"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
31 may 2023   
    

31 may 2023

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783; 2015, № 2, maddə 99, № 4, maddə 347, № 11, maddə 1287; 2016, № 12, maddə 2032; 2017, № 6, maddə 1044, № 12 (I kitab), maddə 2188; 2018, № 7 (I kitab), maddə 1443; 2019, № 12, maddə 1902; 2020, № 7, maddə 845; 2021, № 5, maddə 430, № 7, maddə 711; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 815-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddə üzrə:
1.1. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"6.2. Məhkəmə-Hüquq Şurasının tərkibi aşağıdakı şəxslərdən təşkil olunur:
6.2.1. hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
6.2.2. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
6.2.3. hakimlərin konfransı tərəfindən seçilən birinci instansiya məhkəmələrinin üç hakimi;
6.2.4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
6.2.5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
6.2.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
6.2.7. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
6.2.8. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
6.2.9. hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.";
1.2. 6.3-cü və 6.5-ci maddələr ləğv edilsin;
1.3. 6.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"6.4. Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar.".
2. Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:
"Maddə 6-1. Hakimlərin konfransı
6-1.1. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun 6.2.1 - 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərinin seçilməsi üçün keçirilir.
6-1.2. Hakimlərin konfransında kassasiya, apelyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:
6-1.2.1. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;
6-1.2.2. hər apelyasiya instansiyası məhkəməsindən 3 hakim;
6-1.2.3. hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;
6-1.2.4. hər rayon (şəhər) məhkəməsindən 1 hakim.
6-1.3.  Hakimlərin konfransı bu Qanunun 6-1.2-ci maddəsində nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.
6-1.4. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun 6.2.1 - 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərini açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçir.".
3. 14-cü maddə üzrə:
3.1. 14.1-ci maddədən "əsasən hakimlərdən, öz aparatının, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və prokurorluğun nümayəndəsindən, vəkil və hüquqşünas-alimdən ibarət olmaqla" sözləri çıxarılsın;
3.2. 14.1.2-ci maddəyə "apellyasiya" sözündən sonra "instansiyası" sözü əlavə edilsin və həmin maddədə "üç" sözü "dörd" sözü ilə əvəz edilsin;
3.3. 14.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"14.1.3. Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi;";
3.4. 14.1.6-cı maddə ləğv edilsin;
3.5. 14.3-cü maddədə "vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin" sözləri "vəzifəsinə namizədlərin" sözləri ilə əvəz edilsin.
4. 17.3-cü maddədən "Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və" sözləri çıxarılsın.
5. 26-cı maddə üzrə:
5.1. 26.1-ci maddənin birinci cümləsində "onun tərkibindən Şura" sözləri "Məhkəmə-Hüquq Şurasının hakim üzvləri sırasından Məhkəmə-Hüquq Şurası" sözləri ilə əvəz edilsin;
5.2. 26.3-cü maddənin  birinci cümləsində "Şura üzvləri öz sıralarından Şuraya" sözləri "Məhkəmə-Hüquq Şurasının üzvləri onun hakim üzvləri sırasından" sözləri ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU