HƏSƏNOV Nurlan Urfan oğlu
1988-ci il fevralın 3-də Şəmkir şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini və Almaniyanın Bremen Universitetinin Hüquq fakültəsinin Alman hüququ və müqayisəli hüquq ixtisası üzrə magistr pilləsini bitirmişdir. Bremen Universitetinin Hüquq fakültəsində doktorluq elmi işi müdafiə edərək hüquq doktoru (Dr. jur) elmi dərəcəsi almışdır. 2 kitabın müəllifidir. Alman və ingilis dillərini bilir.
2012-ci ildə Almaniya Federal Parlamentində staj keçmiş, 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində aparıcı məsləhətçi, 2018–2019-cu illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində məsləhətçi, 2019–2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, İntizam komissiyasının katibidir. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Böyük Britaniya, Çexiya, Fransa, Pakistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var.