SƏMƏDZADƏ Ziyad Əliabbas oğlu

Dairə: 23 saylı Nəsimi-Səbail seçki dairəsi

1940-cı il iyunun 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq Menecment Akademiyasının, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. «Şöhrət», «Şərəf» və 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Rusiya Federasiyasının Vavilov adına, Kondratyev adına medallarına, Belarus Respublikasının Fransisk Skorina medalına layiq görülmüşdür. 500-ə qədər elmi əsərin, çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir. Rus dilini bilir.
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir. İqtisad elmləri üzrə birləşmiş ixtisaslaşdırılmış müdafiə şurasının sədridir.
1961-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib, şöbə müdiri, 1976-cı ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru işləmişdir. 1983–1991-ci illərdə Azərbaycan KP MK-nın İqtisadiyyat şöbəsinin müdiri, 1985-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin İqtisadiyyat məsələləri daimi komissiyasının sədri, Ali Sovet sədrinin birinci müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə Avropa Birliyi Komissiyasının Azərbaycana texniki yardımı üzrə Azərbaycan Respublikasının milli koordinatoru olmuşdur. 1999-cu ildən nəşr edilən «İqtisadiyyat» qəzetinin təsisçisidir.
Bitərəfdir.
Onuncu, on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Qırğızıstan, Özbəkistan, Portuqaliya, Rusiya, Sloveniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
3 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU