QURBANOV Cavid Qənbər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 123 saylı Kəlbəcər seçki dairəsi
1958-ci il sentyabrın 19-da Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti və yol maşınları avadanlıqları fakültəsini və «Təfəkkür» Universitetinin Dəmir yolu tikintisi və təsərrüfatı fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. Fəxri dəmiryolçudur. Bir sıra elmi əsərlərin müəllifidir. Rus dilini bilir. 1980-ci ildən «Azərdövlət» Layihə İnstitutunda xətçəkən, 1982-ci ildən «Azərnəqliyyat» Tikinti Trestinin avtobazasında baş mexanik, rəis müavini, 1987-ci ildən «Elektromexanikləşdirmə» Trestinin 4 saylı Avtonəqliyyat kontorunun direktoru, 1992-ci ildən Respublika İxtisaslaşdırılmış İstehsalat Avtomobil Nəqliyyatı Birliyinin baş direktoru, 1993-cü ildən «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti, «Avtoərzaqnəqliyyat» Birliyinin baş direktoru işləmişdir. 1995-ci ildən Azərbaycan Dövlət Dəmir Yolu Bakı bölməsinin şöbə rəisi, «Azərdəmiryoltikintiservis» İstehsalat Birliyinin rəisi, 1997-ci ildən «Azərdəmiryolservis» İstehsalat Birliyinin rəisi, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» departamentinin rəisi, 2007-ci ildən Nəqliyyat Nazirliyinin «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır. 2015-ci ildən «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Misir, Slovakiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU