ƏHMƏDOV Vahid Qazməmməd oğlu
1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Metallurgiya istehsalının avtomatlaşdırılması fakültəsini və Bonn Menecment İnstitutunu bitirmişdir. Texnika doktorudur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Əməkdar mühəndisdir. Onlarca kitab və məqalənin müəllifidir. 1 ixtirası vardır. Rus dilini bilir.
1967–1977-ci illərdə leytenant Şmidt adına Bakı maşınqayırma zavodunda fəhlə, tokar, usta, böyük mühəndis, növbə rəisi, sahə rəisi, sex rəisinin müavini işləmiş, hərbi xidmət keçmişdir. 1977-ci ildən Bakı radio zavodunda sex rəisi, istehsalat rəisi, 1981-ci ildən Bakı dəzgahqayırma zavodunda baş mühəndis olmuşdur. 1983-cü ildən «Bakı fəhləsi» zavodunun direktoru, 1986-cı ildən Keşlə maşınqayırma zavodunun direktoru, 1988-ci ildən «Bakneftmaş» İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, birinci müavini olmuşdur.
Bitərəfdir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Xorvatiya, İsveçrə, İtaliya, Rusiya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.