Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
BƏYANATI
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır.
Təəssüf ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanmasına, şəhər və kəndlərimizin viran qoyulmasına, milli sərvətlərimizin talan edilməsinə, tarix, mədəniyyət və din abidələrimizin, o cümlədən məscidlərimizin dağıdılmasına göz yuman, hətta təcavüzkara bir çox əməllərində dəstək verən İran İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız düşmən əsarətindən azad edildikdən sonra Azərbaycana qarşı açıq fəaliyyətə keçmişdir. Belə görünür ki, İran silahlı qüvvələrinin Azərbaycan sərhədləri yaxınlığında müntəzəm hərbi təlimlər keçirməsi, Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə qarşı terror aktı törədilməsi, on minlərcə azərbaycanlının zorla qovulduğu Ermənistanın Qafan şəhərində İran konsulluğunun açılması, Təbrizdə Ermənistanın baş konsulluğunun açılmasına razılıq verilməsi, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə mane olmaq cəhdləri və digər bəd niyyətli hərəkətlər eyni bir zəncirin həlqələridir. Xüsusən, İranda Azərbaycan dövləti əleyhinə aparılan təhdid, böhtan və qarayaxma kampaniyasının son dövrdə geniş vüsət alması, İran xüsusi xidmət orqanlarının ölkəmizdə yaratdıqları casus şəbəkəsinin ifşa edilməsi, Azərbaycanda yalan təbliğatla aldadılmış insanların radikal dini ideyalar ətrafında birləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur.
Azərbaycan Respublikasının Milli Məclisi bildirir ki, Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin açılması müstəqil dövlət kimi onun suveren hüququdur və bununla əlaqədar Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar qəbuledilməzdir. Qeyd olunmalıdır ki, İsraildə Türkiyə, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Albaniya, Misir, İordaniya, Qazaxıstan, Özbəkistan, Mərakeş, Nigeriya, Çad, Kot-d'İvuar kimi müsəlman ölkələrinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu ölkələrin heç biri İranın Azərbaycana qarşı göstərdiyi qeyri-adekvat, qərəzli və radikal münasibətin şahidi olmamışdır.
Azərbaycan Respublikası xarici siyasət kursuna uyğun olaraq, Fələstin Dövlətində də Nümayəndəliyini açmışdır. Bu, iki ölkə və xalq arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür və bu münasibətlərə hər hansı üçüncü tərəfin, o cümlədən İranın müdaxilə etməsi yolverilməzdir. Azərbaycanla Fələstin arasında münasibətlər həmişə yüksələn xətlə inkişaf etmişdir. Azərbaycan Fələstin məsələsi ilə bağlı daim həmrəylik göstərmiş, BMT-nin müvafiq qətnamə və qərarlarına müvafiq surətdə İsrail–Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini davamlı olaraq dəstəkləmiş və bu mövqeyini Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirmişdir.
Şərh edilənlər özünü müsəlmanların müdafiəçisi və hamisi kimi qələmə verən İranın, əslində, ikiüzlü siyasət yeritdiyini və məkrli siyasi maraqlarını təmin etmək üçün hər bir vasitədən istifadə etməyə hazır olduğunu göstərir. Azərbaycan Respublikasının Milli Məclisi İran tərəfinin Azərbaycana qarşı müntəzəm xarakter alan təxribat əməllərini qətiyyətlə pisləyir və rədd edir, ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən əl çəkməsini tələb edir.
(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il 7 aprel tarixli iclasında qəbul edilmişdir.)