CƏFƏROV Nizami Qulu oğlu

Dairə: 108 saylı Ağstafa

1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar elm xadimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dünya Alpaqut Federasiyasının prezidentidir. 50-dən çox kitabın, onlarca məqalənin müəllifidir. Rus, ingilis və fars dillərini bilir.
1985–1987-ci illərdə Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, 1994-cü ildən Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycanda Atatürk Mərkəzinin müdiridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin, Mədəniyyət komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Küveyt, Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU