MƏMMƏDOV Məşhur Şahbaz oğlu
1963-cü il oktyabrın 4-də Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Əməyin təşkili və normalaşdırılması fakültəsini bitirmişdir. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus dilini bilir.
1983–1990-cı illərdə ali məktəbdə təhsil almış, hərbi xidmət keçmişdir. 1990–1996-cı illərdə Masallı rayonunda kooperativin sex rəisi olmuş, 1996– 1999-cu illərdə «Mədinə» mebel şirkətinin direktoru, 1999–2002-ci illərdə «EBME» şirkətinin direktoru, 2002–2009-cu illərdə «Embawood» MMC-nin direktoru, 2009–2011-ci illərdə «Embawood İnşaat» MMC-nin direktoru, 2011–2014-cü illərdə «Embawood» MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə «Progress Construction» MMC-nin direktoru vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, İntizam komissiyasının üzvüdür. Belarus, İordaniya, Moldova, Norveç, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var.