MƏSİMLİ Əli Əhməd oğlu
1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən çox məqalə, elmi-nəzəri araşdırma, elmi-kütləvi çalışma, təhlil, açıqlama, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşürün həmmüəllifidir. Tədqiqatlarının nəticələri bir sıra xarici ölkələrdə nəşr edilmişdir. Rus dilini bilir.
1975–1980-ci illərdə hərbi xidmət keçmiş, aspiranturada təhsil almışdır. 1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışmışdır. 1989–2004-cü illərdə AXC(P)-nin İqtisadiyyat komissiyasının sədri, iqtisadi məsələlər üzrə sədr müavini, Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədri, 1993–2005-ci illərdə «Müstəqil İqtisadçılar Birliyi» ictimai təşkilatının prezidenti olmuşdur. 2010-cu ildən İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəridir.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavinidir. Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Çin, İsveç, İsveçrə, Küveyt, Mavritaniya, Norveç, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var