“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”

Qanun layihələri
08 oktyabr 2024   
    

08 oktyabr 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə aşağıdakı məzmunda 21-2-ci maddə əlavə edilsin:
“Maddə 21-2. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbərliyi  sırasından  seçilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.”.
Maddə 2. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 9 (Cild I) 6.8-ci maddəsinə “keçirilməsi” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi” sözləri əlavə edilsin.
Maddə 3. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə    470 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü maddə ləğv edilsin;
3.2. aşağıdakı məzmunda 7.8-1-ci və 7.8-2-ci maddələr əlavə edilsin:
“7.8-1. dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini təhlil edir və nəticələrinə uyğun olaraq tövsiyələr verir;
7.8-2. korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər və korrupsiya risklərinin qiymətləndirməsinin nəticələri barədə ictimaiyyətə məlumat verir;”;
3.3. 9-cu maddə aşağıdakı redaksiyada verilsin: 
“9. Komissiya 15 üzvdən ibarətdir. Komissiyanın 5 üzvü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilir.”; 
3.4. aşağıdakı məzmunda 9-1 ─ 9-11-ci maddələr əlavə edilsin: 
“9-1. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir.
9-2. Komissiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən üzvləri hüquq mühafizə orqanlarının rəhbərləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından təyin edilirlər. 
9-3. Komissiyanın Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbərliyi sırasından  seçilir.
9-4. Komissiyanın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən üzvləri məhkəmə, prokurorluq, ədliyyə orqanları və Vəkillər Kollegiyasının nümayəndələrindən ibarətdir.
9-5. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın sədri onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
9-6. Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
9-6.1. öz arzusu ilə;
9-6.2. tutduğu vəzifədən azad edildikdə;
9-6.3. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
9-6.4. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
9-6.5. Komissiyanın nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verdikdə;
9-6.6. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;
9-6.7. vəfat etdikdə, yaxud məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə.
9-7. Komissiya üzvü Komissiyadakı vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həmin maraqlar barəsində Komissiyanın sədrinə məlumat verməli və Komissiya üzvlərinin rəyi öyrənilməlidir. Komissiyanın üzvü Komissiya sədrinin və Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməməli və səsvermədə iştirak etməməlidir. 
9-8. Komissiya ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. 
9-9. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üzrə işin təşkili və birgə tədbirlərin həyata keçirilməsi, sahə üzrə tədqiqat, təhlil materiallarının hazırlanması, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müvafiq tədbirlərin yerinə yetirilməsi, habelə maarifləndirmənin həyata keçirilməsi üçün dövlət orqanlarının (qurumlarının) müvafiq sahə üzrə nümayəndələrindən ibarət işçi qruplar yarada bilər.
9-10. İşçi qrupların tərkibinə müvafiq sahələr üzrə qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər daxil edilə bilər.
9-11. İşçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarıla və müvafiq qərarlar qəbul edilə bilər.”;
3.5. 10-cu maddənin ikinci cümləsində “, lakin üç ayda bir dəfədən az olmayaraq” sözləri “bu Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.
Maddə 4. Keçid müddəa
Bu Qanun qüvvəyə minənədək təyin edilmiş Komissiya üzvlərinin Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 9-1-ci maddəsi ilə müəyyən edilən səlahiyyət müddəti bu Qanun qüvvəyə mindiyi gündən hesablanır.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU