“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

Qanun layihələri
21 iyun 2024   
    

21 iyun 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddənin birinci hissəsi üzrə:
1.1.1. aşağıdakı məzmunda 15-1 – 15-3-cü, 25-4-cü, 25-5-ci, 32-2-ci və 32-3-cü bəndlər əlavə edilsin: 
“15-1) velosiped zolağı – yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və  uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir;
15-2) velosiped cığırı – velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır;
15-3) velosiped yolu – velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya zolağıdır;”;
“25-4) kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir: 
təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;
oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan; 
oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan; 
sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;
xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;
25-5) kiçik elektrik nəqliyyat vasitələrinin operatoru – kiçik elektrik nəqliyyat vasitəsini icarəyə (istifadəyə) verən hüquqi şəxs və ya fərdi sahibkar;”;
“32-2) parklanma məntəqəsi – avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış bir neçə parklanma yerinin və ya xidməti parklanma yerinin olduğu ərazidir;
32-3) xidməti parklanma yeri – xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və ya dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrinin durması üçün bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş ödənişsiz parklanma yeridir;”;
1.1.2. 36-cı bəndə “velosiped,” sözündən sonra “kiçik elektrik nəqliyyat vasitəsi,” sözləri əlavə edilsin;
1.2. 11-ci maddənin V hissəsinin 1-ci bəndinə “yolun hərəkət hissəsində” sözlərindən sonra “, velosiped yollarında” sözləri əlavə edilsin;
1.3. 26-cı maddə ləğv edilsin;
1.4. 27-ci maddənin IV hissəsinin “Qeyd”inin birinci cümləsinə “velosiped,” sözündən sonra “kiçik elektrik nəqliyyat vasitəsi,” sözləri əlavə edilsin;
1.5. 33-cü maddə üzrə:
1.5.1. II hissənin 1-ci bəndinə “velosipedi” sözündən sonra “, kiçik elektrik nəqliyyat vasitəsini” sözləri əlavə edilsin;
1.5.2. IV hissəyə “Velosiped” sözündən sonra “, kiçik elektrik nəqliyyat vasitəsi” sözləri əlavə edilsin;
1.6. 37-ci maddənin I hissəsinin 11-ci bəndində “velosipedçilərin və qocaların” sözləri “qocaların, velosipedçilərin və kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin” sözləri ilə əvəz edilsin;
1.7. aşağıdakı məzmunda 38-1-ci, 46-1-ci və 46-2-ci maddələr əlavə edilsin:
“Maddə 38-1. Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri
Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün aşağıdakı vəzifələri vardır:
1) kiçik elektrik nəqliyyat vasitəsi ilə sərnişin daşımamalıdır;
2) kiçik elektrik nəqliyyat vasitəsini bu növ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerlərdə parklamalıdır;
3) müəyyən edilmiş hərəkət sürəti həddini aşmamalıdır (velosiped yollarında saatda 20 kilometrdən çox olmayan, yaşayış zonalarında, park və həyət ərazilərində saatda 10 kilometrdən çox olmayan sürətlə hərəkət edilməlidir).”;
“Maddə 46-1. Kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər
I. Kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə icazə verilir. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri xarici işıq cihazlarını yandırmalıdırlar.  
II. Kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidirlər.
III. Kiçik elektrik nəqliyyat vasitələrinin sahibləri onların texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdehdirlər.
IV. Kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakılar qadağandır:
1) bu maddədə qeyd olunanlara riayət etmək şərtilə ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək;
2) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək;
3) kiçik elektrik nəqliyyat vasitələrini onlar üçün nəzərdə tutulmamış yerlərdə parklamaq;
4) müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq;
5) nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmək;
7) piyadaların hərəkətinə maneə yaratmaq;
8) sükanı tutmadan hərəkət etmək;
9) kiçik elektrik nəqliyyat vasitəsinin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə mane olan yük aparmaq;
10) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək;
11) sərnişin daşımaq;
12) nasaz nəqliyyat vasitəsindən istifadə etmək;
13) kiçik elektrik nəqliyyat vasitələrini, eləcə də kiçik elektrik nəqliyyat vasitələri ilə yedəyə almaq.
V. Kiçik elektrik nəqliyyat vasitəsi səs siqnalı, əyləc və xarici işıq cihazları ilə təmin edilməlidir. 
VI. Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydaları, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının (bundan sonra – operator) kiçik elektrik nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi ərazi (zona) üzrə say hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Maddə 46-2. Operatorların fəaliyyətinə dair tələblər
I. Operatorlar aşağıdakı tələblərə cavab verməlidirlər:
1) sürət rejimləri nəzarət oluna bilən kiçik elektrik nəqliyyat vasitələrini icarəyə (istifadəyə) verməlidirlər;
2) kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səfər və operator barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsi üçün icarəçiləri (istifadəçiləri) Azərbaycan dilində xüsusi proqram təminatı ilə təmin etməlidirlər;
3) kiçik elektrik nəqliyyat vasitəsini bu maddənin I hissəsinin 2-ci bəndində göstərilən xüsusi proqram təminatından istifadə etməklə bağlanılan müqavilə əsasında icarəyə (istifadəyə) verməlidirlər;
4) icarəçiləri (istifadəçiləri) ödənişsiz çağrı mərkəzi xidmətləri ilə təmin etməlidirlər;
5) kiçik elektrik nəqliyyat vasitələrini qlobal məsafədən mövqe təyinetmə (“GPS”) cihazı ilə təmin etməli və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tələblərə riayət olunmasına nəzarət məqsədilə həmin cihazın məlumatlarını real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürməlidirlər;
6) kiçik elektrik nəqliyyat vasitələrinin istehsalçı tərəfindən müəyyən olunmuş eyniləşdirilmə məlumatlarını bu maddənin I hissəsinin 2-ci bəndində göstərilən xüsusi proqram təminatı vasitəsilə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmaqla ötürülməsini təmin etməlidirlər.
II. Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitələrinin operatorlar tərəfindən icarəyə (istifadəyə) verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.”;
1.8. 40-cı maddənin I hissəsinin 3-cü bəndinə “moped,” sözündən sonra “kiçik elektrik nəqliyyat vasitəsi və” sözləri əlavə edilsin;
1.9. 42-ci maddənin IV hissəsində “və velosipedçilərə” sözləri “, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə” sözləri ilə əvəz edilsin;
1.10. 43-cü maddənin II hissəsinin 1-ci bəndinə “velosipedlərin,” sözündən sonra “kiçik elektrik nəqliyyat vasitələrinin,” sözləri əlavə edilsin;
1.11. 46-cı maddə üzrə:
1.11.1. II hissənin 3-cü bəndinə “hərəkət etmək” sözlərindən sonra “(yalnız velosipedçilərə şamil edilir)” sözləri əlavə edilsin;
1.11.2. aşağıdakı məzmunda II-I hissə əlavə edilsin: 
“II-I. Velosiped zolağı qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Avtomobil yollarında eyni zamanda velosiped zolağı və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq tətbiq oluna bilər. Bu halda velosiped zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan sağ tərəfdə ayrıca tətbiq olunmalıdır.”;
1.12. 48-ci maddəyə aşağıdakı məzmunda IV-I hissə əlavə edilsin:
“IV-I. Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması qadağandır.”;
1.13. 50-ci maddənin II hissəsinin 1-ci bəndinə ikinci halda “sürətlə” sözündən sonra “(kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
1.14. 52-ci maddə üzrə:
1.14.1. I hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır.”;
1.14.2. II hissənin ikinci cümləsinə “mopedlərə” sözündən sonra “, kiçik elektrik nəqliyyat vasitələrinə” sözləri əlavə edilsin;
1.14.3. IV hissəyə aşağıdakı məzmunda 10-1-ci və 10-2-ci bəndlər əlavə edilsin:
“10-1) velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında;
10-2) taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində;”;
1.15. 53-cü maddə üzrə:
1.15.1. IV hissənin ikinci cümləsinə “parklanma üsulu” sözlərindən sonra “nişanlama xətləri və ya” sözləri əlavə edilsin; 
1.15.2. VI hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Parklanma yerlərində nəqliyyat vasitələri üçün parklanmanın müddəti əlavə məlumat nişanları ilə məhdudlaşdırıla bilər.”;
1.15.3. VII, IX, XI, XIII – XV və XXI hissələr aşağıdakı redaksiyada verilsin:
“VII. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsi istifadəçilərinə şamil edilmir.”;
“IX. Xidməti parklanma yerləri 5.15 yol nişanına 7.5.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısını, onlara ayrılan yerlərin sayını, habelə xidməti parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Xidməti parklanma yerlərində xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin parklanması qadağandır.”;
“XI. Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür.”;
“XIII. Ödənişli parklanma yerlərində parklanma qaydalarına əməl edilməsinə nəzarət nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunmasına, foto və ya video çəkilişin aparılmasına, parklanma müddətinin ölçülməsinə, parklanmaya görə ödənişin edilməsi barədə məlumatın əks olunmasına imkan verən xüsusi texniki vasitələrlə həyata keçirilir. Xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunur.
XIV. Ödənişli parklanma yerlərində hər kəs üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir:
1) parklanma məntəqəsinin nömrəsi, zonası, ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları;
2) ödənişli parklanma yerlərindən istifadə etmək üçün yaradılmış xüsusi proqram təminatının QR-kodu;
3) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri barədə xəbərdarlıq.
XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin XI hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir.”;
“XXI. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyır.”;
1.15.4. aşağıdakı məzmunda X-I, X-II və XXVI hissələr əlavə edilsin:
“X-I. Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır. 
X-II.  5.15 yol nişanına 7.4.7 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində həm velosipedlər, həm də kiçik elektrik nəqliyyat vasitələri, 5.15 yol nişanına 7.4.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində isə yalnız kiçik elektrik nəqliyyat vasitələri parklana bilər. Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün nəzərdə tutulmuş parklanma yerlərindən kənarda parklanması qadağandır.”; 
“XXVI. Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, habelə həmin xidmətlə bağlı ödənişin tələb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.”;
1.15.5. XII hissənin birinci cümləsində “ərazi” sözü “zona” sözü ilə əvəz edilsin;
1.15.6. XVI hissə üzrə:
1.15.6.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir.”;
1.15.6.2. üçüncü cümlədə “Ödəniş” sözü “Əvvəldən ödəniş” sözləri ilə əvəz edilsin; 
1.15.7. XVII hissə üzrə:
1.15.7.1. birinci cümlədə “parkomatlarda” sözü “SMS və ya xüsusi proqram təminatında” sözləri ilə əvəz edilsin;
1.15.7.2. üçüncü cümlədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
1.15.8. XVIII və XX hissələr ləğv edilsin;
1.15.9. XIX hissə üzrə:
1.15.9.1. ikinci cümlədə “127-2.4-cü” sözləri “122.1-ci” sözləri ilə əvəz edilsin; 
1.15.9.2. üçüncü cümlədə “parkomat” sözü “SMS və ya xüsusi proqram təminatı” sözləri ilə əvəz edilsin;
1.16. 56-cı maddənin IX hissəsinin 2-ci bəndinə “12 yaşınadək uşaqları” sözlərindən sonra “, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla)” sözləri əlavə edilsin;
1.17. 59-cu maddənin VI hissəsi üzrə:
1.17.1. birinci cümləyə “velosipedçilərə” sözündən sonra “və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə” sözləri əlavə edilsin;
1.17.2. ikinci cümləyə “velosipedçilərin” sözündən sonra “və kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin” sözləri əlavə edilsin;
1.17.3. üçüncü cümləyə “Velosipedçilərin” sözündən sonra “və kiçik elektrik nəqliyyat vasitələri sürücülərinin” sözləri əlavə edilsin;
1.18. 69-cu maddənin VI hissəsinin 25-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda 26-cı bənd əlavə edilsin:
“26) 1.26 – velosiped yolunu göstərir.”;
1.19. 73-cü maddənin III hissəsinin 1-ci bəndinə “velosipedlərdə” sözündən sonra “və kiçik elektrik nəqliyyat vasitələrində” sözləri əlavə edilsin;
1.20. 75-ci maddənin I hissəsinə “velosipedçilərə” sözündən sonra “və kiçik eletrik nəqliyyat vasitələrinin sürücülərinə” sözləri əlavə edilsin;
1.21. 83-cü maddənin II hissəsinin ikinci cümləsində və 84-cü maddənin birinci hissəsinin 6-1-ci bəndində “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
1.22. 85-ci maddənin birinci hissəsinin 10-cu bəndinin ikinci cümləsində “346-1.2-ci, 346-1.3-cü və 346-1.4-cü” sözləri “346.4 – 346.9-cu, 346-1.1 – 346-1.4-cü və 346-1.6 – 346-1.8-ci” sözləri ilə əvəz edilsin;
1.23. həmin Qanuna 1 saylı Əlavə – “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı” üzrə:
1.23.1. “III. Xarici işıq cihazları” hissəsinə aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin: 
“7) Kiçik elektrik nəqliyyat vasitəsinin xarici işıq cihazları olmadıqda.”;
1.23.2. “VI. Mühərrik” hissəsinə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin: 
“5) Kiçik elektrik nəqliyyat vasitəsinin mühərriki işləmədikdə, normativ tələblər pozulmaqla yeni mühərrik quraşdırıldıqda və ya dəyişdirildikdə.”;
1.24. həmin Qanuna 4 saylı Əlavə – “Yol nişanları” üzrə:
1.24.1. “V. Məlumatverici-göstərici nişanlar” qrupunda 5.14 yol nişanının adında “Minik taksilərinin” sözləri “Taksi minik avtomobillərinin” sözləri ilə əvəz edilsin;
1.24.2. “Vll. Əlavə məlumat nişanları (lövhəcikləri)” qrupu üzrə:
1.24.2.1. “7.4.8 Kiçik elektrik nəqliyyat vasitələri”, “7.5.8 Xidməti parklanma yeri” və “7.5.9 Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yeri” lövhəcikləri əlavə edilsin (1 – 3 nömrəli əlavələr); 
1.24.2.2. ”7.8 Pullu xidmətlər” lövhəciyi yeni təsvirdə verilsin (4 nömrəli əlavə);
1.25. həmin Qanuna 5 saylı Əlavə – “Yol nişanlanması”nın “1. Üfüqi nişanlanma” qrupunun “v) digərləri” hissəsinə “1.26” nişanlaması əlavə edilsin (5 nömrəli əlavə).
Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135; Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli, 29 mart tarixli 1116-VIQD nömrəli, 5 aprel tarixli 1127-VIQD nömrəli,  19 aprel tarixli 1134-VIQD nömrəli və 7 may tarixli 1148-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 43.1-ci maddəyə “338.10,” rəqəmlərindən sonra “338-1,” rəqəmləri, “451,” rəqəmlərindən sonra “454-1,” rəqəmləri əlavə edilsin;
2.2. 81.2-ci maddədə, 123.2-ci maddənin üçüncü cümləsində, 125.1-ci, 125.2.3-cü maddələrdə, 125.3-cü maddənin ikinci cümləsində və 126.3-cü maddədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
2.3. 97-ci maddə üzrə:
2.3.1. 97.1-ci maddədə “və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə)” sözləri “, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda” sözləri ilə, “maddəsində” sözü “və 346-1.5-ci maddələrində” sözləri ilə əvəz edilsin;
2.3.2. 97.3-cü maddənin birinci cümləsində “pozulduğuna” sözü “pozulmasına, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə” sözləri ilə, “və ya internet” sözləri “, internet və ya ödəmə terminalı” sözləri ilə əvəz edilsin;
2.4. 122-ci maddə üzrə:
2.4.1. 122.1-ci maddə üzrə:
2.4.1.1. birinci cümlədə “346-1.1, 346-1.5” rəqəmləri “346-1” rəqəmləri ilə, həmin cümlədə birinci halda “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin, həmin cümlədən ikinci və üçüncü hallarda “mərkəzi” sözü çıxarılsın;
2.4.1.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.”;
2.4.2. 122.5-ci maddənin ikinci cümləsində “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
2.5.  124-cü maddə üzrə:
2.5.1. 124.4-cü maddənin birinci və dördüncü cümlələrində “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
2.5.2. 124.5-ci maddə üzrə:
2.5.2.1. birinci cümlədə “və ya 346.2-ci” sözləri “, 346.2 və ya 346.4 – 346.9-cu” sözləri ilə əvəz edilsin;
2.5.2.2. üçüncü cümlədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
2.5.2.3. “Qeyd” hissəsində “124.5-ci maddəsində” sözləri “97.1-ci və 124.5-ci maddələrində” sözləri ilə əvəz edilsin;
2.5.3. 124.6-cı maddə üzrə:
2.5.3.1. birinci cümlədə “346-1.2, 346-1.3-cü və 346-1.4-cü” sözləri “346.4 – 346.9, 346-1.1 – 346-1.4 və 346-1.6 – 346-1.8-ci ” sözləri ilə əvəz edilsin;
2.5.3.2. üçüncü cümlədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
2.6. 127-2-ci maddə ləğv edilsin;
2.7. 326-cı maddənin sanksiyasında “beş yüz manatdan səkkiz” sözləri “yüz əlli manatdan iki” sözləri ilə əvəz edilsin;
2.8.  327-ci maddə üzrə:
2.8.1. aşağıdakı məzmunda 327.1-1-ci və 327.1-2-ci maddələr əlavə edilsin:
“327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – 
yüz manat məbləğində cərimə edilir.
327.1-2. Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə – 
yüz manat məbləğində cərimə edilir.”;
2.8.2. 327.2-ci maddənin sanksiyasında “səksən” sözü “yüz” sözü ilə əvəz edilsin;
2.8.3. 327.7-ci maddəyə “Məcəllənin” sözündən sonra “327.1-1, 327.1-2,” rəqəmləri əlavə edilsin və həmin maddədə “346.3-cü” sözləri “346.2–346.9-cu” sözləri ilə əvəz edilsin;
2.8.4. “Qeyd” hissəsinin 1-ci bəndində “328.2-ci maddəsində” sözləri “327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4–346.9-cu maddələrində” sözləri ilə əvəz edilsin; 
2.9. 332-ci maddə üzrə:
2.9.1. 332.2-ci maddənin sanksiyasına “yüz” sözündən əvvəl “iki” sözü əlavə edilsin;
2.9.2. 332.3-cü maddənin sanksiyasında “üç” sözü “dörd” sözü ilə əvəz edilsin;
2.10. 338-ci maddə üzrə:
2.10.1. aşağıdakı məzmunda 338.4-1-ci maddə əlavə edilsin:
“338.4-1. Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.4-1.1. avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə; 
338.4-1.2. velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə;
338.4-1.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
338.4-1.4. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
338.4-1.5. sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə;
338.4-1.6. nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə;
338.4-1.7. piyadaların hərəkətinə maneə yaradılmasına;
338.4-1.8. sərnişin daşınmasına;
338.4-1.9. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə –
qırx manat məbləğində cərimə edilir.”; 
2.10.2. 338.7–338.9-cu maddələrin dispozisiyasına “338.4” rəqəmlərindən sonra “, 338.4-1” rəqəmləri əlavə edilsin;
2.11. aşağıdakı məzmunda 338-1-ci və 454-1-ci maddələr əlavə edilsin:
“Maddə 338-1. Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsi 
338-1.1. Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə –
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
338-1.2. Bu Məcəllənin 338-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –
min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.”;
“454-1. Qanunsuz parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsi 
Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə –
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.”; 
2.12. 341-ci maddənin dispozisiyasında və “Qeyd” hissəsində “və ya 346.2-ci” sözləri “, 346.2 və ya 346.4–346.9-cu” sözləri ilə əvəz edilsin;
2.13. 346-cı maddə üzrə:
2.13.1. 346.1-ci maddədə “Dayanma” sözü “Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma” sözləri ilə əvəz edilsin;
2.13.2. aşağıdakı məzmunda 346.4 – 346.9-cu maddələr əlavə edilsin:
“346.4. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – 
səksən manat məbləğində cərimə edilir. 
346.5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – 
qırx manat məbləğində cərimə edilir.
346.6. Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – 
qırx manat məbləğində cərimə edilir.
346.7. Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə – 
yüz manat məbləğində cərimə edilir.
346.8. 5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə – 
yüz manat məbləğində cərimə edilir.
346.9. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – 
altmış manat məbləğində cərimə edilir.”;
2.13.3. “Qeyd” hissəsində “346.1-ci və ya 346.2-ci” sözləri “346.1, 346.2, 346.4–346.9 və ya 346-1-ci” sözləri ilə əvəz edilsin;
2.14. 346-1-ci maddə üzrə:
2.14.1. 346-1.1-ci və 346-1.2-ci maddələr aşağıdakı redaksiyada verilsin: 
“346-1.1. Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – 
iyirmi manat məbləğində cərimə edilir.
346-1.2. Parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda – 
iyirmi manat məbləğində cərimə edilir.”;
2.14.2. 346-1.3-cü maddənin sanksiyasında “on” sözü “altmış” sözü ilə əvəz edilsin;
2.14.3. 346-1.4-cü maddənin sanksiyasında “on” sözü “iyirmi” sözü ilə əvəz edilsin;
2.14.4. aşağıdakı məzmunda 346-1.6–346-1.8-ci maddələr və “Qeyd” hissəsi əlavə edilsin:
“346-1.6. Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə –
iyirmi manat məbləğində cərimə edilir.
346-1.7. Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə –
on manat məbləğində cərimə edilir.
346-1.8. Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə –
qırx manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət nəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranır.”;
2.15. 354.0.1-ci maddəyə “yolun hərəkət hissəsində” sözlərindən sonra “, velosiped yollarında” sözləri əlavə edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU