8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı (2021-ci il)

 

8 noyabr – Zəfər Günü ilə əlaqədar

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI


Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən  müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü bu il noyabrın 8-də ilk dəfə qeyd ediləcəkdir. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.

Məlum olduğu kimi, XIX əsrin əvvəllərində çar Rusiyası Araz çayından şimalda yerləşən Azərbaycan xanlıqlarını işğal etdikdən sonra bölgənin etnik mənzərəsini dəyişdirib öz dayaqlarını möhkəmləndirmək üçün bütün XIX əsr boyu İrandan və Türkiyədən 1 milyondan çox ermənini Cənubi Qafqaza köçürmüşdür. Bölgənin demoqrafik mənzərəsinin dəyişdirilməsi ilə yanaşı, erməni dini-ideoloji ekspansiyasına da rəvac verilmişdir. 1836-cı ildə çar hökuməti Qarabağdakı alban xristian kilsəsini erməni kilsəsinə tabe etmişdir. Bundan sonra Eçmiədzin erməni kilsəsi albanların etnik-mədəni irsini, alban ədəbiyyatını və tarixini öz adına çıxaraq mənimsəmişdir.

XIX əsrin sonlarına yaxın erməni şovinistləri “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi millətçi partiyalar yaradaraq dənizdən-dənizə “Böyük Ermənistan” mifi ilə bağlı ideyanın həyata keçirilməsinə silahlı mübarizə və terror yolu ilə zəmin hazırlamağa başlamışlar. 1905–1907-ci illərdə, habelə  1918-ci ildə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Göyçədə və digər yerlərdə azərbaycanlılara kütləvi şəkildə divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıqla öldürmüşlər. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.  Azərbaycanlılardan təmizlənən ərazilər 1918-ci ildə müstəqilliyini elan etmiş Ermənistan Respublikasına qatılmışdır.  Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur Ermənistanın tərkibinə daxil edilmiş, nəticədə onun ərazisi 9,8 min kvadrat-kilometrdən 29,8 min kvadrat-kilometrə çatdırılmışdır.

Azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948–1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar. Azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, erməni dövlətinin olmayan tarixi uydurulmuş, Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmişdir.

Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulmuşdur. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirilmiş, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər qətliam əməlləri törədilmişdir.

1994-cü ilin mayında münaqişənin sülh yolu ilə həllinə şərait yaratmaq məqsədi ilə Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs elan olunduqdan sonra Ermənistan rəhbərliyinin bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnaməyə, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, digər beynəlxalq qurumların müxtəlif illərdə qəbul etdikləri qətnamələrə etinasızlıq göstərilmişdir. Münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan Azərbaycan torpaqlarının işğalının nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilmişdir.

Ermənistan rəhbərliyi cəzasız qalmasından istifadə edərək, sülh prosesini birdəfəlik pozmağa cəhdlər göstərmişdir. Bu məqsədlə 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinə qarşı  təxribatlar törədilmişdir. Həmin təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarmışdır.

Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut etmişlər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa və ədalətli sülh əldə etməyə hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” iddialarını səsləndirməsi, digər bəyanatlar və hərəkətlər işğalçı dövlətin rəhbərliyinin əsl niyyətlərini üzə çıxarmışdır.   

Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır. 

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.    

Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə  məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir.  Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edilmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə və Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevirmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlanmış, son 18 ildə uğurla davam etdirilmiş hərbi siyasət Azərbaycan Silahlı Qüvvələrini yüksək standartlar əsasında inkişaf etdirərək  dünyanın 50 ən güclü ordusu sırasına çıxarmağa imkan vermişdir.  

Bütün bu amillər, eləcə də iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Ermənistan–Azərbaycan münaqişəsinin həllini təmin etmişdir. Erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdikləri etnik təmizləmə, işğalçılıq və ekspansionizm siyasətinin qarşısının alınması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilmiş və tarixi ədalət bərpa olunmuşdur.

8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və  böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad  edilməsi xalqımızı uzun illər davam edən  məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri təkcə bizim ölkəmizin deyil, həm də bütün Cənubi Qafqaz bölgəsinin əmin-amanlığı və inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu imkanların reallaşması üçün Azərbaycan Respublikası Ermənistan Respublikası ilə beynəlxalq hüquq prinsiplərinə və normalarına uyğun olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və bunlara hörmət edilməsi əsasında normal qonşuluq münasibətləri qurmağa hazırdır. Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü hədəf alan qisasçı ritorikaya və hərəkətlərə son verərək, yuxarıda göstərilən əsasda Azərbaycanla ikitərəfli münasibətlər qurmaq istiqamətində konstruktiv addımlar atmağa sövq etmək üçün təsirli tədbirlər görməlidir.  

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli iclasında qəbul edilmişdir)

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU