ZABELİN Mixail Yuryeviç
Dairə: 12 saylı Qaradağ - Binəqədi - Yasamal seçki dairəsi
1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini, Bakı Ali Partiya Məktəbini və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Sovet quruculuğu fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus pravoslav kilsəsinin Sergiy Radonejski ordeninə, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və Moskva şəhəri Hökumətinin fəxri fərmanlarına layiq görülmüşdür. Azərbaycanda Rus İcmasının sədri, «Azərbaycan–Rusiya» cəmiyyətinin vitse-prezidentidir.
1966-cı ildən Bakıda layihə institutunda texnik işləmişdir. 1969-cu ildən Oktyabr Rayon Komsomol Komitəsinin katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin, Bakı Şəhər Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, birinci katibin referenti, müfəttiş, 1989-cu ildən Nizami Rayon İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyinin baş mütəxəssisi, daimi komissiyalar şöbəsinin katibi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. İrlandiya, Koreya, Litva, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası