RƏCƏBLİ Hadi Musa oğlu
Dairə: 74 saylı Lənkəran kənd seçki dairəsi
1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Siyasi elmlər namizədidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən «Bakinskiy raboçiy» qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər kafedrasının dosentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədridir. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İran, Azərbaycan-Koreya, Azərbaycan-Litva, Azərbaycan-Norveç parlamentlərarası əlaqələr
üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası