KƏRİMLİ Azər Şəmşid oğlu
1964-cü il iyulun 6-da Bakı şəhərində anadan olmuşdur. Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun Dəri məmulatının texnologiyası fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1983–1985-ci illərdə hərbi xidmət keçmiş, 1985–1989-cu illərdə ali məktəbdə təhsil almışdır. 1989-cu ildə Bakı Model Ayaqqabılar Fabrikində dispetçer işləmiş, 1992–1999-cu illərdə Moskva vilayətində «Fəxri» məhdud məsuliyyətli müəssisəsinin direktoru, 1999–2000-ci illərdə «Qamma», «Lotos» şirkətlərinin prezidenti vəzifələrində çalışmışdır.
Bitərəfdir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belçika, Böyük Britaniya, Çexiya, Estoniya, Fransa, İspaniya, Latviya, Litva, Niderland, Portuqaliya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var.