Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında
Qanun layihələri
07 noyabr 2024
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
07 noyabr 2024
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 82.4 – 82.8-ci maddələr əlavə edilsin:
“82.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddəti onların Mərkəzdə yerləşdirilməsi barədə qərara uyğun olaraq Mərkəzə qəbul edildikləri andan hesablanır. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddətdən artıq Mərkəzdə saxlanıla bilməzlər. Bu müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi müddətinin başa çatmasına 1 (bir) iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) haqqında qərar qəbul edir.
82.5. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) haqqında qərar Mərkəzə daxil olduqda bu Məcəllənin 82.6-cı maddəsi nəzərə alınmaqla dərhal icra edilməlidir.
82.6. Daxil olmuş qərarda göstərilən məlumatlarla əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işindəki məlumatlar uyğun gəlmədikdə Mərkəzin işçisi dərhal bu barədə Mərkəzin rəisinə məlumat verir və qərarın icrası bu Məcəllənin 82.7-ci maddəsinə uyğun olaraq dayandırılır.
82.7. Bu Məcəllənin 82.6-cı maddəsində nəzərdə tutulmuş halda Mərkəz işçisi qərarın düzgün tərtib edilməsini və şəxsi işin materiallarına uyğunluğunu yoxlayır. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən dərhal sonra həmin əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində qəbul edilmiş qərar icra edilir. Əcnəbi və vətəndaşlığı olmayan şəxs həmin qərarla tanış edilir.
82.8. Mərkəzin rəisi aşağıdakı hallarda müvafiq qərar olmadan protokol tərtib edir və bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə məcburi yerləşdirilməsi barədə qərar qəbul etmiş vəzifəli şəxsə və ya hakimə məlumat verməklə Mərkəzdə yerləşdirilmiş əcnəbini və vətəndaşlığı olmayan şəxsi azad edir:
82.8.1. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda müəyyən olunmuş müddət başa çatdıqda və bu müddət uzadılmadıqda;
82.8.2. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsinin bu Məcəllədə nəzərdə tutulmuş son müddəti başa çatdıqda.”.
2. 85.4-cü maddəyə “halları” sözündən sonra “, habelə yemək və maddi-məişət normaları” sözləri əlavə edilsin.
3. 86.0.15-ci maddədə “təkliflərin, şikayətlərin və ərizələrin” sözləri “müraciətlərin” sözü ilə əvəz edilsin.
4. 87-ci maddə üzrə:
4.1. 87.1.6-cı maddədə “təxirə salınmadan əlaqəyə girmək” sözləri “dərhal əlaqə saxlamaq” sözləri ilə əvəz edilsin;
4.2. 87.1.12-ci maddədə “təklif, ərizə və şikayətlərinə” sözləri “müraciətlərinə” sözü ilə əvəz edilsin;
4.3. 87.1.13-cü maddədə “təklif, ərizə və şikayətlərlə müraciət etmək” sözləri “müraciət ünvanlamaq” sözləri ilə əvəz edilsin;
4.4. 87.1.19-cu maddədən “yaxın qohumlarına pul baratları” sözləri çıxarılsın.
5. Aşağıdakı məzmunda 88-1 – 88-11-ci və 89-1-ci maddələr əlavə edilsin:
“Maddə 88-1. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi təhlükəsizlik hüququ
88-1.1. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzdə saxlanılan digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, Mərkəzin rəisinə təhlükəsizliyinin təmin olunması üçün yazılı və ya şifahi qaydada müraciət etmək hüququna malikdir. Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir.
88-1.2. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına və sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzin işçiləri tərəfindən təhlükə yaranarsa, Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməli və bu barədə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmalıdır.
Maddə 88-2. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yazışmaları
88-2.1. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 88-2.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya öz vəsaitləri hesabına göndərmək hüququna malikdirlər.
88-2.2. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqram göndərmək hüququna malikdirlər.
88-2.3. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məktub və teleqram göndərməsi bu Məcəllənin 88-3.2-ci maddəsində müəyyən edilmiş müddətdə və senzura qaydalarına uyğun olaraq həyata keçirilir.
88-2.4. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müdafiəçi və ya hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək üçün Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər. Bu maddədə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.
88-2.5. Qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin adına gələn və onlar tərəfindən göndərilən məktublar onların iştirakı ilə Mərkəzin işçisi tərəfindən açılır. Bu halda həmin məktubların oxunmasına yol verilmir.
88-2.6. Mərkəzdən azad edilmiş (və ya buraxılmış) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ünvanına daxil olan məktublar Mərkəzin rəisi tərəfindən ən geci 1 iş günü müddətində həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşadığı (olduğu) ünvana göndərilir.
88-2.7. Azərbaycan Respublikasının ərazisini tərk etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ünvanına gələn məktub və teleqramlar həmin məktubu və ya teleqramı göndərən şəxsə qaytarılır.
Maddə 88-3. Müraciətlərin göndərilməsi
88-3.1. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ibtidai araşdırma orqanına, prokurora, məhkəməyə, müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) və Milli preventiv qrupuna, BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya işgəncənin və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə ünvanladıqları müraciətlər 1 gündən gec olmayaraq (istirahət və iş günü hesab edilməyən bayram günləri, səsvermə və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndərilir. Bu müraciətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir.
88-3.2. Bu Məcəllənin 88-3.1-ci maddəsində nəzərdə tutulmuş dövlət orqanları (qurumları) və vəzifəli şəxslər istisna olmaqla, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən digər dövlət orqanlarına (qurumlarına) və vəzifəli şəxslərə ünvanlanan müraciətlər 24 saat müddətində aidiyyəti üzrə göndərilir. Bu müraciətlər, habelə onlara verilən cavablar bu Məcəllənin 88-2.4-cü maddəsində nəzərdə tutulan hallarda senzuradan keçirilə bilər.
88-3.3. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri ilə əlaqədar Mərkəzin ünvanına daxil olan cavab məktublarının surətləri 1 gündən gec olmayaraq, teleqramların surətləri isə dərhal onlara təqdim edilir.
88-3.4. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müraciət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər.
Maddə 88-4. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin digər şəxslərlə əlaqələri
88-4.1. Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Mərkəzdə yerləşdirilməsi barədə qərarın ona elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsinə və konfidensial ünsiyyət saxlamasına şərait yaradılır.
88-4.2. Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzə qəbul edildikdən dərhal sonra Mərkəzdə saxlanılması barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs həftədə dörd dəfə 25 dəqiqəyədək bu Məcəllənin 88-4.4-cü maddəsinin tələbləri gözlənilməklə telefonla danışmaq hüququna malikdir. Yaxın qohumunun ölümü, həyatını təhlükə altına alan ağır xəstəliyi və təbii fəlakətlə əlaqədar Mərkəzdə məcburi yerləşdirilən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Mərkəzin rəisi tərəfindən əlavə telefon danışığına icazə verilir.
88-4.3. Müdafiəçisi ilə telefon danışıqları və görüşləri istisna olmaqla, Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin telefon danışıqlarından və görüşlərdən istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək zərurəti yarandıqda, Mərkəzin rəisinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş vəzifəli şəxsin yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
88-4.4. Mərkəzdə yerləşdirilən şəxsin Mərkəzdə saxlanıldığı (tutularaq gətirilən şəxslərin isə həmçinin tutulduğu yer) barədə onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata dərhal məlumat verilir və belə məlumatın verildiyi qeydə alınır.
88-4.5. Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla dərhal əlaqə saxlamaq imkanı yaradılır.
Maddə 88-5. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yemək və maddi-məişət təminatı
88-5.1. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər. Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınır.
88-5.2. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onların Mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə saxlanılması qadağandır.
88-5.3. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayış otaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatları ilə təmin olunurlar.
88-5.4. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla təmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir.
Maddə 88-6. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin tibbi-sanitariya təminatı
88-6.1. Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzə qəbul edildiyi andan 24 saat müddətində tibbi müayinədən keçirilir, qəbul edilən hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə tibbi kitabça tərtib olunur. Tibbi müayinə digər şəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri ilə bağlı hallar istisna olmaqla) tibb işçiləri tərəfindən aparılır.
88-6.2. Tibbi müayinə zamanı əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə bədən xəsarətləri və ya Mərkəzə yerləşdirilənə qədər onun hər hansı işgəncəyə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması müşahidə olunarsa, bu barədə tibb işçisi tərəfindən dərhal Mərkəz işçisinə məlumat verilir.
88-6.3. İşgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarla əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanı aşkar edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi ehtimal edilən bədən xəsarətləri barədə yazılı məlumatlar müvafiq icra hakimiyyəti orqanı vasitəsilə araşdırma aparılması üçün dərhal müvafiq prokurorluq orqanına göndərilir.
88-6.4. Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs xəstələndikdə və ya bədən xəsarəti aldıqda, onların tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçirilir. Tibbi müayinənin nəticələri qeydə alınaraq, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə, eləcə də müraciət olduqda, həmin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müdafiəçisinə təqdim edilir.
88-6.5. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə Mərkəz rəisinin qərarı əsasında tibbi müayinəyə başqa tibb müəssisələrinin həkim mütəxəssisləri cəlb edilə bilərlər. Bu halda, dəvət edilən həkim mütəxəssislər tərəfindən keçirilən tibbi müayinənin xərcləri bu barədə vəsatət verən şəxsin vəsaiti hesabına ödənilir.
88-6.6. Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzdən azad edilməzdən (və ya buraxılmazdan) və ya digər Mərkəzə köçürülməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir və bu barədə tibbi kitabçada qeyd aparılır.
88-6.7. Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə, Mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), vəfat etdikdə, həmçinin onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara və aidiyyəti dövlət orqanlarına məlumat verilməsini təmin edir.
88-6.8. Mərkəzdə saxlanılan əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, o tibb işçisinin rəyinə əsasən ən geci 24 saat müddətində təcrid edilməklə Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılır. Bu müddətdə həyata keçirilən tibbi tədbirlər səmərəli olmadıqda, həmin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin psixiatriya yardımı almaq üçün müvafiq ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsi üçün tədbirlər görülür.
88-6.9. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına təhvil verilir. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn edilir. Həmin müddətdə meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumunun meyitxanasında saxlanılır.
Maddə 88-7. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi
88-7.1. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vicdan və dini azadlığına təminat verilir. Onlar Mərkəzdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər. Dini ayinlərin yerinə yetirilməsi üçün Mərkəzin rəisi tərəfindən müvafiq şərait yaradılır. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlandıqları yaşayış otaqlarında və yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda dini ayinlərin yerinə yetirilməsi Mərkəzdə saxlanılan digər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını pozmamalıdır.
88-7.2. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xahişi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən onlara mənəvi yardım göstərilməsi və dini ayinlərin icra edilməsi üçün din xadimləri dəvət oluna bilərlər.
Maddə 88-8. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bağlama, sovqat, banderol, pul baratlarının alınması və ya göndərilməsi
88-8.1. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər say məhdudiyyəti olmadan iş günlərində bağlama, sovqat və banderol almaq və ya göndərmək, həmçinin şəxsi hesabları vasitəsilə pul baratları almaq və ya göndərmək hüququna malikdirlər.
88-8.2. Mərkəzdə saxlanılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə sovqata onu gətirmiş şəxsin, bağlama və banderollara isə Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə Mərkəz işçisi tərəfindən baxış keçirilir.
88-8.3. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin adına göndərilən bağlama və banderollarda, gətirilən sovqatlarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar tərtib edilmiş axtarış protokolunda müvafiq qeydlər aparılmaqla götürülür və Mərkəzin anbarına təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Protokol və əşyanın məhv edildiyi halda, Mərkəz rəisinin qərarı əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavə olunur.
Maddə 88-9. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mülki hüquq və ailə münasibətlərində iştirakı
88-9.1. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə münasibətlərində iştirak edirlər.
88-9.2. Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər notarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər.
Maddə 88-10. Mərkəzdə saxlanılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın tətbiq edilməməsi
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər heç bir halda işgəncəyə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməzlər.
Maddə 88-11. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yeməkdən imtina etdikdə görülən tədbirlər
88-11.1. Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs yeməkdən imtina etdikdə, Mərkəzin rəisi və ya onu əvəz edən şəxs, həkimin iştirakı ilə bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.
88-11.2. Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, Mərkəzin rəisi Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün dərhal tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq izah verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.
88-11.3. Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəz rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılır və ona həkim nəzarəti təyin edilir.
88-11.4. Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə saxlanılma rejiminin öhdəliklərindən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçirilir.
88-11.5. Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə bu barədə müvafiq qeyd aparılmaqla gündə üç dəfə yemək verilir və ona yeməyi qəbul etmək təklif olunur. Bu təklif rədd edildikdə, yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqdə qeyd olunur və həmin vərəq əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavə edilir.
88-11.6. Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə, həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə Mərkəzdə saxlanılan yeməkdən imtina edən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərtilə məcburi qaydada qidalandırılması həyata keçirilir.
88-11.7. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yemək qəbulundan imtina etməsi onun digər Mərkəzlərə göndərilməsinə mane olmur. Mərkəzdə saxlanılan yemək qəbulundan imtina edən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin digər Mərkəzlərə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.”;
“Maddə 89-1. Mərkəzdə tətbiq edilən həvəsləndirmə tədbirləri
89-1.0. Mərkəzdə saxlanılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə nümunəvi davranışına görə Mərkəz rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilir:
89-1.0.1. təşəkkür elan etmək;
89-1.0.2. verilmiş tənbeh tədbirini vaxtından əvvəl götürmək.”.
6. 91.5-ci maddənin birinci cümləsində “anbara” sözü “Mərkəzin anbarına” sözləri ilə əvəz edilsin.
7. 92.1-ci maddə üzrə:
7.1. 92.1.8-ci maddədə “təklif, şikayət və ərizələrini” sözləri “müraciətlərini” sözü ilə əvəz edilsin;
7.2. 92.1.9-cu maddədə “məktub, teleqram, təklif, ərizə və şikayətlərinin” sözləri “müraciətlərinin” sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti