MƏMMƏDOV Vidadi Yunis oğlu
Dairə: 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
1947-ci il iyulun 1-də Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. Texnika elmləri namizədi, professordur. Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, Kutaisi Dövlət Texniki Universitetinin fəxri doktorudur. 60-dan çox elmi əsərin və dərs vəsaitinin müəllifidir. Rus və ingilis dillərini bilir. 1969-cu ildən Qazanbulaq teatr avadanlığı zavodunda şöbə rəisi,
1970-ci ildən Gəncədə Baza İnşaat Texnikumunun müəllimi, axşam şöbəsinin müdiri işləmişdir. 1980-ci ildən Azərbaycan Texnologiya İnstitutunda assistent, baş müəllim, dosent, hazırlıq şöbəsinin müdiri, mexanika fakültəsinin dekanı, prorektor, rektor, kafedra müdiri, 2000-ci ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici Turizm Şurası sədrinin müavini vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə «Azərpoçt» Dövlət Müəssisəsinin Gəncə poçtamtı filialının rəisi olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Finlandiya, Azərbaycan-İsveç, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası