ƏLİYEVA Jalə Fazil qızı
1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil almışdır. Filologiya elmləri doktoru, professordur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM-ın) üzvüdür. 5 monoqrafiyanın, 2 dərs vəsaitinin və 120 elmi məqalənin müəllifidir. Rus, ərəb və ingilis dillərini bilir.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin Elmi Şurasının üzvüdür.
1988–1992-ci illərdə Azərbaycan Mədəniyyət Fondunda müfəttiş vəzifəsində işləmişdir. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində tərcüməçi vəzifəsində çalışmışdır. 1988-ci ildən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, 2007-ci ildən BDU-nun professorudur. BDU-nun Şərqşünaslıq fakültəsinin Elmi Şurasının üzvüdür.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Avstriya, Böyük Britaniya, Çexiya, Hindistan, İtaliya, Türkiyə, Türkmənistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
1 övladı var.