İBRAHİMBƏYOV Maqsud Məmmədibrahim oğlu
Dairə: 85 saylı Şamaxı seçki dairəsi
1935-ci il mayın 11-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini, Moskva ali ssenari və rejissorluq kurslarını bitirmişdir. Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir. Xalq yazıçısıdır. Azərbaycan Respublikasının «İstiqlal» və «Şöhrət» ordenləri, Rusiya Federasiyasının «Dostluq» ordeni ilə təltif edilmişdir. Azərbaycan Sülh Fondunun prezidenti, Yazıçıların beynəlxalq PEN mərkəzinin prezidenti, Əsilzadələr Məclisinin sədridir. Onlarca bədii və publisistik kitabın, 15 bədii və 20-dən çox sənədli filmin ssenarisinin, tamaşaya qoyulmuş 8 pyesin müəllifidir. Rus dilini bilir.
1959-cu ildən Azərbaycan Tikinti Nazirliyinin tikinti trestində iş icraçısı vəzifəsində çalışmışdır. 1964–1971-ci illərdə Ümumittifaq Radio və Televiziya Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri işləmişdir.
Bitərəfdir.
On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Kanada, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf