridir. Millət vəkilləri kimdir? Bunlar da xalqın nümayəndəsidir, xalqın seçdiyi insanlardır. Konstitusiyaya dəyişiklikləri referenduma çıxarmağa onların ixtiyarı var. O demək deyil ki, gərək bütün millət referendum tələb eləsin. Səni millət seçir. Əgər fikrin varsa, referendum keçirilməsi üçün burada qanun qəbul edirsən. Milli Məclis bütün prosedur məsələləri öz qaydasınca yerinə yetirib. Milli Məclisə təşəbbüslə müraciət ediblər və Milli Məclis təşəbbüsə baxıb, Konstitusiya Məhkəməsinə göndərib. Ondan qabaq məsələyə komissiyalarda baxılıb. Qanun pozuntusu yoxdur. Referendum keçirmək üçün gərək 8 milyon yarımlıq xalqı yığaq? Səni xalq seçib, belə məsələlər olanda ortaya çıxasan. Bu bir.
İkinci məsələ. Bəli, Azərbaycan inkişaf edən ölkədir. Siz deyəcəksiniz ki, 5 il qabaq, 10 il qabaq Fransa, Hollandiya inkişaf eləmişdi, yaxud geridə qalmışdı. Belə misallar düz çıxmır. Onlarda eyni qanunlar var idi, indi də var. Bu dəyişikliklər həyatdan irəli gəlir. Çıxış edəndə ətrafa baxmaq lazımdır.
O ki qaldı 40 min vətəndaşın qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsinə, Konstitusiyaya dəyişiklik onlara səlahiyyət vermir ki, qanunvericilik səlahiyyətindən çıxış eləsinlər. İkinci, Azərbaycanda regional referendum yoxdur, Azərbaycanda yeganə referendum var. Onu qarışdırmaq lazım deyil.
Üçüncü məsələ. Siz bunu təkzib edirsiniz. Keçən dəfə iclasda mən bütün millət vəkillərinə müraciət elədim, dedim ki, kimin təklifləri varsa, komissiyaya versinlər. Əfsuslar olsun ki, Siz də komissiyada olmadınız. İndi burada deyirsiniz. Yəni demək istəyirəm ki, məsələlər ardıcıllıqla həll olunsun. Hamıdan xahiş elədik, kimin nə fikri varsa, komissiyaya versin, baxılsın. Burada heç kimin nə səlahiyyəti, nə də hüququ pozulub. Çıxış edəndə bir az ardıcıllıqlara fikir verək. Buyurun, Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm, hörmətli Sədr. Əlbəttə, mən də bu gün “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi” ilə əlaqədar fikirlərimi bildirmək istəyirəm. Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər edilir. Burada ən vacib məsələlərdən biri odur ki, biz insan, vətəndaş hüquqlarının gözlənilməsi sırasında əlavə və dəyişikliklər edirik. Əlbəttə, Azərbaycan 13 ildir ki, yeni Konstitusiya qəbul edib. 13 il keçməsinə baxmayaraq, Azərbaycan çox inkişaf edib. Cəmiyyət demokratikləşib, bu inkişaf nəticəsində biz, ola bilər ki, vaxtaşırı Konstitusiyada referendum yolu ilə belə dəyişikliklər apara bilək. Ona görə 29 maddəyə əlavə və dəyişikliklərə mən öz fikrimi bildirmək istəyirəm. Bir az qısa danışmaq istərdim.
17-ci maddəyə dəyişiklik edilir. Həmin maddə “Ailə, uşaqlar və dövlət” adlandırılır. Burada “Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır” deyilən hissə var. Mən, həqiqətən, bunu bəyənirəm. Ona görə ki, bu gün kiçikyaşlı uşaqları hər yerdə işlədirlər. İşıqforlarda dayanmaq olmur, uşaqlar bütün günü küçədə hərəkət edirlər. Hesab edirəm ki, referendum keçirildikdən sonra bu işlə məşğul olan qurumlar belə məsələlərə yanaşarlar. Bu gün uşaqların mənəviyyatı, tərbiyəsi ilə məşğul olunmasa, onlar belə işlərə cəlb edilsələr, həmin uşaqların gələcəyi çox çətin olacaq.
Eyni zamanda, 18-ci maddədə dəyişiklik təklif olunub. Təklif olunur ki, insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd olan dini təriqətlərin yayılması və təbliği qadağan edilsin. Bu da vacib məsələdir. Bu yaxınlarda bizim məscid olayları hamımızın yadındadır ki, orada terrorizm hadisəsi baş verdi. İnsan tələfatı oldu. Bu gün Azərbaycanda bəzi dini təriqətlər, mən sizə deyim ki, pulla, maraqlandırma prinsipi ilə insanların dinini dəyişdirmək, əsasən də vəhhabiliyin Azərbaycanda yayılması qorxusu var. Ona görə də Konstitusiyaya bunun əlavə edilməsi vacib məsələdir.
Konstitusiyanın şəxsin toxunulmazlıq hüququ, məlumat azadlığı, insan hüquqları və vətəndaş hüquqları ilə əlaqədar olan 32, 50 və 71-ci maddələrinə edilən əlavə və dəyişikliklər ilə bağlı bir neçə kəlmə demək istəyirəm. 32-ci maddəyə edilən əlavədə deyilir: “Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır”. Eyni zamanda, burada göstərilir ki, şəxsin xəbəri olmadan onun haqqında məlumatların yığılmasına yol verilmir. Ancaq son zamanlar bizdə demokratik cəmiyyət adı altında mətbuat orqanları, əsasən də müxalifət istədiyi təhqirləri, istədiyi məlumatları yayırlar. Bu necə qəbul oluna bilər? Burada insan və vətəndaş hüquqları qorunur. Ona görə yaxşı olardı ki, bu məsələyə ciddi yanaşılsın. Belə orqanların məhkəməyə verilməsi məsələsi kəskin qoyulmalıdır. Məhkəməyə də veriləndə bunlar başlayırlar qışqırıq salmağa ki, yox, olmaz, mətbuatı məhkəməyə vermək olmaz. Mətbuat da söz azadlığını gözləməlidir. Vətəndaşın ailə hüquqlarına toxunmamalıdır. Mən hesab edirəm ki, bu, vaxtında qaldırılmış məsələdir və bunu da dəstəkləyirəm.
Bir məsələyə də toxunmaq istəyirəm. 39-cu maddədə sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunur. Bu maddəyə üçüncü, dördüncü hissələr əlavə edilir. Dördüncü hissədə deyilir: “Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir”. Bilirsinizmi, son zamanlar xaricdən Azərbaycana xeyli miqdarda ağaclar, mənşəyi bəlli olmayan kollar gətirirlər. Bu il Azərbaycanda bütün ağaclar, bitkilər xəstəliyə tutulub. Bunun arxasında duranlar var. Düzdür, bizdə karantin var, ola bilər, buna yaxşı münasibət göstərmirlər. Mən hesab edirəm ki, bu hissənin əlavə olunması çox yaxşı haldır və gələcəkdə bitkiçiliyin inkişafı üçün şərait yaradacaqdır. Belə bir hissənin əlavə edilməsi vaxtında qaldırılmış məsələdir.
Bayaq hörmətli Oqtay müəllim də bu məsələni qeyd etdi. Hesab edirəm ki, hərbi əməliyyatlar zamanı Milli Məclisin səlahiyyət müddətinin artırılması, eyni zamanda, Prezident səlahiyyətləri müddətinin uzadılması da çox vacib məsələlərdir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Buna baxmayaraq, biz sülh danışıqlarını davam etdiririk. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, lazım gələrsə, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə geri alacaqdır. Hesab edirəm ki, bu, vacib məsələdir. Sülhpərvər dövlət olmağımıza baxmayaraq, elə bir şərait yaranarsa, Milli Məclisin də, Prezidentin də səlahiyyət müddətlərinin artırılması çox vacibdir.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Prezident səlahiyyətlərinin iki müddətdən artıq olmaması ilə əlaqədar məsələyə bu gün başqa-başqa don geyindirirlər, buna etiraz edirlər. Mən hesab edirəm ki, burada nə monarxiya, nə də krallıq var. Biz Prezident seçmirik, Konstitusiyaya dəyişiklik edirik. Hələ gələcəkdə kim Prezident olacaq, kimin namizədliyi irəli sürüləcək, bunu gələcək göstərəcək. Bu gün bizim məqsədimiz odur ki, insan hüquq və azadlıqları pozulmasın. Nəyə görə buna iki dəfə məhdudiyyət qoyulsun? Bu mənada hesab edirəm ki, çox vacib, xalqın ürəyindən gələn məsələdir. Burada qərar layihəsi də bizə verilib və təklif olunur ki, martın 18-də referendum keçirilsin. Hesab edirəm ki, martın 18-i yaxşı vaxtdır. Ona görə ki, referendumun yay aylarında keçirilməsi düz gəlmir. İnsanlar məzuniyyətdə olurlar. Yaxşı vaxtdır, Novruz bayramından əvvəl belə bir referendumun keçirilməsi xalqın ürəyindən olacaq. Mən hesab edirəm ki, hamımız buna səs verməliyik. Sonda hamınıza təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli millət vəkilləri, müzakirəmizə təqdim olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi ciddi, xüsusi əhəmiyyət kəsb edən siyasi-hüquqi sənəddir. Mən çox təəssüf edirəm ki, bəzi həmkarlarımız məsələnin mahiyyətini, onun obyektiv təhlilini tamam kənara qoyaraq öz çıxışlarını konyunktur və siyasi demaqogiya üzərində qurmağa çalışırlar. Daha çox mətbuat üçün çıxış edirlər ki, mətbuat onları bu və ya digər şəkildə gündəlikdə saxlasın. Eyni zamanda, Milli Məclisdən kənarda “ənənəvi müxalifət” deyilən müxalifət və onların funksionerləri də özlərinin ənənələrinə sadiq qalaraq inikas mövqe nümayiş etdirirlər. Bunun üzərində çox ciddi dayanacağam və fikirlərimi lakonik şəkildə ifadə etməyə çalışacağam.
Bu sənədin dəyərini ictimai rəydə azaltmağa çalışırlar. Lakin xalq onları eşitmir. Konstitusiya Məhkəməsində bu məsələyə baxıldığı gün müxalifətin 6 partiyası Konstitusiya Məhkəməsinin qarşısına 3 nəfərdən artıq adam çıxara bilmədi. Hər partiyaya yarım adam düşdü. Bu o deməkdir ki, hətta ən ciddi bəyanatlarla çıxış edən radikal müxalifətin də həmin məsələ ilə bağlı öz partiya üzvləri, silahdaşları arasında da dəstəkləri və nüfuzları yoxdur. Məndən öncə çıxış edən müxalifət partiyalarının bəzi nümayəndələri bu qanunun əhəmiyyətini, vacibliyini, zəruriliyini bir kənara qoyaraq, bir daha təkrar edirəm, populist çıxışlara yol verdilər. Çox təəssüf edirəm ki, həmin adamlardan biri indi burada yoxdur, istərdim, o, burada olsun və mənim söyləmiş olduğum fikirləri alternativ fikir kimi qəbul etsin.
Söhbət nədən gedir? Hörmətli millət vəkilləri, biz 4–5 il bundan öncə Konstitusiyada dəyişikliklər edilməsi haqqında dəfələrlə Milli Məclisin tribunasından məsələ qaldırmışıq. Məsələn, kimsəsiz uşaqlara dövlət qayğısı məsələsi dəfələrlə burada müzakirə olunub. Bu uşaqlara dövlət qayğısı göstərilməlidir. Bununla bağlı ayrı-ayrı qanunlarda fikirlər ifadə olunsa da, Konstitusiyada xüsusi maddə ilə göstərilməsi, heç şübhəsiz, həmin uşaqlara, bu cür kateqoriyalı insanlara dövlətin qayğısının ifadəsi olardı. Konstitusiyaya təklif edilən dəyişikliklərin, 29 maddənin 12-si birbaşa insan hüquqları və azadlıqları ilə bağlıdır. Bilavasitə ancaq insan hüquqları və azadlıqlarına xidmət eləyən, onu təkmilləşdirən dəyişikliklər və əlavələrdir.
Bəlağətli çıxış eləyən, ayrı-ayrı kütləvi informasiya vasitələrinə palaz-palaz müsahibə verən hörmətli həmkarlarımız insan aktlarından danışanda niyə qeyd etmirlər ki, Konstitusiyada insan haqları, azadlıqları ilə bağlı edilən 12 dəyişiklik müsbətdir, əhəmiyyətlidir, vacibdir. Bütün insanların qanun qarşısında eyni səlahiyyət daşımaları, eyni hüquqa malik olmaları, dördüncü hakimiyyətin nümayəndələri olan bir sıra qəzetlərin insanların həyatına gətirdikləri xoşagəlməz halların qarşısının Konstitusiya səviyyəsində alınması məgər cəmiyyətin və vətəndaşların hüquqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edən məqamlar deyilmi?
Başqa bir məsələ, Konstitusiyaya əlavə və dəyişikliklərin ikinci kateqoriyası Milli Məclisə – qanunverici orqana aiddir. Burada dəfələrlə məsələ qaldırıldı ki, Milli Məclis qapalı yığıncaqlarını keçirsin. Qapalı yığıncaqların keçirilməsi haqqında əlimizdə qanuni bir dəstək yoxdur. Bu da Konstitusiyaya dəyişiklik kimi nəzərə alınıb. Dəfələrlə burada söylənilib ki, gəlin, bu və ya digər məsələ ilə bağlı qapalı yığıncaqlar keçirək. Bu da artıq Konstitusiyada öz əksini tapacaq. Milli Məclisin səlahiyyətlərinin artırılması baxımından edilən dəyişikliklər və əlavələr də, əlbəttə, son dərəcə əhəmiyyətli və vacibdir.
Sonra, hakimiyyətin digər qolu, məhkəmə hakimiyyətinin gücləndirilməsi, təkmilləşdirilməsi, bələdiyyə institutlarının fəaliyyəti ilə bağlı Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər daha geniş maddələri əhatə edir. Prezidentlə, Prezidentin səlahiyyəti ilə bağlı Konstitusiyaya hər hansı bir əlavə yoxdur. Sadəcə olaraq, bir maddədə göstərilir ki, müəyyən müqavilələrin bağlanmasında Prezidentə belə bir səlahiyyət verilir. 101-ci maddə isə insan aktlarının qorunmasına xidmət edən maddədir. Seçicilərin hüquqlarının məhdudlaşdırılmasının aradan qaldırılmasına xidmət eləyən maddədir. Bu məsələnin ətrafında xüsusi ajiotaj yaratmağa və Yeni Azərbaycan Partiyasının simasında günahkar axtarılmasına və həmin məsələ ətrafında geniş müzakirə açanda hörmətli cənab Prezidentin adının bu və ya digər şəkildə hallanmasına heç bir ehtiyac yoxdur. Söhbət ciddi xarakter daşıyan Konstitusiya islahatından gedir.
Mənə elə gəlir ki, təqdim edilmiş əlavə və dəyişikliklər hüquqi, demokratik, dünyəvi Azərbaycan dövlətinin inkişafına xidmət edən əlavə və dəyişikliklərdir. Bunun başqa adı yoxdur. Ona görə də mən Referendum Aktına müsbət münasibətimi bildirəcəyəm. Ümidvaram ki, 2009-cu il mart ayının 18-də Azərbaycan xalqının mütləq əksəriyyəti cəmiyyətimizin daha yüksək səviyyədə inkişafına xidmət eləyən Referendum Aktına müsbət münasibət bildirəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hesab edirəm ki, bu gün Azərbaycan parlamentinin tarixində əlamətdar iclas keçirilir. Əvvəla, ona görə ki, parlament Azərbaycan Respublikasında konstitusion quruluşun əsaslarının daha da möhkəmləndirilməsi, Azərbaycan Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi məqsədlərinə xidmət edən Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar məsələni müzakirə edir və qərar qəbul edəcəkdir.
Bu gün Azərbaycan parlamentinin gündəliyinə salınmış digər bir məsələ Təhsil haqqında qanun layihəsinin müzakirəsidir. Güman edirəm ki, bu, parlamentin iclasının əlamətdar mahiyyət kəsb etməsinə təsir göstərir. Azərbaycan cəmiyyətində təxminən 15 il ərzində müzakirə predmetinə çevrilmiş qanun layihəsi, nəhayət, bu gün parlamentin müzakirəsinə çıxarılır və mən inanıram ki, ikinci oxunuşda da qanun layihəsi deputatların müsbət rəyini qazana biləcəkdir. Mən məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, parlamentin dekabr ayının 16-da keçirilən iclasında qaldırılan məsələ ilə əlaqədar Milli Məclisin qəbul elədiyi qərar Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənib. Ötən müddət ərzində ictimaiyyət arasında aparılan müzakirələr bunu birmənalı şəkildə sübut edir.
Eyni zamanda, bu fikri təsdiqləyən digər bir dəlil də ondan ibarətdir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi Milli Məclisin referendum keçirilməsi ilə əlaqədar təkliflərini Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə tam uyğun hesab edib. Bütün bunların hamısı onu göstərir ki, Milli Məclisin irəli sürdüyü bu təşəbbüs və dəyişikliklər paketi Azərbaycan xalqının ictimai və dövlətçilik maraqlarına kifayət qədər uyğun gəlir. Əlbəttə, Konstitusiyaya edilməsi nəzərdə tutulan bütün əlavələr və dəyişikliklər Azərbaycanın indiki inkişaf mərhələsinin irəliyə sürdüyü reallıqlardan çıxış edir. Mən güman edirəm ki, bütün bunların hamısını qəbul etməklə biz Azərbaycanın Konstitusiyasının daha da təkmilləşdirilməsinə səs vermiş olacağıq.
Bu gün Azərbaycan cəmiyyətində, bəzi hallarda da parlament deputatlarının bəzilərinin arasında Konstitusiyaya edilən əlavə və dəyişikliklərin mahiyyətinin təhrif edilməsi istiqamətində də cəhdləri görürük. Əsas etibarilə bütün bunlar başlıca olaraq bir şəxsin iki dəfədən artıq Prezident seçilməsi ilə əlaqədar Konstitusiyada müəyyənləşdirilmiş məhdudiyyətin aradan qaldırılması ilə əlaqədardır. Mən bu təklifi irəli sürərkən fikirlərimi ötən iclasda əsaslandırmışam, onları təkrar eləməmək şərti ilə digər dəlillərimi də səsləndirmək istəyirəm.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi hallarda demokratiya normaları ilə hüquq normalarının yeri səhv salınır. Seçkilərin mütəmadi olaraq keçirilməsi, hakimiyyətin seçkilər vasitəsilə formalaşması demokratiya normalarıdır. Təbiidir ki, bu demokratiya normaları hər bir ölkənin hüquq normalarına salınaraq konkretləşdirilmiş olur. Seçkilərin 3 ildən bir keçirilməsi, Prezidentin 3–4 və yaxud 5 ildən bir seçilməsi demokratiya normasının bu və ya digər ölkənin hüquq normasına çevrilməsi deməkdir. Heç bir əsasla iddia etmək üçün dəlil tapa bilməzsən ki, 4 ildən bir keçirilən seçkilər demokratikdir, 5 və yaxud 6 ildən bir keçirilən seçkilər demokratik deyildir. Eyni ilə də seçkilərin mütəmadi keçirilməsi və hakimiyyətin mütəmadi keçirilən seçkilərlə formalaşması demokratiya normasıdır. Bu norma da ayrı-ayrı ölkələrin qanunvericilik praktikasında hüquq normasına salınanda müəyyən məhdudiyyətlər qoyulur ki, Prezident bir və ya iki dəfə seçilsin, yaxud iki dəfədən də çox seçilsin. Prezidentin seçilməsi demokratiya normasıdır. Hakimiyyətin seçkilər vasitəsilə formalaşması demokratiya normasıdır. Amma Prezidentin bir müddətə və yaxud iki müddətə seçilməsi dünyanın heç bir ölkəsində demokratiya norması hesab olunmur. Bu hüquq normasıdır ki, hər bir ölkə özü üçün onu müəyyənləşdirir. Bu, məsələnin bir tərəfi.
Mən hesab edirəm ki, hakimiyyətin seçkilər nəticəsində formalaşması, Prezidentin bir və ya iki, yaxud üç müddətə seçilməsi demokratiya norması sayılmır, bu yalnız hüquq normasıdır. Mən məsələnin başqa bir aspektini də diqqətə çatdırmaq istəyirəm. Bu da ondan ibarətdir ki, bir şəxsin iki və ya üç, yaxud üç dəfədən artıq Prezident seçilməsi siyasi sistemin qüsuru və çatışmazlığı kimi təqdim oluna bilməz. Mən buna başqa prizmadan yanaşmağı təklif edirəm. Bu, bir şəxsin iki dəfə xalqın etimadını qazanması fürsətidir. Əgər üç dəfə seçilirsə, bu, bir şəxsin üç dəfə etimad qazanması deməkdir. Bizim üçün nə əlverişlidir? Seçilən şəxs yalnız bir dəfə etimad qazansın və ikinci dəfə xalq ona etimad göstərməsin? Seçilən şəxs ikinci dəfə etimad qazanırsa, bu o demək deyilmi ki, həmin şəxs ona göstərilən etimadı ən yüksək dərəcədə doğruldur və vəzifəsini yüksək peşəkarlıqla, məsuliyyətlə yerinə yetiribdir. Xalq ona ikinci dəfə etimad göstərirsə, xalq artıq qiymətləndirir ki, birinci dəfə göstərilən etimad ən yüksək səviyyədə doğruldulubdur. Deməli, bunun üçün istək olubdur, peşəkarlıq və siyasi iradə imkan veribdir ki, bu etimad doğruldulsun. Əgər xalq eyni şəxsə üçüncü dəfə etimad göstərirsə, bu o deməkdir ki, xalq həmin şəxsə ikinci dəfə də göstərdiyi etimadı ən yüksək səviyyədə doğrultduğu qənaətinə gəlibdir.
Biz nəyə görə xalqın tarixində, siyasi tarixdə heç də həmişə rast gəlinməyən belə unikal bir vəziyyətin yaranmasını pisləməyə çalışırıq? Nəyə görə xalqın üç dəfə etimad göstərmək istədiyi bir şəxsin üç dəfə bu etimada layiq olduğu faktını qeyd etmək əvəzinə bunu demokratiyanın məhdudlaşdırılması və yaxud başqa hansısa bir formada şərh eləməyə cəhdlər göstəririk? Mən belə hesab edirəm ki, biz məsələyə digər baxımdan yanaşmağa çalışırıqsa, bu baxımdan da yanaşaq. Bir nəfərin üç dəfə Prezident seçilməsi mümkün olacaqsa, bu artıq üçüncü dəfə xalqın həmin şəxsə etimad göstərməsi deməkdir. Əgər bundan artıq da etimad göstəriləcəksə, bu o deməkdir ki, xalq, sadəcə olaraq, göstərdiyi etimadın yüksək dərəcədə yerinə yetirilməsini qiymətləndirir və dəyərləndirir.
Mən hesab edirəm ki, Konstitusiyaya dəyişikliklər və əlavələr ilə əlaqədar Azərbaycan xalqı və Azərbaycan cəmiyyətinin mövqeyi və yanaşması bundan ibarətdir. Vətəndaşlar bu məsələyə məhz etimad göstərilən şəxsə münasibət və xalqın etimadına layiq olmaq kontekstindən yanaşırlar. Bu da Azərbaycan vətəndaşlarının həmin müddət ərzində təklif olunan məsələ ilə əlaqədar müzakirələrdə mövqelərini şərtləndirir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti belə yanaşmanı dəyərləndirir. Azərbaycanın Konstitusiyasının təkmilləşdirilməsi üçün Azərbaycanın Milli Məclisi bu təklifi verməklə tarixə öz töhfəsini bağışlayır. Güman edirəm ki, Azərbaycan vətəndaşları Milli Məclisin qəbul etdiyi bu qərar əsasında mart ayının 18-də öz sözlərini demək şansı əldə edirlər. Mən bütün millət vəkillərini Milli Məclisin Referendum Aktına səs verməyə səsləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Əhməd Vəliyev.
Ə. Vəliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, həmkarlarımın qeyd etdikləri kimi, bu gün gündəliyə çıxarılan məsələ xalqın, millətin, dövlətin taleyi ilə bağlı olduğuna görə çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bütün Azərbaycan xalqı bu fikri dəstəkləyir və yüksək qiymətləndirir. Ümumiyyətlə, həmkarlarımız bəzən yadlarından çıxarırlar ki, biz burada seçicilərimizi təmsil edirik. Bizim söylədiyimiz fikirlərin seçicilər tərəfindən nə cür qəbul olunub və yaxud olunmaması haqqında fikirləşməli və sonra danışmalıyıq. Ona görə də xalqın, dövlətin, millətin taleyi ilə bağlı məsələlər müzakirəyə çıxarılanda hər bir millət vəkili öz seçiciləri ilə bu və ya digər formada görüşərək həmin məsələni seçicilərlə bir qədər aydınlaşdırmalıdır.
Mən ümumi bir ənənə kimi, həmişə belə məsələlərdə öz seçicilərimə üz tuturam. Bu məsələ də gündəliyə gələn andan mən seçicilərimin müxtəlif təbəqələri ilə müxtəlif görüşlər keçirmişəm və müəyyən qədər müzakirələr aparmışıq. Yekunda mən bir qürur hissi duymuşam ki, doğrudan da, artıq Azərbaycan xalqı ağı qaradan seçə bilir. Mənim seçicilərim referendumun keçirilməsi fikrini ürəkdən dəstəkləyib və məndən xahiş ediblər ki, onların fikirlərini Milli Məclisə çatdırım. Deyiblər ki, məhdudiyyətin aradan götürülməsi, ümumiyyətlə, seçicilərin, həmin seçkilərdə iştirak edən insanların, eyni zamanda, siyasi partiyaların hüquqları baxımından demokratiyanın təntənəsi kimi qiymətləndirilməlidir.
Burada bəzi həmkarlarım qeyd etdilər ki, cəmiyyət, dövlət inkişaf edirsə, orada məhdudiyyət olmalıdır. Absurd bir fikirdir, mən hesab edirəm ki, cəmiyyət inkişaf etdikcə orada məhdudiyyətlər aradan götürülməlidir. Burada söhbət bugünkü rəhbərdən, Prezidentimizdən getmir. Ümumiyyətlə, ölkənin rəhbəri ağıllı siyasət aparırsa, xalq tərəfindən qəbul edilirsə, beynəlxalq aləmdə yüksək nüfuza malikdirsə, nəyə görə biz onun hüquqlarını məhdudlaşdırmalıyıq? Seçkilərdə, seçkili orqanda, ümumiyyətlə, məhdudiyyət olmamalıdır. Əgər xalq səs verirsə, seçirsə, deməli, orada hansı məhdudiyyətdən danışmaq olar? Biz bunları xalqın öhdəsinə buraxmalıyıq. Heç bir məhdudiyyət olmadan, ölkə rəhbəri, dövlətin başçısı xalqı qane edirsə, xalq səs verib yenidən, təkrar Prezident seçər, əgər qane etmirsə, Prezident seçməz. Burada nə narahatlıq var?
Əgər siyasi partiyalar, doğrudan da, insanları arxalarınca apara bilirlərsə, onlar da bu maddədən, dəyişiklikdən müəyyən qədər bir şey əldə edə biləcəklər. Hesab edirəm ki, bu gün bütün millət vəkilləri siyasi baxışlarından asılı olmayaraq, Referendum Aktının layihəsinə səs verəcəklər. Referendumun keçirilməsini öz seçicilərinə olduğu kimi, düzgün səviyyədə, məqsədli yox, real şəkildə çatdırılmasını həmkarlarımdan xahiş edirəm. Mən bu təklifi dəstəkləyirəm, ona səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Növbəti 5 nəfəri deyirsiniz? Siyavuş müəllim çox darıxır, amma Sizin adınız siyahıda yoxdur. Deməli, Fəzail İbrahimliyə söz verilir, hazırlaşırlar Jalə Əliyeva, Hadi Rəcəbli, Rafael Cəbrayılov, Pənah Hüseyn, Arzu Səmədbəyli. Altıncı Siyavuş Novruzov olacaq. Buyurun, Fəzail müəllim.
F. İbrahimli. Çox sağ olun, Ziyafət müəllim. Bu gün Milli Məclis kifayət qədər taleyüklü bir məsələnin müzakirəsi ilə məşğuldur. Biz fikir və mülahizələrimizdə bir neçə məqama diqqət yetirməliyik. Birincisi, Azərbaycanda referendumun keçirilməsinə nə qədər ehtiyac var? İkincisi, təklif olunmuş dəyişikliklər Azərbaycan xalqının istəyinə nə qədər uyğundur? Bu gün bunun üçün şərait varmı? Üçüncüsü, təklif olunan dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?
Birinci, Konstitusiyamız 1995-ci ildə qəbul edilib. Azərbaycanın siyasi-iqtisadi və ictimai durumu hamımıza məlumdur. İkinci, Azərbaycan beynəlxalq aləmdə necə qəbul edilirdi? Azərbaycanın bütün ideoloji işi bu səmtə yönəlmişdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu gün isə artıq Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisi kimi müzakirə obyektidir.
Burada komissiyalar tərəfindən təqdim olunmuş arayış kifayət qədər aydındır, hətta qeyri-peşəkarlar, yəni hüquq təhsili olmayanlar da bunu kifayət qədər anlayarlar. Sadəcə olaraq, ona yanaşmanın forması, içəridən gələn bir istək var. Bu cəhətdən də demək olar ki, təqdim olunmuş dəyişikliklər diqqəti cəlb edir. Ümumiyyətlə, təqdim edilmiş dəyişiklikləri və əlavələri şərti olaraq 3 qrupa bölmək olar, Ziyafət müəllim. Birinci qrup redaktə xarakterli məsələlərdir. İkinci, mahiyyət daşıyan məsələlərdir, üçüncüsü isə əlavələrdir. Məsələn, elə birinci qrupda, sadəcə olaraq, mücərrəd formada olan fikirlərə aydınlıq gətirilir. İkincisi isə mahiyyət xarakterli məsələlərdir. Məsələn, Milli Bankın “Mərkəzi Bank” adlandırılması belə məsələlərdəndir. Məsələyə yanaşdıqda belə çıxır ki, Azərbaycandakı bankların hamısı qeyri-millidir, bunların içərisində bir Milli Bankımız var? Amma əslində, “mərkəz” sözü bütün bankların fövqündə durur və idarəçiliyi həyata keçirir.
Üçüncü qrup dəyişikliklər isə yeni məsələlərdir. Əlbəttə, 1995-ci ildə bu məsələlər, məsələn, bələdiyyələrlə bağlı olan məsələlər gündəmə gətirilə bilməzdi. Azərbaycanda bələdiyyələrlə bağlı seçkilər 2000-ci ildə keçirilibsə və bələdiyyələr Azərbaycanın siyasi həyatına daxil olublarsa, təbii, bələdiyyələrlə bağlı məsələlər Konstitusiyada öz əksini tapmalı idi. Komissiya sədrlərinə mən təşəkkürümü bildirirəm, bu təklif mənim tərəfimdən irəli sürülüb və Referendum Aktının layihəsində öz ifadəsini tapıb.
Nəhayət, bu gün ən çox mübahisə doğuran, diqqət çəkən 101-ci maddənin V hissəsidir. Bilirsiniz, biz bəzən Avropa, Amerika demokratiyasına ifrat sevgi ilə baxırıq. Bu məsələnin əsaslandırılmasında daxili vəziyyət, dəlillər həlledici rol oynamalıdır. Amerikanı nümunə göstəririk. Açığını deyim ki, Avropa demokratiyası məni qıcıqlandırır. Əgər Amerika demokratiyası bizim qəbul etdiyimiz mütləq mənada demokratiyadırsa, onda işğal olunmuş Azərbaycana 9.7-ci bənd niyə tətbiq olunur? 13 ildir işğal edilmiş Azərbaycan torpaqları niyə azad olunmur? Bu məsələ niyə unudulur? İraqa bomba atılması Amerika demokratiyasıdır? Əfqanıstan məsələsi... Biz bu məsələlərə daxili vəziyyətimiz müstəvisində yanaşmalıyıq və bunu dəlil kimi ortalığa atmalıyıq. Hesab edirəm ki, məsələyə belə yanaşmaq lazımdır. Təklif olunmuş qərar layihəsi Azərbaycan xalqının, onun tarixinin, mədəniyyətinin, mənəviyyatının yaxşılaşdırılmasına doğru addımdır. Bütövlüklə bu dəstəklənməlidir. Hesab edirəm ki, Referendum Aktı müzakirəyə çıxarılacaq, son söz isə xalqındır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Cəmiyyət inkişaf etdikcə onun ayrı-ayrı sahələrini təşkil edən sosial, siyasi-iqtisadi münasibətlərin hüquqi tənziminə, o cümlədən mövcud qanunvericiliyin təkmilləşdirilməsinə olan zərurət aktual bir məsələyə çevrilir. Belə zərurətin tələblərinə cavab verən addımların atılması ictimai həyatımızın əsas sahələrinin daha da inkişaf etdirilməsinə imkan yaradır. Hüququn tətbiqi işini, eyni zamanda, asanlaşdırır.
Bu gün müzakirəyə təqdim olunan Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin hazırlanması məhz belə bir zərurətdən doğub. Referendum Aktının ana xəttini insan hüquqlarını, Azərbaycan vətəndaşlarını layiqli həyat səviyyəsi ilə təmin etmək və idarəetmə sistemini təkmilləşdirmək təşkil edir. Referendum Aktının 13 bəndi insan hüquqlarına həsr olunub.
Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə “sosial yönümlü” sözlərinin, 12-ci maddəsinin I hissəsinə “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin” sözlərinin əlavə edilməsi dövlətimizin yeni bir konstitusion statusundan, onun sosial dövlət olmaq statusundan xəbər verir. Bu o deməkdir ki, hüquqi dövlət olan Azərbaycan Konstitusiyaya təklif olunan bu dəyişikliklərlə öz vətəndaşlarının sosial problemlərinin həllini ön plana çəkir, dövlətin sosial sahədə fəaliyyətini əsas istiqamət hesab edir.
İnsanlarımızın sosial qayğılarının azaldılması və köklü həllini tapması yönündə son dövrlərdə ölkədə görülən işlər də elə bu əlavəni zəruri edir. Bu gün dövlətimizin diqqət mərkəzində olan ən əsas məsələ insan və insan amilidir. Referendum Aktının 3-cü bəndində nəzərdə tutulan və Konstitusiyanın 17-ci maddəsinə ediləcək dəyişikliklər və əlavələr də özlüyündə dövlətin sosial statusundan irəli gəlir. Belə ki, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar. Bu da uşaqlarımızın gələcəyini, onlara dövlət qayğısını təmin edir.
Ölkədə uşaqların və xüsusilə də valideynləri olmayan uşaqların normal şəraitdə yaşayıb böyüməsi, təhsil alması, yəni cəmiyyətin bərabərhüquqlu vətəndaşlarına çevrilmələri istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər və xüsusilə Heydər Əliyev Fondunun öz üzərinə götürdüyü müqəddəs missiya əvəzsizdir. Faktik olaraq bu sahədə atılan bütün müsbət addımlar Azərbaycan dövlətinin sosial yönümlü mahiyyətinin göstəricisidir. Referendum Aktı artıq faktik mövcud olan bu sosial mahiyyətə konstitusion status verəcəkdir.
Referendum Aktı ilə Konstitusiyanın 101-ci maddəsinin V hissəsinə və 84-cü maddəsinin I hissəsinə edilən əlavələr də hüquqi və siyasi əhəmiyyət kəsb etməklə seçkilərlə bağlı xüsusi konstitusion rejim yaradır. Ümumiyyətlə, müharibə şəraitində olan və ərazilərinin bir hissəsi düşmən tərəfindən işğal edilmiş dövlətdə seçkilərlə bağlı xüsusi qaydaların müəyyən edilməsi hər şeydən əvvəl milli maraqların qorunması baxımından zəruridir. Prezident öz statusuna görə dövlət başçısıdır və onun əsas vəzifəsi milli maraqları qorumaqdır. Bu baxımdan ərazilərini işğaldan azad etmək istiqamətində siyasi fəaliyyətini başlayan və danışıqlar prosesində uğurlar əldə edən bir şəxs var ikən müharibə şəraitində yeni prezident seçkilərinin keçirilməsinə, təbii, heç bir ehtiyac yoxdur.
Bir az bundan əvvəl hörmətli Əhməd Vəliyev çox əhəmiyyətli bir məqama toxundu və seçicilərin referendumun keçirilməsini dəstəklədiklərini dedi. Hörmətli Əhməd müəllimin səsləndirdiyi bir fikir iki ay bundan əvvəl Prezident seçkilərinin təbliğat kampaniyası dövründə yerlərdə, Azərbaycanın müxtəlif rayon və kəndlərində keçirdiyimiz görüşlərdə seçicilərimizin dilə gətirdikləri arzularını, təkliflərini mənə xatırlatdı. Bəli, Azərbaycan seçicisi deyirdi ki, biz Azərbaycanda Prezidentin səlahiyyət müddətinin artırılmasını istəyirik və referendum keçirilərək bu müddətin uzadılmasını, Prezidentin üçüncü, dördüncü müddətə seçilməsini arzu edirik. Bu, insanlarımızın arzusudur və düşünürəm ki, hüquqi dövlət olan Azərbaycanda Konstitusiyaya görə xalqa əsaslanan, xalqdan qaynaq alan bu fikirlər əsas götürülməlidir.
Mən yuxarıda qeyd etdiyim bütün fikirlərimə əsaslanaraq demək istəyirəm ki, məndən əvvəl bu mövzuda çıxış edən və Referendum Aktını dəstəkləyən bütün deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm və digər həmkarlarımı da bu layihəyə birmənalı olaraq səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Referendum aktının layihəsi ilə bağlı qərar fasilədən sonra qəbul olunacaq. Sağ olun.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Müzakirələri davam etdiririk. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! 2008-ci il başa çatır, Azərbaycan müasir tarixinin yeni mərhələsinə qədəm qoyur. Bizim bu gün müzakirəyə çıxardığımız məsələ də Azərbaycan tarixinin yeni mərhələsindən xəbər verir, bu mərhələ ilə həmahəng səsləşir. Ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda sosial rifah tipli dövlət qurulur. Bu quruculuq prosesində Azərbaycanda gedən demokratikləşmə prosesində reallıqlar bizim bəzi qanunlara və hüquqi normativ sənədlərə dəyişikliklər və düzəlişlər etmək zərurətini meydana qoyur. Konstitusiyada bəzi dəyişikliklərin və əlavələrin edilməsi zərurəti bugünkü reallıqlardan doğur. Mən onu xüsusi vurğulamaq istəyirəm ki, dünyada 1992-ci ildən 2006-cı ilə qədər 37 ölkədə konstitusiyalara dəyişikliklər aparılıb. Bu ölkələrin bəzisində 2–3 dəfə konstitusiyalarda dəyişikliklər edilib. Bu bir daha onu göstərir ki, konstitusiyalar, əslində, yeri gələndə, mütəhərrik ali qanunlardır və bu qanunlara da dəyişikliklər etmək zərurəti zamanla doğur. Sevindirici hal nədir?
Möhtərəm deputat həmkarımız Əli Əhmədov parlamentdə bu dəyişikliklərin edilməsi zərurətini səsləndirdi və parlamentin əksər deputatları bu təklifə qoşuldular. Biz müvafiq qaydalara uyğun olaraq Konstitusiya Məhkəməsinə müraciət etdik və bugünkü müzakirə də həmin Konstitusiya Məhkəməsinin qərarının nəticəsidir. Mən bu dəyişikliklərin xarakterini bayaq səsləndirilən fikirlərdən fərqli olaraq belə görürəm: 29 maddəyə edilən dəyişikliklərin böyük əksəriyyəti sosial xarakter daşıyır və insan hüquqlarının müdafiəsinə yönəlibdir. Digər dəyişikliklər də başqa yönümlüdürlər.
Mən fikrimi konkret faktlarla əsaslandırmaq istəyirəm. Məsələn, Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə “azadlıqlarının” sözündən sonra belə bir əlavə edilib: “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin” təmin edilməsi dövlətin ali məqsədidir. Bu cümlənin Konstitusiyaya yazılması bir daha göstərir ki, dövlətin baş məqsədi insanların həyat səviyyəsinin yüksəldilməsidir.
İkinci, 15-ci maddənin II hissəsinə edilən əlavədə sosial yönümlü iqtisadiyyatdan söhbət gedir. Biz əvvəllər, uzun müddət təkcə iqtisadiyyatdan danışırdıq, bu gün isə iqtisadiyyatın məhz sosial yönümlü olduğundan söhbət gedir. Bu da bizim reallıqlara tam cavab verir.
17-ci maddədə cəmiyyətin bünövrəsi olan ailədən söhbət gedir. Buraya əlavə edilən hissələr bir daha göstərir ki, cəmiyyət, bizim gələcəyimiz üçün ailə, uşaq və dövlət problemləri vacibdir. Bununla bağlı olan dəyişikliklərin hər biri uşaqların sosial müdafiəsinə yönəlib. Məhz Prezidentimizin gələn ili “Uşaq ili” elan etməsi də bir daha ondan xəbər verir ki, bu problem ölkəmizin prioritetlərindən biridir. Bu gün Təhsil haqqında qanun layihəsini müzakirə edərkən də biz məhz həmin ciddi məsələyə öz münasibətimizi bildiririk.
32-ci maddəyə əlavə edilib. Burada şəxsi həyatdan başqa ailə həyatına müdaxilə məsələsi də önə çəkilib. Bu da çox ciddi bir məsələdir. İnsanların təkcə şəxsi yox, ailə həyatı da əhəmiyyət kəsb edir. Hamımızı düşündürən, cəmiyyətin bütün təbəqələrini narahat edən məsələlərdən biri də mətbuatda, informasiya vasitələrində bizim ziyalıların, say-seçmə adamların, hörmətli insanların ləyaqət və şərəfinin təhqir olunması və bunun üzərindən keçilməsi məsələsi idi. Konstitusiyaya edilən əlavələr və dəyişikliklərdə bu məsələ nəzərə alınıb. Dərc edilən məlumatı təkzib etmək və ona cavab vermək hüququ bir daha Konstitusiya ilə təsbit olunubdur.
Ən ciddi, daha çox müzakirə olunan məsələlərdən biri müəyyən məhdudiyyətin aradan götürülməsi məsələsidir. Mən yada salmaq istəyirəm ki, son vaxtlar belə bir məsələ, Prezident seçkilərində məhdudiyyətin götürülməsi məsələsi dünyanın 26 ölkəsində qanunvericilik baxımından təsbit olundu. Burada narahatlıq üçün heç bir əsas yoxdur. Əslində, biz xalqın hüquqlarını onlara qaytarırıq. Bu hüquqlar xalqa imkan verir ki, seçdiyi Prezidentinə etimad göstərsin və ya etimad göstərməsin. Mən hesab edirəm ki, bu ən sivil addımlardan biridir. Bütün bu dəyişiklikləri həmin maddə ilə əlaqələndirmək düzgün mövqe deyil. Bütövlükdə bu, xalqın istəyidir. Seçki öncəsi biz bunların hamısını gördük. Bizim cəmiyyət bu gün belə bir addım atmağa hazırdır. Bu addımın sosial sifariş olduğunu xüsusi vurğulamaq istəyirəm.
Oqtay müəllim, mən parlamentdə gedən demokratik polemikaya görə Sizə minnətdaram. Bu gün hər kəs öz fikrini burada ifadə edə bilir. Mən bu fikirlə də tam razıyam ki, burada səslənən fikirlər təkcə bir nəfərin, təkcə deputatın öz fikri deyil, bizim seçicilərimizin ümumiləşdirilmiş fikridir. Bu gün vaxt çərçivəsi az olduğundan biz həmin fikirləri Milli Məclisə geniş şəkildə çatdıra bilmirik. Bütövlükdə mən bu layihəni dəstəkləyirəm və deputat həmkarlarımı bu sənədə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! Bu gün biz çox mühüm bir sənədin – Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair Referendum Aktının layihəsinin müzakirəsinə toplaşmışıq. Çox mühüm bir sənəddir. Mən bu sənədin yalnız hüquqi aspekti üzərində dayanmaq istəyirəm. Əvvəlcə onu vurğulamaq istəyirəm ki, Konstitusiyanın referenduma çıxarılması hadisəsini sensasion bir hadisə etmək lazım deyil, çünki Konstitusiya da bir qanundur, onun əsas vəzifəsi cəmiyyətdə ictimai münasibətləri tənzimləməkdir. Sözsüz ki, zaman müstəvisində qanunla cəmiyyət ayrı-ayrı xüsusiyyətlərə malikdir, qanuna nisbətən cəmiyyət daha dinamik inkişaf edən bir qurumdur. Zaman keçdikcə cəmiyyətdəki ictimai münasibətləri qanunun tam dolğunluğu ilə tənzimləyə bilməməsi normal bir haldır. Ona görə Konstitusiyanın referenduma çıxarılması, ona əlavə və dəyişikliklərin edilməsini təbii bir hal kimi qarşılamaq lazımdır.
Mən Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklərin bəziləri üzərində xüsusilə dayanmaq istəyirəm. 96-cı maddə ilə bağlı edilən dəyişikliyi tam şəkildə alqışlayıram və hesab edirəm ki, bu, Azərbaycan Konstitusiyasının demokratikləşməsi istiqamətində çox mühüm bir addımdır. Konstitusiyada qanunvericilik təşəbbüsü hüququnun yeni bir subyekti meydana çıxır. Bu da Azərbaycan xalqının 40 min nəfərdən ibarət hissəsidir. Düzdür, bu barədə bəzi həmkarlarım fərqli fikir yürütdülər. Amma mən düşünürəm ki, Azərbaycan Respublikasının 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi təbii haldır. Bu, Azərbaycan Konstitusiyasının 1-ci maddəsinə tamamilə uyğundur.
Konstitusiyanın 1-ci maddəsində göstərilir ki, Azərbaycanda hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Amma Azərbaycan xalqının qanunvericilik təşəbbüsü hüququ yoxdur, daha doğrusu, həmin hüququ seçdiyi nümayəndələri vasitəsilə həyata keçirir. Respublikanın 40 min vətəndaşına bu hüququn verilməsi Azərbaycan Konstitusiyasının demokratikləşdirilməsi istiqamətində mühüm bir addımdır. Layihədə əvvəlcə “50 min vətəndaş” şəklində yazılmışdı. Amma hörmətli həmkarlarım müzakirə zamanı “40 min” rəqəminin üzərində dayandılar. 40 min tamamilə haqlı bir rəqəmdir, çünki bu rəqəm hər bir deputatın seçildiyi dairədə yaşayan, səsvermə hüququna malik insanların səsinə təxminən bərabər bir rəqəmdir.
Bundan başqa, mən Konstitusiyanın 101-ci maddəsinə edilən dəyişikliyi vurğulamaq istəyirəm. 101-ci maddəyə edilən dəyişiklik ilə Konstitusiyada ölkə Prezidentinin iki dəfədən artıq olaraq seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırıldı. Bu çox mühüm bir dəyişiklikdir. Mən bu dəyişikliyi alqışlayıram. Bu, hakimiyyətin qanunverici və icraedici qolları arasında təşkilati baxımdan bir hüquqi balans yaradılması üçün lazım idi. Hakimiyyətin qanunverici qolunu təmsil edən deputatlar iki dəfədən artıq, məhdudiyyətsiz, ömrü boyu deputat seçilə bilirlər. Amma hakimiyyətin icraedici qolunun başında duran şəxsə isə bu hüquq 2 dəfədən artıq verilmir. Düşünürəm ki, hakimiyyətin bu iki qolu arasında hüquqi disbalansı aradan qaldırmaq üçün belə bir məhdudiyyətin ortadan götürülməsi tamamilə qanunauyğundur. Bu həm də konkret bir nəfərin, yəni prezidentliyə namizədin passiv seçki hüququna, yəni seçilmək hüququna qoyulan bir məhdudiyyət deyildir. Bu, eyni zamanda, Azərbaycan xalqının, yəni Azərbaycanda yaşayan bütün seçicilərin aktiv seçki hüququna – seçmək hüququna qoyulan bir məhdudiyyət idi. Bunun da götürülməsi Konstitusiyanın demokratikləşməsi istiqamətində mühüm bir addımdır.
Məsələnin başqa bir tərəfi də var. Əgər, doğrudan da, hakimiyyətin qanunverici və icraedici qolları arasında bu hüquqi disbalansı aradan qaldırmaq üçün başqa bir qanun müəyyən edilsəydi, yəni deputatlar da ölkə Prezidenti kimi iki dəfədən artıq seçilməsəydilər, onda bu salonda nələr baş verərdi? Hakimiyyətin qolları arasında uyğunluğu qorumaq üçün bu dəyişiklik tamamilə vacibdir.
Bundan başqa, bu maddənin mətni müxtəlif cür təsvir edilə bilər. Müharibə, hərbi əməliyyatlar şəraiti ölkədə seçkilər keçirilməsini mümkün etmədikdə bu maddənin təsiri özünü göstərir. Bunu da müxtəlif formada təsvir etmək düzgün olmazdı. Burada söhbət müharibə şəraitindən və hərbi əməliyyatların radikal şəkildə keçirilməsindən deyil, seçkiləri mümkünsüz edə biləcək hərbi əməliyyatlardan, geniş müharibə şəraitindən söhbət gedir. Bu da ölkədə seçki kampaniyasının keçirilməsini mümkünsüz edir. Ona görə də düşünürəm ki, Konstitusiyada bu maddənin özünə yer alması mühüm bir dəyişiklikdir.
Mən 19-cu maddə ilə də bağlı kiçik bir təklifimi bildirmək istəyirəm. Buradakı dəyişiklik Azərbaycan Respublikasının Milli Bankının “Mərkəzi Bank” adlandırılması ilə bağlıdır. Dünyanın bir çox ölkələrində belədir. Mən bunu dəstəkləyirəm. Milli Bankın “Mərkəzi Bank” adlandırılması Azərbaycan Respublikasının pul əsginazlarının da dəyişdirilməsini zəruri edəcək, çünki bütün pul əsginazlarımızın üzərində “Azərbaycanın Milli Bankı” sözləri yazılıb. Təbii ki, tədricən bunları dəyişmək lazımdır. Amma mən təklif edirəm ki, pul əsginazları dəyişiləndə birdəfəlik pul əsginazlarının formalarına da baxılsın. Bu sahədə dünya təcrübəsindən, yaxın qonşumuz Türkiyənin təcrübəsindən istifadə olunsun. Pul əsginazlarının üzərində ulu öndərimizin təsvirinin yerləşdirilməsi vaxtı çoxdan çatıb.
Mən hörmətli həmkarlarımdan xahiş edirəm ki, Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı Referendum Aktı layihəsinin qəbul edilməsinə səs versinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Bizim bu gün müzakirəmizə verilmiş məsələnin mahiyyəti, fikrimizcə, burada həmkarlarımızın dediklərinin əksinə olaraq 101-ci maddədə edilən dəyişikliklə bağlıdır. Təhlil nəticəsində görmək olar ki, bu 29 dəyişikliyin 28-dən, sadəcə olaraq, bu məsələni bir qədər yayğınlaşdırmaq və pərdələmək üçün istifadə olunub. 29 əlavə və dəyişikliyin 22-i əlavədir ki, bunların əksəriyyətini Milli Məclisdə Konstitusiya qanunu vasitəsilə qəbul etmək mümkündür. Cəmi 7 dəyişiklik vardır ki, bunların da 5-i yalnız terminoloji xarakter daşıyır. Məsələn, “milli” sözünün “mərkəzi” sözü ilə, “icra aparatı” sözlərinin “administrasiya” sözü ilə əvəz olunması kimi məsələlərdir. Yəni mahiyyət 101-ci maddədir.
Bu referendum bir şəxsin təkrarən, iki dəfədən artıq Prezident seçilməsini məhdudlaşdıran Konstitusiya normasının ləğvi haqqında referendum olacaqdır. Bunun adı budur. Ona görə də mən çıxışımın əvvəlində Müsavat deputat qrupunun və bu qrupa daxil olan deputatların təmsil etdikləri partiyaların, konkret olaraq Müsavat Partiyasının və mənim təmsil etdiyim demokratiya uğrunda hərəkata daxil olan klassik Xalq Cəbhəsi və digər partiyaların rəsmi mövqeyini diqqətinizə çatdırıram.
Müsavat deputat qrupu bir şəxsin iki dəfədən artıq Prezident seçilməsini məhdudlaşdıran Konstitusiya normasının ləğvini hazırkı Prezident İlham Əliyev və onun komandasının Azərbaycanda demokratik hərəkatın əsas nailiyyətlərindən birini ləğv etmək, ölkədə, faktik olaraq, ömürlük avtoritar Prezident hakimiyyəti və sülalə rejimini bərqərar etmək istiqamətində cəhd kimi dəyərləndirir. Bu dəyişiklik mövcud hakim siyasi qüvvənin totalitar antidemokratik təbiətini və zehniyyətini əyani şəkildə nümayiş etdirir. Onun apardığı siyasi kursun Azərbaycan xalqının demokratik dövlətçilik ənənələrinə, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında və qüvvədə olan Konstitusiyada ifadə olunmuş ideya və prinsiplərin ümumi ruhuna və fəlsəfəsinə zidd olduğunu, Azərbaycanın strateji maraqları üçün təhlükəyə çevrildiyini göstərir.
Müsavat deputat qrupu xəbərdarlıq edir ki, bu Referendum Aktının gerçəkləşməsi nəticəsində ölkədə siyasi rəqabət mühiti pisləşəcək, cəmiyyət və dövlət idarəçiliyinə yeni ideyaların və insanların gəlməsi çətinləşəcək, hazırkı qlobal sosial-iqtisadi böhranın Azərbaycan qarşısında qoyduğu çağırışlara adekvat cavabların tapılması ləngiyəcək, Azərbaycan xalqının bir xalq kimi sivilizasiyalı xalqlar arasında imicinə zərbə dəyəcək, durğunluq və staqnasiya meyilləri güclənəcək, iqtisadi, sosial və siyasi sarsıntılara səbəb olacaqdır.
Müsavat deputat qrupu hesab edir ki, bugünkü antidemokratik siyasi, hüquqi mühitdə və seçki komissiyalarının tamamilə iqtidarın nəzarətində olduğu bir şəraitdə keçiriləcək referendumun rəsmi elan olunacaq nəticələri etimad doğura və xalqın suveren iradəsinin ifadəsi kimi qəbul edilə bilməz. Müsavat deputat qrupu yaranmış vəziyyətin bütün ciddiliyini qeyd edir, eyni zamanda, diqqəti ona cəlb edir ki, müxalifətdə olan siyasi partiyaların və tanınmış qeyri-hökumət təşkilatlarının mütləq əksəriyyəti, xalqın bir sıra vicdanlı mütərəqqi ziyalıları bu dəyişikliyə qarşı çıxmışlar. Bu, Azərbaycan cəmiyyətinin böyük demokratik potensialının var olduğunun və yaşadığının sübutu, baş verənlərə demokratik müqavimətin təzahürüdür. Qəti əminik ki, Azərbaycanın gələcəyini iqtidardakı qüvvələrin ortaya atdığı antiislahat yox, həmin demokratik potensial və demokratik iradə müəyyən edəcəkdir. Müsavat deputat qrupu demokratiya müdafiəçiləri ilə bir sırada dayandığını bəyan edir və bildirir ki, təklif olunan dəyişikliyə qarşıdır və referendumla bağlı təklif olunan qərarın əleyhinə səs verəcəkdir.
Hörmətli həmkarlar, mən bu məsələ komissiyada müzakirə olunarkən komissiya sədri hörmətli Əli Hüseynova və bu məsələnin təşəbbüsçüləri, YAP-ın İcra Aparatının icraçı katibi Əli müəllimə Milli Məclisdə onlara sual ünvanlayacağımı bildirdim və dedim ki, əgər məndən əvvəl çıxış etsələr, bu sualların cavabını versinlər. Hörmətli Əli müəllim çıxış etdi, Əli Hüseynov yəqin çıxış edəcək. Amma Əli müəllimin çıxışında mən öz suallarıma cavab tapmadım. Nədən ibarət idi həmin suallar?
Birinci sual bu idi: nə üçün Azərbaycan vətəndaşının seçki hüququnu məhdudlaşdıran, ona hörmətsizlik ifadə edən bu norma məhz Heydər Əliyevin sədr olduğu Konstitusiya komissiyası tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına daxil edilmişdir? Həmin dövrlə indiki dövrü fərqləndirən və bu normanı Konstitusiyadan çıxarmağı zəruri edən hansı yeni hallar yaranmışdır? Məgər Heydər Əliyev kimi çox təcrübəli bir dövlət adamı, sadəcə, texniki məsələ olmayan, bütün dünyada bütün dövrlərdə, bütün cəmiyyətlərdə çox ciddi diskussiyalara səbəb olan bu mühüm siyasi məsələni diqqətdən kənardamı saxlamışdı, onun üstündənmi keçmişdi? Yaxud həmin dövrdə bu normanın çıxarılmasını və yaxud da salınmamasını məcbur edən, təzyiq göstərən, Azərbaycanın hakimiyyətini qorxudan hansısa qüvvələr var idi, indi həmin qüvvələr yoxdur? Mən bu sualların cavabını eşitmədim.
İkinci sualım da var. Burada hörmətli Hadi müəllim də qeyd etdi, son dövrlər dünyanın 26 ölkəsində ya prezidentin səlahiyyət müddətini, ya da onun təkrar seçilməsi qaydalarını dəyişdirən Konstitusiya qanunu qəbul edilmişdir. Həqiqətən belədir. Hörmətli Hadi müəllim İnternet saytlarından bunu öyrənib. Elə həmin materialda Amerika tədqiqatçılarının materialı da dərc olunmuşdur. Həmin 26 ölkənin içərisində bir ölkə varmı ki, inkişaf etmiş, sivilizasiyalı ölkələrə aiddir, Avropa Şurasının üzvüdür? Təkrar edirəm, heç olmasa, bir Avropa Şurasının üzvü varmı onların içərisində? Səbəb nədir, indi Azərbaycanı Uqanda, Nigeriya, Belarus və Türkmənistan kimi ölkələrin sırasına daxil edirik? Bəlkə bizim bilmədiyimiz, sizləri buna məcbur edən başqa-başqa səbəblər vardır?
Mən burada dedim ki, bu məsələ staqnasiya və durğunluğa səbəb olur. Mən bunu bu gün burada müşahidə etdim. Hörmətli Qüdrət müəllim məcbur olub bu qanun təşəbbüsçülərinin, YAP-çıların əvəzinə Azərbaycan müxalifətinin əksəriyyətinin mövqeyinin əleyhinə sübutlar və dəlillər gətirdi. Mən sizə əlavələr də deyə bilərəm. Heç olmasa, zəhmət çəkib İnternetdə Amerika tədqiqatçılarının, hətta Klinton, Reyqan dövründə, 2004-cü ildə bu qaydanın əleyhinə olan materiallarına baxaydınız və bunlardan öz dəlillərinizdə istifadə edəydiniz. O qədər əminlik var, işləmək, təşəbbüs göstərmək istiqamətində o qədər tənbəllik yaranıb ki, indidən hətta öz mövqelərinizi müdafiə etmək üçün özünüzün intellektual, informasion qabiliyyətlərinizdən belə istifadə etmirsiniz.
Mən yenə konkret materiala müraciət etmək istəyirəm. İndiki Azərbaycan Konstitusiyasının Azərbaycanda ən mötəbər elmi-praktik şərhini həm bizim dövrdə, həm Heydər Əliyev dövründə, həm də indi İlham Əliyev dövründə Prezident Aparatının Hüquq şöbəsinin müdiri Şahin Əliyev yazmışdı. Təxminən 700–800 səhifəlik materialdır. Orada 101-ci maddəyə şərh verilərkən birmənalı şəkildə deyilir ki, bu norma, ümumiyyətlə, Prezident avtoritarizminin yaranmasını əngəlləyən və bir nəfərin hakimiyyəti özününküləşdirməsinin öz əlində saxlamasının qarşısını alan bir maddədir. Təkrar edirəm, qeyd etdiyim elmi-praktiki şərhlərə 475-ci səhifəni açıb baxa bilərsiniz.
İndi burada mən həm Fəzail Ağamalının, həm hörmətli Əli müəllimin, həm də Qüdrət müəllimin dedikləri dəlillərin əleyhinə bir sualla cavab vermək istəyirəm. Çıxışımı da bununla yekunlaşdırmağa çalışacağam. Bütün bu məsələlər, sadəcə, hüquq məsələsi deyil, Əli müəllim. Bu, sadəcə, hüquq norması deyildir. Referendum, sadəcə, bir akt deyildir, çox ciddi, siyasi məsələdir. Hətta dünyagörüşü ilə bağlı məsələdir. Ölkənin haraya doğru inkişaf etməsi ilə bağlı bir məsələdir. Amerikada da, Nigeriyada da, Zimbabvedə də belə bir məsələ qalxmışdı. Zimbabvedə bunu Muqabe həll etdi və diktatura qurdu. Amerikada Corc Vaşinqton isə bu məsələni başqa cür həll etdi. Ona krallıq təklif olunmasına, üçüncü dəfə seçkilərə getməsi üçün təkidlər edilməsinə baxmayaraq, könüllü şəkildə bundan imtina etdi və öz fermasına getdi. İndi Azərbaycanın taleyini kim müəyyən edəcəkdir? İlham Əliyev Azərbaycanın Corc Vaşinqtonu olacaqdır, yoxsa Zimbabvenin Muqabesi? Olum-qalım məsələsi bundan ibarətdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İnşallah, sağlıq olsun, görərik. Bu birinci. İkinci, Müsavat deputat qrupunu, bir-iki qurumun adlarını dedin. Həmin qurumları mən tanımıram. Bəlkə tanıyanlar var? O ki qaldı iqtidarın qorxması məsələsinə, iqtidar heç nədən qorxmur. Müsavat deputat qrupunun işi isə artıq qorxudan da keçib. Qorxmasaydı, Prezident seçkilərində iştirak edərdi. Qorxu kimə aiddir, bu da aydın məsələdir.
Biz parlamentdə eyni səlahiyyətlərə malik insanlarıq. Təklif verildi, – mən bundan qabaq dedim, – müzakirə etdik, hərə öz fikrini söyləyə bilər. Hakimiyyətin kimə məxsus olduğu parlamentin yuxarı başında yazılıb. Biz xalqımıza yanırıq, Azərbaycan xalqını referenduma çağırırıq. Xalq öz fikrini deyəcək. Niyə bu qədər narahatsınız? Burada narahatlığa bir əsas yoxdur.
Belə pafosla danışmaq lazım deyil. Biz öz borcumuzu yerinə yetiririk. Bütün prosedur qaydalarına riayət edərək müzakirə edirik və məsələni referenduma çıxarırıq. Ona görə, xahiş edirəm, bundan bir faciə yaratmayın. Mən istərdim ki, yazılanlardan iki yoldaş da çıxış etsin. Rəbiyyət Aslanova. Xahiş edirəm, qısa danışasınız, çünki siz bunları müzakirə etmisiniz.
R. Aslanova. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün burada Azərbaycanın taleyüklü problemi olan çox vacib bir məsələnin həlli barədə müxtəlif fikirlər səsləndi, ideyalar deyildi. Bizi hətta onda günahlandırdılar ki, öz intellektual potensialımızdan istifadə edib, heç olmasa, bunu əsaslandıra bilmədik. Amma mən bunu belə əsaslandırmaq istərdim və istərdim ki, buna diqqətlə qulaq assınlar.
Bəli, bu gün ictimai, siyasi, sosial, mədəni inkişafın sürəti, siyasi modernləşmənin vüsəti, dövlət – vətəndaş münasibətlərinin sivil yolla inkişafı Azərbaycanın yeni bir mərhələyə qədəm qoymasından xəbər verir. Bəlkə də çoxları bu mərhələnin necə adlandırılmasını bilmirlər. Bu mərhələ tranzit bir mərhələdir və sözsüz ki, onun özünəməxsus tələbləri var. Konstitusiyaya dəyişikliklərin məzmun və mahiyyətinə gəldikdə isə bu, dövlətin sosial, iqtisadi, mənəvi şərtlərinə əsaslanaraq Konstitusiyamızın siyasi modernləşməsinə xidmət edən bir prosesdir. Bəli, hüquqi-siyasi prosesdir. Yaddan çıxarmayaq ki, hər dövrün öz tələbi, özünəməxsusluğu var. Biz dəyişirik, zaman dəyişir, dövlət dəyişir, beynəlxalq aləmdəki vəziyyət dəyişir. Bununla əlaqədar dövlət həmin çağırışlara cavab verə bilmirsə, sözsüz, bu dövlət perspektivsiz bir cəmiyyət, perspektivsiz bir dövlətdir. Hər bir dəyişikliyin məqsədi olur. Hər bir məqsədin prinsipləri və sözsüz ki, həmin mərhələnin özünəməxsusluğu var. Məqsəd nədir?
Birinci, dövlətin siyasi stabilliyinin möhkəmləndirilməsi, demokratiyanın davamlı inkişafının və milli təhlükəsizliyin təmin olunmasıdır. Buradakı bütün müddəaların məğzi, əsası budur. Əgər Konstitusiyada dövlətin ali məqsəd kimi insanların layiqli həyat səviyyəsinin təmin olunması yazılırsa, bu o deməkdir ki, Azərbaycan yeni bir cəmiyyətə, sosial dövlət mərhələsinə qədəm qoyur. Bu gün müxtəlif ölkələrə ekskursiya etdilər, Avropaya, Amerikaya və sair. Dəyişikliklər vacibdir, XXI əsrin tələbi məhz islahat meylidir. Bu gün Amerika Birləşmiş Ştatlarından misal gətirirlər. Mən də kiçik bir misal gətirmək istərdim. Amerika Birləşmiş Ştatlarının Konstitusiyasına edilən 27 dəyişikliyin 17-i son 30 ildə həyata keçirilmişdir. 11 sentyabr hadisəsindən sonra ABŞ konqresinə 2 mindən çox təklif gəlib ki, onlar bu dəyişikliyi etsinlər. Çünki vətəndaş başa düşür, anlayır ki, XXI əsrin öz tələbləri, təklifləri var. Buna görə də Azərbaycan cəmiyyəti bu çağırışlara cavab olaraq dəyişikliklər edir. Sosial yönümlü siyasət, dövlətin sosial mahiyyətli olması, vətəndaşların hüquq və azadlıqlarının genişlənməsi məsələsi burada öz əksini tapıb. Yenə təkrar edirəm, üç əsas məsələ siyasi stabilliyin qorunması, saxlanılması, davamlı inkişaf və milli təhlükəsizlikdir. Burada hansı müddəada azacıq da olsa bu prinsiplərdən kənarlaşma var? Heç birində yoxdur, ola da bilməz. Bu gün biz böyük bir Avropa məkanına, hüquq məkanına inteqrasiya edirik. Bəli, deyə bilərlər ki, bu ölkələrdə tamamilə başqa cürdür. Yox, Avropa məkanında 10-dan çox hüquqi sistem var. Ancaq bu hüquqi sistemlər bir-birinə hörmət edərək vahid bir məkan yaradır. Azərbaycan da bunlardan bəhrələnərək həmin hüquq məkanına daxil olur.
Mən burada bir məqamı da demək istərdim. Bu gün İqbal Ağazadənin 40 min Azərbaycan seçicisinin hüququna olan hörmətsizliyi, milli azlıqlara olan münasibəti ilə əlaqədar deputat həmkarıma müraciət edirəm. Azərbaycanda bir azərbaycançılıq ideyası var və hər bir Azərbaycan vətəndaşı dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq həmin prinsipləri rəhbər tutur. “Milli, etnik azlıq” sözlərini dilimə gətirmək istəməzdim, çünki ulu öndərimiz “milli azlıq” sözlərini qəbul etmirdi və biz də qəbul etmirik. Heç bir xalq nə separatçı meyillidir, nə də onun Azərbaycandan ayrılmaq fikri vardır. Vaxt var idi, Milli Məclisdə “türkün türkdən başqa dostu yoxdur” fikrini səsləndirən adamlar bu gün də burada oturublar. Azərbaycanda əsas dil Azərbaycan dilidir, hər birimiz bu dildə danışırıq. Azərbaycan milli azlıqların hüquqlarına tam hörmətlə yanaşan bir məkandır. İstər dil, istərsə də din məsələsində Azərbaycanın tutduğu sivil mövqe ən aparıcı dövlətlərin prinsiplərinə uyğundur.
Mən çox istərdim ki, müzakirəyə çıxardığımız bu sənədə kifayət qədər ciddi münasibət bəslənilsin. Ona görə ki, Konstitusiyaya dəyişiklik və əlavələr edilir. Konstitusiya təkcə milli qanunvericiliyimizin əsası deyil, həm sosial stabilliyin mənbəyidir, həm ideoloji sənəddir, həm siyasi razılaşmadır, həm də millilik rəmzidir. Buna görə də bu müddəaların hər birinə kifayət qədər ciddi məsuliyyətlə və hörmətlə yanaşmaq lazımdır. Qəbul edəcəyimiz dəyişikliklər Azərbaycanın sabahına, Azərbaycanın sabahkı inkişafına, tərəqqisinə ünvanlanıb. Hər bir tərəqqi isə özü ilə çox yeniliklər gətirir. İnkişaf başlayan kimi mövcud məfhumlar dəyişir, çünki məfhumlar ondan əvvəl yaranıb. Burada istər məhkəmə hüquq orqanları haqqında, istərsə də insan hüquq və azadlıqlarını təmin edən bütün müddəalara yanaşarkən məhz müasir dünyanın tələbləri, regional və qlobal problemlər və Azərbaycanın sabahı düşünülməlidir. Şəxsi ambisiyalar, şəxsi fikirlər, hakimiyyət uğrunda mübarizələr və sairlərə son qoymaq lazımdır.
Yeni Azərbaycan Partiyasının, iqtidarın kifayət qədər intellektual bazası, elitası, imkanı var ki, bütün bu müddəaları istər elmi, istərsə də praktik baxımdan izah etsin. Mən bütün həmkarlarımı bu sənədə səs verməyə çağırıram. Qarşıdan referendum gəlir və həmin referendumda Azərbaycan xalqı öz sözünü deyəcək. Hörmətli Oqtay müəllim, mən bir də çox xahiş edərdim ki, qərar layihəsini səsləndirək və hər bir millət vəkili öz mövqeyini bildirsin.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzova da söz verim, bununla yekunlaşdıraq.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Həmkarlarım qərar layihəsi ilə bağlı ətraflı şəkildə, tutarlı əsaslarla fikirlərini söylədilər. Mən də o fikirlərə qoşuluram və bütün həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Mən qanun layihəsinin hüquqi, fəlsəfi və digər baxımlardan izahını verə bilərdim. Ancaq nəzərə alıram ki, Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədridir və mən ona xalq dilində başa salacağam ki, bu qərar layihəsi nədən ötrü lazımdır.
Birinci, məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üçün təşəbbüs qaldırılıbdır. Burada həmkarlarımın bir qrupu qeyd etdi ki, guya bu məsələ müzakirə olunmayıb. Yeni Azərbaycan Partiyasının İdarə Heyətində bu məsələ müzakirə olunub, qərar qəbul olunub və bu qərar da mətbuatda dərc olunub. Partiyanın sədr müavini hörmətli Əli müəllim də bu təşəbbüsü burada qaldırıbdı. Hörmətli Sədr, Sizə də təşəkkürümüzü bildiririk ki, partiyanın siyasi şurasının üzvü kimi bu məsələyə dəstək verirsiniz. Komissiyanın iclasında iştirak edən bütün insanlara təşəkkürümü bildirirəm.
Müddəaların bir hissəsinə bütün diqqətini yönəldən insanlar bilsinlər ki, burada 29 dəyişiklikdən söhbət gedir. Bunun 28-ni kənara qoyub, bunların hər birini guya hər hansı cüzi dəyişiklik və termin dəyişikliyi adlandırmağın özü gülüş doğurur. Onların hər biri haqqında burada fikir söyləmək, çıxış etmək və mövqe bildirmək lazımdır. Ona görə də bu deyilənlərin heç bir əsası yoxdur. 101-ci maddə ilə bağlı edilən çıxışların hamısı demaqogiyadır. Burada heç bir tutarlı fakt ortaya qoyulmadı. Kimsə nəyi isə İnternetdən oxuyub gəlib burada izah etməyə çalışırsa, o tamam başqa bir şeydir. Azərbaycan xalqının mənafeyi, marağı var. Azərbaycan xalqı öz maraqlarını ortaya qoyur. Burada həmkarım Pənah Hüseyn çıxış etdi, elə bil, Leninin “Aprel tezisləri” idi. Lenin aprel ayında çıxış etməyə başladı və bununla da qurtardı. Dünya təfəkkür meydanıdır, dünyada dəyişikliklər gedir. Azərbaycan xalqının da marağı bundan ibarətdir.
Bu dəyişikliklərlə bağlı bir neçə kəlmə demək istəyirəm. Təbii ki, 1995-ci ildə qəbul edilən Konstitusiyanın müəllifi ümummilli liderimizdir. Lakin sual qoyursansa, bilməlisən ki, ümummilli liderin özünün 2002-ci ildə bu məsələ – referendumun çağırılması ilə əlaqədar sərəncamı oldu və Konstitusiyada bir sıra müddəalar dəyişildi. Görünür, sizin yaddaşınız o qədər zəifdir ki, bunları unutmusunuz. Hər bir məsələ dəyişilməlidir, təkmilləşməlidir, irəli getməlidir.
İkinci, bəzi ölkələrdəki avtoritar rejimlər məsələsini qaldırırsınız. Yaxşı, gəlin, avtoritar rejimlərdən danışaq və söhbətimizi bu əsasda aparaq. Təmsil etdiyin Müsavat deputat qrupu hansı demokratik seçkidə iştirak edib və hansı demokratik təklifləri verib? 1993-cü ildən bu tərəfə sizin arzu və istəyiniz bu idi ki, Azərbaycanda “x” günü olacaq. Siz demokratiyaya əməl edib seçki ilə hakimiyyətə gəlmək yolunu tutmuşdunuzmu? Xeyr. “X” gününü arzulayırdınız. Bəli, o gün oldu, amma sizin üçün. Sonrakı dövr ərzində Müsavat Partiyasından majoritar qaydada seçilən deputatları bir-bir partiyadan azad etdiniz. Qeyd etdiniz ki, bunlar partiyanın mənafeyini əks etdirmir. Niyə etdirmir? İsa Qəmbər seçilsəydi, əks etdirərdi, filankəslər seçiliblərsə, əks etdirmir? Bunun harası demokratiyadır və bu hansı demokratik düşüncənin məhsuludur?
Üçüncü, gecə-gündüz mətbuatda müzakirə gedir ki, İsa qalsın, ya getsin. Yapışıb bir şeyin yaxasından, əl çəkə də bilmir. Bu adam 17–18 ildir, özünü başqan hesab edirsə, niyə başqa sahədə uzunmüddətli seçki sistemi olmasın? Yaxşı şeydirsə, desin ki, Müsavat Partiyasında iki dəfə seçki olacaqdır. Niyə bu məsələləri qəbul etmirsiniz? Hər bir şeyə yanaşmanın özünün tərzi, forması var. Bu, xalqın mənafeyinə xidmət edən bir məsələdir.
Gecə-gündüz qəzetlərinizdə Azərbaycanda əbədi prezident məsələsindən yazırsınız. Əbədi prezident odur ki, onun barəsində bir dəfə qərar qəbul olunur. Burada seçkidən söhbət gedir. Əgər kimsə seçkidə namizədliyini irəli sürürsə və xalq buna dəstək verirsə, biz xalqın qarşısına çəpər çəkməliyik? Xalqın demokratik şəkildə öz prezidentini seçmək haqqı var. Oqtay müəllim gözəl ifadə etdi ki, Azərbaycan hakimiyyətinin mənbəyi xalqdır. Xalq seçir, biz buna nə edək? Deyək ki, sən seçmə, şərait yarat ki, Pənah Hüseyn seçilsin?
Qarşılıqlı rəqabətdən danışırsınız. Deyirsiniz ki, alternativsiz seçki olmaz. Verin alternativinizi. Demirsiniz, seçilmək istəyirsiniz, verin alternativinizi. 5-ni, 7-ni, 10-nu çıxarın. Sizin alternativiniz yoxdursa, bunu bu və ya digər şəkildə başqa formalara salmaqda məqsəd nədən ibarətdir? Burada çox gözəl deyildi, iştirak edə bilsəydiniz, bir neçə ay bundan qabaq prezident seçilərdiniz. Bu və ya digər bəhanələrlə bütün seçkilərdən qaçmısınız, çünki imza toplamaq lazımdır. Azərbaycan xalqı sizə 40 min imza verəcəkdi? Bilirsiniz ki, verməyəcəkdi.
Başqa məsələlərə toxundunuz. Seçki kampaniyası aparmaq lazımdır. İntellektual potensialdan danışdınız. O kampaniyanı kim aparacaqdı? 50 nəfər vəkil tapıb, ortaya çıxara biləcəkdiniz? İntellektual potensialdan danışan adam vicdanlı ziyalılardan bəhs edir. Ziyalının vicdanlısı, vicdansızı olur? Ziyalı ölkənin ziyalısıdır. Xalqını istəyən hamının ziyalısıdır. Bu partiyanın ziyalısı bir dəstədir, o biri partiyanın ziyalısı başqa bir dəstə. Belə ziyalılıq olur? Ziyalılar xalqın mənafeyini ortaya qoyan insanlardır. Bu gün 3–5 adam çayxanada nəsə danışırsa, o, ziyalı deyil. Ziyalının yeri tribunadır, institutlardır, elm ocaqlarıdır. Burada olan insanların hər biri Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə dəstək verir. Budur ziyalılıq. Yoxsa axşam ev istəyib, səhər verməyiblər və yaxud da oğluna iş istəyib – bunun adını ziyalı qoyurlar. Mən keçən dəfə də fikrimi dedim. Bir qrup ziyalının müraciəti var idi. Ümumiyyətlə, Prezidentin İcra Aparatına göndərilən müraciətlərə baxın. Orada Qarabağla, Azərbaycanın marağı ilə, Azərbaycanda yoxsulluğun aradan qaldırılması ilə bağlı bir kəlmə tapsanız, gəlin, mənə nə deyirsiniz deyin. Həmin o müraciəti imzalayan ziyalıların böyük əksəriyyəti ancaq şəxsi xahişləri ilə məşğul olurlar. Bu gün Azərbaycanda böyük ziyalı potensialı var. Onlar Azərbaycanın Milli Məclisindədir, Azərbaycan cəmiyyətindədir. Ziyalılar Azərbaycan Respublikasının Prezidentini dəstəkləyirlər. Seçki kampaniyasında da bu insanları gördük və onların dəstəklərini hiss etdik.
Ona görə də Oqtay müəllim, bu məsələnin geniş müzakirəsinə ehtiyac yoxdur. Bu çox gözəl bir addım oldu, mart ayının 18-də referendumun keçirilməsi Azərbaycan xalqına böyük bir Novruz hədiyyəsidir. Bu hədiyyəni Azərbaycan Respublikasının Milli Məclisi bəxş etdi. Referendumda da Azərbaycan xalqı bu məsələlərə öz münasibətini bildirəcək. İndi kimsə kiminsə adından, bir qrupun, dəstənin, dərnəyin adından danışırsa, bu, Azərbaycan xalqının mənafeyi və mövqeyi deyil. Azərbaycan xalqının mövqeyi birdir, o da göndərilən teleqramlarda, insanların müraciətlərində öz əksini tapıb. Bu məsələ bilavasitə onların tələbidir və bu tələbi də Milli Məclisin deputatları nəzərə alıb, bu qərarı qəbul edəcəklər. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Mən hesab edirəm, bunun geniş müzakirəsinə ehtiyac yoxdur. Xahiş edirəm, səsə qoyun.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. Əvvəlcə komissiyanın sədri Əli Hüseynova söz verək, burada səslənən fikirlərə münasibətini bildirsin, ondan sonra səsə qoyarıq. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlarım! Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə, bunun müzakirəsi Azərbaycan cəmiyyəti üçün, o cümlədən Azərbaycan parlamenti üçün yeni deyil, 2002-ci ildə də bu olmuşdu. 1995-ci ildə Konstitusiyanın qəbulu zamanı da geniş müzakirələr olmuşdu. O zamandan indiyə qədər müxalifətdən olan opponentlər hər zaman bizi tənqid eləməyə cəhd göstəriblər və bəzən müəyyən arqumentlər də tapıblar. Biz son günlər mətbuatda da tənqidi fikirlərlə tanışıq, o cümlədən bu gün burada da onları dinlədik. Oqtay müəllim, səbəbini bilmirəm, amma mən deyə bilərəm ki, Azərbaycan müxalifəti heç zaman belə zəif olmamışdı və heç zaman bu cür zəif arqumentlərlə meydana çıxmamışdı. Əlbəttə, cəhdlər oldu ki, müzakirələri hüquqi müstəvidən bir qədər siyasi müstəviyə keçirsinlər, amma burada Yeni Azərbaycan Partiyasından olan siyasi həmfikirlərim onlara çox tutarlı cavablar verdilər.
Mən bir daha məsələnin hüquqi müstəvisinə qayıtmaq istəyirəm. Birincisi, qeyd edim ki, əlbəttə, siyasi xadimlər, millət vəkilləri hər hansı bir məsələ ilə, hər hansı bir müddəanın çıxarılması və ya əlavə olunması ilə bağlı müxtəlif fikirlər söyləyə bilər və söyləyiblər də. Amma birmənalı deyə bilərəm ki, hüquqşünaslar tərəfindən, o cümlədən Referendum Aktı layihəsinin təqdimatında bizim tərəfimizdən belə bir fikir söylənilməyib ki, 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən qəbul olunmuş Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndi qeyri-demokratikdir. Belə bir fikir səslənməyib. O cür müddəa demokratikdir, amma bu gün təklif olunan müddəa dövrün tələblərinə daha uyğundur və daha demokratikdir.
Təqdimat zamanı da söyləmişdik ki, Azərbaycan sosial-iqtisadi baxımdan çox sürətlə inkişaf edir, Azərbaycanda demokratiya və siyasi islahatlar iqtisadi islahatlarla birlikdə, paralel həyata keçirilir və bu gün xalqımızın formalaşmış siyasi mədəniyyəti fonunda digər formal məhdudiyyətlərə ehtiyac görmürük. Hesab edirik ki, xalq hər zaman öz seçimini edə biləcək və siyasi mədəniyyəti ona kifayət qədər bu imkanı verir. Bu baxımdan, əlbəttə ki, Azərbaycan başqa ölkələrdən daha öndədir və inkişaf etmiş bir dövlətdən ötrü belə bir məhdudiyyətin aradan götürülməsi hüquqa da, demokratiyaya da zidd deyil.
Amma burada Konstitusiyanın özünə və demokratiyaya zidd olan fikirlər də səsləndi. Onların bir hissəsinə, hörmətli Oqtay müəllim, Siz münasibətinizi bildirdiniz. Xüsusən də layihədə xalq təşəbbüsü barədə təqdim etdiyimiz çox mütərəqqi bir müddəa ilə bağlı yanlış bir fikir səsləndi ki, guya xalqa Konstitusiyaya dəyişikliklə bağlı referenduma məsələ çıxarmaq hüququ verilir. Siz onu izah elədiniz. Amma qeyd etmək istəyirəm ki, Avropanın 16 ölkəsində bu artıq mövcuddur və burada bizim məqsədimiz, niyyətimiz də məlum idi.
Eyni zamanda, demək istəyirəm ki, çıxışlarda Azərbaycan dili ilə bağlı səslənən fikir onu göstərdi ki, müxalifət, ümumiyyətlə, bu layihə ilə tanış olmayıb. Çünki Konstitusiyanın 155-ci maddəsi, – faktik olaraq bütün müzakirələr bunun ətrafında gedirdi, – ümumiyyətlə, Azərbaycan dili ilə bağlı olan 21-ci maddənin referenduma çıxarılmasını qadağan edir. Biz heç bunu referenduma çıxara bilmərik. Bu baxımdan aydın olur ki, layihə ilə ciddi tanışlıq olmayıb, ona görə də burada bir qədər diletant fikirlər səslənir.
Fürsətdən istifadə edib, 32-ci maddə ilə bağlı da fikrimi bildirmək istəyirəm. Bu çox vacib bir müddəadır və üçüncü hissə, əlbəttə ki, insan hüquqlarını bir qədər də genişləndirir. Amma demək istəyirəm ki, bir neçə həmkarım, o cümlədən iqtidar partiyasından olan həmkarlarım bu məsələni məhdudiyyət kimi şərh eləməyə cəhd göstərdilər. Hesab edirəm ki, bu, yanlış yoldur, əksinə, üçüncü hissədə verilmiş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” ifadəsi mətbuat azadlığını daha da genişləndirir.
Bu, 50-ci maddə ilə heç bir məhdudiyyət təşkil etmir. Əgər diqqətlə baxsaydılar, görərdilər ki, qanunla nəzərdə tutulan belə bir məhdudiyyət 32-ci maddənin mövcud mətnində var. “Şəxsi toxunulmazlıq hüququ” adlanan maddənin II bəndini oxuyuram: “Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır”. Biz, sadəcə, şəxsi həyatın sirri ilə bağlı bir neçə müddəanı özündə əks etdirən üçüncü bəndi bura əlavə etmişik. Tam əminliklə demək istəyirəm ki, müasir dövrdə bu, Avropanı çox narahat edən bir məsələdir və bir çox Avropa dövlətlərinin qanunvericiliyində də mövcuddur.
Eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan dövləti də, Azərbaycan parlamenti də mətbuat azadlığı ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir və əksinə, bu dəyişiklik mətbuat azadlığının daha da genişləndirilməsinə xidmət edir. Amma qeyd etdiyim kimi, Konstitusiyanın mövcud mətnində olan “qanunla nəzərdə tutulan hallar”, əlbəttə ki, istisna təşkil edir və bu da qanunda göstərilməlidir.
Dediyim bu misallar bir daha onu göstərir ki, təqdim olunmuş Referendum Aktı layihəsi Azərbaycan Konstitusiyasının ümumi müddəalarına uyğundur və Konstitusiyanın 155-ci maddəsinə zidd deyil. Bu barədə Konstitusiya Məhkəməsinin rəyi də var. Hesab edirəm ki, Azərbaycan parlamenti bu gün referendumun keçirilməsi ilə bağlı qərar qəbul edə bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, layihəni səsə qoymaq lazımdır, amma bir maraqlı məsələni hamınızın yadına salım. Çıxış edənlər 146-cı maddəyə edilən əlavələr – bələdiyyələrin səlahiyyətləri və Milli Məclisə hesabat verməsi haqqında heç nə danışmadılar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyiblər, yəqin, onda mən olmamışam.
İkinci, hörmətli millət vəkilləri, mən hətta öz müavinlərimin səlahiyyətlərinə qarışdım, onlara çıxış etməyə imkan vermədim. Mən hesab edirəm ki, bu məsələ qədərincə müzakirə olundu. Xahiş edirəm, qərar layihəsinə münasibətinizi bildirəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İlyas müəllim, 46 nəfər yazılıb, Siz də siyahıda axırdasınız. Mən onlardan heç kimə söz vermədim. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.47 dəq.)
Lehinə 100
Əleyhinə 8
Bitərəf 1
Səs verməd 1 
İştirak edir 110
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hamınızı təbrik edirəm. (Alqışlar.)
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədədir. Hörmətli millət vəkilləri, bilirsiniz ki, Hesablama Palatasının 4 nəfər auditoru, o cümlədən sədr müavini 2001-ci ildə seçilmişlər. Onların səlahiyyət müddəti qurtarmışdır. Milli Məclisin Daxili Nizamnaməsinin 44-cü maddəsinə uyğun olaraq, Hesablama Palatasının sədr müavini və auditorları Milli Məclis Sədrinin təqdimatı ilə sizin tərəfinizdən təyin olunur. “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Qanunun 10-cu maddəsinə uyğun olaraq mən öz təqdimatımı İqtisadi siyasət daimi komissiyasına göndərdim. Komissiyada bu məsələyə baxıldı. Mən xahiş edərdim ki, komissiya sədri mənim təklifim barədə rəyini bildirsin.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr təqdimatla əlaqədar öz fikirlərini söylədi. Həqiqətən, son illər Azərbaycanda Hesablama Palatasının fəaliyyətində çox ciddi dəyişikliklər baş verir. Milli Məclisin hüququdur ki, Hesablama Palatasının auditorlarını təsdiq etsin.
Cənab Sədrin təqdimatına əsasən Adil Məmmədəli oğlu Məhərrəmov Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilir. Adil Məhərrəmovun bioqrafiyası barədə məlumatlar sizdə var. Yeddi ildir ki, auditor kimi çox məhsuldar işləyib. Əgər oxumağa ehtiyac varsa...
Yerdən. (Eşidilmir.)
Z. Səmədzadə. Yoxdur. Cəfər İsmayıl oğlu Həsənov yeddi ildir ki, auditor işləyir. Çox məhsuldar bir iqtisadçıdır, gözəl təhlillər aparır. Nazim İsgəndər oğlu Həsənovu və Vaqif Muxtar oğlu Həsənovu tanıyırsınız, mən onların bioqrafiyasını oxumaq istəmirəm. Xahiş edirəm, Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında qərar layihəsinə münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə, auditorlar haqqında çıxış eləmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
İ. Ağazadə. Çox sağ olun, hörmətli Sədr. Mənim, təbii ki, təklif olunan namizədlər barədə heç bir fikrim yoxdur. Amma, ümumiyyətlə, istər Hesablama Palatasında, istərsə də Milli Məclisin ictimai əsaslarla fəaliyyət göstərən komissiyalarında müxalifətdən olan millət vəkillərinin təqdimatı ilə verilən namizədlərin təmsil olunmasının tərəfdarıyam. Məsələn, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Əfv komissiyası, Neft Fonduna İctimai Nəzarət Şurası var. Cəmiyyətin demokratikləşməsinin şəffaflığını təmin etmək üçün Milli Məclisin bütün spektrlərindən, istər bitərəflərdən, istərsə də hakimiyyət nümayəndələrindən həmin komissiyalara adamlar təyin olunub. Müxalifət də parlament spektrinin bir hissəsidir, amma həmin tərəfdən, çox təəssüf ki, təyinat olmayıb.
Mən çox istərdim ki, Hesablama Palatası bilavasitə büdcə ilə bağlı olduğuna görə bu və ya digər şəkildə gələcək iclaslarda auditorlardan birinin və ya ikisinin müxalifət tərəfindən Sədrə təqdim olunmasını qanun şəklinə salaq. Sədrə məhz büdcəyə nəzarət üçün müxalifət tərəfindən auditor təqdim olunsun. Xahiş edirəm, bunu gələcəkdə nəzərə alasınız.
Sədrlik edən. Qismət olar, nə vaxt ki Sədr müxalifətdən olar, onda o öz səlahiyyətini yerinə yetirib, təqdimat verər. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.53 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 1 
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü iclasda hörmətli təhsil nazirimiz Misir Mərdanov, onun müavinləri İsgəndər müəllim, Elmar müəllim, İradə xanım və hörmətli məktəb direktorlarımız iştirak edirlər. Etiraz yoxdursa, bir məsələni də müzakirə edək, sonra Təhsil qanununa keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Hörmətli millət vəkilləri, gündəliyin dördüncü məsələsi Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında qərar layihəsidir. Qərar layihəsi sizin hamınıza paylanılıb. İqbal Ağazadə bu gün ən fəal deputatımızdır, buyursun.
İ. Ağazadə. Sağ olun, Oqtay müəllim. Mən, təbii ki, Milli Məclisin bir struktur kimi orden və medallarının təsis olunmasının tərəfdarıyam. Milli Məclis Konstitusiyaya görə Azərbaycanın qanunvericilik bazasının əsasını təşkil edən və kifayət qədər səlahiyyətlərə malik bir orqandır. Ona görə mən başa düşmürəm, niyə bu, bürünc olur, qızıl olmur? Ona sərf olunan materialın miqdarı çox kiçicikdir. Amma bunun hörməti məsələsi var. Mən hesab edirəm ki, bu, qızıl olmalıdır. Bu, çox kiçicik bir miqdardır, niyə bürünc nəzərdə tutulur, mənim bundan başım çıxmır.
Sədrlik edən. Oldu, çox sağ olun. Amma mən hesab edirəm ki, bu medalın qiyməti onun dəyərində yox, məzmunundadır. Bu, qızıl suyuna çəkilib, elə qədərincədir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.55 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0 
İştirak edir 105
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Təbrik edirəm, axır ki, Milli Məclisin bir fəxri medalını təsdiq elədik.
İndi gündəliyin növbəti məsələsinə keçirik, bu hamımızı çox maraqlandıran bir məsələdir. Təhsil haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Xahiş edirəm ki, bu qanun layihəsinin müzakirəsində çox fəal iştirak edəsiniz. Amma mümkün qədər fikirlərinizi konkret ifadə edin, həmkarlarımıza da vaxt saxlayın. Buyurun, Şəmsəddin müəllim.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir qədər öncə biz Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı çox vacib bir sənədə səs verdik. Mən həmkarlarımı təbrik edirəm və hesab edirəm ki, indi gündəliyə çıxarılan Təhsil haqqında qanun layihəsi də bu gün Azərbaycanda hamını maraqlandıran bir məsələdir. Ona görə çox xahiş edərdim ki, bu məsələyə də diqqətlə yanaşasınız.
Hörmətli millət vəkilləri, Təhsil haqqında qanun layihəsinin birinci oxunuşa çıxarıldığı gündən düz bir il vaxt keçir. Bu bir il ərzində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sferasında da çox mühüm dəyişikliklər və irəliləyişlər baş vermişdir. Təhsilin maddi-texniki bazası təkmilləşmiş, infrastrukturu yaxşılaşmış, keyfiyyət parametrlərində nəzərəçarpacaq dəyişikliklər əmələ gəlmiş, ən başlıcası isə Azərbaycanın milli təhsili Avropa təhsil məkanına, xüsusilə Avropa ali təhsil məkanına ciddi surətdə inteqrasiya olunmağa başlamışdır.
Azərbaycanda milli təhsilin inkişafına dövlət qayğısı günbəgün artmaqdadır və bu gün Azərbaycan təhsilinin müxtəlif sahələrini əhatə edən 14-dən çox proqram uğurla həyata keçirilir. Azərbaycan təhsilinə ayrılan büdcə vəsaitlərinin həcmi ilbəil artır və 2009-cu ildə təhsilə ayrılacaq büdcə vəsaiti təxminən 1,3 milyard manat həcmində müəyyənləşdirilmişdir. Bütün bunlar onu sübut edir ki, bu gün Azərbaycanın təhsili, doğrudan da, inkişaf edir və keçən bir il ərzində irəliyə doğru çox mühüm bir addım atılmışdır. Bu da onu göstərir ki, Azərbaycan təhsili nə qədər inkişaf edirsə, mövcud qanunvericilik bazasından bir o qədər də irəli gedir, yəni qanunvericilik bazası ondan bir o qədər geridə qalır. Bax, bununla biz Təhsil qanununun layihəsinin əhəmiyyətini, vacibliyini bir daha nəzərinizə çatdırmaq istərdik.
Hörmətli millət vəkilləri, keçən bu bir il ərzində ölkə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin və elminin inkişafı istiqamətində çox mühüm iki sərəncam imzalanıb. Bunlardan birincisi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqındadır, ikinci isə Azərbaycan elmində islahatların aparılması ilə əlaqədar dövlət komissiyasının yaradılması ilə bağlıdır. Mən açıq deyirəm ki, bu iki sənəd bu günə qədər Azərbaycan təhsilinin qanunvericilik bazasında mövcud olan bir çox məqamlara, mübahisəli məsələlərə tam aydınlıq gətirdi və biz həmin sərəncamlardan irəli gələn vəzifələri də bu gün ikinci oxunuşa çıxarılan Təhsil haqqında qanun layihəsində tamamilə nəzərə almışıq. Komissiyanın yekdil fikrinə görə bu gün sizin müzakirənizə tamamilə yetkin, müasir tələblərə, Avropa standartlarına, ən başlıcası isə milli təhsilimizin mənafeyinə tam cavab verən təhsil qanunu təqdim olunmuşdur.
Hörmətli millət vəkilləri, bir il ərzində təhsil qanunu üzərində mütəmadi surətdə iş getmişdir. Əvvəla, mən sizin yadınıza salmaq istəyirəm ki, qanun layihəsinin birinci oxunuşu zamanı 40-a yaxın millət vəkili çıxış etmiş, tövsiyələrini, təkliflərini və iradlarını bildirmişlər. Eyni zamanda, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, qeyri-hökumət təşkilatları, o cümlədən beynəlxalq təşkilatların Azərbaycandakı missiyaları tərəfindən qanun layihəsi ilə bağlı bizə rəylər və tövsiyələr bildirilmişdi. Bu bir il ərzində komissiya və işçi qrupu tövsiyələr və iradlar üzərində ciddi surətdə işləyib. Nəhayət, bu iş başa çatdırıldıqdan sonra Milli Məclisin müvafiq şöbəsinin əməkdaşları və hüquqşünaslarla birlikdə qanun layihəsi daha da dəqiqləşdirilib və cilalandırılıb. Bundan sonra qanun layihəsi iki gün bundan öncə, yəni dekabr ayının 22-də Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının geniş müzakirəsinə çıxarılıb. Müzakirədə deputatlarımız fəal surətdə iştirak edib və layihə barədə fikirlərini, tövsiyələrini bildiriblər. Onların bəziləri sizə təqdim olunan variantda öz həllini tapıb. Konstruktiv xarakter daşıyan bəzi təkliflərin isə üçüncü oxunuşa qədər nəzərə alınması mümkün olacaqdır.
Hörmətli millət vəkilləri, təhsil layihəsi 6 fəsildən və 47 maddədən ibarətdir. Mən bu fəsillər barəsində ən azı 5 dəqiqə danışsam, şübhəsiz ki, günün axırına qədər bu məsələ yalnız mənim çıxışımla məhdudlaşa bilər. Ona görə etiraz etmirsinizsə, müzakirələr zamanı, əsasən, mübahisə obyekti olan bəzi məsələlər haqqında öz fikrimi bildirim, onlara açıqlamalar gətirim. Sonra isə yəqin ki, suallara cavab verərik.
Sədrlik edən. Şəmsəddin müəllim, mən dünən vaxt məsələsi ilə bağlı öz etirazımı bildirdim. Çıxışlar olanda cavab verərsiniz.
Ş. Hacıyev. Öncə nəzərinizə çatdırmaq istəyirəm ki, bu, çərçivə qanundur. Burada ümumi müddəalar, əsas baza maddələri nəzərdə tutulub. Bu qanun gələcəkdə təhsilin ayrı-ayrı pillələri üçün hazırlanacaq qanunlar üçün ana qanun rolunu oynayır. Xahiş edərdim ki, müzakirə zamanı bunu mütləq nəzərə alaq.
Ən çox mübahisəyə səbəb olan məsələlər təhsilin pillələri və siklləri ilə bağlıdır. Qanun layihəsində Azərbaycanda təhsilin üç yaşdan başlaması nəzərdə tutulur. Beş yaşlı uşaqların məktəbəqədər hazırlığının icbari olması nəzərdə tutulur. Bu çox mütərəqqi bir maddədir, bizim bugünkü inkişafımızla, ümumiyyətlə, cəmiyyətdə, dünyada gedən proseslərlə, həyatın dinamikliyi ilə və sair digər mühüm amillərlə bağlı olan məsələdir. Nəzərinizə çatdırım ki, beynəlxalq missiyaların, xüsusilə Dünya Bankının verdiyi rəydə təhsilin pillələri və siklləri, tələbə qəbulu prosesi ilə bağlı qanun layihəsindəki maddələrin hamısı dəstəklənir. Orada bu maddələrin çox mütərəqqi xarakter daşıması, Avropa standartlarına, Avropa ali təhsil məkanına tam müvafiq olması göstərilib. Həmin rəy buradadır, lazım olsa, sizi tanış eləyə bilərəm.
Azərbaycanda orta məktəb təhsili üç pilləli nəzərdə tutulur: ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil. Bu təhsil pillələri arasında həm varislik, həm də fasiləsizlik gözlənilir. Ümumiyyətlə, Təhsil qanununda Azərbaycan milli təhsilinin fasiləsizliyinin təmin olunması, ömrü boyu təhsil ideyasının saxlanılması qanunun ən mühüm konseptual istiqamətlərindən birini təşkil edir. Başqa sözlə desək, Azərbaycandakı real vəziyyəti, ictimai fikirdə formalaşmış yekdil qərarı, eyni zamanda, təhsil işçilərinin, ekspertlərin fikrini nəzərə alaraq icbari təhsili 11 illikdən 9 illiyə endirmişik. Biz 4+5+2 modelini, başqa sözlə desək, 9+2 modelini qəbul etmişik. Bəzi beynəlxalq təşkilatların nümayəndələrinin fikrinə görə, icbari təhsilin 9 illik olması olduqca mütərəqqidir. Amma təhsilin 12 illik olmasını da təklif edirlər. Lakin mən yenə də təkrar edirəm ki, bayaqkı faktlara görə məhz belə bir modelin üzərində dayanmışıq.
Mübahisələrə səbəb olan ən ciddi məsələ təhsilin icbariliyinin 9-cu sinfə endirilməsidir. Burada da millət vəkillərinin narahatlığı ondan ibarətdir ki, hər il 9-cu sinfi təxminən 150 minə yaxın, 11-ci sinfi isə 125 –130 minə yaxın şagird bitirir. Bunların 25 –30 mini ali məktəblərə, təxminən bir o qədəri də ilk peşə-ixtisas və orta peşə-ixtisas müəssisələrinə daxil olurlar. Yerdə qalan gənclərin təhsildən kənarda qalmaq təhlükəsi var. Bu fikirlə qətiyyən razılaşmıram. Burada belə bir arqument də gətirirlər ki, hazırda bizim ilk peşə-ixtisas və orta peşə-ixtisas təhsili müəssisələrimizin maddi-texniki bazası, infrastrukturu, oradakı tədris 9-cu sinfi bitirmiş gəncləri kütləvi surətdə ora yönəltməyə, onlara peşə ixtisası və eyni zamanda, orta təhsil verməyə cavab vermir. Məsələ burasındadır ki, elə güman edilir, bu qanun qüvvəyə mindikdən sonra elə səhəri gün də guya həmin maddə qüvvəyə minəcək. Əsla belə deyil. İcbari təhsilin 9 illiyə endirilməsi ən yaxşı halda 5 il, orta halda isə ən azı 9 ildən sonra baş verə bilər. Bu müddət ərzində də dövlət peşə-ixtisas təhsil müəssisələrinin həm maddi-texniki bazasını, həm də sadaladığım digər tələblərə cavab verən tədris sistemini qura və yarada bilər. Burada narahatlığa heç bir səbəb yoxdur. Əksinə, bu, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həm şagirdlərdə, həm də onların valideynlərində ciddi əsaslar yaradacaq.
İkinci, 9-cu sinfi bitirən şagirdlərin qarşısında heç bir məhdudiyyət qoyulmayacaq. İstənilən şagird əgər qabiliyyəti varsa, 10-cu sinfə qəbul olunacaq və tam orta təhsilini başa vuracaq. Burada söhbət yalnız və yalnız təhsillənmək arzusunda və təhsil almaq iqtidarında olmayan şagirdlərdən gedir. Xahiş edərdim ki, məni düzgün başa düşəsiniz. 10–11-ci sinifdə, yəni təhsilin tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi mütərəqqi bir hal kimi qanun layihəsinə daxil edilib. Biz də bunu mütərəqqi maddə kimi nəzərinizə çatdırırıq.
Əvvəla, məsələ burasındadır ki, təhsilin bu pilləsində təmayülləşmə hər şeydən əvvəl təhsilin keyfiyyətinin yüksəlməsinə, bu gün istəsək də, istəməsək də, test sisteminin bizdən asılı olmayaraq yaratdığı repetitorluq işinin aradan qaldırılmasına səbəb olacaq.
Digər tərəfdən, icbari təhsilin 9-cu sinfə endirilməsi külli miqdarda vəsaitin həmin pillədən azad olunmasına və onun peşə-ixtisas müəssisələrinə sərf olunmasına imkan verəcək. Eyni zamanda, tam orta təhsili başa vuran şagirdlərin sayı ilə ali və orta peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin sayı arasında real bir proporsiya yaranacaq.
Başqa bir mübahisə doğuran məsələ ali təhsillə və onun siklləri ilə bağlıdır. Hörmətli həmkarlar, ali təhsilin 3 sikllə müəyyən olunması bilavasitə Baloniya konvensiyasının tələblərindən irəli gəlir. Hörmətli təhsil nazirimiz burada əyləşib, yəqin ki, təsdiq eləyər, 2003-cü ildə Berlin konvensiyasında bütün nazirlərə əvvəl tövsiyə xarakterli, sonra isə öhdəlik xarakterli təkliflər oldu ki, ali təhsilin üçpilləli, daha doğrusu, bakalavriatura, magistratura və doktorantura kimi üç siklli sisteminə keçilsin. Sikl adlandırmaqda məqsəd ondan ibarətdir ki, hər bir pillədə təhsil tam başa çatmış sayılır. Bu, əvvəllər ictimai fikirdə olan bakalavriatın tam ali təhsil olmaması fikrini də alt-üst eləyir, yəni bakalavriatın tamamilə ali təhsil olmasını təsdiq edir. Qanun layihəsinin ayrı-ayrı maddələrində həm bakalavriat, həm də magistratura təhsil sisteminin bir-biri ilə bağlılığı və fərqli cəhətləri, iş yerləri və sair məsələlər də dəqiqliyi ilə öz əksini tapıb.
Təhsil haqqında qanun layihəsində ən çox mübahisə doğuran məsələ doktorantura ilə bağlıdır. Bu da doktoranturada ikipilləli sistemin saxlanılmasından ibarətdir. Beynəlxalq təşkilatların rəylərində bizə tutulan əsas irad bundan ibarətdir ki, ikipilləli doktorluq dərəcələrinin verilməsi sisteminin saxlanması külli miqdarda dövlət vəsaitinin xərclənməsinə səbəb olacaq. Eyni zamanda, qeyd edilir ki, birinci pillədə, yəni fəlsəfə doktoru səviyyəsində verilən elmi diplomların lazımi səviyyədə olmaması barədə ictimai fikirdə müəyyən yanlış baxışlar yarana bilər. Bu, tamamilə doğrudur. Lakin biz doktoranturanı ikipilləli müəyyən edərkən, demək olar ki, bütün ölkələrin təcrübəsini öyrənmişik. Mən sizin nəzərinizə çatdırım ki, dünyanın əksər ölkələrində yalnız birpilləli elmi dərəcə verilməsi sistemi tətbiq olunur. Amma bizim Azərbaycan reallığı, xüsusilə magistr hazırlığı pilləsindəki mövcud standartlarımız, bu pillənin elmi çəkisi, yükü elə səviyyədə deyil ki, biz bu gün birbaşa birpilləli doktorluq dərəcəsi sisteminə keçək. Gələcəkdə, 5 ildən sonra, 10 ildən sonra bu məsələyə qayıtmaq mümkündür. Lakin bunun üçün ciddi işlər görülməlidir. Xüsusilə magistr hazırlığı pilləsində təhsil standartları, təhsil planları ciddi surətdə təkmilləşdirilməlidir.
Hörmətli millət vəkilləri, bununla bağlı bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim. “Aspirantura” sözü, ümumiyyətlə, qanun layihəsindən çıxarılıb. “Aspirantura” sözü sırf sovet təhsil sisteminə xas olan termin idi. Dünyanın heç bir ölkəsinin elm-təhsil sistemində “aspirantura” sözü yoxdur. Amma biz burada dəyişiklik edərkən heç nəyi qırıb dağıtmamışıq. Burada yalnız forma dəyişikliyi var və gələcəkdə bu dəyişikliyinin arxasında ciddi elmi məzmun daşıyan dəyişikliyin baş verəcəyi, təbii ki, gözlənilir.
Hörmətli həmkarlar! Ən çox mübahisəyə səbəb olan məsələlərdən biri də ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlıdır. Birmənalı olaraq deyə bilərəm ki, Təhsil haqqında qanunun müvafiq maddələrində Azərbaycanın ali və orta təhsil sisteminə tələbə qəbulunda test sisteminin saxlanılması təsbit olunmuşdur. Bunun alternativi yoxdur. Bu gün Azərbaycan cəmiyyətində test imtahanları özünü tamamilə doğruldur. Amma söhbət testin təkmilləşdirilməsindən gedir. Söhbət qəbul imtahanları zamanı, xüsusilə ali məktəblərə, ixtisaslara abituriyentlərin yerləşdirilməsi zamanı tələbələrə verilən seçimdən gedir. Ümumiyyətlə, təhsil alanlara orta məktəbin ilk pilləsindən etibarən məktəbi, ixtisası, müəllimi, təhsil proqramını, ali məktəbi, məsləhətçini, elmi işi seçmək imkanının yaradılması qanunun ən mühüm konseptual istiqamətidir. Əvvəldən axıradək bu məsələ ardıcıl şəkildə qanunun ayrı-ayrı fəsillərində, maddələrində təkrar olunur.
Ali təhsilə qəbul sistemi, bilirsiniz ki, 3 mərhələdən ibarətdir. Şərti olaraq deyək ki, birinci mərhələ sənədlərin qəbuludur, ikinci mərhələ isə biliyin qiymətləndirilməsidir. Hörmətli həmkarlar, tam məsuliyyətlə deyirəm ki, birinci oxunuşda və hələ ondan əvvəl müzakirələr zamanı nəzərdə tutduğumuz bu iki pilləni əhatə edən maddələr bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tamamilə tətbiq olunur. Biz bunu çox mütərəqqi hal kimi qeyd edirik və qiymətləndiririk.
Üçüncü mərhələ isə abituriyentlərin ali məktəblərə yerləşdirilməsidir. Bəzən elə qeyd olunur ki, guya Milli Məclis çalışır ki, yerləşdirmə prosesinə universitetləri, universitetlərin rektorlarını, məsul katibləri daxil etsin və yaxud da bu məsələni bütünlükdə Təhsil Nazirliyinin ixtiyarına versin. Qətiyyən belə deyil, bu absurddur. O gün qanun barəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi bəzi sözlər işlətdi. Mən həmin sözləri bu gün sizə qaytarıram və deyirəm ki, sizin təsəvvürünüz tamamilə absurddur, heç bir elmi və hüquqi əsası yoxdur. Belə bir fikir heç kimin ağlından keçmir və xüsusilə də Elm və təhsil məsələləri daimi komissiyası və işçi qrupu tərəfindən belə bir şey heç təsəvvürə də gətirilmir. Sadəcə olaraq, təkrar edirəm ki, söhbət universitetləri, ixtisasları seçəndə abituriyentlərə tam sərbəstliyin verilməsindən gedir və bu mənada qanun layihəsində müvafiq maddələr öz əksini tapmışdır. Hörmətli millət vəkilləri, dünya olimpiadalarının, – fənn olimpiadalarından söhbət gedir, bunların sayı dörddür, dünən məlumat verdilər ki, artıq beşinci də keçiriləcək, – artıq qəbul olunmuş, oturuşmuş olimpiadaların qaliblərinin və ən mötəbər dünya yarışlarının, dünya çempionatının, Avropa çempionatının, olimpiya oyunlarının qaliblərinin imtiyazlı əsaslarla, yəni müsabiqədə iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olunması nəzərdə tutulub. Yəqin ki, təhsil nazirimiz Misir müəllim çıxışında bunları deyəcək. Məgər belə tələbələrin sayı bizdə çoxdurmu? Son illərdə heç on nəfər də yoxdur. Bəlkə də bir az azdır. Təəssüflə demək istəyirəm ki, həmin tələbələri, həmin abituriyentləri biz itirmişik. Onlar bizim universitetlərdə deyil, Rusiyanın, Sinqapurun və digər ölkələrin ən mötəbər universitetlərində çox imtiyazlı şərtlərlə təhsillərini davam etdirirlər. Təhsillərini başa vurduqdan sonra da müqavilə əsasında həmin universitetlərdə qalıb işləyəcəklər.
Hörmətli millət vəkilləri, biz orta məktəblərdə qızıl və gümüş medalların verilməsini bərpa etmişik. Lakin bu medallar tələbələrə ali və orta peşə-ixtisas müəssisələrinə qəbul olunmaqda heç bir imtiyaz vermir. Bunları yalnız həvəsləndirici və stimullaşdırıcı təsir vasitələri kimi qanun layihəsinə daxil etmişik.
Hörmətli millət vəkilləri, bir sıra mübahisəli məsələlər təhsilin idarə edilməsi, maliyyələşdirilməsi, xüsusilə də təhsilin iqtisadiyyatı, Təhsil fondunun yaradılması, təhsil prosesində iştirak edən həm pedaqoji işçilərin, həm də təhsil alanların sosial müdafiəsi ilə bağlıdır. Mən əminəm ki, siz qanun layihəsini çox diqqətlə oxumusunuz, bu barədə öz fikirlərinizi deyəcəksiniz. Ona görə mən bunlar haqqında ətraflı danışmaq istəmirəm. Mən belə fikirləşirəm ki, bu qanun layihəsi tam təkmil olmaqla milli təhsilimizin inkişafına, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş təhsil siyasətinin bilavasitə həyata keçirilməsinə xidmət edən çox ciddi bir sənəddir. Mən sizin hamınızı bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Mən Təhsil haqqında qanun layihəsinin bu səviyyəyə gətirilməsinə, həm işçi qrupuna, həm də komissiyaya tam şəraitin yaradılmasına, eyni zamanda, öz konstruktiv təklifləri ilə layihənin daha da cilalanmasına, daha təkmil formada sizə təqdim olunmasına köməklik göstərdiyi üçün birinci növbədə Milli Məclisin rəhbərliyinə, şəxsən, Oqtay müəllim, Sizə, Milli Məclis Aparatının rəhbəri Səfa müəllimə, Milli Məclis Sədrinin müavinlərinə, bütün deputatlara və bizə təkliflərini göndərən adi vətəndaşlara, təhsil işçilərinə, qanunun bu səviyyədə ərsəyə gəlməsində rolu olan bütün insanlara öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Mən sizi əmin edirəm ki, bu gün də sizin deyəcəyiniz hər bir təklif, hər bir tövsiyə tərəfimizdən nəzərə alınacaq və konstruktiv, real təkliflər qanun layihəsində öz əksini tapacaq. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri! Dünən çox təkid edəndən sonra dedi ki, 20 dəqiqə danışım. Bir az çox danışdı. Yəni sıxdıq, qoymadıq axıra kimi danışsın.
Mənim bir xahişim var. 46 nəfər yazılıb, müzakirə bir xeyli davam edəcək. Mən istərdim, müzakirədə millət vəkillərinin çoxu iştirak etsin. Ona görə əgər etiraz yoxdursa, müzakirəni 5 dəqiqə edək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hamı danışmaq istəyir, birinə söz çatmır, sonra inciklik olur. Ona görə çıxışa ayrılan vaxtı 5 dəqiqə edək.
İndi isə xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 2
Səs verməd 2  
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Müzakirələrə keçirik. Fazil Mustafa buyursun.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu, həqiqətən də, hamının, cəmiyyətin narahatlıqla izlədiyi bir qanundur. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının bəlkə də Ermənistana uduzduğu ən böyük sahələrdən biri səhiyyə və təhsillə bağlıdır. Biz bu sahədə böyük bir irəliləyiş əldə etsək, hesab edirəm ki, döyüş meydanında da bunu gerçəkləşdirə biləcəyik.
Vaxt qısa olduğuna görə konkret məsələlərə toxunmaq istəyirəm. Birinci, “Təhsilin əsas məqsədi” adlı 4-cü maddəyə münasibətimi bildirmək istəyirəm. Mən bilirəm ki, Şəmsəddin müəllimin rəhbərlik etdiyi komissiya çox böyük əziyyət çəkib və onu qiymətləndirmək lazımdır. Eyni zamanda, Təhsil Nazirliyi də bu prosesdə fəal iştirak edibdir və mən onların səylərini də qiymətləndirirəm. Amma 4-cü maddədə verilənlər eyni ilə sovet dövründə sovet adamı hazırlama məqsədinə təqribən yaxın bir məqsəddir. Məsələn, “demokratik, hüquqi və dünyəvi dövlət” sözləri Azərbaycan Respublikasına aiddirsə, elə o, Konstitusiyada var. Məqsəd Azərbaycan Respublikası qarşısında öz məsuliyyət və cavabdehliyini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Təhsilin məqsədi bu olmalıdır. Yoxsa təhsilin məqsədində “xalqın azadlıq amalına, demokratiya ənənələrinə, vətənpərvər, dövlətçilik prinsiplərinə və azərbaycançılıq ideyalarına sadiq” ifadələrinə nə gərək var? Elə bil idarəetmə akademiyasına tələbə qəbuludur. Təhsilin məqsədi müstəqil və yaradıcı şəxsiyyət yetişdirməkdir. Mən hesab edirəm ki, respublika yox, “dövlət qarşısında öz məsuliyyət və cavabdehliyini dərk edən” ifadəsi hamısını əhatə edir. Yəni bu, dövlətin bütün qanunlarına, prinsiplərinə, ənənələrinə sadiq qalmanın əsas göstəricisi olur.
4.0.3-cü maddədə göstərilir ki, cəmiyyətin və dövlətin inkişafına xidmət edən sistemləşdirilmiş bilik. Buna nə ehtiyac var? Onsuz da “sistemləşdirilmiş bilik” deyəndə hamısını əhatə edir. Məncə, bu cür ifadələr məqsədi bir qədər mürəkkəbləşdirir və bunu anlamaqda çətinlik yaradır.
Sonra, həmin maddədə yazılır ki, “həyata hazırlamaq”. Həyata ana bətnində hazırlayırlar, təhsil müəssisəsində hazırlamırlar ki?! Bəzi ifadələrin düzgün seçilməsi çox vacibdir.
5.3-cü maddədə göstərilir ki, hər bir vətəndaş üçün icbari ümumi orta təhsil almaq. Burada məncə, “keyfiyyətli icbari orta təhsil almaq” olmalıdır. Çünki icbari orta təhsil onsuz da var və bu gün, əsasən, bunun keyfiyyət məsələsindən çox danışılır. Bu gün repetitor təhsilinin verdiyi imkanlar təhsil müəssisəsinin verdiyi imkanlardan daha çoxdur. Ali məktəbə daxil olanların faizi göstərir ki, onların 94 faizi repetitor təhsili almış şəxslərdir. Ona görə də bu, nəzərə alınmalıdır.
6.1-ci maddədə pedaqoji elmin prinsipləri əsasında hazırlanan layihədən söhbət gedir. Məncə, bura “beynəlxalq təcrübə” sözləri də əlavə olunmalıdır. Çünki biz Baloniya prosesinə qoşuluruqsa, mütləq beynəlxalq təcrübə məsələsi burada öz əksini tapmalıdır.
Digər tərəfdən, qeyri-azərbaycandilli məktəblərdə Azərbaycan dili, məncə, məcburi olmalıdır. Digər məsələlər – Azərbaycan tarixinin, coğrafiyasının tədrisinin razılaşma yolu ilə başqa dillərdə aparılması nəzərdə tutula bilər, çünki hər bir xaricidilli məktəb Azərbaycan dilinin öyrənilməsinə maraq göstərməlidir.
Burada vacib məsələlərdən biri 14.8-ci maddədə öz əksini tapıb. Təşkilatlarda, müəssisələrdə dini qurumların, partiyaların strukturlarının yaradılmasına yol verilmir. Məncə, burada məsuliyyət məsələsi də qoyulmalıdır. Belə bir hal varsa, həmin müəssisənin rəhbəri buna görə qanunla məsuliyyət daşımalıdır.
Bir də, 9 və 11 illik təhsillə bağlı qısaca fikrimi demək istəyirəm. Burada Konstitusiyanın 42-ci maddəsinə açıq-aşkar zidd müddəalar var. Yəni referendum məsələsində ona görə narazılığımızı ifadə edirdik ki, bir çox məsələləri bu referenduma çıxarmaq lazımdır. 42-ci maddədə göstərilir ki, ali məktəbə qədər pulsuz icbari təhsil nədir? İndiki 11 illik təhsil nəzərdə tutulursa, bu aralıq dövr mütləq Konstitusiyada...

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Yaxşı, sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Hörmətli deputatlar, hörmətli qonaqlar! Vaxtın azlığını nəzərə alıb istəyirəm, fikirlərimi tezis şəklində çatdırım. Mən Şəmsəddin müəllimə və bu qanunu hazırlayanlara təşəkkür edirəm. Eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın lider dövləti olduğundan biz təhsil sahəsində də lider dövlətik. Bizim təhsilimiz düşmən dövlətin təhsil sistemindən üstündür. Bizdəki intellektual potensial da, idarəçilik də onlardan üstündür. Mən təəssüf edirəm ki, məndən əvvəl çıxış edən cənab Fazil Mustafa bu cür yanlış bir tezisi ortaya qoydu.
Mən də qanun layihəsi ilə bağlı bəzi fikirlərimi demək istəyirəm. Birinci, xahiş edərdim, terminlərlə bağlı məsələlərə komissiyalarda baxsınlar. Niyə “bakalavriat”? “Bakalavrlıq”, “magistrlik”, “doktorluq”. Bu terminləri öz dilimizə uyğunlaşdıraq. Bunlar rusca səslənir, amma azərbaycanca alınmır. Buna diqqətlə baxmaq lazımdır.
Sonra məsafədən təhsil dünyada var. Amma bilmirəm, biz bu gün bunu tətbiq etməliyikmi? Nə dərəcədə buna zərurət var? Kim isə deyə bilər ki, xaricdən kimsə məsafədən təhsil alacaq və sair. Bu arqumentlə razılaşıram, amma bəlkə də buna ehtiyac yox idi.
Sonra, burada hər dəfə təhsil proqramı sözlərindən sonra mötərizədə “kurrikulum” yazılır. Bu nəyimizə lazımdır? “Təhsil proqramı” ifadəsi aydındır. Dədə-babadan buna elə belə də demişik. Xarici termini süni surətdə bura gətirməyə, məncə, ehtiyac yoxdur. Bu terminlərə bir az diqqətlə yanaşmaq lazımdır, çünki biz Təhsil haqqında qanun qəbul edirik. Qanunumuzda hətta xarici təhsil ocaqlarında icbari olaraq dilimizi qorumağı qeyd edirik və zəruri olaraq qeyd edirik. Hesab edirəm ki, buna görə də Təhsil haqqında qanunumuz dil baxımından daha təkmil və saf olmalıdır.
Sonra, burada “İlk peşə-ixtisas təhsili” adlı bir maddə var. Aydın məsələdir, bu, 9 illiyi qurtarıb gedəcək, oxuyacaq. Burada göstərilir ki, müəyyən ixtisas dərəcəsi üzrə mütəxəssis hazırlanır. Başa düşdük, bir nadir ixtisas üzrə, tutaq ki, zərgərlik üzrə mütəxəssis şagird hazırlayır, ona da sertifikat verir. Amma orada həm də yazılır ki, ona tam orta təhsil haqqında sənəd veriləcək. Onu bir adam hazırlayır. O necə verəcək bu təhsili? Burada biz az ziddiyyət var. Mən komissiyadan xahiş edirəm, buna baxsınlar. 20.4-cü maddəyə baxın. Buna tam orta təhsil haqqında biz sənəd verəcəyik. Bu gedib bir zərgərin yanına, işləyib, şagird olub, sertifikat alıb. O zərgər ona tam orta təhsili necə verəcək?
Bir də, “məktəbəqədər təhsil” maddəsində valideynə icazə verilir ki, uşağı ailədə hazırlasın. Məktəbəqədər təhsil həm uşaq bağçasında, həm də evdə həyata keçiriləcək. Burada da ziddiyyət olacaq. Valideyn deyəcək ki, uşaq bağçasında müəllimə pul verirsən, bəs mən niyə öz uşağımı evdə hazırlamalıyam və sair.
Təhsil müəssisələrinin idarə olunması məlumdur, test sisteminin saxlanılması da çox müsbət haldır və belə də olmalıdır. Bir də 42-ci maddədə mən bir az ziddiyyət gördüm. Bu maddə “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” adlanır. Tutaq ki, özəl təhsil müəssisəsi akkreditasiya olunub, amma müəyyən müddətdən sonra yoxlanılıb. Məlum olub ki, bu, akkreditasiya dövründə təqdim olunduğu kimi deyil, keyfiyyət aşağıdır və vurulan ziyan var. Dövlətin maliyyələşdirdiyi təhsil müəssisələri də var, onlar da deməli, təzədən nə isə ödəməlidir? Əgər mümkünsə, Şəmsəddin müəllim, buna sonra izahat verin. Əgər məsələ mən dediyim kimidirsə və bu, məntiqlə belədirsə, onda buna bir də diqqətlə baxmaq lazımdır. Çünki burada artıq müvafiq icra hakimiyyəti nə isə qərar qəbul etməyəcək. Ümumilikdə, hesab edirəm ki, bu qanun layihəsi ikinci oxunuş üçün yararlıdır, dəyərlidir. Biz bunu qəbul edərək Azərbaycan təhsilinin daha sürətli inkişafına öz töhfəmizi vermiş olarıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən də Azərbaycanda Təhsil haqqında qanunun, nəhayət ki, qəbul olunmasının tərəfdarıyam və hesab edirəm ki, bu qanun çox qısa zamanda qəbul olunub qüvvəyə minməlidir. Amma mən də bir sıra iradımı bildirəcəyəm.
İlk növbədə, hesab edirəm ki, Azərbaycan Respublikasında təhsilin əsas məqsədi, prinsipi doğru, düzgün əsaslandırılmayıb və daha çox şablon xarakterlidir və bir az da sovet ideologiyasına yaxındır. Daha doğru ifadə etsəm, bu, Rusiyanın Təhsil haqqında federal qanunundan və Türkiyənin Milli egitim sistemi düzənləyən genel əsaslarından olduğu kimi kopyalanmış qanundur. Amma çox təəssüf ki, onun da ikinci hissəsində 1983-cü il dəyişikliyini yox, 1973-cü ildə qəbul olunmuşu əsas göstəriblər. Burada qeyd olunub ki, xalqının azadlıq amalına və demokratiya ənənələrinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvər, dövlətçilik prinsiplərinə və azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək. Azərbaycan təhsili açıq təhsildirsə, dünyanın müxtəlif yerlərindən gəlib burada təhsil alanlar olacaq. Onu azərbaycançılıq ruhunda tərbiyə etmək və sair nə dərəcədə doğrudur?
Çox təəssüf ki, təhsil verənin hüquqlarının qarşısında da həmin məsələ qoyulub. Mən xarici ölkə vətəndaşıyam və gəlmişəm, müqavilə əsasında dərs deyirəm. Bizdə – Azərbaycanda özəl və ali təhsil müəssisələrində bunun çox geniş yayılmış formaları var. O nə azərbaycançılıq ideyalarını tətbiq edəcək, nə də vətənpərvərlik ruhunu. Yəni təhsil verənin vəzifəsi o deyil. Təhsil verən ixtisas baxımından təhsilə xidmət göstərməli olan şəxsdir.
Çox təəssüf ki, bütövlükdə qanun layihəsində təhsilin xidmət funksiyası unudulub, təhsil ideoloji bir sistemə çevrilib. Təhsil də başqa növlər kimi xidmətdir. Təhsil vətəndaşa xidmət göstərir ki, o, əqli, zehni potensialını genişləndirsin və həyatını bildiyi kimi qura bilsin. Təhsil bundan ötrüdür. Çox təəssüf ki, bizə təqdim olunan qanun layihəsində təhsil daha çox ideoloji yüklə yüklənib. İnsan, şəxsiyyət yetişdirmək. Hər kəs şəxsiyyəti, ziyalılığı bir cür dərk edir. “Təhsilverənlərin əsas vəzifələri” maddəsində göstərilir ki, təhsil verən ziyalı olmalıdır. Kim müəyyənləşdirib ki, ziyalı kateqoriyası nə olan şeydir? Hər kəs ziyalını bir cür dərk edir. Bu gün Milli Məclisdə əyləşən də, orta məktəbdə təhsil alıb siyasi mövqeyi olan da – hərə ziyalılığı bir cür dərk edir. Hər kəs vətəndaşa bildiyi ziyalılığı tətbiq etməlidirmi? O vətəndaşdan nə olacaq? Ona görə də bu tipli ideoloji məsələlərin hamısını Təhsil haqqında qanundan çıxarmaq lazımdır.
Mənim ən böyük iradım təhsil müəssisələrinin idarə olunması ilə bağlıdır. 30.2-ci maddədə yazılır ki, dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri həyata keçirir. Niyə təhsil müəssisələrində elmi və pedaqoji şuralar fəaliyyət göstərdiyi halda, seçkili orqanlar öz rəhbərini seçmirlər? Hətta bəyənmədiyimiz sovet dönəmində bu tipli təhsil müəssisələrinin rəhbərləri məhz formal olaraq elə burada seçilirdilər. Amma indi təyin olunma prinsipi gedir. Bu, doğru yanaşma deyil və dünyanın heç bir yerində yoxdur.
Dünyanın heç bir yerində təhsil müəssisələrinin rəhbərini müvafiq icra hakimiyyəti təyin etmir. Onlar seçkili orqanlar vasitəsilə seçilirlər. Təbii ki, hamı bilir, universitetlərdə şuranın tərkibinə rektorlar, dekanlar və sair daxildir. Nəticə etibarilə həm nəzarəti həyata keçirir, həm də qərarı özü verir. Yəni bu tipli müəssisələrdə, əslində, nəzarəti həyata keçirmək mümkün olmur. “Təhsil müəssisəsinin idarə olunması” maddəsində özünüidarə prinsipləri əsas kimi qəbul olunsa da, çox təəssüf ki, burada özünüidarə prinsipindən heç nə yoxdur, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunma var. Əslində, bu maddələr bir-biri ilə ziddiyyət təşkil edir. Mən, təbii, icbari təhsilin 9 illik olmasını və dövlətin yükünün azaldılmasını, ixtisas seçimi və ondan sonra müəyyən texniki peşə məktəblərində oxumağın hamısını...

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir
 
Sədrlik edən. Millət vəkillərindən xahiş edərdim ki, çıxışın axırına yaxın mövqelərini bildirsinlər. Yəni Təhsil haqqında qanunu dəstəkləyirsiniz, yoxsa dəstəkləmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hə, dəstəkləyirsiniz? Mən eşitmədim. Pənah Hüseyn buyursun.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mənim fikrimcə, indi Azərbaycanda süni surətdə bir problem yaradılıbdır. Bu reallıq ondan ibarətdir ki, təhsilin problemlərini yeni Təhsil qanununun olmaması ilə izah edirlər. İctimai rəy də, təhsil ictimaiyyəti də bunun üzərində köklənib. Ona görə də hörmətli Sədr, mən tərəfdarıyam ki, bu qanunu mümkün qədər tez qəbul etmək lazımdır. Mən komissiyadakı müzakirələrdə iştirak etmişəm. Etiraf olunmalıdır ki, indi təqdim olunan layihənin üzərində xeyli iş gedib, bir çox məsələlər, ziddiyyətli məqamlar aradan götürülübdür. Mən hörmətli millət vəkillərinin və Azərbaycan ictimaiyyətinin bilməsi vacib olan çox mühüm bir məsələyə diqqəti cəlb etmək istəyirəm. Tam orta təhsilin dövlət müəssisələrində pulsuz olub-olmaması məsələsi çox ciddi narahatlıq doğururdu. Axırıncı müzakirədən sonra bu, birmənalı şəkildə yazılıbdır və çox müsbət haldır. Yəni “dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur” ifadəsi qanunda təsbit olunubdur. Mən, əlbəttə, prinsipcə 10 illik icbari təhsilin ləğv olunması ilə razı deyiləm və öz mövqeyimdə qalıram.
Hesab edirəm ki, Konstitusiyanın 42-ci maddəsi çox mütərəqqi müddəa idi. Amma bu, götürülür. Amma mənim fikrimcə, burada bır sıra doğru olmayan məsələlər var. Yeri gəlmişkən, deyim ki, bu icbarilik məsələsi məhz 1995-ci il Konstitusiyası ilə gətirilmişdi. Hamımız bilirik ki, 1992-ci ildə qəbul olunan Təhsil qanununda icbari təhsil cəmi 8 il idi. Bu, irəliyə doğru atılmış bir addım idi. Təəssüf ki, bu və ya digər səbəblərdən, mən hesab edirəm ki, əsas etibarilə Azərbaycan iqtidarının apardığı siyasət nəticəsində bu işləmir. Mən hesab eləmirəm ki, bu belədir. Amma əsaslandırmağa çalışırlar ki, guya bununla dövlətin üzərindən böyük yük götürüləcəkdir. Mən sizə deyim ki, dövlətin üzərindən heç bir yük götürülməyəcəkdir, çünki ilk peşə-ixtisas və orta peşə-ixtisas təhsili xeyli vəsait tələb edir. Yəni bunlar büdcədən maliyyələşəcəklər.
Digər bir məsələyə diqqətinizi cəlb eləmək istəyirəm və bu olduqca ciddi məsələdir. Hesab eləyirəm ki, qanunun qüsuru da məhz bundan ibarətdir. Bu da mövcud qanunun 53-cü maddəsində təhsilin üstün maliyyələşdirilən strateji fəaliyyət sahəsi olması haqqındakı müddəanın yeni qanunda ləğv olunmasıdır. Mövcud qanunun 50-ci maddəsi pedaqoji ictimaiyyət üçün olduqca böyük əhəmiyyətə malik idi. Qüvvədə olan qanunda təlim-tərbiyə müəssisəsi işçisinin əmək haqqının, vəzifə maaşının 1993-cü ildən başlayaraq tədricən qabaqcıl ölkələrin təhsil işçilərinin əmək haqqı səviyyəsinə çatdırılması haqqında müddəa var idi. İndi bu, yeni qanunda əks olunur.
Sonra, 37-ci maddə inkişaf eləmiş ölkələrdə olduğu kimi, təhsil müəssisələrinin rəhbər işçilərinin seçki yolu ilə təyin olunması haqqında idi. Bu çox mühüm bir məsələdir və çox təəssüf ki, indiki qanun onu ləğv eləyir. Yeri gəlmişkən, deyim ki, bu gün bizim referenduma çıxardığımız məsələ kimi, orada da təhsil işçilərinin iki dəfədən artıq seçilməməsi haqqında müddəa öz əksini tapmışdı. Hesab edirəm ki, əvvəl-axır Azərbaycan ali təhsil sistemində bu mütləq tətbiq olunmalıdır. İndi ləğv olunubsa da, yenidən bu, gündəmə gəlməlidir və gələcəkdir. Bunun üsulları vardır.
Mən komissiyada da dedim, indi burada da təkrar edirəm. Türkiyədə, rektorluğa kollektivlər tərəfindən bir neçə namizədin seçilməsi, sonra da dövlət başçısının, Prezidentin sərəncamı ilə həmin namizədlərin içərisindən rektorun seçilməsi kimi çox gözəl, özünü doğruldan bir model vardır. Hesab edirəm, digər təhsil müəssisələrində də oxşar modeli həyata keçirmək olar. Bir çox məsələlər barədə isə mən hörmətli Şəmsəddin müəllimlə bir neçə dəfə danışmışam. O bildirir ki, bu, çərçivə qanundur. Ali təhsil, məktəbəqədər təhsil, ibtidai təhsil, tam orta təhsil haqqında qanunlar qəbul edilərkən bu məsələlər daha konkret və dəqiq şəkildə öz əksini tapacaqdır və bununla bağlı normativ aktlar qəbul olunacaqdır. Buna inanaq və bu təhsil haqqında qanunu qəbul edək. Təşəkkür edirəm.
Sədrlik edən. Doğrudan da, bu, çərçivə qanunudur. O biri qanunlar da olacaq. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də, təbii ki, bu qanunun lehinə səs verəcəyəm. Amma bəzi məsələlərin bu oxunuş zamanı nəzərə alınmasını və bəzi məsələlərə də daha aydınlıq gətirilməsini xahiş edirəm. Bunlardan birincisi, 25.5-ci maddə ilə bağlıdır. Yadınızdadırsa, əvvəlki layihədə belə bir məsələ var idi ki, orta peşə-ixtisas məktəblərini yaxşı nəticələrlə bitirənlərin ali təhsil məktəblərinə müsabiqədənkənar keçməsi və sair. Çox yaxşı ki, Oqtay müəllim, bu, yığışdırıldı. Amma bir maddədə belə bir məsələ var, bunun açıqlanması nədir? Çünki biz deyirik ki, ali məktəblərə tələbə qəbulunda test üsulunu saxlayırıq. 21.5-ci maddədə yazılır ki, orta peşə-ixtisas təhsili proqramlarının müvafiq istiqamətlər üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini daha yüksək nəticələrlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əsasən uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır. Bu necə nəzərə alınacaq? Qəbul testlə keçirilir və bu, ümumi qaydalardır. Necə müəyyən edəcəklər ki, bu, yaxşı nəticə göstərib. Amma ola bilər ki, bu, testdə özünü doğrulda bilmədi, amma bunun nəticələri var. Bu necə nəzərə alınacaq? Xahiş edirəm, bunun mexanizmi aydınlaşdırılsın.
İkincisi, 27.4-cü maddədə lap ciddi bir məsələ var. Orada yazılır: “Ali və orta peşə-ixtisas təhsil müəssisəsinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdiyi nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır”. Yenə ortaya bu məsələ çıxır. Yəni biz tələbə qəbulunda test üsulunu saxlayırıq, bu çox vacib və mütərəqqi addımdır. Biz hamımız, cəmiyyət də bunu dəstəkləyir. Çünki hər kəs biliyinə görə qiymətləndirilir. İndi isə burada yazırıq ki, əvvəlki təhsil müəssisəsində əldə etdiyi nəticələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərə alınacaq. Necə nəzərə alınacaq, bu adam, ola bilər, özünü doğrulda bilmədi, amma əvvəlki təhsil pilləsində yaxşı qiymətlə oxuyub. Burada çox ziddiyyətli bir məqam ortaya çıxır. Ona görə xahiş edirəm, bu məsələlərə aydınlıq gətirilsin. Həm də mən düşünürəm ki, bu məsələlər götürülməlidir. Əgər tələbə qəbulunda test üsulu qalırsa, bu o deməkdir ki, hər kəs biliyini orada göstərməlidir və bu imtiyaz, güzəştlər, subyektivliyə yol açan məqamlar aradan götürülməlidir.
Bayaq Şəmsəddin müəllim dünya fənn olimpiadalarının qaliblərinin müsabiqədənkənar qəbul olunması məsələsinə toxundu və vurğuladı ki, bu insanların sayı çox azdır. Düzdür, bu insanların sayı çox azdır, çünki indiyə qədər onlara heç bir imtiyaz verilmirdi. Amma indi onlara imtahansız, müsabiqədənkənar qəbul veriləndən sonra bu məsələyə çox ciddi riayət olunmalıdır. İndi hər yerdə olimpiada keçirilir və maşallah, hamısı da onun qabağına bir “beynəlxalq” sözü əlavə edir. Hamı bilir ki, artıq müsabiqədənkənar qəbul var və bundan sonra subyektivliklər başlayacaq. İndiyə qədər bunların sayı ona görə az idi ki, ora özünü yoxlamaq üçün ancaq istedadlılar gedirdi. Çünki bilirdilər ki, onun heç bir imtiyazı yoxdur. Amma bu gün bu məsələ tam imtiyaz aldıqdan sonra artıq subyektivlik başlayacaq. Rusiyada, Gürcüstanda, ümumiyyətlə, hər yerdə keçirilən olimpiadalarda iştirak edəcəklər. Hamısında da “beynəlxalq” sözü var. Onda biz bunları necə ayırd edəcəyik? Bunun konkret təsnifatı olmalıdır.
Dünya fənn olimpiadaları beş ixtisas üzrə keçirilirsə, onlar konkret öz ixtisasları üzrə oxumalıdırlar. Amma mən düşünürəm ki, bu da ciddi problem yaradacaq məqamlardan biri olacaq. Hər halda bunun üzərində ciddi düşünmək lazım gələcək.
İkinci bir məsələ yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qaliblərinin müsabiqədənkənar qəbul olunmasıdır. Beynəlxalq müsabiqələr və yarışlar həddindən artıq çoxdur. Burada da konkret təsnifat olmalıdır, çünki biz bunlara belə imtiyaz veririk, müsabiqədənkənar ali məktəbə qəbul edirik. İdmanı misal gətirirlər. Amma təkcə idman sahəsində yox, mədəniyyət, incəsənət sahəsində beynəlxalq müsabiqələr, yarışlar keçirilir. Onların qalibləri də var. İndiyə qədərki sistem belə idi ki, mədəniyyət, incəsənət ixtisaslarına xüsusi qabiliyyət imtahanı verirdilər və bunların test imtahanlarında balları az olurdu. Yəni minimal ballar var idi, onların xüsusi istedadı nəzərə alınırdı. Mənə elə gəlir ki, həmin qaydanı beynəlxalq müsabiqə və yarışlara da aid etmək olar.
Sədrlik edən. Çox sağ olun. Qənirə xanım, Siz müəyyən edilmiş qaydanı oxudunuz, həm də bu, çərçivə qanunudur. Ancaq mən fənn olimpiadaları məsələsini bilirəm. İstənilən bir olimpiada qalibi ilə söhbət edin, görün, onun səviyyəsi nədir? Çox yüksək bilik səviyyələri var. O uşaqlar beynəlxalq olimpiadanın çempionu olmaq üçün çəkdikləri əziyyəti heç bir qəbul imtahanında çəkmirlər. Şəmsəddin müəllim düz dedi, o uşaqlar vaxtilə imtiyazlar olmadığı üçün Azərbaycandan çıxıb gediblər.
Siz deyirsiniz ki, Gürcüstanda müxtəlif yerlərdə beynəlxalq olimpiadalar keçiriləcək. Söhbət Gürcüstandan getmir. Dünyada mövcud beynəlxalq olimpiadalar var. Ali məktəblərə 25 min tələbə qəbul olunur. Bu 25 minin içində tutaq ki, 10 nəfər, 20 nəfər olsa, nə olar? Ancaq biz bundan udarıq, onlar Azərbaycanda qalarlar, xaricə getməzlər. Bu müzakirəni gələn iclasda davam etdirəcəyik. İndi isə etiraz eləmirsinizsə, təhsil naziri Misir Mərdanova söz verək. Misir müəllim, buyurun.
M. Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyası üzvlərinin və digər mütəxəssislərin gərgin əməyi nəticəsində hazırlanmış Təhsil haqqında qanun layihəsinin bu gün ikinci oxunuşda müzakirəyə çıxarılması, bizim fikrimizcə, çox böyük əhəmiyyətə malikdir. Çünki Təhsil haqqında qanunun qəbul edilməsi cəmiyyət tərəfindən uzun müddətdir ki, gözlənilir və ictimaiyyətin diqqət mərkəzindədir.
Biz belə düşünürük ki, yeni Təhsil haqqında qanunun qəbul olunması, şübhəsiz, zamanın tələbidir. Ən əvvəl ona görə ki, Azərbaycanda dövlət müstəqilliyinin bərpasından və müstəqilliyin ilk real əlamətlərindən biri olan 1992-ci il qanununun qəbulundan keçən müddətdə ölkəmizin ictimai-siyasi və sosial sahələrində ciddi inkişafla müşayiət edilən əsaslı dəyişikliklər baş verib. Bütün bunlar öz növbəsində təhsil sahəsinə də təsirsiz ötüşməmişdir.
Danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1999-cu ildə İslahat proqramının təsdiq olunması ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyasını sürətləndirmiş, nəticədə təhsilin təşkili və idarə olunmasından tutmuş onun məzmununun müəyyənləşdirilməsi və maliyyələşməsinə qədər bütün zəruri məsələlərə, o cümlədən təhsilin məqsədlərinə və nəticələrinə, vətəndaşın həyatındakı roluna cəmiyyətdə yeni baxış, yeni münasibət və yeni yanaşma formalaşmağa başlamışdır. Eyni zamanda, İslahat proqramının təsdiqindən az sonra yenə də dövlət başçısının müvafiq sərəncamına əsasən Dünya Bankı da bu işə cəlb edilməklə Azərbaycanın təhsil sistemində müxtəlif istiqamətlər üzrə islahatların ardıcıl surətdə reallaşdırılmasına başlanılmışdır.
Müsbət haldır ki, hörmətli Oqtay müəllim, Sizin də qeyd etdiyiniz kimi, qanun konseptual xarakter daşıyan çərçivə qanundur. Bu qanun qəbul olunduqdan sonra təhsilin müvafiq pillələri üzrə əhatəli qanunlar qəbul olunacaqdır. Ona görə mən bu gün ikinci oxunuşa təqdim olunan qanun layihəsinin bütün maddələri haqqında söz deməyə ehtiyac duymuram, buna vaxt da yoxdur. Ancaq bəzi prinsipial və yeni məsələlər barədə mülahizələrimi sizinlə bölüşmək istərdim.
5 yaşlı uşaqların məktəb təliminə hazırlıq mərhələsinin icbariliyi, ümumi təhsil pilləsinin ibtidai, orta və tam orta pillələrini əhatə etməsi, 9 illik orta təhsilin icbari olması, ali və orta ixtisas, eyni zamanda, peşə-ixtisas müəssisələrinə qəbul zamanı vətəndaşların əvvəlki təhsil pillələrində əldə etdiyi nailiyyətlərin nəzərə alınması, şübhəsiz, keyfiyyət dəyişikliklərinə istiqamətlənən müsbət addımlardır.
Bununla belə, bu müddəaların bəzilərinin narahatlıqla qarşılanması da, bizim fikrimizcə, reallıqdır. İlk olaraq qeyd etməyi lazım bilirəm ki, dövlət ümumtəhsil müəssisələrində tam orta təhsil pulsuzdur və gələcəkdə də pulsuz olacaqdır. Komissiyada müzakirə zamanı bəziləri söylədilər ki, guya icbarilik 9 ilə endirildikdən sonra 10–11-ci illərdə təhsil pullu olacaq. Bu, qətiyyən belə deyil, bizim ölkəmizdə 11 illik təhsil pulsuz olaraq davam edəcəkdir.
9 illik orta təhsilin icbari təsbit edilməsinə gəlincə isə, həmin müddəanın layihəyə salınması, fikrimizcə, keyfiyyət amili ilə bağlıdır. Hörmətli millət vəkillərinin diqqətinə onu da çatdırmaq istəyirəm ki, ölkənin ümumtəhsil məktəblərinin 9-cu siniflərini hər il orta hesabla 120–140 min nəfər şagird bitirir. Aydındır ki, onların heç də hamısı öz potensialları baxımından növbəti pillədə təhsil almaq imkanına malik deyillər, bəziləri heç bunu arzulamırlar da. Lakin indiki halda orta təhsil icbari olduğundan onların böyük əksəriyyətini orta təhsil pilləsinə qəbul etmək məcburiyyətindəyik. Belə vəziyyətdə isə son pillədə təhsilin keyfiyyətinə, məktəbin və müəllimin nüfuzuna mənfi təsir göstərir.
Biz həmişə bu fikirdə olmuşuq ki, ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi üçün yeganə meyar ali məktəblərə qəbulun nəticələri ola bilməz. Lakin orta təhsilə zorla yerləşdirilmiş şagirdlərin ali məktəblərə qəbul zamanı uğursuzluğa uğraması məktəblər haqqında mənfi rəy formalaşdırılmasına gətirib çıxarır. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, 9 illik təhsilin icbari olması həmin pilləni bitirən şagirdlərin təhsil və məşğulluqdan kənarda qalması demək deyildir. Onlar ümumtəhsil məktəblərinin nəzdində qiyabi qruplarda, texniki peşə və orta ixtisas təhsil məktəblərində təhsillərini davam etdirə, eyni zamanda, fərdi qaydada sənətkarın yanında müxtəlif peşələrə də yiyələnə bilərlər. Bundan əlavə, bir məqamı da qeyd eləmək istəyirəm ki, Nazirlər Kabinetinin 2006-cı ildə təsdiq etdiyi Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası sənədinə görə 9-cu sinfi bitirən şagirdlərin növbəti pilləyə keçidi müsabiqə əsasında aparılacaqdır.
Yekun pillədə təhsil təmayüllər əsasında təşkil ediləcəkdir. Yəni şagirdlər 10–11-ci siniflərdə təmayüllü məktəblərdə təhsil alacaqlar. Qanunda da belə yazılıb. Həmin sənəddə göstərilir ki, zəruri hallarda şagirdlərin və valideynlərin arzuları nəzərə alınaraq ümumtəhsil məktəblərində 9-cu sinfi bitirən şagirdlərin müəyyən qismi üçün təmayülsüz tam orta təhsil siniflərinin açılmasına, onlarda qiyabi qrupların yaradılmasına da şərait yaradılacaqdır. Belə adamlara ikinci dərəcəli attestat almaq imkanı veriləcəkdir. Birinci dərəcəli attestat isə müsabiqə yolu ilə tam orta təhsil pilləsinə qəbul edilən, hər hansı təmayüllə təhsil alan və bu pilləni uğurla bitirən şagirdlərə verilməlidir. Yeri gəlmişkən, dərəcəli attestatlar məsələsinə ona görə toxunuram ki, hörmətli millət vəkilləri gələcəkdə orta təhsil haqqında qanun müzakirə olunarkən bu təklifə də öz münasibətlərini bildirsinlər.
Burada mübahisəyə səbəb olan müddəalardan biri də, çox təəssüf edirəm ki, dünya fənn olimpiadaları ilə bağlı oldu. Mən hörmətli Oqtay müəllimin fikri ilə tamamilə razıyam və misal gətirmək istəyirəm ki, Azərbaycanda 10 il ərzində 4 ixtisas üzrə heç 10 nəfər də qalib olmayıb. Mən başa düşə bilmirəm, 10–50 adamın ali məktəbə imtahansız qəbul olunması niyə camaatı bu qədər ciddi narahat eləyir? 30 min adamın içində qoy 20 adam da imtahansız qəbul olunsun. Niyə bunu Moskva Dövlət Universiteti, digər ölkələrin ali məktəbləri qəbul edir?
Çox qəribədir ki, hər dəfə qanun müzakirəyə çıxarılanda nədənsə ali məktəbə qəbuldan daha çox danışırıq. Oqtay müəllim, mən təəssüf edirəm ki, biz təhsil müəssisələrini bitirənlərin keyfiyyətindən heç danışmırıq. Komissiyada da fikrimi bildirmişəm, burada da deyirəm, bu çərçivə qanunda da və gələcəkdə qəbul olunacaq pillə qanunlarında da müəssisəni bitirənlərin üzərinə xüsusi şərt qoyulmalıdır ki, kim bitirə bilər. Oqtay müəllim, yeri gəlmişkən deyim ki, bu yaxınlarda bizim ekspertlərimiz Fransadan qayıdıblar. Bəlli olub ki, Fransanın ali məktəblərində təhsil alanların cəmi 66 faizi ali məktəbləri bitirir.
Burada bir məsələni də xüsusi qeyd eləmək istəyirəm. Qanun layihəsində ədalətli olaraq yazılıb ki, təhsilin bir pilləsindən digər pilləsinə keçid zamanı əvvəlki pillənin nəticəsi nəzərə alınsın. Mən hesab edirəm, bu, qanunda ən ciddi məqamlardan biridir və bunu hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada təhsilin bir pilləsindən digər pilləsinə keçərkən əvvəlki pillənin nəticəsi nəzərə alınmasın. Yəni insanın taleyini 3 saatla ölçmək olmaz. Bu insan 11 il, 5 il, 6 il təhsil alıb. Onun aldığı təhsilin nəticəsi nəzərə alınanda dünya dağılmaz ki?
Əgər biz övladlarımızın və gələcəyimizin taleyini müəllimə, məktəbə tapşırırıqsa, niyə hamınız müəllimə və məktəbə şübhə ilə yanaşırsınız? Bu çox qəribədir. Misal olaraq deyirəm, Oqtay müəllim, Amerika Birləşmiş Ştatlarında ali məktəbə qəbul zamanı orta məktəbin nəticəsi 70 faiz təşkil edir. Mən demirəm ki, bu gün Azərbaycanda belə olmalıdır. Ancaq hər halda istəyiriksə ki, təhsilimiz qalxsın, inkişaf eləsin, onda mütləq bu, nəzərə alınmalıdır. İnsanın taleyini 40 dərəcə temperaturda, bağlı qapılar arxasında, 3 saatlıq imtahanda qazandığı nəticəyə görə qiymətləndirmək düzgün ola bilməz və dünyada belə iş yoxdur. Ona görə də əvvəlki pillənin nəticəsi – həm orta təhsilin, həm də ali təhsilin birinci və ikinci pilləsinin nəticəsi nəzərə alınmalıdır.
Millət vəkilləri soruşurlar ki, bu necə olacaq? Mənim fikrimcə, qanun qəbul olunandan sonra ayrı-ayrı pillələr üzrə qəbul olunacaq qanunlarda bu öz əksini tapacaq. Hər il ya hökumət, ya da dövlətin başçısı qərar verəcək ki, bu il orta məktəbin nəticəsi bu qədər nəzərə alınsın. Alınsın, nə olacaq alınanda? Orta məktəb müəlliminin rəyi nəzərə alınsın. 10 faiz, 15 faiz nəzərə alınsın. Mənə belə gəlir ki, bu, qanunda çox mütərəqqi cəhətlərdən biridir və bunu hökmən nəzərə almaq lazımdır.
Oqtay müəllim, çox vaxt almaq istəmirəm, bilirəm ki, vaxt dardır. Sağ olun ki, mənə söz verdiniz. Bu qanunun hazırlanmasında Təhsil Nazirliyinin ekspertləri də yaxından iştirak eləyiblər və demək istəyirəm ki, gələcəyə yönəlmiş bir qanun qəbul olunub. Qanun layihəsini hər dəfə oxuyanda müəyyən redaktə və digər xarakterli təkliflər meydana çıxır. Biz sonuncu layihəni oxuyarkən bəzi düzəlişlər, nöqsanlar barədə fikirlərimizi hazırlamışıq, komissiyanın sədrinə və eyni zamanda, parlamentə təqdim eləmişik. Mənə elə gəlir ki, o da üçüncü oxunuşa qədər nəzərə alınacaqdır. Burada təhsil işçiləri, ali məktəblərin rektorları, Təhsil Nazirliyinin əməkdaşları, eyni zamanda, qanunun hazırlanmasında əməyi olan insanlar iştirak edir. Mənə elə gəlir ki, bu qanun qəbul olunsa, biz qazanarıq, ictimaiyyət də rahat olar və təhsilimiz də inkişaf edər. Çox sağ olun, diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Misir müəllim, Sizin dediklərinizdə çox böyük həqiqət var. Dediniz ki, hər bir pillənin yekunları nəzərə alınmalıdır. Əfsuslar olsun ki, bir çoxları “nəzərə alınmalıdır” məsələsində yalnız neqativ istiqaməti fikirləşirlər. Amma biz hesab edirik ki, çalışaq, pozitiv istiqaməti nəzərə alaq və hesab edək ki, orta məktəbdə təhsilin səviyyəsi daha da artacaq, repetitorluq azalacaq və şagirdlər daha çox çalışacaqlar. Niyə hər şeyi həmişə neqativ görməliyik?
Çox sağ olun, gələn iclasda qanun layihəsinin müzakirəsini davam etdirəcəyik.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU