NAXÇIVANLI Aqiyə Həbib qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 117 saylı Oğuz-Qəbələ
1950-ci il martın 11-də Oğuz şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi elmlər doktoru, professordur. 4 kitabın, 3 monoqrafiyanın, 40-dək elmi məqalənin müəllifidir. Əməkdar müəllimdir. «Əməkdə fərqlənməyə görə» medalı və «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus dilini bilir. 1972-ci ildən Oğuz şəhərindəki 2 saylı orta məktəbin müəllimi, 1973-cü ildən Oğuz Rayon Komsomol Komitəsinin katibi, birinci katibi, 1977-ci ildən Azərbaycan LKGİ MK-nın şöbə müdiri, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin, 1983-cü ildən 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1986-cı ildən Bakı Ali Partiya Məktəbində baş müəllim, 1995-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim, dosent, kafedra müdiri, elmi katib, aspirantura şöbəsinin müdiri işləmiş, 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2005–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir. Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, İsveçrə, Monteneqro parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU