AZƏRBAYCAN RESPUBLİKASININ RƏQABƏT MƏCƏLLƏSİ

Qanun layihələri
11 sentyabr 2023   
    

11 sentyabr 2023

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ RƏQABƏT MƏCƏLLƏSİ
 
M Ü N D Ə R İ C A T
 
1-ci fəsil
Ümumi müddəalar
 
Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 
Maddə 2. Azərbaycan Respublikasının rəqabət qanunvericiliyi 
Maddə 3. Azərbaycan Respublikasının rəqabət siyasətinin prinsipləri 
Maddə 4. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tətbiq dairəsi 
Maddə 5. Rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması
 
2-ci fəsil
Rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları
 
Maddə 6. Rəqabət sahəsində bazar subyektlərinin vəzifələri
Maddə 7. Rəqabət sahəsində bazar subyektlərinin hüquqları
 
3-cü fəsil
Rəqabət orqanı
 
Maddə 8. Rəqabət orqanı 
Maddə 9. Rəqabət orqanının işçilərinin sosial təminatı, maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar
Maddə 10. Maraqlar toqquşması 
 
4-cü fəsil
Rəqabəti məhdudlaşdıran sazişlər
 
Maddə 11. Rəqabəti məhdudlaşdıran üfüqi sazişlər 
Maddə 12. Rəqabəti məhdudlaşdıran şaquli sazişlər 
Maddə 13. İstisna edilmiş sazişlər
Maddə 14. Az əhəmiyyətli sazişlər
 
5-ci fəsil
Bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü
 
Maddə 15. Bazarda hökmran mövqe
Maddə 16. Hökmran mövqedən sui-istifadə
Maddə 17. Aşağı və yüksək inhisar qiymətləri
Maddə 18. Nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektləri tərəfindən sui-istifadə hərəkətləri
 
6-cı fəsil
Haqsız rəqabət
 
Maddə 19. Haqsız rəqabətin formaları 
Maddə 20. Müştərilərə qarşı aqressiv davranış 
Maddə 21. Rəqib təsərrüfat subyektinin nüfuzdan salınması
Maddə 22. Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi 
Maddə 23. Müştərilərin çaşdırılması və aldadılması
Maddə 24. Kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və yayılması
Maddə 25. Haqsız rəqabətə səbəb olan digər hərəkətlər
 
7-ci fəsil
İqtisadi təmərküzləşmələr
 
Maddə 26. Təsərrüfat subyektlərinin təmərküzləşməsi 
Maddə 27. Razılıq alınması tələb olunan təmərküzləşmələr
Maddə 28. Təmərküzləşmələrin qiymətləndirilməsi
Maddə 29. Dövriyyənin hesablanması 
Maddə 30. Təmərküzləşmə haqqında ərizənin təqdim edilməsi
Maddə 31. Təmərküzləşmə haqqında ərizənin araşdırılması
Maddə 32. Təmərküzləşmələrin araşdırılması ilə əlaqədar ödənişlər
 
8-ci fəsil
Dövlət orqanları (qurumları),  yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi 
 
Maddə 33. Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd olan hərəkətləri (hərəkətsizliyi)
Maddə 34. Subsidiyaların və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsi
Maddə 35. Dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, habelə tənzimləyici qurumlardan məlumatların əldə edilməsi
 
9-cu fəsil
Təbii inhisar sahəsində dövlət tənzimlənməsi
 
Maddə 36. Təbii inhisar sahələri
Maddə 37. Təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi
Maddə 38. Tənzimləmə üsullarının tətbiq olunması üçün əsaslar
Maddə 39. Təbii inhisar subyektlərinin fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti 
Maddə 40. Təbii inhisar subyektlərinin fəaliyyətinə dair tələblər
Maddə 41. Təbii inhisar subyektlərinin məlumatı açıqlamaq vəzifəsi
 
10-cu fəsil
Rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri
 
Maddə 42. Dövlət nəzarəti və onun metodları
Maddə 43. Rəqabət orqanının apardığı araşdırmalar 
Maddə 44. Bazarın monitorinqi
Maddə 45. Məlumatların təhlili
Maddə 46. Araşdırmanın yekunlaşdırılması
Maddə 47. Dövlət nəzarətinin həyata keçirilməsinin xüsusiyyətləri
Maddə 48.Yoxlamaların aparılması 
Maddə 49. Yoxlamaların nəticələrinin rəsmiləşdirilməsi
Maddə 50. Rəqabət orqanı tərəfindən sənədlərin və nümunə kimi əşyaların götürülməsi
Maddə 51. Ekspertin dəvət edilməsi
Maddə 52. Mütəxəssisin dəvət edilməsi
Maddə 53. Tərcüməçinin iştirakı
Maddə 54. Hal şahidlərinin iştirakı
Maddə 55. Tərtib edilən protokollara dair ümumi tələblər
Maddə 56. Sənəd və məlumatların rəqabət orqanına təqdim edilməsi 
Maddə 57. Rəqabət orqanı tərəfindən sənədlərin təqdim edilməsi
Maddə 58. Sübut etmə vəzifəsi
Maddə 59. Müvəqqəti tədbirlər
Maddə 60. Bazar subyektləri tərəfindən qanun pozuntusunun könüllü aradan qaldırılması
 
11-ci fəsil
Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması
 
Maddə 61. Rəqabət komissiyası tərəfindən işə baxılması
Maddə 62. Rəqabət komissiyası tərəfindən baxılan işin tərəfləri
Maddə 63. İş üzrə dinləmələr
Maddə 64. Rəqabət qanunvericiliyinin pozulması haqqında baxılan iş üzrə sübuta yetirilməli olan hallar
Maddə 65. Rəqabət qanunvericiliyinin pozulmasının sübutları
Maddə 66. Rəqabət komissiyasının qərarları
Maddə 67. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasının təxirə salınması, iş üzrə icraatın birləşdirilməsi və ayrılması
Maddə 68. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasının dayandırılması
Maddə 69. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasına xitam verilməsi
Maddə 70. Rəqabət qanunvericiliyinin pozulması və məsuliyyət tədbirlərinin tətbiqi 
Maddə 71. Qərarların elan edilməsi
Maddə 72. Rəqabət qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstərişin verilməsi
Maddə 73. Rəqabət qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstərişin cavabdeh tərəfindən icrası
Maddə 74. İş üzrə materialların aidiyyəti dövlət orqanlarına göndərilməsi
Maddə 75. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə yenidən baxılması
 
12-ci fəsil
Rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət
 
Maddə 76. Rəqabət qanunvericiliyinin pozulması  
Maddə 77. Rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları
Maddə 78. Maliyyə sanksiyalarından azadolmalar və güzəştlər
Maddə 79. Maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər
Maddə 80. Maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi
Maddə 81. Qanunsuz gəlir
Maddə 82. Müddətlər 
Maddə 83. Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işin yekunu üzrə rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətin verilməsi
Maddə 84. Rəqabət qanunvericiliyinin pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi
 
Bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində  tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
 
1-ci fəsil
Ümumi müddəalar
 
Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar
1.1. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.1.1. ailə üzvləri – ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürmüş şəxslər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaş övladları və nəvələri, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları, bacıların ərləri, qardaşların arvadları, qəyyumlar və qəyyumluğa götürülənlər, vərəsələr;
1.1.2. aktiv satış – müştəriləri məktub, elektron poçt, zəng, müştərinin ünvanına getməklə və ya digər birbaşa kommunikasiya vasitələri ilə (onlayn və ya offlayn formada hədəfləyici reklam və ya marketinq vasitələri ilə) aktiv qaydada hədəfləməklə edilən satış;
1.1.3. alıcı – istehsal, istifadə (sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətlə əlaqədar) və ya təkrar satış məqsədilə məhsulu alan təsərrüfat subyekti, o cümlədən distributer;
1.1.4. aşağı inhisar qiyməti – hökmran mövqe tutmuş təsərrüfat subyektinin öz xərcini satıcının hesabına ödəmək məqsədilə aldığı məhsullara müəyyənləşdirdiyi aşağı qiymət, yaxud hökmran mövqe tutmuş təsərrüfat subyektinin rəqibləri bazardan sıxışdırıb çıxarmaq məqsədilə satdığı məhsullara tətbiq etdiyi rəqabət şəraitində  formalaşan qiymətlərdən aşağı qiymət;
1.1.5. bazara giriş maneələri – bazarda potensial rəqabəti, habelə potensial rəqiblərin və ya digər təsərrüfat subyektlərinin müvafiq bazara daxil olmasını məhdudlaşdıra və ya qarşısını ala bilən və bununla da bazarda mövcud olan təsərrüfat subyektləri üçün üstünlüklər yaradan hər hansı hüquqi, iqtisadi və ya inzibati şərait, habelə hərəkət (hərəkətsizlik);
1.1.6. bazar payı – bir və ya bir neçə təsərrüfat subyektinin müvafiq bazardakı satış dövriyyəsinin (natura və ya dəyər ifadəsində) həmin bazardakı ümumi dövriyyəyə (natura və ya dəyər ifadəsində) nisbəti;
1.1.7. bazar subyektləri – bazarda yaranan münasibətlərin iştirakçısı olan təsərrüfat subyektləri, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar, digər subyektlər;
1.1.8. cavabdeh – rəqabət orqanı tərəfindən rəqabət qanunvericiliyini pozduğu iddia olunan bazar subyektləri;
1.1.9. dempinq –  malların daxili bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı və ya maya dəyərindən aşağı qiymətə satılması;
1.1.10. digər subyekt – təsərrüfat subyekti, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, tənzimləyici qurum və ya müştəri qismində çıxış etməyən, təsərrüfat subyektlərinin qərarlarına təsir edə bilən hüquqi və ya fiziki şəxs;
1.1.11. dövlət inhisarı – təqdim etdiyi məhsullarla bağlı fəaliyyəti rəqabət qanunvericiliyi ilə tənzimlənməyən, inhisarlaşan bazarda fəaliyyətinə nəzarət və tənzimləmə üsulları dövlət tərəfindən müəyyən edilən inhisar;
1.1.12. dövlət inhisarında olan məhsullar – qiymətləri (tarifləri) qanunla müəyyən edilən və dövlət orqanları (qurumları) tərəfindən təqdim edilən məhsullar;
1.1.13. eksklüziv təchizat sistemi – satıcının müəyyən ərazi və ya müştəri qruplarını eksklüziv olaraq özünə və ya ayrı-ayrı alıcılara ayırdığı və həmin alıcıların bir-birinin eksklüziv ərazi və ya eksklüziv müştəri qruplarına aktiv satışını məhdudlaşdıran saziş və ya sazişlər məcmusu;
1.1.14. ərizəçi – qanun pozuntusunun araşdırılması və aradan qaldırılması barədə müraciət təqdim etmiş fiziki və ya hüquqi şəxs; 
1.1.15. haqsız rəqabət – müvafiq bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran (vura bilən) və ya onların işgüzar nüfuzuna xələl gətirən (gətirə bilən) hərəkətləri; 
1.1.16. həlledici nəzarət – hüquqi və ya fiziki şəxsə (şəxslərə) digər hüquqi və ya fiziki şəxsin (şəxslərin) fəaliyyətini birbaşa və ya dolayı yolla (bir və ya bir neçə hüquqi şəxs vasitəsilə), təkbaşına və ya birgə şəkildə məhdudlaşdırmaq və ya istiqamətləndirmək imkanı verən aşağıdakı hallardan birinin mövcudluğu:
1.1.16.1. digər şəxsin aktivlərinin 50 faizindən çoxuna mülkiyyət hüququnun olması;
1.1.16.2. şəxslər arasında törəmə və ya asılı təsərrüfat cəmiyyəti münasibətlərinin olması;
1.1.16.3. aralarındakı münasibətlərin xarakterinə əsasən nəzarət edən şəxsin nəzarət olunan şəxsə icrası məcburi olan göstərişlər vermək səlahiyyətinin olması;
1.1.16.4. nəzarət olunan şəxsin idarəetmə orqanlarının tərkibinin formalaşdırılmasına, səsvermə və ya qərar qəbuletmə prosesinə həlledici təsir etmək imkanının (hər hansı prosesin gedişatını dəyişməyə imkan verən hüquqlarının) olması; 
1.1.17. hökmran mövqe – bazar payı bu Məcəllədə qeyd olunan hədlərdən çox olan təsərrüfat subyektinin öz üstün bazar gücünə əsaslanaraq, rəqiblərdən və müştərilərdən asılı olmadan müvafiq bazarda rəqabəti məhdudlaşdırmaq və ya ona təsir etmək (o cümlədən məhsulun dövriyyəsinin ümumi qaydalarını və şərtlərini dəyişdirmək, bazara giriş maneələri yaratmaq, rəqibləri bazardan çıxarmaq) imkanı verən müstəsna vəziyyəti;
1.1.18. xidmət (iş) – malların təqdim edilməsi sayılmayan, nəticələri maddi (və ya qeyri-maddi) ifadə kəsb edən və satış üçün nəzərdə tutulan fəaliyyət; 
1.1.19. iqtisadi fəaliyyət – yalnız dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilən dövlətin mühüm funksiyalarına aid olan fəaliyyət növləri və fiziki şəxsin istehlak məqsədilə məhsul alması istisna olmaqla bazarda məhsulun təqdim olunması ilə xarakterizə olunan hər hansı fəaliyyət;
1.1.20. kartel sövdələşməsi – rəqabətin məhdudlaşdırılması məqsədilə bağlanılmış və bu Məcəllə ilə qadağan edilən üfüqi saziş;
1.1.21. qarşılıqlı əvəz oluna bilən məhsullar – istifadə təyinatına, tətbiqinə, keyfiyyət və texniki xüsusiyyətlərinə, qiymətinə və digər parametrlərinə görə müqayisə oluna bilən, müştərinin istehlak (o cümlədən, istehsalat məqsədləri üçün istehlak) zamanı onları bir-biri ilə əvəz etdiyi  və ya əvəz etməyə hazır olduğu  məhsul;
1.1.22. qiymət manipulyasiyası – bazarın ümumi tələblərindən asılı olmadan hökmran mövqe tutmuş təsərrüfat subyekti tərəfindən rəqabətin məhdudlaşdırılması məqsədilə həyata keçirilən və ya rəqabət qanunvericiliyini pozmaqla qiymətlərin azaldılması, bir səviyyədə saxlanılması və yüksəldilməsindən ibarət hərəkətlər;
1.1.23. mal – satış, mübadilə və dövriyyənin digər formaları üçün nəzərdə tutulmuş hər hansı maddi və ya qeyri-maddi əmlak; 
1.1.24. maliyyə institutları – maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq maliyyə xidmətlərini həyata keçirən və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən fəaliyyətinə nəzarət olunan təsərrüfat subyektləri; 
1.1.25. maraqlı tərəflər – rəqabət komissiyasının qərarı nəticəsində maraqları birbaşa təsirə məruz qala biləcək və ya öz müraciəti əsasında işə cəlb olunan hüquqi və ya fiziki şəxslər;
1.1.26. məhsul – satış, mübadilə və dövriyyənin digər formaları üçün nəzərdə tutulmuş hər hansı mal və ya xidmət (iş); 
1.1.27. müqayisə edilə bilən rəqabətli bazar – məhsulların alınması və ya satılması məqsədlərinə və müvafiq bazara çıxış şərtləri əsasında müəyyən edilən, satılan malların həcminə, müştərilərin və ya satıcılarının tərkibinə görə müqayisə edilə bilən digər bazar;
1.1.28. mühüm əhəmiyyətli resurs – təkrar istehsalı mümkün olmayan, müvafiq bazarda faktiki əvəzedicisi olmayan, istifadə edilməsinə imkan verilmədikdə isə rəqibin fəaliyyətini tam və ya qismən məhdudlaşdıran infrastruktur, obyekt və ya ehtiyat;
1.1.29. müştəri – məhsulu istifadə edən, onu sifariş verən, alan, yaxud sifariş vermək və ya almaq niyyəti olan şəxs, o cümlədən istehlakçı;
1.1.30. müvafiq bazar – coğrafi sərhədlərindən kənarda müştərinin iqtisadi, texniki və ya digər praktiki səbəblərdən müvafiq əmtəəni əldə etməyi məqsədəuyğun hesab etmədiyi və xüsusiyyətləri, qiymətləri və istifadə təyinatı eyni olan, yaxud qarşılıqlı əvəz oluna bilən əmtəələrin təklif olunduğu bazar;
1.1.31. nou-hau – satıcının təcrübə və sınaqlar əsasında əldə etdiyi, patentləşdirilməyən və təcrübəyə aid olan, sahibinin mülahizəsinə əsasən hərkəsə məlum olmayan və asanlıqla əldə edilə bilməyən , alıcı tərəfindən məhsulun istifadəsi, satışı və ya təkrarsatışı üçün vacib əhəmiyyətli və faydalı olan və gizlilik və mühümlük tələblərinə cavab verməsinin təsdiqlənməsi üçün hərtərəfli və ətraflı olaraq təsvir olunan məlumat məcmusu;
1.1.32.  passiv satış – müəyyən ərazi və ya müştəri qrupunu hədəfə almadan həmin müştərilər tərəfindən edilən təkliflərə əsasən həyata keçirilən satış; 
1.1.33. potensial rəqib – rəqabəti məhdudlaşdıran sazişlər və ya digər hərəkətlər (hərəkətsizlik) olmadığı təqdirdə qısa müddət ərzində zəruri xərcləri çəkməklə müvafiq bazara daxil olmaq imkanına malik (yalnız nəzəri mümkünlük istisna olmaqla) təsərrüfat subyekti;
1.1.34. rəqabət – məhsulun mövcud və ya potensial müştəriləri və (və ya) satıcıları ilə daha əlverişli işgüzar münasibətlər yaratmaq məqsədilə müstəqil fəaliyyət göstərən təsərrüfat subyektlərinin qanuna zidd olmayan fəaliyyəti;
1.1.35. rəqabət aparmamaq öhdəliyi – alıcının satıcı tərəfindən təchiz olunan məhsul ilə rəqabətdə olan məhsulu istehsal etmək, digər təsərrüfat subyektindən almaq, satmaq və ya təkrar satmaq imkanını məhdudlaşdıran birbaşa və ya dolayı öhdəlik və ya alıcının müvafiq bazarda eyni və ya qarşılıqlı əvəz oluna bilən məhsulun 50 faizindən çoxunu (sonuncu maliyyə ilində onun satın aldığı məhsulun dəyəri və ya bu mümkün olmadıqda həcminə uyğun olaraq hesablanır) satıcıdan və ya satıcı tərəfindən müəyyən olunan digər təsərrüfat subyektindən almağa məcbur edən birbaşa və ya dolayı öhdəlik;
1.1.36. rəqabətin məhdudlaşdırılması – bazar subyektləri tərəfindən rəqabətin qarşısını alan, aradan qaldıran və ya ona məhdudiyyətlər qoymaq məqsədi daşıyan, belə nəticələrə səbəb olan, yaxud belə nəticələrə səbəb ola bilən sazişlərin bağlanması, uyğunlaşdırılmış hərəkətlərin edilməsi, qərarların qəbul edilməsi, hökmran mövqedən sui-istifadə və bu kimi digər hərəkətlərin həyata keçirilməsi;
1.1.37. rəqabət orqanı – rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən, dövlətin rəqabət siyasətinin formalaşdırılmasında iştirak edən və həmin siyasətin həyata keçirilməsini, habelə rəqabət sahəsində tənzimlənməni təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi  orqan (qurum);
1.1.38. rəqib – müvafiq bazara məhsul çıxara bilən təsərrüfat subyekti;
1.1.39. satıcı – məhsulu müştəriyə satan və ya təkrar satış üçün paylayan təsərrüfat subyekti;
1.1.40. saziş – təsərrüfat subyektləri və (və ya) digər subyektlər arasında bazardakı davranışlarla bağlı ortaq maraqların hər hansı qaydada nümayiş etdirilməsinə dair açıq və ya gizli şəkildə yazılı və ya şifahi formada (o cümlədən etibarsız olub nəticə yaradan, ləğv və ya xitam edilmiş) razılaşmalar və ya əqdlər, habelə təsərrüfat subyektlərinin birliklərinin qərarları;
1.1.41. selektiv təchizat sistemi – satıcının məhsulu yalnız müəyyən meyar əsasında seçilmiş distribüterlərə  satmaq və belə distribüterlərin məhsulu onlar üçün ayrılmış ərazi daxilində digər distribüterlərə icazəsiz satmamaq öhdəliyini müəyyən edən saziş və ya sazişlər məcmusu;
1.1.42. şaquli saziş – bir-biri ilə alqı-satqı münasibətində olan və ya ola bilən və rəqib olmayan təsərrüfat subyektlərinin və ya digər subyektlərin öz aralarında bağladıqları, yaxud təsərrüfat subyektləri ilə digər subyektlər arasında bağlanılan saziş;
1.1.43. şəbəkə effekti – informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə məhsul satışını həyata keçirən təsərrüfat subyektinin həmin şəbəkəyə qoşulan istifadəçilərin sayının çoxalması hesabına müvafiq bazara təsir imkanının artması;
1.1.44. şəxslər qrupu – Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən qarşılıqlı surətdə asılı olan hüquqi və ya fiziki şəxslər, habelə bir-birinin və ya biri digərinin qəbul etdiyi qərarlara və ya bazardakı fəaliyyətinə birbaşa və ya dolayı yolla, həlledici nəzarət edən, yaxud eyni şəxslər (hüquqi və ya fiziki) və ya onların ailə üzvləri tərəfindən idarə edilən hüquqi və ya fiziki şəxslər;
1.1.45. təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin mümkün olmadığı, habelə iqtisadi baxımdan əlverişli və ya məqsədəuyğun hesab edilmədiyi şəraitdə dövlət və ya ictimai maraqlar səbəbindən ödənilməsi zəruri olan, lakin istehlakda başqa məhsul ilə əvəz edilə bilməyən məhsula tələbatın təmin edilməsi üçün daha səmərəli olan bazarın vəziyyəti;
1.1.46. təbii inhisar subyekti – təbii inhisar şəraitində məhsul istehsalı (satışı) ilə məşğul olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil edilən təsərrüfat subyekti;
1.1.47. təmərküzləşmə – bu Məcəllənin 26-cı maddəsində qeyd olunan qaydada bir və ya bir neçə təsərrüfat subyektinin, onun müəyyən hissələrinin (fəaliyyət sahələrinin) birləşməsi, yaxud təsərrüfat subyektinin, onun müəyyən hissələrinin (fəaliyyət sahələrinin, səhmlərinin, paylarının) və hüquqlarının əldə edilməsi, yaxud birgə təsərrüfat subyektinin yaradılması;
1.1.48. tənzimləyici qurum – qanuna uyğun olaraq bazarın müvafiq sahəsində dövlət tənzimləmə funksiyalarını həyata keçirən qurum;
1.1.49. təsərrüfat subyekti – mülkiyyət növündən, təşkilati hüquqi formasından və maliyyələşmə mənbəyindən asılı olmayaraq, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və ya fiziki şəxs, xarici hüquqi və ya fiziki şəxsin daimi nümayəndəliyi, filialı və digər bölməsi, habelə şəxslər qrupu, təsərrüfat subyektlərinin birlikləri, yaxud təsərrüfat subyektinə həlledici nəzarət edən bir və ya bir neçə fiziki şəxs;
1.1.50. təsərrüfat subyektlərinin birlikləri – eyni növ fəaliyyəti həyata keçirən iki və ya daha çox təsərrüfat subyekti tərəfindən yaradılan, dövlət və ictimaiyyət qarşısında öz üzvlərini (iştirakçılarını) təmsil edən və onların qanuni maraqlarını müdafiə edən təşkilat, habelə hüquqi şəxslərin ittifaqları;
1.1.51. uyğunlaşdırılmış hərəkətlər – müvafiq bazarda aralarında saziş olmadan təsərrüfat subyektinin öz davranışını digər təsərrüfat subyektinin hərəkətlərinə (hərəkətsizliyinə) uyğunlaşdırması (əlaqələndirməsi və ya təkrarlaması), paralel hərəkətlər və ya üçüncü şəxslər tərəfindən koordinasiya olunmuş hərəkətlər; 
1.1.52. üfüqi saziş – müvafiq bazarda fəaliyyət göstərən və bir-biri ilə rəqib olan (o cümlədən potensial rəqib ola bilən) təsərrüfat subyektlərinin və ya digər subyektlərin öz aralarında bağladıqları, yaxud təsərrüfat subyektləri ilə digər subyektlər arasında bağlanılan saziş;
1.1.53. ümumi iqtisadi mənafeyə xidmət edən fəaliyyət – normal bazar şəraitində təsərrüfat subyektlərinin təklif edə bilmədiyi  məhsulun müştərilərə uyğun qiymətə və keyfiyyətdə çatdırılmasını təmin etmək məqsədilə dövlət tərəfindən təsərrüfat subyektlərinə (təbii inhisarlar və dövlət inhisarları daxil olmaqla) müstəsna hüquqların verilməsi yolu ilə onlar tərəfindən həmin məhsulun bazara təklif edilməsi;
1.1.54. yüksək inhisar qiyməti – hökmran mövqe tutmuş təsərrüfat subyektinin əsassız (artırılmış) xərclərin kompensasiyası və ya rəqabət şəraitinə nisbətən əlavə mənfəət əldə edilməsi məqsədilə satdığı məhsullara rəqabət şəraitində formalaşan qiymətlərdən yüksək müəyyənləşdirdiyi qiymət.
1.2 Bu Məcəllənin məqsədləri üçün sonuncu hesabat ili dedikdə, sonuncu maliyyə ili nəzərdə tutulur.
1.3. Bu Məcəllədə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
Maddə 2. Azərbaycan Respublikasının rəqabət qanunvericiliyi
2.1. Azərbaycan Respublikasının rəqabət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Məcəllədən və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Bu Məcəllə əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunan hüquqları məhdudlaşdırmır.
Maddə 3. Azərbaycan Respublikasının rəqabət siyasətinin prinsipləri 
3.1. Rəqabət siyasətinin prinsipləri aşağıdakılardır:
3.1.1. sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması;
3.1.2. rəqabətin təmin olunması, qorunması və inkişaf etdirilməsi;
3.1.3. iqtisadiyyatın inhisarsızlaşdırılması və rəqabətin stimullaşdırılması;
3.1.4. rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən sazişlərə, davranış və hərəkətlərə (hərəkətsizliyə), habelə təbii inhisar fəaliyyətinə dövlət tənzimlənməsinin və nəzarətinin təmin olunması;
3.1.5. qiymətlərin bazarda tələb və təklifin qarşılıqlı təsiri əsasında formalaşması;
3.1.6. sərbəst qiymətqoymada müştərilərin mənafeyinin nəzərə alınması və sərbəst seçim hüququnun təmin olunması;
3.1.7. müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması;
3.1.8. rəqabəti məhdudlaşdıran sazişlərin, təmərküzləşmələrin və hökmran mövqedən və təbii inhisar mövqeyindən sui-istifadənin yolverilməzliyi;
3.1.9. bütün bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edilməsi.
Maddə 4. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tətbiq dairəsi
4.1. Bu Məcəllə Azərbaycan Respublikasında iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinin öz aralarında, onlarla dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar və digər subyektlər, habelə müştərilər arasında yaranan və rəqabətə təsir edən münasibətləri tənzimləyir.
4.2. Bu Məcəllə ümumi iqtisadi mənafeyə xidmət edən fəaliyyətə, habelə belə fəaliyyətlə məşğul olan bazar subyektlərinin digər iqtisadi fəaliyyətinə də şamil edilir. 
4.3. Bu Məcəllə Azərbaycan Respublikasının təsərrüfat subyektləri ilə xarici ölkələrin hüquqi və fiziki şəxsləri arasında bağlanılan sazişlərin, təmərküzləşmələrin və (və ya) həmin subyektlərin xaricdəki fəaliyyətinin daxili bazarda rəqabəti məhdudlaşdırdığı (və ya məhdudlaşdıra biləcəyi) hallara da şamil edilir.
4.4. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən fəaliyyət sahələrinə və məhsullara bu Məcəllənin tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda tətbiq edilmir və ya məhdud tətbiq edilir.
4.5. Ələt azad iqtisadi zonasında rəqabətlə bağlı məsələlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 5. Rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması
5.1. Bu Məcəllədə rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması dedikdə aşağıdakılar nəzərdə tutulur:
5.1.1. ardıcıl 12 (on iki) ay ərzində istənilən dövr aralığında müvafiq bazarın şəxslər qrupuna daxil olmayan subyektlərinin sayının 10 faiz və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;
5.1.2. ardıcıl 12 (on iki) ay ərzində istənilən dövr aralığında hökmran mövqedə olmayan təsərrüfat subyektlərinin birgə bazar payının 50 faiz və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;
5.1.3. digər təsərrüfat subyektlərinin müvafiq bazara daxil olmasının qarşısının alınması;
5.1.4. müvafiq bazarda təsərrüfat subyektlərinin bazar paylarının 90 faizinin 6 (altı)  aydan çox olan müddətdə dəyişməz qalmasına gətirib çıxaran hərəkətlərə yol verilməsi. 
 
2-ci fəsil
Rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları
 
Maddə 6. Rəqabət sahəsində bazar subyektlərinin vəzifələri
6.1. Rəqabət sahəsində bazar subyektlərinin vəzifələri aşağıdakılardır:
6.1.1. rəqabət qanunvericiliyinin tələblərinə riayət etmək; 
6.1.2. rəqabət orqanının vəzifəli şəxslərinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinin bu Məcəlləyə uyğun olaraq icrası üçün lazımi şərait yaratmaq, onların rəqabət qanunvericiliyinə uyğun olaraq verdikləri göstərişləri və qanuni tələblərini icra etmək;
6.1.3. yoxlama zamanı yoxlamaya aid sənədləri (məlumatları) yoxlayıcıya təqdim etmək və yaranan suallara şifahi və (və ya) yazılı izahatlar vermək, habelə sənədlərin (məlumatların) təhrif olunmasına yolverməmək;
6.1.4. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada zəruri məlumatları (qanunda nəzərdə tutulduğu hallarda kommersiya, vergi, gömrük və bank sirri, habelə statistik sirr sayılan məlumatlar daxil olmaqla) və sənədləri (onların təsdiq olunmuş surətlərini) rəqabət orqanına təqdim etmək;
6.1.5. bu Məcəllə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.
Maddə 7. Rəqabət sahəsində bazar subyektlərinin hüquqları
7.1. Rəqabət sahəsində bazar subyektlərinin hüquqları aşağıdakılardır:
7.1.1. rəqabət qanunvericiliyi haqqında, habelə bazar subyektlərinin, rəqabət orqanının və onun vəzifəli şəxslərinin rəqabət sahəsinə aid hüquqları və vəzifələri barədə rəqabət orqanından əvəzsiz olaraq yazılı məlumat (izahat) almaq;
7.1.2. rəqabət qanunvericiliyində nəzərdə tutulmuş tənzimləmə tədbirlərinin tətbiqi ilə əlaqədar təkzibedici sübutları və materialları rəqabət orqanına təqdim etmək;
7.1.3. əlavə sübut və izahatların təqdim edilməsi üçün müəyyən olunmuş müddətin uzadılması barədə rəqabət orqanına müraciət etmək;
7.1.4. barəsində aparılan araşdırmaların və yoxlamaların materialları ilə tanış olmaq, qəbul edilmiş qərarlara münasibətdə rəyini bildirmək;
7.1.5. barəsində aparılan araşdırmalara və yoxlamaların nəticələrinə dair sənədlərin və qəbul edilmiş qərarların surətini almaq;
7.1.6. rəqabət orqanının inzibati aktlarından, onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət etmək;
7.1.7. rəqabət orqanının inzibati aktları, onun vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin ödənilməsini mülki qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmək;
7.1.8. rəqabət orqanının vəzifəli şəxslərindən bazar subyektinin təqdim etdiyi məlumatların və sənədlərin (kommersiya, vergi, gömrük və bank sirri, habelə statistik sirr sayılan məlumatlar daxil olmaqla) qanunla müəyyən edilmiş qaydada qorunmasını tələb etmək;
7.1.9. rəqabət qanunvericiliyinə riayət olunması və pozulmasının qarşısını almaq məqsədilə özünün rəqabət qanunvericiliyi tələblərinə uyğunluğunun daxili təminatı sistemini təşkil etmək;
7.1.10. rəqabət qanunvericiliyin pozulması nəticəsində qanunsuz gəlir əldə etmiş bazar subyektindən həmin pozuntu halı üzrə zərərinin əvəzinin ödənilməsini mülki qanunvericiliklə müəyyən edilmiş qaydada tələb etmək;
7.1.11. bu Məcəllə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.
 
3-cü fəsil
Rəqabət orqanı
 
Maddə 8. Rəqabət orqanı 
8.1. Rəqabət orqanının bu Məcəlləyə uyğun olaraq qəbul etdiyi qərarları onların aid olduğu bütün bazar subyektləri üçün məcburidir.
8.2. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət orqanı tərəfindən rəqabət komissiyası yaradılır. Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
Maddə 9. Rəqabət orqanının işçilərinin sosial təminatı, maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar
9.1. Xidməti fəaliyyətlə əlaqədar rəqabət orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər, onun müraciəti əsasında, məhkəmə qaydasında təqsirkar şəxsdən tutulmaqla, tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
9.2. Bu Məcəllənin tələblərinin pozulmasına görə bu Məcəllə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq olunan sanksiya və cərimələrdən toplanan vəsaitin 50 faizi (bu Məcəllənin 81.2-ci maddəsinə əsasən qanunsuz gəlirə mütənasib artırılan hissə və əlavə maliyyə sanksiyası istisna edilməklə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial təminatının gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.
9.3. Bu Məcəllənin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 
Maddə 10. Maraqlar toqquşması
10.1 Rəqabət orqanının vəzifəli şəxsi bu Məcəllənin tələbləri nəzərə alınmaqla vəzifələrini həyata keçirərkən “Dövlət qulluçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun maraqların toqquşması ilə bağlı müddəalarına riayət etməlidir.
10.2. Rəqabət orqanının vəzifəli şəxsi aşağıdakı hallarda xidməti vəzifələrini təsərrüfat subyektinə münasibətdə həyata keçirə bilməz:
10.2.1. rəqabət orqanının vəzifəli şəxsi ilə müvafiq təsərrüfat subyekti (hüquqi şəxs olduqda təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya idarəetmə orqanlarının üzvləri) arasında ailə üzvləri münasibətləri olduqda;
10.2.2. rəqabət orqanının vəzifəli şəxsinin və (və ya) onun ailə üzvlərinin bilavasitə və ya dolayı yolla müvafiq təsərrüfat subyektində (onun fəaliyyətində) maliyyə marağı olduqda.
 
4-cü fəsil
Rəqabəti məhdudlaşdıran sazişlər
 
Maddə 11. Rəqabəti məhdudlaşdıran üfüqi sazişlər
11.1. Bu Məcəllənin 13-cü maddəsi nəzərə alınmaqla, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi sazişlər və uyğunlaşdırılmış hərəkətlər, o cümlədən aşağıdakı hədəflərdən birinə və ya bir neçəsinə çatmaq məqsədilə bağlanılan kartel sövdələşmələri və uyğunlaşdırılmış hərəkətlər qadağan edilir və bağlanıldığı andan əhəmiyyətsizdir:
11.1.1. alış və ya satış qiymətlərinin, yaxud hər hansı digər ticarət şərtlərinin birbaşa və ya dolayı yolla razılaşdırılması və (və ya) bununla əlaqədar məlumat mübadiləsinin aparılması;
11.1.2. istehsalın, bazarın, texniki inkişafın, investisiyaların məhdudlaşdırılması və ya onlara nəzarət edilməsi;
11.1.3. bazarların, o cümlədən müştərilərin, satıcıların, ərazilərin, xammal mənbələrinin, yaxud məhsulun konkret növlərinin istehsalının (satışının) öz aralarında bölüşdürülməsi;
11.1.4. müvafiq bazarda tələb və təklifin həcminin əvvəlcədən müəyyənləşdirilməsi və (və ya) ona nəzarət edilməsi;
11.1.5. dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə iştirak edən və ya iştirak edəcək təsərrüfat subyektlərinin və (və ya) təklif olunacaq satış (alış) qiymətlərinin onlar arasında əvvəlcədən razılaşdırılması, yaxud bu prosesə digər formada qanunsuz təsir göstərilməsi;
11.1.6. digər təsərrüfat subyektləri ilə aparılan eyni və ya oxşar əməliyyatlara fərqli şərtlərin tətbiqi və bununla da onların rəqabətdə əlverişsiz vəziyyətə salınması;
11.1.7. saziş iştirakçısı olmayan rəqiblərlə müqavilələrə mahiyyətinə və işgüzar adətlərə əsasən, həmin müqavilələrin predmeti ilə əlaqəsi olmayan və (və ya) onun üçün əlverişsiz olan şərtin (öhdəliyin) daxil edilməsi;
11.1.8. digər təsərrüfat subyektlərinin saziş iştirakçısı olmayan bir sıra təsərrüfat subyektləri ilə kommersiya münasibətləri qurmamağa və ya müqavilə bağlamamağa sövq edilməsi; 
11.1.9. saziş iştirakçısı olmayan rəqib təsərrüfat subyektlərinin müvafiq bazara girişinin məhdudlaşdırılması və ya həmin bazardan sıxışdırılıb çıxarılması;
11.1.10. rəqabət üçün vacib əhəmiyyəti olan müqavilələrə və ya təsərrüfat subyektlərinin birliklərinə qoşulmaqdan kollektiv imtina edilməsi.
11.2. Rəqabəti məhdudlaşdıran üfüqi sazişlərin, o cümlədən kartel sövdələşmələrinin və uyğunlaşdırılmış hərəkətlərin müəyyən edilməsi və sübutların əldə edilməsi üçün aşağıdakılar araşdırılır:
11.2.1. müvafiq bazarda sabit iqtisadi amillər (pandemiyanın, iqtisadi böhranın və ya iqtisadiyyatın inkişafına təsir edən digər hadisələrin baş vermədiyi) şəraitində hər hansı şəxslər qrupuna daxil olmayan təsərrüfat subyektlərinin sayının 20 faiz və daha çox azalması və (və ya) bazardan çəkilməsi;
11.2.2. müvafiq bazarda dəyişməz iqtisadi amillər (vergi, kredit və sığorta siyasətinin, minimum əməkhaqqı məbləğinin dəyişmədiyi) şəraitində məhsul dövriyyəsinin 20 faiz və daha çox dəyişməsi;
11.2.3. müvafiq bazarda qiyməti formalaşdıran ümumi şərtlər (dövlət tənzimləməsi, o cümlədən gömrük rüsumları, vergitutma və tariflər) dəyişmədiyi halda, qiymətlərin 30 (otuz) gün ərzində 10 faizdən çox dəyişdirilməsi;
11.2.4. müvafiq bazarda 30 faiz və daha çox birgə paya malik olan saziş iştirakçılarının hamısı tərəfindən qiymətlərin 30 (otuz) gün ərzində 10 faizdən çox dəyişdirilməsi və ya satış həcminin əsassız olaraq məhdudlaşdırılması (mal qıtlığının yaradılması);
11.2.5. təsərrüfat subyektlərinin eyni vaxtda bir ərazidə yerləşən bazarda cəmləşməsi və ya digər ərazidə yerləşən bazarlardan çəkilməsi;
11.2.6. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar tərəfindən dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi ilə bağlı saziş iştirakçısı olmayan təsərrüfat subyektlərinə normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması;
11.2.7. müvafiq bazarda təsərrüfat subyektlərinin bazar paylarının 90 faizinin 6 (altı) aydan çox olan müddətdə dəyişməz qalması;
11.2.8. müvafiq bazarda təsərrüfat subyektlərinin bazar paylarının dəyişməz iqtisadi amillər (vergi, kredit və sığorta siyasətinin, minimum əməkhaqqı məbləğinin dəyişmədiyi) şəraitində 20 faiz və daha çox dəyişməsi.
11.3. Bu Məcəllənin 11-ci maddəsinin müddəaları müvafiq bazarda rəqib olan təsərrüfat subyektləri arasında bağlanan şaquli sazişlərə də şamil edilir. 
11.4. Təsərrüfat subyektlərinin hərəkətləri uyğunlaşdırılmış hərəkət hesab olunması üçün aşağıdakı şərtlərə birlikdə cavab verməlidir:
11.4.1. rəqib təsərrüfat subyektinin hərəkətləri əvvəlcədən təsərrüfat subyektinə məlum olmalıdır;
11.4.2. təsərrüfat subyektlərinin hərəkətləri müvafiq bazarın tələbi əsasında və təbii şəraitdə formalaşan, habelə bütün təsərrüfat subyektlərinə eyni dərəcədə təsir edən amillərdən asılı olmamalıdır. 
11.5. Sazişin məqsədi bu Məcəllənin 11.1-ci və 12.1-ci maddələrində nəzərdə tutulan hallarda, rəqabət orqanı müvafiq sazişin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya olma ehtimalı ilə bağlı araşdırma aparır. Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
11.6. Təsərrüfat subyekti rəqabəti məhdudlaşdırma məqsədli müzakirələrin aparıldığı iclasda iştirak etdikdə və ya ona rəqabəti məhdudlaşdırıcı xarakterli istənilən formada məlumat verildikdə, həmin subyekt bazarda olan davranışını həmin müzakirələr və ya məlumat əsasında aparmadıqda belə özünü müzakirələrdən və ya məlumatdan uzaqlaşdırmadıqda, həmin sazişin iştirakçısı hesab olunur. Özünü müzakirələrdən və ya məlumatdan uzaqlaşdırmaq üçün təsərrüfat subyekti müzakirənin bütün iştirakçılarına açıq və ətraflı şəkildə bazardakı davranışını müzakirələr və ya məlumat əsasında tənzimləməyəcəyini bildirməli və ya rəqabət orqanına bu barədə məlumat verməlidir.
11.7. Bu Məcəllənin 11-ci maddəsinin müddəaları müvafiq bazarda fəaliyyət göstərməyən, lakin bu maddə ilə qadağan edilmiş və bu Məcəllənin 13-cü və 14-cü maddələrinin tələblərinə cavab verməyən sazişin tərəflərinin ümumi məqsədlərinə çatmasında iştirak edən və həmin məqsədlərə nail olunması üçün faktiki hərəkətlərin edildiyini bilən və ya bilməli olan digər təsərrüfat subyektlərinə də tətbiq olunur.
11.8. Bu Məcəllənin 11.1.5-ci maddəsi istina olmaqla, bu Məcəllənin 11-ci maddəsinin müddəaları eyni şəxslər qrupuna daxil olan şəxslər arasındakı münasibətlərə tətbiq edilmir.
Maddə 12. Rəqabəti məhdudlaşdıran şaquli sazişlər
12.1. Bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan istisnalar və bu Məcəllənin 13-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı şərtlərdən bir və ya daha çoxunu nəzərdə tutan rəqabəti məhdudlaşdıran (məhdudlaşdıra bilən) şaquli sazişlər qadağan edilir və bağlanıldığı andan əhəmiyyətsizdir:
12.1.1. satıcı tərəfindən alıcının təkrar satış qiymətini müəyyən etmək imkanının məhdudlaşdırılması, o cümlədən təkrar satış qiymətinin məbləğini və ya minimum həddini müəyyən etməklə məhsulu həmin qiymətdən aşağı qiymətə satmamağa aşağıdakılar istisna olmaqla sövq edilməsi: 
12.1.1.1. alıcıya təkrar satış qiymətinin minimum həddinin yalnız tövsiyə edilməsi (bu halda tövsiyənin məcburi xarakter daşımaması yazılı şəkildə satıcı tərəfindən bəyan edilməlidir və məhsulun üzərində (etiketində) qiymət yazıldıqda həmin qiymətin “tövsiyə olunan qiymət” olduğu qeyd olunmalıdır);
12.1.1.2. satıcı tərəfindən məhsulun maksimum satış qiymətinin müəyyənləşdirilməsi;
12.1.2. eksklüziv təchizat sistemi üzrə satıcı tərəfindən aşağıdakılar istisna olmaqla alıcının məhsulu aktiv və ya passiv qaydada sata biləcəyi ərazinin və ya müştərilərin məhdudlaşdırılması:
12.1.2.1. satıcı tərəfindən onun özünə və ya digər alıcıya eksklüziv olaraq ayrılan ərazi və ya müştəri qrupuna alıcı tərəfindən aktiv satışın məhdudlaşdırılması;
12.1.2.2. topdansatış səviyyəsində fəaliyyət göstərən alıcının son istehlakçılara aktiv və ya passiv satışının məhdudlaşdırılması;
12.1.2.3. birləşdirilmə məqsədləri üçün təchiz edilən tərkib hissələrinin, onlardan istifadə edərək satıcı ilə eyni növ məhsulu istehsal edəcək təsərrüfat subyektlərinə aktiv və ya passiv satışı üzrə alıcıya məhdudiyyət qoyulması;
12.1.3. selektiv təchizat sistemi daxilində eyni və ya fərqli ticarət səviyyələrində fəaliyyət göstərən alıcılar arasında qarşılıqlı təchizata məhdudiyyətlərin qoyulması;
12.1.4. selektiv təchizat sistemi daxilində aşağıdakılar istisna olmaqla satıcı tərəfindən sistem iştirakçısı olan alıcıların məhsulları satacağı ərazi və ya müştəri qruplarının məhdudlaşdırılması:
12.1.4.1. satıcı tərəfindən onun özünə və ya digər alıcıya eksklüziv olaraq ayrılan ərazi və ya müştəri qrupuna selektiv təchizat sisteminin iştirakçısı olan alıcılar tərəfindən aktiv satışın məhdudlaşdırılması;
12.1.4.2. selektiv təchizat sisteminin iştirakçısı olan alıcılar tərəfindən həmin sistemin mövcud olduğu ərazidə selektiv təchizat sisteminin iştirakçısı olmayan alıcıya satışın məhdudlaşdırılması;
12.1.4.3. topdansatış səviyyəsində fəaliyyət göstərən selektiv alıcının müştərilərə aktiv və ya passiv satışının məhdudlaşdırılması;
12.1.4.4. birləşdirilmə məqsədləri üçün təchiz edilən tərkib hissələrinin, onlardan istifadə edərək satıcı ilə eyni növ əmtəəni istehsal edəcək təsərrüfat subyektlərinə aktiv və ya passiv satışı üzrə alıcıya məhdudiyyət qoyulması.
12.2. Şaquli sazişlərdə aşağıdakı şərtlərin nəzərdə tutulması qadağan olunur:
12.2.1. 3  (üç) ildən artıq müddət üçün nəzərdə tutulan birbaşa və ya dolayı rəqabət aparmama öhdəliyinə dair şərt (əgər alıcı satışı satıcının mülkiyyətində olan torpaq sahəsi və ya digər daşınmaz əmlakda həyata keçirirsə və rəqabət aparmama öhdəliyi alıcının həmin torpaq sahəsi və ya digər daşınmaz əmlakı istifadə etmə müddətindən çox deyilsə, bu maddə tətbiq olunmur);
12.2.2. selektiv təchizat sistemi iştirakçılarının satıcıya rəqib olan konkret təsərrüfat subyektinin məhsullarını satmamaq öhdəliyini müəyyən edən şərt;
12.2.3. saziş müddəti bitdikdən sonra alıcının müəyyən məhsulu istehsal etmək, almaq, satmaq və ya təkrar satmaq imkanını birbaşa və ya dolayı yolla məhdudlaşdıran şərt.
12.3. Bu Məcəllənin 12.2.3-cü maddəsi aşağıdakı şərtlərin hamısı olduqda tətbiq olunmur:
12.3.1. öhdəlik həmin məhsul ilə rəqabətdə olan mal və ya xidmətə (işə) aiddirsə;
12.3.2. öhdəlik satıcı tərəfindən alıcıya ötürülən nou-haunun qorunması üçün zəruridirsə;
12.3.3. öhdəlik satıcı tərəfindən təmin olunan torpaq sahəsi və ya digər daşınmaz əmlakdan həyata keçirilən satış üzrə müəyyənləşdirilirsə;
12.3.4. öhdəliyin müddəti sazişin xitamından sonra 1  (bir) ili keçmirsə. 
12.4. İctimaiyyətə açıqlanmayan nou-haunun açıqlanması və istifadəsi üzrə qeyri-müəyyən müddət üçün nəzərdə tutulan məhdudiyyət tətbiq oluna bilər və bu Məcəllənin 12.2.3-cü maddəsi belə məhdudiyyətin tətbiqi imkanına xələl gətirmir.
12.5. Bu Məcəllənin 12-ci maddəsinin müddəaları müvafiq bazarda fəaliyyət göstərməyən, lakin bu maddə ilə qadağan edilmiş və bu Məcəllənin 13-cü və 14-cü maddələrinin tələblərinə cavab verməyən sazişin tərəflərinin ümumi məqsədlərinə çatmasında iştirak edən və həmin məqsədlərə nail olunması üçün faktiki hərəkətlərin edildiyini bilən və ya bilməli olan digər təsərrüfat subyektlərinə də tətbiq olunur.
12.6. Bu Məcəllənin 12-ci maddəsinin müddəaları eyni şəxslər qrupuna daxil olan şəxslər arasındakı münasibətlərə tətbiq edilmir.
Maddə 13. İstisna edilmiş sazişlər
13.1. Texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli olan sazişlər bu Məcəllənin 13.2-ci maddəsi ilə müəyyənləşdirilən meyarlara cavab verdikdə, habelə istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər və uyğunlaşdırılmış hərəkətlər aşağıdakı şərtlərin hamısına birlikdə cavab verdikdə, həmin şərtlərin mövcud olduğu müddətdə rəqabət orqanı tərəfindən qadağadan azad edilir:
13.1.1. belə sazişlər məhsulun istehsalının və ya satışının yaxşılaşdırılmasına, yaxud texniki və ya iqtisadi tərəqqinin təşviqinə xidmət etdikdə və istehlakçıların ədalətli şəkildə əlavə fayda əldə etməsinə imkan yaratdıqda;
13.1.2. belə sazişlər bu Məcəllənin 13.1.1-ci maddəsində qeyd olunanlara nail olmaq məqsədilə qeyri-mütənasib əlavə məhdudiyyətlər müəyyən etmədikdə;
13.1.3. belə sazişlər təsərrüfat subyektlərinə müəyyən məhsulun əhəmiyyətli hissəsinə münasibətdə rəqabətin məhdudlaşdırılması imkanını vermədikdə.
13.2. Sazişlərin hansı hallarda bu Məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə dair meyarlar, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.3. Mikro və kiçik sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edən, habelə mikro və kiçik sahibkarlıq subyektləri arasında məhsulun alınmasına dair bağlanılan sazişlər və uyğunlaşdırılmış hərəkətlər rəqabəti əhəmiyyətli dərəcədə məhdudlaşdırmadıqda qadağan edilmir.
13.4. Bu Məcəllə ilə qadağan edilən və bu Məcəllənin 12-ci və 13-cü maddələrinə uyğun olaraq istisna olunmaq üçün şərtlərə cavab verməyən sazişlər və uyğunlaşdırılmış hərəkətlər əhəmiyyətsiz hesab edilir və rəqabət orqanı həmin saziş və uyğunlaşdırılmış hərəkətin pozuntunu törədən təsərrüfat subyektləri tərəfindən ləğv olunmasına dair icrası məcburi göstəriş verir.
13.5. Təsərrüfat subyektləri öz sazişlərinin bu Məcəllənin 11.8-ci, 12-ci, 13.1-ci, 13.3-cü və 14.1-ci maddələrinin tələblərinə əsasən istisna edilməsi və ya az əhəmiyyətli olmasının təsdiqlənməsi məqsədilə rəqabət orqanına müraciət etmək hüququna malikdirlər. Belə təsdiqlənmə yalnız müəyyən müddət üçün, yəni təsdiqlənməyə imkan verən şərtlərin ödənildiyi müddətdə qüvvədə ola bilər. 
13.6. Bu Məcəllənin 13.5-ci maddəsi əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi üzrə qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Maddə 14. Az əhəmiyyətli sazişlər
14.1. Birbaşa məqsədi rəqabəti məhdudlaşdırmaq olan, bu Məcəllənin 11-ci və 12-ci maddələrində qeyd olunan sazişlər istisna olmaqla, aşağıdakı tələblərə cavab verən sazişlər (habelə uyğunlaşdırılmış hərəkətlər) rəqabət üçün az əhəmiyyətli hesab olunur və qadağan olunmur:
14.1.1. üfüqi saziş iştirakçılarının sazişin təsir etdiyi hər hansı müvafiq bazar üzrə birgə bazar payı 10 faizdən artıq olmadıqda;
14.1.2. şaquli saziş iştirakçılarının sazişin təsir etdiyi hər hansı müvafiq bazar üzrə hər birinin bazar payı 15 faizdən artıq olmadıqda.
14.2. Sazişin şaquli və ya üfüqi saziş olmasını müəyyənləşdirmək mümkün olmadıqda, həmin sazişin az əhəmiyyətli olub-olmaması bu Məcəllənin 14.1.1-ci maddəsinə əsasən müəyyən edilir.
 
5-ci fəsil
Bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü
 
Maddə 15. Bazarda hökmran mövqe
15.1. Bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab edilir.
15.2. Müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 faizdən çox bazar payına malik olan 2 (iki) və daha çox təsərrüfat subyekti (ən çox paya malik olanlar əsas götürülməklə) aşağıdakı hallarda birgə hökmran mövqe tutmuş hesab edilirlər: 
15.2.1. iki və ya üç təsərrüfat subyektinin birgə bazar payı 50 faizdən çox olduqda;
15.2.2. dörd və ya beş təsərrüfat subyektinin birgə bazar payı 70 faizdən çox olduqda.
15.3. Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları) rəqabət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
15.4. Müvafiq bazarda 50 faizdən az, lakin 35 faizdən çox bazar payına malik olan təsərrüfat subyekti müvafiq bazara təsir imkanına malik olduqda hökmran mövqe tutmuş hesab edilir. Təsərrüfat subyektlərinin müvafiq bazara təsir imkanlarını müəyyən etmək üçün aşağıdakılar araşdırılır:
15.4.1. hökmran mövqe tutmuş təsərrüfat subyektinin və onun rəqiblərinin bazar payı;
15.4.2. hökmran mövqe tutmuş təsərrüfat subyektinin maliyyə imkanları;
15.4.3. hökmran mövqe tutmuş təsərrüfat subyektinin digər təsərrüfat subyektləri ilə əlaqələrinin vəziyyəti;
15.4.4. məhsulu hökmran mövqe tutmuş təsərrüfat subyektindən başqa, digər təsərrüfat subyektinə satmaq və ya digər təsərrüfat subyektindən almaq imkanları;
15.4.5. müvafiq bazarda rəqabətin faktiki vəziyyəti və dəyişməsi imkanları;
15.4.6. potensial rəqiblərin bazara daxil olmasının və mövcud rəqiblərin bazar payını artırmasının, yaxud bununla bağlı maneələrin yaradılmasının real imkanları;
15.4.7. alıcılıq qabiliyyətinin dəyişib-dəyişməməsi halları, habelə alıcının satıcıları çevik seçmə imkanı və alıcının təsiredici gücü (alıcının satıcının hökmran mövqe tutan təsərrüfat subyektinə çevrilməsinə təsir imkanı);
15.4.8. digər təsərrüfat subyektlərinin təchizat və ya satış bazarlarına çıxış imkanları;
15.4.9. təsərrüfat subyektinin şəbəkə effektinə malik olması.
15.5. Şəbəkə effektinə malik olan təsərrüfat subyektlərinin müvafiq bazara təsir imkanlarını müəyyən etmək üçün bu Məcəllənin 15.4-cü maddəsində göstərilənlərlə yanaşı aşağıdakılar da araşdırılır:
15.5.1. şəbəkə effektinə malik olan bir təsərrüfat subyektinin xidmətlərindən digərinin xidmətinə keçidlə bağlı müştərilərin əlavə xərcləri;
15.5.2. təsərrüfat subyektinin bazara təsir imkanının miqyası;
15.5.3. təsərrüfat subyektinin şəbəkə istifadəçilərinin müvafiq (fərdi, təsərrüfat, ticarət) məlumatlarına çıxışı;
15.5.4. təsərrüfat subyektinin innovasiyalar əsasında rəqabətə təsir göstərmək imkanı.
15.6. Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 16. Hökmran mövqedən sui-istifadə
16.1. Təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları qadağan edilir.
16.2.  Hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları aşağıdakılardır, lakin bunlarla məhdudlaşdırılmır:
16.2.1. aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi; 
16.2.2. müştərilərin mənafeyinə zidd olaraq istehsalın, satışın və ya texniki inkişafın (o cümlədən yeni texnologiyanın tətbiqinin) məhdudlaşdırılması;
16.2.3. müqavilənin bağlanılmasının onun predmeti ilə birbaşa əlaqəsi olmayan, yəni mahiyyətindən və kommersiya istifadəsindən asılı olmayan əlavə öhdəliklərin daxil edilməsi ilə şərtləndirilməsi, o cümlədən bir məhsulun satışı üçün digər məhsulun əldə edilməsinin məcburi şərt kimi müəyyən edilməsi və (və ya) məhsulun məcburi əlavə çeşidlə satışı;
16.2.4. iqtisadi və ya texnoloji əsaslar olmadan uyğun ödəniş müqabilində məhsulun təqdim edilməsindən, əqli mülkiyyət hüquqlarından istifadədən, yaxud şəbəkədən (ümumi istifadə üçün yaradılmış hər hansı bir sistemdən) birgə istifadə mümkün olduqda ona çıxış imkanının yaradılmasından imtina edilməsi;
16.2.5. hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən digər təsərrüfat subyektlərinin ona üstünlük verməyə məcbur edilməsi və ya hər hansı məhsulu onun rəqiblərindən deyil, yalnız ondan almağa sövq edilməsi;
16.2.6. iqtisadi və ya texnoloji əsaslar olmadan satıcı və ya müştəri ilə bağlanılmış müqavilələrə xitam verilməsi, yaxud məhsulun təqdim edilməsi mümkün olduğu təqdirdə və qanundan irəli gələn hallar istisna olmaqla müqavilənin bağlanılmasından imtina edilməsi;
16.2.7. müvafiq bazarda rəqabətin məhdudlaşdırılması ilə nəticələnən aşağı qiymətlərin, yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət göstərməyə imkan verməyən qiymətlərin tətbiq edilməsi (bu maddə hasilat və ya topdansatış bazarında hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən yuxarı qiymətlər tətbiq edilməklə həmin məhsulu ondan alan və emal və ya pərakəndə bazarında onunla rəqabət aparan təsərrüfat subyektlərinin fəaliyyətini məhdudlaşdıran davranışa da tətbiq edilir);  
16.2.8. fiziki və mənəvi köhnəlmiş mallar, istifadədən çıxarılmış əsas və dövriyyə vəsaitləri istisna olmaqla, iqtisadi və ya texnoloji əsaslar olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılması;
16.2.9. iqtisadi cəhətdən mümkün və əlverişli olmasına baxmayaraq, rəqibin mühüm əhəmiyyətli resursdan istifadə etmək imkanından məhrum edilməsi;
16.2.10. tələbat olan və bazarda qıtlığı müşahidə edilən xammalın, materialın və ya yarımfabrikatların hökmran mövqe tutan təsərrüfat subyekti tərəfindən onun istehsal və ya istehlak tələblərindən artıq həcmdə, yəni bazara təsir edən həcmdə alınması;
16.2.11. hökmran mövqedə olan təsərrüfat subyektinə rəqib olmayan, lakin bir-biri ilə rəqib olan təsərrüfat subyektləri ilə bağlanılan eyni növ müqavilələrə obyektiv əsaslar olmadan fərqli şərtlərin (ayrı-seçkilik hallarının) tətbiqi ilə onların rəqabətdə əlverişsiz vəziyyətə salınması;
16.2.12. bu Məcəllənin 16.2.11-ci maddəsində nəzərdə tutulmuş hallarda eyni məhsulun alıcılarına münasibətdə aşağıdakılardan birinə gətirib çıxaran qiymət ayrı-seçkiliyinə yol verilməsi:
16.2.12.1. rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına;
16.2.12.2. eyni növ və eyni keyfiyyətli məhsul oxşar məzmunlu müqavilələr vasitəsilə müxtəlif alıcılara satıldıqda, qiymət və (və ya) satış ilə bağlı şərtlərin (hər hansı güzəşt, kompensasiya, kredit və ya ödəniş şərtlərinin) həmin alıcılar arasında ayrı-seçkilik yaratmasına.
16.3. Bu Məcəllənin 16.2.12-ci maddəsində qeyd olunan qiymət ayrı-seçkiliyi aşağıdakı hallarda hökmran mövqedən sui-istifadə hesab edilmir:
16.3.1. istehsal, satış, təchizat, marketinq və çatdırılmanın qiymətində güzəştlərin tətbiqi nəticəsində yaranan qiymət fərqinin məhsulun həcmi, çatdırılma üsulu və yerinin müxtəlifliyi ilə əsaslandırılması;
16.3.2. rəqibin təklif etdiyi qiymətlə və ya güzəştlə əlaqədar yaranan fərqi ödəmək üçün tədbirlər görülməsi;
16.3.3. tez xarab olan malların istehlak müddəti bitənədək satılması (təqdim edilməsi) məqsədilə tədbirlər görülməsi;
16.3.4. fiziki və ya mənəvi köhnələn malların tələbatdan çıxmadan satılması (təqdim edilməsi) məqsədilə tədbirlər görülməsi;
16.3.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müsadirə, hərrac, ləğv olunma, müflis elan edilmə və digər hallarla bağlı satışın həyata keçirilməsi;
16.3.6. müştərilərə ödəniş tarixçəsi və müqavilə xərclərindən asılı olaraq fərqli qiymətə satışın həyata keçirilməsi.
16.4. Hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektinə öz hərəkətlərinin obyektiv zəruriliyini (təhlükəsizlik, istehlakçıların sağlamlığının qorunması, ictimai asayiş və digər) və ya səmərəliliyini sübut etmək imkanı yaradılır. Rəqabət orqanı həmin təsərrüfat subyektinin əsaslandırmasını bu Məcəllənin 16.5-ci maddəsinə uyğun olaraq qənaətbəxş hesab etdikdə bu Məcəllənin 16.1-ci maddəsi ona tətbiq edilmir. 
16.5. Bu Məcəllənin 16.4-cü maddəsində nəzərdə tutulmuş obyektiv zərurilik araşdırılarkən sui-istifadənin bu Məcəllənin 16.6.2-ci maddəsində nəzərdə tutulan məqsədə uyğunluğu rəqabət orqanı tərəfindən nəzərə alınır. 
16.6. Bu Məcəllənin 16.4-cü maddəsində nəzərdə tutulmuş səmərəlilik əsasları aşağıdakı şərtlərə cavab verməlidir:
16.6.1. davranışın rəqabətdə texniki inkişaf, iqtisadi səmərəlilik, istehsal və təchizat xərclərində azalma (itkiyə yol verərək və ya mənfəət əldə etmədən təsərrüfat subyektinin qiymət manipulyasiyası istisna edilir) və ya digər rəqabətdəstəkləyici nəticələr yaratması;
16.6.2. davranışın bu nəticələrə nail olunmasında yeganə seçim olması və ya rəqabəti daha az məhdudlaşdıran alternativin olmaması;
16.6.3. rəqabəti dəstəkləyən nəticələrin rəqabətin məhdudlaşdırılmasının mənfi nəticələrindən üstün olması.
16.7. Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
16.8. Bu Məcəllənin 16.2.7-ci maddəsində nəzərdə tutulmuş hallarda rəqabət orqanı eyni bazarda fəaliyyət göstərən rəqiblərin müqayisə oluna bilən xərclərini və satış qiymətlərini, yaxud digər müqayisə oluna bilən məlumatlarını əsas götürməklə, hökmran mövqedə olan təsərrüfat subyektinin ümumi xərclərini qarşılaya bilmədiyini, itkiyə yol verdiyini və ya öz mənfəətindən müəyyən müddət üçün imtina etdiyini, rəqiblərin isə öz müştərilərinə itkilərə yol vermədən xidmət göstərə bilmədiyini müəyyən edərsə, bu hökmran mövqedən sui-istifadə halının sübutu kimi qəbul edilir.
16.9. Bu Məcəllənin 16.2.6-cı maddəsində qeyd olunan hallar faktiki imtina ilə yanaşı, həmçinin dolayı imtina hallarına (məsələn müqavilə qiymətinin ağlabatan olmayan dərəcədə artırılması, məhsulun verilməsinin əsassız olaraq gecikdirilməsi və digər) da tətbiq olunur. 
Maddə 17. Aşağı və yüksək inhisar qiymətləri
17.1. Qiymətin aşağı və ya yüksək inhisar qiyməti hesab edilməsinin meyarları aşağıdakılardır:
17.1.1. məhsulun qiymətinin hökmran mövqe tutmayan və həmin məhsulun qiymətini müəyyən edən təsərrüfat subyektləri ilə eyni şəxslər qrupuna aid olmayan alıcıların və satıcıların məhsullarının müvafiq bazarda və ya müqayisə edilə bilən rəqabətli bazarda formalaşan qiymətindən aşağı və ya yüksək olması;
17.1.2. məhsulun istehsalı və satışı üçün zəruri olan xərclərin dəyişməz qalması və ya həmin xərclərdəki dəyişikliyin məhsulun qiymətindəki dəyişikliyə münasibətdə qeyri-mütənasib olması;
17.1.3. bazarda əmtəənin qiymətini müəyyən edən ümumi şərtlər (dövlət tənzimləməsi, o cümlədən gömrük rüsumları, vergitutma və tariflər) dəyişmədiyi halda, əmtəənin qiymətinin hökmran mövqe tutmuş təsərrüfat subyektləri tərəfindən əsassız azaldılması (hökmran mövqedə olan təsərrüfat subyektinin aşağı qiymətlər tətbiq etməklə müəyyən müddət ərzində mənfəət əldə etməməsi və ya itki verməsi rəqabət orqanı tərəfindən sübut edilməlidir) və ya artırılması.
17.2. Bu Məcəllənin 17.1-ci maddəsində qeyd edilən meyarlar hamısı birlikdə qiymətləndirilir və hər hansı biri olmadıqda məhsulun qiyməti aşağı və ya yüksək inhisar qiyməti hesab edilə bilməz.
17.3. Müvafiq bazarda qiyməti müqayisə etmək mümkün olmadıqda, məhsulun müqayisə edilə bilən rəqabətli bazardakı, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənardakı qiyməti ilə müqayisə aparılır.
17.4. Müqayisə edilə bilən rəqabətli bazarda, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənardakı rəqabət şəraitində formalaşmış qiyməti müəyyən etmək mümkün olmadıqda, bazar subyektinin xərclərinin və gəlirlərinin təhlili əsasında qiymət müəyyən edilir. 
Maddə 18. Nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektləri tərəfindən sui-istifadə hərəkətləri
18.1. Bir təsərrüfat subyektinin bazar payının 35 faizdən aşağı olmasına baxmayaraq, rəqabəti əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq və ya bu Məcəllənin 15.5-ci maddəsinə əsasən ona təsir etmək imkanı təsdiq olunarsa, həmin təsərrüfat subyekti nisbətən yüksək bazar gücünə malik hesab edilir.
18.2. Mikro, kiçik və orta sahibkarlıq subyektləri mütəmadi olaraq nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektinə bazarın ümumi şərtlərindən fərqli və özü üçün daha əlverişsiz şərtlərlə məhsulu satmağa və ya ondan almağa məcbur olduqda, habelə alternativ alıcılar və ya satıcılarla əlaqə yaratmaq imkanı məhdud olduqda, mikro, kiçik və orta sahibkarlıq subyektləri həmin təsərrüfat subyektindən asılı hesab edilir.
18.3. Nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektinin aşağıdakı hərəkətləri sui-istifadə halları hesab olunmaqla qadağan edilir:
18.3.1. nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektlərindən asılı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri digər təsərrüfat subyektlərinin xidmətlərindən istifadə etmək üçün heç bir imkana malik olmadıqda və ya məhdud imkana malik olduqda, bu Məcəllənin 16.2.1-ci və 16.2.5-ci maddələrində qeyd edilən hərəkətlərə yol verməsi;
18.3.2. nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektlərindən asılı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə rəqib olduğu müvafiq bazarda müəyyən dövr ərzində maya dəyərinə bərabər və ya ondan aşağı qiymətə məhsulu təklif etməsi və ya satması;
18.3.3. müvafiq bazarda rəqibləri olan mikro, kiçik və orta sahibkarlıq subyektlərindən iqtisadi əsas olmadan özünün təklif etdiyi qiymətdən daha yüksək qiymətə məhsulun satılmasını tələb etməsi;
18.3.4. nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektlərindən asılı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması.
 
6-cı fəsil
Haqsız rəqabət
 
Maddə 19. Haqsız rəqabətin formaları
19.1. Haqsız rəqabətin formaları aşağıdakılardır:
19.1.1. müştərilərə qarşı aqressiv davranış;
19.1.2. rəqib təsərrüfat subyektinin nüfuzdan salınması;
19.1.3. rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
19.1.4. müştərilərin çaşdırılması və aldadılması;
19.1.5. kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması;
19.1.6. bu Məcəllənin 25-ci maddəsində nəzərdə tutulan haqsız rəqabətə səbəb olan digər hərəkətlər.
19.2. Bu Məcəllənin 19.1-ci maddəsində qeyd olunan formalarda haqsız rəqabətin aparılması qadağandır. 
Maddə 20. Müştərilərə qarşı aqressiv davranış
Sahibkarlıq fəaliyyətində təhdid, zor və ya digər qanunsuz təsir vasitələrinin tətbiqi ilə müştərilərin seçim hüququnun məhdudlaşdırılmasına və bununla da onların normal bazar şəraitində qəbul edəcəyi qərarlardan fərqli qərar qəbul etməsinə səbəb olan hərəkətlərə yol verilmir.
Maddə 21. Rəqib təsərrüfat subyektinin nüfuzdan salınması
21.1. Aşağıdakılar rəqib təsərrüfat subyektini nüfuzdan salan hərəkətlər hesab edilir:
21.1.1. rəqibin işgüzar nüfuzu və ya maliyyə vəziyyəti haqqında və ya rəqibin elmi-texniki və istehsal imkanları haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin məhsulundan imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi);
21.1.2. rəqibin təklif etdiyi məhsulun, habelə istifadə etdiyi xammal və ya materialların mənşəyi, texnologiyası, xassələri, keyfiyyəti və təhlükəsizliyi haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin əmtəəsindən imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi).
Maddə 22. Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi
22.1. Aşağıdakılar rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab edilir:
22.1.1. məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla razılaşdırmadan təqlid edilməsi;
22.1.2. rəqibin  əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması;
22.1.3. rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla),  habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi;
22.1.4. rəqibin internet domeninin adından, habelə rəqiblə eynilik və ya istifadəçiləri çaşdıracaq dərəcədə oxşarlıq təşkil edən internet səhifəsinin dizaynından onunla razılaşdırılmadan istifadə edilməsi;
22.1.5. rəqibin qanuna uyğun istifadə etdiyi coğrafi göstəricisindən qanunsuz istifadə edilməsi.
Maddə 23. Müştərilərin çaşdırılması və aldadılması
23.1. Aşağıdakılar müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir:
23.1.1. məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması;
23.1.2. məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
23.1.3. müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması;
23.1.4. məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka  və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi;
23.1.5. məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verməklə (bəyan etməklə) təklif edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
Maddə 24. Kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və yayılması
Azərbaycan Respublikasının normativ hüquqi aktları və ya rəqiblə bağlanılan kommersiya sirrinə dair münasibətləri tənzimləyən müqavilədə nəzərdə tutulan hallar istisna olmaqla, şəxsi maraq və ya üçüncü tərəflərin marağı üçün rəqibin maraqlarına ziyan vura və ya onun bazardakı rəqabət vəziyyətinə xələl gətirə bilən onun istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı məlumatların, habelə qanunla və ya müqavilə ilə kommersiya sirrinə aid edilən digər məlumatların qanunsuz əldə edilməsi, istifadə olunmasına və ya yayılmasına yol verilmir.     
Maddə 25. Haqsız rəqabətə səbəb olan digər hərəkətlər
25.1.  Aşağıdakılar haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab edilir:
25.1.1. haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi;
25.1.3. Azərbaycan Respublikasının ərazisində qorunan əmtəə nişanları ilə təchiz edilmiş məhsulun bazar payının və ya süni yolla artırılmış qiymətlərinin saxlanılması məqsədilə həmin əmtəə nişanının sahibi olan təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyata alınmış eyni və ya oxşar əmtəə nişanı ilə təchiz edilmiş məhsulun rəqib təsərrüfat subyektləri tərəfindən idxalının məhdudlaşdırılması;
25.1.4. rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması  və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi;
25.1.5. öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək və ya rəqibə digər formada zərər vurmaq məqsədilə rəqibin işçilərinə qanunsuz vasitələrlə təsir göstərilməsi;
25.1.6. rəqibin təsərrüfat fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;
25.1.7. bu Məcəllənin 19.2-ci maddəsi ilə qadağan edilmiş hərəkətlərin (hərəkətsizliyin) digər şəxslər tərəfindən törədilməsi məqsədilə ödənişlərin sifariş və ya təşkil edilməsi.
 
7-ci fəsil
İqtisadi təmərküzləşmələr
 
Maddə 26. Təsərrüfat subyektlərinin təmərküzləşməsi
26.1. Aşağıdakı hallar təmərküzləşmə hesab olunur:
26.1.1. iki və ya daha çox müstəqil təsərrüfat subyektinin, yaxud onların müəyyən hissələrinin (fəaliyyət sahələrinin) birləşməsi (o cümlədən hüquqi şəxslərin birləşməsi, qoşulması);
26.1.2. bir təsərrüfat subyekti tərəfindən birbaşa və ya dolayı yolla bir və ya daha çox təsərrüfat subyektinin, o cümlədən maliyyə institutlarının, onların müəyyən hissələrinin (səhmlərinin, paylarının, fəaliyyət sahələrinin) və ya hüquqlarının aşağıdakı qaydada əldə edilməsi:
26.1.2.1. əvvəllər səhmdar cəmiyyətin səhmlərinin mülkiyyətçisi olmayan və ya səsvermə hüququ verən səhmlərinin 25 faizinədək hissəsinə sərəncam hüququ olan təsərrüfat subyekti tərəfindən sonradan səsvermə hüququ verən səhmlərinin 25 faizindən çox hissəsinə sərəncam hüququnun əldə edilməsi (bu tələb səhmdar cəmiyyəti yaradılarkən onun təsisçilərinə şamil edilmir);
26.1.2.2. əvvəllər səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin 25 faizindən çox, lakin 50 faizinədək hissəsinə sərəncam hüququ olan təsərrüfat subyekti tərəfindən sonradan səsvermə hüququ verən səhmlərinin 50 faizindən çox hissəsinə sərəncam hüququnun əldə edilməsi;
26.1.2.3. əvvəllər səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin 50 faizindən çox, lakin 75 faizinədək hissəsinə sərəncam hüququ olan təsərrüfat subyekti tərəfindən sonradan səsvermə hüququ verən səhmlərinin 75 faizindən çox hissəsinə sərəncam hüququnun əldə edilməsi;
26.1.2.4. əvvəllər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalında payı olmayan və ya payların 25 faizinədək hissəsinə sərəncam hüququ olan təsərrüfat subyekti tərəfindən sonradan nizamnamə kapitalındakı payların üçdə birinə və ya daha çox hissəsinə sərəncam hüququnun əldə edilməsi (bu tələb məhdud məsuliyyətli cəmiyyət yaradılarkən onun təsisçilərinə şamil edilmir);
26.1.2.5. əvvəllər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payların 25 faizindən çox, lakin 50 faizinədək hissəsinə sərəncam hüququ olan təsərrüfat subyekti tərəfindən sonradan nizamnamə kapitalındakı payların 50 faizdən çox hissəsinə sərəncam hüququnun əldə edilməsi;
26.1.2.6. əvvəllər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payların 50 faizdən çox, lakin 75 faizinədək hissəsinə sərəncam hüququ olan təsərrüfat subyekti tərəfindən sonradan nizamnamə kapitalındakı payların 75 faizindən çox hissəsinə sərəncam hüququnun əldə edilməsi;
26.1.2.7. bir təsərrüfat subyektinin (maliyyə institutları istisna olmaqla) mülkiyyətində və ya istifadəsində olan əsas vəsaitlərin, o cümlədən əsas istehsal vasitələrinin və qeyri-maddi aktivlərin balans dəyərinin 20 faizindən çox olan hissəsinin digər təsərrüfat subyektinin mülkiyyətinə verilməsi;
26.1.2.8. bu Məcəllənin 26.1.2.7-ci maddəsində qeyd olunan əsas vəsaitlər, o cümlədən əsas istehsal vasitələri və qeyri-maddi aktivlər üzrə istifadə və ya lizinq hüququ, yaxud biznes əməliyyatları və resurslarının idarə olunması hüququ, habelə təsərrüfat subyektlərinin qərarlarının qəbul edilməsinə həlledici təsir göstərmək hüququ verən müqavilənin 6 (altı) aydan çox müddətə və ya müddətsiz bağlanılması;
26.1.2.9. bir maliyyə institutunun aktivlərinin (pul vəsaitləri istisna olmaqla) bu Məcəllənin 27.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən olunmuş məbləğdən çox hissəsinin digər maliyyə institutu tərəfindən əldə edilməsi;
26.1.2.10. bir təsərrüfat subyektinin sahibkarlıq fəaliyyətini və ya onun icra orqanının funksiyalarını həyata keçirmək hüquqlarının (o cümlədən əmlakın etibarnamə, birgə fəaliyyət barəsində müqavilə və ya tapşırıq müqaviləsi əsasında idarə edilməsi hüquqlarının) digər təsərrüfat subyekti tərəfindən əldə edilməsi;
26.1.2.11. təsərrüfat subyekti tərəfindən xarici ölkədə qeydiyyatda olan eyni və ya əlaqəli fəaliyyət göstərən hüquqi şəxsin səsvermə hüququ verən səhmlərinin (paylarının) 50 faizindən çox hissəsinə sərəncam hüququnun, yaxud həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin və ya icra orqanının funksiyalarının həyata keçirilməsi ilə bağlı digər hüquqların əldə edilməsi;
26.1.2.12. iki və ya daha çox təsərrüfat subyektinin icra orqanlarında, direktorlar şurasında (müşahidə şurasında) və ya digər idarəetmə orqanlarında bu təsərrüfat subyektlərinin bazardakı davranışlarını müəyyən etmək imkanına malik olan şəxslərin iştirak etməsi;
26.1.3. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə birgə nəzarət olunan, yaxud fəaliyyəti və idarəedilməsi təsisçilərin birgə qərarı əsasında həyata keçirilən yeni birgə təsərrüfat subyektinin yaradılması.
26.2. Maliyyə institutları tərəfindən səsvermə hüququndan istifadə etməmək şərtilə və aldığı tarixdən 1 (bir) il ərzində təkrar satış məqsədilə hər hansı təsərrüfat subyektinin səhmlərinin (paylarının) əldə edilməsi təmərküzləşmə hesab edilmir. Səhmlərin (payların) satışı 1 (bir) il ərzində mümkün olmadıqda, maliyyə institutunun əsaslandırılmış müraciəti əsasında bu müddət rəqabət orqanı tərəfindən 1 (bir) ilədək uzadıla bilər. Səhmlər (paylar) üzrə səsvermə hüququndan bu maddədə qeyd olunan müddətdə yalnız təsərrüfat subyektinin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin seçilməsi üçün istifadə edilə bilər.
26.3. İflas prosesi ilə bağlı təsərrüfat subyektinin idarə edilməsi hüququnun ləğvetmə komissiyasına (əmlak inzibatçısına, ləğvediciyə) verilməsi təmərküzləşmə hesab edilmir.
26.4. Bu Məcəllədən başqa hal irəli gəlmirsə şəxslər qrupuna daxil olan şəxslər arasındakı əməliyyatlar təmərküzləşmə hesab edilmir. Şəxslər qrupuna daxil olan şəxslər belə təmərküzləşmə baş verdikdən sonra 7 (yeddi) iş günü ərzində rəqabət orqanına bu barədə məlumat verirlər.
Maddə 27. Razılıq alınması tələb olunan təmərküzləşmələr
27.1. Təmərküzləşmədə iştirak edən təsərrüfat subyektləri aşağıdakı hallardan azı biri olduqda, bu Məcəllənin 27.2-ci maddəsi nəzərə alınmaqla rəqabət orqanına razılıq alınması üçün müraciət edir:
27.1.1. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən biri müvafiq bazarda hökmran mövqe tutduqda;
27.1.2. maliyyə institutları tərəfindən səhmlərin (payların) bu Məcəllənin 26.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təkrar satışı mümkün olmadıqda;
27.1.3. müvafiq bazarda təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən birinin və ya təmərküzləşmədən sonra yaranacaq təsərrüfat subyektinin ümumi dövriyyəsi 25 milyon manatdan artıq olduqda;
27.1.4. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin sonuncu hesabat ilində ölkə daxilində və ölkə xaricində ümumi dövriyyəsi 35 milyon manatdan çox olduqda;
27.1.5. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən birinin sonuncu hesabat ilində ölkə daxilində dövriyyəsi 15 milyon manatdan çox, digərinin (digərlərinin) isə sonuncu hesabat ilində ölkə daxilində ümumi dövriyyəsi 5 milyon manatdan çox olduqda;
27.1.6. təmərküzləşmədə iştirak edən bütün təsərrüfat subyektlərinin sonuncu hesabat ilində ümumi dövriyyəsi bu Məcəllənin 27.1.4-cü və 27.1.5-ci maddələri ilə müəyyən edilmiş məbləğlərdən az olduğu hallarda, təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin sonuncu hesabat ilində ümumi dövriyyəsi müvafiq bazarın ümumi dövriyyəsinin 20 faizindən çox olduqda.
27.2. Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi) rəqabət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
27.3. Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
27.4. Bazar payının müəyyən edilməsi üçün təsərrüfat subyekti rəqabət orqanına müraciət edə bilər. 
Maddə 28. Təmərküzləşmələrin qiymətləndirilməsi
28.1. Bu Məcəllənin 27-ci maddəsinə əsasən razılıq tələb olunan təmərküzləşmələr onların növbəti 3 (üç) il ərzində bazarın strukturuna, habelə rəqabətin qorunması və inkişafına təsirlərinin müəyyən edilməsi məqsədilə rəqabət orqanı tərəfindən qiymətləndirilir. Qiymətləndirmə təmərküzləşmədə iştirak edən bütün təsərrüfat subyektlərinin bazar payı və bu Məcəllənin 15.4-cü və 15.5-ci maddələrində qeyd olunan digər hallar üzrə araşdırmaların nəticələri nəzərə alınmaqla bu Məcəllənin 28.6-cı maddəsində qeyd olunan qaydalara uyğun olaraq həyata keçirilir.
28.2. Bu Məcəllənin 28.6-cı maddəsində qeyd olunan qaydalara uyğun olaraq ölkənin bütün ərazisində və ya onun bir hissəsində müvafiq bazarda, yaxud ölkə daxili digər bazarlarda rəqabəti məhdudlaşdıran (və ya məhdudlaşdıra bilən),  hökmran mövqenin yaradılması və ya gücləndirilməsi ilə nəticələnən (və ya nəticələnə bilən) təmərküzləşmələr qadağan edilir.
28.3. Bu Məcəllənin 28.6-cı maddəsində qeyd olunan qaydalara uyğun olaraq rəqabət orqanı təmərküzləşmənin müvafiq texnoloji, səmərələşdirici və ya digər rəqabətdəstəkləyici nəticələrinin həmin bazarda rəqabəti məhdudlaşdırma təsirindən üstün olmasını, istehlakçıların mənafeyinə ziyan vurmadığını və bu nəticələrin başqa üsullarla əldə edilməsi imkanının olmadığını müəyyən etdikdə təmərküzləşməyə razılıq verir.
28.4. Təmərküzləşmə öz müstəqilliyini saxlayan təsərrüfat subyektlərinin bazar davranışlarını əlaqələndirmək məqsədilə təşkil etdikləri birgə təsərrüfat subyektləri,  birgə fəaliyyət barəsində müqavilə və ya tapşırıq müqaviləsi formasında baş verdikdə, belə əlaqələndirmə bu Məcəllənin 11-15-ci maddələri ilə müəyyən edilən meyarlar və bu Məcəllənin 28.6-cı maddəsində qeyd edilən qaydalar əsasında aşağıdakılar nəzərə alınmaqla qiymətləndirilir: 
28.4.1. iki və daha çox təsərrüfat subyektinin təsis etdiyi birgə müəssisə  eyni bazarda, yaxud birgə müəssisənin xammal aldığı bazarda və ya pərakəndə istehlak bazarında, habelə həmin bazarlarla əlaqəli olan qonşu bazarlarda öz fəaliyyətini əhəmiyyətli dərəcədə saxlaması;
28.4.2. bazar davranışlarının əlaqələndirilməsinin aidiyyəti təsərrüfat subyektlərinə məhsulun əhəmiyyətli hissəsinin istehsalı və satışı sahəsində rəqabətin məhdudlaşdırılmasına şərait yaratması.
28.5. Qarşılıqlı olaraq əlaqəli olan, əldə olunmuş razılığın qüvvədə olduğu müddətdə bir-biri ilə fəaliyyət sahəsinə, maliyyələşmə mənbəyinə, təklif olunan məhsula, satış bazarlarına görə bağlı olan iki və daha çox təmərküzləşmə halı vahid təmərküzləşmə kimi qiymətləndirilir.
28.6. Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 
Maddə 29. Dövriyyənin hesablanması
29.1. Payların (səhmlərin) satıcısı qismində çıxış edən təsərrüfat subyektlərinin bu Məcəllənin 27.1.3-27.1.6-cı maddələrində nəzərdə tutulan dövriyyələri satılan paylara (səhmlərə) mütənasib hesablanır.
29.2. Maliyyə institutlarında ümumi dövriyyənin hesablanması qaydası bu Məcəllənin 27.2-ci maddəsinin tələblərinə uyğun müəyyən edilir.
29.3. Təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin ümumi dövriyyəsi aşağıdakı təsərrüfat subyektlərinin dövriyyələrinin cəmindən ibarətdir:
29.3.1. təmərküzləşmədə iştirak edən əsas təsərrüfat subyektləri;
29.3.2. təmərküzləşmədə iştirak edən əsas təsərrüfat subyektlərinin həlledici nəzarətində olan təsərrüfat subyektləri;
29.3.3. təmərküzləşmə başa çatdıqdan sonra təmərküzləşmədə iştirak edən əsas təsərrüfat subyektlərinə həlledici nəzarət edəcək təsərrüfat subyektləri;
29.3.4. bu Məcəllənin 29.3.3-cü maddəsində qeyd olunan əsas təsərrüfat subyektlərinə nəzarət edən təsərrüfat subyektləri tərəfindən həlledici nəzarət olunan və təmərküzləşmədə iştirak etməyən digər təsərrüfat subyektləri;
29.3.5. bu Məcəllənin 29.3.1-29.3.4-cü maddələrində qeyd olunan  2 (iki) və ya daha çox təsərrüfat subyektinin birgə həlledici nəzarət etdiyi təsərrüfat subyektləri.
29.4. Bu Məcəllənin 29.3.1-29.3.4-cü maddələrində əsas təsərrüfat subyekti deyildikdə həlledici nəzarəti həyata keçirən təsərrüfat subyektləri nəzərdə tutulur.
29.5. Təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin ümumi dövriyyəsinə onların öz arasındakı dövriyyə və bu Məcəllənin 29.3.2-29.3.5-ci maddələrində qeyd olunan təsərrüfat subyektləri arasındakı dövriyyə daxil edilmir.
29.6. Dövriyyə maliyyə sanksiyalarının hesablanması üçün əsas kimi götürüldükdə, müvafiq təsərrüfat subyektlərinin bu Məcəllənin 77-ci maddəsinə əsasən daşıdıqları məsuliyyəti onların iştirak paylarına mütənasib şəkildə müəyyən edilir.
29.7. Rəqabət orqanı təsərrüfat subyektlərinin dövriyyəsi barədə məlumatların təqdim edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər. Müraciətdə tələb olunan məlumatlar 3 (üç) iş günü müddətində rəqabət orqanına təqdim edilir.
Maddə 30. Təmərküzləşmə haqqında ərizənin təqdim edilməsi
30.1. Bu Məcəllənin 27-ci maddəsində qeyd olunan hallardan azı biri olduqda, təmərküzləşmə həyata keçirilməzdən əvvəl, lakin hansının daha əvvəl baş verməsindən asılı olaraq, təmərküzləşmə barədə müqavilə bağlanıldıqdan, qərar qəbul edildikdən, təklif elan edildikdən, səhmlərin (payların) alınması üçün təklif vermək niyyəti açıqlandıqdan, habelə tərəflər arasında təmərküzləşmə barədə digər formada razılıqlar əldə edildikdən sonra 30 (otuz) gün müddətində təmərküzləşməyə razılıq alınması üçün ərizə ilə rəqabət orqanına müraciət edilir. Dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə iştirak zamanı ərizənin verilməsi müddəti qalib elan olunduqdan sonra hesablanır.
30.2. Bu Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan ərizənin formasını  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
30.3 Ərizə təmərküzləşmədə iştirak edən təsərrüfat subyektləri və ya birgə nəzarəti əldə edən təsərrüfat subyektləri tərəfindən, yaxud bir və ya daha çox təsərrüfat subyektinin müəyyən hissələri (səhmləri, payları, fəaliyyət sahələri) üzərində nəzarəti əldə edən təsərrüfat subyekti tərəfindən təqdim edilir. Təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin hər biri ayrılıqda ərizənin verilməməsinə görə məsuliyyət daşıyır.
30.4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla ərizəyə aşağıdakılar əlavə olunur:
30.4.1. təmərküzləşmə barədə müqavilənin, qərarın və ya təmərküzləşməyə əsas verən digər sənədlərin notarial qaydada və ya təsərrüfat subyektinin möhürü olduğu təqdirdə möhürlə təsdiq edilmiş surəti (bütün əlavələrlə birlikdə);
30.4.2. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin son 2 (iki) il ərzindəki əsas fəaliyyət növləri, dövriyyələri (naturada və ya pul ifadəsində) və bazar payları haqqında məlumatlar;
30.4.3. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin son 2 (iki) il ərzindəki vergi və dövlət statistika orqanlarına dövriyyənin həcmi barədə (naturada və ya pul ifadəsində) təqdim etdikləri hesabatların surəti;
30.4.4. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin təsis sənədlərinin sürəti; 
30.4.5. təsisçilər və bu Məcəllənin 29.3.2-29.3.5-ci maddələrində qeyd olunan digər təsərrüfat subyektləri barədə bu Məcəllənin 30.4.2-30.4.4-cü maddələrində qeyd olunan məlumatlar;
30.4.6. səhmdar cəmiyyətlərin təmərküzləşməsi halında, səhmdarlara bu barədə əvvəlcədən məlumat verilməsi haqqında təsdiqedici sənəd;
30.4.7. təmərküzləşmədə iştirak edən təsərrüfat subyekti şəxslər qrupuna daxildirsə:
30.4.7.1. şəxslər qrupundakı hər bir təsərrüfat subyekti haqqında bu Məcəllənin  30.4.2 – 30.4.4-cü maddələrində göstərilən məlumatlar;
30.4.7.2. təsərrüfat subyekti ilə şəxslər qrupundakı hər bir təsərrüfat subyekti arasında sonuncu hesabat ilində dövriyyə (natural və ya dəyər ifadəsində) haqqında məlumat;
30.4.7.3. təsərrüfat subyekti ilə şəxslər qrupundakı hər bir təsərrüfat subyektinin asılılıq forması;
30.4.8. ərizənin araşdırılması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
30.5. Ərizə təqdim edən təsərrüfat subyekti təmərküzləşmənin bu Məcəllənin 28.3-cü maddəsində qeyd olunan nəticələrə (olduğu halda) səbəb olacağını hesab edirsə, bu barədə təsdiqedici məlumatları ərizəyə əlavə edir. 
30.6. Bu Məcəllənin 27.1.3-27.1.6-cı maddələrində qeyd olunan dövriyyənin məbləği həmin maddələrdə göstərilən məbləğlərdən az, lakin həmin məbləğlərin 70 faizindən çox olduqda, təmərküzləşmədə iştirak edən təsərrüfat subyektləri təmərküzləşmə baş verdikdən sonra 30 (otuz) gün müddətində rəqabət orqanına yazılı məlumat verirlər.
Maddə 31. Təmərküzləşmə haqqında ərizənin araşdırılması
31.1. Rəqabət orqanı təmərküzləşmə haqqında ərizənin bu Məcəllənin 30.2– 30.4-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə (ona əlavə edilmiş sənədlərdə) aradan qaldırılması mümkün olan və razılığın verilməsi üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin təqdim edildiyi gündən 10 (on) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə müraciət edən təsərrüfat subyektinə bildiriş təqdim edilir. Bütün çatışmazlıqlar müraciət edən təsərrüfat subyektinə eyni zamanda bildirilməlidir. Təsərrüfat subyekti çatışmazlıqları bildirişi aldığı gündən ən geci 10 (on) iş günü müddətində aradan qaldıraraq rəqabət orqanına yazılı məlumat təqdim edir.
31.2. Ərizə onun təqdim edildiyi gündən 30 (otuz) iş günü müddətində araşdırılır və nəticəsi üzrə rəqabət orqanı tərəfindən aşağıdakı əsaslandırılmış qərarlardan biri qəbul edilir:
31.2.1. ərizə bu Məcəllənin 27-ci maddəsinin tətbiqi dairəsinə aid olmadıqda, yaxud bu Məcəllənin 31.1-ci maddəsində qeyd edilən çatışmazlıqlar həmin maddədə nəzərdə tutulan müddətdə aradan qaldırılmadıqda –  ərizənin baxılmamış saxlanılması barədə;
31.2.2. təmərküzləşmə müvafiq bazarda rəqabəti məhdudlaşdırmadıqda, yaxud bu Məcəllənin 28.3-cü maddəsində qeyd olunan hallarda –  ərizənin təmin edilməsi və ya qismən təmin edilməsi (razılığın verilməsi) barədə;
31.2.3. bu Məcəllənin 28.2-ci maddəsində qeyd olunan hallarda, yaxud bu Məcəllənin 31.5-ci maddəsində qeyd edilən çatışmazlıqlar həmin maddədə nəzərdə tutulan müddətdə aradan qaldırılmadıqda – ərizənin təmin edilməsindən imtina  barədə.
31.3. Rəqabət orqanının bu Məcəllənin 31.2-ci maddəsində qeyd olunan qərarları 3 (üç) iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir.
31.4. Əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Məcəllənin 31.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, araşdırma müddəti rəqabət orqanının qərarı əsasında hər dəfə 30 (otuz) iş günü olmaqla  2 (iki) dəfə uzadıla bilər. Rəqabət orqanı tərəfindən müddətin uzadılması barədə məlumat 3 (üç) iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir.
31.5. Araşdırma zamanı təmərküzləşmənin müvafiq bazarda rəqabəti məhdudlaşdırdığı, lakin bu məhdudlaşdırmanın araşdırma müddətində aradan qaldırılmasının mümkünlüyü müəyyən edildikdə, 3 (üç) iş günündən gec olmayaraq məhdudlaşdırmanın aradan qaldırılması barədə müraciət edən təsərrüfat subyektinə bildiriş təqdim edilir. Təsərrüfat subyekti çatışmazlıqları bildirişi aldığı gündən  ən geci 15 (on beş) iş günü, görülməli tədbirlərin həcmi böyük olduqda isə müraciət edən təsərrüfat subyektinin vəsatəti əsasında ən geci 30 (otuz) iş günü müddətində aradan qaldıraraq rəqabət orqanına görülmüş işlərə dair yazılı məlumatı və müvafiq təsdiqedici sənədlərin sürətini təqdim edir.
31.6. Bu Məcəllənin 31.1-ci və 31.5-ci maddələri ilə müəyyən edilmiş hallarda ərizənin araşdırılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə təsərrüfat subyektinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
31.7. Bu Məcəllənin 31.1-ci və 31.5-ci maddələrində qeyd olunan çatışmazlıqlar sonradan aradan qaldırıldıqda, təmərküzləşmədə iştirak edən təsərrüfat subyektləri yenidən bu Məcəllə ilə müəyyən edilmiş qaydada ərizə ilə rəqabət orqanına müraciət edə bilərlər.
31.8. Ərizənin araşdırılmasına təsir edə biləcək hallar üzrə istintaq və ya məhkəmə araşdırması aparıldıqda, rəqabət orqanının qərarı ilə ərizənin araşdırılması ilə bağlı müddətin axımı dayandırılır. Müddət axımının dayandırılması barədə məlumat 3 (üç) iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir.
31.9. İstintaq və ya məhkəmə araşdırmasının nəticəsinə dair qəbul edilmiş qərar nəzərə alınmaqla, ərizənin araşdırılması davam etdirilir. Bu zaman təmərküzləşmədə iştirak edən şəxslər istintaq orqanının və ya məhkəmənin qərarının surətini, habelə bu qərar nəzərə alınmaqla yeni ərizə tərtib edilməli olduğu halda, həmin ərizəni rəqabət orqanına təqdim edirlər.
31.10. Rəqabət orqanı təmərküzləşmələrə dair razılığın verilməsi məqsədilə təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinə yalnız rəqabətin qorunması üçün bu sahəni tənzimləyən qanunlara uyğun əsaslandırılmış əlavə şərtlər müəyyən etmək hüququna malikdir.
31.11. Bu Məcəllənin 27-ci maddəsi ilə müəyyən edilmiş hallarda təmərküzləşmə razılıq əldə edilmədən həyata keçirildikdə və bu Məcəllənin 28.2-ci maddəsinə uyğun olaraq  rəqabətin məhdudlaşdırılmasına səbəb olduqda və ya rəqabət orqanının bu Məcəllənin 31.10-cu maddəsinə əsasən əlavə şərtlərlə verdiyi razılığa zidd həyata keçirildikdə, rəqabət orqanı təmərküzləşmənin ləğv edilməsi üçün məhkəməyə müraciət edir.
31.12. Ərizənin araşdırılması məqsədilə rəqabət orqanı əsaslandırılmış sorğu ilə təsərrüfat subyektindən işin həlli üçün zəruri olan əlavə məlumat tələb edə bilər.
31.13. Ərizənin araşdırılması müddətində rəqabət orqanı tərəfindən qərar qəbul edilmədikdə, təmərküzləşməyə dair razılıq verilmiş hesab olunur.
31.14. Rəqabət orqanı təqdim edilmiş ərizələrin araşdırılma nəticələrinə dair məlumatları özünün rəsmi internet səhifəsində dərc edir.
Maddə 32. Təmərküzləşmələrin araşdırılması ilə əlaqədar ödənişlər
32.1. Təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
32.2. Ərizə bu Məcəllənin 27-ci maddəsinin tətbiqi dairəsinə aid olmadığı üçün ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edildikdə, ödənilmiş dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq geri qaytarılır.
 
8-ci fəsil
Dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi
 
Maddə 33. Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd olan hərəkətləri (hərəkətsizliyi)
33.1. Dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici qurumların normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya səbəb ola bilən), eləcə də təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinə toxunan (və ya toxuna bilən) aşağıdakı hərəkətləri (hərəkətsizliyi) qadağan edilir:
33.1.1. dövlət və bələdiyyə mülkiyyətində olmayan təsərrüfat subyektlərinə məhsulun istehsalı və satışı üzrə, həmçinin müəyyən kateqoriya müştərilərin üstünlük verilməklə təchiz edilməsi və ya bəzi müqavilələrin bağlanmasına üstünlük verilməsi üzrə birbaşa və dolayı göstərişlərin və (və ya) məcburi dövlət sifarişlərinin verilməsi, eyni zamanda müştərilərə müəyyən kateqoriya məhsulun xüsusi bazar subyektlərindən alınmasına dair məhdudiyyətlərin qoyulması;
33.1.2. təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarətin həyata keçirilməsi;
33.1.3. öz struktur bölmələrinə və tabeliyində olan qurumlara rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən səlahiyyətlərin verilməsi;
33.1.4. fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən təsərrüfat subyektlərinin və idarəetmə orqanlarının yaradılması;
33.1.5. Azərbaycan Respublikasının ərazisində məhsulun hərəkətinə qadağaların (məhdudiyyətlərin) tətbiqi, kapital qoyuluşlarına, habelə iqtisadiyyatın müxtəlif sahələri arasında maliyyə vəsaitinin sərbəst hərəkətinə maneələrin yaradılması;
33.1.6. eyni sahədə fəaliyyət göstərən ayrı-ayrı təsərrüfat subyektlərinə rəqabətdə üstünlük verə biləcək güzəştli kreditlərin, subsidiyaların, vergi və digər ödənişlər üzrə güzəşt və azadolmaların verilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan vəsaitdən güzəştli şərtlərlə istifadə etmək imkanının yaradılması;
33.1.7. müəyyən məhsulun alışı, satışı, istehsalı, idxalı və ixracının, müəyyən sahibkarlıq fəaliyyət növü ilə məşğul olmanın, habelə yeni müəssisələrin, o cümlədən maliyyə institutlarının yaradılmasının qadağan edilməsi və ya məhdudlaşdırılması, eləcə də yeni texnologiyaların işlənilib hazırlanması ilə bağlı maneələrin yaradılması;
33.1.8. təsərrüfat subyektlərinin müstəqilliyinin, o cümlədən xarici iqtisadi fəaliyyətinin məhdudlaşdırılması;
33.1.9. rəqabətin məhdudlaşdırılmasına yönəldiyi və müştərilərin mənafeyinə toxunduğu hallarda qiymətlərin yüksəldilməsi, aşağı salınması və ya bir səviyyədə saxlanılması məqsədilə məhsul, o cümlədən maliyyə xidmətləri bazarlarına əsassız müdaxilə edilməsi; 
33.1.10. rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması;
33.1.11. tələb və təklif sahəsində informasiya resursları üzərinə nəzarətin qoyulması və ya bəzi təsərrüfat subyektlərinə belə informasiya resurslarına üstün çıxış imkanının yaradılması;
33.1.12. dövlət satınalmaları sahəsində normativ hüquqi aktlara zidd olaraq müəyyən təsərrüfat subyekti üçün üstün şərait yaradılması;
33.1.13. yeni təsərrüfat subyektlərinin bazara daxil olmasına maneələrin yaradılması;
33.1.14. təsərrüfat subyektlərinin maddi ehtiyatlarla təchiz olunması üçün mərkəzləşdirilmiş qaydada təchizat kanallarının yaradılması;
33.1.15. qarşılıqlı əvəz oluna bilən məhsulların istehsalına, idxalına və ixracına nəzarətin həyata keçirilməsi;
33.1.16. az həcmdə gəlir əldə edən və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı olmayan, rəqabəti məhdudlaşdıran (məhdudlaşdıra bilən) güzəştlərin və əlverişli şərait yaradan üstünlüklərin verilməsi, yardım göstərilməsi;
33.1.17. müştərilərin sərbəst seçim hüququnu məhdudlaşdıran (məhdudlaşdıra bilən) qərarların qəbul edilməsi;
33.1.18. bələdiyyələrin öz səlahiyyətlərindən, bələdiyyə mülkiyyətində olan obyektlərin, yerli büdcənin, həmçinin büdcədənkənar fondların vəsaitindən ayrı-ayrı təsərrüfat subyektlərinə üstünlük yaratmaq məqsədilə istifadə etməsi;
33.1.19. rəqabətin məhdudlaşdırılmasına səbəb olan (ola bilən) digər qanunsuz hərəkətlər (hərəkətsizlik).
33.2. Rəqabət orqanı bu Məcəllənin 33.1-ci maddəsində qeyd olunan qanunsuz hərəkətlərin (hərəkətsizliyin) əlamətlərini müəyyən etdikdə, onların qarşısının alınması, aradan qaldırılması, habelə tənzimləyici qurumlar tərəfindən həyata keçirilən tənzimləmə tədbirlərinin rəqabət qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsi məqsədilə bu Məcəllənin 10-12-ci fəsilləri ilə müəyyən edilmiş tədbirləri görür.
33.3. Rəqabətin mövcud olmadığı, yaxud əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı sahələrdə, yaxud sosial xarakterli fövqəladə mühit rejimində yüksək qiymət tətbiqinin qarşısını almaq məqsədilə müvafiq məhsulların satış qiymətini müəyyən etmək üçün dövlət orqanları (qurumları), habelə tənzimləyici qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər verilə bilər. Həmin təkliflər əsasında müvafiq tədbirlər görüldükdə belə tədbirlər müvafiq şəraitin mövcud olduğu dövr üçün yalnız konkret müddət göstərilməklə tətbiq olunur. 
33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq görülən tədbirlər bu Məcəllənin tələblərinin pozulması kimi qəbul edilmir. Həmin maddə çərçivəsində hər hansı təklifin verilməsindən əvvəl təklif olunan tədbirin rəqabətin məhdudlaşdırılmasına təsirlərini qiymətləndirmək məqsədilə rəqabət orqanının məşvərətçi rəyi alınır.
Maddə 34. Subsidiyaların və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsi
34.1. Rəqabət orqanı dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən iqtisadiyyatın müəyyən sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinə subsidiya və digər dövlət yardımlarının verilməsinin və tənzimləmə tədbirlərinin rəqabətə təsirini mütəmadi olaraq qiymətləndirir. 
34.2. Dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən təsərrüfat subyektlərinə subsidiya və digər dövlət yardımlarının verilməsinin bu Məcəllə ilə qadağan olunmuş hərəkətlərə səbəb olmaması barədə rəqabət orqanının məşvərətçi rəyi alınır.
34.3. Qiymətləndirmənin nəticələrinə əsasən rəqabət orqanı subsidiya və digər dövlət yardımlarının verilməsinin və tənzimləmə tədbirlərinin rəqabətə olan mənfi təsirlərini aradan qaldırmaq məqsədilə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, habelə tənzimləyici qurumlara təkliflər verə bilər. 
34.4. Rəqabət orqanı subsidiya və qanunla müəyyən edilən digər yardımlarının verilməsinin və tənzimləmə tədbirlərinin rəqabətə təsirinə dair cari ilin qiymətləndirmə nəticələri barədə növbəti il martın 31-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik hesabat və təkliflər təqdim edir. 
34.5. Bütün hüquqi və fiziki şəxslər, dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar bu Məcəllənin tətbiqi üçün zəruri olan bütün sənədləri (məlumatları) rəqabət orqanına onun əsaslandırılmış sorğusu əsasında sorğuda göstərilmiş müddətdə və tam şəkildə təqdim etməlidirlər. 
34.6. Bu Məcəllənin 34-cü maddəsinin müddəaları rəqabət orqanı tərəfindən bu Məcəllənin 31.14-cü maddəsinə uyğun olaraq məlumatın dərc edilməsini, bu Məcəllənin 45.2-ci maddəsinə əsasən sənədlərə çıxışın təmin edilməsini, yaxud hər hansı təsərrüfat subyekti və ya təsərrüfat subyektlərinin birlikləri ilə bağlı fərdi məlumatları və qanunla qorunan digər məlumatları özündə əks etdirməyən sorğuların, bazar araşdırmalarının nəticələrinin dərc edilməsini istisna etmir. 
Maddə 35. Dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, habelə tənzimləyici qurumlardan məlumatların əldə edilməsi 
35.1. Dövlət orqanları  (qurumları), yerli özünüidarəetmə orqanları, tənzimləyici qurumlar dövlətin rəqabət siyasətinin həyata keçirilməsi və bu Məcəllənin icrası ilə bağlı rəqabət orqanı ilə əməkdaşlıq edir, o cümlədən aşağıdakı məlumatları rəqabət orqanına təqdim edirlər: 
35.1.1. müvafiq bazarda rəqabət şəraitinə təsir edə biləcək iqtisadi və regional inkişaf proqramlarının layihələrini;
35.1.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq hazırladıqları və müvafiq bazarda rəqabətə təsir edə biləcək normativ və ya inzibati aktların layihələrini, o cümlədən dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi və birləşdirilməsinə dair qərarlarını;
35.1.3. təsərrüfat subyektlərinin birliklərinin bu Məcəllənin tələblərinə uyğunluğu şübhə doğuran razılaşmalarını və qərarlarını; 
35.1.4. rəqabət orqanının təmərküzləşmələrə razılıq verməsi ilə bağlı araşdırma aparılması məqsədilə təsərrüfat subyektləri barəsində sorğu etdiyi məlumatları. 
 
9-cu fəsil
Təbii inhisar sahəsində dövlət tənzimlənməsi
 
Maddə 36. Təbii inhisar sahələri
36.1. Təbii inhisar fəaliyyəti sahələri aşağıdakılardır:
36.1.1. neft və (və ya) neft məhsullarının magistral boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla) və paylanması;
36.1.2. təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri;
36.1.3. elektrik və istilik enerjisinin ötürülməsi və paylanması (bələdiyyə və (və ya) xüsusi mülkiyyətə aid mənbələr hesabına istehsal olunan enerji istisna olmaqla);
36.1.4. magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri;
36.1.5. magistral və ümumi əhəmiyyətli avtomobil yollarının, yol qurğu və tikililərinin saxlanması və istismarı;
36.1.6. aeroport xidmətləri, aeroportların, uçuş zolaqları və qurğularının istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri;
36.1.7. metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, sərnişindaşıma, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti;
36.1.8. dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti; 
36.1.9. ümumi istifadədə olan telefon rabitəsi xidmətləri, elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və ya radio əlaqəsi və digər oxşar vasitələr) ilə hər hansı siqnalın, səsin məsafəyə ötürülməsi və qəbul edilməsi üçün istifadə olunan müxtəlif növ vasitə və qurğuların istismarı, universal poçt rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti;
36.1.10. baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı;
36.1.11. kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı;
36.1.12. meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı;
36.1.13. istilik təchizatı xidmətləri (bələdiyyə və (və ya) xüsusi mülkiyyətə aid mənbələr hesabına istehsal olunan enerji istisna olmaqla).
36.2. Təbii inhisar subyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
36.3. Bu Məcəllənin 36.1-ci maddəsi ilə müəyyən edilmiş fəaliyyət sahələrində mövcud olan təsərrüfat subyektlərinə həmin sahələr üzrə rəqib subyektlər yarandıqda rəqabət şəraitində fəaliyyət göstərən subyektlər təbii inhisar subyekti hesab edilmir və təbii inhisar subyektlərinin siyahısından çıxarılana qədər onlara bu Məcəllənin 37-41-ci maddələri tətbiq edilmir.
36.4. Bu Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri təbii inhisar subyektlərinin siyahısına daxil edilən təsərrüfat subyektləri tərəfindən həyata keçirilir. Təbii inhisar subyektinin müəyyən ərazidə, yaxud müəyyən dövrdə fəaliyyətini həyata keçirməsi sosial xarakterli fövqəladə mühit rejiminin mövcudluğu səbəbindən mümkün olmadıqda, həmin ərazidə, yaxud dövrdə təbii inhisar subyektlərinin müraciəti əsasında rəqabət orqanının razılığı ilə digər bazar subyektləri müvəqqəti fəaliyyət göstərə bilər.
36.5. Bu Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsini  nəzərdə tutan təsərrüfat subyektləri təbii inhisar subyektlərinin siyahısına daxil edilmələri üçün rəqabət orqanına müraciət edirlər. Müraciət edən təsərrüfat subyektinin fəaliyyətinin (o cümlədən həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətin) bu Məcəllənin 36.1-ci maddəsi ilə müəyyən edilmiş sahələrə aid olmadığı aşkar edildikdə, yaxud fəaliyyətin bu Məcəllənin 39.4-cü maddəsində qeyd edilən hallara səbəb olacağı halda rəqabət orqanı tərəfindən müraciətin rədd edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir.  
Maddə 37. Təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi
37.1. Təbii inhisar subyektlərinin fəaliyyətini tənzimləmək məqsədilə rəqabət orqanı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və tənzimləyici qurumlar tərəfindən aşağıdakı üsullar tətbiq edilir:
37.1.1. məhsulların qiymətlərinin tənzimlənməsi;
37.1.2. xidmət göstərilməsi məcburi olan müştərilərin müəyyən edilməsi;
37.1.3. təbii inhisar subyektlərinin müştərilərin məhsul üzrə ehtiyacını tam həcmdə ödəyə bilmədiyi hallarda onların həmin məhsul ilə təmin olunmasının minimum səviyyəsinin müəyyən edilməsi;
37.1.4. məhsul istehsalının (satışının) həcminin bu Məcəllənin 37.1.3-cü maddəsinin tələblərinə uyğun müəyyən olunmuş göstəricilərinə əməl edilməsinin təmin olunması;
37.1.5. təbii inhisar subyektləri tərəfindən bu Məcəllənin 39.2-ci və 36.4-cü maddələri ilə müəyyən edilmiş hərəkətlərin həyata keçirilməsinə razılıq verilməsi.
37.2. Bu Məcəllənin 37.1-ci maddəsində  nəzərdə tutulan orqanlar (qurumlar) qanuna zidd olmayan digər üsulları da tətbiq edə bilərlər. 
37.4. Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətli “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.
37.5. Qiymətləri tənzimlənməyən məhsulların qiymətləri bu Məcəllənin 39.6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunur. Rəqabət orqanı iqtisadi cəhətdən əsaslandırılmamış və bu Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun gəlməyən qiymətlərin real iqtisadi göstəricilərə uyğunlaşdırılması barədə göstəriş verir.
37.6. Bu Məcəllənin 4-cü və 5-ci fəsillərində qadağan olunmuş hərəkətlər (hərəkətsizlik) və onlara görə məsuliyyət tədbirləri təbii inhisar subyektlərinin təbii inhisar fəaliyyəti hesab olunmayan fəaliyyətinə və dövlət inhisarında olan xidmətləri göstərən subyektlərin belə xidmətlərin göstərilməsi ilə əlaqəli olmayan iqtisadi fəaliyyətinə də şamil edilir. 
Maddə 38. Tənzimləmə üsullarının tətbiq olunması üçün əsaslar
38.1. Bu Məcəllənin 37.1-ci maddəsi ilə nəzərdə tutulan orqanlar (qurumlar) tənzimləmə üsullarının tətbiq edilməsi haqqında qərarı konkret olaraq hər bir təbii inhisar subyekti üçün, belə bir tənzimləmənin istehsal edilmiş və ya satılmış məhsulun keyfiyyətinin artırılmasında və bu məhsula tələbatın ödənilməsində stimullaşdırıcı rolu nəzərə almaqla qəbul edir. Bu zaman məsrəflərin nə dərəcədə əsaslandırılmış olması müəyyən edilir və aşağıdakılar nəzərə alınır:
38.1.1. məhsulun istehsal və ya satış xərcləri, o cümlədən əməkhaqqı, xammal və materialların dəyəri;
38.1.2. vergilər və digər dövlət ödənişləri;
38.1.3. əsas istehsal vasitələrinin dəyəri, onların təkrar istehsalı üçün zəruri olan investisiyaya tələbat və amortizasiya ayırmaları;
38.1.4. faktiki və proqnozlaşdırılan mənfəət;
38.1.5. istehsal olunan və ya satılan məhsulun keyfiyyətinin, kəmiyyətinin  və çatdırılma üsulunun müştərilərin tələbatına uyğunluğu;
38.1.6. dövlət dotasiyaları və dövlət büdcəsindən maliyyə yardımı ilə bağlı digər tədbirlər.
Maddə 39. Təbii inhisar subyektlərinin fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti
39.1. Rəqabət orqanı təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini bu Məcəlləyə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirir. Rəqabət orqanı müştərilərin mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin (hərəkətsizliyin) qarşısının alınması və ya aradan qaldırılması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş tədbirləri görür.
39.2. Rəqabət orqanı təbii inhisar subyektləri tərəfindən həyata keçirilən aşağıdakı hərəkətlər üzərində nəzarəti həyata keçirir:
39.2.1. təbii inhisar subyektləri tərəfindən məhsulun istehsalı (satışı) üzrə müştərilərə münasibətdə tətbiq edilən hüquqi aktların (qərar, qayda, tələbnamə, reqlament, əmr, göstərişlərin və s.) və müqavilələrin rəqabət qanunvericiliyinə uyğunluğu; 
39.2.2. əsas vəsaitlərə mülkiyyət və ya istifadə hüququnun əldə edilməsi (nəzərdə tutulan əsas vəsaitin dəyəri təbii inhisar subyektinin cari ilin əvvəlindəki balansına uyğun olaraq aktivlərinin balans dəyərinin 0,5 faizindən çox olarsa);
39.2.3. əsas vəsaitlərin satışı, icarəyə verilməsi və ya digər hərəkətlər nəticəsində təbii inhisar subyektlərinin mülkiyyət və ya istifadə hüququnun digər təsərrüfat subyektlərinə keçməsi (nəzərdə tutulan əsas vəsaitin dəyəri təbii inhisar subyektinin cari ilin əvvəlindəki balansına uyğun olaraq aktivlərinin balans dəyərinin 0,5 faizindən çox olarsa); 
39.2.4. əsas vəsaitlərin müştərilərə satışı, habelə lizinq və ya uzunmüddətli öhdəliklər əsasında verilməsi;
39.2.5. təbii inhisar subyektləri tərəfindən bu Məcəllənin 36.1-ci maddəsi ilə müəyyən edilməyən fəaliyyət sahələrinə investisiyaların ayrılması və ya yeni fəaliyyət sahələrinə başlanılması;
39.2.6. təbii inhisar subyektlərinin yenidən təşkili, ləğvi və ya təbii inhisar fəaliyyəti üzrə səlahiyyətlərini (səlahiyyətlərinin bir hissəsini) təsisçisi olduğu hüquqi şəxsə ötürməsi. 
39.3. Təbii inhisar subyektləri bu Məcəllənin 36.4-cü və 39.2-ci maddələrində qeyd edilən hərəkətlərin edilməsinə razılıq almaq üçün rəqabət orqanına müraciət etməlidirlər. Müraciətin edilməsi və müraciətə baxılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
39.4. Rəqabət orqanı aşağıdakı hallarda təbii inhisar subyekti tərəfindən təqdim edilmiş müraciətdə göstərilən hərəkətin (hərəkətlərin) edilməsinə razılıq verilməsindən imtina edir:
39.4.1. mövcud qiymətlərin artması ilə nəticələnə bilərsə;
39.4.2. müştərilərlə müqavilərin pozulması ilə nəticələnə bilərsə;
39.4.3. müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərə bilərsə, yaxud bu Məcəllə və ya qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxararsa;
39.4.4. digər təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin məhdudlaşmasına səbəb ola bilərsə, yaxud azad sahibkarlıq mühitinə mənfi təsir göstərə bilərsə; 
39.4.5. qiymətləri tənzimlənən məhsulun satılması üçün istifadə olunan texnoloji sistemin pozulmasına və ya qiymətləri tənzimlənən məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilərsə;
39.4.6. subyektin imkan və resurslarının müştərilərin məhsul üzrə ehtiyacının tam həcmdə ödənilməsinə imkan verməsə.
39.5. Təbii inhisar subyektlərinin nizamnamə kapitalında səhmlərin (payların) əldə edilməsi və ya başqa əqdlər (girov, idarəetmənin həvalə edilməsi və s.) nəticəsində təbii inhisar subyektinin səsvermə hüququ verən səhmlərinin (paylarının) 10 faizinədək hissəsinə sərəncam hüququ olan şəxs tərəfindən sonradan səsvermə hüququ verən səhmlərinin (paylarının) 10 faizindən çox hissəsinə sərəncam hüququnu əldə edən şəxs rəqabət orqanına 15 (on beş) gün müddətində bu barədə məlumat verməlidir.
39.6. Təbii inhisar subyekti qiyməti tənzimlənməyən məhsulun (beynəlxalq sazişlərdən irəli gələn fəaliyyət sahələri istisna olmaqla) istehsalını (satışını) həyata keçirdikdə, təklif olunan qiymətlər barədə azı 30 (otuz) gün əvvəl rəqabət orqanına məlumat verir. Təbii inhisar subyekti qiyməti formalaşdıran iqtisadi amillər barədə bütün məlumatları rəqabət orqanına təqdim etməlidir.  
39.7. Təbii inhisar subyektləri təsərrüfat fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarını rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada və qaydada rəqabət orqanına təqdim etməlidirlər.
39.8. Rəqabət orqanı təbii inhisar subyektləri tərəfindən onların fəaliyyətinin rəqabət qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti təşkil etmək üçün bu Məcəllənin 39-cu və 40.2-ci maddələrinə uyğun və 10-cu fəsli ilə müəyyən edilmiş qaydada onlardan zəruri məlumatların tələb edilməsi, əldə edilməsi və araşdırılmasını həyata keçirir və yoxlamalar aparır. 
39.9. Rəqabət qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət, o cümlədən qiymətləri tənzimlənən sahələrdə qiymətlərin düzgün tətbiqinə, xərclərinin iqtisadi cəhətdən əsaslandırılmasına və məqsədyönlülüyünə, habelə təbii inhisar subyektlərinin aktlarının rəqabət qanunvericiliyinə uyğunluğuna nəzarət təbii inhisar subyektlərində yoxlamaların predmetidir.
39.10. Maliyyə-təsərrüfat hesabatlarının araşdırılması nəticəsində, habelə bu Məcəllənin 40.5-ci maddəsində qadağan olunan hərəkətlərə (fəaliyyətə) yol verilməsi müəyyən olunduqda rəqabət orqanı bu Məcəllənin 72-ci maddəsinə uyğun olaraq təbii inhisar subyektinə bu hərəkətlərin dayandırılması və nəticələrinin aradan qaldırılması barədə icrası məcburi göstəriş verir.
39.11. Bu Məcəllə ilə müəyyən olunan tələblərin təbii inhisar subyekti tərəfindən pozulması aşkar edildikdə və rəqabət orqanın göstərişi ilə həmin pozuntuları aradan qaldırmadıqda, rəqabət orqanı bu Məcəllənin 11-ci fəslinə uyğun olaraq tədbirlər görür.
39.12. Rəqabət orqanı təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinin maliyyə məsələlərinin həlli ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər.
Maddə 40. Təbii inhisar subyektlərinin fəaliyyətinə dair tələblər 
40.1. Təbii inhisar subyektləri rəqabət orqanının bu Məcəllədə nəzərdə tutulmuş qaydada qəbul etdiyi qərarları yerinə yetirməlidirlər. 
40.2. Təbii inhisar subyektləri rəqabət orqanına öz fəaliyyəti barədə bu Məcəllənin 39.7-ci maddəsində nəzərdə tutulan hesabatları, habelə rəqabət orqanının sorğusuna əsasən digər hesabatları, investisiya layihələrini, digər sənədləri və məlumatları təqdim edirlər.
40.3. Təbii inhisar subyektləri rəqabət orqanına bu Məcəllənin 39.8-ci maddəsinə uyğun olaraq, onlardan tələb edilən sənədləri və məlumatları  tələb edilən vaxt ərzində və tam həcmdə təqdim etməli və (və ya) nəzarət tədbirlərinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidirlər. Təbii inhisar subyektlərindən tələb edilən məlumatların həcmi böyük olduqda, yaxud təbii inhisar subyektləri tərəfindən bu Məcəlləyə uyğun olaraq barəsində dövlət nəzarəti həyata keçirilən hərəkətlərin monitorinqi zərurəti yarandıqda rəqabət orqanı nəzarət tədbirlərini təbii inhisar subyektinin (və ya onun bölməsinin) olduğu yerdə həyata keçirmək hüququna malikdir.  
40.4. Təbii inhisar subyektləri (onların vəzifəli şəxsləri) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri pozduqda, rəqabət orqanının qərarlarına uyğun olaraq müəyyən edilmiş müddətdə aşağıdakı hərəkətləri yerinə yetirməlidirlər:
40.4.1. bu Məcəllənin tələblərinin pozulmasını aradan qaldırmaq; 
40.4.2. ilkin vəziyyəti bərpa etmək və ya qərarda müəyyən edilmiş başqa göstərişləri yerinə yetirmək;
40.4.3. bu Məcəlləyə uyğun olmayan əqdləri ləğv etmək və ya dəyişmək;
40.4.4. mütləq məhsul təqdim edilməli olan müştəri ilə müqavilə bağlamaq və ya bağlanılmış müqavilədə dəyişiklik etmək;
40.4.5. qanunvericiliyin tələblərini pozmaqla müştərilərdən əsassız və (və ya) artıq alınmış ödənişləri onlara geri ödəmək.
40.5. Məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə aşağıdakılar qadağan edilir:
40.5.1. istehsalı (satışı) həyata keçirilən məhsullar haqqında bu Məcəllənin 41-cü maddəsində nəzərdə tutulmuş məlumatların verilməsinə görə ödəniş (haqq) almaq; 
40.5.2. məhsulların istehsalının (satışının) həyata keçirilməsi üzrə xidmətin göstərilməsi ilə əlaqəli olmayan lisenziyaların, icazələrin və digər sənədlərin təqdim edilməsini tələb etmək;
40.5.3. təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya əldə edilən məhsulun həcminin artırılması üçün qanunla müəyyən edilmiş texniki şərtlərə riayət edilməsi istisna olmaqla müştəriyə digər tələblər irəli sürmək;
40.5.4. müştərinin təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya əldə edilən məhsulun həcminin artırılması üçün qanunla müəyyən edilmiş texniki şərtlərə uyğun iş yerinə yetirən təsərrüfat subyektlərinin fəaliyyətini məhdudlaşdırmaq;
40.5.5. müştərinin təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya əldə edilən məhsulun həcminin artırılması zamanı işləri yerinə yetirmək üçün müvafiq lisenziyaya, icazəyə malik olan icraçıları (podratçıları) sərbəst seçmək imkanını məhdudlaşdırmaq;
40.5.6. müştərinin məhsulun dəyərinin ödənilməsi üçün normativ hüquqi aktlarla müəyyən edilmiş ödəniş vasitələrini sərbəst seçmək imkanını məhdudlaşdırmaq; 
40.5.7. müştərinin mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərə yol vermək;
40.5.8. müştərilərə münasibətdə rəqabət qanunvericiliyinə və müvafiq təbii inhisar sahəsini tənzimləyən normativ hüquqi aktlara uyğun olmayan aktlar qəbul etmək və onları tətbiq etmək;
40.5.9. təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək;
40.5.10. eynixassəli məhsulun əldə edilməsi ilə bağlı müştərilər arasında ayrı-seçkiliyə yol vermək;
40.5.11. məhsulların istehsalı (satışı), habelə təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya əldə edilən məhsulun həcminin artırılması ilə əlaqədar müştərilərə münasibətdə normativ hüquqi aktlarda nəzərdə tutulmayan fərqli qaydalar müəyyən etmək və onların icrasını tələb etmək.
Maddə 41. Təbii inhisar subyektlərinin məlumatı açıqlamaq vəzifəsi
41.1. Təbii inhisar subyektləri aşağıdakı məlumatların müştərilərə qanuna uyğun olaraq açıqlanmasını (o cümlədən, rəsmi internet səhifəsində yerləşdirilməsini) təmin etməlidirlər:
41.1.1. istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısını;
41.1.2. məhsullar üzrə qiymətlərin siyahısını (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə);
41.1.3. müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtləri, müqavilənin formasını və bağlanılması qaydasını;
41.1.4. müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasını.
 
10-cu fəsil
Rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri
 
Maddə 42. Dövlət nəzarəti və onun metodları
42.1. Bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti rəqabət orqanı  tərəfindən həyata keçirilir.
42.2. Dövlət nəzarəti aşağıdakı metodlarla həyata keçirilir:
42.2.1. rəqabət orqanı tərəfindən aparılan araşdırmalar;
42.2.2. yoxlamalar.
Maddə 43. Rəqabət orqanının apardığı araşdırmalar
43.1. Aşağıdakılar rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması üçün əsasdır:
43.1.1. rəqabət qanunvericiliyinin pozulmasına dair bazar subyektləri və ayrı-ayrı şəxslərdən daxil olan  sənədlər, məlumatlar və müraciətlər;
43.1.2. mediada (eləcə də sosial şəbəkələrdə) dərc olunan rəqabət qanunvericiliyinin pozulması əlamətlərini əks edən məlumatlar;
43.1.3. müvafiq bazarda rəqabət orqanının həyata keçirdiyi monitorinqlər, təhlillər və yoxlamalar nəticəsində aşkar olunmuş rəqabət qanunvericiliyinin pozulması əlamətləri;
43.1.4. rəqabət orqanı tərəfindən qanun pozuntularının aradan qaldırılması barədə verilmiş göstərişlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması.
43.2. Rəqabət qanunvericiliyinin pozulması haqqında müraciət edən şəxslər tərəfindən rəqabət orqanına aşağıdakılar təqdim olunur:
43.2.1. yazılı, o cümlədən elektron formada müraciət; 
43.2.2. rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli, yaxud notariat qaydasında təsdiq edilmiş surətləri (olduğu halda); 
43.2.3. rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq edən əşya və materiallar (olduğu halda);
43.2.4. xarici dillərdə olan sənədlərin Azərbaycan dilinə tam və dəqiq tərcümə olunmaqla notariat qaydasında təsdiq edilmiş əsli və ya surəti (olduğu halda).
43.3. Şikayət ərizəsi ilə müraciət edən hər bir şəxs qanun pozuntusunun onun qanuni marağına toxunduğunu sübut etməlidir. Təsərrüfat subyektləri rəqabət qanunvericiliyinin pozulması halının baş verdiyi müvafiq bazarda fəaliyyət göstərdiyi hallarda və şikayət etdikləri hərəkət onların maraqlarına birbaşa və ya dolayı yolla mənfi təsir edərsə, hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün rəqabət orqanına müraciət edə bilərlər. Təsərrüfat subyektlərinin birlikləri , yaxud istehlakçı birlikləri, pozuntunun birbaşa təsirinə məruz qalmadıqda belə, edilən davranış onların üzvlərinə birbaşa mənfi təsir göstərirsə, qanunla öz üzvlərini təmsil etmək səlahiyyətlərinə malikdirlər və onların hüquqlarının və qanuni maraqlarını müdafiə edə bilərlər. 
43.4. Rəqabət qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və      şikayət edilən bazar subyektləri barədə məlumatlar, müraciət edənin tələblərinin mahiyyəti göstərilməli, rəqabət qanunvericiliyinin pozulması faktı izah olunmalıdır.
43.5. Rəqabət orqanı 10 (on) iş günü müddətində daxil olan müraciətin araşdırılmasına başlanması və ya araşdırılmadan imtina edilməsi haqqında əsaslandırılmış qərar qəbul edir.  
43.6. Müraciətin araşdırılmasından aşağıdakı hallarda imtina edilir:
43.6.1. müraciətin predmeti rəqabət orqanının səlahiyyətlərinə aid olmadıqda; 
43.6.2. qanun pozuntusuna görə iddia və ya məsuliyyətə cəlb etmə müddəti bu Məcəllənin 82-ci maddəsinə əsasən bitdikdə; 
43.6.3. qanun pozuntusu halları üzrə cavabdehin müəyyənləşdirilməsi mümkün olmadıqda və ya cavabdeh ləğv edildikdə, yaxud mövcud olmadıqda;
43.6.4. cavabdeh tərəfindən pozuntu hallarının könüllü surətdə aradan qaldırıldığı müəyyən edildikdə; 
43.6.5. müraciətin geri götürülməsi barədə müraciət edənin ərizəsi daxil olduqda.
43.7. Bu Məcəllənin 43.6.2-43.6.5-ci maddələrində nəzərdə tutulan əsaslarla müraciətin araşdırılmasından imtina edilsə belə, digər bazar subyektlərinə münasibətdə rəqabətin məhdudlaşdırılması halı müəyyən edildikdə, bu rəqabət orqanı tərəfindən araşdırmaya başlanılması üçün əsasdır. 
43.8. Sazişlər və ya təmərküzləşmələrlə bağlı araşdırmalar apararkən rəqabət orqanı bazarın ümumi şərtlərinin və iqtisadi göstəricilərinin vəziyyəti ilə bağlı müvafiq bazarda rəqabətin məhdudlaşdırılmasına əsaslı şübhələr və ya rəqabət qanunvericiliyinin pozulması əlamətləri olduğunu müəyyən etdikdə, bu Məcəllənin 56.1-ci maddəsinə uyğun olaraq bütün zəruri məlumatları tələb edir və ya plandankənar yoxlama aparır.  
43.9. Rəqabət orqanı bu Məcəllənin 11.2-ci, 15.4-cü və 43.8-ci maddələrində qeyd edilən hallarda müvafiq bazara giriş maneələrini, təmərküzləşmənin səviyyəsini, müvafiq sahədə rəqabətin dinamikasını, təmərküzləşmələrin bazara təsirlərini, yaxud rəqabətə tənzimləyici təsirlərini və müvafiq sektorda rəqabət aparılmasının digər şərtlərini araşdırır.
43.10. Daxil olan müraciətin araşdırılmasına başlanılması ilə bağlı 3 (üç) iş günü müddətində müraciət edən şəxslərə məlumat verilir.
43.11. Araşdırma rəqabət orqanının  qərarının qəbul edildiyi tarixdən sonrakı 30 (otuz) iş günü müddətində həyata keçirilir. 
43.12. Əlavə müddət tələb olunduğu hallarda rəqabət orqanının  əsaslandırılmış qərarı əsasında araşdırmanın müddəti 30 (otuz) iş gününədək uzadılır.
43.13. Rəqabət orqanı araşdırmanın aparılması üçün əldə edilmiş məlumatların kifayət etmədiyini müəyyən etdikdə, müraciət edən şəxsdən bu Məcəllənin 56.1-ci maddəsində qeyd edilmiş müddətdə əlavə məlumatlar və təsdiqedici sənədlərin təqdim edilməsini tələb edir. Bu Məcəllənin 56.1-ci maddəsinə əsasən təyin edilmiş müddət müraciət edən şəxsin əsaslandırılmış müraciəti ilə uzadıla bilər. 
43.14. Bu Məcəllənin 56.1-ci maddəsinə əsasən müəyyən edilmiş müddət ərzində müraciət edən şəxs tərəfindən əlavə məlumatlar və təsdiqedici sənədlər təqdim edilmədikdə, rəqabət orqanı araşdırmaya xitam verilməsi haqqında qərar qəbul edir və 3 (üç) iş günü müddətində müraciət edən şəxsə göndərir. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra müraciət edən şəxsin təqdim etdiyi əlavə məlumatlara və təsdiqedici sənədlərə rəqabət orqanı tərəfindən baxılmır.
43.15. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra müraciət edən şəxs rəqabət orqanına yenidən ərizə ilə müraciət edə bilər.
43.16. Araşdırmanın nəticələri barədə müraciət edən şəxsə 3 (üç) iş günü müddətində məlumat təqdim olunur. 
Maddə 44. Bazarın monitorinqi
44.1. Bazarın monitorinqi rəqabət orqanı tərəfindən aşağıdakı məqsədlərlə həyata keçirilir:
44.1.1. bazarda rəqabət qanunvericiliyinin tələblərinə əməl edilməsinin müəyyənləşdirilməsi;
44.1.2. qiymətlərin qərarlaşmış səviyyəsinin müəyyənləşdirilməsi;
44.1.3. qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsullar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarlarının yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi;
44.1.4. bazarların məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyənləşdirilməsi;
44.1.5. rəqabətin məhdudlaşdırılmasına təsir göstərən amillərin aşkar edilməsi;
44.1.6. rəqabətin vəziyyətinin müəyyən edilməsi;
44.1.7. aşkar edilmiş rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin aydınlaşdırılması.
44.2. Bazarın monitorinqi rəqabət orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır. 
44.3. Rəqabət orqanı tərəfindən həyata keçirilən monitorinq yekunlaşdırıldıqdan sonra onun nəticələrinə dair arayış tərtib edilir. Arayışda monitorinqi həyata keçirən vəzifəli şəxs tərəfindən monitorinqin həyata keçirildiyi bazar subyektləri, ünvan və ya coğrafi ərazi, monitorinqin nəticələrinə dair məlumatlar  (qanun pozuntularının mövcud olmasını, yaxud olmamasını təsdiq edən hallar), keçirilmə predmetinə aid əşyalar və əldə edilən sübutlar barədə məlumatlar əks etdirilir. Arayış monitorinqi həyata keçirən vəzifəli şəxs (şəxslər) və monitorinqdə iştirak edən digər şəxslər (iştirak etdikdə) tərəfindən imzalanır. 
44.4. Rəqabət orqanı tərəfindən həyata keçirilən monitorinqin nəticəsində monitorinqin nəticələrinə dair akt tərtib edilir.  Monitorinqin nəticələrinədair aktın forması və tərtib edilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 
Maddə 45. Məlumatların təhlili 
45.1. Rəqabət orqanı əldə edilmiş statistik məlumatlar, mediada (eləcə də sosial şəbəkələrdə) dərc edilmiş məlumatlar, bazar subyektlərinin təqdim etdiyi sənədlər və məlumatlar, habelə bazarın monitorinqi zamanı əldə edilmiş məlumatlar əsasında rəqabət qanunvericiliyinin pozulub-pozulmamasına dair təhlil aparmaq hüququna malikdir.
45.2. Rəqabət orqanının apardığı təhlillər zamanı aidiyyəti bazar subyektləri onlardan tələb olunan elektron və (və ya) kağız daşıyıcılarda olan zəruri məlumatları, o cümlədən məxfi və konfidensial məlumatları (qanunla nəzərdə tutulduğu hallarda dövlət sirri və statistik sirr, habelə kommersiya, vergi, gömrük və bank sirri hesab olunan məlumatları əsaslandırılmış sorğu əsasında) və sənədləri rəqabət orqanının yazılı sorğusuna əsasən bu Məcəllənin 56-cı maddəsinin tələblərinə uyğun təqdim etməlidirlər. 
Maddə 46. Araşdırmanın yekunlaşdırılması
46.1. Araşdırma başa çatdıqda rəqabət orqanının araşdırmanı aparan vəzifəli şəxsi (şəxsləri) tərəfindən araşdırmanın nəticələri üzrə akt tərtib edilir. Araşdırmanın nəticələrinə dair aktın forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
46.2. Araşdırma nəticəsində bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin bazar subyektlərinə münasibətdə iş qaldırılması üçün əsasdır. 
46.3. Bu Məcəllənin 46.1-ci maddəsinə uyğun olaraq akt tərtib olunduqdan sonra araşdırma materiallarına baxılmanın nəticələri üzrə rəqabət orqanı 15 (on beş) iş günü müddətində aşağıda qeyd olunan qərarlardan birini qəbul edir:
46.3.1. rəqabət qanunvericiliyinin pozulması halları və ya əlamətləri müəyyən edildikdə rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə;
46.3.2. rəqabət qanunvericiliyinin pozulması hallarının və ya əlamətlərinin müəyyən edilməsi üçün əlavə sübutlara zərurət yarandıqda yoxlamanın aparılması barədə;
46.3.3. rəqabət qanunvericiliyinin pozulması halı üzrə məsuliyyətə cəlb etmə müddəti keçdikdə, araşdırmaya xitam verilməsi barədə;
46.3.4. rəqabət qanunvericiliyinin pozulması halı müəyyən edilməzsə araşdırmaya xitam verilməsi barədə. 
46.4. Rəqabət orqanı araşdırmaların nəticələri barədə məlumatları özünün rəsmi internet səhifəsində dərc edir.
Maddə 47. Dövlət nəzarətinin həyata keçirilməsinin xüsusiyyətləri
47.1. Bu Məcəllənin 43-45-ci maddələrinə əsasən həyata keçirilən nəzarət tədbirləri və bu Məcəllənin 11-ci fəsilinə uyğun olaraq rəqabət komissiyası tərəfindən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən yoxlama tədbiri hesab edilmir. 
47.2. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa yoxlamalar (təbii inhisar subyektlərində aparılan yoxlamalar istisna olmaqla) rəqabət qanunvericiliyinin xüsusiyyətləri nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 
Maddə 48. Yoxlamaların aparılması
48.1. Rəqabət orqanı aşağıdakı hallarda bazar subyektlərində yoxlama aparır : 
48.1.1. rəqabət qanunvericiliyinin pozulması əlamətlərini aşkar etdikdə; 
48.1.2. rəqabət qanunvericiliyinin pozulması barədə mənbəyi bəlli məlumat (bu Məcəllənin 43.1-ci maddəsində qeyd edilən sənədlər, məlumatlar və müraciətlər) əldə etdikdə; 
48.1.3. işə baxılma zamanı zərurət yarandıqda;
48.1.4. aparılan araşdırmalar zamanı əlavə sübutlara zərurət yarandıqda. 
48.2. Yoxlamaların aparılması zamanı rəqabət orqanının yoxlama aparmaq hüququna malik vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər:
48.2.1. bazar subyektlərinin iqtisadi fəaliyyət məqsədilə istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, binalara, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirmək və yoxlamanın predmetinə dair bu Məcəllənin tələblərinə uyğun olaraq digər zəruri tədbirlər həyata keçirmək;
48.2.2. yoxlama müddətində və yoxlama üçün əhəmiyyətindən asılı olaraq rəqabət orqanının əsaslandırılmış qərarı ilə bazar subyektinin istehsal avadanlıqlarının olduğu otaqlar istisna olmaqla, avadanlıqlarının, sənədlərinin, araşdırma materiallarının yerləşdiyi otaqları möhürləmək;
48.2.3. fəaliyyəti ilə bağlı elektron və (və ya) kağız daşıyıcılarda olan zəruri məlumatları və sənədləri yoxlamaq, habelə onlardan çıxarışlar (surətlər) etmək;
48.2.4. yoxlanılan bazar subyektinin istənilən nümayəndəsinə yoxlama predmeti ilə bağlı suallar vermək və zəruri məlumatları dəqiqləşdirmək.
48.3. Rəqabət orqanı tərəfindən bazar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 
48.4. Rəqabət orqanı tərəfindən hökmran mövqe tutmuş təsərrüfat subyektlərində və təbii inhisar subyektlərində planlı və plandankənar yoxlamalar, digər təsərrüfat subyektlərində plandankənar yoxlamalar aparılır.
48.5. Plandankənar yoxlama təyin edildikdə qanun pozuntusu ilə bağlı faktların və sübutların məhv edilməsinin və ya gizlədilməsinin qarşısının alınması məqsədilə bazar subyektinə bu barədə əvvəlcədən məlumat verilmir. 
48.6. Yoxlama (təbii inhisar subyektlərində aparılan yoxlamalar istisna olmaqla) 30 (otuz) iş günündən artıq olmayan müddətdə aparılır.  Yoxlamanın aparılması üçün əlavə müddət tələb olunduqda, rəqabət orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddəti hər dəfə 30 (otuz) iş günü müddətinə uzadılmaqla 90 (doxsan) iş gününədək artırıla bilər. 
48.7. Təbii inhisar subyektlərində aparılan yoxlamalar 90 (doxsan) iş günündən artıq olmayan müddətdə aparılır. Yoxlamanın aparılması üçün əlavə müddət tələb olunduqda, rəqabət orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddəti hər dəfə 90 (doxsan) iş günü müddətinə uzadılmaqla 270 (iki yüz yetmiş) iş gününədək artırıla bilər.
48.8. Rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
48.9. Rəqabət orqanının əsaslandırılmış qərarına əsasən yoxlama aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 6 (altı) aydan çox olmamaqla dayandırılır: 
48.9.1. yoxlama zamanı şəxs qeydiyyatda olduğu (faktiki olduğu) ünvanda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunanadək;
48.9.2. barəsində yoxlaması  aparılan bazar subyektinin rəhbəri (onu əvəz edən şəxs) müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 
48.9.3. rəqabət orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;
48.9.4. yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən rəqabət orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək;
48.9.5. bu Məcəllənin 50.4-cü maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək.
48.10. Rəqabət orqanı 48.9-cu maddədə qeyd olunan hallar aradan qalxdıqda yoxlamanın bərpa olunması barədə qərar qəbul edir. Bu Məcəllənin 48.9-cu maddəsində qeyd olunan müddət ərzində həmin hallar aradan qalxmadıqda rəqabət orqanı yoxlamaya xitam verilməsi haqqında qərar qəbul edir.
48.11. Rəqabət orqanının vəzifəli şəxsi yoxlama zamanı təsərrüfat subyektinə yoxlama üçün zəruri olan sənədlərin və məlumatların təqdim edilməsi barədə tələbnamə verə bilər. Təsərrüfat subyekti tələbnamə ilə müəyyən edilmiş müddətdə sənədləri və məlumatları rəqabət orqanına təqdim etməlidir.
48.12. Rəqabət orqanı tərəfindən tələb edilən, yoxlama üçün zəruri sənədlərin və (və ya) məlumatların (mənbəyi məlum olan) təsərrüfat subyekti tərəfindən rəqabət orqanına verilməsindən imtina edilməsi, yaxud tələbnamədə qeyd edilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 
48.13. Yoxlama zamanı rəqabət orqanının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icra edilməsinə maneçilik törədilməsi qadağandır.
48.14. Bazar subyekti nümayəndə vasitəsilə təmsil olunduqda onun səlahiyyətini təsdiq edən sənədin surəti rəqabət orqanına təqdim olunmalıdır. 
Maddə 49. Yoxlamaların nəticələrinin rəsmiləşdirilməsi
49.1. Rəqabət orqanı tərəfindən aparılan yoxlamanın nəticələri üzrə yoxlamanı həyata keçirən vəzifəli şəxs (şəxslər) tərəfindən yoxlamanın başa çatdığı gün akt tərtib edilir. 
49.2. Yoxlama materiallarına baxılmanın nəticələri üzrə rəqabət orqanı 15 (on beş) iş günü müddətində aşağıda qeyd edilən qərarlardan birini çıxarır: 
49.2.1. rəqabət qanunvericiliyinin pozulması halları və ya əlamətləri aşkar edildikdə:
49.2.1.1. pozuntu əlamətləri müəyyən edildikdə, rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə və ya;
49.2.1.2. bu Məcəllənin 60-cı madddəsinin tələbləri nəzərə alınmaqla 77.1-ci maddədə qeyd olunan pozuntu əlamətləri aşkar edildikdə həmin qanun pozuntusunun könüllü aradan qaldırılması ilə bağlı bazar subyektinin müraciətinin qəbul edilməsi və araşdırmaya xitam verilməsi barədə;
49.2.2. qanun pozuntusuna yol verildiyini təsdiq etmək üçün kifayət qədər sübutlar və hüquqi əsaslar olmadığı halda, qanun pozuntusunun aşkar olunmaması barədə.
49.3. İşə baxılma zamanı yoxlama keçirildikdə rəqabət komissiyası yoxlamanın nəticələrini işin mahiyyəti üzrə qəbul etdiyi yekun qərarında nəzərə alır. 
Maddə 50. Rəqabət orqanı tərəfindən sənədlərin və nümunə kimi əşyaların götürülməsi
50.1. Yoxlama zamanı rəqabət orqanının vəzifəli şəxsinin bazar subyektindən yoxlamanın məqsədləri üçün zəruri hesab edilən sənədləri (o cümlədən elektron daşıyıcılarda olan məlumatları) və (və ya) nümunə kimi əşyaları götürmək hüququ vardır.
50.2. Sənədlərin (o cümlədən elektron daşıyıcılarda olan məlumatların) və nümunə kimi əşyaların götürülməsi rəqabət orqanının qərarı ilə həyata keçirilir. 
50.3. Sənədlərin (o cümlədən elektron daşıyıcılarda olan məlumatların) və (və ya) nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 55-ci maddəsinin tələblərinə uyğun olaraq protokol tərtib edilir. Sənədlərin (o cümlədən elektron daşıyıcılarda olan məlumatların) və (və ya) nümunə kimi əşyaların götürülməsi, saxlanması və qaytarılması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 
50.4. Bazar subyekti sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və (və ya) nümunə kimi əşyaların götürülməsi rəqabət orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirilir.
Maddə 51. Ekspertin dəvət edilməsi
51.1. Dövlət nəzarəti tədbirinin həyata keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda maraqlı şəxslərin (müraciət edən və ya barəsində araşdırma aparılan şəxslərin) vəsatəti və ya rəqabət orqanının qərarı ilə ekspertiza təyin edilir. 
51.2. Ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, bilə-bilə yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz.
51.3. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin soyadı, adı, atasının adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar qeyd edilir.
51.4. Ekspertin araşdırmanın predmetinə aid olan materiallar ilə tanış olmaq, ona əlavə materialların verilməsi barədə vəsatət qaldırmaq hüququ vardır.
51.5. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət etmədikdə, ekspert rəy verməkdən imtina edir.
51.6. Rəqabət orqanı barəsində dövlət nəzarəti tədbiri aparılan bazar subyektini ekspertiza keçirilməsi haqqında qərar ilə tanış etməlidir və həmin şəxsin bu Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməlidir.
51.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı bazar subyektinin aşağıda qeyd edilən hüquqları vardır:
51.7.1. ekspertə əsaslandırılmış etiraz etmək;
51.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək;
51.7.4. rəqabət orqanının razılığı ilə ekspertiza keçirilməsində iştirak etmək;
51.7.5. ekspertin rəyi ilə tanış olmaq və surətini əldə etmək.
51.8. Ekspert rəyi öz adından verir və imzalayır. Ekspertin rəyində onun tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar əks etdirilir. Ekspertiza aparılarkən barəsində onlara dair suallar qoyulmamış iş üçün əhəmiyyətli olan halları müəyyən etdikdə, ekspertin həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır.
51.9. Ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə məlumat dövlət nəzarəti aparılan bazar subyektinə verilir. Həmin bazar subyektinin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. 
51.10. Ekspertin rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatdakı və ya rəydəki boşluğun aradan qaldırılması üçün bu maddədə nəzərdə tutulmuş qaydada əlavə ekspertiza təyin edilir və bu ekspertiza həmin və ya başqa ekspertə həvalə edilir.
51.11. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə bu maddədə nəzərdə tutulmuş qaydada təkrar ekspertiza təyin edilir və bu ekspertiza başqa ekspertə həvalə edilir.
51.12. Bazar subyektinin bu Məcəllənin 51.7-ci və 51.9-cu maddələrində nəzərdə tutulmuş hüquqları ilə əlaqədar vəsatəti təmin edilmədikdə, rəqabət orqanı vəsatətin rədd edilməsi səbəbləri qeyd edilməklə əsaslandırılmış qərar qəbul edir və qərarın surətini 3 (üç) iş günü müddətində həmin bazar subyektinə təqdim edir. 
Maddə 52. Mütəxəssisin dəvət edilməsi
52.1. Dövlət nəzarətinin həyata keçirilməsi zamanı bilavasitə rəqabət orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, maraqlı şəxslərin vəsatəti və ya rəqabət orqanının təşəbbüsü ilə rəqabət orqanının  qərarına əsasən mütəxəssis dəvət oluna bilər.
52.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyindən istifadə oluna bilməz.
52.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, bilə-bilə yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər.
52.4. Bu Məcəllənin 52.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və işin materiallarına əlavə edilir. 
52.5. Bazar subyekti mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə rəqabət orqanına əsaslandırılmış şikayət edə bilər.
52.6. Mütəxəssisin bilə-bilə yalan rəy verməsi nəticəsində rəqabət orqanına və ya bazar subyektinə dəyən zərərin ödənilməsi mülki qanunvericiliyə müvafiq olaraq tələb oluna bilər.
Maddə 53. Tərcüməçinin iştirakı
53.1. Rəqabət orqanı tərəfindən zəruri hallarda tərcüməçi dəvət oluna bilər. Tərcüməçinin dəvət olunması rəqabət orqanının qərarı əsasında həyata keçirilir.
53.2. Tərcüməçi tərcümə üçün lazım olan dili sərbəst bilən, işin nəticələrində marağı olmayan şəxs olmalıdır.
53.3. Bu Məcəllənin 53.1-ci və 53.2-ci maddəsinin müddəaları eşitmə və danışma qabiliyyəti məhdud olan fiziki şəxsin işarələrini başa düşən vasitəçi şəxslərə (peşəkar surdo tərcüməçilərə) də aiddir.
53.4. Rəqabət orqanının əməkdaşları lazım olan xarici dili (dilləri) bilsələr də, tərcüməçi vəzifəsini yerinə yetirə bilməzlər. 
53.5. Tərcüməçi müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, bilə-bilə yanlış tərcüməyə görə tərcüməçinin məsuliyyəti və mülki qanunvericiliyə müvafiq olaraq digər məsələlər müəyyən edilə bilər.
Maddə 54. Hal şahidlərinin iştirakı
54.1. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda yoxlama keçirərkən baxış və götürmə zamanı hal şahidləri dəvət edilir.
54.2. Hal şahidləri qismində yoxlamanın nəticələrində maraqlı olmayan iki nəfərdən az olmayaraq fiziki şəxslər dəvət edilir.
54.3. Hal şahidləri kimi rəqabət orqanının işçilərinin, onların ailə üzvlərinin, habelə yetkinlik yaşına çatmayan və Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərin iştirak etməsinə yol verilmir.
54.4. Hal şahidləri onların iştirakı ilə keçirilən hərəkətlərin məzmununu və nəticələrini protokolda təsdiq etməlidir. Hal şahidlərinin həyata keçirilən hərəkətlərə dair öz qeydlərini protokola daxil etmək, habelə həmin hərəkətlərə dair öz izahatlarını vermək və etirazlarının protokola daxil edilməsini tələb etmək hüququ vardır.
54.5. Eyni şəxs rəqabət orqanı tərəfindən təqvim ili ərzində bir dəfədən artıq hal şahidi kimi dəvət oluna bilməz.
54.6. Bu Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi zamanı rəqabət orqanı tərəfindən video çəkilişdən istifadə olunduqda hal şahidləri dəvət edilməyə bilər.
Maddə 55. Tərtib edilən protokollara dair ümumi tələblər
55.1. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəqabət orqanı tərəfindən protokol tərtib edilir. 
55.2. Protokolda aşağıdakılar qeyd edilir:
55.2.1. protokolun adı;
55.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və tarixi;
55.2.3. hərəkətin başlanma və başa çatma vaxtı;
55.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
55.2.5. hərəkətin həyata keçirilməsində iştirak edən şəxslərin soyadı, adı, atasının adı,  ünvanı, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin seriyası (olduğu halda), nömrəsi və verilmə tarixi;
55.2.6. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcıllığı;
55.2.7. hərəkətin həyata keçirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar;
55.2.8. bu Məcəlləyə uyğun olaraq sənədlər və ya əşyalar nümunə kimi götürüldükdə sənədlərin və ya əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri.
55.3. Hərəkətin həyata keçirilməsində iştirak edən bütün şəxslərə protokol tanış olmaq üçün təqdim edilir. Həmin şəxslərin protokola daxil edilməli olan qeydlər etmək hüququ vardır.
55.4. Protokol onu tərtib etmiş rəqabət orqanının vəzifəli şəxsi, habelə hərəkətin həyata keçirilməsində iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bazar subyekti protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Bazar subyektinin  izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. 
55.5. Protokolun surəti yoxlanılan bazar subyektinə təqdim edilir.
Maddə 56. Sənəd və məlumatların rəqabət orqanına təqdim edilməsi
56.1. Rəqabət orqanı rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirmək, habelə bu Məcəlləyə əsasən öz vəzifələrini yerinə yetirmək üçün bazar subyektlərindən araşdırma ilə bağlı bütün zəruri məlumatların 10 (on) iş günü müddətində təqdim edilməsini tələb edə bilər. Bu müddət bazar subyektinin əsaslandırılmış müraciəti əsasında əlavə 10 (on) iş günü müddətinə uzadıla bilər.
56.2. Məlumatların təcili təqdim edilməsi zəruri olan hallarda rəqabət orqanı zərurəti əsaslandırmaqla bazar subyektlərindən belə məlumatların 3 (üç) iş günü müddətində təqdim edilməsini tələb edir.
56.3. Araşdırmaların aparılması üçün bazar subyektləri rəqabət orqanının müraciətinə əsasən tələb edilən bütün zəruri sənədləri və məlumatları vaxtında və tam həcmdə təqdim etməlidir. Müraciətdə məlumatların təqdim edilməməsinə, yaxud natamam və ya yanlış məlumatın göndərilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət barədə məlumatlar öz əksini tapmalıdır.
56.4. Bazar subyektləri tələb olunan məlumatın vaxtında, düzgün və tam şəkildə rəqabət orqanına təqdim edilməməsinə görə bu Məcəllənin 77.1.1-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 57. Rəqabət orqanı tərəfindən sənədlərin təqdim edilməsi
57.1. Sənədlər (onların surətləri) rəqabət orqanı tərəfindən bazar subyektinə və istehlakçıya sifarişli poçt rabitəsi, yaxud elektron üsulla göndərilməli və ya təqdim edilməlidir. 
57.2. Bu Məcəllənin 57.1-ci maddəsinə uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə göndərilmiş sənədləri bazar subyekti qəbul etməkdən imtina etdikdə həmin sənədlər ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çatdırılmış hesab edilir.
Maddə 58. Sübut etmə vəzifəsi
58.1. Bu Məcəllənin 11-ci, 12-ci, 16-cı (bu Məcəllənin 16.3-16.6-cı maddələri istisna edilməklə), 18.3-cü və 20-25-ci maddələrinin müddəalarının pozulmasının sübuta yetirilməsi vəzifəsi şikayət verən şəxsin, araşdırma rəqabət orqanının təşəbbüsü ilə aparıldıqda isə rəqabət orqanının üzərinə düşür. 
58.2. Bu Məcəllənin 13.1-ci, 14.1-ci,16.3-16.6-cı və 28.3-cü maddələri ilə müəyyən olunmuş şərtlərin təmin edilməsinin sübuta yetirilməsi vəzifəsi barəsində iş qaldırılan təsərrüfat subyektinin üzərinə düşür. 
58.3. Bu Məcəllənin 7-ci fəsli (bu Məcəllənin 28.3-cü maddəsi istisna olmaqla) ilə müəyyən edilən təmərküzləşmələrə razılıq verilməsi zamanı rəqabətin məhdudlaşdırılmasının sübuta yetirilməsi vəzifəsi rəqabət orqanının üzərinə düşür və bu zaman təsərrüfat subyektləri tərəfindən təmərküzləşmələrlə bağlı bu Məcəllə əsasında tələb olunan məlumatlar tam və düzgün şəkildə təqdim olunmalıdır. Rəqabət orqanı tərəfindən həmin məlumatların məxfiliyi və konfidensiallığı qorunmalıdır.
Maddə 59. Müvəqqəti tədbirlər 
59.1. Rəqabət orqanı tərəfindən aparılan dövlət nəzarət tədbirinin həyata keçirilməsi zamanı mötəbər sübutlar əsasında bazar subyektinin hərəkətlərinin rəqabətin məhdudlaşdırılmasına əhəmiyyətli və ya bərpaolunmaz təsiri məlum olan hallarda rəqabət orqanının əsaslandırılmış qərarı əsasında həmin hərəkətləri dayandıran və ya onların qarşısını alan müvəqqəti tədbir görülməsi haqqında icrası məcburi göstəriş verilir. 
59.2. Bu Məcəllənin 59.1-ci maddəsində qeyd olunan göstərişdə müvəqqəti tədbirin məqsədi, əsasları və müddəti qeyd edilir. Göstərişin qüvvədəolma müddəti araşdırma və işə baxılması müddətində ümumilikdə 1 (bir) ildən çox olmamaqla uzadıla bilər. 
59.3. Bu Məcəllənin 59.1-ci maddəsinə uyğun olaraq rəqabət orqanı tərəfindən verilən məcburi göstərişdən bu Məcəllənin 83-cü maddəsinə uyğun olaraq məhkəməyə şikayət verilə bilər. Şikayətin təqdim edilməsi rəqabət orqanı tərəfindən göstəriş verilən müvəqqəti tədbirin icrasını təxirə salmır. 
59.4. Müvəqqəti tədbirin verilməsinə səbəb olan hallar aradan qaldırılarsa, rəqabət orqanı bu Məcəllənin 59.1-ci maddəsində qeyd olunan göstərişi vaxtından əvvəl ləğv edir.  
Maddə 60. Bazar subyektləri tərəfindən qanun pozuntusunun könüllü aradan qaldırılması
60.1. Rəqabət orqanı tərəfindən aparılan araşdırma və ya yoxlama çərçivəsində bu Məcəllənin 77.1-ci maddəsində qeyd edilən qanun pozuntularının könüllü aradan qaldırılması ilə bağlı bazar subyektinin müraciəti əsasında rəqabət orqanının qərarı ilə araşdırma və ya yoxlama üzrə icraat dayandırılır və həmin qanun pozuntularının aradan qaldırılması üçün bazar subyektinə 3 (üç) aya qədər vaxt müəyyən edilir.
60.2. Qərar qəbul etməzdən əvvəl bazar subyektinin müraciətində verilən təkliflərin qanun pozuntusunun aradan qaldırılması baxımından yetərliliyinin qiymətləndirilməsi üçün rəqabət orqanı təkliflərin əsas məzmununu rəsmi internet səhifəsində dərc edir və bununla bağlı maraqlı tərəfləri dərc edilmiş məlumatda göstərilmiş formada və müddətdə rəy bildirməyə dəvət edir. Rəqabət orqanı təkliflərin təqdim edilməsi üçün 30 (otuz) günədək müddət müəyyən edir.
60.3. Rəqabət orqanı bazar subyekti tərəfindən qanun pozuntularının könüllü aradan qaldırılması ilə bağlı öhdəliklərinin yerinə yetirilmədiyini və ya qərarın qəbul edilməsi üçün təqdim olunmuş məlumatların natamam və yanlış olduğunu aşkar etdikdə, bu Məcəllənin 60.1-ci maddəsində qeyd edilən qərarını ləğv edir, araşdırma və ya yoxlama üzrə prosedurları bərpa edir.
 
11-ci fəsil
Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması
 
Maddə 61. Rəqabət komissiyası tərəfindən işə baxılması
61.1. Rəqabət orqanı tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin subyektlər barəsində iş qaldırılması üçün əsasdır. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması rəqabət komissiyasının qərarı əsasında həyata keçirilir. Qərar 5 (beş) iş günü müddətində işin tərəflərinə təqdim olunur. 
61.2. İş qaldırılması haqqında qərarda bütün mühüm faktlar, pozuntunun müəyyən edilməsinə hüquqi əsas, işə baxılması müddəti və cavabdehin rəqabət orqanına öz mövqeyini əsaslandırmaq üçün etirazlarını, mülahizələrini və sübutlarını təqdim etmə müddəti göstərilməlidir. 
61.3. Öz mövqeyini əsaslandırmaq məqsədilə etirazlarını, mülahizələrini və sübutlarını təqdim etmək üçün işin tərəflərinə 10 (on) iş günündən az olmayan müddət müəyyən edilir.
61.4. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işə rəqabət komissiyası tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan 3 (üç) ay müddətinə baxılır.  İşə baxılması üçün əlavə müddət tələb olunduqda həmin müddət rəqabət komissiyasının əsaslandırılmış qərarına əsasən hər dəfə 3 (üç) ay müddətinə uzadılmaqla 9 (doqquz) ayadək artırıla bilər. 
61.5. Rəqabət komissiyası tərəfindən işlərə qapalı və açıq iclaslarda baxılır. İnformasiyanın, qanunla qorunan hər hansı sirrin açıqlanmasının yolverilməz olduğu hallarda, proses iştirakçılarının şəxsi və ya ailə həyatının toxunulmazlığının təmin edilməsinin tələb olunduğu hallarda, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya digər şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda proses iştirakçılarının müraciəti və ya rəqabət komissiyasının təşəbbüsü ilə işə baxılma iclası qapalı keçirilə bilər. Rəqabət komissiyasının iclası komissiyanın sədri və üzvlərinin azı yarısı iştirak etdikdə səlahiyyətlidir. 
61.6. Rəqabət komissiyasının formalaşdırılması, hüquq və vəzifələri, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər bu Məcəllənin 8.2-ci maddəsinə uyğun olaraq təsdiq edilən qaydalarla müəyyən edilir.
Maddə 62. Rəqabət komissiyası tərəfindən baxılan işin tərəfləri 
62.1. Rəqabət komissiyasında baxılan işin tərəfləri aşağıdakılardır:
62.1.1. ərizəçi; 
62.1.2. cavabdeh;
62.1.3. maraqlı tərəflər.
62.2. Rəqabət qanunvericiliyinin pozulmasına görə işin tərəflərinin hüquqları aşağıdakılardır:
62.2.1. yol verilmiş pozuntuya görə məsuliyyət barədə məlumatlandırılmaq;
62.2.2. işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, surətini çıxarmaq;
62.2.3. işə baxılmasında şəxsən, yaxud nümayəndəsi vasitəsilə iştirak etmək; 
62.2.4. məlumatları təqdim etmək və izahatlar vermək; 
62.2.5. işin halları üzrə vəsatət qaldırmaq və ya etiraz etmək; 
62.2.6. öz hesabına nümayəndənin, vəkilin və ya digər şəxslərin hüquqi xidmətindən istifadə etmək; 
62.2.7. öz hesabına tərcüməçinin xidmətindən istifadə etmək;
62.2.8. rəqabət qanunvericiliyinə uyğun olaraq götürülmüş əşyaları və sənədləri normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada geri almaq; 
62.2.9. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlar.
62.3. İşə baxılmanın yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş şəxs (onun nümayəndəsi) işə baxılmasına üzrsüz səbəbdən gəlmədikdə və işə baxılmanın təxirə salınması barədə vəsatət təqdim etmədikdə, yaxud belə vəsatət rəqabət komissiyası tərəfindən rədd edildikdə, işə həmin şəxsin (onun nümayəndəsinin) iştirakı olmadan baxılır. 
62.4. Rəqabət qanunvericiliyinin pozulması haqqında işin tərəflərinin vəzifələri aşağıdakılardır:
62.4.1. rəqabət orqanının çağırışı üzrə gəlmək;
62.4.2. rəqabət orqanının tələbi ilə məlumatları təqdim etmək və izahat vermək;
62.4.3. rəqabət orqanının tələbi ilə maddi sübut olan sənədləri (onların təsdiq olunmuş surətini) və əşyaları (onların nümunələrini) təqdim etmək;
62.4.4. rəqabət komissiyasının iclaslarında iştirak etmək;
62.4.5. qanunla qorunan məxfi və konfidensial məlumatları yaymamaq.
Maddə 63. İş üzrə dinləmələr 
63.1. Rəqabət komissiyası işin mahiyyəti ilə əlaqəli bazar subyektlərindən, onların işçilərindən, habelə işdə iştirak edən digər şəxslərdən izahat ala bilər.
63.2. Rəqabət qanunvericiliyinin pozulması haqqında iş üzrə izahat verməli şəxslər məktubla, teleqramla və ya elektron rabitə vasitələrindən istifadə edilməklə çağırıla bilərlər.
63.3. Rəqabət komissiyası rəqabət qanunvericiliyinin pozulmasına görə işin tərəflərindən ayrı-ayrılıqda izahat alır. 
63.4. İzahat alınmazdan əvvəl rəqabət komissiyası izahatı alınan şəxsin şəxsiyyətini, onun vəzifəsini və baxılan işə aidiyyətini müəyyənləşdirir, tərcüməçinin xidmətinə ehtiyacını aydınlaşdırır, hüquq və vəzifələrini ona izah edir.
63.5. İş üzrə dinləmələr zamanı rəqabət komissiyası işin mahiyyəti üzrə  aşağıdakıları aydınlaşdırır:
63.5.1. cavabdehin rəqabət qanunvericiliyinin pozulmasında özünü təqsirli bilməsini;
63.5.2. cavabdehin rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq etməsini.
63.6. Rəqabət komissiyası şahid və digər şəxs qismində çağırılanlara hansı məqsədlə çağırıldıqlarını bildirir və işin mahiyyəti üzrə öz izahatını verməsini təklif edir. Bundan sonra çağırılan şəxsə suallar verilir.
Maddə 64. Rəqabət qanunvericiliyinin pozulması haqqında baxılan iş üzrə sübuta yetirilməli olan hallar 
64.1. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılması zamanı aşağıdakılar sübut edilməlidir:
64.1.1. rəqabət qanunvericiliyinin pozulması, bu hadisənin başvermə vaxtı və yeri;
64.1.2. rəqabət qanunvericiliyini pozan bazar subyekti və onun vəzifəli  şəxsləri;
64.1.3. bazar subyektinin və (və ya) vəzifəli şəxsinin təqsiri; 
64.1.4. rəqabət qanunvericiliyinin pozulması nəticəsində əldə olunmuş qanunsuz gəlir müəyyən olunduqda onun məbləği.
Maddə 65. Rəqabət qanunvericiliyinin pozulmasının sübutları 
65.1. Rəqabət qanunvericiliyinin pozulmasını, buna görə məsuliyyətə cəlb edilən bazar subyektinin (onun vəzifəli (məsul) şəxsinin) təqsirini və işin mahiyyəti üzrə əhəmiyyət kəsb edən digər halları müəyyən etmək məqsədilə rəqabət orqanının vəzifəli şəxsinin bu Məcəllə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada əsas kimi götürə bildiyi faktiki məlumatlar və əşyalar rəqabət qanunvericiliyinin pozulması haqqında işlər üzrə sübut hesab edilir. 
65.2. Bazar subyektlərinin vəzifəli şəxsləri tərəfindən rəsmiləşdirilmiş, iş üçün əhəmiyyət kəsb edən faktları və halları əks etdirən qərarlar, aktlar, arayışlar, məlumatlar (o cümlədən fotoşəkillər və audiovizual materiallar), izahatlar və digər sənədlər (o cümlədən qanunvericiliyə müvafiq olaraq aşkar edilmiş və rəsmiləşdirilmiş elektron sənədlər və yazışmalar) rəqabət qanunvericiliyinin pozulması haqqında iş üzrə yazılı sübut hesab olunur.
65.3. Rəqabət qanunvericiliyinin pozulması haqqında iş üçün aşağıdakılar maddi sübut hesab edilir:
65.3.1. rəqabət qanunvericiliyinin pozulmasının bilavasitə obyekti olan əşyalar;
65.3.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə cavab verməyən, o cümlədən saxta, keyfiyyətsiz, yararlılıq müddəti başa çatmış, habelə qanunla tələb olunduqda markalanması, lazımi məhsul görünüşü, gigiyenik, uyğunluq, mənşə sertifikatı, keyfiyyəti və təhlükəsizliyini təsdiq edən sənədləri  olmayan, yaxud piratçılıq yolu ilə əldə edilmiş mallar;
65.3.3. rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılması üçün lazım olan sənədlər və əşyalar, o cümlədən elektron məlumat daşıyıcıları. 
65.4. Maddi sübutların növü, miqdarı, çəkisi və əlamətləri təfərrüatı ilə rəqabət orqanı tərəfindən tərtib olunmuş protokolda təsvir olunur, habelə onların foto-şəkilləri işə əlavə edilir. Maddi sübutlar onların bütövlüyü və tədqiq (sınaq) zamanı uyğunluğu yoxlanacaq parametrlərin tədqiq (sınaq) aparılacaq yerə çatdırılması üçün kifayət edən vaxt ərzində dəyişməz qalacaq şəkildə qablaşdırılmalı və qablaşdırmanın bütövlüyü pozulmadan onu açmağın mümkün olmayacağı şəkildə möhürlənməlidir. 
65.5. Bazar subyektləri maddi sübutun əlamətləri olan sənədləri və əşyaları rəqabət orqanının vəzifəli şəxsinə təqdim etməlidirlər.
65.6. Yoxlama zamanı və ya bazar subyektinin özünün təqdim etdiyi hallarda, rəqabət orqanının rəhbəri rəqabət qanunvericiliyinin pozulmasına dair sübutların götürülməsi haqqında qərar qəbul edir. Maddi sübutlar bu Məcəllənin 50-ci maddəsi ilə müəyyən edilmiş qaydada götürülür. Rəqabət orqanının vəzifəli şəxsi rəqabət qanunvericiliyinin pozulması haqqında işin nəticələri üzrə qərar qüvvəyə mindikdən sonra 30 (otuz) gün müddətində (habelə inzibati və (və ya) məhkəmə qaydasında mübahisələndirildikdə müvafiq qərar qüvvəyə minənədək) maddi sübutların qorunub saxlanılması üçün zəruri tədbirlər görməlidir. Bu müddət bitdikdən sonra rəqabət orqanı maddi sübutlar haqqında qərar (sübutun qaytarılması və ya məhv edilməsi) qəbul etməlidir. 
65.7. Rəqabət orqanı tərəfindən götürülmüş maddi sübutlar işin nəticələri üzrə müvafiq qərar qəbul edildiyi tarixdən bu Məcəllənin 65.6-cı maddəsində müəyyən edilmiş müddətdə özünün müvəqqəti saxlanc anbarlarında, yaxud qanun pozuntusuna yol vermiş bazar subyektinin bina və anbarlarında müvəqqəti saxlanması üçün yerləşdirilir. Maddi sübutların yerləşdirildiyi sahələr (anbarlar) möhürlənməlidir. İş inzibati və (və ya) məhkəmə qaydasında mübahisələndirildiyi təqdirdə bu müddət rəqabət orqanının əsaslandırılmış qərarı ilə məhkəmənin qərarı qüvvəyə minənədək uzadıla bilər. 
65.8. Rəqabət orqanı tərəfindən götürülmüş tez xarab olan maddi sübut kimi götürülmüş mallar satılmaq üçün bu Məcəllənin 65.10-cu maddəsində müəyyən edilmiş qaydada ixtisaslaşmış təşkilatlara verilir, bu mümkün olmadıqda və ya satılmasına qanunla yol verilmədikdə isə məhv edilir. İşin nəticəsi üzrə bazar subyekti tərəfindən rəqabət qanunvericiliyinin pozulması müəyyən edilmədikdə satılmış və ya məhv edilmiş sübut qismində götürülmüş məhsulun dəyəri bu Məcəllənin 65.11-ci maddəsi ilə müəyyən edilmiş qaydada bazar subyektinə ödənilir.  
65.9. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına zidd olaraq özgənin əmtəə nişanından, sənaye və əqli mülkiyyət hüquqlarından, reklam materiallarından, qablaşdırma formalarından  istifadə olunması və ya mal və xidmətlərin təqlidi, yaxud bu Məcəllənin 22-ci və 23-cü maddələrinin tələblərinin pozulması halları müəyyən edildikdə, rəqabət orqanının vəzifəli şəxsi tərəfindən protokollaşdırılaraq, mallar həm istehsalçıdan, həm də satıcıdan götürülür.
65.10. Bu Məcəllənin 65-ci maddəsinə əsasən götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 
65.11. Rəqabət qanunvericiliyinin pozulması haqqında iş üzrə sübutlar hərtərəfli, tam və obyektiv qiymətləndirməlidir. Qiymətləndirilməmiş sübutlar iş üzrə qərar qəbul edilərkən sübut kimi nəzərə alınmır. 
65.12. Rəqabət orqanının sorğularına bazar subyekti tərəfindən qəsdən yalan və ya natamam məlumatların verildiyi aşkar edildikdə, bu hal sübutların qiymətləndirilməsi zamanı həmin məlumatları təqdim etmiş bazar subyektinin əlehinə istifadə oluna bilər.
65.13. Bu Məcəlləyə zidd olaraq əldə olunan sübutlardan istifadə edilməsinə yol verilmir.
Maddə 66. Rəqabət komissiyasının qərarları 
66.1. Rəqabət qanunvericiliyinin pozulması haqqında qaldırılmış işlər üzrə rəqabət komissiyası aşağıdakı qərarları qəbul edir:
66.1.1. işə baxılmasının təxirə salınması haqqında; 
66.1.2. işlərin bir icraatda birləşdirilməsi haqqında; 
66.1.3. konkret hallar üzrə ayrı-ayrı işlərə ayrılması haqqında;
66.1.4. işə baxılmasının dayandırılması haqqında; 
66.1.5. baxılması dayandırılmış işin bərpası haqqında;  
66.1.6. işə baxılmasına xitam verilməsi haqqında; 
66.1.7. rəqabət qanunvericiliyinin pozulması və tətbiq edilən məsuliyyət tədbirləri haqqında; 
66.1.8. iş üzrə materialların aidiyyəti dövlət  orqanlarına göndərilməsi haqqında; 
66.1.9. işə yenidən baxılması haqqında.
66.2. Bu Məcəllənin 66.1-ci maddəsinə uyğun olaraq rəqabət komissiyasının qəbul etdiyi qərarda aşağıdakılar qeyd olunmalıdır: 
66.2.1. rəqabət komissiyası sədrinin və üzvlərinin soyadı, adı, atasının adı, vəzifəsi;
66.2.2. işin baxıldığı tarix, yer və ünvan;
66.2.3. haqqında işə baxılan bazar subyekti barədə məlumat;
66.2.4. iş üzrə baxılan hallar; 
66.2.5. qanun pozuntusu kimi qiymətləndirilən hərəkətlərin təsbit olunduğu normativ hüquqi aktların  müddəaları;
66.2.6. rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutan müvafiq normativ hüquqi aktın normaları;
66.2.7. müvafiq halda iş üzrə icraatın birləşdirilməsinin və ya ayrılmasının əsasları;
66.2.8. müvafiq halda baxılan işin dayandırılmasının və ya ona xitam verilməsinin əsasları;
66.2.9. qərardan şikayət verilməsinin müddəti və qaydası; 
66.2.10.  malların və nümunə kimi götürülən əşyaların miqdarı, dəyəri, sənədlərin adı və digər maddi sübutlar və onların qiymətləndirilməsi barədə məlumatlar;
66.2.11. iş üzrə rəqabət komissiyası tərəfindən müəyyən edilən hallar, çıxarılan  nəticələr, həmin nəticələrin qanun üzrə əsaslandırması və bu nəticələr üzrə yerinə yetirilməsi zəruri olan tələblər (qanun pozuntularının aradan qaldırılması və yol verilmiş qanun pozuntularına görə məsuliyyət tədbirlərinin tətbiqi və sazişlərin ləğv edilməsi, yaxud müqavilələrin məcburi bağlanması).
66.3. İşə baxılması üzrə tələb olunan materiallar vaxtında təqdim edilmədikdə, rəqabət komissiyası təsərrüfat subyektlərinin mənafeyinə, yaxud ictimai mənafeyə zərər vuran halların qarşısını almaq məqsədilə, həmin hallar üzrə işə baxılmasını yekunlaşdırmadan, qanun pozuntusunun təxirə salınmadan dayandırılması və (və ya) tələb edilən materialların vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiq edilməsi haqqında qərar qəbul edir.
66.4. Rəqabət komisiyası tərəfindən bu Məcəllənin 66.1.6-cı və 66.1.7-ci maddələrində qeyd edilən  qərarlar 10 (on) iş günü müddətində, digər qərarlar isə 5 (beş) iş günü müddətində işin tərəflərinə təqdim edilir.
Maddə 67. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasının təxirə salınması, iş üzrə icraatın birləşdirilməsi və ayrılması 
67.1. Rəqabət komissiyası müddəti və səbəbləri göstərməklə, aşağıdakı hallarda rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasının təxirə salınması barədə qərar qəbul edir:
67.1.1. tərəflərdən (onların nümayəndələrindən) üzrlü səbəbdən iclasa gəlmək imkanının olmadığı barədə əsaslandırılmış vəsatət daxil olduqda; 
67.1.2. iş üzrə əlavə sübutlara (o cümlədən sənəd və məlumatlara) zərurət yarandıqda;
67.1.3. rəqabət komissiyası tərəfindən iclasda ekspertlərin iştirakı zəruri hesab edildikdə;
67.1.4. işə baxılmasına mane olan digər hallarda.
67.2. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılması təxirə salınarkən, işə baxılma müddəti dayandırılmır. 
67.3. Rəqabət komissiyası tərəfindən aşağıdakı hallarda işlərin icraatının birləşdirilməsi haqqında qərar qəbul edilir:
67.3.1. eyni bazar subyekti barəsində mahiyyətcə eyni olan qanun pozuntusu halları üzrə müxtəlif işlərə baxıldıqda;
67.3.2. baxılan işlərdə qanun pozuntusuna yol verməsi iddia olunan bazar subyekti haqqında eyni hallar üzrə yeni müraciətlər daxil olduqda;
67.3.3. baxılan bir neçə işin tərəfləri eyni bazar subyektləri olduqda.
67.4. Rəqabət komissiyası aşağıdakı hallardaiş üzrə icraatın ayrılması haqqında qərar qəbul edir: 
67.4.1. işdə baxılan hallar ayrı-ayrı şəxslərin mənafeyi ilə bağlı olduqda və onların eyni vaxtda yekunlaşdırılması mümkün olmadıqda (əlavə sübutlar, araşdırma, ekspertiza və s. tələb olunduqda); 
67.4.2. işə baxılması zamanı araşdırılan hallarla bilavasitə əlaqəsi olmayan digər qanun pozuntusu aşkar edildikdə; 
67.4.3. işə baxılmasını mürəkkəbləşdirən, sübuta yetirilmiş qanun pozuntuları ilə bağlı olmayan digər hal yarandıqda. 
Maddə 68. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasının dayandırılması
68.1. Rəqabət komissiyası müddəti, səbəbləri və bununla bağlı görülməli olan tədbirlər göstərilməklə, aşağıdakı hallarda rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasının dayandırılması haqqında qərar qəbul edir:
68.1.1. həmin işin mahiyyəti ilə əlaqədar məhkəmələrdə və ya aidiyyəti dövlət orqanlarında işə baxıldıqda; 
68.1.2. məhkəmələrdə və ya aidiyyəti dövlət orqanlarında, həmçinin rəqabət orqanında baxılmaqda olan başqa işin nəticələrinin rəqabət komissiyasında baxılan iş üçün əhəmiyyəti olduqda; 
68.1.3. ekspertiza aparılması və ya mütəxəssis rəyinin alınması zərurəti yarandıqda;
68.1.4. işlə əlaqədar müvafiq sorğular verilməsi və yerində yoxlama aparılması zərurəti yarandıqda;
68.1.5. cari vəziyyətdə işə baxılmasını qeyri-mümkün edən digər hallarda.
68.2. İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra işə baxılması rəqabət komissiyasının qərarı ilə davam etdirilir və həmin gündən müddət axımı bərpa olunur.
Maddə 69. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə baxılmasına  xitam verilməsi 
69.1. Rəqabət komissiyası aşağıdakı hallarda rəqabət qanunvericiliyinin pozulması haqqında işlərin baxılmasına xitam verilməsi haqqında əsaslandırılmış qərar qəbul edir:
69.1.1. bu Məcəllənin 77.1-ci maddəsində qeyd olunan pozuntunu törədən şəxs iş qaldırılmazdan əvvəl qanun pozuntusunu bu Məcəllənin 60-cı maddəsinə uyğun olaraq könüllü surətdə aradan qaldırdıqda;
69.1.2. rəqabət qanunvericiliyinin pozulması iş üzrə araşdırmalar zamanı təsdiq olunmadıqda və ya sübuta yetirilmədikdə;
69.1.3. rəqabət qanunvericiliyinin pozulmasına yol vermiş şəxs, bu Məcəllənin 13.1-ci, 16.4-cü və 28.3-cü maddələrinə uyğun olaraq məsuliyyətdən azad edildikdə; 
69.1.4. rəqabət qanunvericiliyinin pozulması halı üzrə məsuliyyətə cəlbetmə müddəti keçdikdə;
69.1.5. fiziki şəxs vəfat etdikdə və ya hüquqi şəxs ləğv edildikdə; 
69.1.6. pozuntunu törədən təsərrüfat subyektini və ya onun olduğu yeri müəyyən etmək mümkün olmadıqda.
Maddə 70. Rəqabət qanunvericiliyinin pozulması və məsuliyyət tədbirlərinin tətbiqi
Rəqabət qanunvericiliyinin pozulması sübuta yetirildikdə rəqabət komissiyası rəqabət qanunvericiliyinin pozulması və məsuliyyət tədbirlərinin tətbiqinə dair qərar qəbul edir. 
Maddə 71. Qərarların elan edilməsi
71.1. Rəqabət komissiyası tərəfindən qəbul edilən qərarın nəticə hissəsi, həmçinin qərardan şikayət etmə qaydası və müddəti qərar qəbul edildikdən sonra elan edilir.
71.2. Qəbul edilən qərar tərəflərə təqdim olunduğu gündən qüvvəyə minir. 
Maddə 72. Rəqabət qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstərişin verilməsi 
72.1. Qanun pozuntusuna yol vermiş bazar subyektlərinə  rəqabət komissiyasının yekun qərarı əsasında həmin pozuntuların aradan qaldırılması və qərarda icrası zəruri hesab edilən digər hərəkətlərin yerinə yetirilməsi barədə rəqabət orqanı tərəfindən icrası məcburi göstəriş verilir.
72.2. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret tələblər, yerinə yetirilməli olan hərəkətlər və onların yerinə yetirilməsi müddəti əks olunmalıdır.
72.3. Rəqabət qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş rəqabət komissiyası tərəfindən qərar qəbul edildiyi tarixdən 10 (on) iş günü müddətinə qanun pozuntusuna yol vermiş işin tərəflərinə təqdim edilir. 
Maddə 73. Rəqabət qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstərişin cavabdeh tərəfindən icrası 
73.1. Bu Məcəllənin 49.2.1.1-ci və 66.1.7-ci maddələrində qeyd olunmuş qərarların icrası ilə bağlı qanun pozuntusuna yol vermiş bazar subyektinə rəqabət orqanı tərəfindən rəqabət qanunvericiliyinin pozulmasının dayandırılması və (və ya) nəticələrinin aradan qaldırılması barədə göstəriş verilir.
73.2. Rəqabət qanunvericiliyinin pozulmasının dayandırılması və (və ya) nəticələrinin aradan qaldırılması barədə rəqabət orqanının göstərişi onun təqdim edildiyi tarixdən göstərişlə müəyyən edilmiş müddət ərzində bazar subyekti tərəfindən icra olunmalıdır. Cavabdehin hərəkətlərinin rəqabətin məhdudlaşdırılmasına əhəmiyyətli və ya bərpaolunmaz təsiri məlum olan hallarda göstərilən müddət rəqabət orqanının əsaslandırılmış qərarı əsasında azaldıla və ya bazar subyektinin əsaslandırılmış vəsatəti üzrə artırıla bilər.  
73.3. Göstərişin icra müddətinin bitməsinə 10 (on) iş günü (icra müddəti 20 (iyirmi) gündən az olan göstərişlər üzrə isə 3 (üç) iş günü) qalanadək bazar subyektinin əsaslandırılmış vəsatəti üzrə rəqabət orqanı  bu müddətin 3 (üç) aydan çox olmayan müddətə uzadılması haqqında qərar qəbul edir.
73.4. Göstərişin vaxtında icra edilməməsi onun icrasından yayınma və ya qismən icra olunması hesab edilir və bu Məcəllənin 12-ci fəsli ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 
73.5. Bazar subyektləri rəqabət orqanının qərar və göstərişlərini  tam və qismən icra etmədikdə, bununla bağlı maliyyə sanksiyası tətbiq edildikdən sonra həmin qərarda qeyd olunmuş müddətdə icra olunmadıqda həmin qərar və göstərişlərin məcburi icrasını təmin etmək məqsədilə rəqabət orqanı məhkəmədə iddia qaldırır. 
73.6. Bazar subyektinin rəqabət qanunvericiliyinə zidd olaraq qəbul etdiyi qərarların (aktların) ləğvi və ya qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, rəqabət orqanı onların tam və ya qismən ləğv edilməsi öhdəliyinin həmin bazar subyektinin üzərinə qoyulması, yaxud rəqabət qanunvericiliyinin pozulması baş verənədək mövcud olmuş vəziyyətin məcburi bərpa olunması haqqında məhkəmədə iddia qaldırır.
73.7. Rəqabət qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanılmış sazişlərin və müqavilələrin ləğvi və ya dəyişdirilməsi, həmçinin bazarın digər subyektləri ilə sazişlərin və müqavilələrin məcburi qaydada bağlanılması, habelə razılıq alınmadan həyata keçirilən və rəqabəti məhdudlaşdıran təmərküzləşmələrə yol vermiş təsərrüfat subyektlərinin (maliyyə institutlarına münasibətdə Mərkəzi Bankla razılaşdırmaqla) bölünməsi haqqında göstəriş icra edilmədikdə, rəqabət orqanı onların tam və ya qismən etibarsız hesab edilməsi (etibarsızlığının təsdiq edilməsi) və nəticələrinin tətbiq edilməsi, yaxud məcburi qaydada bağlanılması barədə iddia ilə məhkəməyə müraciət edir.
73.8. Bazar subyektləri tətbiq edilmiş maliyyə sanksiyalarını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, rəqabət orqanı maliyyə sanksiyalarının, yaxud onların ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin məcburi icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.
73.9. Qanunla müəyyən edilmiş hallarda rəqabət orqanı təsərrüfat subyektlərinin bank hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. 
Maddə 74. İş üzrə materialların aidiyyəti dövlət orqanlarına göndərilməsi
74.1. İş üzrə materialların aidiyyəti dövlət orqanlarına göndərilməsi haqqında qərar araşdırma zamanı bazar subyektinin (onun vəzifəli (məsul) şəxslərinin) əməllərində cinayət əlamətləri aşkar olunduqda qəbul edilir.
74.2. Qəbul edilmiş qərar və iş üzrə materiallar rəqabət orqanı tərəfindən aidiyyəti dövlət orqanlarına göndərilir və bu barədə işin tərəflərinə məlumat verilir. 
74.3. Göndərilən materialların surəti rəqabət orqanında saxlanılır.
Maddə 75. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə yenidən baxılması
75.1. Rəqabət komissiyası iş üzrə qərar qəbul etdikdən sonra həmin işlə əlaqədar onun mahiyyəti üzrə əsaslı dəlillər olan yeni hallar aşkar edildikdə (o cümlədən işin tərəflərinin verdiyi məlumatların yanlış və ya natamam olduğu aşkarlandıqda) və həmin hallarla bağlı dəlillər araşdırılaraq işə yenidən baxılması zəruri hesab olunduqda rəqabət orqanı tərəfindən işə yenidən baxılması üçün iş üzrə materiallar rəqabət komissiyasına təqdim edilir.  
75.2. Rəqabət komissiyası təqdim edilmiş materiallara baxaraq rəqabət qanunvericiliyinin pozulması əlaməti üzrə işə yenidən baxılması haqqında qərar qəbul edir. Qərarda işə yenidən baxılmasının zəruriliyi və onun əsasları təfsilatı ilə qeyd olunmalıdır. Qərar 5 (beş) iş günü müddətində işin tərəflərinə təqdim edilir.
75.3. Bu Məcəllənin 75.1-ci maddəsinə uyğun olaraq işin mahiyyəti üzrə yeni hallar barədə dəlilləri işin tərəfləri təqdim etdikdə və həmin hallarla bağlı dəlillər araşdırılaraq işə yenidən baxılması zəruri hesab olunmadıqda rəqabət komissiyası işə yenidən baxılmasından imtina barədə qərar qəbul edir və həmin qərar 5 (beş) iş günü müddətində işin tərəflərinə təqdim olunur.
75.4. Rəqabət qanunvericiliyinin pozulması haqqında işə yenidən baxılması bu Məcəllənin 11-ci fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
75.5. Rəqabət orqanı tərəfindən qərara və göstərişlərə dəyişiklik edilməsi, onun etibarsız sayılması və ləğvi qaydaları bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
 
12-ci fəsil
Rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət
 
Maddə 76. Rəqabət qanunvericiliyinin pozulması 
76.1. Bazar subyektləri, onların vəzifəli (məsul) şəxsləri, habelə rəqabət orqanının vəzifəli şəxsləri rəqabət qanunvericiliyinin pozulmasına görə qanunda müəyyən edilmiş hallarda  məsuliyyət daşıyırlar.
76.2. Rəqabət orqanı və onun vəzifəli şəxsləri bu Məcəlləyə uyğun olaraq əldə etdikləri məxfi və konfidensial məlumatların (kommersiya, vergi, gömrük və bank sirri, habelə statistik sirr sayılan məlumatlar daxil olmaqla) qanuna uyğun olaraq qorunmasını təmin etməlidirlər.
76.3. Təsərrüfat subyekti tərəfindən bu Məcəllənin 77-ci maddəsində qeyd edilmiş pozuntulardan iki və daha artıq qadağan edilmiş hərəkətə yol verildikdə maliyyə sanksiyalarının hesablanması toplanma qaydasında və ya yol verilmiş bir qadağan olunmuş hərəkət iki və daha artıq pozuntu xarakteri daşıdıqda daha ağır maliyyə sanksiyasının tətbiq olunması ilə həyata keçirilir.
Maddə 77. Rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları 
77.1. Aşağıdakı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 3 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir:
77.1.1. bu Məcəlləyə əsasən tələb olunan hallarda rəqabət orqanına natamam, yanlış və ya saxta sənəd və məlumatların təqdim edilməsi və ya həmin sənəd və məlumatların gecikdirilməklə təqdim edilməsi, yaxud təqdim edilməməsi; 
77.1.2. bazar subyektinin iqtisadi fəaliyyəti ilə bağlı yoxlamanın predmetinə dair yoxlamanı həyata keçirən rəqabət orqanının vəzifəli şəxslərinin suallarına cavab verməkdən imtina edilməsi, yaxud natamam, qeyri-dəqiq və ya gecikdirilmiş cavabların verilməsi yolu ilə yoxlamaların və araşdırmaların keçirilməsinə, habelə işə baxılmasına maneçilik törədilməsi, yaxud zəruri şəraitin yaradılmaması;
77.1.3. bazar subyektləri və ya onların vəzifəli şəxsləri tərəfindən rəqabət orqanının öz vəzifələrinin, qərarlarının və göstərişlərinin icrasına maneçilik törədilməsi;
77.1.4. rəqabət orqanı tərəfindən aparılan yoxlama zamanı yoxlamanı həyata keçirən rəqabət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş möhürün bütövlüyünün pozulması.
77.2. Aşağıdakı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 5 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir:
77.2.1. qadağan edilmiş rəqabəti məhdudlaşdıran şaquli sazişlərin bağlanılması;
77.2.2. rəqabəti məhdudlaşdıran uyğunlaşdırılmış hərəkətlərə yol verilməsi (bu hərəkətlər onların fəaliyyətlərinin qəsdən əlaqələndirilməsini əhatə etmədikdə və davamlı xarakter daşımadıqda); 
77.2.3. nisbi hökmran mövqedən sui-istifadəyə yol verilməsi;
77.2.4. bu Məcəllənin 25-ci maddəsində qeyd edilən hallar istisna olunmaqla, haqsız rəqabətə yol verilməsi;
77.2.5. razılıq alınmalı təmərküzləşmələrlə bağlı rəqabət orqanına ərizənin təqdim edilməməsi və ya təmərküzləşmə baş verdikdən sonra təqdim edilməsi.     
77.3. Aşağıdakı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 10 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilir:
77.3.1. rəqabəti məhdudlaşdıran üfüqi sazişlərin bağlanılması;
77.3.2. rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş uyğunlaşdırılmış hərəkətlərə yol verilməsi (bu hərəkətlər onların fəaliyyətlərinin qəsdən əlaqələndirilməsini əhatə etdikdə və davamlı xarakter daşıdıqda);
77.3.3. hökmran mövqedən sui-istifadəyə yol verilməsi;
77.3.4. rəqabət orqanının qərar (bu Məcəllənin 77.1-ci maddəsi üzrə pozuntular istisna olmaqla) və göstərişlərinin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi;
77.3.5. rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
77.3.6. haqsız rəqabətə təkrar və ya davamlı olaraq yol verilməsi.
77.4. Bu maddənin məqsədləri üçün təsərrüfat subyektlərinin birliklərinin, yaxud şəxslər qrupunun toplam dövriyyəsi onun üzvlərinin dövriyyəsinin cəmi kimi hesablanır.
77.5. Bu Məcəllənin 77.1-77.3-cü maddələrinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi üçün təsərrüfat subyektlərinin toplam dövriyyəsini müəyyən etmək, yaxud təsərrüfat subyektlərinin birliklərinin üzvlərinin dövriyyəsini hesablamaq mümkün olmadıqda (bazar subyekti tərəfindən məlumatlar təqdim edilmədikdə və aidiyyatı dövlət orqanlarında (qurumlarında) həmin məlumatlar mövcud olmadıqda), qanun pozuntusuna yol vermiş təsərrüfat subyektinə və ya təsərrüfat subyektlərinin birliklərinin üzvlərinin hər birinə aşağıdakı məbləğlərdə maliyyə sanksiyası tətbiq edilir:
77.5.1. Bu Məcəllənin 77.1-ci maddəsi ilə müəyyən edilən hallara görə 10.000 manatdan 50.000 manata qədər;
77.5.2. Bu Məcəllənin 77.2-ci maddəsi ilə müəyyən edilən hallara görə 50.001 manatdan 200.000 manata qədər; 
77.5.3. Bu Məcəllənin 77.3-cü maddəsi ilə müəyyən edilən hallara görə 200.001 manatdan  – 500.000 manatadək.
77.6. Bu Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulan hərəkətlərin rəqabət orqanı ilə razılaşdırmadan həyata keçirilməsinə görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,2 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
77.7. Bu Məcəllənin 39.5-ci, 39.6-cı və 40.2-ci maddələrində nəzərdə tutulan məlumatların (sənədlərin) müəyyən edilmiş qaydada və vaxtda təqdim edilməməsinə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,2 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
77.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qiymətlərin əsassız olaraq dəyişdirilməsinə görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
77.9. Bu Məcəllənin 40.3-cü maddəsinə uyğun olaraq rəqabət orqanının səlahiyyətlərinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və ya başqa məlumatların vaxtında təqdim edilməməsinə, habelə yoxlamaların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmamasına görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
77.10. Bu Məcəllənin 40.5-ci maddələri ilə müəyyən edilmiş hərəkətlərə yol verilməsinə görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
77.11. Rəqabət orqanının bu Məcəllənin tələblərinə uyğun olaraq qəbul edilmiş qərarlarının pozulmasına görə təbii inhisar subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təbii inhisar subyektinin ümumi dövriyyəsinin 0,1 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
77.12. Bu Məcəlləyə əsasən bazar subyektlərinə tətbiq edilən maliyyə sanksiyalarına əlavə olaraq rəqabət orqanı və ya rəqabət komissiyası bazar subyektlərinin rəqabət qanunvericiliyinin pozulması (bu Məcəllənin 77.1-ci maddəsində müəyyən edilmiş əməllərə görə istisna olmaqla) hallarında birbaşa iştirak edən vəzifəli şəxslərinə onların aldığı sonuncu vəzifə maaşlarının 2 (iki) mislinədək məbləğdə maliyyə sanksiyasının tətbiqi ilə bağlı qərar qəbul edir.
77.13. Rəqabət orqanı dövlət inhisarında olan xidmətləri göstərən bazar subyektlərinin bu Məcəllə ilə qadağan edilmiş pozuntunu törətməsi nəticəsində əldə etdikləri qanunsuz gəlirin dövlət büdcəsinə ödənilməsi haqqında həmin subyektlərə icrası məcburi olan göstərişlər verir. 
77.14. Rəqabət qanunvericiliyinin pozulmasına görə bu Məcəllənin 77.1-77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində qeyd edilmiş hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 
Maddə 78. Maliyyə sanksiyalarından azadolmalar və güzəştlər 
78.1. Bazar subyekti bu Məcəllənin 77.2.1-ci, 77.2.2-ci, 77.3.1-ci və 77.3.2-ci maddələrində qeyd olunan pozuntular barədə məlumat və sübutu rəqabət orqanına könüllü olaraq təqdim etdiyi, verilmiş məlumatların araşdırma üçün əsas olduğu və qanun pozuntusunun aşkarlanmasına səbəb olduğu halda həmin bazar subyekti aşağıdakı bütün şərtlər təmin edildikdə maliyyə sanksiyalarından azad edilir:
78.1.1. saziş iştirakçısı olaraq rəqabət orqanına könüllü müraciət edib rəqabət qanunvericiliyinin pozulmasında öz təqsirini etiraf etdikdə;
78.1.2. müraciətdən əvvəl qadağan olunmuş fəaliyyəti dayandırdıqda və işə baxılma müddəti bitənədək onun nəticələrini könüllü aradan qaldırdıqda;
78.1.3. işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək rəqabət orqanı ilə əməkdaşlıq etdikdə;
78.1.4. qadağan olunmuş rəqabəti məhdudlaşdıran sazişin təşəbbüskarı olmadıqda və digər bazar subyektlərini qadağan edilən fəaliyyətlərə qoşulmağa məcbur və təşviq etmədikdə;
78.1.5. müraciətin edilməsi faktını, habelə təqdim olunan məlumat və sübutları məxfi saxladıqda;
78.1.6. iddia olunan pozuntuya dair sübutları məhv etmədikdə.
78.2. Bazar subyektinin müraciəti rəqabət orqanı tərəfindən araşdırmaya başlandıqdan və lazımi sübutlar toplandıqdan sonra təqdim edildikdə maliyyə sanksiyalarından azadolma tətbiq edilmir. 
78.3. Bazar subyektinin maliyyə sanksiyasından azad olunması maraqlı şəxslərin onlara vurulmuş zərərlə bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bu halda iş üzrə araşdırma, yoxlama və ya işə baxılması davam edən müddətdə vurulmuş zərərlə bağlı maraqlı şəxslərin iş üzrə materiallara çıxışı yalnız məhkəmə aktı əsasında təmin edilir.
78.4. Təqdim edilmiş məlumat və sübutlar bu Məcəllənin 78.1-ci maddəsində qeyd edilmiş şərtlərə tam cavab vermədiyi, habelə bu Məcəllənin 78.2-ci maddəsində qeyd olunan hallarda bazar subyekti pozuntunun aşkarlanmasında əhəmiyyətli rol oynadıqda və bütövlükdə bu Məcəllənin 78.1.2-78.1.5-ci maddələrində qeyd olunan şərtlər yerinə yetirildikdə, rəqabət orqanı tərəfindən həmin bazar subyektinə maliyyə sanksiyaları üzrə güzəştlər tətbiq edilir.
78.5. Bu Məcəllənin 78.4-cü maddəsində qeyd olunan maliyyə sanksiyaları üzrə güzəştlər rəqabət komissiyası tərəfindən aşağıdakı qaydada hesablanır:
78.5.1. birinci müraciət edən bazar subyektinə maliyyə sanksiyaları məbləğinin 30 faizindən 50 faizinədək;
78.5.2. ikinci müraciət edən bazar subyektinə maliyyə sanksiyaları məbləğinin 20 faizindən 30 faizinədək;
78.5.3. digər müraciət edən bazar subyektlərinə maliyyə sanksiyaları məbləğinin 20 faizinədək.
Maddə 79. Maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər
79.1. Bu Məcəllənin 77-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyalarını yüngülləşdirən amillər aşağıdakılardır:
79.1.1 rəqabət qanunvericiliyinin pozulması iddiası ilə müraciət edən subyektin bazar subyektinə qarşı şikayətini geri götürməsi;
79.1.2. barəsində iş qaldırılan bazar subyekti tərəfindən işə dair mahiyyəti üzrə qərar qəbul edilməmişdən əvvəl rəqabət qanunvericiliyinin pozulması hallarının könüllü aradan qaldırılması və (və ya) qanun pozuntusunun etiraf edilməsi;
79.1.3. tələb olunan sənəd və məlumatların bazar subyekti tərəfindən tam və vaxtında təqdim edilməsi;
79.1.4. bu Məcəllənin 78-ci maddəsi nəzərə alınmaqla, bazar subyekti tərəfindən işə baxılma zamanı rəqabət komissiyası ilə tam əməkdaşlıq edilməsi;
79.1.5. tətbiq edilə biləcək maliyyə sanksiyasının bazar subyektinin ödəmə qabiliyyətini ağırlaşdırması;
79.1.6. bazar subyektinin ölkənin sosial-iqtisadi həyatında könüllü iştirak etməsi (o cümlədən xeyriyyə fəaliyyəti və korporativ sosial məsuliyyət tədbirləri).
79.2. Bu Məcəllənin 77-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyalarını ağırlaşdıran amillər aşağıdakılardır:
79.2.1. barəsində iş qaldırılan bazar subyekti tərəfindən işə dair mahiyyəti üzrə qərar çıxarılana qədər haqsız rəqabət hallarının könüllü aradan qaldırılmaması;
79.2.2. bazar subyekti tərəfindən rəqabət qanunvericiliyinin pozulmasına təkrar və davamlı olaraq yol verilməsi;
79.2.3. bazar subyekti tərəfindən qanun pozuntusunun törədilməsi nəticəsində qanunsuz gəlirin əldə edilməsi;
79.2.4. bazar subyekti tərəfindən işə baxılma zamanı rəqabət komissiyası ilə əməkdaşlıqdan qismən və ya tamamilə imtina edilməsi.
Maddə 80. Maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi 
80.1. Rəqabət orqanının maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi barədə göstərişində başqa müddət nəzərdə tutulmadıqda, göstərişin təqdim edilməsindən sonrakı 30 (otuz) gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödənilir. 
80.2. Bazar subyekti rəqabət orqanının maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi barədə göstərişində qeyd olunan məbləği bu Məcəllənin 80.1-ci maddəsində qeyd edilən müddətdə ödəmədikdə, rəqabət orqanı ödənişin təmin edilməsi məqsədilə göstərişi məcburi icraya yönəldir. 
80.3. Təsərrüfat subyektlərinin birliklərinin hər hansı üzvü maliyyə sanksiyalarının tətbiq edilməsinə səbəb olmuş qanun pozuntusunun əmələ gəlməsində iştirak etmədiyini sübut etdikdə, həmin təsərrüfat subyektinə maliyyə sanksiyaları tətbiq edilmir. 
Maddə 81. Qanunsuz gəlir 
81.1.Bu Məcəllənin 11-ci, 12-ci, 16-cı, 18-ci, 20-25-ci, 27-ci və 33-cü maddələrinin tələblərinin pozulmasına yol verilməklə həyata keçirilən iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlir qanunsuz gəlir hesab olunur.
81 .2. Rəqabət komissiyası tərəfindən maliyyə sanksiyalarının müəyyən edilməsi zamanı qanunsuz gəlirin məbləğinin tətbiqi nəzərdə tutulan maliyyə sanksiyasından çox olduğu aşkar edildikdə maliyyə sanksiyasının məbləği fərqə mütənasib olaraq artırılır və əldə edilən qanunsuz gəlirin 50 faizi həcmində əlavə maliyyə sanksiyası tətbiq edilir.
81.3. Bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan əlavə maliyyə sanksiyası rəqabət orqanı tərəfindən aşağıdakı hallarda tətbiq edilmir:
81.3.1. tələb olunan sənəd və məlumatlar bazar subyekti tərəfindən tam və vaxtında təqdim edildikdə;
81.3.2. bazar subyekti işə baxılma zamanı rəqabət komissiyası ilə tam əməkdaşlıq etdikdə;
81.3.3. tətbiq edilə biləcək maliyyə sanksiyasının bazar subyektinin maliyyə vəziyyətini ağırlaşdıra biləcəyi müəyyən edildikdə.
81.3.4. Bu Məcəllənin 81.3-cü maddəsi rəqabət qanunvericiliyinin pozulması nəticəsində qanunsuz gəlirin əldə olunmasına təkrar yol verən bazar subyektlərinə tətbiq edilmir.
81.5. Rəqabət komissiyası tərəfindən qanunsuz gəlir məbləğinin ödənilməsinə dair qərar verilənədək rəqabət qanunvericiliyinin pozulması nəticəsində zərər çəkən digər bazar subyektinə zərərinin əvəzi ödənildikdə qanunsuz gəlirin məbləği qaytarılan zərərə mütənasib olaraq azaldılır.
Maddə 82. Müddətlər 
82.1. Rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti bu Məcəllənin 77.1-ci maddəsində qeyd edilən pozuntulara görə 3 (üç) il, 77.2-cü, 77.3-cü, 77.6-77.12-ci və 77.13-cü maddələrində qeyd edilən pozuntulara görə 5 (beş) il təşkil edir. 
82.2. Rəqabət qanunvericiliyinin pozulması ilə əlaqədar bu Məcəllənin 82.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə və bu Məcəllənin 31.11-ci, 73.5-ci, 73.6-cı, 73.7-ci və 73.9-cu maddələrində nəzərdə tutulmuş hallarda rəqabət orqanı bazar subyektinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edir. 
82.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda sazişlərin və ya müqavilələrin etibarsız hesab edilməsi (etibarsızlığının təsdiq edilməsi) və nəticələrinin tətbiq edilməsi barədə rəqabət orqanının iddialarına Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müvafiq müddətlər tətbiq olunur.
82.4. Bu Məcəllənin 77-ci maddəsində qeyd edilən pozuntulara görə məsuliyyətə cəlb etmə müddəti həmin pozuntuların törədildiyi gündən hesablanır. Uzanan və davam edən qanun pozuntusuna görə məsuliyyətə cəlb etmə müddəti müvafiq pozuntunun dayandırıldığı tarixdən, dayandırılmadığı halda isə rəqabət orqanı tərəfindən aşkar edildiyi gündən hesablanır.
82.5. Rəqabət qanunvericiliyinin pozulması ilə əlaqədar rəqabət orqanına müraciət daxil olduqda və ya rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə rəqabət orqanı tərəfindən iş qaldırıldıqda bu Məcəllənin 77-ci maddəsində qeyd edilən pozuntulara görə məsuliyyətə cəlb etmə müddətinin hesablanması dayanır.
Maddə 83. Rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işin yekunu üzrə rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətin verilməsi 
83.1. Maraqlı şəxslər hüquqlarını və qanunla qorunan mənafelərini müdafiə etmək məqsədilə rəqabət orqanının, onun vəzifəli şəxslərinin qərarlarından, göstərişlərindən, hərəkətlərindən və ya hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət vermək hüququna malikdirlər.
83.2. Rəqabət orqanının  qərar və göstərişlərindən məhkəməyə və inzibati qaydada şikayət verilməsi həmin qərar və göstərişlərin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla icrasını dayandırmır.
Maddə 84. Rəqabət qanunvericiliyinin pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi
Azərbaycan Respublikasının rəqabət qanunvericiliyinin pozulması nəticəsində vurulmuş zərərin müəyyən edilməsi və ödənilməsinə məhkəmə qaydasında baxılır.

 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU