MƏMMƏDOV Elton Arzuman oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 91 saylı Ucar seçki dairəsi
1954-cü il dekabrın 18-də Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdur. Tomsk İnşaat Mühəndisləri İnstitutunun Avtomobillər və avtomobil təsərrüfatı fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. Azərbaycan Texniki Universitetinin professorudur. Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professorudur. Tomsk şəhərinin fəxri vətəndaşıdır. MDB-nin «Содружество» ordeni ilə təltif edilmişdir. 16 elmi əsərin və monoqrafiyanın, 1 dərsliyin müəllifidir. 3 ixtirası vardır. Rus dilini bilir. 1978-ci ildən «Azərətbalıq» sənaye birliyində maşinist işləmişdir. 1979-cu ildən «Tomlessurs» birliyində maşinist, Tomsk idman və tamaşa kompleksinin xidmət rəisi, baş mühəndisi və direktoru olmuşdur. 1989-cu ildən Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyinin avtomobillərin təmiri zavodunda mühəndis, «Bakavtobusservis» birgə müəssisəsinin direktoru işləmişdir. 1992-ci ildən «Auditor» elm-istehsal firmasının direktoru, «Simvol» firmasının direktoru, 1997-ci ildən «Azərnəqliyyat» Dövlət Konserninin avtonəqliyyat müəssisəsinin direktoru, «Baktrans» Səhmdar Cəmiyyətinin sədri, 1998–2000-ci illərdə «Azərtrans» nəqliyyat ekspeditor şirkəti baş direktorunun müavini vəzifələrində çalışmışdır. Bitərəfdir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavinidir. Azərbaycan–İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, İsveçrə, Misir, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU