“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
09 iyun 2023   
    

09 iyun 2023

Layihə  
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq  qərara alır:
Maddə 1. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2005, № 11, maddə 1004; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296; 2016, № 3, maddə 405, № 11, maddə 1771; 2017, № 5, maddə 740, № 7, maddələr 1302, 1309, № 11, maddələr 1951, 1958; 2019, № 4, maddə 599, № 7, maddə 1180, № 8, maddə 1365; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 815-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü maddə üzrə:
1.1.1. adına "idarələri" sözündən sonra "və yaratdığı hüquqi şəxslər" sözləri əlavə edilsin;
1.1.2. 3-cü maddənin mətni 3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilsin:
"3.2. Mərkəzi Bank öz məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar, maliyyə bazarları infrastrukturunun fəaliyyətinin təmin edilməsi, habelə maliyyə bazarlarında çalışan əməkdaşların ixtisaslarının artırılması məqsədilə hüquqi şəxslər yaratmaq və (və ya) onlarda iştirak etmək hüququna malikdir.";
1.2. 4.2-ci və 5.0-cı maddələr aşağıdakı redaksiyada verilsin:
"4.2. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.";
"5.1. Mərkəzi Bankın funksiyaları aşağıdakılardır:
5.1.1. dövlətin pul və məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi;
5.1.2. nağd pul dövriyyəsinin təşkil edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasının və tədavüldən çıxarılmasının həyata keçirilməsi;
5.1.3. manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən edilməsi və elan edilməsi;
5.1.4. sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi;
5.1.5. beynəlxalq standart və metodologiyalara uyğun olaraq monetar, maliyyə bazarları və ödəniş sistemləri üzrə statistikanın, ölkənin tədiyə balansının, beynəlxalq investisiya balansının və icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının tərtib edilməsi, məlumatların ümumiləşdirilməsi və yayılmasının təmin edilməsi, habelə ölkənin tədiyə balansının proqnozlaşdırılmasında iştirak edilməsi;
5.1.6. maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi;
5.1.7. ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsi;
5.1.8. maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması;
5.1.9. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi;
5.1.10. əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi;
5.1.11. bu Qanunda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaların həyata keçirilməsi.";
1.3. 6-cı maddə üzrə:
1.3.1. maddənin mətni 6.1-ci maddəhesab edilsin və həmin maddəyə "qanuna" sözündən əvvəl "bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, fəaliyyəti üzərində monitorinq həyata keçirə," sözləri əlavə edilsin;
1.3.2. aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:
"6.2. Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və ya onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir.";
1.4. 7.2-ci maddə üzrə:
1.4.1. 7.2.1-ci maddədə "9" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin;
1.4.2. 7.2.2-ci maddədə "9" rəqəmi "10" rəqəmləri ilə, "Mərkəzi Bankın İdarə Heyəti sədrinin - Mərkəzi Bankın sədrinin (bundan sonra - Mərkəzi Bankın İdarə Heyəti sədri)" sözləri "Mərkəzi Bankın sədrinin" sözləri ilə əvəz edilsin;
1.4.3. 7.2.4-cü və 7.3-cü maddələrdən "İdarə Heyətinin" sözləri çıxarılsın;
1.5. 8.1-ci maddədə "bütün banklar, bank olmayan kredit təşkilatları" sözləri "nəzarət etdiyi bütün subyektlər" sözləri ilə əvəz edilsin;
1.6. 9-cu maddə üzrə:
1.6.1. 9.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"9.1. Mərkəzi Bank məqsəd və funksiyalarından irəli gələn məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları, beynəlxalq maliyyə-kredit təşkilatları və bu Qanunun 53-5-ci maddəsində nəzərdə tutulmuş qurumlarla öz adından əməkdaşlıq haqqında müqavilələr, həmçinin xaricdə yerləşən dövlət və özəl klirinq (prosessinq) idarələri ilə klirinq və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər.";
1.6.2. 9.2-ci maddə ləğv edilsin;
1.6.3. 9.3-cü maddədə "valyuta" sözü "məzənnə" sözü ilə əvəz edilsin;
1.7. 13.1-ci və 13.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"13.1. Manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir (reallaşdırılmamış gəlir) yenidən qiymətləndirmə üzrə ehtiyatlara aid edilir və Mərkəzi Bankın kapital ehtiyatları və mənfəətinin sərbəst qalığının hesablanmasında nəzərə alınmır.
13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərər əvvəlki dövrlərdə yenidən qiymətləndirmə üzrə ehtiyatlar hesabına ödənilir, bu ehtiyatlar kifayət etmədikdə isə Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.";
1.8. 15.1-ci maddə ləğv edilsin;
1.9. 18.2-ci maddədə "o cümlədən bank sistemi və bank" sözləri "maliyyə bazarları və Mərkəzi Bankın nəzarət etdiyi subyektlərin" sözləri ilə əvəz edilsin;
1.10. 21-ci maddə üzrə:
1.10.1. 21.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"21.1. İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanıdır. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən altı üzv və iki kənar üzv daxil olmaqla doqquz üzvdən ibarətdir.";
1.10.2. 21.2-ci maddədə "qulluq mənafeyi əleyhinə" sözləri "korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə" sözləri ilə əvəz edilsin;
1.10.3. 21.6-cı maddədən "İdarə Heyətinin" sözləri çıxarılsın;
1.10.4. 21.7-ci maddədən birinci halda "İdarə Heyəti" sözləri çıxarılsın;
1.10.5. aşağıdakı məzmunda 21.7-1-ci maddə əlavə edilsin:
"21.7-1. Bu Qanunun 23.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla İdarə Heyətinin fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə İdarə Heyətinin səlahiyyət müddəti bitmiş üzvləri yeni müddətə üzvlər təyin edilənədək, lakin 3 aydan çox olmayan müddətdə öz səlahiyyətlərinin icrasını davam etdirirlər.";
1.10.6. 21.8-ci maddənin ikinci cümləsinə "hüquqi" sözündən əvvəl "digər" sözü əlavə edilsin, həmin cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Mərkəzi Bankın İdarə Heyətinin daimi əsaslarla işləyən üzvləri bu Qanuna uyğun olaraq Mərkəzi Bankın yaratdığı və ya iştirak etdiyi hüquqi şəxslərin icra orqanlarında vəzifə tuta bilməzlər.";
1.10.7. 21.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
"21.9. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, nəvə, övladlığa götürən, övladlığa götürülən, qardaş və bacı) Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə və onlara aidiyyəti olan şəxslərdə birbaşa və ya dolayı yolla mühüm iştirak payına (nizamnamə kapitalının (şərikli kapitalın) 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahiblik, yaxud iştirakçısı olduqları hüquqi şəxsin qərarlarının qəbul edilməsinə müqavilə əsasında mühüm təsir göstərmə imkanı) malik ola, habelə Mərkəzi Bankın yaratdığı və ya iştirak etdiyi hüquqi şəxslərdə təsisçi və ya iştirakçı ola bilməzlər.";
1.11. 22-ci maddə üzrə:
1.11.1. 22.0-cı, 22.0.1 - 22.0.18-ci maddələr müvafiq olaraq 22.1-ci, 22.1.1 - 22.1.18-ci maddələr hesab edilsin;
1.11.2. 22.1.1-ci maddədə "valyuta" sözü "məzənnə" sözü ilə əvəz edilsin;
1.11.3. 22.1.5-ci, 22.1.8-ci, 22.1.13-cü və 22.1.16-cı maddələrdən "müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla," sözləri çıxarılsın;
1.11.4. aşağıdakı məzmunda 22.1.8-1 -  22.1.8-3-cü və 22.1.17-1 - 22.1.17-3-cü maddələr əlavə edilsin:
"22.1.8-1. maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq bu sahədə lisenziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edir;
22.1.8-2. maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə müvəqqəti inzibatçının təyin olunması və fəaliyyətinə xitam verilməsi, habelə rezolyusiya tədbirlərinin görülməsi barədə qərar qəbul edir;
22.1.8-3. bu Qanunun 3.2-ci maddəsinə müvafiq olaraq hüquqi şəxslərin yaradılması və (və ya) onlarda iştirak barədə qərar qəbul edir;";
"22.1.17-1. sosial layihələrin (tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edir;
22.1.17-2. məşvərətçi daxili komitələr yaradır və onların əsasnamələrini təsdiq edir;
22.1.17-3. fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu digər ticarət sistemini müəyyən edir;";
1.11.5. 22.1.15-ci maddə aşağıdakı redaksiyada verilsin: 
"22.1.15. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərini  Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi  ilə razılaşdırmaqla vəzifəyə təyin edir və vəzifədən azad edir;";
1.12. 23-cü maddə üzrə:
1.12.1. 23.2-ci (ikinci halda) maddədən, 23.3-cü maddənin birinci cümləsindən (ikinci halda) və 23.9-cu (ikinci halda) maddədən "İdarə Heyətinin" sözləri çıxarılsın;
1.12.2. 23.5-ci maddəyə "iclası" sözündən sonra "təyin edilmiş" sözləri əlavə edilsin;
1.12.3. 23.6-cı maddənin birinci cümləsinə "üzvünün" sözündən sonra "və ya bu Qanunun 21.9-cu maddəsində göstərilən yaxın qohumunun" sözləri əlavə edilsin;
1.13. 24-cü maddə üzrə:
1.13.1. adından, 24.1-ci (birinci halda) maddədən və 24.2-ci maddənin birinci abzasından "İdarə Heyətinin" sözləri çıxarılsın;
1.13.2. 24.2.5-ci maddədən "İdarə Heyəti sədrinin" sözləri çıxarılsın;
1.13.3. 24.3-cü maddənin birinci və ikinci cümlələrindən ismin müvafiq hallarında
"İdarə Heyəti" sözləri çıxarılsın;
1.14. 25.1-ci maddənin birinci abzasında "İdarə Heyətinin sədri və" sözləri "sədri və İdarə Heyətinin" sözləri ilə əvəz edilsin;
1.15. 26.1-ci maddənin birinci cümləsindən və 26.2-ci maddədən "İdarə Heyəti" sözləri çıxarılsın;
1.16. 27.2-ci maddədən "İdarə Heyətinin" sözləri çıxarılsın;
1.17. 28.2-ci və 30.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"28.2. Pul siyasətinin əsas istiqamətlərində növbəti il üçün inflyasiya hədəfi və ona nail olmaq üçün istifadə olunacaq pul siyasətinin əsas alətləri, habelə pul siyasətinin həyata keçirilməsinə təsir edə biləcək mümkün risklər göstərilir.";
"30.2. Mərkəzi Bankın emissiya etdiyi qiymətli kağızların buraxılışı, yerləşdirilməsi, tədavülü və geri alınması şərtləri İdarə Heyəti tərəfindən müəyyən edilir. Mərkəzi Bank açıq bazar əməliyyatlarını tənzimlənən bazarla yanaşı digər ticarət sistemində də apara bilər.";
1.18. 32-ci maddə üzrə:
1.18.1. 32.1-ci maddənin ikinci cümləsində "depozitlərin" sözü "öhdəliklərin" sözü ilə əvəz edilsin, həmin maddənin üçüncü cümləsindən "maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla" sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda dördüncü - altıncı cümlələr əlavə edilsin:
"Ölkədə makroiqtisadi sabitliyin, maliyyə bazarlarının dayanıqlığının və sabitliyinin təmin olunması məqsədilə Mərkəzi Bank saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququna malikdir. Faizlərin ödənilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Faizlər İdarə Heyətinin qərarında göstərilən müddətdə ödənilir və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil edilir.";
1.18.2.  32.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"32.2. Saxlama dövrü ərzində kredit təşkilatı tərəfindən məcburi ehtiyatların hesablanması və ya saxlanması qaydası pozulduqda, Mərkəzi Bank saxlama dövründəməcburi ehtiyatların təmin edilməmiş məbləğinəaşağıdakı düsturla saxlama dövründə saxlanılmalı valyutanın emitenti olan mərkəzi bankın orta günlük uçot dərəcəsinin 2 misli, pozuntuya bir təqvim ili ərzində 3 və ya daha artıq halda yol verildikdə orta günlük uçot dərəcəsinin 3 misli məbləğində maliyyə sanksiyası tətbiq edir (bütün hallarda uçot dərəcəsi bir faizdən az olduqda maliyyə sanksiyasının hesablanması zamanı uçot dərəcəsi bir faiz kimi nəzərə alınır):  

Burada:
 
Gt- t saxlama dövründə məcburi ehtiyatların təmin olunmamış hissəsi üzrə ödənilməli maliyyə sanksiyasının məbləği
Pt - t saxlama dövrü üzrə məcburi ehtiyatların orta günlük təmin olunmamış hissəsi
nt- t saxlama dövründə təqvim günlərinin sayı
SD - t saxlama dövründə valyutanın emitenti olan mərkəzi bankın orta günlük uçot (siyasət) dərəcəsi
b - pozuntunun təkrarlanmasından asılı olaraq tətbiq edilən əmsal.";
 
1.18.3. aşağıdakı məzmunda 32.3 - 32.5-ci maddələr əlavə edilsin:
"32.3. Maliyyə sanksiyasının məbləği məcburi ehtiyatın təmin edilməməsi aşkar edildiyi gündən 5 (beş) iş günü müddətində bu halın aşkar edildiyi gün üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır və kredit təşkilatının Mərkəzi Bankdakı milli valyutada olan müxbir hesabından, bu hesabda kifayət qədər vəsait olmadıqda Mərkəzi Bankdakı xarici valyutada olan müxbir hesablarından (məcburi ehtiyatın təmin edilməməsinin aşkar edildiyi gün üçün Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq) tutulur.
32.4. Məcburi ehtiyatlar normasının təmin edilməməsinə görə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, Mərkəzi Bankın İdarə Heyəti müvafiq kredit təşkilatının açıq bazar əməliyyatlarında iştirakını və ya ayrı-ayrı bank əməliyyatları aparmasını məhdudlaşdırmaq hüququna malikdir.
32.5. Hər hansı kredit təşkilatında Mərkəzi Bankın tətbiq etdiyi likvidlik normativlərindən kəskin kənarlaşma halında Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə həmin kredit təşkilatı məcburi ehtiyatların saxlanması tələbindən müvəqqəti azad edilə bilər.";
1.19. 36.3-cü maddəyə "yubiley" sözündən əvvəl "investisiya," sözü əlavə edilsin;
1.20. 37.0-cı, 37.0.1 - 37.0.6-cı maddələr müvafiq olaraq 37.1-ci, 37.1.1 - 37.1.6-cı maddələr hesab edilsin və aşağıdakı məzmunda 37.1.5-1-ci maddə əlavə edilsin:
"37.1.5-1. kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydalarını, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına (pulsayan, nağd pulu emal edən və nağd pulun mədaxili və (və ya) məxarici əməliyyatlarını aparan digər avadanlıqlar) dair minimum tələbləri müəyyən edir;";
1.21. 38-ci maddə üzrə:
1.21.1.  38.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Pul nişanlarının dizaynı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır.";
1.21.2.  38.2-ci maddənin birinci cümləsində "Yubiley" sözü "İnvestisiya, yubiley" sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsinə "yubiley" sözündən əvvəl "investisiya," sözü əlavə edilsin;
1.22. 39.5-ci maddə ləğv edilsin;
1.23. 40-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə40. Pul nişanlarının dəyişdirilməsi
40.1. Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.
40.2. Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
40.3. Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
40.4. Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
40.5. Təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanı dəyişdirilmir və onun nominal dəyəri ödənilmir. Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərilir.
40.6. Xarici valyutada olan pul nişanları Mərkəzi Bank tərəfindən dəyişdirilmir. Xarici valyutada saxta pul nişanlarına bu Qanunun 40.5-ci maddəsi şamil edilir.";
1.24. aşağıdakı məzmunda 41-1-ci maddə əlavə edilsin:
"Maddə 41-1. Pul nişanlarının reproduksiyası
41-1.1. Pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanması) Mərkəzi Bankın müəyyən etdiyi qaydada həyata keçirilir. 
41-1.2. Reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunurlar.";
1.25. 42.2.5-ci maddədə "qiymətli borc" sözləri "borc qiymətli" sözləri ilə əvəz edilsin;
1.26. VIII fəsil ləğv edilsin;
1.27. IX fəsil aşağıdakı redaksiyada verilsin:
 
"IX fəsil
Maliyyə bazarlarının tənzimlənməsi və nəzarət
 
Maddə 46. Nəzarət subyektləri ilə münasibətlər
46.1. Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirir.
46.2. Mərkəzi Bank tənzimləmə və nəzarət tədbirlərini həyata keçirərkən bu Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Kredit ittifaqları haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "İnvestisiya fondları haqqında", "Valyuta tənzimi haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Poçt haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hədəfli maliyyə sanksiyaları haqqında",  "Kredit büroları haqqında" Azərbaycan Respublikasının qanunlarını, habelə maliyyə bazarlarını tənzimləyən digər qanunları (bundan sonra - maliyyə bazarlarını tənzimləyən qanunlar) və bu sahələrdə qabaqcıl beynəlxalq prinsip və standartları rəhbər tutur.
46.3. Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla əhatə olunan sahələr, habelə istehlakçıların və investorların hüquqlarının qorunmasından irəli gələn hallar istisna olmaqla, nəzarət subyektlərinin cari fəaliyyətinə qarışmır.
46.4. Nəzarət subyektləri Mərkəzi Bankın öhdəlikləri üçün, Mərkəzi Bank isə nəzarət subyektlərinin öhdəlikləri üçün məsuliyyət daşımır.
Maddə 47. Ödəniş sistemlərinin təşkili
47.1. Mərkəzi Bank ölkə ərazisində fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru arasında milli valyutada hesablaşmaların həmin təşkilatların Mərkəzi Bankda açdıqları müxbir hesablar vasitəsilə həyata keçirilməsini təşkil edir.
47.2. Mərkəzi Bank ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydalarını, həmçinin ödəniş alətlərinə dair tələbləri müəyyən edir.
47.3.  Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun olaraq bank hesablarının növlərini, onların açılması, aparılması və bağlanması qaydalarını, habelə bank hesablarının strukturunu müəyyən edir.
47.4. Ödəniş sistemlərinin inkişafını dəstəkləmək məqsədilə Mərkəzi Bank ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin (interçeyncin) yuxarı həddini müəyyən etmək hüququna malikdir.
Maddə 48. Tənzimləmə və nəzarət
48.1. Maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulduğu halda nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsi üzrə Mərkəzi Bank:
48.1.1. nəzarət subyektlərinin fəaliyyətini, o cümlədən prudensial fəaliyyətini və bazar davranışını tənzimləyən normativ xarakterli aktlar qəbul edir;
48.1.2. nəzarət subyektlərinin fərdi və konsolidasiya əsasında hesabatlarının tərtib və təqdim edilməsi qaydalarını müəyyən edir;
48.1.3. nəzarət subyektlərinin sistem əhəmiyyətliliyi meyarlarını müəyyən edir;
48.1.4. nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər səlahiyyətləri həyata keçirir.
48.2. Maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulduğu halda nəzarət subyektlərinin fəaliyyətinə nəzarət üzrə Mərkəzi Bank:
48.2.1. nəzarət subyektlərinin fəaliyyətinə dair lisenziya və icazələr verir, onları məhdudlaşdırır, dayandırır və ləğv edir;
48.2.2. nəzarət subyektlərindən prudensial, statistika, maliyyə  və digər hesabatları alır və təhlil edir;
48.2.3. nəzarət subyektlərində yerində yoxlamalar aparır;
48.2.4. nəzarət subyektləri və onların rəhbər işçilərinə qarşı təsir, təshih tədbirləri və sanksiyalar tətbiq edir, habelə nəzarət subyektlərinin fəaliyyətində aşkar olunmuş pozuntuların aradan qaldırılması və ya pozuntulara səbəb ola biləcək halların qarşısını almaq məqsədilə icrası məcburi olan digər göstərişlər verir;
48.2.5. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə nəzarət etdiyi subyektlərə münasibətdə sahəvi risk qiymətləndirməsini həyata keçirir və risk qiymətləndirilməsinin nəticələrini təhlil edir;
48.2.6. nəzarət subyektinə müvəqqəti inzibatçı təyin edir, rezolyusiya tədbirlərini həyata keçirir;
48.2.7. nəzarət subyektinin məcburi ləğvi və ləğvedicinin təyin edilməsi  barədə məhkəməyə müraciət edir;
48.2.8. nəzarət subyektlərinə nəzarətlə bağlı digər  səlahiyyətləri həyata keçirir.
48.3. Mərkəzi Bank nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsi və fəaliyyətinə nəzarətlə bağlı həmçinin aşağıdakı səlahiyyətlərə malikdir:
48.3.1. nəzarət tədbirləri çərçivəsində nəzarət subyektinin səlahiyyətli idarəetmə orqanlarının iclaslarının, o cümlədən növbədənkənar iclaslarının keçirilməsini tələb etmək, həmin tələb yerinə yetirilmədikdə səlahiyyətli idarəetmə orqanlarının və daxili komitələrinin iclaslarını çağırmaq və (və ya) həmin iclaslarda müşahidəçi qismində iştirak etmək;
48.3.2. nəzarət subyektinin fəaliyyətinin monitorinqi məqsədilə bu Qanunun 53-2-ci maddəsinə uyğun olaraq nəzarət subyektinə səlahiyyətli nümayəndə göndərmək;
48.3.3. bu Qanunun 53-3-cü maddəsinə uyğun olaraq əsaslandırılmış mülahizədən  istifadə etmək;
48.3.4. nəzarət subyektlərində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müəyyən etmək və kibertəhlükəsizlik sahəsində nəzarət subyektlərinin fəaliyyətini əlaqələndirmək;
48.3.5. maliyyə bazarları sahəsində tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi ilə əlaqədar, o cümlədən lisenziya və icazələrin verilməsi zamanı müraciətlərə baxarkən aidiyyəti dövlət orqanlarına (qurumlarına) sorğu ilə müraciət etmək və onlardan zəruri məlumatları almaq;
48.3.6. istehlakçıların və investorların hüquqlarının qorunması məqsədilə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışını həyata keçirmək;
48.3.7. nəzarət subyektlərinin fəaliyyəti ilə bağlı tövsiyə xarakterli metodoloji sənədlər qəbul etmək;
48.3.8. maliyyə bazarlarında istehlakçıların və investorların qanuni maraqlarının pozulması və ya pozulmasına şərait yaradan halların aradan qaldırılması barədə nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər vermək;
48.3.9. nəzarət subyektinə aidiyyəti olan şəxslərin aşkar edilməsi üçün digər qurumlardan mühüm iştirak payına malik olan şəxslər barədə, habelə həmin şəxslərin cari fəaliyyətinə və hüquqi şəxs olduqda, onların idarə edilməsinə aid lazımi məlumat və sənədləri əldə etmək.
48.4. Mərkəzi Bank maliyyə bazarlarının sabitliyini və dayanıqlılığını qorumaq məqsədilə nəzarət tədbirləri çərçivəsində əldə etdiyi informasiyanın konfidensiallığını təmin edir.
48.5. Mərkəzi Bankın tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır. Qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
Maddə 49. Risk əsaslı tənzimləmə və nəzarətin həyata keçirilməsi
49.1. Effektiv tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə maliyyə bazarlarında tənzimləmə və nəzarət risk əsaslı yanaşma əsasında həyata keçirilir və bu məqsədlə nəzarət subyektlərinin biznes modeli, risklərinin qiymətləndirilməsi, daxili nəzarət və risklərin idarə edilməsi sistemləri, kapitalı, gəlirliliyi və digər risk faktorları nəzərə alınmaqla onların risk profili müəyyən edilir.
49.2. Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda nəzarət subyektlərinin sistem əhəmiyyətliliyi və (və ya) risk profili nəzərə alınmaqla onlar üçün fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.
Maddə 50. Xüsusi tənzimləmə rejimi
50.1. Mərkəzi Bank maliyyə bazarlarında innovativ xidmət və məhsulların (bundan sonra - innovativ məhsulların) sınaqdan keçirilməsi məqsədilə xüsusi tənzimləmə rejimi tətbiq edə bilər. Xüsusi tənzimləmə rejimi hüquqi şəxslər tərəfindən innovativ məhsulların məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların sayı ilə bağlı və ya digər məhdudiyyətlər) və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsini tənzimləyən qaydalar toplusudur.
50.2. Xüsusi tənzimləmə rejimi aşağıdakı prinsiplər əsasında tətbiq edilir:
50.2.1. xüsusi tənzimləmə rejimində bərabər iştirakın təmin edilməsi;
50.2.2. xüsusi tənzimləmə rejiminin iştirakçısı (xüsusi tənzimləmə rejimində innovativ məhsulları təqdim edən şəxs) tərəfindən istehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının təmin edilməsi.
50.3. Xüsusi tənzimləmə rejiminin tətbiqi ilə bağlı qaydalar, o cümlədən xüsusi tənzimləmə rejiminində iştirak üçün müraciət edən hüquqi şəxslərə, habelə sınaqdan keçiriləcək məhsula dair tələblər, xüsusi tənzimləmə rejimində iştirak etmək hüququna xitam verən hallar, rejim iştirakçılarına qüvvədə olan maliyyə bazarlarını tənzimləyən qanunvericiliyin tətbiq edilməsi şərtləri və proseduru, rejim iştirakçılarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi və rejimin tətbiq edilə bildiyi maksimum müddət, lakin 5 (beş) ildən çox olmayaraq Mərkəzi Bank tərəfindən müəyyən olunur.
50.4. Xüsusi tənzimləmə rejiminin iştirakçısı innovativ məhsulların sınağını Mərkəzi Bankla bağlanılmış müqaviləyə uyğun olaraq həyata keçirir. Müqavilədə ən azı sınağın həyata keçirilməsi şərtləri, tərəflərin hüquq və öhdəlikləri, sınağın keçirilmə müddəti, müqaviləyə xitam verilməsi halları və qaydası nəzərdə tutulur.
50.5. Xüsusi tənzimləmə rejiminin iştirakçısı müvafiq məhsul istifadəçisini bu barədə xəbərdar etməlidir.
50.6. Xüsusi tənzimləmə rejimi çərçivəsində qanunvericilikdə aşkar edilən boşluqların aradan qaldırılması və ya fərqli qaydaların müəyyən edilməsi zərurəti ilə əlaqədar Mərkəzi Bank təkliflərini müvafiq qaydada təqdim edə bilər. 
50.7. Xüsusi tənzimləmə rejimində iştirakına xitam verilməsi rejim iştirakçısını məhsul istifadəçisi və digər şəxslər qarşısında həmin ana qədər yaranmış öhdəliklərindən azad etmir.
50.8. Mərkəzi Bank rəsmi internet səhifəsində rejim iştirakçılarının reyestrini dərc edir. Reyestrə rejim iştirakçısının adı, internet səhifəsi (varsa), əlaqə məlumatları (telefon, elektron poçt ünvanı və.s.), təqdim etdiyi innovativ məhsul, sınağın keçirilmə müddəti, sınaq nəticələri və sınağa vaxtından əvvəl xitam verildiyi halda bu barədə məlumatlar daxil edilir. 
Maddə 51. Lisenziya və icazə
51.1. Maliyyə bazarları sahəsində lisenziyaların (icazələrin) verilməsi, verilmiş lisenziyaların (icazələrin) qüvvəsinin dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi maliyyə bazarlarını tənzimləyən qanunlara uyğun olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.
51.2. Lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forma və məzmunu Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
51.3. Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya (icazə) olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir, bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir.
51.4. Mərkəzi Bank nəzarət subyektlərinə verdiyi lisenziya və icazələrin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin və onların filial, şöbə və nümayəndəliklərinin adları, ünvanları, rəhbər şəxslərinin adları, verilmiş lisenziya və icazələrin qeydiyyat nömrələri və tarixi, qüvvəsi məhdudlaşdırılmış, dayandırılmış və ləğv edilmiş lisenziyalar və icazələr barədə, habelə maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda digər məlumatlar daxil edilir.
Maddə 52. Yoxlamalar
52.1. Mərkəzi Bank nəzarət subyektinin maliyyə dayanıqlılığını, risk profilini qiymətləndirmək, nəzarət subyektinin fəaliyyətinin maliyyə bazarlarını tənzimləyən qanunlara və normativ xarakterli aktlara uyğunluğunu yoxlamaq, tətbiq edilmiş təsir, təshih tədbirlərinin və sanksiyaların, icrası məcburi olan digər göstərişlərin icra vəziyyətini müəyyən etmək məqsədilə yoxlamalar keçirir.
52.2. Yoxlamalar dövriliyinə görə planlı və plandankənar, əhatə dairəsinə görə hərtərəfli və ya tematik olaraq bu Qanuna və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi qaydalara uyğun olaraq aparılır. Bu zaman yoxlamaların müddəti 45 (qırx beş) iş günündən çox olmayaraq müəyyən edilir. Yoxlamanın aparılması məqsədilə müəyyən edilmiş müddət yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxsin müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 45 (qırx beş) iş günü müddətinə qədər uzadıla bilər. 
52.3. Planlı yoxlamalar nəzarət subyektinin risk profilinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilən yoxlamalar planı üzrə aparılır. Planlı yoxlamalar hərtərəfli və ya tematik olmaqla eyni nəzarət subyektinə münasibətdə ildə bir dəfədən çox olmayaraq aparıla bilər.
52.4. Plandankənar yoxlamalar hərtərəfli və ya tematik olmaqla aşağıdakı hallarda aparıla bilər:
52.4.1. Mərkəzi Banka təqdim edilən hesabatların təhlili və digər mənbəyi məlum olan məlumatlar əsasında nəzarət subyektində:
52.4.1.1. kapital adekvatlılığı, likvidlik və ya ödəmə qabiliyyəti göstəricilərinin pisləşdiyi müşahidə edildikdə, o cümlədən aktivlərin itirilməsi təhlükəsi yarandıqda;
52.4.1.2. aktivlərin keyfiyyəti və maliyyə vəziyyətini xarakterizə edən göstəricilər kəskin və ya davamlı olaraq pisləşdikdə, yaxud dəyişdikdə;
52.4.1.3. aktivlərin fiziki mövcudluğuna dair əsaslı şübhə yarandıqda;
52.4.1.4. öhdəliklərin və ya ödənişlərin icra edilməsi üçün zəruri olan likvid vəsaitlər əhəmiyyətli səviyyədə, yaxud davamlı olaraq azaldıqda;
52.4.1.5. idarəetmə sistemində onun prudensial idarə edilməsinə təhlükə yarada bilən halların meydana çıxdığı müəyyən edildikdə;
52.4.2. qanunvericiliyin pozulması faktının və ya buna səbəb olan halların yerində araşdırılması tələb olunduqda;
52.4.3. təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;
52.4.4. maliyyə bazarlarına nəzarət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində xarici maliyyə bazarlarının tənzimlənməsi və nəzarət orqanlarının sorğuları daxil olduqda;
52.4.5. müvafiq nəzarət subyekti barəsində yoxlamanın aparılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
52.4.6. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri və halları ilə bağlı əsaslı şübhələr olduqda;
52.4.7. istehlakçıların və investorların hüquqlarının pozulması ilə bağlı şikayətlərin araşdırılması zamanı məsələlərin yerində yoxlanılması tələb olunduqda;
52.4.8. nəzarət subyektinə tətbiq edilmiş təsir, təshih tədbirlərinin, sanksiyaların və icrası məcburi olan digər göstərişlərin icra vəziyyəti yoxlanıldıqda, habelə həmin göstərişlərin icrası barədə Mərkəzi Banka müəyyən edilmiş müddət ərzində məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu aşkar edildikdə;
52.4.9. maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulan digər hallarda.
52.5. Yoxlama planı və yoxlama barədə qərar Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən təsdiq edilir. Yoxlama barədə qərarda nəzarət subyektinin adı və ünvanı, yoxlamanın başlanma tarixi və  müddəti, növü, əhatə dairəsi, yoxlama plandankənar olduqda onun təyin edilməsinə əsas verən hal, yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi, habelə yoxlamanın dövrü qeyd edilir.
52.6. Yoxlamalar Mərkəzi Bankın əməkdaşları və (və ya) Mərkəzi Bank tərəfindən təyin edilən kənar auditorlar (yoxlayıcılar) tərəfindən həyata keçirilir. Yoxlayıcıların tərkibinə qarşılıqlı fəaliyyət prinsipi əsasında Mərkəzi Bankın yoxlamalar sahəsində əməkdaşlıq haqqında saziş bağladığı xarici ölkənin nəzarət orqanının əməkdaşları və digər şəxslər (ekspertlər, mütəxəssislər) də daxil edilə bilərlər.
Maddə 53. Yoxlamalara hazırlıq, yoxlamaların aparılması və nəticələrinin rəsmiləşdirilməsi
53.1. Nəzarət subyektinə planlı yoxlamanın başlanmasına azı 7 (yeddi) iş günü qalmış, plandankənar yoxlama zamanı isə azı 2 (iki) iş günü qalmış yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlama barədə qərara müvafiq olaraq yoxlamanın başlanma tarixi, növü, əhatə dairəsi, habelə yoxlamanın dövrü və  müddəti qeyd edilir.
53.2. Bu Qanunun 52.4.1.1 - 52.4.1.3-cü, 52.4.2-ci, 52.4.3-cü, 52.4.5-ci, 52.4.6-cı və 52.4.8-ci maddələrində nəzərdə tutulmuş hallarda nəzarət subyektində əvvəlcədən məlumatlandırmadan yoxlama aparıla bilər.
53.3. Yoxlama bu barədə qərar təqdim edilməklə həyata keçirilir. Nəzarət subyekti yoxlayıcının işinin təmin edilməsi üçün şərait yaradır, o cümlədən ayrıca yer ayırır və yoxlayıcını lazımi texniki avadanlıqlarla (kommunikasiya vasitələri, surətçıxarma aparatları, çap  avadanlıqları və s.) təmin edir.
53.4. Yoxlamanın nəticələri yoxlama başa çatdıqdan sonra 30 (otuz) təqvim günü ərzində iki nüsxədə (yoxlama məhkəmənin qərarı əsasında aparıldıqda, üç nüsxədə) tərtib olunan yoxlama haqqında hesabatla rəsmiləşdirilir. Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Yoxlama haqqında hesabatın bir nüsxəsi hazırlandığı gündən 3 (üç) iş günü ərzində nəzarət subyektinə təqdim olunur və ya elektron üsulla, yaxud alınmasını təsdiq edən poçt vasitəsilə nəzarət subyektinə göndərilir.
53.5. Nəzarət subyektinin səlahiyyətli şəxsi yoxlama haqqında hesabatı aldığı gündən 7 (yeddi) iş günü ərzində onu imzalayaraq Mərkəzi Banka təqdim edir. Yoxlama hesabatı bu müddət ərzində təqdim edilmədikdə, Mərkəzi Bank özündə olan yoxlama hesabatına müvafiq qeyd əlavə edir. Nəzarət subyektinin yoxlama hesabatına dair izahatı  (etirazı) olduqda nəzarət subyektinin səlahiyyətli şəxsi yoxlama hesabatını imzalayır və öz izahatını (etirazını) hesabata əlavə edir. Nəzarət subyektinin verdiyi izahat (etiraz) əsaslı hesab edildikdə yoxlama qrupu yoxlama haqqında hesabatda müvafiq dəyişiklik edir.
53.6. Mərkəzi Bank yoxlamanın nəticələri ilə bağlı yekun qərarını bu Qanunun 53.5-ci maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra 30 (otuz) təqvim günü müddətində qəbul edir və bu barədə nəzarət subyektinə yazılı məlumat göndərir.
53.7. Yoxlama haqqında hesabatın forması və məzmunu Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
53.8. Yoxlamanın nəticələri üzrə şikayətin verilməsi ilə əlaqədar məhkəməyə açıqlanması halları istisna olmaqla nəzarət subyekti yoxlama haqqında hesabatı Mərkəzi Bankın razılığı olmadan açıqlaya bilməz.
53.9. Nəzarət subyekti yoxlamanın nəticələri üzrə Mərkəzi Bankın qəbul etdiyi  qərardan məhkəməyə şikayət verə bilər. Qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
Maddə 53-1. Yoxlayıcıların hüquq və vəzifələri
53-1.1. Yoxlayıcıların aşağıdakı hüquqları vardır:
53-1.1.1. nəzarət subyektinə, onun filial, şöbə və nümayəndəliklərinə, habelə onun törəmə cəmiyyətlərinə daxil olmaq və onların fəaliyyəti ilə bağlı istənilən sənədləri, o cümlədən apardığı müştəri əməliyyatları, bağladığı əqdlərlə bağlı sənədləri, daxili reqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.), hesabatları, mühasibat reqlamentini və digər sənədləri tələb etmək, onların surətlərini götürmək, yoxlamaq, onlara dair nəzarət subyektinin və onun törəmə cəmiyyətinin rəhbər işçiləri və əməkdaşlarından izahat almaq; 
53-1.1.2. nəzarət subyektinə aidiyyəti olan şəxslərlə bağlı lazımi məlumat və sənədləri, o cümlədən onların idarə edilməsi və cari fəaliyyətinə aid lazımi informasiyanı əldə etmək, habelə nəzarət subyektinə aidiyyəti olan şəxslərdən, o cümlədən qanuna müvafiq olaraq nəzarət subyektinə əhəmiyyətli nəzarəti həyata keçirən və ya nəzarət subyektinin əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslərdən, nəzarət subyektinin auditini aparan və ya aparmış auditorlardan, invesitisiya fondunun qiymətləndiricisindən və depozitarından və nəzarət subyektinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə həmin şəxslərdən yoxlamanın aparılması üçün lazım olan sənədləri, məlumatları, rəyləri, izahatları, arayışları əldə etmək;
53-1.1.3. nəzarət subyektinin avtomatlaşdırılmış əməliyyat və idarəedici informasiya sistemlərinə, məlumat bazalarına çıxış əldə etmək və həmin sistemlərdən məlumatlar götürmək; 
53-1.1.4. yoxlama zamanı surətçıxarma və digər texniki vasitələrdən istifadə etmək;
53-1.1.5. maliyyə bazarlarını tənzimləyən hüquqi aktların pozulmasına dair şübhə olduqda müvafiq sənədlərin və aktivlərin yerləşdiyi yeri yoxlamanın aparılması üçün tələb olunan müddətdə, lakin 3 (üç) iş günündən çox olmayaraq möhürləmək, bu şərtlə ki, həmin hal nəzarət subyektinin cari fəaliyyətinin dayandırılmasına səbəb olmasın;
53-1.1.6. yoxlanılan nəzarət subyektinin fəaliyyəti ilə bağlı məsələlər barədə nəzarət subyektinin rəhbər işçiləri və əməkdaşları ilə müzakirələr aparmaq.
53-1.2. Yoxlayıcılar yoxlama zamanı aşağıdakı vəzifələri həyata keçirirlər:
53-1.2.1. yoxlamaya başladıqda yoxlama barədə qərarı və şəxsiyyətini təsdiq edən sənədi nəzarət subyektinə təqdim etmək;
53-1.2.2. yoxlamanı yoxlama barədə qərarda göstərilənlərə uyğun olaraq həyata keçirmək;
53-1.2.3. yoxlama zamanı götürülmüş sənədlərin əslini yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra nəzarət subyektinə qaytarmaq;
53-1.2.4. yoxlama zamanı əldə edilmiş sənədlərin, məxfi məlumatların, bank sirrinin və qanunla müəyyən edilmiş digər konfidensial məlumatların qorunmasını təmin etmək.
53-1.3. Yoxlayıcılar son 1 (bir) il ərzində yoxlama apardıqları nəzarət subyekti tərəfindən Mərkəzi Bankla əmək münasibətlərinə xitam verildiyi tarixdən 1 (bir) il müddətində Qanunla müəyyən edilmiş rəhbər (inzibatçı) vəzifələrə işə götürülə bilməzlər.
Maddə 53-2. Nəzarət subyektində monitorinq
53-2.1. Maliyyə bazarları sahəsində nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlınəzarət subyektindən alınan hesabatlarda əks olunan məlumatların düzgünlüyünü və mötəbərliliyini yerində müəyyən etmək üçün nəzarət subyektində monitorinq aparılması məqsədilə Mərkəzi Bank öz əməkdaşları sırasından səlahiyyətli nümayəndə (nümayəndələr) təyin etmək hüququna malikdir.
53-2.2. Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmış göndəriş məktubunda monitorinq olunmalı sahələr, sənədlər, sistemlər və monitorinqin müddəti müəyyən edilir. Monitorinq prosesində səlahiyyətli nümayəndə (nümayəndələr) bu Qanunun 53-1.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə edir, nəzarət subyekti isə monitorinqin həyata keçirilməsi üçün bu Qanunun 53.3-cü maddəsinə uyğun olaraq zəruri şərait yaradır.
53-2.3. Monitorinqin müddəti 5 (beş) iş günündən çox ola bilməz.
53-2.4. Səlahiyyətli nümayəndə (nümayəndələr) monitorinqin nəticələri üzrə arayış hazırlayır və Mərkəzi Banka təqdim edir.
53-2.5. Səlahiyyətli nümayəndə (nümayəndələr) son 1 (bir) il ərzində monitorinq etdiyi nəzarət subyekti tərəfindən Mərkəzi Bankla əmək münasibətlərinə xitam verildiyi tarixdən 1 (bir) il müddətində Qanunla müəyyən edilmiş rəhbər (inzibatçı) vəzifələrə işə götürülə bilməz.
Maddə 53-3. Əsaslandırılmış mülahizə
53-3.1.Əsaslandırılmış mülahizə maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq nəzarət üzrə səlahiyyətlərin həyata keçirilməsi zamanı aşkar olunan faktların, mənbəyi məlum olan məlumatların araşdırılması və qiymətləndirilməsi əsasında Mərkəzi Bankın  peşəkar və obyektiv olaraq gəldiyi fikirdir. Əsaslandırılmış mülahizə lisenziya və icazələrin verilməsi, təsir və digər nəzarət tədbirlərinin tətbiqi  ilə bağlı qərarların qəbul edilməsi əsası kimi çıxış edə bilər.
53-3.2. Aşağıdakı hallarda Mərkəzi Bank əsaslandırılmış mülahizədən bu Qanunun 53-3.3-53-3.6-cı maddələrində nəzərdə tutulmuş qaydada istifadə edir: 
53-3.2.1. nəzarət subyektlərinin nəzarət və icra orqanları üzvlərinin, habelə maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda digər şəxslərin məqbul və lazımi keyfiyyətlərə malik olmasının, o cümlədən işgüzar nüfuzunun qiymətləndirilməsi;
53-3.2.2. nəzarət subyektinə aidiyyəti olan şəxslərin müəyyənləşdirilməsi və (və ya) onlarla güzəştli şərtlərlə əməliyyatların aparılması;
53-3.2.3. şəxslərin bir-biri ilə əlaqədar borcalanlar qrupuna aid edilməsi.
53-3.3. Əsaslandırılmış mülahizə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən yaradılan kollegial orqan tərəfindən formalaşdırılır. Əsaslandırılmış mülahizənin formalaşdırılması prosesinə ekspert və mütəxəssislər cəlb edilə bilər.
53-3.4. Əsaslandırılmış mülahizə barədə nəzarət subyektinə yazılı məlumat verilir və məlumatda mülahizəyə əsas verən hallar ətraflı açıqlanır. Məlumat nəzarət subyektinə təqdim olunur və ya elektron üsulla, yaxud alınmasını təsdiq edən poçt vasitəsilə göndərilir.
53-3.5. Əsaslandırılmış mülahizə barədə məlumatı almış nəzarət subyekti 7 (yeddi) iş günü ərzində əsaslandırılmış mülahizəyə münasibət bildirmədikdə mülahizə ilə razı olduğu hesab edilir. Əsaslandırılmış mülahizə ilə razı olmadıqda nəzarət subyekti həmin müddətdə əsaslandırılmış izahatını yazılı surətdə Mərkəzi Banka təqdim edir.
53-3.6. Əsaslandırılmış mülahizə ilə razı olmayan nəzarət subyektinin izahatına baxılır və izahat kollegial orqan tərəfindən əsaslı hesab edilmədikdə məsələ baxılması üçün Mərkəzi Bankın İdarə Heyətinin müzakirəsinə çıxarılır.
53-3.7. Əsaslandırılmış mülahizə əsasında Mərkəzi Bankın qəbul etdiyi qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər. Qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
Maddə 53-4. Sonuncu instansiya kreditoru
53-4.1. Mərkəzi Bank qısamüddətli likvidlik çatışmazlığı ilə üzləşmiş banklara sonuncu instansiya kreditoru kimi müddəti altı aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verə bilər. Belə kreditlərin digər şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur.
53-4.2. Maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda Mərkəzi Bankın İdarə Heyəti daha uzun müddətə sonuncu instansiya krediti verə bilər. 
Maddə 53-5. Əməkdaşlıq və məlumat mübadiləsi
53-5.1. Nəzarət subyektləri ilə qarşılıqlı fəaliyyət məqsədilə Mərkəzi Bank nəzarət subyektlərinin, onların ictimai birliklərinin (assosiasiyalarının) nümayəndələrini cəlb etməklə maliyyə bazarlarının mühüm məsələləri barəsində məsləhətləşmələr apara, təkliflər hazırlamaq üçün ictimai əsaslarla fəaliyyət göstərən şuralar, qruplar yarada bilər.
53-5.2. Mərkəzi Bank müstəqil şəkildə həm öz təşəbbüsü, həm də sorğu əsasında xarici ölkələrin maliyyə bazarlarına nəzarət orqanları, rezolyusiya orqanları, böhran idarəçiliyini həyata keçirən orqanları, makroprudensial nəzarət orqanları, o cümlədən beynəlxalq təşkilatlarla dövlətin və hökumətin adından öhdəlik götürmədən ikitərəfli və çoxtərəfli müqavilələr (saziş, anlaşma memorandumu və s.) imzalamaqla nəzarət subyektləri üzərində tənzimləmə və nəzarət funksiyalarının effektiv surətdə həyata keçirilməsi, habelə səlahiyyətlərinə aid edilən digər məsələlər üzrə əməkdaşlıq edir.
53-5.3. Mərkəzi Bank nəzarət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında müqavilələrə müvafiq olaraq konfidensial məlumatları, o cümlədən bank, kommersiya və sığorta sirri təşkil edən məlumatları mübadilə edə bilər, bu şərtlə ki, qarşı tərəf müvafiq məlumatların məxfiliyini təmin etsin və yalnız nəzarət məqsədləri üçün istifadə etsin.
53-5.4.Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq, sənəd və məlumat mübadiləsi "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.";
1.28. aşağıdakı məzmunda 54.1.6-1-ci maddə əlavə edilsin:
"54.1.6-1. törəmə maliyyə alətləri ilə əməliyyatlar aparmaq;";
1.29. 55.0-cı, 55.0.1 - 55.0.3-cü maddələr müvafiq olaraq 55.1-ci, 55.1.1 - 55.1.3-cü maddələr hesab edilsin;
1.30. aşağıdakı məzmunda 57.3-cü maddə əlavə edilsin:
"57.3. Mərkəzi Bankda mühasibat uçotunun aparılması qaydaları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.";
1.31. 58.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Kənar dövlət maliyyə nəzarəti yalnız Mərkəzi Bankın inzibati-təsərrüfat fəaliyyətini əhatə edir.";
1.32. 59-cu maddə üzrə:
1.32.1. 59.3-cü və 59.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
"59.3. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri, habelə İdarə Heyəti tərəfindən müəyyən olunmuş vəzifələri tutan əməkdaşlar kredit təşkilatlarından və digər nəzarət subyektlərindən alacaqları kreditlər haqqında məlumatı İdarə Heyətinin müəyyən etdiyi qaydada Mərkəzi Banka təqdim edirlər.
59.4. Mərkəzi Bankın əməkdaşları xidməti vəzifələri ilə şəxsi maraqları arasında maraqlar münaqişəsinə yol verməməlidirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın əməkdaşları nəzarət subyektlərinin və onların törəmə təsərrüfat cəmiyyətlərinin idarəetmə orqanlarının üzvü ola bilməzlər. Nəzarət subyektlərində və onlara aidiyyəti olan şəxslərdə Mərkəzi Bankın əməkdaşı və ya onun yaxın qohumu (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, nəvə, övladlığa götürən, övladlığa götürülən, qardaş və bacı) təsisçi və ya iştirakçı olduqda, yaxud yaxın qohumu həmin şəxslərdə nəzarət və icra orqanlarında vəzifə tutduqda Mərkəzi Bankın əməkdaşı bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. Bu hallarda Mərkəzi Bankın əməkdaşı həmin nəzarət subyektlərində yoxlama apara və ya digər nəzarət tədbirində, habelə həmin nəzarət subyekti ilə bağlı qərarların qəbulunda iştirak edə bilməz. Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin xidməti vəzifələri ilə şəxsi maraqları arasında maraqlar münaqişəsinin qarşısının alınmasına dair tələblər bu Qanunun 21-ci və 23-cü maddələri ilə tənzimlənir.";
1.32.2. 59.6-cı maddəyə "məqsədilə" sözündən əvvəl ", habelə əlavə təhsili və peşəkarlığının yüksəldilməsi" sözləri əlavə edilsin və həmin maddədən "əlavə" sözü çıxarılsın;
1.33.  60-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 60. Məxfilik (konfidensiallıq)
60.1. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digər əməkdaşları səlahiyyətlərinin həyata keçirilməsi zamanı əldə edilmiş məlumatların məxfiliyini (konfidensiallığını) qorumalı, həmin məlumatları şəxsi və ya üçüncü şəxslərin maraqları və mənafeyi üçün istifadə etməməlidirlər. 
60.2. Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digər əməkdaşları vəzifələrinin icrası ilə əlaqədar onlara məlum olmuş xidməti məlumatı, o cümlədən dövlət, bank, sığorta və kommersiya sirrinə aid olan məlumatı Mərkəzi Bankda fəaliyyət göstərdiyi və sonrakı dövrdə yalnız "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununda və digər müvafiq qanunlarda nəzərdə tutulmuş hallarda açıqlaya bilərlər. Məxfilik (konfidensiallıq) haqqında tələblər Mərkəzi Bankda yaradılan komitələrin, komissiyaların, məşvərətçi şuraların və işçi qrupların işinə cəlb edilən digər şəxslərə də  şamil edilir.";
1.34. 63-cü maddədən "maliyyə bazarlarına nəzarət orqanından," sözləri çıxarılsın;
1.35. 64-cü maddə aşağıdakı redaksiya verilsin:
"Maddə 64. Hesabatların açıqlanması
64.1. Mərkəzi Bankın fəaliyyəti ilə bağlı illik hesabat Mərkəzi Bankın rəsmi internet səhifəsində ictimaiyyətə açıqlanır. Mərkəzi Bankın illik hesabatı ölkədəki makroiqtisadi və maliyyə bazarlarının sabitliyinə dair vəziyyəti, qəbul olunmuş pul siyasəti üzrə hədəf və vəzifələrin icrasına dair yekunları, habelə Mərkəzi Bankın maliyyə vəziyyətini əks etdirir.
64.2. Mərkəzi Bank ayda bir dəfədən az olmayaraq xarici sektor statistikasını, maliyyə bazarları və ödəniş sistemləri üzrə ümumiləşdirilmiş statistikanı, habelə monetar statistikaya dair məlumatları rəsmi internet səhifəsində yerləşdirir.";
1.36. aşağıdakı məzmunda 65-1-ci maddə əlavə edilsin:
"Maddə 65-1. Mərkəzi Bankın satınalmaları
65-1.1. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları Mərkəzi Bankın bu Qanunda nəzərdə tutulmuş məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar aşağıdakı satınalmalarına şamil edilmir:
65-1.1.1. kağız və metal pul nişanlarının, o cümlədən yubiley və xatirə pul nişanlarının konsepsiyasının, dizaynının, mühafizə elementlərinin və digər texniki spesifikasiyalarının hazırlanması, istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi və keyfiyyət ekspertizasının aparılması ilə bağlı satınalmalar;
65-1.1.2. beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə bağlı satınalmalar;
65-1.1.3. nağd xarici valyutanın alınması və daşınması;
65-1.1.4. nəzarət subyektlərinə münasibətdə nəzarət, o cümlədən rezolyusiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı satınalmalar.".
Maddə 2. Bu Qanun qüvvəyə mindiyi günədək maliyyə bazarlarının tənzimlənməsinə dair qəbul edilmiş normativ hüquqi aktlar və normativ xarakterli aktlar həmin aktlarla tənzimlənən məsələlərə dair Mərkəzi Bankın qanunla normativ xarakterli aktlar qəbul etmək səlahiyyəti əsasında qəbul etdiyi normativ xarakterli aktları qüvvəyə minənədək və ya həmin aktlar qüvvəsini itirənədək öz hüquqi qüvvəsini saxlayır.
Maddə 3. Bu Qanun qüvvəyə mindiyi günədək maliyyə bazarlarında fəaliyyətə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU