MƏMMƏDOV Soltan Teymur oğlu
1974-cü il aprelin 1-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsini və Xəzər Universitetinin İctimai səhiyyənin idarə edilməsi fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. İngilis və rus dillərini bilir.
1996–1997-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Balaxanı Neft İdarəsində operator-nəzarətçi, 1997–2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində mühəndis, şöbə rəisi, 2003–2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati köməkçi işləmişdir. 2005–2015-ci illərdə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru, 2015–2019-cu illərdə QİÇS, Vərəm və Malyariya Xəstəlikləri ilə Mübarizə üzrə Qlobal Fondun Maliyyə komitəsinin sədri (ictimai əsaslarla), Direktorlar Şurasının üzvü (ictimai əsaslarla) olmuşdur. 2015–2020-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, müdiri, Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Səhiyyə komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Çexiya, Çin, Gürcüstan, İsveçrə, İtaliya, Kolumbiya, Serbiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.