MAHMUDOV Yaqub Mikayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 113 saylı Şəki şəhər seçki dairəsi
1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. «Şərəf» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. «Qızıl qələm», «Qızıl qılınc», Yusif Məmmədəliyev, Rəsul Rza, Samir Əsgərxanov mükafatları laureatıdır. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 1000-dən çox elmi əsərin və elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1956-cı ildən Balakən rayonunun Sarıbulaq kənd orta məktəbində müəllim işləmişdir. 1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, baş redaktorun elmi işlər üzrə müavini, 1974-cü ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent, 1981-ci ildən Azərbaycan Dövlət Universitetində dosent, kafedra müdiri, Tarix fakültəsi dekanının müavini, 1992- ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini, «Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 1986–2004-cü illərdə Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı olmuşdur. 2004-cü ildən Azərbaycan MEA-nın Tarix İnstitutunun direktorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan–Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İspaniya, Macarıstan, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU