QULİYEV Azay Əjdər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 8 saylı Binəqədi birinci seçki dairəsi
1971-ci il iyunun 23-də Ermənistan Respublikası Sisian rayonunun Vağudi kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda «Beynəlxalq Dövlət İdarəçilik Proqramı» üzrə təhsil almışdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədridir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə dövlət komissiyasının, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1991–1996-cı illərdə Azərbaycan Dövlət Baş Arxiv İdarəsinin birinci dərəcəli arxivçisi, 1997–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu rektorunun köməkçisi vəzifələrində çalışmışdır. 1993–1998-ci illərdə «Elitar» Gənclər Klubunun və Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı İctimai Birliyinin sədri, 1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999–2008-ci illərdə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti olmuşdur. 2013–2016-cı illərdə ATƏT-in Parlament Assambleyasının Büro üzvü, Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini vəzifəsində çalışmışdır. Bitərəfdir. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Cənubi Afrika Respublikası, Çexiya, Estoniya, İsveçrə, Özbəkistan, Serbiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Parlament Assambleyasının vitse-prezidentidir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU