NURULLAYEV Razi Qulaməli oğlu
1971-ci il aprelin 1-də İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini və Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsini bitirmişdir. Rus, ingilis, fransız və alman dillərini bilir.
1989–1991-ci illərdə hərbi xidmət keçmiş, 1992–1997- ci illərdə ali məktəbdə təhsil almışdır. 1995–1997-ci illərdə «McDermott Marine Construction» şirkətində, 1998-ci ildə «Bue Caspian ltd.» şirkətində tərcüməçi, 1998–2001-ci illərdə «Baku Steel Company» şirkətində menecer köməkçisi və tərcüməçi vəzifələrində çalışmışdır. 2002–2003-cü illərdə AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun, 2003–2006-cı illərdə Tarix İnstitutunun, daha sonra Fəlsəfə İnstitutunun elmi işçisi, 2009–2015-ci illərdə AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini olmuşdur. 2011-ci ildən «Region» Beynəlxalq Analitik Mərkəzi İctimai Birliyinin rəhbəridir.
Milli Cəbhə Partiyasının sədridir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Böyük Britaniya, Çexiya, Fransa, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var.