QAFAROVA Sahibə Əli qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 98 saylı Şəmkir şəhər seçki dairəsi

1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Bir neçə monoqrafiyanın, dərsliyin, dərs vəsaitinin və 70-dən çox elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir. 1978-ci ildən Şəmkir şəhərində orta məktəblərdə müəllim işləmişdir. 1981-ci ildən Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin universitetin beynəlxalq əlaqələr üzrə prorektorudur. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışmış, ABŞ-ın Miçiqan, Prinston, Tennessi universitetlərində mühazirələr oxumuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Fransa, Sloveniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU