NAĞIYEV Arzu Nəsib oğlu
1963-cü il iyulun 27-də Oğuz rayonunun Baş Layısqı kəndində anadan olmuşdur. Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ali kurslarını qırmızı diplomla bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın, çoxsaylı araşdırmaların və publisistik yazıların müəllifidir. Mütəşəkkil cinayətkarlığın bir sıra növlərinə qarşı mübarizə sahəsində beynəlxalq sertifikatlara malikdir. Rus dilini bilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.
1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş, 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili-şöbə rəisi vəzifələrində çalışmışdır. 2011-ci ildən «Trend» Beynəlxalq İnformasiya Agentliyi baş direktorunun müavinidir.
Bitərəfdir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, İsrail, Slovakiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 2 övladı var.