QASIMLI Musa Cəfər oğlu
1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycanda və xarici ölkələrdə 10 dildə nəşr edilmiş 47 kitab və 190-dan çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olub.
1979–1982-ci illərdə Yardımlı rayonunda orta məktəblərdə müəllim işləmişdir. 1982–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspirantı, müəllimi, baş müəllimi, dosenti, universitetin Tarix fakültəsı dekanının müavini olmuşdur. 1992–1997-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin, daha sonra Azərbaycan Respublikası Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin aparıcı mütəxəssisi, baş məsləhətçisi vəzifələrində çalışmışdır. 1997–2016-cı illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru olmuşdur. 2016-cı ildən AMEAnın Qafqazşünaslıq İnstitutunun direktorudur.
Bitərəfdir.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavinidir. Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bosniya-Herseqovina, Braziliya, Danimarka, Estoniya, Kanada, Malta, Peru, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.