Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında

Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Birinci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1Azərbaycan Respublikası Milli Məclisi deputatının statusunun Konstitusiya əsasları

Azərbaycan Respublikası Milli Məclisi deputatının (bundan sonra “deputat” adlanacaq) statusunun əsasları Azərbaycan Respublikası Konstitusiyasının 4-cü, 82-ci, 83-cü maddələri ilə, 84-cü maddəsinin üçüncü və dördüncü hissələri ilə, 85-ci,86-cı, 87-ci maddələri ilə, 88-ci maddəsinin ikinci hissəsi ilə, 89-cu, 90-cı, 91-ci maddələri ilə, 94-cü maddəsinin birinci hissəsinin 3-cü bəndi ilə, 96-cı maddəsinin birinci hissəsi ilə müəyyən edilir.

Deputatın statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

Maddə 2Qanunun tətbiq sahəsi

Bu Qanun deputatın səlahiyyətlərini və vəzifələrini müəyyən edir, deputatlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatları nəzərdə tutur.

Maddə 2-1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

dövlət icbari şəxsi sığorta – sığortaolunanın həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;

sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

sığortaolunan – deputat;

sığortalı – Azərbaycan Respublikasının Milli Məclisi;

sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;

sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 30-4-cü maddəsi ilə müəyyən edilən hal;

sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;

sığorta vəsaiti – bu Qanunun 30-9-cu maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;

sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;

sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsait.

Maddə 3. Deputatın statusunun təminatı

Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və Azərbaycan Respublikasının başqa qanunlarında təsbit edilmiş deputatın səlahiyyətlərinin maneəsiz həyata keçirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təminat verilir.

Deputat öz səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, bu Qanunu, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsini və Azərbaycan Respublikasının başqa qanunlarını rəhbər tutmalıdır.

Deputatın dövlət icbari şəxsi sığortası bu Qanunun IV-I fəslinə uyğun olaraq həyata keçirilir.

Maddə 4Deputatın səlahiyyətləri

Deputatın aşağıdakı səlahiyyətləri vardır:

Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək;

Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək;

qanunvericilik təşəbbüsünü həyata keçirmək;

deputat sorğusu vermək;

məlumat almaq və yaymaq;

toxunulmaz olmaq;

Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;

vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.

Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.

Maddə 5Deputatlıq fəaliyyətinin formaları

Deputat aşağıdakı formalarda fəaliyyət göstərir;

Milli Məclisin iclaslarında iştirak edir;

Milli Məclisin komitə və komissiyalarının işində iştirak edir;

Milli Məclisin, Milli Məclisin sədrinin, Milli Məclisin komitə və komissiyalarının tapşırıqlarını yerinə yetirir;

deputat sorğuları verir;

seçicilərlə iş aparır.

Maddə 6Deputatın vəsiqəsi və döş nişanı

Hər bir deputata Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir.

Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Milli Məclisin qərarı ilə təsdiq edilir.

 

İkinci fəsil

DEPUTATIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

 

Maddə 7Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardır.

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin bütün iclaslarında həlledici səs hüququ vardır.

Deputat Azərbaycan Respublikası Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər.

Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında Azərbaycan Respublikası Milli Məclisi sədrinin razılığı ilə müraciətlər və bəyanatlar ilə çıxış edə bilər.

Maddə 8. Deputatın Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti vardır.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin, sədr müavinlərinin Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyaları sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.

Maddə 9. Deputatın qanunvericilik təşəbbüsü hüququ

Deputatın Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilən qanunvericilik təşəbbüsü hüququ vardır.

Deputat qanunvericilik təşəbbüsü hüququnu  aşağıdakı formalarda həyata keçirir:

yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;

qüvvədə olan qanuna və ya qərara dəyişikliklər  edilməsi haqqında layihə təklif edə bilər;

qüvvədə olan qanunun və ya qərarın ləğv edilməsi haqqında layihə təklif edə bilər;

Azərbaycan Respublikasının Milli Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər  edilməsi haqqında təkliflər irəli sürə bilər.

Deputatın qanunvericilik təşəbbüsü hüququ onun təqdim etdiyi qanun və ya qərar layihələrinə Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiyalarında baxılması və bu barədə müvafiq qərar qəbul edilməsi ilə, qanunvericilik təşəbbüsü irəli sürən deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarında çıxış etməsinə şərait yaradılması ilə təmin olunur.

Maddə 10. Deputat sorğusu

Deputat öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının Baş prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə Azərbaycan Respublikasının Auditorlar Palatasına sorğu verə bilər.

Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Azərbaycan Respublikası Milli Məclisinin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.

Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.

Maddə 11Deputatın məlumat almaq və yaymaq hüququ

Deputatın qanunla qadağan edilməmiş üsullarla məlumat almaq və yaymaq hüququ vardır.

Deputat Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi sənədlərlə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları ilə təmin olunur.

Deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları və sənədləri almaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarına, dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına müraciət edə bilər. Həmin orqanlar tələb olunan materialları və sənədləri dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini gözləməklə 10 gün müddətində deputata təqdim etməlidirlər.

Maddə 12. Deputatın toxunulmazlığı

Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır.

Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.

Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

Maddə 12-1. Deputatın təhlükəsizliyi

Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

Maddə 13. Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ

Deputatlıq fəaliyyətinin Həyata keçirilməsi ilə bağlı ona məlum olmuş hallar haqqında Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada şahid qismində ifadə verməkdən imtina etmək hüququna malikdir.

Maddə 14. Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ

Deputat Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.

Maddə 15. Deputatın çıxışlarının dərc edilməsi

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarında etdiyi çıxışlar “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları”nda rəsmən dərc edilir. “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları” dərc edilməzdən əvvəl deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ var.

Azərbaycan Respublikası Milli Məclisinin iclasında iştirak etmiş, lakin çıxış etməyə imkanı olmamış deputat öz çıxışının mətnini, habelə müzakirə olunan məsələ barəsində yazılı təkliflərini və qeydlərini Azərbaycan Respublikası Milli Məclisinin iclasına sədrlik edənə verə bilər. Çıxışın, habelə təklif və qeydlərin mətni iclasın stenoqramına daxil edilir və “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları”nda rəsmən dərc olunur.

Maddə 16Deputatın vəzifələri

Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmalı, etik davranış qaydalarına əməl etməlidir.

Deputat Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisinin komitə və komissiylarının iclaslarında iştirak etməlidir. Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.

Maddə 17Deputatın etik davranış qaydaları

Deputatın etik davranış qaydaları və həmin qaydalara əməl olunmasının hüquqi mexanizmi “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

Üçüncü fəsil

DEPUTATIN SEÇİCİLƏRLƏ İŞ APARMASI

 

Maddə 18. Deputatın seçicilərlə əlaqə saxlaması

Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar rəsmi mediada işıqlandırılır.

Deputat seçiciləri qəbul etmək üçün Azərbaycan Respublikasının hər şəhərində və rayon mərkəzində (Bakı, Gəncə və Sumqayıt şəhərlərində isə – hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.

Maddə 19. Seçicilərin hüquqlarının, azadlıqlarının və mənafelərinin təmin edilməsi üçün deputatın fəaliyyəti

Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər.

Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər.

Maddə 20. Deputatın icra və məhkəmə hakimiyyəti orqanlarına, prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciətləri

Deputat seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək zəruri hallarda müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarına (məhkəmə orqanlarının konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etməmək şərti ilə), prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciət edə bilər.

Müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları müraciət etmiş deputata 15 gündən gec olmayaraq cavab verməlidirlər.

 

Dördüncü fəsil

DEPUTATLIQ FƏALİYYƏTİNİN TƏMİNATLARI

 

Maddə 21Deputatın maddi təminatı

Milli Məclisin sədri 3550 manat məbləğində aylıq vəzifə maaşı alır.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə alırlar.

Maddə 21-1Deputatın köməkçisi

Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.

Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.

Maddə 22Deputatın hərbi çağırışdan və hərbi toplanışdan azad olunması

Deputat səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunur.

Maddə 23Deputatın təhlükəsizliyi

Deputatın təhlükəsizliyinə dövlət təminat verir.

Maddə 24. Ləğv edilmişdir.

Maddə 24-1Ləğv edilmişdir.

Maddə 25. Deputatın nəqliyyatdan istifadə etmək hüququ

Deputat Azərbaycan Respublikası ərazisində dövlət mülkiyyətində olan dəmir yolu, hava, avtomobil, su nəqliyyatında, gediş-gəliş sənədlərini növbədənkənar əldə etmək hüququndan istifadə edir.

Deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.

Maddə 26. Deputatın mənzil təminatı və daimi yaşadığı yerin rabitə vasitələri ilə təchiz olunması

Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şaraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

Maddə 27Deputatın diplomatik pasportu

Deputata diplomatik pasport verilir.

Maddə 28. Deputatın iş stajının hesablanması

Deputatın səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.

Maddə 29. Deputatın məzuniyyəti

Milli Məclis tətilə buraxıldığı vaxt deputata məzuniyyət verilir. 

Maddə 30. Deputatın səlahiyyət müddəti qurtardıqdan sonra təminatları

Səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirmiş qaydada müavinət alır.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

IV-I fəsil

DEPUTATIN  DÖVLƏT İCBARİ ŞƏXSİ SIĞORTASI

 

Maddə 30-1. Dövlət icbari şəxsi sığortanın prinsipləri

Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:

dövlət icbari şəxsi sığortanın məcburiliyi;

dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.

Maddə 30-2. Ləğv edilmişdir.

Maddə 30-3. Sığorta məbləği və sığorta haqqı

Sığortaolunan 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.

Sığorta haqqı bu Qanunun 30-3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulan sığorta məbləğinin bir faizi miqdarında müəyyənləşdirilir.

Maddə 30-4. Sığorta hadisəsi və sığorta ödənişi

sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır.

Sığorta hadisəsi baş verdikdə sığortaolunana bu Qanunun 30-3-cü maddəsinin birinci hissəsində müəyyən edilmiş sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilir:

1) həlak olduqda - 100%;

2) aldığı xəsarət nəticəsində əlillik  müəyyən edildikdə:

- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80%;

- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60%;

- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40%;

3) əlillik  müəyyən edilmədən ağır xəsarət aldıqda - 20%;

3-1) az ağır xəsarət aldıqda - 10 %;

4) yüngül xəsarət aldıqda - 5%.

Deputat olarkən aldığı xəsarət nəticəsində sığortaolunan deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra deputat olarkən aldığı xəsarət nəticəsində 3 il müddətində vəfat etdikdə və ya sağlamlığına zərər dəydikdə ona bu maddənin ikinci hissəsinə uyğun sığorta ödənişi verilir.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.

Maddə 30-5. Dövlət icbari şəxsi sığortanın aparılması qaydası

Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 30-7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qaydada sığortaçıya ödəyir.

Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

Sığortaolunanlar fəaliyyətə başladığı tarixdən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.

Maddə 30-6. Sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri

Sığortaolunanın aşağıdakı hüquqları vardır:

1) dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;

2) sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

3) sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;

4) yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.

Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

1) sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;

2) fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.

Bu Qanunun 30-6-cı maddəsinin birinci hissəsinin 2-ci və 3-cü bəndləri və ikinci hissəsinin 1-ci bəndi sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.

Sığortaçının aşağıdakı hüquqları vardır:

1) sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;

2) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;

3) sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);

4) sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

5) bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Sığortaçının aşağıdakı vəzifələri vardır:

1) sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

2) sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

3) hər bir sığortalıya və bu Qanunun 30-10-cu maddəsinə əsasən dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;

4) sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;

5) sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;

6) bu Qanunun 30-9-cu maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;

7) sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;

8) bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Sığortalının aşağıdakı hüquqları vardır:

1) özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

2) sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;

3) sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

4) sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;

5) bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Sığortalının aşağıdakı vəzifələri vardır:

1) sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;

2) bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;

3) sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 30-7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;

4) sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;

5) sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə, rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək;

6) bu Qanunla müəyyən olunmuş digər vəzifələri həyata keçirmək.

Maddə 30-7. Sığortaolunanların və sığortalıların uçotu, sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması və sığorta ödənişinin verilməsi

Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.

Sığorta ödənişi bu Qanunun 30-6-cı maddəsinin yeddinci hissəsinin 5-ci bəndinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.

Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.

Maddə 30-8. Sığorta ödənişinin verilməsindən imtina

Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

sığorta olunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

sığortaolunan bu Qanunun 30-7-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla);

baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.

Sığorta ödənişinin verilməsindən bu Qanunun 30-8-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir.

Maddə 30-9. Sığorta vəsaitləri

Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;

kreditlər;

sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

qanunla qadağan edilməyən digər mənbələr.

Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

sığorta ehtiyatının yaradılmasına;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

idarəetmə xərclərinə;

qanunla müəyyən edilən digər istiqamətlərə.

İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 30-10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən ayırmalar

Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

Maddə 30-11. Deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyət

Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.

Bu Qanunun deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 30-12. Deputatın icbari sığortası ilə əlaqədar mübahisələrə baxılması qaydası

Dövlət icbari şəxsi sığorta ilə əlaqədar mübahisələr inzibati və məhkəmə qaydasında həll edilir.

 

Beşinci fəsil

DEPUTATIN STATUSUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

 

Maddə 31. Deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətməyə görə məsuliyyət

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri və başqa işçiləri, vətəndaşlar deputat səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törədərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

Həmin orqanlar və şəxslər deputata bilərəkdən yalan məlumatlar verərlərsə, bu məlumatların yalan olub-olmaması məhkəmə qaydasında müəyyən edilməlidir.

Maddə 32. Deputata qeyri-qanuni təsir göstərilməsinə görə məsuliyyət

Deputata qeyri-qanuni təsir göstərən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

Maddə 33Deputatın səlahiyyətlərinin, toxunulmazlığının və təhlükəsizliyinin pozulmasına görə məsuliyyət

Deputatın səlahiyyətlərini, toxunulmazlığını və təhlükəsizliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

 

                                                                             Heydər Əliyev                    
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 1996-cı il 
№ 73-IQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU