MƏMMƏDOV Hikmət Baba oğlu

Dairə: 19 saylı Nərimanov birinci seçki dairəsi

1966-cı il aprelin 17-də Ermənistan Respublikasının Amasiya rayonunun Göllü kəndində anadan olmuşdur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Siyasi elmlər doktoru, professordur. Əməkdar jurnalistdir. Mahmud Kaşqari beynəlxalq mükafatı, habelə «Qızıl qələm», Həsən bəy Zərdabi mükafatları laureatıdır. TÜRKSOY-un xüsusi media mükafatına, beynəlxalq «Türk dünyasına hizmət onur medalı»na layiq görülmüşdür. 75-dən çox elmi əsər, 4 dərslik, 4 monoqrafiya və 3 kitabın, yüzlərcə məqalənin müəllifidir. Rus dilini bilir.
1984–1986-cı illərdə hərbi xidmət keçmiş, 1986-cı ildən Bakı soyuducular zavodunda tornaçı, qaynaqçı, konstruktor işləmiş, 1993–1995-ci illərdə «Çinar» qəzetinin müxbiri, baş müxbiri, 1995–1999-cu illərdə Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında təlimatçı, baş təlimatçı vəzifələrində çalışmışdır. 1997–2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Analitik informasiya şöbəsinin rəisi, Mətbuat xidməti və analitik informasiya mərkəzinin rəhbəri, Ümumi şöbə müdirinin müavini-mətbuat xidməti və analitik informasiya sektorunun müdiri, kollegiya üzvü olmuşdur. 2003-cü ildən Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının baş müəllimi, 2014-cü ildən isə professorudur. 2008-ci ildən «Yeni Azərbaycan» qəzetinin baş redaktorudur.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, İnsan hüquqları komitəsinin, İntizam komissiyasının, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Bosniya və Herseqovina, Böyük Britaniya, Çin, Gürcüstan, İndoneziya, İspaniya, Koreya, Qırğızıstan, Malta, Serbiya,Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU