ƏSGƏROV Ziyafət Abbas oğlu

Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin 1-ci müavini
Dairə: 76 saylı Lənkəran-Astara seçki dairəsi
2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavinidir. 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Hüquq üzrə fəlsəfə doktoru, professordur. Müxtəlif dərslik, dərs vəsaiti və onlarca elmi məqalənin müəllifidir. Rus və fransız dillərini bilir. 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının, Məhkəmə-Hüquq Şurasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, Hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və müdiridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək parlament Sədrinin müavini, 2015-ci il noyabrın 24-dək Təhlükəsizlik və müdafiə komitəsinin sədri vəzifələrində çalışmışdır. 2015-ci il noyabrın 24-dən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir. NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU