Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
08 oktyabr 2024
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250; Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 99-4.5-ci maddəyə “Məcəllənin” sözündən sonra “104-1,” rəqəmləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 104-1-ci maddə əlavə edilsin:
“Maddə 104-1. Ekosid
Bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda –
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
Azərbaycan Respublikasının Prezidenti