Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
08 oktyabr 2024
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1117-VIQD nömrəli, 5 aprel tarixli 1127-VIQD nömrəli və 7 may tarixli 1148-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 51.8-ci maddə üzrə:
1.1.1. birinci cümlə çıxarılsın;
1.1.2. ikinci cümlədə “təsviri, spesifikasiyası və nümunəsi” sözləri “forması” sözü ilə əvəz edilsin;
1.2. 67-ci maddə üzrə:
1.2.1. 67.10-cu maddədə “icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir” sözləri “icazəsini “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edir” sözləri ilə əvəz edilsin;
1.2.2. 67.11-ci maddədə “şəxsi tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir” sözləri “şəxsinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənir” sözləri ilə əvəz edilsin;
1.2.3. 67.12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“67.12. İş icazəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur.”;
1.2.4. 67.14-cü maddədə “icazəsi blankının fərdi olaraq doldurulması və verilməsi” sözləri “icazəsinin elektron qaydada tərtib olunması və təqdim olunması” sözləri ilə əvəz edilsin;
1.3. 68-ci maddə üzrə:
1.3.1. 68.1-ci maddədən “və ya iş icazəsi itirildikdə,” sözləri çıxarılsın və həmin maddədə “belə icazənin” sözləri “iş icazəsinin” sözləri ilə əvəz edilsin;
1.3.2. 68.3-cü maddədən “və əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə verilmiş iş icazəsinin surəti” sözləri çıxarılsın;
1.4. 69.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“69.5. İş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur.”.
Maddə 2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10,16; Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1154-VIQD nömrəli Qanunu) 19.4-cü maddəsinin birinci cümləsində “və ya iş icazəsi itirildikdə, belə icazənin” sözləri “iş icazəsinin” sözləri ilə əvəz edilsin.
Maddə 3. Keçid müddəalar
3.1. Bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.
3.2. Bu Qanun 2024-cü il noyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti