ƏMİRASLANOV Əhliman Tapdıq oğlu

Dairə: 65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsi

1947-ci il noyabrın 17-də Ermənistan Respublikası Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan milli komitəsinin sədridir. Əməkdar elm xadimidir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. SSRİ Dövlət mükafatı laureatıdır. SSRİ TEA-nın akademik Petrov adına mükafatına və akademik Bloxin adına qızıl medalına, Polşa TEA-nın Albert Şvaytzer mükafatına və Böyük qızıl medalına, Rusiyanın «Millətin intellekti» beynəlxalq mükafatına, «Akademik Mustafa Topçubaşov» fəxri döş nişanına layiq görülmüşdür. Ümumdünya Onkoloqlar, Ortoped-Travmotoloqlar Assosiasiyasının, Amerika Klinik Onkologiya Cəmiyyətinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvüdür. 500-dək elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 31 dərsliyin və dərs vəsaitinin müəllifidir. 16 ixtirası və səmərələşdirmə təklifi vardır. 48 nəfər elmlər və fəlsəfə doktoru hazırlamışdır. İngilis və rus dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvüdür.
1971-ci ildən Bakı Şəhər Klinik Onkologiya Xəstəxanasında həkim-ordinator, cərrahiyyə şöbə¬sinin müdiri işləmişdir. 1977-ci ildən Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzində kiçik elmi işçi, baş elmi işçi, böyük elmi işçi, professor vəzifələrində çalışmışdır. 1992– 2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olmuşdur. 1993-cü ildən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri və həmin universitetin Onkoloji Klinikasının ictimai əsaslarla direktorudur.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Monteneqro, Niderland, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və komissiya sədridir.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU